(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)
Giriş
Balkan coğrafiyası Avropadakı geosiyasi qarşıdurmaların təsirinin ən çox hiss edildiyi regionlardan biridir. Avropa İttifaqı və NATO-nun genişləməsi, kimlik və tarix diskussiyaları, Qərbə inteqrasiya səylərinə rəğmən institutların oturmaması, dünyadakı və Avropadakı antidemokratik trendin təsirləri, medianın nəzarət altına alınması cəhdləri, iqtisadi asılılıqlar və bu kimi digər faktorlar xüsusilə Qərbi Balkanlarda xarici qüvvələrin, əsasən da Rusiyanın propaqanda fəaliyyəti üçün əlverişli zəmin yaradır.
Rusiyanın bu regiondakı propaqanda fəaliyyəti yalnız Kremlin işinə yarayan məlumatların yayılması şəklində deyil, daha təhlükəli halda - Avropa İttifaqının nəhayət doğru şəkildə dəyərləndirməyə başladığı informasiya manipulyasiyası və müdaxiləsi (FİMİ) formasında təzahür edir (EEAS, 2025).
Bir çox Avropa ölkəsində olduğu kimi, Qərbi Balkan coğrafiyasında da bu fəaliyyətin təsiri yalnız Kremldə mərkəzləşdirilmiş narrativlərin yayılması ilə məhdudlaşmır. Balkanlardakı dezinformasiya dinamikasına dair analizlərin çoxu Kreml narrativlərinin yerli siyasi, ictimai aktyorlar və media orqanları tərəfindən daxili siyasətə inteqrasiya edilmiş şəkildə yayıldığını göstərir (EU DisinfoLab, 2025).
Moskva Rusiyanın maraqlarını təbliğ etməyə hazır olan daxili aktorlarla qeyri-formal münasibətlər qurur. Prezidentlər, baş nazirlər, partiya liderləri və nüfuzlu baş redaktorlar daxil olmaqla yüksək səviyyəli siyasətçilər regionda dezinformasiyanın əsas mənbələri və əsas “gücləndiriciləri” kimi müəyyən edilir. Faktla rəyin qəsdən qarışdırılması ictimai müzakirəyə etimadı sarsıdır, antiqərb və ya rusiyapərəst qütbləşmənin dərinləşdiyi bir mühit yaradır, nəticədə Qərbin təsiri və demokratik proseslər zəiflədilir. Bu yanaşma sistemli şəkildə tənqidi düşüncəni əngəlləyir, xüsusilə sosial mediada “əks-səda kameraları” (echo chambers) yaradır və əhalini manipulyativ narrativlərə daha açıq edir (Asllani, 2025).
Kremlin dezinformasiya kampaniyası hər birində onlarla narrativ olan yüzlərlə mesaja söykənir, minlərlə kanaldan istifadə edir və milyonlarla insanı hədəfləyir. Ambisiya və məqsədlər mühitdən və şəraitdən asılı olaraq dəyişir. Bununla belə, əsas strateji hədəf “sıfır cəmli oyun” yanaşması çərçivəsində Qərbi zəiflətmək və Kremli gücləndirməkdir. Bu, “əgər onlar üçün pisdirsə, bizim üçün yaxşıdır; onlar üçün nə qədər pis olarsa, bizim üçün bir o qədər yaxşıdır” kimi sinik düşüncə tərzindən qaynaqlanır (CEP, 2022).
“KHAR Center” bu yazısında Qərbi Balkan coğrafiyasında Moskva təsirinin yüksək olduğu iki ölkədə - Serbiya və Bosniya-Herseqovinada Rusiya təsir mexanizmlərini detallı şəkildə araşdırır. Yazıda əsas narrativlərə, bu narrativlərin daşıyıcı kanallarına, Kreml müttəfiqləri olan lokal aktorlara və cəmiyyətlərin müqavimət potensialına nəzər salınır.
SERBİYA
Yuqoslaviya müharibələrinin mirası olan etnik və dini əsaslı, kövrək fundament üzərində bərqərar olmuş mürəkkəb siyasi münasibətlər sistemi xüsusilə 2014-cü ildən sonra Kremlin Balkanlardakı təsiri və müdaxiləsi üçün əlverişli zəmin oldu. Rusiya media və informasiya sahəsindən istifadəni gücləndirib, siyasi və iqtisadi təsirini artırıb, proksi təşkilatları səfərbər edərək narrativlərini yayıb, mənafeyini qoruyub və regionun Qərbə inteqrasiyasını yavaşlatmağa çalışıb (EPRS, 2023).
2022-ci ildə Rusiyanın Ukraynaya böyükmiqyaslı təcavüzə başlamasından sonra isə Qərbi Balkanlar üçün yeni vəziyyət yaranıb. Bu savaş regiondakı hökumətləri tarixi müttəfiqləri (Rusiya) ilə hədəfləri (Avropa) arasındakı mövqelərini dəqiqləşdirmək zərurəti qarşısında qoyub. Regionda Avropa İttifaqına dəstək ümumilikdə artır. Bununla belə, xüsusilə ən ciddi maliyyə dəstəyini Aİ-dən alan Serbiyada hələ də əksəriyyət Rusiyanı əsas müttəfiq olaraq görməyə davam edir (EPRS, 2023). Rusiya-Ukrayna müharibəsində Serbiyada vətəndaşların 36 faizi Ukraynanı günahkar görür: bu rəqəm yalnız Rusiyada daha yüksəkdir. Eyni zamanda serblərin yalnız 26 faizi Rusiyanı işğalçı kimi görür ki, bu da Rusiyadan sonra (22%) dünyadakı ən aşağı rəqəmdir. Serblərin 41 faizi Rusiyanın Ukraynadakı işğalını özünümüdafiə kimi dəyərləndirir ki, bu, Rusiyadakı göstəricidən (37%) belə çoxdur (FES, 2025).
Serbiya, siyasi təsirə həssas olan media mənzərəsi sayəsində Rusiyanın dezinformasiya əməliyyatları üçün “start meydançası” kimi müəyyən edilib (Asllani, 2025). Bu ölkə Qərbi Balkanlarda və ümumiyyətlə Balkan coğrafiyasında Kreml narrativlərinin lokallaşdırılması və yayılması üçün regional mərkəz rolunu oynayır. Rusiya propaqandası bu ölkədə yalnız istehlak edilmir, həm də yerli siyasi narrativlərlə birləşdirilib regionun daxili diskussiyası kimi yenidən qablaşdırılaraq qonşu ölkələrə ötürülür (RSF, 2024).
Serbiyada dezinformasiya Avropa İttifaqı ölkələrindəki ortalamadan 6,3 dəfə çox yayılır. Bolqarıstan Amerika Universtiteti İnformasiya, Demokratiya və Vətəndaşlıq Mərkəzi 2024-cü ilin dekabrı ilə 2025-ci ilin martı arasında apardığı tədqiqatda Rusiyanın “Pravda” şəbəkəsinin 45 ölkədəki saytlarında yayımlanan 640 mindən çox məqaləsini analiz edib. Əhali sayına nisbətdə məqalə sayı baxımından Serbiya Moldova, Latviya və Estoniyadan sonra 45 ölkə arasında dördüncü olub (Suppor4Partnership, 2025).
Rusiyanın mərkəz olaraq məhz Serbiyanı seçməsi təsadüfi deyil. Birincisi, mədəni və tarixi bağlar Rusiya üçün xüsusilə serblər arasında ciddi bir yumşaq güc rolunu oynayır (EuropeanWesternBalkans, 2024). 19-cu əsrdəki panslavyanizm hərəkatından Osmanlı dövrünə, Birinci Dünya müharibəsindən Kosovo müharibəsinə qədər bütün mühüm proseslərdə Rusiya Serbiyanı dəstəkləyib. Moskva Kosovonun müstəqilliyini tanımayıb və BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən Serbiyanı dəstəkləmək üçün istifadə edib - Bosniyada serblərin qətliamlarını qınayan və Srebrenitsa qətliamını soyqırım kimi tanıyan qətnamələrə veto qoyub (EPRS, 2023).
İkincisi, Avropa İttifaqına qoşulma prosesinin ləngliyi və 1990-cı illərdəki NATO hərbi əməliyyatlarına dair yaddaş Rusiya üçün olduqca faydalı katalizatorlardır. Serbiyadakı qütbləşmə və xalqın bir hissəsinin Qərb əleyhdarlığı Rusiyanın insanların emosiyalarına xitab etməsi üçün şərait yaradır. Rusiya Qərbə qarşı məmnuniyyətsizliyi ortaya qoyan bir simvol kimi önə çıxır (Kolovska, 2024).
Üçüncüsü, Serbiya rəhbərliyi açıq şəkildə kremlyönlü fəaliyyət göstərir, enerji asılılığı üzərindən cəmiyyəti manipulyasiya edərək Rusiya ilə yaxın əlaqələrini davam etdirir. Vuçiç iqtidarı enerji və onun infrastrukturu üzərindəki total nəzarətin Moskvada olmasından məmnundur - Rusiyadan ucuz qaz və Moskvanın nəzarəti altında hesabatlılığı olmayan enerji sektoru həm də Vuçiçin iqtidarda qalmasının əsas dayağıdır (KHAR Center, 2025a).
Serbiyadakı propaqanda kanalları
Serbiyada Rusiya propaqandası bir neçə kanal üzərindən istehsal edilir və yayılır.
1. Kreml mediası - “RT Balkan” və “Sputnik Srbija”
Rusiyanın Belqradda açdığı “RT (Russia Today) Balkan” saytı Qərbi Balkanlara dezinformasiya və manipulyasiya ixracının mərkəzi kimi fəaliyyət göstərir (RSF 2024 ). “RT Balkan” Rusiyanın Ukraynaya tammiqyaslı müharibə başladığı və Avropada Rusiya kanallarının qadağan olduğu zaman - 2022-ci ildə açılıb. Hətta Serbiyadan aldığı lisenziya ilə RT bir müddət Almaniyada da yayımını davam etdirə bilib (Kolovska, 2024). 2024-cü ilin sonunda “RT Balkan” televiziya kanalı kimi fəaliyyətə başladığını elan edib, ancaq hələlik belə fəaliyyəti mövcud deyil. Tarixi daha əvvələ gedən digər Kreml media orqanı isə “Sputnik Srbija”dır - 2015-ci ildən bəri fəaliyyət göstərir.
Hər ölkənin yerli dinamikasına adaptasiyası ilə məşhur olan Rusiya propaqandası Serbiyada lokal müttəfiqlərini tanınmış jurnalistlər, professorlar, sənətçilər və ya məşhur ictimai fiqurlardan seçir. Bunların böyük əksəriyyəti radikal sağçılar və serb millətçiləridir (RSF 2024). Mənbələr “RT Balkan” və “Sputnik Srbija”nın ölkənin ən varlı media qurumları arasında olduğunu və olduqca yüksək maaşlar ödədiyini bildirir (Kolovska, 2024).
2. İqtidar nəzarətindəki Serbiya mediası
Serbiyadakı Rusiya dövlət mediası yalnız Kreml propaqandasının yayılması üçün deyil, həm də Serbiya rəhbərliyinin narrativlərinin yayılması üçün bir platforma rolunu oynayır, seçki prosesinə, etiraz aksiyalarına və s müdaxilə edir. (EuropeanWesternBalkans, 2024). Serbiyanın iqtidar nəzarəti altındakı mediası da Kreml mediasının məzmunlarının yayılmasında mühüm rol oynayır. RT Balkanın məzmunu Serbiya media bazarının ən böyük aktyorları və Serbiya iqtidarının propaqandaçıları tərəfindən istinad göstərilərək yenidən yayılır. Pink televiziya kanalı və Kurir qəzeti bunların ən bariz nümunələridir. Hökumət tərəfindən nəzarəti nisbətən az olan RTS kimi media orqanları belə Rusiya ilə bağlı xəbərlərində RT Balkanı mötəbər mənbə kimi göstərir. Başqa sözlə, Rusiyanın Serbiyada qurduğu bu sistem region ölkələrinə də ucuz-asan əldə edilən məzmun ixracını həyata keçirən bir “informasiya yuma” (information laundering) mexanizmidir. Məzmun əvvəlcə RT Balkan-da “xəbər” kimi yayılır, sonra yerli mərkəzi və tabloid mediada “möhkəmlənir” (RSF, 2024).
3. Sağ şəbəkə
Serbiya mərkəzli doğrulama (fact-checking) və media manipulyasiyalarını izləmə mərkəzi olan Raskrikavanjenin 25 milliyyətçi və qloballaşma əleyhdarı portalı əhatə edən araşdırması göstərir ki, Serbiyanın ən böyük iki saytı - İnformer ve Vecernje Novosti (ikisi də iqtidarın nəzarətindədir) bir-birilərini qarşılıqlı linklərlə dəstəkləyən ən güclü sağ internet media ekosistemini təşkil edir. Onların fəaliyyətləri bəsitcə iqtidar partiyası propaqandası aparmaq deyil, daha genişdir - buna milliyyətçi ideologiyanı yaymaq, qütbləşmə və xarici düşmənçiliyini artırmaq, avtoritar Rusiya rəhbrliyini ucaltmaq və “ənənəvi” dəyərlərin Qərb dəyərlərindən üstünlüyünü “sübut etmək” kimi… (Raskrikavanje, 2024)
Sağ media ekosistemi (tabloidlər, milliyyətçi portallar, alternativ konspirasiya saytları) Rusiya ilə bağlı narrativləri yayarkən çox vaxt bir mərkəzdən idarə olunan deyil, bir-birini böyüdən şəbəkə məntiqi ilə fəaliyyət göstərirlər. Buradakı yüksək trafikli saytlar həm məzmun axışını, həm də görünürlüyü təmin edir, kiçik saytlar isə bunları təkrarlarla çoxaldır, ya da saxta “mənbə” rolunu oynayır. Bu şəbəkənin içində RT Balkan və Sputnik Srbija kimi rəsmi Kreml propaqanda alətləri də istinad nöqtəsi kimi göstərilir. RT Balkan daha çox qlobal RT ekosistemindən qidalanır. Oxucular əsas veb saytı olan “rt.com” tərəfindən Serbiyadakı yerli sayta, oradan isə bu ailədən olan fərqli dillərdəki saytlara yönləndirilir. Sputnik isə yerli milliyyətçi portallar tərəfindan “daxili mənbə” kimi göstərilir. RT Balkana gedən link sayı dəfələrlə yüksək olsa da, Sputnik Serbiyada yerli media ekosisteminə daha çox inteqrasiya olub və bunu da Serbiyadakı yerli sağ media ekosistemi təmin edir. Rusiyanın 2022-ci ildən sonra yaratdığı yeni propaqanda şəbəkəsinin - Pravda(Portal Kombat)ın Serbiya qanadı olan “pravda-rs.com” da bu sistemin içindədir (Raskrikavanje, 2024).
4. Avtomatlaşdırılmış dezinformasiya kanalları - Pravda Kombat və sosial şəbəkələr
Pravda-rs.com Pravda şəbəkəsinin Qərbi Balkanlardakı ilk saytıdır. Daha sonra boşnakca, albanca və makedonca da saytlar açılıb. Ancaq aparılan araşdırmalar göstərir ki, Pravda-Kombat-ın Qərbi Balkanlardakı bütün xəbərlərinin 95 faizindən çoxu məhz serbcə yayımlanır. Bu xəbərlərin çoxunun mənbəyi isə pro-Kreml Telegram kanallarıdır. Şəbəkənin otomasyon sistemi o qədər məhsuldardır ki, bir Telegram kanalında xəbərin yayılması ilə Pravda şəbəkəsinə daxil olan saytlarda görünməsi arasındakı müddət 3-12 dəqiqə çəkir. Şəbəkədə məzmunu tərcümə etmək, istehsal etmək və yaymaq üçün VK Video və Yandex kimi Rusiya platformlarından da istifadə edilir (RFE/RL, 2024).
Bütün Balkanlarda olduğu kimi, Serbiyada da Telegram propaqanda məzmunlarının sürətlə yayılması və radikallaşmanın artırılması üçün əsas platforma rolunu oynayır. Analizlər pro-Kreml Telegram kanallarının yalnız dezinformasiya deyil, bir çox hallarda həm də mobilizasiya, kampaniya üçün də istifadə edildiyini göstərir. Araşdırma quruluşu Detektor 2022-ci ildən sonra çoxu Rusiyada yaradılan, ancaq Qərbi Balkanlar prioriteti ilə fəaliyyət göstərən, serbcə və rusca yayımlanan 23 populyar Telegram kanalını təsbit edib. Analizə görə, bu Telegram kanallarını yarım milyondan çox insan izləyir və bu platformalar vasitəsilə Rusiyaya hərbi təchizat, pul bağışlama və əsgər toplama kampaniyaları aparılır (Detektor, 2024).
Serbiya mərkəzli dezinformasiya və konspirasiya nəzəriyyələrinin regionda yayılmasının əsas vasitələri arasında Facebook və İnstagram da diqqət çəkir. “Debunk” analistləri hələ bir neçə il əvvəl Balkanlarda Facebook üzərindən sistemli dezinformasiya və konspirasiya məzmunu yayan 1339 qrup və səhifə aşkarlamışdı. Analistlərdən Daniela Vukceviç Rusiya və Ukrayna arasında müharibə haqqındakı dezinformasiyanın çoxunun Serbiyadan idxal edildiyini, hətta Xorvatiya, Makedoniya, Çernoqoriya və Bosniya-Herseqovinadakı regional Facebook qruplarında yayılan dezinformasiyaların belə Serbiya üzərindən birbaşa Rusiyadan gəldiyini bildirir (Debunk, 2022).
5. Yumşaq güc və kilsə
Kremlin Serbiyadakı propaqanda ekosistemi media ilə məhdudlaşmır, mediadan kənarda mədəniyyət-təhsil-kilsə-diplomatiya infrastrukturu da bu sahədə mühüm rol oynayır. Belqraddakı Rus Evi Moskvanın ölkə xaricindəki ən qədim mərkəzlərindən biridir, 1933-cü ildə açılıb. Ancaq Serbiyada rus dili və mədəniyyəti ilə bağlı tədbirlərin keçirilməsində əsas mərkəzi kimi görünməməyə çalışır. Rusiya bu sahədəki fəaliyyətlərini daha dağınıq şəkildə həyata keçirir və Rus aktyorlardan daha çox serbiyalı ortaqları önə çıxarır (AİDDATA, 2023).
Rusiya Serbiyada onlarla QHT-yə maliyyə ayırır. Bu layihələrin əsas mövzuları ortaq tarix, şərqi pravoslavlıq, Rusiya-Serbiya əlaqələri olur və əsasən gəncləri hədəfləyir. Kreml Serbiyadakı bu fəaliyyətlərini 12 fərqli kanalla həyata keçirir. Bunlar arasında Qorçakov Fondu, Rossotrudnişestvo və Belqraddakı Rusiya səfirliyi önə çıxır, Qazprom Neft və Rusiyanın hərbi şirkəti ENOT Corp da bu aktyorlar sırasındadır. Rusiyanın maddi dəstəyini alanlar arasında QHT-lərdən başqa diaspor təşkilatları, pravoslav kilsələri və siyasi partiyalar da var. Rusiyanın Serbiyada maddi dəstək verdiyi bu partiyaların - Dveri, Serbiya Demokrat Partiyası (DSS), And Keşikçiləri, Üçüncü Serbiya və Birləşmiş Serbiya - ortaq nöqtəsi sağçı və Avropa şübhəçisi olmalarıdır (AİDDATA, 2023).
Rossotrudniçestvo və Rus Evi son dörd ildə daha çox gənclik mübadilə proqramlarına və sosial media fəaliyyətlərinə diqqət ayırır (FBC, 2024)
Serbiyada Rusiya yumşaq gücünün başqa bir elementi isə Nis şəhərindəki Rusiya-Serbiya Humanitar Mərkəzidir. Bu təşkilat Qərb analizlərində Rusiyanın siyasi təsir mexanizminin bir hissəsi kimi dəyərləndirilir (EPRS, 2023ç). Bu təşkilatın Rusiyanın agentura fəaliyyətləri üçün bir örtük olduğu haqda dəyərləndirmələr də Qərb dairələrində dəfələrlə dilə gətirilib (AİDDATA, 2023).
Kremlin Avropadakı əsas dayaq nöqtələrindən olan kilsə Serbiyada da propaqandanın aparıcı aktorlarındandır. Serbiya Pravoslav Kilsəsi ilə Moskva Patriarxlığı arasındakı yaxınlıq, “pravoslav-slavyan qardaşlığı” narrativini institusionallaşdıran ən mühüm faktordur. Kreml bu faktordan istifadə edərək mədəni proqramlarına dini elementlər qatır və narrativlərini “dəyər” kimi legitimləşdirir (AİDDATA, 2023).
Rusiyanın Qərbi Balkanlardakı addımlarının birbaşa təhlükəsizlik nəticələri də var: hərbi əməkdaşlıq, kəşfiyyat əməliyyatları və kiberhücumlar. Rusiya və Serbiya arasında “Slavic Brotherhood” kimi birgə təlimlər Moskvanın Balkanlarda strateji hərbi iz saxlamaq niyyətini nümayiş etdirir (Toçi, 2025).
Serbiyadakı Rusiya propaqanda narrativləri
Rusiya propaqandası Serbiyada narrativ istehsalı və ixracında bir neçə istiqamətdə işləyir. Kremlin rəsmi media orqanları “Qərb Sebriyada çevriliş hazırlayır”, “yeni Maydan”, “QHT-lərin Soros, CIA ilə əlaqələri” kimi tezisləri daim gündəlikdə saxlayır və Serbiyanın iqtidar mediası ilə paslaşır. Eyni zamanda rus propaqanda mediası Serbiyada və Bosniya-Herseqovinaya daxil olan Serb Respublikasında yayğın olan millətçi narrativlərdən də geniş şəkildə istifadə edir. Bu, onların regiondakı kommunikasiyasının fundamentini təşkil edir və ictimai rəydə Rusiyanı serblərin mənafeyinin müdafiəçisi kimi təqdimatında rol oynayır (EuropeanWesternBalkans, 2024).
Serbiyada Rusiyanın lokal propaqanda müttəfiqlərinin əsas gündəlik mövzularından biri Ukrayna müharibəsidir. “TV Happy”, “İnformer” və “Vecernje Novosti” kimi mərkəz media orqanları daxil olmaqla Serbiya mediası Qərbin bütün hərbi potensialını Rusiyaya qarşı yönəltdiyi və Moskvanın buna cavab verməkdən başqa yolu olmadığı haqda populyar Kreml narrativini davamlı gündəlikdə saxlayır. “Qərb ikiüzlü, Rusiya qurbandır” tezisi anti-NATO ritorikası ilə bəslənən cəmiyyətdə kifayət qədər dəstək qazanır. Avropa ölkələrinin uzunmüddətli enerji böhranı içində olması və orta əsrlərə döndüyü haqda Kreml yalanları da Serbiya mediasında çox populyardır. Ümumiyyətlə enerji ilə bağlı dezinformasiya Serbiyada ən yayğın mövzulardan biridir. “İnformer”, “Novosti”, “Pink” də daxil bir çox media orqanı İsveçrədə evini çox isidən qonşularından şikayət edənlərə 200 avro mükafat verildiyinə dair yalanları belə rahatlıqla yaya bilir. AB sanksiyalarının Rusiyadan çox Avropaya zərər verdiyi haqda iddialar da ən çox təkrarlanan Kreml narrativlərindən biri olaraq Serbiyada aktualdır (İstinomer, 2022).
Belqrad rusiyayönlü mövqeyini Kosovo dosyesi ilə də rahatlıqla pərdələyir. Moskvanın Kosovo məsələsindəki mövqeyi Serbiyada “Qərb ədalətsizliyi” rakursunun davamlı olaraq canlı saxlanması üçün zəmin təşkil edir. Avropa İttifaqı və NATO-nun “təzyiq bloku” kimi təqdim edildiyi bu çərçivədə Rusiya Serbiyanın ”yeganə müdafiəçisi” kimi göstərilir. Bu xətt uzun illərdir dezinformasiya proksiləri tərəfindən istismar edilir və regional analizlərdə də əsas narraitvlərdən biri olaraq önə çıxır (Metodieva, 2019).
Serbiyadakı Rusiya dəstəkçisi mövqenin və Kreml narrativlərinin maneəsiz işləməsinin başqa bir örtüyü isə tərəfsizlik iddiasıdır. Vuçiç iqtidarı illərdir ölkəni “a la carte” xarici siyasətlə idarə edir - həm Aİ fondlarından və Qərbin iqtisadi imkanlarından faydalanır, həm Rusiyanın Kosovo ilə bağlı mövqeyindən və ucuz qazından öz mənafeyi üçün istifadə edir (KHAR Center, 2025 a). Bloklardan qaçma siyasəti Serbiya iqtidarına həm Rusiyanın qəzəbindən qorunma, iqtisadi bağları saxlama, həm də daxildə “Qərb bizə təzyiq edir” narrativini qidalandırma fürsəti verir. Rusiya üçün isə bu vəziyyət narrativlərini yaymaq üçün praktik imkan deməkdir.
Kremlin Serbiyadakı narrativləri yalnız xarici siyasətlə deyil, daxili siyasətlə də birbaşa əlaqəlidir. Hökumətə qarşı etirazlar ənənəvi olaraq Kreml mediasında xarici mənbələrin destruktiv fəaliyyətləri kimi təqdim olunur. Bu məsələdə Kreml və Serbiyanın iqtidar dəstəkli mediası ortaq dildən istifadə edir. Üstəlik, Kremlin bu istiqamətdəki fəaliyyəti yalnız media manipulyasiyaları ilə də məhdudlaşmır, zaman zaman Moskvanın Serbiyadakı aksiyaların qarşısının alınması üçün “kömək” etdiyinə dair iddialar da ortaya çıxır (Reuters, 2025).
BOSNİYA və HERSEQOVİNA ( SERB RESPUBLİKASI)
Bosniya və Herseqovina Rusiya propaqandasının ən rahat hərəkət etdiyi ikinci Balkan ölkəsidir. Bu rahatlığın mənbəyi isə mərkəzi siyasət deyil, Bosniya və Herseqovinanın tərkib hissəsi olan Serb Respublikası və onun rəhbərliyinə Moskvanın fasiləsiz dəstəyidir. Dayton müqaviləsindən sonra qurulan, bir-birinə güvənməyən strukturlardan ibarət ölkə modeli Bosniya və Herseqovinanı Rusiya üçün əlverişli meydana çevirib. Serb Respublikasında yüksələn millətçilik Bosniya-Herseqovinanın Avropaya inteqrasiyasının qarşısındakı ən böyük maneədir və Rusiya bu maneəni güclü saxlamaq üçün Milorad Dodik hökumətini davamlı şəkildə dəstəkləyib. Bu məsqədlə də həm yerli medianın, həm də regionun propaqanda ixracatçısı rolunda istifadə etdiyi Serbiya mediasının gücündən yararlanaraq Qərb və NATO əleyhinə narrativləri canlı saxlayıb (Khar Center, 2025b). Bosniya və Herseqovina Federasiyasında Putini dəstəkləyənlərin ümumi faizi 11 olsa da, ayrıca Serb Respublikasında bu rəqəm 80 faiz civarındadır (Prelec, Gajic, Krivokapic və Palloshi-Disha, 2025) Qurumun keçmiş prezidenti Milorad Dodik Qərbi Balkanlarda Rusiyanın ən görkəmli “beşinci kolonu” rolunu oynayıb. Dodik əvvəlcə BiH-in mövqeyini “neytral” kimi təqdim edib, ölkənin münaqişədə tərəf tutmamalı olduğunu deyib. Lakin müharibə uzandıqca o, açıq şəkildə Kreml narrativlərini qəbul edib (Turcalo, 2025).
Keçən il Bosniya Mərkəzi Seçki Komissiyası Serb Respublikasının avtoritarlaşmasının memarlarından olan Milorad Dodikin haqqındakı məhkəmə qərarını əsas gətirərək onu prezidentlikdən uzaqlaşdırıb. Ancaq bu, SR-da Dodik xəttinin başa çatdığı demək deyil, onun yerinə iqtidardakı Müstəqil Sosial Demokratlar Alyansı Partiyasından namizəd irəli sürülən və noyabrdakı prezident seçkilərində az fərqlə qalib gələn Sinişa Karan sabiq prezidentin kursunu davam etdirəcəyini açıqca elan edib. Dodik də kampaniya posterlərində “Mən əsas şəxs olaraq qalıram, Serb Respublikasının bütün prezidentlərinin prezidenti olacağam. Bəs edirmi?” deyə meydan oxuyub (KHAR Center, 2025b).
Əsas propaqanda kanalları
Bosniyada Rusiya propaqandasının fəaliyyəti bəsit RT məzmunlarının yayılmasından ibarət deyil. Burada bir-biri ilə əlaqədə olan müxtəlif kanallar propaqanda mexanizminin sütununu təşkil edir.
1. SR rəhbərliyi və media orqanları
Birinci kanal şübhəsiz ki, Serb Respublikası rəhbərliyi və ona yaxın media-siyasət dairəsidir. Bu dairələr separatçı xətt ilə Qərb institutlarına qarşı sərt ritorikanı birlikdə həyata keçirirlər və bu da Kreml narrativlərinin yerliləşdirilməsi üçün mühüm rol oynayır. Serb Respublikasında hakim elitalar dövlət səviyyəli institutları zəiflətmək üçün etnomillətçi və rusiyayönlü mesajları birləşdirir (Prelec, Gajic, Krivokapic və Palloshi-Disha, 2025).
Avropa Komissiyasının 2025-ci ilə aid hesabatı göstərir ki, SR-nın ictimai yayımçısı (Radio Televizija Republike Srpske (RTRS) həm Rusiyanın Ukraynaya təcavüzü, həm də Bosniya və Herseqovinanın Aİ-yə inteqrasiya yolu ilə bağlı Kreml dezinformasiyası yaymağa davam edir (European Comission, 2025). RTRS-dən başqa “ Alternativna Televizijà” , “Nezavisne Novine”, “Glas Srpske” də Rusiya narrativlərini böyük həvəslə yayır (Sijah, 2024). Bu baxımdan RTRS ilə bağlı beynəlxalq hesabatlarda “Rusiya dövlət kanalı kimi fəaliyyət göstərir” dəyərləndirməsinə yer verilir (CEP, 2022).
SR-nın rəsmi xəbər agentliyi SRNA (Srpska News Agency) da Rusiya kontentinin yerli portallara “lokal xəbər” kimi paylanmasında və Rusiya səfirliyinin və rəsmi qurumlarının açıqlamalarının “legitiməşdirilməsində” mühüm rol oynayır. RTRS və SRNA Aİ sanksiyalarına baxmayaraq “RT Balkan” və “Sputnik Srbija” məzmununu mütəmadi olaraq ölkəyə daşıyır (Prelec, Gajic, Krivokapic və Palloshi-Disha, 2025). Banya Lukada yerləşən “M-tel” provayderi isə Bosniya və Herseqovinanın Rusiyaya qarşı müvafiq Aİ sanksiyalarına uyğunlaşmasına baxmayaraq, RT kanalının siqnalını yaymağa davam edir. M-tel-in Serbiyanın “Telekom Srbija” dövlət şirkəti ilə bağlılığı bu fəaliyyətin səbəbini kifayət qədər izah edir (European Comission, 2025).
Bosniya və Herseqovina bütövlükdə Aİ-nin xarici siyasət və təhülkəsizlik siyasətinə uyğunlaşmaya sadiqlik göstərsə də, SR subyektinin hakimiyyət orqanları Rusiya ilə yüksək səviyyəli təmasları davam etdirirlər. Bundan əlavə, Rusiyanın işğal siyasətinin dəstəklənməsi və Aİ sanksiyalarının qarşısı alınması üçün federasiyanın SR qolu aktiv fəaliyyət gösrərir. Buna Rusiyadan uçuşların qadağan edilməməsi, Rusiyanın dövlət və sponsorlu mediasının yayımının dayandırılmaması da daxildir. 2025-ci ildə SR ilə Rusiya arasındakı əlaqələr daha da artıb. Belə ki, keçən ilin sentyabrında Meteorologiya və Standartlaşdırma İnstitutu Aİ sanksiyasına məruz qalan “Rosstandart” ilə memorandum imzalayıb (European Comission, 2025).
SR rəhbərliyinin ruspərəst xətti yalnız ideoloji bağlılıqla izah olunmamalıdır, qarşılıqlı iqtisadi maraqlar da bu münasibətlər sisteminin özəyində duran faktorlardır. Birincisi, Bosniya və Herseqovinanın uzun müddət Rusiyadan qazla təchiz olunub. SR daxilində Qərbə qarşı sərt ritorika qızışanda, enerji mövzusu həm daxili təbliğatda, həm də Sarayevo ilə diskussiyalarda əsas karta çevrilib. Neft emalı və yanacaq bazarına nəzarət də faktiki Rusiyanın əlində olub. Rusiya şirkətləri neft və qaz vektorlarında dominant rol oynayıb və SR administrasiyasını maliyyə baxımından dəstəkləyib. “Zarubezhneft” kimi şirkətlər Brod neft emalı zavodu kimi əsas infrastruktura nəzarət edib (Toçi, 2025).
2025-ci ildə SR-nın Rusiya ilə separat əlaqələrinə və xorvatların maneələrinə baxmayaraq bosniyalı parlamentarilər enerji şaxələndirilməsi istiqamətində həlledici addım ataraq ölkənin qaz şəbəkəsini Xorvatiya ilə birləşdirməyə səs veriblər. Bosniya və Hersoqovinadakı HDZ (Croatian Democratic Union) başda olmaqla xorvat partiyaları Bosniyanın qaz şəbəkəsini Xorvatiya ilə birləşdirəcək “Cənub qaz interkonektoru” (Bosnia–Croatia gas interconnection) xəttini Sarayevodakı dövlət şirkəti BH Gas tərəfindən idarə olunmasına qarşı çıxır, Mostar (xorvatların çoxluqda olduğu bölgə) mərkəzli yeni şirkətin yaradılmasını və kəməri idarə eməsini istəyirdi (N1, 2024).
Serb Respublikasında Rusiyayla güclü əlaqələri təşviq edən siyasi ritorikaya baxmayaraq, Rusiyanın mövcud olduğu sektorda - neft sənayesində ciddi maliyyə geriləmələri qeydə alınıb. Bu maliyyə itkiləri Rusiyanın Bosniyadakı iqtisadi fəallığının əsasən kommersiya maraqları ilə deyil, daha geniş geosiyasi hesablamalarla izah olunduğunu göstərir (Turcalo, 2025). Digər tərəfdən bəzi analitiklər Rusiyanın SR-dakı investisiyalarının statistikalarda əks olunmayan gizli sövdələşmələrdən ibarət olduğuna diqqət çəkir (Clingendael Institute, 2023).
2. Serbiyadan propaqanda idxalı
SR-da Rusiyanın ikinci mühüm kanalı Serbiyadan gələn propaqanda axınıdır. Serb Respublikası Serbiya üzərindən - “RT Balkan” vasitəsilə lokallaşdırılarak gələn hazır və ucuz RT kontentinin əsas alıcıları arasındadır. “RT Balkan” hər gün Bosniya-Herseqovina ilə bağlı Kreml narrativli xəbərlər yayır və SR iqtidarını dəstəkləyən yazılara yer verir (Sijah 2024). Balkanlarda fəaliyyət göstərən beş fakt-çeking təşkilatının (raskrinkavanje.ba, raskrikavanje.rs, fakenews.rs, raskrikavanje.me ve faktograf.hr) yaratdığı “See Check” konsorsiumu Ukrayna müharibəsinin yalnız ilk 150 günündə bütün Balkan coğrafiyasına yayılan, manipulyasiya və ya dezinformasiya ehtiva edən 1400 məqalə və post müəyyən edib. Bu məlumatların əsas mənbəyi isə məhz Serbiya mətbuatı olub (Sijah 2024).
Araşdırmalar göstərir ki, Ukraynaya tammiqyaslı hücumdan əvvəl Balkanlarda mövcud olan, 15-i Serbiyadan, 14-ü Bosniya-Herseqovinadan (xüsusilə Serb Respublikasından) olan 29 media qurumundan ibarət ‘dezinformasiya hubu” hələ də aktiv fəaliyyətdədir. Ukrayna müharibəsi ilə bağlı ən çox dezinformasiya yayan 20 media orqanından 12-si məhz həmin mərkəzdə təmsil olunanlardır (CEP, 2022 ). Bu şəbəkədə “Sputnik Srbija” “birləşdirici həlqə” kimi çıxış edir və şəbəkə BiH-də ən qabarıq dezinformasiya mənbəyidir (Prelec , Gajic, Krivokapic və Palloshi-Disha, 2025).
3. Radikal Kreml propaqandaçıları ilə bağlar
Üçüncü kanal 2022-ci ildən sonra yeni vəziyyətə uyğun yaranıb. Bu, Moskvanın radikal propaqanda şəbəkələri ilə Serb Respublikasının dövlət qurumları arasındakı birbaşa kommunikasiya kanalıdır. 2024-cü ildə Rusiyanın Avropada sanksiya altında olan radikal propaqanda şəbəkəsi “Rybar” Serb Respublikası İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi ilə birlikdə media məktəbi yaratmaq barədə razılığa gəlib (Pekmez, 2024). Keçmişdə “Vaqner”in qurucusu Prigojin tərəfindən malliyyələşdirən, hazırda isə keçmiş rus zabiti Mixail Zvinçuk tərəfindən idarə edilən “Rybar” özünün “Telegram” kanallarının idarə edilməsi ilə bağlı Serbiya və Serb Respublikasında 500 nəfərə kurs keçdiyini daha əvvəl açıqlamışdı. Keçən il Banya Lukaya gedən Zvinçuk SR İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbəri ilə görüşdən sonra media məktəbi də daxil, yeni layihələr barədə razılığa gəldiklərini bildirdi. Açıqlamada “Rybar” və SR hökumət agentliyinin Rusiyanın “Telegram” kanallarının yazarları ilə sistemli master-classların keçirilməsi üçün anlaşdığı qeyd edildi. Bu istiqamətdəki ilk toplantı isə SR hökuməti tərəfindən yaradılan Sosio-Politik Araşdırma Mərkəzində keçirilib. Qurumun yayım orqanı olan RTRS Zvinçuku Bosniyaya ilk dəvət edənin də məhz bu mərkəz olduğunu bildirib (Pekmez, 2024 ).
2025-ci ilin sentyabrında “Rybar” SR-daki məktəbin fəaliyyətə başladığını elan etdi. Rybarın Qırğızıstanda belə məktəbi 2024-cü ildən var, eyni zamanda Azərbaycanda və Özbəkistanda da bu məktəbləri qurmağa çalışdığı bildirilir (Hodziç, 2025).
Avropa İttifaqı sənədlərinə görə, Zvinçuk Putinin 2022-ci ilin dekabrında Ukraynaya qarşı müharibəyə dəstək məqsədilə Rusiyanın səfərbərliyini koordinasiyasını həyata keçirmək üçün yaradılan işçi qrupunun üzvüdür. “Rybar” qeyri-rəsmi şəkildə Kreml tərəfindən idarə olunur, dövlət şirkəti “Rostex”dən maliyyə dəstəyi alır və Rusiya kəşfiyyatı ilə koordinasiyalı fəaliyyət göstərir. “Rybar” Bosniya-Herseqovinanı bu koordinasiya cəbhəsinin bir ayağı olaraq görür . “Rybar”ın 28 dildə 250-dən çox kanalı birləşdirən “Telegram” şəbəkəsini 1,3 milyondan çox insan izləyir. Zvinçuk bu kanalda sistemli şəkildə Srebrenitsadakı boşnak soyqırımını rədd edir, Balkanlarda yeni müharibə olacağını, Rusiyanın Dunaya doğru genişlənəcəyini bildirən postlar paylaşır (Pekmez, 2024 c). SR-dakı son prezident seçkilərində də Zvinçuk rəsmi müşahidəçi olmasa da, günlərlə Banya Lukada qalıb və Qərb əleyhinə, Dodikin xələfini dəstəkləyən açıqlamalar verib. Bu da Rusiyanın Serb Respublikasında yalnız uzaqdan propaqanda ilə deyil, yerində müdaxilə şəklində mövcudiyyətinin başqa bir sübutudur (Hodziç, 2025).
Yalnız “Rybar” deyil, Kremlin “Telegram” ağırlıqlı digər propaqanda kanalları da Bosniya və Herseqovinada gərginliyin artması və separatçılığın dəstəklənməsi üçün SR rəhbərliyi ilə ortaq fəaliyyət göstərir. Bunun ən böyük nümunələrindən biri keçən ilin əvvəlində prokurorluq tərəfindən Dodikin həbsi gündəliyə gətirildiyi zaman yaşanıb. “Rybar”ın Telegram kanalları və digər propaqanda kanalları kollektiv şəkildə qızışdırıcı və separatçı çağırışlar ehtiva edən böyük bir kampaniya həyata keçirib (Support4Partnership, 2025).
Bu kampaniyaya “Portal Kombat” şəbəkəsinə daxil olan saytlar da kütləvi dəstək verib. Fransanın VIGINUM dövlət araşdırma mərkəzinin 2024-cü il hesabatıBosniya və Herseqovina auditoriyasını hədəfləyən Portal Kombat/Pravda domenlərinin mövcudluğunu göstərir (Viginum, 2024). Bu domenlərə sadəcə Serbiyada yaradılanlar daxil deyil, SR-da da ayrıca srpska.news-pravda.com adlı sayt yaradılıb. Saytda təkcə 4 ayda - 2025-ci ilin yanvarından mayına qədər — 1721 propaqanda materialı dərc edilib (Rizanaj, 2025).
4. Rəsmi təhlükəsizlik qüvvələri və paramilitar qruplar
Rusiyanın təsirinə dair ən narahatlıq doğuran məqamlardan biri Moskvanın əli ilə Serb Respublikası polis qüvvəsinin mərhələli şəkildə hərbiləşdirilməsidir. Məlumatlara görə, SR hakimiyyəti Rusiyanın dəstəyi ilə silah və taktiki avadanlıq əldə edib; bu da polis qüvvələrinin əməliyyat imkanlarını adi hüquq-mühafizə mandatından kənara çıxarır (Prelec, Gajic, Krivokapic və Palloshi-Disha, 2025 d). Analitiklər Rusiya kəşfiyyat orqanları nümayəndələrinin çox tez-tez SR Polis Akademiyasında və Banya Luka Universitetinin təhlükəsizlik fakültələrində dərs keçdiklərini bildirirlər. Rusiya SR polisinə həm praktik, həm simvolik dəstək verir. SR hökuməti üçün Rusiyanın silah və təlim dəstəyinə malik polis gələcəkdəki potensial separatçı ordunun təməlidir (IRI, 2024).
Rusiya SR-da yalnız rəsmi təhlükəsizlik qüvvələri üzərindən deyil, yarıparamilitar qruplar vasitəsilə də təsirini davam etdirir. Burada xüsusilə iki təşkilatın adı önə çıxır - “Serb Ləyaqəti” (“Serbian Honor” - “Srbska čast”) və “Gecə Qurdları” (“Night Wolves” - “Noćni vukovi”). “Srbska čast” Serbiyanın Niş kəndində mənzillənən Rusiya-Serbiya Humanitar Mərkəzi nəzdində qurulmuş bir yarıparamilitar təşkilatdır, SR-da isə şöbəsi var (IRI, 2024). Ukrayna müharibəsinin ilk aylarında Balkanlardan Rusiyanın “Vaqner” qrupuna hərbçi toplanmasının mərkəzlərindən biri də məhz Banya Luka olub və burada koordinasiyanı “Srbska čast” təmin edib. Bunlardan başqa, “Balkan Kazakları” və “Narodne Patrole” adlanan radikal sağçı qruplar da Serbiyada olduğu kimi SD-da da aktivdirlər və Rusiya ilə əməkdaşlıq edirlər (Clingendael Institute, 2023).
Moskvanın dünyadakı proaktiv qruplarından olan “Noćni vukovi” isə SR-da Rusiyaya dəstək mitinqlərinin əsas təşkilatçısıdır və Daxili İşlər Nazirliyi tərəfindən dəstəklənir. Rusiya səfirliyi və bu təşkilatlar hər il 9 yanvarda Bosniya və Herseqovina konstitusiyasına zidd olan Serb Respublikası Günü tədbirlərində birləşirlər (IRI, 2024).
5. Kremlin Banya-Lukadakı yumşaq güc qərargahı
Bütün hədəf ölkələr kimi Bosniya və Herseqovinada da Rusiyanın “yumşaq güc” infrastrukturu fəaliyyətini fasiləsiz davam etdirir. Banya Luka Universitetindəki “Center for Russian Studies” rus dili və mədəniyyəti tədbirləri adı altında bir şəbəkə kimi fəaliyyət göstərir. Bu mərkəz Belqraddakı “Rus Evi” və Serb Respublikasındakı “Rus Dünyası Mərkəzi” ilə sıx əməkdaşlıq edir (FBN, 2024).
Kremlin dünyadakı propaqanda şəbəkəsinin əsas elementlərindən olan “Russki Mir” Fondu Banya-Lukada 2012-ci ildən bəri fəaliyyət göstərir və hələ də akademik dairələrdə təsir gücünü saxlayır (Rusiya XİN, 2025).
Yerli pravoslav institutları və kilsə ibadət edənlərin çoxluğu və ya əhəmiyyətli paya malik olduqları ölkələrdə Kreml təbliğatının əsas çoxaldıcıları rolundadırlar. Bosniya və Herseqovina əhalisinin 31 faizini təşkil edən Serb Respublikasında da bu faktor kifayət qədər güclüdür. Kilsə burada ənənəvi olaraq Avropa layihəsinin əsas prinsiplərinə qarşı Rusiyanın “mədəni müharibə”sini paylaşır və genişləndirir (Couetau, 2023).
Əsas narrativlər
Serb Respublikasında Rusiyanın Avropa-NATO ölkələrini hədəfləyən klassik narrativləri ilə yanaşı spesifik, lokal ştrixlər də diqqət çəkir.
Bunlardan birincisi “SR hədəfdədir” narratividir - bu xətt Qərb və Sarayevonun Serb Respublikasını ləğv etmək istədiyi iddiası üzərində qurulub. Bu çərçivədə SR rəhbərliyinin separatçı davranışlarına qarşı hüquqi addımlar siyasi təzyiq kimi dəyərləndirilir, mərkəzi orqanların legitimliyi şübhə altına alınır, beynəlxalq mezanizmlər ittiham hədəfi olur (Reuters, 2025).
İkinci narrativ NATO və Avropa İttifaqına inteqrasiyanın Respublika Srpskanın əleyhinə olduğu haqda iddialardır. Serblərin Aİ və NATO-ya skeptik yanaşması qismən Qərb institutlarını Serb Respublikasının muxtariyyətinə müdaxilə edən qurumlar kimi təqdim edən siyasi ritorika və media narrativləri ilə formalaşdırılır (Asllani, 2025). Bu çərçivədə Aİ islahatları SR-nın siyasi iradəsinə qarşı dəyərləndirilir, 1990-ların yaddaşıyla NATO təhlükə kimi görülür, Qərbin Bosniyada federasiyanı ləğv etmək, SR-nı yox etmək istədiyi haqda propaqanda işlənir (IRI, 2024). Bosniya NATO və Avropa İttifaqı ilə hərbi əməkdaşlığını gücləndirdikcə, Rusiya bu prosesi əngəlləmək üçün fəallığını artırır və SR rəhbərliyindən avroatlantik inteqrasiyaya qarşı geosiyasi “proksi” kimi istifadə edir (Clingendael Institute, 2023).
Üçüncü narrativ də bunun tərsi olaraq önə çıxır - “Rusiya yeganə real müttəfiqdir”. Bosniyalı serblər arasında tarixi bağlar, pravoslav xristian həmrəyliyi və Rusiyanın serb millətçi hədəflərinə dəstəyi önə çəkilir. Moskva həm “pravoslav-slavyan qardaşlığı”, həm “tarixi ədalət” hekayələri ilə serb siyasi və mədəni kimliyinin etibarlı qoruyucusu kimi təqdim olunur (Prelec , Gajic, Krivokapic və Palloshi-Disha, 2025).
Bu narrativ həm də Kremlin Bosniya və Herseqovinadakı növbəti tezisinin legitimlik nöqtəsidir. Bu tezis Ukrayna müharibəsində Rusiyanı işğalçı deyil, Qərbin proksi mühariəsinə cavab verən zərərçəkən kimi göstərilməsinə yönəlib. Eyni zamanda bu narrativ Aİ sanksiyalarının Avropanın özünə ziyan olduğu haqda iddiaları da ehtiva edir (CEP, 2022).
SR-dakı narrativlərə həm də Yuqoslaviya müharibələrinin tarixi revizionizmi və müasir etnik gərginliklərin xüsusi çərçivələndirilməsi daxildir; məsələn, 1999-cu ildə Kosovoda etnik təmizləməni dayandırmaq üçün NATO bombardmanı və Srebrenitsa soyqırımı ətrafında narrativlər. Bu çərçivədə Kosovo tez-tez Krımın ilhaqı və Ukraynada davam edən müharibə ilə müqayisə olunur (Asllani, 2025).
Müharibə kontekstində Rusiya və SR-da sinxron şəkildə yayğın olan digər narrativ isə serblərin keçmiş Yuqoslaviyadakı qətliamları ilə Rusiyanın Ukraynadakı qətliamlarınını sinxronlaşdırıb dəyərsizləşdirməkdir. Rusiyanın 2022-ci ildə Ukraynanın Buça şəhərində törətdiyi qətliam Srebrenitsa soyqırımı ilə “qurama təxribat” və ya “saxtalaşdırma” iddiaları ilə eyniləşdirilir, etibarsızlaşdırılır və istehsal olunmuş narrativlər kimi göstərilir (EuVsDisinfo, 2023).
Müqavimət potensialı
Serbiya və Serb Respublikasında Rusiya propaqandasının bu qədər rahat hərəkət etməsinin səbəbi yalnız Kremlin aktivliyi deyil, həm də və daha çox daxili çatlardır. Siyasi-etnik qütbləşmə, avtoritarizm və korrupsiya, institutların zəifliyi və digər bu kimi faktorlar Moskva üçün əlverişli sızma nöqtələri yaradır. Eyni zamanda Qərbi Balkanların informasiya bazarındakı qeyri-bərabər şərait, media sahəsinin Rusiya ilə müttəfiq olan iqtidarların nəzarətində olması ciddi resurs assimmetriyası yaradır. Bu səbəbdən də regionda Rusiya propaqandasına qarşı sistemli dövlət mübarizəsindən söhbət belə getmir, müqaviməti isə daha çox vətəndaş cəmiyyəti, fakt yoxlama mərkəzləri və araşdırmaçı jurnalistika təşkilatları təşkil edir.
Serbiyada müqavimət xəttinin ən yaxşı nümunələrindən biri CRTA (Center for Research, Transparency and Accountability - Centar za istraživanje, transparentnost i odgovornost - Tədqiqat, Şəffaflıq və Hesabatlılıq Mərkəzi) təşkilatıdır. Bu təşkilat seçkilər və siyasi proseslərin monitorinqi ilə yanaşı, media mühitində manipulyasiya və koordinasiyalı informasiya kampaniyalarının təsirlərini də izləyir (CRTA, 2022).
“Raskrinkavanje”, “Istinomjer” kimi fakt doğrulama təşəbbüsləri xüsusilə Ukrayna müharibəsi ilə bağlı dezinformasiyaların ifşası istiqamətində ciddi fəaliyyətlər həyata keçirir.
Bosniya və Herseqovinada (o cümlədən SR-da) vəziyyət daha mürəkkəbdir. Dövlətdəki qeyri-funksionallıq, SR-nın daxili kremlyönlü media və siyasət ekosistemi və Serbiya üzərindən gələn kontent dalğası təsiri dəfələrlə artırdığı kimi, müqavimət potensialını da daha çox daraldır.
Buna baxmayaraq, Sarayevo mərkəzli Raskrinkavanje.ba və Istinomjer həm federasiya, həm də SR çərçivəsində dezinformasiya kampaniyalarına qarşı fəaliyyət göstərir. Balkanlarda araşdırma jurnalistikasının ən yaxşı nümunələrindən olan Detektor.ba (BIRN BiH) SR-da təsir şəbəkələri ilə bağlı araşdırmaları ilə propaqanda mezanizmini deşifrə edir.
Bunlardan əlavə, müqavimət sahəsində regional əməkdaşlıqlar da mövcuddur. Bir neçə təşkilatı bir araya gətirən “See Check” konsorsiumu dezinformasiya dalğalarının regionda necə yayıldığını ortaya çıxarır. Ancaq Kremlin lokal müttəfiqləri ilə birlikdə həyata keçirdiyi mütəşəkkil fəaliyyət qarşısında məhdud resurslu bu müqavimət aktorları kifayət qədər təsir gücünə sahib deyil.
NƏTİCƏ
Bu araşdırma göstərir ki, Rusiya Qərbi Balkanlarda, xüsusilə Serbiya ilə Bosniya və Herseqovinada (Serb Respublikası) sistemli və çoxqatlı mexanizmlərlə propaqanda fəaliyyəti həyata keçirir. Kremlin təbliğat vasitələri ilə yerli iqtidarların nəzarətindəki media orqanlarının birgə fəaliyyəti, Moskva narrativləri ilə yerli dini-etnik-siyasi konfliktlərin birləşdirilməsi, siyasi dairələrlə qeyri-formal əlaqələr, sosial şəbəkələrin yayma gücü, yumşaq güc institutları və təhlükəsizlik orqanlarının imkanlarından vahid bir sistem daxilində istifadə olunur.
Bu sistemin Qərbi Balkanlarda mərkəzi rolunda Serbiyadır. Belqrad Moskvanın narrativlərinin lokallaşdırılaraq Balkanlara ixrac edildiyi əsas plaftorma funksiyasını yerinə yetirir. Bosniya və Herseqovina (Serb Respublikası hissəsi) isə həm bu platformadan gələn axın, həm də özünün Moskva ilə birbaşa bağları səbəbilə Kremlin təsirinin ən açıq səhnələrindən biridir. Bu səhnə acı tarixi çox da uzaqda olmayan regionda yeni separatçılıq və qanlı konfliktlər ehtimalı doğuran ciddi təhlükəsizlik risklərini də ehtiva edir.
Rusiyanın buradakı təsir gücü yalnız Moskvanın aktivliyi ilə bağlı deyil əlbəttə, region ölkələrinnin daxili zəiflikləri - dini-etnik gərginliklər, siyasi qütbləşmələr, medianın və vətəndaş cəmiyyətinin nəzarət altına alınması, demokratik geriləmələr, qeyri-rəsmi iqtisadi bağlar və bu kimi digər faktorlar da Kreml narrativləri üçün geniş imkanlar açır.
Qərbi Balkanlarda bu sistemli və kütləvi təsir kampaniyasına qarşı müqaviməti təşkil edən fakt yoxlama təşkilatları, QHT-lər, jurnalist təşəbbüsləri var, ancaq onların resursları bu böyük mexanizmlə başa çıxmaq üçün kifayət etmir. Bu regionda Rusiya propaqandasına qarşı mübarizənin yolu Qərbə inteqrasiyanın sürətləndirilməsindən, demokratik institutların gücləndirilməsindən və daha əvvəlki yazılarımızda da vurğuladığımız kimi, Avropanın ortaq səylərindən keçir.
İSTİNADLAR
EEAS (European External Action Service), 2025.
Information integrity and countering foreign information manipulation and interference (FIMI).
https://www.eeas.europa.eu/eeas/information-integrity-and-countering-foreign-information-manipulation-interference-fimi_en
EU DisinfoLab, Ocak 2025.
Disinfo Update 14/01/2025.
https://www.disinfo.eu/disinfo-update-14-01-2025/
Asllani Mejreme , 2025. Domestic Actors Fuel Russian Disinformation in the Western Balkans. https://bisi.org.uk/reports/domestic-actors-fuel-russian-disinformation-in-the-western-balkans
CEP (Centre for European Perspective), 2022a. Information War and Fight for Truth: Tactics and Harmful Effects of Foreign Perpetrated Disinformation in Western Balkans. https://www.cep.si/wp-content/uploads/2025/06/Fight-for-Truth.pdf
EPRS (European Parliamentary Research Service), 2023.
Russia and the Western Balkans Geopolitical confrontation, economic influence and political interference.
https://www.europarl.europa.eu/RegData/etudes/BRIE/2023/747096/EPRS_BRI%282023%29747096_EN.pdf
FES (Friedrich Ebert Stiftung), 2025.
Security Radar 2025: Country profile – Serbia.
https://peace.fes.de/security-radar-2025/country-profiles/serbia.htmlRSF, 2024. From Russia to Serbia: How RT spreads the Kremlin’s propaganda in the Balkans despite EU sanctions.https://rsf.org/en/russia-serbia-how-rt-spreads-kremlin-s-propaganda-balkans-despite-eu-sanctions
Support4Partnership, 2025.
Serbia as a key target of the Russian disinformation campaign in the Western Balkans.
https://support4partnership.org/en/news/serbia-as-a-key-target-of-the-russian-disinformation-campaign-in-the-western-balkans
European Western Balkans, Mart 2024.
Russian state media in Serbia support the government with anti-Western narratives.
https://europeanwesternbalkans.com/2024/03/01/russian-state-media-in-serbia-support-the-government-with-anti-western-narratives/
Kolovska, Vesna, 2024. Emotional ties and propaganda the Russian soft rower in the Balkans. https://truthmeter.mk/emotional-ties-and-propaganda-the-russian-soft-power-in-the-balkans/
Khar Center, 2025a.
Buying stability with gas: Serbia’s energy dependence on Russia and the growing potential for democratic resistance.
https://www.kharcenter.com/en/researches/buying-stability-with-gas-serbias-energy-dependence-on-russia-and-the-growing-potential-for-democratic-resistance
Raskrikavanje, 2023.
Right-wing universe in Serbia: Biggest rivals support each other the most – Informer as the biggest hub.
https://raskrikavanje.rs/right-wing-universe-in-serbia-biggest-rivals-support-each-other-the-most-informer-the-biggest-hub/
RFE/RL (Radio Free Europe/Radio Liberty), 2024.
Russian fake news and disinformation in the Balkans.
https://www.rferl.org/a/russian-fake-news-disinformation-balkans/33126528.html
Detektor, 2024.
Pro-Russian Telegram channels in the Balkans increasingly popular as recruitment and disinformation platforms.
https://detektor.ba/2024/06/07/proruski-telegram-kanali-na-balkanu-sve-popularniji-poligon-za-regrutovanje-i-dezinformacije/
Debunk, 2022. Otkriveno više od 1.330 FB grupa i stranica koje šire dezinformacije na prostoru Balkana https://www.debunk.org/sr/otkriveno-vise-od-1-330-fb-grupa-i-stranica-koje-sire-dezinformacije-na-prostoru-balkana
AİDDATA, 2023.
Serbia: Civic space Country Report. 2010–2021.
https://docs.aiddata.org/reports/civic-space/country-reports/srb/serbia-civic-space-2010-to-2021.html
FPC (Foreign Policy Centre ), 2024.
An ambiguous future: Russia’s declining material presence and remaining soft power in Serbia.
https://fpc.org.uk/an-ambiguous-future-russias-declining-material-presence-and-remaining-soft-power-in-serbia/
Toci, Çlirim , 2025. Strengthening Europe’s Long-Term Defense Resilience – Challenges and Recommendations. BALTDEFCOL Policy Paper. https://media.voog.com/0000/0051/2796/files/BALTDEFCOL%20Policy%20Paper%20FINAL%2018.02_2025.pdf
Istinomer, 2022.
Russian echo in Serbian media.
https://english.istinomer.rs/analyses/russian-echo-in-serbian-media/
Medodieva, Asya, 2019. Russian narrative proxies in the Balkans. German Marshall Fund of the United States (GMFUS).
https://www.gmfus.org/sites/default/files/Russian%20Narrative%20Proxies%20in%20Balkans.pdf
Reuters, 2025.
Serbia deputy prime minister says Russian spies help put down protests.
https://www.reuters.com/world/europe/serbia-deputy-prime-minister-says-russian-spies-help-put-down-protests-2025-03-21/
KHAR Center, 2025b. Kreml mərkəzli anti-Qərb təbliğatına qarşı mübarizə: Aİ və NATO-ya üzvlük kontekstində Cənub-Şərqi Avropada vəziyyət. https://kharcenter.com/ekspert-serhleri/kreml-merkezli-anti-qerb-propaqandasina-qarsi-mubarize-ai-ve-nato-ya-uzvluk-kontekstinde-cenub-serqi-avropada-veziyyet
Prelec Tena, Gajiç Sonja Stojanoviç, Krivokapiç Dorđe və Palloshi-Disha Edlira, 2025. Foreign Influence Challenges: Corrosive Capital and Disinformation in the Western Balkans and Associated Trio. https://geo-power.eu/wp-content/uploads/2025/12/Foreign-Influence-Deliverable-_-GEO-POWER-EU-2.pdf
Turcalo, Sead, 2025. BIH-Russia Relations After the Beginning of the Ukrainian War: What Policy does BIH Lead Toward Russia. https://balkanfoundation.com/wp-content/uploads/2025/04/BSF-Research-Paper-02-4.pdf
European Commission, 2025. Bosnia and Herzegovina 2025 Report. https://enlargement.ec.europa.eu/document/download/5d8fc547-f8f8-456f-84e3-b38998acfafd_en?filename=bosnia-and-herzegovina-report-2025.pdf
Sijah Dalio , 2024. Russian Media Knocking at Bosnia’s Door. https://tol.org/client/article/russian-media-knocking-at-bosnias-door.html
N1, 2024. FBiH HoR endorses Southern İnterconnection Gas Pipeline Bill. https://n1info.ba/english/news/fbih-hor-endorses-southern-interconnection-gas-pipeline-bill/
Clingendael Institute, 2023. Russian sources of influence in Serbia, Montenegro and Bosnia and Herzegovina. https://www.clingendael.org/pub/2023/little-substance-considerable-impact/russian-sources-of-influence-in-serbia-montenegro-and-bosnia-and-herzegovina/
Sijah Dalio , 2024. Russian Media Knocking at Bosnia’s Door. https://tol.org/client/article/russian-media-knocking-at-bosnias-door.html
Pekmez, 2024 . Putin’s Messenger: Russia’s Rybar to Open Media ‘School’ in Bosnia’s Serb Entity. https://detektor.ba/2024/11/05/ruski-ribar-i-vlasti-republike-srpske-pokrecu-medijsku-skolu-propagande/?lang=en
Hodziç Enes, 2025. Sanctioned Russian Propagandist Visits Republika Srpska During Presidential Elections. https://detektor.ba/2025/12/12/sankcionisani-ruski-propagandista-u-banjoj-luci-za-vrijeme-izbora-za-predsjednika-rs-a/?lang=en
Support4Partnership, 2025. Pro-Russian Telegram Channels are Synchronously Spreading Panic and Predicting Conflict in Bosnia and Herzegovina. https://www.support4partnership.org/en/news/pro-russian-telegram-channels-are-synchronously-spreading-panic-and-predicting-conflict-in-bosnia-andherzegovina
VIGINUM (SGDSN), 2024. VIGINUM – PORTAL KOMBAT Network Report (Part 3) (new domain name). https://www.sgdsn.gouv.fr/files/files/Publications/20240428_NP_SGDSN_VIGINUM_PORTAL-KOMBAT-NETWORK-REPORT_NEW%20DOMAIN%20NAME_%28PART3%29_ENG_VF.pdf
Rizanaj Festim , 2025. The Russian Propaganda Network and the Balkans: PRAVDA. https://hibrid.info/wp-content/uploads/2025/06/Pravda-Network-1-1.pdf
IRI (International Republican Institute), 2024. The Authoritarian Nexus. https://www.iri.org/wp-content/uploads/2024/04/The-Authoritarian-Nexus.pdf
FBN (Faculty of Security Sciences, University of Banja Luka), 2024. The Solemn Academy was held on the occasion of the Day of the Russian Language. https://fbn.unibl.org/en/2024/06/07/the-solemn-academy-was-held-on-the-occasion-of-the-day-of-the-russian-language/
Rusiya XİN, 2025. Ministry of Foreign Affairs of the Russian Federation, n.d. Foreign policy news item (ID: 2045598). https://mid.ru/en/foreign_policy/news/2045598/
Benjamin Couteau, 2023. Rival influences in the Western Balkans: hard facts and limitations. https://institutdelors.eu/content/uploads/2025/04/PB_231128_Influences_rivales_Balkans_occidentaux_Couteau_EN.pdf
Reuters, 2025. Bosnian Serb leader Dodik calls for Russia’s help after arrest warrant. https://www.reuters.com/world/europe/bosnian-prosecutors-order-arrest-bosnian-serb-leader-dodik-2025-03-12/
EUvsDisinfo, 2023. Russian media deny the Srebrenica genocide to deflect responsibility for Bucha. https://euvsdisinfo.eu/russian-media-deny-the-srebrenica-genocide-to-deflect-responsibility-for-bucha/
CRTA, 2022.
Mapping disinformation in Serbian media.
https://crta.rs/wp-content/uploads/2023/01/Mapping-disinformation-in-Serbian-media_2020.pdf