25 iyl 2025

Avtoritar idarəetmənin xarici siyasətə təsiri: Azərbaycan nümunəsi

Avtoritar idarəetmənin xarici siyasətə təsiri: Azərbaycan nümunəsi

Giriş

Kontekst

Avtoritar rejimlərin xarici siyasətə təsiri, xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra beynəlxalq münasibətlər sistemində daha qabarıq şəkildə müşahidə olunur. Bu yeni qlobal konfiqurasiya demokratiya və avtoritarizm arasında ideoloji qütbləşməni gücləndirib, həmçinin Cənubi Qafqaz regionunda yerləşən ölkələrin, o cümlədən Azərbaycanın geosiyasi mövqeyini daha mürəkkəb və ziddiyyətli vəziyyətə gətirib. Prezident İlham Əliyevin Qərbə qarşı sərtləşən ritorikası və antiqərb mövqeləri bu qütbləşmənin Azərbaycanın siyasi davranışına necə təsir etdiyini göstərir (Əliyev, 2024).

Lakin Azərbaycanın xarici siyasətində müşahidə olunan ziqzaqlar və qeyri-müəyyənliklər onu ideoloji seçimdən daha çox praqmatik və rejim təhlükəsizliyini əsas götürən bir aktor kimi təqdim edir. Bakı uzun illərdir Türkiyə, Rusiya, Qərb (ABŞ və Aİ) və Çin kimi fərqli güc mərkəzləri arasında manevr imkanlarını qorumağa çalışıb. Hazırda bu siyasət, daxili siyasi sabitliyi və rejimin möhkəmlənməsini təmin etmək məqsədilə daha çox instrumental xarakter daşıyır.

2024-cü ilin iyunundan etibarən Rusiya ilə münasibətlərdə artan gərginlik, xüsusilə Azərbaycan vətəndaşları üzərində zorakı repressiyalar vasitəsilə təzahür edir. Bu, həm də avtoritar rejimlər arasında baş verən toqquşmaların, sonda məhz adi vətəndaşlara yönələn zorakılıqla nəticələndiyini göstərən aydın nümunədir.

Azərbaycanın xarici siyasəti onun daxili avtoritar idarəetmə modeli ilə sıx bağlıdır. Prezidentlik institutunun hədsiz mərkəzləşməsi, qərar qəbuletmənin şəffaflıqdan uzaq olması və parlament-demokratik nəzarət mexanizmlərinin zəifliyi səbəbindən, ölkənin xarici siyasəti əsasən rejimin legitimliyini möhkəmləndirmək və iqtisadi-faydalı münasibətlər qurmaq məqsədi daşıyır. Bu kontekstdə Azərbaycan diplomatiyası, demokratiya və insan haqları ilə bağlı beynəlxalq tələbləri neytrallaşdırmaq üçün enerji resurslarından və strateji mövqeyindən təzyiq vasitəsi kimi istifadə edir.

Eyni zamanda, Azərbaycanın xarici siyasətində balanslaşdırma anlayışı uzun illər dominant olub. Bu siyasət bir tərəfdən Rusiya ilə təhlükəsizlik əməkdaşlığına, digər tərəfdən Qərblə enerji və təhlükəsizlik dialoquna əsaslanır. Lakin bu balans son illərdə həm daxili siyasi represiyaların artması, həm də regiondakı geosiyasi dəyişikliklərlə daha çətin idarə olunan bir prosesə çevrilibdir.

Yazının məqsədi

Bu yazı, Azərbaycanın xarici siyasətinin təkamülünü avtoritar idarəetmənin kontekstində təhlil etməyi qarşısına məqsəd qoyur. Xüsusilə də İlham Əliyevin hakimiyyəti dövründə formalaşan xarici siyasət kursunun ideoloji, institusional və praqmatik aspektlərini araşdıraraq, onun necə daxili siyasi rejimlə üzvi şəkildə bağlı olduğunu göstərməyə çalışır.

Əsas sual

Azərbaycanın avtoritar idarəetmə modeli ölkənin xarici siyasət ritorikası və davranışlarını necə formalaşdırır?


 Avtokratiyalar xarici siyasətdə aqressivliyə daha meyllidilər

 

Xarici siyasətlə bağlı nəzəri yanaşmalarda istinad ideyası kimi əsasən Kantın demokratiyalar arasında müharibələrin mümkünsüzlüyü tezisi çıxış edir (Kant 1966). Demokratiyaların sülhsevərlik xarakteri, ilk növbədə plüralizm, dözümlülük və müxtəlif sosial qrupların qərarların qəbulu prosesinə cəlb edilməsinə söykənən dəyərlərin və siyasi mədəniyyətin ümumiliyi ilə izah olunur. Demokratik dövlətlərin liderləri müxalifətə qarşı dözümlü olmaq və opponentləri idarəetmə prosesinə daxil etmək kimi demokratik normaları beynəlxalq müstəviyə də gətirirlər (Kулагин 2000a). 


Digər tərəfdən avtoritar rejimlərdən fərqli olaraq, demokratik ölkələrdə radikal xarici siyasət qərarlarının qəbulunu məhdudlaşdıran daxili (parlament, məhkəmə sistemi, müxalifət partiyaları, maraq qrupları, azad media kimi) institusional məhdudiyyətlərin və ictimai rəyin xüsusi rolu var. Çünki hakim elita, siyasi institutların fəaliyyətini bloklamaq gücündə olan müxalifət də daxil olmaqla hər kəs tərəfindən öz siyasi kursuna dəstək qazanmağa çalışır.


Araşdırmalar göstərir ki, avtoritar rejimlər xarici siyasətdə aqressivliyə və qarşıdurmaya daha çox meylli olurlar. Avtoritar liderlərin aqressiv xarici siyasətə meylliliyi əgər bir tərəfdən ictimai diqqəti daxili ictimai-siyasi problemlərdən yayındırmaq səyi kimi izah edilirsə, digər tərəfdən də bu, avtoritar rejimlərdə hakimiyyətdə olanların özbaşınalığında struktur və institusional məhdudiyyətin yoxluğu ilə əlaqələndirilir. Avtoritar liderlər narazı vətəndaşları basqı altında saxlaya bilirlər və buna görə də onların xarici siyasət strategiyası seçimində nə seçici dəstəyi, nə də ictimai rəy rol oynayır. Lakin avtoritar dövlətlər heç də həmişə öz aqressiv potensialını praktikada reallaşdırmır, demokratik dövlətlərlə münasibətləri “məcburi dinc yanaşı yaşama” şərtləri əsasında qururlar (Kулагин 2000b).

Avtoritar və demokratik rejimlərin xarici siyasətdə ümumi davranış nümunələri idarəetmənin tipindən asılı olaraq siyasi elitaların qəbul etdiyi strateji qərarların xarakterini daha yaxşı anlamağa imkan verir. Müasir Azərbaycanın xarici siyasət istiqamətlərinin hərtərəfli təhlili üçün Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövrünün ideoloji və konseptual əsaslarına nəzər yetirmək vacib şərtdir. Məhz bu dövrdə fərqli dəyərlər və identikləşmə modellərinin rəqabətini əks etdirən ilk xarici siyasət istiqamətləri formalaşmışdı. 

 

Birinci Respublika və onun xarici siyasətinin konseptoloji əsasları


XX əsrin əvvəllərində dünyada baş verən geosiyasi proseslərin, eləcə də fəlsəfi-ideoloji baxışların və cərəyanların fonunda Azərbaycanın fikir adamları arasında identikliyə dair irəli sürülən ideyalar, aparılan müzakirələr 1918-ci ildə yaranan Cümhuriyyətin daxili və xarici siyasətinin təməl prinsiplərinə ciddi təsir göstərmişdi. İki fərqli sivilizasiyanın - Şərqlə Qərbin coğrafi kəsişməsində yerləşən Azərbaycanın gələcəyinə doğru konseptoloji baxışların toqquşmasını görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsərində üç oğlun timsalında obrazlı şəkildə təsvir etmişdi. Rusiya tərəfdarı, İran dəstəkçisi, Türkiyə vurğunu olan gənclərin dili ilə yazıçı Azərbaycan cəmiyyətində 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində mövcud olan əsas ideoloji cərəyanları göstərirdi: dini və milli kimliyi önəmli hesab edən nəzəri baxışlara və “kimlik” axtarışı əvəzinə mədəni və bəşəri dəyərləri, tərəqqini önə çəkən üçüncü yol. Bu cərəyanların heç biri praqmatik siyasi düşüncəyə və müstəqil dövlətin xarici siyasət praktikasına əsaslanmırdı, daha çox romantik düşüncələrin məhsulu idi. 

 Mədəni və bəşəri dəyərləri, tərəqqini özündə ehtiva edən baxışlar (sonrakı mərhələdə bunu “Qərb” anlaşıyı əvəz edəcək) Avropanı mayak görürdü. Avropa (Qərb) oriyentirinin əsas qayəsi dualizmində idi: bir tərəfdən (dini və etnik kimliyi ikinci plana keçirərək) gələcək tərəqqini, digər tərəfdən isə realpolitiki nəzərə alaraq praqmatizmi ehtiva edirdi. Azərbaycanın ilk kosmopoliti kimi qəbul edilə bilən Məhəmməd ağa Şahtaxtinski bu barədə yazırdı: “Avropalılar irəli gedirlər. “Bəşəriyyətin tərəqqisi” anlayışının özü Avropa həyatı üzərində müşahidədən yaranıb. Buna görə də dünyada sürünmək istəməyən istənilən xalq Avropa tərzində yaşamalıdır” (Şahtaxtinski 1919). 


Milli şüurun oyanışı ilə milli kimliyi önə çəkən millətçi kəsim Qərbin Şərqə baxışında avropalı olmayanların müasir dünyaya inteqrasiyasını istisna etməsi barədə bədbin qənaətdə idilər. Onlar Avropa düşüncəsinin əsaslarına sahib olmaqla yanaşı, dini və etnik kimliyə söykənən nüfuzun təsiri altından çıxa bilməmişdilər. Əslində türk millətçiliyi kontekstində realpolitik də bunu şərtləndirirdi. Ə.Hüseynzadənin “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli fədai” fikirlərindən qaynaqlanaraq dövrün çağırışını - “islamlaşma, türkləşmə, avropalaşma” şüarını meydana çıxardı (Hüseynzadə 2007, 480). 

 

1918-1920 – Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti

 

7 dekabr 1918-ci il, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin  açılışın  nitqində M.Ə.Rəsulzadə dövlət quruluşu, daxili və xarici siyasətin əsas prinsipləri barədə bəyannamə ilə çıxış edərkən bu üçlü düsturu özündə ehtiva edən konseptoloji baxışı səsləndirdi: “...müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir” (Rəsulzadə 1918).


Sekulyar dövlət kimi yaranan Cümhuriyyət üçün xarici siyasət vektoru baxımından islamlaşma bu triadada “formal” xarakter daşıyırdı. Regionun ən böyük müsəlman əhalisinin yaşadığı İran dövləti yeni yaranan Azərbaycan dövlətinin varlığını inkar edərək 1919-cu ildə Paris Sülh konfransında İranın "tarixi hüquqlarına" istinad etməklə  Qafqazda Dərbənddən aşağı, Orta Asiyada Aral dənizindən Şimala qədər ərazilərin, habelə Türkiyə ərazisinin bir hissəsinin XVII-XVIII əsrlərdə ona məxsus olması haqqında bəyanat verib, 578 min kvadrat kilometrlik böyük bir ərazinin İrana qaytarılmasını tələb edirdi (Quliyeva 2018). İrandakı müsəlmanların şimaldakı müsəlmanların yaratdığı dövlətə qarşı çıxışlarına 1918-ci ildə “Azərbaycan və İran” məqaləsində Rəsulzadə belə cavab vermişdi: “Azərbaycan Cümhuriyyəti Tehran qəzetlərinin düşündüyü kimi bir qism “xəyalpərvər” cavanların uydurduğu bir isim degildir. Azərbaycan Cümhuriyyəti müstəqil bir həyati-milliyyə ilə yaşamaq istəyən və milliyyətliyini dərk etmiş bulunan Azərbaycan türk millətinin təsis etdiyi bir hökumətdir” (Məmmədova 2022). 


Cümhuriyyətin Paris Sülh Konfrasının nəticələrinə əsasən aparıcı dünya dövlətləri tərəfindən tanınması və hökumət nümayəndələrinin apardığı səylər nəticəsində  İran 1919-cu ilin payızında Azərbaycanın müstəqilliyini de-yure tanıdı.


Azərbaycan Demokratik Respublikasının əsas müttəfiqləri bir tərəfdən Osmanlı, digər tərəfdən Avropa ölkələri idi. Osmanlı dövlətinə orientasiya milli kimliklə yanaşı, eyni zamanda milli təhlükəsizlik və müdafiə zərurətindən qaynaqlanırdı. Birinci dünya müharibəsindəki məğlubiyyətinə qədər Azərbaycanın arxalana biləcəyi müttəfiq dövlət qeydsiz-şərtsiz Türkiyə idi. İkinci hökumət fəaliyyətə başladığı 1918-ci il iyunun 17-də Azərbaycan əhalisinə müraciətində deyirdi: "Azərbaycanın müstəqilliyi ilə əlaqədar müqəddəs arzu həyata keçmişdir. Biz inanırıq ki, millətimizin sarsılmaz iradəsi və bizim həmmillətimiz və həmdinimiz olan Osmanlı imperiyasının dəstəyi ilə Vətənimizin xoşbəxt gələcəyi təmin olunacaqdır” (Şüküroğlu 2018).  


1919-cu ilin ortalarından etibarən, Azərbaycan hökuməti və onun Paris Sülh konfransındakı nümayəndələri Avropa dövlətlərinin simasında müttəfiq axtarışında idi. Bu, bir tərəfdən azad dünyaya yaxınlaşmaq istəyindən, digər tərəfdən də real təhlükələrdən qorunmaq üçün “çətir” ehtiyacından qaynaqlanırdı. Cümhuriyyətin xarici siyasətinin tədqiqatçısı Nəsib Nəsibzadə yazır ki, “Azərbaycan Milli Şurasının qalib Antanta və onun Qafqazdakı nümayəndələri ilə dil tapması onun böyük diplomatik qələbəsi hesab edilməlidir. Yaranmış şəraitdə İngiltərəyə oriyentasiya düzgün addım idi və bu, öz nəticəsini az sonra göstərdi” (Nəsibzadə 1996). 


1918-ci ilin noyabrından 1919-cu ilin avqustuna qədər Azərbaycanda olan ingilis qoşunları Bakıya işğal niyyəti ilə girsələr də, onların Azərbaycanda yeritdiyi siyasət işğal xarakteri daşımırdı. Adil xan Ziyadxanov 1919-cu ildə Bakıda nəşr edilmiş "Azərbaycan" adlı kitabında yazırdı: "Müttəfiqlərin bizə olan münasibət və əlaqələri daha əvvəlinci gündən zahir olub, hörmət pərdəsi aramızda quruldu. Yüz cürə əhvaldan nəticə, əlbəttə, о oldu ki, mədəni millətlərin nümayəndələri bizim torpаğımıza gəldikdə, Azərbaycanda bütün əhvali-ictimaiyyə və siyasiyyənin əhalinin rizasilə axıb getməkdə olduğunu gözləri ilə görüb həqiqət halını yaxından dərk etdilər. Mən kəmali ümid və cəsarətlə deyə bilərəm ki, nə qədər böyük, mədəni millətlərlə münasibət və əlaqədə olarıqsa, bir о qədər də aramızdakı əlaqeyi-dostanə möhkəmləşib, bir-birimizin həqiqi əhvalından daha artıq dərəcədə xəbərdar olarıq" (Həsənli 2009a). 


Cəmil Həsənli yazır ki, “mövcud olduğu dövrün mürəkkəb tarixi şəraiti nəzərə alınmaqla Azərbaycan Xalq Cümhuriyyətini quranlar, onun xarici siyasətini həyata keçirənlər dünyəvi dəyərlərə, demokratik prinsiplərə söykənən çağdaş bir cümhuriyyət yaratmaqla oriyentasiya olaraq, dünya siyasəti və coğrafiyasında azərbaycanlıların yerini müəyyən etdilər” (Həsənli 2009b). Bu, sadəcə “firəng fikirli, Avropa qiyafətli” və “Avropa tərzində yaşamaq” deyildi. Məqsəd parlamentar üsul-idarəsi ilə respublika yaradıb Avropadakı məhz demokratik dəyərləri Azərbaycana gətirmək, bununla da Azərbaycanın yerini demokratiyaların coğrafiyasında müəyyənləşdirmək və müasir inkişaf etmiş dövlətlərin sırasına qatmaq idi.

 

İkinci Respublikanın xarici siyasətinin formalaşmasının tarixi əsasları

 

1991-ci ildə birinci respublikanın varisi kimi müstəqilliyini elan edən Azərbaycan 70 il öncə sələfi kimi ilk növbədə dünya dövlətləri ilə ikitərəfli əlaqələri qurmalı və beynəlxalq təşkilatlarda təmsilçiliyə nail olmalı idi. Ermənistanın Azərbaycana qarşı başladığı işğalçı müharibənin dayandırılması və atəşkəsin əldə olunması yeni yaranmış müstəqil dövlətin xarici siyasətinin həll etməli olduğu prioritetlər arasında idi. SSRİ-nin dağılması ilə müttəfiq respublikalar arasında münaqişə predmetinə çevrilmiş ərazi probleminin həlli kontekstində Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması və təcavüzlə üzləşməsinin təsdiqlənməsi xarici siyasətininin ilk sınağına çevrildi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünün və suvernliyinin tanınması, bu xüsusda ərazilərinin işğalının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi əhəmiyyətli hadisə idi (Azərbaycan Milli Kitabxanası 1993). 


Konseptoloji kontekstdə ikinci respublikanın xarici siyasətinin qarşısında yenidən bir neçə vektor canlandı. İran vektoru XX əsrin əvvəli konseptual olaraq, XX əsrin sonu realpolitik (sanksiyalar altında olan, inkişaf və təsir edə bilməyən ölkə kimi) cazibəsini tam itirdiyinə görə və ikinci respublika quruculuğunun əsas ideoloji gücü millətçilik olduğu üçün bu, “ikiyə bölünmüş” Azərbaycan hekayəsi baxımından İranı təhdid kimi görməsi səbəbilə birdəfəlik sıradan çıxdı. Üstəlik, 70 illik kommunist hakimiyyəti də dini faktoru zəiflətmişdi.


XX əsrin əvvəlində nəzərdən keçirilən “Avropa” vektoru “kollektiv Qərb” anlayışı ilə əvəz edilərək inkişaf və tərəqqi modeli kimi yenidən mayak olaraq görülməkdə idi. Türkiyənin NATO üzvü olması, Avropa Birliyinə (üzvlüyə) can atması Qərb vektoruna əlavə dinamiklik vermiş və cazibəliyini qabartmışdı. Buna alternativ olan Rusiya vektoru  yeni yaranmış dövlətin qarşısında Qərbə antaqonist pozisiyada dururdu. Cənubi Qafqazda, o cümlədən Azərbaycanın qarşısında bu iki geopolitik güc mərkəzi bu günə qədər rəqabətdədir. Hər ikisi fərqli geopolitik konsepsiya və model təklif edir. 

 

Qərbə yönəlik baxış

 

SSRİ-nin tarixə qovuşması ilə Soyuq müharibənin bitməsindən sonra təkqütblü dünya düzəni, Qərb dünyasının ABŞ liderliyi altında irəli çəkdiyi liberal dəyərləri özündə əks etdirən “Qlobal dünya” modeli formalaşdı. Ticarətə və tükədici mədəniyyətə söykənən, sərhədlər tanımayan, dolları qlobal valyuta kimi qəbul edən, internetin və sosial şəbəkələrin inkişafı ilə vüsət alan, universal mədəniyyətin etnik-dini kimliklərə alternativi kimi yaranan “Qlobal dünya” konsepsiyası ilk baxışda cazibədar görünürdü. Azərbaycan kimi müstəqilliyini yenicə əldə etmiş ölkələr üçün doğru yol belə bir dünya sisteminə inteqrasiya etmək idi. Lakin bu yolun mənfi tərəfləri də yox deyildi. Məsələn, SSRİ-nin düşdüyü iqtisadi böhranın fəsadlarının inikas etdiyi Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrlə, transmilli korporasiyalarla istehsalat və yeni bazarlar uğrunda rəqabət aparmaq gücünə malik deyildi və yerli istehsalçıların rəqabətdə öz yerli bazarını itirmək təhlükəsi vardı. Siyasi-hüquqi baxımdan isə qlobal dünyanın institutlarına inteqrasiya edən yerli hökumətlər üçün bu institutları idarə edənlərdən və onların qanunlarından asılı vəziyyətə düşmək riski vardı. Bu amil milli hökumətlərlə bu institutların konfliktini qaçılmaz edirdi. Bütün bunlar nəticə etibarilə millətçi düşüncəyə, diktaturalara və avtoritarizmə meydan tanıdı və milli suverenlik və təhlükəsizlik, eyni zamanda milli kimlik anlayışları üzərindən qlobal mədəniyyətə və demokratik dəyərlərə söykənən instusional inteqrasiyaya qarşı meydan oxumaq üçün avtoritar zehniyyətə fürsət vermiş oldu. 

 

Rusiyanın təklif etdiyi konsepsiya

 

“Qlobal dünya” konsepsiyası bütün mənfi tərəfləri ilə yanaşı alternativi olan və Rusiyanın irəli sürdüyü  “russkiy mir” konsepsiyasından daha cazibəli və daha sərfəli idi. Aleksandr Duginin təklif etdiyi bu konsepsiya öz nüvəsində etnik mənşəlidir (Перцев 2022). Kreml Duginlə məsafə saxlasa da bu gün Ukraynada, Balkanlarda apardığı siyasət, postsovet məkanındakı etnik rus əhalidən sanki gec partlayan mina kimi istifadə edilməsi, rus dilinin hegemoniyasına cəhdlər Rusiyanın “Avrasiya polisi” funksiyasına işarədir. Moskvanın əsas məqsədi Avrasiya qitəsində və postsovet məkanında olan dövlətləri qlobal dünyadan və onun təsirindən çıxararaq “rus dili coğrafiyasına” - öz hegomoniyasının nəzarətinə salmaqdır. Rus-slavyan qrupuna aid olmayanlar öz milli kimliklərini saxlamaqla “rus siyasi məkanına daxil ediləcəklər” (Дугин 1997). Rusiya və avtoritar dövlətlər üçün bu bir konsensusdur. Çünki bu modelin mayasında avtoritarizmi gücləndirəcək elementlər – patriarxallıq, antiqərb kontenti, avtokratizm, millətçilik durur. 

 

Xarici siyasətə baxışda konseptual yanaşmanın sıradan çıxarılması

 

Bir illik (1992-1993-cü il) hakimiyyəti dövründə prezident Əbülfəz Elçibəy Türkiyə ilə yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaq, İranla sərtləşmək kursunu götürdüsə, 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev xarici siyasətdə konseptual yanaşmanı istisna edərək realpolitikə kökləndi. Praqmatizmə əsaslanan bu siyasət balanslı və çoxvektorlu strategiyanı əsas götürdü (Мамедьяров 2017). Heydər Əliyevin strategiyası şimalda Rusiya, cənubda İran, etnik bağlılığı olan Türkiyə, bütövlükdə Şərqin və Qərbin bütün dövlətləri ilə normal münasibətlərin qurulmasına hədəflənmişdi. Bu siyasət türkçülük, millilik, müsəlman dövlətləri ilə həmrəylik, Qərblə və Çinlə yaxınlaşma, Rusiya və İranla dostlaşma xətləri üzərindən aparılaraq konseptual mahiyyətini itirməklə paralel həm də ideologiyasızlaşmaya dayandığını demək olar. Sovet ideologiyasının daşıyıcısının qısa zamanda yeni ideologiyaya transferi mümkünsüz göründüyü qədər “KQB” zabitinin qısa müddətdə türkləşməsi, islamlaşması və ya liberallaşması bir o qədər də real görünmürdü. 


Heydər Əliyev 1993-cü ilin oktyabrındakı andiçmə mərasimində xarici siyasətin konturlarını bir cümlə ilə ifadə edərək cızdı: “Respublikamızın müstəqilliyini möhkəmlətmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır” (Heydər Əliyev 1997). Realpolitikdə “ağıllı və səriştəli xarici siyasət” “hamı ilə yaxşı münasibət” düsturuna əsaslanan balanslaşdırımış siyasət praqmatizmi ilə realizə olunmağa başladı.

 

Müstəqilliyin birinci on illiyində xarici siyasətin normativ əsasları

 

Azərbaycanın xarici siyasətinin strategiyasının və prioritetlərinin konturları 1995-ci ildə qəbul olunan Konstitusiyanın 10-cu maddəsində bir cümlə ilə təsbit edildi: “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur” (Azərbaycan Respublikasının Konstitusiyası 1995). Yeni Konstitusiya görə, prezident Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı idi. 

 

1993-2003: Heydər Əliyevin xarici siyasətinin ana xətləri 

 

Heydər Əliyevin prezidentliyi dövründə xarici siyasətdə tutulan xəttin əsas hədəfləri bunlar idi: 

·    müstəqilliyin tanınması ilə paralel olaraq hakimiyyətin legitimliyini beynəlxalq aləmdə təmin etmək;

·    Qarabağ bölgəsində atəşkəsə nail olub sülh danışıqlarına başlamaq;

·    bütün dövlətlərlə, xüsusilə regionda maraqları olan güc mərkəzləri ilə yaxşı münasibətlər formalaşdırmaq;

·    beynəlxalq inteqrasiya proseslərinə qoşulmaq;

·    “neft diplomatiya”sı vasitəsilə iqtisadi problemlərin həllinə nail olmaq.

 

Heydər Əliyevin çoxvektorlu və balanslı xarici siyasət kursu hakimiyyətinin on ilində fərqli ideoloji düşərgələrin aktorları ilə imzaladığı əməkdaşlıq sənədlərində görünür. Ümumi mənzərədə xarici siyasətin daha çox Qərb ağırlıqlı olduğu görünsə də Heydər Əliyevin Avropa Birliyi və digər Qərb institutları ilə yaxından əməkdaşlıq etmək səyləri bu ölkələrdə tətbiq edilən demokratik və tərəqqiyə yol açan inklüziv prinsipli idarəetmə modelini Azərbaycana gətirmək və tətbiq etmək hədəfi kimi deyil, müstəqilliyin tanınmasına, hakim elitanın bu coğrafiyada legitimləşməsinə və iqtisadi-ticari maraqların təmin olunmasına hesablanmış xarici siyasət strategiyası kimi başa düşülə bilər. Daxildə opponentlərə və mediaya qarşı yürüdülən repressiv siyasət avtoritarlaşmanın təməl daşlarını düzərək demokratiyanın imitasiyasının ilkin siqnalları idi və eyni zamanda da Qərbin demokratik institutlarının dəyərləri ilə ideoloji ziddiyyət təşkil edirdi. Daxildəki avtoritarlaşma siyasəti xarici siyasətin konseptual əsaslarını istisna etməyə məhkum idi. 


Əsrin müqaviləsinin onuncu ilində Avropa Şurasının bir neçə həmməruzəçisi Azərbaycanın tezliklə “neft lənəti”ndən əziyyətini çəkəcəyi ilə bağlı narahatlıqlarını bildirərək xəbərdarlıq etdirdilər ki, “Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismarı vasitəsilə yaranan gəlirlər “bəzi rəsmilərin və siyasətçilərin demokratiyadan yayınmasına səbəb ola bilər” (AŞPA 2005a).

  

Enerji diplomatiyası

 

Qərblə əməkdaşlıq bir tərəfdən hakimiyyətin legitimliyinin təmin olunması, digər tərəfdən də iqtisadi maraqlara xidmət edərək avtoritar rejimin güclənməsi üçün vasitə rolunu oynadı. Bu iki hədəf enerji diplomatiyasının əsasını qoyaraq “Əsrin müqaviləsinin” imzalanmasını şərtləndirdi. Əsası bu müqavilə ilə qouyulan enerji diplomatiyası növbəti 30 ildə şaxələnərək TAP, TANAP qaz layihələrinin, enerji sahəsinə dair memorandumların, enerji resurslarının ixracını və daşımasını nəzərdə tutan digər iri layihələrin çıxış nöqtəsinə çevrildi. “Enerji diplomatiyası nəticə etibarilə real iqtisadi inkişafa gətirmək əvəzinə, statistik göstəricilərin şişməsinə, hakimiyyətin resurslarının böyüməsinə, nəticədə tənqidi fikrin daşıyıcılarının və siyasi opponentlərin repressiyası üçün alətə, korrupsiyanın mənbəyinə çevrildi” (AŞPA 2005b).

  

2003-2020: İlham Əliyev və onun xarici siyasəti

 

2003-cü ildə atasından sonra hakimiyyətə gələn İlham Əliyev Heydər Əliyevin kursuna sadiq qalacağını bəyan edərək xarici siyasətdə balanslı siyasəti davam etdirəcəyini açıqladı. Lakin 2020-ci ildən sonra İlham Əliyevin xarici siyasətində priroritetlərin dəyişməsi və balansın pozulması müşahidə edildi. Bu baxımdan İlham Əliyevin hakimiyyətini iki dövrə ayırmaq doğrudur: 


1)    2003-2020;

2)    2020-dən bu günə qədər.

 

İlham Əliyevin xarici siyasətinin konseptual və normativ əsasları

İkinci respublikanın xarici siyasətinə dair konseptual baxış ilk dəfə 2007-ci ildə - İlham Əliyevin hakimiyyətinin birinci beş ilində qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında öz əksini tapdı. Milli Təhlükəsizlik Konsepsiyasında avrointeqrasiya xəttinin prioritet olduğu, hərbi doktrinada isə NATO standartlarının əsas götürüldüyü vurğulanır: “Azərbaycan Respublikası Avropa və Avroatlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür” (E-Qanun 2007a). Konsepsiyada bildirilir ki, Azərbaycan bu inteqrasiyanı “ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür” (E-Qanun 2007b). 


2009-cu ildə də Azərbaycan Avropa Birliyinin demokratik və iqtisadi islahatların dəstəklənməsini nəzərdə tutan Şərq Tərəfdaşlığı Proqramına qoşuldu. 


Bu Konsepsiyanın təsdiqi mahiyyət etibarilə xarici siyasətin əsas götürdüyü prinsipləri və strategiyanı daxili siyasətə generasiya etməli, yaxud məşhur “daxili siyasət xarici siyasətin davamıdır” düsturunun əksinin tətbiqi olmalı idi. Bunun əksini göstərən siyasət, yəni daxildə azadlıqları boğmaq, seçki saxtakarlığı, siyasi opponentlərə və müxalifətə qarşı repressiv davranışlar, müstəqil mediaya basqılar Konsepsiyadakı “avrointeqrasiyaya doğru strateji məqsəd”in demokratiyanın imitasiyasına, balans siyasətinin isə avtoritar rejimin ayaqda qalmasına xidmət etməsi kimi başa düşülə bilər. Bu, həm də xarici siyasətdə konseptual deyil, avtoritarizmin maraqlarına xidmət edən çevik, dinamik və dəyişkən yanaşmanın priroritet təşkil etdiyini ortaya qoydu. Konsepsiyada əksini tapan müddəalar eyni zamanda demokratiyanın imitasiyasının normativ əsaslandırılması kimi də başa nəzərdən keçirilə bilər. 


Avropa institutları ilə sıx əməkdaşlıq həmin institutların dəyərlərinin qəbulunu və demokratik prinsiplərə əməl olunmasını - tərəqqiyə gətirib çxaracaq inklüzivləşməni tələb edir, bu baxımdan Avropa Birliyi ilə siyasi yaxınlaşma avtoritar rejimin siyasi baxışları ilə toqquşur. Avropa institutları ilə sıx inteqrasiya ictimai həyatın bütün sahələrində inhisarçılığın aradan qaldırılması, hüququn aliliyinin təmin olunması və məhkəmə institutunun müstəqilliyi, mülkiyyət hüqüqunun müqəddəsləşməsi, insan hüquq və azadlıqlarının təmini, azad, rəqabətli siyasi və iqtisadi mühitin yaradılması deməkdir. Avropa Birliyinin bu prinsiplərini özündə ehtiva edən Assosiativ Sazişini imzalamaqdan imtina edən Azərbaycan hökuməti bu qurumla Strateji Tərəfdaşlıq sənədi üzərində danışıqlara başladı (Azadlıq Radiosu 2022). 


Bu konteksdə 2006 və 2023-cü illərdə Avropa Birliyi ilə enerji sahəsində imzalanan memorandumlar, Avropaya gedən TANAP və TAP  qaz boru kəmərləri və digər iqtisadi layihələr Əliyev hökumətinin Qərblə siyasi yox, məhz iqtisadi yaxınlaşmada maraqlı olduğunu göstərir. Avropa Birliyi ölkələri Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır (Azərbaycan XİN 2024). 

 

Qərb avtoritarizmi legitimləşdirən xarici tərəfdaş rolunda

 

Hakimiyyətin konsolidasiyası və bütün mümkün vasitələrlə möhkəmlənməsi, eyni zamanda alternativsiz siyasi güc kimi formalaşması xarici aktorlar üçün onu birmənalı şəkildə sabit tərəfdaşa çevirdi (Qafqazinfo 2017). Buna paralel olaraq Azərbaycan həm də İlham Əliyevin dediyi kimi, “Avropa bazarlarına neftin çatdırılmasında etibarlı tərəfdaş” oldu (Trend 2017a). Bu reallıqda ortaya çıxan ziddiyyət - repressiv və qapalı mahiyyətinə baxmayaraq, avtoritar rejimin həm avtoritar düşərgə, həm də demokratik düşərgədəki beynəlxalq partnyorları tərəfindən “etibarlı tərəfdaş” kimi qəbul edilməsi faktındadır (Trend 2017b). Avtoritar rejimin yürütdüyü imitasiya siyasəti, demokratiyanın parodiyasını göstərən institutlar və ya formallıqlar (seçkilər, idarə olunan parlament və müxalifət, nəzarətdə olan media rəngarəngliyi və s.) demokratik dəyərləri hər şeydən üstün tuduğunu bəyan edən Qərb institutları və dövlətləri üçün indulgensiya kimi başa düşülə bilər. Qərbin bu konteksdə davranışları Azərbaycanda avtoritarizmin legitimləşməsinin və dayanqlılığının təmin edilməsini şərtləndirən amillərdən biri kimi nəzərdən keçirilə bilər.    

 

“Neft diplomatiyasının” “kürü diplomatiyası” ilə əvəz olunması

 

Heydər Əliyevin 1990-cı illərdə başladığı “neft diplomatiyası” 2010-cu illərdə İlham Əliyev hökumətinin “kürü diplomatiyası” ilə əvəz edildi və milyardlarla dolların dövr etdiyi “landromat” mexanizmi işə salındı. Bu mexanizm avropalı siyasətçilərin, lobbiçilərin, jurnalistlərin "sükutuna" xidmət edirdi (European Stability Initiative 2012). Beynəlxalq jurnalist araşdırmalarından məlum oldu ki, “kürü diplomatiyası” avtoritar rejimin repressiv əlamətlərinin Avropanın siyasi strukturlarında iqnor edilməsi üçün işləyirdi (Sabados 2018). 


Müstəqil medianın və müşahidəçilərin total seçki saxtakarlığlna dair faktları üzə çıxarmasına baxmayaraq, Avropa institutlarının seçkilərin nəticələri ilə bağlı soft qiymətləndirmələri, insan hüquqlarının pozulmasına, müstəqil medianın və vətəndaş cəmiyyətinin tədricən sıradan çıxarılmasına və siyasi motivli kütləvi həbslərə baxmayaraq ən böyük insan hüquqları təşkilatı olan Avropa Şurasında “uzun illər ərzində Azərbaycanla bağlı müzakirələrin hamısında üstünlük qazanan və diqqət çəkən bir koalisiya Azərbaycana qarşı sanksiyaların əleyhinə çıxdı” (ESI 2012a). İlham Əliyevin prezidentliyinin birinci beş ilində saxtakarlıqla keçirilən parlament seçkilərindən sonra “ABŞ-ın Bakıdaki səfirliyi, seçkilərin nəticəsini ən birinci alqışlayanlar sırasında oldu” (ESI 2012b). 


2023-cü ildən sonra başlayan irimiqyaslı həbs dalğasından sonra 2024-cü ilin qış sesiyasında insan hüquq və azadlıqlarının, eləcə də demokratik prinsiplərin qorunmasına dair Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin mandatını dondurdu (BBC 2024).

 

Müasir ölkə imicinin formalaşması

 

Hakimiyyətin imitasiya siyasətinin əsas elementlərindən biri də xaricdə Azərbaycanın müasir və inkişaf etmiş ölkə obrazını yaratmaq olub. Bu illüziyanın yaradılmasında istifadə olunan vasitələrdən biri Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Əsasən idman yarışlarını əhatə edən və böyük maliyyə vəsaiti xərlənən tədbirlər həm də korrupsiya üçün yeni mənbəyə çevrilməklə yanaşı, avtoritar rejimin bəslənməsinə xidmət etmək funksiyasını həyata keçirirdi (Azadlıq Radiosu 2017). Müxtəlif səpkili mədəni tədbirlərlə, diaspora və lobbiçilik fəaliyyəti ilə avtoritar rejimin beynəlxalq imicinin formalaşdırılmasında siyasi marketinq alətləri tətbiq edildi, “modernləşmə” görüntüsünün yaradılması ilə paralel olaraq müasir ölkə illüziyası üzərindən demokratik ölkə obrazı ilə assosiyasiyanın formalaşmasına çalışıldı.

 

Qarabağ problemi xarici siyasətdə növbətçi mövzu kimi

 

1994-cü ildən başlayaraq Qarabağ düyünün çözülməsi istiqamətində aparılan fəaliyyət cəmyyətdən xəbərsiz və parlamentdə müzakirəsiz, qeyri-şəffaf yürüdüldü. Danışıqlar prosesində müzakirə olunan yol xəritəsi siyasi elitanın inhisarına alındı, diplomatiyanın uğursuzluğu ATƏT-in Minsk Qrupunun üzərinə yükləndi (Azadlıq Radiosu 2007). 2020-ci ildən sonra Ermənistanla başlanan yeni sülh prosesi eyni gizlilik prinsipi ilə davam etdirildi (Bağırov Emil 2025). Bu, avtoritar rejimin cəmiyyət qarşısında hesabatlılığının olmaması və məsuliyyət daşımaması təbiətindən irəli gələn reallıqdır. 

 

2020-ci il qələbəsindən sonra xarici siyasətdəki radikal dəyişiklik

 

2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbədən və 2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra dəyişən geosiyasi vəziyyət fonunda İlham Əliyevin xarici siyasətə yönəlik ritorikasında və davranışlarında radikal dəyişikliklər müşahidə edilməyə başlandı. İlham Əliyevin “bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır, qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir” ritorikası məhz Qərbin Qafqazdan təcrid olunması kimi başa düşülür (APA 2024). 2024-cü ildə andiçmə mərasimində növbəti prezidentlik dövrünün prioritetlərini açıqlayan İlham Əliyev Azərbaycan üçün “ideoloji risklər”in təhlükə daşıdığını bildirərək buna qarşı “amansız olacağının” anonsunu verdi (İlham Əliyev 2024a). “İdeoloji risklər” ifadəsi burada Qərb liberal dəyərlərinin hakim rejim üçün təhlükə kimi qəbul edildiyi nəzərdə tutulur.


2020-ci ildən bu yana Azərbaycan hakimiyyətinin xarici siyasətdə tutduğu möqeyin və oriyentirinin mahiyyətini görmək üçün qısa xronoligiyanı nəzərdən keçirək: 


  • Qafqazda yeni regional təhlükəsizlik arxitekturası - 3+3 formatı

2021-ci ildə Türkiyə ilə müttəfiqlik barədə Şuşa Bəyannaməsinin imzalanmasından sonra ideya müəllifinin Ərdoğan olduğu 3+3 formatı Qafqazın siyasi və təhlükəsizlik problemlərinin təminatının Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət platforma çərçivəsində həll edilməsini, eyni zamanda region dövlətlərinin sıx iqtisadi əməkdaşlığını nəzərdə tutur. Regionun üç böyük dövlətinin avtoritar liderləri tərəfindən dəstəklənən yeni konfiqurasiya ideyası əslində Qərbin bu bölgədə mövcudluğunun aradan qaldırılmasına hədəflənib (KHAR Center, 2025). 

Azərbaycanın regionun ən iri iki dövləti – İran və Rusiya ilə münasibətləri zaman-zaman təzyiq dalğasının yüksəlib enən xətti üzrə cərəyan edib. Əgər 2021-ci ildə Bakı ilə Tehran arasında başlayan növbəti gərginliyin hərbi mərhələyə transferi müzakirə olunurdusa və Azərbaycan dövlət televiziyası İlham Əliyevi cənubdakı azərbaycanlıların prezidenti kimi qələmə verirdisə, artıq 2023-cü ildə İlham Əliyev bunu “regiondankənar qüvvələrin İranla Azərbaycan arasındakı dostluq münasibətlərinə müdaxilə”si kimi təqdim edirdi və “bu cəhdlər nəticəsiz qalacaq və düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar” deyərək əminliyini ifadə edirdi (APA 2023). Eyni mənzərə Rusiyaya yönəlik siyasətdə də görmək mümkündür. Son iyirmi ildə Rusiyaya yönəlik gərginləşib-yumşalan ritorika fonunda Rusiya-Azərbaycan münasibətləri mahiyyət etibari ilə müttəfiq münasibətlərindən kənara çıxmayaraq Rusiyanın Ukraynaya hücumundan iki gün öncə - 22 fevral 2022-ci ildə müttəfiqlik barədə bəyannamə sənədində rəsmilşdi (Prezident.az 2022).

 

  • Türk Dövlətləri Təşkilatı - birləşdirici güc mərkəzi rolunda

2023-cü ildə İlham Əliyev “Avropa İttifaqına üzvlüyün Azərbaycanın xarici siyasət konsepsiyasında məqsəd kimi qarşıya qoyulmadığını və bunun ən praqmatik yanaşma” olduğunu bildirdi (İlham Əliyev 2023). Bunun əvəzində Azərbaycanın inteqrasiya edə biləcəyi əsas beynəlxalq qurum kimi Türk Dövlətləri Təşkilatını təqdim etdi və bu qurumun qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsini prioritet kimi göstərdi (İlham Əliyev 2024b).  İlham Əliyevin təqdimatında Türk Dövlətləri Təşkilatı Azərbaycanın təmsil oluna biləcəyi “ailə” kimi təfsir edilsə də, milli kimlik ideyasından qaynaqlanan strateji seçim kimi təbliğ olunsa da Türk Dövlətləri Təşkilatında iştirak edən ölkələrin əksəriyyətinin demokratik göstəricilərinin aşağı olması səbəbilə bəzi tədqiqatçılar bu qurumu “avtoritar koordinasiya platforması” kimi dəyərləndirirlər (Freedom House 2023). 

 

  • İnkişaf etmiş ölkələrə qarşı inkişaf etməkdə olan dövlətlərin birliyi

Azərbaycanın Qlobal Şimala, yəni inkişaf etmiş ölkələrin instusional birliyinə qarşı inkişaf etməkdə olan dövlətlərin birliyi kimi qəbul edilən, cənub ölkərindən ibarət BRICS təşkilatına üzvlüyə meyl etməsi həm də avtoritar rejimlərin koordinasiyası kimi qiymətləndirilə bilər. Bu, bir daha göstərir ki, hakim elita tərəqqiyə yönəlik inteqrasiyaya deyil, avtoritar liderlərin bir araya gəldiyi strukturlarla yaxınlaşmağa həvəslidir (Azadlıq Radiosu 2024). 2024-cü ildə Azərbaycan BRICS-ə üzv qəbul olunmasa da, səkkiz müsəlman dövlətindən ibarət iqtisadi əməkdaşlıq təşkilatına - "D-8”-ə üzv seçildi (Azərtac 2024). 2024-cü ildə İlham Əliyev həm də Rusiyanın təsiri altında olan və bəzi postsovet respublikalarını birləşdirən Avrasiya İqtisadi Birliyinə Azərbaycanın üzvlüyünün mümkünlüyünü söylədi (Azadlıq Radiosu 2024). 


İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Çin, İsrail, Pakistan, Misir və Mərkəzi Asiyanın bir sıra ölkələri ilə strateji tərəfdaşlıq haqqında müqavilələr, Türkiyə və Rusiya ilə strateji müttəfiqlik haqında bəyannamə imzalayıb. Bu tərəfdaşlıqlar əsasən təhlükəsizlik, enerji və regional təsir dairələrinin müəyyənləşdirilməsi kimi strateji məqsədlərə xidmət edir və Azərbaycanın avtoritar siyasi modelini daha da sabitləşdirmə potensialı daşıyır.

 

Xarici siyasətə yönəlik ideoloji və psixoloji alətlər

 

-     Müstəqillik və suverenlik üzərində qurulmuş təbliğatçı ritorika İlham Əliyevin və hakimiyyət nümayəndələrinin xarici siyasət fəaliyyətinə yönəlik qabardılan yeganə ideoloji baxışdır. Heydər Əliyev hakimiyyətinin legitimliyinin təmin olunması və sığortalanması ehtiyacından ortaya çıxan balans siyasəti İlham Əliyevin hakimiyyətinin də legitimləşməsinə xidmət etməklə yanaşı, həm də daxili siyasətdə güclü lider obrazının formalaşmasına töhfə verdi. Xarici siyasətdəki balanslaşdırma daxili siyasətdə “dünya dövlətləri arasında müstəqil siyasət aparan güclü lider” ritorikasının (propaqqandanın) baza elementinə çevrildi (ApaAnalytics 2024). Bu təbliğat, paralel olaraq, müstəqil siyasət yürüdən prezidentin dünyanın güclü dövlətlərinin liderləri ilə eyni səviyyəyə qaldırılmasına xidmət edir (Həbibbəyli. 2021). Müstəqillik və suverenlik üzərində qurulmuş təbliğati ritorika əslində xarici siyasi fəaliyyət yox, daxili audotoriya üçün güclü lider obrazının təqdimatı funksiyasını yerinə yetirən siyasi alət kimi qəbul edilə bilər. 

 

-    “İdeoloji risklər” sözbirləşməsi Azərbaycan hakimiyyətinin ritorikasında təhdidedici funksiyanı yerinə yetirən məfhum kimi təqdim olunmaqla yanaşı həm də xarici siyasət davranışlarını tənzimləyən vasitə kimi çıxış edir. İlham Əliyev tərəfindən səsləndirilən “ideoloji risklər” fikri ənənəvi və patriarxal cəmiyyətə məxsus mühafizəkar dəyərlərə təhdid kimi təqdim edilir və bu təhdidin mənbəyi kimi göstərilən Qərbə inteqrasiya istisna edilir (İlham Əliyev 2019). Əslində isə bu, demokratik dəyərləri özündə ehtiva edən hüquqi dövlət ideyası ilə basqıcı təbiətə malik qapalı idarəetmə sistemi arasındakı mübarizə kimi də başa düşülməlidir.


-     Xarici düşmən obrazı, başlıcası isə, əbədi düşmən obrazının qorunub saxlanılması Azərbaycanın xarici siyasətinə yönəlik ritorikada ana xətlərdən birini təşkil edir. Avtoritar rejimlərə məxsus olan bu alət Azərbaycan reallığında əsasını Ermənistanla münaqişədən götürsə də zaman-zaman yaxın qonşuların və uzaq Qərb ölkələrinin simasında qabardılır, fərqli-fərqli düşmən obrazlarına fokuslanır. 2020-ci ildən sonra bütün torpaqların azad olunması ilə İlham Əliyev münaqişənin bitməsini elan edəndə hakimiyyət İranın simasında düşmən obrazını canlandıraraq yeni müharibənin ovqatını formalaşdırmağa başladı və ya eyni üslubda propaqandanı Fransa ilə bağlı həyata keçirdi. Daxili auditoriyaya yönəlik propaqandist ritorikadan fərqli olaraq İlham Əliyev hər iki ölkənin prezidentləri ilə şəxsi təmasda – davranışda isti münasibətlə bunun əksini nümayiş etdirir. 

  

“Qlobal dünya” konsepsiyasının böhranı

 

Dünyadakı millətçi, aşırı sağçı və avtoritar trendlər, Tramp Amerikasının dünya liderliyindən çəkilmək istəyi, “kollektiv Qərb” anlayışının aşınması, demokratiyaların ürkək davranışı və bu çağırışlara cavab verə bilməməsi oturuşmuş dünya düzənini, qlobal dünya modelini silkələməkdədir. İkinci Dünya müharibəsindən sonra formalaşan və Soyuq müharibənin sonunda çökən “dəmir pərdə” anlayışı, bu gün qlobal dünya düzəninin böhranı fonunda yenidən dirçəldilə bilər. SSRİ-dən çıxan və müstəqilliyin bərpasından bəri dəyişməyən Azərbaycanın siyasi elitasının maraqları demokratik dəyərləri ehtiva edən “Qlobal dünya” konsepsiyası ilə toqquşur. Ölkənin bütün resurslarını öz əlində saxlamaq istəyən elita üçün Azərbaycanın demokratik institutlara inteqrasiyası, sərhədlərin şəffaf olması prinsipi və iqtisadi azadlıqlar antoqonist ideyalardır. İnsan hüquq və azadlıqlarının, demokratik dəyərlərin pozulmasına görə 2024-cü ildə Avropa Şurasında Azərbaycan Nümayəndə Heyətinin mandatının dondurulması, bunun ardından Azərbaycan tərəfindən persona non grata elan olunan avropalı deputatlarla bağlı prezident səviyyəsində deyilən fikirlər, eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tanınmayacağı haqda verdiyi açıqlamalar avtoritar rejimin beynəlxalq demokratik institutla ideoloji toqquşmasının nümunəsi kimi nəzərdən keçirilə bilər (İlham Əliyev 2025).

 

Balans siyasətindən imtina

 

Uzun illər ərzində Qərblə Rusiya arasında balans siyasəti yürüdən Əliyev hakimiyyətinin son dövrlərdəki ritorikası və davranışları bu siyasətdən imtinadan xəbər verir. Hakimiyyətə məxsus propaqanda vasitələri ilə xarici siyasətdə yeni kurs və prioritetlər əsaslandırılır: “geosiyasi dəyişikliklər fonunda Azərbaycan Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb” (Əhmədov 2025b). Azərbaycan hakimiyyətinin analitikləri xarici siyasətdəki kursun dəyişməsini “XXI əsrin geosiyasi reallıqları, enerji təhlükəsizliyi və beynəlxalq hüququn pozulması, daha etibarlı tərəfdaşlıq modellərinin axtarışı” kimi amillərlə izah edirlər (Əhmədov 2025a). Hərçənd İlham Əliyev yeni reallıqları ayırıcı xətllərlə izah edir. Dünyanın yeni geosiyasi reallıqlarını analiz edən təhlilçilər isə avtoritar və sağ radikal meyllərin gücləndiyini, avtoritar rejimlərin aktivləşdiyini və konsolidasiya olunaraq demokratiyalara qarşı “səlib yürüşünə start verdiyini deyirlər. Avtoritar düşərgə Çinin ətrafında cəmləşərək antiqərb, daha doğrusu antidermokratik sərt mövqedən çıxış edir. Bunu avtoritar rejimlərin özünüqoruma instinktindən irəli gələn davranış kimi də qəbul etmək olar. Qərb institutları tərəfindən Azərbaycan kimi dövlətlərlə siyasi əməkdaşlıqda və inteqrasiyada demokratik institutların bərqərar olunması, hüquq və azadlıqların təminatı başlıca şərt kimi qoyulduğu üçün uzun illər imitasiya siyasəti yürüdən avtoritar rejimlərin birgə konsolidasiyadan başqa çıxış yolunun qalmadığı görünür. 


Qarabağ müharibəsindən sonra addım-addım dünya avtoritarları ilə yaxınlaşmanı əsas tutan, demokratiyanı və insan haqlarını dəyər olaraq görməyən beynəlxalq təşkilatlarla əməkdaşlıq və üzvlük yeni xarici siyasət strategiyası kimi görünməkdədir. İlham Əliyevin son 5 ildə ən çox getdiyi rəsmi dövlət səfərləri, üzv olduğu və ya üzv olmaq istədiyi beynəlxalq təşkilatlarla imzaladığı ikitərəfli sazişlər, şəxsi əlaqələri bunu deməyə əsas verir. 2021-ci ildən bu günə qədər İlham Əliyevin xarici ölkələrə 75 səfəri baş tutub. Azərbaycan prezidentinin ən çox səfər etdiyi ölkələr ya avtoritar rejimlərdir, ya da avtoritar liderlərin idarə etdiyi imitasiyalı demokratiyalardır. İlham Əliyevin son 5 ildə 19 dəfə Orta Asiya respublikalarına, 13 dəfə Türkiyəyə, 12 dəfə Rusiyaya, 6 dəfə Asiya ölkələrinə səfər edib. 


 

Nəticə: Avtoritar xarici siyasətin paradoksları

Bu yazının əsas sualı – “Azərbaycanın avtoritar idarəetmə modeli ölkənin xarici siyasət ritorikası və davranışlarını necə formalaşdırır?” – mövcud təhlil əsasında cavablandırıldı. Analiz göstərdi ki, Azərbaycan xarici siyasəti ideoloji istiqamətdən çox rejimin sağ qalma ehtiyaclarına əsaslanan, çevik və situativ olaraq yön dəyişən bir trayektoriya izləyir. Bu siyasət lider mərkəzli qərarvermə, institusional qeyri-şəffaflıq və xarici təhlükələrin rejim təhlükəsizliyi prizmasından qiymətləndirilməsi ilə xarakterizə olunur.


Məqalədə təqdim olunan arqumentlər tarixi müqayisələr (Xalq Cümhuriyyəti ilə), geosiyasi analizlərə (Rusiya, Türkiyə, Qərb və Çinlə münasibətlər) əsaslanaraq bu nəticəni dəstəklədi. Xüsusilə 2022-ci ildən sonra qlobal ideoloji qütbləşmə fonunda Azərbaycanın xarici siyasətində müşahidə olunan sərt ritorik dönüşlər və ziqzaqlar göstərdi ki, bu davranışlar normativ prinsiplərdən deyil, faydaçı və daxili legitimliyi qorumağa yönəlmiş maraqlardan qaynaqlanır.


Yekun olaraq, ümumiləşdirilə bilən əsas nəticələr bunlardır:


  • Azərbaycan xarici siyasəti institusional deyil, şəxsiyyətə əsaslanan rejim dinamikası ilə idarə olunur.


  • Xarici siyasət daxili avtoritar strukturlarla sinxron işləyir: repressiya, legitimlik axtarışı və resursların qorunması eyni məqsədə – rejimin davamlılığına xidmət edir.


  • Tarixdəki Xalq Cümhuriyyəti ilə müqayisə ideoloji qırılmaları üzə çıxarır.


Oxucunun yaddaşında qalmalı əsas fikir budur:

Azərbaycanın xarici siyasəti müstəqil və normativ yanaşmadan daha çox, rejim tipinin tələblərinə uyğun şəkildə formalaşır və bu siyasət ölkənin demokratik transformasiyası üçün həlledici maneəyə çevrilir.


Yazı mövzuya aşağıdakı töhfələri verir:


Xarici siyasəti yalnız beynəlxalq münasibətlərin geosiyasi çərçivəsində deyil, həm də daxili siyasi rejimin struktur və maraqları kontekstində anlamağa çalışmaq;

Normativ (liberal-demokratik) və instrumental (avtoritar) xarici siyasət modellərini qarşılaşdırmaq üçün empirik baza təqdim edir;


Hələ də açıq qalan və gələcəkdə tədqiq olunması faydalı olacaq suallar bunlardır:

Azərbaycan xarici siyasətində institusional islahat potensialı varmı və bu hansı şərtlər altında mümkün ola bilər?

Geosiyasi dəyişikliklər fonunda rejim–xarici siyasət sinxronluğu davamlıdırmı, yoxsa müəyyən şərtlər altında qopma baş verə bilər?

Qərblə münasibətlərdə rəsmi ritorikanın sərtləşməsi real struktur qopmalara səbəb olacaqmı, yoxsa bu yalnız texniki manevr olaraq qalacaq?




İstinadlar

 

İlham Əliyev. 2024. Prezident.az. February 14

https://president.az/az/articles/view/63979


Кант, И. 1966. О вечном мире. Сочинения. Мысль, сс. 259-309


Кулагин, В. М. 2000a. Мир в XXI веке: многополюсный баланс сил или глобальный кpax демократии? Полис 1. С. 23-37 


Кулагин, В. М. 2000b. Мир в XXI веке: многополюсный баланс сил или глобальный кpax демократии? Полис 1. С. 23-37 


Şahtaxtinski, Məhəmməd Ağa. 1919. Müsəlman həyat qabiliyyətinin böhranı. Türkiyə toplusu. SPB. S.106


Hüseynzadə, Əli bəy. Seçilmiş əsərləri.2007.  Bakı: “Şərq-Qərb”. S.480


M.Ə. Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyəti Dövründə Fəaliyyəti. M.Ə.Rəsulzadə ev muzeyi.

https://www.rasulzademuzeyi.org/index.php/m-h-mm-d-min-r-sulzad-haqqinda/m-r-sulzad-nin-2-ci-h-yat-yoldasi-vanda-leyla


Quliyeva, Rüxsarə. 2018. Azərbaycan Xalq Cümhuriyyəti və İran arasında münasibətlər. “Azərbaycan Xalq Cümhuriyyəti-100” elmi konfrans

https://www.researchgate.net/publication/361163476_AZRBAYCAN_XALQ_CUMHURIYYTI_V_IRAN_ARASINDA_DIPLOMATIK_MUNASIBTLR_DIPLOMATIC_RELATIONS_BETWEEN_AZERBAIJAN_DEMOCRATIC_REPUBLIC_AND_IRAN


Məmmədova, Sevinc. 2022. İran mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin adı ətrafında mübahisələr. Tarix, İnsan və Cəmiyyət . №3. S.142-152


Şüküroğlu, Lətif. 2018. Cümhuriyyət Hökumətinə başçılığın Fətəli Xan Xoyski örnəyi. Azərbaycan Milli Kitabxanası. March 14

https://www.anl.az/down/meqale/525/2018/mart/581869.htm


Nəsibzadə, Nəsib. 1996. Azərbaycanın xarici siyasəti (1918-1920). Azərbaycan Araşdırmalar Vəqfi. S.182


Həsənli, Cəmil. 2009a. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-1920). GARISMA. S.284

https://anl.az/el/h/azf-255960.pdf  


Həsənli, Cəmil. 2009b. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-1920). GARISMA. S.10

https://anl.az/el/h/azf-255960.pdf  


Azərbaycan Milli Kitabxanası.1993. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamələri. 

http://anl.az/el/emb/QARABAQ/beynelxalq-senedler/bmt.pdf


Перцев, Андрей. 2022. Александра Дугина много раз называли «мозгом» Кремля. Meduza. November 3

https://meduza.io/feature/2022/11/03/aleksandra-dugina-mnogo-raz-nazyvali-mozgom-kremlya-kak-utverzhdayut-istochniki-meduzy-ego-vliyanie-na-putina-deystvitelno-vyroslo-no-proizoshlo-eto-posle-ubiystva-ego-docheri-dari-duginoy


Дугин А.Г. 1997. Основы геополитики. Политическая наука и публичное администрирование

https://virmk.ru/read/d/DUGIN/chapt06.htm


Azərbaycan Respublikasının Konstitusiyası. 1995

https://e-qanun.az/framework/897


AŞPA. 2005a. Azərbaycanda Demokratik Orqanların Funksiyası – Hesabat. June 3 


AŞPA. 2005b. Azərbaycanda Demokratik Orqanların Funksiyası – Hesabat. June 3 


Мамедьяров, Эльмар. 2017. Внешнеполитическая стратегия Азербайджана основана на национальных интересах и соответствует вызовам времени. İRS

 https://irs-az.com/new/files/2017/204/2594.pdf


Heydər Əliyev. 1997. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. Azərnəşr


Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. 2007a

https://e-qanun.az/framework/13373


Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. 2007b

https://e-qanun.az/framework/13373


Fərhadoğlu, Tapdıq. 2021. Azərbaycan prezidenti: Azərbaycanın Avropa İttifaqı ilə saziş üzrə danışıqları bərpa ediləcək. Amerikanın Səsi. March 6

https://www.amerikaninsesi.org/a/az%C9%99rbaycan-prezidenti-az%C9%99rbaycan%C4%B1n-avropa-i%CC%87ttifaq%C4%B1-il%C9%99-sazi%C5%9F-%C3%BCzr%C9%99-dan%C4%B1%C5%9F%C4%B1qlar%C4%B1-b%C9%99rpa-edil%C9%99c%C9%99k-/5804178.html


Azadlıq Radiosu. 2022. Aİ səfiri yeni sazişin yaxın vaxtlarda əldə oluna biləcəyini deyir. December 15

https://www.azadliq.org/a/avropa-ittifaqi-sazis/32177882.html


Azərbaycan Xarici İşlər Nazirliyi. Azərbaycan - Avropa İttifaqı münasibətləri

https://mfa.gov.az/az/category/regional-teskilatlar/azerbaycan-avropa-ittifaqi-munasibetleri


Qafqazinfo.az. 2021. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. July18

https://qafqazinfo.az/news/detail/avropa-ittifaqi-bizim-ucun-yaxin-terefdasdir-prezident-330188


Trend. 2017a. İlham Əliyev: Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır. June 27

https://az.trend.az/azerbaijan/politics/2771196.html     


Trend. 2017b. İlham Əliyev: Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır. June 27

https://az.trend.az/azerbaijan/politics/2771196.html     


European Stability Initiative. 2012. Caviar Diplomacy: How Azerbaijan silenced the Council of Europe

https://www.esiweb.org/pdf/esi_document_id_131.pdf


Sabados, Katarina. 2018. Council of Europe releases report on Azerbaijan corruption. OCCRP. April 23

https://www.occrp.org/en/news/council-of-europe-releases-report-on-azerbaijan-corruption


European Stability Initiative. 2012. Kürü Diplomatiyası Azərbaycan Avropa Şurasını. Necə Susdurdu? May 24

https://www.esiweb.org/pdf/esi_document_id_133.pdf


European Stability Initiative. 2012b. Kürü Diplomatiyası Azərbaycan Avropa Şurasını. Necə Susdurdu? May 24

https://www.esiweb.org/pdf/esi_document_id_133.pdf


Həsənov Fərid. 2024. Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırmağa qərar verib. January 22

https://www.bbc.com/azeri/articles/c06m4m2pykko


Azadlıq Radiosu. 2017. İdman nazirinin oğlu olsaydınız... June 22

https://www.azadliq.org/a/idman-naziri-oglu-arif-rahimov-formula-1-korrupsiya/28573322.html


Azadlıq Radiosu. 2007. 16 ilin nəticəsizliyi… September 18

https://www.azadliq.org/a/412450.html


Bağırov Emil. 2025. Azərbaycan və Ermənistan sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdırıldığını bildirir. Amerikanın səsi. March 13

https://www.amerikaninsesi.org/a/8009563.html


APA. 2024. Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

https://apa.az/resmi-xeber/prezident-qeyri-regional-olkelerin-bizim-islerimize-mudaxilesi-qebuledilmezdir-843213


İlham Əliyev. 2023. Prezident.az

https://president.az/az/articles/view/62400/images


İlham Əliyev. 2024a. Prezident.az

https://president.az/az/articles/view/63979


KHAR Center, 2025. https://kharcenter.com/arasdirmalar/33-tesebbusu-avtoritar-koordinasiya-ve-qerb-eleyhine-geosiyasi-bloklasmanin-qafqaz-arxitekturasi 


İlham Əliyev. 2023. Prezident.az

https://president.az/az/articles/view/62400/images 


APA. 2023. Daşkənddə Azərbaycan və İran prezidentlərinin görüşü olub. November 9

https://apa.az/foreign-policy/daskendde-azerbaycan-ve-iran-prezidentlerinin-gorusu-olub-794753


Prezident.az. 2022
https://president.az/az/articles/view/55498 


İlham Əliyev. 2024b. Prezident.az

https://president.az/az/articles/view/63979


Azadlıq Radiosu. 2024. Azərbaycan BRICS-ə qoşulmaq üçün müraciət edib. April 20

https://www.azadliq.org/a/azerbaycan-brics-e-muraciet-edib/33085924.html


Azərtac. 2024. Azərbaycan D-8 təşkilatının üzvü seçilib. December 12

https://azertag.az/xeber/azerbaycan_d_8_teskilatinin_uzvu_sechilib-3339283


Azadlıq Radiosu. 2024. Əliyev Avrasiya İqtisadi Birliyi barədə: 'Belə planlarımız yoxdur, amma...' April 23

https://www.azadliq.org/a/azerbaycan-avrasiya-birliyi/32917331.html


ApaAnalytics. 2024. İlham Əliyev fərqi: Azərbaycan Prezidenti dünya liderləri üçün nümunə olacaq yanaşma ortaya qoyur. APA. December 19

https://apa.az/siyasi/ilham-eliyev-ferqi-azerbaycan-prezidenti-dunya-liderleri-ucun-numune-olacaq-yanasma-ortaya-qoyur-tehlil-881273


Həbibbəyli İsa. 2021. Uğurlu prezidentliyin mükəmməl nümunəsi.Azərbaycan qızeti. December 24

https://azerbaijan-news.az/az/posts/detail/ugurlu-prezidentliyin-mukemmel-numunesi-1640295634


İlham Əliyev. 2019. Prezident.az

https://president.az/az/articles/view/34958


lham Əliyev. 2023. Prezident.az. 

https://president.az/az/articles/view/59672


İlham Əliyev. 2025. Prezident.az

https://president.az/az/articles/view/68514 


Əhmədov, Hikmət. 2025a. Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru. Azərtac. April 22

https://azertag.az/xeber/azerbaycanin_xarici_siyaseti_muasir_dovrde_serqe_ve_asiyaya_dogru_tehlil-3517679


Əhmədov, Hikmət. 2025b. Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru. Azərtac. April 22

https://azertag.az/xeber/azerbaycanin_xarici_siyaseti_muasir_dovrde_serqe_ve_asiyaya_dogru_tehlil-3517679



Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin