Ekspert

Elman Fəttah

1 Şərh

Elman Fəttah 1974-cü ildə Azərbaycanın Şəki şəhərində anadan olub. Ali təhsilini Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə başa vurub. Siyasi fəaliyyətə 2000-ci illərin əvvəllərindən etibarən başlayıb və uzun müddət Müsavat Partiyasında davam edib. 2000–2023-cü illər ərzində partiyanın fəal üzvü kimi fəaliyyət göstərib, 2014–2017-ci illərdə isə partiyanın Divan üzvü və başqan müavini vəzifələrində çalışıb.

Hazırda Elman Fəttah III Respublika Platforması (ResPlatforma) adlı siyasi təşəbbüsün qurucu heyət üzvüdür. 2023-cü ilin dekabrında ictimaiyyətə təqdim olunan ResPlatforma, Azərbaycanın mövcud avtoritar idarəçilik modelini yalnız siyasi müstəvidə deyil, həm də intelektual səviyyədə tənqid etməyə yönəlmiş yeni siyasi təşəbbüsdür. “Tək adama deyil, hüquqa itaət edirik!” şüarı ilə çıxış edən bu təşəbbüs,dövlətin əks mərkəzləşdirilməsini, siyasi plüralizmin və vətəndaş iştirakçılığının gücləndirilməsini hədəfləyir.

Elman Fəttah, siyasi təcrübəsi ilə yanaşı, həm də siyasi analitik kimi tanınır. Onun əsas tədqiqat istiqamətləri avtoritarizmin müasir formaları, postsovet ölkələrində demokratik geriləmə və vətəndaş cəmiyyətinin zəifləməsi problemləri ilə bağlıdır. Onun müəllifi olduğu “Yeni Avtoritarizm və Azərbaycan” adlı kitab bu mövzuda yazılmış mühüm mənbələrdən biri hesab olunur. Kitabda Azərbaycan rejiminin formal olaraq demokratik institutları qoruyub saxlasa da, əslində onların funksional fəaliyyətini necə sıradan çıxardığı geniş təhlil olunur. 

Elman Fəttah eyni zamanda müxtəlif media platformalarında yayımlanan məqalə və siyasi analizləri ilə də tanınır. Onun yazılarında əsas diqqət Azərbaycan-Ermənistan münasibətləri, Cənubi Qafqaz regionunda güc balansı, beynəlxalq diplomatik proseslər və daxili demokratik institutların aşınması kimi mövzulara yönəlir. Onun təhlillərinə yalnız yerli mediada deyil, beynəlxalq platformalarda da istinad edilir. 

Ailəlidir, bir övladı var.

Elman Fəttah