Research paper

Postsovet nomenklaturası avtoritarizmin institusional resursu kimi (II HİSSƏ)

Postsovet nomenklaturası avtoritarizmin institusional resursu kimi (II HİSSƏ)

(Yazı post sovet avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb. II hissə)

Tədqiqatın birinci hissəsini oxumaq üçün bura klikləyin.

Müqayisəli baxış: Müxtəlif postsovet ölkələrindən nümunələr

Postsovet məkanında siyasi inkişaf trayektoriyaları arasında xeyli fərqlilik olsa da, keçmiş sovet nomenklaturasının müxtəlif rejimlərdəki transformasiyası və davamlılığı bu fərqliliklərin içində ortaq struktur tendensiyası kimi qalır. Aşağıdakı nümunələr göstərir ki, nomenklatura rejimlərin legitimlik resursu, idarəetmə şəbəkəsi və siyasi  kapitalıdır. Onun təsiri struktur amillərlə yanaşı, siyasi iradə, geosiyasi orientasiya və ictimai gözləntilərlə də formalaşır.

 Azərbaycan: Nomenklaturadan sülalə sisteminə keçid 

Azərbaycan postsovet nomenklaturanın  irsi resursa çevrildiyi ölkələrdən biridir. 1993-cü ildə keçmiş KQB generalı, Azərbaycan KP MK-nın birinci katibi və Sov.İKP Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyevin hakimiyyətə qayıdışı, sovet nomenklatura idarəçiliyinin dirçəlişi kimi qiymətləndirilə bilər. Əliyev siyasi sistemi sovet modelindəki şaquli iyerarxiya, mütləq qərarvermə və şəxsə bağlı patronaj şəbəkələri əsasında yenidən qurdu (Hough 1979f).

2003-cü ildə İlham Əliyevin atası Heydər Əliyevin siyasi mirasını təmsil edərək hakimiyyətə gətirilməsi postsovet nomenklaturanın dinastik (ata–oğul və ya ailə üzvləri arasında siyasi hakimiyyətin irsi şəkildə ötürülməsi) formaya keçməsi demək idi. Burada legitimlik əsaslandırması “təcrübənin ötürülməsi” və “milli liderliyin davamı” kimi ritorikaya söykənirdi (Brown 2009f).

 İlham Əliyevin şəxsi siyasi təcrübəsi əsasən atasının diplomatik və idarəetmə şəbəkələri üzərində quruldu. Dövlət aparatında bu mirasın daşıyıcıları, (Ramiz Mehdiyev, Ramil Usubov və s.) keçmiş KQB və partiya funksionerləri, hüquq-mühafizə orqanlarında, prezident administrasiyasında və iqtisadi planlaşdırmada əsas mövqelərini qorudular (Ledeneva 1998f).

Digər tərəfdən, İlham Əliyevin ilkin dövrlərindən etibarən  siyasi plüralizmin zəiflədilməsi, vətəndaş cəmiyyətinə nəzarət və medianın inzibati yollarla tənzimlənməsi məhz nomenklatura mənşəli idarəetmə mədəniyyətinin müasir kontekstdə davamıydı.

Rusiya: Təhlükəsizlik nomenklaturasının siyasi sistemə reinteqrasiyası

Rusiyada nomenklaturanın dirçəlişi daha çox təhlükəsizlik aparatının sistemləşdirilməsi və siyasi elita ilə inteqrasiyası üzərində quruldu. Vladimir Putinin keçmiş KQB əməkdaşı olması, onun prezidentliyi dövründə Federal Təhlükəsizlik Xidmətinin (FSB) və digər güc strukturlarının siyasi və iqtisadi sahələrdə dominant mövqelərə çəkilməsi ilə nəticələndi.

Putin dövründə təhlükəsizlik nomenklaturası siyasi ideologiyanın daşıyıcısına çevrildi. “Güclü dövlət”, “milli maraqlar”, “sabitlik və suverenlik” ritorikası sovet dönəminin struktur baxışlarını postimperial kontekstdə canlandırdı (Brown 2009g). Bu diskurs həm daxili legitimlik istehsalına, həm də aqressiv xarici siyasətin əsaslandırılmasına xidmət edir.

Eyni zamanda, Putin dövründə keçmiş sovet elitasının texnokratik kadrlarla sintezi həyata keçirildi. Bu sintez nəticəsində dövlət idarəetməsi həm repressiv, həm də yüksək texnoloji imkanlara əsaslanan çevik sistemə çevrildi – bu, Ledenevanın dediyi kimi, “avtoritar modernizasiya” nümunəsidir (Ledeneva 1998g).

 Tacikistan və Türkmənistan: Şəxsi kultla inteqrasiya olunmuş nomenklatura

Tacikistan və Türkmənistan nümunələri, nomenklatura irsinin “şəxsiyyət kultu” ilə sintezdə necə qalıcı bir avtoritar struktur yaratdığını göstərir. Tacikistanda İmoməli Rəhmon və Türkmənistanda Saparmurat Niyazov (sonradan Berdımuhammedov) keçmiş partiya kadrları olaraq dövlətə rəhbərlik etməyə başladılar. Onlar öz keçmiş sovet təcrübələrini “xalqın atası”, “milli dirçəlişin lideri” kimi narrativlərlə birləşdirdilər (Brown 2009h).

Bu rejimlərdə nomenklatura funksiyası yalnız idarəetmə ilə məhdudlaşmır; o həm də milli mifləşdirmənin və tarix narrativinin aparıcı vasitəsinə çevrilir. Dövlətçiliyin mənbəyi kimi liderin şəxsiyyəti ilə sovet dövrü təcrübəsi birləşdirilərək alternativ ideoloji məkanın formalaşmasının qarşısı alınır.

Gürcüstan və Baltikyanı ölkələr: Nomenklatura irsindən institusional uzaqlaşma

Nomenklaturanın təsirindən qopmaq cəhdləri postsovet məkanında qismən Gürcüstan və tam  şəkildə Baltikyanı ölkələrdə uğurla həyata keçirilib. Gürcüstanda Mixail Saakaşvilinin rəhbərliyi ilə həyata keçirilən “gənc texnokratlar inqilabı” sovet kadrlarının sistemdən uzaqlaşdırılmasına və yeni idarəetmə sinfinin formalaşmasına səbəb oldu (Mitchell, Lincoln A, 2006).

Estoniya, Latviya və Litvada isə lustrasiya qanunları, KQB arxivlərinin ictimaiyyətə açılması, NATO və AB inteqrasiyası ilə sovet dövrü elitasının siyasi təsiri minimuma endirildi. Bu dövlətlərin postsovet keçidində nomenklatura neqativ simvola çevrilərək ictimai legitimlik qazanmayan struktur kimi yadda qaldı. Bu isə göstərir ki, nomenklaturanın davamlılığı siyasi iradə və ictimai yaddaş siyasətindən asılıdır (Piret Ehin, Eiki Berg, 2009).

Müxtəlif ölkə nümunələri göstərir ki, sovet nomenklaturası postsovet rejimlərin əsas struktur və ideoloji dayaqlarından biri olmuşdur, lakin onun təsiri fərqli rejim tiplərində fərqli formalarda təzahür edir. Avtoritar sistemlərdə o, hakimiyyətin davamlılığı və repressiv aparatla simbiozda yaşamağa davam edir. Yarı-keçid və islahatçı sistemlərdə isə ya inteqrasiya olunur, ya da müəyyən dərəcədə neytrallaşdırılır.

Bu müqayisə onu göstərir ki, nomenklatura mirasının taleyi geosiyasi orientasiya, siyasi liderliyin keyfiyyəti və vətəndaş cəmiyyətinin aktivliyindən asılı olaraq dəyişə bilir. Demokratik keçid proseslərində isə bu irsin institusional şəkildə dekonstruksiya olunması həyati əhəmiyyət daşıyır.

Postsovet nomenklaturanın təkamülü

Postsovet nomenklatura keçmiş sovet məkanında avtoritar idarəetmə və ideoloji miraslarını qorumaqla kifayətlənmir, həm də onu müasir siyasi və texnoloji çağırışlara uyğunlaşdıraraq transformasiya edir. Bu adaptasiya prosesi keçmiş sovet nomenklaturasının yeni funksional konfiqurasiyada bərpası və “modernləşdirilmiş avtoritarizmin” əsas dayağına çevrilməsi ilə nəticələnir.

Vizuallaşdırılmış formadan da göründüyü kimi, bu transformasiya əsasən dörd istiqamətdə reallaşır:

  1. Texnokratik reinteqrasiya;
  2. Oliqarxik kapital ilə simbioz;
  3. İdeoloji təkamül;
  4. Transmilliləşmiş rəqəmsal nəzarət formaları.

Bu mexanizmlər birlikdə modernləşmiş avtoritarizmin dayanıqlı əsaslarını təşkil edir.

Yeni texnokratik nomenklatura

Postsovet rejimləri, keçmiş siyasi sadiqliyi müasir dövrün texnokratik kompetensiyası ilə birləşdirərək yeni bir elita sinfi, postnomenklatura texnokratiyası formalaşdırıb. Bu sinfin özəlliyi ondan ibarətdir ki, o, həm rasionallıq görüntüsü yaradır, həm də avtoritar strukturun dayağı olaraq qalır (Brown, 2009i).

Onların diskursu “rəqəmsal transformasiya”, “dövlət xidmətlərinin optimallaşdırılması” və “smart idarəetmə” kimi Qərb menecment terminologiyası ilə ifadə olunur. Bu isə avtoritar performativ legitimlik formasını, zor və qorxudan savayı “idarəetmə səmərəliliyi” görüntüsü ilə hakimiyyətin təkrar istehsalını təmin edir (Frye, 2010).

Qərb aktorları da zaman-zaman postsovet məkanında formalaşan yeni texnokratik diskursa aldanma meyli göstərirlər. Bu diskursun daşıyıcıları, zahirən Avropa İttifaqı və digər beynəlxalq təşkilatların normativ çərçivəsinə uyğun “yaxşı idarəetmə”, “qanunun aliliyi” və “şəffaflıq” kimi anlayışlardan istifadə edir, beynəlxalq platformalarda islahatçı imic formalaşdırırlar. Lakin faktiki olaraq bu ritorika, real siyasi praktikada avtoritar sabitliyin qorunmasına xidmət edir. Bu yeni postsovet nomenklatura sinfi Qərb donorlarının hesabatlılıq gözləntilərini formaca qarşılayır, lakin məzmunca onları boşaldaraq siyasi plüralizmin məhdudlaşdırılması, hakimiyyətin mərkəzləşdirilməsi və institusional asılılıq münasibətlərinin dərinləşdirilməsi kimi məqsədlərə istiqamətləndirir (Rupnik, 2012). Bu yolla onlar, həm Qərbin normativ dilini mənimsəyərək xarici legitimlik əldə edir, həm də daxildə avtoritar status-kvonu möhkəmləndirirlər.

İqtisadi oliqarxiya ilə simbioz

Sovetdən sonrakı illərdə keçmiş nomenklatura elitaları dövlətin özəlləşdirilməsi prosesi zamanı öz inzibati resurslarını istifadə edərək iqtisadi gücə çevrildilər. Bu, nomenklatura–oliqarx simbiozu yaratdı (Ledeneva, 1998i).

Nəticə etibarilə, siyasi hakimiyyətlə iqtisadi resursların idarə edilməsi arasında strukturlaşdırılmış qarşılıqlı asılılıq formalaşdı. Oliqarx qrupları dövlətlə münasibətlərini hüquqi müdafiə və dövlət sifarişlərinə çıxış kimi institusional təminatlar vasitəsilə qoruyur, bunun müqabilində isə siyasi sədaqətlərini və rejimə bağlılıqlarını saxlayırlar. Azərbaycanda SOCAR və ümumilikdə neft sektoru, Rusiyada isə “Qazprom” və “Rosneft” kimi dövlətlə sıx inteqrasiya olunmuş korporativ aktorlar bu simbiozun əsas örnəkləridir (Sakwa, 2013).

Bu model avtoritar rejimin konsolidasiyasına ikili istiqamətdə xidmət edir:

  1. Siyasi sədaqət iqtisadi rıçaqlarla stimullaşdırılır – rejimə loyal davranış iqtisadi resurslara çıxışla şərtləndirilir;
  2. Resurs yönümlü asılılıq sistemi – iqtisadi rıçaqlar vasitəsilə bütün potensial siyasi aktorların davranış diapazonu əvvəlcədən tənzimlənir və rejimin sərhədləri daxilində saxlanılır.

Beləliklə, oliqarxik-iqtisadi simbioz avtoritar rejim üçün həm siyasi loyallığın təminatçısına, həm də institusional nəzarət alətinə çevrilir.

 Keçmişdən gələcəyə uzanan hegemonluq

Sovet nomenklaturasında “proletar inqilabının qoruyucusu” obrazı dominant idisə, postsovet nomenklaturada  “milli maraqların keşikçisi”, “dövlətçilik ənənəsinin daşıyıcısı” narrativi hakimdir.

Bu sistemin əsas komponentlərini aşağıdakılar təşkil edir:

  • Milli bayramların və tarix narrativlərinin sakrallaşdırılması – dövlət ideologiyası ilə çulğaşmış kollektiv yaddaşın formalaşdırılması;
  • Müxalifətin “Qərbyönlü” və “dövlətə zidd” element kimi təqdim olunması – alternativ siyasi fikrin təhlükəli təqdimatı ilə ona ictimai dəstəyin neytrallaşdırılması;
  • Lider kultu və “sabitliyin təminatçısı” obrazının dominantlaşdırılması – avtoritar idarəçiliyin şəxsi legitimlik üzərində mərkəzləşdirilməsi.

Bu ideoloji təkamül, xüsusilə yeni nəsillər arasında, bir tərəfdən apolitikliyi təşviq edir, digər tərəfdən isə dövlət mərkəzli idarəçiliyi norma kimi qəbul etdirir (Silitski, 2005).

Müasir nomenklaturanın qlobal adaptasiyası

 Müasir postsovet nomenklatura artıq yalnız milli sərhədlərlə məhdudlaşmır; o, transmilli məkanlara inteqrasiya olunaraq öz varlığını qlobal səviyyədə möhkəmləndirir. Bu qloballaşmış adaptasiya həm kapitalın qorunması, həm də informasiya üzərində nəzarətin genişləndirilməsi məqsədi daşıyır.

Əsas mexanizmlər aşağıdakılardır:

  • Ofşor maliyyə şəbəkələri və xarici daşınmaz əmlak vasitəsilə kapitalın qorunması – qeyri-şəffaf maliyyə infrastrukturu vasitəsilə varidatın sığortalanması və legitimləşdirilməsi (Cooley & Heathershaw, 2017);
  • Transmilli hüquqi rejimlərdən – xüsusən ingilis ümumi hüququndan – istifadə – mübahisələrin arbitrajlaşdırılması və aktivlərin hüquqi müdafiə alətləri ilə “toxunulmazlaşdırılması”;
  • Rəqəmsal nəzarət sistemlərinin tətbiqi – süni intellekt, kibertəhlükəsizlik strukturları və sosial media platformaları üzərində nəzarət vasitəsilə informasiya mühiti üzərində monopoliyanın qurulması (Polyakova & Meserole, 2019).

Bu yeni mərhələ, Ledenevanın (1998) təbirincə desək, “rəqəmsallaşdırılmış sistemli korrupsiya” ilə “informasiya üzərində monopoliya”nın birləşərək avtoritar sabitliyə qlobal zəmin qazandırdığı transformasiya modelidir.

“Rəqəmsal nomenklatura avtoritarizmi” – burada avtoritar hakimiyyət yalnız patrimonial və zorakı deyil, həm də normativ texnoloji səmərəlilik görüntüsü ilə legitimləşdirilir. Bu, Qərb üçün “müasir idarəetmə” görüntüsü, ölkə daxilində isə effektiv nəzarət aparatıdır.

Avtoritar mirasın sökülməsi: Postsovet məkanında nomenklatura sistemi və demokratik keçid strategiyaları

Sovet nomenklatura sistemi uzun müddət yalnız keçmişin siyasi mirası və ideoloji idarəetmə modelinin tarixi qalığı kimi təqdim olunurdu. Lakin bu tədqiqat göstərdi ki, postsovet məkanında baş verən siyasi inkişaf və rejim davamlılığı məsələləri bu yanaşmanı kökündən sorğulamağa əsas verir. Nomenklaturanın  postsovet avtoritarizminin institusional dayağı, ideoloji resursu və struktur davamlılığının əsas mexanizmlərindən biri olması bu tədqiqatda aydın şəkildə əsaslandırılır.

Bu fenomenin əsas xüsusiyyəti onun transformasiya və adaptasiya qabiliyyətidir – yəni sovet sistemindən qalma bir struktur yeni şəraitə uyğunlaşaraq fərqli formalarda fəaliyyətini davam etdirə bilir. Tədqiqat göstərdi ki, bu adaptasiya üç əsas istiqamətdə müşahidə olunur:

  • Struktur çeviklik: Nomenklatura fiqurları siyasi keçidlər, ideoloji dəyişikliklər və institusional islahatlar zamanı “müxalif qüvvəyə” çevrilmək əvəzinə, yeni hakimiyyət formaları ilə uzlaşmağı, onlara inteqrasiya olmağı bacarırlar.
  • İdeoloji plastiklik: Sovet dönəminin kollektivçi ritorikasından imtina etmədən, onu “milli maraqlar”, “sabitlik”, “milli liderlik” və “dövlətçilik ənənəsi” kimi anlayışlarla əvəz edən yeni diskurslar formalaşdırırlar.
  • Şəbəkə əsaslı idarəetmə: Patronaj və şəxsi əlaqələr sistemi yeni dövrdə həm dövlət aparatında, həm də iqtisadi-maliyyə sistemində mövcudluğunu qoruyur. Bu qeyri-formal şəbəkələr institutlar üzərindəki real gücü saxlayır və formal hüquqi dəyişikliklərin effektini neytrallaşdırır.
    Bu xüsusiyyətlər toplusu post sovet nomenklaturanı avtoritar rejimlərin funksional mühərrikinə çevirir. İdarəetmə vərdişləri, repressiv aparatlarla əlaqəsi və simvolik siyasətdəki dominantlığı onu avtoritarizmin institusional və ideoloji strukturunun əsas sütunlarından biri edir.

Empirik təsdiq və müqayisəli təhlilin nəticələri

Tədqiqatın müqayisəli hissəsi göstərdi ki, Azərbaycan, Rusiya, Tacikistan və Türkmənistan kimi ölkələrdə postsovet nomenklatura özünü sabitliyin, dövlətçiliyin və milli liderliyin əsas daşıyıcısı kimi təqdim edir. 

Digər tərəfdən, Baltikyanı ölkələr və qismən Gürcüstan təcrübəsi göstərir ki, nomenklaturadan uzaqlaşmaq mümkündür. Bunun üçün:

  • kadr siyasətinin dəyişməsi,
  • təhsil sistemində ideoloji islahatlar,
  • siyasətdə demokratiya yönlü narrativlərin gücləndirilməsi,
  • geosiyasi inteqrasiyanın (məsələn, AB və NATO ilə əməkdaşlığın) təşviqi vacib rol oynayır.

Çünki postsovet nomenklaturanın təsiri yalnız struktur deyil, həm də mədəni kodlara bağlıdır.

Tezislərin ümumiləşdirilməsi
Bu araşdırmanın əsas tezislərini aşağıdakı şəkildə ümumiləşdirmək olar:

  1. Postsovet nomenklatura idarəetmə və repressiya bacarıqları ilə avtoritar rejimlərin texniki davamlılığını təmin edir;
  2. İdeoloji plastiklik sayəsində, rejimlərə legitimlik bəxş edən diskurslar istehsal edir. “təcrübə”, “dövlətçiliyin qorunması”, “milli liderlik” və sairə;
  3. Texnokratik və oliqarxik sintezlər vasitəsilə yeni tipli, performativ və rəqəmsal avtoritarizmin strukturunu qurur;
  4. Transmilli alətlərlə (ofşor maliyyə axınları, beynəlxalq hüquq sistemlərinin istifadəsi, kiberməkanın nəzarətə alınması) yerli avtoritarizmi qlobal risklərdən qoruyur;

Nəhayət, müasir postsovet avtoritarizmləri siyasi liderlərə və onların arxasında duran struktur siniflərə, postnomenklatura elitasına əsaslanır.

Nomenklatura reproduksiyasından qurtuluş strategiyaları

Sovetdən qalma nomenklatura sistemi Benedict Andersonun “təsəvvür edilən icmalar” (Anderson, 1983), Antonio Qramşinin “ideoloji hegemonluğu” (Gramsci, 1971), və Guillermo O’Donnell-in “delegativ demokratiya” (O’Donnell, 1994) nəzəriyyələri ilə izah oluna biləcək dərin institusional və simvolik köklərə malikdir.

  • Qramşiyə görə, avtoritar struktur təkcə zorla deyil, həm də “razılıq istehsalı” ilə işləyir. Nomenklatura bu razılığı dövlətin yeganə rasional güc kimi təqdim edilməsi ilə istehsal edir;
  • O’Donnell qeyd edir ki, “formada demokratik, mahiyyətdə avtoritar” rejimlərin əsas xüsusiyyəti keçmiş elitaların dəyişməzliyində və qeyri-məhdud prezidentlik səlahiyyətlərindədir;
  • Linz və Stepan (1996) isə demokratik konsolidasiyaya nail olmaq üçün “avtoritar residualların” (köhnə struktur izlərinin) aradan qaldırılmasının vacibliyini vurğulayırlar.

Bu nəzəri çərçivəyə əsasən, postsovet məkanında nomenklatura təsirindən qurtuluş institusional və ideoloji mübarizə tələb edir.

Təklif olunan strategiyalar və ölkə nümunələri

Gürcüstan

Saakaşvili dövründə “Yeni Gürcüstan” hərəkatının əsas sütunlarından biri köklü institusional islahatlar idi. Xüsusilə Daxili İşlər Nazirliyi və təhlükəsizlik strukturlarında aparılan transformasiya postsovet məkanında ən radikal nümunələrdən biri kimi qiymətləndirilir. Mövcud kadr korpusunun böyük hissəsi — minlərlə polis və məmur — istefaya göndərildi, korrupsiya ilə sistemli mübarizə dövlət siyasətinin prioritetinə çevrildi. Bu proses təkcə kadr yenilənməsi ilə məhdudlaşmayıb, həm də idarəetmə mədəniyyətində normativ dəyişikliklərə gətirib çıxardı: şəffaflıq mexanizmlərinin tətbiqi, ictimai hesabatlılığın artırılması və hüquq-mühafizə orqanlarının vətəndaş yönümlü fəaliyyət modelinə keçirilməsi kimi addımlar atıldı (World Bank, 2007).

Ancaq bu adddımlar belə postsovet nomenklaturadan tam xilas olmaq üçün yetərli olmadı. Post saakaşvili dövründə Gürcüstan siyasi elitası sürətlə geriyə, ənənəvi postsobet avtoritarizminə yuvarlandı (Khar Center, aprel 2025).

Ukrayna

2014-cü ildə qəbul edilən “lustrasiya qanunu” Ukraynada postsovet keçidinin institusional təmizlənmə mexanizmlərindən biri kimi nəzərdə tutulmuşdu. Qanun, Viktor Yanukoviç dövründə yüksək dövlət vəzifələrini tutmuş şəxslərin, xüsusən də icraedici və hüquq-mühafizə strukturlarının rəhbərlərinin vəzifədən uzaqlaşdırılmasını hədəfləyirdi. Bu yanaşma nəzəri cəhətdən keçmiş rejimin siyasi və inzibati təsir imkanlarını zəiflətməyi və korrupsiya şəbəkələrinin yenidən qurulmasının qarşısını almaq məqsədi güdürdü. Lakin tətbiq mexanizminin selektiv xarakter daşıması, hüquqi meyarların qeyri-müəyyənliyi və bəzi hallarda siyasi rəqabətin aləti kimi istifadəsi nəticəsində qanunun real təsir dairəsi məhdud qaldı. Transparency International Ukraine (2015) bu prosesin, korrupsiyaya qarşı mübarizədə və dövlət idarəçiliyində şəffaflığın artırılmasında gözlənilən sistemli dönüşü yaratmadığını vurğulayır. Beləliklə, lustrasiya nəzərdə tutulduğu kimi dərin struktur islahatına çevrilməkdənsə, daha çox fragmentar nəticələr doğurdu.

Təhlil

Lustrasiya yalnız keçmiş rejimlə əməkdaşlıq etmiş fərdlərin siyasi sistemdən kənarlaşdırılması ilə məhdudlaşmamalıdır. Əsas hədəf, bu fərdləri yetişdirən və qoruyan institusional loyallıq şəbəkələrinin, yəni rüşvət, qorxu və şəxsi sədaqət üzərində qurulan idarəetmə mexanizmlərinin kökündən sökülməsi olmalıdır. Bu şəbəkələr təkcə insanlardan ibarət deyil; onlar idarəetmə reflekslərində, qərar qəbuletmə mədəniyyətində (mədəni lustrasiya) və bürokratik davranış kodlarında yaşayır. Əgər bu strukturlar dəyişdirilməzsə, siyasi lustrasiya sadəcə kosmetik islahat olaraq qalacaq.

Meritokratiya və şəffaf kadr siyasəti

Estoniya

1990-cı illərdə Estoniya dövlət idarəçiliyində kadr siyasətini radikal şəkildə yenidən qurdu. İslahatların mərkəzində dövlət qulluğuna qəbulun depolitizasiyası və peşəkarlaşdırılması dayanırdı. Bu məqsədlə müstəqil test və müsahibə komissiyaları yaradıldı, kadr seçimi prosesi şəffaf meyarlar əsasında aparıldı və siyasi loyallıqdan daha çox peşəkar bacarıqlar əsas götürüldü. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və karyera inkişafı da institusional qaydalar çərçivəsində tənzimləndi. Bu yanaşma yalnız korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaltmadı, həm də idarəetmədə texnoloji transformasiya üçün möhkəm zəmin yaratdı. Nəticədə Estoniya 2000-ci illərin əvvəllərindən etibarən “e-dövlət” modelinin avanqard nümunəsinə çevrildi, rəqəmsal xidmətlər, elektron idarəetmə və onlayn demokratik iştirak mexanizmlərinin tətbiqi ilə beynəlxalq miqyasda nüfuz qazandı (OECD, 2011).

Azərbaycan

Prezident Administrasiyası və digər mərkəzi icra strukturlarında kadr seçimi prosesinin aparıcı meyarı formal peşəkar səriştədən çox şəxsi və siyasi loyallıq olaraq qalır. Dövlət qulluğuna qəbul üçün nəzərdə tutulmuş test sistemi aşağı və orta ranqlı vəzifələrdə müəyyən filtr rolunu oynasa da, yüksək rəhbər postlara təyinatlar qeyri-rəsmi siyasi əlaqələr, şəxsi münasibətlər və patronaj şəbəkələri vasitəsilə həyata keçirilir (Bertelsmann Stiftung, 2024). Bu praktika, postsovet məkanda geniş yayılmış “inzibati-klientelist” idarəetmə modelinin bir parçasıdır.

Əgər ictimai rəy hakim kadr siyasətinin “kim daha bacarıqlıdır?” sualına deyil, “kimin adamıdır?” sualına cavab verdiyini düşünürsə, bu, iki paralel və təhlükəli prosesin başlanğıcını qoyur: sosial narazılığın dərinləşməsi və institusional deqradasiya.

Belə şəraitdə dövlət idarəçiliyi yalnız effektivlik deyil, həm də legitimlik itkisindən əziyyət çəkir və nəticədə dövlət strukturları daxildən “loyallıq əsasında idarə olunan aparat”a çevrilir ki, bu da həm siyasi, həm də sosial baxımdan riskləri kəskin artırır.

Demokratik yaddaş quruculuğu

Nümunə 1: Polşa

“İctimai Yaddaş İnstitutu” (Instytut Pamięci Narodowej — IPN) Polşada tarixi ədalətin bərpası və keçmişlə üzləşmə prosesinin əsas institusional dayaqlarından biridir. Onun mandatına kommunist dövründə həyata keçirilmiş repressiyaların sənədləşdirilməsi, qurbanların xatirəsinin qorunması, həmçinin bu mövzuda geniş ictimai maarifləndirmə işlərinin təşkili daxildir. IPN arxiv materiallarının toplanması və araşdırılması ilə yanaşı, keçmişdə insan hüquqlarının kütləvi şəkildə pozulmasına görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi və bəzən hüquqi müstəvidə cavabdehliyə cəlb olunması istiqamətində də fəaliyyət göstərir. Bununla yanaşı, institut məktəblərdə, universitetlərdə və ictimai platformalarda keçmişin totalitar təcrübələrinin dərslərini müzakirəyə çıxarmaqla, demokratik dəyərlərin möhkəmləndirilməsinə töhfə verir. Beləliklə, IPN yalnız tarixi faktların arxivləşdirilməsi ilə məhdudlaşmır, həm də Polşanın kollektiv yaddaş siyasətinin formalaşdırılmasında və keçmişin avtoritar mirası ilə hesablaşma mədəniyyətinin qurulmasında mühüm rol oynayır (IPN, 2023).

Nümunə 2: Azərbaycan

Repressiya qurbanlarına dair arxivlərin ictimaiyyətə qapalı saxlanılması keçmişlə üzləşmə prosesinin ən ciddi institusional maneələrindən biridir. Bu məhdudiyyət yalnız tarixi faktların obyektiv araşdırılmasını əngəlləmir, həm də kollektiv yaddaşın formalaşmasında dövlət nəzarətinin davam etməsinə xidmət edir. Belə şəraitdə rəsmi diskurs keçmiş siyasi elitanın imicini yenidən istehsal edərək, sovet dövründə formalaşmış nomenklatura təbəqəsini bu gün də “təcrübəli dövlət adamları” kimi təqdim edir. Bu yanaşma keçmişdəki avtoritar idarəçilik təcrübələrinin legitimləşdirilməsinə, hətta müəyyən hallarda onların “sabitlik” və “idarəetmə bacarığı” ilə əlaqələndirilməsinə gətirib çıxarır. Nəticədə, keçmişin hüquq pozuntuları ilə bağlı ictimai tələb zəifləyir, siyasi məsuliyyətin daşıyıcıları isə yeni siyasi konfiqurasiyalarda legitim subyektlər kimi fəaliyyətini davam etdirirlər (Freedom House, 2024).

Təhlil

Alternativ yaddaş siyasəti olmadan avtoritar keçmişin izləri kollektiv şüurda da yaşayır. Bu yaddaş status-kvonu normalaşdırır, avtoritarizmi “təhlükəsizlik”, “intizam”, hətta “qürur”la eyniləşdirir və demokratik gələcəyi qeyri-mümkün təsvir edir. Məhz buna görə demokratiya, həm də mədəni hadisədir. O, yaddaşın transformasiyasını, keçmişlə açıq üzləşməni tələb edir. Əks halda, səsvermə hüququ verilmiş, amma avtoritar düşüncə tərzindən azad olmayan cəmiyyətlər yaranır.

İdeoloji dekonstruksiya və vətəndaş tənqidçiliyinin təşviqi

Nümunə 1: Çexiya

Çexiyada “Məxməri inqilab” (1989) sonrası demokratik keçid prosesinin mərkəzi istiqamətlərindən biri təhsil və media mühitinin transformasiyası oldu. Məktəblərin tədris proqramına tənqidi tarix və vətəndaş təhsili dərslərinin daxil edilməsi, gənc nəslin totalitar keçmişi dərk etməsi, avtoritar idarəçiliyin mahiyyətini anlamağı və demokratik proseslərdə iştirak mədəniyyətini mənimsəməsi üçün strateji addım idi. Bu çərçivədə dərsliklər yeniləndi, müəllimlərin ixtisasartırma proqramlarında müasir pedaqoji metodlara və tənqidi düşüncə təlimlərinə üstünlük verildi. Paralel olaraq, media plüralizminin qorunması və təşviqi, informasiya məkanında çoxsəsliliyin təmin edilməsi ilə yanaşı, keçmişdə dövlət nəzarətində olan media institutlarının özəlləşdirilməsi və müstəqilliyinin artırılması istiqamətində islahatlar həyata keçirildi.

Bu dəyişikliklər nəticəsində, uzun illər avtoritar idarəçilik dövründə formalaşmış passiv itaətkarlıq refleksi tədricən zəiflədi. İctimai diskursda daha geniş fikir müxtəlifliyi ortaya çıxdı, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti canlandı və demokratik iştirak mədəniyyəti gücləndi (Kučera, 2019). Beləliklə, təhsil və media sahəsindəki bu sinxron islahatlar Çexiyanın postsosialist demokratik konsolidasiyasının əsas dayaqlarından birinə çevrildi.

Nümunə 2: Türkmənistan və Azərbaycan

Türkmənistan və Azərbaycanda hakim ideoloji diskurs, postsovet avtoritar idarəçilik modellərinin tipik xüsusiyyəti olaraq, “liderə sədaqət”, “sabitlik” və “dövlətə güvən” kimi əsas kodlar üzərində qurulub. Bu ritorika təkcə siyasi leksikonun dominant çərçivəsini müəyyənləşdirmir, həm də vətəndaşların ictimai-siyasi davranışlarını formalaşdırmaq üçün simvolik resurs rolunu oynayır. Dövlətin rəsmi informasiya siyasəti bu ideoloji çərçivəni gücləndirmək məqsədilə media məkanını tam nəzarət altında saxlayır.

Media monopoliyası, həm institusional (dövlət mülkiyyəti və lisenziyalaşdırma sistemi), həm də qeyri-rəsmi mexanizmlər (özünüsenzura, iqtisadi təzyiq, inzibati məhdudiyyətlər) vasitəsilə möhkəmləndirilir. Bunun nəticəsində alternativ siyasi ideyaların, hökumət siyasətinə tənqidi yanaşmaların və plüralist ictimai debatların yayılması praktiki olaraq mümkünsüzləşir. Reporters Without Borders (2024) bu vəziyyəti hər iki ölkədə ifadə azadlığının sistemli şəkildə məhdudlaşdırılması və medianın yalnız hakimiyyətin legitimlik narrativini təkrarlayan alətə çevrilməsi kimi qiymətləndirir. Beləliklə, informasiya mühiti təkcə avtoritar sabitliyin qorunmasına xidmət etmir, həm də onu ideoloji baxımdan təkrar istehsal edir (RSF, 2024).

Təhlil

İdeoloji kodların dekonstruksiyası üçün:
Avtoritar rejimlərin davamlılığını təmin edən əsas mexanizmlərdən biri onların ictimai şüurda qurduqları ideoloji kodlardır. Bu kodlar “liderə sədaqət”, “sabitlik”, “dövlətin mütləq doğruluğu” kimi zamanla normal və mübahisəsiz qəbul edilən davranış və düşüncə çərçivələrinə çevrilir. Onların dekonstruksiyası, yəni sökülməsi və yenidən mənalandırılması mədəni transformasiyanın şərtidir. Bu proses aşağıdakı istiqamətlərdə həyata keçirilə bilər:

  1. Tənqidi düşüncəyə əsaslanan vətəndaş təhsili proqramları.
     Təhsil sistemi gənclərə yalnız fakt bilgilərini deyil, həm də bu bilgilərin mənbələrini sorğulamaq, alternativ baxış bucaqlarını qiymətləndirmək və ictimai-siyasi hadisələrə analitik yanaşmaq bacarığını öyrətməlidir. Bu, avtoritar təbliğatın təsirini zəiflədən əsas antidotlardan biridir.
  2. Plüralist informasiya mənbələrinin dəstəklənməsi.
     Media və informasiya mühitində rəqabətli çoxsəslilik təmin olunmadıqca, vətəndaşların ideoloji kodları sorğulamaq imkanları məhdud qalır. Müstəqil jurnalistika, ictimai media platformaları və alternativ informasiya kanalları bu baxımdan strateji əhəmiyyət daşıyır.
  3. Avtoritar ritualların ictimai tənqidə açılması.
     Dövlət bayramları, lider kultu mərasimləri və digər siyasi simvolizm formaları ictimai diskursda tənqidi şəkildə müzakirəyə çıxarılmalıdır. Bu ritualların mahiyyətini anlamaq və onların avtoritar legitimlik istehsalında oynadığı rolu ifşa etmək, kollektiv şüurun transformasiyası üçün mühüm addımdır.

Beləliklə, ideoloji kodların dekonstruksiyası siyasi institutların dəyişdirilməsi ilə yanaşı, həm də mədəni kodların sorğulanması ilə mümkündür.

Yekun

Postsovet məkanında avtoritarizmin davamlılığını anlamaq üçün onun formal siyasi institutlarla yanaşı, həm də daha dərin struktur qatlarda kök salmış olduğunu nəzərə almaq lazımdır. Nomenklatura sistemindən miras qalan bu struktur, sadəcə idarəetmə aparatının texniki mexanizmləri ilə məhdudlaşmır. O, siyasi mədəniyyətin əsas davranış kodlarını, dövlət idarəçiliyinin yazılmamış qaydalarını və kollektiv şüurun formalaşmış çərçivələrini özündə cəmləşdirir. Bu çərçivələr isə hakimiyyətin legitimlik mənbəyini möhkəmləndirir, dəyişiklik təşəbbüslərinə qarşı institusional və mədəni müqavimət yaradır.

Belə şəraitdə demokratik keçid proseslərini yalnız konstitusiya islahatları və seçki mexanizmlərinin yenilənməsi ilə məhdudlaşdırmaq qeyri-kafi olur. Çünki real dəyişiklik, eyni zamanda, kadr siyasətində meritokratiyanın bərqərar olunmasını, idarəetmə reflekslərinin yenilənməsini və ictimai təsəvvürlərin transformasiyasını tələb edir. Bu isə siyasi islahatlarla yanaşı, dərin mədəni, ideoloji və sosial müstəvilərdə mərhələli şəkildə həyata keçirilməlidir.

Əgər bu transformasiya prosesi yalnız “yeni qaydalar”ın qəbulu ilə məhdudlaşarsa, köhnə idarəçilik ənənələri, qeyri-rəsmi güc şəbəkələri və avtoritar düşüncə tərzi yenidən istehsal olunacaq. Ona görə də dəyişimin uğuru üçün əsas hədəf, bu köklü struktur və şüur formalarının sökülməsi, onların yerinə demokratik idarəetmə dəyərlərinin, şəffaflıq mədəniyyətinin və vətəndaş yönümlü siyasi davranış normalarının qurulması olmalıdır.

Azərbaycan və Rusiya kimi ölkələrdə bu sistem hakimiyyətin davamlılığına və repressiv aparatın möhkəmlənməsinə xidmət edərkən, Baltikyanı nümunələr göstərir ki, siyasi iradə, meritokratiya, alternativ yaddaş siyasəti və ideoloji dekonstruksiya ilə bu mirasın təsirindən çıxmaq mümkündür. Demokratik konsolidasiya isə yalnız köhnə idarəçilik kodlarının sökülməsi və onların yerinə şəffaf, hesabatlı və vətəndaş yönümlü institutların qurulması ilə reallığa çevrilə bilər.

Yalnız bu halda postsovet məkanında avtoritarizmin uzunömürlülüyünə son qoymaq və dayanıqlı demokratik konsolidasiya perspektivini reallığa çevirmək mümkündür.


İstinadlar:

Jerry F. Hough, (f) How the Soviet Union Is Governed (Cambridge: Harvard University Press, 1979). https://archive.org/details/howsovietunionis0000houg

Archie Brown, (f) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Alena V. Ledeneva (f) Russia’s Economy of Favours: Blat, Networking and Informal Exchange (Cambridge: Cambridge University Press, 1998). https://www.cambridge.org/us/universitypress/subjects/sociology/political-sociology/russias-economy-favours-blat-networking-and-informal-exchange?format=PB&isbn=9780521627436  

Archie Brown, (g) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Alena V. Ledeneva (g) Russia’s Economy of Favours: Blat, Networking and Informal Exchange (Cambridge: Cambridge University Press, 1998). https://www.cambridge.org/us/universitypress/subjects/sociology/political-sociology/russias-economy-favours-blat-networking-and-informal-exchange?format=PB&isbn=9780521627436  

Archie Brown, (h) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Mitchell, Lincoln A, 2006. Democracy in Georgia Since the Rose Revolution https://www.sciencedirect.com/science/article/abs/pii/S0030438706000780 

Piret Ehin, Eiki Berg, 2009. Incompatible Identities? Baltic-Russian Relations and the EU as an Arena for Identity Conflict. https://www.taylorfrancis.com/chapters/edit/10.4324/9781315587745-1/incompatible-identities-baltic-russian-relations-eu-arena-identity-conflict-piret-ehin-eiki-berg 

Archie Brown, (i) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Frye, T. (2010). Building States and Markets after Communism. Cambridge University Press. https://assets.cambridge.org/97805217/34622/frontmatter/9780521734622_frontmatter.pdf 

Jacques Rupnik, 2012. Hungary’s Illiberal Turn: How Things Went Wrong. https://www.journalofdemocracy.org/articles/hungarys-illiberal-turn-how-things-went-wrong/    

Alena V. Ledeneva (i) Russia’s Economy of Favours: Blat, Networking and Informal Exchange (Cambridge: Cambridge University Press, 1998). https://www.cambridge.org/us/universitypress/subjects/sociology/political-sociology/russias-economy-favours-blat-networking-and-informal-exchange?format=PB&isbn=9780521627436  

Richard Sakwa, 2013. The Future of Russian Democracy. https://www.cambridge.org/core/journals/government-and-opposition/article/abs/future-of-russian-democracy/07382D22F2086C5C18E2C95A10520703 

Vitali Silitski, 2005. Preempting Democracy: The Case of Belarus. https://www.journalofdemocracy.org/articles/preempting-democracy-the-case-of-belarus/ 

Cooley, A., & Heathershaw, J, 2017. Dictators Without Borders. Yale University Press.
https://books.google.cz/books?hl=en&lr=&id=n8wCDgAAQBAJ&oi=fnd&pg=PR9&dq=Cooley,+A.,+%26+Heathershaw,+J.+(2017).+Dictators+Without+Borders.+Yale+University+Press.&ots=J4fSTjX_NF&sig=D7yNYmcutU7b06lFd25Gqdp6Rvs&redir_esc=y#v=onepage&q&f=false 

Polyakova and Chris Meserole, 2019. Exporting digital authoritarianism:The Russian and Chinese models. https://www.brookings.edu/wp-content/uploads/2019/08/FP_20190827_digital_authoritarianism_polyakova_meserole.pdf

Anderson, B. 1983. Imagined Communities. https://nationalismstudies.org/wp-content/uploads/2021/03/Imagined-Communities-Reflections-on-the-Origin-and-Spread-of-Nationalism-by-Benedict-Anderson-z-lib.org_.pdf 

Gramsci, A. 1971. Selections from the Prison Notebooks. https://ia600506.us.archive.org/19/items/AntonioGramsciSelectionsFromThePrisonNotebooks/Antonio-Gramsci-Selections-from-the-Prison-Notebooks.pdf 

O’Donnell, G. 1994. Delegative Democracy. https://www.journalofdemocracy.org/articles/delegative-democracy/ 

Linz, J. & Stepan, A. 1996. Problems of Democratic Transition and Consolidation. https://www.google.cz/books/edition/Problems_of_Democratic_Transition_and_Co/kbnRG8N7T4IC?hl=en&gbpv=1&printsec=frontcover 

World Bank 2007. Georgia: Fighting Corruption in Public Services. https://documents.worldbank.org/en/publication/documents-reports/documentdetail/702701468258853117

Khar Center, aprel 2025. Gürcü Kollapsı - Gürcüstanın Strateji İstiqaməti: Avrointeqrasiyadan Uzaqlaşma Səbəbləri. https://kharcenter.com/en/researches/georgian-collapse-georgias-strategic-course-understanding-the-shift-away-from-euro-integration 

Transparency International Ukraine 2015. Lustration Progress Review. https://ti-ukraine.org/en/news/lustration-progress-under-review/ 

OECD 2011. Estonia: Public Sector Reform. https://www.oecd.org/estonia/estoniapublicsector.htm 

IPN – Instytut Pamięci Narodowej 2023. https://ipn.gov.pl/ 

Bertelsmann Stiftung 2024. BTI Azerbaijan Report. https://bti-project.org/en/reports/country-report/AZE 

Freedom House 2024. Azerbaijan – Nations in Transit. https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2024

Kučera, J. 2019. Civic Education and the Czech Republic. https://www.ceeol.com/search/article-detail?id=813059 

Reporters Without Borders (RSF) (2024). World Press Freedom Index – Azerbaijan and Turkmenistan. https://rsf.org/en/index 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin