11 sen 2025

Vaşinqton–Pekin qarşıdurması fonunda rəsmi Bakının seçimi: Çinlə strateji tərəfdaşlıq

Vaşinqton–Pekin qarşıdurması fonunda rəsmi Bakının seçimi: Çinlə strateji tərəfdaşlıq

(c) president.az

Azərbaycan Respublikası-Çin Xalq Respublikası əlaqələri yüksəliş dövrünü yaşayır. Son bir il ərzində iki ölkə arasında strateji tərəfdaşlığa dair 2 rəsmi sənədin imzalanması, iyul ayından etibarən qarşılıqlı olaraq vizasız rejimin tətbiqi və ticarət dövriyyəsində ciddi artım münasibətlərdəki tərəqqinin bariz göstəriciləridir. Azərbaycan dövlət başçısı İlham Əliyevin 31 avqust-3 sentyabr tarixlərində Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə, həmçinin, Pekində İkinci Dünya müharibəsində qələbənin və Yaponiyanın kapitulyasiyasının 80-ci ildönümünə həsr olunmuş paradda iştirakı çoxtərəfli format çərçivəsində gerçəkləşən tədbirlər olsa belə, ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsini bir daha nümayiş etdirdi. 

İki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədlərdən birincisi – “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində, ikincisi - “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə bundan 9 ay sonra, 2025-ci il aprelin 23-də, İlham Əliyevin Çinə rəsmi səfəri zamanı imzalanıb (President.az, 2024. Azertag.az,  aprel 2025). Bir ildən az müddət keçdikdən sonra ikinci dəfə strateji tərəfdaşlığın elan olunması zərurətinin hansı səbəb və ehtiyacdan irəli gəldiyi vacib məqamdır. Bunun Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra qlobal miqyasda yeni geosiyasi situasiyanın yaranması ilə əlaqədar ola biləcəyi ağlabatan ehtimal kimi görünür. Biri Bəyannamə, digəri Bəyanat adlanan mətnlər əsas etibarilə eyni və ya oxşar məzmuna malik olsalar da, bəzi prinsipial fərqlər də var.  

Tayvan məsələsi: Azərbaycan hərbi varianta dəstək verir

Hər iki sənədin ilk maddəsinin Tayvan problemi ilə bağlı olması şübhəsiz ki, bu məsələnin Çin xarici siyasəti və ümumən bu dövlət üçün üçün prioritet olmasından qaynaqlanır. 2024-cü ildəki Bəyannamənin 1.1 maddəsində deyilir: “Azərbaycan tərəfi ... Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə, Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”. Lakin 2025-ci ildəki Bəyanatda bu cümlə redaktəyə məruz qalıb: “Azərbaycan tərəfi ...  ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir”. 

Göründüyü kimi, “münasibətlərin dinc inkişafı” cümləsi çıxarılıb. Bu, texniki yox, siyasi xarakterli redaktədir. Çin hökuməti Tayvan adası üzərində nəzarətini təmin etmək üçün hərbi gücə əl ata biləcəyini son vaxtlar daha tez-tez vurğulamağa başlayıb. Çin sürətli militarizasiya siyasəti aparır və Pekindəki son hərbi parad açıq güc nümayişi idi. Gələcəkdə Tayvanı zorla özünə birləşdirməyə çalışarsa, Çinin ABŞ və onun müttəfiqləri (Britaniya, Yaponiya, Avstraliya) ilə qarşı-qarşıya gəlmə ehtimalı var. Azərbaycan, faktiki olaraq, Çinin bu birləşməni istənilən üsulla, o cümlədən, müharibə yolu ilə həyata keçirməsinə dəstək ifadə edib. 

İqlim dəyişikliyi: Azərbaycan Çinin vizyonunu bölüşür

Digər mühüm fərq iqlim dəyişikliyi məsələsi ilə əlaqədardır. 2024-cü il Bəyannaməsində bu problemə ötəri toxunulub və yaşıl enerji sahəsində əməkdaşlıq daha çox qabardılıb (2.8-ci maddə). 2025-ci il Bəyanatında isə dəyişən qlobal şəraitə uyğun əlavələr var. Məsələn, 11-ci maddədə bildirilir: 

“Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris sazişinə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar. Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar...”

Bu əlavənin Tramp administrasiyasının iqlim dəyişikliyi probleminə baxışı ilə əlaqəli olması şübhəsizdir. Məlum olduğu kimi, Tramp gəldikdən sonra ABŞ BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsini ehtiva edən Paris sazişindən çıxıb. ABŞ respublikaçılarının radikal sağ qanadı atmosferdə karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən Paris sazişini ABŞ-ın sənayesizləşdirilməsinə yönəlmiş Çin komplosu hesab edir. Trampın ilk qərarlarından biri enerji sahəsində fövqəladə viziyyət elan etmək oldu və o, neft-qaz başda olmaqla, faydalı qazıntı yataqlarının istismarını maksimum səviyyəyə çatdıracaqlarını bəyan etdi. Azərbaycan sözügedən Bəyanata imza atmaqla bu sahədə Trampın deyil, Çinin vizyonunu bölüşmüş olur, halbuki Azərbaycanın iqtisadiyyatı məhz ənənəvi enerji ehtiyatlarının hasilatı və ixracına əsaslanır.

Beynəlxalq ticarət: Azərbaycan və Çin Trampa qarşı    

ABŞ-Çin rəqabətinin ən vacib “cəbhəsi” beynəlxalq ticarətdir. Tramp dövründə ABŞ bu sahədə hər cür dövlətlərüstü tənzimləməni rədd edərək proteksionist siyasətə yönəldiyi halda, Çin tam əksinə, azad ticarətin, iqtisadi qloballaşmanın aktiv tərəfdarıdır. Azərbaycanla imzalanmış srateji tərəfdaşlıq sənədlərində bu məqam – çoxtərəfli ticarət sisteminə sadiqlik xüsusi vurğulanır. 2025-ci ildə imzalanmış Bəyanatın bununla bağlı hissəsinin Tramp faktorunun təsiri ilə yazıldığı hiss olunur. Məsələn, 12-ci maddədə ABŞ-a yönəlmiş tənqid var. Orada yazılıb: “Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər”. Aydındır ki, unilateralizm (birtərəfli addımlar), proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulması dedikdə, Tramp administrasiyasının siyasətinə işarə edilir. Yəni Azərbaycan beynəlxalq ticarət sahəsində də Çinlə ortaq vizyonu paylaşmış olur. 

Azərbaycanın DTT-yə üzvlüyü: Pekin dəstək verir, Bakı yayınır

Çoxtərəfli beynəlxalq ticarət sistemini tənzimləyən orqan Dünya Ticarət Təşkilatıdır. Çin Azərbaycanın bu quruma üzvlüyünə uzun illərdir tərəfdar çıxır. İmzalanmış sənədlərdə də bu dəstək açıq ifadə olunub. 2024-cü il Bəyannaməsində Çinin Azərbaycanın DTT-yə daxil olma prosesi çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəklədiyi (3-cü maddə) bildirildiyi halda, 2025-ci il Bəyanatında bu dəstək daha konkret qeyd olunub: “Çin Azərbaycanın Dünya Ticarət Təşkilatına tezliklə üzv olmasını dəstəkləyir” (12-ci maddə). 

Çin tərəfindən Azərbaycanın və digər ölkələrin DTT üzvlüyünə isti baxılmasının səbəbi aydındır: Çin öz maraqlarına cavab verən və iqtisadi intervensiyasına leqal zəmin yaradan liberal, çoxtərəfli ticarət sistemini qoruyub saxlamağa çalışır. ABŞ isə qurulmasında böyük rol oynadığı bu sistemin artıq onun maraqlarına  cavab vermədiyini düşünür, sistemin dağılmasına yönələn addımlar atır. DTT-yə köçürmələri dayandıran Vaşinqton xarici ticarətdə rüsumları yüksəltməklə tərəfdaşları ilə əlverişli ikitərəfli anlaşmalar əldə etməyə üstünlük verir. 

Azərbaycanın DTT-yə üzvlüyünə gəldikdə isə Bakı bu niyyətini əks etdirən rəsmi mürciətini hələ 1997-ci ildə DTT Katibliyinə təqdim edib (Azərbaycan Respubklikası İqtisadiyyat Nazirliyi, 2020 ). Həmin il Katiblikdə Azərbaycan üzrə işçi qrup yaradılıb. Azərbaycanın DTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar bu qrup çərçivəsində aparılır. Eyni zamanda, üzv ölkələrlə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparılır və yekun protokollar imzalanır. Lakin Azərbaycanın üzvlüyü prosesi həddən artıq yavaş gedir və şübhəsiz ki, bu texniki deyil, siyasi səbəblərlə əlaqədardır. Başlıca səbəblərdən biri ,əlbəttə iqtisadiyyata monopoliyanın hakim olması, şəffafflıq və rəqabətin olmamasıdır (Azadliq Radiosu, 2021). 

Müqayisə üçün bəzi postsovet ölkələrinin təcrübəsinə nəzər salaq: 

Qırğızıstanın üzvlüyü cəmi 2 il 10 ay (1996-1998), Gürcüstanın üzvlüyü 3 il 11 ay (1996-2000), Moldovanın üzvlüyü 8 il (1993-2001), Ermənistanın üzvlüyü 10 il (1993-2003), Tacikistanın üzvlüyü 11 il 9 ay (2001-2013) Ukraynanın üzvlüyü 15 il (1993-2008) müddətində reallaşıb. Rusiyanın üzvlüyü ABŞ, Avropa Birliyi və Gürcüstanla danışıqların uzanması səbəbindən 18 il ərzində (1993-2012) baş tutub (TASS – 27 iyul 2015). Azərbaycanın üzvlük prosesi isə 28 ildir davam edir. Prezident Əliyev bu ilin fevralında Çinin CGTN telekanalına müsahibəsində bunun səbəblərini izah edərkən Trampın siyasətini üstüörtülü tənqid edib. O bildirib ki, Azərbaycanın üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar və tariflərdir, bütün bunlar Dünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir (Vergiler.az – 12 fevral 2025). Trampın ilk prezidentliyi dövründə - 2019-cu ildə isə İ.Əliyev DTT-də böhran yaşandığını , ticarət müharibələrinin genişləndiyini söyləyərək üzvlüyə ehtiyatla yanaşdıqlarını söyləmişdi (Fed.az - 2019). Lakin ABŞ-ın ticarət müharibələri, proteksionist siyasət aparmadığı dövrdə də Azərbaycanın üzvlüyü ilə bağlı proses sürətlənməyib. 

Azərbaycan hakimiyyətinin DTT-də iştiraka əhəmiyyət vermədiyi ortadadır. İ.Əliyev norma və qaydalar müəyyənləşdirən, bunların icrasına nəzarət edən beynəlxalq qurumlarda üzvlüyə soyuq yanaşır. O, şəriksiz idarəçiliyinin və müstəsna iradəsinin hər hansı şəkildə məhdudlaşdırılmasını qəbul etməyən, xarici iqtisadi əlaqələr də daxil olmaqla, ölkə ilə bağlı bütün məsələlərdə tək qərarverici rolunda çıxış edən tipik avtoritar liderdir.     

İkitərəfli ticarətdə Azərbaycan əleyhinə mənfi saldo rekordu 

Beynəlxalq ticarətdən danışarkən Azərbaycan-Çin ikitərəfli ticarətinə də diqqət yetirmək lazımdır. Çünki bu istiqamətdə ciddi dinamika müşahidə olunur. 

Belə ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollar təşkil edib (President.az - 21 aprel 2025). Ötən il Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb. Çin hazırda Azərbaycanın 4-cü böyük ticarət tərəfdaşıdır və ölkənin idxalında ilk dəfə 1-ci sıraya yüksəlib. Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına nəzər salarkən Azərbaycan və Çin arasındakı ticarətdə nə qədər böyük disbalansın olduğu görünür. 2024-cü ildə Azərbaycan Çindən 3 milyard 725 milyon dollarlıq idxal həyata keçirdiyi halda, bu ölkəyə ixracatı cəmi 19 milyon 700 min dollar kimi simvolik həcmdən ibarət olub. Çinə ixrac Azərbaycanın ümumi ixracının 0,07%-ni, Çindən idxal isə ümumi idxalın 17,69%-ni təşkil edib. Bu rəqəmlər qarşılıqlı ticarətdəki artımın tamamilə Çinin lehinə olduğunu ortaya qoyur (Customs.gov.az, 2024).

Azərbaycanın parlayıb-sönən BRİCS arzusu 

İki strateji tərəfdaşlıq sənədinin müqayisəli təhlili zamanı daha bir vacib məqam nəzərə çarpır. 2024-cü il Bəyannaməsində Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır (4.5-ci maddə). 2025-ci il Bəyanatında belə bir cümlə, ümumən BRICS haqqında heç nə yoxdur. Azərbaycan daha BRİCS-ə üzv olmaq istəmir. Bunu 2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra dövlətlərarası münasibətlərdə başlayan və hələ də davam edən problemlərlə, eləcə də, Trampın ABŞ prezidenti seçilməsindən sonra dəyişən geosiyasi şərait və Bakının Tramp Amerikası ilə yaxınlaşmağa meyllənməsi ilə izah etmək mümkündür. 

Baş tutmayan ŞƏT üzvlüyü

Hər iki sənədə əsasən, Çin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Hazırda Azərbaycan bu qurumda dialoq üzrə tərəfdaş statusuna malikdir və müşahidəçi statusu almaq üçün 2024-cü ildə təşkilata müraciət edib (Modern.az - 18 iyul 2024). Azərbaycan mediasında yayılan məlumatlara görə, ŞƏT-in Çindəki son toplantısında Hindistan Azərbaycanın təşkilata üzvlüyünə veto qoyub (Oxu.az – 1 sentyabr 2025). Hakmiyyətə çox yaxın APA agentliyi diplomatik mənbələrə istinadən xəbər yayıb ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiyanın rolu var. Mənbənin sözlərinə görə, Rusiya prosesdə Hindistanı irəli verib, özü arxa planda dayanıb (Apa.az – 5 sentyabr 2025). Bu məlumatlar Azərbaycanın tamhüquqlu üzvlük üçün ŞƏT-ə müraciət etdiyini göstərir. İndiyədək bu barədə hər hansı məlumata rast gəlinməyib və Azərbaycanın nə vaxt ŞƏT-ə müraciət etdiyi məlum deyil. 

Beləliklə, Çinlə strateji tərəfdaşlığa gedən, ABŞ (Qərb) hegemoniyasına qarşı alternativ qismində çıxış edən ŞƏT-ə qoşulmaq istəyən, hazırda münasibətlərdə probemlər yaşansa da, Rusiya ilə müttəfiqlik münasibətləri qurmuş Azərbaycan, indi də ABŞ-la strateji tərəfdaşlıq Xartiyası imzalamağa hazırlaşır və bu məqsədlə işçi qrup yaradılıb (President.az – 29 avqust 2025). Azərbaycan iqtidarı bu addımlarını çoxvektorlu xarici siyasət kimi təqdim edir. Həqiqətən bunu çoxvektorluluq kimi dəyərləndirmək olar, yoxsa günün şərtləri nəyi, hansı istiqamətə yönəlməyi diktə edirsə (xüsusən, iqtidar maraqları baxımından) hakimiyyət onu edir? Bu sualın cavabını başqa yazımızda axtarmağa çalışacağıq.    


İSTİNADLAR:

President.az, 2024. Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. https://president.az/az/articles/view/66389

Azertag.az,  aprel 2025.Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb. https://azertag.az/xeber/azerbaycan_respublikasi_ile_chin_xalq_respublikasi_arasinda_herterefli_strateji_terefdasliq_elaqelerinin_qurulmasi_haqqinda_birge_beyanat_imzalanib-3518335

Azərbaycan Respubklikası İqtisadiyyat Nazirliyi. Dünya Ticarət Təşkilatı və Azərbaycan. https://economy.gov.az/az/page/beynelxalq-elaqeler/umumdunya-ticaret-teskilati-wto-ve-azerbaycan

Azadliq Radiosu, 2021. Azərbaycan bu təşkilata üzv olsaydı. https://www.azadliq.org/a/utt-dunya-ticaret-ilham-eliyev/31524846.html 

TASS – 27 iyul 2015. Вступление стран бывшего СССР в ВТО. Досье. https://tass.ru/info/2145667

Vergiler.az – 12 fevral 2025. Prezident İlham Əliyev Azərbaycanın ÜTT-yə hələ də üzv olmamasının səbəblərini açıqlayıb. https://vergiler.az/news/official/33564.html

Fed.az - 2019. İlham Əliyev: «Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük vaxtı gəlib çatmayıb». https://fed.az/az/dovlet/ilham-eliyev-azerbaycanin-dunya-ticaret-teskilatina-uzvluk-vaxti-gelib-catmayib-70194

Customs.gov.az, 2024. Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası. https://customs.gov.az/uploads/foreign/2024/2024_12.pdf?v=1737520142

Modern.az - 18 iyul 2024. Azərbaycan ŞƏT-də müşahidəçi olmaq üçün müraciət edib. https://modern.az/dunya/479220/azerbaycan-shet-de-mushahidechi-olmaq-uchun-muraciet-edib/

Oxu.az – 1 sentyabr 2025. Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə növbəti dəfə veto qoydu. https://oxu.az/dunya/hindistan-azerbaycanin-set-e-uzvluyune-novbeti-defe-veto-qoydu

Apa.az – 5 sentyabr 2025. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib – EKSKLÜZİV https://apa.az/xarici-siyaset/azerbaycanin-sanxay-emekdasliq-teskilatina-uzvluyunun-bloklanmasinda-rusiya-da-yaxindan-istirak-edib-ekskluziv-915539

President.az – 29 avqust 2025. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında ANLAŞMA MEMORANDUMU https://president.az/az/articles/view/69974

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin