23 apr 2025

Yeltsin Psevdoliberalizmi Putinizmin mənbəyi kimi: Liberal Görünüş və Reallıq

Yeltsin Psevdoliberalizmi Putinizmin mənbəyi kimi: Liberal Görünüş və Reallıq

Photo by Gunduz Aghayev

Əsrlər boyu rus hökmdarları hakimiyyəti müxtəlif yollarla əldə ediblər. Çarlar üçün bu, irsi idi, bəzən sui-qəsdsiz də ötüşmürdü. Lenin inqilab yoluyla, sovet Kommunist Partiyasının baş katibləri isə partiya nərdivanı ilə siyasi Olimpə dırmaşaraq hakimiyyətə sahib olmuşdu. Yalnız Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin istisna idi: o, 1991-ci ildə alternativli seçkilərdə 57,3% səs alaraq prezident seçilmişdi. Amma bir müddət sonra Yeltsin də köhnə ənənəni bərpa edərək hakimiyyəti Vladimir Putinə ötürdü. (Will 2011)

Keçmiş KQB zabitini prezident Boris Yeltsin sanki Rusiyanın postsovet demokratiyasını dəfn etmək və "XX əsrin ən böyük geosiyasi fəlakəti"nin – SSRİ-nin süqutunun revanşı üçün seçdi.  Təsadüfi deyil ki, Putin Qorbaçova qarşı nə qədər qəzəblidirsə, Yeltsinə münasibətdə o qədər mərhəmətlidir. Sadə bir səbəbdən: Putin hesab edir ki, Qorbaçov SSRİ-ni dağıtdı, Yeltsin isə liberalizmin Rusiyanı zəiflətdiyini anladı və dövlətin xilası üçün Putini seçdi. Yəni əslində Yeltsin Rusiya demokratiyasının banisi yox, qəbirqazanıdır.

“Yeltsin legitimliyi  həqiqi xalq dəstəyinə söykənən ilk rus siyasətçisi idi və o, əsrlər boyu siyasətin çar saray intriqaları və Siyasi Büronun pərdə arxasında mübarizəsi ilə məhdudlaşdığı bir ölkəyə ictimai siyasəti gətirdi. Sələfi Mixail Qorbaçovdan və varisi Vladimir Putindən fərqli olaraq, Yeltsin sovet fonundan qurtula bilmişdi. Kommunist Partiyasında yüksək vəzifəyə yüksəldikdən sonra o, qatı antikommunistə çevrildi, özünü Rusiyanın liberalları və qərbpərəstləri, o cümlədən, görkəmli sovet dissidenti Andrey Saxarov ilə əlaqələndirdi. Yeltsin hər iki məqsədinə nail oldu: o, kommunizm üzərində qələbəsini dönməz etdi və Rusiyanı azad millətə çevirdi. 1991-ci ildə baş verən çevriliş hər şeydən əvvəl - qısamüddətli olsa belə - ictimai münasibətlərin inqilabı idi. Rus xalqı öz qorxusuna qalib gəldi, azadlığa və özünə inandı və ölkənin istiqamətini dəyişmək üçün birləşdi…” (Lipman 2007)

Bu, Yeltsin haqqında səsləndirilən bəlağətli fikirlərdən yalnız biridir. Əslində isə indiki putinizmin memarı məhz Yeltsin Rusiyasıdır. “Khar Center” Siyasi Analitik Qrupu bu yazıda həmin dövrü məhz bu aspektdən analiz edəcək.

Giriş

Haqqında söylənən müsbət fikirlərdə müəyyən doğruluq payı olsa da, həqiqətdə Yeltsin nə özünün homosovetikus kimliyindən tam sıyrıldı, nə də postsovet nomenklaturası ilə üzülüşə bildi. Bu səbəbdən də  çoxlu səhvlərə yol verdi. Bəziləri qaçılmaz idi; bəzilərinin isə qarşısını almaq olardı. Nəhayətdə isə o, “böyük rus kimliyinə” təslim olmağı, hakimiyyəti postsovet nomenklaturanın gənc nümayəndəsinə – Putinə təhvil verməyi seçdi.

Kommunizmdən sonrakı ilk illərin çətinliyi və təlatümləri rus xalqını məyus  etdi və onlar tezliklə sovet quruluşunun xiffətini çəkməyə başladılar. Azadlıq və demokratiya təcrübəsi olmayan ruslar həyatlarını yaxşılaşdırmaq üçün yeni qazandıqları hüquqlardan istifadə edə bilmədilər və uğursuzluqlarının səbəbini liberalizmdə gördülər. Nəticədə Yeltsin rus cəmiyyətinin “güclü hökmdar” və “möhkəm əl” arzusunu hakimiyyəti KQB zabitinə təhvil verməklə reallaşdırdı. O, öz seçimini alternativli və rəqabətli seçki yolu ilə deyil, I Pyotrun taxt-tacın vərəsəliyi haqqında 1722-ci il tarixli fərmanına oxşar şəkildə – varis təyin etmək yolu ilə gerçəkləşdirdi. (Boris Yeltsin Presidential Library n.d.) (Claire 2007) Niyə məhz Putin? Çünki o, Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışarkən Yeltsinin yaxın ətrafının, o cümlədən bəzi ailə üzvlərinin korrupsiya əməllərini araşdırmağa çalışan baş prokuror Yuri Skuratova qarşı kompromat təqdim etməklə onun zərərsizləşdirilməsinə nail oldu. Putin bu yolla birinci şəxsə loyallığını və sadiqliyini nümayiş etdirdi. Yeltsin bu xidməti qarşılığında Putini Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsinə yüksəltdi. Prezident seçildikdən sonra isə o, Yeltsinin bacarmadığına – baş prokurorun vəzifəsindən kənarlaşdırılmasına müvəffəq oldu. (Jamestown Foundation 2000) Varis daha sonra Yeltsin dövrünün siyasi nailiyyətlərini tədricən məhv etdi: o, demokratik institutları və siyasi azadlıqları ləğv edərək Rusiyanı ənənəvi yoluna qaytardı.

POST-SOVET RUSİYA: YELTSİN DÖVRÜNÜN İRONİYASI

Sovet İttifaqının dağılmasından sonra, 1992-ci ildə Rusiyada liberalizmin qələbəsinə ümid böyük idi. Boris Yeltsinin komandası ölkəni azad bazar iqtisadiyyatına əsaslanan Qərb tipli liberal-demokratiyaya çevirməyi hədəfləyən sürətli iqtisadi və siyasi islahatlar keçirmək niyyətində idi. (Weigle 1996) Liberal siyasi fiqurlar hökumətdə mühüm vəzifələr tuturdular və liberal yönümlü siyasi təşkilatlar əhəmiyyətli dərəcədə ictimai dəstək alırdılar. 

SSRİ-nin son aylarında, 1991-ci ilin iyulunda Rusiyanın ilk prezidenti seçilən Yeltsin hələ Qorbaçov zamanında başladılan islahatları daha liberal müstəviyə daşıdı. (Voennoe Obozrenie 2017) Onun düşüncəsinə görə, SSRİ-nin xarabalıqları altında qalan Rusiya üçün yeganə çıxış yolu sovetizmin tamamilə əksi olan liberalizmin sürətlə oturuşması idi. Xüsusilə də həmin dövrdəki qlobal tematikaya, “Vaşinqton konsensusu”na maraq göstərən Yeltsin ölkəsinin liberallaşdırma prosesinin beynəlxalq qurumlar tərəfindən hazırlanan proqramlar üzrə icrasına ciddi həvəs göstərirdi. (Irwin and Ward 2021)  Qiymətlərin sərbəst bazar tərəfindən müəyyən edildiyi, BVF və DB tərəfindən müvafiq ölkələr üçün hazırlanan, ABŞ-ın da dəstəklədiyi bu proqram ticarətin və bazarın liberallaşmasını, bazar iqtisadiyyatına tam keçidi ehtiva edirdi.

Yeltsin dövrünün yeni formalaşan siyasi sisteminə nəzər salsaq, Rusiya Federasiyasının ilk Konstitusiyası ABŞ, Almaniya və Fransa konstitusiyalarının sintezi kimi hazırlanan “güclü prezidentlik” rejimidir. Rusiya tarixində ilk dəfə geniş siyasi azadlıqlar, plüralizm, demokratik institutlar məhz bu Konstitusiyada əks olunub. Bu yeniliklər, şübhəsiz, Qərb siyasi sisteminə adaptasiyanın mühüm elementləri idi. Yetsinin qarşısına qoyduğu məqsəd heç də sovetizmdən liberalizmə rəvan keçid yox, radikal islahatlarla sürətli keçid idi. 

Dövlət sosializmi təfəkküründən gələn siyasi elita və rəqabət anlayışı zəif olan xidmət iqtisadiyyatı bu sürətli islahatlara uyğunlaşa bilmədiyi üçün yeni sistemə keçidin funksionallığını yaratmaq mümkün olmadı. Bu sürətli transformasiya (şok terapiya) infrastrukturu hazır olmayan ölkə üçün meqa-korrupsiya müstəvili xroniki böhran doğurarkən, təfəkkür baxımından fərdiyyəçiliyə yad olan rus cəmiyyətinin də sosial depressiyasına səbəb oldu. (Rosalsky 2022) Qısa sürən bu “liberallaşma” cəhdlərinin uğursuzluğu Rusiyanın yenidən avtoritarizmə yuvarlanması üçün əsaslı arqumentə çevrildi. Sürətli Yeltsin liberalizmi, eyni sürətlə də geriyə, neosovetizmə doğru yön aldı. 

1991-ci ildə hakimiyyətə gələn Yeltsin QKÇP çevrilişinə qarşı qəti duruşu və ilk illərdəki liberal siyasəti ilə həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətin gözündə xeyli nüfuz qazanmışdı. Ancaq qısa zaman sonra şəxsən onun əmri ilə Dövlət Dumasının dağıdılması və müxalif deputatların həbs edilməsi avtoritarizmə meyllənmənin başlanğıcı oldu və Yeltsinin beynəlxalq nüfuzunun itkisini də bərabərində gətirdi. 

Yuxarıda da qeyd olunduğu kimi, iqtisadi baxımdan da Yeltsin islahatları oliqarxik kapitalizmi doğurmuşdu. Dumanı iqtisadi islahatlara əngəl olmaqda ittiham edən Yeltsin 1993-cü ilin oktyabrında Moskvada fövqəladə vəziyyət elan edərək demokratik yolla seçilmiş Dumanı buraxdı və hakimiyyətin mərkəzləşdirilməsi xəttini tutaraq qısamüddətli demokratiya dövrünü avtoritarlaşma ilə əvəz etmiş oldu. Rusiya artıq şərti demokratik görüntüsü olan avtokratik prezident rejiminə çevrilməyə başladı. 

Diqqətəlayiqdir ki, Yeltsinin bu avtoritarlaşma siyasəti rus xalqınının elə də ciddi etirazına səbəb olmadı. Əksinə, xalqın çox hissəsi düşünürdü ki, neoliberal dövrdə tüğyan edən korrupsiya, mütəşşəkkil cinayətkarlıq, işsizlik kimi problemlərin həlli yolu sərt idarəetmə metodudur. Yeltsin hakimiyyətinin ilk illərində Rusiyada cinayətkarlıq böyük vüsət almışdı və bundan ən çox əziyyət çəkən sadə insanlar idi.

SSRİ-nin dağılmasından sonra yaranan 15 müstəqil respublikanın yerləşdiyi geniş Avrasiya məkanında “rus mafiyası” at oynadırdı. MDB-nin vizasız  gediş-gəliş və yumşaq gömrük sistemindən məharətlə yararlanan bu cinayətkar şəbəkə Xəzərdən Baltik dənizinə, oradan da bütün Avropaya narkotiklərin, qiymətli metalların qeyri-leqal ticarətini təşkil edirdi. Rus mafiyası - Rusiya və digər postsovet respublikalarda fəaliyyət göstərən cinayətkar şəbəkənin ümumi adıdır. Kökləri çarizm dövrünə uzanan bu şəbəkə sovet dövründə “qanuni oğru” (vor v zakone) adı altında həbs düşərgələrində cinayətkar iyerarxiyanın zirvəsi kimi formalaşdı. (Serio and Razinkin 1995) SSRİ-nin dağılmasından sonra “inkişaf edən” qara bazarda böyük paya sahib olan bu şəbəkə bir çox postsovet ölkəsinin siyasi rəhbərliyinə nüfuz edə bilirdi. 90-cı illərin ortalarına qədər isə Rusiya iqtisadiyyatının 2/3-si bu mafiyanın nəzarətinə keçmişdi. (Krugosvet Encyclopedia n.d.) Belə acınacaqlı vəziyyətin əsas səbəbkarı kimi kütlə liberalizmi, demokratiyanı görürdü, buna görə də Yeltsinin sərt idarəetməyə keçidi bu qanunsuzluğa son qoyacağı ümidilə rəğbətlə qarşılanırdı. Avtoritarlaşma ilə yanaşı, rus pravoslav kilsəsinin himayəsi altında qatı millətçiliyin – rus şovinizminin yüksəlməsi, Bizans imperiyası varisliyi və “Velikaya Rossiya” (böyük Rusiya) ideyaları, o cümlədən sovet nostalgiyası da cəmiyyətdə ciddi dəstək qazanmağa başlayırdı. 

SSRİ-nin dağılmasını Qərbin Rusiyaya qarşı sui-qəsdi sayan şovinist çevrə Rusiyanın neoliberal siyasətlə işğala məruz qaldığını və “öz müqəddaratını təyin etmə” (self-determination') imkanlarını itirdiyini yüksək səslə bağırır, köhnə sovet adamları (solçu-beynəlmiləlçi) birdən-birə dəyişərək “slavyanofil”, “neostalinist” və “protofaşist” hərəkatlar yaradırdılar. 1995-ci il Duma seçkilərindən sonra Rusiyada demokratik parlamentarizmdən danışmaq artıq çox çətin idi. Bütövlükdə isə müstəqil media və siyasi müxalifət xeyli zəiflədilmişdi. Paralel olaraq prezident Yeltsinin nüfuzu sarsılmışdı. Müasir Rusiya tarixinin ən ağır iqtisadi böhranı olan 1998-ci il böhranı Yeltsini istefaya, hakimiyyəti öz mənbəyinə – xalqa qaytarmağa yox,  özünə varis axtarışına sövq etdi və 1999-cu ildə Vladimir Putinin baş nazir təyin olunmasıyla bu axtarışlar yekunlaşdı. (Blant 2023) Bu təyinat sonrası ikinci Çeçenistan savaşında uğur əldə edən Putin rus siyasi elitasında xeyli nüfuz qazandı. Yeltsinin 1999-cu il dekabrın 31-də, Yeni ilə bir neçə saat qalmış prezident vəzifəsindən istefasıyla de-yure ölkənin birinci şəxsinə çevrilən Putin yanvar ayının 5-də verdiyi açıqlamada Yeltsinin istefa verəcəyini 10 gün öncədən bildiyini və ilk prezidentin ondan “Rusiyanın gələcəyindən muğayat olmağı” xahiş etdiyini açıqladı. (Yeni Şafak 2000) (Evrensel 2000)

Qorbaçovla başlayan və Yeltsinlə davam edən neoliberal siyasət Rusiyada dövlət gücünün məhdudlaşdırılmasını, özəl sektorun güclənməsini hədəfləyirdi. Ancaq cəmi bir neçə il sonra bu siyasəti davam etdirməyə iradəsi çatmayan Yeltsin demokratik Dumanı buraxmaqla gələcək Putin avtoritarizminin “güclü dövlət, güclü ordu” strategiyasının təməl daşlarını qoymuş oldu. (TUİÇ Akademi n.d.)

Yeltsinin dəstəyi ilə prezident seçilən Putinin siyasi strategiyası elə ilk günlərdən bəlli oldu: onun vizyonu Rusiyanın sovet dövründəki xarici gücünü bərpa etmək və avtoritar idarəetməyə sahib güclü dövlət modelinə dönüş idi. Çeçenistandakı uğuru onun ölkədaxili sərt siyasətinə cəmiyyətdən ciddi dəstək qazandırırdı. Putin hakimiyyətə sahiblənən kimi Dumanın təsir imkanlarını xeyli zəiflətdi, azad medianı, real siyasi müxalifət partiyalarını sərt təzyiqə məruz qoydu. Qısası, Putinin tutduğu yol güclü dövlət yaratmaq naminə demokratiyanın vazkeçilməz institutlarının ləğv ediməsi oldu. 

Putin dövründə bütün gücün dövlətin əlində mərkəzləşdirilməsi siyasəti daha sürətli və sistemli şəkildə aparıldı. Onun dövlət gücünə, bürokratik aparata aludəçiliyini rəqəmlər də aydın göstərir: hakimiyyətə yiyələndiyi 2000-ci ildə Rusiyada dövlət qulluqçularının və yerli məmurların sayı 1 161 519 nəfər idisə,  2021-ci ildə 2 245 551 nəfərə yüksəlib.  20 ildə ölkə əhalisinin sayı 2 milyon azaldığı halda, onu idarə edənlərin sayı isə az qala 2 dəfə artıb. Ancaq bu mərkəziyyətçi avtoritarizm sovet dövründəki klassik təkpartiyalı formada yox, siyasi sistemin çoxpartiyalılıq görüntüsünü saxlamaqla, psevdomüxalifətin mövcud olduğu, iqtisadiyyatda dövlət kapitalizmi modelinin tətbiqi ilə şəkilləndirildi.

Putin öz prezidentliyinin ilk dövründə hakimiyyətin mərkəzləşdirilməsi və dövlət kapitalizminin təmin edilməsi məqsədilə oliaqarxlara qarşı böyük savaş başlatdı. Mixail Xodorkovskinin həbs edilməsi və ona məxsus meqa-kommersiya şirkəti “Yukos Oil”un dövlət şirkəti “Rosneft”ə verilməsini bu siyasətə nümunə kimi qeyd etmək olar. Qısa ümumiləşdirmə aparsaq, Putinin dövlət nəzarətinə aldırdığı şirkətlər enerji (neft-qaz, kömür və s.) və silah sənayesi kimi strateji sektorları əhatə edirdi. Putinin “antioliqarxiya” siyasəti nəticə etibarilə bütün iqtisadi sferaların faktiki olaraq dövlət inhisarına qaytarılmasıyla yekunlaşdı. (Shevtsova 2003) Ancaq bu, SSRİ dövrünün sosialist iqtisadiyyatı şəklində yox, yeni avtoritar Rusiyanın dövlət kapitalizmi formasında həllini tapdı.

Dövlət kapitalizmi strategiyası xarici siyasət sahəsində Putinin əlini xeyli gücləndirmiş oldu. Avtoritar, güclü lider imicinə nail olan Putin xarici siyasətdəki gərginlikləri Rusiya maraqlarına uyğun həll etmək məqsədilə dövlətin nəzarətinə keçirdiyi enerji şirkətlərini diplomatiyada “enerji silahı” kimi tətbiq etməyə başladı. (Basin 2007) O, Qərbdən Rusiyaya qarşı yönələn təzyiqləri Avropaya gedən təbii qaz axınını dayandırmaq hədələri ilə bir neçə dəfə zərərsizləşdirə bildi. (Inosmi 2018)

SSRİ dağıldıqdan sonra Rusiyada ortaya çıxan fikir axınları Qərblə inteqrasiya və ya rus millətçiliyi olaraq məhdudlaşmır. Bunların yanında rus imperializmi və sovet nostaljisi də kifayət qədər diqqət çəkir. Sonuncusunun dövlət siyasətinə çevrilən formasını “avrasiyaçılıq” şəklində ümumiləşdirmək olar. Avrasiyaçılıq 1990-cı illərin ortalarından başlayaraq Rusiyadakı avro-atlantik əməkdaşlıq tərəfdarlarına (qərbyönümlülərə) qarşı kommunistlərin və qatı millətçilərin, bir anlamda partnomenklatur elita ilə “velikorus”çuların, yəni Rusiya siyasətinin müəyyən edilməsində söz sahibi olan bürokratik və akademik çevrələrin müdafiə etdiyi strategiyadır. Putin Rusiyasının sahibləndiyi avrasiyaçılıq öz içində panslavizmdən ortodoksluğa, rus mədəniyyət coğrafiyası və böyük qardaşlıq iddiasından sovet mirasçılığına qədər çox şeyi ehtiva edir. Bu qədər antaqonizmin bir arada ola bilməsini əsaslandıran konseptual baxışın əsas müəlliflərindən biri rus filosofu Aleksandır Duqindir. Onun düşüncəsinin qısa mahiyyəti belədir ki, imperiya olmayan Rusiyanın böyük dövlət kimi gələcəyi yoxdur. Duqinə görə, bu (arzulanan) imperatorluq “regional dövlət” və ya “milli dövlət” yox, ancaq bütün geosiyasi, mədəni və coğrafi resurları bir araya toplaya bilən dövlət-imperiya olmalıdır. (Dugin 1997)

Putin özünün xilaskar və diz üstə çökmüş Rusiyanı ayağa qaldıran lider imicini formalaşdırmağa çalışır. Amma reallıqda onun siyasəti xaotik dövrün birbaşa davamıdır. Bugünkü rejimə gedən yolda ən mühüm addımlar 1993-cü ildə Yeltsinə fövqəladə səlahiyyətlərin verilməsi ilə başlayıb.  1992-ci ilin yanvarında iqtisadi islahat başlayan kimi, ona qarşı siyasi müqavimət də dərhal yarandı. Bu müqavimətin mərkəzi Boris Yeltsinin tətbiq etdiyi “şok terapiyasını” ləngitməyə çalışan Rusiya parlamenti idi. Parlamentlə prezident arasında mübahisə zorakılıqla başa çatdı, parlament tərəfdarları Moskvanın əsas televiziya stansiyasına hücum etdi. Bundan sonra prezident 4 oktyabr 1993-cü ildə qanunverici orqanı tanklarla atəşə tutdu. Bir çox liberal ziyalılar Yeltsinin bu addımını alqışladılar. Parlamentə hücumdan bir az əvvəl Yeltsinlə görüşdə rus yazıçılarından ibarət nümayəndə heyəti prezidenti qəti addım atmağa çağırırdı. İştirakçılardan biri, yazıçı Andrey Nuykinin Yeltsinə dediyi kimi: “biz sizi, Boris Nikolayeviç, qanuni həll yolunun axtarışında yalnız Konstitusiya məsələlərinə aludə olmamağa çağırırıq… Görünür, legitimliyə üstünlük vermək ideyasının özü ona tüpürənlər tərəfindən məharətlə bizə sırınıb…” (Ellison 2006)

1993-cü ilin oktyabr hadisələrindən sonra Rusiya bəzilərinin “super prezidentlik” adlandırdığı sistemi yaradan yeni Konstitusiyaya keçdi. Putin bu sistemi yaratmadı, onu miras aldı. Yeltsin dövrünün əsas liberal simalarından biri olan keçmiş baş nazir Yeqor Qaydarın qeyd etdiyi kimi, dərhal məlum oldu ki, [parlamentə hücumun] ilk qurbanı demokratiyanın özüdür: “Oktyabrın 3-də səhər prezident Yeltsin Rusiya siyasi səhnəsində hələ də çoxlu oyunçulardan biri idi. Oktyabrın 5-i səhəri isə ölkədə bütün hakimiyyət onun əlində idi. Biz ikihakimiyyətlilikdən faktiki avtoritar rejimə sıçramışdıq…”

Sonralar hamı susur və putinizmin memarı olan Yeltsini az qala Putinin qurbanı kimi təqdim etməyə çalışırdı.  

Rusiyanın yeni nəsli isə Yeltsin heyranlarından fərqli olaraq ölkələrinin 30 ilin sonunda hansı bəlalara düçar olduğunu, 1990-cı illərin xəyanətlərinin Rusiyanın bu gününü necə müəyyənləşdirdiyini başa düşdüyü üçün putinizm bəlasının mənbəyi olan Yeltsin dövrünü sərt təftiş etməyə  başlayıb. (Zharkov 2024) Əksər rusların nəzərində demokratiya və liberalizm anlayışları məhz Boris Yeltsin dövrünə görə  ləkələnib. Əgər rus liberalizmi avtoritar dövlətin qurbanı olubsa, köhnə liberallar bu dövləti yaratdıqlarına görə günahın əhəmiyyətli hissəsini öz üzərilərinə götürməlidirlər.  Bu dövrlə bağlı açıq dialoq, Sovet İttifaqının süqutundan sonra yarımçıq ortaya çıxan azadlıq və ədalətin tam bərqərar olması ümidi üçün son dərəcə vacibdir. 

Bu dəyişikliyin avanqardında “Xainlər” sənədli filmi dayanır, burada Mariya Pevçix 1990-cı illərdə Rusiya hökumətinin səhvlərini ifşa edir. Film Nikita Xruşşovun Sovet İttifaqı Kommunist Partiyasının XX Qurultayında Stalinin şəxsiyyətə pərəstişini ifşa edən məruzəsi ilə müqayisə oluna biləcək təsirə malikdir. Buna görə də, Rusiya üçün demokratik gələcək qurmaq axtarışı ölkənin bugünkü sərt avtoritar rejimə keçməsinə imkan verən o məşum onilliyin səhvlərindən dərs almalıdır. 

Xruşşovun “Stalinin şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” məxfi məruzəsində  mərhum baş katibi öz səlahiyyətlərindən sui-istifadə etməkdə və sosialist layihəsinin əsasında duran təməl “Lenin prinsiplərindən” uzaqlaşmaqda ittiham edirdi. (Khrushchev 1956)

Pevçixin filmində əsas diqqət Yeltsinin və onun yaxın çevrəsinin, xüsusən də sevimlisi Valentin Yumaşevin yeni Rusiyada hüquqi-demokratik dövlətin əsas prinsiplərindən əl çəkməsinə görə şəxsi rolu və məsuliyyəti üzərində dayanır.

Hazırda biz rus demokratları arasında çətin və ağrılı nəsil dəyişikliyinin başlanğıcının şahidi oluruq. Bu dövrün səhvləri və cinayətlərinin müzakirəsi uzun müddət öz karyeralarını dövlət və oliqarxların idarə etdiyi televiziya və radiolarda quran dar dairənin inhisarında idi. 1990-cı illərin ağır təcrübələri ilə bağlı hər hansı tənqidi fikirlər rədd edilirdi. Rusiya siyasətindəki gənc səslər uzun müddətdir ki, bu sükut pərdəsini deşməyə çalışırlar. Mixail Zıqarın "Hamı azaddır" kitabı, Aleksey Navalnının “Mənim qorxum və nifrətim” adlı açıq məktubu bu mövzuya qlobal diqqət çəkdi.

Yeni nəsil indi bu sükut divarında güclü bir dəlik açır, həm də Putin Rusiyasının Yeltsin dövründən sapması haqqında mifə son qoyur. Yeni nəsil göstərməyə çalışır ki, 1990-cı illər demokratiyaya doğru qəti addımdan daha çox, təkpartiyalı diktaturadan personalist idarəçiliyə keçid idi. Səhiyyə Nazirliyinin tərk edilmiş binasının Yeltsin və yaxınları üçün evə çevrilməsi onun Rusiyaya öz mülkü kimi baxmasının göstəricisi idi… 

Nəticə

Rusiyada köklü iqtisadi islahatlar başlamazdan düz iki il əvvəl britaniyalı sosioloq Teodor Şanin “Qərb təcrübəsi və ya tərs stalinizm təhlükəsi” adlı məqalə dərc etdi. O, Qərbi Avropa ölkələrinin ziddiyyətli təcrübəsini sovet dərsliklərindən götürülmüş kapitalizm baxışına və azad bazar haqqında təhrif edilmiş təsəvvürlərə çevirmək təhlükəsi barədə xəbərdarlıq etmişdi. (Shanin 1990)

Rusiyaya rəğbəti ilə tanınan sosioloq yenidənqurma dövründə məşhur olan, kapitalizmə keçidin "yekun və qüsursuz olacaq" bir proqram tələb etməsi fikrini şübhə altına aldı. O hesab edirdi ki, belə bir proqramın həyata keçirilməsi cəmiyyəti qaçılmaz olaraq diz çökdürəcək, buna görə də islahatçıların seçilmiş kursu başqalarının maraqları və istəkləri ilə tarazlaşdırılmadığı halda "tərs stalinizm"in təkrarlanması təhlükəsini yaradacaq.  Necə ki, yarandı. Yeltsin ``liberalizmi`` Putinin timsalında yeni stalinizmi doğdu. 


İstinadlar

Englund, Will. 2011. “A defining moment in the Soviet breakup.” The Washington Post. https://www.washingtonpost.com/world/europe/1991-the-soviet-unions-end/2011/06/08/AGnsDdOH_story.html

Lipman, Maria. 2007. “Yeltsin the Revolutionary.” Carnegie Endowment for International Peace. https://carnegieendowment.org/posts/2007/04/yeltsin-the-revolutionary?lang=en

Boris Yeltsin Presidential Library. n.d. “Петром I издан указ о престолонаследии” (Peter I issued a decree on succession to the throne). Boris Yeltsin Presidential Library. https://www.prlib.ru/history/619032

Bigg, Claire. 2007. “Russia: Yeltsin & Putin — A Portrait In Contrasts.” Radio Free Europe/Radio Liberty. https://www.rferl.org/a/1076070.html

Jamestown Foundation. 2000. “Skuratov Finally Removed from Office.” Monitor, 6(80). https://jamestown.org/program/skuratov-finally-removed-from-office/


Weigle, Marcia A. 1996. “Political Liberalism in Postcommunist Russia.” The Review of Politics, 58(3). https://www.cambridge.org/core/journals/review-of-politics/article/abs/political-liberalism-in-postcommunist-russia/B21409CFEB4F960D7D0D8BEF023E98A1

Voennoe Obozrenie. 2017. «Эпоха Ельцина: ликбез для ностальгирующих по “демократии 90-х”» (“The Yeltsin Era: an ABC for Those Nostalgic for 1990s ‘Democracy’”). Voennoe Obozrenie. https://topwar.ru/122063-epoha-elcina-likbez-dlya-nostalgiruyuschih-po-demokratii-90-h.html

Irwin, Douglas A., and Oliver Ward. 2021. “What is the ‘Washington Consensus’?” RealTime Economic Issues Watch (Peterson Institute for International Economics). https://www.piie.com/blogs/realtime-economic-issues-watch/what-washington-consensus

Rosalsky, Greg. 2022. “How ‘shock therapy’ created Russian oligarchs and paved the path for Putin.” NPR. https://www.npr.org/sections/money/2022/03/22/1087654279/how-shock-therapy-created-russian-oligarchs-and-paved-the-path-for-putin

Serio, Joseph D., and Vyacheslav Razinkin. 1995. “Thieves Professing the Code: The Traditional Role of Vory v Zakone in Russia’s Criminal World.” Low Intensity Conflict & Law Enforcement, 4(1). https://www.ojp.gov/ncjrs/virtual-library/abstracts/thieves-professing-code-traditional-role-vory-v-zakone-russias

Krugosvet Encyclopedia. n.d. “МАФИЯ, ОРГАНИЗОВАННАЯ ПРЕСТУПНОСТЬ” (Mafia, Organized Crime). Krugosvet Encyclopedia. https://www.krugosvet.ru/enc/gumanitarnye_nauki/sociologiya/MAFIYA_ORGANIZOVANNAYA_PRESTUPNOST.html

Blant, Maksim. 2023. “Дефолт 1998 года. Первый экономический кризис в постсоветской истории” (The 1998 Default: The First Economic Crisis in Post-Soviet History). Radio Svoboda. https://www.svoboda.org/a/defolt-1998-goda-pervyy-ekonomicheskiy-krizis-v-postsovetskoy-istorii/32551218.html

Yeni Şafak. 2000. “Yeltsin sürprizi” (Yeltsin surprise). Yeni Şafak. https://www.yenisafak.com/dunya/yeltsin-surprizi-598625

Evrensel. 2000. “Yeltsin’in istifası danışıklı dövüş” (Yeltsin’s resignation was a staged fight). Evrensel. https://www.evrensel.net/haber/119628/yeltsin-in-istifasi-danisikli-dovus

TUİÇ Akademi. 2014. “Putin’in Rusyası” (Putin’s Russia). TUİÇ Akademi. https://www.tuicakademi.org/putin-in-rusyasi/

Shevtsova, Lilia. 2003. “Putin’s Dilemma: To Stabilize or to Transform?” Carnegie Endowment for International Peace. https://carnegieendowment.org/posts/2003/01/putins-dilemma-to-stabilize-or-to-transform?lang=en

Basin, Viktor. 2007. “Энергетическое оружие России” (Russia’s Energy Weapon). Российский ученый (Russian Scientist archive). http://www.russianscientist.org/files/archive/Polit/2007_BASIN_2.pdf

InoSMI. 2018. “У России есть сильный козырь в торговой войне” (Russia has a strong trump card in the trade war). InoSMI. https://inosmi.ru/20180606/242406514.html

Dugin, Aleksandr. 1997. “Геополитическое будущее России” (The Geopolitical Future of Russia). Основы геополитики (Foundations of Geopolitics). https://grachev62.narod.ru/dugin/chapt04.htm

Ellison, Herbert J. 2006. Boris Yeltsin and Russia’s Democratic Transformation. University of Washington Press. https://uwapress.uw.edu/book/9780295986371/boris-yeltsin-and-russias-democratic-transformation/

Zharkov, Vasily. 2024. “To Build a Democratic Russia, We Must Stop Kidding Ourselves About Yeltsin.” The Moscow Times. https://www.themoscowtimes.com/2024/06/25/to-build-a-democratic-russia-we-must-stop-kidding-ourselves-about-yeltsin-a85516

Anti-Corruption Foundation. 2024. “Traitors” (Predateli series). predateli.navalny.com. https://predateli.navalny.com/en


Khrushchev, Nikita. 1956. “Khrushchev’s Secret Speech (‘On the Cult of Personality and Its Consequences’), delivered at the Twentieth Party Congress of the CPSU.” Wilson Center Digital Archive. https://digitalarchive.wilsoncenter.org/document/khrushchevs-secret-speech-cult-personality-and-its-consequences-delivered-twentieth-party

Zygar, Mikhail. 2023. “Как Ельцин победил Зюганова, не приходя в сознание” (How Yeltsin defeated Zyuganov without regaining consciousness). The Bell. https://thebell.io/kak-eltsin-pobedil-zyuganova-ne-prihodya-v-soznanie-glava-iz-knigi-mihaila-zygarya-vse-svobodny

Navalny, Alexei. 2023. “Мои страх и ненависть” (My Fear and Loathing). Navalny.com. https://navalny.com/p/6651/


Shanin, Teodor. 1990. “Западный опыт и опасность ‘сталинизма наоборот’” (Western Experience and the Danger of ‘Reverse Stalinism’). Коммунист (no. 1). https://www.yabloko.ru/Publ/Articles/shanin-1.html