16 iyn 2025

Narrativin Arxasınca: İran-İsrail Eskalasiyasında Azərbaycan Nə Qərar Verəcək?

Narrativin Arxasınca: İran-İsrail Eskalasiyasında Azərbaycan Nə Qərar Verəcək?

Onilliklər boyunca davam edən ideoloji antaqonistik münasibətlər iyunun 13-dən etibarən qızğın fazaya keçib. Söhbət İran ilə İsrail arasındakı son qarşıdurmadan gedir. İsrailin İranın nüvə proqramının “yarada biləcəyi potensial təhlükələri vaxtında qabaqlamaq” adı ilə başlatdığı və Netanyahunun hücumla əlaqədar nitqindəki adlandırmasından sonra Qərb mətbuatında “Yüksələn aslan” adı ilə tanınan birtərəfli hücumunun nəticəsində iki rəqib ölkə arasında gərgin hərbi qarşıdurma müşahidə olunmaqdadır. Əməliyyat ivrit dilində “Mitva Am ke-Lavi” (“Aslan kimi xalqın hakimiyyəti”) adlanır, bu adlandırma Tanaxın 4-cü kitabından götürülüb: “Bu xalq aslan kimi qalxır, aslan kimi öz pəncəsi üstdə durur. Öz şikarını yeməyincə, öldürülənlərin qanını içməyincə rahatlaşan deyil” (Miri 2025). Saadya Gaonun “Təfsirut-Təurat bil-Arabiyyə” kitabında bu cümlələr belə təfsir olunur: Aslanın “şikarını yeməsi” İsrail düşmənlərinin məhvi, “qanını içməsi” isə var-dövlətlərini ələ keçirməsinin rəmzidir (Miri 2025). 

Qarşıdurmada dronların, uzaq mənzilli raketlərin və İranın iddiasına əsasən, yeni nəsil hərbi təyyarələrin istifadəsi qeydə alınıb. Qarşıdurma hər iki tərəfdə dağıntılara səbəb olub, İsrailin Hörmüz boğazını hədəfə alması isə dünya iqtisadiyyatını təhlükə altına qoyur. 

Ölkələr arasında hədə mübadiləsinin davam etməsi hərbi qarşıdurmanın uzanmasını və yaxud çoxvektorlu müharibəyə çevrilməsini tətikləyə bilər. Amma digər tərəfdən, bir neçə cəbhədə hərbi əməliyyatlar aparan İsrailin İranla yeni müharibəyə başlamağa nə dərəcədə istəkli olması, eləcə də son dönəmlərdə Avropa Birliyinin vasitəçiliyi ilə ABŞ-la aparılan nüvə danışıqlarında yaşanan staqnasiyanın əhəmiyyətli təsiri ilə devalvasiya və inflyasiya yaşayan İranın sözügedən müharibəyə nə dərəcədə hazırlıqlı olması mübahisələndirilə bilər. 

Tərəflər arasında yaşanan münaqişənin Azərbaycana təsirləri qaçılmazdır. Əgər qeyd etdiyimiz səbəblərə görə tərəflər deeskalasiyaya getməyə razılaşarlarsa, Azərbaycan üçün vəziyyət bir qədər yumşala bilər. Əks halda, yəni eskalasiya şiddətlənərsə, Azərbaycanı qaçqın axını da daxil olmaqla ciddi sınaqlar gözləyir…

KharCenter-in təqdim etdiyi bu analizdə İsrail-İran eskalasiyasının uzanacağı və şiddətlənəcəyi halda hazırkı narrativlər fonunda Azərbaycanın yeni geosiyasi reallıqlara hazırlığı təhlil edilir.  

Azərbaycanın İranla ikitərəfli münasibətlərinə qısa baxış 

SSRİ-nin dağılması və digər ittifaq respublikaları ilə birlikdə Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan Azərbaycan-İran əlaqələri müxtəlif dövrlərdə fərqli dinamikalardan keçib. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri nəticəsində iki coğrafiyanın siyasi-iqtisadi arealları çox əvvəldən biri-birindən ayrılsa da, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ortaq keçmiş, mədəniyyət və kimlik oxşarlıqları və etnik bağlar zamanımızda da aktualdır.  İran İslam Respublikasının şimalında yerləşən iki ostan (əyalət) “Azərbaycan” adını daşımaqdadır: inzibati mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan və inzibati mərkəzi Urmu (Urmiya) şəhəri olan Qərbi Azərbaycan. İran millətçilərinə görə, Azərbaycan sırf Araz çayından cənubda yerləşən İran ərazisinin adıdır (İRAM Center 2023). Arazın şimalı (Azərbaycan Respublikasının suverenliyi altında olan ərazilər) isə tarixən Arran və Şirvan adlanan ərazilərdir (İRAM Center 2023). Azərbaycan tarixşünaslığı isə, 1501-1925-ci illər ərzində hakimiyyətdə olmuş Səfəvi və Qacar sülalələrinin türk mənşəli olmasına vurğu edir. Çatışan narrativlərə rəğmən, hər iki tərəfdə Azərbaycan və İranın uzun dövr vahid siyasi-iqtisadi münasibətlər sistemində yer alması danılmır. 

Bundan əlavə iki ölkənin konfessional eyniliklərini qeyd etmək zəruri olardı. İran rəsmi olaraq şiə dövlətidir və klerikal üsuli-idarəyə əsaslanmaqla seçkili şəkildə idarə olunur. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən isə Azərbaycan Respublikası əhalisinin 96 faizi müsəlmandır və onların 70 faizi isə şiə məzhəbinə etiqad edir (Report.az 2016). 

İki ölkə arasındakı etnik eyniliklər də münasibətlərə təsir göstərən faktorlar sırasındadır. İranda yaşayan türklərin dəqiq sayını təsdiq edəcək rəsmi statistik mənbə olmasa da, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi 2011-ci ildə Türkiyəyə səfəri zamanı İranda türk dilində danışan şəxslərin sayının ölkə əhalisinin 40 faizini təşkil etdiyini bildirmişdi (Jabbarli et al. 2023). İranda yaşayan Azərbaycan türklərindən əlavə, qaşqaylar və türkmənləri də nəzərə alaraq, bu göstəricinin daha yüksək olduğunu bildirənlər var (Jabbarli et al. 2023). Azərbaycanda isə Dövlət Statistika Komitəsinin 2009-cu il siyahıyaalınmasından götürülmüş statistikasına əsasən, azərbaycanlı etnik kimliyinə  (İranda “türk” adlanan etnik qrupla eynilik təşkil edir, Azərbaycan türkü də adlana bilər) aid olan şəxslər əhalinin 91,6 faizini təşkil edir (State Statistical Committee of the Republic of Azerbaijan 2015). 

Ortaq dini-mədəni irs və etnik bağlara baxmayaraq - bəzən də məhz buna görə, - iki ölkə arasında münasibətlər müxtəlif fazalarda inkişaf edib. 2012-ci ildə İranın IRNA xəbər agentliyinə müsahibəsində, o dövrdə xarici işlər nazirinin müavini, hazırda isə xarici işlər naziri olan Seyid Abbas Ərəqçi İran-Azərbaycan əlaqələrini “enişli-yoxuşlu” təsvir edir; müsahibə boyunca müsbət danışıq tonuna üstünlük versə də, “sionist rejimin”in bu əlaqələrə xələl gətirmək istədiyini xüsusi vurğulayır (IRNA 2012). 

Xüsusən Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində prezidentin “Güney Azərbaycan” ritorikası tərəflər arasında gərginliyə səbəb olmuşdu. İranın Gəncə şəhərində başlayan silahlı qiyamı dəstəkləməsi və həmin dönəmdə Azərbaycandakı İran səfiri Əli Əfsər Nəhavəndianın Gəncədə qiyamçıların lideri Surət Hüseynovla görüşüb ona Quran hədiyyə etməsi kimi simvolik jesti diqqətə alınmalıdır (Cəfərli 2022). Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətləri dönəmində isə - II Qarabağ müharibəsinə qədər, - “Güney Azərbaycan” ritorikasının əhəmiyyətli dərəcədə qısıtlanması tərəflər arasında münasibətləri qismən stabilləşdirsə də, Azərbaycanın İsraillə əlaqələrinin yüksələn xətt üzrə inkişafı İranın Qafqaz siyasətinin əhəmiyyətli faktoruna çevrilirdi. Bundan əlavə, müxtəlif dövrlərdə Araz-Alov-Şərq yataqları üzərində mübahisə, dövlət qeydiyyatı ləğv olunmuş Azərbaycan İslam Partiyası, həmçinin, daha sonra, Müsəlman Birliyi Hərəkatı fəallarının həbsi kimi hadisələr İran-Azərbaycan əlaqələrində kataklizmlər üçün qığılcıma çevrilirdi (Cəfərli 2022). 

2020-ci ildə baş vermiş 44 günlük müharibə, yaxud II Qarabağ müharibəsindən sonra isə “Güney Azərbaycan” diskursu müvəqqəti də olsa, Azərbaycanın xarici siyasət ritorikasına qayıdış etdi. Bunun səbəbinin reaktiv olması və Bakının iddiasına əsasən, İran silahlı qüvvələrinin müharibə zamanı Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinə daxil olaraq Zəngilan şəhəri istiqamətində irəliləyən Azərbaycan qüvvələrinin qarşısını bir neçə sutka alması ilə başladığı deyilə bilər. Azərbaycanın hökümət yönümlü Caliber.Az hərbi-analitik media portalı, 2021-ci ildə hadisə ilə bağlı videoçarx hazırlayaraq, İranı “xəyanətdə” ittiham etmişdi (CaliberAz 2021). Bir il sonra hazırlanmış digər videoçarxda isə Azərbaycanın öz nəzarəti altında Zəngəzur korridorunu yaratmaqla “Turan/NATO yolunu” açması və İranla Ermənistanın quru yolunu kəsmək istəyində olması haqda Tehranın iddiasına qarşı açıq mesaj verildi: “Artıq Güney Azərbaycanın İranın tərkibindən çıxmasının vaxtı yetişib” (CaliberAz 2022). 

Göründüyü kimi, post-müharibə dövründə Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət Azərbaycanla İran arasındakı münasibətləri gərginləşdirmiş, Azərbaycanın reaktiv olaraq, yenidən “Güney Azərbaycan” diskursundan istifadə etməsinə yol açmışdı. 2020-2024-cü illər ərzində baş vermiş bir neçə hadisə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxardı. 2021-ci ildə İranın ardıcıl şəkildə Azərbaycanı “sionist rejim”lə sıx əlaqələr saxlamaqda ittiham etməsi, 1990-cı illərdən bəri ilk dəfə Araz sahillərində hərbi təlimlər keçməsi, Azərbaycanın cavab olaraq Türkiyə ilə birgə hərbi təlimləri, 2023-cü ildə Tehranda Azərbaycan səfirliyinə edilmiş hücum bu münasibətlərə təsir edən açar hadisələr hesab oluna bilər. 

2024-cü ilin aprel-may aylarından etibarən münasibətlərdə gərginlik yumşalmağa istiqamət aldı və Azərbaycan hakimiyyətinin  “Güney Azərbaycan” ritorikası da paralel olaraq səngiyirdi. 

Bundan sonrakı dövrdə İran prezidenti İbrahim Rəisinin digər yüksək rütbəli rəsmilərlə birlikdə Azərbaycandan qayıdarkən müəmmalı helikopter qəzasında həlak olması, Bakıda ravvin Şneor Seqala qarşı sui-qəsd cəhdinin qarşısının alınması kimi ciddi hadisələr baş versə də, onlar ilıqlaşan Azərbaycan-İran münasibətlərinə geniş mənada təsirsiz ötüşdü. 

İranın hazırkı prezidenti Məsud Pezeşkianın son Bakı səfəri, tərəflər arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumları və Birgə Bəyanat tərəflərin yaxşı münasibətləri qorumaq istəklərini ortaya qoydu. 

Ancaq həmişə sən narrativi idarə etmirsən, vaxt gəlir, narrativ səni idarə etməyə başlayır…

Azərbaycanın İsraillə ikitərəfli münasibətlərinə qısa baxış 

İranla münasibətlərdən fərqli olaraq, Azərbaycanın İsrail ilə münasibətləri mədəni səciyyə daşımır, rasional siyasi və iqtisadi maraqlar üzərində qurulmuşdur. Bu münasibətlər, demək olar ki, heç vaxt reqressiya yaşamamış, daim yüksələn xətt üzrə irəliləyib. 

Bu baxımdan ABŞ diplomatlarının Azərbaycan-İsrail münasibətlərinin qısa xarakteristikasını təsvir etdikləri və 2009-cu ildə “Vikiliks”in mətbuata sızdırdığı  sənəd diqqətəlayiqdir. Sənəddə həm Azərbaycanın, həm də İsrailin İranı ekzistensial təhdid kimi gördüyü qeyd olunur (U.S. Department of State 2009). Burada iki dövlət arasında münasibətlər İlham Əliyevin dilindən də təsvir edilir. Əliyevin təbirincə, Azərbaycan-İsrail münasibətləri “aysberqə” bənzəyir və onun 9/10 hissəsi görünməzdir (U.S. Department of State 2009). 

Yenə də həmin sənəddə, İsrailin Azərbaycanın Fələstin və Livan məsələsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda səsvermə mövqeyini anlayışla qarşıladığı və Azərbaycanın İranı qıcıqlandırmamaq siyasətini başa düşdüyü bildirilir  (U.S. Department of State 2009). Sənəd zaman etibarilə köhnə olsa da, eyni davranışın daha sonra da davam etdiyini müşahidə edə bilərik. 

Artıq 1990-cı illərdən başlayaraq, Azərbaycan İsrailin enerji istehlakında mühüm rol oynamağa başlayıb. 1990-cı illərdə və 2000-lərdə Azərbaycan enerjisi İsrail üçün həyati əhəmiyyət daşıyıb və 2000-2004-cü illərdə baş vermiş ikinci İntifada zamanı Azərbaycan İsrailin əsas müsəlman əməkdaşı kimi mövqeyini qoruyub  (Begin–Sadat Center for Strategic Studies 2025). “İsrael Hayom”un 2019-cu ilə aid məlumatlarında Azərbaycanın İsrailin 60 % civarında benzin ehtiyacını ödədiyi qeyd olunur  (Begin–Sadat Center for Strategic Studies 2025). “Atlantic Council”in 2025-ci ildə yayımladığı məqalədə Azərbaycanın İsrailin 55 % neft ehtiyacını qarşıladığı bildirilir (Epstein 2025). “Ynet” qeyd edir ki, 2024-cü ilin sonlarında, İsrail Qəzza zolağında hərbi əməliyyatlara başladığında Azərbaycan İsrailə neft ixracını 55 %-ə qaldıraraq neftlə fasiləsiz təmin edib (Begin–Sadat Center for Strategic Studies 2025). 

İsraili isə Azərbaycanın silah ehtiyacını ödəyən əsas ölkə kimi qeyd edə bilərik. 2010-cu illərdə Azərbaycanın silah idxalının 60-69 faizini İsrail təmin etmişdir  (Begin–Sadat Center for Strategic Studies 2025). Burada söhbət sadəcə silah idxalından deyil, strateji əhəmiyyətli silah idxalından gedir ki, onların taleyüklü olması II Qarabağ müharibəsində özünü göstərdi. ABŞ diplomatlarının qeydlərinə əsasən, Ermənistanla hərbi-siyasi balans pozulmasın deyə kollektiv Qərb Azərbaycana strateji əhəmiyyətli silahlar satmırdı, Belarus və Ukraynadan alınan silahlar isə Azərbaycanın gözləntilərini qarşılamırdı (U.S. Department of State 2009). Bu xüsusda, İsrail Azərbaycan üçün taleyüklü rol oynadı, belə ki, o, Azərbaycanla silah ticarətində belə məhdudiyyətlər tətbiq etmirdi (U.S. Department of State 2009). 

Azərbaycanın İsraildə uzun müddət səfirliyi olmasa da, səfirlik səviyyəsində diplomatik missiya 2023-cü ilin martında fəaliyyətə başlayıb (APA 2023). 2024-cü ilin sentyabrında isə iki ölkə arasında özəl sektorun iştirakı ilə hərbi sənaye sahəsində əməkdaşlıq memorandumu imzalanıb  (Epstein 2025). 

Azərbaycan ABŞ-dakı lobbiçilik işində yəhudi lobbisi ilə sıx əməkdaşlıq aparır. 2002–ci ildə Azərbaycana yardım qadağasının aradan qaldırılmasında da yəhudi lobbisi həlledici rol oynamışdı  (Epstein 2025). 

2024-cü ilin dekabrında ABŞ-da İsrailin maraqlarını güclü şəkildə müdafiə edən ən böyük lobbi təşkilatı olan AIPAC (Amerika–İsrail İctimai Əlaqələr Komitəsi) nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək ona belə demişdilər: “İsrailə verdiyiniz dəstəyin əvəzi veriləcəkdir.” (Epstein 2025). 

İranda fors-major baş verərsə…
Bu analiz yazısı İranda son eskalasiyanın uzanması ilə baş verə biləcək fors-major halın hər iki ölkəyə demoqrafik təsirlərini nəzərdən keçirir. Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, əgər tərəflər deeskalasiyaya getməyi seçərlərsə, o zaman Azərbaycanın işi xeyli yüngülləşəcək. Əgər eskalasiya davam edərsə, mümkün qaçqın axını ilə birgə xeyli çağırışlar ortaya çıxa bilər. 

Münaqişənin son fazasını başladığı andan, Azərbaycan status-kvonun tərəfində olduğunu dərhal büruzə verdi. Elə eskalsiyanın baş verdiyi gün Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı formal, status-kvoya çağırış edən bəyanatla çıxış etdi: 

 “Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.” (Ministry of Foreign Affairs of the Republic of Azerbaijan 2025)

Artıq bir gün sonra, “sionist rejimlə əməkdaşlıq” diskursunun İran siyasətçiləri, xüsusən də onların mühafizəkar kəsimi tərəfindən işlənə biləcəyi ehtimalına qarşı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Ərəqçiyə telefon zəngi edərək, Azərbaycanın öz fəzasından İrana hücum üçün istifadəsinə icazə verməyəcəyini bildirdi (Iranian Islamic Republic News Agency [IRNA] 2025). Hipotetik olaraq, bu həm də o mənaya gəlir ki, İsraillə əməkdaşlığına baxmayaraq Azərbaycan qətiyyən İrana qarşı mövqe tutmaq istəmir. Digər tərəfdən, uzanan hərbi münaqişə vəziyyətində Azərbaycanın İsrailin neft idxalının 55 %-ini təmin etməsi İranın Azərbaycana qarşı ittiham maşınını işə salması ilə nəticələnə bilər. Nəzərə alsaq ki, paytaxt Tehran da daxil olmaqla İranın əsas strateji məntəqələri hədəf altındadır, bu ittihamların hansı nəticələr doğuracağı, Azərbaycanın İsrailə neft ixracını dayandırmaq üçün İranın nə edə biləcəyi müəmmadır. 

Həqiqətən də, münaqişənin böyüməsi və mediada gündəmə çevrilməsi Azərbaycan hakimiyyətinin üzərinə “lazım olmayacaq dərəcədə” diqqət çəkər, onu baş verən Qəzza soyqırımı fonunda İsraillə əməkdaşlığını müzakirəyə çıxara bilər. İllərlə İran tərəfindən yayılmış Azərbaycanın “sionist rejim”lə əməkdaşlığını ehtiva edən bəyənatların təsirini elə ilk saatlarda İran sosial media məkanında hiss etmək olurdu. 

Bundan əlavə, sosial mediada Bakının son hücumda İsrailə yardım etmək üçün İranın daxilində “etnik azərbaycanlı casuslardan” istifadə etdiyi ilə bağlı səslənən iddialar da Azərbaycan tərəfini rəsmi reaksiya verməyə məcbur etdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün X hesabında məsələyə münasibət bildirərək, səslənən fikirləri “əsassız” və “uydurma” adlandırdı (Hajiyev 2025).

Bu və digər hallar hazırki vəziyyətdə Azərbaycanın ictimai diskursa necə həssas yanaşdığını bir daha göstərdi.

Müharibənin özü ilə çoxlu niyyətli və niyyətsiz informasiya gətirdiyini və kütləvi emosional reaksiyalar doğurduğunu nəzərə alsaq, hərbi toqquşmanın uzanacağı təqdirdə Azərbaycanın Qəzza qətliamı fonunda İsraillə əməkdaşlığı, İsrailə neft ixrac edən ölkə olması geniş müzakirələrə səbəb ola bilər. Bu narrativin hansı nəticələr doğura biləcəyi isə mübhəmdir.  

Qeyd etməyə dəyər ki, eskalasiyadan iki gün sonra, qeyri-iş günündə İlham Əliyev Fələstinin Azərbaycana təyin olunmuş yeni səfirinin etimadnaməsini qəbul etdi və “Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi" və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini” bildirdi (Oxu.az 2025). 

Bu narrativdən əlavə, Azərbaycanın yaxın zamanlarda “Güney Azərbaycan” narrativindən geniş istifadə etməsi də gündəm ola bilər. Əliyevin post-müharibə dövründə İranla yaşanan gərginlik fonunda situativ olaraq bu diskursdan istifadəsi indi onu ciddi sınaq qarşısına çıxara bilər. 

Rəsmi Bakı yardıma ehtiyacı olan soydaşlarını Azərbaycana buraxmayacaqmı? 

Əgər İran-İsrail münaqişəsi “tükətmə müharibəsinə” çevrilərsə, (“war of attrition”)  və dağıdıcılığı yüksək həddə olarsa, İrandan uzunvədəli həm təhlükəsizlik, həm də iqtisadi səbəblərlə  emiqrasiyanın başlama ehtimalı var. Belə ki, hərbi toqquşmanın başlamasından sayılı günlər keçsə də, İran rialı artıq daxili bazarda digər valyutalar qarşısında 10% dəyər itirib (Bonbast 2025). Qeyd etmək lazımdır ki, onsuz da İran iqtisadiyyatı çətin vəziyyətdə idi, belə ki, son üç ildə rialın devalvasiya dərəcəsi 200 faizə çatıb və ölkə hiperinflyasiya yaşamaqdadır (Bonbast 2025). Güman ki, İsrailin də strateji  hədəfi İran iqtisadiyyatını çökdürməkdir.  

Belə olan təqdirdə, burada, beynəlxalq hüquqla yaranan “non-refoulment” (“geri qaytarılmama”) prinsipi ilə yanaşı həm də Azərbaycanın öz soydaşları qarşısında mənəvi öhdəliyi yaranır.

Nəticə

َAzərbaycan İsrail-İran qarşıdurmasının nəticələrini ilk hiss edəcək ölkələrdən biridir. Təbii ki, belə bir çatışma özü ilə həm bütövlükdə Orta Şərq regionu, həm də ayrılıqda Azərbaycan üçün çoxvektorlu nəticələrə səbəb ola bilər. Ümumən, Azərbaycanın sözügedən münaqişəyə münasibəti status-kvoçu mövqedədir. 

İranda baş verən fors-major Azərbaycanı potensial  immiqrasiyanı qarşılamaq üçün maddi-texniki bazanın vəziyyəti, sərhəd keçid məntəqələrinin və gömrük xidmətinin hazırlığı, sosial inteqrasiya və rifah siyasəti, iqtisadiyyatı və sosial münaqişələri qeyri-zorakı transformasiya etmək qabiliyyəti baxımından sınaqla üz-üzə qoya bilər. 

Fors-major halında Azərbaycan höküməti mövcud, xüsusən miqrasiya çağırışları qarşısında izolyasiya yolunu seçə bilər; görünən də odur ki, belə edir və buna həm təhlükəsizlik, həm də iqtisadi prizmadan izahatlar vermək olar.  Lakin, bunu yəqin bilmək lazımdır ki, bu cür olduğu təqdirdə, Azərbaycanın hekayə quruculuğunda bir uyğunsuzluq yarana bilər. Belə çıxacaq ki, “Güney Azərbaycan” hökümətin işinə gələndə prioritet, gəlməyəndə “hədə”dir. Bir müdrik Azərbaycan deyimində deyildiyi kimi: “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı.” 

Digər tərəfdən isə, İranın “Sionist rejimlə əməkdaşlıq” diskursundan Azərbaycana qarşı intensiv istifadəsi gözlənilə bilər. Aəzrbaycan İsrailin neft ehtiyacının 55%-i fasiləsiz şəkildə ödəməkdədir; bu, o deməkdir ki, İrana qarşı döyüşlərin aparılmasında Azərbaycan neftinin strateji əhəmiyyəti var və çətin ki, bu faktor kritik müdaxilə görən dövlətin nəzərindən qaça…


İstinadlar

APA. 2023. “Azərbaycanın İsraildə səfirliyi açıldı.” APA TV, March 29, 2023. Accessed June 16, 2025. https://apa.az/apa-tv/xeber/xeberler/azerbaycanin-israilde-sefirliyi-acildi-79189

Begin–Sadat Center for Strategic Studies. 2025. Azerbaijan: One of the Pillars of Israel’s Regional Security System – A Brief Overview for the Trump Administration. January 15, 2025. Accessed June 16, 2025. https://besacenter.org/azerbaijan-one-of-the-pillars-of-israels-regional-security/

Bonbast. 2025. “Graph: EUR/IRR” [Iranian Rial exchange rate graph]. Bonbast, accessed June 16, 2025. https://www.bonbast.com/graph/

CaliberAz. 2021. “Иран вторгся в Азербайджан: сенсационные подробности 44–дневной войны.” YouTube video. Accessed June 15, 2025. https://www.youtube.com/watch?v=4tezgbuQZzE

CaliberAz. 2022. “Время пришло: Южный Азербайджан должен выйти из состава Ирана.” YouTube video, published August 27, 2022. Accessed June 15, 2025. https://www.youtube.com/watch?v=NkbX4srTZ0s

Epstein, Joseph. 2025. “How the US Can Benefit from Deepening Azerbaijani–Israeli Ties.” MENASource, Atlantic Council, January 15, 2025. Accessed June 16, 2025. https://www.atlanticcouncil.org/blogs/menasource/how-the-us-can-benefit-from-deepening-azerbaijani-israeli-ties/

Hajiyev, Hikmet [@HikmetHajiyev]. 2025. “Certain media and social media accounts have recently circulated entirely unfounded and fabricated claims …” X (formerly Twitter), June 13, 2025. Accessed June 15, 2025. https://x.com/HikmetHajiyev/status/1933548695682687159

IRNA. 2012. “روابط تهران – باكو دوستانه است/ صهيونيست‌ها در تخريب روابط ايران با همسايگان نقش دارند.” Islamic Republic News Agency, August 7, 2012. Accessed June 15, 2025. https://webcache.googleusercontent.com/search?q=cache:80266047+irna.ir/news/80266047

Iranian Islamic Republic News Agency (IRNA). 2025. “Baku will not allow its airspace to be used for strikes on Iran.” IRNA, June 14, 2025. Accessed June 15, 2025. https://en.irna.ir/news/85862715/Baku-will-not-allow-its-airspace-to-be-used-for-strikes-on-Iran

İRAM Center. 2023. Past and Present of Iran–Azerbaijan Tension. Accessed June 15, 2025. https://iramcenter.org/en/past-and-present-of-iran-azerbaijan-tension_en-2216.

Jabbarli, Ramin, Behzad Jeddi, Lale Javanshir, Turkan Bozkurt. 2023. Human Rights Report on the Azerbaijani Turks in Iran, September–December 2022. January 15, 2023. Accessed June 15, 2025. https://www.etekyazi.com/wp-content/uploads/2023/01/Human-Rights-Report-on-the-Azerbaijani-Turks-in-Iran-September-December-2022.pdf

Jafarli, Shahin. 2022. Crisis in Azerbaijani‑Iranian Relations. Published January 2022. Accessed June 15, 2025. https://bakuresearchinstitute.org/crisis-in-azerbaijani-iranian-relations-2/

Ministry of Foreign Affairs of the Republic of Azerbaijan. 2025. “No: 239/25, Statement on the Israeli–Iranian Escalation.” Press Service, June 13, 2025. Accessed June 15, 2025. https://mfa.gov.az/en/news/no23925.

Miri, Elshad. 2025. “Elshad Miri Explains Symbolism of Israel’s Operation Title.” Axar.az, June 14, 2025. Accessed June 15, 2025. https://en.axar.az/news/politics/985630.html

Oxu.az. 2025. “İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.” Oxu.az, June 15, 2025. Accessed June 15, 2025. https://oxu.az/siyaset/ilham-eliyev-felestinin-olkemizde-yeni-teyin-olunmus-sefirinin-etimadnaməsini-qebul-edib/

Report.az. 2016. “Komitə sədri: ‘Azərbaycanda müsəlmanların 70 faizi şiə, 30 faizi əhli‑sünnədir.’” Report.az, November 28, 2016. Accessed June 15, 2025. https://report.az/dini-xeberler/komite-sedri-azerbaycanda-muselmanlarin-70-faizi-sie-30-faizi-ehli-sunnedir/

State Statistical Committee of the Republic of Azerbaijan. 2015. Population by National and Religious Composition. Archived August 1, 2015. Accessed June 15, 2025. https://web.archive.org/web/20150801194515/http://www.stat.gov.az/source/demoqraphy/ap/az/1_5.xls

U.S. Department of State. 2009. Cable 09BAKU20_a: “Azerbaijan’s Discreet Symbiosis with Israel” (Secret/No‑Foreign‑Nationals [NOFORN]). January 13, 2009. Accessed June 16, 2025. https://wikileaks.org/plusd/cables/09BAKU20_a.html

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin