Avrointeqrasiya istiqamətində irəliləmək, yoxsa geriyə - Rusiya təsir sferasına qayıtmaq? Moldova əhalisi bu dilemmatik suala qəti cavab verməliydi, 28 sentyabr parlament seçkilərinə bu səbəbdən Moldovanın müasir tarixinin həlledici seçkisi olaraq baxılırdı. Avropa Birliyinə üzvlük prosesinin dayandırılacağı, yoxsa dönməz xarakter alacağı məhz bu seçkilərin nəticələrindən asılıydı. Baş nazir Dorin Reçan seçkiləri Moldovanın gələcəyi uğrunda son döyüş adlandırmışdı (Moldpress – 24 sentyabr 2025).
Moldova parlamentli respublikadır, icra səlahiyyətləri parlament çoxluğunun formalaşdırdığı hökumətdə - baş nazirdədir. Parlament üçdə iki səslə prezidenti impiçment etmək hüququna da malikdir. Son illər prezident Maya Sandunun xüsusi aktivliyi və qərarların qəbulunda önə çıxması qanunverici orqanın onun partiyasının nəzarətində olmasından irəli gəlir. Orada çoxluğu itirmək Sandunun məhdud prezident səlahiyyətləri çərçivəsinə sıxışdırılması ilə nəticələnəcəkdi. Ona görə də, 2025-ci il parlament seçkilərinin siyasi əhəmiyyəti bir il əvvəl keçirilmiş prezident seçkiləri ilə müqayisədə daha böyük idi.
Moldova əhalisi seçimini etdi və Avropa vizyonuna dəstək verdi.
Nəticələr

Moldova MSK-nın yekun məlumatına görə, hakimiyyətdəki Hərəkət və Həmrəylik Partiyası (PAS) 50,20% səs toplayaraq öz parlament çoxluğunu qoruyub saxlamağa nail oldu. (Moldova MSK). Antaqonist siyasi-ideoloji qütbü təmsil edən Sosialistlərin, Kommunistlərin Vətənpərvər Seçki Bloku (Blocul Patriotic) isə 24,20% səslə həm öz seçicilərinin, həm də Moskvanın gözləntilərindən aşağı nəticə göstərdi. Partiyalar üçün 5%, bloklar üçün 7%-lik minimal həddi aşa bilən daha 3 siyasi qüvvə var: “Alternativ” bloku (BE Alternativa) – 7,96%, “Bizim Partiya” (Partudul Nostru) – 6,20%, “Evdə Demokratiya” (PPDA) – 5,62% səslə qanunverici orqanda təmsilçilik qazandılar. Buna əsasən 101 kreslodan ibarət parlamentdə PAS - 55, Vətənpərvər Blok - 26, Alternativ Blok - 8, Bizim Partiya və Evdə Demokratiya partiyaları isə hərəyə 6 mandata sahib olacaq (İnterfaks – 29 sentyabr 2025).
Əgər PAS monoçoxluğa nail ola bilməsəydi, ölkədə fərqli siyasi situasiya yaranacaqdı. Koalisiya formalaşdırmaq zərurəti 6-8 mandat qazanmış autsayderləri vacib siyasi subyektə çevirəcək və onların geosiyasi prioritetləri, hansı siyasi qütbə yaxınlaşacaqları önəm qazanacaqdı. Amma səsvermənin nəticələri qeyri-müəyyənliklərə və suallara yer qoymadı. PAS koalisiya ortağı axtarışlarına və komromislərə ehtiyac duymadan yeni hökuməti təkrar öz iradəsi ilə formalaşdıracaq.
Sandu faktoru
Müstəqillik dövründə Moldova daxili siyasətini xarakterizə etmək baxımından ən uyğun söz xaos olar. Maya Sandunun dominant siyasi aktora çevrilməsinə qədər ölkədə siyasi sabitlik mövcud olmayıb. Siyasi institutlar, o cümlədən dövlət qurumları problemləri həll edən deyil, problem yaradan subyektlər kimi fəaliyyət göstərib. Rusiyayönümlü və qərbyönümlü prezidentlərin, hökumətlərin bir-birini davamlı əvəzləməsi, bəzi hallarda isə eyni zaman aralığında rusiyayönümlü prezident və qərbyönümlü parlamentdən qaynaqlanan ikihakimiyyətlilik Moldovanın xarici siyasətinə də təsir göstərib. Xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsində ardıcıllıq, stabil xətt olmayıb. Məsələn, 2014-cü ildə Avropa Birliyi ilə assosiativ saziş imzalayan Moldova 2018-ci ildə, sosialistlərin lideri İqor Dodonun prezidentliyi dövründə, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu almışdı.
M.Sandu fraqmentar vəziyyətdəki avropayönümlü siyasi düşərgədə konsolidasiyaya nail olaraq 2020-ci və 2024-cü illərdə ardıcıl iki dəfə prezident seçildi. Konsolidasiyanın elitalar səviyyəsində deyil, aşağılar - vətəndaş, seçici səviyyəsində gerçəkləşdirilməsi Sandunun uğurunun başlıca səbəbidir. Onun partiyası PAS da öz növbəsində ardıcıl iki dəfə (2021, 2025) parlament seçkilərində parlaq nəticə göstərərək 50%-dən çox səs aldı. Mövcud kadensiyasının sonunda prezident Sandu və PAS hökumətinin idarəçiliyi fasiləsiz olaraq 8 il davam etmiş olacaq. Bu, Moldova siyasətində daha öncə müşahidə olunmamış yeni reallıqdan – idarəetmədə sabitliyin və varisliyin təmin olunmasından xəbər verir. Maya Sandunun korrupsiyaya bulaşmamış təmiz siyasətçi reputasiyası, eləcə də xalqa aydın inkişaf perspektivi təqdim etməsi son 5 ildəki 4 böyük seçki kampaniyasında onu və partiyasını qələbəyə aparan əsas amildir.
Rusiya-Rumıniya: sivilizasiyaların toqquşması
Tarixi-kultural, o cümlədən dini səbəblərdən müasir Moldova toplumunda Rusiyanın və Rumıniyanın güclü təsiri var. Hazırkı Moldova ərazisi (tarixi Bessarabiyanın bir hissəsi) 1812-сi il Buxarest sülh müqaviləsinin şərtlərinə əsasən Rusiya imperiyasının nəzarətinə keçib, 1917-18-ci illərdə qısamüddətli müstəqillikdən sonra Rumıniyaya birləşib. 1940-cı ildə SSRİ-nin Rumıniyaya ultimatumundan sonra Bessarabiya Sovet dövlətinə birləşdirilib və Moldaviya SSR yaradılıb.
Moldova əhalisinin böyük əksəriyyəti pravoslav (ortodoks) xristianlardır. Cəmiyyətdəki siyasi polyarizasiya dini sferaya da sirayət edib. Hazırda Moldovada 2 kilsə fəaliyyət göstərir: Moskva Patriarxlığına bağlı Moldova Pravoslav Kilsəsi və Rumıniya Pravoslav Kilsəsinə bağlı Bessarabiya Mitropoliyası. İnanclı vətəndaşların çoxu rus kilsəsinə sadiqliyini saxlayır, teoloji terminologiya ilə ifadə etsək, Moldova Moskva Patriarxlığının kanonik ərazisi sayılır. Lakin 1992-ci ildən Moldovada fəaliyyəti bərpa olunmuş və 2002-ci ildə rəsmi qeydiyyata alınmış Bessarabiya Mitropoliyası tədricən öz gücünü artırır (Pravoslav Jurnalistlər İttifaqı - 19 sentyabr 2024). Paralel olaraq, Rumıniyanın da nüfuzu genişlənir. Rumıniya pasportu alan Moldova vətəndaşlarının sayı 1,2 milyon nəfərə çatıb ki, bu, ölkə əhalisinin 40%-ə yaxınını təşkil edir. (TV8 - 6 fevral 2024). Moldovalıların Rumıniya vətəndaşlığına keçməsi proseduru çox sadədir: 1940-сı ilə qədər əcdadlarının Rumıniya ərazisində (Bessarabiyada) doğulduğunu sübut edən istənilən Moldova vətəndaşı repatriasiya proqramı əsasında Rumıniya pasportu ala bilər (Rumunia.ru). Artıq moldovalılar Rumıniya daxili siyasətinə təsir göstərməyə də başlayıb. Bu il mayın 18-də Rumıniyadakı prezident seçkilərinin 2-ci turunda 158 mindən çox moldovalı iştirak edib, onların 88%-i Buxarest meri, liberal Nikuşor Dana səs verib. (İnterfaks - 19 may 2025).
Rumıniya AB daxilində Moldovanın əsas lobbiçilərindən biridir və üzvlüyün reallaşması Buxarestin birləşmə ilə bağlı uzunmüddətli strateji düşüncəsinə uyğundur. Prezident N.Dan artıq 2028-ci ildə Moldovanın AB üzvü olacağı ilə bağlı nikbin proqnozla çıxış edib (Point.md - 12 sentyabr 2025).
Kövrək Moldova demokratiyasının Rusiya təxribatları qarşısında sınağı
Bütün resurslarını və diqqətini Ukraynadakı işğalçı müharibəyə yönəltmiş Rusiya postsovet coğrafiyasında öz maraqlarını qorumaqda və təmin etməkdə getdikcə daha çox çətinliklə üzləşir. Azərbaycan-Ermənistan sülh prosesində ABŞ-ın təşəbbüsü ələ alması, Ermənistandan keçəcək nəqliyyat kommunikasiyasının amerikalıların nəzarətinə verilərək Tramp marşrutu adlandırılması buna ən son nümunədir. Mərkəzi Asiya regionunda Rusiya əvvəlki qədər dominant oyunçu deyil, Çin və Qərbin artan təsiri onun çəkisini azaldır. Bu baxımdan Moldovada prorus qüvvələrin revanşına nail olmaq və Ukrayna ilə həmsərhəd bu kiçik Avropa ölkəsini yenidən öz təsir sferasına qaytarmaq üçün Moskva illeqal, destruktiv metodlardan geniş istifadə etdi. Moldovaya nəzarəti bərpa etməklə Moskva Ukraynaya qarşı yeni cəbhə açmaq, Novorossiya adlandırdığı regiona (Odessa və Nikolayev vilayətlərinə) hücum təşkil etmək üçün platsdarm yarada bilərdi.
Moldovanın xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Xidməti hələ 2023-cü ilin noyabrında bildirmişdi ki, Rusiya Moldova hökumətinin zorakılıqla devrilməsi, kriminal qrupların ölkəyə nəzarəti ələ keçirməsi üçün Ukraynada müharibə başladıqdan sonra – 2022-ci ilin ikinci yarısından etibarən müxtəlif diversiya ssenariləri hazırlayıb. Bu məqsədlə 1 milyard ley (55 milyon dollar) xərclənib (Eurointegration 3 noyabr - 2023). Son seçki kampaniyası dövründə Moldova polisi seçicilərin pulla ələ alınıb yönləndirilməsini təşkil edən şəbəkələrin ifşası və zərərsizləşdirilməsi, eləcə də seçkidən sonra ölkədə xaos yaratmaq planlarına qarşı fasiləsiz əməliyyatlar keçirdi. Seçkilərdən bir neçə gün əvvəl Serbiyada xüsusi təlim görərək Moldovaya göndərilmiş 74 nəfərin saxlanılması ən səs-küylü hadisələrdən biri oldu. Moldova Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olmaqda ittiham etdiyi bu şəxslərin üzərində və qaldıqları yerlərdə silah, partlayıcı maddələr, hərbi formalar və pul aşkarlandığını açıqladı. (BBC - 29 sentyabr 2025). Serbiya Daxili İşlər Nazirliyinin Moldova polisinin məlumatını təsdiqləyərək bir qrup Moldova və Rumıniya vətəndaşına hərbi-taktiki təlimlər verən 2 nəfəri həbs etməsi Rusiyanın Balkanlardakı strateji tərəfdaşı olan Belqrad üçün də avrointeqrasiyanın daha prioritet olduğunu sübut edən faktlardan biridir (Die Welt - 26 sentabr 2025).
Rusiya xüsusi xidmət orqanları Moldovada həyata keçirdikləri örtülü əməliyyatlarda iş adamı, siyasətçi İlan Şorun imkanlarından faydalanır. İ.Şor Moldovada 2012-2014-cü illərdə baş vermiş məşhur bank oğurluğunda – 1 milyard dolların ölkənin bank sistemindən çıxarılaraq ofşorlara köçürülməsində iştirak etmiş şəxslərdən biridir və qiyabi olaraq 15 il həbsə məhkum edilib. 2019-cu ildə Moldovanı tərk edən və əvvəlcə İsrailə gedən İ.Şor hazırda Rusiyada yaşayır. Onun yaratdığı blok son seçkilərə buraxılmadı (Eurointegration - 20 iyul 2025). 2024-сü ilin oktyabrında prezident seçkilərinin ilk turu ilə eyni anda keçirilən referendumdan dərhal sonra M.Sandu xüsusi bəyanatla çıxış edərək azadlıq və demokratiyaya misilsiz hücum baş verdiyini və 300 min səsin satın alınmasına çalışıldığını bildirmişdi (Die Welt - 29 oktyabr 2024). Xatırladaq ki, referendumda avrointeqrasiyanın Konstitusiyada təsbit olunması təklifi diasporanın sayəsində cüzi üstünlüklə, 50,35% səslə qəbul olunmuşdu. Moldova güc strukturları parlament seçkiləri ərəfəsində daha ayıq-sayıq davrandılar və genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirdilər (Die Welt - 22 sentyabr 2025).
Rusiyanın Moldovaya qarşı ənənəvi təzyiq üsullarından biri də separatizm kartıdır. Dnestr çayının sol sahilindəki Moldova torpaqları 1992-ci ildən bəri Rusiyanın faktiki nəzarəti altındadır. Orada qanunsuz olaraq Rusiya Qoşunlarının Operativ Qrupu mövcuddur, bundan başqa, Rusiya sülhməramlıları da var. 455 min nəfər yerli əhalinin təxminən yarısı Rusiya vətəndaşıdır. Moskva zaman-zaman bu problemi aktivləşdirir. Məsələn, 2024-cü ilin fevralında Dnestryanı ərazidə bütün səviyyələrdən olan deputatların ümumi toplantısı təşkil edildi və kömək xahişi ilə Rusiya Dövlət Duması ilə Federsiya Şurasına müraciət olundu (Meduza – 28 fevral 2024). Lakin bu hekayənin inkişafı baş vermədi. Bunun başlıca səbəbi şübhəsiz ki, Dnestr bölgəsinin və ümumən Moldovanın Rusiya ilə quru sərhədlərinə malik olmamasıdır. Coğrafi faktor – sadəcə Ukrayna və Moldovanın digər hissəsinin əhatəsində yaşamaq Dnestr separatizminin xarakterinə təsir göstərir və onu aqressiv deyil, konstruktiv siyasət yeritməyə vadar edir.
Avropa Birliyi bölgənin əsas xarici ticarət tərəfdaşına çevrilib, Rusiya ilə iqtisadi-ticarət əlaqələrində isə ciddi azalma var. Məsələn, regionun Rusiyaya ixracı 2008-ci ildə 253 milyon avroluq pik səviyyədən xeyli geriləyərək 2024-cü ildə cəmi 21 milyon avroya enib. Avropa Birliyinə ixracat isə 320 milyon avrodan çoxdur (Moldpress – 4 avqust 2025). Ümumən Moldovanın ixracına gəldikdə isə hazırda bu sahədə AB-nin payı 67%, Rusiyanın payı isə cəmi 3% təşkil edir (Moldpress – 4 avqust 2025).
Parlament seçkilərində Modova hökumətinin nəzarətindəki ərazidə yaradılmış məntəqələrdə sol sahildən gələn 12 min Moldova vətəndaşı səs verib. Onların 30%-nin PAS-a səs verməsi bölgə əhalisinin əhval-ruhiyyəsi haqqında müəyyən qənaətlərə əsas verir. Müqayisə üçün deyək ki, Qaqauziyada PAS cəmi 3% səs alıb, “Vətənpərvər Blok” 82% səs toplayıb, bu isə qaqauzların avrointeqrasiyaya neqativ münasbətini və Rusiyanın orada öz nüfuzunu qoruduğunu göstərir. Qaqauziya prezidenti Yevgeniya Qutsul hazırda həbsdədir. Xanım Qutsul Moldovada fəaliyyəti qadağan olunmuş Şor Partiyasının namizədi kimi 2023-cü ildə Qaqauziya başqanı seçilib. O, 2025-ci il martın 6-da Moskvada Putinlə görüşdükdən qısa müddət sonra, martın 25-də Kişinyovda polis tərəfindən saxlanılıb və avqust ayında məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib (BBC – 5 avqust 2025).
Seçkilərin təhlükəsiz şəraitdə baş tutmasında və xalq iradəsinin kənar müdaxilələr olmadan ifadə edilməsində bu profilaktik tədbirlərin mühüm rolu oldu, planlaşdırılan təxribatlar vaxtında zərərsizləşdirildi. Əgər Moldova güc strukturları bu tədbirləri həyata keçirməsəydi, seçicilər 2024-cü il referendumunda olduğu kimi, ciddi manipulyasiyalara, yönləndirmələrə məruz qalacaqdı. Bu, yekun nəticələrə təsir göstərə bilərdi. Digər tərəfdən isə ölkədə sabitliyin pozulması və idarəolunmaz vəziyyətin yaranması riski var idi. Bütün bu risklərin polis və xüsusi xidmət orqanları tərəfindən neytrallaşdırılması həm də onun təsdiqidir ki, Maya Sandu dövründə Moldovada milli dövlət quruculuğu sahəsində də ciddi işlər görülüb. Demokratiyalar özünü qorumağı bacarmalıdır.
İSTİNADLAR:
1.Премьер-министр Дорин Речан о подготовке страны к противодействию вмешательству России в парламентские выборы. https://www.moldpres.md/rus/oficialnyj/premer-ministr-dorin-rechan-o-podgotovke-strany-k-protivodejstviyu-vmeshatelstvu-rossii-v-parlamentskie-vybory-gosudarstvo-respublika-moldova-soprotivlyaetsya-i-prinimaet-otvetnye-mery-chtoby-pomeshat-rossijskomu-planu-okkupacii
2. Парламенстские выборы в республике Молдова. https://pv.cec.md/preliminare
3. В Молдавии завершен подсчет голосов на парламентских выборах. https://www.interfax.ru/world/1049894
4. Более 60 общин Православной Церкви Молдовы перешли в Бессарабскую митрополию. https://spzh.eu/ru/news/82122-bolee-60-obshchin-pravoslavnoj-tserkvi-moldovy-pereshli-v-bessarabskuju-mitropoliju
5. "В Молдове проживает 1,2 млн граждан Румынии". https://tv8.md/ru/2024/02/06/chokan-o-deyatelnosti-ruminskikh-partii-v-rm-v-moldove-prozhivaet-1-2-mln-grazhdan-ruminii/250786
6. КАК МОЛДАВАНАМ ПОЛУЧИТЬ РУМЫНСКИЙ ПАСПОРТ. https://rumunia.ru/grazhdanstvo-rumunii/dlya-moldovan#close
7. На выборах в Румынии проголосовало рекордно много жителей Молдавии с румынским гражданством. https://www.interfax.ru/world/1026374
8. Никушор Дан: Молдова может вступить в ЕС в 2028 году. https://point.md/ru/novosti/politika/nikushor-dan-moldova-mozhet-vstupit-v-es-v-2028-godu/
9. Спецслужбы Молдовы: РФ потратила $55 млн на дестабилизацию в стране. https://www.eurointegration.com.ua/rus/news/2023/11/3/7172793/
10. Власти Молдовы: Россия готовила молдаван в Сербии для организации беспорядков в Кишиневе. https://www.bbc.com/russian/articles/clyl304jg2yo
11. Подготовка беспорядков в Молдове: в Сербии арестованы двое. https://www.dw.com/ru/v-serbii-arestovany-dvoe-po-delu-o-podgotovke-besporadkov-v-moldove/a-74153985
12. ЦИК Молдовы не пустила на выборы пророссийский блок олигарха Шора. https://www.eurointegration.com.ua/rus/news/2025/07/20/7216290/
13. Как был организован "подкуп" голосов на выборах в Молдове. https://www.dw.com/ru/kak-byl-organizovan-podkup-golosov-na-vyborah-v-moldove/a-70630934
14. Перед выборами в Молдове проходят масштабные обыски. https://www.dw.com/ru/pered-vyborami-v-moldove-prohodat-masstabnye-obyski/a-74092229
15. Участники съезда депутатов в Приднестровье попросили у России «защиты» в связи с «усилением давления Молдовы». https://meduza.io/news/2024/02/28/uchastniki-s-ezda-deputatov-v-pridnestrovie-poprosili-u-rossii-zaschity-v-svyazi-s-usileniem-davleniya-moldovy
16. Экспорт в Россию снижается. Приднестровье переориентировало экономику на Запад. https://www.moldpres.md/rus/ekonomika/eksport-v-rossiyu-snizhaetsya-pridnestrove-pereorientirovalo-ekonomiku-na-zapad
17. Вице-премьер Дойна Нистор: «Экспорт в ЕС в ближайшее время ещё больше увеличится». https://www.moldpres.md/rus/ekonomika/vice-premer-dojna-nistor-eksport-v-es-v-blizhajshee-vremya-eshyo-bolshe-uvelichitsya
18. Молдавский суд приговорил главу Гагаузии Евгению Гуцул к семи годам тюрьмы. https://www.bbc.com/russian/articles/cvgn948pgx2o