Abstrakt
Rəqəmsal informasiya texnologiyalarının yaranması qlobal demokratikləşmə dalğasının yenidən yüksəlişinə dair illüziyalar yaratmışdı. 2011-ci ildə Ərəb baharının başlaması informasiya texnologiyalarının avtoritar hökumətlərə qarşı demokratik ayaqlanmanın güclənməsində ciddi alətə çevrilə biləcəyi təəssüratını yaratdı. Lakin bunun əksi baş verdi. Sosial medianı, süni intellekt bazası əsasında işləyən müşahidə sistemlərini, böyük həcmli məlumatların toplanmasını və təhlilini funksionallaşdıran rəqəmsal texnologiyalar dövlətin repressiya və sosial nəzarət alətlərini genişləndirərək “rəqəmsal avtoritarizmi” asanlaşdıran reallığa çevrildi. Buna paralel olaraq, demokratik idarəçiliyin əsas aspekti olan onlayn informasiya ekosistemi tənəzzülə uğramağa başladı.
Açar sözlər: rəqəmsal avtoritarizm və rəqəmsal avtoritar praktikalar, internet avtoritarizmi, rəqəmsal repressiyalar.
Giriş
Süni intellekt, simanın tanınması və sosial media kimi rəqəmsal texnologiyalar sosial nəzarət vasitələrini əhəmiyyətli dərəcədə genişləndirib. Məlumat toplanışı sistemlərinin quraşdırılması, biometrik və süni intellektlə işləyən məlumatların yığılması və analiz sistemləri vətəndaşların dəqiq və geniş şəkildə izlənilməsinə imkan verir ki, bu da hökumətlərin nəzarət mexanizmlərinə həm detallı, həm də miqyaslı yanaşmaları üçün imkanlar yaradır. Bu potensial imkanlar avtoritar rejimlərin oflayn və onlayn müxalif fikirli insanları daha asanlıqla hədəfə ala bilmələrini və konkret qruplara nəzarəti asanlaşdırır. Rusiya və Çin kimi ölkələr hakimiyyəti möhkəmləndirmək, müxalif fikirləri və demokratik çağırışları yatırmaq üçün texnologiyalardan istifadə etməkdə xüsusilə irəli gediblər, hətta bu məqsədlər üçün rəqəmsal texnologiyalardan istifadəyə dair qlobal plan hazırlayıblar (Mantelassi. 2023a). Məsələn, Çinin məşhur “sosial kredit sistemi” ümummilli, mərkəzləşdirilmiş, yüksək texnologiyalı sosial nəzarət sistemi kimi təqdim edilsə də, bəzi şəhərlərdə, xüsusən də Çinin Tsiyancin bölgəsində tətbiqinə dair etbarlı məlumatlar və təhlillər onun rəqəmsal avtoritarizmin pilot layihəsi kimi dəyərləndirilməsinə əsas verir (Cremer, Mattis, Hoffman. 2016).
Avtoritar rejimlər XXI əsrdə siyasi debatların və təşkilatlanmaların əsasən internet məkanında baş verməsi reallığından çıxış edərək siyasət yürüdürlər. Bu baxımdan avtoritar hakimiyyətlər üçün internet azadlığına məhdudiyyətlər qoymaqla və ya interneti tamamilə kəsməklə, eləcə də senzura vasitəsilə narrativlərə nəzarət etmək asanlaşır, bu vasitələr isə artıq bütün dünyada rəqəmsal repressiyanın məşhur alətinə çevrilib (Mantelassi. 2023b).
Metodoloji əsas
“Khar Center”in hazırladığı bu tədqiqat əsas etibarilə informativ analitik məqalələrdən və beynəlxalq təşkilatların hesabatlarından istifadə etməklə, elmi mənbələrin konseptual baxışlarına söykənməklə, tarixi və siyasi kontekstdə işlənərək hazırlanıb. Mövzu ilə bağlı media və vətəndaş cəmiyyəti subyektləri tərəfindən aparılan araşdırmalar daha az akademik və daha çox fəaliyyət yönümlü olduğu üçün əldə olunan məlumatlar da daha çox siyasi konteksti və təcrübələri özündə ehtiva edir.
Tədqiqatın məqsədi rəqəmsal avtoritarizmin mahiyyətini və iş mexanizmini göstərmək, klassik avtoritarizmin müasir texnoloji çərçivələnməsinin və avtoritar rejimlər tərəfindən texnoloji nəzarət sistemi əsasında yeni model cəmiyyətin qurulmasının nümunələrini təqdim etməkdir.
Bu mövzu “hansı praktikalar rəqəmsal avtoritarizmin elementləri hesab edilə bilər, rəqəmsal avtoritarizm kim (hansı subyektlər) tərəfindən və nə məqsədlə həyata keçirilir, rəqəmsal avtoritarizmin fəsadları nədir” kimi suallar üzərindən tədqiq olunub.
Rəqəmsal avtoritarizm nədir?
Avtoritarizm və repressiv təcrübələrin öyrənilməsi rəqəmsal dövrdən əvvələ gedib çıxır. “Avtoritar” termini mütləqiyyətçi liderlərə (avtokratlara) malik rejimlərə, seçki keçirməyən rejimlərə və daha geniş şəkildə müxalifəti sıxışdırmaq və hakimiyyəti saxlamaq üçün senzuradan, nəzarətdən, ictimai rəyin manipulyasiyasından və repressiv hüquqi nəzarət və qaydalardan müntəzəm istifadə edən rejimlərə istinad etmək üçün istifadə olunur (Glasius. 2018). Rəqəmsal avtoritarizm isə dövlətlərin vətəndaş üzərində siyasi nəzarəti, repressiyaları, izlənmələri həyata keçirmək və ümumilikdə hakimiyyətlərini gücləndirməkdən ötrü rəqəmsal informasiya texnologiyalarından istifadə edilməsi kimi başa düşülə bilər (Polyakova & Meserole. 2019).
Rəqəmsal avtoritarizmin məqsədi hakimiyyəti əldə saxlamaq və onu genişləndirmək, eyni zamanda da rejimin təhlükəsizliyini qorunmaqdır.
Rəqəmsal texnologiyalar alqoritmik nəzarət, mikro-məqsədli dezinformasiya və internetin bağlanması kimi alətlərlə yeni avtoritar təcrübələr üçün imkan yaradır. Rəqəmsal avtoritarizmin elementləri üzrə araşdırmalar 1980-ci illərdə də 40-dan çox ölkənin üzərində aparılıb və həmin tədqiqatlar rabitənin izlənməsi və müdaxiləsi, televiziya yayımlarındakı nəzarət və senzura kimi nümunələrlə əslində o dönəmin texnologiyaları vasitəsilə avtoritar repressiv təcrübələrin həyata keçirildiyini aşkara çıxarmışdı (Roberts & Oosterom. 2024a).
Rəqəmsal avtoritarizm anlayışı 2010-cu illərdə siyasi azadlıqların əhəmiyyətli dərəcədə azalması və dövlət repressiyaları üçün rəqəmsal texnologiyalardan istifadənin artması fonunda vüsət alıb. İlk dəfə Erikson və Li-Makiyama tərəfindən istifadə edilən "rəqəmsal avtoritarizm" termini Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin dinləmələrində təqdim edilən “Freedom House” hesabatında yazıldıqdan sonra məşhurlaşdı və həm rəqəmsal hüquqlar üzrə mütəxəssislər, həm də akademik çevrə tərəfindən sürətlə mənimsənildi (Freedom House. 2018). Termin ilkin olaraq Çinə tətbiq edilsə də, bəzi müəlliflər tərəfindən yalnız avtoritar rejimlərlə çərçivələnsə də, sonradan rəqəmsal avtoritarizmlə bağlı əsasən iki konseptual yanaşma meydanda qaldı: bir tərəfdən avtoritar kimi təsnif edilən rejimlərin rəqəmsal təcrübələri, digər tərəfdən isə eyni təcrübələrin demokratiyalarda və hibrid rejimlərdə də istifadə edilməsi nəzərdə tutulur.
Akademik yanaşma fərqliliyi
Rəqəmsal repressiyanı Steven Feldstein “informasiya və kommunikasiya texnologiyalarının dövlətə zidd olan fikirlərin və ya yanaşmaların qarşısını almaq üçün ayrı-ayrı fərdləri, qrupları izlənmək, nəyəsə məcbur etmək və ya manipulyasiya etmək üçün istifadəsi” kimi izah edir və rəqəmsal repressiyaları beş kateqoriyaya ayırır: izlənmə, senzura, sosial manipulyasiya və dezinformasiya, internetin bloklanması və azad düşüncəli istifadəçilərin məqsədyönlü təqibi (Feldstein. 2021). Rəqəmsal repressiyalar daha geniş siyasi repressiya ekosistemi daxilində həyata keçirilərək hökumətin vətəndaş azadlıqlarına tətbiq etdiyi məhdudiyyətlərlə, yəni siyasi nitqə senzura, qruplaşma qadağası, akademik azadlığın məhdudlaşdırması və s. ilə sıx əlaqəlidir. Güclü təhlükəsizlik və ya kəşfiyyat xidmətlərinə malik dövlətlərdə geniş basqılarla xarakterizə olunan rəqəmsal repressiya alətləri təkcə mövcud repressiyaları gücləndirmir, həm də dövlətin siyasi rəqibləri izləmək və etiraz hərəkatlarını yatırmaq qabiliyyətini dəyişdirmək potensialına sahibdir.
Şəbəkə avtoritarizmi ilə bağlı araşdırmalar hökumətlərin internet üzərində nəzarəti həyata keçirmələrinin yollarını 2000-ci illərdə öyrənən akademik materiallara istinad edir. Şəbəkə avtoritarizmi modeli dedikdə geniş şəkildə rəqəmsal və mobil texnologiyalara deyil, əsasən internetə diqqət yetirilərək kontent senzurası, təhlükəsizlik divarlarının qurulması və onlayn çıxışlara hüquqi məhdudiyyətlər kimi metodlardan ibarət "kiberstrategiyalar" nəzərdə tutulur (Li X., Lee F., & Li Y. 2016). Bunu tətbiq edən ölkələr bir tərəfdən fərdlərə daha çox onlayn ünsiyyət azadlığından istifadə etməyə imkan verir, digər tərəfdən isə artan “ünsiyyət azadlığı” informasiya nəzarəti, senzura və ictimai rəyin manipulyasiyası mexanizmləri ilə məhdudlaşdırılır.
Alətlər
Onlayn senzura - internetin filtrlənməsi, veb saytın qapadılması, açar sözlərin bloklanması, internetin məhdudlaşdırılması və bağlanması, söz azadlığına qarşı tətbiq olunan məhdudlaşdırıcı rəqəmsal təcrübələri əhatə edən kateqoriyadır. Bir çox ölkələrdə qanun internet şirkətlərindən, sosial media platformalarından və internet kafelərdən istifadəçiləri və onlayn kontenti izləməyi tələb edir ki, bu da “özünüsenzura”ya gətirib çıxarır (Sinpeng, A. 2013a). Bunun üçün hökumətlər, yerli avadanlıqlar vasitəsilə internet trafikini istiqamətləndirə bilən, internetin bağlanmasına, veb-saytların və kontentin bloklanmasına imkan verən infrasturkturlara yatırım edir (Sinpeng, A. 2013b).
Rəqəmsal izlənmə - təhlükəsizlik xidmətləri tərəfindən təkcə fəallar, jurnalistlər və müxalif siyasətçilər kimi “maraqlı şəxslərin” deyil, ümumilikdə bütün vətəndaşların kütləvi şəkildə izlənilməsi başa düşülür (Feldstein Steven. 2021b). İnsanları identifikasiya etmək və izləmək üçün süni intellekt vasitəsilə (üz və səsin tanınmasını mümkün edən) yüksək texnologiyalı müşahidə arxitekturasının nümunəsi kimi Çin göstərilir (Polyakova & Meserole. 2019b). Mobil telefonlar üçün SİM kartın məcburi qeydiyyatı və biometrik rəqəmsal identifikasiya sistemlərinin tətbiqi ilə birlikdə bu, anonimlik hüququnun saxlanılmasının faktiki olaraq mümkünsüzlüyü kimi də başa düşülə bilər. Tədqiqatlar göstərir ki, avtoritar rejimlər əksfikirliliyi təqib etmək üçün onlayn senzura izlənməni təmin edən genişmiqyaslı qanunvericilik işləyib hazırlayıb (Roberts & Oosterom. 2024b).
Rəqəmsal dezinformasiya dedikdə məqsədli və qəsdən yayılan yalan və ya təhrif olunmuş məlumat, eyni zamanda da onun yalan mahiyyəti dərk edilməyən informasiya nəzərdə tutulur (Freedom House. 2018). Son tədqiqatlar hökumətlərin internetə girişi bloklamaq və ya məhdudlaşdırmaq kimi sadə rəqəmsal repressiyalardan kənar daha mürəkkəb taktikalara keçdiyini, ictimai müzakirələrin rejimin maraqları çərçivəsində idarə edilməsi və nəzarətdə saxlanılması üçün internetin bir alət kimi istifadəsi müşahidə olunmaqdadır. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bu təcrübədən ən çox istifadə edən ölkələrdən biri Rusiya dövlətidir.
Bunlarla yanaşı manipulyasiya, nifrət və düşmənçilik ritorikası, kütləvi ovqatın emosional idarəetməsinə ünvanlanan psixoloji fəndlər avtoritar rejimlər tərəfindən praktikada geniş şəkildə tətbiq olunan alətlərə çevrilib. Süni intellektin getdikcə təkmilləşməsi və geniş miqyasda istifadəsi rəqəmsal avtoritarizmin alqoritmik inkişafı üçün daha geniş imkanlara və fürsətlərə yol açıb.
Rəqəmsal avtoritarizmin subyektləri
Rəqəmsal avtoritarizmin subyekti kimi həm dövlətlər, həm də qeyri-dövlət aktorları (o cümlədən rejimə bağlı “vətənpərvər hakerlər”, eləcə də botlar və trollardan istifadə edən özəl şirkətlər) çıxış edirlər. Praktikada dövlətə məxsus olmayan, lakin hakimiyyətin maraqları naminə yaradılan özəl biznes layihəsi kimi Peterburqda fəaliyyət göstərən “trol fabrikası” nümunəsi mövcuddur (Волчек. 2021). Suriyada Əsəd rejimini dəstəkləyən “vətənpərvər hakerlərin” nümunəsi rəqəmsal avtoritarizmin əhaliyə nəzarətlə bağlı olmayan, transmilli ölçüdən çıxış edən praktikasının mövcudluğunu göstərir. “Vətənpərvər hakerlər” “ölkəsini müdafiə etmək üçün kiberfəallıqla məşğul olan, texnoloji biliklərə malik mülki şəxslərin öz-özünə səfərbərliyi” kimi təqdim edilir (Conduit. 2023). Texnoloji infrastruktura artan tələbat demokratik coğrafiyanı təmsil edən Qərb şirkətlərinin avtoritar rejimlərə rəqəmsal avtoritarizm üçün lazım olan alətlərin ixracını da çoxaldıb. Avtoritar rejimlərin bu sahəyə investisiyaları “kibersuverenlik” çərçivəsindən çıxaraq Çin və İran da daxil olmaqla bir sıra dövlətlər üçün iqtisadi inkişaf layihəsinə çevrilib. İnternet üzərində dövlət nəzarətinin Çin modeli idarəetmə alətinə və iqtisadi investisiya sahəsinə çevrilməklə yanaşı, həm daxili bazar, həm də ixracat üçün əhəmiyyətli rola malikdir (Freedom House. 2018b).
Rəqəmsal texnologiyanın təsir və əks-təsir mexanizmi
Rəqəmsal texnologiyaların faydalılığı və effektivliyi yeni texnologiyalara uyğunlaşmaq və onlardan istifadənin innovativ yollarını tapmaq bacarığından asılıdır. Sosial media 2011-ci ildə ərəb dünyasında kütləvi nümayişlərin səfərbər edilməsində mühüm rol oynadı. Bu etirazların nəticəsində regionda və ondan kənardakı hökumətlər etirazların yayılmasının qarşısını almaq və ən vacibi, hakimiyyətə qarşı olan əks-fikirliliyi monitorinq etmək və nəzarətdə saxlamaq, iğtişaşları alovlandıran nümayişçiləri izlənmək üçün eyni texnologiyalardan necə istifadə ediləcəyi ilə bağlı önəmli dərs aldılar (Feldstein. 2021c). Rəqəmsal alətlər həm vətəndaş cəmiyyəti fəallarına həmfikirləri ilə əlaqə qurmaq və hökumətlərə etiraz etmək, həm də rejimlər üçün müxalif fikirliləri və hökumət tənqidçilərini izləmək, ictimai diskursu idarə etmək və dezinformasiya yaymaq üçün geniş imkanlar təklif edir. Avtoritar rejimlərin rəqəmsal texnologiyalar vasitəsilə vətəndaş cəmiyyətinə, mediaya və digər sferalara qarşı repressiyaları nəticəsində aktivistlərə, siyasətçilərə, jurnalistlərə və digərlərinə etimadı sarsıtmaqla bərabər institutsional funksionallığı zərbə altında qoyur. Bu təcrübə rəqəmsal texnologiyaların siyasətdə istifadəsinin qlobal paradigmasını dəyişdirdi. Araşdırmalar texnoloji innovasiyalar siklinin kommunikasiya texnologiyalarından siyasi məqsədlər üçün istifadə etməyə çalışan avtokratlarla bu rejimlərə qarşı eyni vasitələrdən istifadə edən vətəndaş cəmiyyəti və müxalif düşərgə arasındakı qlobal mübarizənin intensivləşdircəyini proqnozlaşdırır (Roberts & Oosterom. 2024c).
Rəqəmsal avtoritarizmin normativ bazası
Avtoritar rejimlər rəqəmsal texnologiyalar vasitəsilə vətəndaş üzərindəki nəzarəti və repressiyanı, eyni zamanda da cəmiyyətdəki institusional aktivliyin nəzarətə alınmasını və yuxarıdan idarəolunmanın təşkili üçün qanunvericilik bazası yaradaraq dövlətin müdaxiləsini leqallaşdırmağa və eyni zamanda da legitimləşdirməyə çalışırlar. Avtoritar rejim bunu ideoloji və instutsional çərçivədə həyata keçirir. İdeoloji çərçivə ictimai rəyi formalaşdırır və rejimə repressiv tədbirlərin mənəvi əsaslandırılmasını təmin edir, institusional çərçivə isə ideologiyanı hüquqi alətlər vasitəsilə həyata keçirən konkret dövlət orqanları və strukturlardan ibarətdir.
Terrorizm və ekstremizmlə Mübarizə XXI əsrin avtoritar rejimlərinin üz tutduğu ən populyar ideoloji alətlərdən biridir.Hakimiyyət orqanları ictimai təhlükəsizliyi təmin etmək və vətəndaşları təhdidlərdən qorumaq adı altında istifadəçilərin onlayn rejimdə anonimləşdirilməsinə imkan verən, kütləvi müşahidə aparan və söz azadlığını məhdudlaşdıran qanunlar tətbiq edir. Məsələn, Qazaxıstanda bloggerlərin anonimliyini qadağan edən qanunvericiliyə düzəlişlər terrorizmlə mübarizə tədbirləri kimi əsaslandırılıb (Freedom House. 2023).
"Ənənəvi dəyərlərin" və ya "əxlaqın" qorunması propaqandası hakimiyyətin siyasətini zərbə altında qoyan tənqidləri və ictimai fəallığı hökumətin nəzarətinə alan qanuni addımlara haqq qazandırmaq üçün istifadə olunur. “Mənəvi dəyərlər” haqqında qanunvericiliyin rəqəmsal senzuranın əsasını təşkil etdiyi İran nümunəsi bu ideologiyadan birbaşa istifadəni nümayiş etdirir. Məsələn, İranda rəqəmsal senzuranın və izlənmənin “milli təhlükəsizlik” və ya “mənəvi dəyərləri sarsıdan” qanunvericiliyə söykənərək tətbiq edilməsi praktikası məlumdur.
“Milli təhlükəsizliyin” təmin edilməsi, “sabitlik” və “qayda-qanun”un qorunub saxlanılması kimi narrativlər ictimai müqavimətin qırılması və narazılığın yatırılması məqsədilə qəbul olunan normativ aktların alt bazasına çevrilir.
Dövlət qurumları institusional çərçivədə istifadə olunan mexanizmlərin həyata keçirilməsində alətə çevrilir. Məsələn, Rusiyada Roskomnadzor internet üzərində senzuraya, tənqidçi saytların bloklanmasına və "suveren internet" qanunun icrasına cavabdeh olan qurumdur (Radio Free Europe/ Radio Liberty. 2019).
Məhkəmə institutu hakimiyyətin maraqlarından asılı vəziyyətə salınaraq rejimin ayaqda qalmasını təmin edən addımların qanuniləşdirilmısi üçün istifadə olunur. Məhkəmələr siyasi motivli qərarlar verməklə repressiv qanunlara legitimlik tanıdırlar (Khar Center. 2025).
Dövlətə məxsus media qurumları və təbliğat maşınları informasiya məkanına nəzarət edir, rəsmi ideologiyanı yayır, müxalifəti nüfuzdan salır, vətəndaşlarda rejimin addımlarının zəruriliyi və legitimliyi haqqında təsəvvür formalaşdırır. Hökumətin nəzarəti Azərbaycanda həm hökumətpərəst kanalların hegemonluğunda, həm də yayın lisenziyalarının təsdiqinə nəzarət edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaradılmasının və maliyyələşdirilməsinin məhz dövlət tərəfindən icra olunmasında özünü büruzə verir (Amnesty International. 2011).
Bundan başqa ayrı-ayrı ölkələrdə normativ baza bəzən bir-biri ilə əlaqəsi olmayan qanunlarla - tikinti məcəllələri, vergi qanunları, cinayət məcəlləsi, əqli mülkiyyət qanunları və s. bu kimi hüquqi sənədlərlə tənzimlənir.
Rəqəmsal avtoritarizmin ölkədaxili sərhədləri aşaraq transmilli əməkdaşlığa çevrilməsi üçün də hüquqi bazası işlənib hazırlanır. Məsələn, Rusiyanın keçmiş Sovet respublikaları ilə rəqəmsal texnologiya sahəsində həyata keçirdiyi əməkdalıq imzaladığı “informasiya təhlükəsizliyi” müqavilələri ilə tənzimlənir (МИД России. 2017).
İnformasiya ekosisteminin çirklənməsi
Demokratiyanın mövcudluğu həm də etibarlı və dəqiq faktoloji məlumatların sərbəst axınından asılıdır. XXI əsrdə informasiyanın sərbəst axını ilk növbədə onlayn şəkildə, əsas etibarilə rəqəmsal infrastrukturun əsas qollarından birində - sosial media platformalarında baş verir. Bu kontekstdə 2016-cı ildə dezinformativ və manipulyativ üsullarla ABŞ seçkilərinə və Böyük Britaniyada Brexit səsverməsinə edilən müdaxilə demokratiyanın təməl sütunları üçün sarsıdıcı reallıq sayıla bilər (Штайнвер Ута. 2017). Son Moldova seçkiləri də göstərdi ki, o vaxtdan bəri bu dinamika adi hal kimi avtoritarizmin ixracının və yayılmasının əsas alətlərindən birinə çevrilib (Медуза. 2025). Bu, demokratik idarəetmənin əsas elementi olan informasiya ekosistemini çirkləndirərək və eroziya edərək, demokratik sistemləri deqradasiya etmək üçün rəqəmsal texnologiyalardan necə istifadə oluna biləcəyinin nümunəsidir (Rest of world).
Dezinformasiya kampaniyaları və manipulyasiyalarla informasiya ekosisteminin çirklənməsi adətən onlayn yalan hekayələri yaratmaq, yaymaq və gücləndirmək üçün trollar vasitəsilə həyata keçirilir. Belə dezinformasiya dalğası əsasən sosial media kontenti tövsiyələrinin əsasını təşkil edən alqoritmik dinamikadan qaynaqlanır və istifadəçilərin diqqətini daha çox cəlb etmək üçün emosional yüklü kontentə (məzmuna) üstünlük verir. Bu da öz növbəsində sensasiyalı, yanlış siyasi mesajların yayılmasını asanlaşdırır və eyni zamanda istifadəçiləri məqsədli yaradılmış kontentlərin tələsinə salır. Beləcə, rəqəmsal məkanın yalan məlumatlarla dolması və istifadəçilərin rəqabətli-alternativ məlumatlarla qarşılaşmasının əngəllənməsi baş verdi. Belə bulanıq informasiya ekosistemi sağlam demokratik diskursu zərbə altında qoyur.
Rəqəmsal avtoritarizmin coğrafiyası
2024-cü ildə 105 məqaləni əhatə edən rəqəmsal avtoritarizm haqqındakı araşdırmaların sistemli monitorinqi göstərdi ki, ölkələr üzrə tədqiqatların fokusunda əhəmiyyətli coğrafi asimmetriya müşahidə olunur (Roberts & Oosterom. 2024b). Əksər tədqiqatların diqqət mərkəzində Çin, ikinci yerdə Rusiya dayanır, yeganə ölkələr İran və Suriyadır ki, birdən çox məqalə həsr olunub. Lakin V-DEM Demokratiya İndeksi kimi sənədlərdə avtoritar rejim sıralamasında Çindən daha yüksək yerdə dayanan Eritreya, Nikaraqua, Əfqanıstan, Myanma və Belarus kimi ölkələrlə bağlı, ehtimal ki, informasiya əlçatan olmadığına görə dərin araşdırma yoxdur (V-DEM. 2024). Rəqəmsal avtoritar təcrübələr həmçinin Asiya, Afrika ölkələrində və Yaxın Şərq bölgəsində geniş yayılıb. Məsələn, Malayziya üztanıma texnologiyasını orduda tətbiq edir, Sinqapur isə küçə kameraları şəbəkəsində tətbiq etmək üzərində işləyir, Efiopiya təhlükəsizlik qüvvələri ZTE-nin telekommunikasiya avadanlığından müxalifət fəallarını və jurnalistləri izləmək üçün yararlanır (Polyakova and Meserole. 2019c). Dubayda Çin texnologiyaları əsasında “Polissiz Polis” layihəsi həyata keçirilir və polis videomüşahidə və üztanıma texnologiyaları ilə əvəz edilir (Gulf News. 2018).
Postsovet respublikalarındakı avtokratiyalarda rəqəmsal avtoritarizmin aşağıdakı növləri tətbiq edilir (Accessnow. 2022):
- Onlayn senzura: azad sözün məhdudlaşdırılması, müstəqil media və internet resursların bloklanması;
- İnternetin bağlanması: internet şəbəkəsinə qəsdən müdaxilələr, həmçinin komunikasiya platformalarının bloklanması;
- Dezinformasiya və nifrət nitqi: dövlət tərəfindən maliyyələşdirilən təbliğat və dezinformasiya kampaniyaları, nifrət nitqi və düşmənçiliyin təşviqi;
- İzləmə: tənqidçilərə qarşı casus proqramlarının istifadəsi, şəxsi məlumatların toplanması və biometrik müşahidə də daxil olmaqla kütləvi izləmə.
Rəqəmsal avtoritarizmin geniş yayıldığı və daim təkmilləşdirildiyi ölkə Çindir. Çin rəqəmsal avtoritarizmin flaqmanı olduğu üçün eyni zamanda da onun ən böyük ixracatçısıdır.
Rəqəmsal avtoritarizmin ixrac mexanizmləri
İnternetin qlobal və qarşılıqlı əlaqə təbiəti XXI əsrdə avtoritarizmin daha çox transmilliləşməsinə təkan verdi. Məhz bu transmilli xarakteri rəqəmsal avtoritarizmin digər ölkələrə ixracatında və yayılmasında əhəmiyyətli rol oynayaraq analoji rejimlərə öz modelini dinamik şəkildə digərlərinə ixrac etməyə imkanlar yaradır. Digər tərəfdən də avtoritar rejimlər demokratiyalarda mövcud olan sosial və siyasi gərginlikdən rəqəmsal texnologiyalar vasitəsilə istifadə edərək radikal meyilləri dərinləşdirməyə və bununla da demokratik institutlara və proseslərə inamsızlıq yaratmağa, daxildə isə demokratiyanı gözdən salmağa çalışırlar. Bundan başqa ölkə xaricində də ictimai fəallara və rejimin tənqidçilərinə qarşı izlənmə və haker kampaniyalarının həyata keçirilməsi, rəqəmsal alətlərlə təhdidlər, casus proqramları vasitəsilə təqiblər və təzyiqlər rəqəmsal avtoritarizmin demokratiya coğrafiyasına müdaxiləsindən xəbər verir. Transmilli rəqəmsal avtoritarizm xüsusilə ucuz başa gələn alətdir, çünki o, heç bir səyahət xərci tələb etmir. Çin, Qətər, Rusiya, İran, Ruanda və Səudiyyə Ərəbistanı hökumətləri xaricdəki vətəndaşları təhdid etməkdə və onlara nəzarət etməkdə xüsusi seçilirlər (Lamensch. 2021).
Rəqəmsal avtoritarizm üçün istifadə olunan texnologiyalar Qərb şirkətləri tərəfindən hazırlanır və satılır, dolayısı ilə Qərb ölkələri repressiv rejimlərə fayda verə biləcək nəzarət texnologiyası bazarında iştirak edirlər. Belarus hökuməti 2020-ci il prezident seçkilərindən sonra internet saytlarına girişi bağlamaq üçün istifadə etdiyi bloklama texnologiyasını ofisi Kanadada olan ABŞ şirkəti “Sandvine”dən almışdı (Gallagher. 2020). 2021-ci ildə Fransanın “Amesys və Nexa Technologies” şirkətlərinin rəhbərləri isə Liviya və Misir hökumətlərini izləmə texnologiyaları ilə təmin etməkdə, habelə işgəncə və adam oğurluğu ilə bağlı cinayətlərdə iştirakda ittiham olunublar (MIT Technology Review. 2021).
Çin, Səudiyyə Ərəbistanı və Rusiya kimi rejimlər təkcə texnologiyanın repressiv modelini deyil, həm də məlumat bazalarını və nəzarət alətlərini ixrac edirlər. Çinin ölkədaxili senzura və izləmə üçün rəqəmsal alətlərdən istifadə təcrübəsi onu qeyri-liberal rejimlər üçün prioritet təchizatçıya çevirib, 24 hökumət, xüsusən də Saharadan cənubda olan Afrikada daha çox Çinin müşahidə texnologiyalarından istifadə edilir (Feldstein. 2020). Avstraliya Strateji Siyasət İnstitutunun hesabatına görə, Çin, texnoloji şirkətlərinin qlobal varlığını genişləndirməsi hesabına artıq qeyri-demokratik hökumətlər üçün rəqəmsal avtoritarizmin modeli rolunu oynayır (ASPI. 2019).
Qlobal miqyasda həm imkanları və iqtisadi resursları, həm də texnoloji baza baxımından Rusiyaya bənzər ölkələrin çoxu Çin modeli ilə müqayisədə nisbətən aşağı texnoloji və ucuz alternativ olduğu üçün Kremlin tətbiq etdiyi rəqəmsal avtoritarizm modelinə üstünlük verirlər.
Pekin üçün informasiya texnologiyalarının ixracı nəinki yeni əhəmiyyətli gəlir və məlumat mənbəyidir, həm də Qərbə qarşı böyük strateji təsir imkanlarının formalaşmasıdır. Bunun bariz nümunəsi BMT İnsan Hüquqları Şurasının 47-ci sessiyasında baş verdi. Uyğurlara qarşı insan haqlarının pozuntularının araşdırılması ilə bağlı Kanadanın çağırışına 44 ölkə səs verdi, 65 ölkə isə Pekinə dəstəkləyərək "Çinə qarşı dezinformasiyaya əsaslanan siyasi motivli və əsassız ittihamları" pislədi (Feng. 2021).
Demokratiyalarda rəqəmsal avtoritarizmin əlamətləri
Demokratiyanın qlobal tənəzzülü prosesi ilə informasiyanın toplanması, kommunikasiya və izləmə üçün hazırlanan yeni texnologiyaların inkişafı ilə üst-üstə düşməsi müşahidə olunur (Mantelassi. 2023с). Rəqəmsal texnologiyaların demokratiyanı sarsıtmaq və deqradasiya etmək, paralel olaraq avtoritarizmi gücləndirmək qabiliyyəti təkcə ciddi avtoritar rejimlərlə məhdudlaşmır, həm də demokratik rejimlərə də təsir edən qlobal fenomendir. Bu avtoritarizmi təmin edən texnologiyaların əhəmiyyətli hissəsi Qərb mənşəlidir və demokratik dövlətlər tərəfindən geniş istifadə olunur. ABŞ, Almaniya, Fransa və Yaponiya kimi ölkələr bu cür texnologiyaların həm satıcıları, həm də istifadəçiləridir, günbəgün təkmilləşən texnologiya Qərbi rəqəmsal avtoritarizmə dərindən cəlb edir və hətta inkişaf etmiş demokratiyaları belə sui-istifadə riski ilə üz-üzə qoyur. Məsələn, COVID-19 pandemiyası ilə ortaya çıxan izləmə tətbiqləri ciddi müzakirələrə səbəb oldu (SSRC. 2021). Müzakirələrin predmeti müvafiq qanuni təminat olmadan onların şəxsi həyatın toxunulmazlığı hüququnu necə pozması və dövlətin vətəndaş üzərində nəzarəti və izləməni normaya çevirməsi və genişləndirməsi ilə bağlı idi (Mantelassi. 2021). Başqa bir nümunə Böyük Britaniya kimi demokratik ölkələrdə polisin işində üztanıma texnologiyasından istifadəsinə qarşı qeyri-hökumət təşkilatlarının etirazını göstərmək olar (Big Brother Watch. 2023). Müasir texnologiyalar bir tərəfdən genişmiqyaslı, avtomatlaşdırılmış, davamlı, qənaətcil və məqsədyönlü nəzarəti təmin etməyə imkan yaradır, digər tərəfdən isə dövlətlərin bu texnoloji imkanlardan demokratik standartlara, məxfilik prinsiplərinə və insan hüquqlarına zidd şəkildə yararlanmaq ehtimalını artırır. Məsələn, onlar sosial nəzarət üçün istifadə edilməsələr də, 2013-cü ildə Snouden sənədlərinin sızması ABŞ-da problemli yerli və beynəlxalq rəqəmsal müşahidə mexanizminin tam miqyasını ortaya qoydu (The Guardian. 2013). Bu şirkətlərin məqsədyönlü reklamlar vasitəsilə istehlakçı davranışına təsir etmək qabiliyyəti siyasi sferaya da yayılıb və demokratiya üçün dağıdıcı nəticələrə səbəb olub (Feldstein. 2019). Texnologiya nəhənglərinin insanların şəxsi məlumatlarına görünməmiş və maneəsiz çıxış əldə etməsi bu özəl və məsuliyyətsiz korporasiyalara ictimai və siyasi həyatda vətəndaşların üzərində misli görünməmiş hakimiyyət verib və seçkilərdə onların seçimlərinə təsir imkanlarını bəxş edib.
Rəqəmsal avtoritarizmin Çin nümunəsi
Tədqiqatlar rəqəmsal avtoritarizmə yanaşmada Çinlə Rusiya arasında fərqliliyin olduğunu göstərir. Daha ucuz rəqəmsal dezinformasiya vasitələrinə arxalanan Rusiyadan fərqli olaraq Çin daha çox yüksək texnologiyalı müşahidəyə üstünlük verir.
Pekin informasiya texnologiyalarından həm onlayn, həm də oflayn istifadə edir. Hökumətin tələblərinə uyğun gəlməyən proqramlar və vebsaytlar qapadılır, internet üzərində senzuranı həyata keçirən sistem “Great Firewall” adlanır.
İctimai Təhlükəsizlik Nazirliyi ilə Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin 2005-ci ildə başladığı layihə ictimai məkanları və sənayenin əsas sahələrini kameralarla əhatə etməyi qarşısına məqsəd qoydu (Zhang. 2012). Smartfonlarını və smart televizorlarını, videomüşahidə kameralarını birləşdirən layihə əsasında dövlət öz vətəndaşlarının davranışlarını və hərəkətlərini detallı şəkildə izləyə biləcək. İnsanların izlənilməsi və identifikasiyası üçün süni intellektdən də istifadə edilir. 2018-ci ilin ən iddialı layihələrindən biri eyni vaxtada 100.000 yüksək keyfiyyətli video axını və onların üzərindən real vaxtda insanları izləməyi və identifikasiya etməyi bacaran sistem yaratmaq idi (Bloomberg. 2018). Belə bir şəbəkənin ilk eksperimentini polis həyata keçirdi: 2018-ci ilin mayında Tyancin əyalətində konsert zamanı üztanıma proqramı təhlükəsizlik xidmətinə xəbərdarlıq siqnalı göndərdi ki, 60.000 tamaşaçıdan biri axtarışda olan şübhəli biridir və o, bir neçə dəqiqə ərzində tapılıb həbs olundu (Wang. 2018). Tyancin uyğurların yaşadığı və Pekinin ən repressiv texnologiyaları sınaqdan keçirdiyi bölgədir. Məsələn, polis nəzarət-buraxılış məntəqələrində uyğurlar tez-tez DNT testlərinə və göz skanına məruz qalırlar (Haas. 2017), onların telefonlarına onlayn aktivliyə nəzarət etmək imkanına malik casus proqramları, nəqliyyat vasitələrinə isə naviqasiya sistemi quraşdırılır (Kieren. 2017). Tyancində videomüşahidə kameralarının quraşdırılmadığı yerlərdə isə ərazini izləmək üçün kiçik quş sürülərinə bənzər pilotsuz uşuş aparatları uçurulur (Chen Stephen. 2018).
Çinin öz vətəndaşları üzərində ümumi nəzarəti, məlumatların toplanması, müşahidənin təşkili ilə eyni zamanda da vətəndaşın hökumətə sədaqətini müəyyən etmək üçün sosial etimad sistemi və ya sosial kredit sistemi (ingilis dilində Social Credit Score или SCS) yaradılıb (RBC. 2016).
Hökumətin müəyyən etdiyi qaydalara əməl edənlər imtiyazlar alır, etməyənlər cəzalandırılırlar. Qanun pozuntusunun olmamasına, faydalı ictimai fəaliyyətə görə, məsələn, kreditin vaxtında ödənilməsinə görə vətəndaşa ballar verilir. İstənilən qanun pozuntusuna görə ballar silinir. Lazım olan "keçid balını" toplamayanlar üçün həyat işgəncəyə çevrilir. Çin hökumətinin aşağı bal toplayanların məruz qalacağı sanksiyalar siyahısına bunlar daxildir:
— dövlət orqanlarında işləməyə qadağa;
— sosial təminatdan imtina;
— gömrükdə hərtərəfli xüsusi yoxlama;
— qida və əczaçılıq sənayesində rəhbər vəzifələrdə işləməyə qadağa;
— aviabiletlərin və gecə qatarlarında yataq yerlərinin verilməsinə imtina;
— dəbdəbəli mehmanxana və restoranlarda yerlərin verilməməsi;
— uşaqların bahalı özəl məktəblərə getməsinin qadağan edilməsi.
Tədqiqatçılar Çin hökumətinin tətbiq etdiyi modeli Ourellin antiutopiyası adlandırırlar (Chin. & Wong. 2016). Çində müşahidə olunanlar rəqəmsal totalitarizmin ən bariz nümunəsi sayıla bilər.
Rəqəmsal avtoritarizmin Rusiya nümunəsi
Çindən fərqli olaraq Rusiya böyük həcmdə resurs tələb edən yüksək texnologiyaların genişmiqyaslı tətbiqi əvəzinə, cəmiyyəti total nəzarət altına almaq üçün daha çox instusional yollarla rəqəmsal totalitarizmin elementlərini ictimai həyata daxil etməkdədir.
1990-cı illərdən hökumət Əməliyyat Axtarış Tədbirləri Sistemi kimi tanınan sovet müşahidə texnologiyalarını rəqəmsal sahəyə uyğunlaşdırmağa başladı. Lakin Rusiya hökuməti məlumatın vətəndaşlara çatmazdan əvvəl filtrdən keçməsi mexanizminə deyil, daha çox informasiya üzərində nəzarəti sərtləşdirən və internet təminatçılarını, rabitə operatorlarını, özəl şirkətləri, eləcə də vətəndaş cəmiyyəti qruplarını qorxu altında saxlaya biləcək repressiv hüquqi rejimin yaradılmasına üstünlük verib (Freedom House. 2018a).
2000-ci illərin əvvəllərindən başlayaraq Rusiya dövləti hökumətin tənqidini faktiki olaraq kriminallaşdıran, vətəndaşların onlayn fəaliyyətinə hüdudsuz nəzarəti qanuniləşdirən və Rusiya interneti və ya RuNet üzərində dövlət nəzarətini gücləndirən bir sıra qanunlar qəbul etdi (Meduza. 2019). 2014-cü ildən etibarən isə hökumət Çin modelinə bənzər Rusiyanın "suveren interneti"ni yaratmaq üçün hüquqi və texniki addımlar atdı. Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin mayında dövlət media tənzimləyicisi - “Roskomnadzor”a Rusiyanın qlobal şəbəkə ilə əlaqəsi kəsiləcəyi təqdirdə Rusiya internetini ələ keçirməyə icazə verən Suveren İnternet Qanununu imzaladı (Radio Free Europe/ Radio Liberty. 2019). Bundan başqa bir sıra dövlət qurumlarına məhkəmə qərarı olmadan kontenti bloklamaq hüququ verilib (Freedom House. 2018b). 2017-ci ilin payızında prezident Putin Rusiya hökumətinə xaricdən maliyyə alan media qurumlarını “xarici agent” kimi təyin etməyə icazə verən qanunu imzalayıb (Президент России. 2017). Qanun Rusiya hakimiyyət orqanlarına onlayn-kontenti, o cümlədən hökumət tərəfindən “arzuolunmaz” və ya “ekstremist” hesab edilən sosial media saytlarını bloklamaq üçün geniş səlahiyyətlər verir. 2018-ci ilin yanvarında qəbul olunan qanunla sosial media və kommunikasiya platformalarının istifadəçilərinin anonimliyi qadağan edilib (Polyakova. 2017).
Ölkədə istifadəçilərin xarici internet resurslarına daxil olmaq üçün VPN və digər vasitələrdən istifadə etmək cəhdləri normativ aktlarla məhdudlaşdırılır, eyni zamanda da cəza mexanizmləri ilə tənzimlənir. Dumada qəbul edilən qanuna əsasən bundan sonra hökumətin ekstremist, terrorçu, xarici agent elan etdiyi subyektlər və hakimiyyətin tənqidçiləri, eləcə də Rusiya dövlətinin siyasətini tənqid edən kontentlər barədə internet üzərindən axtarış verən vətəndaş cinayət məsuliyyəti daşıyacaq (ТАСС. 2025). Bundan əvvəlki mərhələdə isə hakimiyyətin bir çox tənqidçiləri (jurnalistlər, hüquqmüdafiəçiləri, elm ədəbiyyat və incəsənət adamları, müəllimlər və s.) hüquq mühafizə orqanları tərəfindən “xarici agent” elan ediliblər.
Rusiya ərazisində ABŞ şirkətlərinin, o cümlədən “YouTube”un saytına giriş əngəllənir, ölkədə ekstremist elan edilən Meta (Facebook və Instagram) və X (keçmiş Twitter) qadağan edilib. Buna paralel, hökumət “suveren internet” konsepsiyasına istinad edərək dövlət təhlükəsizlik xidmətinin nəzarəti altında yeni sosial media platformaları və tətbiqlər yaradır (Radio Free Europe/ Radio Liberty. 2019b). Bu, dövlətə nəinki onlayn kontentin məzmununa, eyni zamanda internetin fiziki infrastrukturuna nəzarət etmək imkanı verir. “Suveren internet” konsepsiyası haqqında uzun illərdir danışılsa da, onun aktiv şəkildə reallaşmasına Rusiyanın Ukraynaya genişmiqyası hücumundan sonra start verilib.
Rusiya Çinin tətbiq etdiyi bəzi rəqəmsal izləmə və nəzarət layihələrindən də yararlanır. Məsələn, Çinin mobil tətbiq üzərindən uyğurlara qarşı həyata keçirdiyi izləmə proqramı əsasında 2025-ci ilin sentyabrından etibarən Moskvadakı miqrantlara qarşı eksperimental rejim tətbiq ediləcək (Azərbaycan Respublikasının Səfirliyi. 2025). Xüsusi mobil tətbiq vasitəsilə onlayn şəkildə izləyəcək sistem bütün miqrantlar üçün məcburi olacaq. 2026-cı il sentyabrın 1-dən isə layihə yalnız işləmək üçün deyil, digər səbəblərlə Rusiyaya 90 gündən artıq müddətə gələn əcnəbiləri də əhatə edəcək.
Rəqəmsal avtoritarizmin mexanizmləri arasında dezinformasiya və senzura Rusiya nümunəsində daha geniş istifadə olunur. Dövlət tərəfindən maliyyələşdirilən təbliğat və dezinformasiya kampaniyaları vasitəsilə konkret hədəflərə və ya icmalara qarşı nifrətin qızışdırılmasında onlayn mediadan aktiv istifadə olunur. Rusdilli informasiya ekosisteminin çirklənməsində trolların və botların əhəmiyyətli payı var (Azadlıq Radiosu. 2018).
Onlayn senzura internet məkanda söz azadlığının qeyri-mütənasib şəkildə məhdudlaşdırılması, müstəqil media və QHT saytlarının bloklanması ilə bitmir, eyni zamanda məhdudlaşdırıcı və repressiv normativ aktlarla onların qorxutmaq və özünüsenzuraya məcbur edilməsi funksiyasını həyata keçirir.
Rusiyanın tətbiq etdiyi aşağı texnoloji nəzarət modeli, nisbətən ucuz əlverişliliyi və uyğunlaşma qabiliyyəti sayəsində iqtisadi gücə, insan kapitalına və Çindəki kimi mərkəzləşdirilmiş dövlət nəzarətinə malik olmayan məhdud resurslu hökumətlər üçün cəlbedicidir.
Rəqəmsal avtoritarizmin Azərbaycanda istifadə olunan alətləri
Araşdırmalar göstərir ki, rəqəmsal avtoritarizmin Azərbaycanda geniş tətbiq olunan alətləri izləmə, onlayn senzura, dezinformasiya və nifrət nitqidir (Geybulla. 2019). 2020-ci ildə 44 günlük müharibə və kütləvi aksiyalar zamanı sosial şəbəkələrə girişin məhdudlaşdırılması və ya bağlanması halları müşahidə olunub. Azərbaycan hökuməti izləmə texnologiyalarını xaricdən idxal edir. Məsələn, İsrailin kiberkəşfiyyat şirkəti olan “NSO Group” tərəfindən hazırlanmış “Pegasus” casus proqramı ilə Azərbaycan hökuməti təkcə tənqidçilərinin deyil, eyni zamanda proqramın yoluxdurulduğu telefon sahibinin bütün çevrəsi avtomatik izləmə obyektinə çevrilə bilir (Patrucic M. & Bloss K. 2012). Pegasus, telefon zənglərini yazmaq və mətn mesajlarını oxumaq, fotoşəkillərə və parollara daxil olmaq, GPS məlumatlarını izləmək və gizli şəkildə audio və video yazılar həyata keçirmək və bütün bunları gizli operatorlarına ötürmək imkanlarına malikdir.
2023-cü ildə Bakı Tədqiqatlar Mərkəzinin azərbaycanlı ictimai-siyasi fəallar arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 68 faizi hökumətin onların onlayn hesablarına və fəaliyyətlərinə nəzarəti ilə bağlı narahatlığını qeyd ediblər. Sorğuda iştirak edənlərin 75 faizi isə hökumətin internetə nəzarət etmək imkanlarına görə sosial mediada ehtiyatlı olduqlarını bildiriblər (Kamilsoy. & Bedford. 2023a).
Onlayn senzura internet məkanda söz azadlığının məhdudlaşdırılmasına yönəlməklə yanaşı, həm də repressiv alətlərlə şəbəkə istifadəçilərinin özünüsenzuraya məcbur edilməsinı xidmət edir. Bu da nəticə etibarilə aktivistlərin sosial mediadan istifadəsində müəyyən tərəddüdlərə, davranışlarının tənzimləmələrinə və daha ehtiyatlı olmalarına və siyasi ünsiyyət üçün sosial şəbəkələrin mesaj qutularından istifadədən çəkinmələrinə səbəb olub.
Azərbaycanda yerli müstəqil media saytları ilə yanaşı, eyni zamanda da “Azadlıq radiosu”, “Amerikanın səsi” kimi beynəlxalq media kanallarının yerli xidmətləri bloklanıb. Bu isə vətəndaşın alternativ informasiyaya çatımlılığını məhdudlaşdırır. Hakimiyyətin nəzarətində olan böyük həcmli informasiya axınının müqabilində alternativ informasiyanın məhdud mövcudluğu vətəndaşı dezinformasiyaların və manipulyasiyaların qarşısında zəif, müdafiəsiz hədəfə çevirir.
Hökumət sosial media, onlayn informasiya kanalları və digər internet resursları üzərindən dezinformasiya yaymaqla, eləcə də saxta hesablar və trollar vasitəsilə ictimai rəyə təsir etməyə, manipulyativ idarəetməni həyata keçirməyə nail ola bilib.
2019-cu ildə Facebookun keçmiş data mütəxəssisi Sofi Zanq Azərbaycanda ictimai-siyasi fəallara, hökumət tənqidçilərinə və müstəqil mediaya hücum edən “təxminən 2.1 milyon mənfi və təhqiredici şərh” yazan minlərlə saxta hesabdan ibarət şəbəkəni müəyyən etdi və araşdırma bu troll şəbəkəsinin hakim Yeni Azərbaycan Partiyası və Daxili İşlər Nazirliyi tərəfindən idarə edildiyini ortaya çıxardı (Kamilsoy. & Bedford. 2023b).
Bununla yanaşı Daxili İşlər Nazirliyinin xətti ilə təhlükəsiz şəhər layihəsi çərçivəsində Bakının, demək olar, bütün küçələrinə müşahidə kameraları quraşdırılıb. Çinin texnoloji alətlərlə vətəndaşlar üzərində izləmə və nəzarəti həyata keçirən repressiv təcrübəsini Azərbaycan hökuməti də kiçik miqyasda sınaqdan keçirib. Müxalifətin təşkil etdiyi etiraz aksiyalarının keçiriləcəyi əraziyə xüsusi izləmə kameraları quraşdırmaqla polis tərəfindən mitinqə qatılan vətəndaşların müəyyən edilməsi mümkün olub (Qafqaz.info. 2019).
Nəticə
Dünyada demokratiyanın geriçəkilməsi müşahidə olunmaqdadır və bu tənəzzüldə rəqəmsal texnologiyaların rolunu inkar etmək olmaz. Avtoritar rejimlərin yerli və xarici əhalini izləmək, basqı altında saxlamaq və manipulyasiya etmək üçün rəqəmsal informasiya texnologiyalarından istifadə etdiyi rəqəmsal avtoritarizm mexanizmləri demokratiyalar və avtokratiyalar arasında güc balansını dəyişir.
Hökumətlərin repressiv rəqəmsal alətləri genişləndirməklə demokratik idarəetmə üçün həyati əhəmiyyət kəsb edən informasiya ekosistemini dağıtması, özəl texnoloji şirkətlərin imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi və ümumilikdə rəqəmsal texnologiyaların inkişafı avtoritarizmin güclənməsinə, demokratiyanın isə getdikcə daha kövrəkləşməsinə təsir edib. Bu ziddiyyət avtoritar rejimlərin rəqəmsal texnologiyaların avtoritarizmin maraqlarına xidmət edə biləcəyini dərk edərək onlardan geniş miqyasda istifadə etdikləri üçün ortaya çıxıb. Rəqəmsal texnologiyaların avtoritarizmi gücləndirməsi bu rejimlərin öz maraqları çərçivəsində rəqəmsal yeniliklərə investisiya qoymasında və sosial şəbəkələrdə rejimin tənqidçilərinin ictimai-siyasi fəallığını dağıtmağa yönəlmiş müxtəlif texnikaların təkmilləşdirilməsində aydın görünür.
Avtoritar rejimlər ictimai rəyin öyrənilməsində maraqlıdırlar. Buna görə də məhz sosial media üzərindən vətəndaşın onlayn iştirakçılığı ictimai əhval-ruhiyyənin monitorinqi üçün mühüm vasitəyə çevrilir. Analoji rejimlərdə vətəndaşın onlayn iştirakçılığı onun qərarvermə mexanizminə təsir faktoru kimi başa düşülməməli, buna informasiya toplama mexanizmi kimi yanaşılmalıdır .
Avtoritar rejimlər nisbətən azad onlayn ünsiyyətə imkan verirlər, lakin müxtəlif yollarla onun rejim üçün təhlükəyə çevrilməsinin qarşısını alırlar. Bu mənada hökumət internet məkanında təkcə tənzimləyici deyil, həm də fəal iştirakçı kimi çıxış edir.
Çin və Rusiya internetdən, o cümlədən informasiya texnologiyalarından insan azadlığını məhdudlaşdırmağa yönəlik repressiv mexanizmlə istifadə etməyi öyrənib. Bununla yanaşı onlar öz rəqəmsal avtoritarizm modellərini qlobal miqyasda ixrac etməyə başlayıblar. İzləmə texnologiyalarının ixracını tənzimləyən beynəlxalq yol xəritəsi da daxil olmaqla, effektiv demokratik cavablar olmadığı üçün informasiya texnologiyaları sahəsindəki proqres liberallaşma əvəzinə repressiyaların getdikcə daha da güclənəcəyi gələcəyə aparmaq təhlükəsini özündə daşıyır.
Çin və Rusiya kimi avtoritar rejimlər tərəfindən tam rəqəmsallaşma və dövlətin şəxsi məlumatlara çıxışı fərdlər üzərində total nəzarətə gətirib çıxara bilər, ən əsası isə bu, faktiki olaraq fərdi, rejimin nəzarətindən kənara çıxmaq imkanından məhrum edə bilər. Çin və Rusiyanın rəqəmsal avtoritarizmin modellərini təkmilləşdirməsi və paralel olaraq bunu digər avtoritar rejimlərə ixrac etməsi əhəmiyyətli dərəcədə ciddi təhlükəli tendensiyaya çevrilməkdədir.
Postsovet məkanındakı avtoritar rejimlər, o cümlədən də Azərbaycan təkcə avtoritarizmdə deyil, həmçinin rəqəmsal avtoritarizmdə inkişaf edən “qabaqcıl rejimlərin” alətlərini və işlək mexanizmini həm idxal, həm də tətbiq edir. Bu da nəticə etibarilə rəqəmsal avtoritarizmin coğrafiyasını genişləndirməklə yanaşı bu sahədəki iqtisadi aktivliyi gücləndirir və paralel olaraq avtoritar rejimlərin bəslənməsinə gətirib çıxarır.
Tədqiqatlar göstərir ki, çox zəif və ya illiberal demokratiyalar da rəqəmsal repressiya alətlərindən istifadə edirlər. Hindistan, Braziliya, Türkiyə, Filippin, Nigeriya, Serbiya və Macarıstan kimi ölkələr internetin bağlanması, dezinformasiya və sosial media senzurasından tutmuş bir sıra fərqli alətlərin istifadəsini geniş həyata keçirirlər (Nigeriyada “Twitter”in qadağan edilməsi, Türkiyədə kontentin silinməsi tələblərinin yer aldığı yeni sosial media qanunun qəbul edilməsi) (Feldstein. 2021d). Ümumilikdə, qismən demokratik ölkələr kütləvi izləmə və ya veb-saytların genişmiqyaslı senzurası kimi daha sərt metodlara deyil, dezinformasiya kampanisı kimi manipulyasiya taktikasına üstünlük verirlər. Beləliklə, avtoritarizmin yeni forması kütləvi zorakılığa deyil, informasiyanın manipulyasiyasına söykənir. Bütün bunlar son nəticədə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, vətəndaşlar üzərində nəzarətin genişlənməsinə gətirib çıxarır.
Qlobal avtoritar tendensiyanın qarşısının alınması üçün vacib məsələlərdən biri informasiya mühitinin çirklənmədən xilas edilməsidir, bu isə təhlükəsizlik siyasətinin prioritetinə çevrilməlidir. Çünki faktlar və əsaslandırılmış siyasi müzakirələr demokratiyanı qidalandırır, dezinformasiya və manipulyasiyalar isə avtokratiyanı gücləndirir.
Liberal demokratiyaların Çinin rəqəmsal idarəetmə və infrastruktur modelinə cəlbedici və iqtisadi baxımdan daha sərfəli alternativ təqdim etməməsi, Pekinin uzun müddətdir öz ölkəsində inkişaf etdirdiyi avtoritar alətlərin xaricə yayılmasına şərait yaradır.
Tədqiqatlar göstərir ki, rəqəmsal avtoritarizmin qarşısını ala biləcək mexanizmlərdən biri bu rejimləri təchiz edən Çin, Rusiya, ABŞ, Avropa və İsrail şirkətlərinə sərt sanksiyaların tətbiq edilməsi ola bilər. Bununla yanaşı, demokratik hökumətlər və beynəlxalq təşkilatlar demokratiyanı sarsıdan texnologiyalardan istifadənin qarşısını almaq üçün ixraca nəzarəti və yoxlama qaydalarını gücləndirməsi mümkündür.
Qərbin avtoritar idarəetməni üstələyən demokratik rəqəmsal idarəetmə modelini inkişaf etdirməsi mühüm addım olar ki, bunun da mümkün yollarından biri ABŞ və Avropadakı texnologiya sektoru və siyasi çevrələr tərəfindən təhlükəsizliyi gücləndirən, eyni zamanda da vətəndaş azadlıqlarını və insan hüquqlarını qoruyan rəqəmsal müşahidəni həyata keçirə biləcək cəlbedici modellərin təklif edilməsi ola bilər.
Rəqəmsal avtoritarizmlə bağlı araşdırma göstərir ki, bu mövzuda siyasət və vətəndaş cəmiyyəti subyektləri tərəfindən aparılan tədqiqatlar daha az akademik və daha çox fəaliyyət yönümlü olub və bunlar siyasət və təcrübə üçün daha çox tövsiyələri ehtiva edir. Əldə olunan sübutların və sənədlərin effektiv siyasətə və təcrübəyə transferi üçün bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları ilə birgə tədqiqatların aparılması daha faydalı olardı.
İstinadlar
Mantelassi Federico. 2023a. Digital Authoritarianism: How Digital Technologies Can Empower Authoritarianism and Weaken Democracy. GCSP. 16 February
Cremers Rogier, Mattis Peter, Hoffman Samantha. 2016. What Could China’s ‘Social Credit System’ Mean for its Citizens? Foreign Policy. 15 August.
https://foreignpolicy.com/2016/08/15/what-could-chinas-social-credit-system-mean-for-its-citizens/
Mantelassi Federico. 2023b. Digital Authoritarianism: How Digital Technologies Can Empower Authoritarianism and Weaken Democracy. GCSP. 16 February
Glasius Marlies. 2018. What authoritarianism is … and is not: A practice perspective. International Affairs. 3 May
https://doi.org/10.1093/ia/iiy060
Polyakova and Chris Meserole, 2019a. Exporting digital authoritarianism:The Russian and Chinese models.
Roberts Tony & Oosterom Marjoke. 2024a. Digital authoritarianism: a systematic literature review
https://www.tandfonline.com/doi/full/10.1080/02681102.2024.2425352#abstract
Freedom House. 2018a. The rise of digital authoritarianism.
https://freedomhouse.org/report/freedom-net/2018/rise-digital-authoritarianism
Feldstein Steven. 2021a. Digital Technology’s Evolving Role in Politics, Protest and Repression. United States Institute of Peace. 21 July
Li X., Lee F., & Li Y. (2016). The dual impact of social media under networked authoritarianism: Social media use, civic attitudes, and system support in China. International Journal of Communication
5163. https://ijoc.org/index.php/ijoc/article/view/5298/1817
Sinpeng, A. 2013. State repression in cyberspace: The case of Thailand. Asian Politics & Policy
https://doi.org/10.1111/aspp.12036
Sinpeng, A. 2013. State repression in cyberspace: The case of Thailand. Asian Politics & Policy
https://doi.org/10.1111/aspp.12036
Feldstein Steven. 2021b. Digital Technology’s Evolving Role in Politics, Protest and Repression. United States Institute of Peace. 21 July
Polyakova A. and Meserole C. 2019b. Exporting digital authoritarianism:The Russian and Chinese models.
Roberts Tony & Oosterom Marjoke. 2024b. Digital authoritarianism: a systematic literature review
https://www.tandfonline.com/doi/full/10.1080/02681102.2024.2425352#abstract
Freedom House. 2018b. The rise of digital authoritarianism. https://freedomhouse.org/report/freedom-net/2018/rise-digital-authoritarianism
Дмитрий В. 2021. "Наша норма – 120 комментов в день". Жизнь кремлевского тролля. Радио Свобода. 24 January
https://www.svoboda.org/a/31065181.html
Conduit Dara. 2023. Digital authoritarianism and the devolution of authoritarian rule: Examining Syria’s patriotic hackers
https://doi.org/10.1080/13510347.2023.2187781
Freedom House. 2018b. The rise of digital authoritarianism. https://freedomhouse.org/report/freedom-net/2018/rise-digital-authoritarianism
Feldstein Steven. 2021c. Digital Technology’s Evolving Role in Politics, Protest and Repression. United States Institute of Peace. 21 July
Roberts Tony & Oosterom Marjoke. 2024c. Digital authoritarianism: a systematic literature review
https://www.tandfonline.com/doi/full/10.1080/02681102.2024.2425352#abstract
Freedom House. 2023. Freedom on the net 2023
Radio Free Europe/ Radio Liberty. 2019a. Putin Signs ‘Sovereign Internet’ Law, Expanding Government Control of Internet. 1 May
Khar Center. 2025. Azərbaycan mediası üzərində hibrid nəzarət: kooptasiya–repressiya tandem. Xəzər Tədqiqat və Analiz Mərkəzi. 28 October
Amnesty International. 2011. Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır. November
https://www.amnesty.org/fr/wp-content/uploads/2021/06/eur550112011az.pdf
МИД России. 2017. Перечень многосторонних международных договоров Российской Федерации. 30 November
Штайнвер Ута. 2017. Почему фейковые новости - угроза демократии. Deutsche Welle.
13 January
Медуза. 2025. В Молдове скоро выборы. У России есть план, как на них повлиять. 22 September
Rest of world. How misinformation spreads around the world
https://restofworld.org/collection/misinformation-and-its-effects-around-the-world/
Roberts Tony & Oosterom Marjoke. 2024b. Digital authoritarianism: a systematic literature review
https://www.tandfonline.com/doi/full/10.1080/02681102.2024.2425352#abstract
V-DEM. 2024. Democracy Report 2024: Democracy Winning and Losing at the Ballot
https://www.v-dem.net/documents/44/v-dem_dr2024_highres.pdf(open in a new window)
Polyakova A. and Meserole C. 2019c. Exporting digital authoritarianism:The Russian and Chinese models.
Gulf News. 2018. Dubai rolls out ‘Police without Policemen’ initiative. 12 March https://gulfnews.com/uae/crime/dubai-rolls-out-police-without-policemen-initiative-1.2186841
Accessnow. 2022. Digital dictatorship. October
Lamensch Marie. 2021. Authoritarianism Has Been Reinvented for the Digital Age. The Centre for International Governance Innovation (CIGI). 9 July
https://www.cigionline.org/articles/authoritarianism-has-been-reinvented-for-the-digital-age/
Gallagher Ryan. 2020. U.S. Company Faces Backlash After Belarus Uses Its Tech to Block Internet. Bloomberg. 11September
MIT Technology Review. 2021. French spyware bosses indicted for their role in the torture of dissidents. 22 June
Feldstein Steven. 2020. When it Comes to Digital Authoritarianism, China is a Challenge — But Not the Only Challenge. War on the rocks. 21 February
ASPI. 2019. Mapping China’s Tech Giants. 18 April
https://www.aspi.org.au/report/mapping-chinas-tech-giants/
Feng John. 2021. China Backed by 65 Nations on Human Rights Despite Xinjiang Concerns. Newsweek. 23 June.
https://www.newsweek.com/support-chinas-human-rights-polices-doubles-among-un-members-1603246
Mantelassi Federico. 2023с. Digital Authoritarianism: How Digital Technologies Can Empower Authoritarianism and Weaken Democracy. GCSP. 16 February
SSRC. 2021. Surveillance and the “new normal” of COVID-19: Public Health, Data, and Justice. The Social Science Research Council
Mantelassi Federico. 2021. Tracking Covid: Apps and Privacy. The GAP. 14 May
https://www.the-gap.ch/2021/05/14/covid-tracking/
Big Brother Watch. 2023. Stop Facial Recognition
https://bigbrotherwatch.org.uk/campaigns/stop-facial-recognition/
The Guardian. 2013. What the revelations mean for you. 1 November
Feldstein Steven. 2019. The Global Expansion of AI Surveillance. Carnegie Endowment for International Peace
Zhang Zihan. 2012. Beijing’s guardian angels?. Global Times. 10 October
http://www.globaltimes. cn/content/737491.shtml
Bloomberg. 2018. China Now Has the Most Valuable AI Startup in the World. 8 April
Wang Amy B. 2018. A suspect tried to blend in with 60,000 concertgoers. China’s facial-recognition cameras caught him. The Washington Post. 13 April https://www.washingtonpost.com/news/ worldviews/wp/2018/04/13/china-crime-facial-recognition-cameras-catch-suspect-at-concert-with60000-people/?utm_term=.e0ad09991412
Haas Benjamin. 2017. Chinese authorities collecting DNA from all residents of Xinjiang. The Guardian. 17 December
https://www.theguardian.com/world/2017/dec/13/chinese-authorities-collectingdna-residents-xinjiang
Kieren McCarthy. 2017. China crams spyware on phones in Muslim-majority province. The Register. 24 July
https://www.theregister.co.uk/2017/07/24/china_installing_mobile_spyware/
Chen Stephen. 2018. China takes surveillance to new heights with flock of robotic Doves, but do they come in peace?. South China Morning Post, 24 June https://www.scmp.com/news/china/society/ article/2152027/china-takes-surveillance-new-heights-flock-robotic-doves-do-they
RBC. 2016. Цифровая диктатура: как в Китае вводят систему социального рейтинга. 11 December.
https://www.rbc.ru/business/11/12/2016/584953bb9a79477c8a7c08a7
Chin Josh & Wong Gillian. 2016. China’s New Tool for Social Control: A Credit Rating for Everything. The Washington Post. 28 November
Freedom House. 2018a. “Freedom on the Net 2018: Russia.
https:// freedomhouse.org/report/freedom-net/2018/russia
Meduza. 2019. Путин подписал закон об изоляции Рунета. 1 May
https://meduza.io/news/2019/05/01/putin-podpisal-zakon-ob-izolyatsii-runeta
Radio Free Europe/ Radio Liberty. 2019a. Putin Signs ‘Sovereign Internet’ Law, Expanding Government Control of Internet. 1 May
Freedom House. 2018b. “Freedom on the Net 2018: Russia.
https:// freedomhouse.org/report/freedom-net/2018/Russia
Президент России. 2017. Внесены изменения в закон об информации и в закон о СМИ. 25 November
http://kremlin.ru/acts/news/56179
Polyakova Alina. 2017. The Kremlin’s Latest Crackdown on Independent Media: Russia’s New Foreign Agent Law in Context. Foreign Affairs. 5 December https://www.foreignaffairs.com/articles/ russia-fsu/2017-12-05/kremlins-latest-crackdown-independent-media
ТАСС. 2025. Госдума приняла закон о штрафах за поиск экстремистских материалов. Что это значит?. 22 July
https://tass.ru/obschestvo/24530603
Radio Free Europe/ Radio Liberty. 2019b. Putin Signs ‘Sovereign Internet’ Law, Expanding Government Control of Internet. 1 May
Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyi. 2025. Əcnəbi vətəndaşlar üçün "Amina" tətbiqi haqqında mühüm məlumat. 10 September
Azadlıq Radiosu. 2018. Müxalifət: 'Təşkilatlanmış şərhçilər axşam 6-ya qədər işləyirlər'. 9 February
https://www.azadliq.org/a/hakimiyyet-trollar/29031155.html
Geybulla Arzu. 2019. In Azerbaijan, big brother is watching you everywhere: offline, online, on mobile devices and social media apps. The Foreign Policy Centre. 15 January
Patrucic M. & Bloss K. 2012. Life in Azerbaijan’s Digital Autocracy: ‘They Want to be in Control of Everything’. OCCRP. 30 July
Kamilsoy Nəcmin & Bedford Sofie. 2023a. Azərbaycanda rəqəmsal avtoritarizm və aktivistlərin sosial media qavramaları. Baku Research Institute. 21August
Kamilsoy Nəcmin & Bedford Sofie. 2023b. Azərbaycanda rəqəmsal avtoritarizm və aktivistlərin sosial media qavramaları. Baku Research Institute. 21August
Qafqaz.info. 2019. Mitinqdə iştirak edənlərin siyahısı tutulur. 16 January
https://qafqazinfo.az/news/detail/hokumetin-milli-suranin-mitinqi-ile-bagli-plani-240911
Feldstein Steven. 2021d. Digital Technology’s Evolving Role in Politics, Protest and Repression. United States Institute of Peace. 21 July