10 iyl 2025

Türkiyədə Panavrasiya Trendi: İdeoloji Yönlər, Siyasi Dinamikalar və Geosiyasi Təsirlər (II yazı)

Türkiyədə Panavrasiya Trendi: İdeoloji Yönlər, Siyasi Dinamikalar və Geosiyasi Təsirlər (II yazı)

Yazının birinci hissəsini oxumaq üçün keçid edin: kliklə

Bu yazının birinci hissəsində də qeyd edildiyi kimi, Türkiyə avrasiyaçılığının mürəkkəbliyi konkret bir ideoloji cərəyanı təmsil etməməsində, ən müxtəlif, hətta görünüşdə bir-birinə zidd olan cinahların belə fəqrli motivasiyalarla bu çətirin altına toplanmasındadır. 

Türk avrasiyaçılığı ideoloji bir dərinliyə sahib olmadığı kimi, geosiyasi hədəflər baxımdan da dayazdır.  Bütün cəhətləri ilə nəzərdən keçirildiyi zaman türk avrasiyaçılığını Rus neo-avrasiyaçılığı ilə yaxınlaşdıran iki əsas faktor ortaya çıxır - Qərb əleyhdarlığı və avtoritarizm həvəsi.  Bu iki faktor eyni zamanda Türkiyədəki müxtəlif dünyarögüşlərini təmsil edən avrasiyaçı aktyorları da bir araya gətirən çətirdir. 

Türkiyənin Avrasiyaçıları kimlərdir?

Perinçek qrupu 

Rusiyadakı Duqin Avrasiyaçılığının Türkiyədəki qarşılığı, daha doğrusu peyki Doğu Perinçeyin liderlik etdiyi qrupdur. Bu qrup xüsusilə son illərdə açıq şəkildə Çin, Rusiya tərəfdarı, Qərb əleyhdarı və  iqtidar “yandaşı” olaraq qarşımıza çıxır. 

Doğu Perinçek, Türkiyə siyasətinin ən mübahisəli isimlərindən biri sayıla bilər.  70-ci illərdə solun Maoçu-çinçi qanadını təmsil edən, 80-ci il çevrilişindən əvvəl çıxartdığı “Aydınlıq” qəzetində o dövrün solçularını satan; 1974-cü ildə Kipr hərəkatını “işğalçı” adlandıran, ancaq sonra Şimali Kipr Respublikasının milliyyətçi prezidenti Rauf Denktaş ilə birlikdə mitinqlər keçirən; 1990-cı illərdə PKK ilə əlaqələr yaradan, terror təşkilatının lideri Abdulla Öcalanla görüşən, sonra isə PKK-ya qarşı mübarizə apardığını elan edən; MİT-in gizli hesabatlarını yayaraq “dərin dövlət” bağlantıları ilə bağlı imic yaradan, 2008-ci ildə AKP-nin Gülənçilərlə birlikdə həyata keçirdiyi “Ergenekon” prosesində həbs edilən, 2016-cı ildən sonra AKP və MHP ilə ittifaq quran Perinçeyin ziqzaqları saymaqla bitməz (BBC 2018).

Bütün bu ziqzaqlara və iştirak etdiyi seçkilərdə 1 faiz belə səs almamasına baxmayaraq, Perinçek Türkiyə siyasətinin aktyorlarından biri olaraq qalmağa və müəyyən təsir gücünü saxlamağa davam edir (Milliyet 2024). 

2008-2014-cü illər arasında “Ergenekon” işi üzrə həbsdə olan Doğu Perinçek azadlığa çıxdığı zaman da Ərdoğan əleyhdarıydı və “Sizi Amerika belə xilas edə bilməyəcək” deyə yazılar yazırdı (T 24, 2016).

Ancaq  2016-ci ildə Türkiyədə baş verən “FETÖ çevriliş cəhdi”ndən sonra Perinçek böyük bir ziqzaq çizərək Ərdoğan iqtidarına yaxınlaşma siyasətini həyata keçirməyə başladı.  Hər nə qədər Perinçek “Biz Ərdoğana doğru getmədik, Ərdoğan Gülən hərəkatını bitirmək üçün bizdən yadım istədi” desə də, bu yaxınlaşmanın iki tərəfin və bir-birindən istifadə etmə cəhdi olduğu artıq kimsəyə sirr deyil  (BBC Türkçe, 2018). 

Perinçek qrubu bu gün Ərdoğan iqtidarına  sadiq siyasətin himayəsində Türkiyədəki Rusiya və Çin mərkəzli avrasiyaçılığın lokomotivi rolunu oynayır.  Doğu Perinçek, oğlu Mehmet Perinçek  və Aydınlıq qrupuna daxil olan siyasətçilər, yazarlar, keçmiş hərbçilər faktiki iqtidar ortaqlığı sayəsində yol tapdıqları hökumətə yaxın televiziya kanallarında sistematik şəkildə Rusiya və Çin propaqandası aparırlar.  Mehmet Perinçek bu qrupun əsas aktyorlarından sayılır (AKİT TV).

Bu qrupa Vətən Partiyası (Keçmiş İşçi Partiyası), Ulusal TV, “Aydınlıq” qəzeti, “Bilim”, “Ütopya” kimi dərgilər, “Kaynak Yayınları” nəşriyyatı və “Türkiyə Gənclik Birliyi” adlı gənclik qolu daxildir (Kınıklıoğlu, 2022a). 

Perinçek qrupu NATO və Qərbi yalnız xarici siyasət və təhlükəsizlik baxımından  “zərərli” olaraq görmür, həm də daxildə siyasi təhdid olaraq görür və göstərir.  Tarixi boyu və xüsusilə də 2016-cı ildən sonra Ərdoğan iqtidarı dövründə Qərb şübhəçiliyi və “xarici düşmən”  refleksi daima diri tutulmağa çalışılan Türkiyə cəmiyyəti üçün isə bu olduqca həssas mövzudur. 

Bu qrup daxili siyasətdə birmənalı olaraq avtoritarizmi dəstəkləyir. Bu, onların avrasiyaçılıq xətti ilə də ziddiyyət təşkil etmir. Çünki bu xətti dəstəkləyənlərin istədiyi məhz  Türkiyənin Avrasiya tipli - fundamental azadlıqların daha çox məhdudlaşdırıldığı, özünəməxsus “demokratiya” anlayışına sahib olan bir iqtidar tərəfindən idarə edilməsidir (Perspektif, 2022).

“Ulusalçı avrasiyaçılar”

Türkiyənin Perinçek grubu xaricindəki nisbətən “klassik” adlandırıla biləcək avrasiyaçıları isə  Türkiyədə “ulusalçılar” və ya “kamalistlər”  adlanan kəsimin təmsilçiləri, yəni Mustafa Kamal Atatürkün populyarlığını özlərinə qalxan edən və siyasətini özlərinə sərf edən şəkildə oxuyan dünyəvi, radikal solçu, Qərb əleyhdarı kəsimdir.

Əslində Perinçek də əvvəl bu qrupda sayılırdı, ancaq sonra ulusalçıların bir hissəsi xüsusilə ifrat Rusçu və Çinçi görünməmək üçün Perinçek qrupunun “marginal” olduğu iddiasıyla aralarına məsafə qoydular. (Kınıklıoğlu, 2022b). 

İfrat və açıq rusçuluq və çinçiliklə nisbətən gizli rusçuluq və çinçilik arasında reveranslar edən bu qrupa hər yerdə rast gəlmək olar - ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından tutmuş akademik dairələrə, istefada olan generallara və populyar media quruluşlarına qədər.  

Banu Avar, Hulki Cevizoğlu, Soner Yalçın, Yılmaz Özdil, Barış Yarkadaş, Naim Babüroğlu, İsmayıl Hakkı Pekin, Mustafa Özbey, Sinan Baykent, Cem Gürdeniz, Cihat Yaycı, Gönül Kenter, Hüseyin Vodinalı, Merdan Yanardağ, Ceyhun Bozkurt, Hasan Ünal, Kamal Üçüncü kimi şəxslər bu cərəyanın ən populyar nümayəndələridir. 

Uzun illər mərkəz mediada oynadıqları rol və Ərdoğan iqtidarına qarşı müxalif mövqeləri onların daha populyar olmasını təmin edib. Bu populyarlıq təbii olaraq son illərin əsas rəy yaradıcısı olan sosial şəbəkələrdəki mövqeyini də gücləndirir. 

Bu qrupun ictimai rəydəki  ən güclü təmsilçiləri Oda TV,  Veryansın TV, Sözçü Qəzeti, Tele-1 kimi medya quruluşları və “Kırmızı Kedi” nəşriyyatıdır. 

Sahibi Soner Yalçının və köşə yazarlarının məşhur “Ergenekon davaları” əsnasında və sonra  təqiblərə və həbs cəzalarına məruz qalması səbəbilə Oda TV ölkədəki narazı kəsimin də ən çox oxuduğu internet saytı idi. 

Keçmiş zamanda yazmaq məcburiyyətindəyik, çünki Oda TV-nin son bir ildəki mövqeyində iqtidar lehinə müşahidə olunan dəyişiklik  bu populyarlığa da təsirini göstərmiş oldu (Turksolu, 2024). 

“Komplocu  yazar” olaraq tanınan Soner Yalçın və Oda TV-nin “ulusalçı” ağırlıqlı yazarları əsasən Qərb əleyhdarı və Rusiya tərəfdarı mövqeləri ilə bilinirlər. (ODA TV,  fevral 2025)

Sözçü qəzetinin bütün yazarlarına avrasiyaçı demək mümkün olmasa da,  bu media quruluşunun yayın çizgisində də avrasiyaçılıq notları bariz şəkildə özünü göstərir. 

 “Ulusalçı” qrupun əlində olan “Tele 1” isə xüsusilə Rusiyanın Ukraynanı işğal siyasətinə ən açıq dəstək verən media orqanı olaraq bilinir (Youtube,  mart 2025).

2019-cu ildə Oda TV-dən ayrılan Nihat Gəncin YouTube kanalı olaraq açdığı “Veryansın TV”  isə solçu və neo-milliyyətçi meda orqanı olaraq bilinir, özünü isə “milli və gerçək aydınları bir araya gətirən kanal” adlandırır (Youtube).

Türkiyə mediasında açıq şəkildə Kreml tezislərini tirajlayan, Rusiyanı müdafiə edən, postsovet ölkələrinə Rusiyanın “təbii nüfuz sahəsi” olaraq baxan bir çox yazarın yolu “Veryansın TV”dən keçib. Naim Babüroğlu, Hasan Ünal, Ahmet Yavuz,  Kemal Üçüncü kimi aralarında keçmiş hərbçilərin də olduğu avrasiyaçı isimlər “Veryansın TV”dən sonra indi fərqli platformlarda avrasiyaçılıq və Rusiya kursuna sədaqətlərini nümayiş etdirirlər. 

Hüseyin Vodinalı, Gönül Kenter,  “Mavi Vətən” konsepsiyasının yaradıcılarından olan Cem Gürdəniz, kimi radikal Rusçu-Avrasiyaçı yazarlar isə hələ də “Veryansın” TV-də fəaliyyətlərini davam etdirirlər. 

‘Milliyyətçi’ avrasiyaçılar

Bu kateqoriyaya MHP, İYİ Partiya, Ülkü Ocaqları və Zəfər Partiyası içərisindəki qrupları daxil etmək mümkündür. Bu qrupları da iki bir-birinə zidd alt qrupa ayıra bilərik - xəyalpərəst pantürkistlər və “praqmatik”  Putin heyranları.  

Mahiyyət etibarıyla bu gün Türkiyədə aktiv olan avrasiyaçılıqla birinci qrup arasında bir yaxınlıq olmamalıdır. Çünki hər nə qədər Qərb nifrəti və şübhəçiliyi məsələsində ortaq olsalar da, 1960-70-ci illərdə solçularla mübarizə aparan bu kəsim üçün avrasiyaçılığın tərifi Türkiyə liderliyində postsovet məkanındakı türk dövlətlərinin daxil olduğu bir ortaqlıqdan ibarət idi. 

Ulusalçı avrasiyaçılar üçün isə heç bir dövrdə bu tərif keçərli olmayıb, əksinə bu kəsimin alt şüurunda postsovet ölkələri hər zaman Rusiyaya aiddir, Rusiyanın arxa bağçasıdır və bu ölkələrin Rusiya mərkəzli olmayan hər hansı geosiyasi seçim etmə təşəbbüsü Türkiyədəki bu cinahda hər zaman təkəbbür ehtiva edən mühakiməylə qarşılaşıb. 

Eyni zamanda hər nə qədər “tam bağımsız Türkiyə” şüarının arxasına saxlansa da, bu kəsim üçün “tam bağımsızlığın” qarşılığı sadəcə Qərbdən, NATO-dan qopmaq olub, Rusiyaya münasibətdə isə olduqca loyal və hətta təslimçi mövqe nümayiş etidriblər. Bunun ən bariz nümunələrindən biri PKK-ya münasibətdə ortaya çıxır. Türkiyənin “ulusalçıları” ABŞ-ın PKK-ya dəstəyinə kəskin şəkildə qarşı çıxarkən Rusiyanın bu terror təşkilatını heç tanımamasını, Moskvada ofis açmasını və aktiv şəkildə fəaliyyət göstərməsini görməzdən gəlirlər. Bu riyakarlılğın digər bariz nümunəsi  də Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini aldığı əsnada yaşanan diskussiyalardır.  Bu diskussiyalarda S-400-ləri almaq Türkiyənin müstəqilliyi kimi dəyərləndirildi. Ancaq Qərbdən müstəqilləşmə olaraq təqdim edilən bu bazarlığın Rusiyaya asılılıq olacağı mövzusunda “ulusalçılar” başda olmaqla hər kəs susdu (Medyascope TV, 2020). 

Bundan daha maraqlı və təəccüblü olan isə ənənəvi olaraq  Türkiyənin  guya “türk dünyası mərkəzli” siyasət aparmasını istəyən Milliyyətçi Hərəkat Partiyasının mövqeyidir.  MHP sədri Dövlət Bahçeli  “S-400-lərə FETÖ-çü alçaqlar, PKK-çı canilər, qlobal güclər qarşıdır” deyərək ən radikal şəkildə bu layihəni dəstəkləyənlərdən oldu (AA, 2019).

MHP-nin quruluş fəlsəfəsinə zidd olan bütün məsələlərdə (milliyyətçilik, islamçılıq, kürd məsələsi və s) kəskin dönüşlərlə müşayiət olunan bu “ifrat praqmatizmi” iqtidar ortağı olaraq qalma istəyi ilə izah oluna bilər. Ancaq digər tərəfdən MHP də mahiyyət etibarıyla avtoritar idarəçilik tərəfdarıdır və bu xətt sadəcə MHP ilə Ərdoğan iqtidarını deyil, hər qanaddan olan avrasiyaçıları birləşdirən “dəyərlər”dən biridir. 

Ərdoğan iqtidarına qarşı müxalifətdə olsa və bu səbəbdən həbsə atılsa da, Zəfər Partiyası lideri Ümit Özdağın Putin heyranlığı və Qərb əleyhdarlığı da bu “dəyər”lə izah edilə bilər (Tamgaturk, 2023). 

İslamcı avrasiyaçılar 

Bu qrup Türkiyədəki avrasiyaçıların ən səbatsız olanıdır. MHP içərisindəki mühafizəkarları da müəyyən mənada bu qrupa daxil etmək olar.  Milliyətçi avrasiyaçılardan yeganə fərqləri etnik kimliyi deyil, islam dinini önə çıxarmalarıdır.  Türkiyə islamçılarının, daha çox da milliyyətçi islamçılarının böyük əksəriyyəti  üçün avrasiyaçılıq avtoritarlığı, güclü dövlət və güclü liderliyi legitimləşdirməsi baxımdan cəzbedicidir (Kınıklıoğlu 2022c). 

Türkiyə kimi “güclü lider-güclü dövlət” fikrinin çox populyar olduğu cəmiyyətlərdə Rusiya mərkəzli avrasiyaçılığın - geosiyasi hədəflər baxımından Türkiyəyə qarşı olsa da  - bu qədər simpatizan toplamasının əsas səbəbi də məhz budur. Rusiyanın imperatorluq iştahı ilə Türkiyənin iqtidar dəstəkli islamçı dairələrinin Osmanlı romantizminin əsasında da bu durur - güc və avtoritarizm. Nə qədər mürəkkəb görünsə də,  Rusiya və Türkiyə arasında əzəli tarixi, geosiyasi rəqabətin və güc yarışının əsas elementi olan güc günümüzdə bu iki dövləti bir-birinə avrasiyaçılıq telləri ilə bağlayan əməkdaşlığın da əsasını təşkil edir.  

Bu səbəbdən də Türkiyədəki islamçıların  “avrasiyaçı refleksləri” daha çox iqtidarın  addımlarının təzahürü şəklində ortaya çıxır.  Onlara görə prezident Ərdoğanın Rusiya ilə yaxınlaşması Qərbə meydan oxumaqdan, “yerli və millilik” mübarizəsindən  ibarətdir və Rusiya ilə yaxınlıq Türkiyənin liderliyinin göstəricisidir (Yeni Şafak, 2009).  Bunun siyasi nəticələri isə bu qrupun çox da üzərində düşündüyü mövzular sırasında deyil.  

Bu çevrədə Rusiya, Çin və İranla yaxın əlaqələrin Türkiyədəki mövcud rejimin daha uzun müddət davam edəcəyinə töhfə verəcəyini düşünənlər də var və onlar həm də siyasətə təsir etmək gücündədirlər (Kınıklıoğlu 2022ç, İletişim Başkanlığı 2019). 

TÜRKİYƏ İQTİDARI AVRASİYAÇIDIRMI?

Bu suala konkret və birmənalı “bəli” cavabını  vermək mümkün deyil. Hər nə qədər Türkiyədə “FETÖ çevriliş cəhdi”nin yaşandığı 2016-ci ildən sonra avrasiyaçı cərəyan lehinə gözlə görünən bir dəyişiklik müşahidə olunsa da, hələlik Türkiyə xarici siyasətini birmənalı olaraq “avrasiyaçı” deyə dəyərləndirmək doğru olmaz. Türkiyə iqtidarının zaman-zaman Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS, Avrasiya İttifaqı kimi layihələrə meyl etdiyi, hətta bəzən həftələrlə, aylarla cəmiyyəti  bu təşkilatlara üzvlük müzakirələri ilə məşğul etdiyi müşahidə olunsa belə, bunların daha çox Qərbə qarşı şantaj elementi daşıyan taktik həmlələr olduğunu söyləmək mümkündür ( Euronews, 2022/ Gazete Oksijen, 2024).

Eyni zamanda Türkiyə iqtidarı ilə bağlı “avrasiyaçı deyil” demək də mümkün deyil. Çünki birincisi Türkiyə iqtidarının qurucularının özlərinin əsas ideoloqları hesab etdikləri Nəcib Fazil Kısakürək mühafizəkarlığı da prinsipcə avrasiyaçı xəttə daha yaxındır.  Kısakürəyin “Böyük Şərq” ideologiyasına görə, zaman və məkana bağlı olmayan bir həqiqət olan İslam bütün dünyaya yayılmaq istəyərkən Qərb özünü ondan qorumaq üçün maddi və mənəvi sərhədlər çəkib və beləliklə Şərq və Qərb adlı bir-birinə ziddi iki mənəvi iqlim ortaya çıxıb (Kısakürek, N, 2015).

Nəcip Fazılın bu ideologiyasına görə, Qərb mədəniyyəti elm və texnologiyada əldə etdiyi üstünlüyündən digər cəmiyyətlər üzərində hegemoniya qurmaq üçün istifadə edən qüvvədir və Qərbliləşmək də Qərbin nəzarətinə keçərək müstəmləkəçiliyi qəbul etməkdir (Toker, 2019).

İkincisi, Ərdoğan iqtidarı mahiyyət etibarıyla avtoritardır və bu, neo-avrasiyaçılarla onu ən çox yaxınlaşdıran nöqtələrdən biridir. 

Üçüncüsü, Ərdoğan iqtidarı da “tarixi böyüklük” xəstəliyi ilə Avrasiyaçılığı işğal ideologiyasına çevirən Putin rejiminin nisbətən daha yumşaq forması olaraq milliyyətçi-mühafizəkar kəsimi imperatorluq romantizmi ilə bəsləməyi sevir və bu romantizmin qarşısındakı maneə olaraq Qərbi görür. Çünki Osmanlı romantizmi daşıyan bu təbəqə də imperatorluğun çöküşünün əsas səbəbkarının məhz Qərb olduğunu düşünür və dünyəvilik, fərqlilik kimi dəyərlərin zərərli olduğuna inanır.  

Bu xətt  xüsusilə 2015-ci ildən sonra Türkiyə iqtidarının siyasətində bariz hiss edilir. 

Halbuki AKP 2002-ci ildə Türkiyədə  Rusiyanın belə narahat olduğu Qərbyönümlü, demokratik iqtidar olaraq hakimiyyətə gəlmişdi. O dövrdə iqtidarını gücləndirmə yolundakı əsas müttəfiqi “ilımlı islamçı” deyə təqdim olunan Gülən hərəkatıydı. AKP və Gülən hərəkatı iki seçki dövründə - yəni 2011-ci ilə qədər birlikdə hərəkət edirdi və bu müddətdə Türkiyədə neo-Avrasiyaçıları zərərli qəbul edirdi.  Xüsusilə AKP-nin iqtidarını gücləndirdiyi 2007-ci ildən sonra Avrasiyaçılar “Ergenekon” adı verilən cinayət dosyeləri ilə həbs olunmağa başladı (BBC, 2009).

Daha sonra bu dosyelərə “Balyoz davaları” da əlavə edildi. Həbs olunanlar sırasında Doğu Perinçek də daxil olmaqla bu günün məşhur avrasiyaçıları və ulusalçıları da vardı.  Gülənçilərin hakim olduğu polis və ədliyyə orqanlarının əliylə həyata keçirilən həbslər və cinayət işləri Türkiyə siyasətində uzun müddət müzakirə mövzusu oldu.

Ancaq 2011-ci ildən sonra AKP ilə Gülənçilərin müttəfiqlik münasibətlərində çatlar nəzərə çarpmağa başladı. Prosesin konkret nə vaxt və hansı səbəblə bəlli olmasa da, AKP-Gülən müharibəsinin ictimaiyyətə açıq hissəsinin elanı 2013-cü ilin dekabrında gerçəkləşdi. 

Gülən hərəkatının nəzarətindəki polis və ədliyyə orqanlarının mediaya sızdırdığı AKP-çi nazirlər və övladları ilə bağlı korrupsiya skandalı 10 ildən çoxdur təbii müttəfiq olan iki islamçı qüvvə arasındakı gizli mübarizənin ortaya çıxmasına səbəb oldu. Bundan sonra Ərdoğan iqtidarı Gülənçilərin düşmənləri olan milliyyətçi-ulusalçıları və avrasiyaçıları həbsdən azad etməyə qərar verdi (AA, 2014). Yəni iki islamçı qüvvənin “müharibəsi” neo-avrasiyaçıların işinə yaradı. 

2015-ci il seçkilərinə kifayət qədər zəifləmiş halda girən AKP siyasi müttəfiq çevrəsini kökdən dəyişdirərək iqtidarda qalmağı təminat altına aldı. Demokratikləşmə, “kürd açılımı”, “Avropa Birliyinə üzvlük” kimi iddialı hədəflər üçün seçilmiş müttəfiqlərin - kürdlərin, gülənçilərin, “”yetməz, ama “evet””çi liberalların yerini avrasiyaçılar və milliyyətçilər aldı. 

2016-ci ildəki uğursuz çevriliş cəhdindən sonra Gülənçilərin Türkiyə siyasətindən silinməsi prosesi başladı. 

Çox maraqlı təsadüflərdən biri də Rus neo-Avrasiyaçılarının lideri Duqinin məhz bu proseslərin baş verdiyi əsnada Türkiyədə olması və Ərdoğan hökumətinə “ortaqlıq” mesajları verməsi idi.

Duqin FETÖ çevrilişinin Ərdoğanın 2015-ci ildə Türkiyə hava sahəsini pozduğu üçün vurulan Rusiya təyyarəsinin pilotunun ölümünə görə Putindən üzr istəməsindən sonra təşkil edildiyini iddia etdi (AA, 2016). 

O günlərdə çox tez-tez Türkiyə televiziyalarına çıxarılan, siyasilərlə görüşləri təşkil edilən, hətta “Putinin məsləhətçisi” adıyla Türkiyə Böyük Millət Məclisinə belə aparılan Duqin “ABŞ hegemonluğuna qarşı düşüncə tərzi yeni avrasiyaçılıqdır  (CNN Türk, 2016). Rusiya və Türkiyə yaxınlaşması olunca ABŞ və Qərb dünyası bundan dərhal narahat olur, bunu pozmaq üçün də əlindən gələni edir” sözləriylə “beka” həssasiyyəti ərşə çıxmış Türkiyə cəmiyyətində əbədiyyən var olan Qərb əleyhdarlığını qızışdırırdı. 

Bu proses Milliyyətçi Hərəkat Partiyasının və avrasiyaçıların güc koalisiyasına daxil olmasıyla birlikdə daha da gücləndi. Dövlətdə, xüsusilə də hüquq-mühafizə orqanlarında  gülənçilərdən və “gülənçi torbasına” doldurularaq həbsə atılan və ya vəzifədən uzaqlaşdırılan kadrların yerini böyük bir sürətlə başqa dini cərəyanların, milliyyətçilərin və avrasiyaçıların təmsilçiləri tutmağa başladı.  

Türkiyədə eynilə Rusiyadakı kimi liberalizmi, dünyəvi dəyərləri rədd edən, “yerli” və “milli” iddiasıyla qlobalizmə qarşı çıxan, “LGBT” və gender düşmənliyini bəsləyən, insan haqları, söz azadlığı, toplanma azalığı kimi dəyərləri avtomatik “Qərb dəyərləri” kateqoriyasında kodlayaraq etibarsızlaşdırma  xətti hakim olmağa başladı.  AKP iqtidarının və Ərdoğan rejiminin əldə etdiyi siyasi və maddi gücü təminat altına almağı nəzərdə tutan “yeni Türkiyə” iddiası da bu xəttin üzərinə qurulub - Qərbin əxlaqsızlığına qarşı qədim və otantik Osmanlı-İslam mədəniyyəti… (Kınıklıoğlu 2022d). 

Türk ordusu avrasiyaçıdırmı? 

Çox rahatlıqla demək mümkündür ki, Türk ordusundakı avrasiyaçıların varlığı və hətta səslərinin eşidilməsi məsələsindəki gücləri Türkiyənin ən ciddi paradokslarından biridir.  NATO-nun ən böyük hərbi güclərindən birinə sahib olan, NATO disiplini ilə təlim görən və formalaşdırılan, NATO standartlarını tətbiq edən bir orduda mahiyyəti NATO və Qərb düşmənçiliyindən ibarət olan avrasiyaçılığın bu qədər vüsət alması ciddi təəccüb doğuran məqamlardandır. Bir NATO ordusu olan Türk ordusunda NATO əleyhdarı bir cərəyana simpatiyanın səbəbləri nə ilə izah oluna bilər? 

İstefada olan hərbçi-analitik Hakan Şahin istefada olan Kamalist avrasiyaçı hərbçilərin ordudaykən yaşadıqları bəzi hadisələrin  (2003-cü ildə İraqda Amerika əsgərlərinin Türk əsgərlərinin  başına çuval keçirməsi, “Balyoz”, “Ergenekon” və s. kimi dosyelər, həbslər) onların radikal şəkildə Rusiya tərəfdarlığını seçməsinə səbəb olduğunu yazır (Şahin, 2022).  

Jurnalist Alper Görmüş isə Türkiyədə hərbçilərin qərbçilikdən avrasiyaçılığa meyl etmələrinin başlanğıcının qərbçilyin avtoritarlığa icazə verməyə başladığı illərə uzandığını yazır.  Onun ifadəsiylə Türk ordusundakı avrasiyaçılıq meyli “idarə etmədən idarə edən” pozisiyasını qorumağın yolunun artıq Qərbdən keçmədiyinin görüldüyü dövrə, yəni SSRİ-nin dağıldığı 1990-cı illərə qədər uzanır (Görmüş, 2022a). 

Bu yanaşmaya görə, SSRİ dağıldıqdan sonra Qərbin Türkiyənin “kommunizmə qarşı toxmaq” roluna ehtiyacı qalmamışdı və bu səbəbdən Türkiyədə ordunun istədiyi vaxt çevriliş etmə həvəsinə artıq göz yummayacağı bəlli idi. Çünki əvvəlki çevrilişlərin əsas arqumentlərindən biri “kommunizm təhlükəsi” idi və o təhlükə artıq mövcud deyildi. NATO və ya Qərbə güvənərək siyasət üzərində hakim olan avtoritarizmi davam edirmək mümkünsüz görünürdü və hərbçilərin bir hissəsi avtoritarizm baxımından daha cəzbedici görünən avrasiyaçılığa meylləndilər. Bunun ABŞ-ın İraqa müdaxiləsi, çuval hadisəsi, ABŞ və Qərbin PKK-yı dəstəklədiyinə dair qənaət də bu prosesi sürətləndirən katalizatorlar oldu. 

2003-cü ildə ABŞ-ın Ankaradakı səfirliyi tərəfindən hazırlanan və 2011-ci ildə “Wikileaks’in yaydığı bir hesaba görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahında üç fraksiya vardı - atlantikçilər, ulusalçılar və avrasiyaçılar (Habertürk, 2011).

O hesabata görə, ordu daxilində ittifaq quran ulusalçılar və avrasiyaçılar bu konsepsiyanın Rusiyanın hakimiyyəti altındakı bir hegemoniya olduğunun fərqində belə deyildilər, onların motivasiyası həm Türkiyənin, həm də Rusiyanın Qərb tərəfindən əzildiyi düşüncəsi idi. Digər tərəfdən ordudakı ulusalçılar və avrasiyaçılar Rusiya ilə ittifaqın Türkiyənin demokratikləşməsini - ki, dövrün ordusunun ən çox istəmədiyi hadisə idi - zəruri etməyəcəyini düşünürdülər 

Türk ordusu AKP iqtidara gələnə qədər çox uzun dövr ərzində Türkiyə siyasətində müəyyənedici rol oynayırdı. Bu rol bayraq, vətən, əsgər sevgisi olduqca güclü olan, xüsusilə terrorla mübarizə fonunda ordunu xilaskar olaraq görən Türk toplumunun verdiyi elektoral legitimliyə əsaslanırdı, eyni zamanda Atatürkün populyarlığının da  gölgəsində ciddi bir komfort yaradırdı.  

AKP-nin iqtidara gəlməsindən sonrakı bir neçə il Türkiyə siyasət ilə ordu arasındakı çəkişmələrə səhnə oldu. Qərbin bu çəkişmənin siyasi aktyorunun - AKP-nin yanında yer alması və ordunun siyasət üzərindəki təsirinin azaldılmasını ehtiva edən islahatları dəstəkləməsi ordudakı ulusalçı və avrasiyaçı kəsimin anti-islamçı və anti-Qərbçi baxışlarını konsolidə etdi. Buna baxmayaraq  mübarizənin birinci raundunu AKP qazandı - həm ordunun siyasət üzərindəki rolunun azaldılması baxımında, həm də ordu içindəki ulusalçı-avrasiyaçı qanadın “neytrallaşdırılması” baxımından.  

Avropa Birliyinə üzvlük hədəfinin xarici siyasətin prioriteti elan olunması, kürd açılımı, Kipr məsələsində Ankaranın tutduğu mövqe - Annan planının dəstəklənməsi kimi addımlar avrasiyaçıların istəmədiyi gəlişmələr idi. Ancaq Qərbin Türkiyəyə münasibətdəki şübhəçiliyi və təkəbbürü (məsələn, AB-yə üzvlük müzakirələrində ikili standartlar) cəmiyyətdə onsuz da var olan Qərb əleyhdarlığını artırdı və bu da avrasiyaçılığın bir cərəyan olaraq yox olmasının qarşısını aldı (Görmüş, 2022b).

AKP-Gülən koalisiyasının dağılması nəticəsində kartlar yenidən paylanınca və Ərdoğanın yeni “koalisiyasının” ortaqları bu dəfə ulusalçı-avrasiyaçılar olunca ordudakı avrasiyaçıların da “ulduzları parladı”. Bu dəfə anti-Qərbçi baxış ətrafında dinçi AKP və ulusalçı avrasiyaçılar birləşdi. 

Hazırda Türk ordusunda avrasiyaçılıq nə qədər hakimdir və bu cərəyanın güvənlik siyasətində təsiri nə qədərdir - bu suallara cavab vermək üçün kifayət qədər məlumat yoxdur, ancaq bu,  çox da mühüm əhəmiyyət kəsb etmir.  Çünki artıq Türkiyədə siyasəti şəkilləndirən ordu yoxdur,  siyasətin, daha doğrusu, bir nəfərin - Ərdoğanın şəkilləndirdiyi bir sistem mövcuddur və ordu da bu sistemin bir hissəsidir.  

Türkiyə televiziya kanallarında hərbçi-avrasiyaçı (daha çox Rusçu) axımın daşıyıcıları isə istefada olan generallar və zabitlərdir. Onlar indi həm Ərdoğan-avrasiyaçılar koalisiyasının, həm də Kremlin təbliğat əsgərləri rolundadırlar  (Youtube, 2023).

AVRASİYAÇILIĞIN TÜRKİYƏ SİYASƏTİNƏ  TƏSİRİ 

Türkiyədə avrasiyaçılığın təsiri nə qədərdir və ya bu cərəyan ölkənin xüsusilə xarici siyasətinə təsir edəcək gücdədirmi? Bu suala da birmənalı cavab vermək çətindir. 

Hər nə qədər 2016-ci ildən sonra Türkiyənin xarici siyasətində gözlə görünəcək şəkildə kəskin ziqzaqlar və xarici siyasət dilində Rusiya lehinə dəyişikliklər müşahidə olunsa da, Türkiyənin NATO üzvü olması və Qərbin regiondakı maraqları kontekstində Ankaranın yeri balansın qorunmasını təmin edir. 

Türkiyə  prinsipial qərarlarda (Ukraynada Rusiya işğalının tanınması, Krımın işğalının qəbul edilməməsi,  İsveç və Finlandiyanın NATO üzvlüklərinə maneələrin aradan qaldırılması, NATO müdafiə büdcəsini artırılması və s) qərarlarda ənənəvi xarici siyasət kursundan kənara çıxmır.  Bununla yanaşı,  “ərəb baharı”ndan sonra müşahidə olunan Balkanlar, Yaxın Şərq və Afrika mərkəzli “Osmanlıdan qalanlar’  siyasətinə 2020-ci ildəki Qarabağ müharibəsindən sonra yenidən “türk dövlətləri birliyi” ideyasının da əlavə edildiyini söyləmək mümkündür.  Bu, Türkiyədəki xüsusilə milliyyətçi və islamçı avrasiyaçıların dəstəklədiyi yanaşmadır və mahiyyət etibarıyla Rusiyanın keçmiş Rusiya İmperatorluğu və keçmiş SSRİ-yə hakim olmaq arzusunun başqa bir formasını təşkil edir. Eyni zamanda Türkiyədəki neo avrasiyaçılar da Rusiyadakılar kimi xarici siyasət hədəflərinə nail olmaq üçün hərbi gücdən istifadənin mümkün və legitim olduğuna inanırlar.  Bu isə öz-özlüyündə populist milliyyətçiliyi artırır və avtoritarlığa legitimlik qazandırır (Kınıklıoğlu, 2022e).  

Digər tərəfdən Türkiyədə xüsusilə Rusiya mərkəzli avrasiyaçıların sayı və elektorat dəstəyi çox görünməsə də, xüsusilə Perinçek qrupunun qeyri-rəsmi hökumət ortağı olması, hüquq-mühafizə orqanlarında güclənməsi, xüsusilə Çin və Rusiya ilə əlaqələrdə qeyri-rəsmi diplomatiyanın bu qrupa həvalə edilməsi  məsələnin əhəmiyyətini artırır.

Qərbin Türkiyəyə münasibətdə yol verdiyi yanlışlar (Çevrilişləri dəstəkləmək, PKK-YPG-ni dəstəkləmək, Kipr problemi həll edilmədən Yunan Kiprini AB üzvlüyünə qəbul etmək, Türkiyənin AB üzvlük müzakirələrini əngəlləmək və s)  Türkiyədə həm sağ, həm sol milliyyətçiliyi birləşdirən Qərb şübhəçiliyini Qərb əleyhdarlığına çevirib  və avrasiyaçılar bu damarı davamlı olaraq manipulyasiyalarla qidalandırırlar.  Xarici siyasətə təsir göstərmək üçün Qərbin Türkiyəyə münasibətdə yol verdiyi səhvlər nəticəsində ortaya çıxan milliyyətçi duyğular yönləndirilir, Qərbin Türkiyəni bölmək, işğal etmək istədiyinə dair susi-qəsd nəzəriyyələri ilə cəmiyyət qorxudulur, milliyyətçi-mühafizəkarların xoşuna gələn  soyuq müharibə dövründən qalma  “tam müstəqil Türkiyə” şüarıyla əslində Rusiya-Çin vektorlu xarici siyasət təbliğatı aparılır,  demokratiya, insan haqları kimi anlayışların Qərbin Türkiyədən hesab soruşma alətləri olduğu təsəvvürü yaradılır (Büyüknara, 2021).

Ancaq bütün bunlara baxmayaraq, hələlik avrasiyaçıların Türkiyə xarici siyasətini yönləndirdiyini söyləmək mümkün deyil. Türkiyə avrasiyaçılarının daha çox media və dövlət strukturları içərisindəki əlaqələrdən istifadə edərək və Rusiyanın ayırdığı təbliğat büdcəsindən yararlanaraq Türkiyə siyasətində mövcudiyyətlərini davam etdirməyə və müəyyən təsir gücü yaratmağa çalışırlar (QHA, 2022). Onların Türkiyə siyasətinə təsir gücü isə daha çox Ərdoğanın icazə verdiyi ölçüdə mümkündür.  Türkiyə iqtidarı sadəcə özünə lazım olan məqamlarda, xüsusilə də Qərbə qarşı addımlarında avrasiyaçılardan istifadə edir.  Qərbə doğru addım atmaq lazım gəldiyi zaman isə onları “xərcləməkdən” çəkinmir (AA, 2021).

Ərdoğan iqtidarı avrasiyaçılardan daha çox daxili siyasətdə istifadə edir - “Gülən təhdidi”nə qarşı, “güclü dövlət” ideologiyasını legitimləşdirmək üçün və  dünyəvi elektoratla vasitəçilik üçün. 

Perinçek ve onunla aynı kateqoriyadan olan avrasiyaçılar “güclü lider-güclü dövlət” tezisində islamçılar və milliyyətçilər ilə müttəfiqdirlər və Ərdoğanın iqtidar koalisiyasının dünyəvi halqasını təşkil edirlər. Ancaq yenə də Ərdoğan iqtidarının Qərblə bağlarını tamamilə qoparmasına gətirib çıxaracaq böyük bir kataklizm baş vermədiyi müddətcə istifadə edilən kiçik, marjinal aktyor olaraq qalmağa davam edəcəklər. 

Ancaq əsas problem bu deyil. Hər nə qədər bu gün Doğu Perinçek başda olmaqla avrasiyaçılarla ittifaq içində görünsə də, Türkiyə iqtidarının dünyagörüşü avrasiyaçılıq deyil. Avrasiyaçılıqdan daha böyük problem Türkiyə iqtidarının artıq bəlli bir ideologiyasının və dünyagörüşünün qalmamasıdır. Türkiyənin xarici siyasəti artıq birbaşa Ərdoğan və MHP lideri Dövlət Bahçeli tərəfindən müəyyən edilir və bu da daha çox böyük strategiya ehtiva edən deyil, daxili siyasi tələbata görə planlanan qısa müddətli, reflektiv siyasətdir.  Və bu siyasətin yalnız bir məqsədi var - Ərdoğanın daha uzun müddətə iqtidarda qalmasını təmin etmək. 

Bu məqsəd üçün istifadə edilən “avrasiyaçı səbəti” isə sadəcə marginal Perinçekçilərdən ibarət deyil, burada milliyyətçilərdən ulusalçılara, maoçulardan turançılara qədər böyük bir spektr daxildir.

NƏTİCƏ 

Soyuq müharibə başa çatdıqdan sonra Türkiyə dünya siyasətindəki yerini müəyyən etmə məsələsində qeyri-məyyən və ardıcıl olmayan davranışlar sərgiləyir. Bunun məsuliyyətinin yalnız Ankarada olduğunu iddia etmək əlbəttə insafsızlıq olardı, ancaq xüsusilə AKP iqtidarının son illərində bu qeyri-müəyyən xarici siyasi kursun daxili siyasət üçün ciddi bir təbliğat alətinə çevrildiyini görməmək də mümkün deyil. 

Rusiyanın postsovet coğrafiyası üzərindəki liderlik iddiaları və bu iddiaları həyata keçirmək üçün hərbi gücə baş vurması, Çinin qlobal bazardakı yerini gücləndirməsi və bu istiqamətdəki investisiyaları, Qərbin bu coğrafi genişləmə və iqtisadi böyümə cəhdlərinə vaxtında, qərarlı və ciddi reaksiya verməməsi (son dövrdə isə hətta bölünməsi) Türkiyə kimi regional gücə çevrilməyə həvəsli olan ölkələr (iqtidarlar) tərəfindən bir fürsət olaraq dəyərləndirildi.  “Dünya beşdən böyükdür” şüarıyla xarici siyasətdə alternativ axtarışlarının siqnalını verən Ərdoğan iqtidarı Gəzi hadisələri, 17-25 dekabr hadisələri, 15 iyul çevriliş cəhdi və “kürd açılımı” layihəsinin gündəlikdən çıxardılmasından sonra Qərb ilə münasibətlərdə konfrontasiyaya getmə yolunu seçdi. Bu, ona daha çox daxili siyasətdə lazım idi - çünki avtoritarlıq və korrupsiya iddialarıyla kifayət qədər “qan itkisi”nə məruz qalmışdı, klassik mühafizəkar elektoratı FETO ilə AKP arasında bölünmüşdü, bu səbəbdən “yeni qan”a ehtiyacı vardı.  Bu “qan” da MHP, ulusalçılar və avrasiyaçıların timsalında “tapıldı”.  

15 iyul 2016-cı ildəki uğursuz çevriliş cəhdiylə avtoritarizm üçün əlavə arqumentlər əldə edən, “kəsdiyi başın sualı olmayan” Ərdoğan iqtidarı daxili siyasətdəki “yeni müttəfiqlərinin” də ictimai dəstək verdiyi Rusiyadan S-400 alınması, “Türk Axımı”, “Akkuyu Atom Elektrik Staniyası” layihələriylə Moskva yönlü xarici siyasət kursu həyata keçirməyə başladı. Bu kurs ənənəvi Qərb allergiyası olan Türkiyə cəmiyyətinə  “Qərbə meydan oxuma” olaraq təbliğ olunarkən Qərblə münasibətlərdə də şantaj və təhdid instrumenti kimi istifadə edildi. 

Bu da nəticə etibarıyla Türkiyə ictimaiyyətində avrasiyaçılığın, əslində isə Türkiyədəki qarşılığı Rusiya-Çin mərkəzli siyasət olan düşüncənin yüksələn trendə çevrilməsinə səbəb oldu.

Bu trend günümüzdə böyük ölçüdə Ərdoğan iqtidarı tərəfindən ictimai rəy baxımından dəstəklənir. Ancaq Ərdoğanın iqtidarda qalmasına yardım etmədiyi düşünüldüyü an çox asanlıqla tərk edilməyə məhkumdur.  Ərdoğan daxili siyasətdə ehtiyac duyduğu üçün avrasiyaçılığa göz yumur. Bu ehtiyacı Qərb tərəfindən qarşılandığı - xüsusilə Trumpın iqtidara gəlişi fonunda -   anda indiki müttəfiqlərinin gülənçilərin taleyini yaşamayacağına heç bir təminatı yoxdur.  

Lakin problem sadəcə bununla da məhdudlaşmır . Türkiyədə Ərdoğan iqtidarına müxalif və alternativ olduğunu iddia edən əsas qüvvənin - solçuların da həm vitrini, həm elektoratı ciddi miqyasda avrasiyaçılıq  meyllərinin daşıyıcılarıdır.  Türkiyə solunda Atatürk dövründən qalan, Qurtuluş Savaşında bolşeviklərin Türkiyəyə yardımı, Qurtuluş Savaşının anti-imperialist müharibə olduğu düşüncəsindən də irəli gələn Rusiya romantizmi mövcuddur (Medyascope, 2022).

Türkiyənin solda “ulusalçılıq”, “Atatürkçülük”,  sağda “Osmanlıçılıq”, “Turançılıq” dediyi hər cür milliyyətçilik “avrasiyaçılıq”la, daha doğrusu Türkiyənin Qərbdən tamamilə qoparılması və Rusiya, Çin ilə yaxınlaşması kursuyla bir şəkildə bağ qura bilir.  Bütün dünyada radikal milliyyətçiliyin yüksələn trendə çevrildiyini, liberal, demokratik dəyərlərin yerinə “yerli və milli” adı altında rəqabətsizliyin və avtoritarizmin keçdiyini də nəzərə alsaq, optimizm üçün çox ciddi əsaslar qalmır.



İSTİNADLAR 

  1.  Onuş Sinan, 2018. “Doğu Perinçek: Türkiye siyasetinin kendine has ismi” https://www.bbc.com/turkce/haberler-dunya-44054890
  2. Milliyet, 2024. Vatan Belediye Başkanlıkları Türkiye Geneli. https://secim.milliyet.com.tr/31-mart-2024-yerel-secimleri/vatan-yerel-secim-sonuclari/
  3. T 24, 2016 . “Perinçek'ten Erdoğan'a: Atatürklerin, İnönülerin tırnağı bile olamazsınız, sizi artık ABD bile kurtaramaz!” https://t24.com.tr/haber/perincekten-erdogana-ataturklerin-inonulerin-tirnagi-bile-olamazsiniz-sizi-artik-abd-bile-kurtaramaz,362518#google_vignette 
  4. Akit TV,  iyun 2025. Kırmızı masa - Muharrem Coşkun, Doğu Perinçek https://www.youtube.com/watch?v=ZwUBhv-KWV0
  5.  Kınıklıoğlu, Suat. 2022a. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper.  March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
  6. Ülgen Sinan, 2022. “Demokrasi Olmadan Jeopolitik Kart Türkiye’ye Yetmez”, Perspektif Online. https://www.perspektif.online/demokrasi-olmadan-jeopolitik-kart-turkiyeye-yetmez/
  7.  Kınıklıoğlu, Suat. 2022b. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper.  March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
  8. Türksolu, 2024.  “Oda TV neden Mansur Yavaş’a saldırıyor” https://www.turksolu.com.tr/oda-tv-neden-mansur-yavasa-saldiriyor/
  9. Yalçın Soner. 2025. Kendine aşık 'Frankenstein'... Batı artık evrensel model değil. OdaTv. 25 fevral 2025 https://www.odatv.com/yazarlar/soner-yalcin/kendine-asik-frankenstein-bati-artik-evrensel-model-degil-amerika-rusya-birligi-george-soros-120087674
  10.  Youtube, 2025. “Ukrayna diktatörünün sonu! Merdan Yanardağ Zelenski'nin yetkilerini kaybedişini anlattı”... Tele 1, mart 2025. https://www.youtube.com/watch?v=MSLu5Pkuz2Q
  11. Youtube. Veryansın TV. https://www.youtube.com/channel/UCLEhuU5yv0T4WBjntWoUSXw
  12. Medyascope TV, 2020.  “Türkıye’de Avrasyacılık”. https://medyascope.tv/2020/05/29/turkiyede-avrasyacilik-rusen-cakir-omer-taspinar-ve-suat-kiniklioglu-tartisiyor/
  13. Anadolu Ajansı, 2019. “Bahçeli: S-400’e FETÖ’cü alçaklar, PKK-lı caniler, Küresel güçler karşıdır” https://www.aa.com.tr/tr/politika/bahceli-s-400e-fetocu-alcaklar-pkkli-caniler-kuresel-gucler-karsidir/1530847
  14. Tamgatürk, 2023. “Ümit Özdağ muhalif rusa Putın propagandası yaptı” https://www.tamgaturk.com/umit-ozdag-muhalif-rus-a-putin-propagandasi-yapti/57209/
  15. Kınıklıoğlu, Suat. 2022c. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper.  March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
  16. Karagül İbrahim, 2023. “Avrasya’nın iki merkez ülkesi dünyayı sallıyor” https://www.yenisafak.com/yazarlar/ibrahimkaragul/avrasyanin-iki-merkez-ulkesi-dunyayi-salliyor-18013
  17.  Kınıklıoğlu, Suat. 2022ç. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper.  March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
  18. İletişim Başkanlığı, 2019. “Putin Türkiye ve Çin ile yeni bir G 7 oluşturmak istiyor”  https://www.iletisim.gov.tr/turkce/dis_basinda_turkiye/detay/putin-turkiye-ve-cin-ile-yeni-bir-g7-olusturmak-istiyor
  19. Euronews, 2022. “NATO üyesi Türkiye Şangay İşbirliği Örgütüne üye olabilir mi?” https://tr.euronews.com/2022/09/20/nato-uyesi-turkiye-sanghay-isbirligi-orgutune-uye-olabilir-mi
  20.  Gazete Oksijen, 2024. “Cumhurbaşkanı Erdoğan: Türkiye Şanghay beşlisine daimi üye olarak katılmalı” https://gazeteoksijen.com/turkiye/cumhurbaskani-erdogan-turkiye-sanghay-beslisine-daimi-uye-olarak-katilmali-216684
  21.  Kısakürek, Necip Fazıl. İdeolocya Örgüsü, 21. Baskı. İstanbul: Büyük Doğu Yayınları, 2015.
  22. Toker, Mehmet Şevki, 2019.  “Bİr batı dışı modernlik yaklaşımı olarak Büyük Doğu İdeolojisi”, Ekonomi, Politika & Finans Araştırmaları Dergisi, 2019, 4(1): 50-68 
  23.  BBC Türkçe, 2009. “Ergenekon soruşturmasında 26 gözaltı” https://www.bbc.co.uk/turkish/news/story/2009/01/090122_ergenekon.shtml
  24. Facebook. n.d. AKPli Egemen Bağış: Her Cuma Bir Ayet...”  https://www.facebook.com/watch/?v=758391072105048
  25.  Anadolu Ajansı, 2014. “Ergenekon’da 19 tahliye”. https://www.aa.com.tr/tr/turkiye/ergenekonda-19-tahliye/175959
  26. Anadolu Ajansı, 2016. “Rus stratejist ve siyaset bilimci Dugin: “15 Temmuz’da amaç Türkiye’yi haritadan silmekti https://www.aa.com.tr/tr/15-temmuz-darbe-girisimi/rus-stratejist-ve-siyaset-bilimci-dugin-15-temmuzda-amac-turkiyeyi-haritadan-silmekti/681396
  27. CNN Türk, 2016. “Putin’in danışmanı “15 Temmuz’un arkasında ABD var” dedi. https://www.cnnturk.com/turkiye/putinin-danismani-15-temmuzun-arkasinda-abd-var-dedi-573324
  28.  Kınıklıoğlu, Suat. 2022d. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper.  March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf 
  29. Şahin Hakan, 2022. “Emekli askerlerin Rusya yanlılığı, yahut Kemalist Avrasyacılık”. Serbestiyyet, 2022. https://serbestiyet.com/gunun-yazilari/emekli-askerlerin-rusya-yanliligi-yahut-kemalist-avrasyacilik-86104/
  30. Görmüş Alper, 2022a. “Kemalist Avrasyacılığın doğuşu ve yükselişi”. Serbestiyet, 2022.   https://serbestiyet.com/gunun-yazilari/kemalist-avrasyaciligin-dogusu-ve-yukselisi-87699/
  31. Habertürk, 2011. “Genelkurmay’ı üçe ayırmışlar” https://www.haberturk.com/gundem/haber/615002-genelkurmayi-uce-ayirmislar?page=3
  32.  Görmüş Alper, 2022b. “Kemalist Avrasyacılığın doğuşu ve yükselişi”. Serbestiyet, 2022.  https://serbestiyet.com/gunun-yazilari/kemalist-avrasyaciligin-dogusu-ve-yukselisi-87699/
  33. Habertürk, 2011. “Genelkurmay’ı üçe ayırmışlar”
  34. Youtube/CNNTurk.   https://www.youtube.com/shorts/72_crubbEy8
  35. Kınıklıoğlu, Suat. 2022e. “Eurasianism İn Turkey”. Stiftung Wissenschaft und Politik German Institute for International and Security Affairs/ SWP Research Paper.  March 2022, Berlin https://www.swp-berlin.org/publications/products/research_papers/2022RP07_EurasianismInTurkey.pdf
  36. Büyüknara, Adnan. 2021. “Avrasyacılık Türkiye’yi nereye götürür” https://www.hikmetakademisi.com/Article/74-avrasyacilik-turkiye-rsquoyi-nereye-goturur
  37. QHA, 2022. “Türkiye’deki Rusya foncularını ifşa eden rapor yayımlandı” https://www.qha.com.tr/haber-arsivi/turkiye-deki-rusya-foncularini-ifsa-eden-rapor-yayimlandi-386713
  38.  Anadolu Ajansı, 2021. “Bazı emekli amirallerin açıklamasına ilişkin soruşturma kapsamında 10 şüpheli gözaltına alındı” https://www.aa.com.tr/tr/turkiye/bazi-emekli-amirallerin-aciklamasina-iliskin-sorusturma-kapsaminda-10-supheli-gozaltina-alindi/2198148

39. Medyascope, 2022. “Tüm yönleriyle Türkiye’de avrasyacılık” https://medyascope.tv/2022/03/29/tum-yonleriyle-turkiyede-avrasyacilik-rusen-cakir-suat-kiniklioglu-ve-omer-taspinar-tartisiyor/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin