Research paper

Postsovet nomenklaturası avtoritarizmin institusional resursu kimi

Postsovet nomenklaturası avtoritarizmin institusional resursu kimi

(Yazı postsovet avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb) 

I hissə

Bu tədqiqat göstərir ki, sovet nomenklaturası postsovet məkanında müasir avtoritar rejimlərin struktur, ideoloji və texnokratik dayağı kimi fəaliyyət göstərir. Nomenklaturanın idarəetmə bacarığı, repressiv aparatla simbiozu və rəqəmsal nəzarət texnologiyaları ilə sintezi onu avtoritar modernizasiyanın əsas aktoruna çevirir. Onun davamlılığı demokratik keçidə struktur, mədəni və ideoloji baryer yaradır. Bu təsirdən qurtulmaq üçün siyasi, institusional və texnoloji sahələrdə kompleks transformasiyalar aparılmalıdır.

 Giriş

Sovet İttifaqının dağılması ilə postsosialist məkan yeni dövlət quruculuğu mərhələsinə qədəm qoydu. Lakin gözlənilən demokratik transformasiyalar bu bölgənin əksər ölkələrində ya yarımçıq qaldı, ya da tamamilə uğursuzluğa düçar oldu. Bu uğursuzluğun səbəbləri siyasi tədqiqatlar çərçivəsində müxtəlif aspektlərdən izah olunsa da, onlardan biri uzun müddət yetərincə diqqətdən kənarda qalan, lakin strateji əhəmiyyət daşıyan bir amildir – sovet nomenklaturasının siyasi, institusional və ideoloji irs kimi yeni rejimlərə ötürülməsi.

Nomenklatura anlayışı sovet idarəetmə sistemində yüksək vəzifələrin partiya tərəfindən təsdiqlənmiş şəxslərə ayrılması praktikasını ifadə edir. Bu sistem həm inzibati struktur, həm də siyasi loyallığın, şaquli patronajın və təkrar kadr istehsalının əsas dayağı idi. Sovet dövründə formalaşmış bu kadr elitası SSRİ-nin süqutundan sonra da siyasi və iqtisadi hakimiyyət dairələrində qalmağı bacardı. Bir çox hallarda isə yeni yaranan avtoritar rejimlərin təşəkkülündə və davamlılığında əsas rol oynadı.

Bu yazının əsas məqsədi, postsovet məkanında keçmiş nomenklatura təbəqəsinin avtoritar rejimlərin qurulması və möhkəmlənməsi prosesində oynadığı rolu iki mərhələdə təhlil etməkdir. Araşdırmada əsas tezis ondan ibarətdir ki, nomenklatura irsi avtoritarizmin institusional resursudur. Bu resurs siyasi sabitlik adı altında loyallıq şəbəkələrinin qorunması və hüquqi-inzibati sistemin avtoritar məqsədlərlə yönləndirilməsi vasitəsilə davam etdirilir.

Bu kontekstdə, yazı əvvəlcə sovet nomenklaturasının struktur və funksiyalarını qısa şəkildə nəzərdən keçirəcək, daha sonra onun postsovet dönəmindəki transformasiyasını və avtoritar rejimlərin ondan necə faydalandığını izah edəcək. Müqayisəli şəkildə, Azərbaycan, Rusiya, Tacikistan və Gürcüstan timsalında müxtəlif nəticələr doğuran nümunələri göstəriləcək. Nəticədə isə, nomenklaturanın postsovet siyasi sistemlərində avtoritar modernizasiyanın mərkəzi elementi olduğu iddia ediləcək.

Tədqiqat sualı
Nomenklatura strukturlarının varisliyi postsovet ölkələrdə demokratik keçidə necə mane olur?

Əsas tezis 

Postsovet ölkələrdə sovet nomenklatura elitasının siyasi və iqtisadi gücünü qoruyub saxlaması, demokratik institutların formalaşmasına qarşı  əngəl olub, kleptokratik idarəetmənin və avtoritar konsolidasiyanın  dayaq sütununa çevrilib.

Tarixi kontekst: Sovet nomenklaturasının formalaşması və funksiyası

Sovet nomenklaturası siyasi idarəetmə texnologiyası kimi Sovet İttifaqının quruluşu və inkişafı ilə paralel şəkildə formalaşmış, onun bütün institusional həyatına nüfuz etmişdi. Bu strukturun təməli 1920-ci illərin ortalarından başlayaraq sistemli şəkildə qurulmağa başlandı və xüsusilə Stalinin hakimiyyəti dövründə dövlətin mərkəzləşdirilməsi və siyasi nəzarətin sərtləşdirilməsi prosesləri ilə eyni ritmdə genişləndi (Hough, 1979a).

Nomenklatura anlayışı
“Nomenklatura” termini sovet siyasi idarəetmə sistemində kadr siyahısı mənasını daşıyırdı: bu siyahı üzrə partiyanın kadr orqanları tərəfindən təyinat və təsdiq səlahiyyəti olan yüksək vəzifələr müəyyən edilirdi. Əsasən Mərkəzi Komitənin kadrlar şöbəsi və yerli partiya orqanları bu siyahılara nəzarət edir, onların təyinatı isə mütləq şəkildə “etibarlılıq”, yəni partiyaya şəxsi və ideoloji sədaqət əsasında həyata keçirilirdi (Voslensky, 1984a). Bu sistem Sovet dövlətinin real güc mərkəzi kimi fəaliyyət göstərirdi. Nomenklatura təyinatı partiya postlarını, dövlət qurumlarını, iqtisadi strukturları (kolxoz, zavod, planlaşdırma orqanları), mədəniyyət və təhsil sahələrini də əhatə edirdi.

 Beləliklə, siyasi loyallıq və partiya nəzarəti sovet cəmiyyətinin bütün təbəqələrinə sistemli şəkildə nüfuz edirdi (Waller, 1981a).

Stalin dövründə mərkəzləşmə və qorxu üzərində qurulan sadiqlik
1930-cu illərdən başlayaraq nomenklatura sistemi həm mərkəzləşmiş nəzarət, həm də repressiv dövlət maşını ilə üzvi şəkildə birləşdirildi. Stalin dövrünün kadr siyasətində “mütləq sadiqlik” prinsipinə əsaslanan təyinatlar mövcud idi: şəxsin bacarığı yox, ideoloji itaəti əsas meyar sayılırdı. Bu səbəbdən nomenklatura, öz içində rotasiya və “təmizləmə” (чистка) mexanizmləri ilə daimi qorxu və mükafat arasında tarazlıq yaradan bir struktur idi (Hough, 1979b).

Stalinist repressiyalar nomenklaturanın möhkəmləndirici amili kimi işləyirdi. Çünki şəxsi təhlükəsizlik yalnız sistemə sadiqlik və yuxarıdan gələn siqnalları qeyd-şərtsiz icra etməklə mümkün idi. Bu dövrdə formalaşmış “itaətkarlıq–imtiyaz–toxunulmazlıq” üçbucağı, nomenklaturanın qorxu üzərində qurulan həmrəylik modelinə çevrildi.

Sosial struktur kimi nomenklatura
Nomenklatura sistemi, zamanla həm idarəetmə elitası, həm də yarırəsmi, amma aydın sərhədləri olan bir sosial təbəqə halına gəldi. Bu təbəqəyə daxil olmaq və orada qalmaq siyasi şərtlərlə sıx bağlı olsa da, bu statusun gətirdiyi maddi və simvolik imtiyazlar sistemi mövcud idi. Məsələn, nomenklatura üzvləri üçün ayrılmış mənzillər, təminat mağazaları (спецмагазины), sanatoriyalar, xarici səfərlər və s. vasitəsilə sosial diferensiasiya və təbəqələşmə dərinləşirdi (Ledeneva, 1998a).

Bu struktur sosial mobilizasiya imkanlarını məhdudlaşdırır, eyni zamanda SSRİ daxilində alternativ elitaların və ya müstəqil ictimai dinamizmin formalaşmasının qarşısını alırdı. Beləliklə, sovet sistemində həm iqtisadi planlaşdırma, həm də mərkəzləşdirilmiş elita inşası paralel şəkildə həyata keçirilirdi.

Reproduktiv mexanizm
Nomenklatura sisteminin davamlılığını təmin edən əsas faktorlardan biri onun reproduktiv xarakteridir, yəni sistemin özü öz daxilində kadr yetişdirir və yüksəliş imkanlarını yalnız daxili dairələrdə mümkün edir. Bu, rəsmi baxımdan “partiya məktəbləri”, “Lenin adına ali məktəblər”, və digər ideoloji kadr hazırlığı proqramları ilə əsaslandırılsa da, reallıqda yüksəliş daha çox şəxsi münasibətlərə, patron-klient münasibətlərinə və loyallıq göstəricilərinə əsaslanırdı.

Bu sistem sovetlərdə qeyri-formal patronaj şəbəkələrinin hökm sürdüyünü göstərir. Elə bu səbəbdən nomenklatura həm də informal siyasətin rəsmi institutlar üzərində dominantlığına xidmət edirdi (Ledeneva 1998b).

1970–80-ci illər: deqradasiya
Leonid Brejnev dövrü nomenklaturanın apogeyi və eyni zamanda bürokratik deqradasiyası dövrü sayılır. Bu mərhələdə sistem özünün inzibati rasionallığını, qərarvermə dinamizmini itirərək möhkəm amma səmərəsiz bir aparat halına gəldi. Elita daxilində rotasiyanın zəifləməsi, yaşlı kadrların mövqelərini uzun illər qoruması və innovasiya qarşısında müqavimət, bu sistemin gələcək çöküşünü öncədən xəbər verirdi (Brown 2009a).

Bununla belə, bu struktur bütün zəifliklərinə baxmayaraq, postsovet keçid dövründə ən “hazır” və “təcrübəli” elit təbəqə kimi fəaliyyətə davam etdi. SSRİ dağıldıqdan sonra hərbi, təhlükəsizlik, inzibati və iqtisadi institutlarda məhz nomenklatura üzvləri öz mövqelərini qorumağı bacardılar.  Bu da onların yalnız keçmişin bir hissəsi deyil, gələcəyin siyasi memarları kimi çıxış etməsinə zəmin yaratdı.

Nomenklaturanın transformasiyası

Sovet İttifaqının süqutu ilə yaranan siyasi boşluq və institusional xaos, ilk baxışda yeni və demokratik elitaların formalaşması üçün əlverişli imkanlar kimi görünürdü. Lakin 1990-cı illərdə baş verən proseslər göstərdi ki, keçmiş sovet nomenklaturası postsovet keçidin əsas aktiv memarıdır. Nomenklatura elitası yeni tarixi şəraitdə yalnız sağ qalmağı deyil, həm də siyasi və iqtisadi sistemin aparıcı aktoruna çevrilməyi bacardı (Brown, 2009b).

Struktur mövqelərin saxlanması
Bir çox postsovet respublikalarında dövlətin inzibati aparatını, hüquq-mühafizə və təhlükəsizlik strukturlarını, həmçinin yerli özünüidarəetmə qurumlarını 1991-ci ildən sonra da köhnə kadrlar idarə etməyə davam etdilər. Bu, keçid prosesinin ilkin mərhələsində kadr çatışmazlığı, alternativ siyasi resursların zəifliyi və vətəndaş cəmiyyətinin qeyri-formallığı ilə izah olunsa da, əslində keçmiş nomenklatura elitasının inzibati resurslar və informasiya axını üzərində nəzarəti qoruması ilə bağlı idi (Waller, 1981b).

Məsələn, Azərbaycanda Heydər Əliyev, Rusiyada Boris Yeltsin və sonrakı dövrdə Vladimir Putin, Qazaxıstanda Nursultan Nazarbayev, Özbəkistanda İslam Kərimov keçmiş partiya və ya təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutmuş şəxslər idi. Onların dövlət aparatının strukturunu tanıması, şəxsi şəbəkələrə malik olması və siyasi iqlimdəki qeyri-müəyyənlikdən yararlana bilməsi, keçmişin struktur resurslarının gələcəyə daşınmasına səbəb oldu.

 İdeoloji çeviklik və ritorik uyğunlaşma
Nomenklatura elitasının ən mühüm üstünlüklərindən biri ideoloji çevikliyidir. Sovet dövründə kollektivist, antikapitalist və partiya sədaqəti üzərində qurulmuş ritorika, 1990-cı illərdən başlayaraq “milli maraqlar”, “milli dövlətçiliyin qorunması”, “sabitlik” və “inkişaf” diskursları ilə əvəz olundu. Bu ritorik dəyişiklik, həm də legitimlik resurslarının yenidən istehsalı baxımından strateji əhəmiyyət daşıyırdı (Brown 2009c).

Məsələn, Azərbaycanda Heydər Əliyevin “müstəqilliyin memarı” və “milli lider” obrazı, keçmiş sovet funksionerini, nə qədər absurd olsa da, postsovet dövlətin qurucu atası kimi təqdim edir. Bu transformasiya nəticəsində keçmiş nomenklatura simaları milli yaddaşı və dövlət ideologiyasını formalaşdıran fiqurlar kimi təqdim olunurlar. Bu, siyasi rəqabəti sırf praktiki sahədən çıxarıb, mənəvi sahəyə keçirməklə alternativ elitaların legitimlik imkanlarını daraltdı (Ledeneva 1998c).

Patronaj şəbəkələrinin yenidən qurulması
Siyasi transformasiya ilə yanaşı, 1990-cı illərin iqtisadi liberallaşması və dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesləri də keçmiş nomenklatura üçün yeni imkanlar yaratdı. Mülkiyyətin özəlləşdirilməsi əslində çox vaxt partiya aparatının və iqtisadi hakimiyyətin KQB-nin köhnə şəbəkələrinin əlində cəmləşməsinə gətirib çıxardı (Ledeneva 1998d). Bu proses nəticəsində postsovet məkanında oliqarxik kapitalizmin nomenklatur tipləri formalaşdı.

Ənənəvi “yuxarıdan aşağıya” patronaj əlaqələri yeni iqtisadi patronajla sintez olundu: ali məmurlar, keçmiş partiya elitası və təhlükəsizlik orqanlarının rəhbərləri özəlləşdirilmiş iqtisadi aktivlər və inzibati qərarvermə imkanları arasında birbaşa körpü yaratdılar. Bu əlaqə həm avtoritar sistemlərin stabil maliyyə dayağına çevrildi, həm də hakimiyyətin sosial bazasını genişləndirdi (Voslensky 1984b).

Yeni simalar altında köhnə sistem
Sovet nomenklaturasının transformasiyası həm struktur və iqtisadi, həm də vizual və simvolik səviyyədə baş verdi. Postsovet liderləri, Rusiya və Mərkəzi Asiya liderlərindən Azərbaycana qədər, özlərini ya “milli yeniləşmə strategiyasının müəllifləri”, ya da “köhnə sistemin pozulmasının qarşısını alan sabitlik qüvvələri” kimi təqdim etdilər. Onların şəxsiyyətləri dövlətlə eyniləşdirildi. Siyasi alternativlər isə “sistemi riskə atan”, “təcrübəsiz”, “xarici qüvvələrin əlində oyuncaq olan” aktorlar kimi damğalandı (Brown 2009d). Bu şəraitdə nomenklatura irsi qəribə şəkildə milli kimlik inşasında dominant rol aldı. 

Nəticə etibarilə, keçmiş sovet nomenklaturası nə sıradan çıxdı, nə də siyasi sistemin kənarında qaldı. O, təkamül yolu ilə yeni diskurslara uyğunlaşdı, fərqli adlar altında – “yeni elita”, “oliqarxiya”, “milli liderlik” – fəaliyyətini davam etdirdi və postsovet avtoritarizminin institusional daşıyıcısına çevrildi. Bu təkamül həm dövlət aparatının davamlılığını təmin etdi, həm də demokratik transformasiyanın qarşısında keçilməz əngəl yaratdı.

Nomenklatura rejimlərinin avtoritar dirənişdə rolu

Postsovet məkanında demokratik keçidin ləngiməsi, avtoritarizmin uzunömürlülüyü və siyasi rəqabətin zəifləməsi təkcə hüquqi-institusional amillərlə izah oluna bilməz. Bu tendensiyaların arxasında dayanan dərin struktur resurslardan biri də keçmiş sovet nomenklaturasının siyasi varlığı və çevik transformasiya qabiliyyətidir. 

Vizualdan göründüyü kimi nomenklaturanın avtoritar rejimlərin dayanıqlığına verdiyi töhfə dörd əsas funksional səviyyədə izah oluna bilər: idarəetmə bacarıqları, legitimlik ritorikası, repressiv aparatla əlaqə və texnokratik sintez.

 İdarəetmə resursları
Nomenklatura elitası SSRİ dövründə yüksək dərəcədə mərkəzləşdirilmiş planlaşdırma sistemində çalışaraq strateji idarəetmə bacarıqları və informasiya nəzarəti üzrə unikal təcrübə toplamışdı. Bu idarəetmə “bilik kapitalı” postsovet dövrdə dəfələrlə istifadə olundu. Xüsusilə inzibati aparatın yenidən qurulması, təcili qərarvermə və fövqəladə şəraitdə idarəetmə zamanı (Hough 1979c).

Bundan əlavə, bu təbəqənin daşıdığı şəxsi və qeyri-rəsmi əlaqə şəbəkələri, regional partiya rəhbərləri, təhlükəsizlik orqanları, sənaye müəssisələrinin direktorları arasında formalaşmış münasibətlər, bürokratik patronaj sistemlərinin bərpasında mühüm rol oynadı. Nəticədə, yeni rejimlər “müasir dövlət idarəçiliyi” maskası altında şəxsi asılılıqlara və mükafatlandırma mexanizmlərinə əsaslanan postsovet idarəetmə rejimləri qurdu (Ledeneva 1998d).

 Loyallıq şəbəkəsi və “sabitlik” diskursu
Nomenklatura elitası öz mövcudluğunu “təcrübə”, “dövlətçilik ənənəsi” və “sabitliyin təminatı” kimi ritorikalarla əsaslandıraraq alternativ siyasi qüvvələri ya təhlükəli, ya da qeyri-peşəkar kimi təqdim edir (Brown 2009e). Bu, siyasi rəqiblərin marginallaşdırılması və vətəndaşların psixoloji loyallığını təmin etmək məqsədi daşıyır.

Azərbaycan nümunəsində bu diskurs açıq şəkildə görünür. Heydər Əliyev və onun oğlu İlham Əliyev özlərini sistemi bilən, təcrübəli və dövlət quruculuğunun canlı daşıyıcıları kimi təqdim edir. Müxalif qüvvələr isə "təcrübəsizlik", "xarici təsirə açıqlıq" və "qarışıqlıq yaratmaq istəyi" ilə damğalanır. Beləliklə, rejim özünə mənəvi və texnokratik üstünlük statusu verir.

Nomenklaturanın təhlükəsizliklə simbiozu
Nomenklatura rejimlərinin dirəniş qabiliyyətinin əsas elementlərindən biri də onların repressiv aparatla uzunmüddətli sıx münasibətlərə malik olmasıdır. SSRİ dövründə partiya ilə KQB arasında yaranmış qarşılıqlı etibar və funksional sinxronluq postsovet dövrdə də davam edir. Bu münasibətlər Rusiya və Azərbaycanda daha aydın şəkildə təzahür edir.

Vladimir Putinin keçmiş KQB zabiti olması və onun dövründə təhlükəsizlik orqanlarının siyasi hakimiyyətin mərkəzinə yerləşdirilməsi bu modelin klassik nümunəsidir (Ledeneva 1998e). Azərbaycanda da 1990-cı illərin sonlarından etibarən sabiq KQB əməkdaşlarının və partiya funksionerlərinin məhkəmə-hüquq sistemindəki dominantlığı repressiyanın hüquqiləşdirilməsi (“avtoritar qanunçuluq”) tendensiyasını gücləndirdi (Marc Weinstein, 2023).

Bu struktur model repressiyanı sistemli və normativ hala gətirərək, onu sadəcə qorxutma vasitəsi deyil, həm də qanuni idarəetmə alətinə çevirir.

Texnokratik sintez və avtoritar modernizasiya
Postsovet məkanının avtoritar rejimləri təkcə sovet dövründən miras qalmış idarəetmə strukturunu qorumaqla kifayətlənmirlər. Eyni zamanda bu strukturu müasir idarəetmə texnologiyaları, kommunikasiya strategiyaları və texnoloji nəzarət alətləri ilə sintez edərək onu yenidən formatlayırlar. Bu proses, yəni keçmişin institusional və ideoloji resurslarının müasir texnokratik vasitələrlə birləşdirilməsi, performativ avtoritarizmin (Gerschewski, 2013) formalaşmasına gətirib çıxarır.

İdarəetmə rasionalizmi və texnokratik hegemonluq

Yeni dövr nomenklaturası artıq sırf siyasi sədaqət əsasında fəaliyyət göstərən aparat deyil. O, “idarəetmə səmərəliliyi”, “rəqəmsal xidmətlər”, “dayanıqlı inkişaf” və digər texnokratik diskursları mənimsəməklə həm yerli, həm də beynəlxalq auditoriyaya yönəlik rasionallıq görüntüsü yaradır (Schedler, 2006).

Bu texnokratik rasionallıq əsasən üç istiqamətdə özünü göstərir:

  1. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması:
    Estoniya və Gürcüstan kimi nisbətən daha demokratik postsovet ölkələrindən ilham alan avtoritar rejimlər də rəqəmsal idarəetmə alətlərini tətbiq edərək ictimai xidmətlərin “modernləşdirilməsi” görüntüsü yaradır. Azərbaycanın ASAN Xidmət modeli, Qazaxıstandakı “eGov.kz” platforması bu cəhdlərin nümunəsidir.
  2. Texnokratik kadrların yüksəlişi:
     Prezident administrasiyalarında və iqtisadi qurumlarda texniki ixtisaslı, Qərbdə təhsil almış və beynəlxalq təşkilatlarla işləmə təcrübəsi olan şəxslər önə çəkilir. Amma bu yüksəlişlər çox zaman siyasi sədaqətlə şərtlənmiş texnokratik legitimlik çərçivəsində baş verir (Frye, 2010). Bu, “təyin olunmuş mütəxəssis” ilə “müstəqil ekspert” arasında fərqin silinməsinə gətirib çıxarır.
  3. Beynəlxalq neytrallaşdırma strategiyası:
     Texnokratik diskursdan istifadə edərək avtoritar rejimlər Qərb institutları ilə münasibətlərdə “reformaya açıq”, “müasir dövlət” imici yaratmağa çalışır. Bu isə onlara tənqidlərə qarşı tampon yaratmaq imkanı verir, insan haqları və demokratik institutlarla bağlı çağırışlar isə texniki məsələlərə çevrilir. (Marc F. Plattner, 2019).

Rəqəmsal avtoritarizmin performativ çərçivəsi


Bu sxem göstərir ki, avtoritar rejimlər modern texnologiya, rəqəmsallaşma və xaricdə təhsil almış texnokratları "islahatçı görüntü" yaratmaq üçün alət kimi istifadə edirlər. Bu elementlər, əslində rejimin demokratikləşməsini təmin etməsə də, onun legitimliyini həm daxildə, həm də xaricdə gücləndirmək üçün performativ şəkildə işlədilir. Son nəticədə yaranan sistem isə effektiv idarəetmədən çox, “idarəetmənin səmərəli göründüyü” bir avtoritarizmdir.
Texnokratik sintez eyni zamanda rəqəmsal nəzarət texnologiyalarının tətbiqini normallaşdırır. Avtoritar rejimlər bu texnologiyaları:

  • İctimai narazılığı monitorinq etmək,
  • İnformasiya axınını yönləndirmək,
  • Onlayn fəallığı bastırmaq məqsədilə istifadə edirlər (Polyakova, 2019).

Məsələn, Rusiya və Azərbaycan bu sahədə qabaqcıl texnoloji infrastruktur qurub: sosial medianın avtomatik monitorinq sistemləri, “Deep Packet Inspection” (dərin paket təftişi) texnologiyaları, süni intellektlə dəstəklənən üz tanıma və sosial profilləşdirmə mexanizmləri avtoritar performativliyin bariz təzahürüdür.

Bu, artıq idarəetmə bacarığını sübut edən texnoloji legitimlik arqumentinə çevrilib. Yəni, vətəndaşlara “baxın, biz sizə sürətli xidmət göstəririk və sabitliyi qoruyuruq” deyən, eyni zamanda hamının davranışlarını izləyən və nəzarətdə saxlayan bir sistem yaradılır (Gunitsky, 2015).

Birinci hissə üçün nəticə

Postsovet nomenklaturası institutlaşmış idarəetmə təcrübəsi, patrimonial əlaqələri, hüquqi sistemlə simbiozu və texnoloji infrastrukturla sintezi sayəsində “demokratiya qarşısında davamlı və çevik alternativ” statusunu qoruyur.

Demokratiyaya keçid ümidi yalnız formal seçki, konstitusiya dəyişiklikləri və ya partiya rəqabəti ilə məhdudlaşsa, bu rejimlər sadəcə formasını dəyişərək fəaliyyətlərini davam etdirə bilər. Məhz buna görə, demokratik transformasiya aşağıdakı sahələrdə eyni anda həyata keçirilməlidir:

  • Sosial: vətəndaş iştirakının və tənqidi düşüncənin təşviqi;
  • İdeoloji: dominant diskursun dekonstruksiyası və alternativ narrativlərin təşviqi;
  • İnstitusional: köhnə kadrlardan və patronaj şəbəkələrindən təmizlənmiş şəffaf idarəetmə sistemləri;
  • Texnoloji: rəqəmsal nəzarətin normativ çərçivəyə salınması və ictimai nəzarətin gücləndirilməsi.

Əks halda, keçid prosesləri yalnız formaca demokratik, məzmunca isə nomenklatura avtoritarizminin modern formatı olaraq qalır və bir-iki istisna ilə bütün postsovet məkan buna bariz nümunədir.

İstinadlar: 

Jerry F. Hough, (a) How the Soviet Union Is Governed (Cambridge: Harvard University Press, 1979). https://archive.org/details/howsovietunionis0000houg 

Michael Voslensky (a) Nomenklatura: The Soviet Ruling Class (New York: Doubleday, 1984). https://www.amazon.com/Nomenklatura-Soviet-Ruling-Michael-Voslensky/dp/0385176570 

Waller, Michael. 1981a. [Review of Political Culture and Soviet Politics, by S. White]. The Slavonic and East European Review, 59(1), 132–134. http://www.jstor.org/stable/4208242 

Jerry F. Hough, (b) How the Soviet Union Is Governed (Cambridge: Harvard University Press, 1979). https://archive.org/details/howsovietunionis0000houg 

Alena V. Ledeneva (a) Russia’s Economy of Favours: Blat, Networking and Informal Exchange (Cambridge: Cambridge University Press, 1998). https://www.cambridge.org/us/universitypress/subjects/sociology/political-sociology/russias-economy-favours-blat-networking-and-informal-exchange?format=PB&isbn=9780521627436 

Archie Brown, (a) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Archie Brown, (b) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Waller, Michael. 1981b. [Review of Political Culture and Soviet Politics, by S. White]. The Slavonic and East European Review, 59(1), 132–134. http://www.jstor.org/stable/4208242 

Archie Brown, (c) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Alena V. Ledeneva (b) Russia’s Economy of Favours: Blat, Networking and Informal Exchange (Cambridge: Cambridge University Press, 1998). https://www.cambridge.org/us/universitypress/subjects/sociology/political-sociology/russias-economy-favours-blat-networking-and-informal-exchange?format=PB&isbn=9780521627436 

Michael Voslensky (b) Nomenklatura: The Soviet Ruling Class (New York: Doubleday, 1984). https://www.amazon.com/Nomenklatura-Soviet-Ruling-Michael-Voslensky/dp/0385176570 

Archie Brown, (d) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Jerry F. Hough, (c) How the Soviet Union Is Governed (Cambridge: Harvard University Press, 1979). https://archive.org/details/howsovietunionis0000houg 

Alena V. Ledeneva (d) Russia’s Economy of Favours: Blat, Networking and Informal Exchange (Cambridge: Cambridge University Press, 1998). https://www.cambridge.org/us/universitypress/subjects/sociology/political-sociology/russias-economy-favours-blat-networking-and-informal-exchange?format=PB&isbn=9780521627436 

Archie Brown, (e) The Rise and Fall of Communism (London: Bodley Head, 2009). https://www.cvs.edu.in/upload/Archie%20Brown%20-%20The%20Rise%20and%20Fall%20of%20Communism%20(2009).pdf 

Marc Weinstein,2023. Autocratic Legalism and the Threat to Academic Freedom: Are We Learning the Right Lessons from Europe? https://www.aaup.org/sites/default/files/Weinstein_Blanchard_JAF14.pdf 

Alena V. Ledeneva (e) Russia’s Economy of Favours: Blat, Networking and Informal Exchange (Cambridge: Cambridge University Press, 1998). https://www.cambridge.org/us/universitypress/subjects/sociology/political-sociology/russias-economy-favours-blat-networking-and-informal-exchange?format=PB&isbn=9780521627436 

Gerschewski, J. (2013). The Three Pillars of Stability: Legitimation, Repression, and Co-optation. Democratization.
https://doi.org/10.1080/13510347.2013.738860 

Schedler, A. (2006). The Logic of Electoral Authoritarianism. Lynne Rienner Publishers.
https://www.rienner.com/title/The_Logic_of_Electoral_Authoritarianism 

Frye, T. (2010). Building States and Markets after Communism. Cambridge University Press. https://assets.cambridge.org/97805217/34622/frontmatter/9780521734622_frontmatter.pdf 

Marc F. Plattner. (2019). Why Illiberal Democracy is on the Rise. Journal of Democracy.
https://www.journalofdemocracy.org/articles/illiberal-democracy-and-the-struggle-on-the-right/ 

Polyakova, A., & Meserole, C. (2019). Exporting Digital Authoritarianism. Brookings Institution.
https://policycommons.net/artifacts/3527460/exporting-digital-authoritarianism/4328250/ 

Gunitsky, S. (2015). Corrupting the Cyber-Commons: Social Media as a Tool of Autocratic Stability. Perspectives on Politics.
https://www.cambridge.org/core/journals/perspectives-on-politics/article/corrupting-the-cybercommons-social-media-as-a-tool-of-autocratic-stability/CD2CCFAB91935ED3E533B2CBB3F8A4F5 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin