7 iyl 2025

Avtoritar Rusiyada Kollektiv Yaddaşın İdeoloji İstismarı: Nəzəri traktat

Avtoritar Rusiyada Kollektiv Yaddaşın İdeoloji İstismarı: Nəzəri traktat

Giriş

Bu analiz kollektiv yaddaşın daxili siyasəti homogenləşdirmək və onu total şəkildə nəzarət altına almaq, yəni bu homogenləşdirməni tənqid edənləri susdurmaq məqsədilə necə alətə çevrildiyini Rusiyanın avtoritar siyasi rejimi kontekstində araşdırır. Mövcud avtoritar rejimlər və illiberal demokratiyalar tez-tez anti-kolonial ritorikadan öz geosiyasi maraqlarını irəli aparmaq üçün istifadə edirlər, lakin bu ritorikanın içərisində, suveren ərazilərində baş verən insan zərərinə necə yanaşacaqları barədə aydın və sistematik baxış təqdim edilmir. Bu, xüsusilə narahatedicidir, çünki sistematik səviyyədə davam edən korrupsiya və struktur bərabərsizliklər əhali arasında, xüsusilə də həssas qruplar arasında insan zərərinə yol açır. (Young 2024)

Bundan əlavə, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlara və müstəqil medianın fəaliyyətinə qarşı sistemli basqılar bu riskləri daha da artırır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Azərbaycana səfəri zamanı verdiyi açıq və dolayı bəyanatlarda bu tip təşkilatlar və media qurumları “sistemxarici müxalifət qüvvələri” və “beynəlxalq terror təşkilatları” kimi təqdim olunur. Onun ritorikasında bu qüvvələrin xarici xüsusi xidmət orqanları tərəfindən cəmiyyətin sosial-siyasi sabitliyini pozmaq məqsədilə istifadə edildiyi vurğulanır. Bu yanaşma Rusiyada və Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində çalışan qurumların iflic vəziyyətinə salınmasına gətirib çıxarır və əhalinin həssas təbəqələrini dəqiq və real müdafiədən məhrum edir. (Ingvarsson və Kalinina 2024; Human Rights Watch 2024; “Служба Внешней Разведки Российской Федерации.” 2024)

 Khar Center bu analizdə kollektiv yaddaşı formalaşdıran tarixi yazılardan qaynaqlanan narrativlərin Rusiya avtoritar hakimiyyəti tərəfindən tənqidçilərin “Qərb güclərinin agentləri” kimi demonizasiya edilməsində necə istifadə olunduğunu göstərməyi hədəfləyir.

Kollektiv Yaddaş və Rusiyanın Sxematik Narrativ Şablonu: Nəzəri Bünövrələr

Kollektiv yaddaşın nəzəri əsaslarını dərindən anlamaq üçün ilk növbədə fransız filosofu və sosioloqu Moris Halbvaksın (Maurice Halbwachs) yazılarını araşdırmaq məqsədəuyğundur. Halbvaksın Durkheimçi intellektual ənənədən gələn nəzəriyyəsi kollektiv yaddaş anlayışının elmə sistemli şəkildə daxil olmasında əsas rol oynayıb. Halbvaksın əsas tezislərindən biri budur ki, fərdi yaddaş sosial mühitin ona yüklədiyi mənaya bağlıdır. Bu ideyanı izah etmək üçün onun “Les Cadres Sociaux De La Mémoire” (Yaddaşın Sosial Çərçivələri) adlı əsərinə müraciət etmək faydalıdır. (Halbwachs 1925, 53)

Halbvaks burada uşaqlıqda çox sevdiyimiz bir kitabı illər sonra yenidən oxuduğumuz zaman keçirdiyimiz hissləri misal gətirir. Yenidən oxuyarkən həmin kitab bizə əvvəldən tanış olmayan bir əsər kimi gələ bilər, bəzən bəzi hissələrin çatmadığını, bəzən isə əlavə olduğunu düşünə bilərik. (Halbwachs 1925, 46) Halbvaks bu dəyişən qavrayışları yaddaşın sosial və zamansal kontekstdən asılı olaraq daim lokalizasiya olunması ilə izah edir. (Halbwachs 1925, 52-53) Bu isə yaddaşın mənalarının daim dəyişən və kontekstual olduğunu göstərir.

Müasir dövrdə bu sahə üzrə çalışan alimlər kollektiv yaddaşın artıq yalnız psixologiya ilə məhdudlaşmadığını, əksinə, çoxşaxəli bir sahəyə çevrildiyini və onun milli kimliklərin formalaşmasında, millətçiliyin yüksəlişində və müxtəlif sosial hərəkatların yaranmasında mühüm rol oynadığını vurğulayırlar. Məsələn, amerikalı psixoloq və mədəniyyət antropoloqu Ceyms V. Verç (James V. Wertsch) kollektiv yaddaşın sosio-mədəni aspektlərinə dair apardığı tədqiqatlarla bu sahəyə mühüm töhfə verib.

Verç, Cerom Bruner, Lev Vıqotski və Mixail Baxinin fikirlərindən çıxış edərək göstərir ki, “mətn resursları” adlandırılan narrativ formalar kollektiv yaddaşı təşkil edir və dövlətlər bu mətn resurslarının istehsalı və qəbulu üzərində hegemon nəzarətə malikdir (Wertsch 2008, 122). Verçin araşdırmaları göstərir ki, dövlətlər bu nəzarət vasitəsilə kütləni səfərbər etmək üçün kollektiv yaddaşdan istifadə edir.

Verç narrativləri iki kateqoriyaya ayırır: (i) spesifik narrativlər və (ii) sxematik narrativ şablonlar (Wertsch 2008, 122-123). Spesifik narrativlər konkret tarixi epizodları əhatə etdiyi halda, sxematik narrativ şablonlar bu epizodların strukturlaşdırılması və təhlilində ümumi modelləri anlamağa imkan verir. O, rus folklorşünası Vladimir Propp-un “təkrarlanan sabitlər” anlayışını və psixoloq Bartlett-in “sxema” anlayışını birləşdirərək sxematik narrativ şablon konsepsiyasını formalaşdırır (Wertsch 2008, 124).

Verçin bu nəzəriyyə əsasında Rusiya üçün müəyyən etdiyi və tarixi mənbələrin diskursiv təhlili və müsahibələrin empirik nəticələrinə əsaslanaraq formalaşdırdığı sxematik şablon “xarici düşmənin qovulması” modelidir. Bu şablon aşağıdakı kimidir:

  • Başlanğıc vəziyyət: Rusiya sülh içində yaşayır və heç kimin işinə qarışmır.
  • Problem yaranır: Xarici düşmən qəfil və hiyləgər şəkildə Rusiyaya hücum edir.
  • Hər şeyin itirilməsi təhlükəsi: Düşmən Rusiyanı tamamilə yox etməyə çalışır.
  • Möcüzəvi qələbə: Çətinliklərə rəğmən, Rusiya təkbaşına qəhrəmanlıq göstərərək düşməni qovur və qalib gəlir (Wertsch 2008, 131).

Verç qeyd edir ki, bu şablon Rusiya kollektiv yaddaş ənənəsinin üzvlərinin real təcrübələrindən qidalanır; lakin bu model Rusiyada keçmiş hadisələrin mənalandırılması üçün hegemon formada istifadə edilir (Wertsch 2008, 132).

Bu sxematik narrativ şablonlar mürəkkəb sosial prosesləri sadələşdirərək yaxşı/pis, qurban/təcavüzkar kimi mənəvi ikiliklər formasında təqdim etdiyinə görə, siyasi elitalar bu vasitədən ictimai rəyi yönləndirmək və tənqidçiləri susdurmaq üçün effektiv şəkildə istifadə edə bilirlər. Bu əsasda məqalədə irəli sürülən arqument ondan ibarətdir ki, kollektiv yaddaş yalnız siyasi gündəm formalaşdırmaq üçün deyil, həm də avtoritar rejimlərin tənqidçilərini gözdən salmaq və dövlətin törətdiyi haqsızlıqları, xüsusən də insan hüquqları pozuntularını “etik korluq zonası”na salaraq gizlətmək üçün istifadə edilə bilər.

Tənqidçiləri Gözdən Salan Narrativlər: Haqsızlıqları haqqlandırmaq üçün ideoloji alətlər kimi

Avtoritar rejimlərdə dövlətin nəzarətində olan media, təhsil müəssisələri və digər ideoloji aparat vasitəsilə bu cür gözdən salan narrativlərin geniş kütlələr tərəfindən davamlı şəkildə istehlakı təmin edilir. Bu yanaşma sayəsində hakimiyyətdə olan qüvvələr insan hüquqları pozuntularının doğurduğu zərərlə üzləşməyi təxirə sala və əvəzində bu pozuntuları işıqlandıran, tənqid edən fərdlərə, insan hüquqları müdafiə təşkilatlarına və müstəqil mediaya hücum edə bilirlər.

Jelena Subotić-in fikrincə, keçmiş hadisələrin necə nəql edilməsi siyasi davranış və qərarların formalaşmasına güclü şəkildə təsir edir. O, bu tendensiyanı "States Tell: Identity, Narrative and Human Rights in the Balkans" (Dövlətlərin Danışdığı Hekayələr: Balkanlarda Kimlik, Narrativ və İnsan Hüquqları) adlı kitabında Serbiya və Xorvatiya təcrübələri əsasında təhlil edib (Subotić 2013, 307–308). Subotić-in araşdırmalarına görə, narrativlər mövcud və gələcək siyasətləri “ədalətli” kimi təqdim edir və onları “ədalətsiz” keçmişlə ziddiyyətə salır. Bu ziddiyyətlər əsasında isə “milli təhlükəsizlik mədəniyyətləri” formalaşır — bu mədəniyyətlər tarixi düşmənlər və keçmiş faciələrə dair miflərin yaradılması ilə strukturlaşır (Subotić 2013, 308).

Beləliklə, əvvəlki nəzəri qeydlərə əsaslanaraq irəli sürə bilərik ki, zərəri haqqlandırmaq və tənqidçilərə hücum etmək müxtəlif ssenarilər və ya mexanizmlərlə baş verə bilər. Bir tərəfdən, hakimiyyət orqanları qurbanlıq (victimhood) narrativlərindən istifadə edə bilərlər. Özünü qurban kimi təqdim edən bir siyasi subyekt təhlükəli kimi təsvir edilən hadisəyə qarşı “önləyici” tədbirlər görmək üçün əxlaqi əsas yaratmış olur. Tarixi baxımdan, kollektiv Qərbi təşkil edən dövlətlər imperiyaların varisləridir və bu imperiyalar kolonializm cinayətlərinə və zorakılıqlarına görə məsuliyyət daşıyırlar. Həmçinin, bu dövlətlərə kolonial institusional yaddaşın ötürülməsi ehtimalı da mövcuddur. Bu tarixi kontekstdən çıxış edərək, vətəndaş cəmiyyəti və azad media haqqında gözdən salan narrativlərin yayılması asanlaşır — onların konkret fəaliyyəti nəzərə alınmadan “ədalətli / ədalətsiz” ziddiyyətində “ədalətsiz” tərəfə yerləşdirilməsi və onların fəaliyyətlərinin guya ümumiləşdirilmiş “Qərb institutları” ilə əlaqələndirilməsi mümkündür.

Digər tərəfdən isə, bu cür gözdən salan narrativlərin yayılması əxlaqi baxımdan vacib kimi təqdim edilə bilər ki, bu da həmin narrativlərin yayılmasını həyata keçirən icraçıları ümumi maraqlar naminə bu işi davam etdirməyə inandıra bilər. Bu kontekstdə fərz etmək olar ki, müxalif fikirlərə sahib şəxsləri, jurnalistləri, insan hüquqları müdafiəçilərini və azadlıq və ləyaqət uğrunda çalışan digər insanları demonizə etmək (şeytanlaşdırmaq) çətin olmur.

Bu məqsədlə, Kiprli türk sosioloq Ulus Bakerin təsvir etdiyi kimi, hakimiyyət kütlələr üçün “düşünmə” funksiyasını sıradan çıxara bilər. O, bunu “təkrar və israr texnikaları” vasitəsilə həyata keçirə bilər (Baker 1995). Təkrar texnikası insanların zehnini monoton şəkildə daim eyni məzmunla məşğul saxlamaqla şüurlu refleksləri zəiflədir. Israr texnikası isə eyni informasiyanı müxtəlif üslublarda — emosional, siyasi, formal, və s. – təqdim etməklə fərqli mediativ kanallarla yayılmasını təmin edir (Baker 1995).

Nəticə etibarilə, bu cür gözdən salan narrativlərin struktur baxımından daha mürəkkəb formasını anlamaq üçün James V. Wertsch-in “sxematik narrativ şablon” anlayışına müraciət edə bilərik. Yuxarıda əldə etdiyimiz hermenevtik nəticələrə əsaslanaraq, Verçin təhlilləri bizə tənqidçilərə qarşı yönələn gözdən salma narrativlərinin struktur inkişaf mərhələlərini daha dərindən dərk etməyə imkan verir.

Məsələn, aşağıdakı cədvəl (Cədvəl 1) göstərir ki, Rusiya narrativ ənənəsinin üzvlərinin istifadə etdiyi sxematik narrativ şablonu hakimiyyət strukturları necə “gözdən salma direktivlərinə” çevirə bilər. Cədvəldə müvafiq olaraq birinci, ikinci və üçüncü sütunlarda – sxematik narrativin mərhələləri, gözdən salma narrativləri üçün istiqamətləndirici direktivlər və praktik (konseptual) nümunələr qarşılıqlı əlaqələndirilmiş şəkildə təqdim olunur.

Cədvəl 1:

Yuxarıda (Cədvəl 1) da göründüyü kimi, gözdən salan narrativlərin sxematik narrativ şablonları ilə dərin və sistemli əlaqəsi mövcud ola bilər. Bununla belə, vacib bir məqam da qeyd olunmalıdır: yayılan və təsir göstərən narrativlər bəzən yalnız bir mərhələyə deyil, eyni anda bir neçə müxtəlif mərhələyə aid ola bilər. Yəni bu mərhələlər bir-birini qarşılıqlı şəkildə istisna etmir və paralel şəkildə yanaşı mövcud ola bilirlər. Bu isə o deməkdir ki, müxtəlif narrativ konstruksiyaları eyni anda informasiya məkanında aktiv şəkildə dolaşa və bir-birini gücləndirə bilər.

Deliberativ yön dəyişmələri və qarşı-narrativlərin qurulması

Əvvəlki bölmələrdə təqdim edilən təhlillərin, ən azından, avtoritar rejimlərin və illiberal demokratiyaların ictimai rəyi necə formalaşdırmağa çalışdıqlarını qiymətləndirərkən kollektiv yaddaş amilinin nəzərə alınmasının vacibliyini vurğuladıq. Görünən odur ki, bu rejimlər bir çox hallarda bu istiqamətdə uğurlu nəticələr əldə edə biliblər. Bu hissədə biz göstərəcəyik ki, sxematik narrativ şablonlara əsasən narrativləri müəyyənləşdirmək və sistemləşdirmək, daha sonra isə bu əsasda strategiyalar qurmaq, avtoritar və illiberal rejimlərin diskursiv tələlərinə düşməmək üçün necə effektiv mexanizm ola bilər.

Sxematik narrativ şablonlar ilə gözdən salan narrativlər arasında mövcud olan nəzəri əlaqələr əsasında, qarşı-strategiya üç mərhələdə inkişaf etdirilə bilər:

  1. Müəyyən bir sosial qrupa xas olan sxematik narrativ şablonun müəyyənləşdirilməsi;
  2. Müəyyən edilmiş sxematik narrativ şablon üzərində insan hüquqları prinsiplərinə əsaslanan deliberativ yön dəyişmələrinin aparılması;
  3. Sxematik narrativ şablonun hər bir mərhələsinə uyğun qarşı-narrativlərin qurulması.

Bu üçmərhələli strategiya formalaşdırma prosesi aşağıda ətraflı şəkildə izah olunur:

1. Sxematik narrativ şablonun müəyyənləşdirilməsi

Hər hansı bir mnemonik-sosial qrup üçün səciyyəvi olan sxematik narrativ şablonun müəyyənləşdirilməsi çox vaxt çətin izah olunan bir prosesdir. Kollektiv yaddaş sahəsində çalışan tədqiqatçıların təcrübəsinə əsaslanaraq demək olar ki, bu proses geniş və çoxqatlı diskurs analizini tələb edir. Belə ki, tarixi yazıların — dini mətnlərin, əfsanələrin, xalq hekayələrinin və s. — semantik təhlili ilə yanaşı, həmin narrativ ənənəyə mənsub fərdlərin siyasi əhəmiyyətə malik keçmiş hadisələri necə nəql etdiklərini empirik şəkildə araşdırmaq da zəruridir. Yalnız bu iki yanaşmanın – diskursiv və empirik analizlərin – sintez olunması nəticəsində sxematik narrativ şablon dəqiq müəyyən edilə bilər.

2. Deliberativ yön dəyişmələri

Deliberativ yön dəyişməsi, Cədvəl 1-də göstərildiyi kimi, gözdən salan narrativlər üçün potensial direktivlərin və bu direktivlərə qarşı yönəlmiş əks-direktivlərin müəyyənləşdirilməsi prosesidir. Bununla belə, bu mərhələnin də asan olmadığını qəbul etmək lazımdır. Belə ki, bu proses yalnız şablonun özünün deyil, eyni zamanda insan hüquqları prinsiplərinin konkret narrativ kontekstdə lokalizasiyası üzərində ontoloji və metodoloji müzakirələri də əhatə edir.

Sadə dildə desək, bu mərhələnin tətbiqi üçün Cədvəl 1-in doldurulması vacibdir — burada həm sxematik narrativ şablon, həm də ona uyğun gözdən salan narrativlərin direktivləri və əsas tezisləri qeyd olunmalıdır. Bu proses bir növ xəritələşdirmə (mapping) fəaliyyətidir və mümkün qədər əhatəli və sistemli aparılmalıdır.

3. Qarşı-narrativlərin qurulması

Yuxarıda sadalanan mərhələlər tamamlandıqdan sonra, gözdən salan narrativlərə qarşı yönəlmiş əks-narrativlərin qurulması mərhələsinə keçmək mümkündür. Bu mərhələdə hər bir əsas tezisə qarşı uyğun əks-tezislər irəli sürülməli və onların əsasında yeni qarşı-narrativlər formalaşdırılmalıdır. Vacib şərt budur ki, bu qarşı-narrativlər müəyyən mnemonik-sosial qrupun “zehni xəritəsinin” (mind map) tamamilə xaricində olmamalıdır. Yəni, qarşı-narrativlər həmin qrupun mənəvi, mədəni və simvolik dünyagörüşünə uyğun bir şəkildə formalaşdırılmalıdır ki, qəbul oluna bilsin.

Nəticə

Nəticə olaraq bu analiz kollektiv yaddaşın alətə çevrilməsi və onun strukturlaşdırılmış şəkildə necə silahlaşdırıldığını, eyni zamanda bunun avtoritar rejimlər tərəfindən tənqidçilərin demonizasiya edilməsində və “ögeyləşdirilməsində” necə sistemli şəkildə istifadə olunduğunu göstərməyə çalışdı. Oxuduğunuz bu analiz Rusiyanın kollektiv yaddaşı necə ideoloji vasitəyə çevirdiyini və bununla ictimai rəyi necə nəzarətdə saxladığını nəzəri çərçivədə təhlil etdi. Analiz göstərir ki, kollektiv yaddaş siyasətləri daxili səviyyədə avtoritar idarəçiliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

James V. Wertsch-in sxematik narrativ şablon nəzəriyyəsi yalnız millətçi sosial hərəkatların yaranmasını anlamaq üçün deyil, eyni zamanda avtoritar rejimlərin gözdən salan narrativlər vasitəsilə cəmiyyəti homogenləşdirmək və nəzarət altına alma proseslərini dərk etmək üçün də son dərəcə funksional və önəmli yanaşmadır.

Bundan əlavə, bu konseptual təhlil kollektiv yaddaşın manipulyativ şəkildə istismarına qarşı strategiya qurmaq üçün “deliberativ yön dəyişməsi” adlı yeni bir anlayışı da irəli sürür. Eyni zamanda bu analiz müxtəlif siyasi kontekstlərdə keçmişə dair sxematik narrativ şablonlarla alternativlərin susdurulmasının legitimləşdirilməsi arasında olan əlaqəyə dair gələcək müqayisəli və empirik tədqiqatlara zəmin yarada bilər.


İstinadlar: 

  1. Baker, Ulus. 1995. “Medyaya Nasıl Direnilir - Ulus Baker | Birikim Sayı 68–69.” Birikim Dergisi. https://birikimdergisi.com/dergiler/birikim/1/sayi-68-69-aralik-ocak-1995/2268/medyaya-nasil-direnilir/4590.
  2. Halbwachs, Maurice. 1925. Les Cadres Sociaux de la Mémoire. Paris: Presses Universitaires de France. https://classiques.uqam.ca/classiques/Halbwachs_maurice/cadres_soc_memoire/cadres_sociaux_memoire.pdf.
  3. Human Rights Watch. 2024. “Azerbaijan: Vicious Assault on Government Critics.” October 8, 2024. https://www.hrw.org/news/2024/10/08/azerbaijan-vicious-assault-government-critics.
  4. Ingvarsson, Stefan, and Ekaterina Kalinina. 2024. “Is Civil Society Still Alive in Russia?” SCEEUS, September 20, 2024. https://sceeus.se/en/publications/is-civil-society-still-alive-in-russia/.
  5. Subotić, Jelena. 2013. Stories States Tell: Identity, Narrative, and Human Rights in the Balkans. Cambridge: Cambridge University Press. https://www.jstor.org/stable/10.5612/slavicreview.72.2.0306.
  6. Wertsch, James V. 2008. “The Narrative Organization of Collective Memory.” Ethos 36 (1): 120–135. https://www.jstor.org/stable/20486564?seq=3.
  7. Wertsch, James V., Henry L. Roediger, and Cristopher L. Zerr. 2022. Collective Memory: Conceptual Foundations and Group Formation. London: Routledge. https://doi.org/10.4324/9781003205135
  8. Young, Benjamin R. 2024. “Russia Is Riding an Anti-Colonial Wave Across Africa.” RAND Corporation. https://www.rand.org/pubs/commentary/2024/09/russia-is-riding-an-anti-colonial-wave-across-africa.html.

9. Sluzhba Vneshney Razvedki Rossiyskoy Federatsii. 2024. “V Baku S Ofitsial’nym Vizitom.” http://svr.gov.ru/smi/2024/10/v-baku-s-ofitsialnym-vizitom.htm.

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin