Research paper

Qazaxıstan avtoritarizminin təkamülü ( Keçid Dövrü: Nazarbayevdən Tokayevə 2019–2025) (II YAZI)

Qazaxıstan avtoritarizminin təkamülü  ( Keçid Dövrü: Nazarbayevdən Tokayevə 2019–2025) (II YAZI)

Yazının birinci hissəsinə keçid burada:  Kliklə

---

2019-cu ilin martında Nursultan Nazarbayevin gözlənilməz istefası ilə Qazaxıstan tarixində ilk dəfə dinc yolla və formal üsulla hakimiyyətin ötürülməsi baş verdi. Lakin bu, sadəcə formal dəyişikliklərlə məhdudlaşdı – Nazarbayev “Elbaşı” (Millətin lideri) statusunu qorudu, Milli Təhlükəsizlik Şurası sədrliyi və bir sıra qeyri-rəsmi kanallar vasitəsilə ölkənin güc strukturlarına təsirini belə saxladı. Bu keçid prosesi hələ də əvvəlki klan gücləri ilə dolu idi .Hakimiyyətə Tokayev gəldi və özünü “soft transfer” adlandırdı. 

Tokayev dövründə aparılan islahatlar – xüsusilə də 2022-ci ilin konstitusiyasına daxil edilən dəyişikliklər – prezident səlahiyyətlərinin azaldılmasına, parlamentin və yerli idarəetmənin gücləndirilməsinə yönəldi. Bununla belə, analitiklər bu dəyişiklikləri əsasən simvolik hesab edir, çünki hakimiyyət strukturu və qeyri-formal mərkəzlər – Nazarbayev klanı daxil olmaqla – hələ də real güc bazası olaraq qalırdı.

2022-ci ilin ilk günlərində baş verən qanlı “Yanvar hadisələri” – maye qaz qiymətinin kəskin artırılması səbəbindən yaranan etirazlar – daha dərin siyasi böhranın əlaməti oldu. Tokayev bu etirazlara sərt reaksiya verdi, KTMT-dən rus sülhməramlılarını dəvət etdi və bu, rejimin avtoritar xarakterini və hadisələrə güc strukturları ilə cavab verdiyini göstərdi.

Bu girişdə vurğulandığı kimi, 2019–2025-ci illər formal islahatlar, gücün klan strukturları və avtoritar institutlarla balanslaşdırıldığı bir dönəm kimi xarakterizə olunur. Aşağıda təqdim edilən təhlildə bu dövrün siyasi tranformasiyasından tutmuş iqtisadi dəyişikliklərə qədər geniş aspektlərinə toxunulacaq.

 Keçid dövrü: Nazarbayevdən Tokayevə (2019–2025)

 Formal transfer və məhdud çevrilmə: 2019-cu ilin mart ayında Nursultan Nazarbayev qəflətən uzunmüddətli prezidentlikdən istefa verməsi və hakimiyyətin dinc yolla başqa şəxsə ötürülməsi prosesi post sovet avtoritarizminə yeni çalarlar gətirdi (BBC News, 2019). Şatz qeyd edir ki, Nazarbayevin istefası “formal çevrilmə” xarakteri daşıyırdı, yəni institusional dəyişikliklər məhdud şəkildə reallaşdı, əsas siyasi və idarəçilik strukturunun çox hissəsi isə qorunub saxlanıldı. Tokayevin prezidentliyə keçməsi həm formal, həm də qeyri-formal mexanizmlərin labirintində baş verdi; “ənənəvi idarəçilik” modeli — yəni Nazarbayev klanının təsir dairəsi — hələ də real güc mənbəyi olaraq qalırdı (Schatz, 2021).

Tokayev dövründə konstitusiyaya dair müəyyən islahatlar həyata keçirildi. 2022-ci ilin iyun ayında prezidentin səlahiyyətləri məhdudlaşdırıldı, parlamentin və hökumətin rolu artırıldı (OSCE, 2022). Lakin bu islahatların dərinliyi və rejimin avtoritar mahiyyətinin dəyişməsi barədə mübahisələr qalır (Freedom House, 2023a). Analitiklər hesab edir ki, bu dəyişikliklər əsasən reaktiv xarakter daşıyır (Kassenova, 2023a).

