Giriş
Kosovoda silahlı münaqişə zamanı baş vermiş zorlamalar və digər cinsi zorakılıq formaları uzun müddət susqunluqla qarşılanıb – bu, digər münaqişə bölgələrində də belə olub. Human Rights Watch və digər beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının məlumatlarına əsasən, təqribən 20,000 alban qadını Serbiya ordusu və yarımhərbi birləşmələri tərəfindən sistemli şəkildə cinsi zorakılığa məruz qalıb (Human Rights Watch 2000). Reparasiya təşəbbüsləri uzun müddət boyu zorlamaya məruz qalan sağ qalan qadınları keçid ədaləti çərçivəsindən kənarda saxlayıb, onların hüquqlarını və travmalarını tanımayıb. Kosovo yalnız 2014-cü ildə, müharibə dövrü cinsi zorakılıq qurbanlarını rəsmi olaraq "mülki müharibə qurbanı" kimi tanıyan mühüm qanun qəbul edib. Bu məqalə, münaqişədən sonrakı Kosovoda keçid ədaləti vasitəsi kimi gender əsaslı zorakılığa görə tətbiq olunan reparasiya mexanizmini araşdırır.
Təhlil
Kosovoda müharibə zamanı baş verən kütləvi cinsi zorakılıqlar sadəcə cinayət aktları kimi deyil, həm də şovinist-militarist avtoritarizmin sistemli təzahürü kimi qiymətləndirilməlidir. Belə rejimlərdə hakimiyyətin ideoloji dayağı etnik üstünlük iddiası ilə militarist zor aparatının sintezindən ibarətdir. Bu sintez yalnız ərazi nəzarətini ələ keçirmək və siyasi rəqibləri susdurmaqla kifayətlənmir; qadın bədəni milli-şovinist hegemonluğun “qələbə trofeyi” və qarşı tərəfi alçaltma vasitəsi kimi instrumentalizə olunur. Bu yanaşma, törədilən zorakılığın rejimin struktur və ideoloji arxitekturasına daxil olan məqsədli bir taktika olduğunu göstərir.
Kosovo müharibəsi zamanı cinsi zorakılıq təsadüfi yox, məqsədli bir taktika idi. Bu metod ilk olaraq Bosniya və Herseqovinada sınaqdan keçirilmiş və qorxu yaratmaq, alçaltmaq və etnik təmizləmə məqsədilə sistemli şəkildə tətbiq edilmişdi.
Kosovoda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İdarəetmə Missiyası (UNMIK) çərçivəsində idarəçilik tətbiq olunarkən qadın hüquqları sahəsində irəliləyişlər üçün real imkan yaranmışdı. Lakin təəssüf ki, bu imkan dəyərləndirilmədi.
Kosovo müharibəsi zamanı cinsi zorakılıq təsadüfi yox, məqsədli bir taktika idi. Bu metod ilk olaraq Bosniya və Herseqovinada sınaqdan keçirilmiş və qorxu yaratmaq, alçaltmaq və etnik təmizləmə məqsədilə sistemli şəkildə tətbiq edilmişdi. Bu istiqamətdə, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının "Prokuror Kunaraca qarşı" işi (2001) cinsi zorakılığı beynəlxalq hüquqda yenidən tərifləmiş və sistematik zorakılığın təsadüfi yox, etnik təmizləmənin bir aləti olduğunu məhkəmə-tibbi sübutlar və zərərçəkənlərin ifadələri ilə təsdiqləmişdir (Milutinovic və b. 2009, 79).
Kosovo cəmiyyətində müharibədən sonrakı dövrdə qadınların üzləşdiyi cinsi zorakılıq barədə susqunluq hökm sürüb. Bu, həm bu mövzunun milli kollektiv travma ilə assosiasiya olunması, həm də ailələrin şərəf və ləyaqətinin ləkələnməsi qorxusu ilə bağlı ola bilər (Di Lellio 2016).
Yalnız 2014-cü ildə qəbul edilmiş 04/L-172 saylı “Mülki Müharibə Qurbanları haqqında Qanun”da müharibə ilə əlaqəli cinsi zorakılıq qurbanları ayrıca kateqoriya kimi tanınmağa başlayıb. Bu addım, cinsi zorakılıq qurbanları üçün ədalətin bərpası istiqamətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər (Kosovo Respublikasının Məclisi 2014). Lakin bu qanunun icrasına yalnız 2018-ci ildən başlanılıb – yəni münaqişənin başa çatmasından demək olar ki, 20 il sonra. Qanuna edilən düzəlişlər zərərçəkənlərin tanınmasını təmin etməklə yanaşı, onlara aylıq kompensasiya və ictimai tanınma şəklində rüsum formasında təzminat təqdim edir. Bu, dövlət siyasətində inkar və görünməzlikdən tanıma və görünürlüyə doğru atılmış mühüm addımdır.
Təşkilati işgəncə və qəddar rəftarla bağlı beynəlxalq standartları təhlil edən Manfred Nowak vurğulayır ki, kobud insan hüquqları pozuntularının qurbanlarının effektiv hüquqi müdafiə hüququ olmalıdır. Bu hüquqa kompensasiya, reabilitasiya və təkrarlanmama təminatları daxildir. Beləliklə, Kosovonun reparasiya çərçivəsi BMT-nin İşgəncələrə Qarşı Konvensiyasından (CAT) irəli gələn beynəlxalq öhdəliklərlə uzlaşır. Konvensiyaya əsasən, reparasiya ədalətin bərpası üçün vacib element sayılır (Nowak 2009a; BMT Baş Assambleyası 1987).
Bununla belə, Kosovodakı reparasiya təşəbbüsü ciddi çatışmazlıq və çətinliklərlə üzləşir. Əvvəla, onilliklər boyu davam etmiş inkar və ləngimələr bu təşəbbüsün təsirini zəiflədib. Çox sayda sağ qalan qadın uzun müddətli susqunluq, damğalanma və psixoloji travma ilə üzləşib. Hüquqi maksimdə deyildiyi kimi: “Ədalət gecikəndə, o, inkar olunmuş sayılır.”
İkincisi, tanınma prosesi müraciət edən şəxsdən sübut və ya şahid ifadəsi tələb edir ki, bu da bir çox zərərçəkən üçün yenidən travmaya səbəb olur və xüsusilə kənd yerlərində yaşayan qadınları müraciət etməkdən çəkindirir. BMT-nin 1997-ci il tarixli keçmiş Yuqoslaviya üzrə xüsusi hesabatında göstərilir ki, zorakılıq və təcavüz kimi cinayətlərin gecikdirilməsi və ya həll edilməməsi barışıq prosesini zəiflədir və qurbanların əzablarını artırır. Hesabat həmçinin qeyd edir ki, tanınma və həqiqətin üzə çıxarılması barışıq üçün əsas şərtlərdir – bu proses isə Kosovoda hələ tamamlanmayıb (BMT İqtisadi və Sosial Şurası 1997).
Həmçinin, Kosovodakı reparasiya mexanizmi genderə həssaslıq iddiası ilə təqdim olunsa da, əslində effektiv sayılmır. Nowakın qeyd etdiyi kimi, işgəncə və pis rəftar tez-tez genderə xas formalar alır – məsələn, zorlanma – və bu cür hallar genderə uyğun təzminat mexanizmləri tələb edir (Nowak 2009). Hazırkı proqram struktur ayrı-seçkilikləri aradan qaldırmaq və ya geniş dəstək – psixososial yardım, məşğulluq dəstəyi, iqtisadi müstəqillik və cəmiyyətə reinteqrasiya – təqdim etmək baxımından yetərli deyil. Gender əsaslı reparasiya daha geniş yanaşma tələb edir: buna həqiqət komissiyaları, cinayət məsuliyyəti, təhsil kampaniyaları və qadınların cəmiyyətdə və siyasətdə rolunun gücləndirilməsi daxildir (Elshani və Ukaj 2020). Əks halda, bütün bu təşəbbüslər yalnız pul ödənişi səviyyəsində qalaraq, zorakılığın əsas səbəblərinə və onu davam etdirən sosial normalara toxunmadan, yəni texniki addımlarla kifayətlənəcək.
Digər vacib məsələ isə çıxış imkanlarının məhdud olmasıdır. Kənd yerlərində və daha konservativ icmalarda yaşayan zərərçəkənlər ciddi sosial təzyiqlərlə üzləşirlər. Zərərçəkənlərlə işləyən yerli QHT-lər bildirir ki, bir çox qadınlar bu qanunun mövcudluğundan xəbərsizdir və ya tələb olunan sənədləri təqdim etmək imkanına malik deyillər – xüsusilə 2023-cü il ərizə müddəti başa çatmadan əvvəl (Radio Evropa e Lirë 2023). İnsan hüquqlarını qoruyan mexanizmlər yalnız o zaman effektiv ola bilər ki, hər kəs – xüsusən ən marjinallaşmış qruplar – üçün əlçatan olsun (Nowak 2009b). Eyni zamanda, zərərçəkənlərin bir çoxu statuslarının ictimaiyyətə bəlli olacağı qorxusu ilə müraciət etməkdən çəkinirlər. Bu, xüsusilə ailəsi olan qadınlara aiddir – onlar üçün bu, sosial qınaq və təcridə səbəb ola bilər. Əgər cəmiyyət insan hüquqları və ləyaqətə hörmət dəyərləri ilə tərbiyə olunsa, zərərçəkənlərin irəli çıxması daha az yükə çevrilər və onların ləyaqətini bərpa etməsi asanlaşar.
Kosovo İşgəncə Qurbanlarının Reabilitasiya Mərkəzinə müraciət edən qadınlar üzləşdikləri ağır damğalanma, travma və cəmiyyətin inkar yanaşması fonunda göstərir ki, effektiv reabilitasiya yalnız bütün maraqlı tərəflərin iştirakı və dəstəyi ilə mümkündür (Halili 2021).
Nəticə
Kosovo nümunəsi, Balkanlarda keçid ədaləti səylərinin daha geniş məhdudiyyətlərini əks etdirir – burada simvolik addımlar çox vaxt əsl, substansial ədalətin əvəzində təqdim edilir. Reparasiya təşəbbüsləri təkbaşına həyata keçirilərsə, ədaləti yalnız bürokratik bir prosedura çevirə bilər. Bu isə nə ləyaqəti bərpa edə, nə də davamlı sülhə zəmin yarada bilər. İnsan hüquqları mexanizmləri keçmiş zorakılıqları sadəcə tanımaqla kifayətlənməməli, eyni zamanda zərərçəkənləri gücləndirməli və struktur ədalətsizliklərin əsas səbəblərinə qarşı çıxmalıdır. Kosovoda reparasiya ədalət yolunun sonu yox, gender inklüziv keçid ədaləti üçün başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.
* Bu məqalədə Kosovoya edilən istinadlar BMT Təhlükəsizlik Şurasının 1244 (1999) saylı Qətnaməsi və Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqillik bəyanatı ilə bağlı Rəyinə uyğun olaraq, statusla bağlı mövqelərə xələl gətirmədən təqdim edilir.
İstinadlar:
Assembly of the Republic of Kosovo. 2014. Law No. 04/L-172 on Amending and Supplementing Law No. 04/L-054 on the Status and the Rights of the Martyrs, Invalids, Veterans, Members of the Kosovo Liberation Army, Sexual Violence Victims of the War, Civilian Victims and Their Families. Official Gazette of the Republic of Kosovo, No. 26/2014, April 23. https://gzk.rks-gov.net/ActDocumentDetail.aspx?ActID=9436.
Elshani, Valëza Ukaj. 2020. “Legal Framework of Conflict-Related Sexual Violence: The Kosovo Case.” In 2020 Essay Volume, edited by William A. Schabas and Shannonbrooke Murphy, 19–36. The Hague: Mechanism for International Criminal Tribunals. https://www.irmct.org/sites/default/files/mip/MIP-2020-Essay-volume.pdf.
Halili, Dafina. 2021. “Kurrë s’e kisha imagjinu se kjo iu ndodh edhe burrave.” Kosovo 2.0, November 16. https://kosovotwopointzero.com/kurre-se-kisha-imagjinu-se-kjo-iu-ndodh-edhe-burrave/.
Human Rights Watch. 2000. Federal Republic of Yugoslavia: Kosovo – Gender-Based Violence Against Kosovar Albanian Women. March. https://www.hrw.org/reports/2000/fry/Kosov003-02.htm.
International Criminal Tribunal for the former Yugoslavia (ICTY). 2001. Prosecutor v. Dragoljub Kunarac, Radomir Kovač, and Zoran Vuković, Case No. IT-96-23-T & IT-96-23/1-T.
Nowak, Manfred. 2009a. “Torture and Enforced Disappearance.” In International Protection of Human Rights: A Textbook, edited by Catarina Krause and Martin Scheinin. Forthcoming.
Nowak, Manfred. 2009b. “Fact-Finding on Torture and Ill-Treatment and Conditions of Detention.” Journal of Human Rights Practice 1 (1): 101–119. https://doi.org/10.1093/jhuman/hun004.
Prosecutor v. Milutinovic et al. 2009. Judgment, Volume 1, Case No. IT-05-87-T, International Criminal Tribunal for the former Yugoslavia (ICTY), February 26. https://www.refworld.org/jurisprudence/caselaw/icty/2009/en/92016.
Radio Evropa e Lirë. 2023. “Afati për verifikimin e statusit të viktimave të dhunës seksuale në luftë.” Radio Evropa e Lirë, July 21. https://www.evropaelire.org/a/afati-verifikim-status-viktima-dhunes-seksuale-lufte/32513094.html.
United Nations Economic and Social Council. 1997. Final Report: Special Process on Missing Persons in the Territory of the Former Yugoslavia. E/CN.4/1997/55, January 15. https://digitallibrary.un.org/record/239534?ln=en.
United Nations General Assembly. 1984. Convention Against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment. Adopted December 10, entered into force June 26, 1987. United Nations Treaty Series 1465: 85. https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/convention-against-torture-and-other-cruel-inhuman-or-degrading.