Xülasə
Bu analitik material Avropada və ABŞ-da liberalizmin sosial dayaqlarının zəifləməsini, bunun paralelində sağ populizmin yüksəlməsini nəzəri və emprik baxımdan təhlil edir.
Material metod kimi elmi siyasi materialların nəzəri qarşılaşdırmasını, praktik misalların xronika üzrə təqdim edərək tarixilik aspektini qabartmağı, əsas suala cavab verərkən səbəb-nəticə əlaqəsini ortaya çıxarmağı qarşısına məqsəd qoyur.
Açar sözlər: Liberalizm, neoliberalizm, radikal sağ, sağçı populizm, Avropa, ABŞ.
Əsas sual: Bu yazıda biz “Neoliberal ideya öz prinsiplərindən vaz keçmədiyi üçünmü zəifləyir?” sualına cavab axtarmağa çalışacağıq.
Giriş
Liberal dünyagörüş üzərində qurulmuş beynəlxalq siyasi nizam son illərdə ciddi təzyiqlərlə qarşı-qarşıyadır. Bu təzyiqlərin mənbəyində radikal sağın siyasi meydanda getdikcə daha çox elektoral güc qazanması durur. Bunun təsiri ilə son dövrlərdə “Liberalizmin sonu” və ya “postliberal dövr” kimi anlayışlar akademik və siyasi diskursda geniş yayılıb (Patrick Deneen 2018a).
Khar Center bu analizində liberalizmin daxili paradokslarını və çağdaş radikal sağın yüksəlişi ilə bu ideoloji əsasın hansı tənqidlərə məruz qaldığını sistemli şəkildə təhlil etməklə prosesin mahiyyətini aydınlaşdırmağa cəhd edəcək. Radikal sağ liberalizmi “imperialist qlobalizmin” əsas ideoloji dayağı kimi görür (Yoram Hazony 2018). Liberalizm isə populist sağın həm mədəni, həm də iqtisadi baxımdan liberal demokratiyaya qarşı olduğunu iddia edir (Pippa Norris & Ronald Inglehart 2019). Göründüyü kimi bu tənqidlər həm də neoliberal ideyanın gələcəyi ilə bağlı suallar yaradır. ABŞ-da və Avropada bu proses klassik mənada ideoloji disskussiyadan daha fərqli istiqamətdə gedir. İqtisadiyyat, cəmiyyətin sosial strukturunun təşkili və ya yenidən təşkili, miqrasiya böhranı fonunda sözügedən polemikalardan təsirlənir. Bu baxımdan təqdim edilən material məsələyə lokal nümunələrdə, amma kompleks - nəzəri və praktik - baxmaqla mənzərəni aydınlaşdırmağa çalışacaq. Bu yazı qoyulan suala cavabla bərabər liberal ideyanın gələcəyinə dair bir nəticə çıxarmaq cəhdidir.
Nəzəri debatlar: neoliberal paradiqmanın tənqidi
Patrik Denin liberalizmin uğursuzluğunu sistemin öz daxili prinsipləri ilə izah edir: “Liberalizm niyə uğursuz oldu? Çünki o, öz prinsip və ideallarına sadiq qalaraq, içindən parçalandı”. Onun fikrincə, liberal fərdiyyətçiliyin son həddi ictimai strukturların dağılmasına və kollektiv dəyərlərin çökməsinə gətirib çıxarır. Bu o deməkdir ki, neoliberal ideya öz prinsiplərindən vaz keçmədiyi üçün zəifləyir (Deneen 2018b). Lakin bu baxışa qarşı fərqli və bir o qədər güclü arqumentlər də mövcuddur. Kolin Krauç kimi tədqiqatçılar neoliberalizmin uğursuzluğunu onun prinsipial xəttindən uzaqlaşması ilə izah edirlər. Krauçun fikrincə, neoliberalizm formal olaraq mövcudluğunu davam etdirir, lakin artıq bazar rəqabəti və azadlıq kimi əsas prinsiplər dövlətin deyil, böyük korporasiyaların hegemonluğu ilə əvəz olunub. O, qeyd edir ki, “neoliberalizm post-demokratik bir vəziyyət yaradıb, burada iqtisadi güc siyasi qərarların əsas istiqamətləndiricisinə çevrilib” (Crouch, 2011). Bu tendensiyanın bariz nümunələri olaraq “Google”, “Amazon” kimi transmilli korporasiyaların, X, Facebook kimi platformaların siyasətə və dövlət qurumlarına təsirini göstərir.
Fərdiyyətçiliyin sosial fraqmentasiyaya təsiri
Frensis Fukuyama qeyd edir ki, liberalizmin əsas üstünlüyü fərdi hüquqları qoruma bacarığı olsa da, onun zəif cəhəti kollektiv kimliyi nəzərə almamasıdır: “Liberalizm fərdi hüquqları uğurla qoruyur, lakin o, insanların kollektiv kimliyə ehtiyaclarını görməzdən gəlir”. Fukuyama həmçinin əlavə edir: “Liberal demokratiya yalnız qanun aliliyi və azad bazar deyil, həm də ortaq mənsubiyyət hissini təmin etməlidir” (Fukuyama 2022a).
Kimlik siyasəti və fraqmentasiya
Amartya Sen kimlik siyasətinin təhlükəli tərəflərinə diqqət çəkərək bildirir: Monokimlik düşüncəsi – zorakılıq və nifrətin əsas səbəblərindən biridir” (Sen, 2006). Bu, xüsusilə postmodern cəmiyyətlərdə mənsubiyyət üzərindən aparılan siyasətin liberallıqla ziddiyyətə girməsini göstərir. Liberal siyasət “mən kiməm” sualı ətrafında deyil, “biz bir yerdə nə edə bilərik” sualı ətrafında qurulmalıdır; kimlik siyasəti ilə məşğul olan sol, kənd yerlərində yaşayan orta sinfi və dindarları yadlaşdırdı və sağ populistlər bu vəziyyətdən “biz” ritorikasnı gücləndirməklə istifadə etdilər (Mark Lilla, 2017) Yəni göründüyü kimi, liberalizmin zəifləməsinin özünə olan sədaqətindən qaynaqlanması fikrini heç də hamı bölüşmür. Bununla belə, sağın yüksəlişi də burada bir dialektik prosesin olduğunu deməyə əsas verir.
Populizmin yüksəlişi
Populizmin yüksəlişi özü-özlüyündə kütlələrin dəyərlərə münasibətinin ifadəsi kimi görünsə də, bəzi müəlliflər bunu paradiqmal antaqonizm kimi şərh edir, populist siyasəti liberal demokratiyanın plüralist təməllərinə təhdid kimi dəyərləndirirlər. Onlar öz fikrini “Populist siyasətçilər “biz xalqı təmsil edirik” deyə iddia edirlər – bu isə plüralizmin və liberal demokratiyanın əsasını sarsıdır” kimi ifadə edirlər (Müller, 2016). Bununla belə, Reyn Müllerson qeyd edir ki, hazırda Qərb cəmiyyətlərində kosmopolit elitalarla populist partiyalara səs verən kütlələr arasında dərinləşən qarşıdurmanın kökləri demokratiya ilə liberalizm arasında daxili dialektik ziddiyyətdə yatır. Bu ziddiyyət, hiperqlobalizmin neqativ təsirləri ilə daha da güclənib. Yəni ideoloji rəqiblər bir-birini yaratmaqla məşğuldurlar (Müllerson, 2020a). Bu kontekstdə Şantal Muff populizmi demokratik siyasətin yenidən mobilizasiya vasitəsi kimi görür: “Populizm özlüyündə antidemokratik deyil. O, xalqın ehtiraslarını demokratik məqsədlərə səfərbər etmə vasitəsidir” (Muff, 2018). Bu fikir nə qədər əsaslıdır? Demək çətindir. Çünki hazırda bir çox ölkələrdə, xüsusilə demokratik seçki ənənəsi olan Türkiyədə xalqdan səs alan populist sağçı liderin demokratik institutları sıxışdırması bir faktdır (Khar Center 2025). Görünən odur ki, bu məsələyə yanaşmada demokratiyanın özünün bir vasitə, yoxsa həm də hədəf olduğu sual altındadır. Məsələn, yuxarıda deyildiyi kimi xalqın ehtiraslarından istifadə etmək vasitəsi. Populizmi vasitə kimi təqdim etmək isə birmənalı qarşılanmır. Onun daha çox diskursiv metod kimi şərh edildiyini deyə bilərik (Ernesto Laclo, 2005) Yəni belə çıxır ki, sağ populizm metodu vasitə kimi göstərməklə, vasitəni ( burada demokratiya) öz funksionallığından çıxarmağa, ona başqa bir qeyri-müəyyən məna yükləməyə çalışır.
Empirik xronika: ölkələr üzrə liberalizmin böhranı
Liberalizm, modern Qərb siyasi düşüncəsinin və institusional quruluşunun əsasını təşkil edən ideoloji-paradiqmatik çərçivədir. İnsan hüquqları, hüquqi dövlət prinsipi, fərdi azadlıqlar və demokratik iştirak mexanizmləri bu ideologiyanın əsas sütunları kimi formalaşıb. Lakin 21-ci əsrin ikinci onilliyindən etibarən liberalizmin həm normativ əsasları, həm də institusional dayanıqlığı ciddi sınaqlarla qarşı-qarşıya qalıb. Bu böhran, yalnız avtoritar və populist dalğaların yüksəlişi ilə izah olunmur; eyni zamanda liberalizmin daxili ziddiyyətləri və permanent yenilənmə çətinliyi də bu prosesin tərkib hissəsidir.
Ənənəvi liberal demokratiyalarda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi ölkələr uzun müddət liberalizmin institutsional dayaqları sayılıblar. Lakin bu ölkələrdə artan sosial bərabərsizlik, siyasi sistemə etimadın azalması və "mədəni parçalanma" kimi faktorlar liberal institutların legitimliyini zəiflədib. Eyni zamanda, liberal dəyərlərin tam oturuşmadığı Polşa və Macarıstan kimi Şərqi Avropa ölkələrində isə avtoritarlaşma daha sürətli və sistemli formalaşmaqdadır.
Liberalizmin böhranı, Şərqi Avropada "illiberal demokratiya" və "hibrid rejim" kimi yeni konseptual yanaşmaların aktuallaşmasına səbəb olub (Zakaria, 1997).
Bu nəzəri kontekst daxilində, aşağıdakı alt bölmələrdə ABŞ, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Polşa və Macarıstanda liberalizmin institusional davamlılığını və siyasi sistemlərin transformasiya dinamikası empirik olaraq təhlil ediləcəkdir. Məqsəd, bu ölkələrdə baş verən siyasi dəyişikliklərin yalnız lokal deyil, həm də struktur və qlobal sistem böhranının göstəriciləri olduğunu göstərməkdir.
Amerika Birləşmiş Ştatları
Maykl Sendel ABŞ-da liberal meritokratiyanın nəticələrini belə tənqid edir: “Əgər cəmiyyət yalnız qabiliyyət və səylə uğur qazananları mükafatlandırırsa, bu zaman uğursuz olanların dəyərsiz olduğunu düşünmək qaçılmaz olur” (Sendel, 2020). Donald Trampın seçilməsi isə populist diskursun liberallıq qarşısında necə dominantlaşa biləcəyini göstərdi. Biz bu hadisəni liberalizmin öz “seçilmiş”lərini yaradıb, “başqaları”nı siyasətdən və ictimaiyyətdən kənarda saxladığı üçün əks-həmlə alması kimi şərh edə bilərikmi? Liberalizm öz içində “proqressiv neoliberalizm” adlı bir sintez yaradıb. Bu mədəni inklüzivliklə iqtisadi bərabərsizliyin birləşməsidir: “Proqressiv neoliberalizm … mədəniyyətdə tanınma tələb edən qruplarla iqtisadiyyatda üstünlük axtaran elitaların alyansıdır. Nəticədə isə sosial ədalət iddiaları, öz maddi bazasından – sosial rifahdan – qoparılır.” Onun fikrincə bu, seçilmişlərin siyasəti: mədəniyyətə 'müasir' görünən inklüzivlik, amma iqtisadi strukturda dərin bərabərsizlik gətirir. (Nensi Freyzer, 2019)
Frensis Fukuyama isə məsələyə daha konkret baxır. Onun fikrincə, ABŞ-da kimlik siyasəti liberalizmin birləşdirici gücünü zəiflədir. (Fukuyama, 2018). Fukuyamanın bu tənqidi, liberalizmin sadəcə “azadlıq” deyil, həm də “ortaq mənsubiyyət və birlik” yaratma potensialına da istinad edir. O düşünür ki, hazırki kimlik siyasəti bu potensialı zəiflədir, çünki fərdləri ümumi ictimai müqavilənin deyil, “incimiş qrupun” nümayəndəsinə çevirir. Bu baxımdan deyə bilərik ki, makro kimlik yenidən formalaşarkən qütbləşdirici elementlərdən arınmalıdır. Elə ABŞ nümunəsi solun irqi və cinsi azlıqlara fokuslanmış siyasəti, sağın isə milli və dini kimliyi qabartması, nəticədə hər iki tərəfin ortaq ictimai dəyərləri əhəmiyyətli dərəcədə aşındırdığını deməyə əsas verir.
Böyük Britaniya
Əgər biz sağ populizmin qlobal təsirlərindən söz açırıqsa, şübhəsiz, Böyük Britaniyanın Avropa İttifaqından çıxması burada ən diqqət çəkən hadisələrdən ola bilər. Məhz bu hadisədən sonra Avropa Birliyinin gələcəyinə dair suallar ortaya çıxmağa başladı. “Breksiti izləmək - hərəkət edən hədəfi izləməyə bənzəyir” (Benjamin Martill, 2018) Bu fikir sözügedən prosesin qeyri-müəyyən xarakterini ifadə etsə də, həm də onun məqsədinin aydın olmamasına işarə sayıla bilər. Başqa tərəfdən breksiti həm də liberalizmin gələcəyinə dair suallar kimi qəbul edə bilərik, çünki ümumi dəyişiklik liberalizmin zəifləməsi fonunda baş verir. Bolqarıstanlı politoloq və ictimai xadim Ivan Krastev Breksit hadisəsini liberalizmin böhranının simvolu kimi görür: “Avropa Birliyi miqrasiya böhranı ilə deyil, öz gələcəyini görməmək böhranı ilə üzləşdi” (Krastev 2017). Əlbəttə, miqrasiya böhranını da AB-nin gələcəyinə təsir edən problemlərdən saymaq olar, amma görünən odur ki, burada daha çox siyasi dəyərlər məsələsi önə çıxarılır. “Naycel Farac və UKIP-in yüksəlişi breksit prosesində radikal sağ ritorikanın seçicilər üzərində təsirini açıq şəkildə göstərdi. "UKIP-in seçki uğurunu yalnız “kənarda qalanların” üsyanı kimi başa düşmək mümkündür – bu, postindustrial dövrün sosial, iqtisadi və mədəni dəyişiklikləri nəticəsində özlərini kənarlaşdırılmış hiss edən seçicilərin etirazı idi.” (Robert Ford və Matthew Goodwin, 2014). Yəni geriliyin kökündə ilk növbədə sosial iqtisadi çağırışlara cavab verməmək durur.
Reyn Müllerson isə məsələyə fərqli baxır. O breksiti sadəcə siyasi hadisə olaraq yox, həm də liberal demokratiyanın zəifləməsi olaraq görür: “Böyük Britaniyanın 2016-cı il referendumunda çıxacağına dair qərar, təkcə AB-yə qarşı deyil, həm də sağ populizmin yüksəlişi ilə qlobal liberal quruluşun etirazının əlaməti idi. Populist qruplar, xüsusilə sağ yönlü olanlar, miqrasiya, suverenlik və mədəni kimlik məsələlərində açıq ritorika ilə AB-ə qarşı çıxırlar” (Müllerson, 2024b). Bu mənada demək olar ki, baş verənlər həm də sosial formativ prosesdir. Yəni bunu konkret zaman və məkan daxilindəki proses kimi qiymətləndirmək yalnış ola bilər.
Almaniya
Son illərdə Almaniyada sağçı populizmin yüksəlişi Avropanın siyasi mənzərəsini əhəmiyyətli şəkildə dəyişdirib. Britaniyanın AB-dən çıxmasının ardınca Almaniyada sağ populizmin yüksəlməsi birliyin taleyinə dair suallara yenidən aktuallıq qazandırır. Almaniyada populist sağın yüksəlişinin ən bariz təmsilçisi olan Alternativ für Deutschland (AfD) partiyası isə ölkədəki siyasi diskursu qorxu, təhdid və ayrı-seçkilik üzərində qurulan ritorika ilə yenidən formalaşdırır.
Vyana unverstetinin Diskurs Analizi üzrə professoru Rut Vodak Almaniyada sağçı populist ritorikanı belə xarakterizə edir: o, “qorxu yaratmağa və yaymağa, təhlükəsizlik təşvişinə və özgəlik hissinə əsaslanır” (Wodak, 2015). Bu ritorika fərqli qrupları “biz” və “onlar” olaraq qütbləşdirir, xarici düşmən obrazları formalaşdırır və sosial birlik hissini zəiflədir. Bu diskurs təhlili göstərir ki, sağçı populistlər qorxu vasitəsilə cəmiyyətdə təhlükəsizlik narahatlığı və başqalarına qarşı şübhə və mənfi münasibət yaradırlar. Almaniyada xüsusən miqrasiya və İslam mövzularında sərt mövqeyi ilə seçilən AfD-nin yüksəlişi cəmiyyətdəki fərqli qruplar arasında parçalanmanı dərinləşdirir.
Bu ritorika təkcə siyasi mesaj deyil, həm də ictimai münasibətləri formalaşdıran güclü bir vasitədir. Sağçı populistlər liberal demokratik dəyərləri – inklüzivlik, çoxmədəniyyətlilik, insan hüquqları kimi anlayışları – hədəf alaraq, onları zərərli və ya “xalqın əsl maraqlarına zidd” kimi qələmə verirlər.
AfD-nin (Almaniya üçün Alternativ) yüksəlişi Avropada liberal dəyərlərə qarşı şübhələrin gücləndiyini göstərir.
Fransa
Fransada liberalizmin gələcəyi ciddi sınaqlarla üz-üzədir. Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik (Rassemblement National) hərəkatı sosial-iqtisadi narazılıqları mədəni və identitar diskurslarla birləşdirərək universalist liberal dəyərləri şübhə altına alan güclü bir alternativ olaraq meydana çıxıb. Populist sağın yüksəlişi, xüsusilə qloballaşmanın yaratdığı sosial parçalanmalar və mərkəzdənqaçma meylləri fonunda daha da sürətlənib. Frensis Fukuyama bu tendensiyanı belə qiymətləndirir: “Fransada liberalizmin gələcəyi – fərdi azadlıqlarla kollektiv ehtiyaclar arasında balans tapmaqdan asılıdır” (Fukuyama, 2022b).
2024-cü ildə Prezident Emmanuel Makronun Milli Assambleyanı buraxaraq növbədənkənar seçkilər elan etməsi bu gərginliyi müvəqqəti nəzarət altına almağa yönəlmişdi. Lakin bu addımın arxasında daha strateji hesablamalar dayanırdı. “Journal of Democracy” də yayımlanmış bir şərhdə belə qeyd olunur: “Prezident Makron hesab edirdi ki, Milli Cəbhənin (Rassemblement National) yüksəlişini dayandırmağın ən yaxşı yolu onu indi hakimiyyətə gətirməkdir... O əmin idi ki, bu partiya 577 dairənin heç birində yetkin və təcrübəli namizədlər irəli sürə bilməyəcək” (“Journal of Democracy” 2024).
Makronun bu manevri, əslində, liberal mərkəzin populist sağla oyun oynayaraq onu ifşa etmək cəhdidir. Lakin belə bir strategiya özü də liberalizmin zəifliyini və onun artıq normativ hegemoniyasının şübhə altına alındığını göstərir. Beləliklə, Fransa nümunəsində liberalizmin gələcəyi təkcə iqtisadi və siyasi mexanizmlərdən deyil, eyni zamanda, onun ideoloji davamlılıq qabiliyyətindən də asılı hala gəlib. Bunun isə siyasi qütbləşməni artıracağı ehtimalı daha yüksək kimi görünür.
İtaliya
Son illərdə avtoritar rejimlərlə mmünasibətlərdə daha qabarıq diqqət çəkən İtaliyada vəziyyət bir qədər kəskindir. Çünki burada sağ populizm Almaniya və Fransada olduğundan fərqli olaraq müxalifətdə deyil, hakimiyyətdədir. İtaliyadakı populist yüksəlişi təhlil edən Kas Mudde qeyd edir ki, sağ populizm – mədəni təhlükə, elitaya qarşı etiraz və “bizə qarşı onlar” düşüncəsi üzərində qurulmuş ideoloji reaksiyadır (Mudde, 2017). Deyə bilərik ki, bu tərif, xüsusilə son onillikdə Avropada, o cümlədən İtaliyada baş verən siyasi dəyişiklikləri anlamaqda mühüm açardır. Matteo Salvininin rəhbərlik etdiyi Şimal liqasının yüksəlişi, bu ritorikanın praktikada necə işlədiyini, seçici dəstəyi toplamaq üçün hansı sosial və mədəni narahatlıqların manipulyasiya edildiyini açıq şəkildə nümayiş etdirdi. Salvininin ritorikasında əsas mövzular miqrantlara qarşı qorxu, Avropa Birliyinə qarşı suverenlik çağırışları və italyan milli kimliyinin təhdid altında olmasıdır.
Salvini dönəmində bu sağ populist ritorika həm də xarici siyasətdə özünü göstərdi. Şimal liqası Vladimir Putin, Viktor Orban, İlham Əliyev kimi avtoritar liderlərlə əlaqələrini gücləndirməyə çalışdı və bu, “Brüsseldəki elita”ya qarşı mübarizə çərçivəsində xarakterizə olunurdu (Verbeek və Zaslove, 2017).
Lakin 2022-ci ildə Corca Meloninin başçılıq etdiyi Fratelli d’Italia partiyasının hakimiyyətə gəlişi sağ populizmin İtaliyadakı təzahüründə yeni mərhələnin başlanğıcı oldu. Meloninin daxili siyasətdəki çıxışları – "biz italyanlar öz kimliyimizi və suverenliyimizi bərpa etməliyik" – tipik populist ritorika olaraq şərh edilsə də, onun hökuməti xarici siyasətdə daha çox strateji və qərbyönlü davranış sərgilədi. Meloni Ukraynadakı müharibə fonunda AB və NATO ilə həmrəy olduğunu açıq şəkildə bildirdi. O, 2022-ci ilin dekabrında söylədi: “İtaliya Ukraynaya hərbi və humanitar dəstəyi davam etdirəcək. Bu, yalnız azadlıq məsələsi deyil, Avropanın sabitliyi məsələsidir” (Financial Times 2022)
Tədqiqatçılar qeyd edirlər ki, Meloninin hökuməti sağ populist mövqeləri qorumaqla yanaşı, “sistemin içərisindən davranmağa çalışır”, yəni həm suverenlik ritorikasını saxlayır, həm də transatlantik alyanslarla bağlılığı davam etdirir (Albertazzi, Giovannini və Zulianello 2023). Bu, onun populizminin illiberal radikallıqdan fərqləndiyini, lakin Kas Muddenin təyin etdiyi əsas xüsusiyyətləri – xalqın üstünlüyü, elitaya qarşı etiraz və identitar mövqelər – qoruduğunu göstərir.
Meloni həmçinin AB daxilində Macarıstan və Polşa kimi “illiberal demokratiya” modeli ilə idarə olunan ölkələrlə ideoloji yaxınlıq nümayiş etdirsə də, sanksiyalar məsələsində Orbanla fərqli mövqe sərgiləyib. “Financial Times” qeyd edir ki, “Meloni, İtaliyanın AB-nin Rusiya siyasətinə bağlılığını açıq şəkildə müdafiə edən sağ populist liderlərdən biridir” Bu vəziyyət onu göstərir ki, İtaliyada sağ populizm dəyişir: daxili ritorikada radikal mövqelər saxlanılsa da, xarici siyasətdə taktiki uyğunlaşma müşahidə olunur. Bu, populizmin kontekstə uyğun dəyişən, elastik olduğunu göstərən aydın nümunədir. (Finacial Times, 2022)
Macarıstan və Polşa
Avrop Birliyinin ən zəif halqasına çevrilmiş Macarıstan bu təşkilata rəqiblərlə münasibətdə nəinki çevik olmağa, bəzən addımlar atmağa imkan vermir. Belə olan halda liberalizmin əsas dayağı kimi görünən Avropa Birliyi addımlamaqda çətinlik çəkir (Financial Times, 2025) Görünən odur ki, sağ populizm və liberalizm bir müstəvi üzərində qarşılıqlı rəqabətlə öz yayılma sahələrini genişləndirməyə cəhdlər edirlər. Yəni birinin yükəslişi digərinin zəifləməsinə səbəb olur. Konkret isə AB və Macarıstan nümunəsində tərəflərdən birinin irəliləməsi, hansısa prosesi tormozlaması dirgərinin geriləməsinı, hərəkətinin məhdudlaşmasına səbəb olur. Biz məhz bu nümunədə sözügedən antaqonizmin qlobal mahiyyətini anlamağa çalışmalıyıq. Bəzi hallarda sağ populizm özünün məramını ideologiyalaşdırmağa cəhd edir. Misal üçün Macarıstanda Viktor Orbanın “illiberal demokratiya” konsepti liberalizmin əsas prinsiplərinə açıq çağırışdır. Orban qeyd edir: “Liberal demokratiya milli maraqlarla ziddiyyət təşkil edir” (Orban, 2014). Polşada isə Hüquq və Ədalət (PiS) partiyası hüquq sistemini siyasi nəzarət altına alaraq liberal hüquq dövlətinə meydan oxuyur. Bu partiya Konstitusiya məhkəməsinə hökumətə yaxın hakimlərin təyin etmək, Ali məhkəmə hakimlərinintəqaüd yaşını endirmək, Milli Məhkəmə Şurasının (KRS) tərkibinin dəyişdirib parlament tərəfindən seçilməsini təmin edərək, hakimlərə qarşı intizam prosedurlarının siyasi nəzarətə verərək demokratik institutlara, xüsusilə məhkəmə sisteminə ağır zərbə vurdu (Wojciech Sadurski, 2019).
Beləliklə biz görürük ki, sağ populizm Avropanın Şərqində Qərbində olduğundan daha sərt avtoritarizm yaradır.
Nəticə
Yuxarıdakı təhlillər göstərir ki, liberal düzən sadəcə siyasi sistem kimi deyil, ideoloji hekayə kimi də etibarsızlıqla qarşılanır. Tənqidçilər bu sistemin daxili paradokslarını vurğulasalar da, bu məramın yenidən qurulması potensialına inanlar az deyil. Liberalizmin möhkəmləndirilməsi üçün kollektiv kimliklərin, sosial bərabərsizliyin və demokratik iştirakın nəzərə alınması zəruridir. Frensis Fukuyama qeyd edir: “İctimai kimlik və kollektiv mənsubiyyət olmadan liberalizm öz dayanıqlılığını itirir” (Fukuyama, 2022c). Təqdim olunan elmi-nəzəri mülahizələrin və emprik xronikanın qarşılıqlı və müqayisəli təhlili onu deməyə əsas verir ki, liberalizm heç də öz prinsiplərinə sədaqətə görə zəifləməyib. Bir çox hallarda məhz prinsiplərindən geri çəkildiyi, yaxud da sosial dəyişikliyin tələblərinə uyğunlaşmadığı üçün geriləyib. Bununla belə, neoliberal baxış və sistem özünü yenidən qurmaq üçün fürsətlərini itirməyib. Yeni dəyərlərlə zənginləşərək, xüsusilə, kollektiv kimliklər, mədəni plüralizm məsələsində paradiqmal yenilənmələrlə meydana qayıda bilər. Sağ populizm isə daima öz rüşeymlərini cəmiyyətlərin zəif yerlərində gizlədəcək və pöhrələnib güclənmək üçün fürsət axtaracaq. Bununla belə, bu dialektik prosesdə hər zaman liberalizm formatlanmaq xüsusiyyətinin üstünlüyündən yararlanacaq və yenilənəcək.
İstinadlar
- Deneen, 2018a. Why Liberalism Failed. s 200-216
- Yoram Hazony 2018, The Virtue of Nationalism. s 10-20
- Pippa Norris və Ronald Inglehart (2019) “Cultural Backlash: Trump, Brexit and Authoritarian Populism. s 72-74
- Deneen, 2108b. Why Liberalism Failed.s 3
- Crouch, 2011. The Strange Non-Death of Neoliberalism. s 7-8
- Fukuyama, 2022a. Liberalism and Its Discontents.s 130-139
- Amartya Sen, 2006. Identity and Violence: The Illusion of Destiny. s 20
- Mark Lillanın, 2017. The Once and Future Liberal: After Identity Politics. s 125-126
- Jan‑Werner Müller, 2016. What Is Populism? s 19-20
- Rein Müllerson, 2024a. Imperialism and the Rise of Populism. s 66-68
- Chantal Mouffe, 2018. For a Left Populism. s 4-6
- KharCenter, 2025. https://kharcenter.com/en/publications/the-anatomy-of-a-silent-regime-change-the-case-of-turkiye
- Ernest Laclau, 2005. On Populist Reason. s 11
- Zakaria, F. 1997. "The Rise of Illiberal Democracy." Foreign Affairs, 76(6), 22–43.
- Sandel, 2020. The Tyranny of Merit.s 23-24
- Nancy Fraser, 2019. The Old Is Dying and the New Cannot Be Born. s 20-25
- Fukuyama, 2018. Identity. s 15
- Krastev, 2017. Brexit and Beyond: Rethinking the Futures of Europe. s 263
- Robert Ford və Matthew Goodwin, 2014 Revolt on the Right 279
- Rein Müllerson, 2024b. Brexit and the Rise of Right‑Wing Populism. s 21
- Wodak, 2015. The Politics of Fear: What Right‑Wing Populist Discourses Mean. s 20
- Fukuyama 2022b. Liberalism and Its Discontents 64-85
- Journal of Democracy 2024. “Why Macron’s Big Gamble Worked”
- Mudde, 2019. Populism: A Very Short Introduction. s 34
- Verbeek, Bertjan, and Andrej Zaslove. Populism and Foreign Policy. s 234 .
- Financial Times,2022 https://www.ft.com/content/53a73132-cf02-4561-b91f-c91f7ad52f13
- Wojciech Sadurski, 2019.Poland’s Constitutional Breakdow. s 124
- Fukuyama, 2022c. Liberalism and Its Discontents. s 17