13 sen 2025

Putinin Polşa oyunu: NATO-nun qırmızı xətti test olunur

Putinin Polşa oyunu: NATO-nun qırmızı xətti test olunur


✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri

Onlarla pilotsuz aparatın Polşa hava məkanına kütləvi daxil olması Moskvanın açıq mesajıdır: Avropanı qorxutmaq, NATO-nun qətiyyətini yoxlamaq və Ukraynaya dəstəkdə tərəddüd yaratmaq.

10 sentyabr çərşənbə gecəsi bir çox rus dronu Ukrayna hava məkanını keçərək Polşa ərazisinə daxil oldu. Daha əvvəl də Polşaya düşən rus PUA-ları olmuşdu, amma Polşa ilk dəfə hava məkanına girən rus dronlarını hədəfə almalı oldu. Müdafiəyə NATO da yardım etdi. Hollandiyanın F-35 təyyarələri Polşaya girən dronları vurdu. Chopin hava limanı da daxil olmaqla digər 3 aeroport gecəboyu bağlı qaldı. Paytaxt Varşava və Ukrayna sərhədinə yaxın 3 bölgədə vətəndaşlara evdə qalmaq və sığınacaqlara getmək çağırışı edildi (Al jazeera, September 2025).

Hər hansı ekspert Rusiyanın bu addımının ciddi dağıntı yaratmaq niyyəti cüddüyünü düşünmür. Çünki bu, NATO-nun güclü hərbi cavabını qaçılmaz edərdi. Moskvanın əsas məqsədi mesaj göndərməkdir: Avropadakı NATO ölkələrini qorxutmaq və onların mövqeyini sınamaq.

Hadisə elə bir vaxt baş verir ki, Avropa ölkələri ABŞ prezidenti Donald Trampın yardımı azaltmasından sonra Ukraynanı dəstəkləməyi, yükünü öz üzərlərinə götürməyi müzakirə edirlər. Bu müzakirələrə sülh razılaşmasından sonra Rusiyanı çəkindirmək üçün Ukraynada mümkün “təminat qüvvəsi”nin yerləşdirilməsi də daxildir (John Irish, September 2025).
İlk dəfə NATO hava məkanına – həm də Ukraynaya hərbi yardım üçün əsas logistik mərkəz olan Polşaya – kütləvi şəkildə dronların girməsi Kremlin Avropanın Ukraynaya dəstəyini sarsıtmağa və eyni zamanda, onların reaksiyasını sınamağa çalışdığını göstərir.

Keçən ay Tramp Alyaskaya sammitə dəvət etdikdən sonra Putin Ukraynaya qarşı hava hücumlarını kəskin şəkildə artırıb və son bir neçə gün ərzində müharibənin ən böyük hücumlarını həyata keçirib. Sərt sanksiyalarla hədələməsinə baxmayaraq, Tramp indiyə qədər yalnız Putinin təcridini yüngülləşdirib. NATO və Ukraynaya ABŞ-nin dəstəyini azaltdığını işarə etməyə, eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə yaxınlaşmağa çalışmağa davam edib. İndi isə müharibə başlayandan bəri ilk dəfə rus dronları NATO ölkəsində vurulub. Rusiyanın yeni eskalasiyası həm NATO ölkələrinin özlərini müdafiə qabiliyyətinə, həm də Trampın onları qətiyyətlə dəstəkləyəcəyinə olan inamını zəiflətməyə yönəlib. Yəni ABŞ-nin son aylardakı diplomatiyası Putini açıq-aşkar cəsarətləndirib.

Hücum sonrası NATO-nun bəyanatlarına baxmayaraq, onların reaksiyası Avropa ölkələrinin böyükmiqyaslı dron hücumlarına qarşı hələ hazır olmadığını nümayiş etdirdi. Onlar ənənəvi hava müharibəsinə hazırdırlar, amma Ukrayna müharibəsində geniş vüsət alan dronlara qarşı yox. Polşa və NATO ən qabaqcıl qırıcı təyyarələrdən istifadə edərək bəzi ucuz dronları vurdu, amma bildirilən 19 drondan yalnız 4-ü məhv edildi.

Rusiyanın mesajı aydındır: Ukraynada olduğu kimi yüzlərlə dron istifadə olunsa, təsəvvür edin sizin üçün nələr ola bilər?!

Kreml görünür NATO-nu Avropada yoxlamağa çalışır və bunu edəcək qədər cəsarət hiss edir. Polşa NATO-nun 4-cü maddəsini işə salaraq təcili məsləhətləşmələr tələb edib və Avropa liderləri hava hücumundan müdafiəni gücləndirməyin yollarını hazırladıqlarını bildiriblər. Amma ABŞ və Avropadan güclü cavab gəlməsə, Putin oxşar addımı təkrarlamağa təşviq olunacaq. Bu isə daha təhlükəli qarşıdurma riskini artırır.

Qərbin dilemması

Qərb yeni bir situasiya ilə üz-üzədir. Putin sülh istəmədiyini daha necə elan etsin, bilmirəm. Donald Trampın özünü rüsvay etmək bahasına Putini danışıqlar masasına gətirmə cəhdləri getdikcə mənasız görünür. Bu hücumdan əvvəlki bazar günü isə müharibənin başlanğıcından bəri Rusiyanın Ukraynaya ən böyük hava hücumu olmuşdu (Lidia Kelly and Olena Harmash, Septenber 2025). İlk dəfə Kiyevdə hökumət binası vuruldu. Bunlar açıq mesajlardır: “İstədiyimi almadan müharibə meydanından çəkilməyəcəyəm” – deyir Putin.

Bu müharibədə Rusiya hədəflərinə çata bilməyib. Putin isə bu müharibə atəşkəslə bitsə, daxildə avtoritetinin ciddi zədə alacağını bilir. İnsanlar haqlı olaraq soruşa bilərlər: Biz bu müharibəyə niyə girdik? Nə qazandıq? Və bu suallara Putinin cavabı yoxdur. NATO şərqə genişlənməsin deyə, başladılan müharibədə İsveç və Finlandiya NATO üzvü oldu. NATO ölkələri müdafiə büdcələrini rekord həddə – ÜDM-nin 5%-inə qaldırdı (NATO, 2025). Rusiya dünyadan təcrid olunub, iqtisadiyyatı çökür. 200 minə yaxın insanını itirib. Qlobal güc olmaq istəyi ilə çıxdığı yolda Qafqazdakı təsirini itirib. Suriyadakı müttəfiqi Əsəd devrilib. Digər müttəfiqi İranı isə İsrail qarşısında müdafiə edə bilməyib. 

Bəs Polşa addımından sonra nə olacaq? Polşa haqlı olaraq Rusiyadan çəkinir. Əgər 2022-də Ukrayna süqut etsəydi, növbəti hədəf Polşa ola bilərdi. Polşa Ukraynaya ən çox yardım edən ölkələrdən biridir. Orada 1 milyon mühacir statusunda, 1 milyon da Ukrayna vətəndaşı olmaqla 2 milyon ukraynalı yaşayır (International Rescue Committee, 2023). Bu hadisədən sonra Polşada həyəcan siqnalları çalınacaq. Tarixi səbəblər və Rusiyanın ekspansionist siyasəti fonunda bu təbiidir. Polşa 2025-ci ildə müdafiə xərclərini ÜDM-nin 5%-nə çıxarmağı planlaşdırır. Halbuki, 2019-cu ildə bu göstərici cəmi 2% idi (Reuters, April 2025).

Rusiya Polşaya verdiyi mesajla sülhə qarşı istəksizliyini artıq elan etmiş oldu. Bu, Tramp üçün yol ayrımıdır. Ya ABŞ-nin ənənəvi müttəfiqləri ilə Rusiyanı barışa məcbur etmək üçün Ukraynanı daha güclü silahlandıracaq, ya da Putin sevgisindən əl çəkməyib Ukraynanı ağır şərtlərlə barışa inandırmağa çalışacaq. Rusiyanın bu hücumu bir az da Trampı yoxlamaq üçündür: əgər NATO müttəfiqinə qarşı atılan addıma layiqli cavab verilməzsə, Avropa ilə Amerika, daha dəqiqi Tramp arasındakı məsafə daha da açılacaq.

Ancaq xüsusilə bu hadisədən sonra Avropa ölkələri Ukraynanı əsla tək buraxmayacaq. Artıq tam aydın oldu ki, Ukraynada istədiyini alan Rusiya növbəti mərhələdə Baltik ölkələrini və Polşanı hədəf alacaq. Rusiyaya qarşı müharibə Tramp və ətrafındakı sadəlövhlərin düşündüyü kimi sadəcə sərhəd toqquşması deyil, Avropanın təhlükəsizliyini birbaşa müəyyən edən müdafiə məsələsidir. Bu problem həll olunmadan müharibənin qalıcı olaraq bitməsini gözləmək mümkün deyil. Rusiyanın ekspansionizmini dayandırmağın yeganə yolu Ukraynaya gerçək qələbə qazandırmaq və Rusiyanı yerinə otuzdurmaqdır.

NATO bu insidentdən hansı dərsləri çıxarmalıdır?

NATO müttəfiqləri Polşa və Baltik sərhədlərində daha geniş sensor şəbəkələrinə investisiya etməli, eyni zamanda, hava məkanının pozulmasının qarşısını almaq üçün real imkanlara malik olduqlarını təmin etməlidirlər. Bu, müxtəlif hava hücumundan müdafiə strategiyalarının tətbiqi deməkdir.

NATO sərhədlərində “bir atışa aşağı xərcli” sistemlərə ehtiyac var. Çünki rusların hər bir dronu təxminən 35 min dollara başa gəlir, NATO isə onları vurmaq üçün 1 milyon dollardan çox dəyəri olan raketlər və ya saatına 50 min dollar xərci olan təyyarələrdən istifadə edir (EMMA BURROWS, September 2025). Bu, məntiqli deyil. Buna görə də NATO radioelektron mübarizə, dronları korlayan və ya məhv edən enerjiyönlü texnologiyalar kimi passiv və aktiv üsullara daha çox sərmayə qoymalıdır. ABŞ ordusu – o cümlədən, Quru Qoşunları və Müdafiə İnnovasiya İdarəsi – artıq bu sahədə işləyir (AFCEA, August 2025). Növbəti mərhələ onları geniş miqyasda tətbiq etməkdir.

Ukraynalılar illərdir cəbhədə dronlarla mübarizə aparırlar ( Current Time and Oleksiy Prodayvoda, July 2025). ABŞ və digər NATO ölkələri ən azı onların təcrübəsindən öyrənməyə və tapdıqları həll yollarını inkişaf etdirməyə davam etməlidirlər.

Əgər sübuta yetirilsə ki, bu, məqsədli rus təxribatıdır, NATO liderləri Rusiyanı oxşar addımlardan çəkindirmək üçün diplomatik və hərbi cavab verməlidirlər. 4-cü maddə çərçivəsində məsləhətləşmələr sadəcə ilk mühüm addımdır. Xüsusən də, ABŞ-nin sərt qınağı vacibdir, çünki Putin ABŞ-nin NATO müdafiəsinə sadiqliyini sınayır.

NATO liderləri hərbi cavabların geniş spektrini nəzərdən keçirə bilərlər. Ən az eskalasiya riski daşıyan addımlar – hava patrullarının artırılması və şərq cinahında hava müdafiəsinin gücləndirilməsidir. Daha sərt variant isə Ukraynanın Rusiyanın dron istehsal mərkəzlərinə hücumunu dəstəkləmək, hətta sülhdən əvvəl Ukraynaya hərbi kontingent göndərmək ola bilər. Qərb nəhayət anlamalıdır ki, Ukrayna müharibəsinə humanitar və maddi yardımla müdaxilə sülhün bərqərarı üçün yetərli deyil. 



İstinadlar: 

Al Jazeera, September 2025. Poland shoots down Russian drones: Will NATO enter war in Ukraine? https://www.aljazeera.com/news/2025/9/10/poland-shoots-down-russian-drones-will-nato-enter-war-in-ukraine

John Irish, September 2025. 26 nations vow to give Ukraine postwar security guarantees, Macron says. https://www.reuters.com/world/europe/26-nations-vow-give-ukraine-postwar-security-guarantees-macron-says-2025-09-04/

Lidia Kelly and Olena Harmash, Septenmer 2025. Russia hits Ukraine with biggest air attack of war, sets government building ablaze.  https://www.reuters.com/world/europe/russia-hits-ukraine-with-biggest-air-attack-war-sets-government-building-ablaze-2025-09-07/

NATO, 2025. Funding NATO. https://www.nato.int/cps/en/natohq/topics_67655.htm

International Rescue Committee, 2023. Poland. https://www.rescue.org/eu/country/poland 

Reuters, April 2025. Poland wants to spend 5% of GDP on defence in 2026, minister says.  https://www.reuters.com/world/europe/poland-wants-spend-5-gdp-defence-2026-minister-says-2025-04-03/

EMMA BURROWS, September 2025. NATO’s first drone battle pits million-dollar jets against cheap drones, exposing vulnerabilities.  https://apnews.com/article/poland-russia-drones-jamming-ukraine-incursion-nato-27b1aeed542604c91386df1fbe4463c7 

AFCEA, August 2025. U.S. Army Modifies Its EW Approach To Counter Drones and More. https://www.afcea.org/signal-media/us-army-modifies-its-ew-approach-counter-drones-and-more

 Current Time and Oleksiy Prodayvoda, July 2025. Old Van, New Tech: How Ukrainian Troops Counter Drones  https://www.rferl.org/a/pokrovsk-kamikaze-drones/33459611.html  

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin