Azərbaycanın hakim ailəsi uzun müddət ərzində ölkədəki siyasi rəqabəti məhv edib, müxalifəti zəiflədib və informasiya sahəsinə tam nəzarət tətbiq edərək alternativsiz bir siyasi mühit yaradıb. Son dövrlərdəki hadisələr göstərir ki, bu model xaricdə ortaya çıxan yeni və idarəolunmaz müqavimət formaları ilə yarışda uduzur. Hakim ailə hazırda məişət səviyyəsində ciddi nüfuz hücumu ilə qarşı-qarşıyadır və onunla mübarizədə çox çarəsiz görünür. Bəs müxalifətçilərə və jurnalistlərə qarşı siyasi ittihamların məişət səviyyəsində hücumlara, yataq görüntülərinə qədər enməsini təşkil edənlər bir gün bunun çox ağır formada geri qayıdacağı haqda düşünmüşdülərmi?!
Bütün bunlar mühacir bloger Mehman Hüseynovun prezidentin oğlu Heydər Əliyevin xanımı Alyona Əliyeva haqqında hazırladığı, media prinsiplərinə və siyasi etikaya uyğun olmayan reportajların fonunda baş verir. Bu reportajlara Azərbaycan hakimiyyətinin propaqanda aparatı klassik üsulla cavab verməyə çalışaraq nəzarətindəki media rəhbərləri, siyasətçilər, QHT nümayəndələri, hətta moda və müxtəlif sənət sahələrinin təmsilçilərindən ibarət çoxşaxəli şəbəkəni hərəkətə keçirib. Həmin şəxslər bir tərəfdən M.Hüseynovun əməlinin milli-mənəvi dəyərlərə nə qədər zidd olduğunu, digər tərəfdən isə xanımın sadəliyi, altruizmi, filantropik fəaliyyətləri barədə fikirlərini yazılı və görüntülü olaraq cəmiyyətə çatdırırlar. Belə bir təbliğatın nə dərəcədə effektiv olduğu şübhəlidir, o baxımdan ki, mövzunun gündəmdə qalması və daha geniş kütlələrə yayılması M.Hüseynovun müəllifi olduğu kontentə marağı artıra bilər. Digər tərəfdən, məsələnin böyüməsi və mövzu ətrafında ictimai diskussiyaların aparılması hakimiyyətin özünün indiyədək opponentləri ilə mübarizədə istifadə etdiyi metodları, onların özəl həyatına kobud və qanunsuz müdaxilə hallarını yada salır. Rejim təkcə ölkədə siyasi rəqabəti zorakılıqla bitirməklə, vətəndaş hüquq və azadlıqlarını, konstitusion hüquqları ortadan qaldırmaqla kifayətlənməyib, uzun illər ərzində müxalif siyasətçilər, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələrinin yataq otağına gizli kameralar yerləşdirərək əldə olunan görüntüləri yaymaqla onlara qarşı mənəvi terrora da əl atıb (OCCRP, 2023). Əsas etibarilə konservativ Azərbaycan sosiumuna müxalif çevrələrin hakim dairələrdən hər hansı mənəvi-əxlaqi üstünlüyünün olmadığı fikri aşılanmağa və onların tam diskreditasiyasına nail olmağa çalışılıb.
Yeni fenomen - mühacirət müxalifətçiliyi
İlham Əliyevin idarəçiliyi dövründə Azərbaycan müxalifətçiləri, vətəndaş cəmiyyəti və müstəqil media təmsilçiləri hüquqi təqiblər, polis zorakılığı, məhkəmə-istintaq orqanlarının qanunsuzluğu ilə üzləşməklə bərabər, xüsusi xidmət orqanlarının da daimi basqısı altında fəaliyyət göstərməyə məcbur olublar (HRW, 2024). Dözülməz təqib və təzyiqlər, eləcə də işsizlik səbəbi ilə bu insanların bir qismi mərhələli şəkildə vətəni tərk edərək Avropa ölkələrində məskunlaşıblar. (Bu proses hələ yekunlaşmayıb). Nəticədə yeni bir sosial-siyasi fenomen - mühacirət müxalifətçiliyi ortaya çıxıb.
Kiçik tarixi arayış: Azərbaycan tarixində bundan əvvəl siyasi səbəblərlə ilk mühacirət dalğası 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalından sonra baş verib. İkinci Dünya müharibəsi zamanı əsir düşən və Vermaxtın yaratdığı legionlarda xidmət edən azərbaycanlı əsgərlərdən sağ qalanların və xilas edilənlərin müharibədən sonra geri dönməyərək Avropada qalmasını 2-ci siyasi mühacirət mərhələsi kimi qiymətləndirmək olar. Hazırkı mühacirət dalğasının fundamental fərqi budur ki, müstəqillik dövründə, yerli hakimiyyətin təzyiqləri və yaratdığı dözülməz mühit səbəbilə baş verir.
Zamanla sayı artan azərbaycanlı siyasi mühacirlər Avropada tədricən təşkilatlanmağa, öz siyasi-informasiya ekosistemlərini formalaşdırmağa başlayıblar. Onlar sosial medianın imkanlarından faydalanaraq öz fikirlərini və mövqelərini rahatlıqla ölkə içərisinə translyasiya edə bilirlər. Ancaq onlar tək mərkəzli deyillər. Məruz qaldıqları ağır təzyiqlərə baxmayaraq, mənəvi-etik mübarizənin kənarına çıxmağı qəbul etməyənlərlə yanaşı, xüsusilə də şəxsi reputasiyalarına rejim tərəfindən davamlı hucumlar edilmiş, Azərbaycanda yaşayan yaxınları vasitəsilə hədələnmiş şəxslər birbaşa hakim ailəni hədəf alan, etik çərçivəyə sığmayan yayımlar da edirlər.
Azərbaycandakı sərt avtoritarizm təkcə siyasi mədəniyyətin inkişafını əngəlləməklə qalmayıb, onun əks fikirlilərə və islami terminologiya ilə ifadə etsək, biət etməyənlərə qarşı ifrat aqressivliyi, nifrət ritorikası və amoral mübarizə metodları siyasi vendetta ənənəsini də formalaşdırıb. Öz yayımlarında rejim liderləri və mənsubları haqqında alçaldıcı və təhqiramiz ifadələrdən istifadə edən, özəl həyata dair bəzi məqamları kompromat adı ilə təqdim edən mühacir blogerlərin başlıca motivasiyası da məhz daha əvvəl rejimin başlatdığı beldən aşağı reputasiya hücumlarına qarşı qisasçılıq aktıdır. Normal, konstitusion müstəvidə və siyasi mədəniyyətə uyğun tərzdə rəqabət aparmaq istəyən Azərbaycan müxalifətçiləri, eləcə də ümumbəşəri media prinsipləri çərçivəsində fəaliyyət göstərmək istəyən müstəqil jurnalistlər üçün bu metodlar qəbulolunmaz olsa da, bəzi blogerlər üçün belə peşəkarlıq həddi yoxdur. Təəssüf ki, keçmişdə opponentlərə, rəqiblərə, hətta nüfuzlu müxalif simaların övladlarına qarşı yol verdiyi rüsvayçı əməllər indi bumeranq kimi hakimiyyətin özünə qayıdır. Buna “karma”nın gerçəkləşməsi də demək olar.
Bir daha vurğulamağa ehtiyac var ki, M.Hüseynovun A.Əliyeva haqqında söylədiklərini, həmçinin digər qeyri-etik yayımları məqbul saymaq, təqdir etmək mümkün deyil. Bunları normallaşdırmaq da lazım deyil. Nifrətin qarşılıqlı şəkildə körüklənməsinin nə tərəflərə, nə də ölkəyə və xalqa faydası var, bu, Azərbaycanı siyasi mədəniyyətin və sivil siyasi münasibətlərin bərqərar edilməsindən bir qədər də uzaqlaşdırır. Lakin unutmaq olmaz ki, vəziyyətin bu həddə gəlib çıxmasının səbəbkarı məhz mövcud hakimiyyətdir. Bir türk atalar sözündə deyildiyi kimi, rüzgar əkən fırtına biçər.
Daxildə hər kəsi susdurmaq yetərli deyilmiş
Münhendə Azərbaycanın rəsmi mediasının (əslində bu sahəni kurasiya edən Hikmət Hacıyevin hazırlayıb onlara ötürdüyü) standart suallarını ayaqüstü cavablandıran İlham Əliyev Emin Hüseynovun “Cənab prezident, müstəqil mətbuatın da suallarına cavab verərsiniz?” replikasına “Müstəqil mətbuat yoxdur, dünyada” deyərək sürətlə oradan uzaqlaşıb. Əsas konfuz E.Hüseynovun 1-ci ledi və 1-ci vitse-prezident M.Əliyeva ilə dialoqunda yaşanıb. Ölkədə demokratiyanın durumu ilə bağlı sual vermək istəyini ifadə edən E.Hüseynov M.Əliyevanın sərt reaksiyası ilə qarşılaşıb: “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram...” (Aytan Farhadova 2026).
Bu qısa dialoq ölkədə böyük rezonansa səbəb olub. Rejimin propaqanda və PR işlərinə cavabdeh olanlar M.Əliyevanın çox uğurlu cavab verdiyini düşünərək idarə etdikləri böyük trol şəbəkəsi vasitəsilə bu dialoqu həvəslə sosial şəbəkələrdə yayıblar. Əlbəttə, trol şəbəkəsinə aid olmayanlar arasında da M.Əliyevanın cavabını bəyənənlər var. Amma belə bir məntiqi yanaşma ortaya qoyanlar heç də az deyil ki, bir vətəndaş qadın geyimində gizlənməyə və ölkədən qaçmağa məcbur olursa, bunun səbəbkarları və bu vəziyyəti yaradanlar ölkəni idarə edənlər deyilmi? Azərbaycanda periodik olaraq siyasi motivli həbslər aparılmasının rutinləşməsi bir tərəfə qalsın, saxlanılanların pis rəftara, hətta işgəncələrə məruz qaldıqlarına dair xəbərlər saysız-hesabsızdır (Amnesty International 2017). Mühacirətə təkan verən amillərdən biri həbs qorxusu ilə yanaşı, pis rəftar, aşağılanma və işgəncə görmə ehtimalıdır.
M. Əliyevanın qısa cavabındakı aqressiyanı, əleyhdarlara qarşı kin, nifrət və aşağılayıcı münasibəti görməmək, hiss etməmək mümkün deyil. Vaşinqtonda 5-6 etirazçıya qarşı tamamilə qeyri-adekvat reaksiya və fiziki zorakılıq da əslində birinci şəxsin psixo-emosional vəziyyətindən xəbər verir. Bu əsəbi-nevrotik reaksiyalar işlərin heç də kənardan göründüyü kimi, yaxşı getmədiyinə dəlalət edə bilər. Halbuki Azərbaycanda bütün real və potensial siyasi alternativlər, institusional müxalifət, azad media, müstəqil vətəndaş cəmiyyəti sıradan çıxarılıb və ölkədə faktiki olaraq, siyasi fəaliyyət qadağası var. Hakimiyyətə qarşı daxildə hər hansı siyasi təhlükə və təhdid yoxdur. Rejim öz rəqibləri və əleyhdarları üzərində qəti “qələbə” qazanıb.
Xarici siyasətə gəldikdə, Trampın Sülh Şurasında təmsilçilik, Ermənistanla aparılan sülh prosesi, İran probleminin aktuallaşması kimi faktorlar İ. Əliyevi qlobal geosiyasətdə görünən, diqqət mərkəzindəki fiqurlardan birinə çevirib. O, hazırkı beynəlxalq konyukturda rəhbərlik etdiyi dövlətin miqyasını aşan siyasi çəkiyə və rola sahibdir. İlk baxışdan rejimin problemsiz bir dönəmə girdiyi və hər şeyin onun üçün mükəmməl olduğu qənaəti yaranır. Amma bu, zahirən belədir. Daxildə dövlətin zor tətbiqetmə sahəsində müstəsna hüququndan amansızcasına sui-istifadə etməklə rəqiblərini neytrallaşdırmağı bacaran və hər cür müxalifətçiliyi kriminallaşdıran rejim indi asimmetrik müqavimətlə üzləşib. İstər etik çərçivədə ünvanlanan qeyri-standart suallar, istərsə bu çərçivədən kənarda, “öz silahları ilə vurulmaları” rejim liderlərinin sinir sistemini alt-üst edir, psixi müvazinətlərini itirmələrinə səbəb olur. Yüksək səviyyəli xarici qonaq mətbuat konfransında - istər ciddi, istər zarafatla demiş olsun - Azərbaycan prezidentinin xanımının həm də ölkənin birinci vitse-prezidenti olduğunu öyrəndiyini bildirir və öz həyat yoldaşına eyni fikrə düşməməyi məsləhət görür. Bu kiçik epizod Azərbaycanda mütləq monarxiyanın bərqərar olduğunu dünyaya nümayiş etdirir. Ənənəvi, simmetrik metodlarla asimmetrik təhlükənin üstünə getmək və onu ortadan qaldırmaq mümkün deyil. Bu təhdidin miqyasının qarşıdakı mərhələdə nə qədər böyüyəcəyi və ölkə daxilinə mümkün təsirləri hakimiyyət üçün proqnozlaşdırılması çətin olan məsələdir.
Sülh diskomfortu
Tramp administrasiyasının müdaxiləsi ilə Ermənistanla sülh və əməkdaşlıq prosesinin sürətlənərək dönməz xarakter alması, Zəngəzur nəqliyyat kommunikasiyası ilə bağlı mübahisələrin bitməsi Azərbaycan hakimiyyətinin arzuladığı bir situasiya deyil. “Zəngəzur dəhlizi”, “tarixi torpaqlara qayıdış” mövzuları ictimai rəyi manipulyasiya etmək baxımından əvəzedilməz idi. “Nə hərb, nə sülh” vəziyyəti gündəmi diktə etmək üçün geniş imkanlar açırdı. Sərhəddə kim tərəfindən törədildiyi aydın olmayan müəmmalı atəşkəs pozuntuları Ermənistanı və “onun arxasındakı qüvvələri” (Fransa, ABŞ demokratları, Qərb qeyri-hökumət təçkilatları və s.) ittiham etməyə əsas yaratmaqla, ictimai şüurda xarici təhdidin davam etdiyi hissiyatıni qoruyub saxlamağa kömək edirdi. Xarici təhdidin davam etdiyi hissiyatı və bu yöndə ardıcıl təbliğat həm xalqı hakimiyyətin ətrafında cəmləşdirməyə və hər kəsi “səngərdə” saxlamağa, həm də sülh tərəfdarlarını, postmüharibə gündəmini diqqət mərkəzinə gətirməyə cəhd edənləri xəyanətdə, düşmən dəyirmanına su tökməkdə ittiham edərək onlara qarşı təqibləri legitimləşdirməyə imkan yaradırdı. Bütün bu manipulyativ potensial əldən çıxdı. İndi ABŞ administrasiyasının istəyi ilə Ermənistanla iqtisadi əməkdaşlıq istiqamətində də addımlar ataraq qonşu ölkəyə yanacaq göndərən, ağır cinayətlərdə ittiham edilən bəzi erməni məhbusları azadlığa buraxmaq məcburiyyətində qalan bir Azərbaycan hakimiyyəti var.
Sülh və əməkdaşlıq gündəmi manipulyasiya sahəsini xeyli daraldaraq xalqın gerçək problemlərinin ictimai diskursa çevrilməsinə yol açır. Bu, digər istiqamətlərdə, xüsusən sosial-iqtisadi sahədə heç bir uğur hekayəsi olmayan rejim üçün böyük diskomfortdur. Müharibədən sonrakı dövrdə ilk dəfədir ki, daxili siyasət və sosial-iqtisadi tematika bu qədər geniş müzakirə olunur. Rejimin gündəmi diktə etmə imkanları məhdudlaşıb və informasiya məkanındakı dominantlığı zəifləyib.
İstinadlar
Aytan Farhadova, 2026. Aliyeva insults an independent Azerbaijani journalist after being heckled in Germany. https://oc-media.org/aliyeva-insults-independent-azerbaijani-journalist-after-being-heckled-in-germany
OCCRP, 2023. Jailed Azerbaijani Opposition Activist’s Private Photos and Messages Leaked. https://www.occrp.org/en/news/jailed-azerbaijani-opposition-activists-private-photos-and-messages-leaked
HRW, 2024. “We Try to Stay Invisible” Azerbaijan's Escalating Crackdown on Critics and Civil Society. https://www.hrw.org/report/2024/10/08/we-try-stay-invisible/azerbaijans-escalating-crackdown-critics-and-civil-society
AMNESTY INTERNATIONAL, 2017. AZERBAIJAN: TORTURE AND TRAVESTY OF JUSTICE IN NARDARAN CASE. https://www.amnesty.org/en/wp-content/uploads/2021/05/EUR5556332017ENGLISH.pdf