Research paper

Rusiyanın Siyasi Sistemi

Rusiyanın Siyasi Sistemi

Xülasə

30 il öncə Sovet İttifaqının dağılması “şər imperiyasının” xarabalıqları üzərində yeni demokratik dövlətlərin yaranacağı ümidlərini meydana gətirmişdi. Lakin tarix göstərdi ki, totalitar rejimin sonu heç də həmişə demokratikləşmənin başlanğıcı olmur. Keçid əslində bir siyasi quruluşda fundamental və sistem dəyişiklikləri özündə ehtiva edir. Demokratik və inklüziv əsaslara dayanan siyasi sistem müxalifətə dözümlülüyün, plüralistik institutların, rəqabətin, ən başlıcası, seçkilərin nəticələri əsasında hakimiyyətin dinc və qanuni ötürülməsidir. 

Lakin SSRİ-nin ən böyük varisi olan Rusiyanın yeni idarəçilərinin son 30 ildə özləri ilə bərabər gətirdikləri sistem əvvəlcə zahirən fərqli formanı və demokratiyanın imitasiyasını nümayiş etdirsə də, əslində köhnə nomenklaturanın dəstəyi ilə totalitarizmdən avtoritarizmə keçid almış sərt quruluşa çevrildi. 2008 və 2009-cu illərdən başlayaraq demokratiya həm kəmiyyət, həm də keyfiyyət baxımından azalmağa başladı (Civil.ge 2024). Bununla paralel Moskvanın post-sovet məkanında demokratiyanın zəifləməsi istiqamətində səyləri və rolu artmağa başladı. 

Rusiyanın qurduğu siyasi sistemin dəsti-xətti digər post-sovet respublikalarına, o cümlədən də Azərbaycana yansıdı. Son iki yüz ildə Rusiyada cərəyan edən fundamental siyasi proseslər Azərbaycanın ictimai-siyasi həyatında dəyişikliklərə, yeni formasiyalara nəinki ciddi təkan verib, həm də model rolunu oynayıb. İstər çar Rusiyasında, istər Sovet Rusiyasında, istərsə də Putin Rusiyasında ictimai-siyasi həyatın modelləri, davranış qaydaları hər dövrün öz uyğunluqları və bənzərlikləri ilə Azərbaycanın siyasi həyatında təşəkkül tapıb. Məhz buna görə də avtoritarizmin kök saldığı Azərbaycanın və digər post-sovet respublikalarının siyasi sistemini və onun mahiyyətini başa düşmək üçün, ilk növbədə Rusiyanın siyasi sistemini araşdırmağa, onun işlək mexanizmini öyrənməyə, politoloji əsaslarını çözməyə ehtiyac var. 

Khar Center bu tədqiqatda Rusiyanın siyasi sistemini araşdırır.

Tədqiqatın məqsədi:

  • Rusiyanın mövcud siyasi sisteminin əsas xüsusiyyətlərini təhlil etmək.
  • Bu sistemin necə və niyə avtoritar xarakter daşıdığını ortaya qoymaq.
  • Postsovet məkanına, xüsusilə də Azərbaycana təsirini dəyərləndirmək.

Tədqiqat sualları:

  1. Rusiya siyasi sisteminin əsas strukturları və mexanizmləri hansılardır?
  2. Rusiya demokratiya imitasiyasını necə həyata keçirir?
  3. Bu model postsovet ölkələrinin, xüsusilə Azərbaycanın siyasi quruluşuna necə təsir göstərmişdir?

Tədqiqatın metodologiyası

1. Tədqiqatın növü və yanaşması

Bu tədqiqat kvalitativ (keyfiyyət əsaslı), analitik-siyasinəzəri-təhlili xarakter daşıyır. Məqsəd, Rusiyanın siyasi sistemini struktur baxımından təhlil etmək, onun avtoritar xüsusiyyətlərini müəyyənləşdirməkdir.

2. Metodoloji çərçivə

Sistem yanaşması: Siyasi sistemi bir bütöv struktur kimi təhlil edir – institutlar, normativ baza, qərar qəbuletmə mexanizmləri və onların qarşılıqlı əlaqələri.

Açar sözlər: Rusiya, siyasi sistemi, avtoritarizm, idarə olunan demokratiya, postsovet məkanı, Azərbaycan, siyasi institutlar.
 

Giriş

Post-sovet məkanının ən nəhəng dövləti Rusiya Federasiyasının keçid dövrü bəzən bu günün Moldovasının və Ukraynasının kövrək demokratikləşməsi ilə müqayisə edilir, yaxud bənzərliklər aparılır. Lakin köhnə elita idarəetmə sistemində öz ağırlığını və metodlarını qoruyub saxladığı üçün Rusiyada demokratikləşmə prosesinin baş tutmadığını və islahatların kosmetik xarakter daşıdığını demək olar. Başqa sözlə, Rusiya nümunəsi demokratiyadan geridönüşün yox, ümumiyyətlə demokratiyanın heç başlamamasının nümunəsidir (Snegovaya 2023). Amma dəyişikliklərə köhnə elitadan daha çox lider faktorunun yön verdiyini qeyd etmək çox vacibdir. 1991-ci il prezident seçkilərində 59% səslə qalib gələn Boris Yeltsin islahatçı komandası ilə hakimiyyətdə gücə çevrilsə də, islahatların gətirdiyi varlanmaq fürsətləri, eləcə də şəxsi keyfiyyətləri onu dövlət başçısı vəzifəsində zəif düşürdü. Liderlik nəzəriyyəsinin situativ yanaşma tərəfdarlarının təbirincə desək, bəlkə də 1990-ların əvvəllərində Yeltsin həmin situasiyanın tələblərinə cavab verdiyi üçün özünü lider kimi təsdiq edə bilmişdi. Amma tarix göstərdi ki, onun növbəti situasiya - islahatları başa çatdırmaq və demokratikləşmə prosesini aparmaq üçün tələb olunan liderlik xüsusiyyətləri yox idi. Əgər sərvətlərlə zəngin Rusiyanın yeni lideri Boris Yeltsini kasıb, heç bir resursu olmayan, hətta özünü içməli su ilə belə təmin edə bilməyən 1960-cı illərin Sinqapuru ilə müqayisə etsək görərik ki, Li Kuan Yunun simasında liderin islahatları sona qədər apara bilməsi üçün həm siyasi vizyonun, həm də siyasi iradəsinin olması bəlkə də ən əhəmiyyətli amildir. Əgər Li Kuan Yunun nümunəsində korrupsiyanın kökünü kəsmək üçün ən yaxın dostundan  belə keçən lideri görürüksə, Boris Yeltsinin nümunəsində isə əksinə, öz yaxınlarına varlanma fürsətini tanıtmaqla korrupsiyanı hakimiyyətin yeminə çevirərək siyasi sistemin ekstraktiv fundamentinin formalaşmasının tarixçəsi ilə qarşılaşırıq (Radio Svoboda 2015). 

Yeltsinin varisi Vladimir Putin isə hakimiyyətlə yanaşı həm də yeni oliqarxik sistemi miras aldı və onu daha da “təkmilləşdirdi”. 1990-cı illərin islahatları ilə varlanaraq sənaye və maliyyə sahəsində söz sahibinə çevrilən, özündə kriminal elementləri daşıyan və ortaq ideologiyası olmayan köhnə nomenklatura Dövlət Dumasına nəzarət edirdi və beləcə hökumətdəki islahatçı komandaya qarşı gəlmək iqtidarında idi. Lakin Yeltsin zamanındakı “bandit kapitalizmin”in xüsusiyyətlərini özündə birləşdirən oliqarxiya Putinin hakimiyyəti illərində “Asiya kapitalizmi” ilə əvəz olundu (Radio Free 1997). Beləliklə, böyük sərvət yenə də çox kiçik zümrənin əlində cəmləşdi, ölkənin böyük hissəsi isə yoxsul vəziyyətdə qaldı. Əvvəlki dövrlə müqayisədə fundamental fərq bu idi ki, oliqarxiya anarxik deyildi, bir mərkəzə tabe oldu. Putin özünün tənqidçilərinə qarşı sərt repressiv vasitələrdən istifadə edərək və dövlətin əlində olan medianı propaqanda və dezinformasiya alətinə çevirərək avtokratiyanı gücləndirdi. Rusiyanın neft maqnatı Mixail Xodorkovskinin biznesinin əlindən alınması, jurnalist Anna Politkovskayanın qətli, müxalif siyasi lider Boris Nemtsovun Kreml divarları yaxınlığında öldürülməsi, Aleksey Navalnının zəhərlənməsi Putin rejimi idarəetməsinin üzdə görünən əlamətləridir. Lakin bu və digər əlamətlər bizə onun qurduğu yeni siyasi sistemlə bağlı fikir və mülahizə irəli sürməyə əsas verir.

RUSİYADAKI SİYASİ SİSTEMİN MAHİYYƏTİ NƏDƏN İBARƏTDİR?

Konstitusiyasında yazılıb ki, Rusiya Federasiyası respublika idarəetmə formasına malik demokratik federal hüquqi dövlətdir. Rusiya Federasiyasının demokratik dövlət kimi tərifi - hakimiyyətin yeganə mənbəyinin xalq olması müddəasında ortaya çıxır (Konstitutsiya Rossii).  Bundan əlavə, bildirilir ki, xalq bu səlahiyyəti seçki yolu ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları vasitəsilə həyata keçirir. Ölkə Konstitusiyasına əsasən, hakimiyyət üç qola bölünür: icraedici, qanunverici və məhkəmə hakimiyyəti.

Rusiyanın federativ dövlət kimi xarakterizə edilməsi onun konstitusional quruluş formasında özünü göstərir. Rusiya Federasiyasına respublikalar, ərazilər, vilayətlər, federal əhəmiyyətli şəhərlər, muxtar vilayət və muxtar rayonlar daxildir. Federal subyektlərin müəyyən səlahiyyətlərə malik öz dövlət orqanları var. Onlar öz ərazilərində öz səlahiyyətləri daxilində dövlət hakimiyyətini həyata keçirirlər. Rusiya Federasiyasının subyektlərinin öz qanunvericiliyi var, onların statusu təkcə federal qanunvericilikdə deyil, həm də respublikaların konstitusiyalarında, ərazilərin, vilayətlərin, rayonların, federal əhəmiyyətli şəhərlərin nizamnamələrində təsbit edilib. Rusiyanın federal quruluşu özünü iki palatadan - Federasiya Şurası və Dövlət Duması - ibarət qanunverici orqanda da əksini tapır. 

İcra hakimiyyətinin başında Rusiya Federasiyasının Prezidenti dayanır və qanunverici §hakimiyyət formal olaraq müstəqil olsa da, icra hakimiyyətinin təsiri altındadır. Prezident geniş səlahiyyətlərə malikdir və icra hakimiyyətinin əsas fiqurudur. Federal subyektlər formal muxtariyyətə malik olsalar da, faktiki olaraq mərkəzi hakimiyyətin nəzarəti altındadır.

Konstitusiyada o da yazılıb ki, Rusiya Federasiyası çoxpartiyalı sistemi özündə birləşdirən ideoloji və siyasi müxtəlifliyi tanıyır. Lakin çoxpartiyalı sistemin mövcudluğuna baxmayaraq reallıqda hakim “Vahid Rusiya” partiyası hegemon mövqedədir və aktiv müxalif siyasi qüvvə siyasətin subyekti kimi yox səviyyəsindədir.

Beləliklə, Rusiya formal yarı-prezident respublikası olsa da, siyasi sistem faktiki olaraq demokratik xüsusiyyətlərdən çox uzaqdır. Bugünkü Rusiyanın siyasi sistemi bəzən “demokratiya və avtoritarizmin qəribə simbiozu”, yəni hibrid rejim kimi təqdim edilməyə çalışılsa da, reallıqda həm avtokratiyanın, həm diktaturanın, həm kriminokratiyanın, həm mafiya dövlətinin xüsusiyyətlərini özündə daşıyır (Красин 2004). 

Müasir Rusiyanın idarəetməsini xarakterizə edən əsas xüsusiyyətlər bunlardır:

·     Hakimiyyətin personallaşması və ali dövlət vəzifəsinin icraçısının avtoritarlığı;

·     plebisitarlıq, yəni “yuxarıda” təyin edilmiş bu və ya digər namizədin seçki adı altında guya xalq tərəfindən təsdiqlənməsi; 

·     real müxalifətin olmaması və qeyri-demokratik mühit;

·     vətəndaş cəmiyyətinin siyasi idarəçilikdə iştirakdan kənarlaşdırılması, dövlətin nəzarət etdiyi vətəndaş cəmiyyəti elementlərinin formalaşması;

·   yerli idarəetmə strukturlarının dövlət strukturlarına tabe olması.

Rusiyanın siyasi sisteminin əsas elementi ondan ibarətdir ki, dövlət cəmiyyətdə dominantlıq təşkil edir və siyasi hakimiyyətdən istifadə edərək digərlərinə davranış şərtlərini diktə edir. Yəni “dövlət müəyyən ərazidə müvafiq əhaliyə qarşı fiziki və simvolik zorakılığın legitim istifadəsinin monopoliyasına sahiblənib (İrxin, Zotov, and Zotova 2002).”

Siyasi hakimiyyətin idarəetmədə istifadə etdiyi metodlar və mexanizmlər avtoritarizmin xarakterik xüsusiyyətlərini ifadə edir. Məsələn, Rusiyada çoxpartiyalı sistem əvəzinə faktiki olaraq hegemon partiyalı sistem inkişaf edib, çünki çoxpartiyalı sistem yalnız o zaman mövcud ola bilər ki, bir neçə partiya bərabər şəraitdə hakimiyyətə iddia etmək gücündə olsun. Rusiyada isə yalnız bir siyasi partiyanın real siyasi üstünlükləri var, o da “Vahid Rusiya” partiyasıdır. Dövlət Dumasında təmsil olunan digər siyasi partiyalar isə Kremlin siyasi iradəsindən kənara çıxmaq və geniş xalq kütlələrinə təsir etmək gücündə olmayan sattelitlərdir. 

Proses, Putinin prezidentliyinin ilk dövründən başlayaraq, dövlət hakimiyyətinin bərqərar olması adı altında, bəzən də “qanunun diktaturası” şüarı ilə avtoritarizmə doğru sürətlə irəliləməyə başladı. Bu zaman strategiya - demokratiya görüntüsünü saxlamaqla demokratik institutları tədricən içdən boşaltmaq idi. İmitasiyaya söykənən yeni siyasi sistem “suveren demokratiya” termini və xarici düşmənlərə, təxribatlara qarşı liderin ətrafında birləşmək çağırışları ilə cəmiyyətə təlqin edildi (Radio Svoboda 2006). Prezidentin addımları cəmiyyətin ehtiyacları və gözləntiləri kimi təqdim edilir, “bu gün hökumət cəmiyyətin istədiyini edir” kimi analizlərlə vətəndaşa təqdim olunurdu: “demokratiya dəyərləri rusiyalılar tərəfindən mədəniyyətimizə uyğun dərəcədə mənimsənilir. Bizə doğma olan dəyərlər qəbul edilir, ruhən yad olanlar isə rədd edilir. Hakimiyyət tərəfindən əhaliyə təklif edilən demokratik elementlərin bir növ təbii seçməsi baş verir. ...Bu gün biz əhalinin çox ciddi avtoritar tələbatını görürük” (Şestopal 2004, 28).

Bu dövrdə Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin kimi tanınmış millətçi siyasi liderlər Rusiyaya “böyük güc statusunu qaytarmaq” naminə bütün millətçiləri hökumətə qoşulmağa çağırırdılar (Hassner 2008). Bu, həm də o dövr idi ki, millətçilik təşviq edilirdi, hətta faşist yanaşmanın xüsusiyyətləri müşahidə olunmağa başlanmışdı. Əvvəl Qafqaz xalqlarının nümayəndələrinə qarşı başlanan etnik ayrıseçkilik daha sonra digər qeyri-slavyanlara qarşı yönəldi. Rusiya ərazisində, xüsusilə böyük şəhərlərdə faşizmin atributları ilə açıq şəkildə çıxış edən gənclərdən ibarət qruplar – skinhedlər, limonovçular görünməz əllə idarə olunurdular.

“Suveren demokratiya” kimi təqdim edilən yeni model əslində siyasi elmlərdə çoxdan öyrənilən avtokratiyanın əlamətlərini daşıyırdı. Putin Rusiyası kimi personalist avtokratiyalarda siyasi hakimiyyət fərdi münasibətlərə söykəndiyindən dövlət institutları da zəifləmiş olur. Zəif “dövlət institutları avtokrata hakimiyyəti zəbt etməyə şərait yaradır, amma idarəetməni çətinləşdirir” (Hassner 2008). Yəni sistem qanunvericiliyə və qaydalara söykənən işlək mexanizmdən çevrilir tək adam avtoritarizminə. Putin dövlətin iqtisadi, maliyyə, sosial institutlarını və güc strukturlarını elitalar vasitəsilə qarşılıqlı asılılıq münasibətləri əsasında idarə edir. Ancaq bununla belə nəhəng hakimiyyətə baxmayaraq, zəif institutlar bütün problemləri həll etməkdə və məqsədlərə çatmaqda onun imkanlarını məhdudlaşdırır. Digər tərəfdən isə hər şeyin bir nəfərdən asılılığı böyük sərvətlərə sahiblənmiş elitanın özünü çətin vəziyyətdə qoyur. Çünki sistem Putin nəzarət etdikcə onlar üçün işlək və effektlidir. Personalist avtokratiya lideri özünü ayaqda saxlayan yaxın ətrafının rifahı ilə  cəmiyyətin rifahı arasında seçim edəndə qazanan elita olur. Dövlət resurslarının korrupsiya vasitəsilə elita tərəfindən sömürülməsi iqtisadi göstəriciləri aşağı salmaqla yanaşı cəmiyyətlə hakimiyyət arasında böyük uçuruma gətirib çıxarır. Rusiya iqtisadiyyatı 2003-2008-ci illərdə neftin hesabına orta hesabla ildə 7% artanda Putin həm elitanı bəsləmək, həm də əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün imkanlar qazandı (GOGOV n.d.). (Cədvəl 1. & Qrafik 1.)

(Cədvəl 1.) (Cədvəl 1.)
(Qrafik 1.) (Qrafik 1.)

Lakin 2008-ci ilin qlobal iqtisadi böhranı, üstəgəl 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edilən beynəlxalq sanksiyalar və bütün bunlarla yanaşı miqyası ölçüyə gəlməyən korrupsiya iqtisadiyyatı gerilətdi. Bu, həm də bandit kapitalizminin dövlət institutlarını necə iflic etdiyinin nümunəsidir.

Rusiyanın cinayət elementlərini özündə cəmləşdirən müasir siyasi sistemi mahiyyət etibarilə həm də kriminokratiya hesab edilir (Karolewski and Kaina 2023). Kriminokratiyada seçkilərin, parlamentin, məhkəmələrin formal demokratiya görüntüsü yaradılır, de-fakto isə hakimiyyət cinayətkar şəbəkənin üzvləri tərəfindən qəsb edilmış olur. Korrupsiyadan tutmuş siyasi rəqiblərin öldürülməsinə qədər cinayətkarlığın ayrı-ayrı elementlərini özündə daşıyan kriminokratiyanın Putin Rusiyasında təzahürünü Ukraynaya qarşı müharibədəki hərbi cinayətlərdə (ukraynalı uşaqların oğurlanaraq Rusiyaya aparılması, İrpen və Buçada qadınların və uşaqların zorlanması, kütləvi qətllər), Çeçenistanda və Suriyada dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərdə, Vaqner kimi qetri-qanuni hərbi qruplaşmanın yaradılmasında və onun Afrikada almaz və qızıl hasilatı ilə bağlı əməliyyatlarında, həm də yuxarıda sadaladığımız digər cinayət tərkibli əməllərdə görmək olar. 

Kriminokratiya kimi mafiya dövləti də mahiyyətcə cinayətkar dəstənin idarəetməsi kimi qəbul edilir (Madiyar 2016). Rusiyada hakimiyyət kriminal klanlara məxsus prinsiplərin üzərində təşəkkül tapıb, münasibətlər sistemində şəxsi loyallıq açar rolunu oynayır, qanunlar isə “patronun” və onun yaxın ətrafının maraqlarına uyğun şəkildə tətbiq edilir. Mafiya dövlətində idarəetmə münasibətlərinin özəyində duran korrupsiya normadan sapma deyil, əksinə, qurucu amil kimi çıxış edir. Rusiyada mafiya dövlətinin mahiyyəti hakimiyyətlə kriminalın birləşməsində, hakimiyyətin “reket” davranışlarında (özəl neft şirkəti olan YUKOS-un sahibindən alınması, Boris Berezovski ilə Vladimir Qusinskiyə qarşı cinayət işləri və bizneslərinin əllərindən alınması), siyasi rəqiblərinin zəhərlənməsində və ya öldülürlməsində (Aleksey Navalnı, Vladimir Kara-Murza, Boris Nemtsov), hakim elitanın varlanmasında (Putinin sarayı, Putinin yaxın dostlarının dövlət sifarişlərindən qazancı), hərbi birləşmələrdə - Vaqnerin lideri Yevgeniy Priqojinin həbsxanalardan minlərlə məhbusu çıxarmasında ən bariz nümunə kimi ortaya çıxır.

Müasir Rusiyada siyasi sistem necə dəyişdi?

Müstəqilliyinin birinci on illiyində Rusiya demokratiya xüsusiyyətlərinə malik olsa da, demokratik proses hələ tam baş tutmamışdı. Rusiyanın demokratiya qatarı hələ Putindən əvvəl - 1993-cü ildə Boris Yeltsin qoşunlara qiyamçı parlamenti atəşə tutmağı əmr edəndə relsdən çıxmışdı. Üstəlik, elə həmin il qəbul edilən Konstitusiya da Yeltsinin hakimiyyətini möhkəmləndirərək “formaca demokratik, məzmunca avtoritar siyasi rejim” qurmasına imkan verdi (Smolin 2006, 203–204). Bu dövrdə Rusiyanın siyasi sistemi hibrid rejimin bir-birini istisna edən prinsiplərinin qarışığı ilə xarakterizə olunurdu. Bir tərəfdən hakimiyyətin personalaşması və bölünməzliyi aydın görünürdü, digər tərəfdən isə personalist hakimiyyət demokratik yolla formalaşırdı və legitimləşirdi (Şevtsova 2004, 47). Bununla belə Rusiyada demokratik təsisatların inkişaf etməməsi istər-istəməz məyusluğa və cəmiyyətdə “güclü əl” istəyinin yaranmasına gətirib çıxarmışdı və avtoritar liderin sabitlik və nizam-intizamı təmin edəcəyinə ümid yaratmışdı (Şevtsova 2007). Yeltsinin 1996-cı ildə yenidən prezident seçilməsi ilə demokratiyanın böhranı pik həddə çatdı. İctimai rəydə reytinqinin ən aşağı həddə olmasına baxmayaraq, oliqarxlar ona qələbə qazandırmaq üçün ciddi saxtakarlığa getdilər. Beləliklə, 1990-cı illərdə müasir Rusiyada hakimiyyətin həyata keçirilməsi Konstitusiyanın müddəalarına zidd olan bir sıra xüsusiyyətləri əks etdirirdi:

- başqa qurumların səlahiyyətlərinin məhdudlaşdırılması hesabına prezidentin səlahiyyətlərinin artırılması;

- hakimiyyətin bölünməsinin nominal xarakteri;

- avtoritar-oliqarxik idarəetmə formalarının demokratik prosedur elementlərinə bükülməsi, xüsusən də seçkilər və çoxpartiyalı sistem sahəsində;

- hakimiyyətin qeyri-legitim üsullarla varlanan nomenklaturaya aid şəxslərin və iri mülkiyyət sahiblərinin dar çevrəsinin əlində cəmləşməsi və bunun da dövlət idarəçiliyində cinayətkar üsullardan istifadə edilməsinə səbəb oması.

Köhnə nomenklatura hələ də idarəetmə sistemində ciddi ağırlıq təşkil etdiyindən və sədaqət prinsiplərinə söykəndiyindən kənardan bura daxil olmaq çox çətin idi. 1990-cı illərin əvvəllərindəki tənəzzülün dibinə düşmüş iqtisadiyyatı “şok terapiya” belə qurtara bilmədi. Çünki həm köhnə elitanın, həm prezidentin yaxın ətrafının satılan dövlət aktivlərinə, özəlləşdirilən infrastruktura sahiblənməsi islahatların uğurunun qarşısını aldı (Temmer 2014). Yeni kapitalistlər başa düşdülər ki, onların maraqları dövlət məmurlarının maraqları ilə üst-üstə düşür və beləcə demokratik islahatların tendensiyasını məhdudlaşdırmağa, ümumilikdə isə islahatları cəmiyyətin gözündən salmağa müvəffəq oldular (Snegovaya 2023).

Keçmiş KQB zabiti Putinin Sankt-Peterburq merinin köməkçisi vəzifəsindən dövlətin ən ali postuna qədər sıçrayışlı yüksəlişi məhz bu prosesin yaratdığı fürsətlərin nəticəsi idi.

Yeni prezidentin adı ilə bağlı olan yeni siyasi sistem 2000-ci il prezident seçkilərindən sonra formalaşmağa başladı. Lakin hələ bu seçkilərdən əvvəl yeni rəhbərin siyasi üslubu artıq yaranmağa başlamışdı ki, bu da hakimiyyətin həyata keçirilməsinə dair yeni metodları və üsulları xeyli dərəcədə müəyyənləşdirmişdi. Ona görə də Putinin prezidentliyə başlaması ilə onun dominant fiqura çevrilməsi prosesi sürətlə baş verdi (BBC 2024). Paralel olaraq mövcud siyasi sistemin rəqabət siyasətinin əsas prinsiplərindən uzaqlaşmasının birbaşa əlamətləri görünməyə başladı:

  • regional elitanın və böyük biznesin siyasi təsirinin kəskin şəkildə zəifləməsi;
  • ölkənin əsas televiziya kanalları üzərində birbaşa və ya dolayı yolla dövlət nəzarətinin yaradılması;
  • regional və federal səviyyədə seçkilərdə “inzibati resurslardan” getdikcə artan istifadə;
  • hakimiyyət bölgüsü sisteminin faktiki aradan qaldırılması;
  • ictimai olmayan siyasi davranış tərzinin formalaşması (Urnov and Kasamara 2005, 26-27).

Yeni siyasi rejimin formalaşmasında mühüm mərhələ 2003-cü il parlament seçkiləri oldu, bunun nəticəsində “real müxalifətin təmsil olunduğu parlamentarizm yox oldu” (Yakovlev 2005, 11). Prezidentin siyasətini tam dəstəklədiyini bəyan edən "Vahid Rusiya" partiyası Dövlət Dumasında konstitusiya çoxluğu əldə edərək, siyasi sistemi dəyişdirmək və tam olaraq Putinə tabe etdirmək üçün qeyri-məhdud imkanlara malik oldu. 

Yeni prezidentin formalaşdırdığı sistem “putinizm” adlandırılmağa başlandı və bu, müasir Rusiyadakı rejimi və prezidentin ideologiyasını nəzərdə tuturdu (Nikonov 2003, 29). Daha çox millətçilik ideyaları ilə cəmiyyətə xitab edən Putin 2022-ci ildə Ukraynaya hücumdan sonra total militarlaşmaya keçid aldı. İndi Putin özünü Rusiyanı iqtisadi, sosial və siyasi böhrandan çıxaran və Qərblə düşmənçilikdə ölkənin milli maraqlarını müdafiə edən lider kimi təqdim edir. 

“Putinizm” və Rusiyada avtoritarizmin qanunverici bazasının formalaşmasının erkən dövrü

SSRİ dağılanda Rusiya 80 regiondan ibarət idi ki, bunlar da iki hissəyə - donor regionlara və resipiyent regionlara bölünürdülər (Müəllif heyəti 2002). 2000-ci ilərin əvvəllərinə qədər regionların başçıları yerli seçkilər vasitəsilə birbaşa seçilirdilər. Vladimir Putinin 2000-ci il 13 may qərarı ilə ilə prezidentin federal dairələrdə səlahiyyətli nümayəndəsi institutu yaradıldı (Rusiya Prezidenti, 2000). Onların əsas vəzifələri yerli qanunvericiliyi faktiki olaraq federal qanunvericiliyə tabe etdirmək və regional hakimiyyətin unifikasiyasını həyata keçirirək hakimiyyətin şaquliliyini təmin etmək idi. Bir çox regional qanunverici aktlar bu üzdən ləğv olundu. 

2004-cü ildə Beslanda baş vermiş terror aktı prezident Putinin yeni siyasi islahatlar paketini elan etməsi üçün bəhanə oldu. Sentyabrın 3-də Vladimir Putin bəyan etdi ki, terrorizmin kəskin artması şəraitində ölkədə “birliyi möhkəmləndirmək və böhranların yaranmasının qarşısını almaq məqsədi ilə icra hakimiyyəti sistemi köklü şəkildə yenidən qurulmalıdır” (Rusiya Prezidenti, 2004). Bu restrukturizasiya nəticəsində mərkəzdə və rayonlarda icra hakimiyyətləri “vahid, əlaqələndirici orqan” kimi fəaliyyətə başlamalıdır. “Rusiya Federasiyasının təsis qurumlarının ən yüksək vəzifəli şəxsləri dövlət başçısının təqdimatı ilə ərazilərin qanunvericilik məclisləri tərəfindən seçilməlidir”.

Rusiya siyasi sisteminin 2000-lərin əvvəllərində dəyişikliyə uğramasının vacib mərhələlərindən biri yerlərdə qubernatorların xalq tərəfindən birbaşa seçkisinin ləğv edilməsi və hakimiyyətin mərkəzləşməsi prosesinin gücləndirilməsi oldu (TASS, 2013). Doğrudur, 2011-ci ildə qubernatorların yerlərdə birbaşa seçilməsi yenidən geriyə tətbiq edildi, lakin qanunvericilikdə edilən dəyişikliyə əsasən qubernator seçkilərində yalnız federal qanunverici orqanda təmsilçiliyi olan partiyaların namizədləri iştirak edə bilərdilər.

2010-cu illər yerli şəhərlərdə seçkili mer institutunun ləğv edilməsi ilə müşayiət olundu. Putin hakimiyyətinin birinci on illiyində seçkilər vasitəsilə mandat ala bilən və legitimliyi təmin olunan iki institut birbaşa federal hakimiyyətə tabe etdirildi. Bununla belə Rusiyanın 14 şəhərində birbaşa mer seçkiləri insitutu qorunub saxlanıldı. 

Bu illərdə idarəetmənin əsas xüsusiyyətlərindən biri gəlirlərin federal mərkəzdə toplanılması  prosesi idi və regionlardakı resursların hesabına əldə edilən gəlir federal mərkəzdən yenidən regionlar arasında bölüşdürülürdü. Gəlirlərin bu şəkildə toplanılıb və paylanılması mərkəzi hakimiyyətin güclənməsini, regional hakimiyyətlərin isə mərkəzdən tam asılılğını təmin edirdi. 

Bu dəyişikliklər əslində Rusiya Federasiyasının inzibati quruluşunun federal mahiyyətindən çxarılaraq balansın unitar modelin xeyrinə dəyişidirilməsini əks etdirirdi. Hakimiyyətin mərkəzləşdirilməsi avtoritarlaşma prosesinin güclənməsinə töhvə vermiş oldu. Paralel olaraq yerli hakimiyyət seçkilərinin ləğvi Rusiya əhalisinin böyük hissəsini təşkil edən şəhər əhalisini təzyiq altında saxlamaqla yanaşı, yerlərdə vətəndaşın hakimiyyətə təsir göstərə biləcək əsas alətini – seçki institutunu əlindən aldı. 

Bu dövrdə Rusiyanın siyasi sisteminin yeni reallıqlarına həm də sürətli urbanizasiya tempinin təsiri müşahidə edilməkdə idi. 2010-ların ortalarında Rusiya əhalisinin 74,4 faizi şəhərlərdə yaşayırdı (Manukiyan, 2022). 

Güclü müqavimətlə rastlaşmayan “islahat” prosesi rahat şəkildə həyata keçirilərək prezident institutunun güclənməsinə gətirib çıxardı. Güclü müqavimətin olmamasının əsas səbəbləri cavan və enerjili prezidentin yüksək reytinqi (Şevtsova 2004,50), 90-lardan sonra "güclü əlin” idarəetməsinə yaranan tələbat (Şestopal 2004, 61), milli sərvətlərin hesabına federal büdcənin şişməsi və həyat səviyyəsinin yüksəlməsi idi. Ona görə də yerlərdə aparılan dəyişikliklərlə paralel seçki institutuna, siyasi partiyalara, ictimai birliklərə və kütləvi informasiya vasitələrinə tətbiq edilən yeniliklər siyasi sistemin köklü şəkildə dəyişməsinə gətirib çıxardı. 

2000-ci illərə qədər Rusiyada seçki institutu bütün səviyyələrdə siyasi mədəniyyətin vacib elementi kimi özünü göstərə bilmişdi. Məsələn, 1995-ci ilin parlament seçkilərində 272 seçki biriyi, federal və regional siyasi partiya iştirak edirdi (Şulman 2022). Növbəti seçki dönəmindən başlayaraq seçki prosesində iştirak edən siyasi aktorların və bununla yanaşı seçki hadisəsinin sayının azalması ilə proses daha bir yeni mərhələyə keçid aldı. 1999-cu ilin seçkilərində isə yalnız siyasi partiyalar iştirak edə bilərdilər, ictimai seçki birlikləri bu hüquqdan məhrum olmuşdular, buna görə də iştirakçıların sayı 272-dən 139-a qədər azaldı (Şulman 2023). 2001-ci ildən regional siyasi partiya institutu ləğv edildi, siyasi partiyaların yalnız ümumrusiya statusu ola bilərdi.

2002-ci ildə hüquqi şəxslərin qeydiyyatı ilə bağlı qanvericiliyə edilən dəyişikliklə Ədliyyə Nazirliyi siyasi partiyaları qeydiyyata almaq və ya onların qeydiyyatından imtina etmək hüququndan çıxış edən dövlət orqanı funksiyasını yerinə yetirməyə başladı (Federal Qanun 2002). Bunun ardından edilən başqa dəyişikliklə siyasi partiyaların qeydiyyata alınmaları üçün üzvlərinin və regional strukturlarının sayının çoxalması tələbi qoyuldu. 

2005-ci ildən etibarən Rusiya daxili siyasətində yeni trend müşahidə edildi: Dövlət Dumasına seçkilər haqqında yeni qanun qəbul edilərək qarışıq seçki sistemindən proporsional seçki sisteminə keçid edildi və parlament partiyalarının federal büdcədən maliyyələşməsinə başlanıldı (Rusiya Prezidenti n.d.-c). Bu, parlamentin yalnız siyasi partiya siyahıları əsasında formalaşmasını təmin edəcəkdi. Bununla yanaşı parlamentə keçid barajı 5 faizdən 7 faizə  qaldırıldı. Etirazçı ovqatın qarşısını alan əsas yeniliklərdən biri də seçki bülletenində “hamının əleyhinə” xanasının götürülməsi oldu. Seçkinin baş tutması üçün minimal seçki iştirakçılığının həddi aradan qaldırılaraq seçkinin seçicidən “azad edilməsi” mərhələsinə keçid edildi. Bütün bunlar çoxpartiyalılıqdan hegemon partiyalı sistemə gətirib çıxardı. Proses son 25 ildə eyni siyasi partiyaların eyni siyasi liderlərlə bənzər nəticələr nümayiş etdirərək qanunverici orqanda təmsilçiliyi ilə nəticələndi. Həlledici mənada isə proses parlament partiyalarının elektoratı nəzarətdə saxlamaq funksiyasını yerinə yetirməsinə və yeni siyasi sistemin konservasiyasına xidmət etmiş oldu. Siyasi partiyalar ambisiyalı gənc siyasətçilər üçün siyasi lift rolunu itirdi. Yəni bələdiyyə, regional və parlament seçkilərindən keçərək federal siyasətdə təmsilçilik hüququnun qarşısı institusional alətlərlə aradan qaldırıldı. Proses sistem partiyalarını formalaşdırdı və siyasi iştirakçılığı minimuma endirdi. Seçkinin instusional məhdudlaşdırıcı alətlərlə yanaşı həm də saxtalaşdırılması və bundan qaynaqlanan aşağı səviyyəli siyasi iştirakçılıq bu cür siyasi sistemlərdə müxalif siyasi qüvvənin seçki yolu ilə hakimiyyətə gəlmək imkanlarını sıfırlamış oldu. 2008-ci il seçkilərində Putin prezident vəzifəsini baş nazir postu ilə əvəzləyərək prezidentlik müddətinin “islahatlarını” həyata keçirməyə, müddətin dörd ildən altı ilə, sonra isə ümumiyyətlə, müddət məhdudiyyətinin aradan götürülməsinə müvəffəq oldu.

2011-ci ilin seçki saxtakarlığına etirazlardan sonra prezident Dmitri Medvedev seçki institutunun liberallaşdırılmasına söz verdi. Elektoral qanunvericiliyin liberallaşması 2003-cü ilin seçki modelinə qayıtmasına - qarışıq seçki sisteminə, barajın aşağı salınmasına, siyasi partiyaların qeydiyyat qaydalarının liberallaşdırılmasına baxmayaraq, siyasi sistemdə dəyişikliyə gətirmədi.

Personalist avtokratiyadan personalist diktaturaya keçid

Son illərdə Rusiyanın siyasi rejimi personalist avtokratiyadan personalist diktaturaya keçid kimi təyin edilməyə başlanıb (Şulman n.d.). Bu da özünü qərarların icrasında genişlənmiş bürokratiyaya: mülki bürokratiyaya və güc strukturlarının bürokratiyasına arxalanan şəxsi hökumətdə göstərir. Hər iki qanad son dərəcə çoxsaylı və böyüyən bir təbəqədir. 2014-cü ildən sonra bürokratiyanın - mülki və güc strukturları sahəsində əhəmiyyətli kəmiyyət genişlənməsi baş verib. 

2011-2012-ci illərdə baş verən seçki saxtakarlıqlarına qarşı etirazlardan sonra vətəndaşların dövlət tərəfindən fəal şəkildə işə götürülməsi prosesi müşahidə edilməyə başladı: dövlət qulluqçularının sayının federal, regional və bələdiyyə sferalarında artması ilə yanaşı dövlət korporasiyalarında və dövlət banklarında da işçilər çoxalmağa başladı.

Rusiya siyasi sistemi həmişə yüksək səviyyəli etatizasiya ilə seçilib: bu, demək olar ki, tamamilə dövlətin özündən və ya dövlətdən asılı elementlərdən ibarət siyasi sistemdir. Proses 2014-cü ildən sürətləndi. Dövlət qulluqçularının sayının artması ilə mövcud siyasi rejimi dəstəkləyən sosial bazanın miqyası genişləndi. Bu səbəbdən indi, Rusiyada gəlir və istehlak baxımından orta sinfin əhəmiyyətli hissəsini dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşları təşkil edir. Adətən sabit və müntəzəm gəlirlərlə təmin olunan sosial qruplar mövcud vəziyyətin dəyişməsində yox, onun qorunub saxlanılmasında maraqlı olurlar. 

2022-ci ilin fevral ayında Ukraynaya irimiqyaslı hücumdan sonra getdikcə daha çox aydın olmağa başladı ki, siyasi sistemin publik üzü olan, siyasi simvolu sayılan, ən çox fəxr edilən elementlər daha az funksional oldular və uğursuzluğa uğradılar. Uzun illər formalaşan bürokratiyanın güc qanadı – ordunun, xüsusi xidmət orqanlarının və kəşfiyyatın sakral obrazının zədələnməsi müşahidə edilməyə başladı. 

Sistemin üçüncü vacib elementi kimi çıxış edən ictimai-siyasi təbliğat maşınının işi Ukrayna ilə müharibənin ilkin mərhələsində effektli görünsə də, hərbi uğursuzluqlardan sonra izləyicinin diqqətini çəkmək qabiliyyətini, eyni zamanda populyarlığını itirməyə başladı. Müşahidələr göstərir ki, müəyyən funksionallığını qoruyub saxlayan mülki bürokratiya oldu, buraya ilk növbədə maliyyə-təsərrüfat orqanları, Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, eyni zamanda regional və bələdiyyə bürokratiyası, qubernator və mer institutları aid edilir. Bu arada qubernatorlara və regional idarəçilərə yeni səlahiyyətlər istisna olmaqla müəyyən qərarların qəbulunda azadlıq verildi. 

Parlamentin qanunverici orqan kimi fəaliyyətinə gəlincə, ən çox diqqət çəkən hal - qəbul olunan qanunların məhdudlaşdırıcı və ya repressiv xarakter daşımasıdır. Sadə dillə desək, bunlar müxtəlif qadağalardır: 2020-ci ildə pandemiya ilə əlaqədar qaydaların pozulmasına görə yeni cinayət və inzibati məsuliyyət formalarının tətbiqi, 2022-ci ildən başlayaraq müharibə əleyhinə fəaliyyətlərə, bəyanatlara, etiraz aksiyalarında iştiraka görə qadağaları və cəza elementlərini özündə ehtiva edən qanunlar. Məhdudlaşdırıcı və repressiv qanunlar, həmçinin vətəndaş cəmiyyətinin və müstəqil medianın fəaliyyətinin tamamilə sıradan çıxarılması riskini daşıyırdı və reallıqda buna gətirib çıxardı. Rusiyada fəaliyyət göstərən müstəqil media ya qapandı, ya da ölkə xaricinə çıxdı, vətəndaş cəmiyyətinin üzvləri, eləcə də müstəqil ekspertlər, analitiklər eyni şəkildə davrandılar.

Ukrayna müharibəsinin başlaması Rusiyada həm də yeni mərhələyə keçidlə – personalist avtokratiyadan personalist diktaturaya keçidlə xarakterizə oluna bilər. Demokratik fasad dekorativdir və onun imitasiyasını həyata keçirən institutların qorunub saxlanılması manipulyasiyaya xidmət edir. Bu tip rejimlərdə əsas yanaşmalardan biri də budur: hər şey total qadağan ediməsə də, yeni meydana çıxan hər şeyi idarə etmək prioritetdir. Bir müddət sonra hakimiyyət özü bu yeni vasitələrdən istifadə etməyə başlayır. Məsələn, XXI əsrin əvvəllərində yeni texnoloji tərəqqinin məhsulu olan sosial şəbəkə fenomenini bu cür rejimlər öz məqsədləri üçün istifadə etməyi bacardılar. Son dövrlərdə ortaya çıxan yeni alətlər, məsələn, “trol” adlandırılan sosial şəbəkə aləti avtoritar idarəetmənin yeniliklərə və çağırışlara instinktiv cavabıdır (Radio Svoboda 2021). Özünüqoruma instinkti bu rejimləri çevik və adaptiv olmağa məcbur edir. Ola bilsin ki, çox yaxşı inkişaf etmirlər, amma çox yaxşı uyğunlaşa bilirlər.

Nəticə

Aparılan tədqiqat göstərdi ki, müasir Rusiyanın siyasi sisteminin əsas xüsusiyyəti avtoritar, korrupsioner, bürokratik sistemin hökmranlığını özündə birləşdirməsidir (Yavlinskiy 2010). Bu siyasi sistemdə formal mövcud olan Konstitusiyaya baxmayaraq, real, tam siyasi müzakirə aparılmır, siyasi partiyalar səmərəli işləmək imkanından məhrumdur, insan hüquqları komponenti ardıcıl olaraq qeyri-kommersiya sektorundan sıxışdırılır, hakimiyyət bölgüsü uydurmaya çevrilib, məhkəmələr müstəqil deyil, seçkilər nüfuzdan düşüb. Ölkə əhalisinin mühüm hissəsinin dövlətə və onun institutlarına, hakimiyyət orqanlarına və hüquq-mühafizə orqanlarına tam inamsızlığı Rusiyanın müasir siyasi sisteminin ən mühüm xüsusiyyətidir. Ölkənin tərəqqisinin, real islahatların və uğurlu modernləşmənin əsas şərti - əhalinin dövlət institutlarına inamı və qanunun nüfuzu itməkdədir. Reallıqda seçki institutuna inamın davamlı aşınması nəticəsində cəmiyyətdə hakimiyyətin dərin delegitimləşməsi prosesi gedir. Oliqarxik anarxiyadan çıxan Rusiya Putinin rəhbərliyi altında son illərdə daha çox siyasi və hərbi tipli imperializm nümayiş etdirməyə başlayıb.

Rusiyanın siyasi sisteminin post-sovet məkanı üçün model roluna gəlincə, istər seçki institutu, istər siyasi partiyalar, vətəndaş cəmiyyəti, istərsə də müstəqil media və digər sahələr üzrə aparılan siyasət, gələcəkdə müqayisəli təhlillər və paralellər aparmaq üçün kifayət qədər əsas yaradıb. Avtoritar rejimlərin bir-birindən nümunə götürməsi deyiminə söykənərək Rusiyada son 30 ildə inklüziv institutların tədricən yox edilməsi və onların ekstraktiv institutlarla əvəzlənməsi prosesinin post-sovet məkanda bir çox respublikalara yansıması diqqətdən kənarda qalmayıb. Məsələn, sərt avtoritarizmə yuvarlanma prosesinin hüquqi bazasını yaratmaq üçün qanunvericiliyə edilən dəyişikliklərin mahiyyətcə təkrarını Rusiyanın qonşularında da görmək mümkündür. Və ya seçki institutunun etimadsızlaşması üçün yuxarıdan atılan addımların necə təkrarlandığını göstərmək olar (Slivyak 2024). Bütün bunlar bir daha onu deməyə əsas verir ki, avtoritarizm bir ölkənin daxili işi və ya bir cəmiyyətin problemi deyil, eyni zamanda dünyada sülh və təhlükəsizlik üçün təhdiddir.


İstinadlar:

Civil.ge. 2024. “То, что произойдет в Вашингтоне, имеет решающее значение.” March 30, 2024. https://civil.ge/ru/archives/589357.

Snegovaya, Maria. 2023. “Why Russia’s Democracy Never Began.” Journal of Democracy, July. https://www.journalofdemocracy.org/articles/why-russias-democracy-never-began/.

Красин, Ю. А. 2004. “Российская Демократия: коридор возможностей.” Полис, no. 6.

Ирхин, Ю. В., В. Д. Зотов, and Л. В. Зотова. 2002. Политология: Учебник. Moscow.

Радио Свобода. 2006. “Суверенная демократия Владислава Суркова сквозь призму публикаций в российской прессе.” June 30. https://www.svoboda.org/a/162957.html.

Шестопал, Елена. 2004. “Авторитарный запрос на демократию, или почему в России не растут апельсины.” Полис, no. 1: 28.

Hassner, Pierre. 2008. “Russia’s Transition to Autocracy.” Journal of Democracy, June. https://www.journalofdemocracy.org/wp-content/uploads/2012/04/Hassner-19-2.pdf.

Hassner, Pierre. 2008. “Russia’s Transition to Autocracy.” Journal of Democracy, June. https://www.journalofdemocracy.org/wp-content/uploads/2012/04/Hassner-19-2.pdf.

Karolewski, Ireneusz Pawel, and Viktoria Kaina. 2023. “Is Russia Now a Criminocracy?” LSE Blogs, October 23. https://blogs.lse.ac.uk/europpblog/2023/10/23/is-russia-now-a-criminocracy/.

Мадьяр, Балинт. 2016. Анатомия посткоммунистического мафиозного государства на примере Венигрии. https://www.postcommunistregimes.com/wp-content/uploads/2021/07/2016.05.03.pdf.

Смолин, О. Н. 2006. Политический процесс в современной России. Moscow: 203–204.

Шевцова, Л. Ф. 2004. “Смена режима или Системы?” Полис, no. 1: 47.

Shevtsova, Lilia. 2007. “Russia—Lost in Transition.” Carnegie Endowment, October 10. https://carnegieendowment.org/posts/2007/10/press-release-russialost-in-transition-a-new-book-by-lilia-shevtsova?lang=en.

Тиммер, Ханс. 2014. “От шоковой терапии к устойчивому развитию.” World Bank Blogs, January 23. https://blogs.worldbank.org/ru/voices/from-shock-therapy-to-sustainable-development.

Snegovaya, Maria. 2023. “Why Russia’s Democracy Never Began.” Journal of Democracy, July. https://www.journalofdemocracy.org/articles/why-russias-democracy-never-began/.

BBC. 2024. “Russia Country Profile.” March 25. https://www.bbc.com/news/world-europe-17839672.

Урнов, М., and В. Касамара. 2005. Современная Россия: вызовы и ответы: Сборник материалов. Moscow: 26–27.

Яковлев, А. Н. 2005. “Реформация в России.” Общественные науки и современность, no. 2: 11.

Никонов, В. 2003. “Путинизм.” Современная российская политика: 29.

Шевцова, Л. Ф. 2004. “Смена режима или Системы?” Полис, no. 1: 50.

Шестопал, Елена. 2004. “Авторитарный запрос на демократию, или почему в России не растут апельсины.” Полис, no. 1: 61.

Шульман, Екатерина. 2022. “Российский правящий класс в чрезвычайном положении: функциональные и дисфункциональные элементы системы.” Доклад: Российские реалии-2022.

Радио Свобода. 2021. “Наша норма – 120 комментов в день. Жизнь кремлевского тролля.” January 24. https://www.svoboda.org/a/31065181.html.

Явлинский, Григорий. 2010. “Оценка современной политической системы России и принципы ее развития.” Яблоко, January 22. https://www.yabloko.ru/news/2010/01/22.

Радио Свобода. 2025. “Из третьего мира в первый.” March 23. https://www.svoboda.org/a/26916103.html.

Radio Free Europe. 1997. “Russia: Analysis—Bandit Capitalism Versus Capitalism With A Human Face.” March 9. https://www.rferl.org/a/1083971.html.

Немцов, Борис. 2002. “Перед Россией стоит исторический выбор: какой капитализм мы будем у себя строить?” Немцов Мост, June 14. https://nemtsov-most.org/2020/12/13/nemtsov-russia-faces-a-historic-choice-what-kind-of-capitalism-will-we-build-in-our-country/.

Конституция Российской Федерации. 2001. http://www.constitution.ru/.

GOGOV. n.d. https://gogov.ru/articles/vvp-rf.

Авторский коллектив. 2002. Типология российских регионов. https://www.iep.ru/files/text/cepra/drob.pdf.

Президент России. n.d. http://www.kremlin.ru/acts/bank/15492.

Президент России. n.d. http://www.kremlin.ru/acts/bank/20611.

ТАСС. 2013. “Отказ от прямых выборов глав регионов России.” October 31. https://tass.ru/info/754125.

Манукиян, Елена. 2022. “С 2010 года число горожан в России выросло.” Российская газета, May 30. https://rg.ru/2022/05/30/s-2010-goda-chislo-gorozhan-v-rossii-vyroslo.html.

Шульман, Екатерина. n.d. “Избирательная система и партии.” Открытый Университет. https://openuni.io/course/6-course-5/lesson/7/.

Российская Федерация. 2002. Федеральный Закон, March 13. http://ips.pravo.gov.ru/?docbody=&prevDoc=102038609&backlink=1&&nd=102075339.

Президент России. n.d. http://www.special.kremlin.ru/acts/bank/22402.

Сливяк, Владимир. 2024. “Зачем постсоветские страны принимают законы об иностранных агентах.” The Moscow Times, April 23. https://www.moscowtimes.ru/2024/04/23/zachem-postsovetskie-strani-prinimayut-zakoni-ob-inostrannih-agentah-a128738.