23 fev 2026

Rusiya-Ukrayna müharibəsinin 4-cü ili: Sanksiyalar niyə yetərsiz qalır?

Rusiya-Ukrayna müharibəsinin 4-cü ili: Sanksiyalar niyə yetərsiz qalır?



GİRİŞ

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlamasından 4 il keçir. Bu dövr Avropa İttifaqının Rusiyaya qarşı tarixi sanksiya dalğası və Rusiyanın həmin sanksiyalardan dolayı yollarla yayınmasının institusionallaşma mərhələsi kimi yadda qaldı.  

Müharibənin ilk həftələrində və aylarında sanksiyaların Rusiya iqtisadiyyatını qısa müddətdə zəiflədəcəyinə və müharibə imkanlarının azalmasına xidmət edəcəyinə dair gözləntilər vardı. Ancaq bu gözləntilər özünü doğrultmadı. Qərar mexanizmlərinin və prosedurlarının mürəkkəbliyi, Aİ daxilində siyasi çatlar və enerji asılılığı, üçüncü ölkələr üzərindən yenidən ixrac, kölgə donanması və paralel kanallar sanksiya rejiminin effektliliyini  azaltdı. 

“KHAR Center” bu analizində Aİ-nin Rusiyaya qarşı sanksiyalarının xronologiyasını, by pass tendensiyasını və Aİ-nin buna cavab olaraq mexanizmi necə yenidən dizayn etdiyini rəqəmlər və faktlarla xəritələndirir.

ANALİZİN ƏSAS SUALLARI 

Aİ-nin sərt sanksiyaları niyə gözlənilən təcili effekti yaratmadı? Rusiya iqtisadiyyatının  sanksiya rejiminə uyğunlaşmasında əsas rolu hansı faktorlar oynadı? Yeni sanksiya arxitekturası vəziyyəti hansı istiqamətdə dəyişdirir?

I. SANKSİYA XRONOLOGİYASI

2014–2021 — simvolik sanksiyalar dövrü

Avropa İttifaqının ilk sanksiyaları 2014-cü ilin martında — Krımın ilhaqı əsnasında başladı. Martın 5-ində Avropa İttifaqı Ukraynada dövlət vəsaitlərinin mənimsənilməsi ilə əlaqələndirilən şəxslərin aktivlərinin dondurulması haqda qərar qəbul etdi. Bu qətnamə birbaşa Rusiyaya qarşı deyildi, keçmiş prezident Viktor Yanukoviç və ətrafını hədəfə alırdı, ancaq Ukraynadakı hadisələr və Rusiyanın eskalasiyanı artırması fonunda qəbul edilmişdi (Eur-Lex Europa, 2014). Martın 17-sində isə Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən fəaliyyətlərdə iştirak edən şəxslərə və təşkilatlara səyahət qadağası gətirdi və ittifaq ərazisindəki əmlaklarını dondurdu. Bu qərar Aİ-nin Krımın işğalına ilk konkret reaksiyası idi (Eur-Lex Europa2026).

Eyni ilin iyun–iyul ayları arasında Aİ Krım və Sevastopolla bağlı iki ayrı sanksiya paketi qəbul etdi. Paketlərə Krım və Sevastopol mənşəli məhsulların Aİ-yə idxalatını və infrastruktur investisiyalarını məhdudlaşdırma daxil idi (Consilium Europa, 2014).

Rusiyanın Donbasda işğal fəaliyyətlərinin başlamasından və Malayziya təyyarəsini vurmasından sonra Aİ növbəti sanksiya qətnaməsini qəbul etdi. Bu qətnamə Rusiyanın bəzi bank və şirkətlərinin Aİ sərmayə bazarına çıxışını, silah və müdafiə sənayesi məhsullarıyla bağlı ticarəti, hərbi məqsədlər üçün istifadə riski olan ixracatı və enerji texnologiyaları ilə bağlı ticarəti məhdudlaşdırmağı ehtiva edirdi (Eur-Lex Europa2026). 2014-cü ilin dekabrında isə Aİ Krıma və Sevastopola investisiya qoyuluşunun qadağan olunmasına dair sanksiya rejiminin sərtləşdirilməsinə qərar verdi (Eur-Lex Europa2026).

Bu sanksiyalar 2015–2021-ci illər arasında məhdudiyyət tətbiq edilən şəxslərin siyahılarının yenilənməsi, sanksiyaların əhatə dairəsinin genişləndirilməsi formasında yeniləndi və ya uzadıldı. Ancaq bu sanksiyaların Rusiyanın işğalçılıq fəaliyyətlərinin dayandırılması baxımından praktik faydası olmadı. Krım və Donbas işğalının ilk aylarında Avropa daxilində Rusiyaya qarşı birlik nümayiş etdirilsə də, sonrakı aylarda və illərdə bu vəziyyət dəyişdi. Baltik dövlətləri, Polşa, Skandinaviya ölkələri, Rumıniya və İngiltərə sanksiya rejiminin sərt şəkildə davam etdirilməsinə tərəfdar olsalar da, Bolqarıstan, Kipr Respublikası, Yunanıstan, İtaliya, Sloveniya, Portuqaliya, İspaniya, Macarıstan və Avstriya xüsusilə atəşkəs dövründə yenidən Kreml ilə əlaqələrin düzəldilməsi istiqamətinə meyillənməyə başladılar (Natorski, Pomorska, 2016).

Eyni zamanda Rusiya Aİ daxilindəki bölünmələrdən sanksiyaların təsirinin azaldılması və ümumiyyətlə qərarvermə mexanizminə təsir üçün ciddi şəkildə istifadə etdi. Moskva sanksiyaların periodik yenilənmə şərti olan və üzv ölkələrə veto haqqı verən Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) proseduru ilə qəbul edilməsindən də ustalıqla yararlandı. Kremlin Aİ daxilindəki müttəfiqləri CFSR prosedurundan istifadə edərək altı ayda bir keçirilən səsvermələrdə problemlər yaratdı. Macarıstan bu problemlərin əsas mənbəyi rolundaydı (Portela, Pospiezsna, Skrzypczynska və Walentek 2021). Rusiya Avropadakı bu bölünmələrdən və boşluqlardan faydalanaraq, eyni zamanda bank siyasətində dəyişikliklər edərək və Rusiyanın pul vahidini qəsdən devalvasiyaya uğradaraq sanksiyaların vurduğu ziyanı ustalıqla azaltdı (Ceiger 2022).

Bu baxımdan Aİ-nin 2014–2021 illər arasında reaksiyası zəif və simvolik dəyərləndirildi, sanksiyalar əsasən hədəfli (smart sanctions) xarakter daşıdı: səyahət qadağaları və aktivlərin dondurulması ilə məhdudlaşdırıldı. Rusiyanın əsas valyuta gəlir mənbəyi olan enerji ixracını birbaşa hədəfləyən embarqolar tətbiq olunmadı. Xüsusilə Almaniya kimi böyük ölkələr enerji tədarükü və iqtisadi maraqlara görə sərt addımlara müqavimət göstərdi, bu da Aİ daxilində siyasi parçalanmanı dərinləşdirdi, “Şimal axını 2” kimi layihələr asılılığı daha da artırdı. Nəticə etibarıyla Aİ həm Ukraynanın suverenliyinin pozulması faktına adekvat reaksiya vermədi, həm də Rusiyanı işğaldan çəkindirəcək mexanizm yarada bilmədi. 2014-cü ildəki bu yumşaq mövqe və enerji asılılığının azalmaması, 2022-də Rusiyanın enerji rıçaqlarından istifadə edib Avropanı böhranla təhdid etməsinə şərait yaratdı (Bret 2021).

2022–2023 — sanksiya yağışı, embarqo dəlikləri və “üçüncü ölkələr” problemi 

Rusiyanın Ukraynaya 2022-ci il fevralın 24-də başlayan genişmiqyaslı təcavüzü bütövlükdə Qərb üçün şok effekti yaratdı və bu effekti bir-birinin arxasınca gələn sanksiya qətnamələri müşayiət etdi. Qəbul olunan yeni sanksiya paketlərində artıq hədəfli embarqolar deyil, sistemli məhdudiyyətlər nəzərdə tutulurdu. 

Əslində Rusiyaya qarşı bu periodun ilk sanksiya paketi genişmiqyaslı hücumdan iki gün əvvəl açıqlanmışdı. Paket Rusiya Dövlət Dumasının 351 üzvünü, eyni zamanda digər 27 yüksək vəzifəli şəxs və qurumu əhatə edən  əmlak dondurma, maliyyə əməliyyatı, səyahət, tranzit keçid qadağası kimi embarqoları, Ukraynanın işğal altındakı bölgələrindən Aİ-yə ixracın qadağan olunmasını, Rusiyanın Aİ sərmayəsinə və maliyyə bazarına çıxışının məhdudlaşdırılmasını və s. əhatə edirdi. Səbəb Rusiya Duması üzvlərinin qondarma Donetsk və Luqansk respublikalarını tanıması üçün Putinə müraciət etməsiydi (Consilium Europa 2022). 

25 fevral tarixli ikinci və 28 fevral – 2 mart tarixli üçüncü paketlərdə  nəzərdə tutulan sanksiyalar isə sərtliyinə və əhatəliyinə görə görünməmiş həddə idi: Rusiyanın 7 bankının SWIFT-dən çıxarılması da daxil olmaqla bank sistemlərini, enerji və nəqliyyat sektorunu, hava yollarını, texnologiya sahəsini, eyni zamanda “Russia Today” və “Sputnik” kimi propaqanda vasitələrinin Aİ daxilində yayımının qadağan olunmasını nəzərdə tuturdu (European Commission 2025). Avropa İttifaqı Rusiyanın iqtisadi bazasını zəiflətmək, onu kritik texnologiya və bazarlardan məhrum etmək və müharibə aparmaq imkanını ciddi şəkildə məhdudlaşdırmaq məqsədilə 2022-ci ildə ümumilikdə 9 sanksiya paketi qəbul etdi (European Commission 2025).

2022-ci il aprelin 1-dən etibarən Baltik ölkələri Rusiyadan qaz idxalını tamamilə dayandırdılar (LSM, 2022). Bu, Rusiyanın enerji sektoruna qarşı ən konkret və təsirli addımlardan biri idi. Daha sonra Avropa İttifaqı bu xətti ümumi siyasətə çevirdi və 2027-ci ilin sonuna qədər Rusiyadan neft-qaz asılılığının tamamilə sona çatdırılması planı qəbul edildi (European Commission 2022).

2022-ci il sanksiyalarından bir il keçməmiş embarqoların dəlinməsi ilə bağlı faktlar və iddialar gündəliyə gəlməyə başladı. Bu, əsasən üç istiqamətdə baş verirdi.

Birinci istiqamət üçüncü ölkələrin və maraq dairələrinin vasitəçilik etdiyi yenidən ixrac (re-export) sistemi idi. Embarqolu məhsullar Aİ-dən üçüncü ölkələrə, oradan Rusiyaya ixrac edilməyə başladı (Cupilkin, Javorçik, Plehanov 2023). Bu dəlinmə daha çox ikitəyinatlı (dual use) məhsullar və sənaye komponentləri ixracatında diqqət çəkir. Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü ildəki bir hesabatına görə, 2022 sanksiyalarından sonra Aİ və İngiltərənin Rusiyaya birbaşa ixracatının rəsmi statistikalarda azalmasına baxmayaraq, bu azalma dolaylı ixracatla kompensasiya edilib. Belə ki, Aİ və İngiltərənin Rusiyaya birbaşa ixracatı azalarkən Mərkəzi Asiya və Qafqaz ölkələrinə (xüsusilə Ermənistan, Qazaxıstan və Qırğızıstan) ixracatı artıb. Bu iki tendensiya sanksiyalı mallarda daha qabarıq olub. Rusiyaya ixrac azalması sanksiyalı mallarda digər mallara nisbətən təxminən 80% daha çox, Ermənistan, Qazaxıstan və Qırğızıstana sanksiyalı malların ixrac artımı isə digər mallara nisbətən 30% daha yüksək olub. Sanksiyalı malların bir hissəsi Qafqaz və Mərkəzi Asiya vasitəsilə (xüsusən Ermənistan–Qazaxıstan–Qırğızıstan) Rusiyaya gedib. Bu üç ölkə xüsusilə ona görə seçilib ki, Rusiya ilə Gömrük İttifaqı daxilindədirlər və bu da məhsulların “ötürülməsi”ni asanlaşdırıb (Chupilkin, Javorcik və Plehanov 2023).

Eyni dövrdə Türkiyədən Rusiyaya ixracatda sanksiyalıya bənzər mallar üzrə ən böyük diferensial artım 35% olub. Sanksiyalı malların əlavə artımı isə 21% həcmində qeydə alınıb. Bundan əlavə, Türkiyədən Ermənistan–Qazaxıstan–Qırğızıstan kimi ölkələrə sanksiyalı mallarda da 20% artım olub (Chupilkin, Javorcik və Plehanov 2023).

2025-ci ildə aparılan OSW araşdırmasına görə də Türkiyə və Qazaxıstan sanksiyaların dəlinməsində olduqca aktiv rol oynayıb. Araşdırma konkret bir ikitəyinatlı məhsul — konusvari diyircəkli rulman — üzrə aparılıb. Məlum olub ki, Avropadan Türkiyəyə konusvari diyircəkli rulman ixracatı 2022-ci il sanksiyalarından sonra 2021-ci illə müqayisədə 37% artıb. Artımın əsas mənbəyi Almaniya olub: bu ölkə sözügedən məhsulun Türkiyəyə satışını 67% artırıb. Eyni şəkildə 2022 və 2023-cü illərdə Estoniya və Almaniya Rusiyaya rulman ixracatını ciddi şəkildə artırıb, sonra Estoniyanı Fransa əvəz edib. BMT-nin “Comtrade” məlumat bazasından əldə edilən bilgilər göstərir ki, eyni dövrlərdə həm Türkiyədən, həm də bu məhsulu çox nadirən ixrac edən Qazaxıstandan Rusiyaya konusvari diyircəkli rulman ixracatı da xeyli artıb (Pierzchala 2025).

Avropa Komissiyası bildirir ki, reeksport üçün bir çox saxtakarlıq metodundan istifadə edilib — məhsulların təsnifatının və mənşəyinin dəyişdirilməsi, müştərinin biznes profilinə uyğun olmayan dərəcədə mürəkkəb holding-trust şəbəkələri, offşor qatlar və rusiyayönlü yurisdiksiyalar vasitəsilə benefisiarın gizlədilməsi, formal uyğunluq hiyləsi, sanksiyalı şəxslə bağlı aktivlərin ailə üzvləri və ya üçüncü şəxslər üzərindən hərəkəti, sanksiyalı subyektlərdən qeyri-sanksiyalı subyektlərə çoxsaylı zəncirvari transferlər, sənədləşmə və logistika ilə bağlı manipulyasiyalar və s. kimi… (European Commission 2023).

Sanksiyaların təsirini azaldan ikinci istiqamət dənizçilik xəttidir. Rusiya gəlirlərini sanksiyaların “caynağından” qurtarmaq üçün neft daşınmasını “kölgə donanma”lar vasitəsilə həyata keçirməyə başladı ki, bu da sanksiya məhsulunun üçüncü ölkələr vasitəsilə “yuyulması”nı təmin edirdi. Neft embarqosunun və qiymət tavanı mexanizminin başladığı 5 dekabr 2022-ci ildən 2023-cü ilin sentyabrına qədərki müddət arasında Rusiyanın neft ixracının 36 faizinin “kölgə” tankerlər vasitəsilə daşındığı ortaya çıxdı. Araşdırmalara görə, genişmiqyaslı hücumun başlamasından sonrakı 16 aylıq müddətdə “kölgə tanker” payı 13 faizdən 42 faizə (iyul 2023) yüksəlib. Artımın əsas səbəbi isə donanmanın təkcə böyüməsi deyil, reyslərin sayının artması olub — sanksiyalardan sonra “kölgə” reysləri 82% artıb. Rəqəmlər göstərirdi ki, “kölgə” tankerlərlə daşınan xam neftin təxminən 69 faizi Çin və Hindistana, 29 faizi isə Türkiyəyə yönəlib. Xam neft daşıyan “kölgə” tankerlərin 41 faizi isə Birləşmiş Ərəb Əmirlikləri qeydiyyatlı olub (Levi, Katinas, Myllyvirta, Hemalatha 2023).

Üçüncü istiqamət isə Aİ daxilində enerji asılılığının sanksiyaların tətbiqinə mane olması və Kreml təsirinin yüksək olduğu ölkələrin enerji embarqolarına müqaviməti idi. Aİ daxilindəki bəzi ölkələrin (Macarıstan və Slovakiya kimi) müqaviməti nəticəsində sanksiya paketlərində məcburi yumşaldılmalar dövrəyə girdi, sözügedən ölkələrə istisnalar tətbiq olundu (Reuters 2022).

Belə vəziyyət — yəni sanksiyaların dolaylı yollarla və siyasi təzyiqlərlə dəlinməsi — Avropa İttifaqını sanksiya mexanizmini yenidən dizayn etmək məcburiyyəti ilə qarşı-qarşıya qoydu. 2023-cü ildə qəbul edilən dörd paket məhz bu dəlinmələrin qarşısını almağa və sanksiyaların işləkliyini təmin etməyə yönəldi. Bu çərçivədə əsas dönüş nöqtəsi kimi dəyərləndirilən isə 2023-cü ilin iyununda qəbul edilən 11-ci paket idi. Belə ki, bu paketdə ilk dəfə dəlinməyə qarşı mexanizmlərdən (anti-circumvention tool) bəhs edilirdi. Bu da sanksiyalı mal və texnologiyaların üçüncü ölkələr üzərindən Rusiyaya ixracının qarşısını almaq üçün Aİ-yə üçüncü ölkələrə qarşı da məhdudlaşdırma tətbiqi imkanı verirdi (European Commission 2023).  2023-cü ildə Aİ sanksiya xronologiyasında xüsusi qeyd olunan başqa bir məqam isə dekabr ayında qəbul edilən 12-ci paketdə Rusiya mənşəli almaza məhdudiyyət gətirilməsi idi (European Commission 2023).

2024–2025 — yenidən dizayn dövrü 

2024-cü ildən 2025-ci ilin ortalarına qədər qəbul edilən növbəti 4 paket də daha çox əvvəlki boşluqları örtməyə və Rusiyaya praktik təsiri artırmağa yönəlmişdi. Rusiyanın hərbi sənayesi üçün kritik komponentlərin, dron və həssas texnologiyaların üçüncü ölkələr və vasitəçilər tərəfindən ixracatının məhdudlaşdırılması, Rusiya LNG-sinin Aİ limanlarında yenidən yüklənməsinin (transşipment) qarşısının alınması, kölgə tanker donanmasının Aİ limanlarına girişi və dəniz daşımaları ilə bağlı fəaliyyətlərinin əngəllənməsi, Rusiyadan ilkin alüminium idxalının qadağan olunması, Rusiyada daxili reyslərlə və ya aviasiya təminatı ilə sanksiya boşluqlarını böyüdən üçüncü ölkə aviaşirkətlərinin Aİ bazarına çıxışının məhdudlaşdırılması kimi qərarlar bu paketlərdə (13–16) yer aldı. 2025-ci ilin mayında qəbul edilən 17-ci paket Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiya paketiydi. Rusiyanın enerji gəlirlərinə töhfə verən “gizli donanma”ya aid gəmilərin siyahısı iki dəfə genişləndirilərək 342-yə çıxarıldı, onlara limanlara giriş və xidmət qadağası gətirildi (European Commission, 2025a). Ancaq ümumilikdə Avropa İttifaqının indiyə qədərki ən kritik və ən konkret iki sənədi 2025-ci ilin ikinci yarısında qəbul edilmiş 18 və 19-cu paketlərdir. Çünki bu iki paket məhz Rusiyanın kritik gəlir mənbələrinə yönəlib.

18-ci paket Rusiyanın enerji gəlirlərinin azaldılması üçün iki əsas komponenti birləşdirir. Bunlardan birincisi xam neft üçün qiymət tavanının 60 dollardan 47,6 dollara endirilməsi, gələcəkdə avtomatik, dinamik şəkildə yenidən müəyyənetmə mexanizminin yaradılması, ikincisi isə Aİ-nin “gələcəkdə geri dönüş” ehtimalını hüquqi baxımdan əngəlləyən “Şimal axını 1” və “Şimal axını 2” üzrə tam tranzaksiya qadağası idi. Rus xam neftindən əldə olunan məhsulların idxalı da bu paketlə qadağan edildi. Kölgə donanma, Rusiya bank sistemi ilə bağlı məhdudiyyətlər, iqtisadi rıçaqların gücləndirilməsi kimi maddələrlə yanaşı, bu paketdə Rusiyanın hərbi sənaye kompleksinə birbaşa və ya dolayısıyla dəstək verən Türkiyədən 4, Çin və Honkonqdan 7 şirkət də sanksiya siyahısına əlavə edildi (European Commission 2025).

19-cu və hələlik son paketdə isə Rusiyadan maye qazın (LNG) idxalı uzunmüddətli müqavilələr üçün 2027-ci ilin əvvəlindən, qısa müddətli müqavilələr üçün isə 2026-cı ilin aprelindən etibarən tamamilə qadağan olundu. “Rosneft” və “Qazprom Neft”in Aİ ölkələrinə neft və qaz idxalı ilə bağlı bütün istisnalar ləğv edildi. Rusiyanın kölgə donanması siyahısına daha 117 gəmi əlavə olundu. Eyni zamanda maliyyə infrastrukturu elementləri və kripto üzrə tədbirlər ilk dəfə ayrıca qeyd olundu (European Commission 2025).

II. RƏQƏMLƏR VƏ FAKTLARLA SANKSİYALAR

Avropa İttifaqı 2022-ci ilin fevralından etibarən qəbul etdiyi 19 sanksiya paketi çərçivəsində öz yurisdiksiyasında Rusiyanın təxminən 210 milyard avro həcmində suveren (dövlət) aktivlərini və təxminən 28 milyard avro həcmində özəl aktivləri dondurub (Veber 2025a). Dondurulmuş dövlət aktivlərinin 185 milyardı “Euroclear”da (Belçika mərkəzli qiymətli kağızlar depozitarı) saxlanılır. Bu məbləğin 176 milyard avrosu nnağdlaşdırılıb, qalan 9 milyard avroluq qiymətli kağızların müddəti isə 2026–27-ci illərdə dolur (Reuters 2025).

Avropa daxilində uzun müddətdir bu vəsaitlərin beynəlxalq hüquq əsasında Ukraynaya düşən reparasiyaya yönəldilməsi ilə bağlı diskussiyalar gedir. Əvvəlcə Aİ reparasiya kreditinin yalnız “Euroclear”dakı pullarla verilməsini istəyirdi, ancaq Belçika digər Aİ ölkələrindəki dondurulmuş 25 milyard avroluq dövlət aktivinin də daxil edilməsini istəyir. Bu pulların böyük hissəsi Fransa banklarındadır və “Euroclear”dakı pullardan fərqli olaraq Rusiya onlardan faiz əldə edir (Reuters 2025).

Digər tərəfdən dövlət aktivlərinin müsadirəsi və idarə edilməsi ilə bağlı bir çox hüquqi sual hələ cavabsız qalır. 2025-ci ilin sonunda bu sahədəki iki böyük maneədən biri aradan qaldırılıb — Avropa İttifaqı Rusiya Mərkəzi Bankının aktivlərini müddətsiz dondurmaq barədə razılığa gəlib, yəni aktivlərin dondurulması üçün altı aydan bir səsvermə keçirilməsi məcburiyyəti aradan qaldırılıb. Bu qərar Macarıstan və Slovakiyanın Avropa İttifaqına səsvermələrlə bağlı veto şantajlarının qarşısını almaq üçün qəbul edilib (Reuters 2025). 

Digər maneə — Rusiya Mərkəzi Bankı aktivlərinin dövlət immuniteti ilə qorunmasıdır; bu aktivlərin hansı şərtlərdə reparasiya üçün qanuni istifadə oluna biləcəyi sual altındadır (Veber 2025b). Bununla yanaşı, Avropa İttifaqı suveren aktivlərin əsas hissəsinə toxunmadan dondurma nəticəsində yaranan gözlənilməz/əlavə gəlirlər (windfall profits) üzrə xətti artıq praktik olaraq işlədir. Xüsusən Belçika Rusiya Mərkəzi Bankı aktivlərindən yaranan gəlirlərə 25% vergi tətbiq edib və gəlirlərini Ukraynaya dəstəyə yönəldib (Veber 2025). 2024-cü ildə Rusiya aktivlərindən əldə edilən gözlənilməz gəlirlər 4 milyard avroya çatıb (Seabright, 2025). Bu miqdar 2024–25-ci illərdə üç tranş şəklində Ukraynaya göndərilib (European Commission, 2025).

Rusiya işğalı başlayandan bəri Avropa İttifaqının sanksiya tətbiq etdiyi fiziki və hüquqi şəxslərin sayı 2500-ü keçib (Veber 2025).  Bu şəxslər yalnız sanksiya paketlərinin “əsas qəhrəmanları” olan Rusiya və Belarusu təmsil etmir: müxtəlif üçüncü ölkələrin adları da fərqli kontekstlərdə Rusiyaya dəstək verənlər arasında çəkilir və onların vətəndaşlarına (şirkətlərinə) də embarqolar tətbiq olunub. 19-cu sanksiya paketinin analizi göstərir ki, sanksiya tətbiq olunan digər xarici hüquqi və fiziki şəxslər əsasən Tacikistan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Honkonq, Belarus, Qazaxıstan, Çin, Hindistan, Tailand, Türkiyə kimi ölkələri təmsil edirlər. Sadəcə Türkiyədən ən azı 17 şirkətə sanksiyaları dəlmək üçün Rusiyaya yardım etməsi ittihamıyla məhdudiyyətlər tətbiq edilib, 1 şirkətin isə aktivləri dondurulub (EurLexEuropa 2025).

Aİ hələ də boru xəttiylə ixrac edilən Rusiya qazının əsas alıcısıdır

Sanksiyalardan söhbət gedərkən diqqəti ən çox çəkən enerji sahəsidir. Aİ-nin Rusiyadan neft idxal payı 2021-ci ilin ilk rübündə 29% ikən 2025-ci ilin üçüncü rübündə 1 faizə düşüb (Eurostat 2025). Rusiyanın Aİ-yə boru xətti ilə təbii qaz idxalındakı payı isə 2021-ci ildəki 40 faizdən 2025-ci ildə 6 faizə (LNG ilə birlikdə 13%) düşüb. 2025-ci ildə Aİ-nin Rusiyadan təbii qaz idxalı 31% azalaraq 16,62 milyard kubmetr həcmində olub. Ancaq keçən ilin  dekabr  ayında Aİ-nin Rusiyadan qaz idxalı noyabrla müqayisədə 13% faiz artıb, bunun böyük hissəsi LNG hesabına olsa da, boru xəttiylə idxal edilən qazda da 6 faizlik artım qeydə alınıb. Rusiyanın boru xəttiylə ixrac etdiyi təbii qazın ən böyük alıcısı hələ də 35 faizlə Aİ-dir (CREA 2025). 

Avropa Komissiyasının yol xəritəsinə görə, 2025-ci ilin sonuna qədər Estoniya, Litva, Latviya, Danimarka, Finlandiya, İsveç, Almaniya, Polşa, Xorvatiya, Malta, İrlandiya, Lüksemburq, Avstriya və Çexiya Rusiyadan birbaşa idxalı dayandırıb. Ancaq yenə eyni sənəddə qeyd edilir ki, bu ölkələrdən bəziləri birbaşa müqavilə olmasa da topdansatış bazar vasitəsilə dolayı yolla Rusiya mənşəli qaz ala bilər (Eur-Lex Europa 2025).

Digər tərəfdən, hələ də Rusiyadan asılılığı yüksək olan ölkələr var. Bunların başında Macarıstan və Slovakiya gəlir. Bu iki ölkə coğrafiyalarının LNG limanı qurmaq üçün uyğun olmadığını əsas gətirərək Rusiyadan idxalı azaltmır və Brüsselin qərarlarına müqavimət göstərirlər (Reuters 2025). Macarıstan keçən ilin təkcə dekabr ayında 337 milyon avroluq Rusiya enerjisi alaraq Aİ-dəki ən böyük idxalçı olub. Slovakiya isə eyni dövrdə Rusiyadan 194 milyon avroluq xam neft və qaz idxal edib (CREA 2025).

Bu il yanvarın 27-də Ukraynanın “Drujba” boru xəttini Rusiyanın raket hücumları səbəbilə bağlamasından etibarən Mərkəzi Avropada enerji gərginliyi yaşanır. Macarıstan və Slovakiya Rusiya neftinin təhlükəsizliyini təmin etmək üçün Xorvatiyadan yardım istəyib. Xorvatiya hökuməti isə Adria boru xətti (JANAF) ilə daha çox neft idxal edilə biləcəyini, ancaq bunun Rusiya nefti olmayacağını bildirərək tələbi rədd edib. Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar “Rusiyadan alınan bir barel neft bəzi ölkələrə daha ucuz görünə bilər, ancaq Ukrayna xalqına qarşı müharibə və hücumların maliyyələşməsinə kömək edir” deyib (Reuters 2026).

Rusiyanın maye qazının yarısını Aİ alır 

Neft və təbii qazdan fərqli olaraq Rusiyadan maye qazın (LNG) idxalı əvvəlki illərdə demək olar ki, sanksiya çərçivəsinə daxil edilməyib. Bu səbəbdən də müharibənin əvvəlində Rusiyadan LNG idxalı bir tendensiya nətiəsi olaraq azalsa da, 2023-cü ilin dördüncü rübündən etibarən yenidən yüksəlib.  Rusiya hələ də ABŞ-dan sonra Aİ-nin ikinci böyük LNG tədarükçüsü kimi qalmaqda davam edir (Eurostat 2025). Aİ isə Rusiya maye qazının ən böyük alıcısı olaraq qalır, keçən il aldığı maye qaz Rusiyanın ümumi LNG ixracının az qala yarısını (49%) təşkil edib (CREA 2025). Avropaya daxil olan Rusiya maye qazından ən böyük payı alanlar Fransa, Belçika, İspaniya, Niderland və Portuqaliyadır (European Commission, 2025b). 2025-ci ilin dekabrında Fransa və İspaniyanın Rusiyadan LNG idxalını 18 və 27% artırdığı da hesabatlarda əks olunub (CREA 2025).

Bu vəziyyət Aİ-ni Rusiya enerjisindən asılılığın tamamilə sona çatdırılması məqsədilə  2025-ci ilin mayında yeni yol xəritəsi hazırlamaq məcburiyyəti qarşısında qoyub. Bu ilin yanvarında isə Avropa İttifaqı Şurası yeni qərarını açıqlayıb. Ona görə, 2027-ci ildə Aİ ölkələri üçün LNG və təbii qaz idxalı tamamilə qadağan ediləcək. LNG idxalı 2027-ci ilin əvvəlində, təbii qaz idxalı isə 2027-ci ilin payızında dayandırılacaq. Qadağaların tətbiqi qərarın qüvvəyə minməsindən (2026) altı həftə sonra, yəni təxminən martın ortalarında mərhələli şəkildə başlayacaq. Mövcud müqavilələr üçün keçid müddəti olacaq. Aİ ölkələri təbii qaz idxalına icazə vermədən əvvəl təbii qazın istehsal edildiyi ölkə ilə bağlı təsdiqləyici məlumatlar təqdim etməli olacaq. Aİ Şurası üzv ölkələrə bu istiqamətdə planlarını hazırlamaları üçün 1 marta qədər möhlət verib (Consilium Europa 2026).

Fransa Rusiyadan az zənginləşdirilmiş uran alan ölkələr arasında (Aİ daxilində) liderdir 

Aİ daxilində bəzi ölkələrin Rusiyadan atom enerjisi asılılıqları da davam edir. Həmin ölkələrdə Sovet İttifaqından qalma 19 nüvə reaktoru var. 2023-cü ildə Rusiyanın bu reaktorlar üçün yanacaq tədarükü ciddi şəkildə artıb, ancaq 2024-cü ildən etibarən yenidən azalıb. Bunda Bolqarıstan və Finlandiyanın alternativ yanacağa yönəlməsinin də ciddi təsiri var (Bellona 2025).

Avropa Komissiyası hazırda Rusiyadan nüvə yanacağı asılılığı olan ölkələr arasında Bolqarıstan, Çexiya, Finlandiya, Macarıstan və Slovakiyanı göstərir. Eyni zamanda Komissiyanın sənədində bildirilir ki, 7 Aİ ölkəsi 2024-cü ildə Rusiyadan zənginləşdirilmiş uran və ya uranla bağlı xidmətlər idxal edib. Sənəddə ölkələrin adı çəkilmir (Eur-Lex 2025). Ancaq başqa mənbələrdən əldə edilən məlumatlar göstərir ki, 2024-cü ildə Aİ daxilində Rusiyadan idxal edilən az zənginləşdirilmiş uranın böyük hissəsini Fransa şirkətləri alıb — bir hissəsini birbaşa, bir hissəsini isə Almaniyadakı Fransaya aid şirkət vasitəsilə. Ümumilikdə Rusiyanın zənginləşdirilmiş uran ixracatında Aİ-nin payı 2022-ci ildən əvvəlki bəzi illərdə 50 faizdən çox olsa da, 2024-cü ildə 15 faizə düşüb. Keçmişdə Rusiyadan uran idxal edən Hollandiya və İsveç kimi ölkələr 2022-ci ildən sonra idxalatı dayandırıb. Fransa hazırda alışı azaltsa da, yenə də Rusiyadan ən çox uran alan Aİ ölkəsidir (Bellona 2025).

“Kölgə donanması”nın mühüm hissəsini G7+ tankerləri təşkil edir 

Rusiyanın neft embarqolarını dəlmək üçün istifadə etdiyi ən mühüm metod — “kölgə donanması” — son dövrdə Avropa İttifaqının əsas diqqət mərkəzində olan sahələrdəndir. 19-cu sanksiyalar paketi ilə birlikdə həmin donanmaya daxil olan və sanksiya tətbiq edilən gəmilərin sayı 444-dən 557-yə çatıb. Aİ siyahılarında olan bu gəmilərə limanlara giriş və xidmət qadağası tətbiq olunur (European Commission 2025).  Ancaq faktlar göstərir ki, Rusiyanın saxta bayraqlı gəmiləri hələ də neft daşımağa davam edir. Belə ki, 2025-ci ilin son ayında ən azı 93 “kölgə gəmi”nin saxta bayraq altında fəaliyyət göstərmə faktı qeydə alınıb, bu gəmilərdən 26-ı 0,8 milyard avroluq Rusiya xam nefti və neft məhsullarının satışını həyata keçirib. Saxta bayraq altında üzən tankerlərlə daşınan Rusiya neft həcminin 46 faizi (380 milyon avro dəyərində) Danimarka boğazından keçib və bunu yalnız 13 gəmi həyata keçirib. 2025-in son ayında Rusiyanın dəniz yoluyla xam neft ixracatında 10 faizlik artım qeydə alınıb. Üstəlik, sözügedən dövrdə Rusiya xam neft və məhsullarının 43 faizini G7+ (G7, Avropa İttifaqı və Avstraliyanın daxil olduğu, neft tavan qiyməti koalisiyası) )tankerləri daşıyıb. Ümumilikdə dekabr ayında 176 milyon avroluq rus nefti Aİ sularında gəmidən gəmiyə transfer edilib.(CREA 2025) 

III. SANKSİYALARIN İQTİSADİ NƏTİCƏLƏRİ 

2022-ci ildən bəri Aİ sanksiyaları Rusiyanın Avropa bazarlarına və maliyyə sisteminə birbaşa çıxışını ciddi şəkildə məhdudlaşdırıb.  Belə ki,  2022-ci ildən bəri Aİ-nin idxal qadağaları və məhdudiyyətləri müharibədən əvvəlki idxal həcminin 58 faizini təşkil edir. Bu da təxminən 91,2 milyard avroluq məbləğ deməkdir. Mallar və texnologiyalar üzrə ixrac qadağaları və məhdudiyyətlərinin dəyəri isə 48 milyard avrodur. Bu da Aİ-nin Rusiyaya müharibədən əvvəlki ixracatının 54 faizinə bərabərdir. Biznes xidmətləri üzrə ixrac məhdudiyyətlərinin dəyəri isə 3,28 milyard avro dəyərləndirilir (European Commission 2025). 2022-ci ilin ilk rübü ilə 2025-ci ilin üçüncü rübü arasında Rusiyaya ixracatda 61%, idxalatda isə 89% azalma qeydə alınıb. 2025-ci ilin üçüncü rübündə bir il əvvəlki perioda görə Rusiyadan idxal 1,4 milyard avro  azalıb. İxracatdakı azalma isə 0,3 milyard avro olub (Eurostat, 2025).

Ancaq rəsmi ticarətdəki bu kəskin azalma Rusiyanı çəkindirmək üçün kifayət etməyib. Rusiya enerji ticarətinin bir hissəsini Asiya bazarlarına yönəldərək, eləcə də paralel idxal və yenidən ixrac kanalları strukturu yaradaraq  sanksiyaların şokunu yumşalda bilib. 

Təkcə dekabr ayında 5 Aİ ölkəsi enerji müqabilində Rusiyaya 1,4 milyard avro ödəyib  

Hesabatlar göstərir ki, keçən ilin dekabr ayında Rusiyanın enerjidən gələn gəlirləri noyabr ayına görə 2% azalaraq gündəlik 500 milyon avroya geriləyib. Neft gəlirləri azalıb,  boru xətləri ilə daşınan qaz gəlirlərində isə çox ciddi - 17 faizlik artım qeydə alınıb (gündəlik 70 milyon avro). LNG gəlirləri də noyabra görə  13% artaraq gündəlik 48 milyon avroya çatıb. Dəniz yoluyla daşınan neft məhsulları ixracından əldə edilən gəlir sadəcə keçən ilin dekabrında 10% artaraq Rusiyaya gündə 116 milyon avro qazandırıb (CREA 2025).

2025-ci ilin sonu etibarıyla Aİ hələ də Rusiyanın fosil yanacağının dördüncü böyük alıcısıydı. Təkcə dekabr ayında 5 Aİ ölkəsi aldığı enerjinin müqabilində Rusiyaya 1,4 milyard avro ödəyib (CREA, 2025ə). Bundan əlavə, dekabrda Rusiya xam neftindən istifadə edən Hindistan, Türkiyə və Bruneydəki 5 neft emalı zavodu sanksiya tətbiq edən ölkələrə 943 milyon avro dəyərində neft məhsulu ixrac edib. Bu məhsulların ən böyük idxalçısı yenə Aİ (436 milyon avro  ilə) olub (CREA 2025). 

Dünya Bankının 2025-ci il üçün dəyərləndirməsinə görə,  Rusiya iqtisadiyyatı ümumilikdə olacağı gözlənilir. Buna siyasətin sərtləşməsi, fiskal dəstəyin və ixracın zəifləməsi, uzunmüddətli hərbi xərclərinin yaratdığı problemlər, eləcə də dövlət yönlü kreditləşmənin gücləndirdiyi əmək çatışmazlığı və artan kredit riskləri səbəb göstərilir. Ancaq bank qeyd edir ki, bu zəifləməyə baxmayaraq Rusiya  “müharibə iqtisadiyyatı” hesabına ayaqda qalır (World Bank 2025). 

Rusiyanın sanksiyaların effektini zəiflətmək üçün istifadə etdiyi əsas instrument yuxarıda qeyd etdiyimiz embarqo dəlmə mexanizmidir. Moskva dörd il ərzində bu mexanizmi institutlaşdırıb - üçüncü ölkələr, vasitəçi şirkətlər və manipulyasiyalar yoluyla yenidən ixrac, paralel ixrac kanalları yaradaraq xüsusilə ticarət sahəsində sanksiyalardan müəyyən qədər yan keçməyi bacarıb. Alternativ tədarük marşrutları ilə hərbi-sənaye kompleksi təchizatını davam etdirib, faktiki olaraq bunun üçün yeni idxal strukturu qurub (CEPR 2023). Eyni zamanda enerji sahəsində kölgə donanmasından yayınma mexanizmi kimi istifadəni artırıb və genişləndirib.

NƏTİCƏ 

Dörd ilin mənzərəsi bunu deməyə əsas verir ki, Aİ-nin Rusiyaya qarşı sanksiya siyasəti qısa və orta müddətli təsir baxımından əsas hədəfə - Moskvanı işğaldan çəkindirməyə nail olmayıb. Rusiya iqtisadiyyatına uzunmüddətli təsir, zəiflətmə və xərc artırma baxımından sanksiyalar müəyyən rol oynasa da, icra mexanizmlərinin dağınıq və mürəkkəb olması, Aİ daxilindəki çatlaqlar və üçüncü ölkələr vasitəsilə qurulan paralel iqtisadi kanallar Moskvanın iqtisadi dayanıqlılığını savaşa son verəcək qədər sarsıda bilməyib. Əksinə, Moskva 2022-ci ildən sonra sanksiya rejiminə uyğunlaşma modelini institutlaşdırmağı bacarıb. 

Aİ 2023-cü ildən sonra doğru olaraq sanksiya siyasətini dəyişib - formallıqdan daha çox praktik addımlara keçib. Sanksiya tətbiq olunmayan sahələrə sanksiyalar tətbiq edib, mövcud embarqoların dəlinməsinin qarşısını almaq üçün yeni mexanizmlər formalaşdırıb. 2025-ci ilin ikinci yarısından etibarən isə Aİ daha kritik gəlir mənbələrinə toxunub - enerji axınları, qiymət mexanizmləri və tranzaksiya qadağaları kimi sərt addımlar gündəliyə gəlib. Eyni zamanda enerji asılılığının azaldılması, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya dəstəyə yönəldilməsinə mane olan əsas problemlərin həlli istiqamətində konkret səylər ortaya qoyulub.  

Ancaq yazıdakı faktlar da göstərir ki, bu səylər kifayət etmir. Problem sanksiyaların miqyasında və sərtliyində, ardıcıllığında deyil, onların tətbiq olunmasındadır. Aİ bu sanksiyaların tətbiqində daha ardıcıl olmalı, nəzarət və boşluqları aradan qaldırma mexanizmlərini gücləndirməli, ittifaq daxilindəki Kreml müttəfiqlərinin sabotajlarının qarşısını almaq üçün bu ölkələrin enerji asılılığının və siyasi əlaqələrinin məhdudlaşdırılması istiqamətində mexanizmlər yaratmalı və ya mövcud olan mexanizmləri tətbiq etməli, Rusiyanın ən böyük dəstəkçisi olan “üçüncü ölkələr”ə qarşı təzyiqləri artırmalıdır. 

Hazırda Avropa İttifaqının 20-ci sanksiya paketi ilə bağlı müzakirələr davam edir. Aİ Komissiyası fevralın 9-da 20-ci paket üçün təklifini təqdim edib. Təklifdə ilk dəfə üçüncü ölkələrdəki limanların hədəfə alınması nəzərdə tutulur - Gürcüstan və İndoneziyada Rusiya neftinin emal edildiyi limanlara da sanksiya tətbiq olunması istənilir. Eyni zamanda paketin ilk dəfə üçüncü bir ölkəyə qarşı konkret qadağaları ehtiva etməsi təklif olunur - Qırğızıstanın metalkəsmə, modem, səs-görüntü-data ötürücü kommunikasiya vasitələrinin Aİ-yə satışı qadağan ediləcək. Paket qəbul edilərsə, Qırğızıstan, Laos və Tacikistanın bir neçə bankı da sanksiya siyahısına əlavə ediləcək (Reuters, 9 fevral 2026)  AB Komissiyası sədri Ursula fon der Lyayen  Rusiyanın  bank sistemini və iqtisadi fəaliyyətini maliyyələşdirmək üçün alternativ ödəmə kanalları yaratma qabiliyyətini məhdudlaşdıracaq ciddi addımlar atacaqlarını, Rusiya xam neftiylə bağlı bütün dənizçilik fəaliyyətlərinin qadağan ediləcəyini, sanksiyalardan yayınmanın qarşısını alma mexanizmini ilk dəfə işə salacaqlarını bildirdi (Eunews 2026).

Yeni paketin nə zaman qəbul ediləcəyi hələ məlum deyil, ancaq məlum olan bir şey var - Rusiyanı güzəştli sanksiyalarla, simvolik addımlarla müharibədən çəkindirmək mümkün deyil.  AB Komissyası sədrinin də ifadə etdiyi kimi, “Moskvanın başa düşdüyü yeganə dil” sərt təzyiqdir.


İSTİNADLAR 

Eur-Lex Europa, 2014. “Council Decision 2014/119/CFSP: restrictive measures in respect of actions undermining or threatening the territorial integrity, sovereignty and independence of Ukraine https://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?from=RO&qid=1493039950928&uri=CELEX%3A02014D0119-20170305

Eur-Lex Europa. 2026. “EU restrictive measures in view of Russia’s invasion of Ukraine”. https://eur-lex.europa.eu/EN/legal-content/summary/eu-restrictive-measures-in-view-of-russia-s-invasion-of-ukraine.html

Council of the European Union. 2014. “Declaration on behalf of the European Union on the alignment of certain third countries with the Council Decision 2014/386/CFSP concerning restrictions on goods originating in Crimea or Sevastopol.”  https://www.consilium.europa.eu/media/24755/144318.pdf

Natorski, Michail; Pomorski,  Karolina, 2016. “Trust and Decision-Making in Times of Crisis: The EU’s Response to the Events in Ukraine.” JCMS: Journal of Common Market Studies, 55(1), 54–70. https://onlinelibrary.wiley.com/doi/abs/10.1111/jcms.12445

Portela, Clara; Pospieszna, Paulina; Skrzypczyńska, Joanna; Walentek, Dawid, 2020. “Consensus against all odds: explaining the persistence of EU sanctions on Russia.” Journal of European Integration, 43(6), 683–699. https://www.tandfonline.com/doi/full/10.1080/07036337.2020.1803854

Ceiger, Lara, 2022. “2014 Sanctions Against Russia Failed, is the Second Time the Charm?” https://www.cpreview.org/articles/2022/4/2014-sanctions-against-russia-failed-is-the-second-time-the-charm

Bret, Cyrillet, 2021. “Do Sanctions Make a Policy?” Jacques Delors Institute, Policy Paper № 260. https://institutdelors.eu/content/uploads/2025/04/PP260_210322_SanctionsRussie_Bret_EN.pdf

Council of the European Union, 2022. “Russian recognition of the non-government controlled areas of the Donetsk and Luhansk oblasts of Ukraine as independent entities: EU adopts package of sanctions.” https://www.consilium.europa.eu/en/press/press-releases/2022/02/23/russian-recognition-of-the-non-government-controlled-areas-of-the-donetsk-and-luhansk-oblasts-of-ukraine-as-independent-entities-eu-adopts-package-of-sanctions/

European Commission, 2025. “Sanctions adopted following Russia’s military aggression against Ukraine.” https://finance.ec.europa.eu/eu-and-world/sanctions-restrictive-measures/sanctions-adopted-following-russias-military-aggression-against-ukraine_en

LSM( Latvian Public Media ), 2022. “Baltic states stop importing Russian gas.” https://eng.lsm.lv/article/economy/economy/baltic-states-stop-importing-russian-gas.a450830/

European Commission, 2022. “REPowerEU.” https://commission.europa.eu/topics/energy/repowereu_en

Chupilkin, Maxim;Javorcik, Beata; Plehanov, Alexander,  2023. The Eurasian roundabout: Trade flows into Russia through the Caucasus and Central Asia. EBRD. https://www.ebrd.com/home/news-and-events/publications/economics/working-papers/the-eurasian-roundabout.html

Pierzchała, Bartłomiej, 2025. “Finding our bearings: tracking circumvention of EU dual-use sanctions on Russia.” OSW Commentary. https://www.osw.waw.pl/en/publikacje/osw-commentary/2025-05-14/finding-our-bearings-tracking-circumvention-eu-dual-use

European Commission 2023. “Guidance for EU operators: Russia sanctions circumvention.” https://finance.ec.europa.eu/system/files/2023-12/guidance-eu-operators-russia-sanctions-circumvention_en.pdf

Levi, İsaac;Katinas, Petras;Myllyvirta, Lauri və Hemalatha Kartikeyan, 2023.  Shedding light on “shadow tankers”. https://energyandcleanair.org/wp/wp-content/uploads/2023/09/CREA_Russias-shadow-tankers_09.2023.pdf

Reuters, 2022. “Best we could get: EU bows to Hungarian demands to agree Russian oil ban.” https://www.reuters.com/world/europe/best-we-could-get-eu-bows-hungarian-demands-agree-russian-oil-ban-2022-05-31/

European Commission. 2025. “EU adopts 17th package of sanctions against Russia.” https://finance.ec.europa.eu/news/eu-adopts-17th-package-sanctions-against-russia-2025-05-20_en

Veber, Marusa. 2025. EU sanctions and Russia's frozen assets. https://www.europarl.europa.eu/RegData/etudes/STUD/2025/754487/EXPO_STU%282025%29754487_EN.pdf

Reuters, 2025. How does the EU want to use Russia's frozen assets for Ukraine? https://www.reuters.com/business/finance/how-will-west-use-russias-frozen-assets-2025-10-02/

Seabright, Xenia, 2025. Frozen Funds, Real Aid: EU’s Cash Rescue for Ukraine. https://www.juwiss.de/71-2025

Eur-Lex Europa, 2025. “Council Decision 2014/512/CFSP (consolidated).” https://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?qid=1768168238150&uri=CELEX%3A02014D0512-20251224

Eurostat, 2025. “EU trade with Russia – latest developments.” https://ec.europa.eu/eurostat/statistics-explained/index.php?title=EU_trade_with_Russia_-_latest_developments

CREA, 2025. December 2025 — Monthly analysis of Russian fossil fuel exports and sanctions. https://energyandcleanair.org/december-2025-monthly-analysis-of-russian-fossil-fuel-exports-and-sanctions/

Reuters.2026. “EU says no short-term oil supply risk to Hungary and Slovakia.” https://www.reuters.com/business/energy/eu-says-no-short-term-oil-supply-risk-hungary-slovakia-2026-02-17/

Council of the European Union. 2026. Russian gas imports: Council gives final green light to a stepwise ban. https://www.consilium.europa.eu/en/press/press-releases/2026/01/26/russian-gas-imports-council-gives-final-greenlight-to-a-stepwise-ban/

Bellona, 2025. “EU and US reduce Russian uranium and nuclear fuel purchases in 2024.” https://bellona.org/news/nuclear-issues/2025-01-eu-and-us-reduce-russian-uranium-and-nuclear-fuel-purchases-in-2024

World Bank, 2025. “Europe and Central Asia Economic Update.” https://www.worldbank.org/en/region/eca/publication/europe-and-central-asia-economic-update

CEPR, 2023. “The impact of EU sanctions on Russian imports.” https://cepr.org/voxeu/columns/impact-eu-sanctions-russian-imports

Reuters, 2026. EU proposes sanctions on Georgian, Indonesian ports for handling Russian oil. https://www.reuters.com/world/eu-proposes-add-two-third-country-oil-ports-new-sanctions-package-2026-02-09/

Eunews, 2026. Ukraine, the 20th package of EU sanctions against Russia. Von der Leyen: “Only language Moscow understands” https://www.eunews.it/en/2026/02/06/ukraine-20th-package-of-eu-sanctions-against-russia-von-der-leyen-only-language-moscow-understands/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin