Giriş
Bu analitik yazı 2025-ci il 26 Noyabr Bolqarıstanda təqdim olunan büdcə layihəsinə etiraz olaraq başlayan kütləvi hərəkat, bu hərəkatı doğuran amillər və onun motivlərindən bəhs edir. “Donuzları yemləməyin!” (Bol. - "Не храни прасето с твоите пари") şüarı ilə geniş kütlələrə çıxmış etiraz aksiyası, həm son dövrlərdə Belarus, Gürcüstan, Serbiya, Filippin, Myanmar nümunələrində kütləvi etirazların hakimiyyəti dəyişə bilməyəcəyinə dair formalaşan pessimistik inancı yerindən tərpətdi, həm də vahid mərkəzləşmə olmadan belə uğurun mümkün ola biləcəyini göstərdi. Etirazlar həmçinin “Z” nəslinin aktiv iştirakı və liderliyi və vətəndaşlar arasında etnik həmrəyliyin müşahidə olunması ilə yadda qaldı.
Analizin məqsədi 26 Noyabrda başlamış və çox qısa zamanda, artıq 11 Dekabrda hökümətin istefaya getməsinə nail olmuş Bolqarıstan etirazlarının gedişat və motivlərini deskriptiv şəkildə təsvir etməkdir. Analiz aşağıdakı sualı cavablamağı hədəfləyir:
2025-ci il Bolqarıstan etirazlarının tələbləri və doğurduğu ilkin nəticələr nədən ibarətdir?
Yazı “Dəyişən hökümətlər, dəyişməyən parametrlər…” başlığı altında olan bölmədə etirazlara aparan faktor kimi Bolqarıstanın sistemli korrupsiyasını və vətəndaşların dövlət institutlarına inamının sarsılmasını, “Etiraz və onun motivləri” başlığı altında olan bölmədə etirazın gedişatını, motivlərini və gəldiyi nəticələri, “Etirazın Simvolikası, “Z” Nəsli və Etnik Həmrəylik” başlığı altında olan bölmədə isə onu fərqli edən amilləri təsvir edir.
Dəyişən hökümətlər, dəyişməyən parametrlər…
Avropa İttifaqı və NATO üzvü olan Bolqarıstan uzun illərdir mürəkkəb bir transformasiya yaşayır. 1 Yanvar 2025-ci il tarixindən etibarən bütün kriteriyalar üzrə bütövlükdə Şengen ərazisinə daxil olmaqla ölkə digər Aİ üzvləri ilə horizontal münasibətlər saxlamaq istiqamətində mühüm bir addım atıb (Council of the European Union 2025). Buna baxmayaraq, rifah və yaxşı idaəretmə göstəriciləri baxımından vəziyyət ürəkaçan deyil. Bolqarıstan Aİ-nin ÜDM göstəricilərinə görə ən yoxsul üzvüdür (Eurostat 2025) və rəsmi korrupsiya ilə bağlı ictimai rəy səviyyəsi yüksəkdir (Basel Institute on Governance 2024). Eurostat-ın 2024-cü il üçün təqdim etdiyi statistikada görünən odur ki, Bolqarıstanın alıcılıq qüvvəsi standardları ilə təsvir olunmuş adambaşına düşən ÜDM dəyərləndirməsi Aİ-nin ortalama 100-lük şkalası üzrə 66 baldır (Eurostat 2025). Bu da, ittifaq ölkələri içində ən aşağı göstəricidir. Eyni zamanda, Bazel İdarəçilik İnstitutunun “Global Metrics”-lə birgə təşkil etdiyi ictimai sorğu korrupsiya ilə bağlı vətəndaş narazılığının yüksək və çox vektorlu olduğunu göstərir. Keçirilmiş sorğu vətəndaşların hökümətin anti-korrupsiya tədbirlərindən agah olmadıqlarını, korrupsiya faktlarını dövlət qurumlarına bildirmədiklərini, ölkənin demokratik idarəçiliyinə etimadlarını itirdiklərini bildirən patternləri üzə çıxarır (Basel Institute on Governance 2024). Habelə, 2021-2024-cü illərdə keçirilmiş 7 növbədənkənar parlament seçkisinin göstəricilərinə əsasən, seçki fəallığının aşağı düşməsini müşahidə etmək olar (Qrafik 1). Tarixlər üzrə iştirak göstəriciləri aşağıdakı kimidir (IFES Election Guide 2025):
04.04.2021: 49.1 %
11.07.2021: 40.39 %
14.11. 2021: 40.07 %
02.10.2022: 37.98 %
02.04.2023: 39.11 %
09.06.2024: 33.39 %
27.10.2024: 38.83 %
Seçki iştirakçılığının aşağı olmasını ehtimalən üç determinantla izah etmək olar: (i) az müddət aralığı ilə təkrarlanan seçkilərin nəticəsində ortaya çıxmış seçici “yorğunluğu” və (ii) geniş vüsət almış korrupsiyanın dövlət fəaliyyətlərinə qarşı yaratdığı etinasızlıq və (iii) demokratik idarəçiliyə qarşı etimadsızlığın artması. Yuxarıda sadalanan faktorlardan savayı 2025-ci ilin sonuna doğru son dörd il ərzində yeddi parlament və iki prezident seçkisinin keçirilməsi ilə ortaya çıxan siyasi qeyri-sabitlik ölkəni faktiki idarəolunmaz vəziyyətə gətirmişdi (Al Jazeera 2025; Reuters 2025). Bu vəziyyət Bolqarıstanda hökümətin istefası ilə nəticələnən kütləvi etiraz aksiyalarının arxasındakı motivasiyanı görmək üçün bir mənzərə yaradır.
Qrafik 1. 2021-2024-cü illərdə Bolqarıstanda keçirilmiş parlament seçkilərində seçicilərin iştirak faizi (Seçki Sistemləri üçün Beynəlxalq Fondun tədqiqatı əsasında).
Etiraz və onun motivləri
Kütləvi etiraz aksiyalarını əsas hədəfinin avro bazisində hazırlanmış 2026-cı il dövlət büdcəsi olduğunu demək olar. Noyabrın 26-da azlıqda olan mərkəz-sağ koalisiya hökümətinin baş naziri Rozen Jelyazkovun büdcə planını təqdim etməsindən sonra aksiyalar kütləviləşməyə başladı (Al Jazeera 2025).
Oliqarx Peevskinin dəstəyini görən, Mərkəz-sağ yönümlü GERB, Rusiyaya meyilli Bolqarıstan Sosialist Partiyası (BSP) və millətçi “Belə Xalq Var” (INT) partiyalarını ehtiva edən hakim koalisiyanın ilk günlərdə etirazları ciddiyə almadığını müşahidə etmək olardı. Demokratik Bolqarıstan Alyansının deputatı İvaylo Mirçev büdcəni “orta təbəqəyə qarşı müharibə” adlandırmasının yanısıra, GERB lideri Borisov “axşam Real Madridin oyununun olduğunu” qeyd edərək etirazlara münasibət bildirməyəcəyini dedi (Kirkov 2025). Həmin gün hər şey Real Madrid üçün yaxşı qurtardı. Yunan “Olimpiakos”u ilə səfər matçında 4:3 hesablı dramatik qələbə… Bolqarıstan höküməti üçünsə eyni şeyi deyə bilmədik… Müxalifət tərəfindən parlament binası qarşısında təşkil olunan böyük ekranlı yayım minlərlə insana cümə axşamı keçirilən gərgin iclası canlı izləmək şansı verdi. İclasın gözlənilmədən vaxtından əvvəl çağırılması, prosedura zidd şəkildə sürətlə keçirilməsi və müxalifətin təkliflərinin qarşısının alınması ictimai qəzəbi alovlandırdı. Noyabrın 27-də Borisovun baş nazirə və maliyyə nazirinə 2026-cı il büdcəsini geri çəkməyi tapşırdığı açıqladı (Kirkov 2025). İndiyədək heç vaxt qanunvericilik prosesinin bu qədər gec mərhələsində büdcə layihəsi geri götürülməmişdi… Hökümətin açıq-aşkar geri addım atmasına rəğmən, etirazlar səngimədi. Üsyan paytaxt Sofiya və digər böyük şəhərlərdə minlərlə insanın küçələrə çıxması ilə nəticələndi. Etirazlar yeni ilin büdcə layihəsinə qarşı başlasa da, tezliklə bütövlükdə sistemli korrupsiyaya, oliqarxik güc strukturlarının təsirinə doğru yönəldi və sürətli bir şəkildə ümumölkə xarakteri aldı (Politico 2025).
Bəs etirazların motivi nə idi? Korrupsiyaya qarşı tutduğu mövqeyinin kəskinləşməsi ilə mərkəz-sola meyllənən “Dəyişikliyə Davam Edirik” Partiyası, sağ liberal qüvvələrin birliyindən yaranmış “Demokratik Bolqarıstan” Alyansı, habelə vətəndaş cəmiyyəti birlikləri yeni büdcə layihəsini sərt tənqidlə qarşılamışdılar (Balkan Insight 2025a). Belə ki, hökümətin özəl sektor vergilərini qaldırmaqla dövlət işçilərinin maaşlarını artırması cəhdi müxalifət və vətəndaş cəmiyyəti tərəfindən hakimiyyətin dövlət institutlarının tərəfsizliyinə təsiri kimi dəyərləndirildi (Balkan Insight 2025b). Bundan əlavə, yeni təqdim olunan büdcəyə görə, dövlət xərcləmələrinin rekord səviyyədə, ÜDM-in 46 %-i səviyyəsində olacağı nəzərdə tutulurdu. Korrupsiya mühitində dövlət xərclərinin bu dərəcədə artırılması xərclərə nəzarət baxımından ciddi suallar doğururdu. Büdcə sosial sığorta haqlarının artırılmasını, dividend gəlirlərinə və özəl biznesə yeni vergilərin tətbiqini nəzərdə tuturdu (Al Jazeera 2025; Reuters 2025). Etirazçılar iddiasına görə, resursların bu səviyyədə dövlət sektoruna yönəldilməsi, sui-istifadə hallarını artırmaqla bərabər, ordu və polis üçün maaş artımlarının maliyyələşdirilməsinə xidmət edəcək, bununla da hökumətin dövlət institutları üzərində nəzarətini gücləndirəcəkdi. (Balkan Insight 2025a).
Uzun illər boyunca davam edən korrupsiya Bolqarıstanın Aİ ilə də münasibətlərinə də təsirsiz ötüşməmişdi. Hələ 2025-ci ilin Oktyabrında Avropa Komissiyası Bolqarıstanın Bərpa Planı çərçivəsində 152,8 milyon avronu dondurmuş, buna səbəb kimi effektiv Anti-Korrupsiya Komissiyasının yaradılmamasını və Baş Prokurorun hesabatlılığının təmin olunmamasını göstərmişdi (Novinite 2025). Bu qərar etirazçıların Bolqarıstanda məhkəmə islahatlarının dalana dirəndiyi barədə iddialarına xarici təsdiq rolunu oynadı (Novinite 2025; Reuters 2025).
Hökümətdən əlavə ictimai qəzəbin mərkəzində isə iki əsas fiqur dayanırdı: Delyan Peevski və Boyko Borisov (BBC 2025). Peevski, Rozen Jelyazkov hakimiyyətini ayaqda saxlayan əsas siyasi fiqur kimi görülürdü. “Yeni Başlanğıc” partiyasının lideri olan oliqarx daha öncə korrupsiya itihamları ilə ABŞ və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb (BBC 2025) Etirazçılar “Mafiya bayıra!” kimi şüarlar səsləndirir, onun tamahını hədəf alan satirik plakatlar qaldırırdılar (BBC 2025; Balkan Insight 2025a). Hakim GERB partiyasının lideri olan Borisov isə 2020-ci il etirazlarını xatırlayanlar üçün narazılığın əsas simalarından biri olaraq qalırdı (BBC 2025; Politico 2025).
Davam edən etiraz aksiyaları fonunda Dekabrın 2-də hökümət yeni büdcəni geri götürsə də, bu da etirazları səngitmədi. Etirazçılar artıq hökümətin tam istefasını tələb edirdilər (BBC 2025). Bir neçə həftə davam edən kütləvi etirazlar 11 dekabr 2025-ci ildə baş nazir Rozen Jelyazkovun hökumətinin istefasını elan etməsi ilə nəticələndi - planlaşdırılan etimadsızlıq səsverməsindən dəqiqələr əvvəl… (Al Jazeera 2025; BBC 2025). Televiziya çıxışında Jelyazkov “hakimiyyətin xalqa məxsus olduğunu” və cəmiyyətin gözləntilərinə cavab vermək istədiyini bildirdi (Al Jazeera 2025; BBC 2025).
İstefa vətəndaş azadlıqlarının simgəsinə çevrrilsə də, Bolqarıstanı yeni bir qeyri-müəyyənlik gözləyir… Yeni seçkilərin 2026-cı ilin əvvəlində keçiriləcəyi güman olunur (Balkan Insight 2025a). Siyasi böhrana baxmayaraq, Bolqarıstanın avronu qəbul etmə planı rəsmi olaraq qüvvədə qalır, lakin əhali arasında inflyasiya qorxuları və avronun rəsmi məzənnə elan olunmasının doğuracağı problemlərlə bağlı Rusiya dezinformasiyasının yaratdığı şübhələr kəskin olaraq qalır (BBC 2025; Politico 2025; Reuters 2025).
Etirazın Simvolikası, “Z” Nəsli və Etnik Həmrəylik
2025-ci il Bolqarıstan hərəkatı özünəməxsus simvolikası, müxtəlif etnik kimliklər arasında həmrəyliyi təmin etməsi, yeni nəslin aktiv iştirakı ilə yadda qalan oldu. “Donuzları yemləməyin!” (Bol. - "Не храни прасето с твоите пари") şüarı hərəkatın əsas şüarı idi və etirazçıların ölkəni korrupsiyaya sürükləmiş oliqarxiyanı, məxsusən də Peevskini hədəf alan donuz maskaları taxdığını görə bilərdik. Bu, verginin və Aİ subsidiyalarının oliqarxiyanı bəslədiyini, sadə xalqın isə, səfalət içində olduğunu göstərən bir simvolika idi.
Hərəkatın digər, media və ifadə azadlığını simgələyən simvolu isə “ağ fincan” olmaqdadır. Dekabrın 19-da ölkənin ən çox izlənilən televiziya kanalı olan bTV-də “Bu Səhər” adlı səhər proqramını aparan tanınmış aparıcılar Mariya Tsantsarova və Zlatimir Yoçev qəfil efirdən uzaqlaşdırıldılar (Balkan Insight 2025c). Tsantsarova sərt müsahibə üslubu ilə tanınırdı və üzərində “əsl dəyişiklik vaxtıdır” şüarı olan ağ qəhvə fincanı ilə efirə çıxmasından qısa müddət sonra verilişdən kənarlaşdırıldı. bTV rəhbərliyi bu qərarı “jurnalist etikası”nın pozulması və “qərəzsizlik” prinsiplərinə əməl olunmaması ilə izah etsə də, televiziya rəhbərliyinin bu hərəkəti etirazçılar tərəfindən birmənalı qarşılanmadı (Balkan Insight 2025c). 2020-ci ildə Rusiya yönümlü Dirçəliş Partiyası rəhbərlərinin anti-vaksin ritorikasına rəğmən özlərinin COVİD-19-a qarşı vaksinasiya olunduğu faktını ortaya çıxaran Tsantarova bir neçə ay idi ki, hədəfdə idi. Bolqarıstan Helsinki Komitəsi 2020-ci ildə onu “ilin jurnalisti” mükafatına layiq görmüşdü. Tsantarova və onun həmkarının efirdən və işdən uzaqlaşdırılması Bolqarıstan Helsinki Komitəsi, Avropa Jurnalistlər Assosiasiyasının Bolqarıstan qolu da daxil olmaqla bir sıra vətəndaş cəmiyyəti qurumu və fəalları, həmçinin onların media həmkarları tərəfindən azad medianı susdurmaq cəhdi kimi xarakterizə edilərək, sərt tənqid olundu. Tsantarova və Yovçevin verilişi aparmadığı ilk gündə aktivist Martin Atanassov yeni aparıcıya üzərində eyni yazı olan ağ fincan hədiyyə etdi (Balkan Insight 2025c).
2025-ci il Bolqarıstan hərəkatı ilə bağlı digər sayqıdəyər məqam isə Z nəslinin etirazlarda aktiv iştirakıdır. Yüksək siyasi təfəkkür və məsuliyyətlə, mərkəzləşmə olmadan təşkilatlanan Z nəsli həm sosial media şəbəkələrində, həm də meydanlarda aktiv şəkildə hərəkata qoşuldu, təşviqat apardı. Tiktok və Instagram vasitəsilə hərəkata yön verən gənclər “Z nəsli gəlir”, “Bizə qalmaq üçün səbəb verin” şüarları vasitəsilə əlverişsiz şərtlər və ölkənin gələcəyinə olan ümidsizliyə görə gənclərin artan miqrasiyasına diqqət çəkirdilər.
2025-ci il hərəkatı həm də etnik həmrəylik ilə yaddaqalan oldu. Tarixən Bolqarıstanda azlıqların təmsilçiliyi əsasən Peevskinin Hüquq və Azadlıqlar Hərəkatı (DPS) vasitəsilə həyata keçirilirdi (Balkan Insight 2025d). 2025-ci ildə bu 35 illik model sarsıldı: türk və roma azlıqları kütləvi şəkildə ümummilli etirazlara qoşuldular (Balkan Insight 2025d). Bu iştirak onların siyasi kimliklərinin Peevski kimi fiqurlarla əlaqələndirilən bir partiya ilə məhdudlaşdırılmasına açıq etiraz idi.
Nəticə
Korrupsiyalaşmış sistemə ümidini itirən çarəni seçki qutusunda tapa bilməyən Bolqarıstan vətəndaşları meydanlara yürüş etdi və hökümətin istefasına nail olmaqla yaxşı idarəetmə istiqamətində tələblərinin kəskin ifadə etmiş oldular. Belə ki, 26 Noyabr büdcə layihəsinə etirazla başlayan hərəkat çox qısa zamanda ümumölkə miqyasını aldı və höküməti istefaya göndərdi. Bu hadisə həm regional və qlobal əhəmiyyətə malikdir, həm də Bolqarıstanın gələcək idarəçiliyinə açıq mesajdır. Etirazların regional və qlobal əhəmiyyəti qazanılmış uğurun digər ölkələrdə vətəndaş azadlıqlarının təmini, etirazların uğur qazana biləcəyinə dair pozitiv bir gözlənti yarada bilməsidir. Şərtlər bərabər olmasa da, kütləvi etirazların uğur qazana biləcəyi faktı özü-özlüyündə sayqıdəyərdir. Digər tərəfdən etirazlar Bolqarıstanı əvvəlki strukturla idarə edilə bilməyəcəyinə, sistemli dəyişikliklərə ehtiyacın olduğuna dair gələcək iqtidara verilmiş açıq mesajdır.
Etirazların doğurduğu gözləntilərin necə qarşılandığı, bu gözləntilərlə necə rəftar edildiyi gələcək tədqiqatların mövzusu ola bilər.
İstinadlar:
Al Jazeera. 2025. “Bulgarian Government Resigns after Mass Protests.” Al Jazeera, December 11, 2025. https://www.aljazeera.com/news/2025/12/11/bulgarian-government-resigns-after-mass-protests.
Balkan Insight. 2025a. “Bulgaria’s Coalition Govt Collapses Unexpectedly under Protest Pressure.” Balkan Insight, December 11, 2025. https://balkaninsight.com/2025/12/11/bulgarias-coalition-govt-collapses-unexpectedly-under-protest-pressure/.
Balkan Insight. 2025b. “Major Anti-Government Protests Erupt across Bulgaria.” Balkan Insight, December 2, 2025. https://balkaninsight.com/2025/12/02/major-anti-government-protests-erupt-across-bulgaria/.
Balkan Insight. 2025c. “Leading Bulgarian TV Hosts’ Removal Amid Political Tensions Sparks Anger.” Balkan Insight, December 22, 2025. https://balkaninsight.com/2025/12/22/leading-bulgarian-tv-hosts-removal-amid-political-tensions-sparks-anger/.
Balkan Insight. 2025d. “Bulgaria’s Protests Are Challenging the Ethnic Political Party Model.” Balkan Insight, December 16, 2025. https://balkaninsight.com/2025/12/16/bulgarias-protests-are-challenging-the-ethnic-political-party-model/.
Basel Institute on Governance. 2024. “What Do Bulgarian Citizens Think about Corruption, Integrity and Anti-Corruption Efforts?” Basel Governance Blog, September 23, 2024. https://baselgovernance.org/blog/what-do-bulgarian-citizens-think-about-corruption-integrity-and-anti-corruption-efforts#:~:text=Three%20years%20after%20tens%20of,on%20an%20anti%2Dcorruption%20agenda.
BBC. 2025. “Bulgarian Government and Prime Minister Resign after Mass Protests.” BBC News, December 11, 2025. https://www.bbc.com/news/articles/cn09g640659o.
Council of the European Union. 2025. “The Schengen Area Explained.” Consilium.europa.eu. Last reviewed June 16, 2025. https://www.consilium.europa.eu/en/policies/schengen-area/.
Eurostat. 2025. “Purchasing Power Parities and GDP per Capita – Preliminary Estimate.” Statistics Explained. European Commission. March 27. https://ec.europa.eu/eurostat/statistics-explained/index.php?title=Purchasing_power_parities_and_GDP_per_capita_-_preliminary_estimate.
IFES Election Guide. 2025. “Bulgaria: Country Profile and Elections.” ElectionGuide.org. Accessed December 23, 2025. https://www.electionguide.org/countries/id/34/#:~:text=27%20%7C%20Status:%20Held-,Bulgarian%20National%20Assembly,04%2D02%20%7C%20Status:%20Held.
Kirkov, Nikola. 2025. “Don’t Feed the Pig: Bulgaria’s 2026 Eurozone Budget Uprisings Explained.” blue&yellow (ECA Maastricht), December 10, 2025. https://ecamaastricht.org/blueandyellow-zoomingin/government-affairs-the-current-political-climate-in-slovakia-part-2-dhmaj-983sx-ck4ck-cbtdr-mmpkl-kp7n6-ewxz6-rnl7x-8d4ga-t426d-nzg6t-6mf6z-8wpjn-my6ns-h3g3x#:~:text=Bulgaria's%20Budget%202026%20Proposal,(31%25%20of%20GDP).
Novinite. 2025. “EU Withholds €152 Million from Bulgaria’s Recovery Plan.” Novinite.com, December 22, 2025. https://www.novinite.com/articles/236066/EU+Withholds+%E2%82%AC152+Million+from+Bulgaria%E2%80%99s+Recovery+Plan.
Politico. 2025. “Bulgarian government collapses after weeks of mass protests” Politico.eu, December 11, 2025. https://www.politico.eu/article/bulgaria-government-collapse-resigns-pm-rosen-zhelyazkov/.
Reuters. 2025. “Thousands Rally in Bulgaria against Corruption, Call for Judicial Reform.” Reuters, December 18, 2025. https://www.reuters.com/world/thousands-rally-bulgaria-against-corruption-call-judicial-reform-2025-12-18/.