İfadə azadlığı və müstəqil media müasir demokratik cəmiyyətlərin əsas atributlarından hesab edilir. Kütləvi informasiya vasitələrinin (KİV) birbaşa və dolayı təzyiq altında olmadan fəaliyyət göstərə bilməsi bu zəruri elementlərin siyasi sistemin formalaşmasındakı rolunu stimullaşdırır. Demokratik cəmiyyətlərdə medianın cəmiyyətin peşəkar informasiya ilə təmin edilməsi, ictimai nəzarətin həyata keçirilməsi və hakimiyyətin hesabatlılığının təmin edilməsindəki rolu onun əvəzsiz əhəmiyyətini ortaya qoyur. Lakin avtoritar və ya avtoritar meyilli rejimlərdə medianın bu mühüm rolu hakimiyyətin inzibati və hüquq mühafizə orqanları tərəfindən müxtəlif formalarda məhdudlaşdırılır. Bu mənada media üzərində nəzarət, yalnız birbaşa senzura aləti ilə deyil, həm də institusional mexanizmlər, iqtisadi alətlər, inzibati təzyiq metodları və selektiv “dəstək” mexanizmləri ilə təşkil edilir.
Giriş
Son iki ildə Azərbaycan hökumətinin mətbuat üzərinə xüsusi hücumu çərçivəsində “Abzas media”, “Toplum tv”, “Meydan tv” kimi resurslar qapadılıb, kollektivin ya əksəriyyəti, ya hamısı həbs edilib (RSF, 2025). Onlardan əlavə, bir sıra müstəqil jurnalistlər də həbsxanaya salınıb. Xarici media təmsilçilərinin akkreditasiyaları ləğv edilib, ofisləri bağlanıb. Hazırda Azərbaycanda 30-a yaxın jurnalist həbsdədir. Nəticədə Azərbaycan jurnalistlərin həbsinə görə dünyada ilk beşlikdə yer alıb (Toplum tv, 2025). Proses Azərbaycan mətbuatının problemlərini yenidən aktuallaşdırmaqla yanaşı, ifadə azadlığının ağır vəziyyətini araşdırmağı zəruri edir.
Bu analiz ölkədə son iki ildə azad medianın faktiki qapadılması fonunda “Hakimiyyət media üzərində nəzarəti hansı mexanizmlərlə həyata keçirir?” tədqiqat sualı üzərində qurulub.
Materialda Azərbaycan hakimiyyətinin beynəlxalq və yerli etirazlara məhəl qoymadan “media haqqında” qanun qəbul etməsi və bunun ardınca azad mətbuata ölümcül zərbə vurması, 30 ildən çox tarixi olan prosesin əsas (həlledici) hadisələrinin təhlili fonunda verilir.
Eləcə də Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra, xüsusən 1993-cü ildən bəri senzuranın rəsmi və faktiki forması, habelə, senzuranın özünü necə həyata keçirildiyi təhlil olunur.
Material eyni zamanda hakimiyyətin medianı susdurmaq və ələ almaq məqsədilə müxtəlif vaxtlarda müxtəlif üsulları necə tətbiq etdiyini, konkret misallarda hansı nəticələr əldə etdiyini ortaya qoyur.
Mövzu aşağıdakı səbəblərdən əhəmiyyətlidir:
- Azərbaycanda azad medianın perspektivi istiqamətində düşünərkən hazırki vəziyyətin, buna bağlı səbəb və nəticənin yaxşı öyrənilməsi vacibdir;
- Avtoritarizmin dərinləşməsi ilə medianın boğulması arasındakı sinxron əlaqəni aşkar etmək - azad medianın reanimasiya edilməsi üçün hansı avtoritar alətlərə qarşı mübarizə aparılmalı olduğunu ortaya qoyur.
Məqalə hakimiyyətin qanunları tədricən sərtləşdirməsi ilə yanaşı bəzi jurnalistlərə dövlət tərəfindən ev və KİV-lərə maddi yardım etməklə, bəzən də kütləvi həbslərlə və KİV-ləri qapatmaqla “kökə və kötək” siyasəti yürütdüyünü, bununla psixoloji üstünlüyü əldə saxlamağa çalışdığını vurğulayır.
Tədqiqat konkret hadisələr fonunda, keyfiyyət yönümlü analitik yanaşmaya əsaslanaraq, normativ sənədlərə və beynəlxalq hesabatlara istinad, struktur-institusional analiz yolu ilə Azərbaycan hakimiyyətinin media üzərində nəzarət mexanizmlərini araşdırır.
Yazıda həmçinin media məlumatlarına, ekspert rəylərinə istinad edilir.
Açar sözlər: azad media, müstəqil media, repressiya, senzura, özünüsenzura, reklam bazarı, avtoritarizm
Məhdudiyyətlər: material üçün əsas məhdudiyyət 2005-ci ildən əvvəlki dövrə aid elektron mənbələrinin olmamasıdır.
Nəzəri çərçivə
Yazı avtoritarizmin təkamülü fonunda “Medianın ələ keçirilməsi” (Media Capture) nəzəri yanaşması çərçivəsində işlənəcək. “Medianın ələ keçirilməsi” ədəbiyyatda formalaşmış və geniş işlənən nəzəri yanaşmadır. Qısaca, “tənzimləyici ələ keçirmə” (regulatory capture) məntiqinin media sahəsinə tətbiqidir: dövlət orqanları, hakim siyasi elitalar və ya oliqarx qruplar mülkiyyət, reklam-tender axınları, hüquqi-normativ çərçivə, tənzimləyici qurumlar və redaksiya idarəetməsi üzərindən mediaya sistemli təsir quraraq kontent gündəliyini öz xeyirlərinə “ələ keçirirlər”. Bu, klassik senzura ilə məhdudlaşmır; kooptasiya, iqtisadi asılılıq və selektiv hüquqi təzyiq vasitəsilə özünüsenzuranı strukturlaşdırır (Anya Schiffrin, 2017).
Azərbaycanda mətbuatın hüquqi və institusional tənzimlənməsi: 1992–2021-ci illər arasında azadlıqdan nəzarətə keçid prosesi
1992-ci ildə qəbul edilmiş KİV haqqında qanun bir müddət Azərbaycanda mətbuatın fəaliyyətini tənzimləyən əsas qanun olub (E-qanun, Iyul, 1992) . 1999-cu ilə kimi qüvvədə olan bu qanun bir çox cəhətdən hakimiyyətin maraqlarına cavab vermədiyi üçün hökumət ayrı-ayrı vaxtlarda onun normalarını məhdudlaşdıran addımlara əl atıb. Müstəqil ekspertlər tərəfindən müsbət qiymətləndirilən həmin qanun hakimiyyət nümayəndələri tərəfindən illər boyu tənqidə məruz qalıb. Onlar bu qanun dəyişdirilməsi zərurətindən vaxtaşırı söz açıblar. Nəticədə 1999-cu ildə KİV haqqında yeni qanun qəbul olundu (İCT, dekabr, 1999 a). Bu iki qanun arasındakı fərq nədən ibarət idi? 1992-ci ildə, AXC hakimiyyəti zamanı qəbul olunmuş “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun ilə 1999-cu ildə qəbul edilən qanun əsasən mediaya təməl baxış kontekstində fərqlənirdilər. 1992-ci il qanunu postsovet məkanda nadir liberal nümunələrdən biri kimi mediaya dövlət müdaxiləsini minimuma endirir, vətəndaşlara və ictimai birliklərə sərbəst şəkildə qəzet, jurnal və informasiya agentliyi təsis etmək imkanı verirdi. Lakin 1999-cu ildə qəbul edilmiş yeni qanun “dövlət sirri”, “ekstremizm”, “milli və dini dəyərlərə zidd” kimi geniş və şərhə açıq anlayışları önə çəkərək medianın fəaliyyətinə məhdudiyyətlər gətirdi. Bundan başqa, KİV-in təsisi məsələsini çətinləşdirdi. Ədliyyə orqanlarında dövlət qeydiyyatı şərtini gətirərək hökumətə mətbuatın işinə müdaxilə və fəaliyyətini məhdudlaşdırmaq imkanı verdi. Əgər 1992-ci il qanununda mətbuata dövlətin müdaxiləsi prinsip olaraq məhdudlaşdırılmışdısa, qanunun yeni, 1999-cu il versiyası dövlətə həm də “dəstək və nəzarət” funksiyalarında legitimlik verdi. Bununla da yeni qanun köhnə qanunundan fərqli olaraq, mətbuatın azad fəaliyyətini təşkil etmək yerinə onu məhdudlaşdırmaq üçün hüquqi normativ bazaya çevrildi (İCT, dekabr, 1999 b).
Lakin bununla kifayətlənməyən hökumət müxtəlif kənar alətlər formalaşdıraraq bu qanunun azadlıq sərhdlərini daha da daraltdı. Bu əslində ictimai rəyi və medianı tədricən daha sərt qanuna tabe etdirmək üçün eksperiment rolunu oynayan addım idi. Belə alətlərdən birincisi sovet dövründən gələn və 1998-ci ilə qədər davam edən “rəsmi senzura” sayılırdı. Qeyd etmək lazımdır ki, “senzura” rəsmi termin kimi mövcud deyildi və onu həyata keçirən eyniadlı orqan da yox idi. Bu işi Nazirlər Kabineti yanında “Mətbuatda Dövlət Sirlərinə Nəzarət Baş İdarəsi” adlı orqan həyata keçiridi. Bir illik AXC hakimiyyəti dövründə faktiki işləməyən, yalnız hərbi vəziyyətlə bağlı qısa müddətə tətbiq edilən senzura Heydər Əliyev hakimiyyətə gələr-gəlməz yenidən fəaliyyətə başladı (Refworld, 1998). Ölkənin müharibə şəraitində olması əsas gətirilərək hakimiyyətin maraqlarına zidd olan tənqidi materiallar heç bir izahat verilmədən senzuraya məruz qalırdı. Belə yazılar onlarla qəzetdə yüzlərlə idi (CPJ, 1998). KİV haqqında qanun zahirən jurnalistlərə peşə fəaliyyəti azadlığı verirdi, günün sonunda isə senzor bu fəaliyyətin nəticəsində ortaya çıxan materialları kəsib doğrayırdı. Belə hal uzun-uzadı müzakirələrə səbəb olsa da 1998-ci ilə kimi davam etdi. Həmin il Heydər Əliyev “Mətbuatda Dövlət Sirlərinə Nəzarət Baş İdarəsi” adlı qurumu, yəni senzuranı ləğv etdi (Aliyev-heritage, 2010). Əvəzində başqa bir qanunla mətbuatın üzərinə gəldi. Bu, “Dövlət sirri haqqında” qanun idi (E-qanun, Noyabr, 1996). Bu qanun 1996-cı ildə qəbul olunmuşdu, amma yalnız senzuranın ləğvindən sonra mətbuat üzərində yeni demokl qılıncına çevrildi. Əslində ləğv olunan idarə ilə sözügedən qanunun adlarındakı oxşar sözləri seçsək, “Dövlət sirri” adlı mahiyyətin dəyişmədiyini görərik. Dövlət sirri haqqında qanun bu “sirr”in qorunması, ötürülməsi və yayılması ilə bağlı elə mücərrəd və mürəkkəb vəziyyət yaratmışdı ki, hakimiyyətin hədəfində olan istənilən informasiya vasitəsini, ya da jurnalisti onun vasitəsiylə zərərsizləşdirmək mümkün idi. Avropa Şurasına üzv olmağa hazırlaşan və buna görə də 1997-2001-ci illərdə insan haqları, məhkəmə və media sahəsində islahatlara dair öhdəlik götürən Azərbaycan hökuməti həm də bu çərçivədə “senzura”nı ləğv etdi (PACE, 2000). Fəqət bu, formal addım idi: senzuranın yerini “Dövlət sirri haqqında” qanun tuturdu. Bu dəfə təbii ki, materiallar qəzetlərdən kəsilib götürülmürdü, amma məsuliyyətə cəlb olunmaq təhlükəsi jurnalisti və ya KİV-i özünüsenzuraya məcbur edirdi.
Azərbaycan 2001-ci ilin yanvarın 25-də Avropa Şurasının tam hüquqlu üzvü oldu (COE 2001). Bundan sonra media üzərindəki normativ təzyiqlər qismən yumşalmağa başladı. Bununla belə, müstəqil mətbuat orqanları rəhbərlərinin yaratdığı qeyri-rəsmi qurum olan, amma faktiki nüfuza malik Redaktorlar Birliyi hakimiyyəti narahat edirdi. Bu təşkilat ekstremal vəziyyətlərdə toplaşıb medianın vəziyyətini müzakirə edir, hökumət qarşısında məsələlər qaldırır, etiraz aksiyaları təşkil edirdi (Azadlıq radiosu, 2007). Hakimiyyətyönümlü və rəsmi medianın rəhbərlərinin daxil olmadığı Redaktorlar Birliyi müxtəlif fasilələrlə 2008-ci ilə kimi fəaliyyətini davam etdirdi. Hakimiyyət isə öz növbəsində 2003-cü ilin başlanğıcından “Mətbuat Şurası” ideyasını ortaya atdı. Bu qurumun nə edəcəyi, medianın işini necə yüngülləşdirəcəyinə dair müzakirələr başladı. 2003-cü ilin martında Mətbuat Şurası qurultayını keçirərək təsis edildi (Fakt Yoxla, 2022). MŞ yaranar yaranmaz ilk işi jurnalistlərin peşə kodeksini hazırlamaq olduğunu elan etdi. Əslində qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası bundan sonra mətbuat üzərində jandarma çevrilməyə başladı. Ayrı-ayrı mübahisəli məsələlərdə KİV haqqında qanun deyil, MŞ-nın qərarları əsas götürülməyə başladı. MŞ media orqanlarnın fəaliyyətinin yaxşılaşması istiqamətində hər hansı addımları atmadan hakimiyyətin jurnalistikaya qarşı repressiv siyasətini ya dəstəklədi, ya da susqunluqla qarşıladı. Bu da təbii ki, müstəqil media tərəfindən narazılıqla qarşılandı (Azadlıq radiosu, 2008). Hökumət MŞ-nı yaratmaqla həm Redaktorlar Birliyi kimi kompakt müstəqil qurumu özünün say çoxluğu içərisində neytrallaşdırdı, həm də MŞ vasitəsiylə daha praktik metodlarla media üzərində nəzarətini möhkəmləndirdi. Lakin bir müddət sonra Mətbuat Şurası yeni dövrün elektron mediası ilə mübarizədə artıq aciz görünürdü. Bunun bir səbəbi MŞ-nın bir ictimai təsisat kimi nüfuzunun olmaması idisə, başqa səbəbi də hakimiyyətin artıq spekulyasiyalara yer qoymadan medianı qanunların məngənəsində boğmaq istəməsi idi.
2020-ci ildə 44 gün davam edən müharibə dövründə hakimiyyətin müvafiq orqanları faktiki senzura tətbiq edilməklə standartları bir qədər də sərtləşdirməyin mümkünlüyünü təcrübə etmiş oldular. Bununla da 2021-ci ildə yeni “Media Haqqında qanun” layihəsi ortaya çıxdı. Bu qanun ətrafında ictimai müzakirələr başladı. Hökumət isə media haqqında qanunun əsaslandırmasında yazmışdı ki, 79 dəfə dəyişikliyə məruz qalmasına baxmayaraq KİV haqqında qanun yeni çağırışlara cavab vermir ( APA, 2021). Beynəlxalq təşkilatlar, xüsusilə AŞ Venesiya komissiyası bu qanuna mənfi rəy bildirilidi (Amerikanın səsi, 2022). Bundan başqa müstəqil jurnalistlər (indi əksəriyyəti ya həbsdə, ya mühacirətdədir) parlament binası önündə bu qanuna etiraz etdilər (Meydan TV, 2021). Bütün təklif, tənqid və etirazlara baxmayaraq, hakimiyyət media üzərində növbəti mürtəce qələbəsini qazanaraq qanunu qəbul etdi.
Yeni qanun məhdudiyyətlər və tənqidlər gətirdi
Xüsusi diqqət: Yeni “ Media haqqında qanun”la daha əvvəlki KİV haqqında qanunu müxtəlif maddələrinə görə müqayisə edən ekspertlərin fikrincə, yeni qanunda sadəcə bir media orqanını bağlamaq üçün onlarla maddə var (Tərəf, 2021). Avropa Şurası Venesiya Komissiyası qanunun 26-cı maddəsinin üzərində xüsusilə dayandı. Komissiya əsasən aşağıdakıları qeyd edir:
- Qanunun 26-cı maddəsini – medianın yaradılması, xarici mülkiyyət və xarici maliyyələşməyə dair geniş məhdudiyyətləri ləğv etmək;
- Media Reyestrini ləğv etmək və ya reyestrə daxil olmaq üçün tələb olunan həddindən çox şərtləri aradan qaldırmaq;
- Akkreditasiya ilə bağlı şərtləri ləğv etmək;
- Qanundakı məzmun məhdudiyyətlərini Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin presedentlərinə uyğunlaşdırmaq;
- Jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək;
- Platforma yayımçılarının, tələblə xidmət təminatçılarının və platforma operatorlarının lisenziyalaşdırma rejiminə tabe olmadığını, yalnız qeydiyyatdan keçmələrinin kifayət etdiyini müəyyənləşdirmək;
- Çap və onlayn media məhsullarının nəşri və yayımı üçün müraciət tələbinin sadəcə məlumatlandırma xarakterli olmasını dəqiqləşdirmək (Caucasuswatch, 2022).
Göründüyü kimi, Venesiya Komissiyasının da diqqətini iki mühüm istiqamət - media sahibkarlığı, onun formalaşması və fəaliyyət azadlığı məsələləri cəlb edib. Biz bu qanunda media üzəində institusional və normativ hakimiyyətin artıq tamamən bərqərar olduğunu görürük. Hökumət qanunu elə formalaşdırıb ki, onun istəmədiyi şəxs peşəkar media fəaliyyəti ilə məşğul ola bilməyəcək və hakimiyyət istədiyi an onu məhdudlaşdıracaq. Qanun layihəsində “Azadlıq” sözünün cəmi 1, “icra hakimiyyəti” sözünün isə 89 dəfə istifadə olunması da simvolik hal kimi diqqətçəkəndir. Bu açar sözlər yeni qanunun media üzərində icra hakimiyyətinin qələbəsi olduğunu göstərir.
Beləliklə, məlum oldu ki, hakimiyyət media üzərində nəzarəti, başqa sözlə medianın özünü tam ələ keçirmək üçün hüquqi və institusional yollara əl atır. Bu məqsədlə qanunları dəyişdirir və ya yeni qanunlar yaradır. Hakimiyyətin bu siyasəti “ Medianın ələ keçirilməsi” nəzəriyyəsi ilə tam üst-üstə düşür. Media ələ keçirilməsi o zaman baş verir ki, hökumətlər və ya siyasi maraqlara malik şəbəkələr media orqanlarının gündəliyinə və məzmununa təsir etmək üçün birbaşa və ya dolayı vasitələrlə nəzarət qururlar (Anya Schiffrin, 2021). Təqdim olunan xronikaya diqqət yetirəndə iki mühüm istiqamət diqqəti cəlb edir.
Hakimiyyət qanunvericilik vasitəsiylə medianın imkanlarını azaltmağı strateji planda həyata keçirir, hər dəfə daha bir addım müəyyənləşdirir və müstəvini tədricən bir mərhələyə kimi daraldır. Çünki həm daxili vəziyyət, həm də ölkənin daxil olduğu bir sıra beynəlxalq qurumlarla iş və ya hökumətin bu qurumlara müqavimət imkanı hakimiyyətin arzuladığı səviyyədə olmur. Lakin əlverişli mühit yaranan kimi, hakimiyyət növbəti dəfə vintləri sıxır.
Hökumət qanunvericiliklə paralel müxtəlif institusional təzyiq alətlərini də inkişaf elətdirir. Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi kimi qurumlar əslində qəbul edilən qanunlara müvafiq olaraq, daha kəskin kriteriyalarla medianı boğmağa hesablanmış təşkilatlardır. Əlbəttə, bütün qanunvericilik və struktur mexanizmləri nəhayətdə kontent üzərində nəzarəti bərpa etmək üçündür.
Repressiya və kooptasiya ikiləşməsi: Azərbaycanda jurnalist həbsinin və şirnikləndirmə mexanizmlərinin avtoritar nəzarət aləti kimi formalaşması
Təhdidlər - zorakılıq, işgəncə, hədə-qorxu: Rəqabətli avtoritar sistemlərin hakim olduğu rejimlərdə müstəqil media daima təzyiq altında fəaliyyət göstərməli olur. Tam avtoritar rejimlərdə isə media tamamilə dövlətə məxsusdur, ciddi senzura altındadır, ya da sistematik repressiyaya məruz qalır. Əsas televiziya və radio stansiyaları hökumət (və ya onun yaxın müttəfiqləri) tərəfindən idarə olunur, böyük müstəqil qəzetlər və jurnallar qanunla qadağan edilə bilər… Hökumətin qəzəbinə düçar olan jurnalistlər həbs, deportasiya və hətta qətl riski ilə üz‑üzə qala bilərlər (Levitsky & Way 2010).
Müstəqilliyin ilk illərində Azərbaycanda mətbuata qarşı intensiv fiziki zorakılıqlar qeydə alınmasa da AXC hakimiyyəti dövründə tanınmış jurnalist Zərdüşt Əlizadənin ölkənin daxili işlər naziri tərəfindən döyülməsi çox qabarıq fakt kimi yadda qalıb ( CPJ, 1998). Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra zorakılıq məqsədyönlü siyasətə çevrilməyə başlayır. Bunlardan ən diqqət çəkən “Exo-Zerkalo” qəzetinin müxbiri Kamal Əlinin döyülməsidir. Milli Məclisin binası önündə müsahibə alan Kamal Əli mühafizəçinin hücumuna məruz qalır və buna səbəb, mühafizəçinin dediyinə görə, müsahibənin uzun çəkməsidir (Refworld, 1998). Başqa bir spesifik təzyiq metodu isə jurnalsitlərin ölkə ərazisində sərbəst hərəkətinin məhdudlaşdırılmasıdır. Bu cür hadisələrə nümunə “Azadlıq” qəzetinin müxbiri Elçin Səlcuq Naxçıvana gedərkən hava limanında saxlanılması və Naxçıvana buraxılmamasıdır (CPJ, 1998).
Senzuranın ləğvindən sonra fiziki zorakılığın xüsusilə artması müşahidə edilir. Siyasi konyunkturaya uyğun olmayan və ya dərc edilməsi arzuolunmaz sayılan yazıların qarşısını almaq üçün həmin yazıların müəllifləri hədəfə alınır. Məqsəd qorxu mühiti yaratmaq, özünüsenzuraya nail olmaqdır. Məsələn, “Azadlıq” qəzetində Heydər Əliyevi satirik janrda tənqid edən Zamin Hacı axşam vaxtı işdən evə gedərəkən qaranlıq küçədə naməlum adamların hücumuna məruz qalmış və başından küt alətlə zərbələr almışdı (COE, 2001). Bundan sonra Zamin Hacı brifinq keçirərək daha Heydər Əliyevdən yazmayacağını açıqladı. Bu hadisədən sonra Heydər Əliyevin açıq tənqidi azaldı.
Elmar Hüseynovun qətli. Hakimiyyətin sərt tənqidçisi, rusdilli “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında evinin girişində güllələnərək qətlə yetirildi (OSCE, 2005). Onun öldürülməsi hakim ailədən yazan jurnalistlərə mesaj kimi şərh edilirdi. Elmar Hüseynovun yazılarının hədəfində hakim ailə, onların fəaliyyətindəki korrupsiya faktları var idi. Üstəlik, sərt üslubu ilə seçilən Hüseynov başqalarını da cəsarətləndirirdi.
Bahəddin Həziyev işi. Müstəqil “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev 2006-cı ilin mayında, Elmar Hüseynovun qətlindən cəmi 14 ay sonra gecə yarısı öz avtomobili ilə işdən evə gedərkən naməlum şəxslər tərəfindən saxlanılmış, şəhər kənarına aparılaraq ölümcül hala salınmışdı. Qəsdçilər onun üzərindən avtomobillə bir neçə dəfə keçmişdilər (Azadlıq radiosu, 2006). Onun hakimiyyətin korrupsioner fəaliyyəti ilə bağlı yazıları, xüsusilə qara kürü ixracında baş verənlər barədə yazdıqlarının qurbanı olduğu deyilirdi. Təsadüfən sağ qalan Bahəddin Həziyev uzun sürən müalicədən sonra qismən sağaldı və fəaliyyətə başlayandan sonra hakimiyyətə qarşı loyallığı ilə diqqəti cəlb etməyə başladı. 2025-ci ildə Azərbaycanda mətbuatın 150 illiyi münasibətiylə prezident İlham Əliyevin mükafatlandırdığı şəxslər arasında Bahəddin Həziyev də vardı (Bizim Yol, 2025).
Senzuranın rəsmi ləğvindən sonra onun faktiki həyata keçirilmək üçün hakimiyyətin düşündüyü metodlar təbii ki, təkcə yeni qanunlar qəbul etmək, ya da qanunları dəyişdirmək deyildi. Göstərdiyimiz faktlar hakimiyyətin bu məqsədlə fiziki zorakılığı, qətl və işgəncələri bir alətə çevirdiyini deməyə əsas verir. Hakimiyyət bu yolla jurnalistə mesaj verir ki, əgər qanunlar onu cəzalandırarsa, gecənin qaranlığında qarşısına çıxan naməlum şəxslər, onu öldürə, şikəst edə bilər. Buna görə də o, hakimiyyətdən və onun üçün həssas olan mövzulardan yazarkən başına gələ biləcəkləri nəzərə almalıdır. Nəzərə almasa, rejimin növbəti qurbanı ola bilər. Zamin Hacı, Elmar Hüseynov və Bahədddin Həziyevlə bağlı hadisələrin hər birindən sonra mediada yaranmış vəziyyət, xüsusilə Bahəddin Həziyevin hakimiyyətə loyallaşması və hakimiyyətin bunu ən yüksək səviyyədə mükafatlandırması göstərir ki, hakimiyyətin planı işləyir. Başqa tərəfdən isə bu cür hadisələr günlük təsirə malik deyil, zaman keçdikcə, müzakirə olunduqca, yeni təsir çevrələri formalaşdırır. Bu siyasət, beləcə, gələcəyi hədəfləyən permanentlik effekti qazanır. 2005-ci ilə qədər qısa müddətli həbslər, cərimələr, qorxutmaq məqsədli fiziki xəsarətlər mediaya təzyiq sayılırdısa, 2005 və sonrasında artıq uzunmüddətli həbslər və üstü açılmayan ölümlər, ölümə qəsd hadisələri media azadlığı üzərində psixoloji təsirə çevrildi. Bir sözlə, hökumət daha konkret nəticələr üçün sərt metodlardan çəkinmədi, əslində bu metodları sistemləşdirməyə qərar verdi.
İqtisadi təzyiqlər: reklam bazarının bağlanması. 1990-cı illərin ikinci yarısından etibarən ölkədə ən çox müzakirə olunan məsələlərdən biri də mətbuatda reklam məsələsi idi. Redaktorlar dəfələrlə bu məsələni müzakirəyə çıxarsalar da problemin qaynağı hakimiyyətdə olduğu üçün həllini tapmadı. Əksinə, zaman keçdikcə mediaya qarşı aşkar təzyiq alətinə çevrildi (İREX, 2018). Müstəqil maliyyələşmənin əsaslarından biri də, təbii ki, reklam ala bilmək imkanıdır. Lakin, müstəqil və ya nisbətən müstəqil hüquqi fiziki şəxslər, biznes adamları tənqidi mediaya reklam verməkdən çəkinirdi. Hakimiyyət belə hərəkətləri tənqidçilərini dolayı yolla maliyyələşdirmək kimi qəbul edir və buna sərt reaksiyalar verirdi. Nəticədə müstəqil mətbuatın reklamdan maliyyələşməsi mümkün olmurdu. Bununla da reklamdan qazanmaq istəyən bəzi mətbuat orqanları həyatda qalmaq üçün loyal olmaq məcburiyyəti hiss edirdilər.
İqtisadi təzyiqin ikinci mühüm metodu qəzet satışı ilə məşğul olan əksər firmaların hakimiyyətin nəzarətində olması idi. Bunlardan “Azərmətbuat yayımı” dövlət orqanı kimi , “Qasid” isə hakimiyyətyönlü fəaliyyət göstərirdi. Müstəqil “Qaya” firmasının köşkləri şəhərdən yığışdırılır, səyyar qəzet satışı məhdudlaşdırılırdı (Amerikanın səsi, 2006). Məqsəd redaksiyalara maliyyə resurslarının ya çatmaması, ya gec çatması, ya da hakimiyyətin istədiyi miqdarda və vaxtda çatması idi. Məsələn, müxalif “Azadlıq” qəzeti bağlanarkən hakimiyyətə yaxın “Qasid” firması qəzet satışından gələn 70 min Azərbaycan manatı məbləğində vəsaiti redaksiyaya ödəməkdən imtina etmişdi (İndexoncensorship, 2016). Bu reklamdan gəlir əldə etmək imkanı olmayan KİV üçün ciddi məbləğdir.
Həbslər, cərimələr: Hakimiyyətin müstəqil media üzərində təzyiq mexanizmləri içində ən uzun ömürlülərindən biri junalistlərin həbsidir. Azərbaycanda jurnalist həbsləri Heydər Əliyev hakimiyyətə gələndən bəri mediaya permanent təzyiq kimi istifadə olunur.
1995-ci ilin iyun ayında satirik “Çeşmə” qəzeti ilk hədəfə gələnlərdən oldu. Qəzetin baş redaktoru Ayaz Əhmədov və digər əməkdaşları, o cümlədən “Cümhuriyyət” qəzetinin əməkdaşı Yadigar Məmmədli prezidentin şərəf və ləyaqətini alçaltmaq maddəsi ilə həbs edildilər. Həbsin gerçək səbəbi isə qəzetdə Heydər Əliyevlə bağlı karikaturanın dərci idi (Amnesty İnternational, 1995). Bundan sonra müxtəlif vaxtlarda “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinin baş redaktorları, yazarları uzunmüddətli həbs edildilər.
Mətbuata açıq olmayan dövlət orqanları haqqında məlumatlar adətən onların rəyi öyrənilmədən dərc edildiyi üçün bu orqanlar rahatlıqla və siyasi sifarişlə qəzetləri məhkəməyə verir, onlardan bu qəzetlər üçün böyük məbləğ sayılacaq qədər təzminatlar tələb edirdilər. Məsələn, “Azadlıq” qəzeti belə bir məhkəmə hökmü nəticəsində yaranan borcunu ödəyə bilmədiyi üçün bağlanmaq məcburiyyətində qaldı (Modern, 2012). “Yeni Müsavat” qəzetinin baş redaktoru isə İlham Əliyev tərəfindən təltif olunacaq qədər “islah” oldu (Musavat, 2024).
Şirnikləndirici metodlar; jurnalistlərə mənzil, KİV-lərə pul və fərdi stimullar
Hakimiyyət bir tərəfdən jurnalistləri həbs edir, redaksiyaları cərimələyir və bağlayır, digər tərəfdən isə beynəlxalq peşə etikasına açıq şəkildə uyğun olmayan yollarla redaksiyaları, jurnalistləri ələ alır, onlara rüşvət sayılacaq rəsmi dəstək verir. Bu dəstəyi verərkən də, təbii ki, öz şərtlərini irəli sürür. Prezident Administrasiyası yanında bu məqsədlə yaranmış Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu isə açıq-aşkar bazarlıq edirdi. Jurnalistlərə mənzil verilməsi loyallığın əsas təltifi sayılırdı. Hətta mənzillər veriləndən sonra jurnalistlərdən kommunal ödənişləri də bu təşkilatın topladığı bəlli oldu (Ayna, 2019). Redaksiyalara isə müxtəlif layihələr adı altında aylıq maliyyə dəstəyi verilirdi. Bu dəstəyi alıb hakimiyyətin tənqidinə davam edən resursların maliyyəsi isə çox çəkmədən dayandırıldı. Bununla kifayətlənməyən KİVDF siyasi hakimiyyəti təbliğ edən mövzularda yazı müsabiqələri təşkil edir, qaliblərə yüksək qonarar vəd edirdi. Beləcə, mətbuat orqanlarında rəqabətə davam gətirməyən fərdi “təşəbbüslərə” meydan verilmiş olurdu. Bu cür yazılarda adətən Heydər Əliyevin “irsi” araşdırılır, İlham Əliyevin siyasəti ilə əlaqələndirilirdi (Yeni Azərbaycan, 2020).
Kontent üzərində nəzarət kimi avtoritar strategiya
Avtoritar sistemin özünü təkmilləşdirdiyi zaman ərzində Azərbaycan mediasını keçdiyi yola nəzər salanda faktologiya ortaya mühüm bir ana xətt çıxarır. Sistemin mübarizəsi qəzetlərin olub, olmaması, saytların işləyib işləməməsi deyil. Hökumət bütün cəhdlərini - birbaşa və dolayı yollarla - media kontenti üzərində nəzarəti ələ keçirmək istiqamətində göstərir. Mətbuat orqanını tamamilə zərərsizləşdirə bilmədikdə, ayrı-ayrı şəxsləri hədəfə alır, şirnikləndirir, qorxudur və s. Bütün bunlar kontentə hakim olmaq üçündür: ilk mərhələdə tənqidin yumşalmasına nail olmaq, sonra isə onu tamamilə sıradan çıxarmaq, hakimyyətə rəğbət məzmunlu yazıların, mövzuların işlənməsinə nail olmaq.
Bəs bu, niyə bu qədər əhəmyyətlidir? İfadə azadlığının siyasi məzmunu onun mahiyyətindəki diskussiyadadır, yəni maneəsiz, qarşılıqlı ifadə olunmaqda. Özünü təkmilləşdirən avtoritar sistem üçün isə bu, olduqca ciddi təhlükədir. Azad diskussiya fikir rəqabəti, informasiya dövriyyəsi, yəni siyasi rəqabətin əsası deməkdir. Bu isə avtoritar idarəetmənin mövcudluq qaydaları ilə tərs mütənasibdir. Azad media kontentinə qarşı savaş avtoritarizmin ölüm-qalım savaşıdır. Bu savaşın 2023-cü ilə qədərki ən kəskin xarakter alan dövrünü, bütövlükdə həbslər və iqtisadi təzyiqlər dövrünü (2014-2016) Azərbaycan ənənəvi mediasının çöküş dövrü saymaq olar. “Azadlıq” qəzetinin bağlanması, “Azadlıq Radiosu”nun Bakı redaksiyasının bağlanması, jurnalistlər Xədicə İsmayıl, Seymur Həzinin həbsi, jurnalistlərin kütləvi mühacirəti, “Yeni Müsavat” qəzetinin faktiki hakimyyət düşərgəsinə keçməsi ilə bu proses başa çatdı. Bununla da hakimiyyət bir dövr üçün azad media ilə işini bitmiş hesab etdi. Hökumət bəzi xırda istisnalarla daxildə media kontentinə nəzarəti ələ keçirdi.
Rəqəmsal məkanda avtoritar nəzarətin böhranı: Azərbaycanda yeni nəsil müstəqil medianın yüksəlişi və repressiyası (2015–2024)
Azərbaycan hakimiyyətinin ənənəvi medianı tam sıradan çıxardığı ərəfədə kontentlərini yalnız internet resurslarında, sosial şəbəkəkələrdə yayımlayan “Meydan TV” fəaliyyət göstərməyə başladı, bir neçə il sonra “Abzas Media” və “Toplum TV” də bu sırada ciddi nailiyyətlərə imza atdılar. Peşəkar jurnalist komandaları Youtube, Faacebok və digər sosial şəbəkələr üzərindən yayımlanan kontentlərlə yenidən meida və siyasət səhnəsində canlanma yaratdılar. Hər üç media orqanı bütün mövzuları əhatə etməyə çalışsalar da, onların fəaliyyətindəki müəyyən spesifika özünü göstərirdi. “Meydan TV” sosial məzmuna daha çox üstünlük verir və bu istiqamətdə populyarlıq qazanırdı. “Abzas Media” korrupsiya araşdırmaları ilə diqqəti çəkirdi və hökumətin hədəfinə də məhz bu fəaliyyətinə görə gəldi. “Toplum TV” səhər və axşam canlı yayınları, analitik buraxılışları və debatları ilə siyasi susqunluğu pozurdu. Hakimiyyət təmsilçiləri ilə müstəqil və müxalif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları arasında olan debatlar bütün ölkə boyu müzakirələrə səbəb olur, fəallığı artırırdı. Bu isə hakimiyyətin avtoritar mahiyyəti üçün yenidən əlavə suallar yaratmağa başladı. Klassik media kimi fəaliyyətdən daha çox platforma yayımları edən bu quruluşlar “kontent məsələsi”ni təkrar gündəmə gətirdi. Hakimiyyətin cəmiyyəti susdurmaq və kontentə tam nəzarət etmək planı açıq şəkildə pozuldu, avtoritarizmin dərinləşməsi və ömrünün uzadılması kontekstində media üzərində yaratdığı nəzarət mexanizmləri işə yaramadı. Media haqqında qanun və Medianın İnkişafı Agentliyi kimi hüquqi inzibati çərçivələr bu media orqanlarını boğa bilmədi. Hakimiyyət yeni vəziyyətlə üz-üzə idi. Buna görə də tək çarə kimi hüquq mühafizə orqanlarına istinad etmək qalırdı. Bu məqsədlə hakimiyyət 2023-cü ilin Noyabrında “AbzasMedia”ya qarşı həbslərə başladı (Pravda, 2023). İlk növbədə media orqanının direktoru Ülvi Həsənli, sonra baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əməkdaşlar Elnarə Qasımova və Nərgiz Absalamova həbs edildilər. Bunun ardınca 2024-cü ilin martında “Toplum TV”-yə qarşı əməliyyat başladı və redaksiyaya polis basqını baş verdi. Redaksiyada axtarış keçirildi, orada olan bütün əməkdaşlar Bakı Şəhər Baş Polis İdarəsinə aparıldı, redaksiya möhürləndi (Abzas, 2024). Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, Əli Zeynalov, Müşfiq Cabbarov, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov həbs olundular. Növbəti həbs dalğası ilə isə “Meydan tv” nin əməkdaşları 2024-cü ilin sonunda qarşılaşdı. Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko (Cəbrayılzadə), Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Fatimə Mövlamlı, Ülvi Tahirov, Əhməd Muxtar həbs edildilər. Bu material hazırlanan zaman “Abzas Media” kollektivi qondarma məhkəmədə 7, 9, 10 il kimi ağır həbs cəzası ilə cəzaçəkmə müəssələrinə göndərilib, “Toplum TV” işi üzrə ilkin instansiya məhkəməsi davam edir, “Meydan TV” işi üzrə istintaq hələ də yekunlaşmamış qalıb.
Zəruri haşiyə: Həm “Abzas Media”, həm də “Meydan TV” işində maraqlı həbslər var. Məsələn, “Amerikanın səsi” üçün müstəqil işləyən Ülviyyə Əli və “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa “Meydan işi” üzrə, “Azadlıq Radiosu”nun müstəqil eksperti Fərid Mehralızadə isə “Abzas media” işi üzrə həbs edilib. Hər üç həbsin səbəbi adı çəkilən şəxsləri müstəqil kontent yaratmaları olub. Onlar fərdi qaydada fərqləndikləri üçün hökumətin istintaq siyasəti onları sadəcə, ayrı-ayrı “iş”lərə bağlayıb. Bu, bir daha sübut edir ki, mövcud rejim üçün ən önəmli faktor müstəqil kontent məsələsidir və bütün bu həbslər və nəzarət alətləri də buna görədir.
Nəticə
Istər təqdim olunan faktologiyadan, istərsə də analitik nəticədən görünür ki, Azərbaycanda özünü təkmilləşdirmə yolu keçən siyasi avtoritarizm əsasən media kontentinə nəzarət etməyi hədəfləyir. Bunun üçün bir neçə üsulu hibrid metodlarla tətbiq edir. Məsələn, eyni vaxtda bir redaksiyaya mükafat verir, digərini cərmələyir. Bir jurnalisti hökuməti təbliğ edən müsabiqədə qalib edir, başqasını həbs edir, yaxud işgəncəyə məruz qoyur. Reklam bazarını bağlayır, satışdən əldə olunan maliyyənin redaksiyaya çatmasına mane olur, başqa tərəfdən maliyyə müsabiqələrinin təşkili üşün KİVDF yaradır. İkinci mühüm qənaət ondan ibarətdir ki, hökumət bu prosesə hadisələrə görə individual, ya da zaman kontekstində vaxtaşırı iş kimi baxmır. Əksinə media üzərində nəzarət işi özünü təkmilləşdirən sistemli, məqsədli və gündəlik orqanik prosesdir. Həbslər, işgəncələr və təhdidlərlə yanaşı şirnikləşdirici metodlardan istifadənin paralel və permanent xarakteri buna əyani sübutdur. Bunun paralelində müxtəlif dövrlərdə yeni qanunlar və ya hüquqi alətlər formalaşdırmaqla da normativ mexanizmlərini daimi yeniləməyə və medianı bu vasitə ilə sıxmağa davam edib. Yəni Azərbaycan hakimiyyəti media üzərində tam nəzarəti ələ almaq üçün tipik avtoritar yol izləyib.
Tövsiyələr
Hazırki vəziyyəti və buna qədərki prosesi gözdən keçirərkən azad medianın reanimasiyası üçün yerli və beynəlxalq ictimaiyyət tərəfindən bir sıra addımların atılmasının vacib olduğunu deyə bilərik:
- Çox az imkanlarla da olsa davam edən media orqanları dəstəklənməlidir;
- Hakimiyyətin bütün pəncərələri qapatmasına imkan verilməməli, yeni təşəbbüslər üçün cəhdlər göstərilməli və ya belə cəhdlər dəstəklənməlidir;
- Beynəlxalq təşkilatlar və insan hüquqlarının vacibliyinə inanan hökumətlər bu məsələni diqqətdə saxlamalıdırlar. Əks halda qapanmaqda olan makro çevrə tamam qapana bilər;
- Ölkə xaricində Azərbaycanda hazırlanmış müxtəlif istiqamətlər üzrə mövzuları işıqlandıran platformalar formalaşdırılmalıdır və bununla da aparılan repressiyaların məqsədinə çatmadığını anladılmalıdır;
- Dezinformasiya istehsalçıları xaricində müstəqil xəbər və kontent istehsalçıları arasında həmrəyliyə nail olunmalıdır - bu mənəvi və siyasi baxımdan böyük əhəmiyyətə malikdir.
Son olaraq bu material belə qənaətə gəlir ki, Azərbaycanda media üzərində nəzarətin həyata keçirlməsi prosesi eynilə məhkəmə-hüquq, iqtisadiyyat və bazar üzərində nəzarətin həyata keçirilməsi ilə düz mütənasibdir. Buna görə də problemin həlli üçün yeni araşdırmalar və yanaşmalar kompleks xarakter daşımalı, bu sahələr birlikdə araşdırılmaldır. İfadə azadlığı, azad bazar və müstəqil məhkəmə məsələləri kompleks şəkildə qoyulmalıdır. Çünki bu elementlərdən istənilən birinin olmaması digər ikisinin mövcudluğu üçün risklər yaradır.
İstinadlar:
RSF, 2025 Flood them with fans
https://rsf.org/en/flood-them-fans-rsf-launches-solidarity-campaign-together-exiled-azerbaijani-organizations
Toplum tv, 2025 Azərbaycan jurnalist həbsinə görə ilk 5 ölkə arasındadır – İFJ
Anya Schiffrin, 2017. Media Capture and theThreat to Democracy. https://www.cima.ned.org/wp-content/uploads/2017/08/CIMA_MediaCaptureBook_F1.pdf
E-qanun, İyul, 1992 “ KİV Haqqında Azərbaycan respublikasının qanunu”
https://e-qanun.az/framework/7512
İCT, Dekabr 1999 a. KİV Haqqında Azərbaycan respublikasının qanunu
İCT, Dekabr, 1999 b KİV Haqqında Azərbaycan respublikasının qanunu
Refworld, 1998 Mixed Signals: Press freedom in Armenia and Azerbaijan https://www.refworld.org/reference/countryrep/cpj/1998/en/56344
CPJ, 1998 Censorship While You Wait: An Azerbaijani Newspaper Struggles to Stay Alive
https://cpj.org/reports/1998/03/caucasus-page7-15/?utm_
Aliyev-heritage, 2010 Heydar Aliyev Heritage Research Center Publications
https://aliyev-heritage.org/en/78817400.html
E-qanun, Noyabr, 1996 “Dövlət Sirri Haqqında Azərbaycan Respublikasının qanunu”
https://e-qanun.az/framework/3731
PACE, 2000 Azerbaijan’s application for membership of the Council of Europe
https://pace.coe.int/en/files/16816/html
COE 2001 Azerbaijan // 46 States, one Europe
https://www.coe.int/en/web/portal/azerbaijan
Azadlıq radiosu, 2007 Redaktorlar piketi təxirə saldılar
https://www.azadliq.org/a/397178.html
Fakt Yoxla, 2022 Was the Press Council established in Azerbaijan for the first time in the CIS?
https://www.faktyoxla.info/en/media/was-the-press-council-established-in-azerbaijan-for-the-first-time-in-the-cis
Azadlıq Radiosu, 2008 Heç kim Mətbuat Şurasının fəaliyyətindən razı qala bilməz
https://www.azadliq.org/a/435591.html
APA, 2021 79 dəfə dəyişdirilən "KİV haqqında" qanun müasir çağırışlarla uzlaşmır
https://apa.az/media/79-defe-deyisdirilen-kiv-haqqinda-qanun-muasir-cagirislarla-uzlasmir-675064
Amerikanın səsi, 2022 Venesiya Komissiyası: “Media haqqında” qanunun bir sıra maddələri ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun deyil
https://www.amerikaninsesi.org/a/6624869.html
Meydan tv, 2021, Jurnalistlər Milli Məclisin qarşısında yeni media qanun layihəsinə etiraz edirlər
https://www.youtube.com/watch?v=Mn_-Nr7hiCo
Tərəf, 2021 Media eksperti iki qanunu müqayisə etdi: oxşarlıq yoxdur, təzad var
Caucasuswatch, 2022 Venice Commission criticizes new Media Law in Azerbaijan
Anya Schiffrin, 2021 Media Capture: How Money, Digital Platforms, and Governments Control the News. s. 3.
Levitsky & Way 2010 Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. s 5
CPJ, 1998 Censorship While You Wait: An Azerbaijani Newspaper Struggles to Stay Alive
https://cpj.org/reports/1998/03/caucasus-page7-15/
Refworld, 1998 Mixed Signals: Press freedom in Armenia and Azerbaijan
https://www.refworld.org/reference/countryrep/cpj/1998/en/56344
CPJ, 1998 Cut It Out: Notes from An Azerbaijani Censor
https://cpj.org/reports/1998/03/caucasus-page6/
COE, 2001 Freedom of expression and information in the media in Europe
https://assembly.coe.int/nw/xml/XRef/X2H-Xref-ViewHTML.asp?FileID=9222&lang=EN
OSCE, 2005 Murder of prominent Azerbaijani journalist appalls OSCE Office in Baku
https://www.osce.org/baku/57249
Azadlıq radiosu, 2006 Opposition Editor Beaten Up In Azerbaijan
https://www.rferl.org/a/1068514.html
Bizim Yol, 2025 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəxri diplomu laureatlara təqdim olunub
https://bizimyol.info/az/news/549046.html
İREX, 2018 Azerbaijan
www.irex.org/sites/default/files/pdf/media-sustainability-index-europe-eurasia-2018-azerbaijan.pdf?utm
Amerikanın səsi, 2006 “ Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda mətbuat azadlığında ciddi problemlər olduğunu bildirir”
https://www.amerikaninsesi.org/a/a-56-aze-beyurtas-88604957/702110.html?utm
İndexoncensorship, 2016 Azadliq: “We are working under the dual threat of government harassment and financial insecurity”
https://www.indexoncensorship.org/2016/06/azerbaijan-azadliq/
Amnesty İnternational, 1995 AZERBAIJAN: UP TO SIX YEARS' IMPRISONMENT FOR "INSULTING THE PRESIDENT
https://www.amnesty.org/es/wp-content/uploads/2021/06/eur550061995en.pdf
Modern, 2012 Tağı Əhmədov “Azadlıq” qəzetini 30 min manat cərimələtdirdi
https://modern.az/tehsil/25319/tai-ehmedov-azadliq-qezetini-30-min-manat-cerimeletdirdi/
Musavat, 2024 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif edib
https://musavat.com/mobile/news/prezident-ilham-eliyev-rauf-arifoglunu-teltif-edib-foto_1058069.html
Ayna, 2019 KİVDF böyük qalmaqal qoparıb: Bu, jurnalistləri Prezidentə qarşı qaldırmağa cəhddir
https://ayna.az/kivdf-boyuk-qalmaqal-qoparib-bu-jurnalistleri-prezidente-qarsi-qaldirmaga-cehddir
Yeni Azərbaycan, 2020 “Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
https://www.yeniazerbaycan.com/Sosial_e54260_az.html
Pravda, 2023 Ülvi Həsənli saxlanıldı
Abzas, 2024 “Toplum TV”-nin ofisi möhürləndi, əməkdaşları saxlanıldı
https://abzas.org/en/2024/3/toplum-tv-nin-ofisi-mohurlne7638ee5-d/