Süni intellekt bugünün reallığı olmaqla yanaşı, həm də gələcəyin prioritet sahəsidir. İqtisadiyyatdan təhsilə, mədəniyyətdən hərbi sənayeyə qədər əksər sahələrdə süni intellekt texnologiyasının tətbiqi yaxın gələcəyin müəyyənləşdirici amilinə çevrilib. Artıq dünya yeni dövrə, süni intellekt əsrinə qədəm qoyub və bir çox ölkə bu dövrün gətirəcəyi şərtlərə hazırlaşır.
Əksər innovativ yeniliklər kimi, süni intellekt sahəsi də artıq qlobal rəqabətin mühüm komponentinə çevrilib. Bu şərtlər daxilində Azərbaycanda süni intellektlə bağlı vəziyyət, ölkənin həm texnoloji, həm də infrastruktur olaraq yeni dövrə hazırlıq səviyyəsini göstərən vacib mövzudur. Cənubi Qafqazın Azərbaycan üçün ilk növbədə tarixi və geosiyasi rəqabət meydanı olmasını nəzərə alsaq, süni intellektin gələcəkdə regionun əsas rəqabət sahələrindən biri olacağı şübhəsizdir.
Bu məqalədə süni intellekt mövzusu Cənubi Qafqaz kontekstində, xüsusilə Azərbaycan və Ermənistandakı mövcud vəziyyətin müqayisəli təhlili əsasında araşdırılıb. İdarəetmə fərqlərinin, Ermənistandakı demokratikləşmənin və Azərbaycandakı sərt avtoritarizmin bu prosesə hansı ölçüdə təsir göstərdiyi nəzərdən keçirilib.
Giriş
Beynəlxalq indekslər Azərbaycanın süni intellektə hazırlıq səviyyəsi, İT infrastrukturu, startap ekosistemi və yüksək texnologiya məhsullarının ixrac göstəriciləri baxımından region ölkələri arasında geri qaldığını göstərir. Ermənistanın isə bu indikatorlar üzrə 2015-2022-ci illər arasında ciddi sıçrayış edərək Azərbaycandan önə keçdiyi görünür. Bunun əsas səbəbləri kimi siyasi rejimlərdəki fərqlərdən doğan iqtisadi amilləri, xüsusilə Ermənistanda 2015-2022-ci illərdə İT ekosisteminə yönəlik icra olunan qanunverici qərarları və vergi güzəştlərini göstərmək olar. Azərbaycan tədricən sərt avtoritarizmə meylləndiyi üçün iqtisadi azadlıq göstəriciləri ciddi şəkildə zəifləyib, ölkənin xarici investisiya üçün cəlbediciliyi azalıb. İT sahəsi üzrə vergi güzəştləri xeyli gec (2018, 2023) qəbul edilib, üstəlik, icrası da böyük ölçüdə gecikdirilib. Ermənistan isə demokratikləşmə prosesi sayəsində iqtisadi azadlıq göstəricilərini yüksəldib və xarici investisiyalar üçün mümkün qədər əlverişli mühit yaradıb, qanunverici qərarları və vergi güzəştlərini buna uyğun şəkildə vaxtında icra edib. Bu amillər son 10 ildə Azərbaycanın süni intellekt yarışında Ermənistandan geri qalmasına səbəb olub.
Süni intellektə hazırlıq: Beynəlxalq indekslər nə deyir?
Süni intellekt sahəsində Cənubi Qafqaz ölkələrindəki vəziyyət, həmçinin reytinq sıralaması son 10 il ərzində ciddi şəkildə dəyişib. “Oxford İnsights” tərəfindən yayımlanan “Qlobal Süni İntellektə Hazırlıq İndeksi”nin illik hesabatlarına əsasən 2019-cu ildə Azərbaycanın süni intellektə hazırlıq səviyyəsi 5,244 balla qiymətləndirilib. Bu göstərici ilə Azərbaycan dünya reytinqində 64-cü yeri tutub. Həmin ilin göstəricilərinə əsasən Gürcüstan və Ermənistan müvafiq olaraq dünya reytinqində 76 (4.863 bal) və 81-ci (4.716 bal) yerlərdə qərarlaşıblar (“Government Artificial Intelligence Readiness Index 2019” 2019, Trend.az 2019).
Lakin təşkilat tərəfindən 5 il sonra yayımlanan növbəti hesabat əvvəlki nəticələrin böyük ölçüdə dəyişdiyini göstərib. 2024-cü ilin hesabatına əsasən, Azərbaycan dünya sıralamasında 39.92 balla 111-ci yerə düşüb. Ermənistan 44.51 balla 88-ci, Gürcüstan isə 46.92 balla 81-ci olub (Oxford Insight 2024). Hər üç ölkə sıralamada geriləsə də, Azərbaycan Cənubi Qafqazda birincilikdən üçüncülüyə düşüb.
İki hesabat arasında keçən 5 illik müddət Cənubi Qafqaz regionu ölkələri arasında süni intellekt texnologiyalarına yanaşmada fərqliliklərin olduğunu, 5 il ərzində bir çox istiqamət üzrə dəyişikliklərin yarandığını göstərir.
“Oxford İnsight”ın müxtəlif indikatorlar üzrə təqdim etdiyi nəticələr region ölkələrinin süni intellektlə bağlı başlıca fərqlərini görməyə imkan verir:

Cədvələ əsasən region ölkələri bir sıra indikator üzrə yaxın nəticələrə malikdir. Digər iki region ölkəsindən fərqli olaraq, Azərbaycanda “data istifadə imkanı” ciddi şəkildə geri qalır. Bunun əsas səbəbi kimi bütün data bazaların birbaşa dövlət nəzarətində olması və digər aktorlar üçün bu bazalara çıxış imkanlarının məhdudlaşdırılması, həddindən artıq mərkəzləşmiş avtoritar idarəetmə göstərilə bilər (Outpost Eurasia 2024). Süni intellekt sistemlərinin böyük ölçüdə data emalına bağlı olduğunu nəzərə alsaq, Azərbaycanda bu indikator üzrə tək aktorun dövlət olması başadüşüləndir.
Bu cür fərqliliklər digər oxşar beynəlxalq hesabatda da aydın şəkildə görünür. Süni intellekt sahəsindəki digər reytinq olan “Global Aİ İndex 2024”ün göstəricilərinə əsasən Azərbaycan indeks üzrə dünya reytinqində 78-ci, Ermənistan isə 65-ci yerdə qərarlaşıb. (Gürcüstan siyahıya daxil edilməyib) (Tortoise Media 2024). Aşağıdakı cədvəldə indeks üzrə nəzərdən keçirilən istiqamətlərin qarşılıqlı müqayisəsi verilib.

Qeyd: İndikatorlar 1 (ən yüksək) - 100 (ən pis) arası qiymətləndirilir.
Cədvəldən aydın olur ki, Azərbaycan və Ermənistan süni intellekt infrastrukturu baxımından demək olar ki, bərabərdir. Əməliyyat mühiti, hökümət strategiyası kimi amillər Azərbaycanda daha yaxşı olduğu halda, Ermənistan istedad, araşdırma, inkişaf və kommersiya sahələri üzrə bariz üstünlüyə malikdir. Üstəlik, Ermənistanın qeyd olunan indikatorlar üzrə yüksək göstəriciləri məhz son illərdə əldə etdiyini vurğulamaqda fayda var.
İnfrastruktur və ekosistemlərin müqayisəsi
İstənilən ölkədə süni intellekt sistemlərinin inkişafı zəruri İT infrastrukturunun və bu infrastrukturu formalaşdıracaq startap ekosisteminin vəziyyəti, o cümlədən yüksək texnologiya sahəsindəki əsas iqtisadi göstəricilərlə bağlıdır. Beynəlxalq indekslər bu istiqamətlərin heç birində Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında lider olmadığını, hətta bəzi məqamlarda geri qaldığını ortaya qoyur.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2024-cü il üçün yayımladığı “Qlobal İnnovasiya İndeksi”nə əsasən Azərbaycan iqtisadiyyatın innovasiya imkanları üzrə 133 ölkə arasında 95-ci yerdədir (World Intellectual Property Organization 2024). Bu indeks üzrə əvvəlki illərdə Azərbaycanın göstəriciləri daha yüksək olub: ölkə iqtisadiyyatı 2020-ci ildə dünya reytinqində 82-ci, 2021-ci ildə isə 80-ci yerdə qərarlaşıb. Ermənistan və Gürcüstan iqtisadiyyatın innovasiya imkanları baxımından uyğun olaraq 63-cü və 57-ci yeri tutublar. Hazırda bu ölkələrin iqtisadiyyatları Azərbaycan iqtisadiyyatından daha çox innovasiya imkanına malikdir.
Qlobal startap ekosistemləri üzrə tədqiqat mərkəzi "StartupBlink" hər il "Qlobal Startap Ekosistemi İndeksi" adlanan və dünya üzrə startapların inkişafı üçün əlverişli mühit təklif edən 100 ölkə ilə 1000 şəhərin reytinqini hazırlayır (Startup Blink 2024). Reytinqin 2024-cü il üzrə məlumatlarına əsasən Azərbaycan 100 ölkə arasında 80-ci, Bakı isə 1000 şəhər arasında 344-cü yerdədir. Ermənistan həmin indikatorlar üzrə 57-ci, Yerevan şəhəri 200-cü yerdədir. Gürcüstan və paytaxt Tbilisi isə 70-ci və 371-ci yerlərdə qərarlaşıblar. Göründüyü kimi, Azərbaycan (Bakı) startap ekosistemi üzrə Ermənistandan (Yerevan) çox geridədir. Bakı bu indeks üzrə Tbilisini qabaqlasa da, ölkə indikatoru üzrə Azərbaycan Gürcüstandan geri qalır.
Tədqiqat mərkəzi Cənubi Qafqaz ölkələrində startapların maliyyələşməsi ilə bağlı məlumatlar da təqdim edir. Məlumatlarda Ermənistanın startap ekosisteminin maliyyələşmə həcmində digər iki region ölkəsini qabaqladığı görünür. Azərbaycan isə bu indikator üzrə regionda ən geridədir.

Məlumdur ki, ölkə iqtisadiyyatının innovasiya imkanları, İT startap mühiti və maliyyələşmə göstəriciləri hər şeydən öncə iqtisadi azadlıqla bağlıdır. Bu məqam Cənubi Qafqaz ölkələri üçün də keçərlidir. “Heritage Foundation” tərəfindən yayımlanan “Economic Freedom 2024”ə əsasən region ölkələrinin iqtisadi azadlıq göstəriciləri aşağıdakı kimdir (Heritage Foundation 2024):

Cədvəldən aydın olur ki, regionda məhkəmə effektivliyi baxımından ən geridəki ölkə Azərbaycandır (18.5). Ticarət azadlığı (69), investisiya azadlığı (70), maliyyə azadlığı (40) və hökümətin dürüstlüyü (24) kimi indikatorlar üzrə də Azərbaycan sonuncu sıradadır. Bu amillər ölkələrdəki siyasi rejimlərin xüsusiyyətləri, avtoritar və demokratik meyllərlə birbaşa bağlıdır. Təsadüfi deyil ki, Ermənistan məhz 2018-ci ildən sonrakı nəticələri ilə bu indikatorlar üzrə Azərbaycanı qabaqlayıb. Azərbaycanda sadalanan indikatorların Ermənistan və Gürcüstanla müqayisədə çox aşağı olmasının əsas səbəbi də budur. Bu məqam xarici investisiyanın, şirkətlərin və mütəxəssislərin də Azərbaycana münasibətini müəyyən edir.
Digər bir amil isə ölkələrin yüksək texnologiya məhsullarının ixrac potensialı ilə bağlı göstəricilərdir. Bu göstəricilər mövcud resurslar və infrastruktur əsasında ölkənin yüksək texnologiya məhsullarının ixrac həcmini müəyyən edir. Dünya Bankının statistikasına əsasən Cənubi Qafqaz ölkələrinin yüksək texnologiya ixracı göstəriciləri arasındakı fərq çox böyükdür. 2023-cü ilin göstəricilərinə əsasən Azərbaycanın yüksək texnologiya üzrə ixrac həcmi 56,810 milyon dollar olub (World Bank 2023). Ermənistanda bu göstərici 822,532 milyon dollar, Gürcüstanda isə 31,139 milyon dollar təşkil edib (World Bank 2023).

Ermənistanın yüksək texnologiya məhsullarının ixrac həcmindəki göstəricisi İKT məhsulları üzrə də oxşar tendensiya ilə davam edir. BMT tərəfindən verilən statistik məlumatlara əsasən Cənubi Qafqaz ölkələrinin İKT məhsulları üzrə ikitərəfli ticarət həcmləri arasında ciddi fərqlər mövcuddur (UNCTAD 2024).

Müstəqil tədqiqat mərkəzlərinin regional qiymətləndirməsində də Azərbaycanın mövqeyi o qədər uğurlu görünmür (Aratera PA 2024). Azərbaycan lazımi resurslara, yüksək rəqəmsal yetkinliyə və adekvat insan kapitalına malik ölkə hesab olunur. Lakin ölkədə süni intellektin inkişafı üzrə səylərin qeyri-müəyyənliyi, süni intellektlə əsaslı xidmətlərin inkişafı və ya tənzimlənməsi üçün xüsusi təşəbbüslərin olmaması vurğulanır. Ermənistanın hesablama və texnoloji innovasiyalar sahəsində regional lider mövqeyinin güclənəcəyi, Gürcüstanın isə digər qonşularından geri qalacağı bildirilir.
Rəqəmlərin müqayisəsi Azərbaycan və Ermənistan arasında 2018-ci ilədək nəticələrin eyni olduğunu, sonradan üstünlüyün tədricən Ermənistan tərəfinə keçdiyini göstərir. Xüsusilə 2022-ci ildə Ermənistanın İKT məhsulları üzrə ikitərəfli ticarət həcmi sıçrayış edərək 537 milyon dollara yüksəlib. Azərbaycanda isə bu göstərici cəmi 25 milyon dollar təşkil edib. Oxşar qaydada 2022-ci ildə Ermənistanın yüksək texnologiya məhsullarının ixrac həcmi də sıçrayış edərək 497 milyon dollara çatıb. Azərbaycanın göstəricisi isə cəmi 49 milyon dollar olub.
Ermənistanda yüksək texnologiya ixracı və İKT məhsulları üzrə ticarət həcmindəki bu ciddi yüksəliş, eləcə də qonşu ölkənin son 5 il ərzində süni intellektə hazırlıq səviyyəsində Azərbaycanı qabaqlaması olduqca maraqlı məqamdır. Üstəlik, bu sıçrayışın, demək olar ki, əksər indikatorlar üzrə məhz 2015-2022-ci illər aralığında baş verməsi xüsusilə diqqətçəkən amildir. Bu müddət ərzində Ermənistanda demokratik dəyişikliklərin (2018) baş verdiyini, Azərbaycanın isə tədricən sərt avtoritarizmə yuvarlandığını nəzərə alsaq, bu sıçrayışların siyasi rejim dəyişiklikləri ilə paralel şəkildə baş verdiyi nəzərdən qaçmamalıdır.
Qanunvericilik qərarları nə qədər uğurludur?
İnfrastruktur və startap ekosistemlər üzrə görünən ciddi fərqlər, ilk növbədə, dövlətlər tərəfindən həyata keçirilən strategiyalarla əsaslandırılır. Təsadüfi deyil ki, Ermənistanda İT sektorunun inkişafına təsir edən əsas amil - vergi qanunvericiliyindəki tənzimləmələr hesab olunur (Shepard 2020).
2015-ci ildə Ermənistan höküməti ölkə daxilində fəaliyyət göstərən İT startaplarla bağlı vergi qanunvericiliyinə dəyişiklik edib. Dəyişiklik 30-dan az işçisi olan İT startaplar üçün ilk 5 il ərzində tam vergi güzəşti nəzərdə tutur. Bundan əlavə, hər kəsə şamil edilən 21 faizlik sabit gəlir vergisi ilə müqayisədə İT sahəsində çalışan işçilər daha az, yəni 10% gəlir vergisi ödəməyə başlayıblar. Bu dəyişikliyə qədər Ermənistan İT sektoru gəlirlərinin əsas hissəsi (51%) xarici şirkətlərə məxsus olub. Dəyişiklikdən sonra isə yerli və xarici şirkətlərin gəlir payı bərabərləşməyə, həmin dövrdən etibarən yerli şirkətlərin üstünlüyü ilə davam etməyə başlayıb.
Azərbaycanda da oxşar qaydada startapların gəlir vergisindən azad edilməsi istiqamətində iş aparılıb. Dəyişikliyə əsasən startaplar əvvəlcə “Startap şəhadətnaməsi” əldə edir və bu şərt daxilində növbəti 3 il müddətində gəlir vergisindən azad edilirlər. Vergi Məcəlləsinə 2018-ci ildə dəyişiklik edilsə də, Nazirlər Kabineti onun icrası ilə bağlı qərarı 2021-ci ilin yanvarında verib (Nazirlər Kabineti 2021). Bir sözlə, qərar 2018-ci ildə qəbul edilib, amma ilk şəhadətnamələrin verilməsinə 2021-ci ildə, Ermənistandakı müvafiq dəyişiklikdən 6 il sonra başlanıb (APA 2021)
Ermənistanda startap ekosistemi ilə bağlı növbəti dəyişiklik 2022-ci ildə baş verib. Həmin ilin martında Ermənistan hökuməti ən azı 50 daimi və ya sərbəst işçi işə götürən İT şirkətləri üçün 50% gəlir vergisinin geri qaytarılmasını təmin edən qərar qəbul edib (Avetisyan 2022). Vergi qanunvericiliyindəki dəyişikliklər öz nəticəsini qısa zamanda göstərib. 2010-cu ildə Ermənistanda İT sektorunun ÜDM-dəki payı 1.5% olduğu halda, 2018-ci ildə bu rəqəm 7.4 faizə yüksəlib. Növbəti illərdə azalma olsa da, 2021-ci ildə yenidən 4 faizə qalxıb. Vergi güzəştləri ölkə daxilində İT sektorunun inkişafına təkan verməklə yanaşı, xaricdən, xüsusilə Rusiyadan çıxan İT şirkətlər üçün əlverişli mühit təmin edib.
Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi təcavüzə başlamasından sonra təxminən 500 rusiyalı İT şirkətinin Ermənistana yerləşdiyi və ya orada filial açdığı məlumdur (International Trade Administration 2023). Bu rəqəm daha sonra 800-ə yüksəlib və köçün əsas səbəbi kimi sadələşdirilmiş gömrük və vergi prosedurları göstərilir (Azerbaijan24 2024). Müəyyən sahələr üzrə gəlir vergisinin olmaması və fərdi gəlirlər üzrə aşağı dərəcələr Ermənistanda xarici mütəxəssislər üçün əlverişli şərait yaradıb və investisiya axınını stimullaşdırıb (Строителева 2024). Mövcud şəraitlə əlaqədar Azərbaycana gələn İT mütəxəssislərin sayı isə 2022-ci ilin rəqəmlərinə əsasən 300 nəfər olub. Bu göstərici eyni dövrdə Ermənistana gələn rusiyalı mütəxəssislərin (50 000) sayının 1 faizindən də aşağıdır (AzadlıqRadiosu 2022).
Xüsusilə rusiyalı İT mütəxəssislərinin və şirkətlərin ölkəyə cəlb edilməsi prosesindəki uğursuzluq Azərbaycanın vergi qanunvericiyində yeni güzəştləri zərurətə çevirib. 2023-cü ildə elan edilən yeni güzəştlərə əsasən İKT sahəsində çalışan yerli və xarici sahibkarlar 20% mənfəət və 14% gəlir vergisindən tam azad olublar (AKTA 2023). Lakin bir şərtlə ki, həmin şəxslər texnoparkların rezident şəhadətnaməsini alsınlar. Bu şəhadətnamələri almış fiziki şəxslərin 3 il müddətində aylıq gəlirləri 8000 manatadək olduqda 0%, 8000 manatdan çox olduqda isə məbləğin 5 faizi həcmində gəlir vergisi ödəmələri nəzərdə tutulur. Texnologiya parklarının rezidenti olan və sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla, 10 il müddətində gəlir vergisindən azad ediliblər (taxes.gov.az 2023)
Azərbaycanda bu son dəyişiklikdən əsasən mövcud startaplar yararlanıb və güzəştlər hələ ki, yeni startapların yaradılması prosesinə ciddi təkan verməyib. Azərbaycanda vergi güzəştindən (2023) sonrakı 2 il ərzində texnopark rezidenti statusu almış startapların sayı 98 (əksəriyyəti İT sektorunda olmaqla), ölkə üzrə startapların tam sayı isə 157 olub (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2024) (startup.az 2024). Ermənistanda təkcə proqram təminatı üzrə fəaliyyət göstərən startapların say göstəricisi 160-dan çoxdur (Lusha.com 2024).
Gürcüstanda İT startaplarla bağlı vergi qanunvericiliyi Azərbaycanla nisbətən oxşardır. Burada da startaplar “Virtual Zona Şəxsi” sertifikatları əldə etməklə bir sıra güzəştlərdən faydalanır, o cümlədən korporativ gəlir vergisindən azad edilir. Lakin bu yanaşma Gürcüstanda özəl sektordan daha çox, xarici investorlar üçün əlverişli mühit yaradır (International Communication Union 2023). Xarici şirkətlər Gürcüstanda filiallar açır, yaxşı maaş imkanı yaradır, daxildəki savadlı mütəxəssisləri cəlb edir. Nəticədə kadr potensialından məhrum olan yerli startaplar inkişafda geri qalır.
Qeyd edilən məqamlardan aydın olur ki, vergi qanunvericiliyində önəmli güzəştlərin edilməsi, o cümlədən biznes subyektləri üçün əlverişli şəraitin yaradılması İT infrastruktur və startap ekosisteminin inkişafı üçün həlledici məqamdır. Təəssüf ki, Azərbaycanda bu cür güzəştlər olduqca gec icra edilib və 2022-ci ildə rusiyalı mütəxəssis axını kimi dönüş nöqtələrinin qaçırılması ilə nəticələnib.
Digər tərəfdən, Azərbaycan nümunəsində qanunverici qəraraların və vergi güzəştlərinin ayrılıqda heç də yetərli olmadığı aydın olur. Ölkənin idarəetmə sistemi, bu sistemin yaratdığı iqtisadi azadlıq mühiti (investisiya, ticarət, maliyyə azadlığı və s.) və o mühiti qoruyan məhkəmə sistemi xarici investisiyanın ölkədə təhlükəsiz fəaliyyətinə şərait yaradır. Əgər bunlar təmin olunmursa, sadəcə vergi güzəşti xarici investisiya üçün o qədər də cəlbedici olmur, eləcə də daxili startapların fəaliyyəti üçün risklər yaradır.
Praktik səylər və süni intellektə inteqrasiyada mövcud vəziyyət
Onu da qeyd edək ki, Azərbaycan heç də bütün reytinqlərdə Ermənistandan geridə deyil. “Qlobal Süni İntellekt İdarəetmə Mərkəzi” tərəfidən hazırlanan “The Global Index on Responsible AI” adlı hesabata əsasən 2021-2023-cü illər arasında Cənubi Qafqaz ölkələrinin məsuliyyətli süni intellekt üzrə reytinqləri aşağıdakı kimi olub (“Global Index on Responsible AI 2024 Corrected Edition,” 2024):

Qeyd: Bu indekslə bağlı nəzərə alınmalı əsas məqam qiymətləndirmə dövrü olaraq 2021-2023-cü illər arası müddətin götürülməsi və sorğu iştirakçılarından əldə edilən məlumatlarla hazırlanmasıdır.
İndeks məlumatlarında nəzərə çarpan xüsusi məqam Ermənisan və Azərbaycanda süni intellekt sahəsində hökümətlərin və qeyri-dövlət aktorların rolu ilə bağlıdır. Ermənistanda qeyri-dövlət aktorları üstünlükdə ikən Azərbaycanda hökümətin birbaşa təsiri və hökümət çərçivəsindəki fəaliyyətlərin rolu olduqca yüksəkdir. Azərbaycan və Ermənistanda süni intellekt sahəsində praktik icra olunan işlərin və mövcud vəziyyəti qiymətləndirməsi də bu göstəricini təsdiqləyir.
Ermənistan. Ermənsitanda İT sahəsi üzrə strateji fəaliyyətlər 2000-ci illərdən etibarən aktiv şəkildə icra olunmağa başlanıb. Ermənistanda İT sahəsində 2000-ci illərdəki dəyişikliklərin əsas fiqurları “Synopsys Armenia” kimi iri şirkətlərin filialları olub. İlkin dövrdə Ermənistan İT sektoru böyük ölçüdə xaricdəki erməni startapları, o cümlədən diaspora fondlarının dəstəyi ilə inkişaf edib. Yalnız son illərdə ölkədə diqqət canlı və inkişaf edən startap ekosisteminin yaradılmasına yönəldilib (ISPI 2023).
Ermənistan startap ekosisteminin xaricdən maliyyələşdirilməsi fəaliyyətləri bu gün də aktualdır. 2023-cü ilin məlumatlarına əsasən Ermənistanda İT startaplarına 216 milyon dollar həcmində investisiya yönəldilib. Bu kapitalın 82 faizi diaspora təşkilatları və xaricdəki startaplar tərəfindən təmin edilib. Diaspora təşkilatlarından biri olan “Ermənistan Elm və Texnologiya Fondu” (FAST) hazırda Ermənistanda “Advance” Araşdırma Qrant Proqramı və “Generation Aİ” kimi tədris proqramları icra edir (FAST Foundation 2023) (EU4Digital 2024). Proqramlar beynəlxalq alimlər və yerli tədqiqatçılar arasında körpü yaradılmasını, o cümlədən 7 regionda və 15 orta məktəbdə sagirdlərə süni intellekt təhsilinin verilməsini hədəfləyir.
Xarici investisiya tərəfindən Ermənistanda gənc və yeniyetmələr arasında İT təhsil proqramları həyata keçirən “TUMO Yaradıcı Texnologiya”, “Hero house” kimi mərkəzlər fəaliyyət göstərir (Tumo 2024) (Tosunyan 2021). Ermənistanda 6, ölkə xaricində isə 9 mərkəzə malik “TUMO Armenia”, 2021-2026-cı illər ərzində mərkəzlərin sayının 16-ya çatdırılması məqsədilə 60 milyon dollarlıq kampaniya elan edib (Tumo 2021). 2021-ci ildə Ermənistanla bağlı ən böyük uğur “Picsart” startapının 1,5 milyard dollar dəyər həddini keçməsi olub. Xaricdəki erməni mütəxəssislər tərəfindən yardılmış startap Ermənistanın ilk “unicorn”una (10 il ərzində 1 milyard dollar dəyərə çatmış startap) çevrilib (Tosunyan 2021).
Ermənistanda xarici investisiya və yerli startap ekosistemi inkişaf etsə də, əsas problem bu sahəyə dövlət dəstəyinin azlığı olaraq qalır (JamNews 2025). Lakin bu istiqamət üzrə də son illərdə addımlar atılır. 2023-cü ilin sonunda Ermənistan ən müasir texnologiyalarla təchiz olunmuş ilk süni intellekt (AI) super hesablama mərkəzini işə salacağını bildirib (EU4Digital 2023). NVİDİA ilə əməkdaşlıq çərçivəsində qurulacaq mərkəz üçün dövlət büdcəsindən 8.5 milyon dollar ayrılması nəzərdə tutulub. Ermənistan bu mərkəzin Cənubi Qafqazda ilk süni intellekt hesablama mərkəzi olduğunu qeyd edib (Armenpress 2023). Həmçinin, 2021-ci ilin iyununda vurğulanıb ki, gələcəyə yönəlik süni intellekt strategiyasının hazırlanmasına ehtiyac var.
Azərbaycan. Azərbaycanda süni intellekt texnologiyaları əsasən dövlət qurumları (DİM, Asan Xidmət və s.) tərəfindən tətbiq və təşviq olunur. Çünki bu cür sistemlərin tətbiq olunduğu “data baza”lar yalnız dövlət qurumları üçün əlçatandır. Dövlət qurumları tərəfindən bir çox istiqamət üzrə süni intellektdən istifadə ilə bağlı açıqlamalar verilməsinə baxmayaraq, ortada ciddi nəticə yoxdur (Musavat 2024).“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”, “Azərkosmos”, SOCAR, RİNN və Mərkəzi Bank müxtəlif vaxtlarda süni intellekt sahəsində hansısa layihələr icra etdiklərini, data və süni intellekt ekosisteminin inkişafına dəstək verəcəklərini bildiriblər. Lakin real olaraq, ciddi işlər gözə dəymir.
Azərbaycanda süni intellekt texnologiyasının inkişaf etdirilməsi ilə dövlət sektorunda iki qurum - İqtisadiyyat Nazirliyi yanında “4SİM” və RİNN yanında “Azərbaycan Süni İntellekt Laboratoriyası” məşğul olur. Hər iki qurum data və süni intellekt sahəsində strategiyanın hazırlanacağını bildirsə də, hələlik belə layihələrlə bağlı ətraflı məlumat yoxdur (Qafqazinfo 2024). “4SİM” layihəsinin fəaliyyəti haqda veb saytlarından məlumat əldə etmək mümkün olsa da, Azərbaycan Süni İntellekt Labaratoriyasının rəsmi saytı (https://ailab.az/az/about/) demək olar ki, fəaliyyətsizdir.
Ermənistanda 2024-cü ilin sonunda süni intellekt sahəsində orta məktəb tədris proqramının birinci ili yekunlaşdığı halda, Azərbaycan orta məktəblərində süni intellektlə bağlı hər hansı dərs proqramı mövcud deyil (Yeni Çağ 2024). Buna baxmayaraq, İKT sahəsində milli təqaüd proqramı olan “Technest”, həmçinin, fərqli şirkətlər tərəfindən təşkil olunan təlimlər, hakaton və digər təşəbbüslər icra olunmaqdadır. “Technest” təqaüdlərinin 2021-2022 tədris ilində 600-dən çox, 2022-2023 tədris ilində isə 3000-dən çox şəxsə şamil edildiyi məlumdur.
Azərbaycanda 2024-cü ilin oktyabrında süni intellektin inkişafı ilə bağlı milli strategiya layihəsinin ilkin formasının hazırlandığı da bildirilmişdi (Azernews 2024). Həmin dövrdə milli süni intellekt strategiyası haqqında ətraflı məlumat verilməsə də, görüləcək işlər içərisində yaxın üç il ərzində ölkənin aparıcı universitetlərindən birində tamamilə süni intellektə yönəlmiş ən azı bir innovasiya mərkəzinin yaradılması planlaşdırılır. İqtisadiyyat nazirinin müavini ölkənin süni intellekt sektorunda 600 şirkətə dəstək verdiyini, 2040-cı ilə qədər süni intellekt sektorunda 40 milyard dollar əlavə dəyər yaratmağı hədəflədiklərini əlavə etmişdi (Report.az 2024)
Nəhayət 19 mart 2025-ci ildə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt strategiyası” təsdiq edilib (1). Strategiya bütövlükdə Azərbaycanda süni intellektin inkişafına yönəlik məqsəd və hədəflərin qeyd olunduğu ümumu məzmunlu sənəddir (Ibid.). Sənəddə mahiyyətcə yeni olsa da, süni intellekt ekosistemində dövlət mərkəzli ənənəvi yanaşmanın qorunub saxlanıldığı görünür. Dövlət yenə də maliyyələşmə mexanizmi və məlumat idarəetməsində tək subyektdir. Dövlət-özəl sektor əməkdaşlığı vurğulansa da, özəl sektorun inkişafı üçün təkliflərə yer verilməyib. Sahibkarlıq subyektləri üçün vergi və digər güzəştlərin sadəcə bir cümlə ilə “planlaşdırılacağı” bildirilib.
Mövcud şərtlərlə və praktiki addımları görmədən strategiya sənədinin səmərəliliyini qiymətləndirmək çətindir. Lakin ənənəvi yanaşma və təklif olunan vizyon artıq strategiyanın regional rəqabətə ciddi təsirlərini şübhə altına alıb.
Nəticə
Qeyd edilən amillər Azərbaycan və Ermənistanda süni intellekt ekosistemlərinin təməl fərqlərini, o cümlədən aradakı qeyri-bərabərliyi başa düşmək baxımından önəmlidir. Məlumatların təhlili göstərir ki, Azərbaycanda süni intellekt təşəbbüsləri mərkəzləşmiş dövlət tərəfindən dəstəkləndiyi və həyata keçirildiyi halda, Ermənistanda özəl şirkətlərin və startapların bu sahədə rolu aparıcıdır. Bu məqam dövlət dəstəkli fəaliyyətlərdə Azərbaycanın, qeyri-dövlət aktorlarının (özəl) fəaliyyətində isə Ermənistanın göstəricilərinin yüksək olmasına dəlalət edir. Ümumi müqayisədə Ermənistanın nəticələrinin yüksək olması desentralist yanaşmanın, hər şeyin bir əldə cəmləşdiyi mərkəzləşmiş yanaşmaya nəzərən daha uğurlu olduğunu ortaya qoyur.
Xaricdə fəaliyyət göstərən erməni startapları və xüsusi diaspora fondları Ermənistan İT sektorunun maliyyələşməsində ciddi yerə sahibdir. Bu, xarici təcrübənin ölkəyə gətirilməsi ilə yanaşı, maliyyə və infrastruktur imkanlarının şaxələnməsinə şərait yaradıb. Nəticədə Ermənistan İT sektoru ölkədəki siyasi təlatümlərin (2018), hətta müharibənin (2020) dağıdıcı nəticələrindən olduqca az təsirlənib. Azərbaycan isə xarici auditoriyada tanınan bu cür startap və fondlara malik deyil. Buna görə də bütün maliyyələşmə biristiqamətli - yalnız dövlət tərəfindən və əsasən dövlətin müəyyən etdiyi strateji istiqamətlərə (xüsusilə kibertəhlükəsizlik) yönəldilir. Dövlət üçün strateji sahələrin vaxtaşırı dəyişməsi bu sahəyə maliyyə axınının dəyişməsi risklərini yaradır. Həmçinin, data bazalara çıxış imkanları da sadəcə dövlət qurumlarına məxsusdur. Bu isə qeyri-dövlət aktorların müstəqil inkişafı üçün problemlər yaradır, desentralist yanaşmanın qarşısını alır.
Digər tərəfdən, Ermənistanda tətbiq olunan vergi güzəştləri ölkədaxili startap ekosisteminin inkişafına ciddi töhfə verib. Xüsusilə qeyri-dövlət aktorlarının fəaliyyətini genişləndirmək baxımından bu addımlar çox əlverişli olub. Təklif olunan güzəştlərlə çoxşaxəli maliyyə mənbələrinə malik startapların inkişafı təmin edilib. Azərbaycanda isə vergi güzəştlərinin elan olunması və icrası prosesi xeyli gecikib. Nəticədə ölkədə qeyri-dövlət aktorlarının inkişafı üçün münbit şərtlər tam olaraq formalaşmayıb.
Ən son tətbiq olunan vergi güzəştləri daxili startapları yox, məhz xarici şirkət və mütəxəssisləri cəlb etmək məqsədilə edilib. Gürcüstandakı oxşar nümunə bu yanaşmanın xarici investorları cəlb etməkdə uğurlu, ölkənin startap ekosisteminin inkişafında və yeni startapların formalaşmasında isə uğursuz olduğunu göstərir. Azərbaycanda siyasi rejimin sərtləşməsi və iqtisadi azadlığın ildən ilə daha da məhdudlaşması bu addımların da səmərəlililiyini sual altında qoyub. Son illər tətbiq olunan vergi güzəştləri, həmçinin, İT təhsili və xarici əməkdaşlığın inkişaf etdirilməsi gələcək üçün gözləntilər yaratsa da, ciddi siyasi dəyişikliklərlə dəstəklənmədiyi müddətcə onların nə dərəcədə uğurlu olacağı bəlli deyil. Çünki qeyri-dövlət aktorlarının inkişaf etməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsi ilk növbədə iqtisadi azadlıq mühiti ilə əlaqəlidir.
Son qeydlər:
President of the Republic of Azerbaijan - Official Website. 2025. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası.” President.az, March 19, 2025. https://static.president.az/upload/Files/2025/03/19/5a0fb1886a7316cb1b95458f366c1bd6_3415396.pdf
İstinadlar:
AKTA. 2023. “Ölkəmizin İKT sektoru üçün yeni güzəştlər təsdiq edilmişdir.” AKTA, January 9, 2023. https://akta.az/en/news/oelkemizin-ikt-sektoru-uecuen-yeni-guezestler-tesdiq-edilmisdir
APA. 2021. “Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb.” Apa.az, May 21, 2021. https://apa.az/az/xeber/sahibkarliq/azerbaycanda-startap-sehadetnamelerinin-verilmesine-baslanilib-644122
Aratera PA. 2024. “AI Strategies in Central Asia, South Caucasus & Mongolia.” Aratera PA, December 10, 2024. https://areterapa.com/insight_20241210
Armenpress. 2023. “Armenia to have first AI supercomputing center in the region.” Armenpress, November 30, 2023. https://armenpress.am/en/article/1125243
Avetisyan, Ani. 2022. “Big Talk, Fast Growth But Still Early Stage: Armenia’s Tech Industry.” EVN Report, April 28, 2022. https://evnreport.com/creative-tech/big-talk-fast-growth-but-still-early-stage-armenias-tech-industry/
AzadlıqRadiosu. 2022. “Azərbaycan IT sektorunda ciddi vergi güzəştlərinə hazırlaşır.” AzadlıqRadiosu, December 23, 2022. https://www.azadliq.org/a/informasiya-texnologiyalari-guzest/32190349.html
Azerbaijan24. 2024. “Russian companies embark on massive expansion to ‘friendly’ countries.” Azerbaijan24.com, February 27, 2024. https://www.azerbaycan24.com/en/russian-companies-embark-on-massive-expansion-to-friendly-countries/
Azernews. 2024. “Azerbaijan announces draft strategy for artificial intelligence development.” Azernews.az, October 10, 2024. https://www.azernews.az/business/232395.html
Trend.az. 2019. “Azerbaijan leading in Global Artificial Intelligence Readiness Index in region.” En.trend.az, September 24, 2019. https://en.trend.az/business/it/3123204.html
EU4Digital. 2023. “Armenia’s first AI supercomputing centre expected to boost technological advances.” EU4Digital, December 4, 2023. https://eufordigital.eu/armenias-first-ai-supercomputing-centre-expected-to-boost-technological-advances/
EU4Digital. 2024. “Armenia’s ‘Generation AI’ programme marks a successful first year.” EU4Digital, July 9, 2024. https://eufordigital.eu/armenias-generation-ai-programme-marks-a-successful-first-year/
Fast Foundation. 2023. “Advance Armenia Global Campaign.” Fast Foundation, 2023. https://fast.foundation/en/program/6786/2023/general-information
“Global Index on Responsible AI 2024 Corrected Edition.” 2024. https://girai-report-2024-corrected-edition.tiiny.site/.
“Government Artificial Intelligence Readiness Index 2019.” 2019. Accessed May 2, 2025. https://ec.europa.eu/futurium/en/system/files/ged/ai_readiness_index_2019__0.pdf.
Heritage Foundation. 2024. “Index of Economic Freedom.” Heritage Foundation, 2024. https://www.heritage.org/index/pages/report
International Telecommunication Union. 2023. “Digital innovation profile: Georgia.” International Telecommunication Union, 2023. https://www.itu.int/dms_pub/itu-d/opb/inno/D-INNO-PROFILE.GEORGIA-2023-PDF-E.pdf
International Trade Administration. 2023. “Information and Telecommunication Technology.” International Trade Administration, November 29, 2023. https://www.trade.gov/country-commercial-guides/armenia-information-and-telecommunication-technology
ISPI. 2023. “How Russian Migration Fuels Armenia’s IT Sector Growth.” ISPI, November 6, 2023. https://www.ispionline.it/en/publication/how-russian-migration-fuels-armenias-it-sector-growth-151311
JamNews. 2025. “Armenia faces choice: lead or follow others – IT specialist.” JamNews, January 27, 2025. https://jam-news.net/armenia-faces-choice-lead-from-front-or-follow-others-it-specialist/
Lusha.com. 2024. “Top Software development companies in Armenia.” Lusha.com, 2024. https://www.lusha.com/company-search/software-development/021d3a8f4f/armenia/219/
Meljumyan, Ani. 2022. “Armenia’s tech industry: Promise fulfilled?” Eurasianet, February 16, 2022. https://eurasianet.org/armenias-tech-industry-promise-fulfilled
Musavat. 2024. “Azərbaycanda süni intellekt həlli hazırlamaq mümkünsüzdür, çünki... – DETALLAR.” Musavat.ru, April 23, 2024. https://musavat.ru/news/azerbaycanda-suni-intellekt-helli-hazirlamaq-mumkunsuzdur-cunki-detallar_1063418.html
Nazirlər Kabineti. 2021. “Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə.” E-Qanun, January 29, 2021. https://e-qanun.az/framework/46782
Outpost Eurasia. 2024. “CCA: AI Ambitions and Realities.” Outpost Eurasia, August 9, 2024. https://outposteurasia.com/insights/tpost/p4zfdtx341-cca-ai-ambitions-and-realities
Oxford Insight. 2024. “Government AI Readiness Index 2024.” Oxford Insight, 2024. https://oxfordinsights.com/ai-readiness/ai-readiness-index/
Qafqazinfo.az. 2024. “Hansı qurumlar süni intellektdən istifadə edir?” Qafqazinfo.az, February 13, 2024. https://qafqazinfo.az/news/detail/hansi-qurumlar-suni-intellektden-istifade-edir-427028
Report.az. 2024. “Azerbaijan aims for $40 billion in added value in AI by 2040.” Report.az, December 6, 2024. https://report.az/en/ict/azerbaijan-aims-for-40-billion-in-added-value-in-ai-by-2040/
Schjelderup, Leigha. 2022. “The (Unrealized) Imperative of AI in Armenia.” EVN Report, August 18, 2022. https://evnreport.com/creative-tech/the-unrealized-imperative-of-ai-in-armenia/
Shepard, Wade. 2020. “Welcome To The World’s Next Tech Hub: Armenia.” Forbes, February 2, 2020. https://www.forbes.com/sites/wadeshepard/2020/01/31/welcome-to-the-worlds-next-tech-hub-armenia/
Startup Blink. 2024. “Startup Ecosystem Report 2024.” Startup Blink, 2024. https://www.startupblink.com/startupecosystemreport
startup.az. 2024. “Startaplar.” startup.az, 2024. https://www.startup.az/startup.html
Taxes.gov.az. 2023. “Texnologiya parklarının rezidentləri.” Taxes.gov.az, 2023. https://www.taxes.gov.az/uploads/2023/bukletler/3.6.pdf
Technest.az. 2024. “Technest təqaüd proqramı.” Technest.az, 2024. https://technest.idda.az/az
Tortoise Media. 2024. “The Global AI Index.” Tortoise Media, 2024. https://www.tortoisemedia.com/intelligence/global-ai
Tosunyan, Syuzan. 2021. “Unicorns Spotted in Armenia.” EVN Report, October 4, 2021. https://evnreport.com/creative-tech/unicorns-spotted-in-armenia-2/
Tumo 2021. “TUMO Announces $60 Million ‘TUMO Armenia’ Campaign To Extend Its Learning Network Nationwide.” Tumo.org, September 18, 2021. https://tumo.org/tumo-announces-60-million-campaign/
Tumo 2024. “What is Tumo?” Tumo.org, 2024. https://tumo.org/whatistumo/
UNCTAD. 2024. “Bilateral trade flows by ICT goods categories, annual.” UNCTAD, November 24, 2024. https://unctadstat.unctad.org/datacentre/dataviewer/US.IctGoodsValue
World Bank. 2023. “High-technology exports.” World Bank, 2023. https://data.worldbank.org/indicator/TX.VAL.TECH.CD
World Intellectual Property Organization (WIPO). 2024. “Azerbaijan ranking in the Global Innovation Index 2024.” World Intellectual Property Organization (WIPO), 2024. https://www.wipo.int/gii-ranking/en/azerbaijan
Xeberler.az. 2025. “Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?” Xeberler.az, January 17, 2025. https://xeberler.az/new/details/osman-gunduz:-olkede-suni-intellekt-sahesinde-veziyyet-necedir--33820.htm
Yeni Çağ. 2024. “Süni intellektin imkanlarından orta və ali məktəblərdə necə istifadə olunur?” Yeni Çağ, September 16, 2024. https://yenicag.az/suni-intellektin-imkanlarindan-orta-ve-ali-mekteblerde-nece-istifade-olunur/embed
İnnovasiya və Rəqəmsəl İnkişaf Agentliyi. 2024. “Texnopark rezidentlərinin siyahısı.” İnnovasiya və Rəqəmsəl İnkişaf Agentliyi, 2024. https://www.idda.az/texnopark/az/
Строителева, Мария. 2024. “Все те же юрлица: бизнес из РФ открыл 11 тыс. филиалов в дружественных странах.” Известия, February 26, 2024. https://iz.ru/1654509/mariia-stroiteleva/vse-te-zhe-iurlitca-biznes-iz-rf-otkryl-11-tys-filialov-v-druzhestvennykh-stranakh