11 sen 2025

Türkiyənin strateji muxtariyyət oyunu

Türkiyənin strateji muxtariyyət oyunu

(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)


Giriş

XX əsrin sonlarına qədər Türkiyənin xarici siyasəti, əsasən, böyük dövlətlərdən gələn ciddi təhdidlər qarşısında Lozanna müqaviləsinin nailiyyətlərini qorumağa istiqamətlənmişdi. Bu səbəbdən Türkiyə uzun müddət status-kvonun tərəfdarı olan ölkə kimi çıxış edir, qonşu dövlətlərlə münasibətləri əsasən geniş geosiyasi qarşıdurmalarda tutduğu mövqe ilə formalaşırdı (Zürcher, 2017).

Lakin Soyuq müharibənin başa çatmasının ardınca Türkiyənin iqtisadi, hərbi və diplomatik gücünün artması ilə vəziyyət dəyişdi. İndi Ankara xarici siyasətini yalnız mövcud nizamı qorumağa deyil, həm də artan təsir imkanlarına uyğun olaraq regional düzəni yenidən formalaşdırmağa yönəltdi (Öniş & Yılmaz 2009). Bu istiqamətdəki səylərin xarakteri və onların qonşu dövlətlər tərəfindən qəbul olunma forması gələcəkdə Türkiyənin ABŞ və Avropa ilə münasibətlərini müəyyənləşdirən əsas amillərdən birinə çevriləcək. Hakimiyyətdə hansı qüvvə olursa-olsun, Türkiyənin yeni dinamizmi gərginlik mənbəyi olaraq qalacaq. Lakin düzgün idarə olunsa, bu dinamizm Türkiyə ilə Qərb arasında qalıcı bir parçalanmaya gətirib çıxarmaya da bilər (Marc Pierini, 2020). 

Hazırda Türkiyənin Qərb müttəfiqləri ilə münasibəti “artan gərginlik” halındadır və Ankara beynəlxalq arenada revizionist güc kimi görünməyə çalışır. Bu, onun regional siyasətində dövri olaraq meydana gələn yaxınlaşmalarla bərabər, zaman-zaman baş verən kəskin münaqişələri də açıq şəkildə ortaya qoyur (Larrabee & Lesser 2003). Ona görə də Ankaranın atdığı ziqzaqlı addımları  diqqətlə izləməyin, həmçinin onların uzunmüddətli təsirlərini anlamağın önəmi hazırda daha da artıb. 

Khar Centerin bu analizinin məqsədi Türkiyənin qlobal siyasi ambisiyalarını və onun xarici siyasətində strateji muxtariyyət oyununu araşdırmaqdır.

Yazının əsas sualı Türkiyənin siyasi-iqtisadi, ideoloji resurslarının onun qlobal siyasi ambisiyaları ilə nə dərəcədə uzlaşıb uzlaşmamasıdır.

Coğrafi körpü: Şərqlə Qərb, Şimalla Cənub arasında

Türkiyə siyasi-coğrafi baxımdan bir çox regionla bağlıdır: Avropa Birliyi ilə həmsərhəddir; Qara dənizin qarşı tərəfində Ukrayna və Rusiya var; şimal-şərqində Cənubi Qafqaz yerləşir və Yaxın Şərqlə  qonşudur; Aralıq dənizi vasitəsilə də Şimali Afrika ilə əlaqəlidir.

Bu coğrafi mövqe Türkiyə xarici siyasətinin əsas xüsusiyyətinə çevrilib. Həmin xüsusiyyət Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə xüsusilə güclənib. 2002-ci ildə iqtidara gələn Ərdoğan indi prezident kimi hələ də hakimiyyətdədir. O, ölkə daxilində müxalifəti məhkəmələr vasitəsilə sıxışdırsa da və etirazları dağıtmaqda ittiham olunsa da, xarici siyasətdə aktiv və iddialı xətt yürüdür (Tugal, 2016a).

Somalidə türk əsgərlərinin təlim keçdiyi hərbi baza Türkiyənin xaricdəki ən böyük hərbi məntəqəsidir. Bu, Ankaranın artan qlobal ambisiyalarının sadəcə bir nümunəsidir. 

Türkiyə öz coğrafi mövqeyi ilə Avropa, Asiya və Afrikanın kəsişməsində dayanır. Bu unikallıq ölkəyə həm üstünlüklər, həm də çətinliklər qazandırır. Yerləşdiyi coğrafi mövqe ona 3 qitəyə çıxış imkanı verməklə bərabər, həm də Qafqazın, Yaxın Şərqin, Qara dənizin potensial və qaynar müharibələrinin içinə çəkir (Philip Robins,2004).

Strateji muxtariyyət (Strategic Autonomy) oyunu: ideoloji və siyasi dayaq nöqtələri

Strateji muxtariyyət Türkiyənin xarici siyasətində əsasən çoxvektorlu strategiyanı ehtiva edir. Bu yanaşma illər ərzində müxtəlif siyasətlərdə özünü göstərdi, akedemik şəkildə isə keçmiş baş nazir Əhməd Davudoğlunun “Strateji dərinlik” doktrinasında formalaşdı (Davutoğlu, A. 2001a). Qlobal inkişaf və  ənənəvi beynəlxalq təhlükəsizlik sistemindəki sınmalar bu yanaşmanı, Ərdoğanın “Türkiyə əsri” şüarının əsas komponentlərindən birinə çevirib. İstər NATO üzvü kimi Türkiyənin rolu, istər ABŞ və AB ilə münasibətləri, istərsə də Çin və Rusiya ilə iqtisadi tərəfdaşlıqları – bütün bunlar Türkiyənin strateji muxtariyyət axtarışının geniş miqyasını göstərir (Altunişik, M. 2020). Bu axtarış mərhələli şəkildə baş verib, beynəlxalq, regional və daxili müstəvidəki avtoritarlaşma ilə bərabər irəliləyib. 

XXI əsrdə beynəlxalq miqyasda çoxqütblülüyə keçid – BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) siyasi-iqtisadi yüksəlişi ilə sürətlənib və beynəlxalq güc balansını daha qeyri-müəyyən və mürəkkəb hala gətirib. 

2007–2008-ci illər maliyyə böhranı Qərb iqtisadi institutlarının effektsizliyini ortaya qoyaraq Asiya İnfrastruktur İnvestisiya Bankı kimi yeni institutların meydana çıxmasına zəmin yaratdı. Bundan əlavə, beynəlxalq qaydaların və insan haqları normalarının təkrar-təkrar pozulması qarşısında ABŞ və AB-nin ya qeyri-adekvat, ya da seçimli yanaşması digər dövlətləri  öz maraqlarını kollektiv təhlükəsizlikdən önə çıxarmağa sövq etdi (Amitav Acharya, 2017).

Ankaranın prizmasından baxanda qlobal nizamın bu qarışıqlığının əsasında ABŞ və AB-nin müəyyən regionlardakı rolunun zəifləməsi dayanır. ABŞ-ın 2021-ci ildə  öz təşəbbüsü ilə Əfqanıstandan çıxması bu zəifləmənin əlamətidir. ABŞ-ın geri çəkilməsi və ya Asiyaya yönəlməsi ilə yaranan “güc boşluğu” dəyişən konfiqurasiyasının başqa bir göstəricisidir. Belə qlobal fon qarşısında Türkiyə siyasətçiləri artıq özlərini ABŞ-ın rəhbərlik etdiyi Qərb gündəminə o qədər də bağlı hiss etmirlər. NATO üzvü olmasına baxmayaraq, Türkiyə Rusiya və Çin də daxil olmaqla Qərbdən kənar tərəfdaşlarının siyahısını genişləndirməyə davam edir. Dəyərlərin bu yenidən gözdən keçirilməsi həm də ABŞ və AB ilə ikitərəfli münasibətlərdə yığılan məyusluqlar fonunda baş verir (Senem Aydın-Düzgit, Mustafa Kutlay & E. Fuat Keyman , 2025).

ABŞ-ın İŞİD-lə mübarizədə Kürd Demokratik Birlik Partiyası (PYD) ilə əməkdaşlığa yönəlməsindən sonra Vaşinqtonla fikir ayrılığı xüsusilə kəskinləşib. Bu amil və ABŞ-ın 2016-cı ildəki çevriliş cəhdindən sonrakı dövrdə Gülən hərəkatıyla bağlı Ankaranın narazılıqlarını nəzərə almaması Türkiyə rəhbərliyi və ictimaiyyətindəki məyusluğu daha da artırdı. Alman Marşal Fondunun “Transatlantic Trends 2022” sorğusuna görə, Türkiyə vətəndaşlarının 67 faizi ABŞ-ın beynəlxalq arenada mənfi rol oynadığını düşünür. Uğursuz üzvlük prosesi sonrası AB ilə münasibətlərin gərginləşməsi də Türkiyədə antiqərb ovqatını bir az da qidalandırdı. AB Türkiyəni “imtiyazlı tərəfdaş” kimi qəbul edərək onu, faktiki olaraq,  Avropanın “daxili üzvü” saymadı. İkitərəfli münasibətlərdə dönüş nöqtəsi Kiprin AB-yə üzvlüyü və adanın siyasi bölünməsi ilə bağlı problemin həll edilməməsi oldu. Bu qədər siyasi problemin cəmi son illərdə AB–Türkiyə münasibətlərini tranzaksiyaya əsaslanan əməkdaşlıq çərçivəsinə saldı (GMF, 2022).

Əslində Türkiyədə antiqərb ovqatının tarixi xeyli keçmişə dayanır. Mövzunun üzərində çox dayanmadan qeyd edə bilərik ki, ABŞ ilə münasibətlərdə gərginliyin ilk işarələri 1960-cı illərdə özünü göstərməyə başladı. Kuba böhranı zamanı gərginliyi azaltmağa çalışan prezident Kennedinin sovet lideri Xruşşovla əldə etdiyi razılaşmada Ankaraya heç bir məlumat vermədən Türkiyədə yerləşdirilmiş nüvə başlıqlı “Jupiter” raketlərini geri çəkməyi öhdəsinə götürməsi soyuq duş təsiri yaratdı. İki il sonra isə prezident Conson baş nazir İnönüyə yazdığı məktubda Türkiyənin Kiprə müdaxiləyə hazırlaşmasından narazılığını bildirir, müdaxilə zamanı ABŞ silahlarından istifadəni qadağan edirdi. Üstəlik, bildirirdi ki, əgər bu müdaxilə  SSRİ-nin Türkiyəyə hücumuna səbəb olsa, NATO işə qarışmayacaq. “Conson məktubu”  iki ölkə arasındakı münasibətlərə uzun müddət unudulmayan zərbə vurdu. Ortaya çıxan bu ABŞ əleyhdarlığı türk toplumunun avrointeqrasiya hərəkatına da şübhə ilə yanaşmasına səbəb oldu və ümumilikdə Qərb əleyhdarlığına çevrildi (William Hale, 2013a). Bu səbəbdən də 2016-cı ildə baş verən çevriliş cəhdi vaxtı nə Ağ Evin davranışı, nə də Türkiyədə antiamerikanizmin bir az da yüksəlməsi sürpriz deyildi.

Türkiyə tarixən NATO üzvü və AB-yə namizəd ölkə olaraq Qərb blokuna yaxınlaşmağa cəhd edib. İndi isə strateji muxtariyyət siyasətini qəbul edərək açıq şəkildə qlobal güclər arasında tərəddüd edir. Ənənəvi beynəlxalq təhlükəsizlik sisteminin çökdüyü indiki zamanda və ehtimal olunan “postqərb” dünya nizamında  Türkiyə özünü yeni güc qütblərindən birinin aparıcı üzvü kimi formalaşdırmağa çalışır (Mustafa Kutlay, Ziya Öniş, 2021).

Qeyd etmək lazımdır ki, çoxqütblülüyün yaratdığı qeyri-sabitlik təhlükəsizlik yönümlü düşüncəni gücləndirir. Türkiyənin beynəlxalq sistemdəki davranışını formalaşdıran xüsusi strateji baxış da əsasən təhlükəsizlik diskursundan qaynaqlanır. Bu, 100 illik “xaricdən parçalanma” qorxusu – yəni “Sevr sindromu” – ilə bağlıdır. 

Ərəb üsyanları, parçalanmış bölgə dövlətləri, vətəndaş müharibələri Türkiyə sərhədlərində proksi münaqişələr buraxaraq bu qorxunu daha da gücləndirib. Şərqi Aralıq dənizində akvatoriyalar, xüsusi iqtisadi zonalar və qaz resursları üzərində münaqişə də oxşar təcrid hissini qidalandırır. 2019-cu ildə Liviya Milli Razılıq Hökuməti ilə imzalanmış sərhəd razılaşmasını da Türkiyənin Şərqi Aralıq dənizi Qaz Forumundan kənarda saxlanması ilə formalaşmış “diplomatik mühasirə” hissini nəzərə almadan izah etmək mümkün deyil (Aaron Stein, 2022a).

Beləliklə, strateji muxtariyyətin mahiyyətində irredentist və ekspansionist motivlər deyil, status-kvonu dəyişdirən regional və qlobal proseslərə məcburi reaksiya dayanır.

Daxili siyasətdə isə strateji muxtariyyət narrativi seçiciləri “bayraq ətrafında” toplamaq üçün faydalı alətə çevrilib. Ərdoğanın antiqərb ritorikası həm avrasiyaçılar, həm də islamçılar arasında populyardır. Hətta qərb həyat tərzini mənimsəmiş solçu elektorat belə özünün ənənəvi antiqərb narrativi ilə bu konteksdə Ərdoğanın siyasi taktikasının predmetinə çevrilirlər.  

Ərdoğanın Qərbi ikili standartlara görə tənqid etməsi və HƏMAS-a qarşı müharibədə İsraili “soyqırım” törətməkdə günahlandırması da bunu göstərir. Bu siyasi ritorika Ərdoğanın özünü qlobal islam ümmətinin lideri kimi təqdim etmək cəhdidir. AB-ni islamofobiyada ittiham etmək, Ərəb baharından sonrakı Yaxın Şərqdə “Müsəlman qardaşları” ilə əlaqələri möhkəmləndirmək, Somali kimi müsəlman əhalisi çoxluq təşkil edən Afrika ölkələrinə inkişaf yardımı və hərbi dəstək göndərmək bu iddianın görünən təzahürlərindəndir (Ali Balcı, 2024).

Strateji muxtariyyət ritorikasını tamamlayan başqa bir xətt isə populist texno-millətçi ritorikadır. Ərdoğanın 2023 prezident seçkiləri kampaniyasında ölkənin müdafiə sənayesində əldə olunan nailiyyətlərə tez-tez toxunması diqqətəlayiq idi. O, təbliğat çərçivəsində milli döyüş təyyarəsi KAAN, donanmanın ən böyük gəmisi “TCG Anadolu” və qırıcı pilotsuz uçuş aparatı “Kızılelma” kimi layihələrin təqdimat mərasimlərində şəxsən iştirak etdi (Can Kasapoğlu and Sine Özkaraşahin, 2024). 

Xarici siyasətdəki sərt manevrlərini milli kimlik və maraqların ifadəsi kimi təqdim edən Ərdoğan daxili müxalifəti “antimilli” kimi damğalaya bildi. Maraqlıdır ki, Türkiyənin siyasi müxalifəti bu çərçivəyə qarşı təsirli cavab hazırlamaqda aciz qalıb. Çox vaxt onlar da təhlükəsizlik yönümlü xarici siyasət narrativinin əsirinə çevriliblər (Tugal, 2016b). Daha doğrusu, cəmiyyətin əhvalı onları buna sövq edir. Əlbəttə, burada ölkənin çəkindirici gücünün  artırılması və müdafiə sənayesinin inkişafı faktorunu gözardı etmək mümkün deyil.  Ancaq bu faktor hakim ailənin iqtisadi-siyasi monopoliyasının artması ilə yanaşı dəyərləndirilməlidir. “Bayraktar” şirkətinin novatorluğundakı bütün müdafiə sənayesi faktiki olaraq Ərdoğanın ailə biznesinin əsasını təşkil edir. Teknofestlər və s.  vasitəsilə həyata keçirilən meqalayihələr həm də ailənin üzvü Səlçuk Bayraktarı siyasi olaraq böyütmə cəhdləridir (Aaron Stein,2022b).

Güc Resursları

85 milyonluq gənc əhali, güclü sənaye və ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusu Türkiyəyə zatən regional güc statusu qazandırır. 350 mindən çox aktiv hərbçi ilə Türkiyə həm Avropada, həm də Yaxın Şərqdə ciddi oyunçudur (IISS,  2023).

Son dövrlərə qədər Türkiyə gücünü göstərmək üçün əsasən ticarətə, diplomatiyaya və Avropa ilə Yaxın Şərq arasında yerləşən mühüm coğrafi mövqeyinə arxalanırdı. Lakin 2011-ci ildə başlayan Ərəb baharı üsyanlarının yaratdığı on illik qeyri-sabitlik fonunda Ankara özünü həm təhdidlərdən qorumaq, həm də qlobal gücə çevrilmək arzularına çatmaq üçün sərt güc yanaşmasına keçdi.

Türkiyənin mürəkkəb coğrafi mövqeyi – Avropa ilə Asiya, Qara dənizlə Aralıq dənizi arasında yerləşməsi – onu eyni zamanda bir neçə coğrafi, siyasi və mədəni geosiyasi mühitin mərkəzinə qoyur. Belə vəziyyət ölkənin daxili, xarici və müdafiə siyasətinə güclü təsir göstərir və Ankaranı qonşuluğunda yaranan təhlükəsizlik təhdidlərinə qarşı son dərəcə həssas edir (Fulya Hisarlıoğlu, 2022).

Ənənəvi yanaşmaya görə, Türkiyənin coğrafiyası Şərqlə Qərb arasında körpü kimi ona divident qazandırır. Amma çox vaxt nəzərdən qaçırılan bir məqam var: həmin coğrafiya Türkiyəni həm də unikal çətinliklər və təhdidlər qarşısında qoyur. Bu da ölkənin ərazi bütövlüyü, təhlükəsizliyi və milli maraqları mövzusunu türk siyasi, təhlükəsizlik və müdafiə düşüncəsinin mərkəzinə çevirib. Bu çətinliklər Türkiyəni “güclü dövlət modeli”ni qəbul etməyə və sərt güc tətbiqini artırmağa vadar edir (William Hale, 2013b).

Türkiyə barədə beynəlxalq diskurs çox vaxt bu amilləri görməzdən gəlir. Nəticədə, Ankara “nə edir?” və ya “nə etməyə çalışır?” sualına cavab tapmaqla yanaşı, ən əsası, “niyə bunu edir?” və “son hədəfi nədir?” sualları cavabsız qalır.

Yumşaq gücdən sərt gücə keçid

XXI əsrin ilk onilliyində hakim Ədalət və İnkişaf Partiyası (AKP) hərbi idarəçiliyin zorla tətbiq etdiyi ənənəvi radikal sekulyarizmdən də, sərt dini dogmatizmdən də uzaqlaşaraq özünə orta yol tapa bildi. Onun demokratiya, sekulyarizm və islamı uzlaşdırmaq cəhdləri müasir, liberal iqtisadiyyata malik yüksələn bir ölkəyə beynəlxalq diqqəti cəlb edirdi. O dövrdə Türkiyə böyük yumşaq güc potensialı formalaşdırırdı və bu təcrübəsi bir “model” kimi təqdim olunurdu (Ihsan Yilmaz & Syaza Shukri, 2024).

Bu yumşaq güc üç əsas dayağa söykənirdi:

  • Demokratikləşmə təcrübəsi və islahatlar;
  • Artan ticarət, davamlı iqtisadi yüksəliş;
  • Vizioner, cəlbedici və aktiv xarici siyasət (sıfır problem siyasəti, yüksək səviyyəli siyasi dialoq, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq, hər kəs üçün təhlükəsizlik, çoxmədəniyyətli birgəyaşayış) (Davutoğlu, 2001b).

Nəticədə Türkiyə regionda və ondan kənarda yumşaq gücünü qurub təsdiq edə bildi. Bu güc bölgə xalqlarını ruhlandırmaq üçün istifadə edildi və 2010-cu ildən başlayan üsyanların arxasında duran əsas amillərdən biri oldu. Lakin həmin inqilablar eyni zamanda Türkiyə üçün uzun müddətli və proqnozlaşdırılamayan miqyasda təhlükəsizlik çağırışları yaratdı.

2011-ci il martın 11-də Suriya inqilabı başlayanda Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlu aylarla Suriya prezidenti Bəşər Əsədi dinc etirazçılara qarşı əsassız və həddindən artıq güc tətbiqini dayandırmağa və islahatlara başlamaq şərti ilə Türkiyənin dəstəyini qazanmağa inandırmağa çalışdı. Lakin Əsəd İrana meyilləndi və bu, Ankarada qərarvericiləri “növbəti addım nə olmalıdır?” sualı ətrafında intensiv müzakirələrə sövq etdi. Çoxluğun mövqeyi belə idi ki, Ankara hələ də özünün geniş yumşaq güc ehtiyatlarına arxalanaraq sərhədlərindən kənardakı hadisələrə təsir edə və regionu demokratiyanın və həqiqi sabitliyin inkişafına xidmət edəcək şəkildə yenidən formalaşdıra bilər. Bu isə son nəticədə Ankaranın maraqlarına xidmət edəcəkdi.

Ancaq 2015-ci ildə Türkiyə hava məkanını pozan rus Su-24 təyyarəsini türk F-16 qırıcısının vurmasından sonrakı böhran iradələrin və sərt gücün qarşıdurmasına çevrildi. NATO-nun Ankaraya yönələn dəstək bəyanatları ilə bərabər gərginliyin azaldılmasına dair çağırışlarını Türkiyə alyansın hərəkətsizliyi və bütövlükdə Qərb tərəfdaşları tərəfindən tərk edilmə əlaməti kimi qəbul etdi. Bu isə bəzi türk rəsmilərini inandırdı ki, yumşaq gücə həddindən artıq güvənmək və xarici tərəfdaşlara arxalanmaq Türkiyənin təhlükəsizlik mövqelərini zəiflədir və proaktiv siyasət imkanlarını məhdudlaşdırır. Müdafiə yönümlü yumşaq gücə və regional əməkdaşlıq üçün başqalarının iradəsinə tam etibarın bahalı səhv olduğu aydın göründü (Aaron Stein,2022c). Dəyişən dinamika Ankaradan sərhədlərin təhlükəsizliyini təmin etmək, qaçqın böhranını idarə etmək və regionun siyasi gələcəyinə təsir göstərmək yollarını yenidən nəzərdən keçirməyi tələb edirdi.

Bu mənzərə Türkiyəni yaxın coğrafiyadakı maraqlarını daha açıq güc nümayişi ilə təmin etməyə təşviq etdi. İranın və Rusiyanın Əsədi müdafiə etməsinə rəğmən, Türkiyə Suriyada Əsəd rejiminə qarşı üsyançıları dəstəklədi. İranın təsirinin zəifləməsi, Rusiyanın isə Ukrayna müharibəsinə fokuslanması Türkiyəyə imkan verdi ki,  dəstəklədiyi üsyançı qüvvələr vasitəsilə hücuma keçərək 2024-cü ilin sonunda Əsəd rejimini devirsin. 

ABŞ və İsrailin strategiyaları nəticəsində İranın bölgədəki təsirinin zəifləməsi də Türkiyənin yeni Yaxın Şərq nizamını formalaşdırmaq roluna əlavə mürəkkəblik qatır. Türkiyə zaman-zaman  rəqabət apardığı İranın İsrail qarşısında çökməsini istəmir. Çünki İran-İsrail arasında balansın qorunması Ankaranın strateji marağındadır. 

Regionda yaranmış yeni mənzərə ilk baxışdan yeni imkanlar açsa da, İsrailin Suriyada Türkiyə təsirini məhdudlaşdırmağa çalışması, İranla savaşması Türkiyənin qazandığı üstünlüyü qoruya bilməsini sual altına qoyur.

Üstəlik Türkiyənin qlobal ambisiyalarını məhdudlaşdıran əsas faktor yuvarlandığı dərin iqtisadi böhrandır. İflas həddinə çatan lirə və rekord səviyyəli inflyasiya xaricdə genişmiqyaslı planları maliyyələşdirməyə imkan vermir. Buna görə də Ankara maliyyə baxımından varlı Körfəz ölkələri – Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə əməkdaşlığa yönəlib (Şevket Pamuk,2018).

Yaxın Şərq və Afrika istiqaməti

Qətərlə sıx hərbi əməkdaşlıq Türkiyəyə maliyyə məhdudiyyətlərinə baxmayaraq təsir gücünü artırmaq imkanı verir. Afrikada isə Ərdoğanın hakimiyyətə gəldiyi vaxt yalnız 12 ölkədə səfirlik varkən, indi bu say 40-dan çoxdur. Bu, Ankaranın Afrikada da təsirini artırmaq strategiyasının göstəricisidir (BusinessDiplomacy,  2021).

Əvvəlcə konsulluq və səfirliklər açılır, sonra “Turkish Airlines” həmin istiqamətlərə uçmağa başlayır, ticarət və sərmayələr genişlənir, həmin ölkələrə humanitar yardım gedir, infrastruktur və logistika inkişafı baş verir. Türk şirkətləri Afrikada hava limanları və digər infrastruktur layihələrinin inşasında ixtisaslaşıblar. Hazırda Türkiyə qitə boyu məscidlər tikir və hərbi sənayenin genişlənməsi ilə paralel olaraq, Afrikaya daha çox hərbi və təhlükəsizlik komponenti daşınır. 

2011-ci ildə, Somali aclıq və vətəndaş müharibəsindən əziyyət çəkərkən, Ərdoğan son 20 ildə bu ölkəyə səfər edən ilk qeyri-afrikalı lider oldu (Anadolu ajansı, 2016). 2017-ci ildə Türkiyə paytaxt Moqadişoda hərbi baza (Camp TurkSOM) açdı. 2000 türk əsgərinin olduğu deyilən bazada somalili əsgərlərə təlim keçilir (dbpedia, 2017). Türkiyə, həmçinin  Somalidə hərbi-dəniz qüvvələrinin qurulmasına və onun sahil xəttinin qorunmasına kömək etməyi öhdəsinə götürüb. 

Türkiyə və Somali Hind okeanından Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə Aralıq dənizinə uzanan əsas ticarət marşrutunun hər iki tərəfində yerləşir. Marşrutun tam ortasında, Sudan sahilində, Türkiyə Suakin adasını icarəyə götürüb. Bu tərk edilmiş ada bir vaxtlar mühüm liman şəhəri idi. İndi Ankara burada yeni dəniz infrastrukturu qurmağı planlaşdırır. Türkiyə həmçinin Somali sularında neft və qaz axtarışına başlayıb. Türklərin Afrika dövlətlərinə təklifinin əsas hissəsi isə hərbi texnikadır. Bayraktar kimi türk istehsalı silahlar Afrikada yaxşı satılır. Türk müdafiə məhsulları daha ucuzdur və Türkiyə silah ixracına bir çox digər ölkələr – məsələn, ABŞ – qədər şərt qoymur. Türkiyənin diplomatik ritorikası da afrikalı tərəfdaşlara xoş görünür. Ankara ölkənin müstəmləkə keçmişinin olmamasını və Afrika problemlərinin həll seçiminə hörmətini vurğulayır.

Türkiyənin Mərkəzi Asiya və Qafqaza qayıdışı

Sovet İttifaqı 1991-ci ildə dağılanda, Avropa Birliyinə üzvlük müraciəti yeni rədd edilmiş Türkiyəni bir eyforiya hissi bürüdü. Qafqazda və Mərkəzi Asiyada beş türk mənşəli dövlətin yaranması avrointeqrasiyaya alternativ açırdı: Türkiyə şərqə üz tutub yeni türk dövlətləri konfederasiyası qurmağa cəhd edə bilərdi. Bu ideya böyük həvəslə qarşılandı, lakin tezliklə bir sıra səbəblərə görə mümkünsüz göründü. Əvvəla, keçmiş SSRİ-nin türk xalqları bir hakimdən təzəcə qurtulmuşdular və yeni bir hakimə ehtiyac duymurdular. Bundan başqa, Türkiyə daxili problemlərlə üz-üzə idi – cənub-şərqdə yüksələn PKK üsyanı, idarəolunmaz inflyasiya ilə müşayiət olunan zəif iqtisadiyyat və Mərkəzi Asiyanın, eləcə də Azərbaycanın dünyəvi liderlərini qorxudan islamçı siyasətin yüksəlişi.

Sonrakı iki onillik ərzində Mərkəzi Asiya və Qafqaz Türkiyə xarici siyasətində mühüm yer tutmadı. 2000-ci illərdə iqtisadi reallıqlar Türkiyəni yenidən AB-yə yönəlməyə məcbur etdi. Hakimiyyəti möhkəmləndirdikdən sonra Rəcəb Tayyib Ərdoğan və AKP hökuməti cənuba – Yaxın Şərqin dolaşıq siyasətinə baş vurdu, bu da Türkiyəni on ildən artıq bir müddət məşğul saxladı. Lakin 2016-cı ilə hərbi çevriliş cəhdindən sonra daxili və xarici şokların birləşməsi ölkədə millətçi istiqamətdə yenidənqurmaya gətirib çıxardı ki, bu da Mərkəzi Asiyanın və Qafqazın türk dövlətlərinə marağın təzələnməsinə səbəb oldu.

Cənubi Qafqazda Türkiyənin Azərbaycanla xüsusi tərəfdaşlığı var. Mərkəzi Asiyada Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla da daha sıx əlaqələr qurur, öz təsirini artırmağa davam edir. İqtisadi və mədəni əlaqələr genişlənir. Bu əlaqələrdə, məsələn, məscidlərin maliyyələşməsi ilə din amilindən istifadə xüsusi yer tutur (Bruce Pannier, 2024).

Əhalisinin əksəriyyəti türk mənşəli olan və türk dillərində danışan bu respublikaların hamısı vaxtilə Sovet İttifaqının tərkibində idi və Rusiya ilə yaxın əlaqələri vardı. Amma bu dəyişir. Rusiyanın Ukrayna bataqlığında ilişib qalması Türkiyəyə hər iki regionda daha aktiv olmağa imkan verir (hoover press, 2023).

Bu konteksdə Türkiyə və Azərbaycan daha yaxın ölkələrdir. “Bir millət, iki dövlət”, “qardaş ölkə” şüarı hər iki ölkənin siyasi elitasının əzbərinə çevrilib. Üstəlik, bunun boş şüar olmadığı Ermənistanla sonuncu (2020) müharibədə hamıya aydın oldu. Türkiyə silahları və dəstəyi Azərbaycanın Ermənistanla münaqişədə qalib gəlməsində böyük rol oynadı (hecaliforniacourier, 2024). 

İki ölkə arasındakı əməkdaşlıq iqtisadi müstəvidə də geniş vüsət alıb. Məsələn, 44 günlük müharibədən sonra Qarabağdakı milyardlarla dollarlıq infrastruktur layihələrinin az qala tamamı Ərdoğana yaxın türk şirkətlərinə tendersiz verilib. Eynilə də Əliyev ailəsinə bağlı Azərbaycan şirkətlərinin Türkiyəyə yatırımları günü-gündən artır. Türkiyə, eyni zamanda rus qazını Azərbaycan qazı adı altında Avropaya satılmasında iştirak edib. 

Nəticə etibarı ilə Türkiyənin hər iki regionda müəyyən üstünlükləri və məhdudiyyətləri var. Məsələn, birbaşa Türkiyəyə bitişik olan Cənubi Qafqazda Türkiyə rahatlıqla dominant qüvvəyə çevrilə və Rusiyanın ənənəvi mövqeyini sarsıda bilər. Bəzi məqamlarda bu proses artıq başlamış olsa da, Şanxay Əməkdaşlıq Təşkilatının son toplantısında (01 sentyabr 2025) Türkiyə prezidenti Azərbaycan və Ermənistan rəhbərləri ilə birlikdə görüşərək iki ölkə arasında mümkün sülhün hamisi görüntüsü yaratmağa çalışsa da, Ankaranın mövqeyi, nəticə etibarı ilə, əsasən Bakı ilə münasibətlərindən asılıdır. Bu və ya digər səbəbdən Türkiyə və Azərbaycanın iki avtoritar lideri arasında hər hansı soyuqluq yaranarsa, bu, Türkiyənin Cənubi Qafqazdakı təsir gücünü ciddi şəkildə zədələyə bilər.

Türkiyə Gürcüstanla da əlaqələrini dərinləşdirib və xüsusilə müdafiə sənayesi sahəsində Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli münasibətləri inkişaf etdirib. Bununla belə, Gürcüstan hökuməti getdikcə Rusiyanın təsiri altına düşür və Türkiyənin etno-linqvistik məsələlərə vurğu etməsi Gürcüstanda Ankaranın niyyətlərinə şübhə ilə yanaşan müəyyən dairələrin əlini gücləndirə bilər.

Bundan başqa, Türkiyənin təsirinin artması üçün Türkiyə–Ermənistan münasibətlərinin normallaşması həlledici əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasından asılıdır. Bu istiqamətdə müəyyən müsbət addımlar atılsa da, yekun nəticə hələ uzaq görünür.

Mərkəzi Asiyada isə Türkiyənin təsiri, çox güman ki, Cənubi Qafqazdakı qədər güclü olmayacaq. Amma Türkiyə ilə Mərkəzi Asiyanın aparıcı dövlətləri arasında güclü hərbi əlaqələrin inkişafı tamamilə realdır. Həmçinin Ankaranın region üçün mühüm silah tədarükçüsünə çevrilməsi gözləniləndir. Bu isə öz növbəsində regional güc balansını dəyişdirən  amil ola bilər. Ancaq Ankara yaxşı başa düşür ki, Mərkəzi Asiyada Çinin təsiri həlledici dərəcədə artmaqdadır (Khar Center, avqust 2025). Rusiya isə tarixən buradadır. Ukrayna ilə müharibə bitəndə o geri dönə və bölgədə balansı yenidən dəyişə bilər.

Nəticə

Türkiyənin təcrübəsi göstərir ki, hətta orta güc statusuna malik dövlətlər də rəqabəti idarə etməklə təsir dairəsini genişləndirə bilirlər. Ankara hər dəfə geri çəkilib əməkdaşlıq, inkişaf və birgə fəaliyyət ritorikasından istifadə etdikdə, regionda yeni imkanlar üçün qapılar açılır. Bu artan rol Qərb müttəfiqlərinin Türkiyədəki demokratik geriləməyə göz yummasının səbəblərindən biri kimi də qavrana bilər.

Lakin Türkiyə hələ də iqtisadi və hərbi baxımdan Qərbə bağlıdır və strateji muxtariyyət axtarışında çox uzağa gedərək təcrid vəziyyətinə düşə bilməz. NATO üzvü olsa da, Ankara çox vaxt etibarsız tərəfdaş kimi qəbul edilir. Bu da Türkiyənin xarici siyasətini sanki “keçid dövründə naviqasiya”ya bənzədir: çoxqütblü dünyadan danışırıq, amma hələ də geopolitikanın tam mənzərəsi aydın deyil. Mövcud reallıqda əməkdaşlıqla rəqabət arasında incə bir xətt mövcuddur və Türkiyə indiyə qədər bu balansı qorumağı bacarıb (Hürcan Aslı Aksoy, June 2025).

Ankaranın regional balans yaratmaq imkanlarına sahiblənməsi əhəmiyyətli uğur sayılsa da, qlobal güc olmaq üçün yetərli deyil. Türkiyənin qlobal güc olma iddiaları, iqtisadi sabitlik, institusional möhkəmlik və daxildə demokratik legitimlik olmadan reallaşa bilməz. Başqa sözlə, Ankara regional nüfuzunu artırsa da, təsirini qlobal səviyyəyə çstdıra bilməsi üçün yetərli resurslara sahib olması şübhə doğurur.

Bu şübhə, Qafqaz və Mərkəzi Asiya ilə bağlı Qərb dövlətləri ilə Türkiyə arasında müəyyən dialoq və koordinasiyanın mümkün olub-olmaması sualını gündəmə gətirir. Bəlkə də, maraqların üst-üstə düşdüyü bu mövzuda Türkiyə–Qərb münasibətlərinin ehtiyac duyduğu amil məhz dialoqdur. Yaxın Şərq məsələlərində davam edən fikir ayrılıqları qarşılıqlı narazılıqlara və hər iki tərəfdə rəsmilər arasında münasibətlərin pisləşməsinə səbəb olur. Əksinə, maraqların ortaq olduğu Mərkəzi Asiya və Qafqazla bağlı dialoq Türkiyənin Qərb dövlətləri ilə münasibətlərinə müsbət təsir göstərə bilər. Yaxın gələcəkdə hər iki region Türkiyənin xarici siyasətində xüsusi yer tutmaqda davam edəcək. Qərb özünü buna hazırlaya bilsə,  Qərblə Rusiya arasında güman olunan yeni təhlükəsizlik anlaşmasından sonra təhlükəsizlik baxımından Soyuq müharibə dövrünün üçüncü dünya ölkələri səviyyəsinə yuvarlanacaq Mərkəzi Asiya və Cənubi Qafqazı Rusiya ekspansiyasından qorumaq bəlkə də mümkün olar. 



İstinadlar: 

Zürcher 2017. Turkey: A Modern History. https://www.perlego.com/book/917902/turkey-a-modern-history-pdf  

Öniş & Yılmaz 2009. Between Europeanization and Euro-Asianism: Foreign Policy Activism in Turkey during the AKP Era. https://www.researchgate.net/publication/248953895_Between_Europeanization_and_Euro-Asianism_Foreign_Policy_Activism_in_Turkey_during_the_AKP_Era 

Marc Pierini, 2020. Turkey’s Labyrinthine Relationship With the West: Seeking a Way Forward. https://carnegieendowment.org/posts/2020/09/turkeys-labyrinthine-relationship-with-the-west-seeking-a-way-forward?lang=en 

Larrabee & Lesser 2003.Turkish Foreign Policy in an Age of Uncertainty. https://www.rand.org/pubs/monograph_reports/MR1612.html 

Tugal, 2016a. The Fall of the Turkish Model: How the Arab Uprisings Brought Down Islamic Liberalism. https://www.versobooks.com/products/188-the-fall-of-the-turkish-model?srsltid=AfmBOorok_8BdDIdH2pQ_D0I7ImvwxT_Fe1PUO0Qw1zX1PMR3K9Vlte1 

Philip Robins,2004. Turkish Foreign Policy Since the Cold War. https://ciaotest.cc.columbia.edu/olj/si/si_3_4/si_3_4_sab01.pdf 

Davutoğlu, A. 2001a. Strategic Depth: Türkiye's International Position. https://www.kureyayinlari.com/Kitap/10/stratejik_derinlik 

Altunişik, M. 2020. Turkey’s foreign policy toward Israel: co-existing of ideology and pragmatism in the age of global and regional shifts. https://link.springer.com/article/10.1057/s41311-024-00619-z 

Amitav Acharya, 2017. The End of American World Order. https://www.researchgate.net/publication/342345330_The_End_of_American_World_Order_Ch1 

Senem Aydın-Düzgit, Mustafa Kutlay & E. Fuat Keyman , 2025. Strategic autonomy in Turkish foreign policy in an age of multipolarity: lineages and contradictions of an idea.https://link.springer.com/article/10.1057/s41311-024-00638-w 

GMF, 2022.Transatlantic Trends. https://www.gmfus.org/sites/default/files/2022-09/Transatlantic%20Trends%202022.pdf 

William Hale, 2013a. Turkish Foreign Policy since 1774. https://www.researchgate.net/publication/347495045_Turkish_Foreign_Policy_since_1774 

Mustafa Kutlay , Ziya Öniş ,2021.Turkish foreign policy in a post-western order: strategic autonomy or new forms of dependence? https://academic.oup.com/ia/article/97/4/1085/6314232 

Aaron Stein,2021a. Turkey’s Zero Sum Foreign Policy. https://warontherocks.com/2022/12/turkeys-zero-sum-foreign-policy/  

Ali Balcı, 2024. Determinants of Türkiye’s Relations with Africa. https://dergipark.org.tr/en/download/article-file/4230331 

Can Kasapoğlu and Sine Özkaraşahin, 2024. Turkey’s emerging and disruptive technologies capacity and NATO: Defense policy, prospects, and limitations. https://www.atlanticcouncil.org/in-depth-research-reports/issue-brief/turkeys-emerging-and-disruptive-technologies-capacity-and-nato-defense-policy-prospects-and-limitations/  

Tugal, 2016b. The Fall of the Turkish Model: How the Arab Uprisings Brought Down Islamic Liberalism. https://www.versobooks.com/products/188-the-fall-of-the-turkish-model?srsltid=AfmBOorok_8BdDIdH2pQ_D0I7ImvwxT_Fe1PUO0Qw1zX1PMR3K9Vlte1 

Aaron Stein,2021b. Turkey’s Zero Sum Foreign Policy. https://warontherocks.com/2022/12/turkeys-zero-sum-foreign-policy/  

IISS 2023. The Military Balance 2023. https://www.iiss.org/publications/the-military-balance/the-military-balance-2023/ 

Fulya Hisarlıoğlu ,2022. A Critical Geopolitical Reading of Turkish Foreign Policy. https://link.springer.com/chapter/10.1007/978-3-030-97637-8_3 

William Hale, 2013b. Turkish Foreign Policy since 1774. https://www.researchgate.net/publication/347495045_Turkish_Foreign_Policy_since_1774 

Ihsan Yilmaz & Syaza Shukri, 2024. Islamist Populist AKP and Turkey’s Shift Towards Authoritarianism. https://link.springer.com/chapter/10.1007/978-981-97-4343-8_8 

Davutoğlu, A. 2001b. Strategic Depth: Türkiye's International Position. https://www.kureyayinlari.com/Kitap/10/stratejik_derinlik 

Aaron Stein,2021c. Turkey’s Zero Sum Foreign Policy. https://warontherocks.com/2022/12/turkeys-zero-sum-foreign-policy/  

Şevket Pamuk,2018. Economic Development of Turkey since 1820. P. 177-178 https://press.princeton.edu/books/hardcover/9780691166377/uneven-centuries?srsltid=AfmBOoob6HUh3o7ceaGwAC1OiVWUQ34izoYtlpnGPECncsTk8KG0UoNs  

Business Diplomacy, 2021. The Number Of Embassies Of Turkey In Africa Will Increase To 44. https://businessdiplomacy.net/6825-2/

 Anadolu ajansı, 2016. Turkish President Erdogan visits in Somalia. https://www.aa.com.tr/en/energy/archive/turkish-president-erdogan-visits-in-somalia/6439

dbpedia, 2017. Camp TURKSOM Somali: Xerada TURKSOM, Turkish: Somali Türk Görev Kuvveti Komutanlığı. https://dbpedia.org/page/Camp_TURKSOM 

hoover press, 2023. Central Asia and the War in Ukraine. https://www.hoover.org/research/central-asia-and-war-ukraine 

hecaliforniacourier, 2024. https://www.thecaliforniacourier.com/turkey-officially-challenges-azerbaijan-monopoly-on-victory-in-44-day-karabakh-war/

Bruce Pannier, 2024.The Rise Of The Organization Of Turkic Statesca. https://about.rferl.org/article/the-rise-of-the-organization-of-turkic-states/

Khar Center, avqust 2025. The China Factor: Exporting Authoritarian Dependency from Central Asia to the South Caucasus. https://kharcenter.com/en/researches/the-china-factor-exporting-authoritarian-dependency-from-central-asia-to-the-south-caucasus 

Hürcan Aslı Aksoy, June 2025. The Future of NATO: Strategic Ambiguity: Turkey’s Complex Role in NATO’s Evolution. https://library.fes.de/pdf-files/international/22147.pdf

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin