Avqustun 5-də Moldovada məhkəmə Qaqauziyanın (Qaqauz Yeri) Rusiya yönlü başqanı Yevgeniya Qutsulu 7 il həbs və 5 il dövlət qulluğundan uzaqlaşdırma cəzasına məhkum etdi. Qutsul 2019–2022-ci illər arasında sədri ölkədən qaçan Rusiya yönlü Şor Partiyasını maliyyələşdirmək üçün Rusiyadakı bir cinayət qrupunun verdiyi pulları Moldovaya daşımaqla ittiham olunurdu. Məhkəmə onu sözügedən dövrdə müşavir və katibə olduğu Şor Partiyasına Rusiyadan qanunsuz maliyyə gətirmək və Moldova rəsmi qurumlarının qarşısında keçirilən aksiyalarda iştirak edən Rusiya yönlü nümayişçilərə maaş verməklə təqsirləndirdi (Politico, avqust 2025).
Qutsul bu ilin mart ayında İstanbula gedərkən Kişinyov aeroportunda yaxalanmış, daha sonra ev həbsinə buraxılmışdı. Avqustun 5-də haqqında hökm çıxınca yenidən həbsxanaya göndərildi və qərardan apellyasiya şikayəti verəcəyini bildirdi. Rusiya bu həbsə Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarovanın diliylə “Sandu Saakaşvilidən daha pisdir” deyə reaksiya verdi. (Gagauzinfo, avqust 2025)
Qaqauziya başqanının həbsi bir yandan Moldovanın Rusiya mərkəzli separatçılığa qətiyyətli və cəsur reaksiyası kimi dəyərləndirilə bilər. Ancaq digər tərəfdən sentyabr ayında ölkə üçün kritik parlament seçkiləri var və Moskva Komratdakı gücündən də istifadə edərək Moldova üçün problem yarada bilər.
Telefon operatorundan separatçı liderə: Qutsulun siyasi yüksəlişi
Yevgeniya Qutsul 2023-cü ildəki seçkilərə qədər Qaqauziyada və Moldovada kimsə tanımırdı. 1986-cı ildə Vulkaneştin Etuliya kəndində anadan olub və Qaqauziyanın rəhbərliyinə gətirilənə qədər də orada yaşayırdı. 2023-cü ildə özü Moldova Seçki Komissiyasına təqdim etdiyi bioqrafiyasında hüquq təhsili aldığını bildirib, ancaq hansı universitetin məzunu olduğu hələ də məlum deyil. Hüquq sahəsində hər hansı iş təcrübəsinə dair fakt da yoxdur. Bioqrafiyasında yalnız telefon operatoru, satış nümayəndəsi, qısa müddətli arxiv işçisi olduğuna dair məlumatlar var. 2018-ci ildə, Moldovada dələduzluq hökmüylə axtarışda olan və Rusiyada yaşayan İlan Şorun Partiyasına (Şor) məsləhətçi və katib vəzifəsinə götürülüb. 2021-ci ildə Şor Partiyasının namizədlər siyahısında 63-cü yerdə adı olub, ancaq deputat seçilə bilməyib (Rise Moldova, avqust 2025).
Qutsulun ani yüksəlişi 2023-cü ilin mart ayında başladı. 2019-cu ildə ölkədən İsrailə (daha sonra Rusiyaya) qaçan, 2023-cü ildə isə çirkli pulların yuyulması və dələduzluq ittihamları ilə 15 il həbs cəzası qüvvəyə minən İlan Şor Yevgeniya Qutsulu Qaqauziyanın başqanlığına namizəd elan etdi (Moldova.org).
Qutsul üçün başqanın səlahiyyətlərini belə aşan vədlərdən ibarət bir seçki kampaniyası paketi hazırlandı. İlan Şorun şəxsən açıqladığı yarım milyard avroluq proqram, havalimanı inşaatından infrastrukturun tamamilə yenilənməsinə, iki il ərzində dövlət qulluqçularının maaşlarının və pensiyalarının 30 faiz artırılmasından təqaüdçülərə aylıq 700 leylik ərzaq kartı verilməsinə, yeni universitetlərin açılmasına qədər, olduqca comərd vədlər ehtiva edirdi.
Kimsənin tanımadığı gənc qadını başqan seçdirmək üçün bütün gücünü ortaya qoyan İlan Şorun “Qutsulu başqan seçirsinizsə, elə bilin məni seçirsiniz” dediyi seçki kampaniyasında Filipp Kirkorov, Stas Mixaylov, Nikolay Baskov kimi rus müğənniləri də iştirak edirdi. Rusiyanın bütün işğal hərəkatlarında ön sıralarda olan Liberal Demokrat Partiyanın lideri Leonid Slutskiy isə Qutsulu “gələcəyin başqanı” adlandırırdı (Nokta.md, 2023).
Moldovaya düşmən, Rusiyaya sadiq
2023-cü ildə Qaqauziyada keçirilən başqan seçkilərinin ikinci turunda Qutsul qalib gəldi. Seçicilərin pulla ələ alınması və saxtakarlıq iddiaları ilə keçən seçkinin nəticələrini Moldova hökuməti tanımadı. Prezident Maya Sandu Qutsulun Moldova hökumətində təmsil olunmayacağını (Konstitusiyaya görə, Qaqauziya başqanı avtomatik hökumət üzvü olur) bildirdi (Newsmarker, 2024).
Seçkidən sonrakı ilk açıqlamasında Qutsul Rusiya yönlü partiya olduqlarını, bu ölkə ilə daha yaxın əlaqələr quracaqlarını və Moskvada Qaqauziyanın ofisini yaradacaqlarını söylədi (Reuters, 2023).
Seçkidən bir ay sonra Şor Partiyası Moldovada qadağan edildi. Qutsul Qaqauz başqanlığını müstəqil şəkildə davam etdirəcəyini söylədi, ancaq bu, onun and içərək vəzifəsinin icrasına başladığı gündən etibarən Rusiyaya tamamilə bağlı, Moldovaya isə meydan oxuyan bir “müstəqillik” idi.
Qaqauziya Konstitusiyasına görə, andiçmə seçkilərin nəticələrini təsdiqləyən son instansiya olan Apellyasiya Palatası və Xalq Topluşu (parlament) qarşısında, qaqauz dilində olmalıdır. Ancaq Qutsulun andiçmə mərasiminə Moldova rəhbərliyindən kimsə qatılmadı, ondan əvvəlki başqan İrina Vlax hakimiyyəti simvolik olaraq təhvil vermək üçün getmədi, Apellyasiya Palatasından da kimsə iştirak etmədi. Seçkilərin nəticəsi isə rusca elan edildi. Yevgeniya Qutsul and içərkən Moldova Konstitusiyasına əl basmadı, parlament sədrinin köməyi ilə bu “xəta”sını düzəltdi, ən sonda isə Moldova bayrağını deyil, yalnız Qaqauziya bayrağını öpdü (Nokta, 2023).
Rusiyanın bir bölgəsinin rəhbəri kimi davranan Qutsul 2024-cü ilin əvvəlində Moskvaya səfərə getdi. Bu səfərdə Moldova rəhbərliyinin fikrini almadan Rusiya təbii qazına xüsusi tarif tətbiq edəcəklərini, Rusiyadan gələn məhsullara xüsusi endirimli vergilər tətbiq edəcəklərini, Rusiyanın MİR ödəmə sistemini Qaqauziyada istifadəyə açacaqlarını bildirdi (ISW, 2024). Eyni zamanda Putinə Moldova rəhbərliyini şikayət etdiyini açıqladı: “Mən Vladimir Vladimiroviçə vətəndaş mövqeyimizə və milli maraqlarımıza bağlılığımıza görə bizdən qisas alan Moldova rəhbərliyinin qanunsuz fəaliyyətlərini çatdırdım” (Evropeyskaya Pravda, 2024).
Qutsul bir ay sonra Moskvaya bir daha getdi – bu dəfə Rusiyanın “Mir” kartlarının Qaqauziyada istifadə olunmasına dair sazişi imzalamaq üçün. Moskvadan qayıtdıqdan sonra isə Moldova Rumıniya ilə birləşərsə, Qaqauziyanın müstəqillik elan edəcəyini söylədi. (Eurasiaview, 2024)
Bir neçə həftə sonra, aprelin sonunda isə Qutsul Rusiya paytaxtına üçüncü səfərini həyata keçirdi. Şor Partiyasının rəhbərliyi altında Moldovaya qarşı olan siyasi qüvvələrin gövdə nümayişində, qurultayda iştirak üçün. “Qələbə bloku” adlanan bu birlik üçün imzanı da Şor Partiyasının baş katibi olan Qutsul imzaladı. O, eyni zamanda yeni blokun siyasi şurasının da icraçı baş katibi oldu (Deutsche Welle, 2024).
Qutsulun həbsi və ittihamlar
Moldova və ölkənin üzv olmağa çalışdığı Avropa İttifaqı, Kişinyovun Qərbdəki partnyorları Qutsulun Moskva ilə bu ölçüsüz yaxınlığından və açıq şəkildə mərkəzi hökuməti Rusiyaya şikayət etməsindən narahatlıqlarını və narazılıqlarını dəfələrlə ifadə etdilər. Bu narazılıqlar 2024-cü ildə arxa-arxaya gələn sanksiyalarla daha da konkretləşdirildi. İyun ayında ABŞ Qutsula sanksiyalar tətbiq etdi (Reuters, 2024), oktyabr ayında isə Aİ Şurası Qutsulun Şor və Rusiyadan qanunsuz maddi yardım alaraq Moldova əleyhinə siyasət apardığını əsas gətirərək ona şəxsi sanksiyalar tətbiq etdiyini açıqladı (European Council, 2024).
Aİ Şurasının sanksiyaya arqument olaraq göstərdiyi iddia isə havadan götürülməmişdi. Moldova Antikorrupsiya Prokurorluğu Qutsulun Moskvadakı Moldova əleyhinə blokun icraçı katibi seçilməsindən sonra onun haqqında Rusiyadan qadağan olunmuş Şor Partiyası üçün pul almaq və daşımaq ittihamını irəli sürdü. Məhkəməyə verilən istintaq materiallarında Qutsulun başqanlığa namizəd olmazdan əvvəl - 2019–2022-ci illərdə Şor Partiyasının katibəsi ikən davamlı olaraq Rusiyadakı mütəşəkkil cinayətkar dəstədən aldığı pulları Moldovaya daşıdığı bildirilirdi. Bundan əlavə onun partiya ofisinin fəaliyyətlərini koordinə edən şəxs olaraq 2022-ci ilin payızında Kişinyovda keçirilən aksiyalarda iştirak edənlərin siyahılarını yoxladığı və iştirakçıları mükafatlandırdığı da ittiham aktında yer almışdı. Qutsulun ümumilikdə 2,2 milyon avro qədər çirkli pulu Moldovaya keçirdiyi bildirilirdi. Yevgeniya Qutsul bu cinayət işinin prezident Sandunun sifarişi ilə hazırlandığını iddia etdi (DW, 2024).
Mart ayında İstanbula gedərkən saxlanılınca da həm Putinə, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək onu müdafiə etmələrini istədi.
Ankaranın susqunluğu
Qutsul Ərdoğana (tarixini də səhvən 2024 deyə göstərdiyi) məktubunda “Qaqauz xalqının muxtariyyətini itirmə təhdidi ilə qarşı-qarşıya olduğu kritik anda Ankaranın laqeyd qalmayacağına” ümid etdiyini bildirdi, “bu gün Qaqauz xalqının legitim haqlarını qorumaq üçün sizin müdaxilənizə güvənirik” deyə yazdı (Telegram, 2024). Ancaq o məktuba heç bir cavab və ya ictimaiyyətə bəlli olan reaksiya gəlmədi. “Yandaş” media da bu məsələnin üstündən sadəcə bir neçə soyuq xəbər ilə keçdi.
Qaqauziyanın muxtariyyət qazanmasında və iqtisadi baxımdan dəstəklənməsində böyük rolu olan Türkiyənin Qutsul mövzusundakı səssizliyini bir neçə faktorla izah etmək olar. Bunlardan ən mühümü Türkiyənin Qaqauziyadakı ifrat rus yönümlülükdən və separatçılıqdan çox da məmnun olmamasıdır. Ankarada rəsmi olaraq dilə gətirilməyən, ancaq pərdə arxasında söylənən “Qaqauziyaya əsas maddi yardımları biz edirik, ancaq onlar Rusiyanın dediyi ilə hərəkət edir” qənaəti hakimdir. Bu qənaət fərqli formalarda daha əvvəllər də ifadə edilib. Məsələn, Ərdoğanın 2018-ci ildə Qaqauziyaya səfərində iki mesaj xüsusi diqqət çəkirdi. Birincisi, qaqauzlara öz dillərini və Moldovanın rəsmi dilini öyrənmələri çağırışı, ikincisi isə “Moldovanın ərazi bütövlüyü bizim üçün həyati əhəmiyyət daşıyır” cümləsi (Anadolu Ajansı, 2018). 2024-cü il ərzində Türkiyə Xarici İşlər Nazirliyinin Qaqauz Muxtar Respublikasının xüsusi hüquqi statusuna dair qanunun Moldova Parlamenti tərəfindən qəbulunun 30-cu ildönümü ilə bağlı açıqlamasında da bənzər xəbərdarlıq var idi. Nazirliyin açıqlamasında Moldova ilə Türkiyə arasındakı xüsusi dostluq körpüsünə diqqət çəkilərək “Türkiyə Moldovanın ayrılmaz hissəsi olan Qaqauz Türklərinə və Qaqauz Muxtar Yerinə dəstək verməyə davam edəcək” deyilirdi (TRT Avaz, 2024).
Yəni Türkiyə Qaqauziyanı Moldovadan ayrı görmür, belə bir problemin mərkəzində olmaq istəmir və bu bölgədə hər zaman mövcud olan Rusiya tərəfdarlığının Qutsul dönəmində separatçılığa çevrilməsindən məmnun deyil. Özünün Rusiya ilə əlaqələri isti olsa da, Ərdoğan iqtidarı Moskvanın yönləndirdiyi rejimlərin dəstəkçisi kimi görünməyə çox da həvəs göstərmir.
Bu səbəbdən, hətta daha əvvəlki Rusiya yönümlü Qaqauziya başqanı İrina Vlaxdan fərqli olaraq Yevgeniya Qutsul Ankarada çox da isti münasibət görmədi. Qutsul Putindən fərqli olaraq Ərdoğan ilə eyni foto kadrajına girməyi bacara bilmədi. Yalnız 2023-cü ilin sentyabrında xarici işlər naziri Hakan Fidanla görüşməyi bacardı ki, bu görüş haqqında da XİN tək cümləlik bir xəbər yaymaqla kifayətləndi (Türkiye Dışişleri Bakanlığı, 2023). Əslində Qutsula lazım olan bu xəbər deyildi, Fidan ilə foto onun “Ankara bizi dəstəkləyir” təbliğatı üçün heç yoxdan yaxşı nəticə idi. Bu fotonun çəkildiyi ziyarət xaric, Qutsul bir neçə dəfə Ankaraya gəlsə də, bu səyahətlər Türk Dünyası Bələdiyyələr Birliyi adlı separatçıların ictimai rəydə legitimləşdirilməsi kimi bir yazılmamış funksiyası olan (Daha əvvəl Krımla bağlı da bir neçə belə skandala imza atıblar) bir QHT-nin toplantıları çərçivəsindəki piar çalışmasından başqa bir şey olmayıb (TDBB, 2023). Hakan Fidanla görüşün bu QHT-nin təşkil etdiyi bir piar çalışması olması ehtimalı da var.
Seçki öncəsi həbs: Qutsul hadisəsinin daxili siyasətə təsiri
Qutsulun həbsi və ona qarşı irəli sürülən ittihamlar yalnız Qaqauziya məsələsi kimi oxunmamalıdır; bu hadisə həm də Moldovadakı dərin siyasi qütbləşmənin və dövlətçiliyin gələcəyi uğrunda mübarizənin bir hissəsidir. Moldova siyasəti uzun illərdir Avropa İttifaqına inteqrasiya tərəfdarı olan siyasi qüvvələrlə Rusiya tərəfindən dəstəklənən populist güclərin mübarizə səhnəsidir. 2020-ci ildə Maya Sandunun prezident seçilməsindən və Rusiyanın Ukraynaya tam həcmli təcavüzündən sonra bu mübarizə daha kəskin xarakter alıb. Kiçik bir ölkə olan Moldovanın Ukraynanı dəstəkləməsi, eyni zamanda Sandunun rəhbərlik etdiyi PAS-ın (Fəaliyyət və Həmrəylik Partiyası) korrupsiyaya qarşı mübarizə və Qərb strukturlarına inteqrasiya məsələsində ardıcıllıq nümayiş etdirməsi (DGAP, 2024), Rusiyanın Moldova siyasətinə daim var olan müdaxiləsinin daha da aqressivləşməsinə səbəb olub.
Sandu və Qərb tərəfdarları keçən il keçirilən prezident seçkilərində və Avrointeqrasiya referendumunda çox az fərqlə də olsa yenə qalib çıxdı. Ancaq PAS-ın 2021-ci il seçkilərində olduğu kimi yenə tək partiyalı hökumət yaratma ehtimalını aradan qaldırmaq üçün Rusiya var gücü ilə çalışır. PAS sentyabrın sonundakı seçkilərdə əslində Rusiya ilə ciddi bir mübarizənin finalını yaşayacaq. Liberal hökumətin qarşısında keçən il prezidentlik yarışını Sanduya uduzmuş Rusiya tərəfdarı Aleksandr Stoianoqlunun yaratdığı “Alternativ” bloku, sosialistlərlə kommunistləri birləşdirən “Moldova Üçün Platforma”, Rusiyada yaradılan Şorun “Zəfər” bloku olmaqla Moskva mərkəzli bütün qüvvələr və Moskvanın sərhədsiz təbliğatı və seçkiyə müdaxilə ehtimalı durur. Maya Sandu bu seçkilərin Rusiya yönlü siyasi müxalifətin güclü olduğu bir atmosferdə Moldovanın Aİ üzvlüyü uğrundakı son mübarizə olacağını deyir (Euronews, 2024).
Görünən odur ki, Moldova hökuməti ölkənin təhlükəsizliyi və suverenliyi üçün ciddi problemə çevrilmiş Rusiya dəstəkli separatizmə münasibətdə qərarlı addımlar atmağı bu mübarizə baxımından vacib hesab edir. Bu çərçivədə həbs olunan isə sadəcə Qutsul deyil. Şorun Moskvada elan etdiyi “Zəfər bloku”nun digər təmsilciləri - Svetlana Popan (6 il), İrina Lozovan (6), Aleksandr Nestetovçi (12) bənzər korrupsiya ittihamları ilə həbs cəzaları aldılar. Sonuncu ikisi Rusiyanın nəzarətindəki Dnestryanı bölgəyə qaçdı. Blokun digər liderlərindən Viktoriya Furtuna isə Aİ sanksiya siyahısına daxil edildi. Kişinyov bu qərarlarla Rusiyanın pulları ilə Moldova daxilində rahatca separatçılıq etmənin cəzasız qalmayacağı mesajını verir.
Moldova kimi Rusiya təbliğatının təsirinin yüksək olduğu ölkədə bu, olduqca cəsarətli və həm də riskli bir davranışdır. Heç şübhəsiz, Şorun qrupu daxil olmaqla Rusiya yönlü siyasi qüvvələr Qutsulun həbsini gələn aykı seçkilərdə siyasi istismar mövzusuna çevirəcəklər. Doğrudur, bu həbsin sentyabrdakı seçkilərə həlledici təsir göstərəcəyini söyləmək yanlış olardı, çünki Qutsul hər nə qədər separatçılığı ilə məşhur olsa da Moldova siyasəti baxımından çox əhəmiyyətli fiqur deyil. Onun üçün Moldovada, hətta Qaqauziyada insanların küçələrə axışacağını da kimsə proqnozlaşdırmır (Newsmaker.de, avqust, 2025). Ancaq Qutsulun Moldova siyasətinin bəlasına çevrilmiş İlan Şorun “avatarı” olduğunu, qaçaq oliqarxın bu həbsdən Moldovadakı vəziyyəti gərginləşdirmək üçün istifadə edəcəyini proqnozlaşdırmaq çətin deyil.
İSTİNADLAR
Politico, avqust, 2025. Moldova sentence pro-Russian Politician Evghenia Gutul 7 years Prison. https://www.politico.eu/article/moldova-sentence-pro-russian-politician-evghenia-gutul-7-years-prison/
Gagauzinfo, avqust 2025. "Санду хуже Саакашвили". В МИДе РФ комментируют решение Народного собрания Гагаузии
Rise Moldova, avqust 2025.
https://profiles.rise.md/profile.php?id=230525190800
Moldova.org, 2023. Evghenia Guțul, candidata Șor, a devenit bașcană. Iată cum va arăta Găgăuzia conform promisiunilor ei electorale https://www.moldova.org/evghenia-gutul-candidata-sor-a-devenit-bascana-iata-cum-va-arata-gagauzia-conform-promisiunilor-ei-electorale/
Nokta, md, 2023. Кандидатка в башканы Гагаузии Евгения Гуцул: биография, подарки на тысячи евро и самая дорогая предвыборная кампания
Newsmarker, 2024. Рука Путина у Молдавской политике. Зачем башкану Евгении Гуцул фото с президентом России? https://newsmaker.md/ru/ruka-putina-v-moldavskoy-politike-zachem-bashkanu-evgenii-gutsul-foto-s-prezidentom-rossii
Reuters, 2023. Pro-Russian regional leader in Moldova seeks closer ties with Moscow
Nokta, 2023. Якорь перемен, отсутствие Влах и (не)ответы на вопросы журналистов — как прошла инаугурация Евгении Гуцул
ISW, 2024. Russian Offensive Campaign Assessment, March 13, 2024.
https://www.understandingwar.org/backgrounder/russian-offensive-campaign-assessment-march-13-2024
Evropeyskaya Pravda, 2024. Путин пожал руку главе Гагаузии и пообещал "поддержку"
https://www.eurointegration.com.ua/rus/news/2024/03/6/7181221/
Deutche Welle, 2024. Олигарх Илан Шор в Москве создал пророссийский блок "Победа". https://www.dw.com/ru/oligarh-ilan-sor-v-moskve-sozdal-prorossijskij-blok-pobeda/a-68884367
Eurasiaview, 2024. Gagauzia Plans To Declare Independence If Moldova Pursues Unity With Romania – Analysis
Reuters, 2024. US sanctions pro-Russia governor of Moldova's Gagauzia region. https://www.reuters.com/world/us-sanctions-pro-russia-governor-moldovas-gagauzia-region-2024-06-12/
European Council, 2024. Republic of Moldova: Council lists further 5 individuals and 1 entity for destabilising actions
DW, 2024. В Молдове предъявили обвинение пророссийской главе Гагаузии
https://www.dw.com/ru/v-moldove-predavili-obvinenie-prorossijskoj-glave-gagauzii-gucul/a-68914365
Telegram. https://t.me/gagauziaofficial/1577
Anadolu Ajansı, 2018. Türkiye Gagauz Özerk Yerinde istikrarın teminatı.
https://www.aa.com.tr/tr/analiz-haber/turkiye-gagauz-ozerk-yerinde-istikrarin-teminati/1289169
TRT Avaz, 2024. Dışişleri Bakanlığı: “Türkiye, Gagauz Türklerine ve Gagauzya’ya destek olmayı sürdürecektir.”
Türkiye Dışişleri Bakanlığı, 2023.
TDBB, 2023. TDBB President Altay Met with Gagauz Autonomous Region President Gutul. https://www.tdbb.org.tr/?lang=en&p=21345&
Balkan Insight. Moldova’s Sandu Faces Divided Political Landscape Ahead of 2025 Elections. April 2024. https://balkaninsight.com/2024/04/15/moldovas-sandu-faces-divided-political-landscape
DGAP, 2024. Moldova: Start of Formal Accession Negotiations with the EU
https://dgap.org/en/research/publications/moldova-start-formal-accession-negotiations-eu
Euronews, 2024. From Germany to Romania: Elections that will define Europe in 2025
Newsmaker, August 2025. Башкану Гагаузии вынесли приговор. Что дальше?