12 dek 2025

Qərbi Avropada Rusiya ekosistemi: Almaniya və Fransada propaqanda, kilsə və diaspora üzərindən təsir

Qərbi Avropada Rusiya ekosistemi: Almaniya və Fransada propaqanda, kilsə və diaspora üzərindən təsir

(c) Romero Kreder Ana



 (Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)

Giriş

Qərbi Avropada Rusiya propaqandasına ən sistemli məruz qalan iki ölkə Almaniya və Fransadır. Ölkələrin xarakterik özəlliklərinə və Moskvanın təsir elçilərinin dəyişkənliyinə-effektivliyinə görə müəyyən fərqliliklər göstərsə də, Kreml propaqandası bu iki ölkədə bənzər mexanizmlərdən istifadə edir. Almaniya və Fransanın iqtisadi və siyasi gücü, Avropa İttifaqı  daxilindəki qərar mexanizminə təsiri, NATO-dakı mövqeyi onları Rusiya propaqandasının əsas hədəfləri  halına gətirir.

Almaniyanın tarixi keçmişi, Rusiya ilə müharibə-soyuq müharibə-normallaşma-hibrid müharibə dairəsində cərəyan edən münasibətləri, xüsusilə Şərqi Almaniyadakı Rusiya təsir gücü, ölkə daxilində siyasi qütbləşmə, milliyyətçilik və radikalizm cərəyanlarının artması, miqrasiya problemləri, enerji məsələləri kimi bir çox mühüm faktor Kreml propaqandasının məhsuldarlığını təmin edir. (İCTT, 2024a)

Fransanın isə siyasi-hərbi gücü ilə yanaşı Qollist ənənəyə söykənən “strateji muxtariyyət” iddiası, uzun illərdir davam edən antiamerikanizm meylləri, miqrasiya və sosial ədalətsizlik mövzuları ilə bağlı narazılıqlar, “sarı jiletlliər” kimi nümayişlər Kreml narrativləri üçün əlverişli baza yaradır (Geopolitics, 2024 a).

Bu məqalədə KHAR Center Almaniya və Fransada Kreml propaqanda mexanizminin necə qurulduğunu və hansı yerli zəifliklərdən qidalandığını təhlil edir.

Analizin sualı: Qərbi Avropanın aparıcı iki ölkəsi Almaniya və Fransaya Kreml propaqandası hansı boşluqlardan sızır və hansı səbəblərdən gücünü qoruyur?

ALMANİYA: RUSİYA PROPAQANDASININ STRATEJİ HƏDƏFİ 

Rusiyanın Almaniyadakı propaqanda ekosistemi bir-birini qidalandıran bir çox komponentdən ibarətdir və bir neçə əsas mexanizmə söykənir.

Enerji bağı və mənfəət qrupları. 

Almaniya uzun illər enerji tədarükündə Rusiyadan  asılı vəziyyətdə olub. Rusiyanın Ukrayna işğalına başladığı 2014-cü ilə qədər Almaniya Avropa İttifaqındakı Kreml mənafelərinin əsas müdafiəçisi, enerji və iqtisadiyyat sahəsində strateji tərəfdaşı idi (Mankoff, 2020a). Krımın işğalından sonra alman cəmiyyəti daxilində Rusiya ilə isti münasibətlərə sərt reaksiyalar artsa da,  enerji münasibətləri pozulmadı. O dövrün iqtisadiyyat naziri Siqmar Qabriel Krımın işğalından sonra Almaniyanın təbii qaz anbarlarını “Qazprom”a satdı, Merkel isə həm Trump, həm də Bayden iqtidarlarının təzyiqlərinə baxmayaraq “Nord Stream 2” boru xətti layihəsinin ləğv olunmasını rədd etdi (Stelzenmüller, 2022a). Enerji əlaqələri sayəsində qurulmuş siyasi və iqtisadi bağlar  Almaniya və Aİ səviyyəsində güclü bir şəbəkə yaratdı; bu şəbəkə enerji və iqtisadi sahələrin çox-çox kənarlarında belə əhəmiyyətli təsir kanalı kimi çıxış edir (Bros, Mitrova, Kirsten, 2017). Bunun nümunələrindən biri də Rusiya-Ukrayna gərginliyinə dair Almaniyanın (Fransa ilə birlikdə) öncüllük etdiyi Minsk protokolları və Normandiya prosesi idi. Almaniya xüsusilə Şərqi Avropa ölkələrinin bu danışıqların faydasızlığına dair tənqidlərini nəzərə almadan gərginliyin azalacağını iddia etdi, ancaq əslində Kremlin yanıltma və aldatma taktikasının təşəbbüskarı oldu (Stelzenmüller, 2022b). 

Almaniyada Rusiya enerjisinə bağlı mənfəət qrupları — enerji şirkətləri, sənaye assosiasiyaları və Şərqi Almaniya biznes dairələri — sayəsində  uzun müddət “ucuz rus qazını enerji təhlükəsizliyinin əsası” kimi dəyərləndirən  tezislər qərarvermə mexanizmlərində və ictimai rəydə güclü olub. Bu aktyorlar arasında keçmiş baş nazir Gerhard Şröder və onun ətrafı, “Uniper”, “Wintershall” kimi şirkətlər xüsusi rol oynayıb (Mankoff, 2020b).

2022-ci ildən sonra Almaniyanın Rusiyadan enerji asılılığının azalmasına baxmayaraq  siyasi və iqtisadi müzakirələrdə bu lobbi qruplarının Kreml narrativlərini təkrarlayan çıxışları davam edir. Son tədqiqatlara əsasən, Almaniyanın Rusiya qazından sürətli imtinasına rəğmən, enerji aktorları hələ də “enerji əməkdaşlığına qayıdış” və “iqtisadi rasionallıq” narrativlərini təbliğ edərək Rusiya propaqandasının Almaniyanın daxili rezonans mühitini qidalandırırlar (Finanzmarktüelt, fevral 2025, İngenieur, mart 2025)

Sistem əleyhdarı qüvvələr, radikal hərəkatlar və “nümayəndələr”

Rusiya propaqandası Almaniyada əsas gücünü buradakı sistem əleyhdarı siyasi qüvvələrdən və radikal sağçı hərəkatlardan alır. Müasir Almaniyanın bütün radikal sağ təşkilatları — o cümlədən neonasist Alman Milli Demokratik Partiyası (NPD) — Rusiyaya dostca yanaşır. Bu, alman radikal sağının müharibədən sonrakı “sovetpərəst neytralizm” ənənəsinin mirasıdır. Ancaq Kreml propaqandasının həm əsas hədəfi, həm də əsas ötürücüsü olan qüvvələrin başında AfD (Almaniya üçün Alternativ) gəlir. AfD qurulduğu 2013-cü ildən etibarən açıq şəkildə Kreml tərəfdarı mövqeyini formalaşdırıb və Rusiyanın Almaniya siyasətinə təsir mexanizminin əsas aparatlarından birinə çevrilib. Rusiyanın Krımı işğalı və Donbasdakı separatçılıq dövrü AfD-nin güclü dəstəyinin müşayiəti ilə keçib (Shekovtsov, 2023). 

AfD liderləri Rusiya ilə açıq əlaqələrini heç vaxt gizləmədikləri kimi Almaniyadakı rus dünyasını da aktiv şəkildə təşviq edir; xüsusi şəbəkələr, rus dilində proqramlar və rus-alman seçicilərə müraciət edən siyasət mövqeləri vasitəsilə rus elementini daxil edir. AFD-nin seçki bəyannamələrində, təkliflərində, Bundestaq çıxışlarında da Kreml yönümlü xətt açıqca görünür. (Bensmann, 2023a)

Rusiyanın Almaniya narrativlərini yayan radikal sağçı qrupların  ikinci ayağını AfD ətrafındakı təşkilatlar, QHT-lər, partiyanın üzvü olan siyasətçilər və Rusiyanın mənfəət qrupları ilə əlaqəli digər qruplar təşkil edir.  Bunlar arasında Yuri Korner mərkəzli “Analytical Media Eurasian Studies” (AMES), AFD və Rusiya kəşfiyyatı ilə əlaqələrinin olduğu bildirilən “Alman Avrasiya Araşdırmları Mərkəzi” (GCES) kimi avrasiyaçı təşkilatlar da, Rusiya propaqandalarını yayan Manuel Oksenrayter, Markus Fronmayer, Heinrix Qrot ve Valdemar Herdt kimi şəxslər də var. (Laruelle, 2019 a)

Kremlin Almaniya radikal sağı ilə əlaqələrinin digər qolunda isə iki ölkədə də mövcud olan radikal sağ alt mədəniyyətlərə aid elementlər var - “White Rex” kimi qrupların da daxil olduğu nasist dairələr, Rusiya Gecə Qurdları (Night Wolves) kimi biker qruplar və s (Laruelle, 2019 b). Bu kateqoriyada mediada “Reus” qrupu kimi tanınan Vətənsevərlər Birliyinin (Patriotische Union) Rusiya ilə ideoloji yaxınlığını da vurğulamaq lazım gəlir. 2022-ci ildə anti-terror əməliyyatı ilə ifşa edilən qrupun hazırda həbsdə olan lideri Henrix Reuss və digər aktivistlərin Rusiya ilə yaxın əlaqələr üçün dəfələrlə təşəbbüs göstərdiyinə dair faktlar mövcuddur. Həmin məlumatlar Rusiya dövlət strukturlarının qrupun əməli planlarını birbaşa yönləndirdiyini təsdiqləməsə də, Rusiyanın davranışlarının  “Reus” qrupunun radikallaşması və çevriliş planları üçün ilhamverici olduğu şübhəsizdir (ICCT, 2024b).

Almaniyada sol-radikal və anti-imperialist dairələr də Rusiyaya ideoloji simpatiya ilə yanaşır.  Die Linke daxilindəki bəzi fraksiyalar və kiçik anti-imperialist təşkilatlardan ibarət olan bu qüvvələr Ukrayna müharibəsini Qərb blokunun “geosiyasi təxtibatı” kimi dəyərləndirərək Moskvanın narrativlərini təkrarlayırlar. Bu qruplar siyasi təsirdən daha çox Rusiya propaqandasına informasiya mühitində dəstək rolu oynayırlar  (Stepanovs, 2024).

Almaniyada COVID-19 məhdudiyyətlərinə qarşı ortaya çıxmış, konspirasiyaya meylli qrupları, radikal sağ elementləri və sistemə etiraz edən müxtəlif aktorları birləşdirən  “Querdenker hərəkatı” kimi fərqli qruplar da  Kreml narrativlərinin başlıca daşıyıcıları arasındadır (Deutschlandfunk, 2022).

Kreml tərəfindən maliyyələşən əməliyyatlar - rəsmi media qurumları,  onların güzgü saytları, sosial şəbəkələr, alternativ platformalar…

Kremlin rəsmi propaqanda aləti RT-nin Almaniya versiyası olan  “RT Deutsch” sayt olaraq  2014-cü ildə - Rusiyanın Krımı işğal etdiyi il fəaliyyətə başlayıb. 2020-cı ildə RT DE adını alıb. Eyni il “Sputnik də” “Voice of Russia”nın Alman versiyasının yerinə keçib, 2020-ci ildə isə adı “SNA News” olaraq dəyişdirilib (Stöber, 2022).

Rusiya propaqanda  mediasının Almaniya siyasətinə ilk açıq müdaxilə kampaniyası isə 2017-ci ilin Bundestaq seçkilərində  #Wahlbetrug (seçki saxtakarlığı) həştəqi ilə yaradılan “Twitter” fırtınası şəklində üzə çıxıb. COVID pandemiyası zamanı RT DE, “Sputnik” və Berlində yerləşən Rusiya video xəbər agentliyi “Ruptly” alman hökumətinin siyasətinə qarşı çıxan qrupların ruporu rolunu oynayıb (ICCT, 2024c). 

Avropa İttifaqının sanksiyalarından sonra Rusiya media orqanlarının Almaniyadakı fəaliyyəti rəsmən dayandırlıb. Ancaq ISD müəyyən edib ki, 20 RT DE güzgü  domeni və 11 alt domen hələ də Kremlin tərəfdarı olan aktorlar tərəfindən onlayn yayılır.  Bloklanmamış domenlərin əksəriyyəti son zamanlarda qeydiyyatdan keçib ki, bu da sanksiyalarda boşluqların mövcud olduğunu  göstərir. Üstəlik, Almaniyanın dördüncü böyük ISS-i heç bir domeni bloklamayıb. Araşdırma göstərir ki, sanksiyalar RT DE trafikini azaltsa da, güzgü saytlar 3 il əvvəlkinə bənzər və hətta daha çox ziyarətçi cəlb etməyə davam edir (İSD Global, fevral 2025).

“Telegram”, X, “Yandex” və s. kimi sosial platformalar da Rusiyanın Almaniyada aktiv istifadə etdiyi mexanizmlər arasındadır.  Digər tərəfdən, Rusiya propaqanda məzmunlarının sanksiya divarlarını aşmasında Almaniya mərkəzli bəzi “alternativ media” orqanları da mühüm rol oynayır. Ekspertlər 2022-ci ildə Almaniyadakı 20 populyar alternativ media orqanının Rusiya ilə əlaqəsini ortaya çıxarıblar. Bu sırada “Tichys Einblick”, “Reitschuster”, “Achse des Guten” kimi saytlar mühüm yer tutur.  Bu platformalar sayəsində Rusiya propaqandası xarici mesaj kimi deyil, “yerli narazılıqların əks-sədası” kimi görünür (Beseler və Toepfl, 2024).

Rusiya propaqanda mexanizmi bu kanallardan istifadə edərək siyasi prosesləri bütün təbəqələrin, amma əsasən də ən alt sosial qrupların emosiyalarına istiqamətləndirir. Buna misal olaraq bütün dünyada Rusiya propaqanda nümunələrindən biri kimi bilinən “Lisa Case” hadisəsini göstərmək mümkündür. 2016-cı ildə Liza adlı qızın miqrantlar tərəfindən guya zorlanması barədə yalan xəbər Almaniyada geniş  rezonans doğurdu. Xəbərlərdə 13 yaşlı qızın məktəbə getmədiyi, ailəsinin polisə xəbər verdiyi, 30 saat sonra üzündə yaralarla tapılan Lizanın ərəb və afrikalıya bənzər adamlar tərəfindən qaçırılaraq təcavüzə uğradığı bildirilirdi.Bu xəbər qısa müddətdə bütün Rusiya və Almaniya alternativ kanallarında yayıldı, Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanı ittiham etdi (NTV De, 2016a). Ancaq alman polisi  çox qısa müddət ərzində telefon izləri ilə qızın yalan danışdığını sübuta yetirdi, qız da yalan söylədiyini boynuna aldı. Buna baxmayaraq bu yalanın təsiri özünü uzun müddət göstərdi, hökumətə qarşı nümayişlərə səbəb oldu və Almaniyanın qaçqınlarla bağlı siyasətinin əks-arqumenti olaraq  bir müddət gündəlikdən çıxmadı (NTV De, 2016b).

Rusiya Almaniyaya qarşı ən sistemli təsir alətlərindən biri kimi kiber əməliyyatlardan da aktiv şəkildə istifadə edir. 2015-ci ildə Bundestaqa edilən genişmiqyaslı haker hücumu (APT28) parlamentin daxili şəbəkələrini iflic etmiş və minlərlə sənədin oğurlanması ilə nəticələnmişdi (DW, 2015).

Rusdilli qruplar, sosial “müttəfiqlər”...

Almaniyanın rus dünyası üç əsas qrupdan ibarətdir.

  1. Russlanddeutsche – Sovet İttifaqında doğulmuş , sonra Almaniyaya köçmüş etnik almanlar;
  2. Almaniyada yaşayan Rusiya vətəndaşları;
  3. Əvvəlki rus mühacirlərin törəmələri olan Almaniya vətəndaşları.

Rusdilli internet istifadəçiləri almanları “zəif”, “qərarvermə qabiliyyətsiz” və “Üçüncü Reyxin cinayətlərinə görə özlərini günahlandıran” kimi təqdim edirlər. Eyni zamanda, bu “zəif almanlar”a dəstək olaraq özlərini “alman mədəniyyətinin müdafiəçiləri” kimi təqdim edirlər. Siyasi baxımdan, bu müdafiə çox vaxt AfD-yə dəstək şəklində zühur edir (Sablina, 2019).

Sosial müttəfiqlik isə daha çox Almaniyanın şərqində özünü göstərir. Rusiya ilə mental yaxınlıq bu bölgəni Kreml propaqandası üçün münbit mühitə çevirir. Hətta Ukrayna müharibəsindən sonra Berlin ilə Moskva arasındakı əlaqələrin dramatik şəkildə pisləşməsinə və almanların Rusiyaya simpatiyasının azalmasına baxmayaraq Şərqi Almaniya Moskvaya daha çox maraq göstərməyə, Ukraynaya hərbi yardımlara daha az dəstək verməyə başlayıb. Məsələn, 2023-cü ildə Ukraynaya “Taurus” raketlərinin verilməsinə qarşı Qərbi Almaniyada 47% çıxarkən Şərqi Almaniyada bu rəqəm 70” olub. Şərqi almanlar Rusiyaya qarşı daha çox anlayış, daha az tənqid mövqeyindədi (Khorolskaya, 2025). 

FRANSA: KREMLİN BİZNES VƏ YUMŞAQ GÜC LABORATORİYASI  

Rusiya propaqanda mexanizmi Fransada bir çox elementi əhatə edir - iqtisadi və diplomatik kanallar vasitəsilə siyasi elitaya çıxış, radikal sağ və sol-populist qüvvələrlə ideoloji yaxınlıq, rəsmi və qeyri-rəsmi media platformaları, kiber əməliyyatlar və  yumşaq güc infrastrukturunun (pravoslav kilsəsi, mədəniyyət mərkəzləri, biznes dairələri) üzərində qurulmuş uzunmüddətli təsir kimi. 

Ticarət, enerji və lobbi 

Fransanın Rusiya qazından asılılığı Almaniya qədər yüksək olmasa da, ticarət və enerji sahələrində Moskva uzun müddət Paris üçün mühüm tərəfdaş olub.Xüsusilə “TotalEnergies” şirkətinin “Yamal LNG” və “Arctic LNG 2” kimi layihələrdə iştirakı, müharibədən sonra bu layihələrdən tam çıxmaması Fransa biznes elitasında “Rusiya ilə körpüləri tam yandırmamaq” xəttini uzun müddət canlı saxlayıb (Mann, 2022).

Fransa Rusiyanın biznes və siyasət lobbiçiliyinin ən güclü olduğu ölkələrdən biridir. Bu lobbiçilər Fransada “praqmatik” rusiyaçılıq xəttini yaratmanın və Kreml narrativlərinin əsas daşıyıcılarıdır. Eyni zamanda bu sistem Rusiyada fəaliyyət göstərən iri fransız biznesi ilə Kremlin  dərin əlaqələrinə söykənir. Həmin iri sənaye qruplarının bir çoxunun baş icraçı direktorları Kremlin ən yaxın dairələri ilə sıx bağlıdır və Rusiya maraqlarına uyğun dünyagörüşü formalaşdırmada vasitəçi rolunu oynayıblar (CSİS, 2022a).

Fransadakı ən məşhur Rusiya biznes lobbi təşkilatlarından biri  2004-cü ildə yaradılan və uzun müddət Aleksandr Trubetskoyun rəhbərlik etdiyi Fransa-Rusiya Dialoqudur (Le Dialoque Franco-Russe). Bir çox mühüm şirkət və  radikal sağa aid çox sayda fransız siyasətçinin də daxil olduğu bu struktur Fransada  Rusiya kəşfiyyatının əsas təsir ocaqlarından biri kimi tanınır (Laurelle, 2018 a). 2022-ci ildən sonra dərnəyin aktiv fəaliyyəti azalsa da, tam dayanmayıb. Avropa Parlamentinin üzvü Tyerri Marianinin həmsədri olduğu dərnək bu ilin sonunda Rusiyaya səfər təşkil edəcəyini açıqladı (İntelligence, yanvar 2025). Ancaq Avropa İttifaqının növbəti sanksiya paketinin qüvvəyə minməsindən sonra bu səfəri ləğv etdi. 

Bir çox böyük şirkəti bir araya gətirən Fransa-Rusiya Ticarət və Sənaye Palatası və 2012-ci ildə onun nəzdində akademik platforma olaraq yaradılan Fransa-Rusiya Monitorinq Evi də uzun müddət bu lobbiçilik-propaqanda fəaliyyətinin əsas elementlərindən olub. “Droite Populaire” (“Xalq hüququ”) ilə “Front National” (“Milli cəbhə”)  arasında mövqe tutan  Puşkin Çevrəsi, “Total”ın Rusiyadakı keçmiş direktoru Mişel Lebedev tərəfindən idarə olunan “Müəssisələrarası Qarşılıqlı Yardımlaşma Assosiasiyası” (AREP)  isə nisbətən qeyri-rəsmi lobbiçilik qurumları arasındadır (Laurelle, 2018 b).

Vladimir Yakunin və Konstantin Malofeyev kimi Kremlə yaxın oliqarxlar tərəfindən idarə olunan pravoslav yardım fondları və digər təşkilatlar uzun illər Rusiyanın Fransadakı gücünün digər mühüm ayağını təşkil edib. Bu iki Putin olqarxı əllərindəki böyük imkanlardan yararlanaraq Fransada Kreml narrativlərinin əsas aparıcıları rolunu oynayıblar. Yakunin daha çox Fransa-Rusiya münasibətlərinin rəsmi seqmentini hədəfləyib: Fransa–Rusiya Dialoquna və iri fransız şirkətləri ilə əlaqələrə fokuslanıb.  Malofeyev isə demək olar ki, tamamilə ifrat sağ mühitində çalışıb; Avropa və Rusiya ifrat sağını bir-biri ilə və monarxist dairələrlə bağlamaq üçün görüşləri mütəmadi maliyyələşdirib (CSİS, 2022 b).

Şəbəkənin fəaliyyətində 2022-ci ildən sonra müəyyən çətinliklər yaransa da, fiziki mövcudiyyətləri və narrativ yaymaqdaki rolları yox olmayıb. Təhlillər Yakuninin Avropada yaratdığı və maliyyələşdirdiyi  “Dialogue of Civilizations (DoC) / DOC-RI” və onunla əlaqəli təşkilatların Fransa da daxil olmaqla bütün Avropada siyasi təmaslar və propaqanda istehsalı yoluyla Kremlpərəst fəaliyyətlərinə davam etdiyini göstərir (Brussels Watch, oktyabr 2025). Yakunin Kanada və ABŞ sanksiyalarına məruz qalsa da, Aİ daxilində sanksiya ilə qarşılaşmayıb, oğlu Andrey isə İngiltərə vətəndaşı olduğu üçün ona heç bir sanksiya tətbiq edilməyib - bu da onların Avropa daxilində fəaliyyətlərini rahat davam etməyə imkanı verir (The İnsider, avqust 2025).

Konstantin Malofeyev Avropa İttifaqı sanksiyalarına daxil edilən isimlər arasındadır, bu səbəbdən Fransadakı fiziki fəaliyyəti məhdudlaşıb. Ancaq onun nəzarətində olan “Çargrad”, “Katehon”, “Double-Headed Eagle”  və digərləri kimi propaqanda vasitələri ara aktorlar vasitəsilə Avropadakı radikal sağ dairələrlə  əlaqələrini davam etdirir (Rondeaux, aprel 2025).

Siyasi müttəfiqlər və nümayəndələr - Rusiyanın Fransadakı radikalizmlə dostluğu 

Rusiyanın Avropadakı təsir və əlaqələrini genişləndirməsində Fransa siyasəti hər zaman əsas rol oynayıb. Daha yaxın dövrdə Rusiya mediasının təbliğatını pisləsə də, Krımın işğalı, Donbasdakı separatçılıq, Navalnının zəhərlənməsi kimi məsələlərdə Qərb ilə ortaq mövqedən çıxış edib Moskvaya qarşı sanksiyaları dəstəkləsə də, Paris 2022-ci ilə qədər Rusiyanı təcrid edilməli deyil, dialoqa cəlb olunmalı legitim tərəfdaş saymağa davam edirdi (CSİS, 2022 c).  

2017-ci il seçkilərində Rusiya tərəfdarı olmayan yeganə namizəd olmasına və  Moskva tərəfindən seçki manipulyasiyasına uğramasına baxmayaraq, Emmanuel Makron prezident olduqdan sonra Rusiya ilə əlaqələri istiləşdirmə xətti seçdi. Makron illərlə düşünürdü ki, Putinlə birbaşa dialoq yoluyla Rusiya ilə bağlı problemləri həll edə biləcək və hətta Ukraynaya tam miqyaslı hücumun başlamasından aylar sonra belə, az qala hər gün  Putinlə danışaraq müharibəni durduracağına inanırdı. Ancaq 2022-ci ilin ortalarından etibarən bu ümidlərinin əsassızlığını anladı. Makron ikinci prezidentlik dövrünə Qoll-Mitteran xəttinin davamçısı olaraq deyil, Ukraynanın ən güclü müdafiəçisi olaraq başladı (Geopolitics, 2024 b).

Milli Cəbhənin şinelindən çıxan Milli Birləşmə  (RN) Partiyası Fransa  siyasi səhnəsində Moskvanın ən bilinən tərəfdarıdır.  Partiyanın qurucusu Jan-Mari Le Penin Vladimir Jirinovski, Sergey Baburin, Eduard Limonov, Aleksandr Duqin kimi radikal rus millətçiləri ilə qurduğu əlaqələr və formalaşdırdığı rusiyapərəst xətt qızı Marin le Pen tərəfindən də davam etdirildi. Paris-Berlin-Moskva  arasında “irəliləmiş strateji ittifaq” çağırışı edən Le Pen Rusiyanın ən yaxın dostlarından və Rusiya propaqandasının ən sevimlilərindəndir. Milli Birlik Partiyasının bir çox üzvünün Rusiya ilə əlaqələri də ictimaiyyət üçün sirr deyil (CSİS, 2022ç). 

Rusiya isə RN-ə hər cür hüquqi çərçivəni rahatlıqla aşan dəstək veir. RN 2014-cü ildə  Rusiyadan 6 milyon avro kredit alıb və bunun müqabilində Kremlin  antiqlobalizm, antiliberalizm, anti-LQBTQ+, antiimmiqrasiya və “müsəlman dünyasına qarşı müqavimət” narrativlərini açıq şəkildə dəstəkləyib (İCCT, 2024ç). RN hər nə qədər 2022-ci ildən sonra Rusiyanın Ukraynaya hücum etdiyini qəbul etsə və işğalı qınamaq məcburiyyətində qalsa da, müşahidələr bunun seçki qayğılarından qaynaqlanan davranış olduğunu və RN-in Kreml yönümlü bağlarını və simpatiyasımnı gizləyərək fundamental dəyişiklik etmədiyinə inanır.  RN Fransa hərbi qüvvələrinin Ukrayna ərazisinə yerləşdirilməsinin və Kiyevə Rusiya ərazisini vura biləcək raketllər satılmasının əleyhinədir (Geopolitics, 2024 c).

Rusiyanın Fransadakı ikinci siyasi müttəfiqi isə 2022-ci il  seçkiləri ərəfəsində populist Erik Zemur ətrafında yaranmış “Reconquête” (“Yenidən fəth”) partiyasıdır. Ksenofob, irqçi və islamofob narrativlərə, həmçinin Böyük Əvəzlənmə (Great Replacement) nəzəriyyəsinə sahib olan bu partiyanın mövqeyi və Zemurun sivilizasiya haqqındakı dünyagörüşü onu Kreml tərəfindən təşviq edilən “mühafizəkar inqilab” ideyalarına ideoloji baxımdan ən yaxın fiqura çevirib. Rusiya səfiri 2015-ci ildə hələ siyasətə daxil olmayan Zemuru  Fransa siyasi həyatının ən yaxşı analitiki və işləmək üçün qiymətli resurs hesab etdiyini bildirib (İCCT, 2024d).

Fransanın ənənəvi mərkəz sağ partiyası Respublikaçılar (Les Républicains) daxilində də Rusiya dəstəkçiləri kifayət qədərdir. Bunlardan  ən məşhurları partiyanın 2017-ci ildə prezidentliyə namizəd göstərdiyi, qollist mövqeyi ilə seçilən Fransua Fiyon, onun xarici siyasət müşavirləri və keçmiş prezident Nikola Sarkozidir (OpenSocietyFoundation, 2018a).

Daha “suverençi” rusiyapərəst alt qrupa “Mouvement Pour la France”dan Filipp de Vilye və “Debout la République”dən Nikolas Düpon-Anyen daxildir.  Onların Rusiya ilə birbaşa şəxsi əlaqələri daha zəifdir. Kiçik Xristian-Demokrat Partiyası da prusiyapırıst mövqeləri ilə seçilən bir neçə fiquru özündə birləşdirir (CSİS, 2022d).

Rusiyanın Fransadakı propaqanda arxitekturasına Milli Birləşmədən (RN) daha sağda, RN-dən ayrılmış və ya onunla həmişə ziddiyyətdə olmuş, Rusiyaya güclü dəstək göstərən saysız-hesabsız kiçik hərəkatlar  və şəxslər də (Buşe, Soral, Le Gallo, Camus və s) var. (İCCT, 2024e) Nəhayət, Kreml narrativləri ilə dünyagörüşləri üst-üstə düşən başqa bir sağ qrup da kəşfiyyat xidmətlərinin “konspirasiyaçılar” adlandırdığı, medianın ultra sarılar kimi də təqdim etdiyi yeni hərəkatdır.  Bu hərəkat 2018-də “Sarı jiletlilər” nümayişləri zamanı müşahidə olunmağa başladı: əvvəlcə çox siyasiləşməmiş populist hərəkat idi, lakin tədricən radikallaşaraq ifrat sağ tərəfindən uduldu. “Sarı jiletlilər” kampaniyasında əsas rol oynayan və əvvəlcə tanınmayan influenserlərin çoxu Kreml propaqandasının sistematik gücü ilə dəstəkləndi. Sosial böhran bitdikdən sonra hərəkatın liderləri pandemiya dövründə yenidən fəallaşdı: əvvəl COVID-19 skeptisizmini, sonra isə Rusiyanın Ukraynaya tammiqyaslı hücumu zamanı Kreml narrativlərini mənimsədilər (İCCT, 2024f).

Fransada Kreml mesajlarının  başqa bir daşıyıcısı nöqtəsi radikal sol-populist qüvvələrdir.  Bu qüvvələrin təmsilçisi olan “La France Insoumise” (LFI) Fransada Amerika əleyhdarı xəttin və radikal solun ənənələrinin mirasçısıdır. Mövcud Rusiya siyasəti sosializmdən çox uzaq olsa da LFI və xüsusilə də onun lideri Jan-Luk Melanşon Moskvaya heyranlıq duymağa davam edir, bunun səbəbi də ABŞ siyasətinə və liberal demokratiyaya nifrətdir. Melanşon 2022-ci ildən sonra Ukraynanın işğalını nəhayət qınasa da, şifahi sözdən o tərəfə keçmədi, əksinə LFI lideri 2024-cü ildə Putinin ölkəsinin mənafeyinə uyğun şəkildə davrandığını söylədi və həm Napaloonu, həm Hitleri məğlub edən ölkəyə kimsənin qalib gələ bilməyəcəyini dedi (Geopolitics, 2024 ç).

Media əməliyyatları 

Rusiya rəsmi propaqanda alətlərinin Fransada güclənməsi Krımın ilhaqından sonra başladı. 2014-cü ildə propaqanda saytı olaraq qurulan və qısa müddətdə dünyaya yayılan “Sputnik”in Fransa nümayəndəliyi 2015-ci ildə açıldı (Euractiv, 2015). 2017-ci ildə isə  “RT France” fəaliyyətə başladı (Le Parisien, 2019). Özlərini  “alternativ media” kimi təqdim edən və  polis zorakılığı, miqrant böhranı, COVID siyasəti, Avropa İttifaqı və NATO əleyhinə ritorika  üzərindən auditoriya toplayan bu propaqanda orqanları xüsusilə “sarı jiletlilər” hərəkatı dövründə xüsusilə onlayn mediada böyük populyarlıq qazandılar.  2019-cu ildə Avaaz təşkilatının hazırladığı hesabat göstərirdi ki,  “sarı jiletlilər” hərəkatı ilə bağlı “Facebook”da yayılan saxta xəbərlər 100 milyondan çox baxış toplayıb və bu ekosistemdə “RT France” “YouTube”da “Gilets jaunes” mövzusunda ən çox izlənən kanallardan birinə çevrilib. Hesabata görə, “Russia Today” olmasaydı sarı jiletlilərin internetdəki varlığı bu qədər böyük olmazdı (La Stampa, 2019),

2022-ci ildə Avropa İttifaqının sanksiyaları “Sputnik” və “RT France”nın da dayandırılmasına və izləyici itkisinə səbəb oldu (The Russian Program, 2024). Ancaq Rusiya propaqandası özünü çox tez toparladı.  “Sərhədsiz Reportyorlar”ın 2024-cü il hesabatında Fransada RT-nin məzmunlarına çıxışın uşaq oyuncağı qədər asan olduğu bildirilirdi. Sənədə görə, hesabat dövründə RT-nin ingilis, alman, ispan, ərəb dillərindəki versiyalarına Fransada VPN olmadan 50-dən çox sayt və sosial media hesabı üzərindən giriş mümkün olub (RSF, 2024).

Digər  tərəfdən tədqiqatlar göstərir ki, eynilə Almaniyada olduğu kimi Fransada da alternativ platformalar, güzgü saytlar, proksi şirkətlər kimi mexanizmlərdən geniş  istifadə edilir (Didreot Komitəsi, 2024). Məsələn, fransızca yayılan “@Vbachir” kanalı  Rusiyanın qlobal miqyasda dezinformasiya yayan 50 Telegram kanalı arasında ən məşhurlarındandır. 2022-ci ildə yaradılan və Rusiya narrativlərini-yalanlarını yayan  bu kanal ümumilikdə 53 mindən çox məqalədə mənbə olaraq göstərilib (DFRLab, aprel 2025).

2024-cü ildə Fransa hökuməti Rusiyaya bağlı aktorların ölkədə onlarla saxta xəbər portalı, sosial media şəbəkəsi və kiber əməliyyatlar vasitəsilə sistemli müdaxilə həyata keçirdiyini aşkar edib. Ölkədə VİGİNUM tərəfindən aparılan monitorinq “Portal Kombat” və ya “Pravda network” adlandırılan şəbəkəyə daxil olan 220-dən çox saxta “informasiya portalı”nı aşkar edib (Prime Ministre FR, 2024).  Fransa XİN xüsusi bəyanatla bu şəbəkəni ictimaiyyətə açıqlayıb, VIGINUM-un texniki hesabatına istinad edərək, məqsədin həm Ukraynanın legitimliyini sarsıtmaq, həm də Avropa Parlamenti və milli seçkilər ərəfəsində AB daxilində ictimai rəyin manipulyasiyası olduğunu bildirib (Fransa XİN, 2024).

“Le Monde”hətta 2025-ci ildə belə RT, “Sputnik”, “Rossiya 1”, “RTR-Planeta”  və s. propaqanda məzmunlarının Fransada əlçatan olduğunu bildirir. Qəzetə görə, əsas səbəb “Orange”, “Free”, SFR, “Bouygues” kimi ISS-lərin sanksiyaları tam tətbiq etməməsi, peyk operatoru “Eutelsat”ın rus kanallarını kəsmə məsələsində ləngliyi, “Arcom”un isə tədbir görməkdə geri  qalmasıdır (Le Monde, mart 2025).

Rusiyanın Fransadakı media üzərindən propaqanda əməliyyatları yalnız rəsmi dövlət kanalları ilə də məhdudlaşmır  - katolik-mühafizəkar media, suverençi bloglar, həmçinin “Bolloré mediası” kimi sağ-populist televiziya şəbəkələri də Moskva narrativlərinin daşıyıcıları arasındadır. “RT France”nin keçmiş baş redaktoru Kseniya Fyodrovanın Rusiya dəstəkçisi milyarder Vensan Bollorenin sahibi olduğu media orqanında yenidən ortaya çıxması da bunun bariz nümunələrindən biridir (Le Monde, may 2025).

Rusiyanın Fransaya qarşı hibrid müharibəsində kiber əməliyyatlar da xüsusi yer tutur. 2015-ci ildə “TV5Monde” kanalına edilən hücum nəticəsində teleşəbəkənin yayımı saatlarla iflic oldu; sonradan Fransa və beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri bu əməliyyatın QRU ilə əlaqələndirilən “APT28/Fancy Bear” qrupunun işi olduğunu açıqladılar (Radware, 2024).

2017-ci ilin prezident seçkilərində Rusiyanın hərbi  kəşfiyyat orqanı - QRU tərəfindən hazırlanan xüsusi proqramla “Macron Leaks” adlı haker və sızdırma əməliyyatı keçirildi. Emmanuel Makronun kampaniyasına aid təxminən 15 GB həcmində material və 20 minə yaxın e-mail oğurlanaraq səsvermədən cəmi iki gün əvvəl sızdırıldı. Bu əməliyyat ABŞ-dakı radikal sağın X dəstəyi və “Telegram” kanalları vasitəsilə geniş şəkildə yayıldı.  (İCCT, 2024g) 

Paris bu hücumlarda Moskvanı açıq şəkildə qınamaqdan uzun müddət çəkindi, ancaq bu ilin aprelində Fransa XİN-in xüsusi bəyanatında həm “TV5Monde” hücumu, həm “Macron Leaks” əməliyyatı, həm də Paris Olimpiadası ilə bağlı qurumlara qarşı edilən  kiberəməliyyatların birbaşa Rusiyanın hərbi kəşfiyyatının – GRU-nun “APT28” qrupunun işi olduğu bildirildi  (Fransa XİN, aprel 2025).

Soft pover - rus kilsəsinin diasporu ələ keçirməsi və katolik ortaqlığı

Fransa Rusiyanın yumşaq güc (soft power) baxışında imtiyazlı mədəni statusa malikdir. Müharibələrarası dövrdə yüzminlərlə rus mühacirinin Fransaya gəlməsi və bu günə qədər ölkədə mövcudluqları Fransanı rus mədəni narrativlərinə xüsusilə açıq edib. Moskva Patriarxlığı ilə Rusiya xaricindəki Rusiya Pravoslav Kilsəsi arasında 2007-ci ildə əldə edilən kanonik razılaşmadan sonra Rusiya bir çox rus miqrant qruplarına nəzarəti ələ alıb. Buna qarşı çıxanlar olsa da Moskva istədiyinə böyük ölçüdə nail olub. 2016-cı ildə tikilən Avropanın ən böyük pravoslav kilsəsi Moskvanın Qərbi Avropanın ortasında yenidən artan gücünü nümayiş etdirmək üçün Parisi seçdiyinin sübutu olaraq göstərilir (OpenSocietyİnstitute, 2018 b).

Fransada katoliklikdən pravoslavlığa keçən bəzi tanınmış isimlərin buradakı rolu da Fransa ilə Rusiya arasındakı dini bağların müşahidəçilərin qeyd etdiyindən belə dərin olduğunu göstərir.  

Fransada yenidən canlanmaqda olan siyasi katolisizm də Rusiyaya  “ənənəvi dəyərlər” gündəliyinə  həssas olan yeni həmfikirlər tapmağa kömək edib. Son illərdə Moskvanın Vatikanla münasibətlərinin istiləşməsi, eləcə də pravoslav rəsmilərinin Papa Fransisklə mütəmadi görüşləri Rusiyanı dünyanın müxtəlif yerlərində bir çox katolikin diqqət dairəsinə gətirib (Laruelle, 2018ç).

Rus Pravoslav Kilsəsi Fransadakı rus diasporasından  və mühafizəkar dəyərlər mövzusundan “giriş qapısı” kimi istifadə edərək, Rusiyanın Fransadakı maraqlarını Fransa siyasi sinfinə və Fransa korporasiyalarına çatdırmaq hədəfi ilə çalışır. Kilsə nəzdindəki fondlar isə Fransada rus mühacir assosiasiyalarını maliyyələşdirir (CSİS, 2022d).

Fransız anti-gey-evlilik hərəkatı “La Manif pour tous”, abort əleyhinə “Alliance Vita” assosiasiyası, fransız ifrat sağını və fundamentalist katolikləri, Əsəd tərəfdarı qrupları və Rusiyanı birləşdirən “SOS Chrétiens d’Orient” təşkilatı da Rusiyanın müttəfiqləri arasındadır  (CSİS, 2022e).

NƏTİCƏ

Almaniya və Fransa nümunəsi göstərir ki, bu bölgədə Rusiya propaqandası mövcud daxili zəifliklərdən sistemli şəkildə yararlanma üzərində qurulub. Berlin və Parisin tarixi travmaları, sosial narazılıqlar və siyasi qütbləşmələr Moskva propaqandası üçün əsas qida mənbələridir. Enerji asılılığı, böyük biznesin Rusiya ilə bağlı mənfəətləri, radikal sağ və sol-populist partiyalarla müttəfiqlik,  pravoslav və katolik şəbəkələri, rusdilli diaspora və digər yumşaq güc vasitələri, rəsmi və alternativ media ekosistemləri isə bu strategiyanın daşıyıcılarıdır. 

Ortadakı mənzərə Rusiya propaqandasının bu ölkələri hibrid müharibənin ən mühüm platformalarından biri olaraq gördüyünü göstərir. 2022-ci ildən sonra bu platformada müharibə aparmaq Moskva üçün müvəqqəti çətinliklər yaratsa da, situasiyalara adaptasiya olmaqda təcrübəli olan propaqanda mexanizmi Fransa və Almaniya daxilindəki müttəfiqlərinin də köməyi ilə sanksiya divarını aşmağı bacarıb.

Bu maşınla mübarizə üçün  klassik təhlükəsizlik, media, kəşfiyyat, sanksiya alətləri və reflektiv təkzib, düzəltmə, araşdırma fəaliyyəti kifayət etmir. Çox şaxəli, çox laylı və çox çevik propaqanda mexanizmi ilə başa çıxmaq daha detallı, daha mürəkkəb, daha sərt, daha uzunmüddətli  və daha koordinasiyalı fəaliyyət tələb edir. 


İSTİNADLAR 

ICTT (The International Centre for Counter-Terrorism) 2024 a. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Geopolitics, 2024a. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

Mankoff Jeffrey, 2020a. Russian Influence Operations in Germany and Their Effect

https://www.csis.org/analysis/russian-influence-operations-germany-and-their-effect

Stelzenmüller, Konstanze, 2022 a. Putin’s war and European energy security: A German perspective on decoupling from Russian fossil fuels.https://www.brookings.edu/articles/putins-war-and-european-energy-security-a-german-perspective-on-decoupling-from-russian-fossil-fuels/

Bros Aurélie,  Mitrova Tatiana, Kirsten Westphal, 2017. German-Russian Gas Relations A Special Relationship in Troubled Waters https://www.swp-berlin.org/publications/products/research_papers/2017RP13_wep_EtAl.pdf.

Stelzenmüller, Konstanze, 2022 b. Putin’s war and European energy security: A German perspective on decoupling from Russian fossil fuels.https://www.brookings.edu/articles/putins-war-and-european-energy-security-a-german-perspective-on-decoupling-from-russian-fossil-fuels/

Mankoff Jeffrey, 2020b. Russian Influence Operations in Germany and Their Effect

https://www.csis.org/analysis/russian-influence-operations-germany-and-their-effect

Finanzmarktüelt, fevral 2025, Stimmen aus der deutschen Industrie drängen wieder auf Gas aus Russland.https://finanzmarktwelt.de/deutsche-unternehmen-draengen-wieder-auf-gas-aus-russland-340817

İngenieur, mart 2025. CDU bringt russisches Gas zurück ins Spiel. https://www.ingenieur.de/technik/fachbereiche/energie/cdu-bringt-russisches-gas-zurueck-ins-spiel

Shekhovtsov, Anton. 2023. Russian Connections to the Far Right in Europe. https://www.neos.eu/_Resources/Persistent/d2f58c9e0cd688efcd9d926c27a60edda5fa7286/Anton%20Shekhovtsov%20-%20Russian%20Connections%20to%20the%20Far%20Right%20in%20Europe.pdf

Bensmann Marcus, 2023a. Alternative for Russia - How the AFD is systematically turning towards Russia. https://correctiv.org/en/latest-stories/2023/10/19/alternative-for-russia-how-the-afd-is-systematically-turning-towards-russia/


Marlene Laruelle, 2019a. Collusion or homegrown collaboration connections between German far right and Russia. https://www.ponarseurasia.org/collusion-or-homegrown-collaboration-connections-between-german-far-right-and-russia/ 

Marlene Laruelle, 2019b. Collusion or homegrown collaboration connections between German far right and Russia. https://www.ponarseurasia.org/collusion-or-homegrown-collaboration-connections-between-german-far-right-and-russia/ Laruelle, 2019 b

ICTT (The International Centre for Counter-Terrorism) 2024 b. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Stepanovs, David, 2024.Who are the “Putinversteher” in the European Parliament? Far-right and farleft parties in the European Parliament and their pro-Russia stances. https://uu.diva-portal.org/smash/get/diva2%3A1884123/FULLTEXT01.pdf.

Deutschlandfunk, 2022 Die „Querdenken“-Szene findet neue Narrative. https://www.deutschlandfunk.de/die-querdenken-szene-findet-neue-narrative-100.html

Stöber, Silvia, 2022. RT DE and Other Russian State Media in Germany. https://democratic-integrity.eu/rt-de-and-other-russian-state-media-in-germany-by-silvia-stober/

ICTT (The International Centre for Counter-Terrorism) 2024 c. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

İSD Global, fevral 2025. The achilles’ heel of EU’s media sanctions: Reassessing RT Deutsch access ahead of Germany’s 2025 Federal Election. https://www.isdglobal.org/digital_dispatches/the-achilles-heel-of-eus-media-sanctions-reassessing-rt-deutsch-access-ahead-of-germanys-2025-federal-election/

Beseler Arista və Toepfl Florian, 2024. Conduits of the Kremlin’s Informational Influence Abroad? How German-Language Alternative Media Outlets Are Connected to Russia’s Ruling Elites. https://journals.sagepub.com/doi/10.1177/19401612241230284

NTV De, 2016 a.  Fall Lisa: Das sind die Fakten https://www.n-tv.de/panorama/Fall-Lisa-Das-sind-die-Fakten-article16865016.html

NTV De, 2016 b.  Fall Lisa: Das sind die Fakten https://www.n-tv.de/panorama/Fall-Lisa-Das-sind-die-Fakten-article16865016.html

DW, 2015. Meclise siber saldırı.  https://www.dw.com/tr/meclise-siber-sald%C4%B1r%

Sablina, Liliia, 2019.  “‘We Should Stop the Islamisation of Europe!’: Islamophobia and RightWing Radicalism of the Russian-Speaking Internet Users in Germany,” Nationalities Papers 49, no. 2 (2021): 371 (361–374). https://doi.org/10.1017/nps.2019.76. 

Khorolskaya Maria, 2025. Why do east Germans feel affinity towards Russia: an analysis of attitudes to Russia in Germany’s Eastern federal states. https://balticregion.kantiana.ru/en/jour/15843/83824/

Mann Jindan Karena, 2022. Risky Business: will TotalEnergies be complicit in international crimes if it continues doing business in Russia? https://rethinkingslic.org/blog/criminal-law/147-risky-business-will-totalenergies-be-complicit-in-international-crimes-if-it-continues-doing-business-in-russia

CSİS, 2022a.  The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

Laurelle, 2018 a. Russian Soft Power in France: Assessing Moscow's Cultural and Business Para-diplomacy

https://www.carnegiecouncil.org/media/series/russian-soft-power-in-france/russian-soft-power-in-france-assessing-moscows-cultural-and-business-para-diplomacy

İntelligence, noyabr.  2025. L'Événement | France, Russie Ex-ministre sarkozyste, Bolchoï… Le Dialogue franco-russe en goguette en Russie. https://www.intelligenceonline.fr/europe-russie/2025/11/13/ex-ministre-sarkozyste-bolchoi_-le-dialogue-franco-russe-en-goguette-en-russie,110558084-eve

Laurelle, 2018 b. Russian Soft Power in France: Assessing Moscow's Cultural and Business Para-diplomacy

https://www.carnegiecouncil.org/media/series/russian-soft-power-in-france/russian-soft-power-in-france-assessing-moscows-cultural-and-business-para-diplomacy

CSİS, 2022b.  The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

Brussels Watch, oktyabr 2025. How Russian Govt-Undermined the work on European Institutes. https://brusselswatch.org/wp-content/uploads/Report-How-Russian-Govt-Undermined-the-Work-on-European-Institutes.pdf

The İnsider, avqust 2025. Chianti from Medvedev, Montepulciano by Yakunin, and Merlot à la Mikhalkov: A brief guide to the Italian vineyards of Putin’s inner circlhttps://theins.ru/en/inv/284032?

Rondeaux Candace, aprel 2025. The Legal Counteroffensive to Russia’s Hybrid War. https://www.lawfaremedia.org/article/the-legal-counteroffensive-to-russia-s-hybrid-war

CSİS, 2022c.  The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

Geopolitics, 2024b. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

CSİS, 2022ç.  The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

ICTT (The International Centre for Counter-Terrorism) 2024 ç. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Geopolitics, 2024c. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

ICTT (The International Centre for Counter-Terrorism) 2024 d. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

OpenSocietyFoundation, 2018a. Russia’s Presence in France Goes Deeper Than RT.https://www.opensocietyfoundations.org/voices/russia-s-presence-france-goes-deeper-rt

CSİS, 2022d.  The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

ICTT (The International Centre for Counter-Terrorism) 2024 e. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

ICTT (The International Centre for Counter-Terrorism) 2024 f. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Geopolitics, 2024 ç. When Blame Means Confession: Unrevealing Tactics of Russian Influence in French Elections. https://politicsgeo.com/when-blame-means-confession-unrevealing-tactics-of-russian-influence-in-french-elections/

Euractiv, 2015. Moscow launches French language propaganda platform. https://www.euractiv.com/news/moscow-launches-french-language-propaganda-platform.

Le Parisien, 2019. RT France, le nouvel œil de Moscou.https://www.leparisien.fr/culture-loisirs/tv/rt-france-le-nouvel-oeil-de-moscou-14-02-2019-8010168.php

La Stampa, 2019.  Yellow vests online disinformation reaches sky-high levels on Facebook as Russia Today powers the movement on YouTube

https://www.lastampa.it/esteri/la-stampa-in-english/2019/03/20/news/yellow-vests-online-disinformation-reaches-sky-high-levels-on-facebook-as-russia-today-powers-the-movement-on-youtube-1.33689304/

The Russian Program, Under The Radar. 2024.https://therussiaprogram.org/russia_information_influence

RSF, 2024. Russian propaganda bypasses EU sanctions: accessing RT’s website in France is “child’s play”https://rsf.org/en/russian-propaganda-bypasses-eu-sanctions-accessing-rt-s-website-france-child-s-play

DFRLab, aprel 2025. Russia’a Pravda network in numbers: İntroducing the Pravda dashboard. https://dfrlab.org/2025/04/18/introducing-the-pravda-dashboard/

Premier Ministre FR, 2024. PORTAL KOMBAT A structured and coordinated pro-Russian propaganda network. https://www.sgdsn.gouv.fr/files/files/20240212_NP_SGDSN_VIGINUM_PORTAL-KOMBAT-NETWORK_ENG_VF.pdf

Fransa XİN, 2024.  Foreign digital interference – Result of investigations into the Russian propaganda network Portal Kombat (15 February 2024)

https://www.diplomatie.gouv.fr/en/french-foreign-policy/security-disarmament-and-non-proliferation/news/2024/article/foreign-digital-interference-result-of-investigations-into-the-russian

Le Monde, mart 2025. Xenia Fedorova, ancienne patronne de RT France et nouvelle égérie russe du groupe Bolloré. https://www.lemonde.fr/actualite-medias/article/2025/03/25/xenia-fedorova-ancienne-patronne-de-rt-france-et-nouvelle-egerie-russe-du-groupe-bollore_6585661_3236.html

Le Monde, may 2025. « Les médias russes sanctionnés par l’Union européenne restent tous facilement accessibles en France, et l’Arcom ferme les yeux https://www.lemonde.fr/idees/article/2025/05/14/les-medias-russes-sanctionnes-par-l-union-europeenne-restent-tous-facilement-accessibles-en-france-et-l-arcom-ferme-les-yeux_6606101_3232.html

Radware, 2024. Fancy Bear (APT28) Threat Actor. https://www.radware.com/cyberpedia/ddos-attacks/fancy-bear-apt28-threat-actor/

ICTT (The International Centre for Counter-Terrorism) 2024 g. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Fransa XİN, aprel 2025. Russia – Attribution of cyber attacks on France to the Russian military intelligence service (APT28) (April 29th 2025) https://www.diplomatie.gouv.fr/en/country-files/russia/news/2025/article/russia-attribution-of-cyber-attacks-on-france-to-the-russian-military.

OpenSocietyİnstitute, 2018 b. OpenSocietyFoundation, 2018a. Russia’s Presence in France Goes Deeper Than RT. https://www.opensocietyfoundations.org/voices/russia-s-presence-france-goes-deeper-rt

Laruelle, 2018 ç. Russian Soft Power in France: Assessing Moscow's Cultural and Business Para-diplomacy

https://www.carnegiecouncil.org/media/series/russian-soft-power-in-france/russian-soft-power-in-france-assessing-moscows-cultural-and-business-para-diplomacy

CSİS, 2022 d.  The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

CSİS, 2022e.  The Kremlin Playbook 3. https://csis-website-prod.s3.amazonaws.com/s3fs-public/publication/220314_KP3_France.pdf

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin