15 sen 2025

“Sülh” Bataqlığı

“Sülh” Bataqlığı


(Yazı KHAR Center-in "Təhlükəsizlik və Dövlət Arxitekturası" araşdırması çərçivəsində hazırlanıb)

KHAR Center bu yazıda Rusiya-Ukrayna müharibəsinə dair sonu görünməyən “sülh müzakirələri” fırtınasını, bunun səbəblərini, münaqişənin birbaşa və dolaylı tərəflərinin mövqelərini analiz edir. 

Giriş

ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini bitirmə iddiaları istər onun özünün davamlı dəyişən ritorikası, istər Putin avtoritarizminin xarakteri, istərsə də problemin həllində maraqlı olduğunu iddia edən qüvvələrin konkret təkliflərinin olmaması səbəbilə dalana dirənib. 

Paradoksal şəkildə sülh müzakirələri mövzusu aktivləşdikcə münaqişənin sərtliyi də artır. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin daha güclü dəstəyini gözlədiklərini söyləyir. Avqustun ortalarında Alyaskada Putini təntənəylə qarşılayıb heç bir nəticə olmadan (ən azından ictimaiyyət üçün) ayrılan və müzakirələrin məsuliyyətini Ukrayna prezidenti  Zelenskinin üzərinə qoyan Tramp isə sentyabrın ilk həftəsinin sonunda Rusiyaya sanksiyalar tətbiq edə biləcəyini bildirir (FT, sentyabr 2025).

Bütün bu mənzərənin üstünə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ayın əvvəlində Çindən qayıdarkən Putinin Zelenski ilə üz-üzə görüşə hazır olmadığına dair açıqlamasını, Putinin Zelenskiyə üz-üzə görüş üçün Moskvaya gəlmə çağırışını və Ukrayna prezidentinin bunu qəti şəkildə rədd etməsini, Rusiya prezidentinin sözçüsü Peskovun müzakirələrin zəminiylə bağlı Moskvanın klassik “İstanbul müzakirələri” manipulyasiyasına işarə etməsini də əlavə edincə, ən azından yaxın gələcəkdə düyünün çözülməsi real görünmür.

Analizin əsas sualları

Rusiya-Ukrayna müharibəsində 2025-ci ilin əvvəlindən aktivləşən və avqustdakı Tramp-Putin görüşü ilə yeni mərhələyə girən “sülh müzakirələri”nin perspektivi varmı? Münaqişənin birbaşa tərəfləri və əsas oyunçuların mövqeləri nədir? Kim hansı güzəştə hazırdır və bu güzəştlər münaqişəni ən azından dondurmaq üçün kifayət edirmi? Müzakirələr üçün ən böyük risk nədən ibarətdir?

Analizdə istifadə olunan mənbələr

Bu analizdə KHAR Center-in Ukraynanın Türkiyədəki səfiri Nariman Celalov ilə eksklüziv müsahibəsindən, internet resurslarından, nüfuzlu media orqanlarında dərc olunan xəbərlərdən, Kiyevdəki diplomatik mənbələrin verdiyi məlumatlardan və istifadə olunub.

Kim nə istəyir? 

ABŞ prezidenti Donald Trampın 2025-ci ilin əvvəlindən etibarən başlatdığı və daha çox Rusiyanın lehinə işləyən “sülh prosesi” növbəti dəfə fiasko ilə nəticələndi. Ancaq proses hələ bitməyib. Məsələnin ən qarışıq və ən riskli tərəfi də budur -  ziddiyyətlərlə, qeyri-müəyyənliklərlə və sağlam olmayan zəmində davam edən və ucunda hər hansı işıq görünməyən müzakirələr. Bu müzakirələr uzandıqca, Trampın qazandırdığı legitimlik Putinin işğal iştahını və iddialarını gücləndirir, Rusiya Ukraynaya hava hücumlarını artırır, Ukraynanın müharibə potensialı isə günü-gündən əriyir. 

Bütün bu səs-küyün, müzakirə ajiotajının içində hələ də hazırda hansı tərəfin konkret olaraq nə istədiyi, nəyə hazır olduğu, nə təklif etdiyi tam olaraq kimsəyə məlum deyil. Kimsə sülh deyərkən nəyin nəzərdə tutulduğunu bilmir. 

Ukraynanın əsas şərti - sülh, amma ədalətli…

Ukrayna Respublikasının Ankaradakı Fövqəladə və Səlahiyyətli Səfiri Nariman Celalov
Səfir Nariman Celalov deyir ki, Ukrayna müharibənin bitməsini istəyir - ancaq ədalətli sülhlə. Kiyev üçün kiritik kəlmə “ədalətli”dir və bunun üçün də bir neçə prinsip müəyyənləşdirib: 

Birincisi, ərazi bütövlüyü məsələsidir. Biz torpağımızın bir parçasını belə kimsəyə verməyəcəyik. Bu sadəcə Ukraynanı maraqlandıran məsələ deyil, beynəlxalq sistemi maraqlandıran məsələdir. Əgər bu gün Rusiya az və ya çox şəkildə bizdən torpaq qazansa, beynəlxalq sistem pozulacaq. Bu, hər hansı güclü dövlətin silahlardan istifadə edərək istədiyi torpağı alacağı tendensiyasını yaradacaq. Biz buna razı olsaq, sabah Çin Tayvanı alacaq, İsrail daha da irəli gedəcək, Balkanlarda başqa şeylər olacaq. Bəlkə dərhal olmayacaq, ancaq tendensiya yaranacaq.  Fələstində sərhədlər doğru çizilmədiyi üçün illərdir bu müharibə davam edir. Biz buna imkan verə bilmərik. 

İkinci prinsip Rus əsgərlərinin Ukraynadan çıxmasıdır - Krımdan da, şərqdən də, hər yerdən. Dirilərini də, ölülərini də alıb getməlidirlər. Məzarları belə qalmamalıdır. Çünki bu məzarlar belə sonrakı işğal üçün bəhanə olacaq - bu, Rusiyanın işğal simvolizmidir. Məsələn, Akyarda, Ukraynanın fərqli yerlərində türk məzarlıqları da var, amma türklər bunu işğal simvolizminə çevirmirlər. Məzarlara hörmət edilir, baxılır, ziyarət edilir, o qədər. Ancaq Rusiya elə deyil, onların Donetskin hər hansı yerində bir qəbri qalsa, bir müddət sonra geri dönüb deyəcəklər ki, burada qanımız töküldü, bura bizimdir. Bu səbəbdən Rus əsgərlərinin ölülüəri belə Ukrayna torpaqlarında qalmamalıdır. 

Üçüncü prinsip həqiqi təhlükəsizlik qarantiyasıdır. Bizim fikrimizcə, ən real mexanizm NATO üzvlüyüdür. Bu səbəbdən də biz bir neçə il əvvəl Konstitusiyamıza da bu məsələni daxil etmişik. NATO üzvlüyü bizim strateji hədəfimiz və Rusiyanın işğalına qarşı ən ciddi təhlükəsizlik təminatıdır. Ruslar da bunu bildikləri üçün məhz NATO üzvü olmamağımızı şərt kimi irəli sürürlər. Amma bu onların haqqı deyil. Biz mütləq NATO istiqamətində davam edəcəyik. Bəlkə bir neçə il əvvəl NATO mexanizminin işlədilməsi məsələsini kimsə ciddiyə almırdı, çünki ehtiyac yox idi. Ancaq indi hər kəs başa düşdü ki, bir dövlət təkbaşına aqressiyaya cavab verə bilməz. Gürcüstan və Ukrayna müharibələri bunu konkret şəkildə göstərdi. Xüsusilə, Gürcüstan müharibəsində göründü ki, bir təhlükəsizlik sisteminin içində deyilsənsə, məğlub olmağa məhkumsan. Gürcüstana kimsə dəstək vermədi, 5 gündə Rusiya işğal etdi. Ukraynaya da 2014-cü ildə kimsə dəstək vermədi, silah vermədi, ancaq 2022-ci ildən sonra Ukrayna öz iradəsi ilə dəstək əldə etməyi bacardı və o səbəbdən dördüncü ildir savaşmağa davam edir. Ancaq bunun davamı üçün təhlükəsizlik qarantiyaları şərtdir.

Dördüncü prinsip budur ki, Rusiya bizə vurduğu  ziyanı mütləq kompensasiya etməlidir. Bu mütləq olmalıdır. Çünki Ukraynanın yenidən inşa edilməsi bizim üçün çox mühümdür. Avropa bizə kömək etməyə hazırdır. Ancaq işğalçı dövlətin mütləq məsuliyyəti olmalıdır. Biz bunun üçün mexanizm də təklif etmişik - Rusların Avropadakı pulları bizə verilsin.  Hazırda o pullar dondurulub, onların Ukraynaya verilməsinin mexanizmi tapılmalıdır.

Beşinci prinsip isə müharibə cinayətlərinin cəzalandırılmasıdır. Bəli, bu, müharibədir, insanlar ölürlər, öldürürlər. Ancaq müharibənin belə öz qanunları var. Müharibə cinayətləri cəzasız qalmamalıdır. Bu, Ukrayna tərəfi üçün də keçərlidir. Biz bunu açıq deyirik və müharibə cinayətləri edənləri cəzalandırırıq. Rusiyada isə bir dənə belə fakt yoxdur. Bu müharibədə cinayət törədən sıravi əsgərdən tutmuş ən böyük cinayətkara - Putinə qədər hamısı məsuliyyət daşıyır. Putin bu gün olmasa da, sabah  beynəlxalq tribunalda mühakimə edilməlidir. Hətta Putin ölsə, qaçsa, gizlənsə belə Rusiya dövləti məsuliyyət daşımalıdır. Gələcəkdə bir daha belə bir cinayətə cəhd göstərməsin deyə, bu cəzalandırma şərtdir. Əks təqdirdə, yeni müharibələr, Rusiyada “qəhrəmanlıq”la simvolizə edilən yeni işğal planları qaçılmaz olacaq”. 

Kiyev müzakirələrin davamı üçün hansı güzəştlərə hazırdır?

Aydın məsələdir ki, Kiyevin haqlı mövqeyinə baxmayaraq, bu şərtlərin qəbul edilməsi real görünmür. Bu durumda Ukrayna tələblərində haraya qədər geri çəkilməyə hazırdır? 

Nariman Celalov deyir ki, sülhün ədalətli olması üçün bu prinsiplər qorunmalıdır və əlavə olaraq, başqa təhlükəsizlik təminatları da verilməlidir. 

Ukraynadan KHAR-a danışmağı qəbul edən başqa bir mənbə isə Kiyevin ərazi bütövlüyünün pozulmasını prinsip olaraq qəbul etməmə şərtiylə mərhələli həll məsələsində müzakirəyə açıq olduğunu bildirir - yəni Sovet dövründə Baltik ölkələrinin işğalının prinsip olaraq qəbul edilməməsi və ya Qarabağ münaqişəsinin dondurulması kimi.  Bu çərçivədə Ukrayna müzakirələrin davamlılığını təmin etmək üçün münaqişənin hazırkı cəbhə xəttində dondurulmasını qəbul etməyə hazırdır. Bu, Kiyevin əvvəlki mövqeyindən geri çəkilməsi kimi dəyərləndirilə bilər - çünki daha əvvəl Ukrayna cəbhə xəttinin 2022-ci ilə qədərki şərtlərdə dondurulmasını ön şərt olaraq irəli sürürdü, indi isə mövcud təmas xəttini də qəbul etməyə isti baxır. 

Ukraynanın Türkiyədəki səfiri bunu birbaşa təsdiqləməsə də, deyir ki, Rusiya bunların heç birini qəbul etməyə hazır deyil: “Rusiya bizə deyir ki, hazırda əlinizdə olan torpaqlardan da çəkilin, bu bölgə tamamilə mənim olsun”. 

Rusiyanın sərhədsiz istəkləri  

Nariman Celalov Rusiyanın istəklərinin sərhədsiz olduğunu bildirir və qeyd edir ki, müharibənin əvvəlindən etibarən fərqli formada şəkilləndirilsə də, əslində, Putinin niyyəti Ukraynanı bütünlükdə idarə etmək və öz nüfuz dairəsində saxlamaqdır: “Bu səbəbdən də müxtəlif bəhanələrlə müharibəni uzatmağa çalışır”. 

Rusiyanın konkret indiki müzakirələrdə dilə gətirdiyi tələblər isə davamlı şəkildə dəyişir.  Müharibənin əvvəlindəki “denazifikasiya”, “demilitarizasiya” da daxil çoxsaylı tələblər 3,5 il ərzində müxtəlif dəyişikliklərə məruz qalıb. Bu ilin iyunundakı İstanbul müzakirələrində Moskva Ukrayna ordusunun Donetsk, Luqansk, Zaporojye və Xersondan çəkilməsini, Krımın ilhaqını qəbul etməsini, Ukraynanın NATO-ya üzv olmayacağına və neytral qalacağına dair təminat verməsini, ordusunu ixtisar etməsini, rus dilinə rəsmi status verməsini, Qərbin Kiyevə hərbi dəstəyinin tamamən dayandırılmasını və 100 gün içində seçki keçirməsini tələb edirdi. (KHAR Center, iyun 2025a)

Alyaska görüşündə Putinin tələblərini necə sıraladığı haqda rəsmi bir açıqlama verilmədi, ancaq Trump Kiyevin Krımı və NATO üzvlüyünü unutmalı olduğunu söyləyərək tələblərin ikisinə dair ipucu verdi. Digər tələbi isə Ukrayna prezidenti Zelenski Tramp ilə görüşdən sonra açıqladı - Putinin Ukrayanın Donbas bölgəsindən tamamilə çəkilməsini müharibəni dayandırmaq üçün şərt olaraq irəli sürdüyünü, ancaq bunu qəbul etməyəcəklərini açıqladı (AP, avqust 2025). Qərb mətbuatı da Putinin Donbas bölgəsinin tamamilə Rusiyaya verilməsini, yəni sadəcə işğal edilmiş əraziləri istəməklə kifayətlənmədiyini, Donetsk vilayətinin Kramatorsk və Slovyansk kimi kritik nöqtələrindən də Ukraynanın çəkilməsini, Donetsk və Luqanskın təslimiyyəti ilə barışmasını tələb etdiyini, bunun əvəzində isə Xerson və Zaporijyada cəbhə xəttinin dondurulmasını təklif etdiyini yazır (The Guardilan, avqust 2025).

Səfir Nariman Celalov da Putinin bu tələbi irəli sürdüyünü təsdiqləyir və belə izah edir: “Rusiya təmas xəttinin Ukraynanın bütün cənub-şərqini əhatə edəcək şəkildə formalaşmasını tələb edir.  Çünki bir çox insan bəlkə fərqində belə deyil, ancaq əslində, 2022-ci ildəki təmas xəttiylə 2025-ci ildəki təmas xətti arasında Rusiyanın bir milyondan çox əsgərini öldürməsini, milyardlarla dollar xərcləməsini izah edə biləcəyi qədər böyük fərq yoxdur. Rusiya 2014-2022-ci illər arasında Ukrayna torpaqlarının 26-27 faizini işğal edib. Böyük müharibə dövründə, yəni son 3,5 il ərzində isə 1 faiz torpaq işğal edib. Bu səbəbdən də Rusiya sülh müzakirələrini bəhanə edib daha çox torpaq ələ keçirməyə çalışır.  Bu isə əlbəttə, mümkünsüzdür”.

Qısa arayış: Ukraynanın nə qədər torpağı işğal altındadır? 

Krımın işğal edildiyi 2014-cü ildən 2022-ci ilin fevralına qədərki dövrdə fərqli tarixlərdə artıb-azalmasıyla birlikdə Ukraynanın 7 faiz torpağı Rusiya işğalı altındaydı. 2022-ci ildə böyük müharibə başladıqdan cəmi bir ay sonra Rusiyanın işğal etdiyi ərazilər 27 faizə yüksəldi.  Ancaq 8 apreldən sonra Rusiya Ukraynanın şimalından çəkilməyə və ümumilikdə işğal etdiyi ərazilərin 40 faizindən çıxmağa məcbur oldu. (CNN, 2022)

2022-ci ilin sentyabrında Ukraynanın Xarkiv istiqamətindəki uğurlu əməliyyatından və Xerson-Zaporijya istiqamətindəki əks hücumlarından sonra Rusiyanın işğal etdiyi ərazilərin faizi 27-dən 18-ə düşdü. (Belfer, 2023)

2022-ci ildən 2025-ci ildə qədər isə Rusiya cəmi 1 faiz əlavə torpaq işğal etdi. Hazırda bu rəqəm 19 faizdir. (Belfer, yanvar 2025)

İki ölkə arasındakı təmas xətti tez-tez dəyişməklə birlikdə hazırda Ukrayna torpaqlarının beşdə birinə yaxın hissəsi (114,5 kvadrat kilometr) işğal altındadır. Xarkiv, Luhans, Donetsk, Zaporijya və Xersonu əhatə edən aktiv cəbhə xəttinin uzunluğu 1000 kilometrə yaxındır. Luhansk və Donetskin daxil olduğu Donbas bölgəsinin 88 faizə yaxın hissəsi, yəni Luhansk az qala tamamilə, Dönetskin isə dörddə üçü işğal altındadır. Eyni zamanda Rusiya Zaporijya və Xersonun dörddə üçünə yaxın hissəsini, Xarkiv, Sumi, Mikolayiv və Dniproppetrovskun bəzi kiçik məntəqələrini də işğal altında saxlayır. Ukrayna Donbasda 6600 kvadrat kilometrlik bir hissədə müdafiəni davam etdirir. Bu hissə 2014-cü ildən etibarən Ukraynanın nəzarəti altındadır və ölkənin müdafiəsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edən “qala kəməri”nə daxil olan Slovyansk, Kramatorsk, Drujkivka, Oleksiyevo-Drujkivka və Konstantinovka kimi mühüm qəsəbələri əhatə edir. (Al Jazeera, avqust 2025)

Putinin Tramp ilə görüşdə irəli sürdüyü digər iki tələb isə Ukraynada rus dilinə dövlət statusunun verilməsi və rus pravoslav kilsəsinin müstəqil fəaliyyətinə icazə verilməsi oldu (Reuters, avqust 2025).

Türkiyənin Ukraynadakı səfiri  bu şərtlərin birbaşa Ukraynanın müstəqilliyi ilə bağlı olduğunu deyir: “Rus dili əvvəllər Ukraynada dövlət dili statusunda idi, ancaq məhz Rusiyanın təcavüzkar siyasəti nəticəsində ləğv edildi. Kilsəyə gəlincə, hər kəs bilir ki, Rusiya Ukraynadakı istilaçı fəaliyyətləri üçün kilsədən istifadə edir. Mən həbsxanada olanda “KQB tarixi” adlı bir kitab oxumuşdum, onlar özləri belə tarixin müxtəlif dövrlərində kilsədən, keşişlərdən necə istifadə etdiklərini yazırlar. Bu səbəbdən də Ukrayna Rus kilsəsinin bu fəaliyyətlərinin qarşısını almaq üçün onlara ya Moskva partiarxatından vaz keçmə, ya da bağlanma şərti irəli sürdü. Onlar qəbul etmədilər. Rus təbliğatı bunu xristianlara təzyiq kimi təqdim edir, ancaq bu çox gülüncdür. Ukrayna xalqının çoxu xristian olan bir ölkədir. Bu səbəbdən dinə təzyiq olaraq dəyərləndirilməsi gülüncdür. Dinə deyil, din adı altında destruktiv fəaliyyətlər həyata keçirən təşkilatlara təzyiqdən söhbət gedə bilər. Çünki bu, Ukraynanın müstəqilliyinə birbaşa təhdiddir”. 

Sentyabrın 5-də Rusiya prezidentinin sözçüsü Dmitri Peskov birbaşa müzakirələrin səviyyəsinin yüksəldildiyi təqdirdə prosesin 2022-ci il İstanbul formatında davam etməli olduğunu söylədi. Peskov 2022-ci ildəki müzakirələrdə bir razılaşma mətninin ilkin olaraq imzalandığını və orada bütün təhlükəsizlik qarantiyalarının olduğunu iddia etdi (Hurriyet, sentyabr 2025).

Səfir Nariman Celalov isə bildirir ki, bu, Moskvanın ənənəvi təbliğat oyunudur və böyük ölçüdə yalanlara əsaslanır: “O müzakirələrdə Ukraynaya heç bir qarantiya  verilmədi, təklif belə olmadı. Bu, çox böyük məsuliyyət idi və kimsə bu məsuliyyətin altına girmək istəmirdi. Bu gün belə kimsə o məsuliyyətin altına girmək istəmir. Kimsə buna hazır deyil. Təhlükəsizlik təminatı verməyə ən yaxın ölkələr Fransa və İngiltərə ola bilər, ancaq onlar da yalnız sülhdən sonra burada əsgərlərini göndərə biləcəklərini deyirlər. Bu isə nə vaxt olacaq, kimsə bilmir. Bu günə qədər böyüklü kiçikli heç bir ölkə və ya təşkilat Ukraynaya “Siz bunu etsəniz biz sizə bu təminatı verəcəyik” deməyib. Hər kəs gözləyir”. 

Moskva 2022-ci ildəki razılaşmanı Kiyevin İngiltərənin təzyiqi ilə pozduğunu dəfələrlə elan edib. Ancaq Nariman Celalov Rusiyanın bu mövzu ilə manipulyasiya etdiyini vurğulayır: “Ruslar elə təqdim edir ki, sanki orada bir razılaşma vardı, sənəd imzalanmışdı və biz pozduq. Orada razılaşma yox idi, təkliflər var idi. Müharibənin ilk ayı idi və hər kəs şok, stres vəziyyətində idi. Bəlkə də Ukraynada kimlərsə düşünə bilərdi ki, bu, problemin həlli ola bilər, ancaq Ukraynalıların çoxu bunu qəbul etməzdi. Çünki o günlərdə Ukraynalılar hərbi çağırış məntəqələrinin, dövlət binalarının qarşısında növbəyə girib vuruşmaq üçün silah tələb edirdilər. Müharibənin əvvəlində bizim yanımızda kimsə yox idi. Hər kəs gözləyirdi ki, ukraynalılar nə edəcək. Hər kəs də gördü ki, Ukraynalılar Rusiyanın  “üç gündə Kiyevi alması” üçün imkan vermədilər. Rusların planları pozuldu. Yalnız bundan sonra dəstək başladı. Ukraynalılar da böyük bir cəsarətlə ölkənin şimal-şərqində Rusları geri püskürtməyi bacardı. Rusiya yalnız bundan sonra müzakirələrə razı oldu. Bu müzakirələrdə Ukrayna kiminsə dediyini yox, Ukrayna xalqının əzmini və mövqeyini nəzərə aldı. Xalqımız vuruşmağa hazır idi və prezidentimiz də bunu nəzərə aldı”. 

 Sülh prosesinə dair qısa xronologiya və Alyaska fiaskosu

ABŞ prezidenti Donald Trampın qlobal liderlik ilə bağlı bəlkə də ən böyük iddiası Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatdırılması idi. ABŞ prezidenti seçilmədən əvvəl hakimiyyətə gələr-gəlməz müharibəni bitirəcəyini iddia etmiş, Bayden administrasiyası başda olmaqla, Avropa və Ukraynanı kəskin tənqid hədəfinə tutmuş, Putinə üst-üstə isti mesajlar verərək bütün dünyanı şoka salmışdı. (AP News, 2024)

Bu ilin əvvəli ABŞ prezidentinin bu mövzu ətrafındakı sürəkli dəyişən ritorikası ilə keçdi. Tramp Ukrayna müharibəsi başladıqdan sonra ilk dəfə Rusiya ilə ən üst səviyyəli müzakirələri həyata keçirdi, ictimai şəkildə Ukrayna prezidenti Zelenskini Moskvanın şərtlərini qəbul etməyə məcbur etməyə çalışdı, aşağıladı və Ukraynaya hərbi yardımları dayandırdı. Ancaq bütün bunlar heç bir nəticə vermədi - proses olduğu yerdən tərpənmədi (KHAR Center, iyun 2025b).

Aprelin sonunda ABŞ Krımın Rusiya ərazisi kimi tanınmasını, Luhansk, Xerson, Zaporijya və Donetskdəki işğalın faktiki olaraq qəbul edilməsini, Ukraynanın  NATO-ya üzv olmamasını, Rusiyaya qarşı sanksiyaların ləğv olunmasını və Kiyevin detalları bilinməyən təhlükəsizlik qarantiyası almasını nəzərdə tutan təklif ortaya atdı, ancaq iki tərəf də qəbul etmədi. 

Mayda Putin 2022-ci ildəki İstanbul razılaşmasını Kiyevin pozduğuna dair tezisini təkrarlayaraq  müzakirələrin yenidən Türkiyədə keçirilməsini təklif etdi. Zelenski isə bu təklifə “Putini şəxsən İstanbulda gözləyəcəyəm” cavabını verdi və sözünü yerinə yetirdi, ancaq nə Putin, nə Tramp İstanbula getmədi. İstanbuldakı heyətlər arası müzakirələrdə isə Rusiyanın mövqeyi səbəbilə heç bir irəliləyiş olmadı (KHAR Center, iyun 2025c).

Tramp iyulun 14-də 50 gün içində müharibəni bitirməsə, sanksiyaları ağırlaşdıracağını və Rusiya nefti alan ölkələrə 100 faizlik gömrük vergisi tətbiq edəcəyini bildirərək, Rusiyaya möhlət verdi,  sonra bu möhləti 10-12 gün qısaltdığını açıqladı (CBS News, iyul 2025), (Politico, iyul 2025). 

Bu möhlətin tamamlanmasına 2 gün qalmış Trampın xüsusi nümayəndəsi Witkoff Putinlə olduqca səmərəli bir görüş keçirdiklərini açıqladı və böyük irəliləyiş olduğunu dedi (Politico, avqust 2025). Ultimatum müddətinin bitdiyi 8 avqustda isə Tramp Rusiyaya qarşı sanksiyaları deyil, 15 avqustda Putin ilə Alyaskada görüşəcəyini açıqladı (The Economist,  avqust 2025). 

15 avqustda bütün dünyanın izlədiyi görüş baş tutdu - Tramp Putini qırmızı xalıda qarşıladı, öz maşınına oturdu, kürəyini sığalladı, ancaq görüşdən ictimaiyyətə açıqlanası heç bir nəticə çıxmadı. Rusiya xarici işlər naziri Sergey Lavrovun “SSSR” yazılan köynəklə Alyaskaya getməsi və təyyarədə Rus heyətinə “Kiyev kotleti” verilməsi, Rusiya-Ukrayna müharibəsindən daha çox müzakirə edildi və Moskvanın məsələyə nə dərəcədə qeyri-ciddi yanaşdığını ortaya qoydu (The Guardian, avqust 2025).

Buna baxmayaraq, Putinlə görüşdən iki gün sonra Tramp yenə bütün məsuliyyəti Ukrayna prezidenti Zelenskiyə yıxaraq və indiyə qədərki “atəşkəs müzakirələri” yerinə “sülh müzakirələri” ritorikasına keçərək, faktiki, Putinin tələblərini təkrarladı - Ukrayna Krımın işğalı ilə barışmalıdır, torpaqlarından vaz keçməlidir,  NATO-ya üzv olmamağı da qəbul etməlidir (Al Jazeera, avqust 2025). Bundan iki gün sonra isə Zelenski ilə görüşərək Putinin tələblərini çatdırdı.

Sentyabrın 7-də Rusiya 805 dron və 13 ballistik raket ilə Ukraynaya müharibənin əvvəlindən bu yana ən böyük hava hücumunu başlatdı. Biri 2 yaşında olmaqla, 5 nəfərin öldüyü, 44 nəfərin yaralandığı, Ukrayna Nazirlər Kabineti binasının vurulduğu bu hücumdan sonra Ukraynanın baş naziri Yuliya Sidorenko bunun Trampın sülh səylərini ələ salmaq olduğunu söylədi. Ukraynanın avropalı müttəfiqlərindən də bənzər açıqlamalar gəldi (AP, 8 senytabr 2025). Tramp isə yazının girişində də qeyd edildiyi kimi, Rusiyaya sanksiyalar tətbiq edilə biləcəyini yenidən təkrarladı.

Trampın dərin ziqzaqları

ABŞ prezidentinin ritorikasındakı bu dərin ziqzaqlar hazırda danışıqlar prosesinin ən riskli və təhlükəli faktoru olmaqda davam edir. Şübhəsiz, Tramp bu müharibənin başa çatmasını istəyir - dünyadakı bu böyüklükdə baş ağrısı ona lazım deyil. Bu məsələdə ABŞ prezidenti praqmatik bir tacir kimi davranır. Müharibə başa çatsın deyə tələsir, çalışır, ancaq ədalət axtarmır. Bu səbəbdən də prosesin əvvəlində kəsə yoldan  “Rusiya güclüdür, Ukrayna məğlubiyyətini qəbul edəcək, əlində heç bir kartı yoxdur” mövqeyini tutdu. Səfir Nariman Celalov deyir ki, yalnız Tramp deyil, Çin, Braziliya kimi ölkələr də bu mövqedədir: “Ancaq biz bunu qəbul etmədik və etməyəcəyik. Prezidentimiz Ağ Evdə bütün dünyanın gözü qarşısında bütün riskləri öz üzərinə götürərək buna açıq şəkildə etiraz etdi”.

Nariman Celalovın sözlərinə görə, Ukrayna lideri Zelenskinin bu davranışından sonra ABŞ administrasiyasının ritorikasında dəyişiklik olub: “Bundan əlavə, biz hörümçək toru əməliyyatı ilə müharibə qabiliyyətimizi göstərdik, dronlarla Rusiyanın Qara dənizdəki gəmilərinin hərəkətini faktiki iflic elədik, oradan qaçıb gizlənməyə məcbur oldular.  Digər tərəfdən bu ilin əvvəlində BMT-də Ukrayna ilə bağlı qətnamə müzakirəyə çıxarılanda ABŞ qarşı çıxdı. Biz buna baxmayaraq, o qətnamənin qəbul olunmasına nail olduq. Bu da çox ciddi bir hadisəydi və çox ciddi bir qırılma nöqtəsiydi”. 

Bütün ziqzaqlara və qeyri-müəyyənliklərə baxmayaraq, səfir Cəlal Trampın mövqeyindəki müsbət tərəflərə diqqət çəkir: “Ukrayna illərdir ki, Rusiya ilə müharibədədir, on minlərlə insan öldü, müharibə hər kəsin həyatına toxundu. Üç ildən sonra bir nəfər “bir dayanın görək, müzakirə olmalıdır” dedi. Əvvəllər də bu yöndə təkliflər olmuşdu, amma faktiki, son dövrdə heç bir təşəbbüs yox idi. Tramp isə çıxdı və kəsdirmə yoldan “barışın” dedi. Formasından asılı olmayaraq bu çox vacib idi. Bir il əvvəl kimsə müzakirələrdən belə bəhs etməzkən indi dünyanın bir nömrəli müzakirə mövzusuna çevrildi. İrəliləyiş olmasa belə, mövzu gündəlikdədir və ölkələr artıq öz mövqelərini konkretləşdirmək məcburiyyətindədir”

Avropanın Ukrayna sınağı 

Avropanın Ukrayna ilə bağlı mövqeyi, bu mövqedəki tərəddüdlər, ziddiyyətlər, qərarsızlıqlar və ikiüzlülüklər, əslində, ayrı bir araşdırma mövzusudur. 

Qısaca ümumiləşdirsək, Avropa İttifaqının 2013-cü ildən əvvəl Ukrayna ilə münasibətlərdə sadəcə siyasi məsələlərə (Timoşenkonun həbsi kimi) üstünlük verərək iqtisadi, sosial problemləri görməzdən gəlməsi, ən əsası da Rusiya riskini ciddiyə almaması 2014-cü ildə əvvəlcə Krımın, daha sonra isə Donestk və Luqanskın böyük hissəsinin işğalı ilə nəticələndi (Evans, may 2025).

Avropa ölkələri bundan da dərs çıxarmadı - Rusiyaya simvolik sanksiyalar elan edilsə də, əsasən tətbiq olunmadı, əksinə, Ukraynanın suverenliyi nəzərə alınmadan Rusiyadan enerji idxalı artdı.  Xüsusilə, Almaniya bu dövrdə Rusiyaya qarşı sanksiyaların müəyyən edilməsində və pozulmasında əsas rol oynadı. Almaniya baş naziri Angela Merkel AB daxilində sanksiyalara qarşı müqavimət göstərərkən Rusiya ilə dialoq yolunu seçdi. 2014-2021-ci illər arasında Nord Stream 2 boru xətti vasitəsilə Rusiya ilə enerji ticarətini ən çox artıran ölkə oldu  (Pelayo, 2022). Avropanın digər güclü ölkəsi - Fransa da bu mərhələdə Rusiya ilə münasibətlərini pozmamaq xətti seçdi. Fransa Ukrayna ərazilərinin işğalına və elan edilmiş sanksiyalara baxmayaraq, Rusiya ilə iqtisadi münasibətlərdə “praqmatizmi”ni davam etdirdi və ticarət həcmini qorudu (Dziubinska, 2022). Fransa prezidenti Emmanuel Makron böyük savaşdan cəmi 3 il əvvəl - 2019-cu ildə Rusiya ilə strateji dialoqun davam etdirilməsinin vacibliyini vurğulayırdı (The Moscow Times, 2019). Rusiya ilə Ukrayna arasındakı problemin həlli üçün başladılan, Fransa və Almaniyanın əsas rol oynadığı Minsk danışıqları və “Normandiya Dörtlüyü” formatı da, faktiki olaraq, Krımın işğalının görməməzliyə vurulmasını və Ukraynanın güzəştlərə getməsini nəzərdə tuturdu (Regenbrecht, 2025).

2022-ci ildə başlayan böyük müharibə Avropanın daxilindəki başqa problemləri də ortaya çıxardı - bir növ lakmus kağızı oldu. Doğrudur, bu müharibədən sonra Avropanın Rusiya ilə bağlı mövqeyində radikal dəyişikliklər oldu. Xüsusilə, Böyük Britaniya, Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələr və ümumilikdə İttifaq Rusiyaya çox ciddi sanksiyalar tətbiq etdi və 2014-cü ildən etibarən davam etdirilən enerji asılılığının azaldılması üçün praktik qərarlar qəbul edildi. Bundan əlavə, Ukraynaya silah dəstəyi və humanitar yardımlarla bağlı da böyük miqyaslı addımar atıldı.

Ancaq əvvəla, enerji asılılığının azaldılması mövzusu birlik içində çox dərin çatlara səbəb oldu - xüsusilə, Macarıstan və Slovakiya Rusiyadan enerji asılılığını daha da artıraraq birliyi pozdu və Moskva ilə daha da yaxınlaşaraq Aİ içində faktiki bölünmə yaratdı (KHAR Center, iyul 2025). Digər tərəfdən, Almaniya və Fransa başda olmaqla, Avropa ölkələrinin Ukraynaya ağır silahlar göndərmə məsələsindəki tərəddüdləri və ləngliyi müharibənin gedişatına təsir etdi (Atlantic Council, 2023).

Bu ilin əvvəlindən etibarən Trampın Ukrayna ilə bağlı danışıqlarda Kiyevi və xüsusilə Avropanı kənarlaşdırma cəhdləri vəziyyəti bir qədər dəyişdirdi. Avropa içərisində yeni təhlükəsizlik paradiqmaları müzakirə edilməyə başladı. ABŞ və Rusiya prezidentlərinin Alyaska görüşündən bir gün sonra Fransa, Almaniya və Polşadan ibarət olan Weimar qrupuna İtaliya, İspaniya, İngiltərə və Avropa Komissiyasının da daxil olmasıyla formalaşan Weimar+ qrupu toplandı. Qrup birgə açıqlama yayaraq Ukraynaya güclü təhlükəsizlik qarantiyalarının verilməsinin vacibliyini vurğuladı. Bu açıqlamada “İstəklilər koalisiyası”nın (Coalition of the Willing) aktiv rol oynamağa hazır olduğu, Ukrayna silahlı qüvvələrinə və üçüncü ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmaması haqda maddələr yer aldı. Avropa ölkələri, eyni zamanda, Ukraynanın NATO-ya üzvlük yolunu da bağlamayacaqlarını bəyan etdilər (Reuters, avqust 2025).

“İstəklilər koalisiyası” ilk toplantısını 4 sentyabrda Parisdə keçirdi. Fransa prezidenti Emmanuel Makron koalisiyaya daxil olan 35 ölkədən 26-sının Ukraynaya hərbi dəstək verməyə hazır olduğunu bildirdi. ABŞ rəsmi olaraq koalisiyada yer almadı, ancaq Trampın nümayəndəsi Witkoff həm koalisiya üzvləri, həm Ukrayna prezidenti Zelenski ilə görüşdü (AP News, sentyabr 2025).  

Ukraynanın Türkiyədəki səfiri Nariman Celalov daxildəki bütün problemlərə baxmayaraq, hazırda Ukraynanın mövqeyinə ən yaxın mövqeyi Avropanın nümayiş etdirdiyini vurğulayır: “Təbii ki, biz Avropaya çox minnətdarıq, bizə çox kömək etdilər və bunun üçün Ukraynalılar daima onlara minnətdar olacaqlar. Əlbəttə, bəzi Avropa ölkələri birbaşa, bəzilərinin isə şirkətləri dolaylı yollarla Rusiya ilə əməkdaşlığı davam etdirirlər və bu da yaxşı olmayan presedent yaradır. Bizim prezidentimiz Avropalı müttəfiqlərimizə bunu dəfələrlə açıq şəkildə deyib.  Buna baxmayaraq, yenə də bizə ən yaxın mövqe nümayiş etdirən Avropadır”. 

Nariman Celalov bildirir ki, Aİ-nin lokomotiv ölkələri Almaniya və Fransanın Ukrayna məsələsinə baxışında kardinal dəyişikliklər var: “2014-2022-ci illər arasındakı Fransa və Almaniya ilə indiki çox fərqlidir. Burada da ən mühüm faktor Ukraynadır. Ukraynanın öz gücünü göstərməsi bütün ölkələrin  mövqeyinə təsir etdi. Əslində, tarix təkrarlanır. 1938-ci ildə Almaniya Çexoslavakiyaya hücum edəndə hər kəs “verək, qurtaraq” dedi, Hitlerin bununla kifayətlənəcəyini düşündü. Ancaq necə olduğunu hər kəs gördü. Krım işğal ediləndə və ya 2014-cü ildə Ukraynanın şərqini Rusiya işğal edəndə də bənzər mövqelər ortaya çıxdı. Ancaq 2022-ci ildə hər kəs Rusiyanı bununla durdurmağın mümkün olmadığını gördü. Eyni zamanda, Trampın onları özləriylə baş-başa buraxmasının da ciddi təsiri var. Avropa ölkələri bir-birilərinə dəstəyə hazır olmalarının vacibliyini başa düşdülər”. 

Səfirin sözlərinə görə, Aİ ölkələri içərisində Ukraynanı qeyd-şərtsiz dəstəkləyən Baltik ölkələri, Finlandiya, İsveç, Çexiya və Polşadır: “Polşa daxili siyasətindəki çəkişmələr zaman-zaman bu prosesə də təsirini göstərir, ancaq ümumi siyasət dəstək yönündədir. Bu ölkələr Rusiya istilasının və zülmünün nə demək olduğunu daha yaxşı başa düşürlər. Əslində, qonşumuz Macarıstanın da bunu daha yaxşı başa düşməsi lazımdır - Avropada Sovet işğalına qarşı çıxan və qurbanlar verən bir ölkə kimi. Ancaq Orban  hökuməti bunu görməzliyə vurur. Təbii ki, biz bunu başa düşürük - hər ölkənin öz mənayefi var. Macarıstanda əlbəttə məsələ dövlət deyil, Orban məsələsidir. Ancaq digər tərəfdən, Macarıstanın Ukrayna ilə bağlı narahatlığı da anlaşılandır. Ukrayna çox böyük bir dövlətdir, potensialı və iddiası çox böyükdür. Bu gün bəlkə biz onlara rəqib deyilik, ancaq sabah ola bilərik. Ukraynalılar çox proaktiv insanlardır və bu belə bir dövləti Aİ üzvlüyünə qəbul etmək hər kəsi narahat edir.  Digər tərəfdən, Avropadakı Rusiya faktorunu da unutmamaq lazımdır. Rusiya hər ölkədə çalışır. Qərbi Avropada da, Şərqi Avropada da, Türkiyədə də. Avropada seçkilərə təsir mexanizmləri belə var. Əlbəttə, biz bütün ölkələrin öz mənafelərini düşünməsinə hörmət edirik. Ancaq kimsə unutmamalıdır ki, bu, Ukrayna məsələsi deyil, ilk növbədə Avropa məsələsidir, dünya məsələsidir. Mövcud beynəlxalq sistem pozularsa, bunun sonu hər kəs üçün təhlükəli olacaq”. 

Türkiyənin  balansı 

Rusiya ilə Ukrayna arasındakı müzakirələrdə aktiv rol oynayan aktyorlardan biri də Türkiyədir. Türkiyə 2014-cü ildən etibarən Ukrayna  torpaqlarının işğalına qarşı çıxır. Krımın işğalını tanımayan ilk ölkələrdən biri olan Türkiyə 10 ildir BMT-də Ukraynanın ərazi bütövlüyünün pozulmasını və Rusiyanın işğalçı pozisiyasını rəsmiləşdirən qətnamələrin hazırlanmasında və qəbulunda ciddi rol oynayır. Eyni zamanda, Ankara 2022-ci ildən etibarən sülh müzakirələrində ev sahibliyi etmək üçün səy göstərir və buna müəyyən ölçüdə nail olub. Ancaq Ankaranın da mövqeyində gözə çarpacaq dərəcədə ziqzaqlar müşahidə olunur. 

Ankara rəsmi olaraq balans siyasəti həyata keçirdiyini iddia edir. Bu balans özünəməxsus - Türkiyə üsuluyla həyata keçirilir: Krımın işğalını tanımamaqla birlikdə 2014-cü ildən bəri Rusiya ilə iqtisadi əlaqələri yüksələn xətlə davam edir. Ukraynaya xüsusilə müharibənin ilk günlərində kritik rol oynayan “Bayraktar” dronlarını və başqa silah-sursat satır, Ukraynada “Bayraktar”ın fabrikini tikir, Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyir, ancaq Rusiya ilə də S-400 hava müdafiə sistemlərinin alınması, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, “Türk Akım” kimi böyük layihələrdə strateji tərəfdaşlığını davam etdirir (Coşkun, Gabiev, Pierini, Siccardi and Umarov, 2024).

Bu ip üstündə irəliləyən və bəzən “bir addım irəli, iki addım geri” şəklində təzahür edən balans siyasəti 2022-ci ildə böyük müharibə başladıqdan sonra da davam edir. Türkiyə Rusiyanın Ukrayna torpaqlarını işğalına rəsmən qarşı çıxdı, Montro sazişinə uyğun olaraq boğazlarını müharibə gəmiləri üçün bağlı elan etdi, beynəlxalq platformalarda Rusiyanı işğalçı kimi tanıyan bütün qərarları dəstəklədi - yəni simvolik və diplomatik olaraq Kiyevin və Qərb blokunun yanında oldu, ancaq eyni zamanda, hava sahəsini Rusiya təyyarələrinə açıq saxladı və Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmadı - yəni praktik olaraq, Moskvanın əlindən tutdu (Cook, 2022). 

Digər tərəfdən, məsələnin vizual-təbliğati tərəfində də zaman-zaman Rusiyanın lehinə olan balans pozulmaları müşahidə olunur. Türkiyə mediası böyük ölçüdə Rusiya təbliğatının təsiri altındadır. Dövlət yayım orqanları da daxil olmaqla, Türkiyə mediasında bu məsələdə balans açıq şəkildə Rusiyanın xeyrinədir. Bunda Türkiyədəki anti-qərbçiliyin də, son illərdə yüksələn avrasiyaçılığın da, Türkiyə hökumətinin Rusiya ilə isti münasibətlərinin də rolu böyükdür (KHAR Center, iyul 2025). 

Eyni zamanda, Ankara Rusiya ilə münasibətlərdə təmsil səviyyəsini ən yuxarıda saxlamağa çalışarkən Ukraynaya siyasi dəstək mövzusunda simvolik addımlar atması da gözdən qaçmır. Bunun ən böyük nümunələrindən biri sentyabrın əvvəlində nümayiş etdirildi - Pekində keçirilən Şanxay Əməkdaşlıq Sammitinə prezident başda olmaqla ən yüksək səviyyədə və böyük bir heyətlə gedən Türkiyə Ukraynaya dəstəyin müzakirə olunduğu “Könüllülər Koalisiyası” toplantısında simvolik şəkildə - vitse-prezident Cevdət Yılmazın onlayn iştirakıyla yer aldı (DHA, sentyabr 2025). 

2024-cü ildə keçirilən Krım Platforması liderlər və parlamentarlar  sammitində də Türkiyə simvolik iştirakı seçmişdi - birincidə prezident Ərdoğanın video mesajı, ikincidə isə Məclis sədri əvəzinə müavini Bəkir Bozdağ ilə(İletişim Başkanlığı, 2024), (QHA, 2024). Halbuki, Krım Platforması Parlamentlər Sammitindən cəmi bir ay əvvəl Məclis sədri Numan Kurtulmuş Rusiyaya rəsmi səfər edərək həm prezident Putin, həm parlament sədri Matvienko ilə görüşmüşdü (Turkiyetoday, 2024).

Bütün bunlara baxmayaraq, Ukrayna Ankara ilə münasibətlərdə tənqidi mövqedən uzaq durmağa çalışır. Səfir Nariman Celalov KHAR Centrə eksklüziv müsahibəsində danışır ki, Türkiyənin 2014-cü ildən etibarən Ukraynanın ərazi bütövlüyünün qorunmasına dair tutduğu mövqe Kiyev üçün olduqca mühüm və prinsipial məsələdir: “Heç şübhəsiz, bu, Türkiyə üçün də mühüm məsələdir, çünki Ukraynanın ərazi bütövlüyünün pozulmaasının qəbul edilməsi çox pis tendensiya yarada bilər. Türkiyə bunun fərqindədir və diplomatik addımlarını buna görə atır. Eyni zamanda, Türkiyənin sülh müzakirələrinə dair açıqlamaları da çox mühümdür. Xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın açıqlamalarında yer alan “ədalətli sülh” vurğusu bizim üçün çox mühümdür. Prezident Ərdoğanın ən son Krım Platformasına göndərdiyi mesajda verdiyi “Krım Ukraynaya qayıtmalıdır” vurğusu da çox mühüm məsələdir”. 

Nariman Celalov Türkiyənin Ukrayna cəmiyyətində və Qərbdə tənqidlərə səbəb olan Rusiya ilə yaxın münasibətlərinə çox da ağrılı yanaşmır: “Əvvəla, hər bir ölkənin öz mənafeyi var və biz Türkiyənin Rusiya ilə iqtisadi əlaqələrini anlayışla qarşılayırıq. Əlbəttə, Türkiyənin əlində Rusiyaya təzyiq imkanları var. Rusiya Türkiyəyə möhtacdır - həm deklarativ, həm praktik baxımdan. Ancaq nəzərə almaq lazımdır ki,  Ankaranın bu təzyiq mexanizmlərdən istifadə etməsi “sülh” missiyasının üstündən xətt çəkmək demək olar. Bu baxımdan biz qərar verməliyik - Türkiyə körpü olmalıdır, yoxsa tamamilə bizim yanımızda olaraq Rusiyaya qarşı çıxmalıdır? Hazırda Türkiyənin körpü rolu oynaması bizim üçün mühümdür”.

Putin-Zelenski görüşü mümkündürmü? 

Yuxarıda yazıdıqlarımız - yəni tərəflərin mövqeyi prosesin nə zaman və nə ilə nəticələnəcəyinə dair hər hansı bir proqnoz verməyi mümkün etmir. Sentyabrın əvvəlində Çindəki Şanxay Əməkdaşlıq Təşkilatı toplantısından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin hələlik Zelenski ilə üz-üzə görüşə hazır olmadığını açıqladı (DW,  sentyabr 2025). Daha sonra isə Putinin Zelenskini üz-üzə görüş üçün Moskvaya çağırdığı bildirildi, ancaq Ukrayna lideri bunu qətiyyətlə rədd etdi (Reuters, sentyabr 2025). 

Ukraynanın Ankaradakı səfiri Nariman Celalov deyir ki, Zelenski-Putin görüşü şəraitə bağlıdır: “Təbii ki, Putin bunu istəmir. Çünki buna ehtiyac görmür. Müharibəni davam etdirmək istəyir. 

Ancaq o istəməsə belə ABŞ təzyiq göstərsə, görüş baş tuta bilər. Putin heç vaxt Amerikaya getməzdi. Tramp təzyiq göstərdi, təyyarəyə oturdu və getdi. Təbii ki, Tramp da onun könlünü almaq üçün qarşıladı, jestlər etdi. Ancaq bu da bir şeyi dəyişdirmədi. Putin getdi, Amerikada danışdı, gəldi Ukraynanı bombalamağa davam etdi. Çünki Putin budur - nə qədər imkan versən, o qədər istifadə edəcək. Nə qədər təzyiq göstərib məhdudlaşdıracaqsan, o qədər geri addım atacaq. Bu baxımdan, proses ABŞ-nin təzyiqinə bağlıdır. Zelenski isə görüşməyə hazırdır. Əlbəttə, Moskvada deyil, başqa bir yerdə, ancaq hazırdır”. 

Bəs Zelenskinin bu hazırlığının arxasında nə var - həqiqətən bu görüşün müharibəni bitirəcəyinə inanır, yoxsa Putinin müzakirə istəmədiyini və görüş olsa belə, orta yol təklif edilsə belə, bunu qəbul etməyəcəyini dünyaya, xüsusilə də Trampa göstərməyə çalışır? 

Ukraynalı diplomat deyir ki, Zelenski səmimi olaraq müharibənin başa çatmasını istəyir: “Ancaq bu, Zelenskinin ədalətli olmayan hər hansı sülhü qəbul edəcəyi demək deyil. Zelenski ictimai rəylə çox çalışan, xalqın mövqeyini ciddi şəkildə nəzərə alan bir liderdir. Son sorğulara görə, ukraynalıların çoxu sülh istəyir. Ancaq eyni zamanda, ukraynalıların çoxu torpaq güzəştini mümkünsüz hesab edir. Bu o deməkdir ki, hətta nəzəri olaraq Ukrayna hər hansı ədalətli olmayan sülhə məcbur edilsə belə, Ukrayna xalqı bunu qəbul etməz. Zelenski də bunu bilir və o səbəbdən xalqın qəbul etmədiyi hər hansı sənədə imza atmaz”. 

 Krım düyünü

Krım Türkü olan və səfir təyin olunmadan əvvəl Krım Tatar Milli Məclisinin sədr müavini postunu tutan, işğala qarşı olduğu üçün 3 il Rusiyada həbsdə yatan Nariman Celalov Trampın istədiyi Krımın işğalı ilə barışmanın Ukrayna üçün faciə olacağını düşünür: “Ukrayna Krımdan vaz keçərsə, simvolik baxımdan uduzmuş olacaq. Praktik baxımdan, Rusiya hərbi meydan kimi istifadə etdiyi Krımda daha da güclənəcək və bu Ukrayna üçün daimi təhdid olacaq. Digər tərəfdən, bu halda Qara dənizə çıxış sadəcə Odessa və Nikolayevdən olacaq ki, bu da davamlı Rusiya təhdidi altında qalmaq deməkdir. Nəhayət, belə bir qərar verərsə, Ukrayna öz vətəndaşlarını satmış olacaq. Hazırda dünyada dəstək verib-verməməyindən asılı olmayaraq hər kəs Ukraynaya hörmət edir. Ancaq Krımdan vaz keçərsə, bu hörmətini itirə bilər. Ukrayna qərarvericiləri də bunun fərqindədir. Mən hələ gənc jurnalist olduğum zaman Krımda çıxan Avdet qəzetində “Krım Ukraynanın müstəqilliyinin açarıdır. Ruslar ilk həmlədə bu kilidi qırmağa çalışacaq” deyə yazmışdım. Elə də oldu. Bu baxımdan, Krım Rusiyada olduğu müddətcə Ukrayna heç vaxt özünü təhlükəsiz hesab edə bilməz. Trampın təklif etdiyi kimi Krımı Rusiyaya versək, Rusiya digər torpaqlardan çıxsa belə, bununla heç bir şey bitməyəcək. Ruslar gələcəkdə keçmiş tarixi narrativlərinə yeni işğal simvolları əlavə edərək geri qayıdacaqlar. Bu baxımdan, Krımdan vaz keçmək yolverilməzdir”.

Nariman Celalov problemin Ukrayna üçün də, dünya üçün ən doğru həllinin ədalətli sülh olduğunu deyir: “Əks təqdirdə, bu problem bitməyəcək, gələcək nəsillərə qalacaq, illərlə davam edəcək. Bununla da qalmayacaq, Rusiya yenidən və daha güclü şəkildə Ukraynadan yeni torpaqlar tələb edəcək, Qafqaza qayıdacaq, Suriyaya qayıdacaq. Daha da pisi, bu presedent dünyada yeni-yeni müharibə ocaqlarının yaranmasına səbəb olacaq”. 

NƏTİCƏ

Analizdə sadalanan faktlar və səfir Nariman Celalovın müsahibəsində söylədiyi fikirlər Rusiya-Ukrayna müharibəsinə dair danışıqlarda və ümumiyyətlə müharibənin gedişatında ən azından yaxın pesrspektivdə prinsipial dəyişikliklər olmayacağını göstərir. Münaqişənin tərəfləri və vasitəçilərin mövqeyini ümumiləşdirsək; 

- Ukrayna problemın hüquqi və ədalətli həllini tələb edir və konkret təkliflər irəli sürür, ancaq bu təklifləri təkbaşına reallaşdıracaq imkanları yoxdur,  

- Rusiya davamlı dəyişən, artan və qəbul edilməsi mümkün olmayan tələblər irəli sürür və Ukraynaya hücumları artıraraq bu tələblərinə nail olmağa çalışır, 

-Avropa Ukraynaya dəstək verir, ancaq bu dəstək Kiyevin istər danışıqlar stolunda, istər təmas xəttində qazanması üçün kifayət etmir. Üstəlik Avropa daxilindəki problemlər də bu prosesə mane olur,

- Türkiyə Rusiya ilə isti münasibətlər və iqtisadi bağlar fonunda Ukraynaya deklarativ dəstək verir, sülh missiyası ilə çıxış edir, ancaq münaqişənin həlli üçün heç bir təklif irəli sürmür, 

- ABŞ prezidenti Trampın davamlı dəyişən ritorikası və daha çox Ukraynanı kapitulyasiyaya məcbur etmə səyləri danışıqların onsuz da sürüşkən olan zəminini daha da ipdən asılı vəziyyətə gətirir. 

- Nəhayət, heç bir ölkə Ukraynaya hər hansı təhlükəsizlik təminatı vermir. 

Bütün bu faktor sülh danışıqlarının inkişafına xidmət etmir, əksinə, bataqlığı daha da dərinləşdirir. 

Qeyd: Ukraynanın Ankara səfiri ilə müsahibənin orijinal dili türkcədir. 



İSTİNADLAR

Financial Times, sentyabr 2025. Russia launches record mass drone attack on Ukraine. https://www.ft.com/content/9cb8ae97-29da-4ae0-b790-69238e9680cf 

KHAR Center, iyun 2025a. Putin Avtoritarizmi və Sülh İlluziyaları: Rusiya–Ukrayna arasında Sülh Niyə Mümkün Görünmür?

https://www.kharcenter.com/arasdirmalar/putin-avtoritarizmi-ve-sulh-illuziyalari-rusiya-ukrayna-arasinda-sulh-niye-mumkun-gorunmur 

AP, avqust 2025. https://apnews.com/article/europe-trump-putin-summit-ukraine-territory-ba56ddbd24d1b7e8e0aca7754d0f180a 

The Guardian, avqust 2025. Putin demands full control of Donetsk and Luhansk as condition for ending Ukraine war – as it happened

https://www.theguardian.com/world/live/2025/aug/16/putin-trump-summit-alaska-us-europe-ukraine-security-guarantees-zelenskyy-latest-news-updates 

CNN İnternational, 2022. The turning points in Russia’s invasion of Ukraine. https://edition.cnn.com/interactive/2022/09/europe/russia-territory-control-ukraine-shift-dg/

Belfer, 2023. Russia-Ukraine Report Card. https://www.belfercenter.org/publication/russia-ukraine-report-card

Belfer, yanvar 2025. The Russia-Ukraine War Report Card, Jan. 8, 2025. https://www.russiamatters.org/news/russia-ukraine-war-report-card/russia-ukraine-war-report-card-jan-8-2025

Al Jazeera, avqust 2025. How much territory does Russia control in Ukraine?https://www.aljazeera.com/news/2025/8/14/trump-putin-meeting-how-much-territory-does-russia-control-in-ukraine

Reuters, avqust 2025. Outline emerges of Putin's offer to end his war in Ukraine.

https://www.reuters.com/world/china/outline-emerges-putins-offer-end-his-war-ukraine-2025-08-17/ 

Hurriyet, sentyabr 2025. Moskovadan flaş çıkış:  İstanbuldaki mutabakata işaret etti. 

https://www.hurriyet.com.tr/dunya/moskovadan-flas-cikis-istanbula-isaret-etti-42938362

KHAR Center, iyun 2025b. Putin Avtoritarizmi və Sülh İlluziyaları: Rusiya–Ukrayna arasında Sülh Niyə Mümkün Görünmür?

https://www.kharcenter.com/arasdirmalar/putin-avtoritarizmi-ve-sulh-illuziyalari-rusiya-ukrayna-arasinda-sulh-niye-mumkun-gorunmur

AP, 2024. Trump says he can end the Russia-Ukraine war in one day. Russia’s UN ambassador says he can’t. https://apnews.com/article/trump-russia-ukraine-war-un-election-a78ecb843af452b8dda1d52d137ca893?

KHAR Center, iyun 2025c. Putin Avtoritarizmi və Sülh İlluziyaları: Rusiya–Ukrayna arasında Sülh Niyə Mümkün Görünmür?

https://www.kharcenter.com/arasdirmalar/putin-avtoritarizmi-ve-sulh-illuziyalari-rusiya-ukrayna-arasinda-sulh-niye-mumkun-gorunmur 

CBS News, iyul 2025. Trump threatens tariffs targeting  Russia without  deal to end Ukraine  war in 50 day. 

https://www.cbsnews.com/news/trump-tariffs-russia-ukraine-deal-to-end-war/

Politico, iyul 2025. Trump says 10-day deadline for Russia to broker ceasefire in Ukraine starts Tuesday. https://www.politico.com/news/2025/07/29/trump-russia-ukraine-ceasefire-00482064

Politico, avqust 2025. Witkoff has ‘highly productive’ meeting with Putin ahead of Friday ceasefire deadline

https://www.politico.com/news/2025/08/06/witkoff-putin-meeting-russia-war-00495639 

The Ecomonist, avqust 2025. İntead of sanctions Donald Trump announces a summit with Russia. https://www.economist.com/europe/2025/08/09/instead-of-sanctions-donald-trump-announces-a-summit-with-russia

The Guardian, avqust 2025.  USSR sweatshirt and chicken kyiv: Russia dials up trolling before Alaska summit

https://www.theguardian.com/world/2025/aug/15/ussr-sweatshirt-and-chicken-kyiv-russia-dials-up-trolling-before-alaska-summit 

Al Jazeera, avqust 2025. Trump-Zelenskyy meeting updates: US to arrange Russia-Ukraine summit

https://www.aljazeera.com/news/liveblog/2025/8/18/live-trump-to-meet-zelenskyy-after-dismissing-ukraines-crimea-nato-hopes

AP, 8 sentyabr 2025. Ukraine shows diplomats damage after Russia’s largest aerial attack since invasion. https://apnews.com/article/russia-ukraine-war-drone-attack-kyiv-trump-c9bb9ab63dbdacca42f6914d29f6ff5

Evans, Mihail. May 2025. How the European Union Failed to Prevent the Ukraine Conflict. https://www.cambridge.org/core/journals/public-humanities/article/how-the-european-union-failed-to-prevent-the-ukraine-conflict/5BEFF1EE37757D05D93558E3EE6EC068

Pelayo, Jacqueline 2022. Comparing the European Union’s Sanctions Against Russia in 2014 vs. 2022: Energy Dependence as a Tool of Political Divergence. University of British Columbia

Dziubinska, Amanda. 2022. Franco-Russian Economic Relations in the Face of the War in Ukraine

https://www.pism.pl/publications/franco-russian-economic-relations-in-the-face-of-the-war-in-ukraine.  

The Moscow Times, 2019. Closing Off Dialogue With Russia a 'Huge Mistake,' France's Macron Says. https://www.themoscowtimes.com/2019/11/07/closing-off-dialogue-with-russia-a-huge-mistake-frances-macron-says-a68083

Regenbrecht, Johannes, yanvar 2025. The Minsk Agreements 10 Years After: 10 Lessons learned for future Negotiations with Moscow. https://libmod.de/en/the-minsk-agreements-10-years-after-10-lessons-learned-for-future-negotiations-with-moscow

KHAR Center, iyul 2025. Avropanın Orbanizasiya Təhlükəsi (II hissə). 

https://www.kharcenter.com/arasdirmalar/avropanin-orbanizasiya-tehlukesi-ii-hisse

Atlantic Council, 2023. Experts react: Can new French and German weapons turn the tide in Ukraine? https://www.atlanticcouncil.org/blogs/new-atlanticist/experts-react-can-new-french-and-german-weapons-turn-the-tide-in-ukraine/ 

Reuters, avqust 2025. Text of European leaders statement on Trump-Putin talks in Alaska. https://www.reuters.com/world/europe/text-european-leaders-statement-trump-putin-talks-alaska-2025-08-16/

AP News, sentyabr 2025. Macron says 26 countries pledge troops as a reassurance force for Ukraine after war ends. https://apnews.com/article/russia-ukraine-war-witkoff-europe-61ae60275a00cb442c743181df13b785

Coşkun Alper, Gabuev Alexander, Pierini Marc, Siccardi Francesco, Umarov Temur, 2024. Understanding Türkiye’s Entanglement With Russia. Carnegie Endowment for İnternational Peace..  https://carnegieendowment.org/research/2024/10/understanding-turkiyes-entanglement-with-russia?lang=en 

Cook A. Steven, 2022. Where Turkiye Stands on the Russia-Ukraine War

https://www.cfr.org/in-brief/where-Turkiye-stands-russia-ukraine-war

KHAR Center, iyul 2025. Türkiyədə Panavrasiya Trendi: İdeoloji Yönlər, Siyasi Dinamikalar və Geosiyasi Təsirlər (II yazı) https://www.kharcenter.com/arasdirmalar/turkiyede-panavrasiya-trendi-ideoloji-yonler-siyasi-dinamikalar-ve-geosiyasi-tesirler-ii-yazi 

DHA, 2025. Cumhurbaşkanı Yardımcısı Yılmaz, 'Gönüllüler Koalisyonu Liderler Zirvesi'ne katıldı

https://www.dha.com.tr/politika/cumhurbaskani-yardimcisi-yilmaz-gonulluler-koalisyonu-liderler-zirvesine-katildi-2712903 

İletişim Başkanlığı, 2024. Cumhurbaşkanı Erdoğan, Dördüncü Kırım Platformu Liderler Zirvesi’ne video mesaj gönderdi. https://www.iletisim.gov.tr/turkce/haberler/detay/cumhurbaskani-erdogan-dorduncu-kirim-platformu-liderler-zirvesine-video-mesaj-gonderdi 

Bekir Bozdağ Kırım Platformu 3. Parlamenterler Zirvesinde konuştu. https://www.qha.com.tr/gundem/vekil-bozdag-uluslararasi-kirim-platformu-3-parlamenter-zirvesi-nde-496834

Turkiye Today, 2024. Turkish Parliament Speaker Kurtulmus discusses ties with Putin in Kremlin. https://www.turkiyetoday.com/turkiye/turkish-parliament-speaker-kurtulmus-discusses-ties-with-putin-in-kremlin-57733

Deutche Welle, sentyabr 2025. Erdoğan: Putin ve Zelenskiy görüşmeye henüz hazır değil. 

https://www.dw.com/tr/erdo%C4%9Fan-putin-ve-zelenskiy-g%C3%B6r%C3%BC%C5%9Fmeye-hen%C3%BCz-haz%C4%B1r-de%C4%9Fil/a-73851101

Reuters, sentyabr 2025. Putin tells Ukraine: End war via talks or I will end it by force.

https://www.reuters.com/world/europe/putin-tells-ukraine-end-war-via-talks-or-i-will-end-it-by-force-2025-09-03/


Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin