10 mar 2026

İran müharibəsi Əliyev-Ərdoğan dostluğunu sınağa çəkir

İran müharibəsi Əliyev-Ərdoğan dostluğunu sınağa çəkir

(c) president.az 2020



Giriş 

İran böhranı rəsmi Bakı və Ankara arasındakı münasibətlərdə son illər yaranan gizli çatı ortaya çıxartdı. Martın 4-də Türkiyə, martın 5-də isə Azərbaycan ərazisinə İrandan atılan raket və dronlar hər şeydən əvvəl iki strateji müttəfiq ölkənin münasibətlərini “vurdu”. Türkiyə İran ərazisindən atılan raketlə bağlı konkret ünvan göstərdi, ancaq daha yumşaq ritorika seçdi və “NATO ilə məşvərət” mesajıyla kifayətləndi (Khar Center, 5 Mart 2026). Azərbaycanın reaksiyası isə çox sərtdi - İlham Əliyev “şərəfsizlər”, “nankorlar”, “nakişi”, “alçaqlar” kimi olduqca ağır ifadələrlə dolu bir çıxışla reaksiya verdi (Prezident.az, 5 Mart 2026). Bu çıxış Türkiyə ictimaiyyətində Azərbaycan iqtidarı ilə bağlı uzun müddətdir gizli mövcud olan narazılığı aşkara çıxardı. Rəsmi Bakının İsrail ilə Türkiyə arasındakı “balans” siyasəti İran dronlarına və Türkiyədəki İsrail əleyhdarlığına çırpıldı. 

“Khar Center” bu yazısında Türkiyə və Azərbaycan iqtidarları arasında İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi-iqtisadi əməkdaşlıq xətləri üzərində yüksələn isti münasibətlərin İran müharibəsiylə sınağa çəkilməsini analiz edir.

Analizin sualı

İran böhranı Türkiyə-Azərbaycan münasibətlərinə hansı şəkildə təsir göstərir və bu hadisə iki ölkənin xarici siyasətləri arasında struktural ziddiyyətləri nə dərəcədə üzə çıxarır?

1. Yaxın keçmişin yaddaşı: enişli-çıxışlı Ərdoğan-Əliyev münasibətləri

Biz tarix boyu eyni nağılları dinlədik, eyni bayatılarla böyüdük, eyni musiqi ilə, eyni ritmlərlə duyğulandıq, eyni oyunları oynayıb əyləndik. Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkün 1920-ci ildə Azərbaycan bolşeviklərin əlinə düşəndə söylədiyi kimi, Azərbaycanın qəmi bizi qəmimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Azərbaycanın banisi Məmməd Əmin Rəsulzadənin qəbri Ankaradadır…” (Azərbaycan Milli Məclisi stenogramı, 2009).

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2009-cu ilin may ayında Ankara ilə Bakı arasında bir neçə ay davam edən gərginlikdən sonra Azərbaycan parlamentindəki çıxışının əsas hissəsinə bu cümlələrlə başlamışdı.  Bu, bir ilk idi -  İlham Əliyevi iqtidara gəldiyi dövrdən dəstəkləyən Ərdoğan 6 il sonra bir çıxışında Azərbaycanın həqiqi qurucusunun adını çəkmiş, “Atatürk-Heydər Əliyev”  vurğusunu “Atatürk-Rəsulzadə”  ifadəsi ilə əvəzləmişdi…

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yaxın tarixinin ən gərgin mərhələsini 2009-cu il böhranı ilə yaşadı, Rusiyanın da daxil olduğu prosesdə siyasi maraqların toqquşması qardaşlıq ritorikası üçün ciddi bir sınağa çevrildi. Türkiyə-Ermənistan münasibətlərinin 2008-ci ilin sonlarında başlayan normallaşmasını ehtiva edən “futbol diplomatiyası”  (Reuters, 2008)  çox qısa müddətdə Ankara ilə Bakı arasında gərginliyə səbəb oldu, mediada başlayan gərginlik  2009-cu ilin aprelində normallaşma protokollarına dair yol xəritəsi açıqlandıqdan sonra siyasi-diplomatik münasibətlərə sıçradı. Türkiyə tərəfinin normallaşma ilə bağlı hər mərhələdə Azərbaycan tərəfinin məlumatlandırıldığını açıqlamasına (RFE-RL, 2009) baxmayaraq gərginlik yüksələn xətlə davam etdi, Bakıdakı Türk məscidi təmir adıyla bağlandı (RFE-RL, 2009). İlham Əliyev İstanbulda keçirilən Sivilizasiyalar Alyansı sammitinə getməkdən imtina etdi (APA, 2009), Türkiyə prezidentinin və xarici işlər nazirinin Bakı səfərləri nəticə vermədi. Rəcəb Tayyib Ərdoğan bu proseslər fonunda Bakıya getdi, İlham Əliyevlə görüşdən sonra Azərbaycan parlamentinə müraciət edərək Bakı istəmədiyi müddətcə Ermənistanla sərhədləri açmayacaqları, bir stəkan suda fırtına qopardıldığını söylədi və həmin emosional çıxışında bir dəfə belə Heydər Əliyevin adını çəkmədi və “bir millət-iki dövlət”ə Əliyev imzası qoymadı.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, Ərdoğanın Rəsulzadəni xatırlatması Ankaranın tarix-siyasət diskursunda bir dönüşdən çox həmin dövrdə Bakı ilə gərginliyin yaratdığı müvəqqəti ritorik dəyişiklik idi.  Rəsulzadə vurğusu daha çox Bakıda o gün siyasi uzlaşma olmadığını göstərən bir əlamət kimi görünürdü.  2009-cu ilin oktyabrında Ermənistan ilə Türkiyə arasında Sürix protokollarının imzalanması və bundan Azərbaycanda Türk şəhidliyindən Türkiyə bayrağının endirilməsi (ESİ, 2009), İlham Əliyevin Avropaya enerji tranziti üçün Türkiyədən başqa alternativlər axtaracaqlarına dair təhdidləri (Socor, 2009)  də bunun sonrakı və əlavə sübutlarıydı. 

2010-cu ilin mayında Ərdoğanın Azərbaycana, iyununda Əliyevin Türkiyəyə səfəri ilə münasibətlərdə yenidən istiləşmə dövrü başladı, Strateji Əməkdaşlıq Şurasının yaradılması haqda qərar qəbul edildi, İlham Əliyevin tranzit təhdidi unuduldu, əvəzində yeni qaz müqavilələri ilə Ərdoğan-Əliyev ortaqlığının yeni bir mərhələsi başladı. Ərdoğan Bakıdakı çıxışında bu dəfə Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərinin yanına “Ulu öndər Heydər Əliyev”ə aid etdiyi  “Bir milət-iki dövlət”i qoydu (Dünya Gazetesi, 2020, Habertürk, 2010). 

Türkiyə rəsmi diskursunda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin heç vaxt yer almadığını demək doğru olmazdı, əlamətdar tarixlərdə simvolik anmalara hər zaman rast gəlinir. Ərdoğan da çıxışlarında nadir də olsa Rəsulzadənin adını çəkir, ancaq, bunu Rəsulzadənin Azərbaycan dövlətinin qurucusu kimi anmaq şəklində deyil, onun məşhur “Bir kərə yüksələn  bayraq bir daha enməz” şüarını təkrarlama formasında edir (İletişim Başkanlığı, 2020). Ancaq bu günlərdə İran-İsrail müharibəsi fonunda  Türkiyə rəsmi və ictimai dairələrində Rəsulzadənin adı Azərbaycan dövlətinin qurucusu olaraq yad edilmə diskursunda yenidən çox görünməyə başladı.  6  martda  Rəsulzadənin vəfatının ildönümü ilə bağlı sosial medianın Türkiyə iqtidar  seqmentində müşahidə olunan aktivlik indiyə qədərkilərdən daha çox səsliliyi ilə seçilirdi (X - YTB, TRT Haber, TRT Avaz, 6 Mart 2026) 

İki ölkə iqtidarı arasında sosial media müstəvisində yaşanan gərginliyin emosional nəticəsi kimi görünən bu vəziyyət Ərdoğanın 2009-cu ilin Rəsulzadə çıxışını çox xatırladır.

2. Qarabağ qardaşlığının İsrail çatı

2010-ci ildən sonra Türkiyə-Azərbaycan münasibətlərində enerji mərkəzli yeni mərhələ 2009-cu ilin gərgin ritorikasını çox böyük sürətlə unutdurdu. 10 ilə yaxın müddət ərzində TANAP, Cənub Qaz dəhlizi layihələri, SOCAR-ın Türkiyədəki nəhəng investisiyaları, Avropaya qaz ixracındakı koordinasiya və s. kimi mövzular ikitərəfli münasibətlərin mərkəzi xəttini təşkil edirdi. Bu, həm Ərdoğan, həm də Əliyev iqtidarını məmnun edən xətt idi, çünki enerji sahəsi şəxsi iqtisadi və siyasi maraqlar üçün kamuflyaj rolunu çox asanlıqla oynaya bilirdi. 2020-ci ilin Qarabağ müharibəsi isə istər Türkiyə-Azərbaycan münasibətlərinin strateji xarakteri, istərsə də Ərdoğan-Əliyev iqtidarlarının maraq münasibətlərinin mahiyyəti baxımından yüksəlişin pik nöqtəsi oldu. Strateji münasibətlər 2021-ci ildə Şuşa Bəyannaməsi ilə institusionallaşdı, eyni zamanda bu bəyannamə Əliyev iqtidarı üçün daxili siyasətdə  “milli maraq” etiketini gücləndirən və təhlükəsizlik diskursunu önə çıxaran bir çərçivə yaratdı. Ərdoğan və Əliyevin şəxsi ailə kapitallarının güclənməsi (Ərdoğan iqtidarına yaxın olan, “beşli çete” kimi bilinən iş adamlarına aid şirkətlərin Azərbaycandakı fəaliyyəti, Əliyev ailəsinin Türkiyədəki açıq və gizli investisiyaları kimi)  də həmin çərçivənin “milli maraq” paketinə daxil idi. Bu paketin təhlükəsizlik təminatı isə iki ölkədə mövcud olan avtoritar idarəçilik idi (Khar Center, yanvar 2026).

Azərbaycan və Türkiyə iqtidarlarının yüksələn “qardaşlıq” xətti 2023-cü ildə Yaxın Şərqin ən böyük münaqişə ocaqlarından birinin alovlanmasıyla  - İsrail-Fələstin müharibəsinin başlamasıyla yeni bir sınaq mərhələsinə girdi. İlk günlərdə  bu, problematik görünmürdü, çünki Ankara da İsraillə 2022-ci ildə yenidən normallaşdırmağa başladığı əlaqələri davam etdirmə istəyi nümayiş etdirirdi.  Ancaq münaqişənin ikinci həftəsindən etibarən Ərdoğan əvvəlki anti-İsrail ritorikasına geri döndü, münaqişə uzandıqca ritorikası sərtləşdi və İsrail aqressiyasının artmasına paralel şəkildə yüksələn bu sərt ritorika Türkiyə iqtidarı üçün siyasi xərclər doğuran xarici siyasət xəttinə çevrildi. 31 mart 2024-cü ildə keçirilən bələdiyyə seçkilərində siyasi həyatının ən böyük məğlubiyyəti ilə qarşılaşan, hətta ideoloji baxımdan ona yaxın dairələr tərəfindən də sözləri və əməlləri arasında ziddiyyətdə ittiham edilən Ərdoğan İsraillə iqtisadi əlaqələri kəsməklə bağlı ictimai təzyiqə müqavimət göstərə bilmədi (Çevik, 2024). Ankara 2024-cü ilin mayında Təl-Əvivlə iqtisadi əlaqələri tamamilə bitirdiyini açıqladı (TC Ticaret Bakanlığı, 2024).  

İlham Əliyev isə əksinə, İsraillə əlaqələrini daha da gücləndirmək yolunu seçdi. Azərbaycanla İsrail arasındakı münasibətlər heç bir dövrdə pis olmayıb, ancaq xüsusilə 2020-ci ildən sonra eynilə Türkiyə-Azərbaycan münasibətləri kimi yüksələn xətlə inkişaf edib. İsrail Azərbaycanın ən böyük silah tədarükçüsü, Qarabağ müharibəsindəki əsas dəstəkçilərindən biri, Azərbaycan isə İsrailin ən böyük neft tədarükçüsüdür.  2023-cü ildə İsraildə səfirlik açan Azərbaycan müharibə başladıqdan sonra Türkiyənin enerji ixracatını dayandırma istiqamətindəki təzyiqlərini görməzdən gələrək və Ankaranın Bakı-Tbilisi-Ceyhan xəttiylə gedən neftin hansı ölkəyə satıldığına nəzarət etməməsindən istifadə edərək  İsrailə neft tədarükünü artırıb (Besa, 2025). 2025-ci ilin sonunda  İsrailin Bakı-Tbilisi-Ceyhan neft xəttiylə Azərbaycandan idxal etdiyi xam neftin həcmi bir il əvvəllə müqayisədə 31% artaraq gündə 94 min barrelə çatıb. Bu, 2022-ci ildən sonrakı ən yüksək səviyyə olub. 2025-ci ildə Azərbaycan İsrailin neft tədarükünün 46,4 faizini təmin edib (JNS, yanvar 2026). Azərbaycanın dövlət neft şirkəti SOCAR İsrailin Tamar təbii qaz yatağında 900 milyon dollar həcmində 10 faizlik hissə alması və BP ilə birlikdə İsrail sularında yeni qaz axtarış tenderini qazanması da iki ölkə arasındakı əlaqələrin  2025-ci ildəki səviyyəsinin başqa bir nümunəsidir (Besa, 2025).

Azərbaycan və Türkiyə rəhbərləri bu çatı göstərməmək üçün çox səy göstərsələr də, İsrail gərginliyi son hadisələrə qədər də iki strateji müttəfiq arasındakı münasibətlərə təsir edib. Bunun bir nümunəsi 2024-cü ildə Rəcəb Tayyib Ərdoğan  İsraili nəzərdə tutaraq “Liviyaya, Qarabağa necə girdiksə, eynisini onlara da edərik” açıqlamasını verdiyi zaman müşahidə edildi. Ərdoğan və Əliyev tərəfdarlarının sosial mediada bir neçə gün davam edən  “Qarabağı kim aldı”, “əsas qəhrəman kimdir”  diskussiyaları Azərbaycanın rəsmi dövlət qəzetinin ittiham və minnət dolu məqaləsi ilə rəsmi kimliyə büründü.  Azərbaycan qəzetində dərc olunan məqalədə   “Hazırda Türkiyənin bəzi ictimaiyyət dairələrində, media quruluşlarında Azərbaycanın torpaqlarının işğaldan azad edilməsində digər ölkələrin iştirakı barədə iddialar irəli sürülür. Və yenə də təəssüf ki, türk mediası cəmiyyəti narahat edən mövzuları unudaraq, yeni süni gündəm yaradıb. İsrail dövlətinə hərbi müdaxilə ediləcəyi və "Qarabağa vaxtilə girdikləri kimi Yerusəlimə də girəcəkləri" iddia edilən məlum bəyanatın şərhi qərəzli istiqamətdə aparılır, həqiqət təhrif olunur, aşkar ermənipərəst mövqe bildirilir” deyilirdi. “Hər sursatın əvəzini qəpiyinə qədər ödəmişik”, “məlum bəyanatlar erməni dəyirmanına su tökür”, “xalqımızın, ordumuzun, komandanımızın qələbəsini öz adlarına çıxırlar” kimi cümlələrə yer verilən məqalədə Ərdoğanın 2009-ci ildəki “stəkanda fırtına yaratma” ifadəsi də fərqli şəkildə üzünə vurulurdu: “Heç bir əsası olmayan, yalan üzərində qurulan və "stəkanda fırtına yaratmağa" çalışılan bu "təşəbbüslər" dar gündə biri-birinə arxa-dayaq olan xalqların maraqlarına ən böyük zərərdir”. (Azərbaycan qəzeti, 2024).

“Azərbaycan” qəzetinin rəsmi dövlət qəzeti olmasını, müstəqil redaksiya və ya müəllif yazısı yayma ehtimalının olmadığını nəzərə alsaq, bu məqalə Türkiyə və Azərbaycan arasındakı gərginliyin sadəcə “qələbəni bölə bilməmək” kimi emosional problem  olmadığını, iki strateji müttəfiq arasında daha dərin çatın mövcudluğunu göstərirdi. Bu çat 2024-cü ilin noyabrında İsrail prezidenti İsaak Hersoqun, 2025-ci ilin mayında isə İsrailin baş naziri Bünyamin Netanyahunun Bakı səfərlərinin baş tutmamasında da özünü göstərdi - iddialar iki səfərin də Türkiyənin hava məkanından uçuş izni verilmədiyi üçün baş tutmadığı yönündəydi (Besa, 2025). 

3. “Qəhrəman” kürəkəndən  “xain” kürəkənə 

Bu epizodlara  baxmayaraq, İran müharibəsi başlayana qədər Azərbaycan və Türkiyə arasındakı İsrail gərginliyi tərəflərin qarşılıqlı tolerantlıq sərhədlərini bariz şəkildə aşmamışdı. Hətta hərdən Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik etdiyinə dair xəbərlər də ortaya çıxırdı (Al Arabiya, 2025). 

Ancaq İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı yüksək tonlu açıqlaması Türkiyə ictimaiyyətində  birmənalı şəkildə israilyönlü mövqe kimi qəbul edildi. İqtidarlı-müxalifətli ən müxtəlif spektrləri əhatə edən media orqanları, ekspertlər və hətta siyasətçilər Əliyevin kəskin açıqlamalarını onun İsraillə yaxın münasibətləriylə əlaqələndirdi (X, Faruk Loğoğlu, 6 Mart 2026).  İranın Azərbaycan ərazisini hədəf alıb-almadığı haqda diskussiyalar belə, çox qısa müddətdə rəsmi Bakının İsraillə münasibətlərinə dair ittihamların  kölgəsində qaldı (X, Mücahid Birinci, 6 Mart 2026, Şamil Tayyar, 7 Mart 2026, Mehmet Metiner, 7 Mart 2026). Uzun müddət sonra ilk dəfə  Türkiyədə sosial şəbəkələrdə Əliyev iqtidarının korrupsioner, avtoritar olduğu haqda çoxsaylı postlar yer aldı.  İlham Əliyev tərəfdarlarının əks-ittihamlarla “sosial media müharibəsinə” qoşulması gərginliyi daha da artırdı. 

İlk günlərdə sosial media ilə məhdudlaşan gərginliyin artması Türkiyə tərəfini rəsmi açıqlama vermək məcburiyyətində qoydu. Prezident nəzdindəki kommunikasiya qurumu - İletişim Başkanlığının Dezinformasiya İlə Mübarizə Mərkəzi martın 7-sində açıqlama verərək sosial media başda olmaqla bəzi məcralarda Türkiyə-Azərbaycan əlaqələrinə və Azərbaycana qarşı məqsədini aşan tənqid, dezinformasiya və provokasiya ehtiva edən paylaşımların yayıldığını bildirdi və buna qarşı diqqətli olmaq çağırışı etdi (AA, 7 Mart 2026).

Bundan sonra prosesin səngiməsi gözlənilirdi,  ancaq gedişat Ərdoğan-Əliyev “dostluğu”nun indi də Bakının informasiya  hücumu ilə sınandığını göstərir. Bakının reaksiyası Türkiyə ictimaiyyətində Əliyev iqtidarına yönələn tənqidlərin sadəcə spontan ictimai reaksiya kimi deyil, Ankaradakı  hakim siyasi dairələrin təşviq etdiyi bir kampaniya kimi oxunduğunu göstərir.  Əliyev iqtidarı və mediası yaşanan gərginliyə görə  Ərdoğanın ailəsinin bir üzvünü  - kürəkəni Berat Albayrakı ittiham edir.  

Yeni Azərbaycan Partiyası İdarə Heyərinin üzvü, deputat Musa Quliyev Türkiyə prezidentinin kürəkəni, keçmiş iqtisadiyyat naziri Berat Albayrakın Türkiyədə Azərbaycan (İlham Əliyev) əleyhinə kampaniyanın təşkilatçısı olduğunu bildirib:  “Aparıcı media qruplarından olan “Turkuvaz” media qrupunun gündəminə nəzərə yetirsək, aydın olur ki, bu qrup tərəfindən Azərbaycana qarşı müntəzəm surətdə şər-böhtan kampaniyası aparılır. Azərbaycan məqsədyönlü şəkildə ləkələnir və ölkəmizin rəhbərliyi təhqir olunur. Təəccüb doğuran isə odur ki, “Turkuvaz” qrupunun rəhbəri Berat Albayrak Prezident Ərdoğanın ailəsinin üzvüdür” (`Bizim Yol, 7 Mart 2026). 

İttihamlar Musa Quliyevin müsahibəsi ilə məhdudlaşmayıb. Əliyevin əlaltı mediası Berat Albayrak və ümumiyyətlə Ərdoğana yaxın media orqanlarına qarşı kütləvi “hücum”a keçib. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktor müavini sosial mediada “Türkiyədəki anti-Azərbaycan kampaniyaların arxasında Berat Albayrak və onun “Turkuvaz Media Group”u dayanır. Bu dezinformasiya onun ilk və sonuncu təxribatı deyil” deyə yazıb (X, İxtiyar Hüseynli, 8 Mart 2026).  

Qafqazinfo saytında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlinin imzasıyla yayılan  “Berat Albayrak Azərbaycana qarşı düşmənçiliyini çıxışlarında da büruzə verir” başlıqlı yazıda Türkiyə prezidentinin kürəkəni 2025-ci ildə Türkiyədə SOCAR-a qarşı təxribatların təşkilində ittiham edilib (Qafqazinfo, 8 Mart 2026) 

Milli.az  saytı Berat Albayrakın qardaşı Serhat Albayrakın rəhbərlik etdiyi, “Sabah” qəzeti, “A Haber” kimi media orqanlarının daxil olduğu “Turkuvaz” qrupunun Azərbaycan əleyhinə sistemli fəaliyyətinin yeni olmadığını, 2025-2026-cı illərdə də Bakı tərəfindən  rəsmi şəkildə etiraz edilən sistemli informasiya modeli olduğunu yazıb. “Berat Albayrakın nazir olduğu dövrdə 128 milyard dollarlıq valyuta ehtiyatları ilə bağlı Türkiyədə baş verən qalmaqal”ın da geniş şəkildə xatırladıldığı yazıda Azərbaycana qarşı narrativlərin təsadüf olmadığı vurğulanıb (Milli.az, 7 Mart 2026). 

“Turkuvaz” qrupuna daxil olan “A Haber”, “Daily Sabah” və digər media orqanları isə Azərbaycanda Musa Quliyevin açıqlamaları ilə başlayan ittihamları “Mossadın çirkli propaqandası” adlandırıb (A Haber, 8 Mart 2026), bu ittihamların bilərəkdən Ərdoğan ailəsini hədəfə aldığını vurğulayıb (Daily Sabah, 8 Mart 2026). 

Nəticə etibarıyla çox təzadlı mənzərə yaranıb - Qarabağ müharibəsindəki xidmətlərinə görə Ərdoğanın bir kürəkənini - Selçuk Bayraktarı bir neçə orden-medalla təltif edən və qəhrəman elan edən İlham Əliyev (Prezident.az, 2021, AA, 2023) digər kürəkəni Berat Albayrakı düşmən elan edib. Bu durum Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin zəmininin kövrəkliyini göstərməklə yanaşı, münasibətlərin şəxsiləşdirilməsinin - iqtidarlar səviyyəsinə endirilməsinin təhlükəli nəticələrindən biri kimi qarşıya çıxır. Münasibətlərin məhz şəxsi “razborka” səviyyəsinə enməsinin başqa bir göstəricisi də İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında martın 9-da baş tutan telefon danışığından (TRT Haber, 10 Mart 2026) sonra Berat Albayrakla bağlı yazıların silinməsidir. Azərbaycan mətbuatında bir-iki istisna olmaqla Musa Quliyevin müsahibələri bütün saytlardan (APA, Lent.az, Yeni Müsavat, Qafqazinfo, Milli.az kimi) silinib. Eyni zamanda Türkiyədə də “Sabah” qəzeti və “A Haberdə” Albayraka yönəlik ittihamlara verilən cavablar silinib (Haber Sol, 10 mart 2026)  - indi o xəbərlərin yalnız başlıqları “Google” axtarışlarında çıxır. 

NƏTİCƏ 

İran böhranının ortaya çıxardığı mənzərə Ərdoğan-Əliyev münasibətlərində problemin son günlərdə müşahidə edilən qarşılıqlı sosial media “münaqişə”sindən daha dərin olduğunu göstərir. Aydın məsələdir ki, problem sadəcə İlham Əliyevin İranla bağlı açıqlamalarının tonu deyil. Problem xarakter etibarıyla 2009-cu ildəki protokol-bayraq böhranından belə dərindir. Xüsusilə 2010-cu ildən sonra iki ölkə iqtidarının enerji, iqtisadi mənafe, təhlükəsizlik maraqları və avtoritar idarəçilik ehtiyacları baxımından üst-üstə düşən və iki ölkənin strateji müttəfiqlik münasibətləri ilə də möhkəmlənən əlaqələri böyük bir geosiyasi çatla üzləşib. Ankara ilə Bakının İsrailə münasibətdəki bir-birinə zidd mövqeləri üç ildir mümkün qədər bir-birinə toxunmadan davam etdirilsə də, İran müharibəsi bu paralelliyi aradan qaldırıb və qarşılıqlı şübhə atmosferini və etimad boşluğunu gün üzünə çıxarıb. İsrailə münasibət iki ölkə arasındakı ən mühüm çata çevrilib. İsrail ritorikası uzun müddətdir Ankara üçün  daxili siyasət, ideoloji legitimlik və regional liderlik məsələsidir, 2023-cü ildən sonra isə xüsusilə həsssas mövzudur. İsrailin Qəzzadakı aqressiyasının da nəticəsində Türkiyə ictimaiyyətində bu əleyhdarlıq sadəcə iqtidarla məhdudlaşmır. Müharibənin ilk günlərində müxalifətdə və cəmiyyətin bir hissəsində müşahidə olunan HƏMAS tənqidləri belə qısa müddət sonra aradan qalxdı və hazırda  İsrail əleyhdarlığı məsələsində böyük bir konsensus mövcuddur. Türkiyə  İsrail əleyhdarlığının yüksək olduğu ölkədir (Rewresearch, 2025). 

Azərbaycan üçün isə İsrail sıradan tərəfdaş deyil; təhlükəsizlik, silah tədarükü, enerji ixracı və beynəlxalq münasibətlərdə əlavə manevr imkanı yaradan əsas strateji dayaqlardan biridir. Bu xətt  İlham Əliyevin Tramp iqtidarına yaxınlaşması ilə daha da güclənib - Azərbaycan iqtidarı özünü Tramp-Netanyahu klubunda görür və bunu hər hansı şəkildə gizlətməyə ehtiyac duymur. 

Yəni nəticə etibarı ilə, Ankara və Bakı arasındakı problem ritorika fərqindən ibarət deyil, daha dərin ziddiyyətləri ehtiva edir. Bu mənzərə və Azərbaycan iqtidarının xarakteri bizə bunu göstərir -  İlham Əliyev hakimiyyəti Türkiyə ilə İsrail arasında seçim dilemması qarşısında qalsa, ikincini seçməyə daha yaxındır. Şübhəsiz ki, Ankara da bunun fərqindədir. Ancaq Azərbaycanla  2010-cu ildən bəri sıxlaşan enerji əlaqələrini və 2020-ci ildən sonra güclənən qardaşlıq-müttəfiqlik ritorikasını (eləcə də ortaq biznes piramidasını) pozmaq istəmir. Bu səbəbdən Türkiyə hakimiyyəti Azərbaycana münasibətdə daha ehtiyatlı davranır. Azərbaycan iqtidarı isə əksinə, ABŞ və İsraillə  istiləşmə ona Türkiyəyə xitabən daha yüksək tonla danışma cəsarəti verir. 

Buradakı əsas problem indiyə qədər münasibətləri öz avtoritar idarəçiliklərinin ehtiyacları üzərində quran Əliyev və Ərdoğan iqtidarları arasındakı bu gərginliyin strateji müttəfiqliyi zədələmə və iki ölkə cəmiyyətləri arasında qarşılıqlı etimadsızlıq mühiti yaratma riskidir.  İndiki mərhələdə Türkiyə ilə Azərbaycan arasındakı gərginlik ötüşə bilər, ancaq uzun müddətdir qardaşlıq ritorikası ilə davam etdirilən münasibətlərin dünyadakı və regiondakı növbəti geosiyasi sınaqlardan necə çıxacağı çox ciddi sual altındadır. 



İSTİNADLAR 

KHAR Center, 2026. Türkiyənin İran Dilemması. https://www.kharcenter.com/ekspert-serhleri/turkiyenin-iran-dilemmasi

Prezident.az, 5 Mart 2026. İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.  https://president.az/az/articles/view/71792 

Azərbaycan Respublikası Milli Məclisi,  2009. 13.05.2009 - tarixli iclasın stenoqramı. https://meclis.gov.az/news-cari.php?id=110&lang=az

Reuters, 2008. Turkey's Gul makes landmark Armenia visit. https://www.reuters.com/article/economy/turkeys-gul-makes-landmark-armenia-visit-idUSL6345007/

RFE/RL, 2009a. The Turkish-Armenian Thaw and Azerbaijan. https://www.rferl.org/a/The_TurkishArmenian_Thaw_and_Azerbaijan/1608216.html

RFE/RL, 2009b. Turkish Mosque In Baku Closed For 'Repairs'. https://www.rferl.org/a/Turkish_Mosque_In_Baku_Closed_For_Repairs/1617374.html

APA, 2009. Azerbaijani President refuses to attend the “Alliance of Civilizations” project meeting in Turkey - EXCLUSIVE. https://en.apa.az/foreign-policy/-99791

European Stability Initiative (ESI), 2009. The Unknown Turk and a Future Referendum. https://www.esiweb.org/pdf/esi_picture_story_-_turkish_armenian_relations_-_august_2009.pdf

Vladimir Socor, 2009. Turkey: a Bridge or Bottleneck for Caspian Gas to Europe? https://jamestown.org/turkey-a-bridge-or-bottleneck-for-caspian-gas-to-europe/

Dünya Gazetesi, 17 may 2010. Türkiye ve Azerbaycan iki ayrılmaz kardeş. https://www.dunya.com/gundem/turkiye-ve-azerbaycan-iki-ayrilmaz-kardes-haberi-114461

Habertürk, 15 sentyabr 2010. Türkiye-Azerbaycan arası anlaşma imzalandı. https://www.haberturk.com/gundem/haber/552199-turkiye-azerbaycan-arasi-anlasma-imzalandi?page=2

İletişim Başkanlığı, 2020. Cumhurbaşkanı Erdoğan: “İslam düşmanlığı ile mücadele etmek, hem inancımızın hem de yurt dışındaki vatandaşlarımıza karşı sorumluluğumuzun bir gereğidir”. https://www.iletisim.gov.tr/turkce/haberler/detay/cumhurbaskani-erdogan-islam-dusmanligi-ile-mucadele-etmek-hem-inancimizin-hem-de-yurt-disindaki-vatandaslarimiza-karsi-sorumlulugumuzun-bir-geregidir?

YTB, 6 mart 2026. X profili. https://x.com/yurtdisiturkler/status/2029874649929036032

TRT Haber, 6 mart 2026. X profili.

https://x.com/trthaber/status/2029768940231004575

TRT Avaz, 6 mart 2026. X profili. https://x.com/trtavaz/status/2029829343300419985

KHAR Center, 2026. Bakı–Ankara–Moskva üçbucağında asimmetrik asılılıq: rejim təhlükəsizliyi və xarici siyasət. https://www.kharcenter.com/arasdirmalar/baki-ankara-moskva-ucbucaginda-asimmetrik-asililiq-rejim-tehlukesizliyi-ve-xarici-siyaset

Çevik,Salim, 2024. Turkey’s Reconciliation Efforts in the Middle East. https://www.swp-berlin.org/publikation/turkeys-reconciliation-efforts-in-the-middle-east

T.C. Ticaret Bakanlığı, 2024. İsrail ile ticaret iddialarına ilişkin basın açıklaması. https://ticaret.gov.tr/haberler/israil-ile-ticaret-iddialarina-iliskin-basin-aciklamasi

BESA Center, 2025. The Baku Process: An Open Triangle in Israel–Azerbaijan–Turkey Relations. https://besacenter.org/the-baku-process-an-open-triangle-in-israel-azerbaijan-turkey-relations/

JNS, 2026. Israel’s imports of Azerbaijani oil hit three-year high. https://www.jns.org/israels-imports-of-azerbaijani-oil-hit-three-year-high/

Azərbaycan qəzeti, 2024. Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur. https://www.azerbaijan-news.az/az/posts/detail/qarabag-zeferinin-muellifi-muzeffer-ali-bas-komandan-ve-azerbaycan-ordusudur-1722458765

Al Arabiya English, 3 iyun 2025. Azerbaijan’s Quiet Diplomacy Between Turkey and Israel. https://english.alarabiya.net/News/middle-east/2025/06/03/azerbaijan-s-quiet-diplomacy-between-turkey-and-israel

Faruk Loğoğlu, 6 Mart 2026. X statusu. https://x.com/OFarukLogoglu/status/2029779556509401426

Mücahit Birinci, 6 mart 2026. X statusu. https://x.com/birincimucahit/status/2029991950049497274

Şamil Tayyar, 6 mart 2026. X statusu. https://x.com/samiltayyar27/status/2030054658111345063

Mehmet Metiner, 7 mart 2026. X statusu. https://x.com/MetinerBasin/status/2030226143958175782

Anadolu Ajansı, 7 mart 2026. DMM'den Türkiye-Azerbaycan ilişkilerine ve Azerbaycan'a yönelik provokasyon içeren paylaşımlara ilişkin açıklama. https://www.aa.com.tr/tr/gundem/dmmden-turkiye-azerbaycan-iliskilerine-ve-azerbaycana-yonelik-provokasyon-iceren-paylasimlara-iliskin-aciklama/3854186

Bizim Yol,  7 mart 2026. Musa Quliyev: TBMM-ə sığınaraq ölkələrimizin birliyinə xələl gətirən şəxsin "toxunulmazlığı" ləğv edilməlidir.  https://bizimyol.info/az/news/578456.html

İxtiyar Hüseynli, 8 mart 2026. X statusu. https://x.com/ixtiyarhuseynli/status/2030628287538692367

Qafqazinfo, 8 Mart 2026. “Berat Albayrak Azərbaycana qarşı düşmənçiliyini çıxışlarında da büruzə verir”. https://qafqazinfo.az/news/detail/berat-albayrak-azerbaycana-qarsi-dusmenciliyini-cixislarinda-da-buruze-verir-501530

Milli.az, 2026. Albayrak və “Turkuvaz”: Azərbaycana qarşı böhtanların səbəbi nədir? https://news.milli.az/politics/1319556.html

A Haber, 8 mart 2026. İsrail yancıları devrede! Türkiye-Azerbaycan kardeşliğine nifak girişimi: Berat Albayrak ve Turkuvaz Medya'yı hedef aldılar. https://www.ahaber.com.tr/gundem/2026/03/08/israil-yancilari-devrede-turkiye-azerbaycan-kardesligine-nifak-girisimi-berat-albayrak-ve-turkuvaz-medyayi-hedef-aldilar

Daily Sabah, 2026. Targeting Turkuvaz Media and Berat Albayrak, Quliyev seeks to undermine Azerbaijan-Türkiye ties. https://www.dailysabah.com/politics/targeting-turkuvaz-media-and-berat-albayrak-quliyev-seeks-to-undermine-azerbaijan-turkiye-ties/news

AZƏRTAC, 1 aprel 2021. President Ilham Aliyev awards Selcuk Bayraktar with “Garabagh” Order. https://azertag.az/en/xeber/president_ilham_aliyev_awards_selcuk_bayraktar_with_garabagh_order-1745549

Anadolu Ajansı, 3 aprel 2023. Azerbaijani president receives head of Turkish defense company Baykar. https://www.aa.com.tr/en/asia-pacific/azerbaijani-president-receives-head-of-turkish-defense-company-baykar/2862353

Haber Sol, 10 mart 2026.  Azerbaycan ile damat Berat savaşına jet müdahale - iki ülke, tek sansür. https://haber.sol.org.tr/haber/azerbaycan-ile-damat-berat-savasina-jet-mudahale-iki-ulke-tek-sansur-407283

Pewresearch, 2025. Most people across 24 surveyed countries have negative views of Israel and Netanyahu. https://www.pewresearch.org/short-reads/2025/06/03/most-people-across-24-surveyed-countries-have-negative-views-of-israel-and-netanyahu/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin