Research paper

Azərbaycan avtoritarizmi və müxalifətin süni zəifliyi

Azərbaycan avtoritarizmi və müxalifətin süni zəifliyi



(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri


Giriş 

Azərbaycanın siyasi sistemi kənar müşahidəçilər üçün qəribə və bəzən aldadıcı görünə bilər. Ölkədə rəsmi olaraq çoxlu “siyasi partiya” mövcuddur. Müntəzəm şəkildə prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Dövlət televiziyası və bir neçə özəl telekanalda “siyasi debat” adlandırılan proqramlar yayımlanır. Hətta hökumət nümayəndələri dəfələrlə eyni fikri vurğulayırlar ki, bizdə siyasi plüralizm mövcuddur.

Gündəlik siyasi proseslərin dərin strukturlarını araşdırmayan bir müşahidəçi üçün bu arqument bir az inandırıcı görünə bilər: “müxalifət” var, seçkilər keçirilir və media fəaliyyət göstərir. Sadəcə "xalq"ın seçimi mütləq şəkildə mövcud iqtidardan yanadır. 

Gerçəkdə isə müxalifətin zəifliyini izah edən nə taleyin bir zarafatı, nə də yalnız müəyyən liderlərin xarakteri, ya da cəmiyyətin “siyasətdən yorulması”dır. Müxalifətin zəifliyi dövlət aparatı üzərindən ardıcıl yenilənən və hüquqi, institusional, iqtisadi və informasiya resurslarının məqsədli birləşməsi ilə yaradılmış struktural bir hadisədir.

Burada siyasi mühit elə formaya salınıb ki, ölkədə həqiqi müxalifətin nəinki güc mərkəzi olması, artıq movcud olması belə mümkünsüzdür. Seçki sistemi elə şəkildə tənzimlənir ki, sanki rəqabət mövcuddur, amma nəticələr əvvəlcədən məlumdur. Partiya və QHT qanunvericiliyi yalnız sattelit fəaliyyəti mümkün edir. Media mühiti o qədər total nəzarət altındadır ki, cəmiyyətin geniş təbəqəsində "müxalifət" termini təhlükə kimi qavranılır.

Bu yazının əsas məqsədi də müxalifətin süni zəiflik strukturlarını araşdırmaqdır. Yalnız müəyyən hadisələr, fərdi həbslər və konkret liderlərin ətrafında baş verənləri deyil, bütöv sistemin necə işlədiyini göstərməkdir. Bu baxımdan diqqət yetirdiyimiz əsas suallar aşağıdakılardır:

  • Müxalifətin zəifliyi yalnız daxili təşkilati məsələlərdənmi irəli gəlir, yoxsa rejimin qəsdən qurduğu struktur məhdudiyyətlərinin təsiri ilə bağlıdır?
  • Zəifliyin başlanğıcı haradadır və hansı mərhələlərdən keçərək bugünkü duruma çatıb? 
  • 1990-cı illərdəki xaotik plüralizmdən 2000-ci illərin “idarə olunan sabitliyi”nə, oradan da “qələbə legitimliyi” mərhələsinə qədər uzanan proses necə meydana gəlib?
  • Hakimiyyət süni zəifliyi hansı mexanizmlərlə yaradır? 

Mətn bir tərəfdən mümkün qədər aydın və axıcı dildə yazılır ki, geniş oxucu auditoriyasına münasib olsun. Digər tərəfdən isə politologiyanın və analizlərin dərinliyini qorumağa, avtoritarizm tədqiqatlarının təqdim etdiyi konseptual çərçivələri saxlamağa çalışır.

Yazının məqsədi "kim haqlıdır, kim haqsızdır?" mübahisəsinə qoşulmaq, şəxsləri qiymətləndirmək və ya "ideal müxalifət" modeli təqdim etmək deyil. Məqsəd Azərbaycanın siyasi sisteminin müxalifəti necə tədricən kənarlaşdırdığını struktur baxımdan izah etməkdir. Başqa bir şəkildə desək, bu analizdə xəstəliyin simptomlarını deyil, anatomiyasını ortaya qoymağa çalışırıq.

Mətnin bundan sonrakı hissələri mərhələ-mərhələ Azərbaycan avtoritarizminin qısa tarixini, hüquqi və institusional strukturlarını, informasiya müharibəsinin mexanizmlərini, müxalifətin həm daxili zəifliklərini, həm də sistem tərəfindən yaradılan asılılıqları və nəticədə bu modelin regional kontekstdəki yerini araşdıracaq. Məqsəd oxucunun "müxalifət niyə zəifdir?" sualını  “xalqın maraqsızlığı” kontekstində deyil, bütöv siyasi quruluş və uzun müddətli strateji seçimlər perspektivindən anlamasıdır.

Nəzəri çərçivə

Tarix boyu avtoritar siyasi sistemlər iki əsas idarəetmə modeli ilə fərqləniblər. Birinci model tam qadağa və totalitar nəzarət rejimini ifadə edir; bu vəziyyətdə siyasi rəqabət köklü şəkildə aradan qaldırılır, bütün müstəqil institutlar fəaliyyətini dayandırır və ya tam nəzarət altında olur. İkinci model qismən rəqabət və idarə olunan plüralizm strategiyasına əsaslanır: plüralizm rəsmiyyətdə mövcuddur, lakin rəqabət hökumətin maraqlarına uyğunlaşdırılır və nəticələr əvvəlcədən müəyyən edilir (Barbara Geddes, 1999).

Azərbaycan 1990-cı illərin ortalarından etibarən tədricən ikinci modelə doğru irəlilədi. Bunun bir neçə səbəbi vardı: 

1. Qərblə normal münasibətlər qurmaqdan ötrü demokratik institutların mövcudluğu ilə barışmaq lazım gəlirdi.  

2. Cəmiyyət siyasi baxımdan daha fəal idi.

3. Rəqabətin tamamilə aradan qaldırılması legitimliyi zədələyirdi.

4. Neft gəlirləri başlanğıcda daha yumşaq avtoritar strukturu şərtləndirirdi.

Politoloq Andreas Şedler bu cür sistemləri “seçkilər var, seçim yoxdur” prinsipi ilə fəaliyyət göstərən rejimlər kimi xarakterizə edir. Onun "manipulyasiya menyusu" adlandırdığı yanaşmaya görə avtoritar rejim davamlılığı qorumaq üçün aşağıdakı üsulları tətbiq edir:

  • rəqabəti tamamilə qadağan etmir, sadəcə idarə altında saxlayır;
  • siyasi fəaliyyətin sərhədlərini özü müəyyən edir;
  • müxaliflərin fəaliyyətini təhlükəsiz zonada saxlayır (Andreas Schedler, 2002). 

Qandi və Pşevorski bəzi avtoritar rejimlərin müxalifəti tamamilə yox etməkdə maraqlı olmadığını vurğulayırlar. Onların görüşünə görə, avtoritar liderlər üçün ən uyğun müxalifət siyasi arenada görünən, ancaq nəticələrə təsir edə bilməyən müxalifətdir. Bu hal həm rəqabət hissi yaradır, həm də sistemin legitimliyinə dolaylı şəkildə dəstək verir (Gandhi, Jennifer, and Adam Przeworski, 2006).

Azərbaycan modelinin özünəməxsusluğu

Azərbaycan modeli bu nəzəriyyələrin birləşdiyi nöqtədədir. Lakin onu digərlərindən ayıran iki əsas xüsusiyyət var:  

Qələbə legitimliyi – 2020-ci ildən sonra hakimiyyət özünü "tarixi ədaləti bərpa edən güc" olaraq tanıdır. Bu, bölgədə nadir rast gəlinən olduqca qüvvətli legitimlik mənbəyidir.

Enerji  – neft və qaz gəlirləri sistemi iqtisadi kooptasiya vasitələri ilə birlikdə sosial rifahı müəyyən dərəcədə təmin edərək cəmiyyətdəki narazılıqları azaltmağa kömək edir (Elman Fattah, November 2025a.).

Yəni Azərbaycan avtoritarizmi  nə Qazaxıstandakı institusional modelin, nə Belarusdakı repressiv modelin, nə də Rusiyadakı ideoloji avtoritarizmin eynisidir. Azərbaycan siyasi sistemi özünəməxsus xüsusiyyətlərə malik avtoritar mutasiyadır. 

Sistem qurulur, rəqiblər sıradan çıxarılır 

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə avtoritar sistemin ideoloji və institusional əsasları quruldu (Kharcenter, May 2025a). Bu arxitektura elə tərzdə qurulmuşdur ki, müxalifət sistem üçün ciddi bir təhdid yaratmasın. O dövrdə AXCP, Müsavat və digər demokratik siyasi qüvvələr dövlətin rəsmi bəyanatlarında belə təhlükə kimi təqdim olunurdular. Onların fəaliyyəti zamanla cinayətkar fəaliyyətlərin içində qiymətləndirilən çərçivəyə daxil edildi. Partiya rəhbərləri və fəallar mütəmadi olaraq həbs edilirdi. Regional təşkilatlar süquta uğrayır, müxalifətə yardım edən mənbələr məhv edilirdi. Mitinqlər və yürüşlər davamlı olaraq dağıdılır, təşkilatçılara cəzalar tətbiq olunurdu (RFE/RL, 2003). 

Bu dövr medianın gələcəyi baxımından da xüsusilə vacib idi. Müstəqilliyin başlanğıcında əldə edilən nisbi plüralizm öləziməyə başladı. Dövlət televiziyaları tamamilə dövlətin nəzarətinə keçdi, özəl kanalların siyasi mövzuları isə sərt şəkildə süzülməyə başladı. Çap mediasının maliyyə durumu, reklam gəlirləri və biznes fəaliyyətləri hakimiyyət tərəfindən əhəmiyyətli dərəcədə təsirləndi. Eyni zamanda, hökumət "müxalifət xaos gətirir" fikrini dövriyyəyə buraxdı (Kharcenter, May 2025b).

Cəmiyyətin düşüncəsində kök salması üçün  bu siyasi ittiham müntəzəm təkrar olunan diskursdu. 1990-cı illərdə baş verən iqtisadi çətinliklər, Qarabağ müharibəsi və dövlət çevrilişi təşəbbüsləri insanların xatirələrində hələ də güclü şəkildə yaşadığı üçün hakimiyyət bu travmalara istinad edərək müxalifəti "sabitliyin düşməni" kimi tanıtdı (Elman Fattah, November 2025b). Bununla da hakimiyyət cəmiyyətdə siyasi yeniliklərə qarşı geniş miqyaslı qorxu yaratmış oldu. 

Beləliklə, 1993-2003 dövrü yalnız siyasi məhdudiyyətlərlə yox, həm də müxalifətin süni şəkildə zəiflədilməsinin əsasını qoyulması ilə xarekterizə olunur.

Hüquqi və institusional mühəndislik

2003-cü ildən sonra avtoritar sistem yeni bir mərhələyə keçdi. Repressiyalar hələ də davam etsə də, əsas diqqət institusional və hüquqi strukturların yenidən formalaşmasına yönəldi. Bu dövrün əsas xüsusiyyətini belə ifadə etmək olar: Rəqabət mövcud olsun, amma nəticələr üzərində təsir yaratmasın. Bu məqsədlə bir sıra mühüm addımlar atıldı:

- Seçki Məcəlləsi yenidən hazırlandı;

- Rəqabətli seçki mexanizmi kağız üzərində qaldı, praktikada imkanlar məhdudlaşdırıldı;

  - Müxtəlif səviyyəli seçki komissiyalarının tərkibi tam nəzarət altına alındı;

  - Seçki prosesinin bütün mərhələləri legitimlik görüntüsünə uyğunlaşdırıldı. Seçki şikayətlərinin araşdırılması prosedural xarakter aldı. Yəni şikayətlərə baxılır, amma rədd edilir (Trend, 2008).

Bu dövrdə ölkədaxili informasiya mühitinin tam nəzarətə götürülməsi baş verdi. Eyni zamanda, müxalifəti dəstəkləyən müstəqil QHT sektoru məqsədli şəkildə zəiflədildi, beynəlxalq təşkilatların iş imkanları məhdudlaşdırıldı. Bu addımlar müxalifətin ictimaiyyətlə əlaqə qurma, maarifləndirmə və təşkilatlanma imkanlarını azaltdı.

Digər tərəfdən isə Yeni Azərbaycan Partiyası dövlət strukturlarıyla çulğaşdı. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin, demək olar, hamısı YAP-a üzv edildi.  Nəticədə, resurslar və qərarlar partiya-dövlət mexanizmi çərçivəsində formalaşdı. Prinsipial müxalifət partiyalarının parlament təmsilçiliyi isə 2010-cu ildən etibarən aradan qaldırıldı. Nəticədə, 2003–2013-cü illər dövründə müxalifətin sistemdən kənarda saxlanılması prosesi başa çatdırıldı (ATƏT / DTİHB, 2010). Müxalifət var idi, amma təsirsiz idi. Partiyalar fəaliyyət göstərirdi, amma real gücə çevrilə bilmirdi. Formal siyasi rəqabət mövcud idi, amma nəticələrə təsir etmirdi. 

Bu mərhələ müxalifətin süni zəifliyin institusional arxitekturasını formalaşdırdı.

Onlayn nəzarət dövrü – rejimin yeni silahı: informasiya

2013-cü ildən etibarən Azərbaycan siyasi sistemi tamamilə yeni bir dövrə daxil oldu: internet və sosial media. Yenilik hakimiyyət üçün həm çətinliklər yaratdı, həm də yeni bir nəzarət aləti rolunu oynadı. Bu mərhələdə hökumət bir neçə strateji yanaşma həyata keçirirdi.Troll şəbəkələri ardıcıl şəkildə fəaliyyət göstərərək müxalifət liderlərini hədəf alır, onların reputasiyasını aşağı salır və rəqəmsal platformalarda cəmiyyətin siyasi düşüncələrini idarə edir. Nəticədə, hökumətə "kütləvi dəstək" görüntüsü yaradılır. 

Xüsusi xidmət orqanlarının fəaliyyəti isə kompromat məlumatların yayılması və ictimai müzakirələrin məqsədli şəkildə mənfi tərəfə yönləndirilməsi üzərində cəmləşdi (HRVV, 2016). Bu dövrdə müxalifətin intellektual kəsimi və gənc aktivistlər hədəf oldu. Onlar ya həbs edildilər, ya da təqiblər səbəbi ilə mühacirət etməyə məcbur oldular. 

Bu vəziyyət müxalifətin ən qiymətli resurslarından biri olan alternativ ideya istehsalına ciddi zərbə vurdu.

Cəmiyyətin depolitizasiyası

"Qələbə" cəmiyyətdə qısa müddətli mobilizasiya yaratdığı qədər, uzunmüddətli depolitizasiyaya da səbəb oldu. “Müharibədən sonra müxalifətə ehtiyac yoxdur” narrativi daha sistemli şəkil aldı. Siyasət gündəlik həyatdan sıxışdırıldı və ictimai apatiya dərinləşdi. Bu dövrdə müxalifətin süni zəifliyi maksimum səviyyəyə yüksəldi. 

Zəifliyin rəsmiləşdirilməsi

Siyasi sistemdə müxalifətin süni şəkildə zəiflədilməsi yalnız repressiya və media üzərindən reputasiya zədələməsi ilə gerçəkləşmir. Avtoritar rejimin davamlılığını təmin edən əhəmiyyətli amillərdən biri hüquqi və institusional mühəndislikdir. Yəni qanunlar rəsmiyyətdə plüralizmin mövcudluğunu göstərir, lakin onlar elə dizaynı olunur ki, hər şey kağız üzərində qalır. Başqa sözlə desək, Azərbaycan modeli, əslində "rejimin hökmü"nü həyata keçirən bir quruluş üzərində inşa edilib. 

Siyasi partiyalar haqqında Qanun (2022): Müxalifətin institusional ləğv proqramı

Azərbaycanın siyasi sistemində əhəmiyyətli bir dönüş nöqtəsi sayılan “Siyasi partiyalar haqda” yeni qanun "sistemli partiya mühiti yaratmaq" məqsədilə təqdim olunsa da, gerçəkdə müstəqil siyasi təşkilatlanmanın  qarşısını alır. 

Məsələn, qeydiyyatdan keçmək üçün tələb olunan 5000 üzv sayı postsovet ölkələrində belə bənzərsiz dərəcədə yüksəkdir. Bu, müstəqil təşkilatlanmanın qarşısında əhəmiyyətli çətinliklər yaradır, dövlətin nəzarətindən kənar partiyaların qeydiyyatını faktiki mümkünsüz edir.

Bundan əlavə, dövlət qeydiyyatı siyasi bir "qılınc" funksiyasını da yerinə yetirir. Sənədlərdəki istənilən “uyğunsuzluq” ləğv olunma səbəbi kimi qəbul edilə bilər. Hər hansı bir zamanda yeni yoxlama və ya “üzv məlumatlarının dəqiqləşdirilməsi” tələb olunduqda, partiya sistemdən xaric edilə bilər (E-qanun, 2022). Başqa bir tərəfdən, üzvlərin adlarının dövlət orqanlarının nəzarətində siyahıya alındığı üçün onlar potensial təzyiq obyektinə çevrilir. Yəni bu mexanizmin əsas məqsədi müxalifəti daimi hüquqi təhlükəyə məruz qoymaqdır. 

Beləliklə, Azərbaycanın hüquqi və institusional arxitekturası müxalifətin zəifliyini təsadüfən formalaşdırmır. Rejim bu mühəndisliklə həm rəqabətin sərhədlərini müəyyənləşdirir, həm də icrasını təmin edir. Nəticə etibarı ilə 2022-ci il qanunu müxalifəti faktiki olaraq sistemin kənarına itələdi. Əgər 2003–2013 dövründə rəqabət məhdudlaşdırılırdısa, bu qanun artıq rəqabəti institusional şəkildə aradan qaldırdı.

İqtisadi təzyiq və sosial nəzarət 

Rejim çox gözəl bilir ki, müxalifətin əsas dayağı nə sosial media, nə də xarici yardımdır. Müxalifət üçün ən qiymətli resurs insan və onun imkanlarıdır; yəni funksionerlərin iş görmək, yaşamaq, ailələrini təmin etmək, təşkilatlarını maliyyələşdirmək və fəaliyyətlərini davam etdirmək üçün ehtiyac duyduqları maddi və iqtisadi müstəqillik. Avtoritar sistemlər bu durumu mükəmməl şəkildə başa düşür və buna görə də müxalifəti neytrallaşdırmaq üçün ən təsirli vasitə kimi boğucu  iqtisadi metodlardan yararlanır. Azərbaycan hakimiyyəti də 2000-ci illərdən etibarən məhz bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirib. Burada önəmli bir məsələ var ki, iqtisadi təzyiq yalnız bəzi fərdlərin həyatını çətinləşdirmək üçün deyil, daha geniş bir sistematik məqsəd daşıyır. Bu siyasət müxalifəti struktur baxımından zəiflətmək üçün  ən təsirli metoddur.

Azərbaycanda müxalifətçilərin əksəriyyəti uzun müddətdir işsizdir. Onların dövlət sektorunda və ya özəl şirkətlərdə işləmək şansları məhduddur. Hətta adi bir müəllim, həkim və ya mühəndis kimi fəaliyyət göstərmələri belə “siyasi risk” olaraq dəyərləndirilir (MEYDAN.TV, 2024). Bu siyasət dörd əsas məqsədə xidmət edir:

1. İnsanların gündəlik həyatını çətinləşdirmək;

2. Siyasi fəaliyyəti gəlir əldə etməkdən məhrum sənətə çevirmək;

3. Müxalifətçiliyi ailə və sosial mühitdə "problemlərin qaynağı" kimi təqdim etmək;

4. Yeni insanların müxalifət hərəkatına qoşulmasının qarşısını almaq;

Bu səbəbdən Azərbaycanda müxalifətçi olmaq ailədə və sosial çevrədə qınaq obyektinə çevrilməkdir.

Bundan başqa, Azərbaycanın avtoritar sisteminin özünəməxsus xüsusiyyətlərindən biri cəzanın yalnız "siyasi fəalın özünə" deyil, eyni zamanda onun ailə üzvlrinə və yaxın qohumlarına da tətbiq edilməsidir (HRVV, 2017). Bu yanaşma müxalif siyasi fəaliyyəti daha ağır nəticələr doğuracaq peşəyə çevirir. Belə təzyiqlərin təsiri daha böyükdür, çünki onlar insanların zəif nöqtələrindən biri olan ailə məsuliyyətini toxunur. Bu, müxalifətin sosial bazasının əhəmiyyətli dərəcədə azalmasını şərtləndirir.

Belə iqtisadi təzyiqlər Azərbaycan müxalifətini süni şəkildə zəiflətməklə, avtoritarizminin təhlükəsizliyini qoruyan strateji dayaq kimi çıxış edir.

Diskurs mühəndisliyi

Avtoritar sistemlər öz müxaliflərinə qarşı yalnız polis, məhkəmə, qanun və iqtisadi təzyiq tətbiq etməklə kifayətlənmir. Onların ən təsirli silahı düşüncəyə nəzarətdir. Bu, cəmiyyətin siyasəti necə anladığını və hansı dəyərləri legitim sayıb, hansılarının təhlükəli olduğunu formalaşdıran diskursları əhatə edir. Azərbaycanın rəhbərliyi 2000-ci illərdən etibarən bir neçə vacib nağıl əsasında informasiya arxitekturası qurub. Bunlar siyasi fəaliyyəti psixoloji baxımdan lazımsız, mənasız və hətta təhlükəli bir məşğuliyyət kimi qələmə verir. Belə narrativlərin başlıca məqsədi müxalifətin gücünü azaltmaqla yanaşı, bütün ictimai sferanı siyasətdən uzaqlaşdırmaqdır.

Bu kontekstdə üç əsas strateji hekayə ön plana çıxır: 

“Müxalifət zəifdir və xalq onları istəmir” (Süni zəifliyin təbii şəkildə qəbul etdirilməsi). Bu narativin məqsədi müxalifətin gerçək gücsüzlüyünü izah etmək deyil, hakimiyyətin yaratdığı süni zəifliyin cəmiyyət tərəfindən “normal” qarşılanmasını təmin etməkdir. Bu mesaj 30 ildir müxtəlif şəkillərdə təkrar olunur: "Heç kim onları dəstəkləmir", "Mitinqdə 1000 nəfər iştirak etdi", "Cəmiyyət müxalifətə inanmır", "Xalqın gözündə onlar alternativ deyil" (Modern.az, 2013).

Bu cür ifadələr insanların düşüncəsində iki əsas təsir yaradır:

a) Siyasi dəyişiklik ümidi sıradan çıxarılır. Əgər cəmiyyətə mütəmadi olaraq “müxalifət zəifdir” ideyası aşılanırsa, insanlar siyasi dəyişiklik üçün heç bir şans görmürlər. Ümidin itməsi də siyasəti mənasız bir fəaliyyət halına gətirir.

b) Rejimin formalaşdırdığı süni zəifləmə “obyektiv gerçəklik” kimi təqdim edilir. İnsanlar iqtisadi çətinlikləri, hüquqi maneələri və repressiyaları fərq etmir; sanki müxalifət öz qeyri-kafiliyi səbəbindən zəifdir. 

“Müxalifət xarici qüvvələrə xidmət edir”.  (Delegitimləşdirmə və təhlükələşdirmə strategiyası). Bu, rejimin ən fundamental və təsirli üslublarından biridir. Məqsəd müxalifəti milli kimlik, dövlət, təhlükəsizlik və suverenlik baxımından “təhdid” kimi təqdim etməkdir (sesqazeti, 2015). Bu narrativin strukturunda üç əsas ittiham mövcuddur: 

a) Müxalifət “Qərbin göstərişlərinə” uyğun hərəkət edir. Bu mesaj, Qərbə qarşı şübhələri olan cəmiyyətlərdə asanlıqla yer tapır.

b) Müxalifət "dövlətə qarşıdır" kimi təqdim edirlər. Bu ittiham, xüsusilə 2020-ci ildən etibarən daha məqsədyönlü bir şəkildə ortaya çıxdı. Cəmiyyətin Qarabağ məsələsinə bağlı emosional reaksiyaları bu manipulyasiya üçün əlverişli şərait yaradır. 

c) Müxalifət "sabitliyi pozmağı hədəfləyir". Bu, avtoritar rejimlərdə geniş şəkildə istifadə edilən təhlükəsizlik mərkəzli bir diskursdur: “Biz olmadıqda, ölkə çökəcək”.  Bu ittihamların arxasında yatan məqsəd müxalifəti siyasi rəqib olaraq deyil, psixoloji cəhətdən “təhlükəli kateqoriya” daxilində göstərməkdir. 

Beləliklə, siyasi debat ideyalar üzərində deyil, təhlükəsizlik qorxusu üzərində qurulur.

“Vətən müharibəsindən sonra birlik vacibdir”.  2020-ci il müharibəsindən sonra hökumət tərəfindən icra olunan diskursda əhəmiyyətli bir dəyişiklik yaşandı. Rejim özünü tarixi ədaləti bərpa edən milli bir missiyanın sahibi kimi təqdim etməyə başladı (Elman Fattah, November 2025d). Bu diskurs üç müxtəlif səviyyədə fəaliyyət göstərir:

a) “Qələbə dövründə ayrılıq olmaz”. Burada “birlik” sözü, əslində, “hakimiyyətin çətiri altına toplaşmaq” anlamına gəlir. Siyasi tənqidlər və alternativ fikirlər "millət üçün zərərli" şəklində təqdim edilir.

Müxalifətin istənilən tənqidi qələbəyə kölgə salmaq kimi şərh edilir. Hər hansı siyasi etiraz "vətənpərvərlikdən uzaq hərəkət" kimi dəyərləndirilir.  

Bu narrativ sistem üçün son dərəcə önəmlidir, çünki: müxalifət yalnız zəif və təhlükəli deyil, eyni zamanda lazımsız görünür; siyasi sistem “tarixi missiyasını tamamlamış hökümət” kimi romantikləşdirilir.

Beləliklə, müxalifətin süni zəifliyi təkcə hüquqi və institusional mexanizmlərlə deyil, həm də informasiya mühitinin mühəndisliyi ilə yenidən istehsal edilir.

Müxalifətin daxili zəiflikləri

Bu bölüm heç bir siyasi qurumu və ya lideri hədəfə almır. Burada yer alanlar struktur analizidir: yəni, müxalifətin daxili çətinlikləri yalnız şəxsi bacarıqsızlıqlardan yox, daha çox sistemin uzunmüddətli təzyiq və məhdudiyyətlərindən irəli gələn obyektiv nəticələrdən ibarətdir. Avtoritar rejimlər müxalifətin güclənməsinin qarşısını yalnız repressiya, məhkəmə tədbirləri, iqtisadi təzyiqlər və media manipulyasiyası ilə deyil, həm də müxalifətdaxili vəziyyətə müdaxilə edərək alır. Bu, illər boyunca toplanan "struktur zəifliklərin" formalaşmasına yol açır. Bu zəifliklər nə yalnız müxalifəti, nə də yalnız cəmiyyəti əhatə edir. Onlar  siyasi sistemin dizaynının məhsuludur. 

Bu kontekstdə üç əsas struktur zəifliyi nəzərə çarpır:

Liderlik boşluğu 

Azərbaycan müxalifəti 1993-2013 illəri arasında sistematik şəkildə hədəf alınmış liderlik repressiyalarının izlərini bu gün də daşıyır. Son 15 il ərzində gənc siyasi liderlərin həbsləri ilə onlar sıradan çıxarıldı; yerli səviyyədə tanınan fəallar ya məhkəmələr, ya da işdən çıxarma yoluyla zərərsizləşdirildi (HRVV, 2013). Siyasətin gənclər üçün riskli, təhlükəli və perspektivsiz bir fəaliyyət kimi təqdim edilməsi müxalifətdə davamlı kadr hazırlanması prosesini dayandırdı. Bu prosesin nəticəsi olaraq yeni liderlərin yetişməsi üçün zəruri olan kadr ardıcıllığı, təcrübənin ötürülməsi mexanizmləri itmiş oldu. Nəticədə müxalifət yalnız rəhbərlik strukturu baxımından deyil, həm də üzvlük aspektində qocalaraq dissident klublarına çevrildi.

Beyin köçü

Son on beş il ərzində minlərlə fəal, jurnalist, alim, vətəndaş cəmiyyəti nümayəndəsi, gənc mütəxəssis və müstəqil ekspert ölkəni tərk edib. Bu, sadəcə şəxsi seçim deyil; sistemin yaratdığı təsirli təzyiq mühitinin nəticəsidir (HRVV, 2024). Proses zamanı müxalifət partiyaları intellektual bazasını, siyasi strategiyaları hazırlayan mütəxəssislər qrupunu, konseptual düşüncəni inkişaf etdirən analitik mühiti və QHT sektorundakı yaradıcı və təcrübəli kadrlarını itirildi.

Sosial apatiya 

Azərbaycan cəmiyyəti xüsusilə 2014-cü ildən etibarən - İlham Əliyevin üçüncü dəfə prezident seçilməsindən sonrakı  ildən - dərin bir depolitizasiya prosesinə daxil olub. Bu prosesin üç əsas səbəbi var: 

a) siyasətin riskli bir fəaliyyət kimi qəbul edilməsi. İnsanlar siyasətə müdaxilə etdikləri üçün həbs olunan, işini itirən və mühacirət etməyə məcbur qalan onlarla nümunəni gördükdə, siyasətdən uzaqlaşmağa başlayırlar.

b) Rəqabətin olmadığı bir mühitdə siyasət mənasızlaşır. Əgər insanlar "nəticə dəyişmir" hissini üstün tuturlarsa, o zaman siyasi iştiraklarını dayandırırlar.

Liderlik boşluğu, beyin köçü, apatiya və sistematik depolitizasiya siyasəti müxalifətin geniş bazaını zəiflədib. Bu, Azərbaycan müxalifətinin zəifləməsinin obyektiv səbəbini rejimin formalaşdırdığı strukturlarda görməyi mümkün edir.

“Paralel müxalifət”

Azərbaycan avtoritarizminin önəmli xüsusiyyətlərindən biri də qurduğu və idarə etdiyi yalançı müxalifət təşkilatlarının mövcudluğudur. Bu yanaşmanın əsas məqsədi isə gerçək rəqabəti əvəz edən və siyasi nəticələrdə heç bir dəyişikliyə səbəb olmayan saxta plüralizm görüntüsünü ortaya çıxarmaqdır. Bu fenomen postsovet məkanında özünü  fərqli şəkillərdə göstərsə də, Azərbaycan modeli digər modellərlə müqayisədə ölçüsü, sistematikliyi və funksional təsir gücü ilə seçilir (Cəmil Həsənli, 2013).

Rejim niyə saxta müxalifət yaradır?

Avtoritar rejimlər açıq şəkildə "bizdə yarış yoxdur" deməkdən çəkinirlər. Onlar rəqabətin görünüşünü qoruyub saxlayaraq, onun başlıca xüsusiyyətlərini idarə edirlər. Sistem tərəfindən formalaşdırılan müxalifət partiyaları, seçkilərdə yalnız rəmzi rəqib kimi çıxış edir. Onlar siyasi müzakirələrdə iştirak edir və parlamentdə müxalifət statusu ilə fəaliyyət göstərirlər. Bu dekorasiya rejimi önəmlidir, çünki həm cəmiyyətə, həm də beynəlxalq müstəvilərə "bizim rəqabət sahəmiz aktivdir, müxalifət isə zəifdir" mesajını çatdırır.

Saxta müxalifət formalaşdırmağın başqa bir səbəbi, əsl müxalifəti "kənar" element kimi təqdim etməkdir. Bunun üçün müraciət olunan fərqli yanaşmalar var:  

a) Gerçək müxalifətin radikal olaraq təsvir edilməsi. Saxta müxalifət "ağıllı", "mədəni" və "konstruktiv" şəkildə təqdim olunur; əsl müxalifət isə "radikal" və "antidövlətçi" kimi qiymətləndirilir (Sofie Bedford and Laurent Vinatier, 2018).

b) Media balansının yanlış təsviri. Televiziyalarda "balanslı efir" görüntüsü yaratmaq məqsədilə saxta müxalifətə kifayət qədər yer verilir.

c) Parlamentdə "alternativ" rolunun icrası. Təməli boş olan müxalifət parlamentdəki tənqidlərini sadəcə kosmetik etirazlarla ifadə edir və heç vaxt sistemə əhəmiyyətli zərbə vuracaq baxışlar ortaya qoymur. Bu vəziyyət isə real müxalifətin cəmiyyətdəki legitimliyini zəiflədir.

d) Beynəlxalq tərəfdaşlara "Bizdə çoxpartiyalı sistem var, sizə lazım olan görüntünü təqdim edirik" mesajını ötürür. 

Avropa Şurası, ATƏT və Avropa Parlamenti kimi təşkilatlar demokratiyanın formal tərəfinə diqqətli yanaşırlar. Rejim bunun fərqindədir. Bu, Qərbdən gələn təzyiqi azaltmaq üçün təsirli bir yanaşmadır. 

Beləliklə, saxta müxalifət prinsipial müxalifəti zəiflətməklə yanaşı, xaricdə hökumətin legitimliyini möhkəmlətmək məqsədini də daşıyır.

Post-müxalifət dövrü

2020-ci il müharibəsi Azərbaycan siyasi sistemini kökündən dəyişdirdi. Qələbənin hökumət üçün yaratdığı yeni güc və siyasi kapital siyasi fəaliyyəti dövlətçiliyə bağlılıq, faktiki isə avtoritarizmə sədaqət prinsipi ilə ölçülməsini reallaşdırdı. Müxalif fəaliyyət üçün mühit kəskin daraldıldı: artıq ya dövlətçi\əliyevçi olmalısan, ya da "antimilli" imici daşımalısan. Hökumətin müəyyən etdiyi çərçivənin xaricində qalanlar “ermənipərəst”, “xaos tərəfdarı”,  Rus agenti və “Qərbin aləti” kimi damğalandılar (Elman Fattah, November 2025c). 

Qazanılan müharibə ilə əldə olunan legitimlik bütün siyasi münasibətlərin qiymətləndirilmə meyarı oldu. Artıq müxalifət anlayışı tədricən siyasi ritorikadan yığışdırılmağa başladı və yerini yalnız sistem daxilində mövqelənməyə imkan tanıyan “icazəli tənqid” modelinə verdi. Beləliklkə, yeni formalaşdırılan Post-müxalifət dövrünün əsas cəhəti odur ki, siyasi arenada əsl alternativ subyektlərin varlığı artıq sistem tərəfindən nə bir təhlükə, nə də dialoq tərəfi kimi qəbul edilir. Müxalifət bir siyasi institut olaraq artıq gərəksiz hesab edilir (Elman Fattah, Nov 2025). Bu zamana qədər hökümətin yanaşmasındakı "Müxalifətin fəaliyyəti nədir?" sualını hazırda “müxalifətə ehtiyac varmı?” sualı əvəz edib. İctimai-siyasi sistem üzərində yaranan bu yeni anlayışa görə, qələbə xalqı bir araya gətirib və dövlət üçün alternativ ideya ya da təşkilatlara olan tələbatı ortadan qaldırıb. 

Post-müxalifət dövrü yalnız siyasi repressiya və təşkilati zəifləmələrlə deyil, eyni zamanda siyasi plüralizmin legitimliyinin itirilməsi və alternativ fikirlərin avtomatik olaraq təhlükə kimi qəbul edilməsi ilə də səciyyələnir. Bu, rejimin özünə inamının artması ilə deyil, əksinə, post-qələbə dövründə təhlükəsizlik əsaslı idarəetmə xəttinin möhkəmlənməsi ilə bağlıdır. 

Nəticə

Azərbaycanın siyasi sistemində müxalifətin süni şəkildə zəiflədilməsi məqsədli yanaşmadır. Bu model hüquqi, institusional, iqtisadi və informasiya resurslarına əsaslanan uzunmüddətli strategiya kimi formalaşıb. Bu strukturun təsirləri 2030-cu ilə yaxın bir neçə əsas sahədə daha açıq şəkildə ortaya çıxacaq.  Sistem siyasi baxımdan tamamilə izolyasionist olacaq. Rəqabətin olmaması siyasi səhnədə  yeni ideyaların  yaranmasını çətinləşdirir, bu da qərar qəbul etmə prosesinin tıxanmasına gətirib çıxara bilər. Bu "donma effekti" sistemin yenilənmə imkanlarını da əhəmiyyətli dərəcədə zəiflədir.

Müxalifətin ortadan qaldırılması ilə dövlət strukturları daha da korrupsiyalaşacaqdır. Hesabatlılıq və məsuliyyət yox, rəqabət də mövcud deyil – bu cür şərtlərdə dövlət idarəçiliyinin zəifləməsi qaçılmazdır. Korrupsiya artıq idarəetmənin yan məhsulu yox, əsas  üsuludur. Proses dərinləşdikcə dövlət strukturu öz məqsədini itirir və yalnız hakim ailənin və ona yaxın qrupların maraqlarını müdafiə edən alət halına gəlir. 

Cəmiyyətin sistemdən məqsədli şəkildə kənarlaşdırılması sosial strukturdakı boşluğun yaranmasına səbəb olur. Siyasətdən uzaq olan və təşəbbüs qabiliyyətini itirmiş cəmiyyət zamanla özünüidarə bacarığını da itirir. Bu vəziyyət ölkəni gecikmiş, gözlənilməz və idarəolunmaz sosial reaksiyalara hazırlayır. Rejim narazılığı boğduğunu düşünür, amma əslində onu yığaraq tədricən partlama potensialı yaradır.

Beynəlxalq səviyyədə Azərbaycan avtoritar bloklara doğru istiqamət alıb. İnsan hüquqlarının daim pozulması və siyasi repressiyalar ölkəni demokratik standartlardan uzaq regionlara sürükləyir. Hakimiyyət üçün qısa müddətli imkanlar vəd edən bu proses ölkənin izolyasiyasına səbəb olacaqdır. Rejim tərəfindən yaradılan bu "süni zəiflik" modeli ciddi təhlükələrin ortaya çıxmasını şərtləndirir.

Nəticədə, güc zəhərlənməsindən qidalanan müştəbeh elita gerçəkləri görə bilmir, qarşılaşdıqları real problemləri anlamır və rəhbərlik qabiliyyətlərini sürətlə itirir və bütün sistem sabitlik nağılının təsiri altında yuxuya gedir. Sərt avtoritar rejimlər kənardan göründüyündən çox zəif olur. Bəzən uzun illər və hətta onilliklər ayaqda qala biısə də, onların çöküşü ani olur. Azərbaycan avtoritarizmi də ənənəvi avtoritar rejimlərin çöküş modelini xatırladır: daxili çürümə ilə institusional deqradasiyanın birləşməsi nəticəsində yaranan ani böhran sistemin çöküşünü şərləndirəcəkdir. 



İstinadlar

Barbara Geddes, 1999. “What Do We Know About Democratization After Twenty Years?”. P 121. “Authoritarian breakdowns usually begin with elite defections rather than popular uprisings; mass protests tend to succeed only after divisions emerge within the ruling coalition.” https://www.annualreviews.org/content/journals/10.1146/annurev.polisci.2.1.115 

Andreas Schedler, 2002. “Elections Without Democracy: The Menu of Manipulation.” Journal of Democracy 13, no. 2 (2002): 36–50. https://www.journalofdemocracy.org/articles/elections-without-democracy-the-menu-of-manipulation/ 

Gandhi, Jennifer, and Adam Przeworski, 2006. “Authoritarian Institutions and the Survival of Autocrats.” Comparative Political Studies 40, no. 11 (2006): 1279–1301. https://journals.sagepub.com/doi/10.1177/0010414007305817 

Elman Fattah, November 2025a. The Stability and Legitimacy Mechanism of Azerbaijani Authoritarianism. https://kharcenter.com/en/publications/the-stability-and-legitimacy-mechanism-of-azerbaijani-authoritarianism 

Kharcenter, May 2025a.The Evolution of Authoritarianism in Azerbaijan (Part I). https://kharcenter.com/en/publications/the-evolution-of-authoritarianism-in-azerbaijan-part-i 

RFE/RL, 2003. Azerbaijan Report: https://www.rferl.org/a/1340716.html?utm_source= 

Kharcenter, May 2025b.The Evolution of Authoritarianism in Azerbaijan (Part I). https://kharcenter.com/en/publications/the-evolution-of-authoritarianism-in-azerbaijan-part-i 

Elman Fattah, November 2025b. The Stability and Legitimacy Mechanism of Azerbaijani Authoritarianism. https://kharcenter.com/en/publications/the-stability-and-legitimacy-mechanism-of-azerbaijani-authoritarianism 

Trend, 2008. Venice Commission Thinks Changes in Azerbaijan’s Election Code Have Discrepancies.  https://www.trend.az/azerbaijan/politics/1223285.html 

ATƏT / DTİHB, 2010. Seçkiləri Müşahidə Missiyası Yekun Hesabat. https://www.osce.org/files/f/documents/3/c/75655.pdf 

​​HRVV, 2016. Harassed, Imprisoned, Exiled. Azerbaijan’s Continuing Crackdown on Government Critics, Lawyers, and Civil Society. https://www.hrw.org/report/2016/10/20/harassed-imprisoned-exiled/azerbaijans-continuing-crackdown-government-critics?utm_source 

E-qanun, 2022. Siyasi partiyalar haqqında qanun. https://e-qanun.az/framework/53163 

MEYDAN.TV, 2024. Political Activism Costs Jobs in Azerbaijan. https://www.meydan.tv/en/article/political-activism-costs-jobs-in-azerbaijan/?utm_source 

HRVV, 2017. Azerbaijani Activist’s Family Arrested, Harassed. https://www.hrw.org/news/2017/03/01/azerbaijani-activists-family-arrested-harassed?utm_source 

Modern.az, 2013. Cəmil Həsənlinin mitinqində 1500 nəfər iştirak edib. https://modern.az/az/news/45243/?utm_source 

sesqazeti, 2015. Müxalifət xarici təsir altındadır. https://sesqazeti.az/news/opposition/519178.html 

Elman Fattah, November 2025d. The Stability and Legitimacy Mechanism of Azerbaijani Authoritarianism. https://kharcenter.com/en/publications/the-stability-and-legitimacy-mechanism-of-azerbaijani-authoritarianism 

HRVV, 2013. Dozens of Activists and Journalists Jailed, Restrictive Laws Adopted. https://www.hrw.org/news/2013/09/02/azerbaijan-crackdown-civil-society 

HRVV, 2024. “We Try to Stay Invisible” Azerbaijan's Escalating Crackdown on Critics and Civil Society. https://www.hrw.org/report/2024/10/08/we-try-stay-invisible/azerbaijans-escalating-crackdown-critics-and-civil-society?utm_source  

Cəmil Həsənli, 2013. “Biz hakimiyyətin saxta müxalifət ideyasını darmadağın etdik”. https://musavat.com/news/gundem/biz-hakimiyyetin-saxta-muxalifet-ideyasini-darmadagin-etdik_167628.html 

Sofie Bedford and Laurent Vinatier, 2018. Resisting the Irresistible: ‘Failed Opposition’ in Azerbaijan and Belarus Revisited. https://www.cambridge.org/core/journals/government-and-opposition/article/abs/resisting-the-irresistible-failed-opposition-in-azerbaijan-and-belarus-revisited/1816248B8594A09DBCB4665FCD0A2F04?utm_source

Elman Fattah, November 2025c. The Stability and Legitimacy Mechanism of Azerbaijani Authoritarianism. https://kharcenter.com/en/publications/the-stability-and-legitimacy-mechanism-of-azerbaijani-authoritarianism 

Elman Fattah, Nov 2025. The End of Politics in Azerbaijan: The Beginning of a Post-Opposition Era. https://kharcenter.com/en/expert-commentaries/the-end-of-politics-in-azerbaijan-the-beginning-of-a-post-opposition-era 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin