✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri
Dövlət başçılarının nitqi adətən diplomatiyanın ən incə alətlərindən biri sayılır. Liderlərin sözləri yalnız daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə də ünvanlanır və buna görə diplomatik ritorika adətən elit, ölçülü və strateji olur (Drazen Pehar, 2021).
Lakin martın 5-də Təhlükəsizlik Şurasının iclasında İlham Əliyevin İrana ünvanlı istifadə etdiyi ifadələr elit diplomatik üslubdan çox-çox uzaq oldu. Nitqdəki bəzi metaforalar və aşağılayıcı ton dövlət başçısının mesaj vermə metodu yox, sanki “tin mübahisəsi”nin emosional leksikonudur (President.az, mart 2026). Dəmir yumruqla kəllələri əzmək kimi ifadələr siyasi diskursda güc nümayişi kimi təqdim olunsa da, onun semantik yükü daha çox aqressiv küçə dialoqunu xatırladır. Diplomatik dil isə dövlət ciddiyyətinə uyğun, qarşı tərəfi alçaltmadan (təəssüf ki, İlham Əliyevin argo dilini bu mətnə tam sala bilmirik, etik deyil), siyasi mövqenin emosiyasız ifadə edilməsindən ibarət olmalıydı.
Lider diskursu və küçə dili
İlham Əliyevin çıxışındakı əsas problem ritorikanın məzmununda yox, onun leksik səviyyəsindədir. Dövlət başçısının dili həm siyasi mesaj xarakteri daşımalı, həm də dövlətin siyasi mədəniyyətinin göstəricisi olmalıdır. Çıxışda mesaj görürük, ancaq təəssüf ki, siyasi mədəniyyətin əlifbasını belə görə bilmirik. İstifadə olunan leksikon:
● qarşı tərəfi alçaltmağa yönəlir,
● emosional aqressiyanı ön plana çıxarır,
● diplomatik etiketi zibil qabına atır.
Publisistik dillə desək, bu ritorika küçə gənclərinin sərt söz duelini xatırladır.
Sərt dilin diplomatik funksiyası
Bununla belə, politoloji baxımdan bu tip ritorika nadir də olsa, rast gəlinəndir. Beynəlxalq münasibətlər nəzəriyyəsinin təhlükəsizlik aspekti liderlərin təhlükəsizlik məsələlərində emosional və dramatik dildən istifadəsini ictimai dəstəyi səfərbər etmək məqsədi güdmələri ilə izah edə bilir (Wertman, Kaunert, 2022). Əliyevin nitqində də hadisənin “terror aktı” kimi təqdim olunması və ardınca sərt metaforaların işlədilməsi məhz belə bir strategiyadır:
- Hadisənin milli təhlükəsizlik tərəfini qabartmaq;
- Sərt cavab tədbirlərini legitimləşdirmək;
- Daxili auditoriyada güclü lider obrazını yeniləmək.
Bu ritorika çəkindirmə diplomatiyasının qeyri-elit forması kimi izah oluna bilərdi – əgər yersiz aşağılayıcı ifadələr bütün nitqi bürüməsəydi.
Məsələn, İlham Əlıiyevin yamsılamağa çalışdığı Putin və Ərdoğan da tez-tez güc metaforalarından istifadə edirlər. Lakin onlar nitqlərini adətən daha strateji qurur, tarixi və ya ideoloji çərçivə ilə əsaslandırırlar. Əliyevin çıxışında isə bənzər metaforalar birbaşa və emosionaldır. Hər hansı ideoloji və tarixi aspekt yoxdur. Bu isə nitqin diplomatik xarakterini sıfırlayıraq onu polemik səviyyəyə endirir.
Halbuki, diplomatik gediş baxımından onun nitq iki paralel funksiyanı yerinə yetirməli idi:
● xarici auditoriyaya çəkindirmə mesajı,
● daxili auditoriyaya güclü lider obrazının nümayişi.
Amma nitqin leksik səviyyədə aqressivləşməsi diplomatik fəndin əsas alətlərindən olan strateji qeyri-müəyyənliyi zəiflədir. Diplomatiya çox vaxt qapıları açıq saxlamaq sənətidir; küçə polemikasına bənzər ifadələr isə həmin qapıları tamamilə bağlayır. Yaxşı, sabah İran-Azərbaycan münasibətlərinin tarixini yazacaq müəllif bu ifadələrə istinad edə biləcəkmi? İki ölkənin münasibətlərinin ən gərgin vaxtı ortaya çıxan və ən əhəmiyyətli mənbə mahiyyəti daşımalı olan bu nitqin tarixdəki yeri nə olacaq?
Xülasə, İlham Əliyevin İranla bağlı çıxışı politoloji baxımdan klassik təhlükəsizlik diskursunun nümunəsi sayıla bilərdi. Çıxış təhlükə narrativi yarada, qarşı tərəfə çəkindirmə mesajı verə və eyni zamanda liderin dövlət təhlükəsizliyinin əsas təminatçısı kimi imicini möhkəmləndirərdi. Onun çıxışında da hadisənin təhlükəsizlik problemi kimi təqdim olunması, cavab tədbirlərinin mümkünlüyünün vurğulanması və dövlət gücünün nümayişi klassik çəkindirmə diplomatiyasının elementləridir. Amma çıxışın önə çıxan tərəfi məzmunundan çox, leksik-emosional quruluşudur. Nitqdə yer alan çoxsaylı aşağılayıcı ifadələr və aqressiv metaforalar diplomatik ritorikanın son sərhədlərini belə aşır. Başqa sözlə, nitqin potensial diplomatik funksiyası — təhlükə narrativi yaratmaq və çəkindirmə mesajı vermək — emosiyaya qurban verilir.
Nəticədə çıxış tarixi-strateji, diplomatik mesaj ola biləcəkkən liderin özünü teatr personajına çevirir.
İstinadlar:
Drazen Pehar, 2021. Historical rhetoric and diplomacy – An uneasy cohabitation. https://www.diplomacy.edu/resource/historical-rhetoric-and-diplomacy-an-uneasy-cohabitation/
President.az, mart 2026. Ilham Aliyev chaired meeting of Security Council. https://president.az/en/articles/view/71792
Wertman, Kaunert, 2022. The Audience in Securitization Theory. https://www.researchgate.net/publication/366759324_The_Audience_in_Securitization_Theory