Baş tutması üçün Ankaranın uzun müddətdir səy göstərdiyi görüş keçən həftə həyata keçdi - Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə görüşdü. Bu, Ərdoğanın cari ilin əvvəlində yenidən iqtidara gələn Tramp ilə 2019-cu ildən sonrakı ilk görüşüydü.
İki tərəf də görüşdən məmnun ayrıldığını açıqladı. Tramp “çox gözəl” görüş keçirdiklərini söylədi, Ərdoğan isə “atılan çamurlarla çirkləndirilməyəcək qədər gözəl bir səfərdi” dedi. (İletişim Başkanlığı, sentyabr 2025a)
Xüsusilə Ankara üçün bu görüşün özü və Trampın Ərdoğanla bağlı xoş sözləri yəqin ki uzun müddət daxili siyasətdə istifadə ediləcək legitimlik aləti olacaq. Ki ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bu görüşdən əvvəl Trampın “Ərdoğanın istədiyi legitimlikdir, bunu ona verək” dediyini açıq şəkildə ifadə etdi (Euronews, sentyabr 2025). Sonradan bunun Türkiyənin daxili siyasəti kontekstindəki legitimlik deyil, Ərdoğanın ABŞ-dakı NATO əleyhdarı, Rusiya tərəfdarı imici səbəbilə ölkə ictimaiyyəti və Konqresi qarşısındakı legitimliyi ilə bağlı ifadələr olduğunu söyləsə də (T24, sentyabr 2025), bu iki məsələnin bir-birindən ayrı olmadığını düşünmək üçün kifayət qədər güclü əsaslar var. Xüsusilə də Türkiyənin daxili siyasətində baş verənlərin, son aylardakı müxalifət ovunun ABŞ-ın “görməməsi” bu əsaslardan sadəcə biri, amma ən bariz olanıdır.
Ankaranın əlidolu səfəri və tərcümə üzərindən qopan fırtına
Ərdoğan Tramp ilə görüşə əlidolu getmişdi - görüşdən üç gün əvvəl Türkiyə ABŞ-a tətbiq etdiyi vergiləri ləğv etmə qərarını açıqladı (Reuters, sentyabr 2025). Təxminən 1,6 milyard dollarlıq idxalatı əhatə edən bu vergilər ABŞ-a Trampın ilk iqtidarı dövründə - 2018-ci ildə cavab addımı olaraq tətbiq olunmuşdu. Tramp 2018-ci ildə dəmir və alüminium idxalına əlavə gömrük vergisi tətbiq etmiş, Türkiyə də cavab olaraq minik avtomobillərinə, alkoqollu içkilərə, kömürə, kağız məhsullarına, kosmetika vasitələrinə, kənd təsərrüfatı məhsullarına və müxtəlif sənaye məhsullarına əlavə gömrük vergiləri qoymuşdu. Həmin vergilərin Ərdoğan ABŞ-a yola düşərkən ləğv edilməsi iki ölkə arasındakı ticarət əlaqələrində yeni bir isinmə dövrünün başlanğıcı kimi dəyərləndirildi (Bloomberg HT, sentyabr 2025).
Bundan bir gün sonra - sentyabrın 24-də isə Türkiyənin neft şirkəti BOTAŞ-ın ABŞ-da “Mercuria” və “Woodside Enerji” ilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə dair 20 illik müqavilə imzaladığı açıqlandı (AA, sentyabr 2025).
Eyni zamanda Türkiyənin “Boeing”dən 225 təyyarə alacağına dair məlumatlar da mətbuata sızdı və görüşdən cəmi bir neçə saat sonra da təsdiqləndi (“Dünya” Gazetesi, sentyabr 2025).
Ancaq Tramp ilə görüşdən cəmi iki gün əvvəl Türkiyə prezidenti Ərdoğanın “Fox News” kanalına verdiyi müsahibə siyasi münasibətlərdəki həssas balansı qorumağın ticarət əlaqələrini isitməkdən daha çətin olduğunu nümayiş etdirdi. Ərdoğanın müsahibədəki “Xatırlayırsınızsa, hörmətli “Tramp Rusiya-Ukrayna müharibəsini mən bitirərəm” deyə bir ifadə işlətdi. Bitdimi? Hələ davam edir. Eyni şəkildə “Qəzza müharibəsini mən bitirərəm” dedi. Bitdimi? Xeyr” sözləri Vaşinqtonun kəskin reaksiyasına səbəb oldu. ABŞ Dövlət katibi Marko Rubio “Hamı Ağ Evə gəlib prezident Trampla görüşmək və prezident Trampın vəziyyəti düzəltməsini istəyirlər. İstədiklərini söyləyə bilərlər, ancaq həqiqət budur ki, bu gün toplantılarımız var və liderlər bu görüşlərdə iştirak etmək üçün yalvarırlar” deyə cavab verdi (X, sentyabr 2025).
Türkiyə iqtidarı Rubionun açıqlamasına cavab verməməyi seçdi, AK Partiya sözçüsü Ömər Çelik ABŞ Dövlət katibinin “yalvarmaq” ifadəsini deyil, bunu aşağılama olaraq görüb tənqid edən müxalifət təmsilçilərini qınadı və onları siyasi missionerlikdə ittiham etdi (Cumhuriyet, sentyabr 2025).
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi isə “Fox News” kanalının “Special Report” proqramına düzəltmə yazısı göndərərək Ərdoğanın sözlərinin mənasının tərcümə əsnasında dəyişdiyini, Ərdoğanın müharibənin başa çatdırılmasının ciddi çətinliklər və xərclər tələb etdiyini söylədiyini və Trampın bu istiqamətdəki səylərini təqdir etdiyini bildirdi. Kanal isə tərcümənin doğru olduğunu və onun arxasında durduğunu açıqladı (Fox News, sentyabr 2025).
Vaşinqtondakı Yaxın Şərq İnstitutu (Middle East Institute, MEI) Türkiyə araşdırma proqramının rəhbəri Gönül Tol isə Ərdoğanın sözlərinin Trampı hirsləndirdiyini, ABŞ prezidentinin bunu Ərdoğana da söylədiyini və bundan sonra Əlaqələr İdarəsinin tez-tələsik korreksiya yazısıyla vəziyyəti düzəltməyə çalışdığını açıqladı. (Medyascope, sentyabr 2025a)
Beləliklə, Ərdoğan Ağ Evə bir neçə ticari jest və az qala böhrana çevrilən, Türkiyə iqtidarının geri addım atması ilə nisbətən təmir edilən bir yol qəzası ilə getdi.
Təriflə pərdələnən avtoritarizm
Türkiyənin “altdan alan” davranışı Ağ Evdə 25 sentyabrda baş tutan və tərəflərin tarixi, mükəmməl kimi ifadələrlərlə dəyərləndirdiyi görüşdə də davam etdi.
Ərdoğan Trampla görüşdən əvvəl mətbuat qarşısına çıxarkən arxa planda qalmağı seçdi - Türkiyə-ABŞ münasibətlərini başqa səviyyəyə daşımağa ümid etdiklərini söyləməklə və yarım əsrdən çoxdur bağlı olan Heybəliada Ruhani Məktəbinin açılması üçün öhdələrinə düşəni etməyə hazır olduğunu bildirməklə kifayətləndi.
Tramp isə onu bolluca təriflədi - “Çox sərt və inadkar adamdır. İnadkar adamlardan xoşum gəlmir, amma bu adamı sevirəm” dedi, Ərdoğanın hər yerdə hörmət göstərilən adam olduğunu və köhnədən bəri yaxşı əlaqələrinin olduğunu söylədi. (Al Jazeera, sentyabr 2025); Suriyanın Əsəddən qurtulmasının memarının Türkiyə prezidenti olduğunu; Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin hörmət etdiyi adam olduğunu və daha çox rol oynaya biləcəyini vurğuladı.
Bütün bunlar Ərdoğana lazım olan cümlələrdi və böyük ehtimalla, Ankaranın görüşə dair maksimum gözləntisi bundan çox deyildi - Tramp daxili siyasətdəki qüsurları və əksiklikləri yox sayaraq, sistematik şəkildə artan avtoritarizmi pərdələyəcək legitimlik şansını böyük bir səxavətlə təqdim etdi. “Ərdoğan hiyləli seçkiləri yaxşı bilir” zarafatı fərqli mənalarda yozulsa da, əslində kontekst Türkiyə prezidentini özünə yaxın gördüyünü nümayiş etdirməyə yönəlmişdi.
Embarqo labirinti
Daha əvvəl elan edilən birgə mətbuat konfransı görüşdən sonra keçirilmədi. Kuluarlarda yayılan məlumatlara görə, Türkiyə tərəfi mətbuata açıqlama verilməsini istəməyib, ancaq ABŞ prezidenti media mənsublarının suallarını cavablandırmağa qərar verib. Həmin cavablar isə görüşün yaxşı hazırlanmış piar aktı olduğunu, kritik məsələlərdə faktiki nəticəsiz qaldığını ortaya çıxardı.
Doğrudur, bəzi mənbələr ABŞ-ın İranla bağlı embarqoları pozmaqla ittiham etdiyi “Halkbank” problemini bir bazarlıqla - Türkiyənin 100 milyon dollar cəza ödəyib hüquqi məsuliyyətdən yaxa qurtarması ilə - həll edildiyini, Suriya məsələsində də iki tərəfin ortaq mövqedə olduğunu bildirirlər (Medyascope, sentyabr 2025b), ancaq bunlar görüş gündəliyinin ana başlıqları deyildi.
Türkiyənin ən böyük gözləntilərindən biri F-35 təyyarələrinin satışıyla bağlı embarqonun və ümumiyyətlə Türkiyə müdafiə sənayesi ilə bağlı sanksiyaların ləğv olunması idi. Bununla bağlı isə Tramp görüşdən sonra verdiyi açıqlamada “İstəsəm asanlıqla həll edə bilərəm. Vəziyyətə bağlıdır, Ərdoğan bizim üçün bir şey edərsə” dedi.
Tramp birinci prezidentlik dövründə Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri almasına cavab olaraq Ankaranı F-35 hərbi təyyarələrinə dair proqramdan çıxarmışdı. İndi isə “istəsəm yenidən qaytara bilərəm” deyir, ancaq bu, çox da asan görünmür.
Çünki əvvəla, Türkiyə sanksiya tətbiq olunmasına səbəb olan S-400-lər ilə bağlı hər hansı geri addım atmayıb və belə niyyət də nümayiş etdirmir. Keçən il Türkiyənin F-35 embarqosunu aşmaq üçün “S-400-ləri Vaşinqtonun nəzarət edə biləcəyi şəkildə saxlamaq və istifadə etməmək” formulu təklif etdiyi açıqlansa da Ankara bunu inkar etmiş, S-400-lərin Türkiyə Silahlı Qüvvələrinin inventarında qalacağını bildirmişdi (The National İnterest, 2024).
Türkiyənin F-35 alması üçün Amerikanın müdafiə büdcəsi və xaricə silah satışının sərhədlərini müəyyən edən qanunvericilik aktının - NDAA-nın (National Defense Authorization Act) dəyişdirilməsi lazımdır.
NDAA təkcə Türkiyənin F-35 proqramından çıxarılmasını nəzərdə tutmur, eyni zamanda bu təyyarələr üçün bütün lisenziyalar, baxım və dəstək üçün lazım gələn materialların verilməsini də qadağan edir: “Pentaqon üçün ayrılan və ya başqa şəkildə onun istifadə səlahiyyəti olan fondların heç biri bu məqsədlə istifadə oluna bilməz və Müdafiə Nazirliyi aşağıdakıları həyata keçirə bilməz:
- Hər hansı bir F-35 təyyarəsinin və ya müvafiq dəstək avadanlıqlarının və ya hissələrinin Türkiyəyə transferi, transferinin asanlaşdırılması və ya transferinə səlahiyyət verilməsi,
- Türkiyənin yerli F-35 qabiliyyətini yaratması üçün lazım olan F-35 təyyarəsinin hər hansı baxımı və ya dəstəyi üçün lazım olan və bunlarla bağlı əqli mülkiyət, texniki məlumat və ya maddi dəstəyin Türkiyəyə ötürülməsi,
- Türkiyəyə təhvil verilən hər hansı bir F-35 təyyarəsi üçün bir anbar tikintisi və ya Türkiyədə saxlanmasının başqa şəkildə asanlaşdırılması”. (Congress.gov, 2019a)
Qanuna görə, bu embarqonun ləğvi üçün Türkiyə Rusiyadan aldığı S-400 sistemlərinə , bu sistemlərlə bağlı bütün avadanlıqlara malik olmadığına, gələcəkdə bu sistemləri almayacağına, 2019-cu ildən bəri Rusiyadan S-400-dən başqa F-35 və ona bağlı sistemlərə təhlükə yaradacaq hər hansı müdafiə avadanlığı aımadığına dair təminat verməlidir. (Congress.gov, 2019b)
Qanundakı ağır şərtlərin dəyişdirilməsi isə Trampın deyil, Konqresin səlahiyyətindədir və indiki dövrdə real görünmür. Hətta 2026-cı ildə Türkiyəyə yeni sanksiyaların tətbiq olunması təklifi belə gündəlikdədir (Middleeasteye, sentyabr 2025).
Bu səbəbdən də Ankara ABŞ-ın Rəqiblərinə Qarşı Sanksiyalar Qanununun - CAATSA-nın ləğvini istəyir. Xarici işlər naziri Hakan Fidan Ərdoğanın səfərindən sonra verdiyi açıqlamasında Türkiyənin hərbi təyyarəsi KAAN-ın istehsalının motor lisenziyasının olmaması səbəbilə başlaya bilməyəcəyini, CAATSA-nın müttəfiqlik ruhuna yaraşmadığını söylədi. (Medyascope, sentyabr 2025)
Türkiyə Rusiya, İran və Şimali Koreyanı əhatə edən və onlarla əlaqəsi olan üçüncü ölkələrə də tətbiq oluna biləcək bu sanksiyaların hədəfinə də Rusiyadan S-400 aldığı üçün çevrilib (State.gov, 2020).
Türkiyə hərbi sənayesini əhatə edən bu sanksiyalar nəticəsində Ankara ABŞ-dan hərbi yönümlü məhsul və ya texnologiya lizenziyası ala bilmir, ABŞ maliyyə təşkilatlarından 10 milyardan çox kredit götürə bilmir, eyni zamanda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi təşkilatlardan hərbi sənaye üçün kredit alması da mümkün deyil. Bundan əlavə, müdafiə sənayesi idarəsinin rəhbəri və rəsmilərinə şəxsi embarqolar da tətbiq olunur.
2021-ci ildə qəbul edilən NDAA prezidentə CAATSA-nı ləğv etmə səlahiyyəti verir, Ankara da Trampın bu səlahiyyətindən istifadə etməsinə ümid bəsləyir.
Ancaq qanunda açıqca bunun şərtləri də yazılıb. Prezident bu şərtlərin yerinə yetirildiyinə dair Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr və silahlı xidmətlər komitələrinə rəsmi hesabat verməlidir: “
- Türkiyə Hökuməti və onun adından fəaliyyət göstərən heç bir şəxs artıq S–400 hava hücumundan müdafiə sisteminə və ya onun əvəzedici sisteminə malik deyil;
-S–400 hava hücumundan müdafiə sistemi və ya onun əvəzedici sistemi Türkiyə daxilində Rusiya Federasiyası vətəndaşları, Rusiya Federasiyası Hökuməti, ya da Rusiya Federasiyasının müdafiə sektoru və ya onun adından çıxış edən şəxslər tərəfindən istismar edilmir və texniki xidməti göstərilmir;
-Prezident, Türkiyə Hökumətindən etibarlı təminatlar alıb ki, Türkiyə Hökuməti S–400 sistemi və ya onun əvəzedici sistemini təkrar əldə etməyə yönəlmiş heç bir fəaliyyətlə bilərəkdən məşğul olmayacaq və heç bir xarici şəxsin bu cür fəaliyyəti onun adından həyata keçirməsinə icazə verməyəcək”. (Congress.gov, 2021)
Enerji bağları, siyasi ziddiyyətlər
Tramp Ərdoğanla Ağ Evdəki görüşdən əvvəl bu sanksiyalarla bağlı “Toplantımız yaxşı keçərsə dərhal ləğv edə bilərik” dedi. Toplantıdan sonra isə Türkiyənin Rusiyadan neft və qaz almasını dayandırmasını tələb etdi, “Ərdoğanın edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almamaqdır” dedi Doğrudur, Ərdoğanın bu barədə hansısa vəd verdiyini söyləmədi, ancaq “mən istəsəm edər” sözləriylə bazarlıq kartının öz əlində olduğunun mesajını verdi. (Euronews TR, sentyabr 2025a)
ABŞ-ın Ankaradakı səfiri Tom Barrak da Türkiyənin bu məsələyə isti yanaşıb-yanaşmadığı haqda suala “Bunu onlardan soruşmaq lazımdır” cavabını verərək topu Ankaraya atdı (AP, sentyabr 2025).
Yəni Vaşinqton faktiki olaraq Ankaranı sanksiyaların birbaşa səbəbi olan S-400-lərin geri verilməsindən belə daha böyük tələblə qarşı-qarşıya qoydu: - Rusiya ilə enerji bağını qoparmasını istədi. Ərdoğan bu tələbə dair Vaşinqtonda heç bir açıqlama vermədi. ABŞ-dan BOTAŞ-ın mayeləşdirilmiş təbii qaz müqavilələri, strateji mülki atom enerjisi sahəsində əməkdaşlıq memorandumu və İraq-Türkiyə boru xəttindən neft axışının yenidən başladılmasına dair razılaşmayla qayıdan Türkiyə prezidenti təyyarədə jurnalistlərə verdiyi ənənəvi müsahibədə də bu məsələyə qəti toxunmadı (İletişim Başkanlığı, 2025). Sualların əvvəlcədən müəyyən edildiyi bu müsahibədə görüşün bəlkə də ən kritik cümləsi haqda soruşan olmadı.
Böyük ehtimalla, Ərdoğan iki tərəflə də balans siyasətini davam etdirmək üçün bu mövzudakı səssizliyi davam etdirəcək. Ancaq Trampın bu səssizliyi qəbul edib-etməyəcəyinin cavabını da ABŞ prezidentinin bu sözlərində axtarmaq daha doğru olardı: “Onun da bəzi ehtiyacları var, bizim də bəzi ehtiyaclarımız var…” (Euronews TR, sentyabr 2025b)
Digər məsələlərdə olduğu kimi, İsrail-Fələstin müharibəsi və Qəzzada atəşkəs məsələsi baxımından da görüşün nəticəsi deklarativ idi. Tramp ilə Ərdoğan “Qəzzada sülh və atəşkəs üçün ortaq anlayış əldə etdik” desələr də, Ərdoğan Trampın qlobal sülh vizyonunu dəstəklədiyini açıqlada da, konkret yol xəritəsi, plan və təklif ortaya qoyulmadı. Əksinə, bu görüş ABŞ-ın cəmi bir həftə əvvəl BMT-də Qəzzada dərhal, şərtsiz və daimi atəşkəs çağırışı ehtiva edən qərar layihəsinə veto qoyması və Türkiyənin Beynəlxalq Amnistiya Təşkilatının Qəzzada soyqırımı dəstəkləyən 15 şirkətdən biri elan etdiyi “Boeing” ilə (SDE, sentyabr 2025) milyardlarla dollarlıq müqavilə imzalaması fonunda həyata keçdi.
Nəticə
Ərdoğan-Tramp görüşü Türkiyə-ABŞ münasibətlərində altı illik bariz soyuqluqdan sonra bir yumşalma və ya yuxarı səviyyəli kommunikasiyada “yenidən başlatma” mərhələsinin ilk addımı kimi dəyərləndirilə bilər. Ancaq bütün xoş sözlərə, jestlərə və təriflərə baxmayaraq istər görüşdən sonra verilən açıqlamalar, istərsə də iki ölkə arasındakı geopolitik ziddiyyətlər və liderlərin avtoritar meyillərindən və kəskin manevrlərindən irəli gələn risklər bu yumşalmanın gələcəyinə dair optimist gözləntilərdə təmkinli olmaq zərurəti yaradır.
Doğrudur, bu görüş Türkiyənin beynəlxalq platformadaki prestiji, Qərbin nəzərindəki legitimliyi və “ABŞ-ın müttəfiqi” imici baxımından Ərdoğan iqtidarının istəklərini qarşılayır. Ancaq xüsusilə ABŞ ilə Rusiya arasındakı balans siyasəti baxımından Ərdoğanın manevr imkanını daraldır. Tramp administrasiyası F-35 və digər hərbi sənaye embrqolarının ləğvində istəkli olduğunu göstərsə də, prezidentin Konqresdəki çoxluğu buna razı sala biləcəyinə dair nikbin proqnozlar olsa da, ortada konkret vəd və plan yoxdur, əksinə, əvvəlkindən fərqli tələblər var - məsələn, Rusiyadan qaz və neft almamaq kimi. Bu şərtləri yerinə yetirməsi Türkiyənin Rusiya ilə sadəcə iqtisadi baxımdan deyil, geosiyasi baxımdan da qarşı-qarşıya gəlməsi deməkdir.
Ankara isə bu seçimi etməyə yaxın görünmür. Bu da ABŞ ilə ziddiyyətlərin davam edəcəyi mənasına gəlir. Doğrudur, burada Trampın Putinlə anlaşması və ya başqa hər hansı bir bazarlıq nəticəsində “ya Rus qazı, ya Amerikan təyyarəsi” şərtindən vaz keçməsi kimi bir ehtimal da var, ancaq bu da zəmini sağlam və qalıcı olan həll yolu deyil.
ABŞ ilə Türkiyə arasında çox ciddi etimad problemi də daxil, ziddiyyətlərin və anlaşılmazlıqların olduğu ortadadır. Bunu da sadəcə iki liderin bir-birini tərifləməsi ilə aradan qaldırmaq mümkün deyil. Bu baxımdan Ərdoğan-Tramp görüşünü problemlərin həlli istiqamətində yeni başlanğıc deyil, simvolik sıfırlama və ya böyük gözləntilər yaratma cəhdi kimi dəyərləndirmək daha doğrudur.
İSTİNADLAR
İletişim Başkanlığı, sentyabr 2025 a. Cumhurbaşkanı Erdoğan, ABD dönüşü uçakta gazetecilerin sorularını yanıtladı
https://www.iletisim.gov.tr/turkce/haberler/detay/cumhurbaskanierdogan-abd-donusu-ucakta-gazetecilerin-sorularini-yanitladi
Euronews TR, sentyabr 2025. ABD Ankara Büyükelçisi Barrack: Başkan Trump, ‘Erdoğan’a meşruiyet vereceğim’ dedi
TR24, sentyabr 2025. Tom Barrack, "meşruiyet" ifadesine açıklık getirdi; "Trump-Erdoğan iş birliğine herkes çok şaşıracak" dedi.
Reuters, sentyabr 2025. Turkey ends some tariffs on US imports ahead of Erdogan-Trump meeting
Bloomberg HT, sentyabr 2025. ABD menşeli ürünlerde ek mali yükümlülük uygulaması kaldırıldı
AA, sentyabr 2025. BOTAŞ, Mercuria ve Woodside Energy ile uzun vadeli LNG anlaşmaları imzaladı. https://www.aa.com.tr/tr/ekonomi/botas-mercuria-ve-woodside-energy-ile-uzun-vadeli-lng-anlasmalari-imzaladi/3697155
Dünya Gazetesi, sentyabr 2025 Türk Hava Yolları Boeing'den 225 uçak satın alıyor
https://www.dunya.com/sirketler/turk-hava-yollari-boeingden-225-ucak-satin-aliyor-haberi-795706
X, sentyabr 2025.
https://x.com/StateDept/status/1970474539688898579
Cumhuriyet, sentyabr 2025. AKP Sözcüsü Ömer Çelik, Rubio'nun 'yalvarıyor' sözüne yanıt vermedi; muhalefeti suçladı!
Fox News, sentyabr 2025.
https://www.foxnews.com/video/6380063543112
Medyascope, sentyabr 2025a. Gönül Tol, Trump-Erdoğan zirvesinin perde arkasını yazdı: “Suriye konusunda görüş birliği var”
Al Jazeera, sentyabr 2025. Four takeaways from Trump’s Washington meeting with Turkiye’s Erdogan. https://www.aljazeera.com/news/2025/9/25/four-takeaways-from-donald-trumps-meeting-with-turkiyes-president-erdogan
Medyascope, sentyabr 2025b. Gönül Tol, Trump-Erdoğan zirvesinin perde arkasını yazdı: “Suriye konusunda görüş birliği var”
The National İnterest, 2024. Why Is The U.S. So Keen To Get Turkey Back Into The F-35 Program?
https://nationalinterest.org/feature/why-us-so-keen-get-turkey-back-f-35-program-212919
Congress.gov, 2019a. National Defense Authorizartion Act For Fiscal Year 2020, sec 1245.
https://www.congress.gov/116/plaws/publ92/PLAW-116publ92.pdf,
Congress.gov, 2019b. National Defense Authorizartion Act For Fiscal Year 2020, sec 1245.
https://www.congress.gov/116/plaws/publ92/PLAW-116publ92.pdf,
Middleeasteye, sentyabr 2025. US lawmakers target Turkey over Hamas and F-35s, clash with Trump administration
Medyascope, sentyabr 2025. Hakan Fidan: “ABD’den motor lisansı almadan KAAN’ın üretimi başlayamaz
https://medyascope.tv/2025/09/28/hakan-fidan-acikladi-kaan-icin-abdden-lisans-bekleniyor/
State.gov,2020. https://2017-2021.state.gov/caatsa-section-231-imposition-of-sanctions-on-turkish-presidency-of-defense-industries/index.html
Congress.gov, 2021. William M. (MAC) Thornberry National Defense Authorizartion Act For Fiscal Year 2021, sec 1241.
https://www.congress.gov/116/plaws/publ283/PLAW-116publ283.pdf.
Euronews TR, sentyabr 2025a. Oval Ofis'te Trump'tan Erdoğan'a: 'Yapabileceği en iyi şey Rusya’dan yakıt almamak olur'
https://tr.euronews.com/2025/09/25/trump-erdogani-beyaz-sarayda-agirladi-abd-f-35-satis-yasagini-kaldirmayi-degerlendiriyor
AP, sentyabr 2025. Trump hosts Turkey’s Erdogan as the US considers lifting a ban on F-35 sales to the NATO ally. https://apnews.com/article/trump-erdogan-white-house-visit-396fa12409880baa28982d93c73f53f1
İletişim Başkanlığı, sentyabr 2025. https://www.iletisim.gov.tr/turkce/haberler/detay/cumhurbaskanierdogan-abd-donusu-ucakta-gazetecilerin-sorularini-yanitladi
Euronews, sentyabr 2025b. Oval Ofis'te Trump'tan Erdoğan'a: 'Yapabileceği en iyi şey Rusya’dan yakıt almamak olur'
SDE, sentyabr 2025. Uluslararası Af Örgütü İsrail’e Destek Veren 15 Şirketi Açıkladı
https://www.sde.org.tr/haber/uluslararasi-af-orgutu-israil-e-destek-veren-15-sirketi-acikladi-haberi-60537