22 fev 2026

Prezident Əliyevin qədəm basdığı hər yer Azərbaycandır

Prezident Əliyevin qədəm basdığı hər yer Azərbaycandır

(c) Yeni Akıt



İsmayıl Cəlilov 

ABŞ-da yaşayan, əslən Azərbaycandan olan jurnalistdir. 

O, YouTube platformasında yayımlanan “Düz Danışaq” kanalının aparıcısıdır

və siyasətçilər, diplomatlar və digər məlumat istehsalçıları ilə

 Azərbaycan və geniş Avrasiya məkanında baş verən hadisələr

barədə azərbaycanca, rusca və ingiliscə müsahibələr aparır.


 Qeyd: Bu məqalənin orijinal versiyası ingilis dilində yazılmışdır. 

Ötən həftə Azərbaycanda siyasi diskurs (və ya onun yoxluğu) üçün sıradan biri kimi görünə bilər. Sosial medialarda yayılan titrək videolardakı Azərbaycan hakimiyyətindən söz azadlığı, siyasi məhbusların azad edilməsini tələb edən bir əlin barmaqları ilə sayılacaq qədər nümayişçinin tünd rəngli, nişansız mikroavtobusdan qəzəblə atlayan idmançı görkəmli peşəkarlar tərəfindən dağıdıldı. Havada uçuşan yumruqlar, qışqırılan söyüşlər, dəhşətə gəlmiş nəqliyyat axını daxilində qovhaqov və yerə yıxılanların təpiklənməsi.

Hadisənin əsas fərqi onun Azərbaycandan kənarda,  Vaşinqtonda baş verməsidir. Həm də Ağ Evdən bir neçə kvartal məsafədə, məşhur Pensilvaniya prospektində. Vaşinqtona bələd olanlar üçün mənzərəni daha da canlandırmaq üçün deyim ki, toqquşma Waldorf Astoria (keçmiş Trump International Hotel) mehmanxanasının qarşısında, FTB (FBI) qərargahına çarpaz binanın önündə baş verdi. İş otaqları Pensilvaniya prospektinə baxan FBI əməkdaşları iş saatında, pəncərə önündə səslənən  rus söyüşlərini də eşidə bilərdilər. Videolardan görünür ki, bu ifadələri etirazçılar deyil, təqib edənlər qrupu döyüş nərəsi kimi qışqırırdı. Binanın o tərəfindəki pəncərələrindən baxmağa zəhmət çəkənlər bu tamaşanı canlı müşahidə edə bilərdilər. Binanın çölündəki təhlükəsizlik kameraları şübhəsiz ki, bu insidentin bəzi rakurslarını lentə alıb.

Bu sətirlər yazılan zaman hədəfə alınan nümayişçilərdən hər hansı birinin polisə şikayət edib-etmədiyi qeyri-müəyyən olaraq qalır. Hədəfə alınan etirazçılar hələlik canlı yayımımıza qatılmaq dəvətimizi qəbul etmədi.

Mövcud məlumata görə, (Qəzzada) Sülh Şurası sammitinin ilk toplantısında iştirak etmək üçün Vaşinqtona səfər etmiş Azərbaycan prezidenti İlham Əliyevin mühafizəçiləri Azərbaycanda həbsdə olan siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu da daxil, əllərində sadəcə meqafonla ölkədə təməl azadlıqlar şüarlarlarını səsləndirən kiçik bir etirazçı qrupa hücum etdilər. Bu kədərli tamaşa Əliyevin mühafizə xidmətinin peşəkarlığının və standart əməliyyat prosedurların yoxluğunu bütün çılpaqlığı ilə nümayiş etdirdi. Hətta heç bir hərbi və ya polis təlimi olmayan sıravi bir vətəndaş üçün belə bu səhnə xaotik, qeyri-peşəkar və nizamsız görünürdü – hədəfə belə vurmayan təpiklər və yumruqlar açıq havada hər istiqamətdə uçurdu. ABŞ prezidentini qoruyan Gizli Xidmətin (Secret Service), polisin və ya hər hansı peşəkar diplomatik mühafizə zabitlərinin buna dəhşət və xəcalət qarışığı hissi ilə baxdıqlarını qətiyyətlə deyə bilməsəm də, fikrimcə, bu xaotik səhnə onlarda nəinki həsəd, heç həmkarlıq hörməti belə doğurmaz.

Amma izləməyinə izləyirdilər. Problem budur ki, həmin hücum gizlində deyil, aktiv institusional müşahidə altında baş verdi. Vaşinqton polisinin sözçüsü Tom Linç "Washington Post"a verdiyi açıqlamasında onun departamentinin xüsusi təyinatlı əməliyyatlar bölməsinin üzvləri və ABŞ Gizli Xidmətinin zabitlərinin "Azərbaycan təhlükəsizlik xidmətinin mühafizəçilərinin iştirak etdikləri" hadisə yerində olduqlarını təsdiqləyib (Washington Post, 2026). Bu, hüquq mühafizə orqanlarının logistika uğursuzluğu yox, institusional iradənin çökməsidir. Azərbaycan mühafizə dəstəsi ev sahibi olan dövlətin əsas qoruyucu agentliklərinin gözü qarşısında ekstraterritorial hücum həyata keçirdi.

Qoruduqları rəhbərlərini superdövlətin paytaxtına xarici səfərdə müşayiət edərkən bu qədər həyasızcasına davranmalarının mənbəyi sual doğura bilər. Əcəba, bu, onların real və ya xəyali cəzasızlıqlarına olan inamlarındanmı irəli gəlir? İntizamsızlıqdanmı? Təməl təlimlərinin və standart əməliyyat prosedurlarının olmamasındanmı? Sayca qat-qat az olan və səfərdəki rəsmi şəxslər üçün heç bir təhlükə yaratmayan dinc nümayişçilərə hücum edərkən hansı ölkənin torpağında olduqları barədə yaranmış müvəqqəti çaşqınlıqdanmı? Yoxsa ABŞ-da olduqları müddətdə istədikləri kimi davrana biləcəklərinə dair əvvəlcədən verilmiş təminatlardanmı? Bu suallar açıq-aşkar ortadadır və hadisənin baş verdiyi ölkənin rəsmiləri tərəfindən birbaşa cavablandırılmalıdır.

Bu, ABŞ-ın öz ərazisi üzərindəki suverenliyi, digər dövlətlərin diplomatik mühafizə xidmətləri tərəfindən törədilən zorakılığa dözümlülük səddi, qanunun aliliyi və hüquq mühafizə məsələlərini ön plana çıxarır. Əgər mən, sıravi bir vətəndaş, hər hansı mitinq iştirakçısına hücum etsəm, məsuliyyətə cəlb olunaram və dərhal həm Kolumbiya dairəsi (D.C.), həm də federal səviyyədə cinayət ittihamları ilə üzləşərəm. 

Yaxın keçmişdə buna bənzər yeganə hadisə 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə dəstəsinin iştirakı ilə baş vermişdi. O zaman Vaşinqtonun diplomatik reaksiyası təslimçilikdən ibarət oldu. 11 Türkiyə təhlükəsizlik əməkdaşına qarşı irəli sürülmüş federal ittihamlar 2018-ci ilin martında Ankarada keçirilən yüksək səviyyəli diplomatik görüşdən əvvəl səssizcə ləğv edildi. Dünənki hadisənin oxşar hüquqi nəticələr verib-verməyəcəyini zaman göstərəcək.

ABŞ-Azərbaycan münasibətlərini izləyənlər arasında dolaşan zarafata görə, Azərbaycan yoyo oyuncağı kimi gah Vaşinqtonu özünün “strateji müttəfiqi” elan edir, gah da ABŞ-ı onun daxili işlərinə qarışmaqda ittiham edir. Bunlar tez-tez yerlərini dəyişdirir və hərəsi də eyni dərəcədə inandırıcı görünürdü. 
İndiyə qədər. 

Nə Kanada, nə İsrail, nə Britaniya, nə də digər müttəfiq ölkələrin təhlükəsizlik əməkdaşları Ağ Evdən bir neçə kvartal aralığında belə vahim tərzdə hərəkət etməzdilər. Bu, əsasən, onların peşəkar təlim üstünlükləri ilə bağlıdır, lakin eyni zamanda öz peşələrinə, təmsil etdikləri dövlətlərinin reputasiyasına olan hörmətdən və adi soyuqqanlıq, özünü idarəetmə qabiliyyətindən irəli gəlir.

Bu hadisədən bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında tədbirdən çıxarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə (hansı ki, həm də ölkənin Birinci xanımıdır) mühacirətdə olan azərbaycanlı jurnalist Emin Hüseynov arasındakı son qısa dialoqu da xatırlayanda daha aydın mənzərə yaranır. Vaşinqtondakı zorakılıq da əlavə olunanda, davranış qaydaları, peşəkarlıq tələbləri, özünü idarəetmə və ya xarici rəylə bağlı mülahizələrdən heç bir şəkildə asılı olmayan və mütləq cəzasızlıq hissi ilə gücləndirilmiş Azərbaycan dövlət aparatının mənzərəsi tamamlanır.

 Hüseynovun "Mehriban xanım, Azərbaycanda demokratiyanın durumu ilə bağlı sual vermək olar" xitabı əvvəlcə mətanətli bir sükutla qarşılandı. Lakin xanım Əliyeva mühafizəçilər, məsləhətçilər və çətirtutanların sıx halqası daxilində bir neçə addım uzaqlaşdıqdan sonra qəfildən dayandı. O, mühafizə dəstəsindən kiminləsə çox qısa danışdıqdan sonra ölçülüb-biçilmiş səs tonu ilə, sual şəklində yox, təsdiq şəklində cavab verdi: "Siz səfirlikdə qadın paltarında gizlənən insansınız. Sizə can sağlığı arzulayıram.”

Başqa sözlə, sistemik çöküş barədə məntiqli bir suala şəxsi hücumla cavab verildi. Bu, Azərbaycan cəmiyyətinin mədəni həssaslıqları – dəyər verilən maçoluq (kişilik), kişi ləyaqəti və cəsarət – üzərindən oynanılan, jurnalisti kişi olaraq utandırmaq və onu gülünc obyektinə çevirmək cəhdi idi. Birinci xanımın və prezidentdən sonra hakimiyyət iyerarxiyasında birinci rəsmi şəxsin jurnalistə qarşı açıq şəkildə şəxsi hücuma keçməyi özünə rəva bilməsi faktının özü Azərbaycanda siyasi diskursun artıq reanimasiyalıq olmadığını göstərir. O, rəsmən ölüb, haqqında “reanimasiya edilməsin” fərmanı da verilib.

İctimai müzakirələr bu qısa dialoqun başqa bir hissəsini də ön plana çıxarır. Birinci xanım həyat yoldaşı tərəfindən səsləndirilən ictimai çıxışları saçları biz-biz edən dərəcədə xatırladacaq bir tonda Hüseynova “can sağlığı” arzulayaraq sözünü bitirdi. Bəziləri üçün bu, xeyirxah və başdan rəddedici bir jest idi. Digər bir çoxları üçünsə, bu,  bir gizli, radaraltı mesaj – rusların ponyatiya (həbsxana ya vor-v-zakone məntiqi) ənənəsindən irəli gələn bir ismarış idi. Bu, Meksika kartel rəhbərinin Vaya Con Dios (“Tanrı ilə yeri get ya Allah əmanəti”) mənasını verən, lakin populyar mədəniyyətdə qaçılmaz ölüm hökmü kimi təsvir edilən sözə bərabərdir. Bu, təhdidləyən kakistokratiyanın mexanizmidir. SSRİ dövründə dəhşətli GULAG təcrübəsindən keçmiş, vətəndaşlarının qeyri-mütənasib şəkildə böyük bir qismini sovet cəza sistemindən keçirmiş imperiyanın tərkibindəki kiçik bir xalq üçün bu istinad çərçivəsi imperiyanın özündən daha uzunömürlü oldu. O, ölkəmizdə hələ də legitim dünyagörüşü standartı kimi fəaliyyət göstərir.

 Xanım Əliyevanın əsl mesajının nə olduğu ilə bağlı sosial şəbəkələrdə müzakirələr hələ də şiddətlə davam edir. Biz ,Azərbaycanı müşahidə edənlər, belə bir təəssüratla qalırıq ki, onun ilkin instinktinin diktə etdiyi kimi, Hüseynovun sualını (və ümumiyyətlə mövcudluğunu) tamamilə qulaqardına vurması bəlkə də daha yaxşı olardı.  

Bu, bir neçə gün sonra Vaşinqtonda presidentin mühafizə dəstəsinin hərəkətlərində gördüyümüz eyni cəzasızlıq hissi idimi? Çox güman ki. Bu, peşəkar etiket qaydalarının olmaması, yoxsa beynəlxalq arenada özünü getdikcə daha əmin hiss edən bir dövlətin rəsmisi tərəfindən artıq belə qaydalara əməl etməyə ehtiyac duyulmaması hissi idimi? Ehtimal ki. Bu, daxili Azərbaycan və beynəlxalq ictimai rəyin dövlət rəsmilərinin davranışını dəyişdirən, yaxud ən azı ona təsir edən amil kimi qeydə alınmamasının yox olması idimi? Birmənalı şəkildə.

Waldorf Astoria-nın önündə yumruqlar uçuşarkən, şəxsən mənim gəldiyim ən acı nəticə bu oldu: president Əliyevin qədəm basdığı hər yer Azərbaycandır. Daxili auditoriya gördü ki, hətta ABŞ-ın paytaxtında belə, Əliyev avtoritarizminə qarşı şüar səsləndirib (meydan oxuyub), onun təhlükəsizlik aparatının zorakılığına tuş gəlməmək mümkün deyil. Bu ekstraterritorial tətbiq ölkə daxilində onsuz da sərt şəkildə tənzimlənən siyasi nitqə ciddi dərəcədə cilovlayıcı təsir göstərəcək.


Link:

Washington Post, 2026. D.C. protesters say they were attacked by guards of Azerbaijani president.  https://www.washingtonpost.com/world/2026/02/19/dc-protesters-azerbaijan-ilham-aliyev-attack-trump/ 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin