Abstrakt
8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin sülh sazişini paraflaması real müharibə təhlükəsinin aradan qalxması və iki dövlət arasında sülhün bərqərar olması yolunda əlamətdar hadisə kimi tarixə düşdü. Həmin tarixə qədər son beş ildə iki fərqli ideoloji və siyasi baxışların fonunda atılan addımlar, edilən təşəbbüslər isə iki liderin sülhquruculuğu prosesinə yanaşmasının və münasibətinin göstəricisi kimi çıxış etdi. Ərazi və etno kökənli başlayan, həm də avtoritar rejimlə doğulmaqda olan demokratiya arasında qarşıdurma kimi alqılanan Qarabağ münaqişəsinin həlli prosesində edilən təşəbbüslər müharibə atmosferinin qorunub saxlanılmasının və ya sülhün siqnalları olmaqla yanaşı, həm də hansı siyasətin daha ağırlıqlı olduğunu nümayiş etdirdi.
Giriş
30 il əvvəl başlayan qanlı münaqişənin uzun müddət danışıqlar masasında, sonra hərb meydanında və yenidən danışıqlar masasında yerdəyişməsi sonucda sülh sazişinin paraflanması ilə yerindən tərpəndi. 8 avqusta – sülh sazişinin paraflanmasına qədər münaqişənin predmetinə, xarakterinə və miqyasına siyasi və ideoloji baxışlarda ciddi transformasiya baş verdi. Məhz bu siyasi və ideoloji yanaşma fərqliliyi, eyni zamanda geosiyasi prioritetlərin diversifikasiyası donmuş münaqişənin həlli istiqamətində tramplin funksiyasını yerinə yetirdi.
Sülh sazişinin paraflanması Nikol Paşinyanın hakimiyyətə gəlişindən keçən 7 il ərzində həm 44 günlük müharibənin başlamasına gətirib çıxaran amillərin, həm sülhquruculuğu prosesi ilə bağlı mübahisəli yanaşmaların və həm də ümumilikdə prosesin uğradığı transformasiyanın analizini aktuallaşdırır.
Khar Center tərəfindən hazırlanan bu materialda münaqişənin həlli istiqamətində lider faktorunun önəmi nəzərə alınaraq hər iki ölkə başçısının problemə baxışı, ritorikası və davranışları qarşılaşdırılıb, diskurs analiz əsasında və tarixi müqayisə kontekstində təhlil edilib.
Analizin məqsədi liderlik faktorundan çıxış edərək Qarabağ münaqişəsi ilə bağlı tərəflərin mövqelərindəki fərqliliyi və dəyişiklikləri göstərmək, yeni reallıqların diktə etdiyi şərtləri üzə çıxarmaq və sülhə gətirən təşəbbüsləri və komromisləri araşdırmaqdır.
Qarabağ münaqişəsində yeni dövrün başlanğıcı
2018-ci ildə demokratik seçki yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın Ermənistanın geosiyasi oriyentasiyasını dəyişmək istəyi Cənubi Qafqazda konfiqurasiyanın yenilənməsinə, eləcə də donmuş Qarabağ münaqişəsininn yenidən alovlanmasına dolayı təkan verdi (Кириллова Анна. 2020). Ermənistanın yeni rəhbərliyinin münaqişənin həlli istiqamətində 2020-ci ilin sentyabrına qədər özünü qalib tərəf kimi təsdiq etmək siyasəti 44 günlük müharibənin gətirdiyi reallıqlarla radikal şəkildə dəyişikliyə uğradı.
2018-ci ildə Nikol Paşinyan “Ermənistanda davam edən “sevgi və həmrəylik inqilabı” Qarabağ məsələsində yeni imkanlar açır. ...1988-ci il hərəkatı Dağlıq Qarabağın de-fakto müstəqilliyinə səbəb olduğu kimi, bu erməni inqilabının nəticəsi də onun müstəqilliyinin de-yure tanınması olacaq” deyirdi (Строкань, Халатян. 2018a).
2025-ci ildə isə buna tam əks mövqe göstərərək “Qarabağ məsələsi əslində müəyyən qüvvələr tərəfindən Ermənistanın müstəqillik, suverenlik əldə etməsinə, dövlətçiliyin formalaşmasına və inkişafına mane olmaq üçün alət kimi istifadə edilib” və Qarabağdan köçən ermənilərə müraciət edərək “bizim və beynəlxalq ictimaiyyətin dəstəyi ilə onlar Ermənistan Respublikasında məskunlaşmalı və burada Ermənistan Respublikasının tamhüquqlu vətəndaşları kimi yaşamalı, yaratmalı və məskunlaşmalıdırlar” deməklə ermənilərin Qarabağda bundan sonrakı mövcudluğunun qeyri-real olduğunu bəyan etdi (Мкртчян. 2025).
Paşinyan hökumətinin 2018-2020-ci illərdə Qarabağ münaqişəsinə yanaşması
Nikol Paşinyan yeni hökumətin xarici siyasət prioritetlərində əsas vəzifənin Qarabağ məsələsinin həlli olduğunu göstərərək münaqişə ilə bağlı danışıqların predmetini ərazi müstəvisindən təhlükəsizliyin təminatı müstəvisinə daşımağa və paralel olaraq münaqişənin avtoritar rejimlə demokratiya arasında toqquşma kimi qəbul olunmasına çalışırdı.
Münaqişəyə yeni baxış
Paşinyan ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən sülh danışıqlarında tanınmamış Dağlıq Qarabağ Respublikasının iştirakını həmin danışıqların “imitasiyadan real prosesə” keçməsi yönündə “yeni təkan” kimi görürdü: “Danışıqların effektivliyi Dağlıq Qarabağın birbaşa iştirakından asılıdır, çünki Ermənistan rəhbərliyinin onun adından danışıqlar aparmaq üçün nə siyasi, nə hüquqi, nə də mənəvi əsasları var” (Сафарян. 2018a).
Qarabağ münaqişəsi avtoritarizmlə demokratiyanın toqquşması kimi
Nikol Paşinyan “ölkəmizdə baş verən demokratik dəyişikliklər problemin həlli ilə bağlı fikirlərimizə yeni çalarlar gətirdi” deyərək ərazi və etnokökənli münaqişəni avtoritar rejimlə demokratiya arsındakı münaqişə müstəvisinə qaldırmağa cəhd göstərdi. “Münaqişənin hərbi yolla həllinə yönəlmiş istənilən cəhd regional təhlükəsizliyə, demokratiyaya və insan haqlarına birbaşa təhlükə yaradır” bəyanatı ilə də qarşı tərəfi sülh yox, müharibə tərəfdarı, aqressor kimi göstərərək bunun demokratiya üçün təhlükəli olduğunu və paralel olaraq Qarabağ ermənilərinin xalqın öz müqəddaratını təyinetmə istəyinə demokratiya prizmasından baxılmasına çalışırdı (Асланян. 2019, Новости-Армения. 2020).
Sülh və hərb dualizmi
Münaqişənin həllinə sülh və danışıqlar yolu ilə nail olmaq Paşinyan hökuməti tərəfindən prioritet kimi təqdim edilirdi, paralel olaraq da “biz davamlı olaraq sülh gündəliyindən danışırıqsa, bu, müharibə təhdidlərinin bizi qorxutduğu təəssüratını yaratmamalıdır. Azərbaycan daha çox qorxmalıdır” açıqlamaları ilə hərbi cəhətdən də üstün görünməyə çalışırdı (Даниелян. 2020). Baş nazir bunu “yaxın illərdə Ermənistan öz silahlı qüvvələrini fəal şəkildə modernləşdirəcək, yeni silahlar alacaq və öz müdafiə istehsalını stimullaşdıracaq” açıqlamaları ilə gücləndirirdi (Сафарян. 2018b). “Azərbaycan Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə almağa hazır olduğunu bəyan edəndə kompromis mümkün olacaq” bəyanatları ilə Ermənistan hökuməti özünü daha güclü tərəf kimi göstərməyə çalışırdı (Строкань, Халатян. 2018b).
Qarabağ münaqişəsində yeni eskalasiyanın başlanğıc nöqtəsi Nikol Paşinyanın 2019-cu ilin avqustunda, Xankəndindəki “Arsax Ermənistandır, nöqtə” bəyanatı sayıla bilər (Строкань, Халатян. 2019).
Nikol Paşinyanın bu açıqlamasına qarşılıq olaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə çıxış edən ilham Əliyevin münaqişənin həlli düsturuna yanaşması ritorik dəyişməzliyi ilə seçilir (Azadlıq Radiosu. 2019). İlham Əliyevin çıxışlarında sülh prioritet, müharibə isə münaqişənin həlli üçün sonuncu vasitə kimi təqdim edilirdi. O, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır” deməklə yanaşı “əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq” bəyanatları ilə ərazi bütövlüyü məsələsində kompromissiz olduğunu göstərirdi (Geneva.mfa. 2018).
Ritorik eskalasiyanın kompromislə əvəzlənməsi
44 günlük müharibənin yekunları münaqişənin predmetinə, xarakterinə və həllinə yanaşmada Paşinyan hökumətinin radikal transformasiyasına səbəb olmaqla yanaşı, Ermənistanın milli təhlükəsizlik və xarici siyasət məsələlərində prioritetlərin və strategiyanın dəyişməsi ilə nəticələndi. 2020-ci ilin payızından sonra Paşinyan hökumətinin siyasi kursunun ana xəttini hərbi eskalasiya təhlükəsinin aradan qaldırılması, Ermənistanın suverenliyinə olan təhdidlərin qarşısını almaq, ölkənin təhlükəsizlik təminatında diversifikasiya üçün yeni alternativlərin axtarışı və beynəlxalq qarantiyalara nail olmaq, eyni zamanda da kommunikasiya xətlərinin açılaraq logistik izolyasiyadan qurtulmaq təşkil edirdi. Bu öhdəliklər Ermənistan hökumətinin qarşısında kompromislərin zəruriliyi faktını qoydu.
Hərbi ekspertlərin dəyərləndirməsinə görə, Azərbaycanın həm say, həm də texnoloji baxımdan üstünlüyü, eyni zamanda da Ermənistanın içərisində strateji əhəmiyyətli yüksəklikləri nəzarətində saxlaması reallığı yeni savaşın başlayacağı təqdirdə Ermənistanın parçalanması riskini daşıyır (Вартанян Олеся. 2025a). Paralel olaraq İlham Əliyevin 2022-ci ilin sentyabrında iki ölkə sərhədində baş verən döyüşlərdən sonra “sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir” açıqlaması Ermənistan tərəfindən ərazi bütövlüyünə təhdid kimi qəbul edilirdi (Jamnews. 2022).
Bütün bu reallıqların fonunda Paşinyan hökumətinin son 5 ildə Azərbaycan hakimiyyətinin irəli sürdüyü bir çox tələblərin qarşısında geri addım atması müşahidə edildi.
Paşinyan hökumətinin 2020-2025-ci illər arasında sülh təşəbbüsləri
Erməni cəmiyyətində siyasi-ideoloji baxışların rekonstruksiyası cəhdləri
- Postmüharibə dövrünün yeni siyasi gerçəklikləri erməni cəmiyyətinə rekonstruksiya təklif etdi və yüz illik mifoloji yanaşmanın reallıqla əvəzlənməsinin qaçılmazlığını göstərirdi. Nikol Paşinyan psixoloji, siyasi və praktiki transformasiyanı belə izah edirdi: “Hökumət və şəxsən mən belə qənaətə gəldik ki, Tarixi Ermənistan və Real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, hətta çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və hətta bir-biri üçün ciddi təhlükələr yaradır” (Премьер-министр Республики Армения. 2024). Hökumətin yeni təqdimatında Azərbaycanın ərazi bütövlüyünün tanınmaması Ermənistanın özünün mövcudluğuna təhlükə ilə eyniləşdirilirdi və kiçik də olsa bugünkü tanınan sərhədləri çərçivəsində müasir Ermənistanın qorunub saxlanılması fikri aşılandı (Премьер-министр Республики Армения. 2022a). Bu yanaşma Yerevanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını rəsmən elan etməsi ilə nəticələndi. Sülh sazişinin imzalanması üçün Bakının Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı şərtinə qarşılıq olaraq Konstitusiya islahatı istiqamətində işlər başladı.
Qarabağın statusuna yanaşmada transformasiya
- Postmüharibə dövrünün geosiyasi reallığı isə münaqişənin predmetinə - Qarabağın statusuna baxışı reformasiyadan keçirdi. Nikol Paşinyan “Ermənistanın Azərbaycana qarşı heç zaman ərazi iddiası olmayıb, Qarabağ məsələsi isə ərazi deyil, hüquq məsələsidir” bəyanatını verərək Ermənistanın problemə yanaşmasındakı fundamental dəyişikliyi ortaya qoydu: münaqişəli ərazinin statusu ikincidərəcəli məsələyə keçərək təhlükəsizliyin təminatını ön plana çıxdı (Премьер-министр Республики Армения. 2022b). Hakim elita erməni cəmiyyətinin “Dağlıq Qarabağın statusuna dair şişirdilmiş gözləntilərinin” beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin qarşısında maneəyə çevrilməsi reallığını etiraf etmək məcburiyyətində qaldı. Yerevan Bakı ilə müzakirə olunan sülh sazişinin layihəsindən Qarabağla bağlı müddəaları və terminləri çıxardı (Вартанян Олеся. 2025b).
Hərbi eskalasiyadan yayınmaq üçün güzəşt
- Müharibənin hərbi və iqtisadi baxımından vurduğu ziyan Ermənistan hökumətini yeni müharibə təhlükələrini neytrallaşdırmağa sövq etdi. Azərbaycan tərəfindən gözlənilən potensial hərbi əməliyyatlardan yayınmaq üçün Ermənistan hökuməti 1990-cı illərin əvvəllərində işğal olunmuş, Azərbaycana məxsus dörd kəndi geri qaytarmaq qərarı verdi (BBC. 2024).
Təhlükəsizlik siyasətində diversifikasiya
- 44 günlük müharibə dövründə və ardından 2022-2023-cü illərdə Azərbaycanın həyata keçirdiyi lokal hərbi əməliyyatlar zamanı Kremlin davranışları rəsmi Yerevanı Rusiyanın təhlükəsizlik çətirindən imtina etməyə və Qərbin timsalında daha sağlam və qarantiyalı alternativ tapmağa sövq etdi. Ermənistan hökuməti Avropa Birliyinin mülki missiyasının Ermənistan-Azərbaycan sərhəddinə yerləşdirilməsinə nail oldu (European Council. 2022). Bütün bunlarla yanaşı NATO və ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi, 2022-ci ilin sentyabrında hərbi əməliyyatlar zamanı ABŞ Nümayəndələr Palatasının sədrinin Ermənistana səfəri, 2024-cü ilin aprelində Brüsseldə Dövlət Departamenti və AB başçıları ilə keçirilən sammit Ermənistan diplomatiyasının Qərbyönümlü ağırlığına hesablanmış addımlar idi (Радио Свободы. 2022). Bütün bunlarla yanaşı, danışıqlar prosesini Qərbin vasitəçilik masasına daşımağa səy göstərilirdi.
Kommunikasiya izolyasiyasından çıxmaq təşəbbüsləri
- Kremldən asılılığın ölkəni fəlakətə sürükləməsi reallığını dərk edən hökumət qarşısında əsas vəzifələrdən biri Ermənistanın suverenliyinin möhkəmləndirilməsi oldu. Təhlükəsizliyə təminatla yanaşı iqtisadi sahədə də diversifikasiya səyləri ölkənin kommunikasiya izolyasiyasından çıxarılması istiqamətində addımlarla paralel yürüdüldü. 2020-ci ildən sonra Türkiyə ilə münasibətlərin yaxşılaşması və sərhədlərin açılması məsələsi Paşinyan hökuməti qarşısında duran prioritetlərdən biri idi. “Zəngəzur dəhlizi” adlı eksterritorial statuslu yolun Rusiyaya verilməsi məsələsi isə Ermənistanın suverenliyinə təhlükə kimi qəbul edildiyindən Paşinyan hökuməti Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında bütün nəqliyyat kommunikasiyalarının bərpasını nəzərdə tutan yeni layihəni - “Sülhün kəsişməsi” layihəsini irəli sürdü (Радио Азатутюн. 2023). Bu konteksdə 8 avqust Vaşinqton görüşünün Ermənistan üçün əsas siyasi uğurlarından biri də Paşinyan hökumətinin bu layihəyə ABŞ-dan dəstək qazana bilməsi oldu (Khar Center. 2025).
Hərbi məğlubiyyətin demokratik transformasiya üçün fürsətə çevrilməsi
- On illərdir davam edən və ölkəni siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və bir çox başqa sahələrdə gerilədən münaqişənin 2020-ci ildə gətirdiyi məğlubiyyət Ermənistan üçün həm də yeni fürsətlər açdı. Ölkənin avtoritar Rusiyanın asılılığından qurtulması, demokratik transformasiyasının dayanıqlılığının təmin edilməsi və iqtisadi inkişafı üçün Paşinyan hökuməti Qərbi sülhquruculuğu prosesinə çəkməklə həm də özünün təhlükəsizliyinin və suverenliyinin möhkəmlənməsinə çalışdı. Orta Dəhlizin əsas həlqələrindən biri olan və Ermənistan ərazisindən keçən kommunikasiya xətlərində Qərbin özünün də böyük marağının olması Yerevana hərtərəfli dəstək təminatı verdi (Ксения Польская. 2024). Rəsmi Bakının Qərbi masada görmək istəməməsi və Rusiya ilə üzdə görünən gərginlik sülh danışıqlarını ikili formata və sülhə yaxınlaşdıran prosesə çevirdi. Eyni zamanda ABŞ-ın yeni prezidentinin Nobel sülh mükafatı almaq həvəsini Ermənistan rəhbərliyi fürsətə çevirməklə prosesin irəliləməsində yenidən ABŞ-ın dəstəyini qazana bilib: “Erməni diplomatiyası anlayırdı ki, Amerika liderini Cənubi Qafqaz maraqlandırmır, lakin onun Ukrayna və Qəzzada müharibələri tez bir zamanda dayandıra bilməyəcəyi və bu halda özünü görkəmli sülh elçisi elan etməsi üçün başqa səbəbin işə yaraya biləcəyi korrekt şəkildə dilə gətirildi” (Григор Атанесян. 2025).
2020-2025-ci illər arasında Azərbaycan prezidentinin münaqişənin həlli istiqamətində tutduğu xətt
Sülhquruculuğuna dualist yanaşma
- Son beş ildə Azərbaycan prezidenti beynəlxalq təmaslarda “münaqişə bitib, indi sülh barədə düşünməyin vaxtıdır” deyərək bölgədə yaranan yeni vəziyyətlə bağlı planlar, təşəbbüslər barədə danışsa da, daxili auditoriyaya xitabda yeni müharibə təhlükəsinin anonsunu verirdi. Ermənistanda revanşizmin baş qaldırdığını, Qərbin Ermənistanı silahlandıraraq yenidən müharibəyə təhrik etdiyini və Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda ikinci cəbhə açmağı planlaşdırdığını, Azərbaycanın hər an yeni müharibəyə hazır olmasının vacibliyini vurğulayırdı (President.az. 2024). Paralel olaraq gücü simvolizə edən “dəmir yumruq” Azərbaycan auditoriyası üçün müharibənin atributuna çevrildi, prezident və ailəsi tez-tez hərbi geyimdə göründülər. İlham Əliyevin daxili auditoriyaya yönəlik militarist, “nifrət nitqi” məzmunlu və düşmənçilik üzərində qurulmuş, eyni zamanda Ermənistan ərazisinin nəzərdə tutulduğu Zəngəzura yönəlik aqressiv ritorikası Azərbaycan rəhbərliyininin prosesə hansı yöndən yanaşmasını nümayişi idi (President.az. 2021).
Sülh üçün Bakının təşəbbüsü
- Bununla belə sülh sazişinin mətninin ilkin layihəsi Azərbaycan tərəfindən hazırlanaraq 2022-ci ilin yazında ATƏT-in Minsk Qrupu vasitəsilə Ermənistan hökumətinə təqdim edildi. Sənədə hər iki dövlətin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birlərinə qarşı ərazi iddialarının olmaması və gələcəkdə də olmayacağı öhdəliyinin təsdiqlənməsi, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, diplomatik münasibətlərin qurulması, nəqliyyatın və digər kommunikasiyaların açılması və qarşılıqlı maraq doğuran başqa sahələrdə əməkdaşlığın təşkili daxil edilmişdi (Красильников Станислав. 2023a).
Sülh masasının çoxtərəfli formatdan ikitərəfli formata dəyişməsi
- Müharibədən sonrakı üç ildə İlham Əliyevin sülhquruculuğu prosesində fərqli formatlara tolerant münasibət göstərməsi, hətta sülh sazişi layihəsinin Minsk Qrupu vasitəsilə göndərmək kimi təşəbbüsləri sonrakı mərhələdə tam əks proseslə müşahidə olundu. Azərbaycan hakimiyyəti həm Qərbin, həm Rusiyanın vasitəçiliyindən imtina etdi, Minsk Qrupunun buraxılması isə sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüldü (Красильников Станислав. 2023b). Hərçənd Rusiyanın status-kvonu dəyişməyən vasitəçilik missiyasından fərqli olaraq tərəflər ilk dəfə məhz Qərbin danışıqlar masasında, Praqada bəyan etdilər ki, 1991-ci il Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar (bu, həm də Ermənistan tərəfindən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qəbul edilməsinin rəsmi təsdiqi idi). İki ölkə, bir ay ərzində sərhədlərin delimitasiyası və demarkasiyası üçün birgə komissiyanın yaradılması barədə razılığa gəldi (Лазаревский Клуб. 2025). Lakin İlham Əliyev bu irəliləyişdən az sonra, 2023-cü ilin payızında danışıqlar prosesində Qərb formatından birdəfəlik imtina etdi (Azadlıq Radiosu. 2023).
“Zəngəzur dəhlizi” “Tramp yolu” ilə əvəz edildi
- İlham Əliyev 2025-ci ilin əvvəlinə qədər Ermənistandan keçəcək kommunikasiya xəttinin məhz 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin 9-cu bəndinə uyğun şəkildə reallaşdırılmasında, yəni yolun Rusiyanın nəzarətinə verilməsində israr edirdi (President.az. 2025). Hətta Milli Məclisin deputatı Qüdrət Həsənquliyev belə bir təkliflə çıxış etmişdi: “Azərbaycan Rusiya ilə anlaşıb 10 noyabr sazişinin Zəngəzur üzərindən yolun açılmasına dair müddəasını özü icra etməlidir. Yəni Zəngəzuru daşnaklardan təmizləməlidir. ... Azərbaycan Zəngəzurda təhlükəsizlik zolağı yaradır..., hansısa mərhələdə 10 noyabr sazişinə uyğun olaraq, onu Rusiyanın nəzarətinə verə bilərik” (Yeni Müsavat. 2022). Ağ Evdə tərəflərin, xüsusilə də İlham Əliyevin ABŞ-a münsibətini dəyişərək onun vasitəçiliyi ilə sülh sazişinin mətnini paraflaması, “Zəngəzur dəhlizi” adlandırdığı kommunikasiya xəttinə Rusiyanın deyil, ABŞ-ın nəzarət etməsinə razılıq verməsi sülh prosesində ciddi irəliləyiş sayıla bilər.
Azərbaycan prezidentinin sülh prosesində mövqeyini dəyişməsini və bu addımı atmasını şərtləndirən amillər müxtəlif ola bilər: İlham Əliyevin özünün də bölüşdüyü dəyərləri daşıyan Donald Trampa rəğbətdən və ya etimaddan, yaxud da böyük güclər arasında daha güclü tərəfi seçmək kimi realpolitikə söykənən qərardan qaynaqlana bilər. Hətta prezident Trampın məsələlərə “deal” prinsipi yanaşmasından çıxış edən skeptik fikrin daşıyıcılarının irəli sürdüyü - “böyük güclər öz aralarında regionu bölüb (Trampla Putinin Ukrayna və Cənubi Qafqaz mövzusunda bölgüsü)” fikri belə Əliyevin Vaşinqtona getməsinin səbəbi ola bilər (Haqqın az. 2025, BBC. 2025b).
Nəticə
İki liderin ritorikasının və davranışlarının analizi göstərdi ki, 2018-ci ildə Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsində ciddi dönüş nöqtəsinə çevrildi. Hakimiyyətə gəlmiş yeni liderin fərqli siyasi baxışları və prioritetləri münaqişənin yeni fazaya keçidinə impuls verməklə yanaşı münaqişənin həlli prosesinin imitasiya xarakterini dəyişdi. Ayrı-ayrı dəyərləri təmsil edən liderlərin ortaya qoyduğu mövqenin, ritorikanın və davranışların qarşılıqlı analizi onilliklərlə davam edən münaqişənin son 7 ildəki transformasiyasını açıq şəkildə göstərmiş oldu.
Tarixi kontekstdə aparılan analiz müharibənin demokratiya üçün risklərini və bu risklərin qarşısının alınması üçün kompromislərin və realpolitikə söykənən addımların zəruriliyini göstərdi.
8 avqustdan sonra ortaya çıxan yeni reallığın əsas sualı isə yaşı dördüncü onilliyə adlayan münaqişənin sona çatması və regiona sülh gəlməsi üçün atılan addımın davamlılığına və hansı siyasi iradənin diktəsi ilə atılmasına yönəlikdir. Yəni avtoritar kimliyə sahib iki liderin (Əliyev və Tramp tandeminin) şəxsi simpatik hisslərindən asılı olmayaraq və hakimiyyətdə kimin təmsil olunmasına baxmayaraq Ağ Evdə imzalanan sənədin gerçək prosesə çevrilməsi məsələsidir.
Qarabağ münaqişəsinin həllinə yanaşmada həm də avtoritarizmlə demokratiyanın toqquşması kontekstindən çıxış edərək sülhün təminatı üçün münaqişə subyektlərinin rejim fərqliliyindən və xarakterindən qaynaqlanan risklərin mövcudluğudur. Demokratiyaların demək olar ki, öz aralarında savaşmadıqları, lakin avtoritar rejimlə demokratiya arasında, lap elə iki avtokratiya arasında müharibənin mümkünlüyü yanaşması dayanıqlı və təminatlı sülh üçün hər iki tərəfin demokratikliyini zəruri edir. Sülhün taleyi ilə bağlı sualın cavabı həm də dayanıqlı sülhün memarının siyasi kimliyinin göstəricisi olacaq.
İstinadlar:
Кириллова Анна. 2020. Специалист по Кавказу оценил "фактор Пашиняна" в Карабахском конфликте. РАН. 3 October
https://www.ssc-ras.ru/media/specialist_po_kavkazu_ocenil_faktor_pashinjana_v_karabahskom_kon/
Строкань Сергей, Халатян Айк. 2018a. Никол Пашинян оттолкнулся от границ. Коммерсант.10 May
https://www.kommersant.ru/doc/3623840
Мкртчян Марианна. 2025. Пашинян в ходе обращения к народу намекнул на новые территориальные уступки Азербайджану и призвал забыть об Арцахе. Arminfo. 18 August.
https://arminfo.info/full_news.php?id=93952
Сафарян Ашот. 2018a. Ответ Пашиняна Алиеву: хотите переговоров – будут переговоры… с Карабахом. Sputnik Armeniya. 7 August
Асланян Карлен. 2019. Пашинян с трибуны ПАСЕ призвал Совет Европы оказать поддержку народу Карабаха. Радио Азатутюн. 11 April
https://rus.azatutyun.am/a/29875570.html
Новости-Армения. 2020. Пашинян о Карабахе: "Мы никогда не говорили, что готовы уступить территории". 20 February
Armtimes. 2018. Азербайджан должен отказаться от неуважения к переговорам. Речь Пашиняна в ООН. 29 September
https://www.armtimes.com/ru/article/145002
Даниелян Нелли. 2020. "Отрубленные лапки", QR-козни и Карабах: все самые резонансные заявления Пашиняна в 2019-м. Sputink Армения. 2 January
Сафарян Ашот. 2018b. Ответ Пашиняна Алиеву: хотите переговоров – будут переговоры… с Карабахом. Sputnik Armeniya. 7 August
Строкань Сергей, Халатян Айк. 2018b. Никол Пашинян оттолкнулся от границ. Коммерсант.10 May
https://www.kommersant.ru/doc/3623840
Строкань Сергей, Халатян Айк. 2019. Двух точек здесь быть не может. Коммерсант. 7 October
https://www.kommersant.ru/doc/4117307
Azadlıq Radiosu. 2019. İ.Əliyev: 'Qarabağ Azərbaycandır və nida işarəsi'. 4 October
Geneva.mfa. 2018. VI Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi. 25 October
Jamnews. 2022. İlham Əliyev: “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”. 22 September
Вартанян Олеся. 2025a. К миру через Анкару. Зачем Армения добивается нормализации отношений с Турцией. Carnegie Russia Eurasia Center. 30 June
https://carnegieendowment.org/russia-eurasia/politika/2025/06/armenia-turkiye-rapprochement?lang=ru
Премьер-министр Республики Армения. 2024. Речь премьер-министра Никола Пашиняна
https://www.primeminister.am/ru/statements-and-messages/item/2024/04/10/Nikol-Pashinyan-Speech/
Премьер-министр Республики Армения. 2022a. Речь премьер-министра Никола Пашиняна
https://www.primeminister.am/ru/statements-and-messages/item/2022/04/13/Nikol-Pashinyan-Speech/
Премьер-министр Республики Армения. 2022b. Речь премьер-министра Никола Пашиняна
https://www.primeminister.am/ru/statements-and-messages/item/2022/04/13/Nikol-Pashinyan-Speech/
Вартанян Олеся. 2025b. К миру через Анкару. Зачем Армения добивается нормализации отношений с Турцией. Carnegie Russia Eurasia Center. 30 June
https://carnegieendowment.org/russia-eurasia/politika/2025/06/armenia-turkiye-rapprochement?lang=ru
BBC. 2024. Ermənistanın Azərbaycana qaytaracağı 4 kənd. 13 May
https://www.bbc.com/azeri/articles/crgy6geljp1o
European Council. 2022. Statement following quadrilateral meeting between President Aliyev, Prime Minister Pashinyan, President Macron and President Michel 7 October
Радио Свободы. 2022. Пелоси: Армения противостоит незаконному нападению Азербайджана. September 18
Радио Азатутюн. 2023. Пашинян в Тбилиси представил проект «Перекресток мира» и повестку мира. 26 October
https://rus.azatutyun.am/a/32655143.html
Khar Center. 2025. TRİPP yolu: Maneəsiz keçiddən suveren nəzarətə?. 13 August
https://kharcenter.com/ekspert-serhleri/tripp-yolu-maneesiz-kecidden-suveren-nezarete
Ксения Польская. 2024. Запад пообещал Армении многомиллионные гранты и инвестиции. Deutsche Welle. 5 April
https://www.dw.com/ru/zapad-poobesal-armenii-mnogomillionnye-granty-i-investicii/a-68751753
Григор Атанесян. 2025a. Встреча Алиева и Пашиняна в США: Трамп перехватил у Путина инициативу. BBC. 8 August
https://www.bbc.com/russian/articles/c8x5gvlpn0ko
Prezident.az. 2024. İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. 10 January
https://president.az/az/articles/view/63017
Prezident.az. 2021. İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsi. 20 April
https://president.az/az/articles/view/51216
Красильников Станислав. 2023a. История урегулирования конфликта между Арменией и Азербайджаном с 2020 года. ТАСС. 25 May
Красильников Станислав. 2023b. История урегулирования конфликта между Арменией и Азербайджаном с 2020 года. ТАСС. 25 May
Лазаревский Клуб. 2025. Попытки урегулирования конфликта между Арменией и Азербайджаном с 2020 года. 8 August
https://lazarevsky.club/aktualno/popytki-uregulirovaniya-konflikta-me/
Azadlıq Radiosu. 2023. Azərbaycan prezidenti Qranada görüşünə niyə getmədi? 5 October
https://www.azadliq.org/a/eliyev-pasinyan-qranada-gorus/32624241.html
Prezident.az. 2025. İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. 7 January
https://president.az/az/articles/view/67871
Yeni Müsavat. 2022. Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Zəngəzuru götürməlidir”. 25 June
https://musavat.com/news/qudret-hesenquliyev-azerbaycan-ordusu-zengezuru-goturmelidir_900630.html
Григор Атанесян. 2025b. Встреча Алиева и Пашиняна в США: Трамп перехватил у Путина инициативу. BBC. 8 August
https://www.bbc.com/russian/articles/c8x5gvlpn0ko