Giriş
Amerika Birləşmiş Ştatlarının vitse‐prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri başa çatdı. Bu səfər ABŞ‐Ermənistan, ABŞ‐Azərbaycan ikitərəfli əlaqələrinin inkişafında yeni mərhələni başlatmaqla, Vaşinqtonun regional geosiyasətdə rolunu gücləndirmək, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRİPP) layihəsi vasitəsilə bölgədə uzunmüddətli və qalıcı iştirakını təmin etmək baxımından tarixi əhəmiyyətlidir. C.D. Vensin bölgəyə gəlişi, apardığı danışıqlar və imzaladığı sənədlər 2025‐ci il avqustun 8‐də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə əldə olunmuş razılaşmaların icrasını sürətləndirəcək. Bu yazıda Cənubi Qafqaz ölkələrinin müstəqilliyi dövründə bölgəyə ABŞ yüksək vəzifəli nümayəndələrinin səfərlərinin tarixçəsinə, ABŞ‐ın dəyişən prioritetlərinə, ötən il Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün nəticələrinə, xüsusən TRİPP layihəsinin geosiyasi əhəmiyyətinə, ABŞ‐ın Cənubi Qafqaz siyasətindəki yeniliklərə, C.D. Vensin Ermənistanda və Azərbaycanda keçirdiyi görüşlərə, verdiyi açıqlamalara və əldə olunan anlaşmalara nəzər salınır.
SSRİ-nin squtundan sonra ABŞ Ali vəzifəli şəxslərinin Cənubi Qafqaza səfərlərinin səbəb və nəticələri
Avropanın periferiyası olan Cənubi Qafqaz qlobal geosiyasətdə mərkəzi rol oynamasa da, regionun diqqətdən kənarda qaldığını söyləmək də doğru olmaz. Ötən dövrdə ABŞ maraqları baxımından bölgənin əhəmiyyəti bəzən artıb, bəzən isə azalıb. Son vaxtlara qədər Vaşinqton bu bölgədə yalnız Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri qurmuşdu və avroatlantik inteqrasiya kursu seçmiş bu ölkə ilə ikitərəfli əməkdaşlığının səviyyəsi Azərbaycan və Ermənistanla münasibətlərini aşkar şəkildə üstələyirdi. Dənizə çıxışı olan mühüm tranzit məntəqə kimi Qərbin strateji tərəfdaşına çevrilmiş, demokratikləşmə istiqamətində naliyyətlər qazanmış, Avropa Birliyi ilə vizasız rejimə keçən və son olaraq üzvlüyə rəsmi namizəd statusu alan Gürcüstan regionun siyasi mərkəzi sayılırdı. Lakin demokratikləşmə, avrointeqrasiya sahəsində ciddi reqresin baş verdiyi Gürcüstanın hazırda Qərblə, o cümlədən ABŞ‐la münasibətləri qeyri‐müəyyənlik, hətta böhran mərhələsindədir, ABŞ vitse‐prezidentinin regiona gəldiyi halda Gürcüstanı öz səfər proqramına daxil etməməsi bununla bağlıdır.
Prezident Corc Buşun səfəri. ABŞ‐dan prezident səviyyəsində bölgəyə hələlik ilk və son səfər 2005‐ci ilin mayında olub və Corc Buş Gürcüstanı ziyarət edib. Onun səfərinin mühüm beynəlxalq və regional konteksti var idi, belə ki, 2003‐cü ilin martında ABŞ İraqa hərbi müdaxilə edərək Saddam Hüseyn diktaturasını devirmiş, həmin ilin noyabrında Gürcüstanda Saakaşvilinin liderliyi ilə “Qızılgül inqilabı”, bir il sonra isə Ukraynada “narıncı inqilab” baş vermişdi. Buş administrasiyası 2002‐ci il tarixli Milli Təhlükəsizlik Strategiyasında demokratiyanın qlobal miqyasda yayılmasını prioritet vəzifə elan etmişdi. Demokratiyaya sırf dəyər kimi deyil, terrorizmə qarşı mübarizədə və təhlükəsizliyin təmin olunmasında effektiv vasitə kimi baxılırdı. Buşun Saakaşvili ilə birlikdə Tbilisinin Azadlıq meydanındakı izdihamlı mitinqdə iştirakı və çıxışı tarixi hadisə idi. Onun “biz azadlığın Qara dənizdən Xəzərə, Fars Körfəzinə və başqa hüdudlara irəlilədiyi tarixi bir dövrdə yaşayırıq. Bu gün bütün Qafqazın və Orta Asiyanın, Orta Şərqin gənclərinin qəlbində azadlıq alovu yanır. Gənclər azadlıq tələb edir və onu alacaqlar!” sözləri regiondakı demokratik qüvvələri ruhlandırmışdı (“Amerikanın Səsi”, 2005). Lakin Azərbaycanda 2003‐cü ilin oktyabrında keçirilən prezident seçkilərindəki kütləvi saxtakarlıq və ardınca etirazların amansızlıqla yatırılması, müxaifətə qarşı başlayan repressiyalar Buşun sözləri və ABŞ‐ın demokratiyanı yayma strategiyası ilə ziddiyyət təşkil edirdi. Buş adminstrasiyası bütün qanunsuzluq və zorakılıqlara səssiz qalaraq İlham Əliyevi təbrik etmişdi. Çünki Azərbaycanla münasibətlərdə enerji və təhlükəsizlik prioritet istiqamətlər idi. 11 sentyabr terrorundan sonra Əfqanıstanda hərbi əməliyyatlara başlayan ABŞ Azərbaycanın logistik imkanlarına ehtiyac duyurdu. Tbilisi meydanındakı pafoslu nitqindən cəmi 3 il sonra ‐ 2008‐ci ilin avqustunda ABŞ Rusiyanın Gürcüstana hücumu və reformist Saakaşvili hökumətinin böhrana girməsinin qarşısını ala bilmədi.
Vitse‐prezident Dik Çeyninin səfəri. Gürcüstandakı qısamüddətli müharibədən 1 ay ötmədən, sentyabrın 3‐də ABŞ-ın vitse‐prezidenti Dik Çeyni Azərbaycana səfər edib. Səfər Rusiyanın hərbi müdaxiləsindən sonra Gürcüstandan keçən ixrac boru kəmərlərinin fəaliyyətinə, ümumən mühüm tranzit məntəqə kimi Gürcüstanın müstəqilliyinə yaranan təhdidlə əlaqədar idi. Söhbət təkcə Azərbaycanın enerji resurslarının Avropaya ixracına qarşı təhlükədən getmirdi. Cənubi Qafqaz Mərkəzi Asiyadan Avropaya Rusiya və İrandan yan keçən yeganə enerji yolu kimi Qərb üçün vacib idi və Gürcüstanın işğalı bu perspektivi bağlaya bilərdi. D.Çeyni İ. Əliyevlə birlikdə keçirdiyi mətbuat konfaransında bu mövzuda aşağıdakıları söyləmişdi: “Bu gün axşam apardığımız danışıqlar Rusiyanın Gürcüstan ərazisinə girdiyi bir zamanda baş tutur. Bu akt beynəlxalq birlik tərəfindən aydın şəkildə qınanıb. Bu baxımdan prezident Buş və mən Azərbaycan xalqına və bütün regiona aydın və sadə mesaj çatdırırıq: Birləşmiş Ştatlar bu regionda rifahın və təhlükəsizliyin tam bərqərar olunmasında dərindən və hərtərəfli maraqlıdır. Biz özümüz və beynəlxalq birlik üçün enerji təhlükəsizliyi məsələlərinin həllinə xüsusi əhəmiyyət veririk”. (AZƏRTAC, 2008). D.Çeyni Azərbaycandan sonra Gürcüstan və Ukraynaya səfər etmişdi.
Dövlət katibi Hillari Klintonun səfəri. 2010‐cu ilin iyulunda dövlət katibi Hillari Klinton Azərbaycan, Ermənistan və Gürcüstanda səfərdə olub. İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində xanım Klinton protokol xarakterli qısa çıxış edib, İ.Əliyev isə Qarabağ problemini önə çıkib (President.az, 2010). Bu səfər ABŞ‐ın səyləri ilə Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalandığı mərhələyə təsadüf etmişdi. Azərbaycan bu protokollara kəskin etiraz edirdi və Türkiyə ictimai rəyinə bu yöndə təsir göstərirdi. H.Klintonun səfəri protokolları xilas etməyə yetmədi. Amerikalı qonaq Bakıda açıq havada gənc fəallarla görüşmüş və qeyd etmişdi ki, ifadə azadlığı məsələsini Əliyevlə söhbətində qaldırıb və həbsdə olan gənc blogerlər Adnan Hacızadə və Emin Millinin məsələsini də müzakirə edib (BBC, 2010). Hər iki aktivist səfərdən dərhal sonra deyil, həmin ilin noyabrında azadlığa buraxıldı. Gürcüstanda ABŞ dövlət katibinin verdiyi və Rusiyaya ünvanlanan ən vacib bəyanat bu idi ki, ABŞ təsir sferalarını tanımır (Amerikanın Səsi, 2010). Amma Obama administrasiyası üçün Cənubi Qafqaz və ümumən postsovet məkanı prioritetlər arasında deyildi və 2014‐cü ildə Rusiyanın Krımı işğal‐ilhaq etməsinə qarşı adekvat reaksiyanın verilməməsi 2022‐ci ilin fevralında başlayan böyük müharibəyə zəmin hazırladı.
Hillari Klintonun ikinci səfəri. 2012‐ci ilin iyununda Hillari Klinton Avropa turnesi çərçivəsində bir daha Cənubi Qafqaza səfər edib. Bakıda onun Əliyevlə görüşündə əsas müzakirə mövzuları Dağlıq Qarabağ münaqişəsinin həlli, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi olub (President.az, 2012). H.Klinton Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisinə baş çəkib. O, xarici işlər nazri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfansında təhlükəsizlik, enerji və demokratiya məsələlərinin müzakirə olunduğunu vurğulayıb. Qarabağ münaqişəsinin ATƏT‐in Helsinki Yekun Aktı əsasında həllinə çalışacaqlarını bildirən H.Klinton insan haqları məsələsində Azərbaycan dövləti və xalqı ilə əməkdaşığı davam etdirəcəklərini söyləyib (Regionplus.az , 2012). Ritorikada demokratiya və insan haqlarından çox danışan Obama administrasiyanın yüksək səviyyəli təmsilçisi bu səfər zamanı Bakıda müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri ilə deyil, sadəcə hakimiyyətə yaxın gənclər təşkilatlarının nümayəndələri ilə görüşmüşdü. (BBC , 2012).
Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfəri. Regiona növbəti yüksək səviyyəli səfər Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibədən sonra gerçəkləşib. Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosi 2022‐ci il sentyabrın 17‐də Ermənistana gəlib. Məqsəd Ermənistanın təhlükəsizliyinə və yeni demokratik hökumətə dəstək idi. Pelosi Ermənistandakı “məxməri inqilab”ı demokratiyanın avtoritarizmlə qlobal mübarizəsində mühüm qələbə kimi qiymətləndirmişdi. Həmin dövrdə müharibə başa çatsa da, sərhəddə gərginlik davam edirdi və Pelosinin səfərindən bir neçə gün əvvəl, 13‐15 sentyabrda Ermənistan tərəfdən 135, Azərbaycan tərəfdən 77 əsgərin ölümü ilə nəticələnən döyüşlər baş vermişdi. N.Pelosi Yerevanda keçirdiyi mətbuat konfransında sərhəddəki insidentə görə Azərbaycanı ittiham etmiş və onun bu mövqeyi Bakıda kəskin etirazla qarşılanmışdı. Nensi Pelosi Rusiyanı Ermənistan üçün etibarsız müttəfiq adlandırsa da, onu müşayiət edən Konqresin erməni qrupunun üzvü Frenk Pallone Ermənistanın Rusiyanın təhlükəsizlik sisteminə aid olmasını anladıqlarını və bunu dəyişməyə çalışmadıqlarını vurğulamışdı (Eurasianet, 2022).
907‐ci Düzəlişin qısamüddətli bərpası
ABŞ‐ın Əfqanıstandakı missiyası başa çatdıqdan sonra prezident Co Bayden 2024‐cü ildən “Azadlığa Dəstək Aktı”na 907‐ci Düzəlişin icrasını dayandırmadı və bununla sanksiya qüvvəyə mindi (AZERTAC, 2026). Azərbaycana dövlət yardımlarını qadağan edən bu Düzəliş Konqres tərəfindən 1992‐ci ildə qəbul olunub. 2001‐ci il 11 sentyabr terrorundan sonra Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac yarandığı üçün ABŞ prezidentləri Düzəlişin icrasına moratorium qoymaq səlahiyyətlərindən istifadə edirdilər. 2025‐ci il 8 avqust tarixli Vaşinqton görüşü zamanı prezident Tramp Düzəlişin icrasını yenidən dayandırıb.
ABŞ Cənubi Qafqaza nüfuz edir, Rusiya Ermənistandan sıxışdırılır
Vaşinqton görüşündə Tramp, Əliyev və Paşinyanın imzaladığı Birgə Bəyannamə ilə Azərbaycan və Ermənistan düşmənçilik səhifəsinin bağlandığını, sülh və əməkdaşlıq mərhələsinə başlandığını, gələcəkdə hər hansı qisas cəhdini tam istisna etdiklərini bildirərək, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasının əhəmiyyətini təsdiqləyiblər (Report, 2025). Bu, tarixi manifestdir. Bəyannamənin geosiyasi əhəmiyyəti sırf onun mətnində yazılanlarla məhdudlaşmır. Bu sənəd Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020‐ci il tarixli Bəyanatla əsası qoyulmuş üçtərəfli regional əməkdaşlıq mexanizmini faktiki, dayandıraraq ABŞ‐ın liderliyi ilə yeni konfiqurasiyanın qurulmasını ehtiva edir.
TRİPP ABŞ administrasiyası tərəfindən kommersiya layihəsi kimi təqdim edilsə də, burada geosiyasi kontekstin olması, hətta geosiyasətin kommersiyadan daha çox önə çıxması inkarolunmaz gerçəklikdir. Azərbaycanı onun Naxçıvan eksklavı, eləcə də Türkiyə ilə əlaqələndirəcək, eyni zamanda Orta Dəhlizin bir hissəsi olacaq TRİPP ABŞ‐ın azı 49 illik müddətə (sonradan daha 50 il uzadıla bilər) bölgəyə yerləşməsi deməkdir. Bu ilin yanvarında Vaşinqtonda dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən layihənin həyata keçirilməsi üzrə çərçivə sazişinin imzalanması ABŞ‐ın bu quru keçidinə verdiyi önəmi və onun tezliklə rellaşmasında marağını göstərir (State.gov, yanvar 2026). Sazişə əsasən layihənin icrası üçün səhmlərinin 74 faizinə ABŞ, 26 faizinə Ermıənistanın sahib olacağı şirkət ‐ “TRIPP Development Company” yaradılacaq.
Rusiyanın gedən qatarın son vaqonuna özünü çatdırmaq cəhdi
Moskvanın öz maraq zonası hesab etdiyi bölgəyə ABŞ‐ın iqtisadi‐kommersiya əməkdaşlığı adı ilə müdaxiləsi və daimi əsasda yerləşməsi sözsüz ki, Rusiyanın mövqelərinə zərbədir. Məlumdur ki, bu nəqliyyat kommuniksiyasını Rusiya öz nəzarətinə götürmək istəyirdi və 10 noyabr Bəyanatına görə, orada nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcəkdi. Amma indi 2 ölkə ABŞ‐la birlikdə sanki bu Bəyanat mövcud deyilmiş kimi hərəkət edir. ABŞ‐ın Ermənistandan keçən kommunikasiyaya uzunmüddətli nəzarəti bu ölkə üçün qeyri‐rəsmi təhlükəsizlik təminatı rolunu oynayacaq. Sonrakı mərhələlərdə Ermənistandakı Rusiya hərbi bazasının və sərhədçilərinin çıxarılması məsələsi gündəmə gələ bilər. Bu, Moskva üçün ciddi siqnaldır. Tramp administrasiyası ilə münasibətlərini gərginləşdirmək istəməyən Rusiyanın bu prosesə qarşı hər hansı pozucu addımları müşahidə olunmur. Görünən odur ki, Moskva “qarşısını ala bilmirsənsə, iştirakçısı ol” prinsipinə uyğun olaraq TRİPP layihəsində yer almağa cəhd edir. Ermənistan dəmir yolu şəbəkəsinin 2038‐ci ilə qədər “Rusiya Dəmir Yolları”nın törəmə şirkətinin idarəçiliyində olacağını, İran‐Ermənistan sərhədində Rusiya sərhədçilərinin dayandığını xatırladan Rusiya XİN “TRİPP bizsiz mümkün deyil” mesajını verməklə layihədə iştirak niyyətlərini ifadə edib (News.am, 2026). Lakin Ermənistan tərəfi Rusiyanın bu istəyinə müsbət yanaşmayıb. Parlamentin sədri Alen Simonyan layihəni həyata keçirəcək birgə ABŞ‐Ermənistan şirkətində Rusiyanın iştirakını təsəvvür etmədiklərini vurğulayıb (News.am, 2026).
C.D. Vensdən Ermənistana atom energetikası və süni intellekt yatırımları vədi
Hələ Trampın öz vəzifəsinin icrasına başlamasından öncə ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. O zaman Azərbaycan hakimiyyətinə yaxın mediada belə təbiğat aparılırdı ki, bu sənəd “ermənipərəst” Bayden administrasiyasının təşəbbüsüdür və Tramp gəldikdən sonra lazımsız kağız parçasına çevriləcək. Nəinki belə olmadı, hətta Tramp administrasiyasının Ermənistana demokrat administrasiya ilə müqayisədə daha konkret və praktik dəstək verdiyi ortadadır. 2025‐ci il 8 avqust görüşündə Tramp və Paşinyanın imzaladığı ikitərəfli sənədlərin əhatə dairəsi genişdir. Tərəflər Paşinyanın “Sülhün kəsişməsi” layihəsinin potensialının artırılmasında tərəfdaşlığa dair; Enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq haqqında; Yarımkeçiricilər və biotexnologiyalar sahəsində innovasion tərəfdaşlıq haqqında anlaşma memorandumları imzalayıblar (Armenia Report, 2025).
Ötən ilin noyabrında elan olunub ki, Ermənistan hökuməti və ABŞ‐ın “Firebird” texnoloji şirkəti ölkədə böyük süni intellekt data mərkəzinin yaradılması layihəsinə başlayır. Layihəyə ilkin investisiya 500 milyon dollar təşkil edəcək. İşlərin birinci mərhələsinin 2026-cı ildə başlaması planlaşdırılır. Mərkəz yüksək performanslı Dell PowerEdge serverləri və NVIDIA Blackwell qrafik prosessorları ilə təchiz olunacaq (Mir24.tv, 2025). ABŞ hökuməti bu məqsədlə Ermənistana NVİDİA çiplərinin ixracına icazə verib (Armenia Today, 2025).
İki ölkə arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair saziş də hazırlanır. Vitse‐prezident C.D. Vens və baş nazir Nikol Paşinyan Yerevanda bu saziş üzrə danışıqların başa çatması haqqında Bəyanat imzaladılar. Vens bildirdi ki, saziş ABŞ və Ermənistan şirkətləri tərəfindən böyük layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaq. ABŞ bu sahəyə əvvəlcə 5 milyard, daha sonra 4 milyard dollara qədər investisiya cəlb etməyi, Ermənistana modul tipli nüvə reaktorları, nüvə yanacağı və müvafiq xidmətlər ixrac etməyi planlaşdırır. Vens Ermənistanın ABŞ texnologiyalarının ixrac ediləcəyi nadir ölkələrdən biri olduğunu və bunun Paşinyanın liderliyi sayəsində baş verdiyini xüsusi vurğulayıb (Armenpress, fevral 2026). Qeyd etmək lazımdır ki, bu sahədə əməkdaşlıq strateji xarakter daşıyır və Ermənistanı Rusiyanın asılılığından çıxarmağa yönəlib. Ermənistanın elektrik enerjisi ehtiyacının təxminən 40 faizini təmin edən, 1969-1977-ci illərdə inşa edilmiş və Rusiyanın “Rosatom” dövlət şirkəti ilə birgə istismar edilən Metsamor AES artıq köhnəlib və onun istismarı riskli sayılır. Paşinyan hökuməti tədricən bu AES-in fəaliyyətini məhdudlaşdıraraq modul tipli müasir nüvə stansiyalarına keçid etmək istəyir (Finobzor.ru, fevral 2026).
Bundan başqa, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa da start verilib və Ermənistana V-BAT tipli kəşfiyyat dronlarının satışı haqqında razılıq əldə edilib (News.am, fevral 2026).
Paşinyana seçkiqabağı dəstək
ABŞ vitse‐prezidentinin Ermənistana səfərini parlament seçkiləri ərəfəsində Paşinyan hökumətinə açıq dəstək kimi də şərh etmək mümkündür. Vens Yerevandakı çıxışlarında Paşinyana simpatiyalarını gizlətmədi və bu əməkdaşlığın onun liderliyi sayəsində baş tutduğunu xüsusi vurğuladı. Erməni xalqı 7 iyun seçkilərində bölgədə sülhün təmin olunmasında böyük rolu olan, Azərbaycan və Türkiyə ilə əlaqələri yoluna qoyan, ölkəni sülh və əməkdaşlıq istiqamətində aparan, xarici siyasətdə böyük uğurlar qazanan, Ermənistana investisiyalar cəlb edən indiki hökumətlə qeyri-müəyyənik arasında seçim edəcək.
Azərbaycan‐ABŞ strateji tərəfdaşlığı elan edildi
Ötən il Vaşinqtondakı üçtərəfli görüşdə ABŞ və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb (AZERTAC, 2025). Memoranduma əsasən iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay müddətində hazırlanması üçün işçi qrupu yaradılıb. Vensin səfəri məhz 6 aylıq müddətin tamamlandığı vaxtda gerçəkləşdi. İki ökə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı (Report, fevral 2026).
Sənəddə ikitərəfli əməkdaşlıq istiqamətləri 3 bölmə üzrə qruplaşdırılıb :
- Regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit;
- İqtisadi sərmayələr, o cümlədən süni intellekt (AI) və rəqəmsal infrastruktur;
- Təhlükəsizlik.
İki ölkə arasında mülki nüvə əməkdaşlığını dərinləşdirmək; Kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək; Müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək (ABŞ Azərbaycana katerlər göndərəcək) niyyətinin ifadə olunmasını Xartiyanın vacib məqamları kimi qeyd etmək olar. Bundan başqa, tərəflər iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, müxtəlif əməkdaşlıq sahələri üzrə işçi qrupları yarada bilər. Amma ümumən Xartiyada hansısa inqilabi yenilik yoxdur və niyyət protokoluna daha çox oxşayır.
Demokratiya və insan haqları məsələsi
Keçiirlən birgə mətbuat konfransında C.D. Vensin “belə başa düşürəm ki, Azərbaycanın birinci vitse-prezidenti prezidentin həyat yoldaşıdır, ümid edirəm ki, bu, bizim ikinci xanım üçün ideya olmaz” replikası səfərin yaddaqalan anlarından biri kimi tarixə düşdü. Zarafatla, yaxud ciddi deyilməsindən asılı olmayaraq, bu sözlər Azərbaycanda sülalə rejiminin hökm sürdüyünə aydın işarədir.
Səfərdən öncə demokrat konqresmen Jim McGovern vitse-prezident Vensə məktub ünvanlayaraq onu Azərbaycandakı siyasi məhbusların azad olunması məsələsini gündəmə gətirməyə çağırıb. Konqresmen qeyd edib ki, Azərbaycan hakimiyyəti son illər jurnalistlərə, müxalif fəallara və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqləri artırıb. Bundan başqa, demokrat senatorlar Jeanne Shaheen və Chris Van Hollen də Di Vensə müraciət edərək onu “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadənin və "Amerikanın Səsi"nin keçmiş əməkdaşı Ülviyyə Əlinin azadlığa çıxmasını tələb etməyə çağırıblar. "Freedom House" beynəlxalq insan haqları təşkilatı da analoji çağırışla çıxış edib (Operativtv, fevral 2026)
İlham Əliyevlə qapalı görüşdə Vensin bu mövzunu gündəmə gətirib-gətirmədiyi məlum deyil. Hazırkı administrasiya elan etdiyi Milli Təhlükəsizlik Strategiyasında demokratiyanın qlobal miqyasda yayılması missiyasından imtina edib. Strategiyada yazılıb ki, ABŞ dünya ölkələrinə onların ənənələri və tarixlərindən fərqlənən demokratik və ya sosial dəyişikliklər qəbul etdirməyə çalışmayacaq. Müsəlman ölkəsi Azərbaycana məhz bu cür yanaşıldığını söyləmək olar. Buna rəğmən Azərbaycanın müxalif çevrələrində kövrək ümidlər var ki, diktaturanın hökm sürdüyü və Rusiyanın satelliti olan Belarusla dialoqda siyasi məhbusların buraxılmasına nail olan ABŞ Azərbaycanla dialoqda da bu məsələni qaldıra bilər.
NƏTİCƏ
İlk növbədə onu qeyd etmək lazımdır ki, Tramp administrasiyası öz xarici siyasətində və xarici iqtisadi əlaqələrində dövlət bürokratiyasını qismən kənarlaşdıraraq sürətlə hərəkət edir. Uzun-uzadı diplomatik danışıqlar və dəftərxana işləri onların iş prinsiplərinə yaddır. Bu baxımdan altı ay əvvəl razılaşdırılmış məsələlərin operativ reallaşmağa başladığını görürük.
İkincisi; ABŞ-ın Cənubi Qafqazda rahat hərəkət etməsi göstərir ki, Trampın dünyanın nüfuz dairələrinə bölünməsinə tərəfdar olduğu və Putinlə bu məsələ ətrafında alver aparacağı (“Yalta 2.0” prosesi) barədə deyilənlər əsassızdır. Məlumdur ki, tarixən Rusiyanın cənub-qərb sərhədlərinin təhlükəsizliyi baxımından mühüm rola malik olan bölgənin Moskva üçün strateji əhəmiyyəti böyükdür. Şimal-Cənub nəqliyyat dəhlizi buradan keçir. Vaxtilə Rusiya İmperiyası Osmanlı və Qacar dövlətləri ilə müharibələr apararaq, çoxlu resurslar sərf etməklə buranı nəzarətə götürmüşdü və bu nəzarət SSRİ dövründə davam etdi. Sovet dövlətinin çöküşündən sonra Rusiya hər 3 bölgə ölkəsini etnik ərazi-konfliktlərinə cəlb edərək, onları öz nəzarətində saxlamağa çalışıb, bəzi mərhələlərdə hələ dövlət institutlarının oturuşmadığı bu ölkələrin daxilində müxtəlif təxribatlar da törədib. 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı müharibənin yekununda Rusiyanın patronajlığı ilə imzalanan üçtərəfli Bəyanat Moskvanın regional maraqlarının qorunmasına xidmət edirdi. Lakin ABŞ-ın bu məqamlara, Rusiyanın həssaslıqlarına məhəl qoymadan hərəkət etməsi göz önündədir. Bu, o demək deyil ki, Tramp hökuməti məqsədyönlü antirusiya siyasəti aparır. Əksinə, Tramp ritorik səviyyədə Putin haqqında əsasən müsbət tonda danışır, Rusiyanın maraqlarına hörmətini ifadə edir və bu ölkə ilə əməkdaşlığı inkişaf etdirmək istədiyini bildirir. ABŞ Milli Təhlükəsizlik Strategiyasında son 10 illik analoji sənədlərdən fərqli olaraq, Rusiya rəqib (düşmən) kimi klassifikasiya edilmir və onun ünvanına hər hansı tənqidi mülahizə yoxdur. Lakin praktikada Trampın bəzi xarici siyasət qərarları, Cənubi Qafqazla yanaşı, Suriya, Venesuela və İranla bağlı siyasəti Rusiyanın qlobal və regional maraqları ilə ziddiyət təşkil edir. Diqqəti cəlb edən məqamlardan biri budur ki, Moskvadan ABŞ-ın ünvanına rəsmi səviyyədə sərt etirazlar yox, ara-sıra cılız tənqidlər eşidilir. Çünki Putin rejimi Trampla münasibətlərdə gərginlik yaratmaqdan ehtiyatlanır. Bu, iki böyük dövlət arasındakı güc disbalansından irəli gəlir.
Üçüncüsü; Azərbaycanın uzun illərdir ABŞ demokratlarının ermənipərəstliyi haqqında apardığı təbliğatın əksinə olaraq, respublikaçıların Ermənistana dəstək məsələsində daha real siyasət yeritdiyi ortadadır. SSRİ-nin dağılmasından 34 il keçir və bu müddətin 20 ili demokrat administrasiyaların (B.Klinton, B.Obama, C.Bayden) idarəçiliyinə təsadüf edib. Lakin həmin müddətdə ABŞ tərəfindən Ermənistana ciddi iqtisadi, maliyyə, sərmayə və ya hərbi dəstək verilməyib. Ona görə ki, Ermənistana Rusiyanın təsir sferasında olan məntəqə kimi baxılıb və N.Pelosinin səfəri zamanı konqresmen F.Pallonenin dedikləri də bunu təsdiqləyir. Trampın ikinci prezidentliyi regionun postkonflikt dövrünə daxil olması ilə üst-üstə düşsə də, hələ gərginlik davam edirdi və zaman-zaman sərhəddə silahlı toqquşmalar baş verirdi. Prezident Əliyev Zəngəzur dəhlizinin zorla da olsa açılacağını bəyan edirdi və tarixi torpaqlar tematikası Azərbaycanın rəsmi və hakimiyyətə yaxın mediasında populyar idi. Rejim əhalini bu mövzularla manipulyasiya edirdi və Ermənistanla dialoqda güc mövqeyindən çıxış edərək tezliklə sülh müqaviləsi imzalamaqda maraqlı görünmürdü. Tramp bütün bunlara son qoydu, Zəngəzur dəhlizi ilə bağlı mübahisələr bağlandı və bu məsələ tamamilə ABŞ-Ermənistan ikitərəfli əməkdaşlığının bir istiqamətinə çevrildi. Məhz ABŞ-ın təsiri ilə Bakı bəzi erməni məhbusları azad etmək, Ermənistanla iqtisadi kooperasiyaya başlayaraq ona yanacaq göndərmək kimi daxildə populyar olmayan addlmlara getməyə məcbur oldu. Bu tip addmlar davam edəcək. Cey Di Vensin Ermənistanı “xristian tarixi və mədəniyyətinin təməli” adlandırması, “erməni soyqırımı” memorial kompleksini ziyarət etməsi faktları da, Azərbaycan mediasında gözardı edilməsinə baxmayaraq, mövcud administrasiyanın Ermənistana və erməni xalqına isti baxşını ortaya qoyur (Pastinfo.am, fevral 2026).
Dördüncüsü; Ermənistanla imzalanan sənədlərin əhəmiyyəti və strateji çəkisi daha yüksəkdir. Yarımkeçiricilər və süni intellekt, nüvə energetikası kimi strateji sahələrdə Ermənistanla tərəfdaşlıq və bu ölkəyə texnologiya ixracı barədə qərarlar çox mühümdür. C.D. Vens Yerevanda xüsusi vurğuladı ki, ABŞ hər ölkə ilə əlaqələrində bu cür addımlara getmir.
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı isə hələ yeni başlayır və imzalanmış Xartiya vacib olsa da, ikitərəfli əlaqələrdə radikal keyfiyyət dəyişikliyi vəd etdiyini söyləmək mümkün deyil.
İSTİNADLAR:
“Amerikanın Səsi”, 2005. Выступление президента Джорджа Буша на Площади Свободы в Тбилиси. https://www.golosameriki.com/a/a-33-2005-05-10-voa3/627176.html
AZƏRTAC, 2008. Azərbaycan prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Dik Çeyninin görüşü. https://azertag.az/xeber/azerbaycan_prezidenti_ilham_eliyevin_ve_abs_in_vitse_prezidenti_dik_cheyninin_gorusu-417475
President.az, 2010 İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir. https://president.az/az/articles/view/348
BBC, 2010. Hillari Klinton Bakıda ikən gənc fəallarla görüşüb. https://www.bbc.com/azeri/news/story/2010/07/100704_genc
President.az, 2012.İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir. https://president.az/az/articles/view/5152
Amerikanın Səsi, 2010. К итогам визита госсекретаря Клинтон в Грузию. https://www.golosameriki.com/a/clinton-visit-georgia-2010-07-05-97810194/251828.html
Regionplus.az , 2012. Южный Кавказ в поле внимания США. https://regionplus.az/ru/articles/view/2722
BBC , 2012. ABŞ Dövlət Katibi Hillari Klinton Bakıya gəlib. https://www.bbc.com/azeri/azerbaijan/2012/06/120606_hillary_clinton_azerbaijan
Eurasianet, 2022. Армения: визит одной из главных фигур американского Конгресса порождает надежду на помощь США. https://russian.eurasianet.org/%D0%B0%D1%80%D0%BC%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%B2%D0%B8%D0%B7%D0%B8%D1%82-%D0%BE%D0%B4%D0%BD%D0%BE%D0%B9-%D0%B8%D0%B7-%D0%B3%D0%BB%D0%B0%D0%B2%D0%BD%D1%8B%D1%85-%D1%84%D0%B8%D0%B3%D1%83%D1%80-%D0%B0%D0%BC%D0%B5%D1%80%D0%B8%D0%BA%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%BE%D0%B3%D0%BE-%D0%BA%D0%BE%D0%BD%D0%B3%D1%80%D0%B5%D1%81%D1%81%D0%B0-%D0%BF%D0%BE%D1%80%D0%BE%D0%B6%D0%B4%D0%B0%D0%B5%D1%82-%D0%BD%D0%B0%D0%B4%D0%B5%D0%B6%D0%B4%D1%83-%D0%BD%D0%B0-%D0%BF%D0%BE%D0%BC%D0%BE%D1%89%D1%8C-%D1%81%D1%88%D0%B0
AZERTAC, 2026. Президент: Приостановление отмены 907-й поправки показывает степень неблагодарности администрации Байдена-Блинкена. https://azertag.az/ru/xeber/prezident_priostanovlenie_otmeny_907_i_popravki_pokazyvaet_stepen_neblagodarnosti_administracii_baidena_blinkena-3951595
Report, 2025. İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb. https://report.az/xarici-siyaset/ilham-eliyev-donalda-tramp-nikol-pasinyan-ucterefli-sened-imzalayib
State.gov, yanvar 2026. Joint Statement on the Publication of the U.S.-Armenia Implementation Framework for the Trump Route for International Peace and Prosperity (TRIPP). https://www.state.gov/releases/office-of-the-spokesperson/2026/01/joint-statement-on-the-publication-of-the-u-s-armenia-implementation-framework-for-the-trump-route-for-international-peace-and-prosperity-tripp/
News.am, 2026. МИД РФ о проекте TRIP: Очевидно, что без России партнерам не обойтись. https://news.am/rus/news/929673.html
News.am, 2026. Спикер парламента Армении не представляет себе участие России в TRIPP. https://news.am/rus/news/929681.html
Armenia Report, 2025. Опубликованы меморандумы о взаимопонимании, подписанные между Республикой Армения и США. https://www.armenianreport.com/ru/pubs/424824/
Mir24.tv, 2025. В Армении создадут крупный AI-центр на $500 млн при участии компании Firebird и NVIDIA. https://am.mir24.tv/news/16652634/v-armenii-sozdadut-krupnyj-ai-centr-na-dollar500-mln-pri-uchastii-kompanii-firebird-i-nvidia
Armenia Today, 2025. США разрешили Firebird экспортировать чипы Nvidia в Армению для строительства суперкомпьютера. https://armeniatoday.am/science-and-technology-ru/991579/
Armenpress, fevral 2026. Вэнс заявил о возможности инвестирования до 9 млрд долларов в область гражданской атомной энергетики. https://armenpress.am/ru/article/1241673
Finobzor.ru, fevral 2026. Армения вскоре сменит российский атом на американский. https://finobzor.ru/140323-armenija-vskore-smenit-rossijskij-atom-na-amerikanskij.html
News.am, fevral 2026. Армения приобрела боевые БПЛА у США — Пашинян раскрыл подробности. https://news.am/rus/news/929556.html
AZERTAC, 2025. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında ANLAŞMA MEMORANDUMU. https://azertag.az/xeber/azerbaycan_respublikasi_ile_amerika_birlesmis_statlari_arasinda_strateji_terefdasliq_xartiyasinin_hazirlanmasi_meqsedile_strateji_ischi_qrupunun_yaradilmasi_haqqinda_azerbaycan_respublikasi_hokumeti_ve_amerika_birlesmis_statlari_hokumeti_arasinda_anlasma_memorandumu-3720827
Report, fevral 2026. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb . https://report.az/xarici-siyaset/azerbaycanla-abs-arasinda-strateji-terefdasliq-xartiyasi-imzalanib
Operativtv, fevral 2026. ABŞ senatorları Vensi Fərid Mehralızadəyə azadlıq tələb etməyə çağırırlar. https://www.operativtv.com/abs-senatorlari-vensi-frid-mehralizady-azadliq-tlb-etmy-cagirirlar.html
Pastinfo.am, fevral 2026. Вэнс: Армения - древнейшая христианская страна в мире, истинная основа христианской цивилизации и культуры. https://pastinfo.am/ru/news/2026/02/10/%D0%92%D1%8D%D0%BD%D1%81-%D0%90%D1%80%D0%BC%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%B4%D1%80%D0%B5%D0%B2%D0%BD%D0%B5%D0%B9%D1%88%D0%B0%D1%8F-%D1%85%D1%80%D0%B8%D1%81%D1%82%D0%B8%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F-%D1%81%D1%82%D1%80%D0%B0%D0%BD%D0%B0-%D0%B2-%D0%BC%D0%B8%D1%80%D0%B5-%D0%B8%D1%81%D1%82%D0%B8%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D0%BE%D1%81%D0%BD%D0%BE%D0%B2%D0%B0-%D1%85%D1%80%D0%B8%D1%81%D1%82%D0%B8%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%BE%D0%B9-%D1%86%D0%B8%D0%B2%D0%B8%D0%BB%D0%B8%D0%B7%D0%B0%D1%86%D0%B8%D0%B8-%D0%B8-%D0%BA%D1%83%D0%BB%D1%8C/1958216