18 sen 2025

Azərbaycanın ərazi müdafiəsi modelini yeniləməsi cəhdi: Avrasiya regionunda oxşar meyllər

Azərbaycanın ərazi müdafiəsi modelini yeniləməsi cəhdi: Avrasiya regionunda oxşar meyllər

Servicemen of the "Yarasa" Special Forces of the Foreign Intelligence Service of Azerbaijan at Victory Parade in Baku. 10, December 2020. (c) president.az


(Yazı KHAR Center-in "Təhlükəsizlik və Dövlət Arxitekturası" araşdırması çərçivəsində hazırlanıb)


Azərbaycan Milli Məclisinin 14 iyul 2025-ci ildə qəbul etdiyi və Prezidentin 11 avqust tarixində təsdiqlədiyi “Müdafiə haqqında” qanuna dəyişiklik ölkənin müdafiə ilə əlaqəli qanunvericiliyində əhəmiyyətli yenilik kimi qiymətləndirilə bilər.


 Giriş

1993-cü ildən qüvvədə olan "Müdafiə haqqında" qanunun 17-ci maddəsinə əsasən "ərazi müdafiəsi Silahlı Qüvvələr tərəfindən sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər qoşunlarla sıx əlaqədə həyata keçirilir." Lakin yeni dəyişikliklə ərazi müdafiəsinin iştirakçılarının əhatə dairəsi genişləndirilir.

Belə ki, layihəyə əsasən, ərazi müdafiəsi  ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi hesab olunmaqla bu vəzifənin Silahlı Qüvvələr tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulur.

Bununla belə, bu dəyişiklik ictimaiyyət və mütəxəssislər səviyyəsində geniş müzakirəyə çıxarılmayıb və mövcud məlumatlar isə yalnız rəsmi mətnin təqdimatı ilə məhdudlaşıb. Halbuki Milli Məclisin 14 iyulda qanunun 17-ci maddəsindəki ərazi müdafiəsi anlayışını yeniləməsi dərin müzakirələrə səbəb olacaq qədər əhəmiyyətlidir. Belə ki, həmin maddəyə edilən düzəliş ərazi müdafiəsinə yalnız hərbi qurumların deyil, həm də mülki qurumların və şəxslərin cəlb olunmasını nəzərdə tutur ki, bu da təhlükəsizlik infrastrukturunun sivil komponentlərlə yenilənməsinə hüquqi əsaslar yaradan yeni yanaşmadan xəbər verir.

Bu baxımdan yazının məqsədi “Müdafiə haqqında” qanuna edilən dəyişikliyin mahiyyətini və ərazi müdafiə sistemində yeni dəyişikliyi nəzərdən keçirməkdir. Məqalə hərbi müdafiənin dərin təhlilini və ya spesifik hərbi-strateji element və apsketlərini əhatə etmir. Yazıda əsas diqqət yeni dəyişikliyin region ölkələrində - o cümlədən Ermənistan, Qazaxıstan və Ukraynada eyni dövrdə müşahidə olunan oxşar proseslərlə sinxronluğuna və qanun dəyişikliyinin ilkin mərhələdə daşıdığı əhəmiyyətə və perspektivə yönəlir. Məqsəd formalaşan bu modelin Azərbaycanın müdafiə infrastrukturuna potensial təsirlərini ümumi müstəvidə nəzərdən keçirməkdir.

Analizin əsas sualı: Azərbaycanın ərazi müdafiə modelindəki islahat: təhlükəsizlik arxitekturasının demokratik transformasiyası, yoxsa avtoritar nəzarətin institusional gücləndirilməsi?

“Təhlükəsizlik arxitekturasının demokratik transformasiyası” anlayışı yalnız hərbi sektora aid deyil, eyni zamanda bütün müdafiə və təhlükəsizlik qərarlarının hesabatlı, şəffaf şəkildə həyata keçirilməsini və ictimai nəzarət altına alınmasını tələb edir. Almaniyanın ordusu, yəni Bundeswehr, ciddi bir parlament nəzarəti altında işləyir. Xarici hərbi birliklərin göndərilməsi yalnız Bundestaqın razılığı ilə mümkündür (bundeswehr.de). Norveç və İsveçdə təhlükəsizlik siyasətinə dair hökumət qərarları parlament komitələrinin müzakirələrinə və geniş ictimai müzakirələrə açıqdır. Amerikada mülki siyasətçilərin hərbi qüvvələr üzərində nəzarəti demokratik təhlükəsizlik sisteminin əsas möhkəmləndirici elementlərindən biri sayılır. Konqres müdafiə büdcəsini təsdiqləməli və xüsusi komitələr vasitəsilə ordunun fəaliyyətini izləməlidir (Feaver, 2025). 

Ərazi müdafiəsinin yeni çərçivəsi və onun məqsədləri

“Müdafiə haqqında” qanuna edilən dəyişiklik ilə ərazi müdafiəsi anlayışının yenilənməsi Azərbaycanın yalnız silahlı qüvvələrə əsaslanan klassik müdafiə modelindən uzaqlaşaraq, daha geniş, çoxaktorlu və ölkənin sivil inzibati və özünüidarə qurumları ilə qarşılıqlı əlaqəyə əsaslanan bir yanaşmanı mənimsəmək istədiyini göstərir (Müdafiə haqda qanun dəyişikliyi, avqust 2025).

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, 44 günlük vətən müharibəsi və 2023-cü il 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatının təhlili ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə zərurət olduğunu göstərib:

Belə ki, 26 noyabr 1993-cü ildə qəbul edilmiş “Müdafiə haqqında” Qanun Azərbaycanın müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirir. Bu Qanunun “Ərazi müdafiəsi” adlanan 17-ci maddəsində ərazi müdafiəsinin hansı məqsədlə təşkil olunması müəyyən edilsə də, “Ərazi müdafiəsi”nin anlayışı verilməyib. Təqdim edilən layihədə 17-ci maddə yeni redaksiyada verilməklə ilk növbədə “Ərazi müdafiəsi”nin anlayışı müəyyən edilir. Bundan başqa, 2016-cı il 26 sentyabr tarixdə keçirilmiş referendumda Konstitusiyaya qəbul edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olması müəyyən edildiyindən “Müdafiə haqqında” Qanunun 17-ci maddəsinin 2-ci hissəsinin redaksiyasının da təkmilləşdirilməsi təklif edilir. Dəyişikliyə görə, ərazi müdafiəsinin Silahlı Qüvvələr tərəfindən dövlət və yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulur (Nağıyev, iyun 2025).

Bəs nə üçün məhz indi - regionda geosiyasi gərginliyin artdığı, ölkə daxilində isə dövlətin daha çox qapadılaraq mərkəzləşdiyi bir vaxtda - Azərbaycan höküməti ərazi müdafiəsi anlayışını yenidən tərif edib onun tərəfləri sırasına silahsız tərəfləri, dövlət və bələdiyyə orqanlarını, eləcə də hüquqi şəxsləri daxil edir? Bu dəyişiklik cəmiyyətin müdafiə proseslərinə daha geniş cəlb olunmasındanmı, yoxsa dövlətin təhlükəsizlik sahəsində nəzarətini dərinləşdirmək cəhdindənmi xəbər verir?

Azərbaycanın hərbi müdafiə infrastrukturu

Azərbaycanın güclü prezident idarəçilik modeli və avtoritar siyasi quruluşu ölkənin təhlükəsizlik infrastrukturunun formalaşmasında həlledici rol oynayır. Konstitusiya, milli qanunvericilik həmçinin ölkədəki siyasi vəziyyət prezidentə seçkiləri sərt nəzarət altında keçirməyə, icra hakimiyyətindən tam asılı parlament formalaşdırmağa, həmçinin müstəqil media və vətəndaş cəmiyyətinin fəaliyyətinin tam qadağan edildiyi bir mühitdə ölkənin təhlükəsizlik sistemini təkbaşına qurmaq, idarə etmək və yönləndirmək üçün faktiki məhdudiyyətsiz səlahiyyətlər tanıyır.

Bu ictimai və siyasi reallıqlar fonunda hərbi və təhlükəsizlik sisteminin təşkili eyni zamanda Konstitusiya və qanunvericiliklə müəyyən olunmuş institusional və hüquqi çərçivələr daxilində fəaliyyət göstərir.

Azərbaycanın müdafiə sistemi dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə hüquqi, siyasi, hərbi və sosial tədbirlər kompleksindən ibarətdir. Bu sistem Prezidentin rəhbərliyi altında həyata keçirilir və “Müdafiə haqqında”, “Hərbi vəziyyət haqqında” və “Silahlı Qüvvələr haqqında”, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər aktlarla tənzimlənir. Müdafiə sahəsində qanunvericilik fəaliyyətinə və büdcənin təsdiqinə Milli Məclis, icrasına isə Prezidentin rəhbərliyi altında Müdafiə Nazirliyi cavabdehdir.

Konstitusiyaya görə, müdafiə sisteminin əsas iştirakçısı Silahlı Qüvvələrdir (maddə 9). Silahlı qüvvələrə Azərbaycan Ordusu və digər silahlı birləşmələr -  sərhəd qoşunları, daxili qoşunlar və digər müvafiq dövlət qurumlarının silahlı birləşmələri daxildir. Silahlı Qüvvələrin fəaliyyəti döyüş və səfərbərlik hazırlığını, mülki müdafiənin və ərazi müdafiəsinin təşkili, sərhədlərin və strateji obyektlərin mühafizəsi, ictimai asayişin təmin olunması, fövqəladə hallara reaksiya verilməsi kimi vəzifələri əhatə edir.

Azərbaycan hərbi qanunvericiliyə görə, ərazi müdafiəsi dövlət sərhədinin, mühüm obyektlərin və kommunikasiya xətlərinin qorunması, düşmən desantı və kəşfiyyat-təxribat qruplarına qarşı mübarizə məqsədilə təşkil olunur (“Müdafiə haqqında” qanun, maddə 17). 

"Müdafiə haqqında" qanunun 1993-cü ildən bu günə qədər olan məzmununa nəzər saldıqda aydın olur ki, ərazi müdafiəsi anlayışı müdafiə infrastrukturunun bir elementi kimi tanınsa da, onun mülki komponentlərlə, yəni yerli özünüidarəetmə orqanları, hüquqi şəxslər və digər qeyri-hərbi aktorlarla sistemli və institusional əlaqəsi nə qanunvericilikdə, nə də praktikada təmin olunmayıb.

“Müdafiə haqqında” Qanunun ilkin redaksiyası ərazi müdafiəsini əsasən silahlı qüvvələrin və digər hərbiləşdirilmiş strukturların funksiyası kimi müəyyənləşdirib və mülki iştirakçılığı nəzərə almayıb. Bu isə müasir təhlükəsizlik çağırışları və beynəlxalq müdafiə konsepsiyalarında mühüm yer tutan “ümumi müdafiə” və ya “bütün cəmiyyətin səfərbərliyi” yanaşması ilə uyğunlaşmayan, daha dar və müdafiənin yalnız silahli qüvvələrin əlində cəmləşən - hərbi mərkəzli bir modelin tətbiqinə səbəb olub. Nəticə etibarilə, ərazi müdafiəsi sistemi uzun illər ərzində təhlükəsizlik və müdafiə ehtiyaclarını nəzərə alan çevik, çoxaktorlu və dayanıqlı bir struktur kimi formalaşmayıb.

Bundan başqa o da qeyd edilməlidir ki, 1993-cü ildə qəbul edilən “Müdafiə haqqında” qanunun 5-ci maddəsinə əsasən ərazi müdafiəsi haqqında Əsasnaməni təsdiq edilməsi prezidentin səlahiyyətinə aid edilsə də həmin tarixdən 30 ildən çox keçməsinə baxmayaraq, belə bir sənəd indiyə qədər hazırlanmayıb və qəbul edilməyib. Ancaq müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq  bütün idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması “Hərbi vəziyyət haqqında” qanunla (maddə,  10.1.27) geniş tənzimlənsə də, yeni dəyişiklik sülh dövründə ərazi müdafiəsi iştirakçılarının genişləndirilməsi ilə yeni müdafiə yanaşmasından xəbər verir.

Eyni vaxtda oxşar müdafiə modellərinin regional dalğası: Qazaxıstan, Ukrayna və Ermənistan 

Hal-hazırda Azərbaycanın müdafiə aktorları dairəsinin genişləndirilməsi cəhdi həm də ona görə diqqət çəkir ki, bu addım Ermənistan, Qazaxıstan və Ukrayna kimi yaxın region ölkələrində, demək olar, eyni vaxtda atılan oxşar qanun dəyişiklikləri ilə üst-üstə düşür. Bu ölkələr də məhz 2023 və 2025-ci illərdə qanunvericiliyə ərazi müdafiəsinin təşkili sahəsində geniş iştirakçılığı təmin edən dəyişiklər ediblər.

Məsələn Qazaxıstan parlamenti 30 iyun 2025-ci ildə "Qazaxıstan Respublikasının ərazi müdafiəsi" haqqında qanun qəbul edib (Orda.kz, iyun 2025). Qanun 21 iyul 2025-ci ildə Qazaxıstan Respublikası Baş nazirinin fərmanı ilə təsdiq edilib və qanunun 31 avqustdan etibarən hüquqi qüvvəyə minib.

Həmin qanunun 17-ci maddəsinə əsasən, ərazi müdafiə qüvvələri təkcə hərbi strukturlardan ibarət deyil, onun tərkibinə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri, ərazi qoşunları, xüsusi və özünümüdafiə birləşmələri daxildir. Silahlı Qüvvələr və digər qoşun növləri bu məqsədlə xüsusi resurslar ayırmaqla, ərazi müdafiəsi tapşırıqlarının icrasına cəlb olunur. Ərazi müdafiə qüvvələrinin əsas funksiyası ölkə daxilində təhlükəsizlik və müdafiə tədbirlərinin həyata keçirilməsi olub, fəaliyyət prinsipləri və funksional mexanizmləri ərazi müdafiəsinin hazırlanması və aparılması qaydaları ilə tənzimlənir. Bu yanaşma, mülki və hərbi komponentləri bir araya gətirən kompleks müdafiə modelinə işarə edir. Qanunun 17 və 18-ci maddələri də ərazi qoşunları və özünümüdafiə birləşmələri haqqında anlayışlara izah verir.

Ərazi qoşunları Qazaxıstan Respublikasının ərazisində müdafiə və təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün yaradılmış, Silahlı Qüvvələrin tabeliyində fəaliyyət göstərən xüsusi hərbi strukturdur. Onlar yaşayış məntəqələrinin mühafizəsi, sərhəd zonalarının müdafiəsi, təxliyə tədbirləri və düşmənə qarşı silahlı mübarizə də daxil olmaqla geniş öhdəliklərə malikdirlər. Bu qoşunların qanunvericilik çərçivəsində silah və xüsusi vasitələrdən istifadə icazəsi var. 

Özünümüdafiə birləşmələri isə əsasən mülki şəxslərdən ibarət olub, yerli icra hakimiyyəti və ya hüquq-mühafizə orqanlarının rəhbərliyi altında formalaşdırılır. Onlar ərazi qoşunlarına və hüquq-mühafizə orqanlarına dəstək göstərir, təxliyə, mühafizə və işğal olunmuş ərazilərdə silahlı mübarizədə iştirak edir. Zərurət yarandıqda Silahlı Qüvvələrin tərkibinə daxil edilə bilər. Birləşmə üzvlərinə hərbi qulluqçu statusu tətbiq olunur.

Ermənistan parlamenti də 2025-ci ilin fevralında ölkədə mövcud olan "xalq özünümüdafiə dəstələri"nin (Ashkharazor) adının dəyişdirərək "Ərazi Müdafiə Qüvvələri" adlandırılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikliyini ikinci və son oxunuşda təsdiqləyib. Yeni strukturun əsas vəzifələri aşağıdakılardır: düşmənin təcavüzünün qarşısının alınmasında nizami orduya dəstək vermək, silahlı qüvvələrin bölmələri ilə birlikdə müəyyən döyüş tapşırıqlarını yerinə yetirmək, diversiyaların qarşısını almaq və düşmənin bölmələrinə qarşı mübarizədə iştirak etmək, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsinə dəstək olmaq. Ərazi Müdafiə Qüvvələri ehtiyatda olan şəxslərdən könüllü əsasda formalaşdırılacaq və onların rəhbərliyi ordu korpuslarının komandirləri tərəfindən həyata keçiriləcək. Halbuki əvvəlki sistemdə bu funksiyanı icmaların rəhbərləri və ya onların təyin etdiyi şəxslər icra edirdi. Xidmətdə iştirak üçün hərbi xidmət müqaviləsi hesab olunmayan xüsusi müqavilə imzalanmalıdır (Faktor.am, fevral 2025). 

Ukrayna müdafiə sistemində isə ərazi müdafiəsi anlayışı Ukraynanın 2021-ci ildə qəbul edilmiş “Milli müqavimətin əsasları” haqqında qanunla müəyyən olunur. Bu akta görə, ərazi müdafiəsi - hərbi təhlükələrə qarşı mübarizə, habelə əhalinin, ərazilərin, ətraf mühitin və əmlakın fövqəladə hallardan qorunmasına köməklik göstərmək məqsədilə sülh dövründə və xüsusi dövrlərdə həyata keçirilən ümumxalq, hərbi və xüsusi tədbirlər sistemidir. Qanunun 3-cü maddəsinin 2-ci bəndində 11 noyabr 2024-cü ildə edilmiş dəyişiklikdə qeyd edilir: “Mülki-hərbi əməkdaşlıq milli müqavimət məqsədinə çatmaqda effektiv elementdir”.

Ərazi müdafiəsi sahəsində qanunvericilik tədbirləri ilə yeni sistemə keçidin eyni dövrdə bir neçə qonşu ölkədə həyata keçirilməsi regionda artan təhlükəsizlik riskləri və dəyişən müharibə doktrinalarının nəticəsi kimi qiymətləndirilə bilər. Həm daxili, həm də xarici təhdidlərin mürəkkəbləşməsi fonunda postsovet dövlətləri son illərdə müdafiə sistemlərini daha çox struktur cəlb edən, çevik və lokal reaksiya imkanlarına malik mexanizmlərlə gücləndirməyə çalışırlar.

Ərazi müdafiəsi konsepsiyası

Hərbi və təhlükəsizlik üzrə araşdırmaçılara və təhlükəsizlik siyasəti sənədlərindəki ortaq razılaşmalara görə, ərazi müdafiəsi əsasən müdafiə xarakterli olub ölkə sərhədlərindən kənara hücuma uyğun olmayan və digər dövlətlər üçün təhdid yaratmayan, daimi qoşunlardan daha çox səfərbərlik potensialına uyğun vətəndaş iştirakçılığına söykənən, fərqli silah və texnologiyalardan istifadə edən, hərbi resursları birbaşa ölkənin ərazisinin və institutlarının müdafiəsinə yönəldən müdafiə konsepsiyası kimi təsvir olunur (Mendershausen,  1980).

Bununla belə soyuq müharibənin başa çatması ilə bir çox Avropa ölkələrində ərazi müdafiəsi konsepsiyasına münasibət yeni təhlükəsizlik yanaşmalarının qəbul edilməsi nəticəsində dəyişdi. Əvvəllər ərazi müdafiəsi və ya bütöv müdafiəyə əsaslanan modellər, NATO-ya inteqrasiya prosesində tədricən kollektiv müdafiə prinsipinə uyğunlaşdırıldı. Baltik ölkələrinin təcrübəsi göstərir ki, 1990-cı illərdə İsveç və digər tərəfdaşların dəstəyi ilə bütöv müdafiə konsepsiyası qurulsa da, NATO üzvlüyünə dəvət aldıqdan sonra bu yanaşma kollektiv müdafiə ilə əvəz olundu. Bu dəyişikliklər həm də məcburi hərbi xidmətin ləğvini də gətirdi, çünki yeni təhlükəsizlik mühitində səfərbərlikdən çox ittifaq mexanizmlərinə arxalanmaq əsas prioritet oldu. Finlandiya və İsveçrə kimi bəzi ölkələr isə uzun sərhədləri və neytral status səbəbindən müəyyən müddət bütöv müdafiə prinsiplərini saxlasalar da, zamanla onlar da beynəlxalq əməkdaşlıq və çoxfunksiyalı təhlükəsizlik sistemlərinə yönəldilər (Berzina,  2020a). 

XXI əsrin təhlükəsizlik mühiti 11 sentyabr terror hücumu, İraq və Əfqanıstana müdaxilə, rəngli inqilablar, Ərəb baharı, Rusiyanın Gürcüstana hücumu və Krımı ilhaqı kimi hadisələrlə formalaşdı. Bu dövrdə münaqişələrin çoxu simmetrik deyil, asimmetrik xarakter daşıdı. 2014-cü ildə isə Krımın ilhaqı Avropada kollektiv müdafiə yanaşmasının təkbaşına kifayət etmədiyini göstərdi və milli özünümüdafiə qabiliyyətlərinin gücləndirilməsini aktuallaşdırdı. NATO Varşava sammitində (2016) mülki hazırlığı və hərbi gücün mülki elementlərlə dəstəklənməsini kollektiv müdafiənin mərkəzi sütunu elan etdi. Bu kontekstdə “total” və ya “comprehensive defence” (“ümumi müdafiə”) konsepsiyası yalnız neytral ölkələrin deyil, NATO üzvlərinin də siyasətində önəmli yer tutmağa başladı. Finlandiya “vital functions of society” (“cəmiyyətin həyati vacib funksiyaları”) konsepsiyası ilə hərtərəfli təhlükəsizlik modelini inkişaf etdirərək bütün hökumət strukturlarını inteqrasiya etdi, İsveç isə 2015-ci ildən etibarən müasir elementlərlə zənginləşdirilmiş total müdafiə konsepsiyasına geri döndü. Beləliklə, XXI əsrdə kollektiv müdafiə milli müqavimət və dayanıqlılıq prinsipləri ilə tamamlanaraq hibrid təhdidlərə qarşı daha geniş bir təhlükəsizlik yanaşması formalaşdırır (Berzina 2020b).

Ərazi müdafiəsi konsepsiyasına marağın yenidən artması əsasən Rusiya təhdidi, hibrid hərbi müdaxilə strategiyasına qarşı cavab verilməsi, hərbi şəxsi heyətin azalmasını kompensasiya məqsədilə nisbətən az xərc tələb edən kütləvi qüvvə formalaşdırmaq istəkləri ilə izah olunur  (Underwood, Emery, Haynsworth, and Barnes 2022).

Təhlükəsizlik mütəxəssislərinə görə, ərazi müdafiəsi, bir qayda olaraq, dərinlikdə müdafiə sistemidir; bu, dövlət tərəfindən təşkil olunan və dövlətin öz ərazisində həyata keçirilən müdafiədir. Tipik olaraq, ərazi müdafiəsi sistemi müdafiə roluna daha uyğun gələn silah sistemlərinə, strategiyalara və hərbi təşkilatlanma üsullarına əsaslanır (Adam Roberts's, 1976). Ərazi müdafiəsi müəyyən mənada əsas döyüş qüvvələri ilə mülki müdafiə sistemi arasında yer alır və onun resursları və funksiyaları hər iki sistemlə bağlıdır (Paul Latawski, 2017).

Böyük Britaniyanın Kral Hərbi Akademiyasının (Royal Military Academy Sandhurst) Müharibə Araşdırmaları Departamentində fəaliyyət göstərən hərbi tədqiqatçı Dr. Paul Latavskiyə görə, ərazi müdafiə strategiyası bir neçə əsas komponentdən ibarətdir. O, bu strategiyanı, xarici hücum üçün yararsız və digər dövlətlər üçün təhlükə yaratmayan müdafiə yönümlü sistem, geniş vətəndaş kütləsinin cəlb edildiyi və xalqın müharibəyə qarşı “ümumi müdafiə” reaksiyasını ifadə edən bütöv müdafiə (total defence), yalnız müdafiəyə yönəlmiş müdafiə sistemi, həmçinin hərbi resursların cəmiyyətin öz ərazisinin və institutlarının qorunması ilə sıx bağlı olduğu milli yönümlü müdafiə kimi izah edir.

Bu təsnifat, xüsusilə bütöv müdafiə (total defence) anlayışının əhəmiyyətini ön plana çıxarır. Bütöv müdafiə yalnız ordunun deyil, bütövlükdə cəmiyyətin - dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər və vətəndaşların – milli təhlükəsizliyin təmininə cəlb olunmasını nəzərdə tutur. Bu yanaşma hibrid müharibələr, qəfil hücumlar və təxribat aktları kimi müasir çağırışlara qarşı dayanıqlı müdafiə mexanizmi formalaşdırır, lokal səviyyədə sürətli reaksiya imkanlarını artırır və ümumxalq müqavimətini strateji resursa çevirir.

Növbəti hissədə bu modelin əsas xüsusiyyətləri, tətbiq məqsədləri və arxasında duran geosiyasi və idarəetmə məntiqi üzərində dayanacağıq.

NATO və Skandinaviya praktikası: “Bütöv müdafiə” modeli

NATO ölkələrinin çoxu ordunun və bütövlükdə cəmiyyətin hərbi təcavüzə qarşı hazırlığını təmin edən bütöv müdafiə (Total Defense) konsepsiyasına əsaslanır. Məsələn, Finlandiyada “Kokonaisturvallisuus” adlanan bütöv təhlükəsizlik modeli tətbiq edilir.

Ərazi müdafiəsi və bütöv müdafiə anlayışları əlaqəli olsalar da, onlar müxtəlif hərbi və təhlükəsizlik ənənələrindən gəlirlər. Son illərdə Azərbaycan, Qazaxıstan və Ukraynada qəbul edilən qanun dəyişiklikləri bu iki yanaşmanı yaxınlaşdırır: əvvəl yalnız ordu və sərhəd qüvvələrinə əsaslanan ərazi müdafiəsinə indi dövlət qurumları, mülki müdafiə strukturları, könüllülər və yerli özünüidarə orqanları da qoşulur. Beləliklə, ərazi müdafiəsinin sivil elementlərlə genişlənməsi bütöv müdafiə (total defence) modelinə doğru addım kimi görünür.

Amma fərq ondadır ki, Qərbi və Şimali Avropa ölkələrində (məsələn, İsveç və Finlandiya) total defence konsepti əvvəldən bütün dövlət və cəmiyyət strukturlarını vahid sistemdə inteqrasiya edən milli təhlükəsizlik strategiyası kimi formalaşıb, postsovet məkanında isə bu proses hələ parçalı və daha çox hərbi yönümlü çərçivədə aparılır.

Finlandiya müdafiə və təhlükəsizlik konsepsiyası “bütöv müdafiə” modelinə əsaslanır və bu model dövlət, biznes, vətəndaş cəmiyyəti və fərdi şəxslərin birgə hazırlıq və fəaliyyətini nəzərdə tutur. Bu sistem yeddi əsas sahəni – liderlik, beynəlxalq və Aİ fəaliyyəti, müdafiə qabiliyyəti, daxili təhlükəsizlik, iqtisadiyyat, infrastruktur və təchizat təhlükəsizliyi, əhalinin və xidmətlərin funksional imkanları, psixoloji dayanıqlığı – birləşdirir. Hazırlıq tədbirləri təkcə fövqəladə vəziyyətlər üçün deyil, normal dövrdə də qanunvericilikdən tutmuş infrastruktur siyasətlərinə qədər bütün sahələrdə inteqrasiya olunur. Təchizat təhlükəsizliyi xüsusilə böhran zamanı iqtisadiyyat və müdafiə üçün həyati əhəmiyyət daşıyır.

Bütöv müdafiə modeli həm milli, həm də beynəlxalq mülki və hərbi resursların bütün təhlükəsizlik vəziyyətlərində ölkənin müdafiəsini təmin etmək məqsədini daşıyır. NATO üzvlüyü ilə Finlandiyanın müdafiə planları artıq yalnız silahlı qüvvələrə deyil, eyni zamanda ərazidə fəaliyyət göstərən müttəfiq qüvvələrə də yönəlir. Bu model müharibə kimi ən ciddi təhlükələrə qarşı yalnız ordunun deyil, cəmiyyətin bütün sahələrinin birgə müqavimətinə əsaslanır və Finlandiyanın təhlükəsizliyinin əsas dayağı kimi çıxış edir (Publications of the Ministry of Defence 2024).

İsveç kimi digər Skandinaviya ölkələri də İkinci Dünya müharibəsi və soyuq müharibə dövründən etibarən “ümumxalq müdafiəsi” sistemi formalaşdırıb. İsveç hökuməti 2024-cü il yeni Total Müdafiə Qərarı ilə ölkənin hərbi və mülki müdafiəsini daha da gücləndirmək üçün geniş tədbirlər paketi qəbul edib. Qərar İsveçin müdafiə qabiliyyətini artırmağa, cəmiyyətin bütün sahələrinin – dövlət orqanları, özəl sektor, bələdiyyələr və vətəndaşların – silahlı hücuma və digər təhlükələrə qarşı birlikdə hazırlığını təmin etməyə yönəlib. Hökumət vurğulayıb ki, total müdafiə yanaşması NATO-ya üzvlük çərçivəsində İsveçin kollektiv təhlükəsizlik sisteminə töhfəsini də artıracaq (Government office Sweden, 2024). Yeni qərar çərçivəsində İsveç təchizat zəncirinin təhlükəsizliyini, informasiya müharibəsinə və kiberhücumlara qarşı davamlılığı, ehtiyat qüvvələrin hazırlığını və mülki infrastrukturun dayanıqlığını gücləndirəcək. Hökumət həmçinin əhalinin maarifləndirilməsi və mülki müdafiə üzrə regional və yerli planların yenilənməsini prioritet elan edib. Məqsəd potensial təhlükələrə sürətli, çevik və koordinasiyalı reaksiya verməkdir.

Bu cür “bütöv cəmiyyət yanaşması” hazırda NATO-da da yüksək dəyərləndirilir. NATO müqaviləsinin 3-cü maddəsində xüsusi vurğulanır ki, hər bir müttəfiq ölkə silahlı hücuma qarşı fərdi və birlikdə müqavimət göstərmək qabiliyyətini daim inkişaf etdirməlidir (Annelies van Vark, June 2025).  NATO və Avropa ölkələrində ümumxalq müdafiəsi (total defence) anlayışı xüsusilə Krımın işğalından və Ukraynaya qarşı genişmiqyaslı müharibədən sonra yenidən ön plana çıxıb. Bu strategiya bütün cəmiyyətin - ordudan tutmuş hökumət qurumlarına, özəl sektora və vətəndaşlara qədər - milli müdafiədə birgə iştirakını nəzərdə tutur. Məqsəd - potensial təcavüzkara hücumun baha başa gələcəyini göstərərək onu çəkindirmək və məqsədlərinə çatmasına imkan verməməkdir.

Lakin soyuq müharibədən sonra bir çox Avropa ölkəsi belə kollektiv müdafiə praktikasını ikinci plana keçirmişdi. Yalnız son illərdə Rusiya təhdidi fonunda müdafiə dayanıqlığı və ərazi müdafiəsi konsepsiyasına diqqət yenidən artıb. Estoniya, Latviya, Litva, Polşa və Çexiya kimi NATO üzvləri mülki hazırlıq, ehtiyat qüvvələrin təlimi, gənclərə və özəl sektora yönəlik müdafiə məşqləri kimi sahələrdə yeni addımlar atırlar (Józef Witold Jordan, 2024).

 Məsələn, Polşa 2015-ci ildə Ukraynanın Donbas regionunda baş verən müharibədən və Krımın işğalından nəticə çıxararaq 2017-ci ildə Ərazi Müdafiə Qoşunları (Wojska Obrony Terytorialnej – WOT) adlı yeni hərbi qüvvə yaratdı. Bu, Polşa Silahlı Qüvvələrinin beşinci qoşun növü kimi təşkil olundu və məqsədi hər hansı hücumun ilk mərhələsində yerli ərazilərdə müqavimət göstərmək, eləcə də “hibrid müharibə” təhdidlərinə qarşı çevik reaksiya vermək idi (Ministry of National Defence of Poland, 2024).

Baltikyanı dövlətlər də bənzər şəkildə öz müdafiə qüvvələrini gücləndiriblər – məsələn, Estoniyada Könüllü Müdafiə Liqası (Kaitseliit), Litvada Milli Müdafiə Könüllü Qüvvələri fəaliyyət göstərir və bu ölkələr əhalinin geniş təbəqəsini təlimatlandırmaq üçün xüsusi bukletlər paylayır, məktəblərdə müdafiə dərsləri keçilir və s. işlər görürlər. Bütün bu təcrübələr göstərir ki, müasir dövrdə kiçik ölkələr güclü xarici təcavüzə qarşı yalnız sistemli silahlı hərbi birləşmələrlə (ordu) deyil, bütün cəmiyyətin iştirakı ilə hazırlıq görməyə üstünlük verirlər.

Bütöv müdafiə konsepsiyasının işğal və irredentist tarixi olan qonşularla həmsərhəd ölkələr üçün əhəmiyyəti

Ərazi müdafiəsi və ümumxalq müqaviməti modeli xüsusilə ərazi iddiaları ilə çıxış edən, revizionist siyasət yürüdən və ya tarixi ekspansionist meyilləri olan böyük qonşularla əhatə olunan ölkələr üçün həyati əhəmiyyət daşıyır.

Belə ölkələr adətən hərbi güc nisbətində zəif tərəf sayılır və ənənəvi müharibə doktrinası ilə böyük işğalçı qüvvələri durdurmaq çətin və ya qeyri mümkündür. Lakin bütün xalqın müdafiəyə cəlb olunduğu model kiçik dövlətin asimmetrik üstünlüyünü təmin edir. Yəni, potensial təcavüzkar əvvəlcədən bilir ki, hücuma keçəcəyi halda yalnız qarşı tərəfin nizami ordusu ilə yox, eyni zamanda silaha sarılmağa hazır yüz minlərlə mülki vətəndaşla üz-üzə qalacaq. Belə ssenaridə işğal olunmuş ərazilərdə də hər bir şəhər, kənd, hətta hər ev bir müqavimət nöqtəsinə çevrilə bilər. Bu isə işğalın nəticələrini işğalçı üçün həddən artıq yüksəldir.

Məsələn, Finlandiya kimi ölkələrin müdafiə strategiyası elə tərtib edilib ki, rəqibdən sayca geri qalmalarına baxmayaraq, mümkün hücumun işğalçıya maksimum ağır nəticələrə səbəb olmasına yönəldiblər ki, düşmən üçün hərbi avantüraya başlamaq cəlbedici olmasın.

Bu konsepsiya ötən əsrdə öz səmərəliliyini göstərib – SSRİ 1939-cu ildə Finlandiyaya hücum edəndə fin xalqının ümumi səfərbərliyi nəticəsində işğalçı böyük itkilər verərək irəliləməkdə çətinlik çəkib (“Qış müharibəsi” təcrübəsi) (Thomas Franke, 2024). Müasir dövrdə də Baltikyanı ölkələrin hər birində belə planlar var: əgər Rusiya tərəfindən işğala məruz qalsalar, sağ qalan qüvvələr və yerli əhali birlikdə partizan müharibəsi apararaq düşməni davamlı təzyiq altında saxlayacaqlar. NATO mütəxəssisləri bu məqsədlə hətta xüsusi “Müqavimət Konsepsiyası” (Resistance Operating Concept, ROC) hazırlayıblar – burada məqsəd müharibədən əvvəlcədən ölkədaxili müqavimət şəbəkəsini təşkil etməkdir ki, işğal halında dərhal sabotaj və gerilya fəaliyyətinə başlamaq mümkün olsun (John Friberg, 2019).

Avtoritar rejimlərdə təhlükəsizlik sisteminin bir rəhbərin səlahiyyətində olmasının effekti və bütöv müdafiə üçün riskləri

Təhlükəsizlik üçün əhəmiyyəti ilə bərabər bütöv müdafiə konsepsiyası eyni zamanda demokratiya üçün risklər də yaradır. Belə ki, hesabatlı və hüququn aliliyi olmayan qeyri-demokratik ölkələrdə bu müdafiə konsepsiyalarının tətbiqi vətəndaşlara yüklənən ağır məsuliyyət, ictimai müzakirələrin və məlumatlara çıxışın təhlükəsizlik riski kimi məhdudlaşdırılması, mülki əhalinin militarizasiyası kimi ağır nəticələrə gətirib çıxara bilər (Kristin Ljungkvist, avqust 2025).

Lakin demokratik ölkələrdə bütöv müdafiə sistemi sülh dövründə kütləvi səfərbərliklə və məcburi hərbi xidmətlə deyil, vətəndaşların hüquq və məsuliyyətlərinin dəqiq müəyyən olunduğu, demokratik prinsiplərin qorunduğu və şüurlu, könüllü iştirakla təmin edilən sistemdir. Əks halda, bütöv müdafiə konsepsiyasının vəd etdiyi güc dövlətin ən zəif tərəfinə çevrilə bilər.

Ümumxalq müdafiəsi anlayışı yalnız xarici təhlükələrə qarşı deyil, eyni zamanda daxildə sağlam siyasi mühitin formalaşması baxımından da əhəmiyyət daşıya bilər. Demokratiya ilə idarə olunan ölkələrdə ordu üzərində mülki nəzarət, şəffaf qərar qəbul etmə və ictimaiyyətin maarifləndirilməsi ön plandadır. Bu şəraitdə cəmiyyət həyatının müxtəlif iştirakçılarının silahlı müdafiə sisteminə inteqrasiyası (məsələn, ehtiyatda olan vətəndaşların təlimi, işğal baş verdikdə könüllü müdafiə dəstələrinin qurulması mexanizmlərinin işlənib hazırlanması, orduya ictimai nəzarət) hakimiyyət tərəfindən təhlükə kimi yox, ölkə gücünün əsas amili kimi görülür.

Təhlükəsizlik strukturlarının bütün səlahiyyətlərinin bir nəfərin - avtoritarın əlində cəmlənməsi müdafiə sisteminin dayanıqlığını azaldır və şəxsi ambisiyalara alət olma riskini artırır. Belə rejimlərdə ordu və xüsusi xidmət orqanları bir qayda olaraq xalqdan çox, ilk növbədə hakim elitanın maraqlarını qoruyur. Nəticədə cəmiyyətin geniş təbəqələrinin müdafiə prosesinə cəlb edilməsi hakimiyyət tərəfindən arzuolunmaz sayılır və cəmiyyətin orduya və təhlükəsizlik infrastrukturuna etimadı zəifləyir.

İran və Rusiya kimi qonşularından zaman-zaman özünə təhdidlər eşidən Azərbaycan üçün bu təcrübələrin fonunda “Müdafiə Haqqında” Qanuna dəyişiklik çox əhəmiyyətlidir. Bu, həm də ona görə əhəmiyyətlidir ki, ölkənin müdafiəsinin mülki həyatla demokratik və hesabatlı şəkildə əlaqələndirilməsi yalnız effektiv idarəçilik baxımından deyil, həm də siyasi idarəçilik baxımdan vacibdir. Belə ki, bu yanaşma dövlətin ərazi bütövlüyünün qorunmasını yalnız güclü, avtoritar liderin varlığı ilə əsaslandıran və bu səbəbdən vətəndaş azadlıqlarının məhdudlaşdırılmasını, dövlət aparatının isə daha da mərkəzləşdirilərək böyüməsini zəruri hesab edən mülahizələrə qarşı çıxış edir.

Bütün bu hüquqi dəyişikliklər və regional tendensiyalar Azərbaycan da daxil olmaqla region ölkələrinin müdafiə konsepsiyasında yeni mərhələyə qədəm qoymaq niyyətindən xəbər verir və bu yanaşmanın real effektivliyi üçün daha dərin və sistemli tədbirlərin zəruriliyini göstərir.

Belə bir müdafiə konsepsiyasının real təsirli ola bilməsi üçün ölkədə ordunun fəaliyyətinə parlament və vətəndaş nəzarətini təmin edən demokratik institutlar mövcud olmalı, ictimai nəzarət mexanizmləri isə gücləndirilməlidir. Əks halda, bu model avtoritar rejimlərdə siyasi nəzarəti möhkəmləndirən, vətəndaş azadlıqlarını məhdudlaşdıran və dövlətin öz təhlükəsizliyini belə riskə atan bir vasitəyə çevrilə bilər. Azərbaycanın gələcək müdafiə arxitekturasının dayanıqlığı məhz bu seçim üzərində formalaşacaq.

Nəticə 

Azərbaycanın “Müdafiə haqqında” qanuna etdiyi dəyişiklik müdafiə sisteminin əsas elementi olan ərazi müdafiəsi modelini silahlı qüvvələrdən ibarət məhdud daiərədən çıxarıb, dövlət qurumları, bələdiyyələr və hüquqi şəxslərin də cəlb edildiyi iştirakçı modelə doğru yönəldiyini göstərir.  Bu dəyişiklik fərqli anlayış olsa da müdafiədə mülki-hərbi resursların daha yaxşı koordinasiya edildiyi “bütöv müdafiə” modelinə də diqqəti artırır.

Müşahidələr göstərir ki, bu addım regionda – Qazaxıstan, Ermənistan və Ukraynada – eyni dövrdə müşahidə olunan oxşar tendensiyalarla üst-üstə düşür və dəyişən təhlükəsizlik mühitinə (hibrid təhdidlər, sürətli lokal reaksiya ehtiyacı) adaptasiya cəhdi kimi görünür. Yeni sistem düzgün qurulacağı halda, məcburi hərbi xidmətdən daha çox mülki və hərbi resursların daha yaxşı koordinasiya edildiyi, təchizat dayanıqlığı, yerli səviyyədə hazırlığın artan rolu kimi sahələrdə praktiki üstünlüklər yarada bilər.

Bununla belə bu model dövlət ilə vətəndaşlar arasında etibarlı münasibətlərin bərqərar olduğu demokratik idarəçilik mühitində  daha uğurlu olur.  Demokratik idarəetmə sistemi altında, orduya olan mülki nəzarət artır. Qərar vermə prosesi daha şəffaf və hesabatlı olur. Ordunun fəaliyyətinə dair qərarlarda vətəndaş cəmiyyəti, parlament və media kimi fərqli iştirakçılar ya birbaşa, ya da dolayı yolla təsir göstərir. Bu, ordunun cəmiyyət içindəki mövqeyini gücləndirir və onun siyasətdən müstəqil bir şəkildə fəaliyyət göstərməsini təmin edir. Bu əlaqə bir neçə əsas prinsip üzərində qurulub: Konstitusiya çərçivəsində mülki idarəetmə – demokratiya prinsiplərinə uyğun olaraq, ordu hökumət nəzarəti altındadır. Son qərarlar isə mülki lider tərəfindən verilir.

Əks təqrdirdə, parlament və vətəndaş nəzarəti, şəffaf qərarvermə, ictimai müzakirə və məlumat açıqlığı təmin olunmazsa, “bütöv müdafiə” yanaşması sivil sahənin militarizasiyasına, geniş səlahiyyətlərin mərkəzləşdirilməsinə və cəmiyyətin zəif etimadının nəticəsində effektiv olmaması ilə nəticələnə bilər. Yəni, eyni model həm müdafiə dayanıqlığını gücləndirə, həm də avtoritar nəzarəti institusional olaraq möhkəmləndirə bilər. Xülasə, demokratik institutların işləmədiyi, parlament və cəmiyyətin dövlət üzərində nəzarət imkanları olmayan idarəçilikdə bu modelin möhkəm təhlükəsizlik və çəkindiricilik funksiyası daşıması sual altındadır.

 


Ədəbiyyat və İstinadlar:

bundeswehr.de. Why does the Bundeswehr exist? https://www.bundeswehr.de/en/about-bundeswehr/mission-and-tasks-bundeswehr?utm 

Feaver, 2025. Armed Servants: Agency, Oversight, and Civil-Military Relations. https://www.bibliovault.org/BV.book.epl?ISBN=9780674010512&utm 

Müdafiə haqda qanun dəyişikliyi, avqust 2025. https://azertag.az/xeber/mudafie_haqqinda_azerbaycan_respublikasinin_qanununda_deyisiklik_edilmesi_barede__azerbaycan_respublikasinin_qanunu-3696179 

Nağıyev, iyun 2025. “Müdafiə haqqında” Qanunda nə dəyişdirilir? https://qafqazinfo.az/news/detail/mudafie-haqqinda-qanunda-ne-deyisdirilir-474409 

Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 9.     https://e-qanun.az/framework/897#_ednref2 

“Müdafiə haqqında” qanun, maddə 17. https://e-qanun.az/framework/8688 

Orda.kz, iyun 2025. Акимы станут военачальниками: подготовлен закрытый указ президента о территориальной обороне. https://orda.kz/akimy-stanut-voenachalnikami-podgotovlen-zakrytyj-ukaz-prezidenta-o-territorialnoj-oborone-402652/ 

Faktor.am, fevral 2025. В Армении появятся «Силы территориальной обороны»: закон утвержден парламентом. https://factor.am/ru/74262.html 

Mendershausen,  1980. Reflections on Territorial Defense. https://www.rand.org/pubs/notes/N1265.html 

Berzina,  2020a. “From ‘Total’ to ‘Comprehensive’ National Defence: The Development of the Concept in Europe.” Journal on Baltic Security 6, no. 2: 1–9. https://journalonbalticsecurity.com/journal/JOBS/article/2/j_jobs-2020-0006_ref_032 

Berzina,  2020b. “From ‘Total’ to ‘Comprehensive’ National Defence: The Development of the Concept in Europe.” Journal on Baltic Security 6, no. 2: 1–9. https://journalonbalticsecurity.com/journal/JOBS/article/2/text?utm_source=chatgpt.com#j_jobs-2020-0006_ref_032 

Underwood, Emery, Haynsworth, and Barnes 2022. All Quiet on the Eastern Front: NATO Civil-Military Deterrence of Russian Hybrid Warfare. https://ndupress.ndu.edu/Media/News/News-Article-View/Article/2999367/all-quiet-on-the-eastern-front-nato-civil-military-deterrence-of-russian-hybrid/ 

Adam Roberts's, 1976. Roberts, Nations in Arms: The Theory and Practice of Territorial Defence, s. 34.

Paul Latawski, 2017. Territorial Defence Forces:Concept, Role and Revival. https://www.ismor.com/hadss_archives/hadss2017_papers/latawski_2017.pdf?utm_source=chatgpt.com 

Publications of the Ministry of Defence 2024. Finnish Government's Defence Report https://julkaisut.valtioneuvosto.fi/bitstream/handle/10024/166004/PLM_2024_7.pdf?sequence=4&isAllowed=y

Government office Sweden, 2024. New total defence resolution for a stronger Sweden https://www.government.se/press-releases/2024/10/new-total-defence-resolution-for-a-stronger-sweden/ 

Annelies van Vark, June 2025. NATO’s bold call to boost both military muscle and civil resilience sets the new standard for 21st-century defence. https://www.leidenlawblog.nl/articles/nato-total-defence-2-0

Józef Witold Jordan, 2024. Evolution of the concept of total defence in the Baltic States. https://rozprawyspoleczne.edu.pl/Evolution-of-the-concept-of-total-defence-in-the-Baltic-States,188761,0,2.html  

Ministry of National Defence of Poland, 2024. Territorial Defence Forces. https://www.gov.pl/web/national-defence/territorial-defence-forces 

Thomas Franke, 2024. Total Defense – a brief introduction on the concepts in Finland, Norway and Sweden and possible adaptation for Germany. https://vernetztesicherheit.de/total-defense-a-brief-introduction-on-the-concepts-in-finland-norway-and-sweden-and-possible-adaptation-for-germany/ 

John Friberg, 2019. SOCEUR and Resistance Operating Concept (ROC). https://sof.news/uw/resistance-operating-concept/ 

Kristin Ljungkvist, avqust, 2025. Participatory War and Its Challenges for Total Defense. https://carnegieendowment.org/research/2025/08/participatory-war-and-its-challenges-for-total-defense?lang=en&utm_source=carnegieemail&utm_medium=email&utm_campaign=announcement 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin