Bu tədqiqat Özbəkistanda 1991-ci ildən bəri avtoritarizmin təkamülünün iki mərhələsini – İslam Kərimovun repressiv personalist rejimi və Şavkat Mirziyoyevin avtoritar nəzarətə əsaslanan modernləşmə siyasəti dövrlərini – təhlil edir. Nəzəri çərçivə kimi personalist avtoritarizm, sülalə avtoritarizmi, elektoral avtoritarizm, hibrid rejimlər və avtoritar modernləşmə yanaşmaları tətbiq edilib.
Tədqiqat Mirziyoyev dövründə aparılan islahatların rejimin çevikliyinə və beynəlxalq imicini yaxşılaşdırmaqla, avtoritar idarəetmənin mahiyyətini necə qoruduğunu aydınlaşdırır.
Özbəkistan nümunəsi Mərkəzi Asiyada avtoritar rejimlərin sabitliyini və transformasiya mexanizmlərini anlamaq üçün mühüm empirik baza təqdim edir. Bu çərçivədə ölkə avtoritar modernləşmə, selektiv islahatlar və sülalə hakimiyyətinə keçid vasitəsilə rejimin davamlılığını təmin edən model kimi çıxış edir.
Giriş
Mövzunun aktuallığı və elmi əhəmiyyəti
Mərkəzi Asiya regionu postsovet avtoritarizminin ən dayanıqlı formalarının müşahidə edildiyi coğrafiyadır. Bu regionda siyasi keçid modelləri hər hansı demokratikləşmə istiqamətində deyil, qəti avtoritar normalarda adaptasiyası ilə xarakterizə olunur (Matveeva, 2009; Lewis, 2008). Özbəkistan bu baxımdan xüsusi maraq doğurur: bir tərəfdən İslam Kərimovun 25 illik hakimiyyəti dövründə klassik repressiv personalist avtoritarizmin tipik nümunəsi kimi çıxış edib, digər tərəfdən isə Şavkat Mirziyoyev dövründə liberal ritorika və islahat çağırışları ilə müşayiət olunan "avtoritar modernləşmə" modelinə keçid baş verib (Anceschi, 2020).
Siyasət elmində avtoritarizmin sabitliyi və transformasiya mexanizmləri son illərdə artan tədqiqat marağı ilə qarşılanır. Özəlliklə, Levitski və Way tərəfindən təklif olunan "rəqabətli avtoritarizm", Şidlerin "elektoral avtoritarizm" anlayışları və Heydemannın irəli sürdüyü "avtoritar modernləşmə" nəzəriyyəsi bu kimi rejimlərin həm mahiyyətini, həm də adaptasiya qabiliyyətlərini izah etməyə çalışır. Özbəkistanın bu nəzəri çərçivələrdə təhlili, həm empirik, həm də nəzəri baxımdan regionda avtoritarizmin tədqiq edilməsinə ciddi töhfə verəcəkdir.
Özbəkistanın daxili siyasi inkişafı yalnız ölkədaxili transformasiyalarla məhdudlaşmır. Regionda Rusiya və Çinin təsir dairəsi, eləcə də Avropa Birliyi və ABŞ-ın iqtisadi əməkdaşlıq formatları kontekstində bu ölkənin geosiyasi mövqeyi və idarəetmə modelindəki dəyişiklikləri diqqət mərkəzindədir (Cooley, 2012). Bu səbəbdən, Özbəkistanda avtoritarizmin təkamülü həm siyasət elminin nəzəri diskursları, həm də tətbiqi analizlər üçün aktual və strateji əhəmiyyət kəsb edir.
Tədqiqatın məqsədi
Bu tədqiqatın əsas məqsədi Özbəkistanda avtoritar idarəetmə rejiminin tarixi inkişaf trayektoriyasını və institusional əsaslarını müqayisəli şəkildə təhlil etməkdir. Tədqiqat çərçivəsində aşağıdakı məqsədlərə nail olunması nəzərdə tutulur:
- Özbəkistanın müstəqillikdən sonrakı dövrdə formalaşan avtoritar idarəçilik modelinin tarixi və institusional əsaslarını araşdırmaq;
- İslam Kərimov dövründə personalist, repressiv və mərkəzləşdirilmiş rejim modelinin əsas xüsusiyyətlərini müəyyənləşdirmək və bu modelin siyasi institutlara təsirini analiz etmək;
- Şavkat Mirziyoyevin hakimiyyəti dövründə tətbiq olunan siyasi və inzibati islahatların rejimin mahiyyətinə necə təsir etdiyini qiymətləndirmək;
- Rejim daxilində struktur səviyyəli dəyişikliklərin olub-olmamasını empirik əsaslarla müəyyənləşdirmək və bu dəyişikliklərin avtoritar sabitliyə və ya transformasiyaya yönəlik olub-olmadığını təhlil etmək;
- Bütün dövrləri əhatə edən müqayisəli yanaşma ilə rejimdə davamlılıq və dəyişiklik tendensiyalarını ümumiləşdirmək.
Tədqiqat sualları:
- Özbəkistanda avtoritar rejim hansı institusional əsaslara söykənir?
- Mirziyoyev dövründə islahatlar rejimin mahiyyətini dəyişibmi?
Metodologiya:
- Siyasi rejim nəzəriyyələri və empirik hadisələrin müqayisəli təhlili.
Nəzəri çərçivə
Özbəkistanda avtoritarizmin təkamülünü anlamaq üçün bir neçə nəzəri yanaşmanın inteqrasiyası zəruridir. Bu tədqiqat çərçivəsində personalist avtoritarizm (Geddes, 2003), sülalə avtoritarizmi (dynastic authoritarianism) (Jason Brownlee 2007), elektoral avtoritarizm (Schedler, 2006), hibrid rejimlər (Levitsky & Way, 2010), və avtoritar modernləşmə (Heydemann, 2007) yanaşmalarından istifadə edilir.
Personalist avtoritarizm: Barbara Geddesin növləşdirilməsi çərçivəsində personalist rejimlər, liderin şəxsi iradəsinin institusional məhdudiyyətlərdən üstün olduğu rejimlər kimi xarakterizə olunur . Bu modeldə siyasi hakimiyyətin mərkəzləşməsi, qərarların dar bir elit qrupdan çox, bir fərdin ətrafında formalaşması ilə müşayiət olunur (Geddes, 2003a).
Özbəkistan kontekstində bu model İslam Kərimov dövrünü (1989–2016) izah etməkdə xüsusilə effektlidir. Kərimovun uzunmüddətli hakimiyyəti dövründə real siyasi güc şəxsi liderliyin ətrafında cəmlənmişdi. Məhz Kərimovun şəxsi qərarları ilə siyasi partiyalar, təhlükəsizlik orqanları və məhkəmə sistemi yönləndirilirdi. Geddesin vurğuladığı kimi, personalist rejimlərdə liderin ölümü və ya devrilməsi rejimin davamlılığı üçün əsas risklər yaradır ki, bu da Özbəkistanda 2016-cı ildə Kərimovun ölümündən sonra müşahidə olundu (Frantz, 2014).
Sülalə avtoritarizmi: Jason Brownlee kimi tədqiqatçılar tərəfindən irəli sürülən bu yanaşma göstərir ki, bəzi avtoritar rejimlərdə güc yalnız bir liderin ətrafında deyil, ailə üzvləri və qohumlar vasitəsilə nəsildən-nəslə ötürüləcək şəkildə konsolidasiya olunur. Sülalə avtoritar rejimlərdə ailə daxilində siyasi kapitalın toplanması varislik prosesini asanlaşdırır və elita içi parçalanmanın qarşısını alır. Bu tip rejimlərdə ailəvi təyinatlar dövlət strukturlarının qeyri-rəsmi idarəetmə vasitələrinə çevrilir və siyasi patronaj şəbəkəsi güclənir (Brownlee, J. 2007).
Elektoral avtoritarizm: Andreas Şidlerin elektoral avtoritarizm konsepsiyası avtoritar rejimlərin seçki rəqabətinin olmadığı mühitdə formal seçki institutlarını saxlayaraq öz hakimiyyətlərini legitimləşdirmələri formasını izah edir. Elektoral avtoritar rejimlərdə seçkilər keçirilir, lakin onlar azad və ədalətli olmaqdan uzaqdır; nəticələr hər zaman öncədən bəlli olur.
Özbəkistanda 1990-cı illərin ortalarından etibarən keçirilən prezident və parlament seçkiləri Şidlerin təsvir etdiyi modelə tam uyğun gəlir. Kərimovun dəfələrlə böyük səslə "yenidən seçilməsi", real müxalifətin sistemdən kənarda saxlanılması və medianın dövlət nəzarətində olması bu rejim formasının əsas xüsusiyyətləridir (Schedler, 2013).
Hibrid rejimlər: Levitski və Way "rəqabətli avtoritarizm" anlayışı çərçivəsində hibrid rejimləri tipləndirir. Onların fikrincə, bu rejimlər nə tam avtoritar, nə də tam demokratikdir; demokratik institutlar mövcuddur, lakin ciddi şəkildə qeyri-bərabər şərtlər altında fəaliyyət göstərirlər. Bu yanaşma, xüsusilə keçid dövrlərində və islahat görüntüsü yaradan avtoritar rejimlərdə aktualdır.
Şavkat Mirziyoyevin hakimiyyətə gəlişi (2016) ilə başlayan dövr bu baxımdan diqqətəlayiqdir. Media azadlığına qismən açılımlar, bəzi siyasi məhbusların azad edilməsi və iqtisadi liberallaşma addımları ölkənin daha açıq bir rejimə keçdiyi təəssüratını yaratsa da, real siyasi rəqabət və müstəqil siyasi institutların formalaşmasına imkan verilmir. Levitski və Way-in vurğuladığı kimi, bu cür rejimlər islahat ritorikasından sadəcə olaraq rejimin davamlılığını təmin etmək məqsədilə istifadə edirlər (Levitsky & Way, 2010).
Avtoritar modernləşmə: Heydemann və digər alimlər avtoritar modernləşmə modelini avtoritar rejimlərin iqtisadi və inzibati islahatlar vasitəsilə öz davamlılığını təmin etmə strategiyası kimi izah edirlər. Bu yanaşmaya görə rejimlər bazar iqtisadiyyatı islahatlarını qəbul edərkən, siyasi pluralizmə yol vermədən modernləşməni həyata keçirməyə çalışırlar (Heydemann, 2007).
Özbəkistanın 2016-dan sonrakı mərhələsi bu baxımdan uyğun nümunədir. Mirziyoyev rejimi əsasən iqtisadi modernləşməyə və xarici investisiya mühitinin yaxşılaşdırılmasına fokuslansa da, siyasi sistemin fundamental strukturu və hakimiyyətin mərkəzləşmiş avtoritar təbiəti saxlanılıb. Dövlət orqanlarında idarəetmə peşəkarlığının artırılması, elektron hökumət texnologiyalarının tətbiqi və bürokratik islahatlar kimi tədbirlər avtoritar modernləşmənin komponentləridir (Spechler & Spechler, 2020; McGlinchey, 2021).

Bu beş yanaşma Özbəkistanda avtoritarizmin təkamülünü müxtəlif mərhələlər üzrə izah etməyə imkan verir:
- Personalist avtoritarizm Kərimov dövrünün siyasi strukturlarını və rejim davamlılığının şəxslə bağlılığını izah edir.
- Sülalə avtoritarizmi Mirziyoyev dövründə onun qızının rəhbər vəzifəyə təyin edilməsi ilə ailə hakimiyyətinin əsaslarının qoyuylmasını izah edir.
- Elektoral avtoritarizm Kərimov dövrünün ilk illərində, həm də Mirziyoyev dövrününün tamamında seçkilərin necə legitimlik aləti kimi istifadə olunduğunu açır.
- Hibrid rejimlər və rəqabətli avtoritarizm modelləri 2016-dan sonra yaranan islahat ritorikasının mahiyyətini və məhdudiyyətlərini izah edir.
- Avtoritar modernləşmə isə iqtisadi və texnokratik islahatların siyasi azadlıqlar verilmədən tətbiq edilməsini izah edir.
Bu nəzəri çərçivələrin sintezi Özbəkistan kimi keçid rejimlərində dəyişkən siyasi dinamikaları anlamaq və rejimin davamlılıq strategiyalarını təhlil etmək üçün kompleks və effektli analitik imkanlar təqdim edir.
Tarixi köklər: İslam Kərimov dövrü (1991–2016)
Özbəkistanın siyasi rejiminin formalaşması və avtoritar mahiyyət kəsb etməsi İslam Kərimovun hakimiyyətə gəlişi və bu dövrdə həyata keçirilən institusional mühəndisliklə sıx bağlıdır. Bu mərhələ postsovet avtoritarizminin klassik nümunələrindən biri kimi qiymətləndirilə bilər və burada personalist avtoritarizm, repressiv aparatın gücləndirilməsi, regional-klan idarəçiliyi kimi elementlər ön plana çıxır.
Personalist rejimin qurulması: 1992 konstitusiyası və prezidentin səlahiyyətləri
1992-ci ildə qəbul edilən Özbəkistan Respublikası Konstitusiyası formal olaraq demokratik dövlət prinsiplərinə istinad etsə də, əslində, güclü prezident üsul-idarəsinin hüquqi əsaslarını möhkəmləndirdi. Konstitusiya prezidentə geniş səlahiyyətlər verdi: parlamenti belə buraxa bilirdi. Bu, Barbara Geddesin təyin etdiyi personalist rejimlər çərçivəsində liderin institusional balansdan kənar dominantlığını təcəssüm etdirirdi.
Kərimov bu imkanlardan istifadə edərək siyasi rəqibləri sistemdən uzaqlaşdırdı, media üzərində nəzarəti gücləndirdi və tədricən tam mərkəzləşmiş bir avtoritar rejim inşa etdi. O, 1991, 2000, 2007 və 2015-ci illərdə təşkil edilən prezident seçkilərini elektoral avtoritarizmin mahiyyətinə uyğun keçirərək öz qələbəsini elan etdi. Bu seçkilər beynəlxalq müşahidəçilər tərəfindən ciddi tənqid olundu (OSCE/ODIHR, 2000; 2015).
Siyasi institutların formallığı və disfunksionallığı: Kərimov dövründə formalaşan siyasi sistemdə parlament, siyasi partiyalar və məhkəmə hakimiyyəti mövcud olsa da, onların real siyasi təsir imkanları yox idi. Siyasi partiyalar – Xalq Demokrat Partiyası, Liberal Demokrat Partiyası və digərləri – əslində, hakimiyyətin nəzarətində olan "loyal müxalifət" strukturları idi. Bütün seçkilərdə alternativsiz və idarə olunan namizədlər iştirak edir, siyasi plüralizm sadəcə vitrin xarakteri daşıyırdı (Olcott, 2005; Fumagalli, 2007).
Ali Məclis (Oliy Majlis) qanunverici orqan kimi praktiki səlahiyyətlərə malik deyildi; qəbul edilən qanunların əksəriyyəti prezident administrasiyası tərəfindən təşəbbüs edilirdi. Bu, Şidlerin elektoral avtoritarizm modelində vurğuladığı "qeyri-şəffaf rəqabət" və "funksional olmayan institutlar" anlayışları ilə üst-üstə düşür.
Repressiv aparat: Milli Təhlükəsizlik Xidməti və Əndican hadisələri (2005): Kərimov rejiminin dayaqlarından biri - güclü və praktiki olaraq müstəqil hərəkət edən Milli Təhlükəsizlik Xidməti (MXX) idi. MXX həm real, həm də potensial müxalif qüvvələrə qarşı genişmiqyaslı nəzarət, təqib və təzyiq siyasəti həyata keçirirdi. İnsan haqları təşkilatlarının məlumatlarına görə, bu dövrdə minlərlə insan "dini ekstremizm" adı ilə həbs edilmiş, müstəqil jurnalistlər və hüquq müdafiəçiləri müxtəlif təqiblərə məruz qalmışdı (Human Rights Watch, 2004).
2005-ci ildə Əndican şəhərində baş verən və yüzlərlə insanın həyatını itirdiyi hadisələr repressiv siyasətin kulminasiyası oldu. Hökumət bu aksiyanı "islamçı qiyam" kimi təqdim etsə də, beynəlxalq müşahidəçilər bunu sivil əhalinin dinc etirazı və onun qəddarcasına yatırılması kimi qiymətləndirdilər (International Crisis Group, 2005). Hadisə rejimin avtoritar mahiyyətini açıq şəkildə göstərdi və Qərblə münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb oldu.
Senzura, qeyri-rəsmi ideologiya və legitimlik strategiyaları: Özbəkistanın ideoloji sahəsi də ciddi şəkildə nəzarət altında idi. Dövlət mediası liderin şəxsi kultunu gücləndirən ritorikaya əsaslanır, xarici medianın fəaliyyəti isə məhdudlaşdırılırdı. "Özbək modeli" kimi tanıdılan ideoloji çərçivə – yəni milli xüsusiyyətlərə uyğun inkişaf, "tədrici keçid", sosial sabitlik və dövlətin mərkəzi rolu – rejimin legitimliyini təmin etmə vasitəsi kimi çıxış edirdi (Bohr, 2004).
Rejim bu ideoloji çərçivə ilə həm keçmiş Sovet mirasından, həm də Qərb liberalizminin "təhlükəli təsirlərindən" uzaq qalmaq zərurətini əsaslandırırdı. Beləliklə, legitimlik həm avtoritar sabitlik, həm də milli suverenlik anlayışları üzərində qurulmuşdu (Turaeva, 2012).
Elita idarəçiliyi və regional-klan balansları: Kərimovun personalist hakimiyyəti eyni zamanda elita daxilində regional və klan maraqlarının balanslaşdırılması siyasəti ilə müşayiət olunurdu. Fərqanə, Səmərqənd və Daşkənd bölgələrindən olan elita qrupları arasında səlahiyyət bölgüsü və mövqe rotasiyası yolu ilə hakimiyyət daxilində sabitlik təmin edilirdi (Collins, 2006).
Bu modeldə klanlar – ailə, region və ya etnik mənsubiyyət əsasında formalaşan qeyri-formal elita şəbəkələri – siyasi qərar qəbulunda mühüm rol oynayırdılar. Kərimov özü Səmərqənd klanına yaxın hesab olunsa da, digər regional qruplarla münasibətləri balanslaşdırmağa çalışaraq öz hakimiyyətini uzun müddət qoruyub saxladı. Bu, personalist avtoritarizmin elita idarəçiliyi ilə uzlaşan forması idi (Radnitz, 2010).
Nəticə etibarı ilə İslam Kərimov dövrü Özbəkistanda personalist avtoritarizmin klassik nümunəsini təşkil edir. Bu dövrdə repressiv aparat vasitəsilə real və potensial müxalifət sıxışdırılır, ideoloji nəzarət və klan siyasəti ilə rejim legitimləşdirilirdi. Bu struktur və davranış formaları Kərimovdan sonrakı dövr üçün də dərin institusional miras buraxıb və sonrakı islahatlar bu çərçivə daxilində həyata keçirilib.
Xarici siyasət və beynəlxalq mühitdə avtoritar davranış
İslam Kərimov dövründə Özbəkistanın xarici siyasəti klassik postsovet avtoritarizminə xas praqmatik neytrallıq, suverenlik təəssübkeşliyi və balanslı xarici siyasət prinsiplərinə əsaslanırdı. Kərimovun xarici siyasət kursu bir tərəfdən beynəlxalq legitimlik axtarışına, digər tərəfdən isə daxili avtoritar rejimin davamlılığını təmin etməyə xidmət edirdi. O, beynəlxalq tərəfdaşlarla münasibətləri elə şəkildə tənzimləyirdi ki, xarici təzyiqlər minimuma endirilsin və daxili siyasətə müdaxilə imkanları məhdudlaşdırılsın.
"Suveren avtoritarizm" və Qərblə maraq oyunları: 1990-cı illərin sonlarında və xüsusilə 2001-ci il 11 sentyabr terrorundan sonra ABŞ və Avropa Birliyi Özbəkistanla əməkdaşlığı artırmağa çalışdı. Vaşinqtonun “terrorla mübarizə” çərçivəsində Mərkəzi Asiyada hərbi mövcudluğunu gücləndirməsi fonunda Kərimov ABŞ-a ölkədə hərbi baza (Qarşi Xonobad) yerləşdirməyə icazə verdi. Bu, rejimə beynəlxalq legitimlik və iqtisadi yardımlar qazandırdı (Cooley, 2012). Lakin 2005-ci ilin Əndican hadisələrindən sonra Qərbin tənqidlərinə cavab olaraq Kərimov ABŞ bazasını bağladı və Qərblə münasibətləri minimum səviyyəyə endirdi. Bu hadisə “avtoritar idarəetmə mərkəzli suverenliyin” açıq ifadəsi idi: daxili avtoritar siyasətə müdaxilə cəhdlərinə qarşı sərt reaksiya verildi.
Şidlerin qeyd etdiyi kimi, elektoral avtoritar rejimlər beynəlxalq müşahidə və məcburetmə qarşısında “maskalanma” və ya “dəf etmə” strategiyalarına üstünlük verirlər (Schedler, 2006). Özbəkistan nümunəsində bu strategiya ilkin dövrlərdə "maskalanma", sonrakı mərhələdə isə "müdafiəyə çəkilmə" (deflection) formasında təzahür etdi.
Rusiya və Çinlə avtoritar konsensus: Qərblə münasibətlərdəki soyuqluq fonunda Kərimov rejimi Rusiya və Çinə doğru yönəldi. Rusiya ilə həm ikitərəfli müqavilələr, həm də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı maraqlar əsasında əməkdaşlıq gücləndirildi. Bu münasibətlər siyasi dəstək və iqtisadi investisiyalarla yanaşı, avtoritar idarəçiliyin legitimləşdirilməsi baxımından da əhəmiyyətli idi (Ambrosio, 2009).
Regional geosiyasi balans və türkmən modelinə paralellik: Kərimov regional siyasətdə də balanslı və ehtiyatlı davranırdı. Qazaxıstan və Türkmənistanla əməkdaşlıqda ehtiyatlı, Tacikistan və Qırğızıstanla isə zaman-zaman gərgin münasibətlər yaşanaraq selektiv siyasət yürüdüldü. Türkmənistan kimi Özbəkistan da 1990–2000-ci illərdə özünü izolyasiyaya meylli, lakin suverenliyin güclü qorunduğu avtoritar model kimi təqdim edirdi (Kendzior, 2014).
Bu mövqe həm regional müdaxilələrə qarşı sipər rolu oynayır, həm də daxili avtoritar idarəetmənin xarici legitimlik təhdidlərindən qorunmasına xidmət edirdi. Bütün bunlar Kərimov rejiminin həm daxildə, həm də beynəlxalq sistemdə dayanıqlı avtoritarizmi qorumağa yönəlik kompleks strategiyalar yürütməsinə işarədir.
İlk mərhələ (2016–2020): Avtoritarizmin mühit dəyişikliyi
Təhlükəsizlik sektorunda dəyişikliklər: Mirziyoyev dövründə ilk və ən simvolik addımlardan biri Milli Təhlükəsizlik Xidmətinin (MXX) yenidən qurulması oldu. Kərimov dövrünün ən qorxulu orqanlarından biri olan MMX 2018-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DXX) ilə əvəzləndi və onun keçmiş rəhbəri Rüstəm İnayətov vəzifədən kənarlaşdırıldı (ICG, 2018). Bu, həm şəxsi hakimiyyət quruculuğunun başlanğıcı, həm də repressiv idarəetmədə tənzimləmə görüntüsü idi.
Lakin yeni qurumun tamamilə sivil nəzarətə verilməsi və ya hesab verici olması baş vermədi. Repressiv aparat sadəcə yenidən formatlaşdırıldı və daha çevik, modern alətlərlə təchiz olundu (Putz, 2019).
Valyuta və bank sektoru islahatları: İqtisadi sahədə ən diqqətçəkən islahatlardan biri 2017-ci ildə valyutanın liberallaşdırılması oldu. Özbək somunun rəsmi və qara bazar kursları arasında olan fərq aradan qaldırıldı, valyuta mübadiləsi sərbəstləşdi. Bank sektoru xarici sərmayəyə daha çox açıldı, kredit sistemində şəffaflıq tədbirləri gücləndirildi (World Bank, 2019).
Bu addımlar avtoritar modernləşmənin klassik əlamətidir: siyasi rejim dəyişmədən iqtisadi və texnokratik idarəetmənin gücləndirilməsi yolu ilə həm legitimlik, həm investisiya cəlbediciliyi artırılır (Laruelle, 2020).
Media məkanında nisbi açılım və tənqidə qarşı tolerantlıq: Mirziyoyev dövrünün başlanğıcında müəyyən səviyyədə media liberallaşması müşahidə olundu. Bir sıra müstəqil xəbər portalları fəaliyyətə başladı, sosial şəbəkələrdə tənqidlərə rəsmi dairələr qismən cavab verirdi. Prezidentin özü bir neçə dəfə məmurları tənqid etməyə çağırdı və ictimai nəzarəti təşviq etdiyini bildirirdi.
Lakin bu açılım çox tezliklə selektiv tolerantlıq çərçivəsində məhdudlaşdırıldı: sistemli və siyasi təməlli tənqidlərə qarşı hədə-qorxu, təqib və məhkəmə cəzaları tətbiq edildi (Human Rights Watch, 2021). Bu, elektoral avtoritarizmin maskalanaraq geri qayıdışı oldu.
İctimai rəyin öyrənilməsi və sosial siyasətdə korrektivlik: Yeni dövrdə hakimiyyətin qərarvermə prosesində ictimai rəyin öyrənilməsi mühüm rol oynamağa başladı. Sorğular, rəqəmsal müraciət portalları (məsələn, "Virtual qəbul otağı") və ictimai şikayətlər əsasında bəzi qərarlar dəyişdirildi və ya korrektə olundu. Bu, müəyyən mənada idarəetmədə reaktivlik və sosial legitimlik mexanizmlərinin yaradılmasına yönəldi (Lemon, 2019).
Bununla belə, qərarların əsas təşəbbüskarı və icraçısı hələ də prezident və onun ətrafı olaraq qalırdı, sistem institusional kollektiv qərarverməyə açıq deyildi. Yəni bu dəyişikliklər struktur yox, procedural dəyişikliklər idi.
Struktur islahatları və konstitusiya dəyişikliyi (2020–2024)
2023-cü ildə keçirilən Konstitusiya referendumu ilə prezidentlik müddəti 5 ildən 7 ilə artırıldı və seçilmədə say məhdudiyyəti sıfırlandı. Bu dəyişiklik Şavkat Mirziyoyevə üçüncü dəfə namizəd olmaq hüququ verdi və Xəzərin o tayındakı Azərbaycana bənzər "konstitusiyanın sıfırlanması" praktikasının klassik nümunəsinə çevrildi (Pannier, 2023).
Bu proses personalist avtoritarizmin təzələnməsi və "islahatçı avtoritarizm" modelinin konsolidasiyası kimi qiymətləndirilir. Rəsmi ritorikada bu, "xalqın istəyi" kimi təqdim olunsa da, real müxalif debat və alternativ kampaniya mümkün olmamışdı.
Seçki sistemində kosmetik dəyişikliklər və faktiki rəqabətsizlik
Seçki qanunvericiliyində bəzi formal dəyişikliklər edilsə də (məsələn, bələdiyyə seçkilərində qadın kvotaları, seçki prosesinin rəqəmsallaşması və s.), rəqabətli seçki mühiti yaradılmadı. Real müxalifət partiyalarının qeydiyyatı davamlı olaraq rədd edildi (Freedom House, 2024). Liberal Demokrat Partiyası və "loyal müxalifət" — Mirziyoyevin siyasi strategiyasını tam dəstəkləyirdi. Bu, müəyyən mənada Levitski və Way tərəfindən təsvir olunan hibrid rejim xüsusiyyətlərini – yəni formal plüralizm altında real avtoritar davamlılığı – bir daha nümayiş etdirdi.
Dövlət idarəetməsində texnokratlaşdırma və rəqəmsallaşma
Dövlət idarəetməsində yeni texnokratlar önə çıxmağa başladı, bürokratiyada rəqəmsal xidmətlər, elektron hökumət və açıq məlumat platformaları tətbiq olundu. Xüsusilə xidmət sektorlarında bürokratik maneələrin azaldılması və vətəndaş-məmur əlaqələrinin rəqəmsallaşdırılması prioritetə çevrildi (ADB, 2023). Lakin bu texnokratik modernləşmə avtoritar strukturun əsaslarını sarsıtmadı. Başqa sözlə, texniki modernləşmə rejimin siyasi məzmununun modernləşməsinə çevrilmədi.
QHT və müstəqil medianın fəaliyyət imkanlarının dəyişməzliyi
Mirziyoyev dövründə bəzi QHT-lərə və müstəqil mediaya qismən fəaliyyət icazəsi verilməsinə baxmayaraq, bu sahədə fundamental dəyişiklik baş vermədi. QHT-lərin qeydiyyatında inzibati əngəllər saxlanıldı, insan haqları təşkilatlarının fəaliyyəti hələ də ciddi nəzarət altında qalır (Amnesty International, 2023).
Bu vəziyyət hələ də elektoral avtoritarizmin repressiv elementlərinin qorunduğunu göstərir.
Şavkat Mirziyoyev dövründə Özbəkistanda aparılan islahatlar məhdud struktur dəyişiklikləri, texnokratik yenilənmə və repressiv avtoritarizmin adaptasiyası ilə xarakterizə olunur. Rejim hələ də avtoritar mahiyyətini qoruyur, lakin özünü daha çevik, müasir və ictimai rəy əsaslı kimi təqdim edir. Bu isə Heydemannın "avtoritar modernləşmə" modelinə tam uyğundur.
Avtoritar davamlılıq və paradokslar
Özbəkistanın 2016-cı ildən bəri keçdiyi modernləşmə cəhdləri, bir tərəfdən dövlətin idarəetmə qabiliyyətinin texniki baxımdan yüksəldiyini göstərsə də, digər tərəfdən bu prosesin avtoritar struktur və personalist mərkəzləşmə formasını qoruduğunu ortaya qoyur. Yəni ölkənin inkişaf modeli paradoksal şəkildə həm dəyişkən, həm də dəyişməz xarakter daşıyır. Bu bölmədə bu paradoksların əsas istiqamətləri və onların nəzəri izahları təqdim edilir.
Rejimin sabitlik mənbələri: şəxsləşdirmə və repressiv adaptasiya
Avtoritar rejimlərin davamlılığına dair tədqiqatlarda qeyd olunur ki, personalist rejimlər öz sabitliklərini güclü lider kultu, institusional zəiflik və repressiv aparatın çevikliyi üzərində qururlar (Svolik, 2012). Mirziyoyev əvvəlki liderdən fərqli olaraq daha çevik üslub sərgiləsə də, siyasi sistemin mərkəzləşmiş və liderə bağlı olması davam edir.
Eyni zamanda, repressiv aparat da sadəcə transformasiya olunub – yəni "sərt repressiya"dan "selektiv və önləyici nəzarət" rejiminə keçilib (Lemon, 2019). Bu hal repressiyanın sistem üçün daha effektli və az xərcli mexanizm kimi istifadə olunduğunu göstərir.
Modernləşmə ilə avtoritar sabitliyin ziddiyyəti
Heydemann tərəfindən irəli sürülən avtoritar modernləşmə konsepsiyası göstərir ki, iqtisadi və inzibati modernləşmə siyasi liberalizasiya ilə paralel getməyə bilir. Özbəkistanda da texnokratik islahatlar (rəqəmsallaşma, valyuta liberallaşması, texnoparklar və xidmətlərdə çeviklik) tətbiq edilsə də, bu islahatlar siyasi inklüzivlik və hüquqi dövlət komponentlərindən məhrumdur.
Bu ziddiyyətin izahedici xüsusiyyəti isə rejim transformasiyası əvəzinə rejim möhkəmləndirilməsidir. Yəni modernləşmə rejimi dəyişmək üçün deyil, onun daha davamlılığı və beynəlxalq səviyyədə qəbuledilənliyi üçün istifadə olunur (Burnell & Schlumberger, 2010).
Elita sabitliyi və klan-regional tənzimləmə
İslam Kərimov dövründəki regional-klan balansları Şavkat Mirziyoyev dövründə yeni formada saxlanılıb. Mirziyoyev öz ətrafında yeni elit qruplar formalaşdırsa da, bu dəyişiklik struktur deyil, şəxsiyyətə bağlı xarakter daşıyır. Yəni əvvəlki elitar qruplar sadəcə çevik şəkildə dəyişdirilib və sistem daxilində saxlanılıb (Eshonkulov, 2021).
Ailəvi konsolidasiyanın yeni mərhələsi: Saida Mirziyoyevanın təyinatı
2025-ci ildə prezidentin qızı Saida Mirziyoyevanın Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunması Özbəkistan avtoritarizminin son mərhələsində müşahidə olunan yeni bir institusional transformasiya nöqtəsi kimi çıxış edir. Bu hadisə avtoritar modernləşmə ilə ailəvi-siyasi konsolidasiyanın paralel inkişaf etdiyini göstərir və rejimin gələcəkdə ailə əsaslı siyasi davamlılığa keçid ehtimalını gücləndirir.
Formal islahat ritorikasının davam etdiyi bir dövrdə belə bir təyinatın həyata keçirilməsi, Heydemannın irəli sürdüyü “avtoritar modernləşmə”nin artıq təkcə texnokratik və inzibati səviyyə ilə məhdudlaşmadığını, həm də rejimin legitimliyini və sabitliyini ailə və klan içi təyinatlar vasitəsilə strukturlaşdırmağa başladığını göstərir. Bu, həm də Özbəkistanın post-Kərimov dövründə personalist avtoritarizmin yenidən ailəvi personalizm formasında bərpa olunmağa başladığını göstərir.
Saida Mirziyoyevanın bu vəzifəyə gətirilməsi, elmi ədəbiyyatda "sülalələşmə" (dynastic succession) adlandırılan tendensiyanın ilkin mərhələsi kimi şərh oluna bilər. Barbara Geddesin vurğuladığı kimi, personalist rejimlərin uzunömürlü olması üçün tez-tez ailə üzvləri vasitəsilə nəzarətin saxlanılması strategiyasına üstünlük verilir (Geddes, 2003b). Özbəkistan kontekstində bu təyinat siyasi varislik strukturunun qurulması kimi dəyərləndirilə bilər.
Bu hadisə həm də formal islahatlarla qeyri-formal ailəvi hakimiyyət arasında artan dualizmi üzə çıxarır. Beləliklə, Saida Mirziyoyevanın təyinatı, avtoritar modernləşmənin məhdud institusional transformasiyadan daha çox ailəvi siyasi adaptasiyaya yönəldiyini göstərən vacib empirik nümunə kimi çıxış edir.
Beynəlxalq kontekst və avtoritar öyrənmə
Mirziyoyev rejimi həm Qərb, həm də Rusiya və Çin kimi oyunçularla balanslı münasibət qurmağa çalışır. Beynəlxalq arenada islahatçı imic yaratmaq üçün müəyyən rəmzi addımlar atılsa da, bu addımlar daxili siyasi inhisarın zəiflədilməsi ilə nəticələnmir.
Belə davranış avtoritar öyrənmə prosesinə uyğun gəlir: rejimlər bir-birlərinin təcrübəsindən öyrənərək islahatların konturları daxilində sabitliyi möhkəmləndirməyi bacarırlar (Way, 2015). Özbəkistan da Azərbaycan və ya Rusiya kimi ölkələrin keçmiş təcrübəsindən istifadə edərək, kosmetik islahatlarla avtoritar sabitliyi birləşdirməyə nail olub.
Ümumiləşdirmiş olsaq, Özbəkistanda avtoritarizmin transformasiyası daha çox formada dəyişiklik, mahiyyətdə isə sabitlik xüsusiyyəti daşıyır. Modernləşmə və texnokratik dəyişikliklər siyasi liberallaşma ilə paralel getmir, əksinə, rejimə yeni nəfəs verir. Bu isə siyasi dəyişikliklərin dərin institusional islahatlar olmadan mümkünsüz olduğunu göstərir.
Bu kontekstdə Özbəkistan elektoral və personalist avtoritarizmin–sülalə avtoritarizminin simbiozu kimi qavranıla bilər: bir tərəfdən sistem selektiv vasitəsilə özünü yeniləyir, digər tərəfdən siyasi inhisarı qorumaq üçün qeyri-formal mexanizmləri daha da dərinləşdirir.
Nəticə
Özbəkistanda avtoritarizmin təkamülü iki əsas mərhələdə baş verib. Birinci mərhələ, 1991–2016-cı illəri əhatə edən İslam Kərimov dövründə repressiv personalist rejimin formalaşması ilə xarakterizə olunur. Bu dövrdə dövlətin nəzarət mexanizmləri sərt repressiv üsullarla həyata keçirilirdi. İkinci mərhələ isə Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə başlayaraq, institusional nəzarətin gücləndirilməsi və texnokratik modernləşmə cəhdlərinin intensivləşməsi ilə müşahidə olunur. Mirziyoyev dövründə aparılan islahatlar, dövlət idarəetməsində texnologiyaların tətbiqi və bəzi sosial-siyasi sahələrdə nisbi açılımlar rejimin adaptasiya qabiliyyətini artırıb.
Lakin tədqiqatın nəticələri göstərir ki, bu modernləşmə islahatları fundamental siyasi transformasiya, yəni demokratik keçid üçün zəruri olan əsas dəyişiklikləri həyata keçirməyib. Rejim formal institutları saxlamaqla yanaşı, siyasi inhisarı qorumaqda davam edir və seçki prosesləri, media azadlığı, elita strukturu kimi sahələrdə sərt məhdudiyyətlər qalmaqdadır.
Özbəkistan nümunəsi Mərkəzi Asiya regionundakı avtoritar rejimlərin dayanıqlılığı və transformasiya potensialının təhlili baxımından tədqiqata mühüm töhfə verir. Bu ölkə avtoritar rejimlərinin necə adaptasiya olduğunu, formal demokratik elementlərin və texnokratik islahatların avtoritar sabitliyi gücləndirmək üçün necə istifadə edildiyini göstərən əhəmiyyətli bir model kimi çıxış edir.
İstinadlar:
- Lewis, D. (2008). "The Dynamics of Regime Change: Domestic and International Factors in the Rise and Fall of Authoritarianism." Europe-Asia Studies, 60(9), 1557–1575.
- Matveeva, A. (2009). "Legitimising Central Asian Authoritarianism: Political Manipulation and Symbolic Power." Europe-Asia Studies, 61(7), 1095–1121.
- Anceschi, L. (2020). Analysing Power in Post-Soviet Central Asia: A Conceptual Framework. Routledge.
- Levitsky, S., & Way, L. (2010). Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War. Cambridge University Press.
- Schedler, A. (2006). Electoral Authoritarianism: The Dynamics of Unfree Competition. Lynne Rienner Publishers.
- Heydemann, S. (2007). "Upgrading Authoritarianism in the Arab World." Brookings Institution.
- Cooley, A. (2012). Great Games, Local Rules: The New Great Power Contest in Central Asia. Oxford University Press.
- Geddes, B. (2003a). Paradigms and Sand Castles: Theory Building and Research Design in Comparative Politics. University of Michigan Press.
- Frantz, E. (2014). Autocratic Breakdown and Regime Transitions: A New Data Set. Perspectives on Politics, 12(2), 313–331.
- Brownlee, J. (2007). Authoritarianism in an Age of Democratization. Cambridge: Cambridge University Press.
- Schedler, A. (2013). The Politics of Uncertainty: Sustaining and Subverting Electoral Authoritarianism. Oxford University Press.
- Levitsky, S., & Way, L. A. (2010). Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge University Press.
- Heydemann, S. (2007). Upgrading Authoritarianism in the Arab World. Brookings Institution.
- Spechler, M. C., & Spechler, D. R. (2020). Uzbekistan: The New Face of Authoritarian Modernization. Communist and Post-Communist Studies, 53(4), 100–113.
- McGlinchey, E. (2021). Mirziyoyev’s Uzbekistan: Democratization or Authoritarian Modernization? PONARS Eurasia Policy Memo, No. 662.
- OSCE/ODIHR. (2000; 2015). Election Observation Reports: Uzbekistan Presidential Elections.
- Olcott, M. B. (2005). Central Asia’s Second Chance. Carnegie Endowment.
- Fumagalli, M. (2007). Informal Politics in Uzbekistan: Clan, Region and Regime. International Journal of Middle East Studies, 39(2), 271–293.
- Human Rights Watch. (2004). Creating Enemies of the State: Religious Persecution in Uzbekistan. HRW Reports.
- International Crisis Group. (2005). The Andijan Uprising: What Happened and What It Means. Asia Briefing No. 38.
- Bohr, A. (2004). Uzbekistan: Politics and Foreign Policy. Royal Institute of International Affairs.
- Collins, K. (2006). Clan Politics and Regime Transition in Central Asia. Cambridge University Press.
- Radnitz, S. (2010). Weapons of the Wealthy: Predatory Regimes and Elite-Led Protests in Central Asia. Cornell University Press.
- Cooley, A. (2012). Great Games, Local Rules: The New Great Power Contest in Central Asia. Oxford University Press
- Schedler, A. (2006). Electoral Authoritarianism: The Dynamics of Unfree Competition. Lynne Rienner.
- Ambrosio, T. (2009). Authoritarian Backlash: Russian Resistance to Democratization in the Former Soviet Union. Ashgate Publishing.
- Kendzior, S. (2014). The Uzbek Paradox: Authoritarianism and Economic Liberalism in Post-Soviet Central Asia. Global Affairs Journal.
- ICG. (2018). Uzbekistan: Reform or Repeat? International Crisis Group Report No.
- Putz, C. (2019). “Security Services in Uzbekistan: Continuity and Change”. The Diplomat.
- World Bank, 2019. https://www.worldbank.org/en/country/uzbekistan
- Laruelle, M. (2020). The Return of the “Uzbek Model”? Authoritarian Resilience in Central Asia. PONARS Eurasia Memo.
- Human Rights Watch. (2021). Uzbekistan: Media Under Pressure.
- Lemon, E. (2019). Authoritarian Innovations in Central Asia. Central Asian Affairs, 6(1), 1–25.
- Pannier, B. (2023). “Uzbekistan’s New Constitution: Old Tricks in New Packaging”. RFE/RL.
- Freedom House. (2024). Nations in Transit: Uzbekistan.
- 250.ADB. (2023). Digital Governance in Central Asia. Asian Development Bank.
- Amnesty International. (2023). Uzbekistan 2023 Human Rights Review.
- Geddes, B. (2003). Paradigms and Sand Castles: Theory Building and Research Design in Comparative Politics. University of Michigan Press.
- Svolik, M. (2012). The Politics of Authoritarian Rule. Cambridge University Press.
- Burnell, P., & Schlumberger, O. (2010). Promoting Democracy – Promoting Autocracy? International Politics and National Political Regimes. Contemporary Politics, 16(1), 1–15.
- Eshonkulov, B. (2021). Elite Realignments and Informal Networks in Post-Karimov Uzbekistan. Central Asian Survey, 40(3), 410–429.
- Geddes, B. (2003b). Paradigms and Sand Castles: Theory Building and Research
43. Way, L. A. (2015). The Limits of Autocracy Promotion: The Case of Russia in the ‘Near Abroad’. European Journal of Political Research, 54(4), 691–706.