Təəssüflər olsun ki, bu yazını Azərbaycana həsr edə bilmirəm. Çünki bu yazıda söhbət böyük yara almış, amma hələ sağ qalan demokratiyadan gedəcək. Azərbaycanda isə demokratiya nəinki ölüb, çoxdan çürüyüb. Biz onu xilas etməyə çox gecikmişik. Bizim ölkədə demokratiyanın qorunmasına ehtiyac qalmayıb. O, yenidən doğulmalı və biz ona sahib çıxa bilməliyik.
Vaxtilə Ağ Evdə çalışmış bürokratların yaxşı bildiyi bir şey var idi. Administrasiyada təyinat almış yeni bürokrat işinin icrası ilə bağlı suallarla üz-üz qalanda öncə qovluqlara baxar, cavab tapa bilmirdisə, əvvəlki administrasiyada onun vəzifəsini icra etmiş məmura zəng edər, o da cavablamazsa, ondan əvvəlki administrasiyada eyni vəzifəni daşıyan məmura zəng edərdi. Yəni hökumətdə Demokrat və ya Respublikaçı partiyasının olmasının bir fərqi yox idi və qaydalar bir administrasiyadan digərinə dəyişməz qalırdı. Üstəlik, yeni bürokrat qısa zamanda öyrənirdi ki, bu qaydaların əksəriyyəti hüquqi baxımdan məcburi deyil. Onlar sadəcə ənənələr, adətlər, siyasi etik normalardı. Məsələn, belə normalardan biri bu idi ki, Ağ Ev çalışanlarına Ədliyyə Nazirliyinə zəng edib kiminsə məsuliyyətə cəlb olunmasını və ya məsuliyyətdən azad olunmasını demək qadağan idi. Çünki demokratiyalarda belə qərarlar siyasətdən asılı olmadan müstəqil verilməlidir (Ian Bassin, 2024).
Bir neçə qərinə idi dəyişmədən davam edən bu normaların 2016-cı ildən sonra alt-üst olacağı kimsənin ağlına gəlmirdi. Heç kim düşünmürdü ki, demokratiyanın məbədində bir gün biri hakimiyyətə gələcək və bütün normalara tüpürəcək.
Avtoritar bələdçi kitabçası
Halbuki XXI əsrdə belə liderlər və hərəkatlar yüksəlişdəydi. Onların məqsədi demokratiyanı daha avtoritar idarəetmə formaları ilə əvəz etməkdi. Çoxdan anlamaq lazım idi ki, müasir avtoritar hərəkatlar demokratiyaları necə dağıdır. Çünki bu, əvvəlki kimi olmur. Bu günlərdə demokratiya adətən partlayışlarla və tankların küçələrə çıxması ilə ölmür. Rusiyanın Ukraynaya hücumu istisnadır. XXI əsrdə avtoritar hərəkatlar adətən Troya atı kimi işləyirlər. Liderlər çox vaxt seçki yolu ilə hakimiyyətə gəlir və sonra sistemi içəridən dağıdırlar. Onların bunun üçün hazır “avtoritar bələdçi kitabçası” var. Və o, Venesueladan Macarıstana, Türkiyədən Braziliyaya qədər demək olar ki, eynidir.
Bu kitabçadakı yeddi addım bunlardır (The Authoritarian Playbook, 2025):
- Müstəqil institutların – dövlət bürokratiyası, hüquq-mühafizə orqanları və sonda ordunun siyasiləşdirilməsi.
- Dezinformasiyanın, məhz hökumət tərəfindən yayılması.
- İcra hakimiyyətinin səlahiyyətlərinin şişirdilməsi–idarəetmədən ultra mərkəzləşdirilməsi və nəzarət-balans sisteminin məhv edilməsi.
- Müxalif fikirlərin boğulması – nə deyilə biləcəyinin, öyrədilə biləcəyinin, oxuna biləcəyinin məhdudlaşdırılması, tənqidçilərin cəzalandırılması üçün inzibati mexanizmlərin və qanunla repressiyanın tətbiqi.
- Həssas qrupların günahlandırılması və nüfuzdan salınması. Bu, qədimdən bəri zalımların ən çox sevdiyi alətdir. İnsanları irq, din və ya seksual orientasiya üzrə bir-birinə qarşı qoymaq, onların pulunu və gücünü əlindən almağı asanlaşdırır.
- Seçkilərin pozulması və manipulyasiya olunması.
- Zorakılığın təhrik edilməsi.
Biz bütün bunların son illərdə ABŞ-da da baş verdiyini gördük.
Bu oyun planının işləməsinin səbəbi isə insanların açıq-aşkar avtoritarizmi dəstəkləməsi deyil. Hətta gizlində çoxları onu istəmir də. Amma sürətli dəyişikliklər və qeyri-müəyyənlik dövründə, gələcəyə dair narahatlığn hökm sürdüyü, qorxunun baş qaldırdığı vaxtda, siyasət və demokratiyanın problemləri həll etməkdə iqtidarsız göründüyü məqamlarda, insanlara cazibədar gələ bilir ki, bəlkə də həll yolu kiməsə bir az daha çox səlahiyyət verməkdir. Elə bu anda biri çıxır və deyir “Mən təkbaşına düzəldəcəyəm”.
Həqiqət də budur ki, mütləq gücə sahib lider çətinlikləri asanlıqla yarıb keçir. Onun nə qanunvericiliklə müzakirələr aparmağa, nə Filibasteri dəf etməyə, nə də məhkəmədə özünün axmaq siyasətini müdafiə etməyə ehtiyacı var. Sadəcə “əmr edir” – daha çox ev tikilsin, daha çox həkim yetişdirilsin, sistem qəddarcasına səmərəli olsun. İnsanların mülklərini müsadirə edib özünü və tərəfdarlarını zənginləşdirsin. Qarşısında dayanan, səsini qaldıran hər kəsi həbs etsin. Hekayə həmişə belə bitir.
Azərbaycandakı jurnalistdən, siyasi fəaldan, sıradan etirazçıdan soruşun–sadəcə azadlıq və demokratiya istədiyi üçün böyük ehtimal özü məhbəsdədir. Nəsli-nəcabəti isə işləmək, normal yaşamaq haqqından məhrumdur.
Türkiyədəki tələbədən soruşun – qadağan olunmuş sənət sərgisinə qatıldığı üçün həbs olunub. Rusiyadakı iş adamından soruşun – şirkəti müsadirə edilərək bir oliqarxa sadiqlik mükafatı kimi verilib.
Bəzi amerikalılar isə deyir: “Amma bu, burda ola bilməz.” Həqiqət isə budur ki, “burda baş verə bilməz” deyə düşündüyünüz hər şey artıq Amerikada baş verməyə başlayıb.
Mənzərə çoxmu qaranlıq görünür? Narahat olmayın, hər şey hələ gec deyil. Çünki sizdə hələ də o oyun kitabçasının (avtoritarların planının) uğur qazanmasının qarşısını almaq üçün zaman və güc var. Necə? Demokratiyaların təmin etdiyi, amma avtokratiyaların əlindən aldığı bir şeyi həyata keçirməklə: seçmək gücünü.
Əslində hər şeyin əsasında bu durur – demokratiya seçimlərdən asılı olaraq yaşayır və ya ölür. Vətəndaşların demokratiyanın iştirakçıları kimi hər gün etdikləri saysız-hesabsız seçimlərdə. Demokratiyalar və avtokratiyalar arasındakı mübarizə göstərir ki, bəzən heç kimin əhəmiyyət vermədiyi vaxt edilən seçimlər (hələ ölməmiş demokratiyalarda) yığılır və nəticədə, ya demokratiyanı möhkəmləndirir, ya da onu zəiflədir.
İki nümunə:Demokratiyanı xilas edən və öldürən seçim.
Ruby Freeman və onun qızı Shea Moss pandemiya dövründə Corciya ştatında vətəndaşların səs verməsinə kömək etmək üçün seçki işçisi kimi irəli çıxdılar. Onlar işlərini şərəf və dürüstlüklə yerinə yetirdilər, heç vaxt qarşılarına nələrin çıxacağını təsəvvür etmirdilər. Avtokrat və onun tərəfdarları hakimiyyəti saxlamaq üçün onları seçkini oğurlamaqda yalançı şəkildə ittiham etdilər (APnews, 2023). Həyatları alt-üst oldu. Alçaqcasına, dayanmadan, ağlasığmaz təzyiqlərə və təqiblərə məruz qaldılar. Onlara irqi nifrət dolu ölüm təhdidləri göndərildi. FBI-ın məsləhəti ilə Ruby öz təhlükəsizliyi naminə evini tərk etməyə məcbur oldu.
Başına gələnlərdən sonra, əgər onlar sakit özəl həyatlarına çəkilməyi seçsəydilər, tamamilə anlaşılan olardı. Və bu baş versəydi, amerika cəmiyyəti demokratiyanı qorumaqdan daha bir addım uzaq düşmüş olacaqdı. Amma onlar ayağa qalxmağı seçdilər. Demokratiyanı qoru (protect democracy ) təşkilatının dəstəyi ilə onlara böhtan atan, nüfuzlarını və təhlükəsizliyini əlindən alan şəxslərə qarşı bir neçə məhkəmə iddiası qaldırdılar. Konqres qarşısında ifadə verdilər və ifşa etdilər ki, prezident Trump və tərəfdarları vətəndaş kimi onları qorumaq əvəzinə, hədəfə alıb həyatlarını təhlükəyə atmışdılar. Daha bir seçimləri ABŞ qanunlarını və məhkəmələrini demokratiyanın müdafiəsi üçün işə salmaq oldu. Bununla başqalarına qarşı belə bir şey etməyə cəsarət edəcək hər kəs üçün çəkindirici nümunə yaratdılar.
Amma hər kəs bu cür yaxşı seçim etmir. Ən narahatedici hal odur ki, Ruby və Shea-dan qat-qat güclü və nüfuzlu insanlar elə seçimlər edirlər ki, onların demokratiyaya verdiyi ziyan Ruby və Shea-nın verdiyi fayda qədər böyükdür.
Qısa tarixi dərs: Birinci və İkinci Dünya müharibələri arasında avtoritar sağ partiyalar Avropada yüksəlişdə idi. Belçika və Finlandiyada əsas sağ mərkəz partiyaları onları demokratik sistemlərinin təməlini dağıdan təhlükə kimi gördü və çətin addımı ataraq ənənəvi rəqibləri olan solçularla birləşdilər ki, avtokratları hakimiyyətə buraxmasınlar. Amma İtaliya və Almaniyada əsas sağ mərkəz partiyaları fərqli seçim etdilər. Hesabladılar ki, onlar öz ifrat sağındakı enerjidən istifadə edib hakimiyyətə gələ bilərlər və sonra radikal liderləri kənara ata bilərlər. Nəticənin nə qədər faciəli olduğunu yaxşı bilirsiniz.
Son illərdə ABŞ-ın mərkəz-sağında çoxları oxşar hesab aparıb: düşünürlər ki, ifrat sağın enerjisi ilə hakimiyyətə gələ bilərlər və sonra lideri kənarlaşdıra bilərlər. Nail olduqları mənzərə indi özlərinə xoşdurmu görəsən?! Amma onların hələ də fərqli seçim etmək vaxtı var. Çünki demokratiyanı qorumaq yaxın siyasi mənfəət və ideologiya üstündə mübahisə edənlərin öz ixtilaflarını kənara qoymasını tələb edir – demokratiyanın müdafiəsinin təməli təhlükədə olanda.
Ruby və Shea-nın seçimi, eləcə də, mərkəz-sağ siyasətçilərin çoxunun seçimi, əslində, hər gün edilən minlərlə başqa seçimlərin bir nümunəsidir. Hamısını birləşdirəndə, ortaya bir bərabərlik çıxır və nəticədə, ABŞ demokratiyası uçurumun kənarında yellənir. Amma məhz burda amerika cəmiyyətinin imkanı yaranır – tarazlığı dəyişdirmək. Çünki ən böyük seçim gücü amerika cəmiyyətinin əlindədir–səs vermək və ya verməmək.
Amma təkcə o deyil. Vətəndaşların bir-biri ilə necə rəftar etməsi də bir seçimdir. Bu, bəlkə də köhnəlmiş kimi görünə bilər, amma demokratiyanın əsası elə budur. Alexis de Tocqueville vaxtilə ABŞ-da demokratik sistemin davamlılığını bu “ürək vərdişləri” ilə izah edirdi (De la Démocratie en Amérique 1835). Çünki seçilmiş rəsmilərin davranışı və hökumətin işləmə forması çox vaxt vətəndaşların bir-birinə necə münasibət göstərməsindən qaynaqlanır.
Əsl qorxmalı olduğumuz elə qorxunun özüdür
Əgər sevməyə çətinlik çəkilən fərqliliklərə şübhə, qorxu və düşmənçiliklə yanaşılacaqsa, rəsmilər də çox güman belə davranacaq. Belə davranış mühiti populizm üçün qida tarlasıdır. Avtokratlar da məhz bu bölünmədən və nifrətdən bəhrələnirlər. Onlar istəyirlər ki, cəmiyyət qorxuya mübtəla olsun. Çünki kütləvi qorxu “xilaskar” lideri qaçılmaz müdafiəçi kimi göstərir. 1990-cı illərin Azərbaycanını xatırlayın. Bütün yaxşı adamlar qorxuya mübtəla olmuşdular–ölkəni itirmək, düzgün idarə edə bilməmək qorxusuna. Prezident Elçibəydən sıravi vətəndaşa qədər. Nəticədə, hamı elliklə “xilaskar” Heydər Əliyevə, keçmiş KQB generalına, postsovet avtoritarizminin ən amansız revanşistinə sığındı. Açığı, mən əvvəllər düşünürdüm ki, prezident Elçibəy və komandası təcrübəsizlikdən, sadəlövhlükdən hakimiyyəti Heydər Əliyevə ötürdü. Amma sonra anladım ki, əsas səbəb mübtəla olduqları qorxu (istisnalar nəticəni dəyişmir) idi. Adi vəziyyətdə Heydər Əliyevə sayğı göstərəməyəcək insanlar parlamentdə toplu şəkildə ona səs (cəbhəçilər də) verdilər (Azadlıq radiosu, 2015). O qədər qorxmuşdular ki, bir-iki həftə ərzində demokratiyanı öldürdülər də, dəfn də etdilər, 3, 7, 40-da verdilər. Daha sonra bu qorxunu, “Demokratiyamız çürüyür” qorxusu əvəz etdi və bu, hamını biri-birinə düşmən etdi.
İndi amerika cəmiyyəti eyni qorxunu (demokratiyamız ölür) yaşayır. Əvvəlcə, xilaskara sığındılar. İndi də demokratların bir-biri ilə düşmənçiliyi başlayır. Halbuki amerika cəmiyyəti uzun– hərtərəfli, çoxmillətli, çoxetnikli, çoxdinli–həqiqi demokratiya yolculuğunda hər böyük irəliləyişə həmişə böhran və münaqişə ilə yoğrulmuş sınaqlardan sonra nail ola bilib.
Müqavimətin alternativi yoxdur
Cəsur qaradərili amerikalılar Selmada Edmund Pettus körpüsündən səsvermə hüququ uğrunda yürüş edəndə onların yaşadıqları ağrını, iztirabı, qırılmış kəllələri xatırlamamaq imkansızdır. Onların mübarizəsi televiziya və jurnalistikanın köməyi ilə millət diqqətini çəkərək Seçki Hüququ Aktının (Voting Rights Act of 1965) qəbulu istiqamətində həlledici rol oynadı və ABŞ demokratiyasını növbəti mərhələyə daşıdı. ABŞ indi yenə buna bənzər bir məqamda yaşayır – köhnə düzənin son nəfəsi, gələcəyə qarşı son dirəniş (Selma Marches, 1965).
Xülasə, Amerika demokratiyası bu gün çətinliklərlə qarşı-qarşıyadır. Onun əsasını oluşturan institutlara, ənənələrə və vətəndaş birliklərinə bəzi insanlar ziyan vurmağa çalışacaq, digərləri isə onları qorumağa səy göstərəcəkdir. Tarix göstərir ki, demokratiya heç vaxt tam mükəmməl layihə olaraq var olmayıb; o, daim mübarizə vasitəsilə inkişaf edir, qorunur və yenilənir. Demokratik sistemlərin qorunması təkcə hökumətlərin, prezidentlərin və partiyaların məsuliyyətində deyil; əslində, bu, daha çox vətəndaşların gündəlik qərarları ilə bağlıdır. İnsanlar qorxu, nifrət və ayrılıq kimi hallar zamanı demokratiyanı asanlıqla itirə bilərlər. Eyni zamanda, həmin insanlar eyni seçimlər vasitəsilə demokratiyanı yenidən qazana bilər.
Mənbələr:
Ian Bassin, 2024. How To Spot Authoritarianism — and Choose Democracy |TED. https://www.youtube.com/watch?v=T-vVO3nRFzI
The Authoritarian Playbook, 2025. https://www.authoritarianplaybook2025.org/
APnews, 2023. Election workers who face frequent harassment see accountability in the latest Georgia charges. https://apnews.com/article/election-workers-threats-trump-georgia-indictment-5b056e2c97bfd7146b3bd19cf7f9f588
Alexis de Tocqueville. De la Démocratie en Amérique 1835. National Archives. https://www.archives.gov/research/african-americans/vote/selma-marches
Azadlıq radiosu, 2015. Heydər Əliyev hakimiyyətə bu səsvermə ilə qayıtdı. https://www.youtube.com/watch?v=4CoRLdcNtMg
Selma Marches, 1965. https://www.archives.gov/research/african-americans/vote/selma-marches