Giriş
Bu esse hazırda bütün dünyada müşahidə olunan millətçiliyin yüksəlişi fonunda əsas siyasi gündəmləri dəyişdirən olduqca maraqlı bir mövzunu müzakirə edir. Bəziləri ərazi muxtariyyətini özünüidarə hüququ kimi görür, digərləri isə onun “həddindən artıq səviyyəsini” millətçi irredentizmə aparan yol kimi qiymətləndirirlər. Beləliklə, bu məsələni ziddiyyətli baxış bucaqlarından qiymətləndirmək daha məqsədəuyğun ola bilər (Hilpold 2017, 302–335). Nəticə etibarilə, oxuduğunuz araşdırma Cənub-Şərqi Avropa ölkələrinin nümunələri əsasında “ərazi muxtariyyəti” anlayışının millət-dövlətlər kontekstində siyasi sabitliyə müsbət və mənfi təsirlərini təhlil edir. Bu məsələnin aktuallığı birbaşa olaraq “dövlətlilik” anlayışı ilə bağlıdır. Çünki demokratiya dövlət olmadan işləyə bilməz (Linz və Stepan 1996, 5). Digər tərəfdən, dövlət daxilində dövlətlilik mənasını verən ərazi muxtariyyəti də demokratik tələbatın göstəricisi ola bilər. Bu mənada, Linz və Stepanın (1996) demokratiyanın dövlətlilikdən asılılığına dair arqumentini inkişaf etdirərək belə bir nəticəyə gəlmək olar ki, dövlətlilik də demokratiyasız mövcud ola bilməz. Beləliklə, bu vəziyyətdə strateji cəhətdən ağıllı mövqe dövlətlilik və demokratiya arasında dayanıqlı bir tarazlıq yaratmaqdır. Bu mərhələdə bir qədər ümumiləşdirmə etmək yanlış olmazsa, vurğulamaq istərdik ki, yuxarıda qeyd olunan tarazlığın qorunmaması ən yaxşı halda narazılıqlara, ən pis halda isə münaqişələrə və insan hüquqlarının pozulmasına gətirib çıxarır.
Əsas müzakirəyə keçməzdən əvvəl bəzi əsas anlayışları izah etmək zəruridir. Bu essedə “ərazi muxtariyyəti” termini, milli dövlətin suverenliyi daxilində olan ərazi vahidinin özünüidarə hüququ kimi başa düşülür. Ərazi muxtariyyəti simmetrik və ya assimmetrik ola bilər (“Territorial autonomies | World Autonomies,” n.d.). Simmetrik ərazi muxtariyyəti milli dövləti təşkil edən ərazi vahidlərinin səlahiyyət və imtiyazlar baxımından bərabərlik vəziyyətidir, assimmetrik ərazi muxtariyyəti isə mərkəzi hakimiyyətin səlahiyyətindən asılı olan və iyerarxik şəkildə təşkil olunmuş muxtariyyətdir (“Territorial autonomies | World Autonomies,” n.d.).
Bu essedə istifadə olunan digər anlayış isə “federalizm”dir. Ərazi muxtariyyəti ilə konseptual yaxınlığına baxmayaraq, federalizm adətən müəyyən bir siyasi quruluşu və ya milli dövlət modelini ifadə etmək üçün istifadə olunur. Bu model daxilində ərazi vahidləri – istər simmetrik, istərsə də assimmetrik şəkildə – muxtariyyətə malik olurlar. Qeyd olunan yaxınlığa baxmayaraq, aydınlıq üçün federalizmin də ayrıca konseptual izahı vacibdir. Federalizm müxtəlif siyasi qurumların və ya vahidlərin vahid siyasi sistem daxilində birləşməsi ilə təşkil olunan siyasi quruluşdur ki, bu quruluş onların daxili bütövlüyünü qorumağa imkan verir (The Editors of Encyclopaedia Britannica 2024).
Bəzi tədqiqatçılar muxtariyyət və federalizmin sabitliyə töhfə verdiyini, pozitiv sülh və plüralizmi təşviq etdiyini, ayrılma yönümlü zorakılıq risklərini azaltdığını iddia edirlər. Digərləri isə əksinə, bu modellərin mərkəzi hakimiyyəti zəiflətdiyini və etnik parçalanmalarla, separatizmə aparan zorakılıq və qeyri-sabitlik hallarının qarşısını alma potensialını azaltdığını düşünürlər. Beləliklə, bu nəzəri əsaslara istinad edərək, bu esse Cənub-Şərqi Avropa regionundan tarixi və çağdaş nümunələri təhlil edəcək. Bu regionda son onilliklər ərzində əhəmiyyətli sərhəd dəyişiklikləri, etnik münaqişələr və sosial-siyasi rejim dəyişiklikləri baş verib. Həmin halların təhlili göstərir ki, bu bölgədə həyata keçirilmiş idarəçilik modelləri hansı dərəcədə siyasi sabitlik baxımından uğurlu ola bilmişdir.
Cənub-Şərqi Avropa Kontekstində Ərazi Muxtariyyəti və Federalizm: Siyasi Sabitliyi Gücləndirirmi, Yoxsa Zəiflədir?
Bununla belə, qeyd etmək lazımdır ki, siyasi sabitliyi məhdud determinantlardan asılı şəkildə təhlil etmək bəzən yanlış yanaşma ola bilər, çünki bir dövlət daxilində siyasi sabitlik və ya qeyri-sabitlik bir sıra müxtəlif amillərdən – iqtisadi böhrandan, idarəetmədəki uğursuzluqlardan və beynəlxalq dinamikadan – qaynaqlana bilər. Bu essedə məqsəd bu münasibətlərin a priori mövcud olduğu fərziyyəsi əsasında ərazi muxtariyyəti və federalizm ilə siyasi sabitlik arasındakı əlaqələri üzə çıxarmaqdır. Bu səbəbdən, həm ərazi muxtariyyəti və federalizmin siyasi sabitliyi zəiflətməsinə dair arqumentlər, həm də bu yanaşmaya qarşı çıxan mövqelər qiymətləndiriləcək. Qeyd olunan arqumentlər Cənub-Şərqi Avropa regionunda baş vermiş tarixi hadisələrə əsaslanır.
Özünün məşhur “Demokratiya Haqqında Düşüncələr” (Thinking about Democracy) adlı əsərində Arend Lijphart qeyd edir ki, etnik kimliklər əsas siyasi qüvvəyə çevrildikdə, etnik baxımdan parçalanmış cəmiyyətlər federal struktur altında parçalanmağa meyilli olurlar (Lijphart 2007, 83–85). Bu parçalanmaya bariz nümunə olaraq keçmiş Yuqoslaviyanın dağılması göstərilə bilər ki, bu məsələyə aşağıda qısa şəkildə toxunulacaq. Lijphart-ın fikrini dəstəkləyən başqa bir alim, britaniyalı filosof Brian Barry də qeyd edir ki, səlahiyyətlərin bölüşdürülməsi etnik qrupları birləşdirib vahid milli kimlik yaratmaq əvəzinə, onları bir-birindən ayırır və fərqləndirir (Barry 1975, 406).
Yuqoslaviyanın dağılması ölkəni idarə etmək üçün istifadə olunan həddən artıq dərəcədə federalizmin nəticəsi kimi qiymətləndirilə bilər. Mövcud etnik millətçiliyi transformasiya etmək əvəzinə, onu yalnızca “donduran” avtoritar federalizm modeli, federasiyanın 1990-cı ildə dağılmasına gətirib çıxardı (Van Winkle, Ryan 2005). Tito dövrünün avtoritar idarəçiliyi tərəfindən yaradılmış rəsmi tarix anlayışı 1940-cı illərin Yuqoslaviya Vətəndaş Müharibəsinin etnik ölçülərini görməməzlikdən gəldi və nəticədə bu millətçi narrativlər avtoritar liderin ölümündən sonra yenidən canlanmağa başladı (Van Winkle, Ryan 2005). Lakin bu, keçmiş Yuqoslaviyanın dağılmasının yeganə səbəbi deyildi. Van Winkle və Daniel Ryan-ın da qeyd etdiyi kimi, sosialist siyasi institutların uğursuzluğu da bu dağılmada mühüm rol oynamışdır. Məsələn, Yuqoslaviya federalist sosialist sistem altında güclü institusional təməllər qura bilmədi və Tito sonrası dövrdə hakimiyyətin ötürülməsi prosesində ciddi çətinliklərlə üzləşdi (Van Winkle, Ryan 2005). Beynəlxalq siyasət üzrə ixtisaslaşmış alim Gojko Vuckovic-ə istinad edərək, Van Winkle və Daniel Ryan qeyd edirlər ki, “Yuqoslaviya milləti anlayışının formalaşdırılması və təfsirindəki ziddiyyətlər” Yuqoslav siyasi və inzibati institutlarının davamlı olmayan islahatlarına səbəb oldu (Van Winkle, Ryan 2005). Bu hal Yuqoslaviya federalizminin bir hissəsi kimi də qiymətləndirilə bilər, çünki 1948–1971-ci illər arasında konstitusiyaya edilən dəyişikliklər siyasi və iqtisadi qərarvermə səlahiyyətlərini üzv respublikalara ötürmüş və nəticədə avtoritar liderin ölümündən sonra ciddi böhranlara yol açmışdı (Van Winkle, Ryan 2005).
Daha konkret bir nümunə isə Kosovo məsələsidir. Kosovodakı münaqişə də Yuqoslaviya federalizminin uğursuzluğunun mirası kimi qiymətləndirilə bilər. Belə ki, genişlənən federalizm demokratik islahatlarla müşayiət olunmamış və uyğunlaşdırılmamışdı. Yuxarıda da qeyd olunduğu kimi, Yuqoslaviya tarixşünaslığının etnik kimlikləri və post-müharibə millətçiliyini düzgün şəkildə nəzərə almaması və demokratik çatışmazlıqlar nəticə etibarilə münaqişənin baş verməsinə və 2008-ci ildə Kosovonun müstəqilliyini elan etməsi ilə yekunlaşdı. Post-Yuqoslaviya təcrübələri, xüsusən də Kosovo nümunəsi göstərir ki, ərazi muxtariyyəti ilə bağlı hər hansı bir layihənin uğuru üçün konteksti nəzərə almaq son dərəcə vacibdir.
Lakin güc bölgüsü ilə bağlı uğurlu təcrübələr də olmuşdur. Məsələn, Serbiyanın Voyvodina Muxtar Vilayəti və post-Yuqoslaviya dövründə Şimali Makedoniya hökuməti ilə Albaniya azlığının nümayəndələri arasında imzalanmış Ohrid Sülh Razılaşması kimi hallar buna nümunədir. Kosovoda baş verən silahlı münaqişə ilə nəticələnmiş uğursuzluğa baxmayaraq, Serbiya Voyvodina bölgəsinə ərazi muxtariyyəti verərək çoxetnikli strukturu uğurla təmin edə bildi. Bundan əlavə, 2001-ci ildə Makedoniya Respublikası (indiki Şimali Makedoniya) ilə ölkədəki Albaniya azlığı arasında imzalanmış Ohrid Razılaşması hakimiyyətin uğurlu şəkildə desentralizasiyasına səbəb oldu və ölkənin demokratikləşməsinə böyük töhfə verdi. Xüsusilə fərdi sənədləşmə, mədəniyyət, dilin istifadəsi, təhsil və rəsmi simvollardan istifadə kimi məsələlərdə azlıqların mənalı şəkildə təmsil olunmasını təmin edən konkret hüquqi tədbirlərin qəbul edilməsi səmərəli münaqişə həllinə və güc bölgüsünə əhəmiyyətli təsir göstərdi (Brunnbauer 2002, 5). Ohrid Razılaşması bələdiyyə səviyyəsində dilin rəsmi tanınması üçün 20 % həddini müəyyən etmişdi – əgər əhalinin 20 %-dən çoxu həmin dili danışırsa, bu dil Makedon dili ilə yanaşı rəsmi status qazanır (Brunnbauer 2002, 5). Bu dəqiqlik və konkret hüquqi tədbirlər həyata keçirən siyasi iradə uğura aparan yol oldu.
Lijphart da Ohrid Razılaşmasının nəticələrini uğurlu sayır və desentralizasiyanın funksional güc bölgüsü üçün səmərəli alət olduğunu vurğulayır (Lijphart 2007, 83). O, həmçinin Voyvodina və Kosovoda əldə olunmuş ziddiyyətli nəticələri qeyd edərək, ərazi muxtariyyətlərində kontekstin əhəmiyyətini xüsusi olaraq vurğulayır (Lijphart 2007, 85). Bununla belə, nə Ohrid Razılaşması Şimali Makedoniyanın Aİ-yə üzv qəbul olması üçün önşərt kimi qəbul oluna bilər, nə də Şimali Makedoniya hakimiyyəti bu sazişi bu cür qəbul etmişdi. Lakin Avropa İttifaqının bu razılaşmanın qəbul olunmasına töhfəsini danmaq da mümkün deyil. Siyasi alim və sosioloq Larry Diamond “Demokratiyanın İnkişafı: Konsolidasiyaya Doğru” adlı əsərində Aİ-yə üzvlük tələblərinin desentralizasiyanı təşviq etdiyini və bunun da eyni siyasi sistem daxilində etnik münasibətləri harmoniyaya gətirdiyini təsvir edir (Diamond 1999).
Yuxarıdakı təhlillərə əsaslanaraq demək olar ki, uğurlu federalizm üçün siyasətlər iki istiqamətdə aparılmalıdır. Lijphart “Demokratiya Haqqında Düşüncələr” əsərində təsirli güc bölgüsünün həm qərar qəbul etmədə siyasi təmsilçiliyi, həm də mədəni muxtariyyəti tələb etdiyini qeyd edir. Ted Robert Gurr da güc bölgüsünün və muxtariyyətin böhranlar zamanı etnik tələbləri qarşıladığını bildirir (Gurr 1993, 292). Beləliklə, bu iki istiqamət aşağıdakılardır:
- Narrativ inteqrasiyaya yönəlmiş siyasətlər;
- İnstitusional həmrəylik siyasətləri.
Narrativ inteqrasiyaya yönəlmiş siyasətlər – Uğurlu federalizm ümumi və ya oxşar tarixi yaddaşın formalaşdırılmasına yönəlməlidir. Bu, sosial qrupların təcridinə qarşı çıxmaq və onları ümumi siyasi sistemə inteqrasiya etmək üçün keçmiş hadisələrin ortaq şəkildə dərk olunmasını təşviq edir. Bunun üçün təhsil sisteminin demokratikləşdirilməsi və cəmiyyət daxilində stereotiplərin qarşısının alınması istiqamətində işlər aparılmalıdır. Stereotiplər “düşmən obrazlarının” formalaşdırılmasında mühüm rol oynayır və qeyri-rəsmi kommunikasiya vasitəsilə yayıla bildiyinə görə, cəmiyyətdə gərginliklərin artmasına səbəb ola bilər.
İnstitusional həmrəylik siyasətləri – Federalizm demokratik mühit və plüralizm çərçivəsində institusional şəkildə təşkil olunmalıdır. Demokratik prinsiplərin qorunması güc bölgüsü prosesinin şəffaf və hesabatlı olmasını təmin edir ki, bu da cəmiyyətin bütün təbəqələri arasında inamın formalaşmasına gətirib çıxarır. İnstitusional funksiyalar cəmiyyətin tələblərinə uyğun şəkildə yenilənməli və uyğunlaşdırılmalıdır. Avropa inteqrasiya təcrübəsinə əsasən, subsidiarlıq prinsipi desentralizasiya və güc bölgüsü prosesində prioritet kimi qəbul edilməlidir.
Aydındır ki, yuxarıda qeyd olunan siyasət istiqamətləri fərqli geosiyasi kontekstlərdə müxtəlif cür anlaşılaraq, siyasi reallıqlara əsasən fərqli taktik və əməliyyat strategiyalarına çevrilə bilər.
Nəticə
Nəticə olaraq demək çətindir ki, səlahiyyətlərin bölüşdürülməsi özü-özlüyündə siyasi sabitliyə və ya qeyr-sabitliyə səbəb olur. Çünki siyasi sabitlik – yaddaş siyasəti, sosial-iqtisadi inkişaf, insan hüquqları, beynəlxalq dinamika və s. daxil olmaqla – bir sıra daxili və xarici amillərin nəticəsidir. Sadə şəkildə desək, səlahiyyət bölgüsü dinamikasının təkbaşına və istisnasız şəkildə sabitlik və ya nizamsızlıq yaratdığını müəyyənləşdirmək çətindir. Lakin bu essedə əldə olunan nəticələrə əsaslanaraq demək olar ki, ərazi vahidlərinə muxtariyyətin verilməsi və səlahiyyətlərin bölüşdürülməsi kontekst nəzərə alınmadıqda etnosiyasi münaqişələrin qığılcımına çevrilə bilər. Bu səbəbdən, formal muxtariyyət verməzdən əvvəl milli dövlətlər sistemli diskriminasiyanın aradan qaldırılmasına və bütün vətəndaşların hüquqlarının təmin olunmasına yönəlməlidirlər.
Bununla yanaşı, etiraf olunmalıdır ki, əgər federalizm və səlahiyyət bölgüsü demokratik institutlarla dəstəklənirsə, bu zaman uğur ehtimalı xeyli artır – bir çox hallarda baş verdiyi kimi (Stepan 1999). Bu kontekstdə, desentralizasiya demokratikləşmə prosesinin ayrılmaz hissəsi kimi ön plana çıxarılmalıdır. Çünki desentralizasiya səlahiyyət bölgüsündən qaynaqlanan problemlərin azaldılmasında təsirli vasitə ola bilər.
Bundan əlavə, vurğulanmağa dəyər ki, milli dövlətlər çoxetnikli mühitlərdə zorakı millətqurma siyasətindən çəkinməlidirlər ki, zorakılığın baş qaldırma ehtimalı minimuma endirilsin (Connor 1994). Qərarvericilər kimliyə əsaslanan (identity-based) münaqişə ehtimalı ilə bağlı ehtiyatlı davranmalıdırlar – xüsusilə də avtoritar keçmişə malik kontekstlərdə. Çünki belə hallar baş verərsə, illərlə davam etmiş ola bilər.
Ümumilikdə, post-Yuqoslaviya kontekstində federalizm və ərazi muxtariyyəti fenomeni müxtəlif nəticələr doğurmuşdur. Məsələn, Voyvodina və Şimali Makedoniyanın desentralizasiyası kimi hallarda uğur əldə edilmiş, lakin Kosovo və Bosniya federalizmi kimi nümunələrdə ciddi çətinliklər yaşanmışdır. Beləliklə, Cənub-Şərqi Avropa federalizm və ərazi muxtariyyəti sahəsində bir çox öyrədici təcrübə təqdim edir. Bununla belə, səlahiyyət bölgüsü demokratik prinsiplərə və insan hüquqlarına uyğun şəkildə ardıcıl və düzgün şəkildə dizayn edilmədikdə münaqişələrə və zorakı parçalanmalara da yol aça bilər.
İstinadlar
Barry, Brian. 1975. "The Consociational Model and Its Dangers." European Journal of Political Research 3 (4): 393–412.
Brunnbauer, Ulf. 2002. “The Implementation of the Ohrid Agreement: Ethnic Macedonian Resentments.” Journal on Ethnopolitics and Minority Issues in Europe 5. https://www.ecmi.de/fileadmin/downloads/publications/JEMIE/2002/nr1/Focus1-2002Brunnbauer.pdf.
Connor, Walker. 1994. Ethnonationalism: The Quest for Understanding. Princeton, NJ: Princeton University Press.
Diamond, Larry. 1999. Developing Democracy: Toward Consolidation. Baltimore, MD: Johns Hopkins University Press.
The Editors of Encyclopaedia Britannica. n.d. “Federalism | Definition, History, Characteristics, & Facts.” Encyclopedia Britannica. Last modified December 20, 2024. https://www.britannica.com/topic/federalism.
Gurr, Ted Robert. 1993. Minorities at Risk: A Global View of Ethnopolitical Conflicts. Washington, DC: US Institute of Peace Press.
Hilpold, Peter. 2017. “Self-Determination and Autonomy: Between Secession and Internal Self-Determination.” International Journal on Minority and Group Rights 24 (3): 302–35. https://www.jstor.org/stable/26557868.
Lijphart, Arend. 2007. Thinking about Democracy. London: Routledge.
Linz, Juan J., and Alfred Stepan. 1996. Problems of Democratic Transition and Consolidation. Baltimore, MD: Johns Hopkins University Press.
Stepan, Alfred. 1999. “Federalism and Democracy: Beyond the U.S. Model.” Journal of Democracy 10 (4): 19–34.
“Territorial Autonomies | World Autonomies.” n.d. https://www.world-autonomies.info/territorial-autonomies.
Van Winkle, Daniel Ryan. 2005. “The Rise of Ethnic Nationalism in the Former Socialist Federation of Yugoslavia: An Examination of the Use of History.” https://wou.edu/history/files/2015/08/Daniel-Van-Winkle.pdf.