15 avq 2025

Robert Fi̇tso: Slovakiya Avtoritarizminin Anatomiyası

Robert Fi̇tso: Slovakiya Avtoritarizminin Anatomiyası

Giriş 

Robert Fitso — postkommunist Avropanın ən qalmaqallı, ən mübahisəli fiqurlarından biri, Slovakiya siyasətinin ən dayanıqlı siması… 

Onun siyasi karyerası sadəcə bir partiyanın və ya hökumətin deyil, bütöv bir dövlətin demokratik sistemi ilə oynama cəhdlərinin xronikasıdır.  Fitso nəinki Slovakiya siyasətində sağ və sol qütblər arasında sərbəstcə manevr edən bir oyunçudur, eyni zamanda bu ziddiyyətli mövqeləri özünün siyasi texnologiyasına çevirə bilən bir manipulyasiya ustasıdır. 

Onun hekayəsi xeyli cəhətdən bir çox avtoritar liderin həyat yolu ilə bənzərlik təşkil edir. Təhsilsiz, kasıb ailənin liderə çevrilmiş oğlu, xalqın içindən çıxan manipulyator, bəlli bir ideoloji təsnifata uymayan və çox rahat cinah dəyişdirən siyasətçi, praqmatik populist… Bu çizgiləri ilə Fitso Macarıstanda Orbana, Türkiyədə Ərdoğana, Rusiyada Putinə bənzəyir. Başqa bir bənzərlik də ölkəsinin ən azı 30 ilində siyasət səhnəsinin vitrinində yer almasıdır. 

Robert Fitsonun siyasi həyatındakı Kommunist Partiyasından sosial demokratiyaya, sosial demokratiyadan millətçi-populizmə qədər uzanan ziqzaqlar sadəcə ideoloji yol axtarışı deyil, həm də uzunmüddətli iqtidara sahib olma planının tərkib hissəsidir. Bu yazı, Fitsonun dönüşlərini yalnız bir siyasi fiqurun portreti kimi deyil, həm də Slovakiyanın demokratik institutları ilə olan ziddiyyətli münasibətləri kontekstində təhlil etməyə çalışır. 

KHAR Center bu yazısında  Fitsonun siyasi portretini sadəcə tarixi ardıcıllıqla deyil, onun hakimiyyət ehtirasının, manipulyasiya qabiliyyətinin və sistemləşmiş revanşizminin konturları ilə birlikdə araşdırır. 

Mövzunun aktuallığı

Robert Fitsonun siyasi mövqelərindəki dəyişikliklər təkcə onun fərdi siyasi maraqları ilə deyil, həm də Slovakiya siyasi sistemindəki institusional qeyri-sabitlik və ictimai narazılıqlarla sıx bağlıdır. Populist ritorikanın populyarlaşdığı bir dövrdə bu cür davranışlar həm siyasi liderlərin strateji uyğunlaşma cəhdlərini, həm də seçicilərin dəyişkən tələblərini əks etdirir. Bu səbəbdən Fitsonun siyasi davranışlarını araşdırmaq, regionda demokratik institutların dayanıqlığını və siyasətçilərin davranış modellərini anlamaq baxımından olduqca aktualdır.

Analizin əsas sualı 

Robert Fitsonun siyasi davranışındakı ziqzaqlar onun hakimiyyətdə qalmaq istəyi ilə bağlıdır, yoxsa bu dəyişikliklər Slovakiya siyasətindəki institusional zəifliklərin və ictimai narazılığın nəticəsidir? 

Məlumat mənbələri 

Yazıda elmi və akademik mənbələrdən, xəbər və analitik portallar tərəfindən təqdim olunmuş informasiyalardan istifadə olunub.  Eyni zamanda rəsmi hökumət hesabatları, beynəlxalq təşkilatların insan hüquqları və media azadlığına dair hesabatlarından da istifadə olunub.  

 Bir Fitso portreti: fürsətçi, populist, praqmatik…

Slovakiya siyasətinin son onilliklərinin bütün labirintlərində Fitso var – gah kommunist-ateist, gah iqtidar üçün radikal sağçılarla koalisiya quracaq qədər loyal solçu-katolik, gah sabitlik və rifah təminatı olan “xalqın adamı”, gah demokratiya və azad söz düşməni olaraq…

Kasıb ailənin hüquqşünas oğlu

Robert Fitso 1964-cü ildə Çexoslavakiyanın kiçik sənaye qəsəbəsi olan Topolçanidə forklift operatoru ata və mağaza satıcısı ananın uşağı olaraq doğulub. Orta məktəbdə çox yaxşı oxuyub və 1982-ci ildə ölkənin ən prestijli ali məktəblərindən biri olan Comenius Universitetinin hüquq fakültəsinə daxil olub, daha sonra akademik karyerasını davam etdirərək cinayət hüququ sahəsində ixtisaslaşıb və aktiv siyasətə başladığı dövrə qədər öz sahəsində işləyib.
Uşaqlığında idman müxbiri, arxeoloq və ya siyasətçi olmaq istəyib, ilk ikisini reallaşdırmasa da, üçüncünü həyata keçirməyi bacarıb (The Slovak Spectator, 2000). Sosialist rejimlərin hamısında olduğu kimi, Çexoslavakiyada da yaxşı oxusan belə, sistem içində yer almağın və yüksəlməyin yolu Kommunist Partiyasına üzvlükdən və buradakı aktivlikdən keçirdi. Fitso ikinci kursda oxuyarkən – 21 yaşında Kommunist Partiyasının gənclik qanadı olan Sosialist Gənclik İttifaqına üzv olub. (HN, 2014) 1989-cu ildə kommunist rejimi çöküncə də onun davamı olaraq qurulan Demokratik Sol Partiyaya (PDL) keçib.
Postkommunist Avropada bənzər yollardan keçmiş bir çox siyasətçidən fərqli olaraq Fitso o illərdə xüsusi aktivliyi ilə seçilməyib – nə etirazçı tələbələrin yanında, nə islahatçı intellektualların arasında yer alıb, əksinə daim gözləmə mövqeyində olub və fürsətləri dəyərləndirib (Journal of Democracy, yanvar 2025). Belə fürsətlərdən ilki 1992-ci ildə 28 yaşında ikən Slovakiya parlamentinə seçilməsi olub.

Fitso deputat seçildiyi zaman Çexiya və Slovakiya hələ bir ölkə idi. 1993-cü ildə Çexiya ilə Slovakiya arasındakı “məxməri boşanma”dan (Wilde, 2019) sonra yeni qurulan dövlətlərdə, xüsusilə də o vaxta qədər siyasi idarəçilikdə ikinci planda olan Slovakiyada siyasət vitrini yenidən formalaşmağa başladı. Yaranmış boşluq sağlam ideoloji fundamenti olmayan Vladimir Meçyar kimi milliyyətçi-populist və Fitso kimi dövlətçi-solçu-praqmatik siyasətçilərin yüksəlməsinə zəmin yaratdı. 

Fitso 1996-cı ildə partiya sədrliyinə namizəd oldu, ancaq son anda seçkini qazanan namizədin rəqibinin lehinə yarışdan çəkildi və bu çəkilmə rüşvət və çirkli razılaşmalarla bağlı şayiələrə səbəb oldu (RFE/RL, 2002a). 1998-ci ildə isə Demokratik Sol Partiyanın sədr müavini seçildi. Eyni il baş prokuror da olmaq istədi, ancaq partiya rəhbərliyi yaşının azlığını əsas gətirərək buna icazə vermədi (The Slovak Spectator, 2014).

Fürsətlərin adamı

Dövr, artıq Fitsonun kommunist mirasçısı olan partiyasından ayrılma yollarını axtardığı dövr idi. Siyasətə kommunizmlə başlayıb sosializmlə davam edən Fitso, Meçyar hökumətinin seçkiləri uduzduğu 1998-ci ildə partiyasının deputatlığa namizədlər siyahısında ən çox səsi (Slovakiyada seçicilər yalnız partiyaya deyil, o partiya daxilindəki şəxslərə də səs verə bilirlər) alaraq birinci oldu. Ancaq 1 il sonra hökumətin fəaliyyətindən narazı olduğunu əsas gətirərək Demokratik Sol Partiyadan istefa verdi. Daha sonralar Fitsonun həmin tarixlərdə artıq Fedor Flasik, Frantisek Hatar və Monika Flasikova-Benova ilə birlikdə yeni siyasi partiya yaratmaq üçün müzakirələrə başladığı məlum olacaq (The Slovak Spectator, 2002a).

Fitso və dostlarının “üçüncü yol” dedikləri SMER (İstiqamət–Sosial Demokratiya) Partiyası 1999-cu ilin noyabrında quruldu. Bu, əslində hər hansı yeni yol və ya istiqamət deyildi; solun populizmlə qarışdığı, ideologiyası olmayan bir təşkilat idi (Spac ve Havlik, 2015).

Fedor Flasik sonralar bu partiyanın və lider olaraq Fitsonun necə ortaya çıxdığını bu sözlərlə açıqlayırdı: “Əsas ehtiyacımız siyasi nəsil dəyişikliyi həyata keçirmək idi. Əslində Fitsonun yeni siyasi nəsli təmsil etmədiyinin fərqindəydik, həqiqətən bir çıxılmazlıq içindəydik. Ən yaxşı, ən ağıllı, ancaq heç tanınmayan birini ortaya çıxarsaq, medianı ələ keçirmədən onu zirvəyə çıxarma şansımızın olmadığını gördük. Bu səbəbdən siyasət dünyasında da tanınan və yeni üzləri cəlb edə biləcək bir adamda qərar tutduq” (The Slovak Spectator, 2002 b). 

Fitsonun Slovakiya siyasətində önə çıxmasının bir neçə səbəbi vardı. Bunlardan birincisi ölkədəki köklü dəyişiklik havası  idi. Slovakiyanın bölünmüş siyasi müxalifəti və qeyri-hökumət təşkilatları avtoritarlaşmış Meçyar hökumətinə qarşı 1998-ci ildə böyük bir ittifaq qurmuşdu. Demokratik qüvvələrin bu birliyi nəticə vermiş, Meçyar hakimiyyətdən getmiş, Slovakiya liberal demokratiyaya qədəm qoymuşdu (Wilson Center, 2011).

Mikulas Dzurindanın baş nazirliyindəki növbəti hökumət Avropa Birliyinə, NATO-ya və OECD-yə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) üzvlük  hədəfi ilə Qərb yönümlü xarici siyasət yürüdürdü. Bu xətt Dzurindanın ikinci (2002–2006) hökuməti dövründə də davam etdi (DGAP, 2014).

Qərbyönlü kurs və həyata keçirilən islahatlar 2004-cü ildə ölkənin həm Avropa Birliyinə, həm də NATO-ya üzvlüyü ilə nəticələndi. Eyni zamanda vergi, pensiya və səhiyyə islahatları, xarici sərmayənin təşviqi və dövlətin rolunun azaldılması kimi tədbirlər nəticəsində ölkəyə görünməmiş həcmdə xarici investisiya gəlməyə başladı (The Slovak Spectator, 2006).

AB-yə uyğunlaşma islahatlarının  gətirdiyi problemlərdən xalqın narazılığı Dzurinda hakimiyyətinin sonunu gətirdi, amma həmin islahatlar, eyni zamanda sonralar Fitsonun baş nazirliyi dövründə çox öyündüyü iqtisadi yüksəlişin əsasını qoydu (BTİ, 2024). Fitso, sonradan müsbət nəticəsini öz adına yazılacaq bu problemləri ən çox dilə gətirən siyasətçilərin başında gəlirdi.

Fitsonun digər şansı isə o dövrdə Meçyarın təmsil etdiyi siyasi xəttin alternativ olaraq Qərb dairələrində arzuolunmaz hesab edilməsində idi. Dzurinda iqtidarından ümidi kəsən və Meçyarın yenidən iqtidara gəlməsini istəməyən Qərb dairələri 2000-ci illərin əvvəllərində ölkənin ən populyar siyasətçisi olan Robert Fitsoya “göz qırpmağa” başlamışdılar. Fitso da eyni şəkildə, Meçyar xaric hər kəslə koalisiya və əməkdaşlığın mümkün olduğunu deyir, ölkənin NATO və AB üzvlüyünə xələl gətirəcək hər hansı addım atmayacağını vəd edirdi (RFE/RL, 2002b). 

“Üçüncü yol”da kəskin dönüş

Daxili və xarici dəstək Fitsoya SMER-i qurduqdan 3 il sonra parlamentin üçüncü ən böyük partiyasına çevrilmək imkanı verdi. Partiya 2002-ci ilin parlament seçkilərində 13,5 faiz səs topladı. Ancaq Fitso o dövrdə Slovakiya siyasət səhnəsindəki aktyorların böyük əksəriyyətini “elitist” və ya “sistemin tərkib hissəsi” deyə ittiham etdiyi üçün hər hansı koalisiyada təmsil olunması mümkün deyildi (Foundation Robert Schuman, 2002). 

SMER 2006-cı ilə qədər müxalifətdə qaldı. Ancaq bu müddətdə sol partiyaları ətrafında birləşdirməyi bacardı ki, bu da onun dağınıq və bölünmüş sağ qanada qarşı zəfər qazanmasını təmin etdi. 2006-cı ildə SMER 29,1 faiz səslə birinci partiya oldu və Fitsonun Slovakiya siyasətini dizayn etmə dövrü başladı (Foundation Robert Schuman, 2006).

Fitso üçün prinsiplərin deyil, maraqların əhəmiyyət daşıdığı elə o seçkidə ortaya çıxdı. Liberal və sağ partiyalar Fitso ilə koalisiyaya getməyəcəklərini açıqladılar. Geriyə iki partiya qalırdı – Fitsonun illərlə avtoritarlıq, elitizm, rüşvətxorluq və s. ilə ittiham etdiyi Meçyarın Demokratik Slovakiya Uğrunda Hərəkat (HZDS) Partiyası və romanlarla macarlara qarşı skandal açıqlamaları ilə məşhurlaşan radikal milliyyətçi Slovakiya Milli Partiyası (SNS). Fitso həm “keçmişin adamı” deyə tənqid etdiyi və qərblilərə heç vaxt əməkdaşlığa getməyəcəyini vəd etdiyi Meçyarla, həm də radikal sağçılığı Qərbdə etirazlara səbəb olan Slovak Milli Partiyası ilə koalisiya qurdu. 

Bu addım SMER-in Avropa Sosialistlər Partiyasından (PES) çıxarılması ilə nəticələndi (Euractiv, 2006), ancaq Fitso qərarından dönmədi. 

Fitso birinci baş nazirlik dövrünə sosial həmlələrlə başladı – pensiyaçılara əlavə Yeni il maaşı verdi, kitablara və dərmanlara tətbiq olunan ƏDV-ni azaltdı, səhiyyə xidmətlərində qiymətləri tənzimlədi, xəstəxanaların özəlləşdirilməsini dayandırdı, işçilərin haqlarını, həkimlərin və müəllimlərin maaşlarını artırdı. 2007-ci ildə Slovakiya 10,4 faizlə Avropanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biri oldu (bunun əvvəlki hökumətin ölkəyə çəkdiyi investisiyaların və islahatların nəticəsi olduğunu yuxarıda qeyd etmişdik). Mətbuat azadlığı sahəsində də ciddi irəliləyiş qeydə alındı – 2007-ci ildə Slovakiya media azadlığı indeksində ilk üçlüyə yüksəldi (RSF, 2007).

Fitso ilk illərində Qərblə, AB ilə inteqrasiya vədinə də sadiq görünürdü. 2004-cü ildə AB  üzvü olan ölkənin Avro bölgəsinə daxil olması da onun baş nazirliyi dövründə, 2009-cu ildə həyata keçdi.

Ancaq Fitsonun demokrat görüntüsü çox uzun sürmədi. 2009-cu ilin iqtisadi böhranından sonra dövlətin iqtisadiyyatdakı rolu artdı və bu da ciddi büdcə kəsirinə səbəb oldu. Sosial sahədə atılan addımların sistemli planlaşdırmanın deyil, müvəqqəti ritorikanın məhsulu olduğu ortaya çıxdı. Korrupsiya, rüşvətxorluq iddiaları səsləndi və Fitso hökuməti bunları araşdırmağa həvəs göstərmədi (BTİ, 2024 b).

2007-ci ildə media azadlığı indeksində Estoniya ilə birlikdə üçüncülüyü bölüşən Slovakiya cəmi 2 il sonra – 2009-cu ildə 44-cü sıraya gerilədi (RSF, 2009). Qərblilərin Fitsoya dair ümidləri də çox tez suya düşdü. Fitso 2007-2008-ci illərdə Polşa və Çexiyada yerləşdirilməsi planlaşdırılan ABŞ hava hücumundan müdafiə sistemlərinə qarşı çıxdı və bunun mənasız olduğunu söylədi (Radio Prague International, 2008). 

2008-ci ildə Rusiya Gürcüstan torpaqlarını işğal edərkən Fitso Tbilisini ittiham etdi və “bir tərəf təxribata əl atdı və biz o tərəfin kim olduğunu bilirik” deyərək Rusiyanın hərbi təcavüzünü əsaslandırmağa çalışdı (HNOnline, 2008). 


İqtidara gəldikdən sonra Rusiya ilə əlaqələrin Dzurindanın 8 illik hökuməti dövründə diqqətdən kənarda qaldığını söyləyərək bunu dəyişdirəcəklərini elan etdi. Rusiyaya məxsus MiQ-29 təyyarələrinin modernləşdirilməsini Slovakiyada deyil, Rusiyada həyata keçirməyə qərar verdi. S-300 havadan müdafiə sistemlərinin modernləşdirilməsi üçün də Rusiya ilə əməkdaşlığa başladı (RİA, 2018).

Sudan quru çıxmaq ustası

2010-cu ildə keçirilən seçkilərdə də Fitsonun reytinqi yüksək görünürdü, ancaq iki səbəbdən iqtidar ola bilmədi. Birincisi, əvvəlki ortaqları bu dəfə koalisiya quracaq qədər səs almadılar. İkincisi, seçkidən iki gün əvvəl ölkənin ən populyar media orqanlarından SME baş nazirin skandal səs lentini yaydı. Fitso orada 2002-ci il parlament seçkilərindən əvvəl öz gücü ilə partiyası üçün qanundankənar 2,49 milyon avro topladığını deyirdi və SMER-in seçki kampaniyasının təşkili üçün “paralel maliyyə strukturu” yaradılmasını təklif edirdi (The Slovak Spectator, 2010).

Buna baxmayaraq SMER seçkidən yenə birinci partiya olaraq çıxdı, ancaq koalisiya ortağı tapa bilmədiyi üçün Fitso istefa verməyə məcbur oldu. Bununla belə, 2012-ci ildə fürsət bir daha ayağına gəldi. İveta Radiçovanın rəhbərlik etdiyi yeni liberal koalisiya hökuməti 2011-ci ildə Avro Bölgəsini Xilasetmə Fondu ilə bağlı səsvermədə bölündü; koalisiyaya daxil olan SaS Partiyası hökumətin mövqeyinə qarşı çıxdı və hökumət dağıldı. Ancaq Fitsonun daha çox işinə yarayan hadisə, hökumətin dağılmasından bir həftə sonra ortaya çıxan gizli protokollar oldu. 2006-cı ildə Slovakiya Kəşfiyyat İdarəsi (SİS) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əldə edilmiş protokollar ölkənin böyük investisiya qruplarından “Penta”nın sahibi ilə o dövrün hökumət və müxalifət nümayəndələrinin iştirak etdiyi və milyonluq gizli sövdələşmələri əhatə edən görüşlərdən bəhs edirdi (Global Voices, 2012).

“Qorilla skandalı” adlandırılan bu hadisə yalnız keçmiş baş nazir Dzurindanın partiyasını və müttəfiqlərini seçkidə uduzdurmaqla qalmadı, ölkədəki liberal demokratiyaya olan güvəni də kökündən sarsıtdı (Nicolson, yanvar 2025).

“Qorilla skandalı”nın içində əslində Fitso da vardı; onun da bu gizli görüşlərdə iştirak etdiyi bildirilirdi, ancaq SMER lideri, gizli protokollar yayıldığı zaman 2006-cı ildə müxalifətdə olduğunu, sistemin içində olmadığını söylədi. Rəqiblərinin bu skandaldan ciddi yara alması və Fitsonun seçki kampaniyasında “sistemin kənarında qalan praqmatik lider” obrazını yarada bilməsi onu siyasətin zirvəsinə daşımaq üçün kifayət etdi (BTİ, 2014c).  “Qorilla skandalı” səbəbilə 2012-ci ilin növbədənkənar seçkilərində sağ seçicilərin böyük əksəriyyəti səsverməyə getmədi; SMER isə Slovakiya tarixində ilk dəfə 150 yerlik parlamentdə 83 deputatla mütləq çoxluq əldə edən partiya oldu (Robert Schuman Foundation, 2014).

2013-cü ildə Fitso ölkə prezidentliyinə iddiasını açıqladı. Ancaq 2014-cü ildə keçirilən prezident seçkilərində keçmiş iş adamı və xeyriyyəçi Andrey Kiskaya uduzdu. Ekspertlərə görə bu, əslində Kiskanın nüfuzundan daha çox, Fitsonun daha da güclənməsi ehtimalının yaratdığı əndişədən doğan nəticə idi. (Reuters, 2014)

Demokratik soldan mühafizəkar sağa

2016-cı ilin parlament seçkiləri Slovakiya siyasətinin tamamilə yenidən formalaşdığı dövr idi. Fitso bu zaman yeni manipulyasiya mövzusu – miqrasiya – tapdı və az qala bütün seçki kampaniyasını ona qarşı şüarlar üzərində qurdu. Halbuki statistika onu inkar edirdi. Slovakiya miqrasiya marşrutunda Balkan istiqamətinin ucundaydı və qonşu ölkələrlə müqayisədə bu prosesdən ciddi ziyan çəkmirdi. 2015-ci ildə 5,4 milyonluq Slovakiyaya yalnız 333 sığınma müraciəti olmuş və onun da yalnız səkkizi qəbul edilmişdi (Salzmann, 2016 a). 2016-cı ildə isə bütün bu hay-həşirə baxmayaraq, Slovakiyanın sığınma haqqı verdiyi şəxslərin sayı 149 nəfərlik iraqlı qrup daxil olmaqla cəmi 155 idi (State.gov, 2017a).

Buna baxmayaraq, Fitso Macarıstan və Polşa baş nazirləri ilə birlikdə AB daxilində vahid miqrasiya siyasətini əngəlləyən tərəfdə qərar tutdu. AB daxilində miqrantların bölüşülməsində məcburi kvotanın tətbiqinə etiraz edən Fitsonun seçki kampaniyasında işlətdiyi “AB kvotaları ilə bir müsəlmanın belə buraya gəlməsinə icazə verməyəcəyəm” sözləri o dövrdə ciddi əks-səda doğurdu (BBC News, 2016). Miqrantlara və müsəlmanlara qarşı sistemli kampaniya nəticəsində Fitso həm millətçiliyi qızışdırdı, həm də diqqətləri cəmiyyətin əsas problemlərindən uzaqlaşdırmağı bacardı. Halbuki tam o günlərdə işçi və məmur haqları ilə bağlı populist proqramları ilə öyünən Fitso hökuməti müəllimlər və tibb bacılarının maaşlar, iş şərtləri və səhiyyə sistemindəki korrupsiya ilə bağlı başlatdığı tətillə üzləşmişdi (PC, 2016, Salzmann, 2016 b).

SMER-in apardığı siyasət və seçki kampaniyası 2016-cı ilin seçkilərində biri faşist olmaqla bir neçə radikal sağçı partiyanın parlamentə girməsi ilə nəticələndi. Fitsonun partiyası seçkidən yenə birinci çıxdı, ancaq əvvəlki seçki ilə müqayisədə ciddi səs itirdi - 28,3% (IPU Parline: 2016).

Fitso bu dəfə də çox tərəddüd etmədən SMER ideologiyası ilə daban-dabana zidd partiyalarla koalisiyaya getdi. İndi SMER-in qurduğu koalisiyada yenə mərkəz sağçı, millətçi SNS, etnik azlıqların haqlarını təmsil edən mərkəz-sağçı-liberal Most Hid və yenə mərkəz-sağçı, islahatçı Siet Partiyası vardı. Sonra Siet Partiyası dağıldı, üç partiyalı koalisiya yoluna davam etdi (Novy Cas, 2016).

2016-cı ildən 2018-ci ilə qədər davam edən hökumət dövründə populist siyasətin bütün ikiüzlülüyü ortaya çıxdı.  2016-cı ildən sonra dövlətin həyata keçirdiyi tenderlər, yol layihələri, kənd təsərrüfatı subsidiyaları kimi sahələrdə SMER-ə yaxın iş adamlarına üstünlük verildiyinə, şəffaflığın azaldığına, təhsil, səhiyyə, nəqliyyat, məhkəmə və prokurorluq orqanlarında rüşvətxorluğun artdığına dair iddialar güclənməyə, hesabatlar və faktlar açıqlanmağa başladı (State gov, 2017b). Xüsusilə İtaliya mafiyası ilə əlaqəsi olan biznes dairələrinin Slovakiyada dövlət tenderlərini qazandığına dair iddialar uzun müddət müzakirə mövzusu və hətta qanlı cinayətə səbəb oldu. Sonuncu Fitsonun istefası ilə nəticələndi (Aktuality, 2018).

Jurnalisti kim öldürdü?

2018-ci ilin fevral ayında Slovakiya, siyasətçilərin İtaliya mafiyası ilə əlaqələrini araşdıran gənc jurnalist Yan Kuçyak və nişanlısı Martina Kusnirovanın evlərində öldürülməsi xəbəri ilə sarsıldı. Slovakiyanın müstəqillik tarixində ilk dəfə bir jurnalist öldürülmüşdü.

27 yaşlı Kuçyak Slovakiyanın araşdırmaçı jurnalistikasının ən parlaq nümayəndələrindən idi. Fitso hökumətini narahat edən ciddi vergi qaçaqmalçılığı araşdırmaları ilə tanınırdı. Fitsonun da yaşadığı mənzil kompleksinin sahibi və onunla əlaqəsi olan oliqarx Marian Koçnerin mümkün vergi qaçaqmalçılığını araşdırması da bunlar arasında idi.  Hətta jurnalist, Koçnerin onu təhdid etdiyini bildirərək polisə müraciət etmişdi, ancaq 44 gün ərzində polisdən heç bir cavab almadığını sosial mediada yazmışdı (Le Monde, 2018).

Kuçyak ölümündən əvvəl, Slovakiyada fəaliyyət göstərən İtaliyanın Ndrangheta mafiyası ilə bağlı araşdırma aparırdı. Aktuality.sk xəbər portalı üçün hazırladığı araşdırmada bu cinayət şəbəkəsinə yaxın olan italyan biznesmenlərin şərqi Slovakiyaya yerləşdiklərini, Ukrayna sərhədində yerləşən bu yoxsul bölgə üçün AB-nin ayırdığı kənd təsərrüfatı subsidiyalarını illərlə mənimsədiklərini sənədlərlə ortaya çıxarmışdı. Araşdırma, bu şəxslərin baş nazirə yaxın vəzifəlilər də daxil olmaqla rəsmilərlə əlaqələr yaratdığını, Fitsonun mübahisəli şəkildə baş dövlət müşaviri təyin etdiyi keçmiş model Mariya Troskovanın bu şübhəli əlaqələrin mərkəzində olduğunu göstərirdi. Troskovanın keçmiş patronu Vilyam Yasanın o dövrdə Slovakiya Milli Təhlükəsizlik Şurasının baş katibi olması da əlaqələrin nə qədər dərin olmasının göstəricisi idi (BBC, 2018).

Kuçyak və nişanlısının qətlə yetirilməsi Slovakiyada ciddi etirazlara səbəb oldu. İctimaiyyət bu qətlə görə Fitso və ətrafını ittiham edirdi. Araşdırmada adı çəkilən Troskova və Yasan, eyni zamanda mədəniyyət naziri Madariç istefa verdi. Fitso isə ilk günlərdə bir milyon avronu masanın üstünə qoyaraq mətbuat konfransı keçirdi. Bu pul guya jurnalistin qatillərinin tapılmasına kömək edən məlumat üçün ayrılmışdı. Baş nazir o gün müxalifət və mətbuatı bu qətldən sui-istifadə etməkdə günahlandırdı (The Guardian, 2018).

Ancaq Fitso bununla yaxasını qurtara bilmədi. Bütün ölkəni etiraz aksiyaları bürüdü. Slovakiya tarixinin ən kütləvi mitinqləri keçirildi (The Slovak Spectator, 2018). Prezident Kiska da hökuməti qütbləşdirməni artırmaq əvəzinə radikal bir kabinet dəyişikliyinə və növbədənkənar seçkiyə çağırdı. Aksiyalar 2018-ci ilin mart ayında əvvəlcə daxili işlər nazirinin, ondan üç gün sonra isə Fitsonun istefası ilə nəticələndi. Slovakiyada Peter Pelleqrinin rəhbərliyində yeni hökumət quruldu.

Uzun sürən həbslərdən və araşdırmalardan sonra Kuçyak və nişanlısının qətlini Koçnerin sifariş verdiyi məlum oldu (Le Figaro, 2019). Ancaq daha sonra oliqarx sübut çatışmazlığı əsası ilə bəraət aldı. Ali Məhkəmə işin birinci instansiyaya göndərilməsinə qərar verdi, Koçner haqqında yenə bəraət qərarı çıxdı. Bu ilin may ayında Slovakiya Ali Məhkəməsi qərarı yenə ləğv etdi və işə yeni bir hakim heyətinin baxmasına qərar verdi (The Spectator, may 2025).

Pərdə arxasından səhnəyə geri dönüş

Fitsonun qalmaqal üzündən hökuməti təhvil verdiyi Pelleqrini əslində bir növ keçmiş baş nazirin qalxanı oldu. Yenə SMER, SNS və “Most-Hid”dən ibarət olan yeni hökumət kabinetində Fitso rəsmən yox idi, ancaq koalisiyanın ən böyük ortağı SMER-in rəhbərliyində qalmağa davam edirdi. 2020-ci ilin parlament seçkilərində SMER ciddi səs itirərək 38 mandat qazana bildi. Seçkilərdən sonra Fitso Pelleqriniyə partiya üzərində maliyyə nəzarətini özündə saxlamaq şərti ilə sədrlik təklif etdi. Pelleqrini isə təklifi qəbul etmədiyini və SMER-dən ayrılacağını açıqladı (Dennikn, 2020). Daha sonra Pelleqrini SMER-dən ayrılaraq HLAS Partiyasını yaratdı. Bu partiya qısa zamanda ciddi populyarlıq qazandı, halbuki əslində SMER-in digər üzü idi. 

Fitso 2023-cü ildə siyasi karyerasının ən radikal kampaniyasını apararaq yenidən parlament seçkilərində qələbə çaldı. Radikal sağçı, Qərb əleyhdarı və Rusiya yanlısı kampaniya ilə seçicilərin 23 faizinin səsini qazandı (İPU Parline, 2023). Bu dəfə ölkənin 3 illik liberal hökumətinin COVİD-19, iqtisadi problemlər və Rusiya-Ukrayna müharibəsinin gətirdiyi çətinliklərlə yanaşı koalisiya daxili anlaşmazlıqlarla boğuşması, fürsəti Fitsonun ayağına gətirdi. 

Fitso solçu sosial-iqtisadi proqramını millətçi şüarlarla bəzəyən bir seçki paketi ilə seçiciləri, xüsusilə də yaşlı kəsimi inandırmağı bacardı. Ancaq təbii ki, 42 mandat Fitsonun baş nazir olması üçün kifayət etmirdi və bu məqamda da siyasətin zirvələrinə daşıdığı Pelleqrini onun əlindən tutdu. Parlament seçkilərində 27 mandat qazanan Pelleqrini yalnız Fitso ilə koalisiyaya gedəcəyini açıqladı. Radikal sağçı SNS də koalisiyaya daxil olunca Fitso dördüncü dəfə baş nazir kürsüsünə oturdu (AP News, 2023). Pelleqrini isə bunun qarşılığında iqtidar koalisiyasının namizədi olaraq prezident seçkilərinə qatıldı və 2024-cü ildə ikinci turda 53 faiz səslə prezident oldu. Beləliklə, Slovakiyada həm prezidentin, həm də hökumətin Rusiya tərəfdarı, liberalizm və Qərb əleyhdarı olduğu bir sistem formalaşdı.

Qisasçının dönüşü

Fitso dördüncü iqtidarına əvvəlkilərdən daha aqressiv, daha qisasçı və daha radikal addımlarla başladı. 2020-2023-cü illər arasında onun əvvəlki hökumətləri dövründəki korrupsiya faktlarını araşdıranları cəzalandıracağını eyhamlı şəkildə vurğulayan Fitso, dördüncü dəfə baş nazir olduqdan bir neçə həftə sonra Slovakiya parlamenti ölkə xaricindən 5 min avrodan çox maliyyə alan QHT-lərin “xarici agent” kimi damğalanmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi (İntellinews, 2024). 

Fitso onu tənqid edən rəsmi şəxsləri və haqqında araşdırma aparan polisləri yalnız vəzifədən uzaqlaşdırmaqla kifayətlənmədi, onları ailələrindən uzaq, ucqar yerlərə “sürgün”ə göndərdi (Haughton, Malova, 2023). 

Hökumət, müxalifətin etirazlarına baxmayaraq, korrupsiya iddialarını və xüsusi ağır cinayətləri araşdıran, baş nazirin yaxın ətrafına da toxunan bir çox korrupsiya işlərini tədqiq edən Xüsusi Prokurorluq Ofisinin bağlanmasını, onun işlərinin baş prokurora bağlı müstəntiqlərə həvalə edilməsini nəzərdə tutan qanun qəbul etdi. Daha sonra isə Fitso koalisiyası korrupsiya cəzalarının yüngülləşdirilməsini, rüşvət, vergi qaçaqmalçılığı, pul mənimsəmə kimi əməllərə görə cinayət təqibi müddətinin azaldılmasını nəzərdə tutan dəyişiklikləri həyata keçirdi. Bunun nəticəsində Fitsoya yaxın olan siyasətçilər və biznesmenlərlə bağlı korrupsiya işlərinə xitam verildi (Viarius, 2024).

2024-cü ilin mayında Fitsoya qarşı qəsd törədildi. Qəsdi törədən 71 yaşlı şair Fitsonun Ukraynaya hərbi yardıma qarşı çıxmasına görə bu addıma əl atdığını söylədi. Baş nazir yaralansa da sağ qaldı, xəstəxanadan çıxdıqdan sonra da bu hadisəyə görə mətbuatı və müxalifəti ittiham etdi. Sui-qəsd cəhdi Fitsonun toplaşma azadlığını məhdudlaşdırması üçün bəhanə oldu – rəsmi binaların 50 metrliyində bütün aksiyalar qadağan edildi (AP News, 2024).

Media düşməni

Fitso 2023-cü ildə yenidən hakimiyyətə qayıdınca media sahəsində “yarımçıq qalan işlərini” də tamamlamağa girişdi. Ölkənin demokratik media quruluşları ilə baş nazirin ulduzu əvvəldən də barışıq deyildi. İqtidara gəldiyi ilk illərdə də media mənsubları ilə kobud davranır, onları aşağılayır, təhqir edirdi. “İdiotlar”, “avaralar”, “ilanlar”, “kaftarlar”, “tualet hörümçəyi” kimi ifadələr 2008-ci ildən etibarən onun jurnalistlərlə bağlı leksikonuna daxil idi (Aktuality, 2023 və Topky, 2016).  2016-cı ildə isə ölkənin AB sədrliyi zamanı dövlət tenderlərindəki qanunsuzluqlarla bağlı sual verən jurnalistlərə “Slovakiya əleyhdarı çirkli fahişələr” deyərək nifrətini büruzə vermişdi (The Guardian, 2016). Bu nifrət Fitsonun müxalifətdə olduğu dövrdə də dəyişmədi – 2021-ci ildə parlamentdə “jurnalistlər Sorosun deqradasiyaya uğramış donuz sürüsüdür” dedi, (SİTA, 2021) 2022-ci ildə isə jurnalistləri Slovakiya dövlətinin quruluşunu dəyişdirmək məqsədi güdən mütəşəkkil cinayət dəstəsi adlandıraraq (Dennikn, 2022) dozanı daha da yüksəltdi. 2023-cü ildə yenidən baş nazir olunca Dennik N, TV Markiza, Aktuality, SME kimi media quruluşlarını düşmən elan edib onların heç bir sualına cavab verməyəcəyini söylədi və mətbuat konfranslarında iştiraklarına qadağa qoydu (The Guardian, 2023). 2024-cü ildə isə etirazlara, aksiyalara və beynəlxalq təşkilatlardan gələn xəbərdarlıqlara baxmayaraq, Fitso hökuməti əvvəlki iqtidarları dövründə faktiki nəzarət altına aldığı dövlət televiziyası RTVS-nin hökumətdən asılılığını qanuni hala gətirən dəyişiklikləri də qəbul etdi. RTVS ləğv edildi, onun yerinə rəhbərliyi hökumət və parlament tərəfindən təyin olunan STVR quruldu (DW, 2024).

Fitso Rusiyanın başladığı, Avropada Macarıstanın, Cənubi Qafqazda Gürcüstanın davam etdirdiyi “anti-LGBT” kampaniyasından və bu kampaniyanın ölkə qanunvericiliyi ilə legitimləşdirilməsi prosesindən də kənarda qalmadı. Bu ilin may ayında Slovakiya Konstitusiyasına yalnız iki cinsin (qadın və kişi) daxil edilməsini nəzərdə tutan dəyişikliklər qəbul edildi (Hlavnespravy, may 2025).

Avropanın ikinci “Orban”ı…

Fitsodan əvvəl Slovakiya hökuməti Kiyevə qeyd-şərtsiz hərbi və maliyyə dəstəyi sözü vermişdi. Bratislava Ukraynaya “Zuzana 2” sistemləri, sovet istehsalı olan MiQ-29 təyyarələri və sursat göndərirdi. Eyni zamanda Bratislavada Ukrayna hərbi texnikasının təmiri həyata keçirilirdi (Babel, 2023).

Fitso 2023-cü il seçkilərinə xarici siyasətdə Rusiya ilə yaxınlaşma və Ukraynaya hərbi dəstəyi kəsmə vədi ilə girdi və iqtidara gəlincə dövlətin bütün hərbi yardımları kəsildi, yalnız özəl sektora satış icazəsi verildi  (Euromaidan Press, 2023). Fitso Ukraynanın ABŞ-ın  nüfuz dairəsində olduğunu söylədi, NATO və AB üzvlüyünə veto qoyacağını açıqladı. Ancaq daha sonralar AB-də Ukraynaya yardımlar müzakirə edilərkən çoxluğa qarşı çıxmadı, eyni zamanda Ukrayna baş naziri ilə görüşdə Slovakiya ilə Ukrayna arasında çox ciddi problemlər olmadığını söylədi (Meduza, 2024). 

Fitsonun 2024-cü ilin dekabrında Moskvada Putinlə rəsmi görüşə getməsi isə Slovakiya xarici siyasətində dramatik dəyişikliyin açıq sübutu oldu. Fitso Ukrayna müharibəsi başladıqdan sonra Putinlə görüşən üçüncü (Avstriya və Macarıstandan sonra) AB ölkəsi lideri idi. (DW, 2024) 

Bu görüş Ukraynanın müharibədən əvvəlki tranzit müqaviləsini uzatmadığı 1 yanvar 2025 tarixindən cəmi bir həftə əvvəl baş tutdu. Fitso Kiyevi tranziti dayandırmaqda ittiham edərək humanitar yardımı və elektrik enerjisini kəsməklə hədələdi. Ukrayna prezidenti Zelenski isə Slovakiyaya alternativ variantlar üçün yardım təklif etdiyini, ancaq Fitsonun bunu kobudcasına rədd etdiyini açıqladı. Zelenskiyə görə, Fitsonun Rusiya təbii qazından asılılığına son qoymaması və alternativ təchizatçı tapmaması Moskvaya yersiz sədaqətindən irəli gəlirdi (Kiev Independent, yanvar 2025). 

Əslində bu məsələdə sadəcə Fitsonu günahlandırmaq da doğru olmazdı, Slovakiya cəmiyyəti də bu məsələdə baş nazirlə məsuliyyət ortağı olaraq dəyərləndirilməlidir. Belə ki, Slovakiya AB-nin ən ruspərəst, ən Ukrayna əleyhdarı cəmiyyətlərindən biri sayıla bilər. 2025-ci ildə keçirilən bir sorğuya görə, slovakların yalnız 32 faizi müharibədə Ukraynanın qalib gəlməsini istəyir (Cedmohub, fevral 2025). Cəmiyyətin belə mövqeyi Fitsoya “Putinlə rəqs” siyasətini “sülh” adı altında rahatlıqla həyata keçirməyə imkan verir. 

Ancaq hətta bu şərtlər altında belə Fitsonun açıq şəkildə Rusiya yönlü siyasət aparması və Putin ilə görüşməsi Slovakiyada ciddi etirazlara səbəb oldu. Etiraz aksiyaları bir neçə həftə davam etdi. Bu ərəfədə hökumət partiyasından iki deputatın ixrac edilməsi ilə Fitso koalisiyası parlamentdə çoxluğu itirmək təhlükəsi ilə qarşılaşdı, ancaq daha sonra o deputatlardan biri nazir vəzifəsi qarşılığında geri döndü və bu təhlükə də sovuşdu…

Fitso fenomeninin davamlılığını təmin edən nədir? 

Bütün bu yazılanlardan sonra ortaya bu sual çıxır - bu qədər avtoritarizmə rəğmən Slovakiya cəmiyyəti niyə təkrar-təkrar Fitsoya hakimiyyət şansı verir?  Bunun bir neçə səbəbini saymaq mümkündür. Əvvəla, Slovakiyada seçici sadəcə ideoloji meyarlarla yox, çox vaxt qorxu və xatirə ilə hərəkət edir. Fitsonun seçicisi qazını, pensiyasını gecikdirməyəcək, Brüsselə də, Moskvaya da "bərabər məsafədə" dayanan bir lider istəyir. Fitso da bunu çox yaxşı  oxuyur: sosial yardım və qorxu siyasətini birlikdə tətbiq edir. 

Fitso populistdir - xalqın diliylə danışır, onların qorxularını oxuyur və ona görə davranır. Slovakiya müxalifətində isə bu qabiliyyətdə lider və mübarizədə ardıcıllıq yoxdur. 

Fitsonun populizmi “biz və onlar” sxemi üzərində qurulub - “biz – sadə slovaklar”, “onlar – Qərb, liberal media, müxalifət, Soros”. Bu, Fitso üçün iqtidarının davamlılığını təmin edən siyasi texnikadır. 

Digər tərəfdən, çox vaxt Fitsonun işinə koalisiyalar yarayır və o, iqtidarda olmaq üçün sağ-sol, millətçi-solçu, radikal-loyal demədən hər kəslə koalisiyaya getmək məsələsində peşəkardır. 

Fitsonun qalıcılığını təmin edən başqa bir faktor da Avropa Birliyinin hər hansı təzyiq-təsir mexanizmini effektiv işlətməməsidir. Burada da bir neçə səbəb önə çıxır. Bunlardan birincisi Fitsonun siyasi elastikliyidir - slovak baş naziri AB dəyərlərinə qarşı çıxır, Putinə reveranslar edir, ancaq yaxın qonşusu Orbanla müqayisədə AB-yə açıq meydan oxumur; Ukraynaya münasibətdə daxili ritorikası nə qədər sərt olsa da, Brüsseldəki səsvermələrdə şantaj və təhdidin dozasını Orban qədər artırmır, daha yumşaq görünməyə çalışır. 

Avtoritarizmin bütün klassik formaları Slovakiyada özünü göstərsə də, Brüssel Fitsonu hələ də “idarəolunan problem” kimi qəbul edir. Burada da ikinci faktor ortaya çıxır - AB Macarıstandan fərqli olaraq Slovakiyanı iqtisadi və geosiyasi risk mənbəyi olaraq görmür. Bu səbəbdən də Brüssel Macarıstana qarşı daha sərt sanksiyalara əl atarkən Slovakiyaya ancaq xəbərdarlıq etməklə kifayətlənir. (Europeanconservative, 2024)  

Fitso isə bundan yararlanaraq Brüsseldə kompromis, Bratislavada isə konfrontasiya siyasəti aparır. Bu taktika ona həm beynəlxalq tənqiddən qorunmaq, həm də daxildə “xarici düşmənlərə qarşı mübarizə aparan lider” obrazını möhkəmləndirmək fürsəti verir. 

Nəticə

Demokratik sistemin yalnız seçkilərdən deyil, eyni zamanda müstəqil institutların mövcudluğu, fikir və toplaşma azadlığının təmin olunması və siyasi alternativlərin inkişafı kimi bir çox parametrin cəmindən ibarət olduğunu nəzərə alsaq, bu gün Slovakiyada həmin göstəricilərin demək olar ki, heç biri tam deyil. Robert Fitso isə bu demokratiya defisitinin bir səbəbi olmaqla yanaşı, həm də onun simvoluna çevrilib.

Robert Fitsonun siyasi portreti sadəcə bir liderin populizm, manipulyasiya və sistemli güc üzərində qurulmuş uğur hekayəsindən ibarət deyil. Bu, eyni zamanda bir dövlətin institusional zəifliklərinin, siyasi alternativ çatışmazlığının və ictimai pessimizminin  bir şəxsin uzunmüddətli iqtidarına zəmin yaratmasının canlı nümunəsidir.  Liberal demokratiyanı təmsil edən partiyaların “Qorilla skandalı” və ya öz aralarındakı parçalanma kimi problemlərlə seçicinin güvənini itirməsi, xüsusilə son 10 ildə demokratik institutların sistematik şəkildə zəiflədilməsi, dünyada və Orta Avropada yüksələn avtoritarizm, milliyyətçilik və mühafizəkarlıq trendinin Slovakiyada da hakim olması Fitsonun hakimiyyətdə qalmasına ciddi şəkildə kömək edir. Slovakiya baş nazirinin hər situasiyaya uyğunlaşması, kəskin dönüşlərdən çəkinməməsi, cəmiyyəti manipulyasiya edə bilməsi kimi qabiliyyətləri də əlavə olununca ölkədə sonu gəlməyən Fitso hökmranlığı qaçılmaz olur. 

Bu səbəblə də sual təkcə "Fitso niyə qalib gəlir?" deyil, həm də "ona qarşı niyə dayanıqlı və real alternativ formalaşmır?" şəklində qoyulmalıdır. Əgər bu sual cavabsız qalarsa, Slovakiyanın gələcəyi keçmişin kölgəsində qalmağa davam edəcək. Bu məqamda yeganə ümid yenə də Slovakiya cəmiyyətinə, xüsusilə 2018-ci ildə Yan Kuçyakın qətlindən və Fitsonun Putin ilə görüşündən sonra küçələrə çıxan, həkimlərin maaş artımı ilə bağlı aksiyalarında onları həbslə təhdid edən hökuməti geri çəkilməyə məcbur edən pasionar təbəqəyədir. Bu nümayişlər Slovakiyada hələ ki avtoritarizmi qəbul etməyən, liberal dəyərləri müdafiə edən, Fitso populizminə aldanmayan bir təbəqənin varlığını göstərir. Bu təbəqə Fitsonun sərhədsiz güc iştahını kəsməyi bacaracaqmı?

Slovakiyanın gələcəyini müəyyən edəcək ən kritik sual budur…

İSTİNADLAR

The Slovak Spectator, 2000. Who’s Afraid of Robert Fico.
 https://spectator.sme.sk/politics-and-society/c/whos-afraid-of-robert-fico
HN, 2014. Dobrý katolík alebo dobrý komunista? Pozrite si prihlášku Roberta Fica do KSČ.
https://web.archive.org/web/20140121003344/http://hn.hnonline.sk/slovensko-119/dobry-katolik-alebo-dobry-komunista-pozrite-si-prihlasku-roberta-fica-do-ksc-601909
Journal of Democracy, yanvar 2025. Why Slovakia Is Rising Up in Protest.
https://www.journalofdemocracy.org/online-exclusive/why-slovakia-is-rising-up-in-protest/?
Wilde, Robert, 2019. The Velvet Divorce: The Dissolution of Czechoslovakia.
 https://www.thoughtco.com/the-velvet-divorce-1221617

RFE/RL, 2002a. Slovakia’s Robert Fico: A Man to Be Trusted or Feared?
 https://www.rferl.org/a/1342505.html

The Slovak Spectator, 2014. Presidential Vote: Profiles of Candidates.
https://spectator.sme.sk/politics-and-society/c/presidential-vote-profiles-of-the-candidates-1st-part
The Slovak Spectator, 2002a. Finding Fico.
 https://spectator.sme.sk/politics-and-society/c/finding-fico

Spak Peter ve Havlik Vastimil, 2015.Overcoming the Danger of Incumbency: The Case of Smer Party in Slovakia. https://www.researchgate.net/publication/298765949_Overcoming_the_Danger_of_Incumbency_The_Case_of_Smer_Party_in_Slovakia

The Slovak Spectator, 2002b. Finding Fico.
 https://spectator.sme.sk/politics-and-society/c/finding-fico

Wilson Center, 2011. 167. Slovakia's Elections: Outcomes and Consequences. https://www.wilsoncenter.org/publication/167-slovakias-elections-outcomes-and-consequences?

DGAP, 2014. Slovakia in the EU: An Unexpected Success Story? https://dgap.org/system/files/article_pdfs/2014_06_dgapanalyse_slovakia_www_final.pdf?The Slovak Spectator, 2006. Four years that changed the economy. https://spectator.sme.sk/politics-and-society/c/four-years-that-changed-the-economy?

BTI, Transformation Index, 2024a. Slovakia Country Report 2024.
 https://bti-project.org/en/reports/country-report/SVK?

RFE/RL, 2002b. Slovakia’s Robert Fico: A Man to Be Trusted or Feared?
https://www.rferl.org/a/1342505.html
Foundation Robert Schuman, 2002.European victory for the centre right parties. https://www.robert-schuman.eu/en/monitor/35-european-victory-for-the-centre-right-parties

Foundation Robert Schuman, 2006. The Left Led by Robert Fico Wins the Slovak General Elections.
https://www.robert-schuman.eu/en/monitor/536-the-left-led-by-robert-fico-wins-the-slovak-general-elections?

Euractiv, 2006. Slovak Party Suspended from PES.
 https://www.euractiv.com/section/politics/news/slovak-party-suspended-from-pes/?utm

RSF, 2007. Worldwide Press Freedom Index 2007.
 https://rsf.org/en/node/79189?

BTI, Transformation Index, 2024b. Slovakia Country Report 2024.
 https://bti-project.org/en/reports/country-report/SVK?

RSF, 2009. World Press Freedom Index 2009.
 https://rsf.org/sites/default/files/classement_en.pdf?_

Radio Prague International, 2008. Slovak PM Criticizes US Missile Shield Installations in CEE Countries.
https://english.radio.cz/slovak-pm-criticizes-us-missile-shield-installations-cee-countries-8454183?

HN Online, 2008. Slovak Prime Minister Knows Who Provoked This War in the Caucasus.
https://web.archive.org/web/20111005112238/http://hnonline.sk/news/c1-26396000-slovak-prime-minister-knows-who-provoked-this-war-in-the-caucasus

RIA Novosti, 2018.
https://web.archive.org/web/20110716054131/http://de.rian.ru/business/20080229/100308217.html

The Slovak Spectator, 2010. Vote 2010: Fico Outraged by SME Audio.
https://spectator.sme.sk/politics-and-society/c/vote-2010-fico-outraged-by-sme-audio?

Global Voices, 2012. Slovakia: Corruption, Parliamentary Elections, and SMER's Comeback.
https://globalvoices.org/2012/03/18/slovakia-corruption-parliamentary-elections-and-smers-comeback/?

Nicolson, Tom, yanvar 2025. How a Gorilla Devoured Democracy in Slovakia. https://www.politico.eu/article/gorilla-political-corruption-scandal-slovakia-democracy-mikulas-dzurinda/?

BTI, Transformation Index, 2024c. Slovakia Country Report 2024.
 https://bti-project.org/en/reports/country-report/SVK?

Robert Schuman Foundation, 2014. Robert Fico's Party, Direction-Social Democracy, (left) wins the absolute majority in the Slovakian elections, an all time first in the country. https://www.robert-schuman.eu/en/monitor/1284

Reuters, 2014. Political Newcomer Kiska Trounces PM Fico in Slovak Presidential Election.
 https://www.reuters.com/article/us-slovakia-election-idUSBREA2S0NN20140329/

Salzmann, Markus, 2016a. Slovakian Parliamentary Elections Marked by Rightward Shift.
 https://www.wsws.org/en/articles/2016/03/09/slov-m09.html?
State.gov, 2017a. 2017 Country Reports on Human Rights Practices: Slovakia.
 https://www.state.gov/reports/2017-country-reports-on-human-rights-practices/slovakia/

BBC News, 2016. Slovak election: PM Fico sees Muslim 'threat'. https://www.bbc.com/news/world-europe-35718831

Salzmann, Markus, 2016b. Slovakian Parliamentary Elections Marked by Rightward Shift.
 https://www.wsws.org/en/articles/2016/03/09/slov-m09.html?

PC, 2016. Slovak Teachers on Strike.
 https://politicalcritique.org/cee/slovakia/2016/slovak-teachers-on-strike/?

İPU Parline, 2016. https://data.ipu.org/parliament/SK/SK-LC01/election/SK-LC01-E20160305/

Novy Cas, 2016. Robert Fico so svojimi koaličnými partnermi absolvoval ďalšie kolo rokovaní.
https://www.cas.sk/spravy/politika/robert-fico-oznamil-demisiu-vlady-a-prisiel-s-poriadnou-novinkou

State.gov, 2017b. 2017 Country Reports on Human Rights Practices: Slovakia.
 https://www.state.gov/reports/2017-country-reports-on-human-rights-practices/slovakia/

Aktuality, 2018. Talianska Mafia na Slovensku. Jej Chapadlá Siahajú aj do Politiky.
https://www.aktuality.sk/clanok/568007/talianska-mafia-na-slovensku-jej-chapadla-siahaju-aj-do-politiky/?preview=0f63a8d58f1b6998f0606b0932a39ccafa09d51b

Le Monde, 2018. Slovaquie: La Police Enquête sur le Meurtre d’un Journaliste d’Investigation.
https://www.lemonde.fr/actualite-medias/article/2018/02/26/slovaquie-la-police-enquete-sur-le-meurtre-d-un-journaliste-d-investigation_5262785_3236.html

BBC, 2018a. Slovakia Grapples with Murdered Journalist's Last Story.
 https://www.bbc.com/news/world-europe-43226567

The Guardian, 2018. Shot Journalist 'Was Investigating Slovakian Links to Italian Mafia'.
https://www.theguardian.com/world/2018/feb/28/slovakian-journalist-was-investigating-political-links-to-italian-mafia

The Slovak Spectator, 2018. Enough of Fico, Thousands of People Shouted at Gatherings Across Slovakia.
https://spectator.sme.sk/politics-and-society/c/enough-of-fico-thousands-of-people-shouted-at-gatherings-across-slovakia

Le Figaro, 2019. Slovaquie: Un Homme d’Affaires Jugé pour le Meurtre du Journaliste Jan Kuciak.
https://www.lefigaro.fr/international/slovaquie-un-homme-d-affaires-juge-pour-le-meurtre-du-journaliste-jan-kuciak-20191219

The Slovak Spectator, May 2025. Supreme Court Explains Ruling in Kuciak Case.
https://spectator.sme.sk/politics-and-society/c/supreme-court-explains-ruling-in-kuciak-case

Dennik N, 2020. Pellegrini sa Odhodlal: Odmietol Fica a Odíde zo Smeru.
 https://dennikn.sk/1925549/pellegrini-sa-odhodlal-odmietol-fica-a-odchadza-zo-smeru

İPU Parline, 2023. https://data.ipu.org/parliament/SK/SK-LC01/election/SK-LC01-E20230930/

AP News, 2023. Slovakia Swears in a New Cabinet Led by a Populist Ex-Premier Who Opposes Support for Ukraine.
https://apnews.com/article/slovakia-new-government-fico-ukraine-bfe5f251d3a3b75e72ccee60f7c591b3

Intellinews, 2024. Slovak Parliament Moves Closer to Approving Foreign Agent Bill Aimed at NGOs.
https://www.intellinews.com/slovak-parliament-moves-closer-to-approving-foreign-agent-bill-aimed-at-ngos-323620

Haughton & Malova, 2023. The Return of Robert Fico.
 https://www.journalofdemocracy.org/online-exclusive/the-return-of-robert-fico

ViaIuris, 2024. Novela Trestného Zákona a jej Dopady – Porovnanie Trestných Sadzieb.
https://web.archive.org/web/20240206191946/https://viaiuris.sk/aktuality/novela-trestneho-zakona-a-jej-dopady

AP News, 2024. Slovakia to boost protections for politicans after assasination attempt on populist premier Fico.
https://apnews.com/article/slovakia-legislation-gatherings-fico-assassination-protection-66ba48210486555a1f49222702dfcc46

Aktuality, 2023. Fico s Dankom Škodia Občanom Selektívnym Prístupom k Médiám.
https://www.aktuality.sk/clanok/PsLtMBG/fico-s-dankom-skodia-obcanom-selektivnym-pristupom-k-mediam

Topky, 2016. Fico Zverejnil VIDEO Útoku na Novinárov.
https://www.topky.sk/cl/10/1567321/Fico-zverejnil-VIDEO-utoku-na-novinarov--Prostitutky--slizki-hadi---teraz-je-to-zachodovy-pavuk

The Guardian, 2016. Slovakia's PM calls journalists 'dirty anti-Slovak prostitutes'. https://www.theguardian.com/world/2016/nov/23/slovakias-pm-calls-journalists-dirty-anti-slovak-prostitutes

SITA, 2021. Novinári sú Sorosova Skorumpovaná Banda Prasiat.
https://sita.sk/novinari-su-sorosova-skorumpovana-banda-prasiat-vyhlasil-fico-v-parlamente
Dennik N, 2022.
 https://dennikn.sk/minuta/2694056

The Guardian, 2023. Slovakian Prime Minister Sparks Alarm with Threat to Restrict Media.
https://www.theguardian.com/world/2023/nov/15/slovakian-media-express-alarm-after-prime-minister-robert-fico-threatens-to-restrict-access

Deutsche Welle, 2024. Slovakian Parliament Approves Plan to Revamp RTVS.
 https://www.dw.com/en/slovakian-parliament-approves-plan-to-revamp-rtvs/a-69433774
Hlavnespravy, May 2025. https://www.hlavnespravy.sk/vladna-novela-ustavy-presla-do-2-citania/3890856

Babel, 2023. Ukraine received two Zuzana 2 self-propelled guns from Slovakia https://babel.ua/en/news/96866-ukraine-received-two-zuzana-2-self-propelled-guns-from-slovakia#:~:text=Slovakia%20transferred%20two%20Zuzana%202,cars%20last%20year%20in%20August.

Euromaidan Press, 2023. New Slovak Government Rejects Military Assistance Package for Ukraine.
https://euromaidanpress.com/2023/11/08/reuters-new-slovak-government-rejects-military-assistance-package-for-ukraine
Meduza, 2024. ‘His statements about Ukraine mobilize radical segments of society’ Meduza unpacks the Slovak Prime Minister’s anti-Ukraine rhetoric. https://meduza.io/en/feature/2024/02/14/his-statements-about-ukraine-mobilize-radical-segments-of-society?

DW, 2024. Slovakia’s PM Fico Visits Moscow Amid Ukraine Gas Dispute.
https://www.dw.com/en/slovakias-pm-fico-visits-moscow-amid-ukraine-gas-dispute/a-71138724
Kiev Independent, Jan 2025. Fico Refused Kyiv’s Offers to Help with Gas Supplies, Zelensky Says.
https://kyivindependent.com/fico-refused-kyivs-offers-to-help-with-gas-supplies-zelensky-says

Cedmohub, fevral 2025. Three years of war in Ukraine: %68 of Poles, %44 of Czechs and %32 of Slovaks wish for Ukraines Victory. https://cedmohub.eu/three-years-of-war-in-ukraine-68-of-poles-44-of-czechs-and-32-of-slovaks-wish-for-ukraines-victory/

Europeanconservative, 2024. EU Commission Threatens “Immediate” Punishment if Slovakia Regulates NGOs. https://europeanconservative.com/articles/news/eu-commission-threatens-immediate-punishment-if-slovakia-regulates-ngos/?

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin