26 iyn 2025

Postmodern avtoritarizmin ailədaxili arxitekturası: Saida Mirziyoyevanın təyinatı Özbəkistana nə vəd edir?

Postmodern avtoritarizmin ailədaxili arxitekturası: Saida Mirziyoyevanın təyinatı Özbəkistana nə vəd edir?

Elman Fəttah – KHAR Centerin rəhbəri

Avtoritar rejimlərin təbiətinə bələd olanlar üçün bu xəbər sürpriz olmadı: Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, qızı Saida Mirziyoyevanı Prezident Administrasiyasının rəhbəri təyin etdi. Bu hadisə postsovet məkanında illərdir müşahidə etdiyimiz ailəvi-siyasi konsolidasiyanın növbəti  nümunəsidir. 

Gözəgörünməz miras: Kərimovun kölgəsində yetişən nəsil

İslam Kərimovun 25 illik personalist-repressiv rejimi Özbəkistan cəmiyyətində bir həqiqəti dərinləşdirdi: hakimiyyətin qaynağı lider şəxsiyyətdir, institutlar isə onun iradəsinin icraçısıdır (Geddes, 2003). Mirziyoyev bu siyasi mirası texniki modernləşmə ilə cilalasa da, rejimin güc mərkəzi şəxslərdən ailələrə daşınmağa başlayıb. Qızı Saidanın təyinatı da bu prosesin sanksiyalaşdırılmış formasıdır.

Modernlik, yoxsa maskalanmış patriarxiya?

Saida Mirziyoyevanın Prezident Administrasiyasının rəhbəri təyin olunması, onun bu yüksəlişinin arxasında duran əsas meyar ailə bağları və avtoritar davamlılıqdır. Saida Mirziyoyeva başqa texnokratdan fərqli olaraq, siyasi sistemə daxil olmaq üçün ən güclü keçid bileti olan “soy bağına” sahibdir. Onun yüksəlişi özlüyündə qadınların ictimai həyatda rol alması üçün nümunəvi addım sayıla bilərdi – əgər bu irəliləyiş ailə mənsubiyyətindən kənar baş versəydi. Bu baxımdan, onun təyinatı nepotik və ailəvi kooptasiya kontekstində dəyərləndirilməlidir.

Heydemannın  “avtoritar modernləşmənin ailəvi kooptasiyası” modeli bu hadisəni izah etmək üçün yaxşı nəzəri çərçivə təqdim edir. Bu modelə görə, avtoritar liderlər ailə üzvlərini texnokratik postlara gətirərək həm sistem daxilindəki loyallığı təmin edirlər, həm də xarici aləmə “islahat”, “modernləşmə” görüntüsü verirlər. Bu üsulda modernlik forma səviyyəsində qalır – mahiyyət isə patriarxal və ailəvi nəzarət prinsipinə əsaslanır.

Qadın emansipasiyasının olmadığı mühitdə qadınların yüksəlişi   

Burada əsas paradoks ondan ibarətdir ki, sanki qadınların rolu artır, halbuki, onların sistemdəki mövqeyi ailə strukturuna bağlıdır. Saida yalnız atasının siyasi trayektoriyasına bağlı olaraq yüksəlib və bu yüksəliş qadınların ümumi sosial-siyasi inkişafı üçün norma yaradan yox, istisna təşkil edən hadisədir.

Qərb auditoriyası üçün Saidanın siması “təmiz, mədəni, müasirləşən Özbəkistan”ın təcəssümünə çevrilir. O, fransızca danışır, UNESCO ilə işləyir, (Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın bir neçə il öncəki hekayəsinin təkrarı) cəmiyyətə açıqlıq nümayiş etdirir.  Lakin bu parıltılı vitrinin arxasında qeyri-bərabərlik, siyasi monopolizm və ailədaxili nəzarət kimi strukturların dərinləşməsi gedir. Bu,  “müasir patriarxiyanın ən zərif, lakin ən təhlükəli formasıdır.

Saidanın rolu: Texnokrat, yoxsa siyasi “körpü”?

Saida Mirziyoyeva, eyni zamanda, prezidentin qızı, onun informasiya və ictimai rəy siyasətinin strateqi, beynəlxalq aləmə açılan vitrin siması və ailədaxili siyasi ardıcıllığın potensial daşıyıcısıdır. Bu vəzifə spektri onu sadəcə bir idarəçi və ya məmur yox, rejimin gələcəyi ilə bağlı layihənin mərkəzi aktoruna çevirir. Yəni Saida Mirziyoyevanın təyinatı nə feminist nailiyyətdir, nə də texnokratik uğur. O, avtoritar rejimlərin modern görünmək üçün qadın fiqurları siyasi alətə çevirməsinin canlı nümunəsidir. Burada yüksəldilən qadın yox, ailədir. Görünən həmin qadındır, görünməyən isə onun hakimiyyətin sülaləşməsini təmsil etməsidir.

Ailə dövlətə çevriləndə...

Postsovet məkanında ailəvi idarəetmə nadir hallarda rast gəlinən siyasi təcrübə deyil – bu, artıq dərinləşmiş və legitimləşdirilmiş bir rejim modelinə çevrilib. Avtoritar sabitliyin əsas dayaqları dəyişərkən yeni dominantlıq forması ailə strukturu üzərində qurulur. Azərbaycan, Türkmənistan, Tacikistan və indi də Özbəkistan bu modelin konkret və parlaq nümunələrini təqdim edir. Burada ailə dövlətin mərkəzi siyasi subyekti və idarəetmənin qeyri-rəsmi meqastrukturuna çevrilir.

Bu struktural vəziyyət klassik neopatrimonializm anlayışı ilə izah olunur. Christopher Clapham  və Jean-François Médard  kimi tədqiqatçılar tərəfindən inkişaf etdirilmiş bu nəzəriyyəyə görə, formal dövlət institutları və qaydalar mövcud olsa da, real qərar qəbuletmə prosesi şəxsi və ailəvi əlaqələrə əsaslanan patron-klient münasibətləri üzərindən işləyir (Christopher Clapham, 1985, Jean-François Médard, 1991).

Avtoritar transformasiya, yoxsa səthi kosmetika?

Prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə “yeni Özbəkistan” ritorikası dövriyyəyə buraxılmışdı. Elektron hökumətin tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin qurulması, valyuta bazarının liberallaşdırılması və xarici investorlar üçün daha əlverişli mühitin yaradılması – bütün bunlar beynəlxalq ictimaiyyət və iqtisadi aktorlar tərəfindən “islahat dövrü” kimi təbliğ olunurdu. Hətta Dünya Bankı və Avropa İttifaqı bu cəhdlərə müsbət reaksiya verdilər. Lakin bu reformist görüntünün altında dərin bir ziddiyyət gizlənir: siyasi sistemin əsas strukturları və güc balansı dəyişməz olaraq qalır (World Bank, 2020, European Union External Action Service, 2020).

“Avtoritar modernləşmə” anlayışının banilərindən biri olan Steven Heydemannın vurğuladığı kimi, bəzi avtoritar rejimlər iqtisadi və texnokratik sahələrdə seçici islahatlar apararaq həm daxili sabitliyi qoruyur, həm də beynəlxalq aləmdə özlərini islahatçı kimi təqdim etməyə çalışırlar (Heydemann, 2007). Özbəkistan da bu modelə uyğun şəkildə, islahatların mahiyyətini dəyişdirmədən, onların formalarını yeniləyir.

Saida Mirziyoyevanın Prezident Administrasiyasının rəhbəri təyin olunması isə bu reformist kosmetikanın altındakı əsas siyasi niyyəti açıq şəkildə ortaya qoyur: avtoritar idarəetmənin davamlılığını ailə çərçivəsində planlaşdırmaq və legitimləşdirmək. Bu təyinat “islahatlar dövrü”nün nə dərəcədə məhdud və məqsədli olduğunu göstərən açıq indikatordur.

Saida Mirziyoyevanın yüksəlişi islahatların ailə içi rotasiya olduğunu sübut edir. Ailə üzvlərinin texnokratik maska altında hakimiyyətə yerləşdirilməsi rejimin özəlləşdirilməsinin və mərkəzləşməsinin bir hissəsidir. Bu addımın həm beynəlxalq səviyyədə “modern qadın liderliyi” ritorikası, həm də daxildə “etibarlı ailə təcrübəsi” ilə əsaslandırılması, rejim legitimliyinin yeni formalarının yaradıldığını göstərir.

Bununla rejim bir növ “təkamülləşmiş avtoritarizm”ə keçir: texnokratik modernləşməni və ailə əsaslı varislik strukturunu birləşdirən, eyni zamanda, islahat görüntüsünü qoruyan elastik avtoritar model formalaşdırılır.

Nəticə etibarilə, “yeni Özbəkistan”ın əsas xüsusiyyəti onun yeni texnologiyalar və islahat ritorikası ilə bəzədilmiş, lakin köhnə avtoritar güc mexanizmlərinə söykənən bir sistem olmasıdır. Modernləşmə burada məqsəd deyil, vasitədir və bu vasitə rejimin mahiyyətini dəyişmək üçün yox, onu daha çevik və daha uzunömürlü etmək üçün istifadə olunur.

Son söz əvəzi: rejim yox, soyad dəyişəcək

Putin sadəcə konstitusiyanı dəyişir, Əliyev isə həm konstitusiyanı dəyişir, həm də  ailəsini yüksəldir. Mirziyoyev görünür, ikinci yolu – ailəvi hakimiyyətin mərhələli və institusional ötürülməsini seçir. Əgər keçmişdə avtoritarizm şəxsin (Kərimovun) iradəsinə əsaslanırdısa, bu gün həmin sistem ailəvi idarəetmə şəbəkəsinə çevrilməkdədir. Bu transformasiya təkcə idarəetmə üsullarının deyil, həm də siyasi legitimliyin təbiətini dəyişdiyini göstərir. Daha əvvəl liderin gücü xarizma və repressiya ilə bağlı idisə, indi bu güc nəsil ardıcıllığı və ailə institutsiyası vasitəsilə legitimləşdirilir.

Bu, həm də regionda daha bir ölkənin - Özbəkistanın sistemli sülalələşməsini doğurur. Tacikistanda Rəhmon, Azərbaycanda Əliyev, Türkmənistanda Berdımuhammedov - hamısı fərqli yollarla bu prosesi reallaşdırır. Özbəkistan da Mirziyoyevin ssenarisi ilə öz sülalə modelini qurur: əvvəl təcrübə, sonra status, sonda varislik. Bütün bu mərhələlərin fonunda isə cəmiyyətə ötürülən mesaj dəyişmir: stabillik üçün ailə ən təhlükəsiz platformadır.

İstinadlar:

  1. Geddes, B. (2003). Paradigms and Sand Castles: Theory Building and Research Design in Comparative Politics. University of Michigan Press.
  2. Clapham, C. (1985). Third World Politics: An Introduction. Madison: University of Wisconsin Press.
  3. Médard, J.-F. (1991). The state in Africa: the politics of the belly. In J. F. Médard (Ed.), States and Patrons in Africa: Neo-Patrimonialism and Political Order (pp. 23–42). London: Frank Cass.
  4. World Bank. (2020). Uzbekistan: Country Economic Update – Summer 2020. Washington, DC: The World Bank. Retrieved from https://documents.worldbank.org/
  5. European Union External Action Service. (2020). EU–Uzbekistan Relations: Progress Report on Enhanced Partnership and Cooperation. Brussels: EEAS. Retrieved from https://www.eeas.europa.eu/

6. Heydemann, S. (2007). Upgrading Authoritarianism in the Arab World. Brookings Institution.

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin