Giriş
2025-ci il Rumıniya prezident seçkiləri yalnız bir ölkənin siyasi rəhbərliyində dəyişiklik demək deyil; bu hadisə həm də Şərqi Avropa və Avropa İttifaqı üçün daha geniş miqyasda ideoloji və geosiyasi çarpazlıqları təcəssüm etdirən simvolik bir mərhələ kimi dəyərləndirilir. Seçkilər, demokratiya ilə avtoritar meyilli populizm arasında gedən daha geniş mübarizənin bir hissəsi olaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi maraq doğurdu. Avropa İttifaqının üzvü və NATO-nun strateji tərəfdaşı olan Rumıniya, Rusiya ilə Qərb arasında davam edən gərginlik fonunda qərbyönlü və demokratik qüvvələrin möhkəmlənməsi baxımından həlledici rol oynayır.
Seçki yarışı xüsusilə iki namizəd arasında kəskin şəkildə qütbləşdi: bir tərəfdə Avropa yönlü və islahatçı mövqeyi ilə tanınan Nikuşor Dan, digər tərəfdə isə radikal sağçı, populist və millətçi ritorikası ilə seçilən George Simon. Bu qarşıdurma təkcə ideoloji fərqləri deyil, həm də cəmiyyətin dərin sosial və iqtisadi parçalanmalarını, populizmin yüksəlişini və sistemə olan inamsızlığı ortaya qoyurdu.
Khar Centerin bu analizində 2025-ci il prezident seçkilərinin Rumıniya cəmiyyətində və siyasi sistemində hansı transformativ təsirləri yaratdığını təhlil edilməklə yanaşı, seçkilərin nəticələrinin Avropa İttifaqı, NATO və daha geniş beynəlxalq nizam üçün nə mənaya gəldiyini də araşdırılacaq. Eyni zamanda populizmin yüksəlişi, vətəndaşların siyasi qütbləşməsi və qarşıdakı çağırışlar kimi məsələlər də geniş şəkildə təhlil olunacaq. Rumıniya nümunəsi üzərindən Şərqi Avropada demokratiyanın davamlılığı, institutların dayanıqlılığı və qlobal siyasi sabitlik üçün dərs çıxarılacaq məqamlar işıqlandırılacaq.
Kontekst: Gərgin Seçki Tarixi
2025-ci il seçkiləri, 2024-cü ilin sonunda keçirilmiş və ilkin olaraq sağçı namizəd Kalin Georgescu-nun qalib elan edildiyi, lakin daha sonra xarici müdaxilə ittihamları səbəbilə ləğv olunan seçkilərdən sonra baş tutdu. Xüsusilə Rusiya mənşəli media və kiber əməliyyatlarla əlaqələndirilən bu müdaxilələr nəticəsində ölkədə geniş etirazlar baş verdi və məhkəmə orqanları məsələyə müdaxilə etdi. Yeni seçkilər Rumıniya vətəndaşları üçün yalnız prezident seçmək deyil, həm də demokratik sistemlərinə olan inamlarını yenidən təsdiqləmək imkanı idi.
2025-ci ilin 18 may tarixində keçirilən ikinci turda, Buxarestin keçmiş meri Nikuşor Dan, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və Avropa İttifaqına inteqrasiya yönümlü platforması ilə seçicilərin rəğbətini qazandı. Onun rəqibi Corc Simon isə AUR (Rumıniyanın Birliyi Uğrunda Alyans) partiyasının lideri olaraq anti-immiqrasiya, Avropa İttifaqına qarşı mövqe və Donald Tramp üslublu ritorika ilə çıxış etdi. Dan təxminən 54%, Simon isə 46% səs topladı (Reuters 2025).
Ruminiyada Populizmin yüksəlişi və Qütbləşmə
Simonun yüksəlişi Avropada populist hərəkatların artan cazibəsinin bariz nümunəsidir. Onun kampaniyası anti-establişment ritorikası, dezinformasiya taktikaları və milli kimliyə müraciətlərlə müşayiət olunurdu. Bu seçkilər Rumıniyada populizmin ciddi şəkildə gücləndiyini, lakin hələlik cəmiyyətin tam şəkildə bu ideologiyaya təslim olmadığını göstərdi. George Simon və onun liderlik etdiyi AUR partiyası, populist siyasi ritorika ilə seçicilərin geniş bir təbəqəsinin diqqətini çəkdi. Simonun seçki kampaniyası, milli suverenlik, anti-elita ritorikası və “xalqın iradəsi” anlayışlarını mərkəzə alaraq tipik sağ populist xətt üzərində qurulmuşdu. Lakin onun məğlubiyyəti göstərdi ki, Rumıniya seçicilərinin əksəriyyəti hələki populizmə skeptik yanaşır (AP News 2025).
Populizmin Rumıniyada yüksəlişi təkcə ideoloji bir hadisə deyil, dərin sosial və iqtisadi səbəblərlə əlaqəlidir. İllərlə davam edən korrupsiya, institusional zəiflik və sosial bərabərsizlik əhali arasında mərkəzi hakimiyyətə qarşı inamsızlıq yaratmışdır (Transparency International 2024). Bu şəraitdə populist siyasətçilər “xalqın səsini eşidən yeganə liderlər” olaraq çıxış edərək, özlərini qurulu sistemə alternativ kimi təqdim edə bildilər (Robert Schuman Foundation 2024).
Simonun ritorikası, anti elita yanaşması, əcnəbi düşmənçiliyi və milli kimliyin qorunması ideyalarına əsaslanırdı. O, xüsusilə kənd ərazilərində və urbanizasiyanın zəif olduğu bölgələrdə böyük dəstək qazandı. Bu bölgələrdə seçicilər özlərini sosial və siyasi olaraq təcrid olunmuş hiss edir və belə liderləri “özlərindən biri” kimi qəbul edirdilər.
Populist kampaniyanın effektivliyində sosial media və alternativ informasiya kanalları mühüm rol oynadı. Simon və tərəfdarları tez-tez rəsmi media orqanlarını “sistemə xidmət edən yalan maşınları” adlandırırdılar və bunun əvəzində “doğru xəbəri” yalnız öz platformalarından yaydıqlarını iddia edirdilər. Bu strategiya, xüsusilə gənclər və siyasi məyusluq içində olan qruplar arasında rezonans doğurdu.
Eyni zamanda, dezinformasiya və manipulyativ informasiya alətləri seçkiqabağı mühitin qütbləşməsində böyük rol oynadı. Sosial mediada yayılan yalan məlumatlar, ictimai diskursu daha da aqressivləşdirdi və seçicilər arasında “biz və onlar” münasibətini dərinləşdirdi.
Populizmin yüksəlişi, Rumıniyada demokratik institutlara olan inamı sarsıtmaq potensialına malik idi. Simon seçkinin nəticələrini əvvəlcədən şübhə altına aldı və məğlubiyyətini qəbul etməyə tələsmədi. Bu cür davranış, hüquqi və seçki sistemlərinə qarşı birbaşa hücum idi. Əgər seçkilərin legitimliyi şübhə altına alınarsa, bu, vətəndaşların demokratik proseslərə inamını sarsıda bilər ( The Guardian 2025).
Cəmiyyət daxilində qütbləşmə
Simonun və AUR-un ritorikası, Rumıniya cəmiyyətini kəskin şəkildə iki qütbə ayırdı: bir tərəfdə liberal-demokratik dəyərlərə sadiq olan və Avropa İttifaqı ilə yaxın münasibətləri dəstəkləyənlər, digər tərəfdə isə milli suverenliyi, konservativ dəyərləri və "xaricilərə qarşı qoruma" siyasətini üstün tutanlar. Bu sosial qütbləşmə ailə daxilində, dost çevrələrində və iş yerlərində belə hiss edilirdi. Seçkilər zamanı və sonrasında sosial mediada və küçə mitinqlərində artan aqressivlik bu parçalanmanın dərinliyini nümayiş etdirdi.
Ümumiləşdirmiş olsaq, populizmin Rumıniyada yüksəlişi ani bir proses deyil, illərlə yığılan sosial, iqtisadi və institusional problemlərin nəticəsidir. George Simonun seçkilərdə yüksək səslə çıxış etməsi, əhalinin mühüm bir hissəsinin sistemə qarşı ciddi narazılıq daşıdığını göstərir. Lakin bu narazılığın populizmə yönəlməsi, ölkənin demokratik gələcəyi üçün potensial risklər doğurur. Hazırda populizm məğlub edilsə də, onun kökləri dərin qalır. Əgər yeni prezident və hökumət bu narazılıqları effektiv şəkildə aradan qaldıra bilməzsə, bu ideologiya gələcəkdə daha da güclənə bilər (Politico Europe 2025).
Seçkinin Qlobal Təsirləri
18 may seçkilərinin nəticələri yalnız Rumıniyanın daxili siyasi xəritəsini dəyişmək üçün deyil, həm də Avropada və beynəlxalq arenada müsbət balansın qorunması üçün mühüm əhəmiyyət daşıyır (European Council on Foreign Relations 2025). Nikuşor Danın qələbəsi ilə Avropa İttifaqı və Qərb tərəfdaşları bir “siyasi rahatlıq nəfəsi” aldı. Corc Simonun qalib gələcəyi təqdirdə Avropa ilə münasibətlərin ciddi şəkildə pisləşəcəyi, Rusiyanın təsir imkanlarının artacağı və Rumıniyanın NATO daxilində etibarlılığının sual altına düşəcəyi ehtimalları geniş şəkildə müzakirə edilirdi (European Council on Foreign Relations 2025).
Rumıniya 2007-ci ildən Aİ üzvüdür və Şengen zonasına daxil olmasa da, Şərqi Avropada Avropa dəyərlərinin qorunması üçün strateji rol oynayır. Danın qalibiyyəti Aİ üçün sadəcə bir siyasi uğur deyil, həm də daha dərin bir simvolik məna daşıyırdı: Rumıniya, Macarıstan və Polşa kimi avtoritar yönü güclənmiş ölkələrin əksi istiqamətində hərəkət edərək, Aİ-nin demokratik normalarını qorumaq iradəsi nümayiş etdirdi. Brüssel, Berlin və Paris kimi əsas Avropa paytaxtlarında bu nəticə “demokratiyanın qalibiyyəti” kimi qarşılandı.
Aİ, xüsusilə xarici müdaxilələrə qarşı mübarizə və hüquq üstünlüyü prinsipləri çərçivəsində Rumıniyanın yeni rəhbərliyi ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Bu, həm də Avropa səviyyəsində populist dalğaya qarşı göstərilən simvolik müqavimət kimi qiymətləndirilir.
Rumıniya NATO-nun şərq cinahında yerləşən və Ukrayna ilə həmsərhəd olan bir ölkə kimi, Qərb təhlükəsizlik arxitekturasında əhəmiyyətli strateji mövqeyə malikdir. Corc Simonun Rusiyaya qarşı yumşaq ritorikası və Avropa institutlarına qarşı skeptik münasibəti, Rumıniyanın alyans daxilindəki etibarlılığı ilə bağlı suallar doğurmuşdu. Əgər o seçilsəydi, Rumıniya daxilində Qərb təhlükəsizlik siyasətinə qarşı müqavimət güclənə bilərdi.
Nikuşor Dan isə həm NATO ilə əməkdaşlığa, həm də Ukraynaya dəstəyin davamına sadiqliyini açıqladı. Bu mövqe, Şərqi Avropada Rusiyanın təsir dairəsinin genişlənməsinin qarşısını almağa çalışan Qərb üçün həyati əhəmiyyət daşıyır. Rumıniyanın Qara dənizdəki mövqeyi və regional enerji infrastrukturlarındakı rolu, ölkəni NATO və Aİ üçün sadəcə siyasi müttəfiq deyil, həm də strateji dayağa çevirir.
Enerji təhlükəsizliyi və geoiqtisadi çalarlar
Rumıniya, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi məsələsində də mühüm rola malikdir. Qara dənizdəki qaz ehtiyatları və alternativ enerji layihələri, ölkəni Rusiya qazından asılı olan Avropa ölkələri üçün potensial enerji qovşağına çevirir. Simonun qalib gələcəyi halda, Rumıniya-Rusiya enerji əlaqələrinin istiləşəcəyi ilə bağlı narahatlıqlar vardı. Danın isə Qərblə enerji inteqrasiyasını və alternativ mənbələrin inkişafını dəstəkləməsi, Aİ-nin enerji siyasəti ilə də uyğunluq təşkil edir (Transatlantic Policy Center 2024).
Qlobal diplomatik siqnal
Rumıniyadakı seçkilərin nəticəsi, populizmə qarşı beynəlxalq miqyasda verilmiş mühüm bir siqnal oldu. Son illərdə demokratik sistemlərə təhdid yaradan populist liderlərin (məsələn, Donald Trump, Tayyib Ərdoğan və Viktor Orban kimi) yüksəlişi, qlobal siyasətdə liberal dəyərlərin zəiflədiyini göstərirdi. Lakin Rumıniyada sağ populist bir namizədin məğlub olması, dünyanın digər demokratik ölkələrində də vətəndaşların hələ də sistem daxilində dəyişiklik arzusunda olduğunu sübut etdi.
Beynəlxalq media və siyasət dairələri seçkinin nəticələrini xüsusilə diqqətlə izlədi. The Guardian, Le Monde və New York Times kimi nəşrlər, Danın qələbəsini “Qərb demokratiyaları üçün strateji döngə nöqtəsi” kimi şərh etdilər (Le Monde 2025).
Qarşıdakı Çağırışlar
Seçkidəki uğuruna baxmayaraq, Dan ciddi idarəetmə çətinlikləri ilə üzləşəcək. 2024-cü ilin dekabrında keçirilmiş parlament seçkilərində səs çoxluğu əldə olunmadı. Sosial Demokrat Partiyası (PSD) ən yüksək səslə (21.96%) birinci yeri tutdu, AUR isə 18.01% səslə ikinci oldu (Robert Schuman Foundation 2024). Bu parçalanmış mənzərə Dan üçün koalisiya hökumətinin qurulmasını çətinləşdirir və islahatların həyata keçirilməsində maneələr yarada bilər. Əgər iqtisadi və sosial sahələrdə uğursuzluqlar baş versə, populizmin yenidən güclənməsi ehtimalı qalır.
Nikuşor Danın 2025-ci il prezident seçkilərində qalib gəlməsi Rumıniyada demokratiya üçün mühüm dönüş nöqtəsi olsa da, bu qələbə ilə bütün problemlər həll olunmuş deyil. Əksinə, qarşıdakı dövrdə ölkə bir sıra mürəkkəb çağırışlarla üzləşəcək. Həm daxili idarəetmə sahəsində, həm də beynəlxalq əlaqələr müstəvisində Rumıniyanın yeni rəhbərliyindən ciddi və çevik yanaşmalar tələb olunur.
1. Populizmin qalıcı təsirləri və siyasi qütbləşmə
George Simon və AUR partiyasının seçkilərdə yüksək səs toplaması, Rumıniyada əhalinin mühüm bir hissəsinin sistemdən narazı olduğunu göstərdi. Seçki məğlubiyyəti bu narazılığı birdəfəlik aradan qaldırmır. Populist ritorika – “xalq” və “elita” arasında süni bölünmə – cəmiyyətdə qütbləşməni dərinləşdirib və bu parçalanma seçkidən sonra da qalır. Yeni prezident bu siyasi və sosial gərginliyi azaltmaq, dialoqa əsaslanan yeni bir birlik platforması qurmaq məcburiyyətindədir.
Bu həm də institusional inamın bərpasını tələb edir. Seçki prosesinə inamı gücləndirmək, dezinformasiyaya qarşı effektiv mübarizə strategiyaları hazırlamaq və vətəndaş cəmiyyətinin gücləndirilməsi prioritet olmalıdır.
2. İqtisadi və sosial bərabərsizlik
Rumıniya iqtisadi göstəriciləri artım nümayiş etdirsə də, bu inkişaf bərabər şəkildə bölgələrə yayılmayıb. Xüsusilə kənd əraziləri, Moldovya bölgəsi və az inkişaf etmiş şəhərlər sosial-iqtisadi cəhətdən geridə qalır. Bu bölgələr eyni zamanda populist siyasətin ən çox dəstək qazandığı sahələrdir. Yeni rəhbərlik regional inkişaf fondlarını ədalətli şəkildə bölüşdürməli, kənd təsərrüfatı, səhiyyə və təhsil sahəsində islahatlara xüsusi diqqət ayırmalı olacaq.
Əmək miqrasiyası da sosial sabitlik üçün təhlükədir. Gənc və ixtisaslı kadrların Qərbi Avropaya köçü ölkədə işçi qüvvəsinin və innovasiya potensialının azalmasına səbəb olur. (World Bank 2025). Dan hökumətinin vətənə dönüş üçün təşviq proqramları, yerli iş bazarının gücləndirilməsi və startap mədəniyyətinin təşviqi sahəsində konkret addımlar atması vacibdir.
Gənclər arasında da siyasi apatiya və ya radikal seçimlərə meyl artmaqdadır. Bu, həm təhsildəki keyfiyyət fərqləri, həm də sosial mediada yayılan dezinformasiyaya qarşı zəif müqavimətlə əlaqəlidir. Yeni dövrdə informasiya savadlılığının artırılması, gənclərin siyasi proseslərə daha fəal cəlb olunması və digital təhlükəsizlik strategiyalarının hazırlanması dövlət üçün əsas prioritetlərdən biri olmalıdır.
3. İnstitusional islahatlar və korrupsiyaya qarşı mübarizə
Rumıniya uzun illər Avropa İttifaqı tərəfindən korrupsiyaya görə tənqid olunub. Əvvəlki hökumətlərin şəffaflıq sahəsində atdığı addımlara baxmayaraq, məhkəmə sistemi və inzibati idarəçilikdə hələ də ciddi boşluqlar mövcuddur. Bu problemlər təkcə vətəndaşların hüquq sisteminə olan inamını sarsıtmır, həm də xarici investorların ölkəyə marağını azaldır.
Yeni prezidentin məqsədi müstəqil məhkəmə sistemini gücləndirmək, antikorrupsiya institutlarını siyasi təsirdən azad etmək və ictimai idarəetmədə peşəkarlıq səviyyəsini artırmaq olmalıdır. Əks halda, demokratiyanın möhkəmləndirilməsi yalnız simvolik qalacaq.
4. Beynəlxalq münasibətlər və geosiyasi tarazlıq
Ukraynadakı müharibə, Rusiya ilə Qərb arasındakı gərginlik və enerji təhlükəsizliyi Rumıniya üçün regional səviyyədə ciddi təzyiqlər yaradır. Bu çətin geosiyasi vəziyyətdə Rumıniya həm NATO çərçivəsində, həm də Aİ daxilində öz mövqeyini daha da gücləndirməlidir.
Bununla yanaşı, Rumıniya regional liderliyə iddialı olmaq istəyirsə, Qara dəniz təhlükəsizliyi, Moldova ilə münasibətlər və Balkanlarda sabitliyin təmin olunmasında daha fəal rol oynamalıdır. (Balkan Insight 2024). Yeni prezidentin xarici siyasət kursu həm təhlükəsizliyi təmin etməli, həm də ölkənin enerji və nəqliyyat layihələrində mühüm tranzit rolu oynadığını təsdiqləməlidir.
Nəticə
2025-ci il Rumıniya prezident seçkiləri sadəcə bir siyasi yarış deyil, ölkənin demokratik kimliyi və Avropada yerini təsdiqləmək üçün verilmiş bir qərardır. Nikuşor Danın qələbəsi Şərqi Avropada liberal demokratiyanın yaşamaq qabiliyyətinə ümid verdi. Lakin Corc Simonun topladığı səslər və populist ritorikanın geniş rezonans doğurması, demokratik institutların nə qədər kövrək olduğunu göstərdi. Rumıniya bu gün tarixi bir yolayrıcındadır və atacağı növbəti addımlar təkcə ölkənin gələcəyini deyil, bütün Avropa demokratiyasının istiqamətinə də təsir edə bilər.
Bu seçki Avropa və dünya üçün təkcə bir ölkənin daxili məsələsi deyil, daha geniş ideoloji və geosiyasi mübarizənin hissəsidir. Nikuşor Danın qalibiyyəti ilə Avropa İttifaqı və NATO, Şərqi Avropada demokratik və Qərbyönlü kursun davam edəcəyinə dair mühüm bir zəmanət əldə etdilər. Bu seçki, populizm və avtoritarizmə qarşı beynəlxalq səviyyədə verilən bir reaksiya kimi də tarixə düşə bilər. Lakin bu zəfərin davamlı olması üçün yeni hökumətin həm daxili islahatlarda, həm də xarici siyasətdə ardıcıl və effektiv fəaliyyət göstərməsi zəruridir. Demokratiya uğrunda mühüm bir zəfər qazanılsa da, bu qələbənin davamlı olması üçün qarşıdakı çağırışlara ciddi şəkildə yanaşılmalıdır. Siyasi qütbləşmənin yumşaldılması, klassik insan haqqlarının prioritetləşdirilməsi, sosial-iqtisadi bərabərliyin təmin olunması, hüquqi islahatların sürətləndirilməsi və beynəlxalq müttəfiqlərlə əlaqələrin gücləndirilməsi yeni prezident üçün sınaq olacaq.
İstinadlar siyahısı
AP News. 2025. “Pro-EU Centrist Wins Romania's Tense Presidential Race over Hard-Right Nationalist.” AP News, May 18, 2025. https://apnews.com/article/6408339a1a9d310bcc540c75b1d110f9.
Balkan Insight. 2024. “Balkan Insight in 2024: The Stories That Mattered Most.” Balkan Insight, December 31, 2024. https://balkaninsight.com/2024/12/31/balkan-insight-in-2024-the-stories-that-mattered-most/.
European Council on Foreign Relations (ECFR). 2025. “Romania’s Strategic Role in Eastern Europe.” ECFR Briefing, January 2025. https://china-cee.eu/2024/12/31/romania-political-briefing-romanias-strategic-role-in-european-security-historical-foundations-and-contemporary-relevance/.
Le Monde. 2025. “Dan’s Victory Signals Stability in Eastern Europe.” Le Monde, May 18, 2025. https://www.theguardian.com/commentisfree/2025/may/19/the-guardian-view-on-romanias-presidential-election-upset-a-vote-for-stability-and-the-west.
Politico Europe. 2025. “Simion’s Challenge: A Populist Surge in Romania.” Politico Europe, May 16, 2025. https://www.politico.eu/article/romania-george-simion-broad-coalition/.
Reuters. 2025. “Centrist Dan Wins Romanian Presidency over Hard-Right Pro-Trump Rival.” Reuters, May 17, 2025. https://www.reuters.com/world/europe/romanians-vote-presidential-run-off-that-could-widen-eu-rifts-2025-05-17/.
Robert Schuman Foundation. 2024. “The Social Democratic Party Comes Out Ahead in Romania’s Parliamentary Elections but Far-Right Forces Make Inroads.” Robert-Schuman.eu. https://www.robert-schuman.eu/en/monitor/6404.
The Guardian. 2025. “The Guardian view on Romania’s presidential election upset: a vote for stability and the west.” The Guardian, May 17, 2025. https://www.theguardian.com/commentisfree/2025/may/19/the-guardian-view-on-romanias-presidential-election-upset-a-vote-for-stability-and-the-west.
Transparency International. 2024. “Corruption Perceptions Index: Romania 2024.” Transparency.org, 2024. https://www.transparency.org/en/cpi/2024/index/romania.
Transatlantic Policy Center. 2024. “Energy Security in the Black Sea: Benefits of Romania-Bulgaria-Türkiye Cooperation.” http://transatlanticpolicy.com/article/1266/energy-security-in-the-black-sea-benefits-of-romania-bulgaria-turkiye-cooperation.
World Bank. 2025. “Romania Economic Update – Spring 2025.” World Bank Publications, April 2025. https://documents.worldbank.org/pt/publication/documents-reports/documentdetail/099437204222521218.