Postimperial hegemonluq və hüquqi ayrıseçkilik: Rusiya modelinin izləri
Rusiya Federasiyası keçmiş SSRİ məkanında “məhdud suverenlik” yanaşmasını yalnız siyasi ritorika ilə deyil, praktik və institusional mexanizmlərlə həyata keçirir. Bu yanaşma Moskvanın postsovet qonşularını beynəlxalq hüquqa əsaslanan müstəqil aktorlar kimi deyil, öz “tarixi nüfuz dairəsi”nin passiv subyektləri kimi görməsi ilə xarakterizə olunur. Həm informasiya məkanına, həm iqtisadi əlaqələrə, həm də hüquq-mühafizə orqanlarının davranış modellərinə bu strategiya sirayət edir (Tolz & Hutchings 2021).
Bu kontekstdə Yekaterinburqda iki azərbaycanlı miqrantın polis tərəfindən öldürülməsi Rusiyanın hüquq sistemi daxilindəki etnik iyerarxiyaları, dövlətin “təhlükəsizlik refleksi”ndə mövcud olan sistemli rasizmi və qeyri-rus mənşəli vətəndaşlara və miqrantlara qarşı institutlaşmış ayrıseçkiliyi ifşa edir. Human Rights Watch və digər hüquq-müdafiə təşkilatlarının illik hesabatları göstərir ki, Rusiyada Orta Asiya və Cənubi Qafqazdan olan miqrantlar polisin zorakılıq halları, hüquqi müdafiəsizlik, əmək istismarı ilə üzləşirlər (HRW 2025). Yekaterinburq hadisəsi də bu mənzərənin təzahürüdür. Kremlin reaksiyası da Rusiya dövlət aparatının məhz postimperial rasionalizasiya modelini ortaya qoyur.
Bu yanaşma, siyasi filosof Benhabibin “imperial citizen” konsepti ilə izah edilə bilər. Benhabibə görə imperiya sonrası dövlətlərdə mərkəzləşdirilmiş hakimiyyətlər keçmiş tabe əhalini hüquqi cəhətdən ikinci dərəcəli vətəndaş statusunda saxlamaq üçün formaca müasir, məzmunca isə diskriminativ sistemlər yaradır (Benhabib 2004). Bu modeldə vətəndaşlar formal olaraq bərabər hüquqlu olsa da, mədəni, etnik və coğrafi mənsubiyyətə görə fərqli hüquq tətbiq rejimlərinə məruz qalırlar. Rusiyada miqrantlara qarşı polisin zorakılığı, məhkəmə sisteminin qeyri-obyektivliyi və ictimai rəydə stereotipləşdirilmiş etnik çərçivələr bu hüquqi dualizmin açıq nümunələridir.
Beləliklə, Yekaterinburq hadisəsi təsadüfi deyil. Bu, postimperial siyasi məkanda suverenliyi məhdudlaşdıran, hüququ etnik iyerarxiyaya əsasən tətbiq edən və məsuliyyəti fragmentləşdirən bir dövlət modelinin sistemli davranışıdır. Bu modeli yalnız diplomatik ritorika kimi yox, müəyyən edilmiş epistemoloji və hüquqi struktur kimi oxumaq lazımdır.
Bakı – Selektiv qəzəbin alt qatındakı populizm
Rəmi Bakının Yekaterinburqdakı insidentə verdiyi cavabın emosional və sərt ritorika ilə müşayiət olunması, ilk baxışda, milli maraqların müdafiəsi kimi təqdim olunur. Lakin bu addımların ardıcıllığı, zamanlaması və dərinliyi sual doğurur: əgər Azərbaycan hakimiyyəti doğrudan da prinsipial və hüquqa əsaslanan xarici siyasət yürüdürsə, niyə illərlə “Sputnik” kimi media platformalarının Kremlyönümlü təbliğatına səssiz qalırdı?!
Bu sual diqqəti təkcə diplomatik strategiyaya deyil, həm də Azərbaycanın daxili siyasi rejiminin təbiətinə yönəldir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın avtoritar idarəetmə sistemində suverenlik anlayışı normativ və institusional bir prinsip olaraq yox, siyasi kontekstdən asılı dəyişən instrumental bir vasitə kimi çıxış edir. Bu, beynəlxalq münasibətlərdə “kontekstual suverenlik” (contextualized sovereignty) kimi də tanınan yanaşmaya uyğun gəlir (Lake, 2009). Yəni suverenlik dəyərlərə deyil, faydaya əsaslanır.
Bu çərçivədə “performativ suverenlik” anlayışı xüsusi əhəmiyyət kəsb edir. Bu terminlə politoloq William Walters suverenlik aktlarının real institusional dəyişikliklərdən çox simvolik, ictimaiyyətə yönəlik və teatrallaşdırılmış formada təqdim olunmasını nəzərdə tutur (Walters, 2004). Azərbaycanda da eyni mənzərə müşahidə olunur: müəyyən beynəlxalq hadisələrə cavab olaraq suverenlik aktları yalnız daxili auditoriyaya mesaj vermək üçün “səhnəyə qoyulur”. Burada məqsəd beynəlxalq hüquq normalarına sadiqlik deyil, populist legitimliyi qorumaq və ictimai narazılığı yönləndirməkdir.
Ən diqqətçəkən nümunə isə Rusiya ilə 2022-ci ildə imzalanmış “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”kontekstində meydana çıxır. Bu sənəd Azərbaycan və Rusiya arasında hərbi, informasiya və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq öhdəliyini rəsmiləşdirir. Əgər Azərbaycan bu qədər prinsipial və sərt mövqedədirsə, niyə bu sənəd bu gün də qüvvədə qalır? Niyə bu razılaşmanın verdiyi informasiya və təhlükəsizlik güzəştləri indiki ritorikada heç xatırladılmır?
Bu ziddiyyət İlham Əliyev rejiminin əsas strateji davranışını açıq şəkildə ortaya qoyur: prinsip yox, konyukktura. Rejimin əsas məqsədi – daxildə legitimlik böhranını önləmək, regionda yaranan gərginlik fonunda anti-Rusiya vətənpərvər narrativləri ilə gündəmi tutmaq və geniş kütlələrdən gələn narazılıqları “xarici təhlükə” mövzusu ilə əvəz etməkdir. Bu klassik avtoritar populizm nümunəsidir – yəni millət adına danışmaq, xarici düşmən obrazı yaratmaq, vətəndaş hüquqları və institusional islahatlar kimi tələbləri gündəmdən çıxarmaq (Mudde & Rovira Kaltwasser, 2017).
Bundan başqa, bu tip selektiv suverenlik nümayişləri yalnız Rusiya ilə münasibətlərdə müşahidə olunmur. Bənzər hallar digər regional aktorlarla – məsələn, İran və ya Türkiyə ilə münasibətlərdə də baş verir. Bu baxımdan, rəsmi Bakının qəzəbi prinsipiallıqdan yox, idarəolunan emosional strategiyadan doğur.
İctimaiyyətin emosiyası və dövlətin reaksiyası
Baş verən hadisə Azərbaycan cəmiyyətində dərin emosional rezonans doğurdu. Bu reaksiya həm milli kimlik və diaspor həmrəyliyi kontekstində, həm də miqrantların hüquqlarının sistemli şəkildə pozulmasına qarşı haqlı narazılıq kimi anlaşılmalıdır. Yəni ictimaiyyətin narahatlığı yalnız bu hadisəyə reaksiya yox, həm də illərlə yığılıb qalmış etnik və hüquqi ədalətsizliyə cavabdır. Vacib olan isə bu legitim ictimai narazılığın dövlət tərəfindən necə çərçivələndiyidir. Rəsmilərin sərt ritorikası, əlaltı medianın sürətlə anti-Rusiya xəttinə səfərbər olunması, bir çox hallarda informasiyanın emosional dildə şişirdilməsi və simvolik qərarların (mədəniyyət tədbirlərinin ləğvi, “Sputnik”in bağlanması) ön plana çəkilməsi, dövlətin bu reaksiyanı populist gündəm idarəçiliyi üçün istifadə etdiyini göstərir.
Burada iki paralel proses baş verir:
- Cəmiyyətin ağrısı realdır, lakin bu ağrıya institusional və hüquqi mexanizmlərlə cavab verilmir.
- Dövlətin cavabı simvolikdir, lakin bu simvolizmin arxasında real siyasət və dəyişiklik iradəsi yoxdur.
Bu qarşılıqlı qeyri-uyğunluq dövlətin suverenlik və insan hüquqları anlayışını yalnız epizodik və populist kontekstdə səhnələşdirməsinə gətirib çıxarır. William A. Callahan-ın “image politics” (görüntü siyasəti) anlayışı məhz bu fenomeni izah edir. Onun fikrincə, müasir avtoritar və ya yarı-avtoritar rejimlər legitimliklərini real institusional dəyişikliklərdən çox, vizual və ritorik simvollar vasitəsilə qoruyurlar (Callahan 2013). Bu yanaşmada simvolik performans məzmundan üstün tutulur.
Azərbaycan mediasında bu proses özünü daha aydın göstərir. Hadisədən dərhal sonra rəsmi və yarı-rəsmi kanallarda Rusiya əleyhinə geniş kampaniya başladıldı. Halbuki, eyni media orqanları yalnız bir neçə həftə öncə Rusiya ilə “müttəfiqlik”, “qardaşlıq” və “sülhə töhfə” ritorikasını yayırdılar. Bu qəfil dönüş, media ritorikasının prinsiplərə deyil, siyasi sifarişə bağlı olduğunu bir daha sübut edir.
Bu prosesin digər təhlükəli tərəfi isə cəmiyyətin aydın hüquqi gözləntilərinin emosional səfərbərliklə əvəzlənməsidir. Yəni cəmiyyət hüquqi hesabatlılıq və institusional cavab tələb etmək əvəzinə, simvolik addımları “sərt dövlətçilik” kimi qəbul edir və məmnunluqla tükənir. Bu, uzunmüddətli perspektivdə ictimai şüurda normativ dövlətçilik anlayışının zəifləməsinə gətirib çıxarır.
Əsl suverenlik necə mümkündür?
Azərbaycan hakimiyyəti əgər həqiqətən suveren dövlət olaraq tanınmaq istəyirsə, aşağıdakı addımları atmalıdır:
- İnstitusional məsafə: Rusiya ilə münasibətlər yalnız emosional dalğalanmalarla yox, informasiya təhlükəsizliyi, diaspor müdafiəsi və hüquqi əməkdaşlıq çərçivəsində aydın institutlarla tənzimlənməlidir.
- Normativ ardıcıllıq: Dövlət soydaşlarının hüquqlarını yalnız rezonanslı hallarda yox, sistematik şəkildə müdafiə etməlidir.
- Əxlaqi konsistensiya: Hüquq və insan həyatına münasibət geosiyasi kontekstdən asılı dəyişməməli, bu dəyərlər siyasi strategiyanın deyil, dövlət quruluşunun təməli kimi qəbul edilməlidir.
Nəticə etibarı ilə Yekaterinburqda baş verən hadisə Rusiya–Azərbaycan münasibətlərindəki mövcud böhranın simptomu olmaqla yanaşı, həm də Azərbaycanın daxili siyasi idarəçilik modelinin normativ zəifliklərini ifşa edir. Dövlətin reaksiyası yalnız “performativ suverenlik” nümunəsi kimi çıxış edir.
Əgər bu hadisə bir neçə həftə ərzində informasiya gündəmindən çıxarılacaq, ictimai emosiyalar səngiyəcək və Rusiya ilə münasibətlər yenidən əvvəlki “funksional asılılıq” rejiminə qayıdacaqsa, bu, Azərbaycanın suverenlik anlayışının reaktiv və simvolik mahiyyət daşıdığını bir daha sübut edəcək.
Əslində, bu hadisə Azərbaycana bir fürsət də təqdim edir: hüquqa əsaslanan, institutlarla möhkəmləndirilmiş, davamlı və universal suverenlik konsepsiyasına keçid etmək. Lakin bu o zaman mümkün olacaq ki, dövlət suverenliyi populist səfərbərlik vasitəsi yox, daxili idarəetmənin əsas normativ çərçivəsi kimi qəbul etsin.
Çünki həqiqi dövlətçilik təsadüfi və epizodik qəzəb aktları ilə deyil, normativ ardıcıllıq, hüquqi məsuliyyət və institusional prinsipiallıqla ölçülür. Əksi baş verirsə, suverenlik dövlətin gücünün deyil, onun zəifliyini gizlədən simvola çevrilir.
İstinadlar:
- Tolz, V., & Hutchings, S. 2021. Nation, Ethnicity and Race on Russian Television: Mediating Post-Soviet Difference. Routledge.
- Human Rights Watch. 2025. “Russia: Migrant Workers Face Abuse, Discrimination.”https://www.hrw.org/news/2025/03/17/russia-xenophobic-crackdown-central-asian-migrants
- Benhabib, S. 2004. The Rights of Others: Aliens, Residents, and Citizens. Cambridge University Press.
- Lake, David A. 2009. Hierarchy in International Relations. Ithaca, NY: Cornell University Press.
- Walters, William. 2004. “Secure Borders, Safe Haven, Domopolitics.” Citizenship Studies 8 (3): 237–260. https://doi.org/10.1080/1362102042000256989.
- Mudde, Cas, and Cristóbal Rovira Kaltwasser. 2017. Populism: A Very Short Introduction. Oxford: Oxford University Press.
- Declaration on Allied Interaction between the Republic of Azerbaijan and the Russian Federation. Signed 22 February 2022. https://president.az/en/articles/view/55498
8. Callahan, W. A. 2013. China Dreams: 20 Visions of the Future. Oxford University Press.