Giriş
Rusiya, Şimali Koreya, İran və Çin arasında dərinləşən ittifaq Qərb üçün getdikcə daha ciddi strateji təhlükəyə çevrilir. “Avtoritarizm oxu” adlandırılan bu koalisiya Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzündən sonra əlaqələrini daha da möhkəmləndirib (Carnegie Endowment 2024a).
Bu avtoritar rejimlər blokunun daxilindəki münasibətlər mürəkkəb və çoxşaxəlidir. Onların əməkdaşlığı ticarət və hərbi sahələrdən tutmuş (silah satışı, birgə silah istehsalı, texnoloji inkişaf layihələri daxil olmaqla) kosmik proqramlara, kibertəhlükəsizliyə və kəşfiyyat məlumatlarının mübadiləsinə qədər uzanır (LLNL, 2025a) və dedollarizasiya siyasəti vasitəsilə ABŞ-ın qlobal maliyyə üstünlüyünü zəiflətməyə yönəlmiş iqtisadi təşəbbüslərlə tamamlanır.
ABŞ və Avropa İttifaqının sanksiyaları bu ölkələri təcavüzkar siyasətlərindən çəkindirməkdə uğursuz olub. Əksinə, proses Moskvanın “antiqərb dirənişinin” simvoluna çevrilməsi ilə nəticələnib. Bu imic bəzi dövlətlər üçün cəlbedici nümunə rolunu oynayır (The Guardian 2024a).
1945-ci ildən bəri Avropada ən böyük müharibə ilə üzləşən Qərb demokratiyaları qarşıdakı onillikdə Rusiya–NATO qarşıdurması ehtimalı fonunda qitənin təhlükəsizliyini təmin etmək üçün ciddi və sistemli addımlar atmalıdır.
“Xaos kvarteti” adlandırılan bu dördlük sanksiyaların tətbiqindəki boşluqlardan və ixrac nəzarət sistemlərindəki zəifliklərdən ustalıqla istifadə edərək destabilizasiya fəaliyyətlərini davam etdirməklə yanaşı, onları daha da genişləndirir. Ən ciddi narahatlıqlardan biri isə Rusiya, İran və Şimali Koreya tərəfindən istehsal olunan silahlarda Qərb mənşəli komponentlərin hələ də aşkarlanmasıdır (ODNI, March 2025a). Bu fakt həmin rejimlərin sanksiyaları həm texnoloji, həm də logistik səviyyədə aşmaq və onlara uyğunlaşmaq bacarığını göstərir.
Bu təhlilin başlıca məqsədi "avtoritarizm oxu" adlandırılan Rusiya, Şimali Koreya, İran və Çin koalisiyasının strukturu, fəaliyyət sahələri və imkanlarını sistematik şəkildə araşdırmaqdır.
Analiz yazısı aşağıdakı sualları cavablandırır:
- “Avtoritarizm oxu”nun cari əməkdaşlıq strukturları və çevik sanksiyalardan qaçma strategiyaları Qərbin təhlükəsizlik və iqtisadi məqsədlərinə necə təsir edir?
- Bu qədər fərqli dövlətlər –Sovet İttifaqı ərazisinin bərpası xülyası ilə yaşayan Putin Rusiyası, İslam teokratiyası ilə idarə olunan İran, kommunist super güc Çin, daxilə qapanmış sosialist Şimali Koreya – nəyə görə əməkdaşlığa gedir?
Şər oxu
Düşmənlərin artmasının ən böyük təhlükəsi odur ki, bir gün onların hamısı birləşib dost ola bilər. Geosiyasi xaosun hökm sürdüyü bir dövrdə müttəfiqlə düşmən, dostla rəqib arasındakı sərhədlər getdikcə daha da qarışır. 2024-cü il yanvarın 2-də Ukraynanın Xarkov şəhərinə raket düşəndə, ilk baxışda hər şey adi görünsə də, qısa zamanda qəribəlik ortaya çıxdı: Rusiya tərəfindən atılan həmin raket rus istehsalı kimi görünmürdü (Reuters, 2024a).
Bu, Rusiyanın Ukraynanı işğaldan bəri həyata keçirdiyi ən genişmiqyaslı hava hücumunda — beş gün ərzində atılan yüzlərlə raketdən yalnız biri idi. ABŞ mütəxəssisləri raketlərin fotolarını incələyəndə onların Şimali Koreya istehsalı raketlərlə demək olar ki, tam eyni olduğunu gördülər. Şimali Koreya müharibənin gedişində Rusiyaya 11 min konteyner silah göndərmişdi (CSIS, September 2025a).
Hücumda istifadə olunan silahlar bununla bitmirdi. Rusiyanın əlində İran istehsalı PUA-lar və Çin istehsalı turbojet mühərrikli qanadlı raketlər də vardı. Bu silahların Ukraynada peyda olması təsadüf deyil, Rusiya, İran, Şimali Koreya və Çinin artıq açıq-aşkar koordinasiyalı hərəkət etmələrinin nəticəsi idi (GIGA, 2023).
Bayden administrasiyası bu yaxınlaşmanı “Axis” – yəni “Ox” adlandırmağa başladı. Bu termin həm də İkinci Dünya Müharibəsində ABŞ və müttəfiqlərinə qarşı döyüşən “Berlin–Roma–Tokio oxu”nu xatırladır. Bundan başqa, keçmiş prezident Corc Buşun məşhur “Şər oxu” ifadəsinə də bir eyham var.
Çin, İran, Rusiya və Şimali Koreya: müxtəlif rejimlər, ortaq maraqlar
Soyuq müharibədən sonrakı dövrdə formalaşmış, Avropa qitəsində böyük miqyaslı müharibələrin artıq keçmişdə qaldığı, demokratiyanın isə qaçılmaz şəkildə irəliləyəcəyi barədə illüziya tamamilə dağılıb. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi bu illüziyanın sonunun başlanğıcı oldu. Baxmayaraq ki, yeni geosiyasi reallıqları tam anlamaq üçün bir çoxlarına daha bir onillik lazım gəldi. Kobud gerçəklik budur ki, çoxqütblü dünya formalaşdıqca, bloklararası ideoloji qarşıdurmanın yenidən baş qaldırması “imperialist ambisiyalar”a malik və məqsədlərinə çatmaq üçün əsas vasitə kimi hərbi və ya hibrid təcavüzdən istifadə edən “avtoritar güclər oxuna” qarşı cəsarətli və prinsipial liderliyi zəruri edir (Carnegie Endowment 2024b).
Bu dəyişən reallıq xüsusilə Avropa üçün müdafiə və təhlükəsizlik sahəsinə təxirəsalınmaz və qətiyyətli investisiyalar tələb edir. Çünki qitənin hərbi qabiliyyəti illərlə “Lissabondan Vladivostoka qədər vahid qitə” kimi utopik bir görüşün arxasınca getməsi nəticəsində tədricən zəifləyib. Bu xəyali yanaşma nəticəsində Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında irəli sürdüyü Rusiya gündəliyi addım-addım həyata keçirilib. Nəhayət reallıqların diktəsi ilə 2022-ci ildə NATO tərəfindən Rusiyanın strateji təhlükə kimi tanınması ilə nəticələnib (CSIS September, 2025b).
“Limitsiz qloballaşma” və “ticarət vasitəsilə sülh” kimi şüarlar yeni yaranan avtoritarizm oxunun qarşısında tamamilə iflasa uğrayıb (LLNL February, 2025b). Bu oxun mərkəzində Rusiya və Çin dayanır. Hər iki ölkə onilliklər ərzində Qərb texnologiyalarına çıxışdan və istehsalın Şərqə köçürülməsindən bəhrələnib. Uzun müddət sanksiyalar altında olan Şimali Koreya və İran da onlara qoşulmaqla, Qərbin təhlükəsizliyini arxa plana atan siyasətin nəticələrindən faydalanırlar. Avtoritar təsirin yenidən konsolidasiyası Qlobal Cənubdakı illiberal rejimlər üçün cazibə mərkəzinə çevrilərək Qərbin təsir gücünü və qlobal nüfuzunu daha da azaldır (CSIS September, 2025c).
İllərlə davam edən təxribatlara — o cümlədən 2008-ci il Gürcüstan müharibəsinə və Qərb dövlətlərinə qarşı həyata keçirilən hibrid hücumlara — Qərbin zəif reaksiyası Rusiyanı 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı təcavüzə sövq etdi. Çin isə rəsmi neytrallıq mövqeyi sərgiləsə də, Rusiyanın hərbi-sənaye kompleksini ayaqda saxlamaqda mühüm rol oynayır. 2023-cü ilin mart-iyul aylarında Çin şirkətləri Rusiyaya hər ay 10 minədək CNC (Computer Numerical Control equipment) avadanlığı göndərib (James Pomfret and Michael Martina, 2024). Bu tədarüklər, eləcə də yarımkeçiricilər, naviqasiya sistemləri və yüksək dəqiqlikli istehsal avadanlıqları Rusiyaya köhnəlmiş Sovet dövrü silah arsenalını modernləşdirməyə və yeni silah sistemlərini inkişaf etdirməyə imkan verib (ODNI March 2025b). Pekinin bu fəaliyyəti onun Moskva ilə məqsədlər baxımından səssiz razılaşmada olduğunu göstərir və Rusiyanın təcridini çətinləşdirir.
Eyni zamanda, Rusiya və Şimali Koreya arasında əməkdaşlıq xüsusilə təhlükəli xarakter alıb. Qarşılıqlı müdafiə barədə sazişi hər iki ölkə 2024-cü ilin sonlarında ratifikasiya edib (The Guardian 2024b). Bu müqavilə qarşılıqlı hərbi yardım öhdəliyi yaradır və Pxenyanın Moskvaya göstərdiyi birbaşa hərbi dəstəyin hüquqi əsasını formalaşdırır.
2024-cü ildə Cənubi Koreyanın müdafiə naziri vəzifəsini tutan Şin Von-sikin sözlərinə görə həmin il Şimali Koreyada təxminən 200 sursat zavodu tam gücü ilə fəaliyyət göstərirdi. KXDR Rusiyaya Rajin limanı vasitəsilə 11 minədək hərbi yük konteyneri göndərib. Bu yüklərə artilleriya mərmiləri, eləcə də “Bulsae-4” tank əleyhinə idarə olunan raket kompleksləri daxil idi — ümumi dəyəri 1,72 milyarddan 5,52 milyard ABŞ dollarına qədər dəyişirdi (Joe Saballa, 2024). Şimali Koreya həmçinin pilotsuz uçuş aparatlarının istehsalını genişləndirir və Kim Çen In bu texnologiyada liderliyə iddialı olduqlarını vurğulayır. Əvəzində Rusiya Pxenyana MiG-29 və Su-27 qırıcı təyyarələri təqdim edərək onun hava qüvvələrini gücləndirib (defenseone.com, 2024).
İran–Rusiya münasibətləri əvvəlki taktiki əməkdaşlıq çərçivəsindən çıxaraq hərtərəfli müdafiə və iqtisadi ittifaq səviyyəsinə yüksəlib. Tehran və Moskva arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı da əhatə edən “Hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi”nin yaxın vaxtlarda imzalanması gözlənilir. Bu sənəd 2001-ci ildə bağlanmış “Dostluq və əməkdaşlıq əsasları haqqında müqavilə” üzərində qurulub, yenilənib və 2026-cı ilə qədər qüvvədə qalacaq. Bundan əlavə, İranın Avrasiya İqtisadi İttifaqı ilə tamhüquqlu azad ticarət zonası sazişi çərçivəsində əməkdaşlığı ilə bağlı danışıqlar davam edir (ISW, 2024a).
Hal-hazırda İran Rusiyaya “Şahed” və digər tip pilotsuz uçuş aparatları, sursat və artilleriya tədarük edir və hətta Rusiyanın öz ərazisində PUA istehsal zavodu açıb. Əvəzində Moskva Tehrana hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi də daxil olmaqla, müasir hərbi texnologiyalar təqdim etməyə hazırlaşır (ODNI March 2025c). Onların əməkdaşlığı radar, elektronika və hücum helikopterləri kimi sahələri də əhatə edir.
2023-cü ildə Rusiya İrana iki ədəd “Yak-130” təlim təyyarəsi çatdırıb. Bununla yanaşı, İran Ukrayna müharibəsində ələ keçirilmiş Qərb silahları vasitəsilə Qərb texnologiyalarına da çıxış əldə edib. Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, Rusiya 2022 və 2024-cü illərdə İran üçün bir neçə peyk buraxıb — bunlara “Xəyyam” (Canopus-V), “Kousar” yüksək ayırdetmə qabiliyyətli görüntüləmə peyki və “Hodhod” daxildir — və kosmik əməkdaşlıq sahəsində əlavə öhdəliklər götürüb (ISW 2024b).
Rusiya mütəxəssisləri hazırda İranın raket və kosmik proqramlarına texniki dəstək göstərsə də, Moskva hələlik Su-35 və S-400 kimi ən müasir sistemləri Tehrana təhvil verməyib. Bu gecikmə Rusiyanın Körfəz ölkələri ilə münasibətlərinə zərər vurmaq istəməməsi, həm də İranın bölgədə proksi terror təşkilatlarını gücləndirməsi ehtimalına nəzərən ehtiyatlı davranması ilə əlaqələndirilir.
Bundan başqa, İran–Çin, Çin–Şimali Koreya və Şimali Koreya–İran münasibətləri də bəzi məqsəd fərqliliklərinə baxmayaraq, strateji baxımdan möhkəmlənən oxun formalaşdığını nümayiş etdirir (LLNL February, 2025d). Hələ ki, bu ölkələr arasında dərin üçtərəfli və ya dördtərəfli əməkdaşlıq nümunələri məhdud olsa da, istiqamət aydındır: avtoritar güclər bir-birinə daha sıx bağlanır.
Qərbin öz zəiflikləri isə problemləri daha da dərinləşdirib. Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (NAKO) 2023-cü il hesabatına görə, Ukraynada ələ keçirilmiş Rusiya silahlarında 22 Qərb ölkəsinin 200-dən çox şirkətinin istehsal etdiyi, Rusiyaya tədarükü qadağan olunmuş 4 mindən komponent aşkar edilib . Həmin il Rusiyaya 4 milyard avro dəyərində texnoloji komponent daxil olub və bunların 64 faizi ABŞ mənşəli şirkətlərdən gəlib (NAKO, 2024). Bu boşluqlar Rusiyanın hərbi potensialını qorumasına və genişləndirməsinə imkan yaradıb, Avropa İttifaqının 15 sanksiya paketinin effektivliyini ciddi şəkildə zəiflədib.
Bu arada Avropa ciddi bir strateji dilemma ilə üz-üzə qalıb. NATO-nun ÜDM-in 2 faizi həcmində müdafiə xərcləri tələbinə hələ də səkkiz üzv dövlət — Kanada, İtaliya, Belçika, Portuqaliya, İspaniya, Xorvatiya, Lüksemburq, Sloveniya — əməl etmir (eunevvs, 2024). Əksinə, Polşa 2024-cü ildə ÜDM-in 4,1 faizini müdafiəyə ayıraraq ittifaqda lider mövqeyi tutub. Onu Estoniya, Latviya, Yunanıstan və ABŞ izləyib. ABŞ-ın 2024-cü il üzrə müdafiə xərcləri 755 milyard dollar olub ki, bunun təxminən 9,9 faizi tədqiqat və yeni avadanlıqlara yönəlib. NATO Baş katibi Mark Rütte üzv ölkələri müdafiə xərclərini ÜDM-in 4 faizinə çatdırmağa çağıraraq bu istiqamətdə təzyiqləri artırıb (NATO 2025).
Çin, İran, Rusiya və Şimali Koreyanın qlobal iddiaları
Çin, İran, Rusiya və Şimali Koreya rejim baxımından çox fərqlidir. Amma onların ortaq cəhətləri də az deyil. Əvvəla, hər biri öz nüfuz dairəsini genişləndirmək iddiasındadır.
Rusiya hələ SSRİ dövründə Şərqi Avropanın və Orta Asiyanın böyük hissəsinə nəzarət edirdi. Vladimir Putinin hakimiyyətə gəlişindən sonra isə Moskva postsovet ölkələrinin bir qismində sabitliyi pozmağa, bir qismini də birbaşa işğal etməyə başladı (ODNI, March 2025d).
İran İslam Respublikasının isə 1979-cu ildən bəri hədəfi Yaxın Şərqin əsas gücünə çevrilməkdir. İsraili xəritədən silmək də Tehranın istəklərinə daxildir (ISW, 2024c).
Şimali Koreya da oxşar xətt tutur. 1940-cı illərin sonlarından hakimiyətdə olan Kim sülaləsi ölkəni son dərəcə militaristləşdirib və nüvə arsenalına yiyələnib. Bu güc ilk növbədə Cənubi Koreyanı hədələmək üçün istifadə edilir.
Çin isə 1949-cu ildə bitən Vətəndaş müharibəsinin nəticələrinə əsasən nəzarətindən kənarda qalan Tayvana iddialıdır. Den Syaopinin islahatlarından sonra kommunist rejim qısa müddətdə ölkəni həm zənginləşdirdi, həm də hərbi qüdrətini artırdı. Nüvə silahları, texnologiya və işçi qüvvəsi ilə BMT Təhlükəsizlik Şurasında güclü mövqeyə sahib oldu. Son illər yalnız Tayvanla kifayətlənmir, Cənub-Şərqi Asiyanın tamamını təsir altına almağı hədəfləyib (Carnegie Endowment, sentyabr 2025).
Qarşıda duran əsas amil: ABŞ
Bu dörd ölkəni birləşdirən başqa bir ortaq cəhət hamısının ABŞ ilə düşmən olmasıdır. Amerika onların hər birinə qarşıdır və planlarını pozmağa çalışır. Vaşinqton uzun illərdir müttəfiqlərini silahlandırır və bu ölkələrin təsirini məhdudlaşdırır (Nigel Gould-Davies, 2024).
Ən güclü silahı isə iqtisadi sanksiyalardır. ABŞ həm özü, həm də müttəfiqləri vasitəsilə bu ölkələri beynəlxalq ticarətdən kənarlaşdırır. Nəticə – enerji, texnologiya, hətta ərzaq qıtlığı. Məsələn, Şimali Koreya nüvə proqramına görə kəskin sanksiyalara məruz qalmış, aclıq və iqtisadi çöküş yaşamışdı. İran uzun illər neftini sata bilmədi, maliyyə sıxıntısı yaşadı. Krımın ilhaqından, xüsusən də 2022-ci müharibəsindən sonra Rusiyaya qarşı da sərt iqtisadi məhdudiyyətlər tətbiq olundu.
“Axis” – yeni ittifaq
Bu basqılar dörd ölkəni bir-birinə yaxınlaşdırdı. Əslində, ticarət əlaqələri əvvəldən var idi. İran illərlə Şimali Koreyadan raket alıb, əvəzində neft verib. Çin həm İrandan neft alıb, həm də Şimali Koreya ilə böyük həcmli ticarət edib. Rusiya da hər biri ilə ayrıca əməkdaşlıq edirdi. Amma Ukrayna savaşı bu münasibətləri ittifaq səviyyəsinə qaldırdı (ODNI March 2025e).
Şimali Koreya Rusiyaya milyonlarla mərmi və raket göndərir, əvəzində ərzaq, enerji və texnologiya alır (The Guardian 2024d).
İran PUA və raketlərlə Rusiyanı dəstəkləyir, qarşılığında müasir döyüş təyyarələri, helikopterlər və S-400 sistemləri almağı planlayır.
Çin Rusiyadan rekord həcmdə neft alaraq onun xəzinəsini doldurur, əvəzində hərbi texnologiya ilə ikitəyinatlı mallar ötürür. Qarşılığında Rusiyanın sualtı qayıqları və hava müdafiə sistemləri ilə özünü gücləndirir (András Rácz and Alina Hrytsenko, June 2025).
Beləliklə, hər kəs qazanır. Sanksiyalara baxmayaraq, Rusiyanın hələ də çökməməsi bunun bariz sübutudur (Econstor 2023).
Rusiya, İran, Şimali Koreya və Çin – fərqli ideologiyalara malik dörd dövlət – sanksiyalar və Qərb təzyiqlərinə qarşı vahid ittifaqa çevriliblər. Onlar bir-birilərinin ehtiyaclarını qarşılayır, “qazan-qazan” prinsipi ilə həm ayaqda qalır, həm də təsir dairələrini genişləndirməyə çalışırlar.
Lakin məsələ yalnız ayaqda qalmaq deyil. Bu ittifaq getdikcə yeni qlobal güc mərkəzinə çevrilmə iddiası da daşıyır.
Yeni dünya düzəni uğrunda mübarizə: ABŞ və “Avtoritar ox” ittifaqı
İttifaqın ali hədəfi ABŞ-ın lider olduğu mövcud dünya düzənini dağıtmaqdır. Əslində, Rusiyanın, Çinin, İranın və Şimali Koreyanın bir araya gəlməsinin əsas səbəbi alternativ, çoxqütblü beynəlxalq nizam qurmaq istəyidir (Carnegie Endowment 2024e).
Onların məntiqi sadədir: “Düşmənimin düşməni mənim dostumdur”. Amerika, güclü iqtisadiyyatı, dağıdıcı hərbi gücü, dünyadakı bazaları və NATO liderliyi ilə təkbaşına heç bir dövlət tərəfindən yıxıla bilməyəcək qədər güclüdür. Buna görə də bu dörd ölkə kollektiv hərəkət edir.
Son illərdə baş verən hadisələrə baxanda — Ermənistan–Azərbaycan gərginliyindən tutmuş, Yaxın Şərqdə bitib-tükənməyən müharibələrə qədər, — əksər qarşıdurmaların arxasında məhz bu rəqabətin dayandığı görünür: bir tərəfdə ABŞ-ın qurduğu nizam, digər tərəfdə isə Rusiyanın, Çinin, İranın və Şimali Koreyanın yeni nizam yaratmaq cəhdi (AP, may 2025).
Bu qarşıdurma ABŞ-ı eyni anda bir neçə cəbhədə müdafiəyə məcbur edir: Ukraynada Rusiyaya qarşı, Tayvanda Çinə qarşı, Koreya yarımadasında Şimali Koreyaya qarşı, Orta Şərqdə isə İrana qarşı (əsasən İsrail vasitəsilə).
Xüsusilə Putin ABŞ-ın soyuq müharibədən sonra davam edən “təkqütblü hegemonluğunu” sındırmaq istəyir. Strateji xətt sadədir: ABŞ-ı müxtəlif regionlarda eyni vaxtda yüksək müdafiə xərclərinə məcbur etmək. Ukrayna, Tayvan, İsrail, Cənubi Koreya – hamısı bu planın həlqələridir (Carnegie Endowment 2024f).
Yeni “Soyuq müharibə”nin ilk təzahürləri
Rusiyanın Ukraynaya hücumu həmin planın başlanğıc nöqtəsi hesab edilə bilər. Əgər Kreml Ukraynada hərbi və siyasi baxımdan uğur qazanarsa, bu, ABŞ-ın məğlub edilə biləcəyi barədə qlobal təsəvvürü gücləndirəcək və hazırda tərəddüd edən bir çox ölkələri daha cəsarətli olmağa sövq edəcək.
Eyni strategiyanın izlərini Yaxın Şərqdə də müşahidə etmək mümkündür. HƏMAS-ın İsrailə hücumu 1973-cü ildən bəri yəhudi dövlətinə vurulan ən ciddi zərbə kimi qiymətləndirilir (Arab Center Washington DC, 2023). Ardınca İsrailin Qəzza və Qərb sahilində həyata keçirdiyi amansız hərbi əməliyyatlar minlərlə mülki itkiyə səbəb oldu və regionda daha böyük müharibə ehtimalını artırdı.
Hazırda İsrail təkcə HƏMAS ilə deyil, eyni zamanda “Hizbullah” və Suriyadakı silahlı qruplarla da toqquşur. Bu, 9 milyon əhalisi olan ölkəni böyük maliyyə və hərbi xərclərlə üz-üzə qoyur. İsrailin bu çoxcəhətli mübarizəni aparmaq imkanı əsasən ABŞ-ın hərbi və maliyyə dəstəyi sayəsində mümkün olur. Lakin bu proses nəticə etibarilə Vaşinqtonu da tükədir, resurslarını parçalayır və ABŞ-ın qlobal güc proyeksiyasını zəiflədir.
BRİKS və dollarsız iqtisadiyyat
ABŞ-ın qlobal mövqeyini zəiflətməyin yollarından biri də iqtisadi müstəvidə atılan addımlardır. Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammiti bunun bariz nümunəsidir. Əvvəllər beş ölkədən — Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan — ibarət olan BRİKS blokuna 2024-cü ildə Misir, Efiopiya, BƏƏ və İranın da qoşulması ilə qurumun tərkibi iki dəfə genişləndi (Anjali V. Bhatt, 2024).
Sammitin rəsmi mövzusu “ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfli əməkdaşlıq” olsa da, ən mühüm qərar ABŞ dollarından asılı olmayan ortaq valyutanın yaradılması təşəbbüsü idi (Bloomberg, 2024). Əgər bu plan həyata keçərsə, ABŞ-ın beynəlxalq maliyyə sistemindəki hegemon mövqeyi ciddi şəkildə sarsıla bilər.
Türkiyə dilemma qarşısında
Bu tablo Türkiyəni də çətin seçim qarşısında qoyur. Türkiyə həm NATO üzvüdür, həm də Rusiya, Çin və İranla sıx iqtisadi əlaqələrə malikdir.
2023-cü ildə Türkiyə ilə Rusiya–Çin arasındakı ticarət 70 milyard dollardan çox olub (Can Sezer, Nevzat Devranoglu and Dmitry Zhdannikov, 2024, Reuters, 2024).Amma eyni ildə ABŞ və Avropa ilə ticarət dövriyyəsinin həcmi də 300 milyard dolları aşıb (United States Trade Representative, 2023, Atlanticcouncil, September 2025). Yəni iqtisadi baxımdan Türkiyə hər iki tərəfdən asılıdır.
Hərbi baxımdan isə ABŞ ilə gərginliklər həll olunmamış qalır: S-400 alışı, F-35 proqramından çıxarılma, F-16 müəmmasının davam etməsi. Buna baxmayaraq, Türkiyə həm Almaniyadan “Eurofighter” almağa çalışır, həm də yerli istehsalını inkişaf etdirir.
Yeni Dünya Düzəninin çətinlikləri
Avtoritar ox hələ ki, “Amerika ilə baş-başa qoyacaq qədər böyük bir rüzgar” əsdirə bilmir. Alternativ bir dünya düzəni yaratmaq üçün hələ çox tezdir. Çünki az əvvəl Türkiyə üçün qeyd etdiyim xarici asılılıq vəziyyəti bu ittifaq ölkələri üçün də keçərlidir.
Məsələn, Çin öz nəhəng əhalisini doyurmaq üçün pul qazanmalıdır. Amma Rusiyadan, İrandan və Şimali Koreyadan əldə edəcəyi qazanc buna yetməz. Çünki Çinin ən böyük müştəriləri hələ də ABŞ və Avropadır. Ötən il Çin ABŞ ilə 582 milyard dollar (United States Trade Representative, 2024), Avropa ilə isə 786 milyard dollar həcmində ticarət edib. Bu rəqəm İran, Rusiya və Şimali Koreya ilə etdiyi ticarətdən 6 dəfə çoxdur (chinadailyhk, May 2025).
Yəni ya Çin öz əhalisini azaltmaq məcburiyyətində qalacaq (və bunu müəyyən qədər edir), ya da Avropanı ABŞ-ın əlindən alıb öz tərəfinə çəkəcək – bu isə çox çətindir. Üstəlik, bu dörd ölkənin liderləri tez-tez ikitərəfli görüşlər keçirsələr də, hələ ki, birlikdə toplaşmayıblar.
Burada təməl sual doğur: Mövcud dünya düzənində ABŞ liderdir. Bəs yeni düzəndə kim lider olacaq? “İki qoçun başı bir qazanda qaynamaz” deyirlər. Burada isə bir qazanda dörd baş var:
- Çin — bütün gücü mərkəzləşdirən təkpartiyalı kommunist dövlət.
- Şimali Koreya — özünütəcrid və müstəqillik üzərində qurulan sosialist diktatura.
- İran — dini liderlərin hökm sürdüyü İslam teokratiyası.
- Rusiya — tək adam mərkəzli avtoritar sistem.
Onlar arasında ziddiyyətlər çoxdur. Bəli, razılaşmalar imzalanır, ticarət edilir, silah alınıb-satılır. Amma hələlik yalnız ABŞ-ı müxtəlif cəbhələrdə təzyiq altında saxlamağa nail olurlar. Bu, uğurdur – amma kifayət deyil.
Çünki ABŞ-ı və onun nəzarət etdiyi müttəfiqləri məğlub etmək sadəcə hərbi güclə mümkün deyil. Bu, çox çətin məsələdir. Və üstəlik, ABŞ-ın tükənməz “kartları” var. Siz indi bu yazını oxuduğunuz platformanın özü belə amerikan məhsuludur. Əlinizdəki telefon ya ABŞ-ın, ya da onun müttəfiqlərinin istehsalıdır: istər Çində yığılsın, istər başqa yerdə – texnologiyanın özü Qərbin əlindədir (OECD/ICT statistics 2024).
Nəticə
“Şər oxu” və ya “qlobal avtoritar koalisiya” adlandırılan bu yeni geosiyasi blok – Rusiya, Çin, İran və Şimali Koreya – son onillikdə yalnız müvəqqəti maraq birliyi kimi deyil, həm də beynəlxalq düzənə alternativ təklif edən ideoloji və strateji konsepsiya kimi formalaşır. Lakin bu koalisiyanın daxilindəki dərin struktur fərqlər, iqtisadi asılılıqlar və liderlik ziddiyyətləri onun uzunmüddətli dayanıqlığını ciddi şəkildə sual altına alır.
Son illərdə bu dörd dövlət arasındakı münasibətlər dərinləşsə də, hələ də müvəqqəti xarakter daşıyır. Bu münasibətlər nə ABŞ-ın əsas müttəfiqləri ilə əlaqələrinin dərinliyinə, nə də Sovet İttifaqının Varşava paktı ölkələri ilə münasibətlərinə yaxındır – əslində, həmin ölkələr Moskvanın satelliti idilər. Həqiqi strateji əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də birgə mexanizmlərin, strateji və əməliyyat səviyyəsində vahid komanda idarəçiliyini təmin edən müntəzəm hərbi təlimlərin, qarşılıqlı hərbi uyğunluğun və birgə strateji planlaşdırmanın mövcudluğu demək olardı. Bundan əlavə, bu cür əməkdaşlıq adətən yüksək səviyyədə iqtisadi qarşılıqlı asılılığı da əhatə edir. Halbuki bu gün Çinin Qərblə iqtisadi asılılıq səviyyəsi İran, Rusiya və Şimali Koreya ilə əlaqələrindən qat-qat yüksəkdir.
ABŞ üçün bu dörd dövlət arasında əməkdaşlığın daha da dərinləşməsinin qarşısını almağın ən effektiv yolu Çin ilə digərlərinin münasibətlərini zəiflətməkdir. İran, Şimali Koreya və Rusiya Çinin dəstəyi olmadan çox zəif və dünyadan təcrid olunmuş vəziyyətdə qalar. Pekinin bu güclər arasında lider, təşkilatçı və əməkdaşlıq təşviqedicisi kimi rolu da mühümdür, çünki ittifaqlar və koalisiyalar çox vaxt güclü liderliyə söykənir.
Son illərdə bu dörd ölkə ilə Qərb arasında gərginlik artdıqca, Çin liderlik rolunu oynamağa daha çox meyil göstərib. Lakin iqtisadi cəhətdən zəif tərəfdaşlarla daha dərin əməkdaşlıq qurmaq üçün Pekin nələrdən imtina etməyə hazırdır – bu, hələlik aydın deyil. Çin iqtisadi və siyasi baxımdan dünyaya o qədər inteqrasiya olunub ki, bu üç ölkədən heç biri onunla müqayisə oluna bilməz. Çin mövcud dünya nizamından digər üç dövlətdən qat-qat çox fayda götürür və beynəlxalq qaydalarla bağlı fərqli məqsədlər güdür: Çin sistemi islah etmək istəyir, Rusiya, İran və Şimali Koreya isə onu inqilabi yolla dəyişmək istəyirlər. Bundan başqa, Rusiya Avropa ölkələri ilə münasibətlərini tam düşmənçilik səviyyəsində görürsə, Çin onlarla müsbət iqtisadi və siyasi əlaqələri qorumağa çalışır.
Bu üzdən ABŞ və müttəfiqləri Çinin İran, Rusiya və Şimali Koreya kimi “qanun pozucu rejimlərlə” əməkdaşlıq marağını azaltmağın yollarını tapmalıdır. Soyuq müharibədən sonrakı dövrün ilk iyirmi ilindəki kimi müsbət münasibətləri bərpa etmək mümkün deyil, amma ABŞ və müttəfiqləri ilə daha konstruktiv siyasi-iqtisadi əlaqələr Pekinin bu üç ölkə ilə yaxınlaşma marağını azalda bilər. Paralel olaraq, ABŞ-ın eyni vaxtda bir neçə qlobal böhran və ya çoxcəbhəli müharibə ilə üzləşərək tükənməsi riskini azaltmaq üçün Vaşinqton regionlar arasında prioritetləşdirməni, müttəfiqlərlə yük paylaşımını və öhdəliklərdə intizamı artırmalıdır.
ABŞ yaxın gələcəkdə, xüsusən də Ukrayna müharibəsi davam etdiyi müddətdə Çin–Rusiya əlaqələrini tam qıra bilməz. Amma bu əlaqəni zəiflətmək mümkündür – məsələn, Pekinin Avropa ilə müsbət münasibətlərini qorumaq marağından istifadə etməklə və Çinə qarşı balanslı strategiya aparmaqla. Ağ evdə anlamalıdırlar ki, Pekinin Vaşinqtondan hiss etdiyi düşmənçiliyin səviyyəsi ilə onun Moskvaya verəcəyi dəstəyin həcmi arasında birbaşa əlaqə var. Buna görə də bu dörd dövlətin əməkdaşlığını ABŞ üçün əsas strateji çərçivəyə çevirmək təhlükəli olardı – çünki bu əməkdaşlığın gələcəkdə nə qədər dərinləşəcəyi barədə xeyli qeyri-müəyyənlik var.
Eyni zamanda ABŞ–Çin münasibətlərinin gələcəyi də qeyri-müəyyəndir. Ola bilər ki, Pekin artıq Vaşinqtonla potensial qarşıdurma fərziyyəsini “daxilən qəbul edib”. Amma onun indiyə qədərki davranışları göstərir ki, hələ də ABŞ və Avropa ilə müsbət siyasi və iqtisadi münasibətləri qorumaqda maraqlıdır. Əgər Amerika Çinlə münasibətlərdə gərginliyi və Pekinin təhlükə qavrayışını azaldan birgəyaşayış modelini tapa bilməsə, Çin bu üç ABŞ rəqibi ilə münasibətlərini daha da dərinləşdirməyə qərar verəcək. Bu halda onların əməkdaşlığı daha da güclənəcək və ABŞ üçün risklər artacaq. O zaman Vaşinqton və müttəfiqləri bu avtoritar bloka qarşı “soyuq müharibə tipli” hərbi-iqtisadi çevrələmə siyasəti yürütmək məcburiyyətində qalacaqlar. Bu isə həm ABŞ, həm də müttəfiqlərinin vergi ödəyiciləri üçün çox baha başa gələcək.
İSTİNADLAR
Carnegie Endowment 2024a. Cooperation Between China, Iran, North Korea, and Russia: Current and Potential Future Threats to America. https://carnegieendowment.org/research/2024/10/cooperation-between-china-iran-north-korea-and-russia-current-and-potential-future-threats-to-america?lang=en
Lawrence Livermore National Laboratory, February 2025a. A New Axis? Bloc Rivalry and theFuture of Conflict. https://cgsr.llnl.gov/sites/cgsr/files/2025-03/Axis%20Workshop%20Summary_Feb%202025_Final.pdf
The Guardian, 2024a. Russia and North Korea Sign Mutual Defence Pact. https://www.theguardian.com/world/article/2024/jun/19/russia-and-north-korea-sign-mutual-defence-pact
Office of the Director of National Intelligence (ODNI), March 2025a. Annual Threat Assessment. https://www.dni.gov/files/ODNI/documents/assessments/ATA-2025-Unclassified-Report.pdf
Reuters, 2024a. “North Korea Likely Received Help from Russia on Submarines, South Korea Minister Says.” https://www.reuters.com/world/asia-pacific/north-korea-lauds-comradely-ties-with-russia-putin-meet-kims-foreign-minister-2024-01-16/
Center for Strategic and International Studies (CSIS) September, 2025a. Adversaries and the Future of Competition. https://www.csis.org/analysis/chapter-1-adversaries-and-future-competition
Carnegie Endowment 2024b. Cooperation Between China, Iran, North Korea, and Russia: Current and Potential Future Threats to America. https://carnegieendowment.org/research/2024/10/cooperation-between-china-iran-north-korea-and-russia-current-and-potential-future-threats-to-america?lang=en
Center for Strategic and International Studies (CSIS) September, 2025b. Adversaries and the Future of Competition. https://www.csis.org/analysis/chapter-1-adversaries-and-future-competition
Lawrence Livermore National Laboratory (LLNL) February, 2025b. Axis Workshop Summary: Bloc Rivalry and the Future of Conflict.
https://cgsr.llnl.gov/sites/cgsr/files/2025-03/Axis%20Workshop%20Summary_Feb%202025_Final.pdf
Center for Strategic and International Studies (CSIS) September, 2025c. Adversaries and the Future of Competition. https://www.csis.org/analysis/chapter-1-adversaries-and-future-competition
James Pomfret and Michael Martina, 2024. “China Sent CNC Tools and High-Precision Equipment to Russia Despite Sanctions.” https://www.reuters.com/technology/illicit-chip-flows-russia-seen-slowing-china-hong-kong-remain-transshipment-hubs-2024-07-21/
Office of the Director of National Intelligence (ODNI) March 2025b. Annual Threat Assessment 2025. https://www.dni.gov/files/ODNI/documents/assessments/ATA-2025-Unclassified-Report.pdf
The Guardian, 2024b. “Russia and North Korea Sign Mutual Defence Pact.” https://www.theguardian.com/world/article/2024/jun/19/russia-and-north-korea-sign-mutual-defence-pact
Joe Saballa, 2024. Ukraine Says Destroyed N. Korean Bulsae-4 Missile Used by Russia
https://thedefensepost.com/2024/12/03/ukraine-destroyed-bulsae-missile/?utm
defenseone.com, 2024. Russia in talks to send fighter jets to North Korea, INDOPACOM says https://www.defenseone.com/threats/2024/12/russia-talks-send-fighter-jets-north-korea-indopacom-says/401520/?utm
Institute for the Study of War (ISW) 2024a. Iran–Russia Military Cooperation Expands Amid Ukraine Conflict. https://understandingwar.org/research/middle-east/iran-update-july-8-2024/
Office of the Director of National Intelligence (ODNI) March 2025c. Annual Threat Assessment 2025. https://www.dni.gov/files/ODNI/documents/assessments/ATA-2025-Unclassified-Report.pdf
İnstitute for the Study of War (ISW) 2024b. Iran–Russia Military Cooperation Expands Amid Ukraine Conflict. https://understandingwar.org/research/middle-east/iran-update-july-8-2024/
Lawrence Livermore National Laboratory (LLNL) February, 2025d. Axis Workshop Summary: Bloc Rivalry and the Future of Conflict.
https://cgsr.llnl.gov/sites/cgsr/files/2025-03/Axis%20Workshop%20Summary_Feb%202025_Final.pdf
NAKO (Independent Anti-Corruption Commission) 2024. Western Components in Russian Weapons: https://nako.org.ua/en/research/u-pivnicnokoreiskii-raketi-yaku-zbili-v-ukrayini-je-neshhodavno-virobleni-komponenti-zaxidnix-kompanii
Eunevvs, 2024. Italy is among 8 NATO countries that have not yet reached the 2 percent defense spending threshold. https://www.eunews.it/en/2024/06/18/italy-is-among-8-nato-countries-that-have-not-yet-reached-the-2-percent-defense-spending-threshold/
NATO, 2025. Defence Expenditure of NATO Countries (2024–2025). Brussels: NATO Public Diplomacy Division. https://www.nato.int/cps/en/natohq/events_238150.htm
Office of the Director of National Intelligence (ODNI) March 2025d. Annual Threat Assessment 2025.
https://www.dni.gov/files/ODNI/documents/assessments/ATA-2025-Unclassified-Report.pdf
İnstitute for the Study of War (ISW) 2024c. Iran–Russia Military Cooperation Expands Amid Ukraine Conflict. https://understandingwar.org/research/middle-east/iran-update-july-8-2024/
Reuters, 2024a. “North Korea Likely Received Help from Russia on Submarines, South Korea Minister Says.” https://www.reuters.com/world/asia-pacific/north-korea-lauds-comradely-ties-with-russia-putin-meet-kims-foreign-minister-2024-01-16/
The Guardian, 2024c. “Russia and North Korea Sign Mutual Defence Pact.” https://www.theguardian.com/world/article/2024/jun/19/russia-and-north-korea-sign-mutual-defence-pact
Carnegie Endowment, September 2025. Political Drivers of China’s Changing Nuclear Policy: Implications for U.S.-China Nuclear Relations and International Security https://carnegieendowment.org/research/2024/07/china-nuclear-buildup-political-drivers-united-states-relationship-international-security?lang=en&utm
Nigel Gould-Davies, 2024.The Global Threat of Russia’s International Partnerships. https://www.iiss.org/online-analysis/commentary/2024/11/the-global-threat-of-russias-international-partnerships/
Office of the Director of National Intelligence (ODNI) March 2025d. Annual Threat Assessment 2025. https://www.dni.gov/files/ODNI/documents/assessments/ATA-2025-Unclassified-Report.pdf
The Guardian, 2024d. Russia and North Korea Sign Mutual Defence Pact. https://www.theguardian.com/world/article/2024/jun/19/russia-and-north-korea-sign-mutual-defence-pact
András Rácz and Alina Hrytsenko, June 2025. Partnership Short of Alliance: Military Cooperation Between Russia and China. https://cepa.org/comprehensive-reports/partnership-short-of-alliance-military-cooperation-between-russia-and-china/?utm
Econstor Research Paper, 2023. How Authoritarian Regimes Counter International Sanctions. https://www.econstor.eu/bitstream/10419/276271/1/1858820030.pdf
Carnegie Endowment 2024e. Cooperation Between China, Iran, North Korea, and Russia: Current and Potential Future Threats to America. https://carnegieendowment.org/research/2024/10/cooperation-between-china-iran-north-korea-and-russia-current-and-potential-future-threats-to-america?lang=en
AP, may 2025. SCO summit could challenge US dominance and lend weight to China’s vision of a multipolar world https://apnews.com/article/shanghai-cooperation-organization-china-us-asia-rivalry-37d58d94f70814c8e7a23721997abc2b
Carnegie Endowment 2024f. Cooperation Between China, Iran, North Korea, and Russia: Current and Potential Future Threats to America. https://carnegieendowment.org/research/2024/10/cooperation-between-china-iran-north-korea-and-russia-current-and-potential-future-threats-to-america?lang=en
Arab Center Washington DC, 2023. The Preliminary Fallout of the War on Gaza. https://arabcenterdc.org/resource/the-preliminary-fallout-of-the-war-on-gaza/?utm
Anjali V. Bhatt, 2024. The BRICS countries' inability to define its identity limits action. https://www.piie.com/blogs/realtime-economics/2024/brics-countries-inability-define-its-identity-limits-action?utm
Bloomberg, 2024. “BRICS Nations Push for Common Currency to Challenge Dollar.” https://www.bloomberg.com/news/articles/2024-06-21/what-to-know-about-brics-now-doubled-in-size-quicktake
Can Sezer, Nevzat Devranoglu and Dmitry Zhdannikov, 2024, Reuters, 2024. Turkish-Russian trade hit by fresh US sanctions threat. Turkey told Beijing it wants to boost agricultural and food exports to China, Turkish source says. https://www.reuters.com/markets/turkish-russian-trade-hit-by-fresh-us-sanctions-threat-2024-02-19/?utm
https://www.reuters.com/markets/commodities/turkey-told-beijing-it-wants-boost-agricultural-food-exports-china-turkish-2024-06-05/?utm
United States Trade Representative, 2023, Atlanticcouncil, September 2025. Republic of Türkiye Trade Summary, Turkey in the changing transatlantic trade environment. https://ustr.gov/countries-regions/europe-middle-east/europe/turkey?utm
ODNI March 2025f. Annual Threat Assessment 2025. https://www.dni.gov/files/ODNI/documents/assessments/ATA-2025-Unclassified-Report.pdf
U.S. Trade Representative / U.S. Government (USTR) 2024. China Trade Summary. https://ustr.gov/countries-regions/china-mongolia-taiwan/peoples-republic-china?utm_source
chinadailyhk, May 2025. EU, China can tap potential for value creation. https://www.chinadailyhk.com/hk/article/611155?utm_source
OECD / ICT statistics. Global ICT and platform concentration data. 2024. https://www.oecd.org/content/dam/oecd/en/publications/reports/2024/05/oecd-digital-economy-outlook-2024-volume-1_d30a04c9/a1689dc5-en.pdf