 2022-ci il mitinqləri və siyasi parçalanma: 2022-ci ilin yanvar ayında baş verən kütləvi etirazlar və nümayişlər Qazaxıstanın müstəqillik tarixində ən ciddi sosial-siyasi sarsıntıya çevrildi (Reuters, 2022). Etirazların ilkin səbəbi ölkədə maye qazın qiymətinin kəskin artması ilə bağlı iqtisadi narazılıq olsa da, bu hadisələr, əslində, illərlə yığılıb qalmış dərin sosial təbəqələşmə, sistemli korrupsiya, siyasi repressiyalar və demokratik islahatların gecikməsi kimi amillərin partlayış nöqtəsi idi (International Crisis Group, 2022). Etirazlar təkcə hökumətə qarşı deyil, həm də uzun illər ölkəni idarə etmiş Nursultan Nazarbayevə və onun yaratdığı siyasi sistemə qarşı yönəlmişdi. Aksiya iştirakçıları "Şal ket!" (“Qoca getsin!”) kimi şüarlarla çıxış edərək Nazarbayevin rəmzi siyasi nüfuzunu və onun ailəsinə bağlı oliqarxik şəbəkəni açıq şəkildə hədəf aldılar. Bu, faktiki olaraq Nazarbayevin ölkənin siyasi həyatındakı hegemon rolunun sonunu simvolizə etdi və onun Təhlükəsizlik Şurasının sədri vəzifəsindən uzaqlaşdırılması ilə nəticələndi (Cooley, 2022).

Etirazların miqyasının böyüməsi və bəzi şəhərlərdə zorakılıq və qarışıqlığın artması hökumətin cavabını sərtləşdirdi. Güc strukturları — Milli Təhlükəsizlik Komitəsi, daxili işlər orqanları və ordu — nümayişçilərə qarşı sərt müdaxilə etdi. Onlarla insan həyatını itirdi, minlərlə etirazçı saxlanıldı, və insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq narahatlıqlar artdı (Freedom House, 2023b).

Bu hadisələr ölkədəki siyasi parçalanmanı daha da dərinləşdirdi və Prezident Qasım-Jomart Tokayevin hakimiyyətinin legitimliyinə ciddi zərbə vurdu. Eyni zamanda, bu proseslər Nazarbayev dövrünün siyasi irsinin yenidən dəyərləndirilməsinə səbəb oldu və Tokayev üçün daha fərqli, “islahatçı” mövqe formalaşdırmaq imkanları yaratdı.

“Yeni Qazaxıstan”: Reallıq və simvolika

Mitinqlərdən sonra Prezident Tokayev “Yeni Qazaxıstan” şüarı altında islahatlar paketi təqdim etdi. Bu proqram çərçivəsində mətbuat azadlığı, hakimiyyətin bölüşdürülməsi və seçki sistemində müəyyən dəyişikliklər elan olundu (OSCE, 2023).

Simvolik dəyişikliklər də bu prosesin bir hissəsinə çevrildi. Xüsusilə 2019-cu ildə Nazarbayevin şərəfinə paytaxtın adının Astana-dan Nursultan olaraq dəyişdirilməsi ictimaiyyət arasında birmənalı qarşılanmamışdı. Yanvar hadisələrindən və Nazarbayevə qarşı artan narazılıqdan sonra, 2022-ci ilin sentyabr ayında Tokayevin təşəbbüsü ilə paytaxtın əvvəlki adı olan Astana bərpa edildi. Bu addım siyasi simvolizm baxımından Nazarbayev epoxasının başa çatması idi. 

Lakin elmi ədəbiyyat və beynəlxalq hesabatlar bu islahatların əksəriyyətinin formal xarakter daşıdığını vurğulayır (Kassenova, 2023b). Struktur dəyişikliklər yalnız səlahiyyətlərin görünən şəkildə yenidən bölüşdürülməsinə yönəlib və əslində Tokayevin liderliyi altında yeni, daha texnokratik avtoritar model formalaşır. Nazarbayevin "liderə əsaslanan personalist modelindən" fərqli olaraq, Tokayev dövrü institusional dildə islahat və qanunçuluqdan danışsa da, real siyasi plüralizm hələ də gerçəkləşməyib.

Təhlil

Siyasi rejimin stabilliyi və transformasiyası: 1991–2010 dövrü əsasən avtoritar rejimin formalaşması və möhkəmlənməsi mərhələsi idi. Bu dövrdə prezidentlik institutu mərkəzləşdi və dövlət qurumları siyasi liderin təsirindən asılı oldu (Schatz, 2004). 2010–2019 dövründə isə rejim daha çox şəxsiləşdi, “Elbaşı” statusu ilə Nazarbayev siyasi simvol və real güc sahibi oldu (Kassenova, 2011). 2019–2025 dövründə isə formmal siyasi formal müşahidə olunsa da,  əslində güc balansı və institusional dəyişikliklər minimal oldu (Freedom House, 2023).

İctimai nəzarət və mediaların rolu: 1991–2010-da KİV ciddi dövlət nəzarəti altında idi. 2010–2019 dövründə senzura gücləndi, QHT-lərə basqılar artdı. 2019–2025 dövründə isə qanunvericilikdə mətbuat azadlığına dair islahatlar olsa da, reallıqda müstəqil jurnalistlər və fəallar təzyiqlərlə üzləşirlər. Sosial media və informasiya texnologiyaları müəyyən ifadə azadlığı imkanı yaratsa da, güclü dövlət nəzarəti hələ də davam edir (OSCE, 2023).

İctimai etirazların intensivliyi və idarə olunması: Əvvəlki dövrlərdə etirazlar ya məhdud idi, ya da sərt şəkildə yatırılırdı. 2022-ci ilin yanvar aksiyaları isə genişmiqyaslı oldu və siyasi rejimin stabilliyini ciddi şəkildə sarsıtdı. Bu hadisə avtoritar rejimin böhrana çevik və sərt cavab verdiyini göstərdi (Reuters, 2022).

İslahatların səviyyəsi və mahiyyəti: 1991–2010 və 2019–2025 dövrlərində konstitusion islahatlar həyata keçirilsə də, ilk dövrdə bu, avtoritarizmin gücləndirilməsi məqsədi daşıyırdı. Hazırkı dövrdə isə müəyyən liberal addımlar atılsa da, bu islahatlar əsasən  simvolikdir və idarəedici strukturun mahiyyətini dəyişməyib .

Nəticə olaraq Qazaxıstanın avtoritar idarəçilik təkamülü keçid dövründə (2019–2025) formal islahatlarla müşayiət olunsa da, siyasi güc strukturlarının və qeyri-formal mərkəzlərin dəyişməməsi rejimin avtoritar mahiyyətinin davamlılığını göstərir. Bu dövr həm ölkə daxilində stabilliklə risk arasında bir tarazlığı, həm də regional avtoritar sistemlər içərisində Qazaxıstanın özünəməxsus keçid modelini nümayiş etdirir.

2019-dan sonra: Siyasi transformasiya və avtoritarizmin yeni mərhələsi

Post Nazarbayev dövrü: Nursultan Nazarbayevin 30 illik prezidentlikdən istefası 2019-cu ilin martında idarəetmənin sakit şəkildə ötürülməsi ("soft transfer") modeli əsasında həyata keçirilsə də O, “Elbaşı” statusunu qoruyaraq və Milli Təhlükəsizlik Şurasının sədri olaraq siyasi təsirini davam etdirdi. Kasım-Jomart Tokayevin prezidentliyinə keçid mərhələsində islahatlar və sabitlik mesajları verilsə də, avtoritar institutlar, siyasi klanlar və güc mərkəzləri arasında tarazlıq sabit qaldı (FPRI, 2022).

İslahatlar və rejimin liberallaşması illüziyası: Tokayev dövründə aparılan siyasi islahatlar, əsasən Qazaxıstanın beynəlxalq imicini artırmaq və daxili təzyiqləri azaltmaq məqsədi güdür. Seçki qanunvericiliyində və QHT-nin fəaliyyətində müəyyən yumşalmalar müşahidə edilsə də, əsl siyasi rəqabət hələ də formal xarakter daşıyır; müxalifət hələ də ciddi məhdudiyyətlərlə üz-üzədir və media nəzarətdədir (AP News, 2023).

