Avropa İttifaqı Gürcüstan hakimiyyətinə son xəbərdarlığını edib: əgər Tbilisi demokratiya sahəsindəki geriləmənin qarşısını almazsa, 2017-ci ildə tətbiq edilmiş vizasız rejim ləğv oluna bilər. Aİ-nin təyin etdiyi son müddət 2025-cü il avqustun 31-dir.
2017-ci ildə Gürcüstan vətəndaşları üçün Şengen zonasında vizasız gediş-gəliş hüququ əldə edildikdə, bu hadisə "Gürcü Arzusu" Partiyası tərəfindən strateji qələbə kimi təqdim olunmuşdu. (Chiara, 2019) Həmin dövrdə baş nazir Giorgi Kvrikaşvili bu qərarı “Avropa dəyərlərinə inteqrasiya üçün tarixi fürsət” adlandırmışdı. Prezident Giorgi Marqvelaşvili isə rəsmi nümayəndə heyəti ilə birlikdə Afinaya səfər edərək vizasız rejimi rəmzi şəkildə qeyd etmişdi.
Lakin bu gün həmin dəyərlərə inteqrasiyanın əvəzinə Gürcüstan sürətlə antidemokratik, Rusiya yönümlü bir trayektoriya üzrə hərəkət edir. “Xarici agent haqqında qanun”, anti-LGBT təşəbbüsləri, müxalifətin sistemli şəkildə sıxışdırılması və Qərb institutlarına qarşı ritorika ölkədə avtoritar meyllərin gücləndiyini göstərir. 2023-cü ilin sonlarında keçirilən və legitimliyi beynəlxalq müşahidəçilər tərəfindən sual altına alınan parlament seçkilərindən sonra “Gürcü Arzusu” hökuməti Avropa İttifaqı ilə üzvlük danışıqlarını dondurduğunu bəyan etdi. (KHAR Center, yanvar 2025a) Bu addıma cavab olaraq, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı, Aİ isə Gürcüstanın diplomatik pasport sahibləri üçün viza rejimini bərpa etdi . (KHAR Center, yanvar 2025 b)
“Müxalifətsiz Gürcüstan” istiqamətində siyasi kurs
“Gürcü Arzusu” Partiyası 2024-cü ildə parlamentdə 2003–2012-ci illər dövrünü araşdırmaq məqsədilə xüsusi komissiya – ictimaiyyət arasında “Tsulukiani Komissiyası” kimi tanınan qurum – yaratdı. (İmedi, fevral 2025) Daha sonra komissiyanın səlahiyyətləri genişləndirildi və 2012-ci ildən sonrakı dövr, yəni müxalifətin fəaliyyət mərhələsi də araşdırmalara daxil edildi.
Komissiyanın əsas hədəfi keçmiş iqtidarın təmsilçiləri və Qərbyönümlü müxalifət partiyalarını hədəfə almaqdır. Parlamentdəki 49 müxalifət deputatının mandatı ləğv olundu, əvəzində iqtidara yaxın şəxslərdən ibarət “sağlam müxalifət” yaradıldı. Parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze bəyan etdi ki, komissiyanın nəticələri əsasında Konstitusiya Məhkəməsinə müraciət ediləcək və Saakaşvilinin qurduğu Birləşmiş Milli Hərəkatın ləğvi, eləcə də onun törəmə təşkilatlarının fəaliyyətinə qadağa qoyulacaq. (Civil.ge, mart 2025)
May ayında “Xələf partiyalar haqqında” qanun layihəsi parlamentə təqdim olundu və yekdilliklə qəbul edildi. Yeni qanuna əsasən, əvvəllər qadağan olunmuş partiyaların ideoloji xəttini davam etdirən və ya onların kadrlarını özündə cəmləşdirən təşkilatlar da bağlanacaq. Bu yanaşma Gürcüstanda siyasi plüralizmin və Qərbyönümlü qüvvələrin tamamilə məhv edilməsinə yönəlmiş bir mexanizm kimi qiymətləndirilir.
İntiqam və cəza mexanizminə çevrilən komissiya
Komissiya təkcə keçmiş siyasətçiləri deyil, vətəndaş cəmiyyəti təmsilçilərini də ardıcıl olaraq istintaqa çağırır. Müxtəlif bəhanələrlə – 2008-ci il müharibəsi, mitinqlərdə iştirakı, xaricdən maliyyələşmə – müxalif səslər susdurulur. Son iki ayda tanınmış siyasətçilər Mamuka Xazaradze, Badri Japaridze, Nika Melia, Nika Qvaramiya və digərləri 7–8 aylıq həbs və 2–3 illik dövlət qulluğundan uzaqlaşdırılma cəzalarına məruz qalıblar. (Reuters, iyul 2025)
Avropa İttifaqından sərt xəbərdarlıq
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas Gürcüstanda demokratik geriləmənin dayandırılmadığı təqdirdə, viza rejiminin ləğv ediləcəyini, Tərəfdaşlıq Sazişinin dondurulacağını və fərdi sanksiyaların tətbiq oluna biləcəyini bəyan edib. Aİ Komissiyası Gürcüstan hökumətinə bu istiqamətdə konkret tövsiyələri ehtiva edən məktub göndərib və avqustun 31-dək vaxt verilib. (Civil.ge, iyul 2025)
Tbilisinin cavabı: “Viza yoxsa sülh?”
Baş nazir İrakli Kobaxidze Aİ-nin xəbərdarlığına cavab olaraq bildirib ki, Gürcüstan “sülh və sabitlik” prinsiplərindən güzəştə getməyəcək. O, viza rejiminin ləğvi məsələsini Qərbin ölkədə ikinci cəbhə açmaq istəyi kimi təqdim edir və bu ritorika ilə daxili auditoriyanı manipulyasiya edir.
Aİ daxilində fikir ayrılığı
Aİ daxilində Gürcüstana qarşı hansı tədbirlərin görülməsinə dair ortaq mövqe formalaşmayıb. Fransa, Hollandiya, Estoniya və Baltik ölkələri sanksiyaların sərtləşdirilməsini dəstəkləyir. Macarıstan və Slovakiya isə Tbilisini müdafiə edir. Viza rejiminin ləğvinə dair qərarın qəbul olunması üçün Aİ-də keyfiyyətli çoxluq prinsipi tətbiq edilir – yəni 27 ölkədən azı 15-i və ümumi əhalinin 65%-ni təmsil edən dövlətlər qərarın lehinə səs verməlidir. (EC, 2024).
Bununla belə, Aİ daxilində viza rejiminin ləğvinin Gürcüstan cəmiyyətinə mənfi təsiri ilə bağlı narahatlıqlar var. 2017-ci ildən sonra 1.150.000-dən çox Gürcüstan vətəndaşı Aİ ölkələrinə səfər edib, onların azı 300.000-i geri dönməyib. Rəsmi qeydiyyatla Avropada yaşayan gürcülərin sayı 120.000-dən çoxdur. Bu səbəbdən viza rejiminin bərpası sosial-miqrasiya baxımından ciddi nəticələrə gətirib çıxara bilər. (Jamestown Foundation, may 2025)
Mümkün ssenarilər
Hazırkı vəziyyətdə Aİ-nin reaksiyası və Gürcüstanın gələcək kursu ilə bağlı üç əsas ssenari ehtimal olunur:
- Sərt tədbirlər ssenarisi – Oktyabr seçkiləri saxtalaşdırılacağı təqdirdə, Aİ vizasız rejimi dayandırır, siyasi rəhbərliyə sanksiyalar tətbiq edir və tərəfdaşlıq sazişini dondurur.
- Gözləmə və yumşaq sanksiyalar ssenarisi – Seçkilər formal şəkildə azad və ədalətli keçirilir, lakin Aİ əsas addımlardan çəkinərək gözləmə mövqeyində qalır.
- Realpolitik ssenarisi – Avropa İttifaqı seçkilərdə total saxtakarlığa baxmayaraq, geosiyasi səbəblərlə Tbilisiyə qarşı sərt addım atmır və nəticədə Gürcüstanın avtoritarlaşması sürətlənir.
Hər üç ssenaridə həlledici mərhələ 2024-cü ilin oktyabrında keçiriləcək bələdiyyə seçkiləri olacaq. Bu seçkilər Gürcüstanın avtoritar gələcəyinin, Aİ-nin prinsipial mövqeyinin və bütövlükdə Cənubi Qafqazın geosiyasi xəritəsinin formalaşmasında kritik rol oynayacaq.
İSTİNADLAR
Loda, Chiara, 2019. “Georgia, the European Union, and the Visa-Free Travel Regime: Between European Identity and Strategic Pragmatism.” Nationalities Papers 47, no. 6 (2019): 1–18. https://www.cambridge.org/core/journals/nationalities-papers/article/georgia-the-european-union-and-the-visafree-travel-regime-between-european-identity-and-strategic-pragmatism/08C5D3BC79FD9585941A1081DD7D5CB3?utm
KHAR Center, yanvar 2025 a. Gürcü Kollapsı: Gürcüstanın Strateji İstiqaməti – Avrointeqrasiyadan Uzaqlaşma Səbəbləri. https://www.kharcenter.com/arasdirmalar/gurcu-kollapsi-gurcustanin-strateji-istiqameti-avrointeqrasiyadan-uzaqlasma-sebebleri
KHAR Center, yanvar 2025 b. Gürcü Kollapsı: Gürcüstanın Strateji İstiqaməti – Avrointeqrasiyadan Uzaqlaşma Səbəbləri. https://www.kharcenter.com/arasdirmalar/gurcu-kollapsi-gurcustanin-strateji-istiqameti-avrointeqrasiyadan-uzaqlasma-sebebleri
Imedi, fevral 2025. Georgian Parliament Approves Establishment of Temporary Investigative Commission to Investigate Activities of Former UNM Regime, Its Officials Between 2003 and 2012. https://info.imedi.ge/en/politics/4575
Civil.ge, mart 2025. GD to Ban Opposition Groups Under “Successor Parties” Law, Declare Them Unconstitutional. March 2025. https://civil.ge/archives/672248?utm
Reuters, iyun 2025. Georgia Jails Three Opposition Politicians, Including Bank Founder. https://www.reuters.com/business/finance/georgia-jails-three-opposition-politicians-including-bank-founder-2025-06-23/?utm
Civil.ge, iyul 2025. Brussels Warns Consequences as EU Foreign Ministers Discuss Suspending Visa-Free for Georgia. https://civil.ge/archives/692494
Jamestown Foundation, may 2025. Georgians May Lose Visa-Free Travel to the European Union. May 2025. https://jamestown.org/program/georgians-may-lose-visa-free-travel-to-the-european-union/?utm
European Council, 2024. Qualified Majority.
https://www.consilium.europa.eu/en/council-eu/voting-system/qualified-majority/