Research paper

Qazaxıstan Avtoritarizminin Təkamülü (I YAZI)

Qazaxıstan Avtoritarizminin Təkamülü (I YAZI)

Bu tədqiqat göstərir ki, Qazaxıstanın siyasi rejimi klassik avtoritarizm, hibrid rejim və resurs avtoritarizmi elementlərini birləşdirən kompleks və çevik idarəetmə modelinə əsaslanır. Formal demokratik institutlar və liberal xarakterli islahatlar görüntüsü altında rejim, əslində, siyasi gücü mərkəzdə cəmləşdirir və avtoritar sabitliyi qoruyur. Enerji resurslarından əldə olunan gəlirlər isə sosial nəzarət və siyasi loyallığın təmin edilməsində əsas vasitə rolunu oynayır. Tokayev dövründə həyata keçirilən islahatlar rejimin transformasiyası deyil, onun legitimliyinin və davamlılığının yeni formatda gücləndirilməsi məqsədi daşıyır. Bu mənada Qazaxıstan nümunəsi, müasir dövrün adaptiv avtoritarizminin dinamikasını anlamaq baxımından nəzəri və praktik əhəmiyyət kəsb edir.

Giriş

Qazaxıstan postsovet məkanında və bütövlükdə Mərkəzi Asiyada siyasi rejimlərin təkamülünü izləmək baxımından mühüm strateji mövqeyə malikdir. Ölkə zəngin təbii resurslara, xüsusilə də neft və qaz ehtiyatlarına sahib olmaqla, 1991-ci ildə müstəqillik qazandıqdan sonra öz siyasi və iqtisadi modelini formalaşdırmaq yoluna qədəm qoyub. Bu model  avtoritar idarəetmə prinsipləri üzərində qurulub, zaman keçdikcə dəyişən beynəlxalq və regional şərtlərə uyğunlaşaraq özünəməxsus avtoritarizm formasını alıb (Collins, 2006a).

Qazaxıstanın avtoritar siyasi rejimin təkamülü, yalnız bir dövlətin daxili siyasi inkişafını deyil, həm də avtoritarizmin müasir dövrdə necə transformasiya olunduğunu göstərmək baxımından olduqca əhəmiyyətlidir. Qlobal miqyasda demokratik geriləmənin müşahidə edildiyi indiki dövrdə Qazaxıstan kimi ölkələrdə avtoritar idarəçiliyin davamlılığı, onun legitimlik alətləri, sosial müqavilə formaları və modernləşmə ilə sintez olunma mexanizmləri ciddi elmi-siyasi maraq doğurur (Levitsky & Way, 2010a).

Bu mövzunun siyasi baxımdan aktuallığı həm də ondan irəli gəlir ki, Qazaxıstan təkcə Mərkəzi Asiya ölkələri üçün deyil, ümumilikdə, avtoritar tendensiyaların yayıldığı postsovet məkanı üçün model kimi təqdim edilir. Qərbin liberal təsir imkanlarının azaldığı və Çin-Rusiya kimi avtoritar güclərin bölgədə nüfuzunu artırdığı bir şəraitdə Qazaxıstanın avtoritar rejimi hibrid elementlərlə zənginləşərək həm yerli, həm də beynəlxalq aktorlar üçün stabil tərəfdaş obrazı yaradır (Isaacs, 2011a). Bu isə avtoritarizmin müasir və “cəlbedici” versiyasının yayılması baxımından xüsusi təhlükə mənbəyidir.

Elmi baxımdan isə bu tədqiqat mövzusu avtoritarizmin klassik nəzəriyyələri ilə yanaşı, onun hibridləşməsi, institusional çevikliyi və adaptasiya qabiliyyəti ilə bağlı yeni yanaşmaların tətbiqini zəruri edir. Qazaxıstan nümunəsi vasitəsilə həm normativ siyasi nəzəriyyələrin praktikada necə işlədiyini, həm də siyasi rejimlərin legitimlik istehsalında ideoloji və institusional vasitələrin rolunu təhlil etmək mümkündür (Heathershaw & Schatz, 2015). Eyni zamanda, bu tədqiqat regional siyasi təhlükəsizlik, enerji geosiyasəti və avtoritar rejimlərin beynəlxalq əməkdaşlıq modelləri çərçivəsində də geniş təhlil imkanları təqdim edir.

Nəticə etibarilə, Qazaxıstanda avtoritarizmin təkamülünün öyrənilməsi təkcə bir ölkənin siyasi inkişafını deyil, bütövlükdə XXI əsrin siyasi tendensiyalarını anlamaq üçün mühüm analitik məzmun təqdim edir. Bu, həm akademik, həm də strateji-tətbiqi səviyyədə aktual və əhəmiyyətli tədqiqat sahəsidir.

Tədqiqatın nəzəri və konseptual çərçivəsi

Bu tədqiqat Qazaxıstanın avtoritar siyasi rejiminin inkişafını və transformasiyasını anlamaq üçün üç nəzəri yanaşmanı əsas götürür: avtoritarizm nəzəriyyəsi, hibrid rejim konsepti resurs avtoritarizmi. Hər bir nəzəri çərçivə ölkənin siyasi dinamikasının müxtəlif aspektlərini işıqlandırmaq baxımından vacibdir.

 Avtoritarizm nəzəriyyəsi: Müasir avtoritar rejimlər çoxsaylı metodlardan istifadə etməklə, özlərinin formalaşma, təkamül dövrlərini müxtəlif mərhələlərə bölməklə siyasi və elmi qiymətləndirmələr zamanı fərqli dəyərləndirilmələri zəruri edir.  Bu baxımdan nüfuzlu nəzəriyyəçilərin avtoritarizm anlayışına yanaşması da çeşidlidir. 

Juan Linz avtoritarizmi siyasi sistemin qeyri-demokratik, gücün mərkəzləşdiyi, siyasi rəqabətin məhdudlaşdırıldığı və ictimaiyyətin sərbəst ifadəsinin əngəlləndiyi bir idarəetmə forması kimi təsvir edir. Linzə görə, avtoritar rejimlər, adətən, lider kultu, təhlükəsizlik strukturlarının dominantlığı və hüquqi sistemin siyasi hakimiyyətin maraqlarına tabe edilməsilə xarakterizə olunur (Juan Linz, 2000).

Stiven Levitski və Lukan Way isə “elektoral avtoritarizm” anlayışını irəli sürərək, müasir avtoritar rejimlərdə formal olaraq seçkilərin keçirildiyi, lakin rəqabətin effektiv olmadığı sistemlər olduğunu vurğulayırlar (Steven Levitsky və Lucan Way, 2000). Bu kontekstdə, Qazaxıstanın seçki sistemi və siyasi rəqabət məhdudiyyətləri bu tip avtoritar rejimlərin nümunəsi kimi qiymətləndirilə bilər .

Hibrid rejim və siyasi transformasiya: Larri Daymond  və Andreas Şedler hibrid rejimlər anlayışını tədqiq etdirərək, demokratik və avtoritar elementlərin qarışdığı siyasi sistemləri təsvir edirlər. Bu rejimlərdə demokratik institutların formal mövcudluğu, amma onların məhdud və ya manipulyasiya olunmuş şəkildə işləməsi müşahidə olunur. Hibrid rejimlər siyasi dəyişiklik və transformasiya prosesləri üçün kritik mərhələləri təşkil edirlər (Larry Diamond, 2002 və Andreas Schedler, 2006).

Qazaxıstanın 2019-cu ildən sonra keçdiyi formal səlahiyyət ötürülməsi və islahatlar bu konseptual çərçivə daxilində, hibrid rejimin avtoritar elementlərini məhdud liberallaşma ilə birləşdirməsi kimi təhlil edilə bilər.

Resurs avtoritarizmi və resurs lənəti: Maykl Ross və digər resurs lənəti nəzəriyyəsi alimləri neft və digər təbii resurslara sahib ölkələrdə avtoritar rejimlərin uzunömürlü olma ehtimalının yüksək olduğunu göstərirlər. Resurs lənəti konsepti çərçivəsində, dövlətin neft gəlirlərindən istifadə edərək siyasi rəqibləri satın almaq, ictimai dəstəyi təmin etmək və repressiv aparatları maliyyələşdirmək imkanı əldə etdiyi vurğulanır (Ross, 2001). Qazaxıstanın neft gəlirlərinin sosial siyasət vasitəsilə legitimləşdirilməsi və eyni zamanda, avtoritar hakimiyyətin gücləndirilməsi resurs avtoritarizminin klassik təzahürüdür.

Məqsəd 

Bu tədqiqatın əsas məqsədi Qazaxıstanın avtoritar rejiminin institusional və şəxsi mexanizmlərini sistemli şəkildə araşdırmaq, eləcə də, 2019-cu ildən sonra Tokayev hakimiyyəti dövründə baş verən keçid proseslərinin bu modeli necə dəyişdiyini təhlil etməkdir. Tədqiqat həmçinin siyasi hakimiyyətin qorunması və legitimləşdirilməsi üçün istifadə edilən əsas strukturları və mexanizmləri müəyyən etməyi hədəfləyir.

Suallar

  • Qazaxıstanın avtoritar rejimi hansı institusional (hüquqi və idarəetmə strukturları) və şəxsi (lider kultu, klan əlaqələri) mexanizmlərlə formalaşıb və gücləndirilib?
  • Ordu, Milli Təhlükəsizlik Komitəsi, məhkəmə sistemi və media kimi dövlət strukturları bu rejimin qorunmasında və təzyiq aparatının formalaşmasında hansı rol oynayıb?
  • Nazarbayev dövründən Tokayev dövrünə keçid prosesi avtoritar rejimin struktur və idarəçilik modelində hansı dəyişiklikləri gətirib? Bu dəyişikliklər rejimin demokratikləşməsi, yoxsa avtoritar sabitliyinin qorunması istiqamətindədir?

Tarixi kontekst: Nazarbayev dövrünün qurulması

Qazaxıstanda avtoritar idarəetmənin formalaşması birbaşa olaraq ölkənin ilk prezidenti Nursultan Nazarbayevin siyasi mirası ilə bağlıdır. 1991-ci ildə müstəqilliyini elan edən Qazaxıstan, dövlətçiliyini keçmiş sovet elitasının siyasi və ideoloji vərdişləri ilə qurmağa başladı. Bu mərhələdə siyasi plüralizm və demokratik institutların inkişafı əvəzinə, mərkəzləşmiş hakimiyyətin konsolidasiyası prioritet seçildi. Nəticədə, Nazarbayevin rəhbərliyi ilə formalaşan rejim, siyasi institutların  formal saxlanıldığı, lakin real gücün prezident ətrafında cəmləndiyi avtoritar modelə çevrildi (Olcott, 2002a).

Nazarbayevin rejimi ilk dövrlərdən etibarən “sabitlik” və “iqtisadi inkişaf” şüarları ilə legitimləşdirildi. Siyasi rəqabət ya tamamilə neytrallaşdı, ya da sistem içinə alınaraq kontrollu müxalifətə çevrildi. 1995-ci ildə keçirilmiş referendumla yeni konstitusiyanın qəbul edilməsi prezidentin səlahiyyətlərini xeyli artırdı və parlamentin rolunu formal səviyyəyə endirdi. 1999-cu və 2005-ci illərdə keçirilən prezident seçkiləri də beynəlxalq müşahidəçilər tərəfindən qeyri-ədalətli və rəqabətsiz kimi qiymətləndirilib (OSCE/ODIHR, 2005).

Qazaxıstanda avtoritarizmin təkamülünün mühüm özəlliklərindən biri də onun adaptiv xarakter daşımasıdır. Rejim daim beynəlxalq legitimlik axtarışında olub, Qərblə əməkdaşlıq çərçivəsində liberal islahatlar və insan haqları sahəsində müəyyən dekorativ addımlar atib. Bu isə rejimin "hibrid" mahiyyət kəsb etməsinə, yəni avtoritar əsaslar üzərində qurulsa da, həm də formal demokratik institutlardan istifadə etməsinin göstəricisidir (Schedler, 2006). Əslində isə bu institutlar ciddi şəkildə prezident aparatına tabe etdirilib, seçkilər və məhkəmə sistemi rejimin maraqlarına uyğun tənzimlənib.

Eyni zamanda, Nazarbayevin fərdi kultunun yaradılması da rejimin davamlılığında mühüm rol oynayıb. 2010-cu ildə qəbul edilən qanunla Nazarbayevə “Elbaşı” – millətin lideri statusu verildi və onun toxunulmazlığı təmin olundu. Paytaxtın adının “Nur-Sultan” olaraq dəyişdirilməsi və tarix dərsliklərində onun liderlik şəxsiyyətinin idealizə edilməsi, siyasi liderliyin simvolik hegemoniyasının bir hissəsi idi (Isaacs, 2010a). Bu isə klassik avtoritarizmin xarizmatik legitimlik formasını xatırladır və hakimiyyətin ideoloji əsaslarının fərdiləşdirilməsinə xidmət edirdi.

Nəticə etibarilə, Nazarbayev dövrü Qazaxıstanda avtoritarizmin təkcə idarəetmə forması olaraq deyil, həm də ideoloji, institusional və simvolik səviyyədə konsolidasiya olunduğu bir mərhələdir. Bu dövrdə qurulmuş siyasi sistem sonrakı Tokayev dövründə də müəyyən modifikasiyalarla davam etdirilib, lakin əsas struktur – idarəetmənin qəti avtoritar forması – öz dayanıqlılığını qoruyub saxlayıb.

Sovet irsindən konsolidasiya dönəminə keçid (1991–1995)

Qazaxıstan müstəqillik qazandıqdan sonra sovet irsinin dərin təsirini daşıyan siyasi və institusional strukturlarla üzləşdi. Bu irs avtoritarizmin təkamülünü şərtləndirən ilkin konteksti təşkil edir. 1991–2010-cu illər arasında Qazaxıstan siyasi sistemində ilkin parçalanmalar, sonra isə tədricən konsolidasiya olunan avtoritar model müşahidə olunur. Bu dövrdə Nursultan Nazarbayevin liderliyi ilə ölkədə siyasi plüralizmin zəiflədilməsi, medianın nəzarət altına alınması və neft gəlirlərindən istifadə etməklə rejimin möhkəmləndirilməsi prosesi baş verib.


Sovet idarəetmə strukturlarının deformasiyası və siyasi elitanın nəzarəti:
Qazaxıstanın müstəqilliyə keçid mərhələsi sovet dövrünün siyasi və idarəetmə strukturlarının dərin izlərini daşıyırdı. Sovet İttifaqının dağılmasına baxmayaraq sovet idarəetmə sistemi, o cümlədən, nomenklatura və bürokratiya aparatları müasir müstəqil dövlət quruculuğunda əsas zəmin olub. Sovet strukturları yeni kontekstdə radikal dəyişikliklərə məruz qalmadı, əksinə, funksionallıqlarını qoruyaraq, keçmiş kommunist partiya kadrları və sovet təfəkküründən yaranan siyasi elita tərəfindən idarə olunmağa davam edildi (Schatz, 2004). Yəni sovet nomenklaturası siyasi elitada mövqeyini tamamilə qorudu. Sadəcə ad dəyişdirərək postsovet nomenklaturaya çevrildi.

Qazaxıstan siyasi elitasının bu mövqeyi, postsovet avtoritarizminin klassik əlamətləri ilə səciyyələnir: mərkəzləşdirilmiş qərar qəbuletmə, şəffaflığın olmaması, yeni elitanın təcrid olunması və demokratik institutların zəifliyi. Bu mənada, keçmiş kommunist partiya funksionerlərinin siyasi hegemonluğu müstəqillik dövründə də davam etdi (Dave, 2007). Sovet elitasının adaptasiya qabiliyyəti və sovet idarəçilik sisteminin yeni şərtlərə uyğunlaşdırılması, avtoritar idarəetmə modelinin bərpasını sürətləndirdi və Qazaxıstanın demokratik transformasiyasına ciddi maneələr yaratdı (Way, 2005a).


Prezidentlik institutunun formalaşması:
Qazaxıstanın müstəqillik dövrünün ən önəmli siyasi hadisələrindən biri Nursultan Nazarbayevin liderliyi altında prezidentlik institutunun qurulmasıdır. Nazarbayev 1989-cu ildən başlayaraq Qazaxıstan Kommunist Partiyasının birinci katibi və 1990-cı ildə Qazaxıstan SSR-in prezidenti kimi fəaliyyət göstərib, 1991-ci ilin dekabrında isə müstəqil Qazaxıstanın ilk prezidenti seçilib (Olcott, 2002b).

Bu institutional keçid yalnız formal müstəqillik aktı olmaqla qalmayıb, həm də ölkədə hiperprezidentlik modelinin əsaslarını qoyub. Prezidentin səlahiyyətləri getdikcə genişləndirilib və siyasi strukturda qərarvermə prosesi tamamilə mərkəzləşdirilib (Kalyuzhnova & Nygaard, 2008). Nazarbayevin hakimiyyətinin ilk illərində formalaşan bu modelin əsas xüsusiyyəti özünü müxalifətin sıxışdırılması, medianın senzurası və siyasi rəqiblərin təzyiqə məruz qalması şəklində biruzə verir (Way, 2005b).


Erkən plüralizm təşəbbüslərinin zəifləməsi və konstitusional dönüş:
1991–1993-cü illərdə Qazaxıstanda siyasi plüralizmin bəzi nişanələri müşahidə olunsa da, bu proses çox keçmədən zəifləməyə başladı. 1993-cü ildə qəbul edilmiş ilk konstitusiya formaca demokratik hüquq və azadlıqları təsbit etsə də, real siyasi güc paylaşımında və demokratik idarəetmənin formalaşmasında irəliləyişlər məhdud qaldı (Kaplan, 2007).

1994-cü ildə parlamentin buraxılması və konstitusiyanın dəyişdirilməsi ilə prezidentin səlahiyyətləri daha da genişləndirildi. Nəticədə ölkədə siyasi sistemin avtoritar xarakterini gücləndi və konstitusional hüquq bazası demokratik prinsiplərdən uzaqlaşaraq mərkəzləşmiş hakimiyyəti legitimləşdirməyə xidmət etdi (Shaikhutdinova, 2015). Paralel olaraq, parlament və digər demokratik institutların funksionallığı ciddi şəkildə zəiflədi, siyasi rəqabət və müxalifətin fəaliyyət imkanları məhdudlaşdı (Freedom House, 1995).

Bu dövrdə Qazaxıstanın siyasi həyatında plüralizm və demokratik idarəetmə prinsiplərinin məhdudlaşdırılması, prezidentin institusional gücünün artırılması və siyasi elitanın öz mövqelərini qoruması postsovet avtoritarizminin klassik xüsusiyyətləri kimi ortaya çıxır (Collins, 2006b).


Avtoritar konsolidasiya (1995–2010)

1995-ci ildə referendum yolu ilə qəbul edilən yeni Konstitusiyada prezidentə qanunverici təşəbbüs hüququnun verilməsi, hökumət üzvlərinin və məhkəmə orqanlarının təyinatında söz sahibi olması, eləcə də fövqəladə vəziyyət elan etmək kimi geniş hüquqlar verildi (Isaacs, 2011b). Bu, siyasi sistemin tək mərkəzli, hiperprezidentlik modelinə keçidini təmin etdi. Parlamentin rolu zəiflədi və müstəqilliyi məhdudlaşdırıldı, deputatların səlahiyyətləri ciddi şəkildə qayçılandı. Xüsusilə, parlament seçkilərində proporsional sistemdən majoritar seçki modelinə keçid siyasi rəqabətin daralmasına və siyasi elitanın mərkəzləşməsinə xidmət etdi (Freedom House, 2000). Bu, avtoritar konsolidasiya prosesinə təkan verdi.

“Nur Otan” partiyasının dominant rolu və müxalifətin marginallaşması: 1990-cı illərin sonları və 2000-ci illərdə “Otan” partiyası (2006-cı ildən “Nur Otan”) Qazaxıstanın siyasi həyatında dominant rol oynamağa başladı. Partiya prezidentin siyasi hegemonluğunu təmin edən əsas institut kimi formalaşdı. 2007-ci ildə keçirilən parlament seçkilərində “Nur Otan” partiyası nəticələri mübahisəli səsvermənin 88.41%-nə sahiblənərək parlamentin bütün yerlərini özünə monopolizə etdi (Freedom House, 2009). Bu vəziyyət faktiki olaraq siyasi sistemin plüralizmsizliyini və rəqabətsizliyini təsdiqlədi. Müxalifət partiyaları ya qeydiyyatdan keçmədilər, ya da sistemə loyal formalarda fəaliyyət göstərməyə məcbur oldular (Way, 2010). Proses siyasi arenada rəqabətin faktiki yox olması və rejim əleyhdarı qüvvələrin siyasi müstəvidən kənarlaşdırılması ilə nəticələndi.

Kütləvi informasiya vasitələrinin senzurası və medianın nəzarətə alınması: Medianın siyasi nəzarət altına alınması Qazaxıstanda avtoritar rejimin dayanıqlığını təmin edən başlıca elementlərdən biri oldu. Əsas televiziya kanalları, radio stansiyaları və çap mediası dövlətin və ya ona yaxın oliqarxların mülkiyyətində idi (Reporters Without Borders, 2010). Müstəqil media orqanları isə çox vaxt fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkir, vergi, hüquqi və texniki məhdudiyyətlərlə üzləşirdilər. Media Şurası və digər nəzarət strukturları jurnalistlərin fəaliyyətinə təzyiq göstərir, senzura tətbiq edir və ifadə azadlığını kəskin şəkildə məhdudlaşdırırdı (Human Rights Watch, 2008). Nəticədə, medianın əksəriyyəti rejimin maraqlarına xidmət edən platformaya çevrildi. Müstəqil jurnalistika demək olar ki, yox səviyyəsinə endi.

Neft gəlirlərinin rejimin legitimliyində rolu və iqtisadi vergi redistribusiyası: 1995–2010-cu illərdə Qazaxıstanın neft sənayesi və yüksək neft qiymətləri iqtisadiyyatın əsas dayağına çevrildi. Dövlət neft gəlirlərindən əldə etdiyi resursları “sosial sabitlik fondu” vasitəsilə əhalinin sosial rifahını qorumağa yönəltdi (Luong & Weinthal, 2010). Bu, sosial narazılığı azaldaraq rejimin siyasi sabitliyini təmin edən mühüm mexanizm oldu. Eyni zamanda, iqtisadi resursların paylanması sistematik olaraq siyasi loyallığı möhkəmləndirən alət kimi istifadə edildi. Yüksək gəlirlər əsasən prezidentə və onun yaxın çevrəsinə bağlı olan oliqarxlara, eləcə də rejimin əsas bazarlarına — regionlara və işçi qruplarına yönəldildi (Shaikhutdinova, 2015). Bu iqtisadi strategiya sosial baza yaratmaqla yanaşı, potensial rəqiblərin sosial-iqtisadi əsaslarını zəiflətməyə xidmət etdi.
Beləliklə, 1995–2010-cu illər Qazaxıstanda avtoritar sistemin institutlaşdırılması və konsolidasiyası dövrü kimi qiymətləndirilir. Bu müddət ərzində sovet dövründən miras qalmış idarəçilik strukturlarının adaptasiyası və yeni repressiv mexanizmlərin tətbiqi ilə siyasi hakimiyyət prezidentin hegemonluğuna tamamilə bağlandı. Demokratik institutlar formaca mövcud olsa da, onlar faktiki olaraq siyasi rəqabətə və müxalifətə qarşı tampon rolunu oynayırdı. “Nur Otan” partiyasının dominantlığı, medianın senzurası və iqtisadi resursların siyasi loyal bölgələrə yönəldilməsi avtoritar sabitliyin üç əsas sütunu kimi ortaya çıxdı (Way, 2010). 

Şəxsi və institusional avtoritarizm (2010–2019)

“Elbası” kultunun inkişafı

2010-cu ildən etibarən Qazaxıstanda Nursultan Nazarbayevin siyasi şəxsiyyəti ətrafında formalaşan kult, artıq sadəcəcə simvolik deyil, hüquqi-institusional xarakter daşımağa başladı. 2010-cu ildə qəbul edilən qanunla Nazarbayevə “Elbası” (Millətin lideri) statusu verildi. Bu status, onun dövlət idarəçiliyindən formal olaraq kənarda qaldıqdan sonra belə, qərarların formalaşmasında həlledici aktor olaraq qalmasına şərait yaradacaqdı. Bu hüquqi normativ, onu tənqiddən hüquqi olaraq qoruyur və siyasi sistemdə misilsiz bir imtiyazlı mövqe yaradırdı (“On the First President”; OCCRP, 2010).

Bununla yanaşı, “Elbası” kultu sadəcə şəxsi sədaqət üzərində qurulmayıb, ailə və yaxın oliqarx çevrəsinin də siyasi və iqtisadi proseslərə birbaşa təsir göstərməsi ilə genişlənmişdi. Xüsusilə qızı Dariqa Nazarbayeva və kürəkəni Timur Kulibayev kimi fiqurlar, həm dövlət strukturlarında, həm də enerji və bank sektorlarında strateji mövqelər tutaraq, klan mərkəzli avtoritar modelin konsolidasiyasını təmin edirdilər (Biyimbetov, 2020).

Timur Kulibayev 2008–2009-cu illərdə Samruk-Kazyna suveren sərvət fondunun, KazMunayQaz, Kazatomprom və digər dövlət şirkətlərinin rəhbərliklərinə gətirilmiş, enerji və bank sənayesinin mərkəzində dayanan “oil prince” kimi formalaşmışdı (Kulibayev, 2009). Bu dövrdə Dariqa da media və siyasi sahədə öncül rol oynayıb — media rəhbərliyindən tutmuş Asar siyasi partiyasının təsisçiliyinə qədər.

Bu ailəvi dominantlıq, həm də iqtisadi sektorun özəlləşdirilməsi prosesi ilə paralel gedərək, “iqtisadi liberallaşma” görüntüsü altında siyasi gücün ailə daxilində paylanmasına səbəb oldu (Collins, 2008). Həmin dönəmdə “iqtisadi islahatlar” adı ilə təqdim edilən bir sıra təşəbbüslər, əslində, klan maraqlarına xidmət edən struktur dəyişiklikləri idi. Belə ki, iqtisadiyyatın “modernizasiyası”nın əsas hədəfi liberal bazar prinsiplərindən daha çox, siyasi nəzarətin effektiv saxlanılmasını təmin etməkdi.

Bu çərçivədə, iqtisadiyyatın klan mərkəzli idarə olunması həm resurs bölüşdürməsində, həm də investisiya qərarlarında siyasi loyallığın ön planda tutulduğunu göstərirdi. Məsələn, Timur Kulibayevin rəhbərliyi altında aparılan qaz layihələri – xüsusilə də Cənub-Qərb qaz kəməri – vasitəsilə qeyri-rəsmi razılaşmalarla ailə şirkətlərinə milyonlarla dolların yönləndirilməsi baş verib (ForeignPolicy, 2021).

Təzyiq aparatı və hüquqi infrastrukturun avtoritar idarəetmədə rolu

Qazaxıstan Respublikasında avtoritar rejimin institusional davamlılığını təmin edən əsas sütunlardan biri güc strukturları – xüsusilə, Milli Təhlükəsizlik Komitəsi, Prokurorluq orqanları və Daxili İşlər Nazirliyi – olub. Bu qurumlar yalnız dövlət təhlükəsizliyini təmin etmək funksiyası ilə kifayətlənməyərək, eyni zamanda, siyasi rəqiblərin neytrallaşdırılması, ictimai fəallığın boğulması və seçki mexanizmlərinin rejimin maraqlarına uyğunlaşdırılması kimi məqsədlərlə geniş şəkildə istifadə edilib (Chatham House, 2019a).

Rəsmi səviyyədə formal institutların, o cümlədən, çoxpartiyalı sistemin və seçki mexanizmlərinin mövcudluğuna baxmayaraq, faktiki idarəetmə forması avtoritar nəzarət prinsiplərinə əsaslanıb. Mərkəzi Seçki Komissiyası və digər seçki institutları, prezident və hakim Nur Otan partiyasının siyasi hegemoniyasını qorumaq üçün idarəedici funksiyaları yerinə yetirib (Chatham House, 2019b).

Avtoritar idarəetmənin hüquqi infrastrukturu, xüsusilə də vətəndaş cəmiyyətinə yönəlik repressiv qanunvericilik aktları ilə möhkəmləndirilib. Bu çərçivədə, “xarici agent” statusunu müəyyən edən hüquqi normalar və xarici maliyyə dəstəyi alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarətə edən mexanizmlər tətbiq olunub. (The Diplomat, 2025a). Belə qanunvericilik təşəbbüsləri nəticəsində QHT-lər əlavə bürokratik tələblərlə üzləşib, onların hesabatlılıq öhdəlikləri icrası mümkünsüz hala qədər çətinləşdirilib və fəaliyyət imkanları ciddi şəkildə daralıb. Paralel olaraq, media sahəsində də "yalan məlumat yayımı" ittihamı ilə jurnalistlərə və bloqçulara qarşı sərt inzibati sanksiyalar tətbiq olunub ki, bu da ictimai diskursun və informasiya dövriyyəsinin dövlət nəzarətinə tabe edilməsinə səbəb olub (CIVICUS Monitor, 2023).

Neft gəlirləri və avtoritar idarəetmənin iqtisadi əsasları

Qazaxıstan avtoritarizminin davamlılığı üçün iqtisadi baza,  neft və qaz sektorundan əldə edilən yüksək gəlirlərlə formalaşdırılıb. Resurs gəlirlərindən əldə edilən büdcə imkanları, sosial rifahın təmin olunması, dövlət sektorunda məşğulluğun qorunması və əhalinin sosial gözləntilərinin qarşılanması üçün istifadə edilib. Bu yanaşma, siyasi liberalizasiya proseslərini əvəz edən və ictimai müqavilənin alternativ forması kimi çıxış edən “resurs-loyallıq pakt” modelinə uyğun gəlir (Satpayev & Umbetaliyeva, 2015a).

Belə bir modeldə, vətəndaşlara siyasi iştirak və hüquqi təmsilçilik imkanları əvəzinə, iqtisadi rifah və sabitlik vəd edilir. Nəticədə, siyasi legitimlik demokratik institutlar vasitəsilə deyil, iqtisadi performans göstəriciləri əsasında əldə edilir və qorunur (E-IR, 2019a).

Eyni zamanda, Qazaxıstana yönələn xarici investisiyalar – xüsusilə Qərb dövlətləri və Çindən gələn sərmayələr – rejimin beynəlxalq arenada “sabit və proqnozlaşdırıla bilən tərəfdaş” imicini formalaşdırmaqda mühüm rol oynayıb. Bu, avtoritar idarəetmə formasına qarşı beynəlxalq təzyiqlərin azaldılmasına və rejimin uzunmüddətli davamlılığına xidmət edib (E-IR, 2019b).

İctimai sabitliyin təşkili və siyasi idarəetmə strategiyaları

Qazaxıstan hökuməti neft gəlirləri hesabına infrastruktur layihələri və məşğulluq təşəbbüsləri həyata keçirib (Satpayev & Umbetaliyeva, 2015b). Bu tədbirlər vətəndaşlar arasında dövlətə qarşı sədaqət hissi formalaşdırmaq məqsədi güdüb və eyni zamanda siyasi narazılığın potensial mənbələrini neytrallaşdırmağa xidmət edib.

Rəsmi ritorikada “etnik və dini tolerantlıq” kimi dəyərlər ön plana çəkilərək “Qazaxıstan modeli” çərçivəsində təqdim olunsa da, faktiki olaraq bu siyasət repressiv idarəetməni legitimləşdirmək üçün istifadə edilib. Beləliklə, sosial rifah vasitəsilə əldə edilən “stabillik” avtoritar nəzarətin yumşaq mexanizmi kimi çıxış edib, lakin bu, vətəndaş cəmiyyətinin və siyasi iştirakın sistemli şəkildə məhdudlaşdırılması ilə müşayiət olunub (The Diplomat, 2025b).

Beynəlxalq inteqrasiya və avtoritar rejimlərin möhkəmləndirilməsi

Qazaxıstanın regional və beynəlxalq iqtisadi layihələrdə – xüsusilə Avrasiya İqtisadi İttifaqı və Çin ilə həyata keçirilən “Bir Kəmər, Bir Yol” təşəbbüslərində – fəal iştirakı, avtoritar rejimin institusional legitimliyini və iqtisadi dayanıqlığını möhkəmləndirən amil kimi çıxış edir. Bu inteqrasiya cəhdləri, bir tərəfdən iqtisadi fayda gətirməklə, digər tərəfdən siyasi təzyiqlərə qarşı qalxan funksiyası yerinə yetirir (E-IR, 2019c).

Nəticədə, 2010–2019-cu illər ərzində Qazaxıstan Respublikasında formalaşan siyasi idarəetmə modeli, “şəxsi-institusional avtoritarizm” xüsusiyyətləri daşıyıb. Bu modeldə güc strukturları geniş şəkildə mərkəzləşdirilib, müxalif partiyalar və vətəndaş cəmiyyəti üzərində institusional nəzarət gücləndirilib, hüquqi sistem isə repressiv alətə çevrilib. Neft gəlirləri hesabına maliyyələşdirilən sosial siyasət və xarici investisiya axınları, rejimin daxili və beynəlxalq legitimliyinin qorunmasına şərait yaradıb. Bu strategiyalar vasitəsilə siyasi rəqabət dekorativ səviyyədə saxlanılıb və ictimai narazılıq effektiv şəkildə idarə olunub.

Qazaxıstanın hibrid avtoritarizminin ideoloji və institusional alətləri

Qazaxıstanın avtoritar siyasi modelini digər klassik avtoritar rejimlərdən fərqləndirən əsas cəhət onun hibrid rejim xüsusiyyətləri daşımasıdır. Yəni bu modeldə avtoritar nəzarət və məhdudlaşdırılmış siyasi rəqabət formaları ilə yanaşı, formal demokratik institutlar və normativ dəyərlər mövcuddur. Bu, ilk baxışdan demokratik proseslərin mövcud olduğu təəssüratını yaratsa da, əslində bu institutlar rejimin davamlılığını təmin edən vasitələrə çevrilib (Levitsky & Way, 2010c).


1. İdeoloji alətlər: Milli birlik, lider kultu və stabillik diskursu

Nazarbayev dövründən başlayaraq, siyasi rejim milli ideologiya üzərində xüsusi diqqətlə işləyərək bir neçə əsas diskursu təşviq edib:

  • Milli birlik və multikultural harmoniya – Qazaxıstanda müxtəlif etnik qrupların bir arada yaşaması faktoru, avtoritar rejim tərəfindən stabillik və təhlükəsizliyin mənbəyi kimi təqdim edilir. "Qazaxıstan xalq assambleyası" kimi qurumlar bu diskursun ideoloji davamçılarıdır və siyasi məqsədlərlə etnik məsələlərin mərkəzləşdirilmiş nəzarət altında saxlanmasına xidmət edir (Dave, 2007).
  • Lider kultu və "Elbası" ideologiyası – Qazax xalqının rifahı və dövlətin uğuru şəxsən Nursultan Nazarbayevin adı ilə bağlanaraq lider ətrafında ideoloji mifologiya yaradılıb. Bu, həm daxili legitimlik təmin edir, həm də müxalif düşüncələri qeyri-milli kimi damğalamağa şərait yaradır (Isaacs, 2010b).
  • Stabillik və modernləşmə dualizmi – Hakimiyyət özünü "təbii avtoritet" kimi təqdim edərək, qərbyönlü demokratiyanın region üçün təhlükə doğurduğunu vurğulayır. Bu diskurs postsovet ölkələrində geniş yayılmış "sabitliyin alternativsizliyi" fikrini bəsləyir və xalqı təhlükəli transformasiyalardan çəkindirən ideoloji çərçivə yaradır.

2. İnstitusional alətlər: Seçkilər, parlament, məhkəmə və media
Qazaxıstanda siyasi institutlar nominal olaraq mövcuddur, lakin onların funksional məzmunu ciddi şəkildə deformasiyaya uğradılıb. Bu institutlar avtoritar nəzarətin leqitimləşdirilməsi üçün "vitrin" rolunu oynayır.

  • Seçki mexanizmləri – Seçkilər müntəzəm keçirilir, lakin bu proseslər müxalifətin istisnası, KİV-in senzura olunması və inzibati resursların hökumət namizədlərinə yönəldilməsi ilə müşayiət olunur. Bu, "electoral authoritarianism" (seçkili avtoritarizm) kimi tanınan rejim tipologiyasına uyğundur (Schedler, 2006).
  • Parlament və siyasi partiyalar – Parlament formal fəaliyyət göstərsə də, onun əsas funksiyası prezidentin qərarlarını təsdiqləməkdir. Real siyasi müzakirələrə və müxalif səslərə yer yoxdur. 2021-ci ilə qədər "Nur Otan" partiyası siyasi məkanın dominant gücü olub, rəqib partiyalar isə ya sistem daxilində satellitə çevrilib, ya da qeydiyyatdan keçə bilməyib (Freedom House, 2022).
  • Məhkəmə sistemi və hüquq-mühafizə orqanları – Qazaxıstanda məhkəmə orqanları müstəqil deyil və xüsusilə siyasi xarakterli işlərdə icra hakimiyyətinin iradəsinə uyğun qərarlar çıxarırlar. Həbslər, vergitutma və korrupsiya ittihamları müxalif şəxslərin neytrallaşdırılması üçün istifadə olunur.
  • Media və informasiya nəzarəti – Medianın əksəriyyəti dövlətə məxsusdur və ya oliqarxik strukturlar vasitəsilə hakimiyyətə bağlıdır. Onlayn media və sosial şəbəkələrə qarşı da bloklama, təqib və dezinformasiya vasitələrindən istifadə edilir. Xüsusilə 2022-ci il etirazları zamanı internetin qapadılması və senzura bunun bariz nümunəsidir (Reporters Without Borders, 2022).


3. Formal və qeyri-formal strukturun sintezi
Qazaxıstanın hibrid avtoritarizmi həm formal institutların, həm də qeyri-formal siyasi mexanizmlərin paralel işləməsi ilə xarakterizə olunur. Rejim siyasi nəzarəti təkcə hüquqi vasitələrlə deyil, həm də patron-klient şəbəkələri, regional klanlar və güc strukturları üzərindən həyata keçirir (Cummings, 2005).

Beləliklə, Qazaxıstandakı avtoritar rejim təkcə zorakı nəzarətlə deyil, həm də ideoloji təşviqat, institusional manipulyasiya və qeyri-formal strukturların birləşməsi ilə özünü davamlı və dayanıqlı şəkildə möhkəmləndirir. Bu model postsovet məkanında "müasir avtoritarizm" forması kimi öyrənilməyə layiqdir, çünki o, həm daxili legitimliyi qoruyur, həm də beynəlxalq aləmdə müasir və islahatçı imic saxlamağa çalışır.

Nəticə

Qazaxıstanın siyasi rejimi, ayrı-ayrılıqda nəzərdən keçirildikdə fərqli konseptual çərçivələrə əsaslanan yanaşmaları – klassik avtoritarizm, hibrid rejimlərresurs avtoritarizmi – effektiv şəkildə bir araya gətirərək, kompleks və elastik bir siyasi sistem formalaşdırıb. Rejim, bir tərəfdən, klassik avtoritarizmin əsas xüsusiyyətləri olan gücün mərkəzləşdirilməsi, siyasi plüralizmin məhdudlaşdırılması və repressiv idarəetmə vasitələrinin tətbiqi ilə öz sabitliyini təmin edir; digər tərəfdən isə formal demokratik institutların (seçkilər, parlament, məhkəmə sistemi) saxlanılması və onların simvolik funksiyalara yönəldilməsi ilə hibrid xüsusiyyətlər qazanır. Bu isə rejimə həm daxili legitimlik qazandırmaq, həm də beynəlxalq arenada özünü "islahatçı" və "mülayim avtoritar" kimi təqdim etmək imkanı verir.

Eyni zamanda, resurs avtoritarizminin mexanizmləri – xüsusilə enerji resurslarının yaratdığı iqtisadi gəlirlər – rejim tərəfindən həm sosial sabitliyi qorumaq, həm də siyasi müxalifətin neytrallaşdırılması üçün əsas alət kimi istifadə olunub. Neft və qaz gəlirləri vasitəsilə formalaşan patronaj sistemləri və sosial rifahın müəyyən səviyyədə təmin olunması, avtoritar rejimin davamlılığını sosial bazada da möhkəmləndirib.

Avtoritarizmin Qazaxıstan modeli  müasir təzahürləri baxımından əhəmiyyətli bir nümunə kimi çıxış edir: burada repressiya, legitimlik və simvolik demokratikləşdirmə vasitələri birləşərək, stabil və özünübərpa edən rejim strukturu yaradır. Bu sintez, yalnız keçmiş sovet coğrafiyası üçün deyil, eyni zamanda, digər avtoritar sistemlər üçün də mühüm nəzəri və praktiki təhlil obyekti ola bilər.


İstinadlar:

  1. Collins, K. (2006)a. Clan Politics and Regime Transition in Central Asia. Cambridge University Press.
  2. Levitsky, S., & Way, L. A. (2010)a. Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War. Cambridge University Press.
  3. Isaacs, R. (2011)a. Party system formation in Kazakhstan: Between formal and informal politics. Central Asian Survey, 30(1), 71–88.
  4. Heathershaw, J., & Schatz, E. (2015). Authoritarianism beyond the state: Politics and legitimacy in Central Asia. Europe-Asia Studies, 67(2), 192–202. 
  5. Linz, J. J. (2000). Totalitarian and Authoritarian Regimes.
  6. Levitsky, S., & Way, L. A. (2010)b. Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge University Press.
  7. Diamond, L. (2002). Thinking About Hybrid Regimes. Journal of Democracy, 13(2), 21–35.
  8. Schedler, A. (2006). Electoral Authoritarianism: The Dynamics of Unfree Competition. Lynne Rienner Publishers.
  9. Ross, M. L. (2001). Does Oil Hinder Democracy?. World Politics, 53(3), 325–361.
  10. Olcott, M. B. (2002)a. Kazakhstan: Unfulfilled Promise. Carnegie Endowment for International Peace.
  11. OSCE/ODIHR. (2005). Republic of Kazakhstan Presidential Election 4 December 2005: OSCE/ODIHR Election Observation Mission Final Report.
  12. Schedler, A. (2006). Electoral Authoritarianism: The Dynamics of Unfree Competition. Lynne Rienner Publishers.
  13. Isaacs, R. (2010)a. ‘Papa’–Nazarbayev and the Discourse of Charismatic Leadership and Nation‐Building in Post‐Soviet Kazakhstan. Studies in Ethnicity and Nationalism, 10(3), 393–410.
  14. Schatz, E. (2004). Modern Clan Politics: The Power of "Blood" in Kazakhstan and Beyond. University of Washington Press.
  15. Dave, B. (2007). Kazakhstan: Ethnicity, Language and Power. Routledge.
  16. Way, L. A. (2005)a. “Authoritarian State Building and the Sources of Regime Competitiveness in the Fourth Wave: The Cases of Belarus, Moldova, Russia, and Ukraine.” World Politics, 57(2), 231-261.
  17. Olcott, M. B. (2002)b. Kazakhstan: Unfulfilled Promise. Carnegie Endowment for International Peace.
  18. Kalyuzhnova, Y., & Nygaard, K. (2008). Kazakhstan: The Political Economy of Oil and Gas. University of Oxford.
  19. Way, L. A. (2005)b. “Authoritarian State Building and the Sources of Regime Competitiveness in the Fourth Wave: The Cases of Belarus, Moldova, Russia, and Ukraine.” World Politics, 57(2), 231-261.
  20. Kaplan, R. (2007). The New Kazakhstan: From Soviet Republic to Independent State. Brookings Institution Press.
  21. Shaikhutdinova, A. (2015). “Authoritarian Legacies in Post-Soviet Kazakhstan.” Demokratizatsiya, 23(3), 295–316.
  22. Freedom House. (1995). Nations in Transit 1995: Kazakhstan. Freedom House.
  23. Collins, K. (2006)b. Clan Politics and Regime Transition in Central Asia. Cambridge University Press.
  24. Isaacs, R. (2011)b. Consolidating Authoritarianism in Kazakhstan. Journal of Eurasian Studies, 2(1), 15-24.
  25. Freedom House. (2000). Nations in Transit 2000: Kazakhstan. Freedom House. Pp 268 https://freedomhouse.org/sites/default/files/2020-02/Freedom_in_the_World_1999-2000_complete_book.pdf 
  26. Freedom House. (2009). Freedom in the World 2009: Kazakhstan. Freedom House. https://upr-info.org/sites/default/files/documents/2013-09/fh_upr_kaz_s07_2010_freedomhouse_annex1.pdf 
  27. Way, L. A. (2010). “The Real Causes of the Color Revolutions.” Journal of Democracy, 21(1), 55-69.
  28. Reporters Without Borders. (2010). World Press Freedom Index: Kazakhstan. https://rsf.org/en/node/79180 
  29. Human Rights Watch. (2008). World Report 2008: Kazakhstan. https://www.hrw.org/world-report/2008/country-chapters-8 
  30. Luong, P. J., & Weinthal, E. (2010). Oil is not a Curse: Ownership Structure and Institutions in Soviet Successor States. Cambridge University Press.
  31. Shaikhutdinova, A. (2015). “Authoritarian Legacies in Post-Soviet Kazakhstan.” Demokratizatsiya, 23(3), 295–316.
  32. OCCRP. “Nazarbayev’s Law Protects Him and His Family from Prosecution.” Organized Crime and Corruption Reporting Project, 1 June 2010.
  33. Biyimbetov, Almas. “Neopatrimonialism in Kazakhstan: Economic Modernization and Patronage Networks.” ResearchGate, 2020. 
  34. “Kazakhstan’s Kulibayev – The Oil Prince.” The Central Asia-Caucasus Analyst, 20 Feb. 2009. https://www.cacianalyst.org/publications/analytical-articles/item/11772
  35. Collins, Kathleen. “Clans, Pacts, and Politics in Central Asia.” Europe-Asia Studies, vol. 60, no. 5, 2008, pp. 807–830.
  36. “Kazakh Leader’s Son-in-Law Skimmed Pipeline Deals, Reports Say.” Reddit/ForeignPolicyLeak Archive, 2021. https://www.reddit.com/r/worldnews/comments/kazpipeline_kulibayev/
  37. Foreign Affairs. “Kazakhstan’s Opaque Privatization: The Nazarbayev Legacy.” 15 Jan. 2022. https://www.foreignaffairs.com/articles/central-asia/2022-01-15/kazakhstans-opaque-privatization
  38. Chatham House. (2019)a. Kazakhstan tested by transition: Political and civil liberties and human rights.  https://www.chathamhouse.org/2019/11/kazakhstan-tested-transition/4-political-and-civil-liberties-and-human-rights  
  39. Chatham House. (2019)b. Kazakhstan tested by transition: Political and civil liberties and human rights.  https://www.chathamhouse.org/2019/11/kazakhstan-tested-transition/4-political-and-civil-liberties-and-human-rights  
  40. The Diplomat. (2025, March). Kazakhstan’s foreign agent law proposal could severely impact civil society and media freedom. https://thediplomat.com/2025/03/kazakhstans-foreign-agent-law-proposal-could-severely-impact-civil-society-and-media-freedom/
  41. CIVICUS Monitor. (2023). Crackdown on the opposition, fight against “false” information and publication of “foreign agent” list. https://monitor.civicus.org/explore/crackdown-on-the-opposition-fight-against-false-information-and-publication-of-foreign-agent-list/
  42. Satpayev, D., & Umbetaliyeva, T. (2015)a. The protests in Zhanaozen and the Kazakh oil sector: Conflicting interests in a rentier state. Eurasian Geography and Economics. https://doi.org/10.1016/j.euras.2015.03.005
  43. E-IR. (2019, April 22)b. Soviet legacies and the consolidation of economic rentierism in Kazakhstan. https://www.e-ir.info/2019/04/22/soviet-legacies-and-the-consolidation-of-economic-rentierism-in-kazakhstan/
  44. E-IR. (2019, April 22)b. Soviet legacies and the consolidation of economic rentierism in Kazakhstan. https://www.e-ir.info/2019/04/22/soviet-legacies-and-the-consolidation-of-economic-rentierism-in-kazakhstan/
  45. Satpayev, D., & Umbetaliyeva, T. (2015)b. The protests in Zhanaozen and the Kazakh oil sector: Conflicting interests in a rentier state. Eurasian Geography and Economics. https://doi.org/10.1016/j.euras.2015.03.005
  46. The Diplomat. (2025, March). Kazakhstan’s foreign agent law proposal could severely impact civil society and media freedom. https://thediplomat.com/2025/03/kazakhstans-foreign-agent-law-proposal-could-severely-impact-civil-society-and-media-freedom/
  47. E-IR. (2019, April 22)c. Soviet legacies and the consolidation of economic rentierism in Kazakhstan. https://www.e-ir.info/2019/04/22/soviet-legacies-and-the-consolidation-of-economic-rentierism-in-kazakhstan/
  48. Levitsky, S., & Way, L. A. (2010)c. Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge University Press.
  49. Dave, B. (2007). Kazakhstan: Ethnicity, Language and Power. Routledge.
  50. Isaacs, R. (2010)b. ‘Papa’–Nazarbayev and the Discourse of Charismatic Leadership and Nation‐Building in Post‐Soviet Kazakhstan. Studies in Ethnicity and Nationalism, 10(3), 393–410.
  51. Schedler, A. (2006). Electoral Authoritarianism: The Dynamics of Unfree Competition. Lynne Rienner Publishers.
  52. Freedom House. (2022). Nations in Transit: Kazakhstan.
  53. Reporters Without Borders. (2022). Kazakhstan – 2022 World Press Freedom Index.

54. Cummings, S. N. (2005). Kazakhstan: Power and the Elite. I.B. Tauris.

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin