(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)
Giriş
İllərlə Şərqi Avropada “demokratiyanın beşiyi” olan Polşa son 10 ildə daxili və xarici siyasətdə cizdiyi ziqzaqlarla Avropa Birliyi daxilindəki “kilid ölkə” statusunu itirməyə doğru gedir. Millətçi-populist PiS (Hüquq və Ədalət Partiyası - Prawo i Sprawedliwosc) iqtidarı 2015-2023-cü illərdə ölkəni media müstəqilliyi, qanunun aliliyi, əsas azadlıqlar kimi demokratik standartlardan uzaqlaşdırdı və AB ilə münasibətləri kifayət qədər gərginləşdirdi. Ancaq qonşuları Macarıstan və Slovakiyadan fərqli olaraq Polşa cəmiyyəti 2023-cü ilin parlament seçkilərində bu gedişatı dəyişməyi bacardı. Seçkilərdə qalib gələn və yeni liberal koalisiya yaratmağı bacaran qüvvələr ölkənin yenidən demokratiya yoluna qayıdacağına dair ümidləri dirçəltdi. Donald Tuskun rəhbərlik etdiyi yeni hökumət qısa müddətdə həyata keçirdiyi demokratik islahatlar və Avropa Birliyi ilə əlaqələrin düzəlməsi istiqamətində atdığı addımlarla ölkənin yenidən demokratiya qatarına minməsinə imkan yaratdı. Avropa Birliyinin PiS hökuməti dövründə dondurduğu fondlar açıldı, ölkənin media azadlığı, qanunun aliliyi, azadlıqlarla bağlı göstəriciləri yaxşılaşdı.
Ancaq bu il keçirilən prezident seçkilərində PiS tərəfindən dəstəklənən Karol Navroskinin prezident seçilməsi və sonrakı davranışları Polşanın demokratik normallaşma yolunun çox da hamar olmayacağını göstərir. Prezidentin and içərək vəzifəsinin icrasına başlamasından cəmi bir ay keçir, ancaq Polşa siyasi sistemində müşahidə olunan ikitirəlik onsuz da kövrək olan toparlanma prosesinin tıxanması riskini yaradır.
KHAR Center bu analizində Polşanın 2015-2023-cü illərdəki demokratik geriləmə prosesindən sonra demokratik normallaşmaya dönmə cəhdlərinə və prezident seçkilərinin bu cəhdlər üçün nə dərəcədə təhlükə təşkil edə biləcəyinə nəzər salır.
Analizin əsas sualları
Polşada Tusk hökuməti ilə başlayan demokratik normallaşma çərçivəsində hansı addımlar atılıb? Bu addımlar nə qədər effektli olub? Prezident seçkilərinin nəticələri və iki fərqli qütbü təmsil edən prezident idarəsi ilə hökumət arasındakı anlaşmazlıqlar bu prosesin gələcəyi baxımından hansı riskləri doğurur? Bu risklər ölkənin AB-də mövqeyini və ölkədaxili vəziyyəti hansı şəkildə dəyişə bilər?
Arxa plan - PiS Polşa siyasətinə necə gəldi?
PiS-in siyasi səhnəyə gəlişi Polşa siyasi tarixində dönüş nöqtəsi sayılan 2001-ci ilə təsadüf edir. O dövrdə iqtidarda olan Yeji Buzek rəhbərliyindəki AWS hökuməti iqtisadi böhran, korrupsiya iddiaları, pensiya və səhiyyə sistemi islahatlarına dair kəskin tənqidlərlə qarşı-qarşıyaydı (The Economist, 2001). Mənşəyini əfsanəvi “Solidarnost” hərəkatından alan sağ partiyaların populyarlığında ciddi azalma vardı və bu, ölkə siyasətində tamamilə yeni vəziyyət yaratmışdı. Buzek hökumətinin populyar ədliyyə naziri Lex Kaçinski məhz bu şərtlər altında 2001-ci ilin əvvəlində özünün partiyasını - PiS-i yaratdı (Bale, Szczerbiak, 2006 a).
2001-ci ildə keçirilən parlament seçkilərində Kommunist Partiyasının xələfi olan Demokratik Sol İttifaq dörd illik fasilədən sonra çox güclü bir koalisiya ilə iqtidara gəldi. Bu seçkilərin sürprizi isə iki yeni mərkəz-sağçı siyasi aktorun Polşa siyasi sisteminə girməsi oldu. Bunlar Kaçinski liderliyindəki PiS və indiki baş nazir Donald Tuskun Vətəndaş Platforması Partiyası (PO-Platforma Obıwatelska) idi. Vətəndaş Platforması seçkidə səslərin 13 faizini qazanaraq ikinci oldu. PiS isə 9,5 faiz səslə Polşa Seymində 44 mandat qazandı (Szczerbiak, 2002). Lex Kaçinski 2002-ci ildə Varşava bələdiyyə sədri seçilincə partiya rəhbərliyini əkiz qardaşı Yaroslav Kaçinskiyə təhvil verdi (Forsal, 2010).
Liberal-mühafizəkar PO və milliyyətçi mühafizəkar PiS 2005-ci ildə ölkə siyasətinin zirvəsində qarşıladılar. PiS parlament seçkilərinin qalibi oldu və 27 faiz səslə Seymdə 155, Senatda 49 mandat qazandı. PO isə 24,1 faiz səslə Seymdə 133, Senatda 34 yer əldə etdi (Bale, Szczerbiak, 2006 b).
İdeoloji baxımdan bir-birinə yaxın olan PiS və PO-nun koalisiya qurması daha gözlənilən idi, ancaq həm Seym sədrinin kim olacağı, həm kabinetdə nazirliklərin bölünməsi məsələsindəki anlaşmazlıqlar, həm də PiS-in radikal sağçılara yaxınlığı bu koalisiyanın baş tutmasına mane oldu. Hətta əksinə, Polşanın iki sağ mərkəzçi partiyası bu seçkidən daimi rəqib və düşmən olaraq çıxdı (Markowski, 2007).
2005-ci ildə keçirilən prezident seçkilərində PiS Lex Kaçinskini, PO isə Donald Tusku namizəd göstərdi. Seçkinin ikinci turunda Kaçinski qalib gəldi. Daha əvvəldən elan etdikləri razılaşmaya görə Lex Kaçinski prezident seçildiyi üçün qardaşı Yaroslav Kaçinski baş nazir postunu tərk etdi. Qısa müddətli azlıq hökuməti uğursuz olunca 2006-cı ildə PiS solçu Samooborona və millətçi Polşa Ailələri Birliyi ilə koalisiyaya getdi. (BBC, 2006)
Koalisiyadakı çəkişmələr, bu çəkişmələr əsnasında Kaçinskinin müavininin Samooborona millət vəkilinə koalisiyaya qayıtması üçün rüşvət təklif etdiyinə dair videoyazının yayılması və PO ilə kəskin rəqabət 2006-cı ilin noyabrında keçirilən bələdiyyə seçkilərini PiS üçün həyati əhəmiyyətli hadisəyə çevirdi. Kaçinskilər bələdiyyə seçkilərində uduzdu (BBC, 2006 b). Bundan az sonra koalisiya ortaqlarından Samooborona Partiyasının lideri Andrey Lepperin adının bulaşdığı korrupsiya iddiaları hökumətin sonunu gətirdi (BBC, 2007).
2007-ci ilin noyabrında keçirilən növbədənkənar parlament seçkilərdə Donald Tuskun Vətəndaş Cəmiyyəti (PO) Partiyası əzici üstünlüklə - 41,5 faiz səslə qalib gəldi. PiS səslərin 32,1 faizini alsa da, keçmiş koalisiya ortaqları seçki bariyerini keçə bilmədi. Avropa tərəfdarı Tusk mərkəzçi Polşa Xalq Partiyası ilə çoxluq koalisiyası yaradaraq iqtidar oldu. (Meseznikov, Gyarfasova və Smilov, 2008 )
2010-cu ilin aprelində Lex Kaçinski və Polşanın xeyli sayda yüksək vəzifəli şəxsləri Smolenskdə təyyarə qəzasında həlak oldular. Yaroslav Kaçinski partiyanın lideri olaraq o il prezident seçkilərində iştirak etdi, ancaq PO-nun namizədi Bronislav Komorovskiyə məğlub oldu (BBC 2010). 2011-ci ilin parlament seçkilərindən də PO qalib çıxdı və koalisiyanı davam etdirdi.
Liberalizmin məğlubiyyəti
Ancaq 2015-ci ilin parlament seçkilərində PiS iqtidara qayıtdı. Dönüş əvvəlcə PiS-in prezidentliyə namizədi Andjey Dudanın PO-nun namizədi Komorovskiyə qalib gəlməsi ilə başladı. Bu psixoloji üstünlük parlament seçkilərində də rol oynadı və PiS ölkədə hakimiyyətin bütün qollarına geri döndü. Həm də olduqca böyük səs fərqi və Polşa siyasəti üçün ilklərlə. Bu ilklərdən ən əsası ölkənin 1989-cu ildə çoxpartiyalı sistemin bəqərar olmasından etibarən ilk dəfə bir siyasi partiyanın Seymdə mütləq çoxluğu əldə etməsiydi - PiS 460 yerlik Seymdə 235 mandat qazanmışdı (New York Times, 2015). Həm liberal Vətəndaş Cəmiyyəti Partiyası, həm də sol mövqeli qüvvələr bu seçkidə ciddi səs itkisi ilə qarşılaşdı və Polşada Avropanın ən sağçı parlamenti formalaşdı (Gaeta, 2015).
2015-ci il seçkiləri Polşa siyasəti baxımından kritik bir dönüş nöqtəsiydi. Kommunist rejimin 1989-cu ildə süqutundan sonra Polşa siyasi liberalizmin və neoliberal iqtisadiyyatln əsas prinsiplərini qəbul edən, Qərb dəyərlərini mənimsəyən “nümunəvi tələbə” kimi tanınırdı. Ölkədə aparılan liberal islahatlar və bunun nəticəsində bərqərar olan liberal rejim cəmiyyətin kommunizm nostalgiyası ilə yaşayan təbəqəsi tərəfindən “bərabərlik prinsipinə zidd” olaraq dəyərləndirilsə də, liberal kapitalizm ətrafında bir konsensus formalaşmış və sistem legitimlik qazanmışdı. Bunun əsas səbəbləri də Qərb modelinin istehlak imkanlarının sosializmin qıt imkanlarından daha üstün olması, NATO və AB üzvlüyü kimi hədəflər, siyasi elitanın - kommunistlər də daxil - Qərb modelini mənimsəməsi və orta sinfin yüksəlişi idi. Bu faktorlar sayəsində Polşada 20 il liberal konsensus davam etdi (Czech, Kassner, 2021 a).
Ancaq bununla birlikdə liberal rejimin təbiətindən irəli gələn obyektiv problemlər, PO iqtidarının 8 illik hakimiyyəti dövründəki subyektiv geriləmələr və Avropada yüksələn sağçılıq tendensiyası 2015-ci ildə bu konsensusun pozulmasına apardı.
PiS məşğuliyyət, torpaq və investisiya kimi xalqın həyatına birbaşa toxunan sahələrdəki narazılıqları konsolidə etməyi bacardı. Keçmiş müttəfiqi Samooboronanın çöküşündən sonra yoxsul kəndli təbəqənin təmsilçisi rolunu öz üzərinə götürdü, ölkənin ən böyük həmkarlar ittifaqının dəstəyini qazandı, xarici kapitala qarşı millətçi iqtisadiyyat ritorikasıyla populyarlıq əldə etdi. PiS-in mühafizəkar katolik media vasitəsilə yayılan, xarici sərmayəni “ölkənin xaricilərə satılması” kimi təqdim edən ritorikası AB üzvlüyündən sonra gələn böyük kapital axınından məmnun olmayan kiçik və orta miqyaslı yerli aqrar və sənaye qruplarının narazılığı ilə üst-üstə düşdü (Czech, Kassner, 2021 b).
Avropalaşan böyümə modelinin gətirdiyi qeyri-bərabərlik, yuxarı gəlir payının arması, az maaş modelinin davam etdirilməsi, əmək bazarında artan təminatsız müqavilə modelləri liberal rejimlə bağlı “elitist” dəyərləndirməni gücləndirdi. İqtisadi baxımdan ciddi böyüməyə baxmayaraq, Polşa cəmiyyətinin bəzi təbəqələrindəki xəyal qırıqlığı dəyişikliyi labüd etdi (Uroz, 2020).
İqtidar elitasıyla bağlı əhalinin məyusluğu və cəmiyyətdə hakim olan “dəyişiklik vaxtıdır” duyğusu vəziyyəti PiS lehinə ciddi şəkildə dəyişdi (Czesnik, 2018). Xüsusilə həssas qruplardan - aşağı təhsillilərdən, kiçik qəsəbə və kənd sakinlərindən, yaşlılardan və ölkənin şərqindəki bölgələrdən olduqca böyük dəstək alan PiS həm də mühafizəkar, dini və milliyyətçi cərəyanları konsolidə etməyi bacardı. Burada köməyə katolik kilsəsi gəldi: onun dəstəyi ilə liberal demokratiya əleyhdarı seçicilərin hamısını öz ətrafına toplaya bildi (Marody ve Mandes, 2017).
Polşa hökumət rəsmilərinin seçkiqabağı bir restorandakı söhbətlərinin səs yazısının ortaya çıxması da liberal koalisiyanın sonunu gətirən faktorlardan biri oldu. Donald Tusk bunun Rusiya tərəfindən seçkilərin nəticələrinə təsir məqsədilə hazırlanmış bir kompromat olduğunu açıqladı. Daha sonra bir il davam edən “restoran dinləmələri”nin arxasında PiS və Rusiyanın olduğuna dair çoxsaylı iddialar da ortaya çıxdı, ancaq olan olmuşdu - bu qalmaqal Polşada istefalara və liberal hökumətə etimadın azalmasına səbəb oldu (VOA, 2019).
Revanşist dönüş və ya PiS-in “yaxşı dəyişiklik”ləri
Yuxarıda sadalanan faktorlar Polşa cəmiyyətini demokratik standartlar və azadlıqlar baxımından geriyə götürəcək populist-mühafizəkar PiS hökumətinin təməlini təşkil etdi. Üstəlik, bu dəfəki hökumət PiS-in 2005-2007-ci illərdəki hakimiyyətindən fərqliydi - koalisiya deyil, təkbaşına iqtidar formalaşdı; 2005-ci ildə hələ tam mənasıyla antiliberal olmayan PiS 2015-ci ildə səhnəyə davakar və millətçi bir ideologiya ilə çıxdı və neoliberal doktrinadan tamamilə uzaqlaşdı (Czech, Kassner, 2021 c).
PiS 2015-ci ilin seçki kampaniyasına “yaxşı dəyişiklik” (dobra zmiana) şüarı ilə başlamışdı (Kinowska-Mazaraki, 2021). Liberal qüvvələrin ölkəni xarabalığa çevirdiyini iddia edən yeni iqtidar antineoliberal iqtisadi siyasət, əmək-kapital balansını dəyişmə, xarici kapitalın gücünü məhdudlaşdırma, əvvəlki hakimiyyətlər dövründə qəbul edilən pensiya və təhsil islahatlarını ləğv etmə, yeni sosial yardımlar və vergi dəyişikliklər vəd edirdi (Gebert, 2016).
Seçkidən sonrakı ilk dövrlərdə xüsusilə sosial sahədəki vədlərin bir hissəsini yerinə yetirdi - hər uşaq üçün aylıq 500 zlot, məktəbə başlayanlar üçün 300 zlot, 13-cü pensiya ödənişi, pensiya yaşının azaldılması, minimum əmək haqqının artırılması kimi addımlar PiS-in elektoratını daha da böyütdü. Ancaq bunlar ölkədəki qeyri-bərabərliyi azaltmaq üçün kifayət etmədi, iqtidarın üçüncü ilində yoxsulluq səviyyəsi yenidən artdı (Statistics Poland, 2018).
Ancaq ölkə üçün daha pisi o idi ki, sosial siyasətdəki populyar addımlar ölkədə demokratik standartları zədələmə hesabına atılırdı. PiS hökuməti Kaçinskinin məşhur “Budapeşti Varşavada quracağıq” sözüylə nümunə kimi qəbul etdiyi Orban Macarıstanından daha böyük bir sürətlə ölkədəki institutları ələ keçirməyə başladı. İqtidarının üçüncü ilində artıq ekspertlər PiS-in Orbanın Macarıstanda 2010-cu ildən sonra həyata keçirdiyi dəyişikliklərin daha sürətləndirilmiş və genişləndirilmiş versiyasını gerçəkləşdirdiyini deyirdi (Sadurski, 2018 a).
Məhkəmə işğalı
PiS-in “yaxşı dəyişiklik” siyasətinin ilk qurbanı məhkəmə sistemi oldu. PiS iqtidara gələr-gəlməz Konstitusiya Məhkəməsini və ümumilikdə məhkəmə sistemini kökündən dəyişdirdi.
- Səlahiyyətləri sona çatmaq üzrə olan Seym 2015-ci ilin oktyabrında Konstitusiya Məhkəməsinin 5 üzvünü təyin etdi. Hərçənd, bu qərar da mübahisəliydi, çünki hakimlərdən ikisinin səlahiyyət müddəti dekabrda bitirdi və Seymin onları seçmək hüququ yox idi. Buna baxmayaraq, seçki keçirildi və hakimlər seçildi. Ancaq avqustda seçilən PiS dəstəkli prezident Andjey Duda hakimlərin heç birinin andiçməsində iştirak etmədiyindən faktiki səlahiyyətlərinin icrasına başlaya bilmədilər. Seçkidən sonra PiS çoxluğundan ibarət yeni Seym əvvəlki parlamentin qərarını yox sayaraq yenə 5 hakim təyin etdi - bu dəfə də 2 hakimin seçkisi legitim deyildi. Buna baxmayaraq, həmin hakimlər dərhal prezidentin hüzurunda and içdilər. Konstitusiya Məhkəməsi səlahiyyət müddəti dekabrda bitən 2 hakimin yerinə seçki keçirilməsinin əsas qanuna zidd olduğuna dair hökm verdi. Bu, ölkədə konstitusiya böhranına səbəb oldu - əvvəlki parlament tərəfindən seçkilən 3 hakim prezidentin qarşısında and içə bilmədiyi üçün fəaliyyətə başlaya bilmədi, PiS-in seçdiyi 3 hakimin fəaliyyətinə isə Konstitusiya Məhkəməsinin sədri icazə vermədi. Hökumət, belə olduqda, Konstitusiya Məhkəməsi sədrinin statusunu hədəf aldı: konstitusiyaya zidd qanunların köməyi ilə məhkəmə sədrinin səlahiyyət müddəti qısaldıldı, bunun nəticəsində sədr dəyişikliyi məcburi hala gətirildi və iqtidara yaxın yeni sədr seçildi (Cambridge, 2022).
- 2016-cı ildə yeni dəyişikliklər edildi:15 üzvü olan Konstitusiya Məhkəməsinin toplanması üçün lazım olan 5 nəfərlik yetərsay 11 nəfərə, qərar qəbul edilməsi üçün yetərsay isə üçdə iki çoxluğa çıxarıldı - beləliklə, iqtidarın seçdiyi 5 üzvün qərarlara həlledici təsir etmə mexanizmi yaradıldı (Jonski, Rogowski, 2020).
- PiS hökuməti 2016-2017-cı illərdə Ali Məhkəmə və Milli Məhkəmə Şurasını ələ keçirdi. 25 üzvdən ibarət olan Milli Məhkəmə Şurası o vaxta qədər bu şəkildə formalaşırdı - müxtəlif məhkəmələrin öz içərilərindən təyin etdikləri 15 hakim, parlamentin təyin etdiyi 4 üzv, Senatın təyin etdiyi 2 üzv, prezidentin təyin etdiyi 1 üzv, Ali Məhkəmə sədri, Ali İnzibati Məhkəmə sədri və ədliyyə naziri. Ancaq 2017-ci ildə parlament Milli Məhkəmə Şurası üzvlərinin fəaliyyətinə xitam verən və məhkəmələr tərəfindən təyin edilən 15 üzvün və artıq parlament tərəfindən müəyyən ediləcəyini nəzərdə tutan qanun qəbul etdi. Beləliklə, Milli Məhkəmə Şurası tamamilə hökumətin nəzarətinə keçdi (Macy, Duncan, 2020-21a).
- Daha sonra hökumət Ali Məhkəmə islahatları adı altında hakimlərin məcburi pensiya yaşının azaldılmasına dair qanun qəbul etdi. Ali Məhkəmə hakimlərinin 40 faizdən çoxunun vəzifədən uzaqlaşdırılmasına imkan verən bu qanun sayəsində çıxarılan hakimlərin yerinə iqtidara yaxın hakimlər təyin edildi (Sadurski, 2018b). 2018-ci ildə Avropa Komissiyası buna etiraz etdi, Avropa Məhkəməsinə edilən şikayətlər nəticəsində qanunun icrasının dayandırılmasına hökm verildi. Daha sonra Polşa hökuməti qanunu ləğv etməli oldu və 2018-ci ilin sonunda prezident Duda pensiyaya zorla göndərilən hakimlərin vəzifəyə qaytarılmasına dair fərman imzaladı. 2019-cu ildə Avropa Ədalət Məhkəməsi də bu qanunun AB qanunlarına zidd olduğuna qərar verdi (DW, 2019)
- 2017-ci ildə hökumət hakimlər üçün nizam-intizam şurası yaratdı və Ədliyyə naziri tərəfindən təyin olunmuş hakimlərdən ibarət şura vasitəsilə “arzu olunmayan” hakimlərin cəzalandırılmasına başlandı. 2019-cu ildə isə PiS hökuməti xalq arasında “heyvan ağızlığı” qanunu deyə bilinən qanun qəbul etdi - bu, hökumətə, siyasi məsələlərdə fikir bildirən, onun formalaşdırdığı məhkəmə sisteminə etiraz edən, onların qərarlarından Avropa instansiyalarına şikayət edən hakimlərə intizam cəzaları tələb etmə haqqı verirdi. Avropa Şurasının Polşaya ayrılan maliyyə fondlarının məhdudlaşdırılması təhdidindən sonra Polşa hökuməti zahirən geri addım atdı, Məhkəmə İntizam Şurasını ləğv edib yerində Peşə Məsuliyyəti İdarəsi yaratdı, ancaq bu da məhkəmə sisteminin ələ keçirilməsi prosesini dayandırmaq deyildi (Macy, Duncan, 2020-21b)
Media ovu
“Yaxşı dəyişiklik” siyasətinin ikinci qurbanı isə media oldu. Hər nə qədər ABŞ mərkəzli TVN kimi müstəqil kanallar fəaliyyətlərini davam etdirə bilsələr də ölkə mediasının böyük hissəsində nəzarət iqtidarın əlinə keçdi. Ölkədə media heç vaxt olmadığı qədər çox qütbləşdi (Chapman 2017).
- 2016-cı ildə qəbul edilən qanunla dövlət media orqanları - TVP və Polskie Radioya rəhbərlik birbaşa hakimiyyətə keçdi. Maliyyə Nazirliyinə bu orqanların rəhbərlərini təyin etmə və vəzifədən uzaqlaşdırma səlahiyyəti verildi . 7 üzvündən 5-i faktiki iqtidar tərəfindən təyin olunan Milli Media Şurası yaradıldı (BBC, 2016). Qanunla bağlı Konstitusiya Məhkəməsinə edilən şikayət isə yeni məhkəmə tərkibinin səyləri ilə rədd edildi. Dövlət media orqanlarının rəhbərliyinə iqtidara yaxın adamlar gətirildi.
- Jurnalistlərin parlamentdəki fəaliyyəti məhdudlaşdırıldı, daha sonra etirazlar nəticəsində hökumət geri addım atmağa məcbur oldu (Chapman 2017 b).
- 2020-ci ildə dövlət neft şirkəti PKN Orlen ölkədə qəzet satış köşklərinin və qəzet paylama məntəqələrinin sahibi olan RUCH-un 65 faizlik hissəsini satın aldı (Rceznik Prav Obıwatelskich 2020).
- 2020-ci ildə dövlət nəzarətindəki PKN Orlen neft şirkəti ölkənin ən böyük regional media qruplarından olan, 20 qəzet, 120 həftəlik jurnal və 500-dən çox saytı birləşdirən Polska Press-i satın aldı. Bu, regional medianın da hökumətin nəzarətinə keçməsini təmin etdi (Politico, 2020 ).
- 2021-ci ildə hökumət AB vətəndaşı olmayan şəxslərin və şirkətlərin Polşada media qurumlarında hissə sahibi olmasını qadağan edən qanunu qəbul etdi (DW).
Vətəndaş cəmiyyətinə və azadlıqlara hücumlar
PiS hökumətinin “yaxşı dəyişiklik” strategiyası vətəndaş cəmiyyətindən də yan keçmədi. Hakimiyyətə tənqidi mövqedə olan QHT-lərə təzyiq mexanizmləri yaradıldı, nəzarət gücləndirildi. LGBT, feminist hərəkat və ekoloqlar da hökumətin əsas hədəflərindən biri oldu. Və yenə eynilə Macarıstandakı kimi Avropa Birliyinin Polşanın daxili işlərinə qarışan xarici qüvvə və düşmən olduğuna dair təbliğat artdı (Sadurowski 2019 b).
- 2017-ci ildə hökumət bütün QHT-lərin maliyyə fondlarına nəzarət edən və maliyyəni paylaşdıran Milli Azadlıq İnstitutunu (National Freedom İnstitute) yaratdı. Bu orqan xüsusilə hakimiyyəti tənqid edən feminist, LGBT və ümumiyyətlə insan haqlarını müdafiə edən QHT-lərin maliyyəsini məhdudlaşdırdı (Gviazda, 2020).
- Qadın haqları təşkilatları və ekoloqlar polis təzyiqlərinə məruz qaldı (HRW, 2017).
- 2020-ci ildə Konstitusiya Məhkəməsinin qərarıyla abort faktiki - təcavüz, insest və ananın sağlamlığına təhlükə istisna olmaqla - qadağan olundu (BBC, 2020).
- Bəzi bələdiyyələrdə “LGBT free zone” qərarları qəbul edildi, LGBT düşmənçiliyi təbliğ olundu (European Comission, 2021).
- Müxalif siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləri, jurnalistlər “Pegasus” casus proqramıyla izlənməyə məruz qaldılar. 2017-2022-ci illər arasında kəşfiyyat və hüquq-mühafizə orqanlarının xətti ilə 578 nəfər bu proqramla təqib edilib (AP, 2024).
- 2023-cü ildə PiS hökuməti əzəli rəqibi Donald Tuskun siyasətdən uzaqlaşdırılmasına xidmət edən və bu səbəbdən də “Lex Tusk” adlandırılan “xarici təsir haqqında” qanunu qəbul etməyə çalışdı (Venice Comission, 2023).
Yenidən normallaşma
Ancaq yuxarıda sadalanan və sadalanmayan bütün “yaxşı dəyişiklik” maskalı antidemokratik səylərə baxmayaraq, PiS hökuməti Polşanı Macarıstana çevirməyi bacarmadı. 2023-cü ildə keçirilən parlament seçkilərində PO başda olmaqla müxalifət partiyaları PiS hökumətini və ölkədəki gedişatı dəyişdilər. PiS yenə 35 faiz səs alaraq Seymdə birinci partiya oldu, ancaq hökumət qura bilmədi. PO, Üçüncü Yol və Yeni Sol partiyaları ümumilikdə 54 faiz səs aldılar (AP, 2023). Buna baxmayaraq, PiS-in seçdiyi prezident Duda seçkidən sonra yenə mövcud baş nazir Mateus Moraveçkiyə hökumət qurma səlahiyyəti verdi (Wiadomosci, 2023).
Müxalifət buna etiraz etdi, PO, Polşa 2020, Polşa Xalq Partiyası və Yeni Sol Donald Tusku baş nazir namizədi göstərərək koalisiya yaratmağa hazır olduğunu açıqladı. Ancaq Duda tələsik Moraveçki üçün andiçmə mərasimi keçirdi (Prezydent PL, 2023). Bu bənzəri görünməmiş hakimiyyət qəsbinin ömrü iki həftə çəkdi - dekabr ayında Seym Moraveçki kabinetini təsdiqləməyi rədd etdi və eyni gün Tusk baş nazir seçildi (Reuters 2023).
Yeni hökumət ölkəni yenidən normallaşdırma hədəfini elan etdi və Avropa Birliyi ilə sanksiyalara qədər gərginləşmiş münasibətləri normallaşdırma xətti seçdi və bunun üçün bir “fəaliyyət planı” (action plan) açıqladı (Wojcik, 2024 a).
Bu plan
- PiS dövründə yaradılmış İntizam Şurasının ləğvini və müstəqil mexanizmlərin formalaşdırılmasını;
- Milli Məhkəmə Şurasının formalaşdırılmasında parlamentin rolunun azaldılmasını;
- Hakimlərin məcburi pensiyaya göndərilməsi və onlara siyasi təzyiq mexanizmləri nəzərdə tutan qanunların ləğvini;
- Konstitusiya Məhkəməsinin legitimliyinin bərpası üçün addımların atılmasını;
- Dövlət media orqanlarının siyasi təsirdən çıxarılmasını və Milli Media Şurasında demokratik islahatları;
- Avropa Ədalət Məhkəməsi qərarlarının icrasını;
- AB fondlarının açılması üçün tələb olunan “milestones”un yerinə yetirilməsini;
- QHT-lərə təzyiqlərin azaldılmasını və fundamental azadlıqlarla bağlı geriləmələrin aradan qaldırılmasını;
- İfadə və sərbəst toplanma azadlıqlarının qorunması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsini
nəzərdə tuturdu. (Wojcik, 2024 b)
Tusk hökumətinin bu fəaliyyət istiqamətləri yönündəki addımları qısa müddətdə AB ilə münasibətlərdəki gərginliyi azaltdı. Avropa Birliyi PiS dövründə Polşaya tətbiq etdiyi sanksiyaların ləğvinə başladı. Avropa Komissiyası Polşaya 6 il tətbiq etdiyi “Article 7” prosedurunu 2024-cü ilin mayında dayandırdı (Reuters 2024). Bu qərardan sonra Polşanın PiS dövründə NextGenerationEU bərpa fondunda dondurulan milyardlarla avroluq vəsaitin mərhələli şəkildə ölkəyə verilməsinə imkan yarandı. Fondlardan tam istifadə islahatların reallaşmasına bağlı olduğundan bütün vəsaitlərdən yararlanmaq hələ ki, mümkün olmur, amma xalqın gözündə hökumətin legitimliyini gücləndirməsi və iqtisadi problemləri həll etməyə başlaması baxımından bu, olduqca mühüm idi.
Tusk hökuməti media azadlığının təmin olunması istiqamətində də sürətli addımlar atdı - dövlət televiziya və radiosunun rəhbərliyi dəyişdi, bu orqanlar hökumətin nəzarətindən çıxarıldı və xəbər siyasətinə geri döndü. Polşanın PiS dövründə dibə çökən media azadlığı indeksi bu və bənzər addımlar sayəsində yenidən yüksəlmə dövrünə başladı (RSF 2024).
İkitirəlik və ya Polşanın domokl qılıncı
Ancaq hökumətin planlarına və addımlarına baxmayaraq, islahatlar Polşa cəmiyyətinin və AB-nin istədiyi sürətlə irəliləmir. PiS dəstəkli prezidentlərin (əvvəl Duda, indi Navroski) səlahiyyətinin olması və xüsusilə məhkəmə-konstitusiya islahatlarının bu səlahiyyətdən istifadə edərək ləngitməsi səbəbilə hələ də ədliyyə sistemi təmizlənmiş deyil və bu da islahatlara mane olur. Konstitusiya Məhkəməsi və digər məhkəmələrin hakimləri qanunların və qərarların qəbulunu əngəlləyə bilir. Eyni problem bir çox dövlət qurumlarında da müşahidə olunur (Wojcik, 2024 c). Bundan əlavə, LGBT, abort haqları, qadın hüquqları və digər bu kimi məsələlərdə QHT-lər və AB sürətli dəyişiklik tələb edərkən hökumət cəmiyyətdə PiS dövründə formalaşmış dərin qütbləşməni nəzərə alaraq təmkinli davranmağa çalışır (HRW, 2024).
Digər tərəfdən, yeni seçilən qatı millətçi, PiS dəstəkli prezident Karol Navroskinin də xarici siyasətdə hökumətə problemlər yaratma cəhdləri Polşanın yenidən normallaşma yolunu ciddi şəkildə çətinləşdirir.
Ekspertlər Tusk hökuməti üçün Navroski ilə işləməyin Duda ilə işləməkdən daha çətin olduğu qənaətindədir. Duda dövründəki vetolar və islahatlara mane olma cəhdlərinin Navroski dövründə yüksələn xətlə davam edəcəyi təxmin edilir və yeni prezident də bunu gizlətmir. Navroski prezident seçildikdən dərhal sonra sələfi Dudanın yolunu davam etdirərək hökumətin qəbul etdiyi qanunlara veto qoymağa başladı. Hökumətin səlahiyyətlərinə müdaxilə etməyə çalışan prezident ölkədə hava limanı tikintisinə qarşı çıxdı və hökumətin öz proqramını tamamilə dəyişdirməsini tələb etdi (Politico, sentyabr 2025a).
Hazırki hökumət koalisiyası prezident vetosunu rədd edəcək qədər deputat sayına malik deyil (bunun üçün parlamentdə səsvermədə iştirak edənlərin ⅗ səs çoxluğu lazımdır). Digər tərəfdən Konstitusiya Məhkəməsi hələ də PiS nəzarətindədir və bu da qanunvericliklə bağlı ishalatların asanlıqla bloklanması imkanı deməkdir. PiS-in 2023-cü ildə həyata keçirdiyi qanun dəyişikliyinə əsasən, ölkənin Avropa Birliyi strukturlarındakı təmsilçilərini müəyyənləşdirmək üçün də prezidentin təsdiqi lazımdır. Bu, Navroskinin AB təyinatlarında da Tusk hökumətinin əl-qolunu bağlayacağı mənasına gəlir (Wojcik, iyun 2025).
Navroski xarici siyasətdə də Tusk hökuməti ilə rəqabətə girməyə çalışır. Sentyabrın əvvəlində Navroski seçilməsindən ötrü ona açıq dəstək verən Donald Trampla görüşmək üçün Vaşinqtona getdi. Baş nazir Tusk buna etiraz edərək konstitusiyaya görə ölkənin xarici siyasətini hökumətin müəyyən etdiyini bildirdi, ancaq Navroskinin ofisi bunu bir “zarafat” olaraq dəyərləndirdi (Politico, sentyabr 2025 b). Navroski 3 sentyabrda Trampla görüşdü və ABŞ prezidentinin “Əsgərlərimiz Polşada qalacaq, hətta istəsələr artırarıq” açıqlamasından doğan məmnuniyyətlə qayıtdı.
Nəticə
Donald Tusk hökumətinin Polşanı yenidən “Avropanın çalışqan tələbəsi” mövqeyinə yüksəltməsi və demokratik normallaşmaya geri döndərməsi ölkədəki dərin qütbləşmə, PiS-in müxalifətdə olmasına baxmayaraq hələ də ciddi elektorata sahib olması, 2015-2023 arasında dövlət institutlarını ələ keçirməsi sayəsində qərarlara təsir edə bilməsi və Tramp dəstəkli yeni prezidentin iddiaları səbəbilə böyük risk altındadır. Doğrudur, prezidentlə hökumətin başqa siyasi-ideoloji qüvvəni təmsil etdiyi vəziyyət (cohabitation) Polşa tarixində ilk dəfə yaşanmır. Ancaq indiki durum bir neçə fərqli risk ehtiva edir.
Birincisi, Polşa cəmiyyəti olduqca qütbləşmiş vəziyyətdədir və hökumətlə prezident bu iki qütbün ən uclarındadır, bu da Polşanın kifayət qədər kövrəlmiş demokratiyası üçün çox ciddi problemdir.
İkincisi, bu vəziyyət Polşanın demokratiya yoluna geri dönməsinin əngəllənməsi, islahatların gecikməsi və bunun nəticəsində PiS-in yenidən hakimiyyətə qayıtması ehtimalını gücləndirir, Navroskinin hədəfi bunu hətta parlament seçkilərinin keçiriləcəyi 2027-ci ildən də əvvəl həyata keçirməkdir (Politico, iyun 2025).
Üçüncüsü, Navroskinin prezident seçildikdən dərhal sonra xarici siyasətlə bağlı nümayiş etdiyidiyi iddia və ABŞ prezident Tramın dəstəyinə sahib olması Polşanın AB daxilindəki prestijini və rolunu azalda bilər.
Bu baxımdan yalnız bütün çətinliklərə baxmayaraq islahatların ardıcıl və davamlı olması, Polşa cəmiyyətinin dərin qütbləşməyə rəğmən daşıdığı ciddi demokratik potensial və Macarıstan, Slovakiya kimi qonşularından fərqli olaraq Rusiyanın siyasi təsirinə daha az məruz qalması xilas yolu ola bilər.
İSTİNADLAR
The Economist, 2001. The End of Solidarity. https://www.economist.com/europe/2001/08/16/the-end-of-solidarity
Bale Tim ve Szczerbiak Alex, 2006. Why is there no Christian Democracy in Poland (and why does this matter)? Sussex European Institute, Univeristy of Sussex
https://www.sussex.ac.uk/webteam/gateway/file.php?name=sei-working-paper-no-91.pdf&site=266
Szcerbiak Alex, 2002. Poland's Unexpected Political Earthquake: The September 2001 Parliamentary Election
Forsal, 2010. Jarosław Kaczyński - życiorys i poglądy. https://forsal.pl/artykuly/429630,jaroslaw-kaczynski-zyciorys-i-poglady.html
Markowsky Radoslaw, 2007. The polish elections of 2005: Pure chaos or a restructuring of the party system? https://www.tandfonline.com/doi/abs/10.1080/01402380600842452
BBC, 2006 a. Polish ruling coalition collapses
http://news.bbc.co.uk/2/hi/europe/5369346.stm
BBC, 2006 b. Polish PM revives ruling alliance
http://news.bbc.co.uk/2/hi/europe/6057382.stm
BBC, 2006 c. Polish PM faces local poll blow
http://news.bbc.co.uk/2/hi/europe/6057382.stm
BBC, 2007. Polish MPs choose early election
http://news.bbc.co.uk/2/hi/europe/6984543.stm
Meseznikov Grigori, Gyarfasova Olga, Smilov Daniel, 2008. "Populist Politics and Liberal Democracy in Central and Eastern Europe" (PDF). Working Papers. Bratislava: Institute for Public Affairs: 96–97.
BBC, 2010. Bronislaw Komorowski declared president of Poland. https://www.bbc.com/news/10503555
New York Times, 2015. Right-Wing Party Roars Back in Polish Elections https://www.nytimes.com/2015/10/26/world/europe/poland-parliamentary-elections.html
Gaeta, Vanessa, 2015. (28 October 2015). "Left wing is shut out in parliamentary vote in conservative Poland. The Boston Globe. https://www.bostonglobe.com/news/world/2015/10/28/right-wing-shift-new-polish-parliament-has-left-wing/ywLYGOUE5TVOyCyKRCzzfI/story.html
Czech Slawomir, Kassner, Macıej: 2021. Counter-movement at a critical juncture: A neo-Polanyian interpretation of the rise of the illiberal Right in Poland. Intersections. East European Journal of Society and Politics, 7(2), 128–148.
Uroz Nina Lopez, 2020. Populism Amidst Prosperity: Poland’s Growth Model and its Socio-Political Outcomes. LSE.
Czesnik Mikolaj, 2018. Populism in Poland. Springer International Publishing https://www.academia.edu/105101308/Populism_in_Poland?
Marody Miroslawa ve Mandes Slawomir, 2017. Polish religious values as reflected in the European Values Studies. Religion, Politics, and Values in Poland (pp.231-255)
VOA, 2019. Was Polish Scandal a Russian Test for US Election Tampering?
https://www.voanews.com/a/europe_was-polish-scandal-russian-test-us-election-tampering/6173207.html
Kinowska-Mazaraki Zofia, 2021. The Polish Paradox: From a Fight for Democracy to the Political Radicalization and Social Exclusion. https://www.mdpi.com/2076-0760/10/3/112
Gebert, Konstanty, 2016. Poland: the “Good Change”. https://www.cidob.org/publicaciones/poland-good-change
Statistics Poland, 2018. Zasięg ubóstwa ekonomicznego w Polsce w 2018 r. https://stat.gov.pl/files/gfx/portalinformacyjny/pl/defaultaktualnosci/5487/14/6/1/zasieg_ubostwa_ekonomicznego_w_polsce_w_2018_r.pdf
Cambridge University Press, 2022. The Polish Constitutional Tribunal Crisis from the Perspective of the European Convention on Human Rights. https://www.cambridge.org/core/journals/european-constitutional-law-review/article/polish-constitutional-tribunal-crisis-from-the-perspective-of-the-european-convention-on-human-rights
Jonski Kamil, Rogowski Wojciech, 2020. Legislative Practice and the ‘Judiciary Reforms’ in Post-2015 Poland – Analysis of the law-Making Process, İACA. https://iacajournal.org/articles/10.36745/ijca.315
Macy John, Duncan A.Allyson, 2020-21. The Collapse of Judicial Independence in Poland: A Cautionary Tale. https://judicature.duke.edu/articles/the-collapse-of-judicial-independence-in-poland-a-cautionary-tale/
Sadurski Wojciech , 2018. How Democracy Dies (in Poland): A Case Study of Anti-Constitutional Populist Backsliding. Sydney Law School Research Paper.
Deutche Welle, 2019. EU court says Poland broke law by making judges retire early. https://www.dw.com/en/eu-court-says-poland-broke-law-by-making-judges-retire-early/a-49332774
Macy John, Duncan A.Allyson, 2020-21. The Collapse of Judicial Independence in Poland: A Cautionary Tale. https://judicature.duke.edu/articles/the-collapse-of-judicial-independence-in-poland-a-cautionary-tale/
Chapman Annabella, 2017. "Pluralism under attack: the assault on press freedom in Poland". Freedom House.
BBC 2016. Polish media laws: Government takes control of state media.
https://www.bbc.com/news/world-europe-35257105
Rceznik Prav Obıwatelskich . Zakup Polska Press przez PKN Orlen. Rzecznik o zagrożeniach dla wolności słowa. https://bip.brpo.gov.pl/pl/content/rpo-o-zagrozeniach-wolnosci-prasy-po-kupnie-polska-press
Politico 2020. Poland’s state-run refiner becomes a media baron
https://www.politico.eu/article/poland-pkn-orlen-press-takeover-media-government-andrzej-duda
DW, 2021. Poland, Media bill receives majority vote. https://www.dw.com/en/poland-parliament-votes-in-favor-of-controversial-media-bill/a-58828433
Gwiazda, Anna, 2020. “Democratic Decline in Poland: The Role of State and Civil Society,” Government and Opposition 55, no. 3, 469–87.
Human Rights Watch, 2017. “Poland: Government Targets Women’s Rights Groups” https://www.hrw.org/news/2017/02/06/poland-government-targets-womens-rights-groups.
BBC, 2020. Poland abortion: Top court bans almost all terminations. https://www.bbc.com/news/world-europe-54642108
European Comisson, 2021. EU founding values: Commission starts legal action against Hungary and Poland for violations of fundamental rights of LGBTIQ people. https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_21_3668
AP, 2024. Poland’s prosecutor general says previous government used spyware against hundreds of people. https://apnews.com/article/poland-spyware-pegasus-nso-group-israel-413bb3cb27daac011d52b524c6d16160
Venice Comission, 2023. CDL-AD(2023)031 Opinion on the “Lex Tusk” Law. https://www.venice.coe.int/webforms/documents/?pdf=CDL-AD(2023)031-e
AP, 2023. Polish election winner Donald Tusk appeals to president to move quickly to from a new government. https://apnews.com/article/poland-election-tusk-results-f687cf22fee9d395e92a08d2b6ab0f03
Wiadomosci, 2023. Prezydent Andrzej Duda wskazał, komu powierzy misję tworzenia rządu. Https://wiadomosci.onet.pl/kraj/prezydent-andrzej-duda-wskazal-komu-powierzy-misje-tworzenia-rzadu/7rsnxbv?utm_source=en.wikipedia.org_viasg_wiadomosci&utm_medium=referal&utm_campaign=leo_automatic&srcc=undefined&utm_v=2
Prezydent PL, 2023. Uroczystość powołania przez Prezydenta RP nowego rządu. https://www.prezydent.pl/kancelaria/archiwum/andrzej-duda/aktualnosci/wydarzenia/uroczystosc-powolania-przez-prezydenta-rp-nowego-rzadu,77895
Reuters, 2023. Donald Tusk appointed Polish PM, setting stage for warmer EU ties. https://www.reuters.com/world/europe/all-eyes-polish-parliament-tusk-set-become-pm-2023-12-11/
Wojcik, Anna, 2024a. Restoring the Rule of Law in Poland: An Assessment of the New Government’s Progress https://www.gmfus.org/sites/default/files/2024-06/Wojcik%20-%20Poland%20RoL%20-%20brief.pdf
Wojcik, Anna, 2024b. Restoring the Rule of Law in Poland: An Assessment of the New Government’s Progress https://www.gmfus.org/sites/default/files/2024-06/Wojcik%20-%20Poland%20RoL%20-%20brief.pdf
Reuters, 2024. EU ends rule of law proceedings against Poland. https://www.reuters.com/world/europe/eu-ends-rule-of-law-proceedings-against-poland-2024-05-06/
RSF, 2024. Country, Poland. https://rsf.org/en/country/poland
Wojcik, Anna, 2024c. Restoring the Rule of Law in Poland: An Assessment of the New Government’s Progress https://www.gmfus.org/sites/default/files/2024-06/Wojcik%20-%20Poland%20RoL%20-%20brief.pdf
HRW 2024. World Report/Poland. https://www.hrw.org/world-report/2024/country-chapters/poland
Politico, sentyabr 2025 a. From hero to zero: Poland’s foreign policy fizzle
https://www.politico.eu/article/poland-foreign-policy-donald-tusk-karol-nawrocki-donald-trump/
Wojcik Anna, iyun 2025. İn Uncertain Waters: The Restoration of the Rule of Law in Poland.
https://www.gmfus.org/news/uncertain-waters-restoration-rule-law-poland
Politico, sentyabr 2025 b. From hero to zero: Poland’s foreign policy fizzle
https://www.politico.eu/article/poland-foreign-policy-donald-tusk-karol-nawrocki-donald-trump/
Politico, iyun 2025. Nationalist Nawrocki wins Polish presidential election