(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)
Giriş
Qonşuları Macarıstan və Slovakiyadan fərqli olaraq Çexiyanı Rusiya tərəfdarı adlandırmaq mümkün deyil. Ancaq eyni zamanda birmənalı olaraq Rusiyaya qarşı olduğunu iddia etmək də olmaz. 1968-ci ildə Sovet ordusunun “Praqa baharı”na zorakılıqla son qoyması Çexiya cəmiyyətində antisovet mövqe formalaşdırsa da, kommunist keçmişin iqtisadi “sabitlik” yaddaşı, xüsusilə yaşlı nəsildə nostalgiya ilə qarışan “sosial təminat” xatirələri və bəzi çexiyalı siyasətçilərin Rusiya “praqmatizmi” münasibətlərin xarakterini dəyişdirib.
Çexiya Ukraynaya ən çox dəstək verən ölkələr arasındadır, ancaq çexlər 2013–2023-cü illər arasında – Rusiyanın Ukraynadakı işğal siyasətinin ən kritik dövrlərində – açıqca ruspərəst mövqe nümayiş etdirən Miloş Zemanın prezidentliyində yaşayıblar (OSW, 2017). Açıq Rusiya tərəfdarı olan partiyalar parlamentdə təmsil olunur. Ölkədə çox sayda Rusiya tərəfdarı siyasətçi və biznesmen fəaliyyət göstərir. Praqadakı Rusiya səfirliyi uzun müddət Mərkəzi Avropada Kreml casusluğunun mühüm mərkəzlərindən biri rolunu oynayıb (Paliçkova, Çernoch, 2024a).
Çexiya Rusiya dezinformasiyalarına məruz qalma səviyyəsi yüksək ölkələrdəndir. Ancaq eyni zamanda dezinformasiyaya qarşı müqaviməti də ən yüksək olan ölkələrdəndir. 2022-2023-cü illərdə aparılan sorğular çexlərin yalnız 10 faizinin dezinformasiyalara və konspirasiya nəzəriyyələrinə inandığını göstərir. (DRİ, 2024a). Çexiya Rusiyanın hibrid əməliyyatlarını əsas təhdid olaraq dəyərləndirir - ölkənin Təhlükəsiz İnformasiya Xidmətinin (Bezpečnostní informační služba (BIS) ictimaiyyətə açıq hesabatında bu təhdid aydın ifadə edilib (BİS, 2023a).
Ancaq bütün bunlar onu Rusiyanın propaqanda təsirindən qorumağa kifayət etmir, hətta əksinə, Kreml təbliğat maşınının daha ciddi hədəflərindən birinə çevirir. Moskva Avropanın ən çox propaqanda araşdırma mərkəzlərindən birinə sahib olan Çexiyada ikiqat çalışır - həm ənənəvi fəaliyyətini davam etdirir, həm də bu fəaiyyətinə qarşı təhlükələri aradan qaldırmaq üçün yollar axtarır və tapır.
Analizin sualları
Çexiyada Rusiya propaqandasının əsas hədəfi hansı sahələrdir? Kreml burada hansı narrativlər və hansı aktorlarla işləyir? Çexiya bu propaqandaya nə dərəcədə müqavimət göstərə bilir?
Enerji və iqtisadi problemlər - Kreml propaqandasının açarı
Avropanın bir çox ölkəsi kimi Çexiya da uzun illər Rusiya qazı və neftindən asılı olub. 2022-ci ildən əvvəl ölkənin təbii qaz tədarükünün az qala hamısı, Rusiya başda olmaqla, xaricdən həyata keçirilib. Bundan əlavə, Çexiya Rusiya təbii qazının Qərb bazarlarına daşınması üçün mühüm bir tranzit koridoru rolunu oynayırdı – 2019-cu ildə bu ölkədən keçən qazın 73,6 faizi Qərbə daşınırdı (Paliçkova, Çernoch, 2024b). 2022-ci ildən sonra rəsmi diskursda Rusiya enerjisindən asılılığı azaltma xətti hakim olsa da, sonrakı illərdəki rəqəmlərdə ziqzaqlar müşahidə olunub. Ukraynanın Rusiya qazının tranzitini dayandırmasının yaratdığı məcburiyyət, eləcə də alternativ tədarük kanallarının işə düşməsi nəticəsində Çexiya 2025-ci ilin aprelində Rusiyadan qaz idxalını tamamilə dayandırıb (İEA, oktyabr 2025).
İdxalın dayanması nəticəsində artan enerji qiymətləri, inflyasiya və bundan irəli gələn sosial narazılıqlar Kremlin Çexiyadakı narrativləri üçün münbit zəmin rolunu oynamağa davam edir. Çexiyada enerji narrativi üzərindən Rusiya propaqandasının əsas daşıyıcısı “Sputnik” və Kremlin Avropadakı embarqolardan qaçmaq üçün yaratdığı güzgü saytlardır (Paliçkova, Çernoch, 2024c).
“Rusiya qazı yeganə etibarlı və ucuz mənbədir”, “Qərb LNG-si spekulyativ və təhlükəlidir”, AB-nin Yaşıl Razılaşması və sanksiyalar isə “xalqı kasıblaşdıran ideoloji layihədir” kimi Kreml tezisləri “Sputnik” və güzgü saytlar vasitəsilə Çexiya auditoriyasına ötürülür. Bu narrativlər çex dilində fəaliyyət göstərən dezinformasiya saytları tərəfindən lokallaşdırılaraq yenidən paketlənir və “ev büdcəsi”, “pensiyaların azlığı”, “qaz böhranı”, “qışda donma təhlükəsi” kimi gündəlik problemlərlə birləşdirilir (Paliçkova, Çernoch, 2024 ç).
Enerji narrativlərinin formalaşmasında təkcə Kreml mediası deyil, həm də ucuz enerji marağı daşıyan yerli biznes və sənaye assosiasiyaları rol oynayır. Dövlət nəzarətində olsa da, böyük enerji şirkəti kimi ČEZ və sənaye birlikləri enerji qiymətləri, sanksiyalar və diversifikasiya ilə bağlı debatlarda tez-tez “rəqabət qabiliyyət”, “istehsal xərcləri” və “sosial yük” arqumentlərindən yararlanır, bu da Kremlin “sanksiyalar xalqı kasıblaşdırır” xəttinin yerli diskursda dolaylı şəkildə güclənməsinə şərait yarada bilir (Warsaw Institute, 2024a).
Dezinformasiya dəlikləri - müharibə yorğunluğu, miqrant həssaslığı, sistem əleyhdarlığı…
Rusiyanın 2022-ci il tammiqyaslı hücumunun ilk aylarında Çexiya Ukraynaya ən güclü dəstək verən ölkələrdən biri idi. Hətta ölkənin kremlyönlü prezidenti Miloş Zeman belə işğala görə dolayısıyla məsuliyyət daşıdıqlarını bildirərək Putini dəli adlandırmış və “dəlilər təcrid edilməlidir və onlardan yalnız sözlərlə deyil, konkret tədbirlərlə qorunmalıyıq” dedi (Euronews, 2022).
Çexiya tammiqyaslı müharibənin ilk günlərində Sovet istehsalı olan T-72 tankları və BMP-1 döyüş maşınları da daxil olmaqla ağır texnika göndərən ilk ölkədir (Paliçkova, Çernoch, 2024ç) və hələ də ABŞ və İngiltərə ilə birlikdə Ukraynaya ən çox sursat dəstəyi verən ölkələrin başında gəlir (CZDefence, 2024). Ölkə çox sayda ukraynalı müharibə qaçqınına ev sahibliyi edir və xalqın yarıdan çoxu ukraynalıların ölkədə qalmasını dəstəkləyir (STEM, fevral 2025a). Ancaq sorğular və real mənzərə cəmiyyətdə müharibə yorğunluğunun artdığını göstərir. Belə ki, 2024-cü ilin sonunda aparılan sorğulara görə, çexlərin yalnız 44 faizi Ukraynanın qələbəsini arzulayır. Bu, bir il əvvəllə müqayisədə 14 faiz az olub (CEDMO, fevral 2025). 2025-ci ilin əvvəlində aparılan sorğular da çexlərin yarıdan çoxunun hökumətin Ukraynaya hərbi dəstək siyasəti ilə razılaşmadığını göstərir. Bu isə 2022-ci ildən sonrakı ən böyük mənfi rəqəmdir (STEM, fevral 2025 b).
Tədqiqatlar göstərir ki, Ukrayna müharibəsinin iqtisadi və sosial təsirləri Çexiya cəmiyyətindəki qeyri-müəyyənlik duyğusunu daha da dərinləşdirib. Çexiya xalqının üçdə birinə yaxını ölkənin fundamental məsələlər üzrə hansı istiqamətdə gediyi ilə bağlı qərarsızlıq içindədir. Bu məsələlərə Aİ və NATO, Ukraynadakı müharibə, həmçinin daxili siyasətdəki səhiyyə kimi bəzi əsas suallar daxildir .(Tkaçeva, Sefcikova, 2023). Bu da demokratik dəyərləri aşındıran manipulyativ narrativlərin təsirinə məruz qalma riskini artırır. CIS (Məlumatlı Cəmiyyət Mərkəzi) eksperti Veronika Viçova bunu belə izah edir: “Rusiyanın Ukraynaya qarşı aqressiyasını istismar edən manipulyativ narrativləri getdikcə daha çox görürük, üstəlik bunlar yalnız marginal dezinformasiya saytları və ya radikallardan deyil, eyni zamanda həm hakimiyyətə iddialı olan, həm də hazırda vəzifədə olan siyasətçilərdən də gəlir” (DRİ, 2024b).
Rusiya Çexiyada qütbləşməni dərinləşdirmək üçün miqrant kartından da ciddi şəkildə istifadə edir. 2015-2016-cı illərdə başlayan miqrant dalğasının Avropa üçün yaratdığı çətinliklər və Avropa ölkələri daxilindəki etirazlardan Kreml ustalıqla yararlanır. Çexiyada Rusiya dezinformasiyasının ən mühüm nümunələrindən biri 2017-ci ilin iyununda sağ populist və kəskin avroskeptik Azadlıq və Birbaşa Demokratiya Partiyasının (Svoboda a přímá demokracie - SPD) tərəfdarı olan pensiyaçı Jaromir Baldanın dəmiryolu xəttində qəza yaratmaq məqsədilə iki ağacı kəsib ətrafına “Allahu Əkbər” yazması və xətalı çex dilində guya müsəlman mqirantlar tərəfindən yazılmış broşürler hazırlayaraq yayması hadisəsidir. Baldanın məhkəmə ifadəsində və sonra verdiyi açıqlamalar onun Rusiyanın troll fabriki mənşəli olduğu güman edilən kütləvi dezinformasiyaların təsiri altına düşdüyünü, bu dezinformasiyaların əvvəlcə istehlakçısıykən sonra həm də yayıcısına çevrildiyini ortaya çıxarıb (İCCT, 2024 a).
Rusiyanın Çexiya siyasətini manipulyasiya etməsinin digər nümunəsi isə Vrabel aksiyaları kimi bilinən hadisədir. 2022-ci ildə “Öncə Çexiya Respublikası” şüarı ilə başlayan, enerji böhranı, inflyasiya və Rusiyanın Ukraynadakı işğalı ilə bağlı hökumətin istefasını tələb edən aksiyalar Moskvanın təsiri ilə sistemə qarşı fəaliyyət, radikal sağın və solun kəsişməsi və dezinformasiya təhdidi kimi elementlər arasındakı mürəkkəb əlaqələri ortaya çıxarıb. Bu aksiyalar kommunistlərdən radikal sağ milliyyətçilərə və Aİ əleyhdarı aktorlara qədər bir çox təbəqəni bir araya gətirib. Nümayişlərin əsas fiquru 2015-ci ildən sonra internetdə populyarlaşan Ladislav Vrabel idi. Vrabel Çexiya hökumətinin Rusiyanı nüvə başlıqlı qırıcılarla hədəfə almağı planladığını iddia edən və hökumət bunu həyata keçirərsə Rusiya bizə atom bombası ata bilər dediyi videosu səbəbilə 2023-cü ildə həbs edildi (Bartoniçek, 2022).
BİS-in 2022-ci il hesabatında Vrabel aksiyalarının Rusiyanın Aİ daxilindəki mənafelərini gücləndirmə məqsədi daşıyan propaqanda fəaliyyətlərindən ciddi təsirinə məruz qaldığını göstərir. Hesabata görə, bu prosesdə yerli aktyorlardan Rusiyanın strateji kommunikasiya hədəflərini irəli daşımaq üçün istifadə edilib (BİS, 2022).
Çexiya siyasətinin Kreml aktorları
Prezident Miloş Zeman uzun illər Çexiyada Rusiya dezinformasiya mühitinin yaradılmasında baş rol oynayıb (Jacuch, 2022a). Zemanın 2022-ci ilə qədər davam edən kremlyönlü xətti 2023-cü ildə keçmiş NATO rəhbəri Petr Pavelin prezident seçilməsi ilə radikal şəkildə dəyişsə də, 2025-ci ilin oktyabrında Andrej Babişin ANO Partiyasının parlament seçkilərinin qalibi olması ölkənin dərin ziqzaqlarının davam edəcəyini göstərir.
Çexiyanın oliqarx siyasətçilərindən olan Babişin Avropanın “far-right” blokuna yaxınlığı, Ukraynaya hərbi dəstəyi kəsmə və Çexiya rəhbərliyinin Ukrayna üçün dünyanın dörd yanından böyük kalibrli sursat tədarük etmə proqramını sonlandırma vədi, Aİ institutlarını hədəfə alması Kremlin narrativləri ilə tam üst-üstə düşür (Reuters, 9 dekabr 2025). Digər tərəfdən Babişin hökumət koalisiyasında açıq miqrant və Qərb əleyhdarı olan SPD ilə Motosikletçilər Partiyası (Motoristé sobě) kimi radikal aktyorların olması Çexiyanın da Slovakiya kimi Macarıstanın illiberal-prokreml oxuna yaxınlaşması riskini artırır (AP, 2025). Eyni zamanda Babiş uzun illər Mafra media qrupuna (Mladá fronta DNES, Lidové noviny, iDNES.cz, Rádio Impuls və s.) nəzarət edib, bu qrupu birbaşa kremlyönlü adlandırmaq mümkün olmasa da, Babişin siyasi profili səbəbilə Kremlin narrativlərin geniş kütləyə çatmasına imkan yaradır.
Çexiyada açıq rusiyayönlü partiyalar və təşkilatlar əsasən millətçi və ya radikal sağ spektrdədirlər. Bu ölkədə radikal sağ 1990-cı illərdin əvvəllərində “skinhed” alt mədəniyyəti ilə formalaşıb və hədəfində daha çox romanlar olub. 2013-cü ildə ölkənin skinhed mədəniyyətli iki radikal hərəkat dağılıb, ancaq bu, yeni radikal sağ qrupların və populist cərəyanların ortaya çıxmasına səbəb olub. Tomio Okamuranın yaratdığı SPD də həmin qüvvələrin başında gəlir (İCCT, 2024 b).
Son seçkilərdə parlamentə 20 deputatla girməyi və hökumət koalisiyasının bir hissəsi olmağı bacaran SPD-nin yarandığı tarixlər Rusiyanın Krımı işğal etdiyi və Şərqi Avropa ölkələrində bu məsələdə müttəfiqlər şəbəkəsi yaratmağa başladığı dövrə təsadüf edir. Çexiya BİS-in 2016-ci ildəki hesabatı da ölkədəki radikal sağın ruspərəst fəallarla açıq əlaqələrinin məhz 2015-ci ildə diqqət çəkməyə başladığını göstərir: “Radikal sağın bir hissəsi xüsusilə internetdəki məqalələri və öz populyarlıqlarını artırmaq üçün keçirdikləri bir neçə tədbir vasitəsilə ruspərəst mövqelərlə önə çıxıb. Əvvəlki illərdə bu istiqamətdə davranmayan bəzi aktorlar da Rusiya tərəfdarı mövqe nümayiş etdirməyə başlayıblar” (BİS 2016).
SPD 2014 və 2022-ci illərdə Rusiyanın Ukraynaya hibrid və açıq işğal təşəbbüsləri ilə bağlı Kremllə eyni mövqe nümayiş etdirib və hələ də Ukrayna müharibəsini ABŞ və AB tərəfindən dəstəklənən “təhrikedici vətəndaş müharibəsi” kimi çərçivələndirir, Krım və Donbasda xalqın öz müqəddəratını təyini hüququnu vurğulayır; sanksiyalara qarşı çıxır. Partiya lideri Okamura rusiyayönlü “Slavyan Strateji Araşdırmalar İnstitutu” ilə sıx işləyir və onun parlament daxilində seminarlar keçirməsinə sponsorluq edir (Political Capital, 2017a).
Eyni zamanda Okamura, partiyanın Kreml ordenli deputatı Yaroslav Foldına və prezidentliyə namizədi (həm də Avropa Parlamenti üzvü) Hinek Blaşko 2010-cu ildən sonra yaranan “Sülh uğrunda Ehtiyatdakı Çexoslavakiya Hərbçiləri” (Českoslovenští vojáci v záloze za mír) və “Milli Qvardiya” (Národní domobrana) kimi ekstremist qruplara da dəstək veriblər. Bu qruplar yalnız Rusiya tərəfdarı və Qərb əleyhdarı propaqanda yaymaqla kifayətlənməyib, eyni zamanda Donbasda Rusiyanın nəzarətindəki separatçı respublikaları dəstəkləyib, hətta oraya döyüşçülər də göndəriblər (AtlasVlivu, 2023).
Son illərdə bu ekstremist qruplar xeyli zəfiləyib. Çexiya sağının köhnə qvardiyasına daxil olan radikal, antisemit ve rusiyayönümlü Milli Demokratiya (Narodni Demokracie - ND) partiyası da hazırda fəaliyyətini azaldıb, digər ekstremist qüvvə - Dělnická strana sociální spravedlnosti (DSSS – Sosial Ədalət İşçi Partiyası) isə tamamilə dayandırıb. Ancaq faktlar göstərir ki, yeni nəsil ekstremist şəbəkələrlə – o cümlədən beynəlxalq neonasist şəbəkələrlə - əlaqəli onlayn kurslar və təlimlər üçün Çexiya ərazisindən istifadə cəhdləri davam edir (The Guardian, noyabr 2025).
Digər tərəfdən Rusiya Çexiya siyasi səhnəsində yeni və daha populist müttəfiqlər tapıb. 2022-ci ildə hüquqşünas Yindrjix Rayxl tərəfindən yaradılan sağ-populist PRO (Právo, Respekt, Odbornost) Partiyası da bunlardan biridir. PRO Rusiya tərəfdarı olduğunu inkar edir, Ukrayna işğalını təcavüz kimi qəbul etdiyini bildirir, ancaq Kremlin əsas təbliğat narrativlərini sistemli şəkildə təkrarlayır və daxili narazılığı həmin narrativlər üzərindən səfərbər etməyə çalışır. 2022-2024-cü illərdə Çexiyada keçirilən aksiyaların əsas qüvvələrindən biri də məhz PRO idi. “Prague Security Studies Institute” tərəfindən hazırlanan dezinformasiya aktyorları ilə bağlı hesabatda Rajchl və PRO açıq şəkildə çex dezinformasiya səhnəsinin bir hissəsi kimi təqdim olunur. Belə ki, hesabata görə, Rayxl həm onlayn, həm də kütləvi etirazlar vasitəsilə “Ukraynaya dəstəyin zəiflədilməsi”ni hədəfləyən kontent yayan əsas fiqurlardan biridir (PSSİ, 2023). PRO 2025-ci il seçkilərində “Trikolora” və “Svobodni” kimi kiçik sağçı-populist kremlyönlü qüvvələrlə birlikdə SPD-nin patriotik blokunda yer alıb (Deloy, sentyabr 2025).
Babiş koalisiyasının digər üzvü - Motosikletçilər Partiyası SPD qədər açıq ruspərəst xətt tutmur, amma partiyanın ideoloqlarından biri və lideri Petr Macinkanın uzun illər Çexiyanın ən tanınmış rusiyayönlü fiqurlarından Vatslav Klausun öz adını daşıyan institutunda 17 il mətbuat sözçüsü olması faktı partiyanın kursunu izah edir (Schmarz, avqust 2025). Maçinka Klausun Rusiya işğalını dəstəkləyən açıqlamaları ilə razı olmadığını bildirsə də, koalisiya ortaqları ANO və SPD ilə birlikdə Avropa İttifaqı əleyhdarlığı, Ukraynaya hərbi-siyasi dəstəyin azaldılması, Rusiyaya qarşı sanksiyaların yumşaldılması kimi narrativləri dəstəkləyir.
Çexiya siyasətində Moskvanın daimi və tarixi müttəfiqlərindən biri də sol populist “Stačilo!” (Yetər!) blokudur. Keçmiş Çexiya və Moraviya Kommunist Partiyasının (Komunistická strana Čech a Moravy) ad dəyişdirmiş strukturu olan “Stacilo” bloku açıq ruspərəst mövqedədir. (Šťastna, iyun 2025).
Onlayn propaqanda fabriki
Çexiyanın informasiya mühitində dezinformasiya layihələri 2014-cü ildə Krımın işğalından sonra həm internet saytları, həm də sosial media vasitəsilə ortaya çıxmağa başlayıb. Bütün məlumatlar xüsusilə onlayn dezinformasiya atmosferinin, birbaşa olmasa da, Rusiyanın dəstəyi ilə formalaşdığını və qidalandığını göstərir. Radikal sağın bir hissəsi də Kreml üçün dezinformasiya istehsalı və yayılmasında aktiv rol oynayır. 2022-ci ilə qədər bu dezinformasiya mühitinin əsas qidalandırıcısı Kremlin rəsmi “Sputnik CZ” kanalı olub (İCCT, 2024 c).
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tam miqyaslı hücumundan sonra çex hökuməti CZ.NIC vasitəsilə tanınmış kremlyönlü səkkiz saytı bloklayıb; bu addım regionda Rusiya təhdidinə ən sürətli və sərt cavablardan biri kimi qiymətləndirilib (Radio Prague International, 2022). Ancaq bloklamaların hüquqi əsasının zəif, strategiyasının isə qısamüddətli olması səbəbilə bu ciddi nəticəyə gətirib çıxarmayıb. Rusiya mərkəzli və dəstəkli dezinformasiya saytları domenlərini dəyişərək və digər platformalara köçərək fəaliyyətini davam etdirirlər. (Coda Story, 2023). Məsələn, “Sputnik CZ” AB sanksiyalarından sonra “neČT24” adı ilə “Telegram”a köçüb (SZ, 2023).
BİS-in hesabatlarında xüsusi olaraq qeyd olunur ki, Rusiya dövlət KİV-lərinə formal qadağalara baxmayaraq, rusiyayönlü dezinformasiyanın böyük hissəsi artıq məhz yerli “kvazimedia”, bloqlar və sosial şəbəkə hesabları vasitəsilə daxili aktorlar tərəfindən yayılır (BİS, 2023b).
Daha əvvəlki yazılarımızda bəhs etdiyimiz “Pravda-Portal Kombat” şəbəkəsi (Khar Center, dekabr 2025) Çexiyada aktiv fəaliyyət göstərir. Şəbəkənin Çexiya klasterinin mərkəzində pravda-cz.com və cz.news-pravda.com / czechia.news-pravda.com domenləri dayanır – bu saytlar digər ölkələrdəki “pravda-xx.com” resursları ilə eyni texniki imza və kontent məntiqini daşıyır, 24/7 rejimində pro-Kreml xəbərlərini Çexiya auditoriyasına uyğunlaşdırılmış başlıqlarla tirajlayır (VİGİNUM, 2024). Bu veb resursların ətrafında PRAVDA CZ | Novinky z Česka adlı “Telegram” kanalı (@pravdaczcom) qurulub.
2022-2023-cü illərdə aparılan tədqiqatlar Çexiyada dezinformasiya mühitinin nüvəsini 40 civarında saytın təşkil etdiyini göstərir (European Values, 2023). 2022-ci ildən sonra bu rəqəm 50-ni keçib.
Ukraynadakı “Spravdi” “Insight News” və “Support4Partnership” tərəfindən 2024-cü ilin payızında aparılan araşdırmaya görə, çex media mühitində 20-dən çox sayt sistemli şəkildə Rusiya dövlət mediasına istinad edir, Kreml narrativlərini yayır və bir-birinə istinadla şəbəkə kimi fəaliyyət göstərir. Xüsusilə cz24.news, infokuryr.cz, pravyprostor.net (Pravý prostor), zvedavec.news (Zvědavec), protiproud.info (Protiproud), prvnizpravy.cz (První zprávy), novarepublika.cz (Nová republika) kimi saytlar Kreml propaqandasının yayılmasında liderlik edirlər (Spravdi.org, 2024).
2025-ci ildə “Voxpot” + “DruIT” (IT assosiasiyası) tərəfindən həyata keçirilən böyük araşdırmada Çexiyada 16 platformanın 25 illik keçmişi - 360 min materialı təhlil edilib və Rusiya dezinformasiyasının xəritəsi çıxarılıb. Buna görə, Çexiyada dezinformasiya saytları gündə təxminən 120 məqalə dərc edir və bu, ən böyük “mainstream” media quruluşlarının gündəlik istehsalını geridə qoyur. Ən böyük dezinformasiya yayıcıları sırasında Cz24news, Zvědavec, Nová republika, Protiproud, Ac24 xüsusi qeyd olunur. Bu saytların məqalələrinin təxminən 10 faizi “Sputnik”, RT, “RIA Novosti” kimi Rusiya dövlət mediasından birbaşa tərcümədir. “Voxpot” araşdırmaları bu saytların ya birbaşa Rusiyanın pulları, ya da Rusiyaya yaxın quruluşlardan ayrılan gizli fondlarla maliyyələşdiyini göstərir (Voxpot, avqust 2025).
Rusiya dezinformasiyasının yayıcıları arasında özlərini “müstəqil” və ya “alternativ” media kimi təqdim edən “boz zona” aktorları da var. Bunlardan ən populyar olanları formal olaraq geniş siyasi spektrə açıq forum kimi çıxış edən, ancaq rusiyayönlü dezinformasiya və manipulyativ texnikalar yaydığı məhkəmə qərarları ilə təsdiqlənən ParlamentníListy.cz (Visegradinsight, 2024) və ruspərəst qonaqları və narrativləri efirə buraxan platforma kimi tanınan XTV.cz-dir (Support4Partnership, 2024).
Çexiya sosial media məkanındakı dezinformasiya isə əsasən “Telegram” kanalları və X (keçmiş Twitter) ətrafında mərkəzləşib. Bir neçə böyük “Telegram” kanalı həm rusiyameyilli kontent yayır, həm də reklam və ianələr vasitəsilə özünü maliyyələşdirir. PSSİ araşdırmasında Çexiyada “Telegram”da kremlyönıü narrativləri yayan 49 fərqli kanal, 19 “alternativ media kanalı” səhifəsi, 19 şəxsi profil və 5 siyasi (siyasətçiləri və siyasi hərəkatları əhatə edən) kanal müəyyən edib (PSSI, 2024a).
2025-ci ilin sentyabrında CEDMO və ISD-nin apardığı araşdırma çexdilli X icması daxilində Ukrayna əleyhinə və Rusiya lehinə narrativlərini daşıyan 70-dən çox hesabdan ibarət qapalı şəbəkə aşkar edib. Bu hesablar Ukrayna qaçqınlarına qarşı nifrəti, “Ukrayna müharibəsinə görə bizim kasıblaşmağımız” narrativlərini, həmçinin “Putin demonizə olunur” tezisini sistemli şəkildə yayırlar (CEDMO, sentyabr 2025).
“TikTok” da Rusiya propaqandasının Çexiyadakı əsas yayıcıları arasındadır. Siyasət və Cəmiyyət İnstitutu xüsusilə 2025-ci ilin seçkilərindən əvvəl “TikTok”da Kreml narrativlərini yayan saxta hesabların artdığını aşkarlayıb (Radio Prague İnternational, sentyabr 2025).
2015-2022-ci illərin konspirasiya mühitinin yaratdığı fərdi dezinfluencerlər - Yana Peterkova, Lybomir Volniy kimi “YouTube”, “Facebook live”, “Telegram” kanalları vasitəsilə Kreml narrativlərini lokallaşdırır və “sistem əleyhdarı” populist qüvvələrlə körpü rolunu oynayır (PSSİ, 2022).
Bütün ölkələrdə olduğu kimi Çexiyada da Rusiya səfirliyi əsasən “Facebook” və “Telegram” üzərindən rəsmi propaqanda mərkəzi kimi fəaliyyətini davam etdirir. Səfirliyin Qərb və Ukrayna əleyhinə narrativləri yerli dezinformasiya saytları və “Facebook” qrupları tərəfindən olduğu kimi tirajlanır (PSSI, 2024b).
2024-cü ilin martında BIS Çexiyada qeydiyyatdan keçmiş “Voice of Europe” saytının ətrafında qurulan Moskva maliyyəli təsir şəbəkəsini ifşa edib. “Voice of Europe” ilə bağlı araşdırmalar bu plaftormanı Putinin Ukraynadakı sağ qolu olan oliqarx Viktor Medvedçuk və onun nümayəndəsi Artem Marçevskinin gizli maliyyələşdirdiyini ortaya qoyub. Bu şəbəkə Avropa Parlamentindəki deputatlara və bir sıra üzv ölkələrin siyasətçilərinə pul təklif edərək rusiyayönlü çıxışlara və mediada tez-tez görünməyə sövq etməyə çalışıblar. Məqsəd 2024 AP seçkiləri öncəsi Ukraynaya dəstəyi zəiflətmək və far-right blokun mövqelərini gücləndirmək olub (Reuters, 2024).
Çexiyanın Kreml QHT-ləri və kilsə
Bu kateqoriyada liderliyi yuxarıda da adı keçən, 2013-də yaradılmış, panslavyan və Avrasiya ideologiyasına söykənən Slavyan Strateji Araşdırmalar İnstitutu (ISSTRAS) edir. İSSTRAS akademik araşdırmalarda tipik kremlyönlü fəaliyyət nümunəsi kimi qeyd edilir - Rusiya siyasətini legitimləşdirən konfranslar, panslavyan toplantılar keçirir, “Rusiyaya qarşı Qərb təcavüzü” narrativilərini yayır (Cerna, 2022). İnstitutun təsisçisi Radmila Zemanova-Kopecka rus mədəni və diplomatik strukturları, panslavyan konqresləri, “Rossotrudniçestvo” və Moskva mərkəzli təşkilatlarla sıx əlaqədədir (Political Capital, 2017 c).
Çexiyada Rusiya narrativlərini yayan digər quruluş isə kommunist-millətçi xətti təmsil edən, Rusiyanı slavyan xalqlarının birləşdirici qüvvəsi kimi qəbul edən Çex-Moraviya Slavyan Assosiasiyasıdır. Bu təşkilat da Moskva ilə əlaqəli Panslavyan Komitəsi ilə işləyir (Jacuch, 2022b).
Kreml narrativlərinin Çexiyadakı başqa bir aktiv daşıyıcısı isə Rusiya “həmvətənlər” şəbəkəsidir. Bu şəbəkə - rus mədəni mərkəzləri və “Rossotrudniçestvo” xətti üzrə qurumlar - Ukrayna müharibəsi və sanksiyalar əleyhinə yumşaq təbliğat üçün istifadə olunur (Jacuch, 2022c). Təhdid kimi dəyərləndirilmələrinə baxmayaraq (BİS, 2023a) Praqadakı Rus Evi, Russkiy Mir Fondu və Çexiya Həmvətənləri Koordinasiya Şurası “Rossotrudnichestva” ilə birlikdə fəaliyyətlərini davam etdirirlər (Warsaw İnstitute, 2024b).
Rus Pravoslav Kilsəsi də Avropann digər ölkələrindəki kimi Çexiyada propaqanda aktorlarından biridir. BIS və Senat Rus Pravoslav Kilsəsinin Çexiyada Kremlin təsir aləti kimi istifadəsini araşdırmağa başlayıb; pravoslav icmalar üzərindən rusiyayönlü narrativlərin yayılmasının və kilsə infrastrukturu vasitəsilə gizli əlaqələrin mümkünlüyü müzakirə olunur (AA, 2024).
Müqavimət aktorları
Çexiyada Rusiya təsiri və dezinformasiyasına qarşı dövlət, media və vətəndaş cəmiyyəti institutları səviyyəsində mübarizə aparılır. Dövlət səviyyəsində mübarizənin mərkəzində Təhlükəsiz İnformasiya Xidməti (BİS) və Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi (NÚKİB) dayanır (NÚKIB, 2023).
Əslində Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra yaradılan Media və Dezinformasiya üzrə hökumət komissarı (Michal Klíma) institutu da Rusiya propaqandası ilə mübarizə məqsədi daşıyırdı, ancaq tənqidlərdən sonra ləğv edildi (İrozhlas, 2023). Parlament səviyyəsində isə xüsusən Senatın Təhlükəsizlik Komitəsi Kreml propaqandasına diqqət ayırır.
Siyasi müstəvidə prezident Petr Pavel, qərbyönümlü partiyalar (ODS, TOP 09, Piráti, STAN, KDU-ČSL) Kreml narrativlərinə qarşı mübarizənin öndərliyini edirlər.
Vətəndaş cəmiyyəti və media sahəsində Çexiya dezinformasiyaya qarşı Avropanın ən aktiv ölkələrindən biridir. Demagog.cz, Seznam.cz, Manipulátoři.cz, AFP Fact-Check, StopFake kimi fakt yoxlama platformaları (EUDisinfoLab, 2024), HlídacíPes.org, Investigace.cz, Prague Security Studies Institute (PSSI) kimi araşdırma mərkəzləri, “Czech Elves” (CEDMO, 2025), Semantic Visions (CEPA, 2021) kimi sosial media şəbəkələri həm Rusiya mərkəzli dezinformasiyaların izlənməsi, həm ifşası baxımından ciddi işlər görür. CEDMO, “EU DisinfoLab” kimi beynəlxalq propaqanda ilə mübarizə platformaları ilə əməkdaşlıq edən bu mərkəzlər həm Çexiyada, həm də ümumiyyətlə Avropada Kreml propaqandasına qarşı mübarizənin ön cəbhəsində yer alırlar.
NƏTİCƏ
Çexiya nə Macarıstan və Slovakiya kimi Rusiyanın açıq Troya atıdır, nə də Kreml təsirindən kənarda qalan təhlükəsiz zonadır. 1968 travması, Zeman dövrünün kremlyönlü xətti, uzun illər davam edən enerji asılılığı, Ukrayna müharibəsinin iqtisadi-sosial yükləri və radikal sağ-populist qüvvələrin yüksəlişi Çexiyanı Rusiya propaqandası üçün həm əlverişli hədəfə, həm də sınaq meydanına çevirib. 2025-ci ilin sonlarında Qərb əleyhdarı və Rusiya tərəfdarı “ANO–SPD–PRO–Motoristé sobě” oxunun formalaşması, Ukraynaya hərbi-siyasi dəstəyin azaldılması və sanksiyaların yumşaldılması çağırışları Çexiyanın Aİ daxilindəki Kreml “at”larına - Macarıstan–Slovakiya xəttinə yaxınlaşma riskini artırır.
Bununla yanaşı, Çexiya Rusiyanın propaqanda əməliyyatlarına təhlükəsizlik problemi kimi baxan və bu istiqamətdə əməli fəaliyyət göstərən ölkələr arasındadır. Dövlət, cəmiyyət və media institutlarının səyləri nəticəsində Kreml propaqandasının həm alətlərinin, həm narrativlərinin xəritəsi digər region ölkələri ilə müqayisədə daha yaxşı formalaşdırılıb. Üstəlik, Çexiya prezidenti başda olmaqla mühüm siyasi qüvvələrin ciddi bir hissəsi Rusiyanın propaqanda sisteminin fərqindədir və buna qarşı sistemli duruş nümayiş etdirir.
Bu mənzərə Çexiyanı Rusiya üçün daha da mühüm hala gətirir. Kreml burada qonşu ölkələrdən daha çox səy göstərir: bir tərəfdən enerji problemlərini, sosial narazılığı, miqrant etirazlarını və sistem əleyhdarlığını manipulyasiya etməyə çalışır, digər tərəfdən institusional müqaviməti aşmaq üçün güclərini səfərbər edir. Çexiyanın Babiş koalisiyasında seçəcəyi siyasi kurs bu baxımdan kritik olacaq - yalnız bu ölkənin deyil, bütün Mərkəzi Avropanın Rusiya propaqandasına qarşı dayanıqlığının testinə çevriləcək.
İstinadlar
OSW – Centre for Eastern Studies, 2017. “The Czech President’s Private Foreign Policy.”
https://www.osw.waw.pl/en/publikacje/analyses/2017-10-18/czech-presidents-private-foreign-policy
Paličková, Agáta; Černoch, Filip, 2024a. “Gaslighting Europe: Russia’s Energy Disinformation in the Czech Republic.” Energy Research & Social Science, Vol. 112.
https://www.sciencedirect.com/science/article/abs/pii/S2214629624000884
DRİ, 2024 a. Disinformation Resilience Index in Central and Eastern Europe in 2024https://www.amo.cz/wp-content/uploads/2024/12/DRI_2024_edition.pdf
Security Information Service (BIS), 2023. “Annual Report of the Security Information Service for 2023.”
https://www.bis.cz/public/site/bis.cz/content/vyrocni-zpravy/2023-vz-aj.pdf
Paličková, Agáta; Černoch, Filip, 2024b. “Gaslighting Europe: Russia’s Energy Disinformation in the Czech Republic.” Energy Research & Social Science, Vol. 112.
https://www.sciencedirect.com/science/article/abs/pii/S2214629624000884
International Energy Agency (IEA), 2025. “Czechia’s Fuel Diversification Efforts Set an Example, but It Still Has Key Energy Security Challenges to Tackle.”
https://www.iea.org/commentaries/czechia-s-fuel-diversification-efforts-set-an-example-but-it-still-has-key-energy-security-challenges-to-tackle
Paličková, Agáta; Černoch, Filip, 2024c. “Gaslighting Europe: Russia’s Energy Disinformation in the Czech Republic.” Energy Research & Social Science, Vol. 112.
https://www.sciencedirect.com/science/article/abs/pii/S2214629624000884
Paličková, Agáta; Černoch, Filip, 2024ç. “Gaslighting Europe: Russia’s Energy Disinformation in the Czech Republic.” Energy Research & Social Science, Vol. 112.
https://www.sciencedirect.com/science/article/abs/pii/S2214629624000884
Warsaw Institute, 2024a. “Russian Disinformation and Its Influence on the Energy Sector in V4 Countries.”
https://warsawinstitute.org/russian-disinformation-and-its-influence-on-the-energy-sector-in-v4-countries/
Euronews, 2022. “Milos Zeman: Is Czech President’s Remorse Genuine Over His Pro-Russian Stance?”
https://www.euronews.com/my-europe/2022/05/05/milos-zeman-is-czech-president-s-remorse-genuine-over-his-pro-russian-stance
CZDefence, 2024. “Czech Republic Is One of the Largest Suppliers of Ammunition to Ukraine.”
https://www.czdefence.com/article/czech-republic-is-one-of-the-largest-suppliers-of-ammunition-to-ukraine
STEM, fevral 2025a. “The Czech Public Feels Growing Fatigue Towards the War in Ukraine, but Anti-Ukrainian Sentiments Are Not on the Rise.”
https://www.stem.cz/en/the-czech-public-feels-growing-fatigue-towards-the-war-in-ukraine-but-anti-ukrainian-sentiments-are-not-on-the-rise/
CEDMO, fevral 2025. “Three Years of War in Ukraine: 68% of Poles, 44% of Czechs, and 32% of Slovaks Wish for Ukraine’s Victory.” https://cedmohub.eu/three-years-of-war-in-ukraine-68-of-poles-44-of-czechs-and-32-of-slovaks-wish-for-ukraines-victory/
STEM, fevral 2025b. “The Czech Public Feels Growing Fatigue Towards the War in Ukraine, but Anti-Ukrainian Sentiments Are Not on the Rise.”
https://www.stem.cz/en/the-czech-public-feels-growing-fatigue-towards-the-war-in-ukraine-but-anti-ukrainian-sentiments-are-not-on-the-rise/
Tkaçeva Natalia, Sefcikova Kristina, 2023. (ZATÍM) JEDNOTNÍ: CO SPOJUJE A ROZDĚLUJE ČESKOU SPOLEČNOST.https://www.pssi.cz/download//docs/10734_pssi-perspective-29-zatim-jednotni-co-spojuje-a-rozdeluje-ceskou-spolecnost.pdf
DRİ, 2024 b. Disinformation Resilience Index in Central and Eastern Europe in 2024https://www.amo.cz/wp-content/uploads/2024/12/DRI_2024_edition.pdf
ICCT (The International Centre for Counter-Terrorism) 2024 a. “Russia and the Far-Right: Czech Republic.”
https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%209%20Czech%20Republic.pdf
Bartoníček, Radek, 2022. “V centru Prahy se sešly desítky tisíc lidí na demonstraci proti vládě.” Aktuálně.cz.
https://zpravy.aktualne.cz/domaci/na-vaclavskem-namesti-vpraze-se-schazeji-tisice-lidi-na-dem/r~8b132f183f2811eda9eeac1f6b220ee8
BİS, 2022. Výroční zpráva 2022. https://www.bis.cz/public/site/bis.cz/content/vyrocni-zpravy/2022-vz-cj.pdf
Jacuch, Jakub, 2022a. “Czech–Russian Relations: Russian Disinformation Campaign.” https://www.researchgate.net/publication/365571150_Czech-Russian_Relations_Russian_Disinformation_Campaign
Reuters, 2025. “Czech President Appoints Andrej Babis New Prime Minister.” 9 December 2025.
https://www.reuters.com/world/czech-president-appoints-andrej-babis-new-prime-minister-2025-12-09/
AP News, 2025. “Czech Populist Billionaire Babiš Sworn in as Prime Minister.”
https://apnews.com/article/czech-babis-new-prime-minister-e4b5630dbc9cd761d7f4cda451626b8d
ICCT (The International Centre for Counter-Terrorism) 2024 b. “Russia and the Far-Right: Czech Republic.”
https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%209%20Czech%20Republic.pdf
BİS, 2016. “Výroční zpráva Bezpečnostní informační služby za rok 2015.” Annual Report of the Security Information Service for 2015. .https://www.bis.cz/vyrocni-zpravy/vyrocni-zprava-bezpecnostni-informacni-sluzby-za-rok-2015-0032e412.html
Political Capital, 2017a. “Russia and the Czech Far Right: Country Study.”
https://politicalcapital.hu/pc-admin/source/documents/PC_NED_country_study_CZ_20170428.pdf
Atlas Vlivu, 2023. “Vazby SPD na proruské paramilitární organizace.” [SPD’s Ties to Pro-Russian Paramilitary Organizations].
https://www.atlasvlivu.cz/kauza/vazbyspd-na-proruske-paramilitarni-organizace
The Guardian, noyabr 2025. Far-right group with links to neo-Nazi leader offers online military training.https://www.theguardian.com/world/2025/nov/17/far-right-paramilitary-the-base.
PSSI (Prague Security Studies Institute) 2023. “Organizational and Financial Background of Disinformation Actors in the Czech Republic.”
https://www.pssi.cz/download//docs/10475_organizational-and-financial-background-of-disinformation-actors-in-the-czech-republic.pdf
Deloy, Corinne, 2025. “Andrej Babiš, Who Is Well Ahead in the Opinion Polls – Will He Be Able to Form a Government in the Czech Republic After the General Election on 3 and 4 October?” Robert Schuman Foundation, European Issue 6614.
https://www.robert-schuman.eu/en/monitor/6614-andrej-babis-who-is-well-ahead-in-the-opinion-polls-will-he-be-able-to-form-a-government-in-the-czech-republic-after-the-general-election-on-3-and-4-october
Schmarz, Pavel, 2025. “Klaus, Turek, Motoristé, Rusko: Dilema.” Info.cz.
https://www.info.cz/zpravodajstvi-a-komentare/klaus-turek-motoriste-rusko-dilema
Šťastna, Marek, iyun 2025. Bezpečnostní politika České republiky: Divergence názorů SPD ve STAČILO! Bakalářská práce, Politologie a mezinárodní vztahy. Univerzita Karlova, Praha. https://dspace.cuni.cz/handle/20.500.11956/201222
ICCT (The International Centre for Counter-Terrorism) 2024 c. “Russia and the Far-Right: Czech Republic.”
https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%209%20Czech%20Republic.pdf
Radio Prague International, 2022. “Czech Domain Operator Blocks Eight Websites Spreading Disinformation and Kremlin Propaganda.”
https://english.radio.cz/czech-domain-operator-blocks-eight-websites-spreading-disinformation-and-kremlin-8743164
Coda Story, 2023. “Inside the Czech Republic’s Fight Against Disinformation.”
https://www.codastory.com/disinformation/czech-republic-disinformation-fight/
Seznam Zpravy, 2023. “Zjistili jsme, kam zmizel ruský nástroj propagandy v Česku.”
https://www.seznamzpravy.cz/clanek/porady-teren-video-patrali-jsme-po-tom-kam-zmizela-ruska-agentura-sputnik-227349
BİS, 2023b. “Annual Report of the Security Information Service for 2022.”
https://www.bis.cz/public/site/bis.cz/content/vyrocni-zpravy/2022-vz-aj.pdf
Khar Center, dekabr 2025. Rusiyanın antiqərb propaqandasının təsir alətləri - hörümcək toru. https://www.kharcenter.com/nesrler/rusiyanin-antiqerb-propaqandasinin-tesir-aletleri-horumcek-toru
VİGİNUM, 2024. PORTAL KOMBAT. A structured and coordinated pro-Russian propaganda network. https://www.sgdsn.gouv.fr/files/files/Publications/20240214_NP_SGDSN_VIGINUM_PORTAL-KOMBAT-NETWORK_PART2_ENG_VF.pdf
European Values, 2023. “Annual Report on the State of the Czech Disinformation Scene for 2022.”
https://europeanvalues.cz/en/annual-report-on-the-state-of-the-czech-disinformation-scene-for-2022/
Spravdi, 2024. “Inside Pro-Russian Czech News Websites: How Kremlin Narratives Influence European Audiences.”
https://spravdi.org/en/inside-pro-russian-czech-news-websites-how-kremlin-narratives-influence-european-audiences/
Voxpot, 2024. “Ruská kampaň v Česku je mnohem větší, než jste si mysleli.”
https://www.voxpot.cz/ruska-kampan-v-cesku-je-mnohem-vetsi-nez-jste-si-mysleli/
Visegrad Insight, 2024. “Correction on Czech Media Outlet Expanding to Poland.”
https://visegradinsight.eu/correction-on-czech-media-outlet-expanding-to-poland/
Support4Partnership, 2024. “Top-20 Pro-Russian News Outlets Within the Czech Media Landscape.”
https://support4partnership.org/en/news/top-20-pro-russian-news-outlets-within-the-czech-media-landscape
PSSI (Prague Security Studies Institute) 2024, a. “Disinformation on Telegram in the Czech Republic: Organizational and Financial Background.”
https://www.pssi.cz/download/docs/10984_disinformation-on-telegram-in-the-czech-republic-organizational-and-financial-backround.pdf
CEDMO, 2024. “Investigation: An Anti-Ukrainian Community on X – A Gateway for Russian Propaganda in the Czech Information Space.”
https://cedmohub.eu/investigation-an-anti-ukrainian-community-on-x-a-gateway-for-russian-propaganda-in-the-czech-information-space/
Radio Prague International, 2024. “Russian Propaganda Spreading in Czech TikTok Ahead of Elections.”
https://english.radio.cz/russian-propaganda-spreading-czech-tiktok-ahead-elections-8864264
PSSİ, 2022. Political Capital – “Grey Zone” study (PSSI PDF).
https://www.pssi.cz/download//docs/9710_politicalcapital-grey-zone-cz.pdf
PSSI (Prague Security Studies Institute) 2024, b. “Disinformation on Telegram in the Czech Republic: Organizational and Financial Background.”
https://www.pssi.cz/download/docs/10984_disinformation-on-telegram-in-the-czech-republic-organizational-and-financial-backround.pdf
Reuters, 2024. “Czechs Sanction Medvedchuk Website Over Pro-Russian EU Political Influence.” 27 March 2024.
https://www.reuters.com/world/europe/czechs-sanction-medvedchuk-website-over-pro-russian-eu-political-influence-2024-03-27/
Černá, Karolína, 2022. “Prokremelská scéna v České republice.” Soudobé dějiny.
https://sd.usd.cas.cz/pdfs/sod/2022/03/01.pdf
Political Capital, 2017c. “Russia and the Czech Far Right: Country Study.”
https://politicalcapital.hu/pc-admin/source/documents/PC_NED_country_study_CZ_20170428.pdf
Jacuch, Jakub, 2022b. “Czech–Russian Relations: Russian Disinformation Campaign.” https://www.researchgate.net/publication/365571150_Czech-Russian_Relations_Russian_Disinformation_Campaign
Jacuch, Jakub, 2022c. “Czech–Russian Relations: Russian Disinformation Campaign.” https://www.researchgate.net/publication/365571150_Czech-Russian_Relations_Russian_Disinformation_Campaign
BİS, 2023a. “Annual Report of the Security Information Service for 2022.”
https://www.bis.cz/public/site/bis.cz/content/vyrocni-zpravy/2022-vz-aj.pdf
Warsaw Institute, 2024b. “Rossotrudnichestvo as a Russian Tool of Influence in the Czech Republic.”
https://warsawinstitute.org/rossotrudnichestvo-as-a-russian-tool-of-influence-in-the-czech-republic/
AA, 2024. “Czech Intelligence Launches Investigation into Russian Orthodox Church’s Operations in Country.”
https://www.aa.com.tr/en/europe/czech-intelligence-launches-investigation-into-russian-orthodox-church-s-operations-in-country/3311434
NUKİB, 2023. NÚKIB (National Cyber and Information Security Agency) (2023). About NÚKIB – National Cyber and Information Security Agency.
https://nukib.gov.cz/en/about-nukib/about-the-agency/ nukib.gov.cz+1
iRozhlas, 2023 Vláda zrušila funkci vládního zmocněnce pro média a dezinformace, kterou zastával Michal Klíma. https://www.irozhlas.cz/zpravy-domov/michal-klima-zmocnenec-media-dezinformace-vlada-konec-tomas-pojar_2302151348_pik iROZHLAS+1
EU DisinfoLab, 2024. Disinformation landscape in Czech Republic. Country Factsheet. https://www.disinfo.eu/publications/disinformation-landscape-in-czech-republic/ EU DisinfoLab+2EU DisinfoLab+2
CEDMO, sentyabr 2025. Czech Elves: An Exploration of Expert Voluntarism in Countering Information Warfare. https://cedmohub.eu/czech-elves-an-exploration-of-expert-voluntarism-in-countering-information-warfare/ CEDMO
CEPA, 2021 Czech Elves Battle in the Disinformation Forest. Center for European Policy Analysis. https://cepa.org/article/czech-elves-battle-in-the-disinformation-forest/ CEPA+1