Sosial narazılıqlar və siyasi reaksiyalar: 2022-ci ilin yanvarında başlayan genişmiqyaslı etirazlara rejim sərt təzyiqlərlə, o cümlədən “atəş” əmri ilə cavab verdi. Vətəndaş fəallığını yatırmaq məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), faktiki isə Rusiya ordusu Qazaxıstana müdaxilə etdi (Time, 2022). Bu hadisə “Qanlı Yanvar” kimi tanındı və 238 ölüm, minlərlə həbs, işgəncə iddiaları ilə nəticələndi ( Le Monde, 2024).

Yeni avtoritar dinamikalar və rejimin strategiyaları: Yeni dövr artıq “açıq avtoritarizm” modelini ehtiva edir — formal demokratik institutlar saxlanmaqla yanaşı, eyni zamanda texnoloji nəzarət sistemləri, sosial media üzərində məhdudiyyətlər və informasiya axınının manipulyasiyası genişləndirilib (Chatham House, 2023). Həmçinin seçki və inzibati islahatlar vasitəsilə xalqla dialoq imici yaradılıb, lakin bu daha çox simvolik xarakter daşıyır.

Regional kontekst və Qazaxıstanın avtoritar modelinin gələcəyi: Qazaxıstanın siyasi modelində Rusiya və Çinin təsiri mühüm rol oynayır. KTMT-nin müdaxiləsi vasitəsilə formalaşan regional balans, Qazaxıstanın xarici siyasətində multivektor yanaşmasına təsir edir (Eurasianet, 2022). Bununla belə rejimin əsas təhdidi — iqtisadi diversifikasiya zəifliyi, sosial narazılıqlar və demokratik liberalizasiyadan uzaq olmasıdır.

2019-dan sonra Qazaxıstanda formalaşan siyasi sistem, şəxsə bağlı institusional avtoritarizm formasını qoruyur. Rejim repressiv və inklüziv strategiyalar arasında tarazlıq quraraq davamlılığını təmin etməyə çalışır. 

2019-dan Sonra: Siyasi-iqtisadi aspektlər və cəmiyyətin rolu

İqtisadi transformasiya və avtoritar rejim: 2019-cu ildən sonra Qazaxıstan iqtisadiyyatı hələ də neft və qaz sektoruna güvənir, resurs əsaslı model dominantlığını saxlayır. Davamlı iqtisadi diversifikasiya niyyətləri və “Qazaxıstan–2050” strateji konsepsiyasına dair bəyanatlar, həm daxili, həm də beynəlxalq ictimaiyyətə islahat siqnalı vermək məqsədi daşıyır. İqtisadi resursların nəzarəti hələ də oliqarxik strukturlar və siyasi klanların əlində qalır və korrupsiya əsaslı mənfəət bölgüsü səbəbindən geniş təbəqələrin rifahına təsiri zəifdir. Resurs gəlirlərinin legitimasiyası davam etsə də, qiymət dalğalanmaları və qlobal neft bazarındakı qeyri-sabitlik rejimin iqtisadi dayanıqlığını hədələyir. Cavab olaraq hakimiyyət iqtisadi islahatlara baxmayaraq, nəzarəti gücləndirən və loyallığı üstün tutan siyasətə daha çox önəm verir (Transparency, 2024).

Sosial təbəqələr və cəmiyyətin siyasi mövqeyi: Qazax cəmiyyəti sosial-iqtisadi problemlər, siyasi iştirak imkanlarının məhdudluğu və insan haqları sahəsində artan narahatlıqları yaşayır. Xüsusilə şəhər sakinləri və gənclər arasında siyasi fəallıq yüksəlir, lakin dövlət bu təşəbbüsləri ciddi məhdudiyyətlərlə qarşılayır (Freedom House, 2019).

Xarici təhsil və açıq informasiya axını gənclər arasında demokratik dəyərlərin və şəffaflığın artmasına şərait yaradır. Bu isə rejim tərəfindən təhdid kimi görülür və sosial media üzərində nəzarət intensivləşir (Asia Global Affairs, 2022). Eyni zamanda troll şəbəkələri, senzura siyasəti və dövlət media resurslarından istifadə cəmiyyətin düşüncə müstəqilliyini məhdudlaşdırır (Voices Central Asia, 2019).

Cəmiyyətin rolu və gələcək perspektivlər: Qazaxıstan cəmiyyətinin siyasi transformasiyadakı rolu hələ ki məhduddur; amma sosial narazılıqlar və etiraz aksiyaları rejimi müəyyən inklüziv addımlar atmağa məcbur edir (Foreign Policy, 2021). Bununla belə real siyasi dəyişiklik üçün güclü strukturlaşmış müxalifət formalaşmayıb. Rejim ictimaiyyəti “davranış kodeksi” və texnoloji nəzarət üsulları vasitəsilə idarə edə bilir. Bu da avtoritar mədəniyyətin cəmiyyətdə dərin kök saldığını göstərir (Freedom House, 2024).

Avtoritarizmin davamlılığı və perspektivləri

Qazaxıstanda avtoritarizmin uzunömürlü olması təsadüfi deyil. Bu modelin davamlılığını təmin edən spesifik daxili mexanizmlər, regional kontekst, geopolitik mövqe və sosial-psixoloji amillər rejimin elastikliyini və uyğunlaşma qabiliyyətini artırır. Lakin bu davamlılıq daimi və dəyişməz deyil – həm daxildə, həm də xaricdə baş verən dinamik proseslər avtoritar modelin dayanıqlığını sınağa çəkir.

1. Daxili davamlılıq mexanizmləri

Qazaxıstanın avtoritar rejimi aşağıdakı səbəblərə görə möhkəm struktur qazanıb:

  • Əhalidə siyasi apatiya və "sabitlik üçün razılıq": Sovet mirası və ilkin postsovet dövrü travması nəticəsində formalaşmış siyasi passivlik, xalq arasında avtoritar stabilliyin demokratik qeyri-müəyyənlikdən üstün tutulmasına şərait yaradır. Rejim bu sosial psixologiyanı manipulyasiya edərək “azadlıq xaos gətirir” narrativini populyarlaşdırır (Laruelle, 2015).
  • Rentier iqtisadiyyatı və müvəqqəti rifah: Neft və qaz gəlirləri hesabına hökumət müəyyən sosial transferlərlə narazılıqları cilovlaya bilib. Bu, bir növ "avtoritar sosial kontrakt" yaradır – siyasi passivlik müqabilində minimal rifah (Luong & Weinthal, 2020).
  • Repressiya və selektiv liberallaşma: Rejim genişmiqyaslı repressiyalara yox, hədəfli və selektiv təzyiqlərə üstünlük verir. Bu isə həm qorxu mühitini qoruyur, həm də beynəlxalq reaksiyalardan yayınmağa imkan verir. Eyni zamanda islahat görüntüsü altında seçilmiş liberallaşma addımları daxili təzyiqləri azaltmaq üçün istifadə olunur (Silitski, 2025).

2. Xarici amillər və geosiyasi davamlılıq

Qazaxıstanın avtoritar rejimi regional və beynəlxalq mühitlə sıx şəkildə bağlıdır:

  • Rusiya və Çin faktorları: Rusiya Qazaxıstanın təhlükəsizlik və enerji siyasətində əsas strateji tərəfdaşdır. Kremlin avtoritarizmə verdiyi açıq dəstək Qazaxıstanda da bu modelin legitimləşdirilməsinə töhfə verir. Çin isə "daxili işlərə qarışmamaq" prinsipi əsasında Qazaxıstanın avtoritar sabitliyini öz sərhədlərinin təhlükəsizliyi baxımından faydalı hesab edir (Cooley, 2012).
  • Zəif beynəlxalq təzyiq və ikili standartlar: Qərb dövlətləri enerji və təhlükəsizlik maraqlarına görə Qazaxıstana qarşı daha yumşaq siyasət yürüdürlər. Demokratik standartlara riayət edilməməsinə baxmayaraq, Qazaxıstan mühüm strateji tərəfdaş kimi qəbul olunur. Bu isə rejimə beynəlxalq legitimlik verir (Freedom House, 2023).


3. Potensial transformasiya imkanları və risklər

Avtoritarizmin sabitliyi zamanla azala bilər. Bunu şərtləndirən amillər aşağıdakılardır:

  • İqtisadi monodəstək sisteminin dağılması: Enerji qiymətlərinin azalması, neftə dayanıqlı iqtisadi modelin zəifləməsi və gəlirlərin qeyri-bərabər paylanması ictimai narazılığı artıra bilər. Əhali sosial rifah müqabilində siyasi susqunluq razılaşmasından uzaqlaşmağa başlaya bilər.
  • Sosial və demoqrafik dəyişikliklər: Gənc nəsil daha açıq informasiya mühitində yetişir və avtoritar dəyərlərlə eyniləşmir. Urbanizasiya və təhsil səviyyəsinin artması ilə daha fəal və tələbkar vətəndaş cəmiyyəti yarana bilər (Melvin, 2018).
  • Yeni siyasi elitlərin parçalanması və daxili rəqabət: Tokayev dövründə Nazarbayev klanının zəiflədilməsi cəhdləri siyasi sistem daxilində gərginliklər doğurur. Bu isə siyasi sabitliyin pozulması və transformasiya fürsətlərinin yaranması ilə nəticələnə bilər.
  • Regional təhlükəsizlik riskləri və legitimlik böhranı: 2022-ci ilin yanvar etirazları göstərdi ki, sosial-iqtisadi faktorlar və siyasi təzyiqlər vətəndaş partlayışına səbəb ola bilər. Bu cür hadisələrin təkrarı və yeni repressiyalar rejimin legitimliyinə ciddi xələl gətirə bilər.

Hazırda Qazaxıstanın avtoritar rejimi yaxın perspektivdə davamlı görünür. Lakin bu davamlılıq qeyri-müəyyən və dəyişkən kontekstdə qurulmuş bir balans üzərində dayanır. Rejimin mövcudluğu daxili repressiv institutlar, ideoloji manipulyasiya və xarici geosiyasi müttəfiqlərlə tarazlanır. Lakin iqtisadi şoklar, sosial dəyişikliklər və regional qeyri-sabitlik bu balansı pozaraq, rejimi ya islahatlara, ya da daha sərt nəzarət formalarına məcbur edə bilər.

Nəticə

Qazaxıstanda avtoritarizmin təkamülü əsasən şəxsi kult və institusional mexanizmlərin qarşılıqlı təsiri nəticəsində möhkəmlənmişdi. Nursultan Nazarbayevin “Elbaşı” statusunun qanuniləşdirilməsi və onun ətrafındakı siyasi klanın hakimiyyətin davamlılığında və strukturlaşmasında aparıcı rol oynaması, ölkədə avtoritar sistemin xüsusiyyətlərini müəyyən edirdi. Şatz qeyd edir ki, Qazaxıstandakı “klan siyasəti” və “qohum-əqrəba şəbəkələri” ölkənin siyasi strukturunda əsas dayaqlar kimi çıxış edir və bu, ölkənin “modern klan siyasəti” modeli kimi xarakterizə olunur (Schatz, 2004). Kendzior isə əlavə edir ki, “Elbaşı” modelinin institusionallaşması, Qazaxıstan avtoritarizminin həm daxili, həm də beynəlxalq kontekstdə legitimliyinin artırılmasına xidmət edir (Kendzior, 2019).

2022-ci ilin yanvar etirazları “Freedom House”un təhlilinə görə, ölkədə siyasi islahatlara müəyyən təkan vermiş, lakin müxalifətin hələ də ciddi məhdudiyyətlərə məruz qalması və dövlət aparatının möhkəmliyi bu dəyişikliklərin dərin demokratikləşməyə çevrilməsini əngəlləyir, “pluralizmə yalnız formal şəkildə imkan verilən” bu cür rejimlərdə dövlət nəzarəti və repressiya mexanizmləri avtoritar idarəçiliyin əsas sütunları kimi qalır (Freedom House,2023).

Müqayisəli kontekstdə, Levitski və Way qeyd edirlər ki, Qazaxıstanın hibrid avtoritar modeli Rusiya və digər Mərkəzi Asiya ölkələrindəki avtoritar rejimlərlə oxşar xüsusiyyətlərə malikdir, lakin “Elbaşı” statusunun qanuniləşdirilməsi Qazaxıstanın rejiminə unikal institusional çalar  əlavə etmişdi (Levitsky və Way, 2010). Ross isə neft resurslarının ölkənin iqtisadiyyatında rolunu analiz edərək bildirir ki, “resurs-loyallıq pakt” çərçivəsində neft gəlirləri avtoritar rejimlərin sosial legitimliyinin əsas komponentinə çevrilir (Ross, 2012).

Daymond və Şidlerin əsərlərinə əsaslanaraq qeyd etmək olar ki, gələcək perspektivdə, əgər Tokayev hakimiyyətinin həyata keçirdiyi islahatlar real siyasi institutların güclənməsinə gətirib çıxarsa, Qazaxıstanda daha yetkin və dayanıqlı hibrid rejim formalaşa bilər (Diamond,2002, Schedler 2006). 

Beləliklə, Qazaxıstan nümunəsində avtoritarizmin təkamülü şəxsən Nazarbayevin liderlik kultu ilə institusional mexanizmlərin sintezindən ibarət olmuş, bu da ölkənin siyasi sistemində həm sabitlik, həm də qeyri-müəyyənlik yaradıb. Tokayevin dövründə aparılan islahatlar və sosial etirazların nəticələri isə hələlik ölkənin avtoritar-hibrid modellə idarə olunub olunmamasının gələcək istiqamətini tam müəyyənləşdirməyib.

İstinadlar:

  1. BBC News. (2019). Kazakhstan’s Nazarbayev resigns after almost 30 years in power. https://www.bbc.com/news/world-asia-47628854 
  2. Schatz, E. (2021). The Making of a ‘Soft Authoritarian’ State in Kazakhstan. Post-Soviet Affairs, 37(5), 393–416. 
  3. OSCE. (2022). Kazakhstan’s constitutional reforms: A step towards democratization? OSCE Reports.
  4. Freedom House. (2023)a. Freedom in the World 2023: Kazakhstan.
  5. Kassenova, N. (2023). Post-Nazarbayev Kazakhstan: Authoritarian Continuity or Change? Central Asian Affairs, 10(2), 134-157.
  6. Reuters. (2022). Kazakhstan unrest: What’s behind the protests? https://www.reuters.com/markets/currencies/stability-turmoil-whats-going-kazakhstan-2022-01-06/ 
  7. International Crisis Group. (2022). Kazakhstan’s January Crisis: Causes and Consequences
  8. Freedom House. (2023)b. Freedom in the World 2023: Kazakhstan.
  9. Cooley, A. (2022). Authoritarian resilience and the ‘New Kazakhstan’. Journal of Democracy, 33(1), 95-109.
  10. OSCE. (2023). Election observation report: Kazakhstan parliamentary elections.
  11. Kassenova, N. (2023). Post-Nazarbayev Kazakhstan: Authoritarian Continuity or Change? Central Asian Affairs, 10(2), 134-157.
  12. Schatz, E. (2004).  Modern Clan Politics: The Power of "Blood" in Kazakhstan and Beyond.  University of Washington Press.
  13. Kassenova, N. (2011). Kazakhstan: Incremental Change or Stagnation? In: Countries at the Crossroads 2011, Freedom House.
  14. Freedom House (2023).  Nations in Transit 2023: Kazakhstan
  15. OSCE (2023).  OSCE Media Freedom Report on Kazakhstan. Organization for Security and Co-operation in Europe.
  16. Reuters (2022). Kazakhstan Protests: Dozens Killed, Government Buildings Torched. Reuters, January 2022.
  17. FPRI. (2022, March 7). How the Intervention in Kazakhstan Revitalized the Russian-led CSTO. Foreign Policy Research Institute.  
  18. AP News. (2023, January 20). A year after Kazakhstan's deadly riots, questions persist. https://apnews.com/article/27777324a342490b737866449ca00f93 
  19. Time. (2022, January). Kazakhstan Is Facing Its Most Dramatic Political Upheaval in 30 Years. https://time.com/6137439/kazakhstan-protests-russia/ 
  20. Le Monde. (2024, June 24). Victims of Kazakhstan’s ‘Bloody January’ long for justice. https://www.lemonde.fr/en/international/article/2024/06/24/victims-of-kazakhstan-s-bloody-january-long-for-justice_6675593_4.html 
  21. Chatham House. (2023, June 27). How to intervene symbolically: The CSTO in Kazakhstan. https://www.chathamhouse.org/2023/06/how-intervene-symbolically-csto-kazakhstan
  22. Eurasianet. (2022, January 6). CSTO agrees to intervene in Kazakhstan unrest. https://eurasianet.org/csto-agrees-to-intervene-in-kazakhstan-unrest 
  23. Transparency International. (2024). Corruption Perceptions Index 2024: Kazakhstan. https://www.transparency.org/en/cpi/2024/index/nzl 
  24. Freedom House. (2019). Freedom on the Net 2019: Kazakhstan. https://freedomhouse.org/country/kazakhstan/freedom-net/2019
  25. Asia in Global Affairs. (2022, January 12). Social media and censorship in Kazakhstan. https://www.asiainglobalaffairs.in/Commentary/social-media-and-censorship-in-kazakhstan/ 
  26. Voices on Central Asia. (2019, March 4). #Hashtag activism: Youth, social media and politics in Kazakhstan. https://voicesoncentralasia.org/hashtag-activism-youth-social-media-and-politics-in-kazakhstan/
  27. Foreign Policy. (2021, July 12). Kazakhstan’s alternative media is thriving—and in danger. https://foreignpolicy.com/2021/07/12/kazakhstan-alternative-media-thriving-danger/
  28. Freedom House. (2024). Freedom on the Net 2024: Kazakhstan. https://freedomhouse.org/country/kazakhstan/freedom-net/2024 
  29. Laruelle, M. (2015). Kazakhstan in the Making: Legitimacy, Symbols and Power. Rowman & Littlefield.
  30. Luong, P. J., & Weinthal, E. (2010). Oil Is Not a Curse: Ownership Structure and Institutions in Soviet Successor States. Cambridge University Press.
  31. Silitski, V. (2005). "Preempting Democracy: The Case of Belarus." Journal of Democracy, 16(4), 83–97.
  32. Cooley, A. (2012). Great Games, Local Rules: The New Great Power Contest in Central Asia. Oxford University Press.
  33. Freedom House. (2023). Nations in Transit: Kazakhstan.
  34. Melvin, N. J. (2018). Authoritarianism and Youth in Central Asia. Stockholm International Peace Research Institute.
  35. Schatz, E. (2004). Modern Clan Politics: The Power of "Blood" in Kazakhstan and Beyond. University of Washington Press.  "The political landscape in Kazakhstan is deeply entrenched in clan networks that sustain the regime’s authority."
  36. Kendzior, S. (2019). The Anatomy of Autocracy: The Case of Kazakhstan. Problems of Post-Communism, 66(1), 45-56. "Nazarbayev’s cult of personality, institutionalized under the title ‘Elbası’, bolsters both domestic control and international legitimation."
  37. Freedom House. (2023). Freedom in the World 2023: Kazakhstan. "Despite some reform rhetoric, Kazakhstan remains an authoritarian regime with limited political freedoms and restricted civil society."
  38. Levitsky, S., & Way, L. (2010). Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge University Press.  "Kazakhstan’s hybrid regime shares key traits with other post-Soviet autocracies, blending electoral processes with authoritarian control."
  39. Ross, M. L. (2012). The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations. Princeton University Press. "Oil wealth provides authoritarian regimes with resources to sustain social programs that legitimize their rule."
  40. Diamond, L. (2002). Elections without Democracy: Thinking About Hybrid Regimes. Journal of Democracy, 13(2), 21-35.  "Hybrid regimes exhibit both democratic institutions and authoritarian practices, often leading to ambiguous political trajectories."

41. Schedler, A. (2006). Electoral Authoritarianism: The Dynamics of Unfree Competition. Lynne Rienner Publishers.


Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin