Research paper

Səs-Küysüz Rejim Dəyişikliyinin Anatomiyası: Türkiyə nümunəsi

Səs-Küysüz Rejim Dəyişikliyinin Anatomiyası: Türkiyə nümunəsi

Bu tədqiqat XXI əsrin əvvəllərindən başlayaraq Türkiyədə baş verən səs-küysüz rejim dəyişikliyini siyasi, hüquqi və ideoloji aspektlərdən təhlil edir. Əsas diqqət, Ədalət və İnkişaf Partiyasının (AKP) və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə parlament idarəçiliyindən prezidentlik sisteminə keçid prosesi və bu keçidin demokratik prosedurlar adı altında necə avtoritar konsolidasiyaya yol açdığına yönəldilib. 

Tədqiqat tarixi-institusional yanaşma, diskurs analizi, hüquqi araşdırma və siyasi psixologiya kimi metodlardan istifadə etməklə siyasi gücün mərkəzləşdirilməsi, hüquqi institutların funksiyasızlaşdırılması, media və müxalifət üzərində nəzarətin gücləndirilməsi proseslərini açıq şəkildə ortaya qoyur. Əsas məqsəd Türkiyədə demokratiyanın formal çərçivələr içində necə tədricən aşındığını, siyasi gücün mərkəzləşməsi nəticəsində müxalifətin marjinallaşdırıldığını, hüquqi institutların necə funksiya itkisinə uğradığını və xalqın iradəsinin populist ritorika və qorxu siyasəti ilə necə manipulyasiya edildiyini göstərməkdir. Bununla yanaşı, bu material oxucuya sadəcə faktları təqdim etməyi deyil, həm də bu faktlar arasındakı struktur əlaqələri anlamağa yardım etməyi, Türkiyə nümunəsində 21-ci əsrin yeni avtoritarizm formalarını tanımağı, vətəndaşlıq şüuru və demokratik müqavimət yolları barədə düşünməyə sövq etməyi hədəfləyir.

 Khar Center bu analizində rejim dəyişikliklərinin yalnız hüquqi və siyasi hadisələrdən ibarət olmadığını, həm də mədəni, sosial və psixoloji proseslərlə iç-içə keçdiyini göstərməyə çalışır. Məqsəd Ərdoğan Türkiyəsinin nümunəsində, həm də oxucunu demokratiyanın nə qədər kövrək, avtokratiyanın isə nə qədər elastik və çoxşaxəli ola bildiyini anlamağa təşviq etməkdir.

Açar sözlər: Türkiyə, rejim dəyişikliyi, avtoritarizm, populizm, qütbləşmə, Ərdoğanizm, prezidentlik sistemi, demokratiya, AKP

Əsas Sual: Türkiyədə rejim dəyişikliyi necə baş verdi və bu proses hansı hüquqi, siyasi və ideoloji mexanizmlərlə legitimləşdirilərək ictimaiyyətə qəbul etdirildi?

Giriş 

XXI əsrin ilk illərinə doğru Türkiyə liberal demokratiyaya doğru irəliləyən, Avropa İttifaqına üzvlük danışıqları aparan, iqtisadi yüksəliş dövrünü yaşayan bir ölkə idi (Müftüler-Baç 2005). Siyasi plüralizm, azad media, məhkəmə müstəqilliyi və seçkilərlə hakimiyyətin dinc yolla dəyişməsi Türkiyənin demokratiya tarixinin əsas göstəriciləri kimi təqdim olunurdu. Lakin bu parlaq vitrin arxasında yavaş-yavaş və planlı şəkildə  siyasi sistemin təkmərkəzli rejimə doğru transformasiyası baş verirdi (Yılmaz və Bashirov 2022).

2003-cü ildə baş nazir kimi hakimiyyətə gələn Ərdoğan, siyasi istedadı, populist ritorikası və siyasi boşluqları qiymətləndirmə bacarığı ilə özünə, əvvəlcə, demokratik görünən, lakin avtokratik niyyətlərlə dolu bir yol xəritəsi cızdı. Onun məşhur “demokratiya bizim üçün məqsəd deyil, vasitədir” ifadəsi bu niyyətin ideoloji və strateji mahiyyətini açıq şəkildə bəyan edirdi (Ərdoğan 1997).

Nəzəri baxış: İdeoloji polarizasiya və avtoritar konsolidasiyanın sosial dinamikası

Müasir siyasi rejimlərin demokratiyadan avtoritarizmə keçidi adətən birdən-birə baş vermir. Əksinə, bu keçidlər dərin ictimai, ideoloji və institusional dəyişikliklərin nəticəsində mərhələli şəkildə reallaşır. Siyasi elmdə bu fenomen “avtoritarizmin tədrici konsolidasiyası” (gradual authoritarian consolidation) kimi xarakterizə olunur (Linz, Stepan 1996). Bu tip transformasiyaların ilk və ən vacib mərhələlərindən biri isə ictimai konsensusun planlı şəkildə aşınması və sistemli polarizasiya siyasətidir.

Polarizasiya, ictimai qruplar arasında ideoloji, mədəni və etnik əsaslarla dərin ayrılmaların şərtləndirilməsidir. Bu, avtoritar rejimlərin ictimai dəstəyi qorumaq üçün tez-tez  istifadə etdiyi bir strategiyadır (McCoy, Rahman, Somer 2018). Belə hallarda “ortaq məxrəc”, “nəzarət və tarazlıq” (checks and balances) prinsipləri zəifləyir; ictimai və siyasi həyat  “biz və onlar” mübarizəsinə çevrilir. Bu proses nəticəsində siyasi rəqiblər legitim alternativ deyil, “xəyanətkar düşmən” kimi təqdim olunur. Jennifer McCoy və həmkarlarının ifadə etdiyi kimi, “zərərli polarizasiya” rejimlərin demokratik institutları sıradan çıxarması üçün əlverişli sosial-mühit yaradır.

Türkiyə nümunəsində bu proses, xüsusilə 2010-cu illərdən etibarən Ərdoğanın rəhbərliyi altında intensivləşib. 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası (AKP), ilk mərhələdə mülayim islamçılıq və demokratik reformlar diskursu ilə geniş sosial dəstək qazandı (Yavuz 2009). Lakin 2011-ci ildən sonra partiyanın idarəetmə tərzi tədricən avtoritar meyllərə yuvarlanmağa başladı. Siyasi ritorikada tez-tez istifadə olunan ifadələr – “milli iradə”, “üst ağıl”, “yerli və milli duruş”, “daxili və xarici düşmənlər” – fərqli düşüncə daşıyıcılarını xalq düşməni kimi təqdim edirdi (Taş 2015).

Bu ikili diskurs nəticəsində cəmiyyət "biz" (millət, vətənpərvərlər, yerli-milli güclər) "onlar" (elita, sekulyar liberallar, Qərb yönlü müxalifət, “Fətullah Gülən Hərəkatı”, etnik və dini azlıqlar) formatında kəskin ideoloji bloklara ayrıldı. Bu, Ernesto Laclau və Chantal Mouffe-un “düşmən-dost fərqləri üzərində qurulmuş hegemon siyasət” anlayışına uyğun gəlir (Laclau and Mouffe 1985). Bu strategiya Türkiyədə yalnız sosial fragmentasiyaya səbəb olmaqla qalmadı, həm də müxalif siyasi aktorların de-legitimizasiyası ilə nəticələndi (Gürsoy 2017).

Siyasi müxalifətin, QHT-lərin, universitetlərin və azad medianın fəaliyyəti tez-tez "milli maraqlara qarşı çıxmaq", "fitnəçilik", "xəyanət" və ya "terrorla əlaqə" kimi çərçivələrdə təqdim olundu (Es Murat 2020). Bu tip diskurslar hüquqi nəticələrə də səbəb oldu – məsələn, KHK (Kanun Hükmünde Kararname) ilə minlərlə dövlət işçisinin birbaşa məhkəmə qərarı olmadan işdən çıxarılması, universitet müəllimlərinin, jurnalistlərin və siyasətçilərin kütləvi həbsi (Freedom House 2023; Amnesty International 2022).

Bu strateji qütbləşmə nəticəsində, ortaq tarix, hüquq qarşısında bərabərlik, siyasi rəqiblə dialoq kimi demokratik normalar dəyərdən salındı. Cəmiyyətdə bir qrup özünü “xalqın yeganə təmsilçisi” kimi görməyə başladı, digər tərəf isə marjinallaşdırıldı, ictimai həyatdan sıxışdırıldı, hətta kriminallaşdırıldı (Tugal 2016). Bu prosesin nəticəsində siyasi mübarizə artıq proqramlar və ideyalar əsasında deyil, “varlıq-yoxluq”, “iman-xəyanət”, “düşmən-dost” müstəvisində aparılmağa başlandı. Carl Schmitt-in “dost-düşmən” fərqləndirməsinə əsaslanan siyasi anlayışına istinad etsək, Türkiyədə siyasi fəaliyyət demokratik debat sahəsindən çıxaraq ekzistensial qarşıdurma səviyyəsinə keçdi (Schmitt 2007).

Cəmiyyətin bu şəkildə qütbləşdirilməsi, seçkilərin formal şəkildə davam etməsinə baxmayaraq, onların mahiyyətini dəyişdirdi. Seçkilər artıq hakimiyyətin legitimliyi üçün demokratik vasitə deyil, sadiq elektorat vasitəsilə gücün yenilənməsi mexanizminə çevrildi (Levitsky and Ziblatt 2018). Sistemli şəkildə yönləndirilmiş ictimai rəy, alternativ səsləri “susdurulmalı təhlükə” kimi qəbul etməyə başladı ki, bu da demokratik proseslərin özünü tədricən məhv edən paradoksal nəticədir.

Ərdoğan–Gülən İttifaqı və Qərbin 'İlımlı İslam' doktrinası: 2002–2013-cü illərdə Türkiyədə siyasətin anatomiyası 

Ərdoğan-Gülən ortaqlığının siyasi arxitekturası: 2002–2013 dövrü Ərdoğan və Gülən hərəkatının sıx əməkdaşlıq etdiyi mərhələdir. Gülən şəbəkəsinin əsas gücü bürokratiyada, xüsusilə təhsil, polis və məhkəmə orqanlarında qurduğu paralel strukturlardan qaynaqlanırdı. Bu şəbəkə AKP-nin dövlət aparatına tam nəzarət etməsində əsas rol oynadı. Bu ortaqlıq sayəsində ordu daxilindəki qatı sekulyar strukturlar sıradan çıxarıldı (Ergenekon və Balyoz prosesləri) və AKP öz hakimiyyətini konsolidasiya etdi (Gürsoy, 2012). Bu dövrdə Gülən məktəbləri və media orqanları (Zaman, Samanyolu TV və s.) həm AKP-nin siyasətini legitimləşdirir, həm də beynəlxalq aləmdə "Türk islamı" modelini tanıdırdı. ABŞ-da yerləşən Gülən Qərb mərkəzlərində “islam islahatçısı” kimi təqdim olunurdu.

Qərbin "model" axtarışları: RAND Corporation və Brookings kimi Qərb beyin mərkəzləri 2000-ci illərin əvvəllərindən etibarən islam dünyasında “mütərəqqi”, “Qərbyönlü” və “demokratiyaya sadiq” islamçı modelləri təşviq etməyə başladılar. RAND-ın 2004-cü ildəki hesabatında (Civil Democratic Islam) Fətullah Gülən, onun təhsil şəbəkəsi və sivil cəmiyyət təşəbbüsləri bu “konstruktiv islamçılıq” çərçivəsində nümunəvi sayılırdı (Rabasa & Benard, 2004).

Türkiyənin geosiyasi cazibəsi: Türkiyənin NATO üzvü kimi regional sabitlikdəki rolu, Avropa Birliyi üzvlüyünə iddiası və bazar iqtisadiyyatını mənimsəmiş siyasəti Qərb üçün onu “islami demokratiya” təcrübəsinin laboratoriyasına çevirdi. Bu dövrdə AKP hökumətinin islahatçı ritorikası, liberal iqtisadiyyata bağlılığı və "dini dözümlülük" mesajları Vaşinqtonda və Brüsseldə müsbət qarşılanırdı.

İdeoloji simbioz və dövlət içində güc paylaşımı: AKP ilə Gülən hərəkatı arasındakı əməkdaşlıq ideoloji baxımdan islamçı modernizm çərçivəsində uzlaşırdı. Hər iki tərəf "mədəni islamlaşma" yoluyla dərin dövlətin (ordu, məhkəmə və təhlükəsizlik elitasının) sekulyar hegemonyasına qarşı güc birləşdirdi. Gülən Hərəkatının polis, ədliyyə və təhsil sistemindəki təsiri AKP-nin institusional hegemoniyasının bünövrəsini təşkil etdi. Məsələn, 2007-ci il “Ergenekon” və 2010-cu ildə “Balyoz” davaları vasitəsilə ordu içindəki sekulyar elita məhkəmə vasitəsilə neytrallaşdırıldı. Bu məhkəmələrdə istifadə olunan sübutların sonradan saxtalaşdırıldığı ortaya çıxsa da, o dövrdə həm AKP, həm də Gülən hərəkatı Qərbin sükutundan və ya dolayı dəstəyindən gen-bol istifadə etdi (Jenkins, 2009). Bu əməliyyatlara paralel olaraq Gülən hərəkatı Zaman qəzeti, Samanyolu TV, Cihan Xəbər Agentliyi və onlarla məktəb və dərnəklə cəmiyyətin “yumşaq islamlaşmasını” həyata keçirirdi. Onun yalnız Türkiyə daxilində deyil, Orta Asiya, Balkanlar və ABŞ-da qurduğu şəbəkələr bu "yumşaq güc" anlayışını qlobal miqyasda gücləndirirdi. AKP isə bu yumşaq gücdən istifadə edərək xarici siyasətdə "qardaş islam xalqları ilə inteqrasiya" diskursunu qururdu. 

2007–2013 dövründə Türkiyədə jurnalistlərin həbsi (Ergenekon istintaqları çərçivəsində), müxalifətə qarşı siyasi təzyiqlər və məhkəmə sisteminin siyasiləşməsi müşahidə olunmasına baxmayaraq, ABŞ və Aİ ölkələri çox zaman bu proseslərə yumşaq reaksiya verdilər. "Strateji tərəfdaşlıq", “reqressiv qüvvələrin qarşısını alma” arqumentləri ilə bu tendensiyalar ya nəzərdən qaçırıldı, ya da açıq şəkildə dəstəkləndi. ABŞ “İslam dünyasında islahatçı müttəfiq” axtarışında Ərdoğan və Güləni bir növ “ideal ortaq” olaraq qəbul edirdi. Lakin bu ortaq oyun uzunmüddətli nəticələri etibarsız və təhlükəli etdi.

Ərdoğan-Gülən gərginliyinin zirvəsi: 2013-cü ildə Gülənə yaxın prokurorların AKP elitası ilə bağlı ortaya çıxardığı korrupsiya qalmaqalı – 17–25 dekabr hadisələri – bu ortaqlığın sonunu gətirdi. Ərdoğan bu hərəkatı “dövlət içində dövlət” adlandıraraq Gülənçilərə qarşı kütləvi təmizləmə kampaniyasına başladı. 

Qərbin dilemması və qeyri-müəyyən mövqeyi: Bu qarşıdurmada Qərb açıq şəkildə tərəf tutmaqdan çəkinirdi. Bir tərəfdə illərlə “islami mülayimlik” modelinin aparıcısı olan Gülən, digər tərəfdə NATO tərəfdaşı və strateji müttəfiq Ərdoğan vardı. lakin ABŞ-ın Güləni ekstradisiya etməməsi Ərdoğan rejimi ilə münasibətləri gərginləşdirdi. 

"İlımlı İslam" layihəsinin çöküşü və Ərdoğanizmin möhkəmlənməsi

Ərdoğan-Gülən ortaqlığı əsasında inşa olunan “Türk modeli” 2010-cu illərin ortalarında fiaskoya uğradı. Bu model nə demokratik institutları qorudu, nə də islamla liberalizm arasında bir körpü yarada bildi. Əksinə, bu ortaqlıq avtoritarizmin, korrupsiyanın və dövlət içində paralel strukturların inkişafına səbəb oldu.

2015-ci ildən sonra Ərdoğan fərqli bir siyasi xəttə keçdi: Gülənlə əlaqəli bütün strukturlar sıradan çıxarıldı, prezidentlik sistemi ilə avtoritar rejim formalaşdırıldı, Qərblə münasibətlər gərginləşdi və Türkiyə avrasiyaçı və millətçi ritorikaya yönəldi. “İlımlı islam” layihəsi, əslində daha sərt rejimin qurulmasına zəmin yaratdı.

“2002–2015 dövrü” həm Türkiyə daxilində, həm də Qərbin islam dünyasına yanaşmasında dönüş nöqtəsidir. Ərdoğan-Fətullah Gülən ortaqlığı, Qərbin realpolitik və ideoloji gözləntilərinin simbiozu nəticəsində formalaşdı və davam etdi. Lakin bu ortaqlıq uzunmüddətli nəticə etibarilə Türkiyədə institusional dağılmaya, hüququn zəifləməsinə və yeni tip avtoritarizmin – Ərdoğanizmin – yaranmasına səbəb oldu. 

Ərdoğan–Gülən ittifaqı, Qərbin “konstruktiv islamçılıq” modelləşdirməsi çərçivəsində formalaşsa da, sonda həm liberal dəyərlərin instrumentalizasiyası, həm də siyasi islamçılığın avtoritarlaşması ilə nəticələndi. Bu təcrübə yalnız Türkiyə üçün deyil, bütövlükdə Qərbin islam dünyası ilə münasibət qurma modelinin uğursuzluğu kimi də oxuna bilər.

Ərdoğanizmin Yüksəlişi: Avtoritarizmə kübar keçid

Rəcəb Tayyib Ərdoğan-ın 1997-ci ildə dediyi "Demokratiya bir tramvaydır, istədiyimiz stansiyaya çatanda düşərik" fikri onun demokratiyaya yalnız taktiki bir vasitə kimi yanaşdığını açıq göstərirdi (BİANET 2021). AKP-nin 2002-ci ildə iqtidara gəlməsi ilk illərdə demokratikləşmə və AB-yə inteqrasiya kimi məqsədlərlə xarakterizə olunsa da, bu mərhələ daha çox siyasi hegemoniyanın qurulması üçün bir tramplin dövrü idi. Onun siyasi strategiyası təkcə islamçı-populist ritorikadan ibarət deyil, eyni zamanda, milli identitetin, dinin və tarixşünaslığın siyasi silaha çevrilməsini də əhatə edir. Ərdoğanizm, həm Osmanlı nostaljisinə, həm ilahi suverenliyə, həm də "milli iradə" anlayışına əsaslanan bir hakimiyyət fəlsəfəsi qurur. (Ərdogan 1994)

Ərdoğanizmin əsas dayaqlarından biri də "dini milliyyətçilik"dir. AKP-nin siyasətində İslam dini təkcə şəxsi inanc məsələsi kimi deyil, dövlətin və vətəndaşın davranışlarını formalaşdıran mərkəzi dəyər kimi təqdim edilir. Beləliklə, həm dindar seçicilər mobilizə edilir, həm də sekulyar kəsim marginal vəziyyətə salınır (Tuğal, 2013). Digər tərəfdən, Ərdoğanizmin populist xarakteri vətəndaşla lider arasında birbaşa münasibət qurmaqla klassik nümayəndəlik institutlarını mənasızlaşdırır.

Ərdoğanizm sadəcə siyasi institutlar üzərində nəzarəti gücləndirməklə kifayətlənmir, eyni zamanda, mədəniyyət sahəsində də yeni bir hegemoniya inşa edir. Sənət və kino sahələrində senzura və ideoloji istiqamətləndirmə bu siyasətin tərkib hissəsidir. Mədəniyyətin normativləşdirilməsi və fərqli həyat tərzlərinin "dəyişdirilməsi" məqsədi güdən bu siyasət mədəni avtoritarizmin formasıdır (Baykan, 2021). Bu yeni mədəniyyət siyasəti vasitəsilə avtoritarizm sadəcə hüquqi və siyasi sistemdə deyil, gündəlik həyatda da "normalaşdırılır". İnsanlar demokratiyanın itirilməsi ilə barışmağa sövq edilir və bu proses tədricən “təhlükəsizlik”, “sabitlik” və “ənənəvi dəyərlər” pərdəsi altında aparılır.

Ərdoğanizmin yüksəlişi, klassik avtoritarizmdən fərqli olaraq, hüquqi çərçivələr və seçki formallığı daxilində, lakin dərin demokratik erroziya ilə müşayiət olunan prosesdir. Bu, "kübar avtoritarizm" adlandırıla biləcək bir modeldir – demokratik institutların adının qalması, lakin funksiyasının dəyişməsi ilə müşayiət olunan ardıcıl keçidlər seriyası. 

Bu mənada 2010-cu il Türkiyə siyasi tarixi baxımından ilk dönüş nöqtəsi olaraq avtoritarizmin daha kübar, incə və hüquqi pərdə arxasında formalaşdırıldığı mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Məhz bu dövrdən Türkiyədə demokratik institutların funksionallığı və normativ mahiyyəti tədricən aşınmağa başladı. 

Bu dövr, həm də Ədalət və İnkişaf Partiyası (AKP) ilə Fətullah Gülən Hərəkatı  arasında qurulmuş siyasi ittifaqın zirvə nöqtəsi kimi də xarakterizə oluna bilər. 2000-ci illərin əvvəllərindən bəri AKP ilə Fətullah Gülən Hərəkatı arasında formalaşan taktiki əməkdaşlıq, xüsusilə hüquq sistemi və təhlükəsizlik aparatları vasitəsilə dövlət daxili güc tarazlığını dəyişdirmək üçün istifadə edilib (Taş 2018). 2010-cu ildə keçirilmiş konstitusiya referendumu bu əməkdaşlığın açıq nəticəsi idi: məhkəmə orqanlarının tərkibinin dəyişdirilməsi ilə Fətullah Gülən Hərəkat-na yaxın hüquqçular Ali Məhkəmə və Konstitusiya Məhkəməsi kimi orqanlara yerləşdirildi (Jenkins 2011). Bu, hüquqi institutların siyasi məqsədlər üçün silaha çevrilməsi prosesinin sürətlənməsinə gətirib çıxardı.

Ən diqqətəlayiq məqamlardan biri, bütün bu dəyişikliklərin ilkin mərhələdə geniş ictimai dəstək, referendumlar və "islahat" adı altında həyata keçirilməsi oldu. Beləliklə, avtoritar meyllər ani və zorakı çevrilişlərlə deyil, demokratik prosedurların içərisindən süzülərək, "seçkili avtoritarizm"ə doğru təkamül etdi. Bu proses, Levitsky və Ziblattinin vurğuladığı kimi, demokratiyaların daxildən çökdürülməsi fenomeninin bariz nümunəsidir (Levitsky and Ziblatt 2018).

2015-ci ildən etibarən AKP ilə Fətullah Gülən Hərəkatı  arasındakı münasibətlərin tamamilə düşmənçiliyə çevrilməsi, Türkiyə siyasətində yeni bir radikal qarşıdurma mərhələsinin başlanğıcını qoydu. Bu qarşıdurma 2013-cü ildəki 17-25 dekabr korrupsiya əməliyyatları ilə açıq müstəviyə daşınsa da, 2015-ci ildən sonra daha sərt siyasi və inzibati tədbirlərlə müşayiət olundu. Dövlət içində Fətullah Gülən Hərəkatına bağlı kadrların təmizlənməsi adı altında aparılan genişmiqyaslı kampaniyalar, əslində, həm real təhlükəyə qarşı reaksiya, həm də Ərdoğan üçün yeni güc konsolidasiyası fürsətinə çevrildi. Bu proses 2016-cı ilin 15 iyulunda baş verən uğursuz hərbi çevriliş cəhdi ilə kulminasiya nöqtəsinə çatdı. Ərdoğan bu hadisəni yalnız siyasi sabitlik və milli birlik çağırışı ilə cavablandırmadı, həm də hadisədən sonra yaranan fövqəladə vəziyyətdən istifadə edərək institusional sistemin yenidən qurulmasına yönəlik genişmiqyaslı dəyişikliklərə start verdi (Yabanci 2019).

Çevrilişdən sonra elan edilən fövqəladə vəziyyət rejimi altında minlərlə məmur, akademik və jurnalist vəzifəsindən uzaqlaşdırıldı və ya həbs olundu; media orqanları bağlandı, vətəndaş cəmiyyəti təşkilatları ləğv edildi. Bu mühitdə Ərdoğan öz siyasi modelini "milli iradə" diskursu ilə leqitimləşdirərək 2017-ci ildə konstitusiyaya edilən dəyişikliklərlə parlament sistemindən prezident idarəçiliyinə keçidi təmin etdi. 

Beləliklə, 2016-cı il çevriliş cəhdi həm siyasi hakimiyyətin avtoritar dərinləşməsinə zəmin yaratdı, həm də Ərdoğan üçün siyasi sistemin yenidən dizayn edilməsi prosesində legitimləşdirici mexanizm rolunu oynadı.

Türkiyədə avtoritar konsalidasiyasının əsas dönüş nöqtəsi isə məhz 2017-ci il Konstitusiya Referendumu oldu. Referendum nəticəsində parlament sistemi ləğv edildi və güclü prezident idarəetməsi təsis edildi. Türkiyə tipik “illiberal demokratiya”dan avtoritar idarəetmə modelinə keçid etdi (European Society and Politics, 2017).

Rejim dəyişikliyinin əsas sütunlarını aşağıdakı şəkildə ümumiləşdirmək mümkündür:

  • Güc təmərküzləşməsi: Qanunverici, icraedici və məhkəmə hakimiyyətləri prezidentin iradəsinə tabe edildi. Konstitusiyada görünən “nəzarət və tarazlıq” prinsipi faktiki olaraq ləğv olundu.
  • Qanunun üstünlüyünün deformasiyası: Hüquq siyasi gücə tabe edildi. Məhkəmələr və prokurorluq aparatları müxalifətə qarşı təzyiq alətinə çevrildi, hüquqi qərarlar isə siyasi mənfəətə uyğunlaşdırıldı.
    Siyasi rəqabətin imkansızlaşdırılması: Seçkilər keçirilir, lakin bərabər şərtlərdə deyil. Media mühiti, maliyyə qaynaqları və hüquqi imkanlar hökumət namizədlərinə üstünlük verir. 
  • Cəmiyyətdə qütbləşmənin dərinləşməsi: Cəmiyyətin geniş kəsimi artıq müzakirə və konsensusa deyil, loyalizm və düşmən obrazları üzərindən formalaşır. Bu isə demokratik vətəndaşlıq şüurunun tənəzzülünə səbəb olur.
  • Ekonomik və institusional çöküş: Mərkəzi bank, universitetlər, müstəqil qurumlar, KİV-lər və vətəndaş cəmiyyəti sıradan çıxarılıb. Bütün güc tək mərkəzdə — prezident sarayında toplanıb. Bu isə “rəqabətli avtoritarizm” şəklində tanınan rejim tiplərinə uyğun gəlir (Esen, Berk, and Şebnem Gümüşçü 2016).

Hüquqi və instutsional strukturun mərkəzləşdirilməsi

2018-ci ildə qüvvəyə minən yeni idarəetmə sistemi ilə icra hakimiyyəti demək olar ki, tamamilə prezidentin səlahiyyətlərinə tabe edildi. Prezidentin fərmanları ilə parlamentin funksional rolu kənarlaşdırıldı, baş nazirlik institutu ləğv olundu və mərkəzi idarəetmə orqanları birbaşa prezidentə tabe edildi (Yılmaz and Bashirov 2022). Bu model O'Donnell-in “delegative democracy” adlandırdığı idarəetmə formasını xatırladır – burada seçilmiş liderlər konstitusiya çərçivəsində olsa da, faktiki olaraq, Sezarizm, Bonapartizm də olduğu kimi nəzarətdən və yoxlamadan azad idarəetmə həyata keçirirlər (O’Donnell 1994). 

Qanunvericilik, məhkəmə və icra orqanları arasında güc bölgüsü prinsipinin ləğvi Türkiyənin hüquqi dövlət modelindən uzaqlaşdığını göstərdi. Məhkəmə orqanlarına kadr təyinatlarında prezidentin üstün rol alması məhkəmənin müstəqilliyini ciddi şəkildə zədələdi. Aparılan  təhlillər göstərir ki, 2020-ci ildən etibarən Konstitusiya Məhkəməsi və digər  məhkəmə instansiyaları hökumətin maraqları ilə üst-üstə düşən qərarlar verir (Kurban 2021).

İfadə azadlığının sistematik məhdudlaşdırılması: Müstəqil medianın zəiflədilməsi və rəqəmsal platformaların senzura vasitəsilə tənzimlənməsi, avtoritar rejimlərin ümumi strategiyasıdır. 2020-ci ildə qəbul edilən sosial media və “dezinformasiya ilə mübarizə” qanunları, faktiki senzura rejiminin rəqəmsal sahəyə yayılmasını təmin etdi (Freedom House 2023). Bu qanunlar, qeyri-müəyyən hüquqi meyarlarla “yalan xəbər yaymaq” kimi ifadələri cinayət kimi tanımaqla, vətəndaşların ifadə azadlığını məhdudlaşdırır və müstəqil media orqanlarını susdurmaq üçün vasitə kimi istifadə olunur.

Amnesty International və Human Rights Watch-un 2022-ci il hesabatlarında qeyd olunduğu kimi, Türkiyədə jurnalistlərin sistematik şəkildə həbsi, internet senzurası və media üzərində iqtisadi təzyiqlər ciddi şəkildə artıb (HRW 2022). Bu da “digital avtoritarizm” anlayışını Türkiyə üçün aktuallaşdırır (Howard and Bradshaw 2019).

Media mülkiyyəti və ideoloji hegemoniyanın təşkili: 2000-ci illərin ortalarından başlayaraq, Türkiyədə media sahəsində baş verən mülkiyyət dəyişikliyi, siyasi hakimiyyətin ideoloji hegemoniyasını gücləndirməsinə xidmət etdi. Doğan Medya-nın Demirören Qrupuna satışı və bu satışın dövlət bankı olan Ziraat Bank tərəfindən maliyyələşdirilməsi, medianın iqtisadi asılılığına və siyasi nəzarətə məruz qalmasına açıq nümunədir (Yeşil, 2016). Bu dəyişiklik, Antonio Gramsci-nin “hegemonik güc” konsepsiyası ilə də izah oluna bilər – yəni iqtidarın təkcə zorla deyil, həm də ictimai rəyə nəzarət yolu ilə gücünü möhkəmləndirməsi (Gramsci 1971).

Alternativ media orqanları isə aşağı büdcə və davamlı məhkəmə təzyiqləri altında fəaliyyət göstərməkdədir. Bu durum, müstəqil informasiya mənbələrinin yalnız marginallaşdırılmasına deyil, həm də ictimai diskursun tamamilə iqtidarın hegemoniyasına daxil edilməsinə gətirib çıxarır.

Bu nəticələr Türkiyədə yalnız siyasi rejimin deyil, hər şeyin– siyasi kimliyin və ideologiyanın da dəyişdirdiyini göstərir. Bu sistemin adı sadəcə “prezidentlik sistemi” deyil, Ərdoğanizmdir – yəni bir şəxsin, bir ideologiyanın və bir dünya baxışının dövlətlə birləşdiyi təkmərkəzli hakimiyyət modeli.

Belə bir rejimdə müxalifət artıq siyasi alternativ yox, təhlükə hesab olunur; hüquq ədalətin deyil, hakimiyyətin dilini danışır; vətəndaş deyil, təbəə formalaşdırılır. 

2025-ci ilə gəldikdə, Türkiyə artıq klassik demokratiyadan xeyli uzaqlaşıb. O, formaca hələ də seçkilərin keçirildiyi, parlamentin mövcud olduğu və məhkəmə sisteminin kağız üzərində müstəqil göründüyü bir respublika ola bilər. Lakin mahiyyət etibarilə bu strukturların heç biri demokratik funksionallığını və tarazlayıcı gücünü qoruyub saxlamır. Ərdoğanın rəhbərliyi altında Türkiyə illər ərzində institusional avtoritarizmə sürüklənib və bu transformasiya sakit, amma ardıcıl şəkildə, məhz “demokratik prosedurlar” vasitəsilə həyata keçirilib.

Bu rejim dəyişikliyinin fövqəladə vəziyyət rejimi şəraitində, amma hərbi çevrilişlərlə deyil, əksinə seçki qutuları, referendumlar, konstitusiya dəyişiklikləri kimi prosedurlarıla  baş tutması bir çox müşahidəçi və vətəndaş üçün ilk mərhələdə “legitim” və ya “keçici” təsiri bağışlasa da, zamanla sistemli şəkildə demokratik dəyərlərin sökülməsinə yol açdı.

İmamoğlunun Həbsi və 2025 İBB Əməliyyatı: Rəqabətli avtoritarizmin sonrakı mərhələsi

2025-ci ilin mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) rəhbərliyinə qarşı başlanan hüquqi əməliyyatlar, Türkiyədə avtoritar rejimin demokratik rəqabəti yalnız məhdudlaşdırmaqla kifayətlənmədiyini, onu tamamilə sıradan çıxarmağa yönəlmiş yeni mərhələyə keçdiyini göstərdi. Əməliyyat çərçivəsində bələdiyyənin müxtəlif strukturlarına qarşı inzibati və cinayət araşdırmaları aparıldı, bir sıra idarəçilər saxlanıldı və nəhayət, İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlu "ictimai vəzifədə korrupsiya və vəzifədən sui-istifadə" kimi ittihamlarla həbs olundu (Human Rights Watch, World Report 2025).

İmamoğlunun həbsi, rejimin hüquqi prosesi siyasi məqsədlərlə sinxronlaşdırdığını göstərir. Bu strategiya, rəqibləri seçkidə məğlub etməyin mümkünsüzlüyü fonunda, onların iştirakını hüquqi əsaslarla qadağan etmək məqsədi güdür (Esen and Gumuscu, 2021). 

Bu repressiv əməliyyatlar təkcə bir liderə yönəlməyib, eyni zamanda İstanbul Bələdiyyəsinin sosial nüfuzunun və texniki idarəetmə legitimliyinin sarsıdılmasına xidmət edib. Bu da göstərir ki, rejim rəqib aktorların yalnız siyasi sahədə deyil, bütün ictimai strukturlarda zəiflədilməsini hədəfləyir (Gole, 2020). Ən diqqətçəkən məqam, bu hüquqi əməliyyatın Türkiyədə Növbədənkənar seçki müzakirələri fonunda və CHP-də prezidentliyə namizədin müəyyənləşəcəyi ilkin seçki təyin olunduqdan sonra baş verməsidir.
Bu zamanlama göstərir ki, İmamoğlunun həbsi ilə Ərdoğan müxalifətin gələcək liderlik ehtimallarını da ortadan qaldırmağı, seçki yarışını Türkiyədə tarixə qovuşdurmağı hədəfləyir. Bu isə Türkiyənin artıq rəqabətli avtoritarizmin də sərhədlərini aşdığı, bundan sonrakı seçkilərin simvolik xarakter daşıyacağı, real rəqabətin isə hüquq adı altında sistematik şəkildə məhdudlaşdırıldığı tipik avtoritar rejimə çevriləcəyini göstərir. 

Nəticə

Türkiyədə son iyirmi il ərzində baş verən siyasi transformasiya, klassik hərbi çevriliş və ya inqilabi dəyişiklik modellərindən fərqli olaraq, “səs-küysüz” və hüquqi çərçivə daxilində reallaşan bir rejim dəyişikliyi nümunəsidir. Bu dəyişiklik təkcə idarəetmə formasının texniki modifikasiyası deyil, həm də siyasi mədəniyyətin, hüquq sisteminin, media mühitinin və vətəndaşlıq anlayışının radikal şəkildə yenidən dizaynı ilə müşayiət olunub. Rəsmi olaraq demokratik institutların hələ də mövcud olması, Türkiyənin demokratik görünüşünü qorumağa çalışsa da, reallıqda bu institutlar öz funksional mahiyyətini itirib, bir çoxu simvolik strukturlara çevrilib.

AKP iqtidarı və xüsusilə Ərdoğanın təkbaşına liderliyi dövründə həyata keçirilən bu transformasiya, demokratik legitimlik görüntüsü altında avtokratik güc konsolidasiyasına əsaslanıb. Seçkilər və referendumlar kimi demokratik prosedurlar manipulyativ şəkildə istifadə olunaraq rejimin möhkəmlənməsinə xidmət edib. Bu prosesin ən kritik məqamı isə rejimin tək bir şəxs ətrafında ideoloji və struktural olaraq mərkəzləşdirilməsidir. 

Artıq Türkiyə “illiberal demokratiya” və ya “delegative demokratiya”dan da sıyrılaraq “rəqabətli” avtoritarizm kimi hibrid rejim modellərinin belə uc nöqtələrinə yerləşərək “seçkili avtoritarizm”dən tam avtoritarizmə təkamülün konkret və kompleks bir nümunəsini yaşayır. 

Türkiyə nümunəsi göstərir ki, demokratiyanın forması ilə mahiyyəti arasında uçurum yarandıqda, rejimin avtokratikləşməsi hüquqi çərçivə daxilində də mümkün ola bilir. Yəni bu transformasiya yalnız Türkiyə üçün deyil, digər yarı-demokratik və keçid rejimli ölkələr üçün də mühüm xəbərdarlıq və siyasi dərs mahiyyəti daşıyır.

İstinadlar

  1. Müftüler-Baç, Meltem. “Turkey’s Political Reforms and the Impact of the European Union.” South European Society and Politics, vol. 10, no. 1, 2005, pp. 17–31.
  2.  Yılmaz, Ihsan, and Gülayhan Bashirov. “The AKP, the Gülen and the Judiciary: Authoritarian Politics in Turkey.” Middle East Critique, vol. 31, no. 2, 2022.
  3. Recep Tayyip Erdoğan: "Demokrasi bizim için amaç değil araçtır." https://www.youtube.com/watch?v=qY52kEMQyBA 
  4. Linz, Juan J., and Alfred Stepan. Problems of Democratic Transition and Consolidation. Johns Hopkins University Press, 1996.
  5.  McCoy, Jennifer, Tahmina Rahman, and Murat Somer. “Polarization and the Global Crisis of Democracy.” The American Behavioral Scientist, vol. 62, no. 1, 2018, pp. 16–42.
  6. Yavuz, M. Hakan. Secularism and Muslim Democracy in Turkey. Cambridge University Press, 2009.
  7.  Taş, Hakkı. “Turkey–from Tutelary to Delegative Democracy.” Third World Quarterly, vol. 36, no. 4, 2015, pp. 776–791.
  8. Laclau, Ernesto, and Chantal Mouffe. Hegemony and Socialist Strategy: Towards a Radical Democratic Politics. Verso, 1985.
  9. Gürsoy, Yaprak.“Turkish Political Culture and the Rise of the AKP.” Middle East Critique, vol. 26, no. 2, 2017, pp. 145–160.
  10. Es, Murat. “Authoritarian Legalism and the Transformation of the Turkish Judiciary.” Law and Society Review, vol. 54, no. 2, 2020, pp. 405–432.
  11. Freedom House.n Freedom in the World 2023: Turkey. https://freedomhouse.org/country/turkey/freedom-world/2023
  12. Amnesty International. Turkey: Annual Report 2022. https://www.amnesty.org/en/location/europe-and-central-asia/turkey/report-turkey/
  13.  Tugal, Cihan. The Fall of the Turkish Model: How the Arab Uprisings Brought Down Islamic Liberalism. Verso, 2016.
  14. Schmitt, Carl. The Concept of the Political. University of Chicago Press, 2007.
  15.  Levitsky, Steven, and Daniel Ziblatt. How Democracies Die. Crown Publishing Group, 2018.
  16.  Gürsoy, Y.(2012). The Role of the Military in Turkish Politics: To Guard Whom and From What? European Journal of Turkish Studies, 14.
  17.  Rabasa, A. & Benard, C. (2004). Civil Democratic Islam: Partners, Resources, and Strategies. RAND Corporation.
  18.  Jenkins, G. (2009). Between Fact and Fantasy: Turkey’s Ergenekon Investigation. Silk Road Paper, Central Asia-Caucasus Institute.
  19. BİANET 2021. Tramvaydan bir an önce inme’ ihtirası. https://bianet.org/yazi/tramvaydan-bir-an-once-inme-ihtirasi-243992 
  20.  "Egemenlik Kayıtsız Şartsız Allah'ındır!" R.Tayyip Erdoğan 1994 https://www.youtube.com/watch?v=JiPh0WmdUXs 
  21.  Tuğal, C. (2013) Passive Revolution: Absorbing the Islamic Challenge to Capitalism. Stanford University Press.
  22.  Baykan, T. S. (2021). The Cultural Politics of Erdoğanism. Turkish Studies, 22(1), 45–67.
  23. Taş, Hakkı. “Turkey—From Tutelary to Delegative Democracy.” Third World Quarterly, vol. 39, no. 2, 2018, pp. 195–211.
  24. Jenkins, Gareth. “Between Fact and Fantasy: Turkey’s Ergenekon Investigation.” Silk Road Paper, Central Asia-Caucasus Institute & Silk Road Studies Program, 2011.
  25. Levitsky, Steven, and Daniel Ziblatt. How Democracies Die. Crown Publishing Group, 2018.
  26.  Yabanci, Bilge. “Populism as the Problem Child of Democracy: The AKP’s Populist Re-Articulation of Religion, Nation and Democracy in Turkey.” British Journal of Middle Eastern Studies, vol. 46, no. 3, 2019, pp. 350–368.
  27.  European Society and Politics, vol. 22, no. 3, 2017, pp. 303–326. https://doi.org/10.1080/13608746.2017.1384341 
  28. Esen Berk and Şebnem Gümüşçü. “A Small Yes for Presidentialism: The Turkish Constitutional Referendum of April 2017.” South European Society and Politics, vol. 22, no. 3, 2017, pp. 303–326.
  29.  Yılmaz &Bashirov, G. (2022). The AKP after 20 years: Between Islamic populism and authoritarianism. Third World Quarterly, 43(1), 186–204.
  30.   O’Donnell, G (1994). Delegative Democracy. Journal of Democracy, 5(1), 55–69.
  31. Kurban, D. (2021) Limits of Supranational Justice: The European Court of Human Rights and Turkey’s Kurdish Conflict. Cambridge University Press.
  32. Human Rights Watch. (2022). Turkey: Events of 2022. Retrieved from https://www.hrw.org  
  33.  Howard, P. N & Bradshaw, S. (2019). The Global Disinformation Order: 2019 Global Inventory of Organised Social Media Manipulation. University of Oxford.
  34. Yeşil, B. (2016). Media in New Turkey: The Origins of an Authoritarian Neoliberal State. University of Illinois Press.
  35. Gramsci, A.(1971). Selections from the Prison Notebooks. (Q. Hoare & G. Nowell Smith, Eds. and Trans.). International Publishers.
  36. Human Rights Watch. World Report 2025: Events of 2024. New York, 2025. 
  37. Esen, Berk, and Şebnem Gümüşçü. “How Erdoğan’s Populism Works: The Case of Turkey.” Government and Opposition, vol. 56, no. 2, 2021, pp. 311–333. Cambridge University Press.
  38. Taş, Hakkı. “Authoritarian Neoliberalism in Turkey: A New Consensus.” South European Society and Politics, vol. 23, no. 2, 2018, pp. 123–146.

 39. Gole, Nilüfer. “Populism and the Crisis of Democracy in Turkey.” Philosophy & Social Criticism, vol. 46, no. 2, 2020, pp. 223–235.

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin