12 may 2025

Ermənistan "Avropa qatarı"na çatacaqmı?

Ermənistan "Avropa qatarı"na çatacaqmı?

Ermənistan parlamenti ölkənin Avropa Birliyinə üzvlük prosesinin başladılmasına dair qanun layihəsini bu il martın 26-da sonuncu oxunuşda qəbul etdi (News.am 2025). “Demokratik Qüvvələr Platforması”nın 60 min imza toplayaraq vətəndaş təşəbbüsü kimi parlamentə təqdim etdiyi və yanvarın 9-da Ermənistan hökumətinin qəbul etdiyi qanun layihəsinin təsdiqlənməsi ölkənin Avropa Birliyinə üzvlük yolunda atdığı ilk addım kimi tarixə keçdi (Европейская Правда 2025). AB Yerevanın bu qərarını məmnuniyətlə qarşılayarkən Rusiyadan təhdidvari açıqlamalar gəlməyə başladı. (Ria.ru 2025)

Əlbəttə, Ermənistanın bu addımı ölkənin yaxın zamanda Avropa Birliyinə üzv olacağı demək deyil, Yerevanı qarşıda ən yaxşı halda uzun prosedurlar, ən pis halda isə ciddi təhlükələr gözləyir. Ən böyük maneə və əsas təhlükə, əlbəttə, Rusiyadır. Gürcüstanda yaşananlar göstərdi ki, Rusiya Cənubi Qafqazın avropalaşmasına olduqca böyük ağrı və kinlə yanaşır və buna mane olmaq üçün əlindəki bütün imkanlardan istifadə edəcək. Qərb Ermənistanı bu təhlükədən qoruya biləcəkmi və ya Ermənistan Avropa qatarına minməkdə ardıcıl olmağı bacaracaqmı? İndi əsas sual budur…


Giriş 

Ermənistanın Avropa Birliyi ilə əlaqələrinin əsas bazasını 1999-cu ildə Lüksemburqda imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir (European Union 1999). Bu saziş Ermənistan demokratiyasını və iqtisadiyyatını gücləndirməyi, bazar iqtisadiyyatına keçidi tamamlamağı, hüquqi, iqtisadi, sosial, mədəni, elmi, texnoloji əməkdaşlıq üçün baza yaratmağı, ticarət əlaqələrini, investisiyaları dəstəkləməyi nəzərdə tuturdu. Sənəd elə həmin il qüvvəyə mindi. Eyni saziş o illərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan və Özbəkistanla da imzalanmışdı. 

2004-cü ildə Ermənistan 16 ölkə ilə birlikdə Avropa Birliyinin sabitlik və təhlükəsizliyi də ehtiva edən Avropa Qonşuluq Siyasəti Proqramına daxil oldu (EEAS 2021). Ermənistan üçün fəaliyyət proqramı 2005-ci ildə açıqlandı. 2009-ci ildə isə Ermənistan Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukrayna ilə birlikdə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil edildi. 

Avropa Birliyi ilə daha dərin tərəfdaşlıq ehtiva edən Assosiasiya Sazişi müzakirələrinə Yerevan 2010-cu ildə başladı. Ermənistan prosesin ilk mərhələsində Rusiyaya daimi reveranslarına davam etsə də Avropa ilə əlaqələrdə də təəccüb doğuracaq istəklilik nümayiş etdirirdi. 

Bununla belə, Yerevan Rusiyanın AB-nin postsovet ölkələri ilə assisoasiya sazişlərinə qarşı həmlə olaraq düşündüyü Azad Ticarət Zonası Sazişinə qoşuldu. Saziş 2011-ci il oktyabrın 18-də imzalandı (“Договор О Зоне Свободной Торговли От 18 Октября 2011 Года,” n.d.). Ancaq oktyabrın 26-da Ermənistanın o dövrdəki baş naziri Tiqran Sarkisyan MDB ölkələri ilə Azad Ticarət Zonası sazişinə qoşulmaqlarının Avropaya inteqrasiya prosesinə mane olmayacağını, bu məsələni avropalı tərəfdaşları ilə müzakirə etdiklərini və onların da etiraz etmədiklərini söylədi. Baş nazir eyni zamanda Rusiyanın təşəbbüsü ilə qurulan Gömrük İttifaqına üzv olmayacaqlarını açıqladı və bunu ortaq sərhədi olmayan dövlətlərin belə ittifaqının dünya təcrübəsində olmaması ilə əsaslandırdı (Regnum 2011).

Tiqran Sarkisyan Gömrük İttifaqına üzvlüyün Ermənistan üçün heç bir əhəmiyyət kəsb etmədiyini sonralar da dəfələrlə bildirdi (Черненко 2012).

Ermənistanın Rusiyaya reveranslarına və olduqca yaxın əlaqələrinə baxmayaraq, müzakirələrin ilk mərhələsində Brüssel də gedişatdan çox ümidli idi. AB-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle 2012-ci ilin sonunda verdiyi açıqlamada bir il sonra keçiriləcək Vilnüs sammitində Moldova, Gürcüstan və Ermənistanla müzakirələrin tamamlanmış ola biləcəyini söyləyirdi (Worldwide News Ukraine 2018). 2013-cü ilin yayında isə Avropa Birliyi ilə Ermənsitan arasında Dərinləşdirilmiş Hərtərəfli Azad Ticarət Zonası Sazişi ilə bağlı müzakirələrin tamamlandığı açıqlandı. 24 iyuldakı açıqlamada tərəflərin müzakirələrin yeddinci mərhələsində əsas məsələlərlə bağlı razılığa gəldiyi bildirilirdi (Rfe/Rl 2013). Brüssel noyabr ayında Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində Gürcüstan və Moldova ilə birlikdə Ermənistanın da sazişi imzalayacağından əmindi. 

Ancaq bu əminliyin ömrü qısa oldu.

 

PUTİNİN VİLNÜS ZƏFƏRİ 

2013-cü ilin ikinci yarısında postsovet məkanındakı AB-Rusiya çəkişməsində üstünlük Moskvaya keçdi. Bunun ilk bariz addımı Ermənistanın Gömrük İttifaqına qoşulacağını açıqlaması oldu. Putinin keçmiş SSRİ-ni canlandırma xəyalı ilə qurduğu Avrasiya Birliyinin ilk mərhələsi olan Gömrük İttifaqına üzvlükdən ötrü Ermənistana yönəlik siyasi-hərbi-iqtisadi şantajlar Ermənistan prezidenti Serj Sarqsyanın 2013-cü il sentyabrın 3-də Moskvaya “hə” deməsi ilə nəticələndi.  

Ermənistan hər nə qədər Gömrük İttifaqına üzvlüyün Avropa Birliyi ilə inteqrasiya prosesinə zidd olmadığını iddia etsə də Brüssel üçün Sarqsyanın bu addımının məzmunu sirr deyildi (Arka.am 2024). O dövrdə AB sədrliyini həyata keçirən Litvanın xarici işlər naziri Linas Linkyaviçus Ermənistanın seçim etdiyini söylədi: “Seçimləri budursa, deməli, Avropa Birliyi ilə azad ticarət zonası sazişini imzalamayacaqlar. Biz hər bir ölkənin seçiminə hörmət edirik, amma onlar fərqli tarif tələbləri ehtiva edən iki ayrı saziş imzalaya bilməzlər”. (15min.lt 2013)

Əlbəttə, Yerevanın bu qərarı heç bir iqtisadi səmərəliliklə izah edilə bilməzdi. Bu, Rusiyanın Vilnüs sammitini sabotaj etmək və böyük planda postsovet ölkələrinin Avropaya inteqrasiyasına mane olmaq planının bir hissəsi idi. Ermənistanın Rusiyadan iqtisadi asılılığı və ən əsası, Qarabağ problemi bu qərarın qəbulunda həlledici rol oynamışdı. Xüsusilə də Putinin 2013-cü ilin avqustunda Azərbaycana səfəri və İlham Əliyevlə çay süfrəsi arxasındakı görüşü Kremlin Qarabağ məsələsində Ermənistana birmənalı dəstəyinin təminat altında olmasına şübhələr oyandırmışdı (RFI 2013 & Vedomosti 2013)

Bəzi analizlərə görə, Ermənistan cəmiyyətinin  bu 180 dərəcəlik dönüşə xüsusi etiraz etməməsinin kökündə də məhz Qarabağ məsələsi - Moskvanın bu məsələdən “Domokl qılıncı” kimi yararlanaraq daim Yerevanı şantaj etməsi və Ermənistanın buna müqavimət göstərməyə qadir olmaması - dururdu (Carnegie Endowment 2015). 

Sarqsyanın açıqlamasından sonra Ermənistan hökuməti Vilnüs sammitində “hansısa” bir sənəd imzalana biləcəyini açıqladı (Azatutyun 2013).  Ancaq Avropa Birliyi “hansısa” sənəd imzalanmasından söhbət belə getməyəcəyini bildirdi. “Dərinləşdirilmiş və Hərtərəfli Azad Ticarət Zonası Sazişi Assosiasiya Sazişinin ayrılmaz hissəsidir. Bu ikisi bir sənəddir və onları bir-birindən ayırmaq olmaz. Ermənistanla Avropa Birliyi arasında yeni format ehtiva edən hər hansı sənədi Vilnüs sammitinə qədər hazırlamaq mümkün deyil”, - AB komissarı Ştefan Fülenin cavabı belə oldu (NewsArmenia 2013).  

Avropadan gələn xəbərdarlıqlara baxmayaraq, 2013-cü il noyabrın 6-da Emənistan Gömrük İffitaqına üzvlük prosedurunun başlamasına dair memorandumu imzaladı. 

Elə həmin ay keçirilən Vilnüs sammiti Putinin zəfəri ilə başa çatdı. Ukrayna sammitə bir həftə qalmış Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaqdan vaz keçdiyini açıqladı, daha sonrakı israrlar da işə yaramadı və 28 noyabrda sənədi imzalamayaraq rəsmən prosesi dayandırdı (BBC 2013). Ermənistan və Azərbaycan da hər hansı sənədə imza atmadı.

Bundan 11 ay sonra – 2014-cü il oktyabrın 10-da isə Ermənistanın 2015-ci il yanvarın 1-dən etibarən Avrasiya İttifaqına üzv olması barədə saziş imzalandı. Parlament bu sazişi dekabrda təsdiqlədi. Avrasiya İqtisadi İttifaqının qurulmasına dair saziş 2015-ci ilin yanvarın 1-də qüvvəyə mindi və Ermənistan da bundan bir gün sonra ittifaqın beşinci üzvü (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan) oldu (Ekho Kavkaza 2014)


ALTERNATİV ASSOSİASİYA VƏ MƏXMƏRİ İNQİLAB

Vilnüs sammitindən sonrakı il yarım  ərzində Yerevan ilə Brüssel arasında əməkdaşlığa dair ciddi təmas olmadı. Bu müddət ərzində Ermənistanın Rusiyaya olan iqtisadi ümidləri, əlbəttə, boşa çıxdı, Rusiyanın iqtisadi vəziyyətinin pisləşməsi ondan asılı olan Ermənistana birbaşa təsir etdi. 2015-ci ilin yayında elektrik tariflərinin artırılmasına etiraz olaraq ölkənin hər yerində böyük etiraz aksiyaları keçirildi. Hökumət bahalaşmanı təxirə saldı. Bundan dərhal sonra ölkənin parlament sisteminə keçidini, birbaşa prezident seçkilərinin ləğvini nəzərdə tutan konstitusiya referendumu keçirilməsinə qərar verildi. Bu da ikinci prezidentlik müddəti bitmək üzrə olan Sarqsyanın artıq baş nazir kimi hakimiyyəti saxlamasının təmininə hesablanmışdı. Nəticə etibarıyla Sarqsyan iqtidarının işinə yaramamış olsa da, 2015-ci il dekabrın 6-da keçirilən referendumda iqtidar istədiyi nəticəni əldə etdi (BBC Russian 2015).

Bununla belə, Ermənistan cəmiyyətindəki hərəkətlənmə Avropa Birliyində Yerevanla əməkdaşlıq yönündə yeni ümidlər doğurdu.

2015-in martında Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Xan Yerevana səfər edərək Ermənistanın digər təşkilatlar qarşısındakı öhdəliklərini də nəzərə alan yeni əlaqələr qurmağa hazır olduğunu bildirdi (President of Armenia 2015). Avropa Birliyinin bu yeni yanaşması Ermənistan hökuməti üçün göydəndüşmə oldu. 

2015-ci il oktyabrın 15-də AB Şurası Avropa Komissiyasına  Ermənistan ilə yeni əhatəli sazişin imzalanması üçün müzakirələrə başlama səlahiyyəti verdi. 

Dekabrın 7-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə komissarı Federika Mogerini Brüsseldə görüşdülər və tərəflər arasında yeni çərçivə sazişinin müzakirəsinin başladığını elan etdilər (Ekho Kavkaza 2015).

2016-cı ildə başlayan müzakirələr altı raundda davam etdi. 2017-ci il isə Avropa Birliyi ilə Ermənistan arasındakı münasibətlərin kritik dönüş nöqtələrindən biri oldu.

Fevral ayında Serj Sarqsyan Brüsselə dəvət edildi, Avropa Birliyi və NATO rəhbərliyi tərəfindən qəbul edildi (President of Armenia 2017). 

2017-ci il noyabrın 24-də isə Ermənistanla Avropa Birliyi arasında tarixi sənəd - hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi imzalandı (Ministry of Foreign Affairs of Armenia 2017). Bu saziş Ermənistanın 2013-cü ildə Kremlin təzyiqi ilə imzalamaqdan son anda vaz keçdiyi sənəddən fərlqi olaraq azad ticarət zonasının yaradılmasını ehtiva etmirdi. Saziş beş ay sonra Ermənistan parlamenti tərəfindən ratifikasiya edildi. 

2018-ci ilin fevralında Ermənistan və AB xarici siyasət idarələrinin rəhbərləri tərəflər arasında tərəfdaşlığın prioritetlərinə dair sənədi imzaladılar. 

Yerevan bu sazişlə Avropanın iqtisadi resurslarından bəhrələnmək imkanı əldə edərkən Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatında da qalaraq Rusiyadan təhlükəsizlik təminatının davam edəcəyinə ümid bəsləyirdi. Burada təəccüblü olan rəsmi Moskvanın sazişin imzalanmasına səssiz qalmasıydı, bu da o dövrdə Rusiyanın yaranan fürsətdən AB sanksiyalarını dəlmək üçün istifadə etmə cəhdi kimi dəyərləndirilirdi. Digər tərəfdən, Moskva sadəcə rəsmən səssiz qaldı, Kremlin nəzarətində olan KİV-lərdə isə ermənilərin xain, satqın olduğuna dair təbliğata start verildi (Gazeta.ru 2018).

Buna baxmayaraq, 2018-ci ilin iyun ayından etibarən Ermənistanla AB arasındakı sazişin müddəalarının həyata keçirilməsinə başlandı. Sazişin tam həcmdə qüvvəyə minməsi üçün isə daha 3 il gözləmək lazım gələcəkdi və o 3 ildə çox şey dəyişdi.

2018-ci il Ermənistan xarici siyasətinin ən böyük hadisəsi Avropa Birliyi ilə imzalanan tərəfdaşlıq sazişi idisə, daxili siyasətin ən böyük olayı da Sarqsyan rejiminə son verən və ölkədə ciddi dəyişikliklərin əsasını qoyan “məxməri inqilab” idi. 

2018-сi il martın 2-də Ermənistanda prezident seçkisi keçirildi. Ölkə tarixində ilk dəfə prezidenti xalq deyil, parlament seçdi və keçmiş diplomat Armen Sərkisyan prezident oldu (Current Time 2018). 

2015-ci ildə həyata keçirdiyi Konstitusiya dəyişikliyindən yararlanmağa və iqtidarını davam etdirməyə çalışan Serj Sarqsyan isə baş nazir olmaq arzusundaydı. Prezident seçkilərindən dərhal sonra hakim Respublikaçılar Partiyasının Sarqsyanın baş nazirliyə namizədliyini irəli sürə biləcəyi açıqlandı. Bu açıqlamadan  sonra Nikol Paşinyanın liderlik etdiyi Ermənistan müxalifəti ölkə boyu etiraz aksiyalarına başladı. Polis ilk mərhələdə sayı az olan etirazçılara müdaxilə etmədi. İqtidar da etirazları ciddiyə almadığını Sarqsyanı aprelin 17-də baş nazir seçməklə göstərdi. Bu addım etirazların daha da güclənməsinə səbəb oldu. Sarqsyan etirazçıların liderləri ilə görüşməyə məcbur qaldı, ancaq Paşinyan yeganə müzakirə mövzusunun baş nazirin istefasının ola biləcəyini söylədi. Sarqsyanla görüşdən sonra Paşinyan həbs edildi, ancaq artıq hərbçilərin də etirazçıları dəstəkləməsi sayəsində bir gün sonra azad edildi. Sarqsyan aprelin 23-də istefa verməyə məcbur oldu (Radio Svoboda 2018). Paşinyanın parlamentdəki ilk səsvermədə seçilməsinə Respublikaçılar Partiyası mane oldu. Ancaq bu da nəticəni dəyişmədi, bütün ölkə boyu tətillərdən və nəqliyyat yollarının bağlanmasından sonra 2018-ci il mayın 8-də Nikol Paşinyan Ermənistanın baş naziri oldu. Ancaq parlamentin ölkədəki reallığı əks etdirmədiyini və yeni seçkilərin keçirilməsinin vacib olduğunu bildirərək oktyabrın 16-da istefa verdi. Noyabrda parlament buraxıldı, dekabrda növbədənkənar seçki keçirildi və Paşinyanın “Mənim addımım” bloku səslərin 70 faizdən çoxunu alaraq əzici qələbə qazandı (Novaya Gazeta 2018). Sarqsyanın Respublikaçılar Partiyası 5 faizlik baryeri keçə bilmədi və yarandığı 1995-ci ildən sonra ilk dəfə parlamentdən kənarda qaldı. 


QARABAĞ MÜHARİBƏSİ

Paşinyan iqtidara Ermənistanı korrupsiyadan və yoxsulluqdan qurtarmaq, eyni zamanda Qarabağ məsələsində  güzəştsizlik vədiylə gəldi. Daha sonra Şuşada yallı oynamaqla və “Qarabağ Ermənistandır” sloqanını gündəmə gətirməklə bu güzəştsizliyi nümayiş etdirməyə çalışdı. Xalqdan aldığı böyük dəstək, Rusiyanın “məxməri inqilab”a səssiz qalması, Qərb ilə sıxlaşan təmaslar Paşinyanın özünə güvənini artırırdı, ancaq 2020-ci ildə vəziyyət dəyişdi (Sputnik Armenia 2019). Əvvəlcə Covid-19 pandemiyası ölkədəki iqtisadi çətinliklərə əlavə yük gətirdi, Azərbaycanla Ermənistan arasında son iki ildə yüksələn xətlə davam edən gərginlik isə sentyabrda savaşa çevrildi. Azərbaycan sentyabrın 20-də başladığı 44 günlük müharibə ilə Ermənistan işğalı altındakı torpaqlarının böyük hissəsini azad etdi. Əlbəttə, burada Türkiyənin böyük siyasi və hərbi dəstəyi ilə yanaşı Rusiyanın zahiri laqeydliyi həlledici rol oynadı. 44 günlük müharibənin sonunda əldə edilən razılaşmalar da Rusiyanın səssizliyinin əslində laqeydlik olmadığını, Kremlin prosesin içindəki əsas oyunçulardan biri olduğunu, istər işğal mərhələsində, uzun illər Yerevanın əsas hamisi olan Moskvanın böyük ehtimalla Bakıdan aldığı siyasi sədaqət vədi müqabilində Azərbaycan-Türkiyə ittifaqının yanında yer aldığını göstərdi. Rusiyanın bu kəskin dönüşünün əsas səbəbi, şübhəsiz ki, Ermənistanın Paşinyan iqtidarı ilə birlikdə yenidən Qərbə üz çevirməyə çalışmasıdır. Putin həlledici anlarda ”balans” deyil, şərtsiz beyət sevən diktatorlardandır və 2018-ci ildən bəri yenidən Qərbə reveranslar etməsini, postsovet məkanı üçün “ölümcül təhlükə” saydığı azad seçki keçirməsini Yerevana bağışlayacağını düşünmək sadəlövhlük olardı. 

44 günlük müharibədən sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının üç il sonra Azərbaycanın bütün ərazilər üzərində suverenliyini bərpa etməsi prosesinə səssiz qalması da Yerevanın ən böyük hamisini tam itirdiyini göstərdi. Şübhəsiz ki, burada Putinin 2022-ci ilin fevralında Ukraynada böyük miqyaslı müharibəyə başlaması və bütün dünyadan sanksiyalar yağarkən regiondakı ən böyük partnyoru olan Türkiyə ilə münasibətləri korlamaq istəməməsi də əhəmiyyətli rol oynadı.  

Regiondakı ən böyük hərbi-siyasi dayağını itirən Ermənistan Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatı təlimlərində və toplantılarında iştirakı rədd etdi, 2024-cü ildə əvvəlcə KTMT-dən çıxdığını bildirdi (ancaq hələ də rəsmiləşməyib), daha sonra isə Beynəlxalq Cinayət Məhkəməsinin  yuridiksiyasına  qoşuldu (Forbes Russia 2023 & Voice of America 2023). Putin haqqında həbs qərarı çıxaran məhkəmənin yuridiksiyasına qoşulması Yerevanın Rusiya ilə bağları tamamilə qopardığının sübutu kimi dəyərləndirildi. 

2024-cü ilin martında isə Ermənistan Avropa Birliyinə üzvlük mövzusunu dilə gətirməyə başladı. Baş nazir Ararat Mirzoyan Ermənistan iqtidarının Avropa Birliyinə üzvlük məsələsini fəal müzakirə etdiyini söylədi. Mirzoyan Yerevanın son illərdə qarşılaşdığı təhdidlər səbəbilə yeni ehtimalları dəyərləndirdiklərini və AB-nə üzvlüyün də bu ehtimallardan biri olduğunu bildirdi (Meduza 2024). Mirzoyan eyni zamanda ABŞ ilə əlaqələri dərinləşdirmək niyyətində olduqlarını söylədi. 

Ermənistan 2025-ci ilə Avropa Birliyinə üzvlük niyyəti ilə girdi. Avropa Birliyinə üzvlük prosesinin başladılmasına dair qanun layihəsinin parlamentdə müzakirəsi yanvarda başladı və fevralın 12-də birinci oxunuşda qəbul edildi (NV.ua 2025). Baş nazir Nikol Paşinyan bunun Avropa Birliyinə birbaşa üzvlük demək olmadığını, qərarın yalnız referendum yolu ilə qəbul edilə biləcəyini söylədi. 


ERMƏNİSTAN İKİ STULDA OTURMAĞA DAVAM EDƏ BİLƏCƏKMİ? 

Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı addımına Rusiyadan təhdid reaksiyaları gecikmədi. Rusiya Baş nazirinin müavini Aleksey Overçuka görə, Moskva bu qərarı Ermənistanın Avrasiya İttifaqından çıxışının başlanğıcı kimi dəyərləndirir. Overçuk, Ermənistanın həm Avropa Birliyinin, həm Avrasiya Birliyinin üzvü ola bilməyəcəyini vurğuladı, Yerevanın addımını “Titanik”ə bilet” adlandırdı (RBC 2025). Ermənistan maliyyə nazirinin Avrasiya İttifaqından ayrılmaq niyyətində olmadıqlarına dair açıqlamasına Putinin sözçüsü Dmitri Peskov bənzər cavab verdi (Interfax 2025).

Yəni Avropa Birliyi Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə göz yummağı seçsə də, Rusiya Ermənistanın Avropa Birliyinə üzvlüyünü cəza səbəbi olaraq gördüyünü açıqca ifadə etdi. Bu proses bir az daha dərinləşərsə, Ermənistanın seçim etməsi lazım gələcək. Yerevan bu seçimi edə biləcəkmi?

Ortadakı mənzərə bu suala konkret cavab verməyi çətinləşdirir. İlk baxışda belə görünür ki,  Ermənistan regionda yaranmış vəziyyətdən istifadə edərək, Cənubi Qafqazda Gürcüstanın itirdiyi yeri əldə etməyə çalışır. Ancaq emosiyaları bir kənara qoysaq, Yerevanın Avropa Birliyinə üzvlük niyyətini açıqlaması və ABŞ ilə strateji ortaqlıq sənədi imzalaması hələlik strateji seçim olaraq görünmür və faktlar Ermənistanın Rusiyadan qopmaq istəmədiyini göstərir. 

Hər nə qədər Ermənistan 2024-cü ilin fevralında KTMT-dən çıxdığını elan etsə də, bu istiqamətdə rəsmi addım hələ atmayıb. 

Ermənistanda hələ də Rusiyanın hərbi bazası durur və erməni rəsmilər bu bazanın qalacağını dəfələrlə vurğulayıblar (TASS 2025).

Rusiyanın sanksiyaları dəlməsinə kömək etmək üçün rəsmi Yerevan əlindən gələni edir. Rusiyanın sanksiyaları aşmaq üçün çıxartdığı “Mir”  kartının işlədiyi az sayda ölkələrdən biri Ermənistandır. Türkiyə və Qazaxıstan kimi böyük rol oynamasa da, Rusiyadan gələn qiymətli daşları və metalları bəzən işləyərək, bəzən xammal halında Birləşmiş Ərəb Əmirliklərinə ötürür (Hetq 2025).

Ermənistan Avropa Birliyi və ABŞ-dan gələn böyük miqdarda maddi yardımlardan faydalanarkən Rusiya ilə Avrasiya İttifaqı çərçivəsində həyata keçirdiyi gömrüksüz ticarətdən də məmnuniyyətini gizləmir və Avrasiya İttifaqından çıxmaq niyyətində olmadığını bildirir. ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyası da Yerevana hərbi deyil, daha çox siyasi-diplomatik dəstək vəd edir.  

Bütün bu səbəblərdən (buraya İran faktorunu da əlavə etmək mümkündür) Ermənistanın Rusiya ilə bağları tamamilə qopararaq Qərbə üz tutacağını söyləmək çətindir. Digər tərəfdən diplomatiyanı açıq alverə çevirən Tramp administrasiyasının da Ermənistana münasibətdə necə davranacağını bilmək asan deyil. Rusiya ilə münaibətlərdə sezilən təhlükəli tendensiya isə Kremlin qısa bir nəfəs aldıqdan sonra bütün postsovet regionuna ağalıq üçün yenidən qollarını çırmalayacağını düşünmək üçün ciddi əsaslar verir.

Əgər 2022-ci ildən  - Rusiya Ukraynaya böyük miqyaslı hücum başlatdıqdan və ciddi müqavimətlə qarşılaşdıqdan sonra Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi və ya Ermənistanın geosiyasi seçimlərində nisbətən sərbəst davranması  mümkün ola bilmişdisə, 2025-ci ildən - Trampın Ukraynanı Rusiyaya satma siyasətini açıqca elan etməsindən sonra buna bənzər addımların atılması çox çətin görünür.  Hər şey Rusiyanın Ukrayna təcavüzünün gedişindən, Brüsselin və xüsusən də Vaşinqtonun Yerevana nə qədər dəstək olacaqlarından asılıdır.


Nəticə

Ermənistanın Avropa Birliyinə inteqrasiya yolunda atdığı addımlar, siyasi qərarları və tarixi təcrübəsi göstərir ki, bu yol həm perspektivli, həm də risklərlə doludur. Ölkənin AB ilə münasibətləri 1990-cı illərin sonlarından etibarən davamlı şəkildə inkişaf etsə də, Rusiyanın bölgədəki təsiri və Ermənistanın uzun illər Moskva orbitində qalması bu prosesə ciddi əngəllər törədib. 2013-cü ildə Gömrük İttifaqına qoşulmaqla Ermənistan Avropa yolundan geri çəkilmişdi, lakin 2018-ci ildən sonra Paşinyan hökumətinin Avropa ilə inteqrasiyanı prioritetləşdirməsi bu kursu yenidən gündəmə gətirdi.

2020-ci il Qarabağ müharibəsi və onun doğurduğu geosiyasi dəyişikliklər Ermənistanın Rusiyadan strateji uzaqlaşmasını sürətləndirdi. Bu uzaqlaşma, xüsusilə 2024-cü ildə KTMT-dən çıxmaq və Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq kimi addımlarla rəsmi xarakter aldı. Bu ilin mart ayında Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük prosesini başladan qanun layihəsini qəbul etməsi isə artıq Ermənistanın Qərbə inteqrasiya istiqamətində açıq və qətiyyətli iradəsini göstərir.

Bununla belə, Ermənistanı Avropa yolunda bir sıra çətinliklər gözləyir. Ən başlıcası, Rusiya faktoru hələ də real təhlükə olaraq qalır. Gürcüstan nümunəsi göstərdi ki, Moskva bu cür yönəlmələrə qarşı sərt reaksiya verə bilər. İkincisi, Ermənistanın iqtisadi, hüquqi və idarəetmə sahələrində AB standartlarına uyğunlaşması uzunmüddətli və çətin prosesdir. Üçüncüsü, ölkə daxilindəki siyasi sabitliyin və cəmiyyətin bu strateji kursa davamlı dəstəyinin təmin olunması da vacibdir.

Yekun olaraq demək olar ki, Ermənistan bu gün heç vaxt olmadığı qədər Avropa qatarına minməyə yaxındır. Amma bu qatarda yerini qoruyub saxlaması onun həm daxili siyasi iradəsinə, həm də xarici təhlükələr qarşısında davamlı və ağıllı strategiyalar yürütməsinə bağlı olacaq. Ermənistanın avrointeqrasiya yolunda qərarlılığı tarixi fürsət ola bilər – əgər bu fürsəti düzgün dəyərləndirə bilsə.



İstinadlar

15min.lt. 2013. “Если Армения Выберет Таможенный Союз, Она Не Может Надеяться На Договор С ЕС.” ru.15min.lt, September 4, 2013. https://www.15min.lt/ru/article/predcedatelstvo-v-es/esli-armenija-vyberet-tamozhennyj-sojuz-ona-ne-mozhet-nadejatsja-na-dogovor-s-es-721-366111.

Arka.am. 2024. “Решение О Вступлении В ТС Не Означает Прекращение Диалога С Европейскими Структурами - Саргсян.” ARKA.am, September 6, 2024. https://arka.am/news/politics/reshenie_o_vstuplenii_v_ts_ne_oznachaet_prekrashchenie_dialoga_s_evropeyskimi_strukturami_sargsyan/.

Azatutyun. 2013. “Евросоюз ждет официальной позиции Армении.” Radio Azatutyun, September 17, 2013. https://rus.azatutyun.am/a/25111393.html.

BBC. 2013. “Украина приостанавливает подготовку к соглашению с ЕС.” BBC Russian, November 29, 2013. https://www.bbc.com/ukrainian/ukraine_in_russian/2013/11/131129_ru_s_ukraine_eu_assignment.

BBC Russian. 2015. “Армянский референдум: шаг к ‘Путину по-армянски’?” BBC Russian, December 8, 2015. https://www.bbc.com/russian/international/2015/12/151208_armenia_referendum_analysis.

Carnegie Endowment. 2015. “Почему армянский разворот от Европы к России прошел без Майдана?” Carnegie Endowment for International Peace, March 2015. https://carnegieendowment.org/posts/2015/03/pochemu-armyanskij-razvorot-ot-evropy-k-rossii-proshel-bez-majdana?lang=ru.

Chernenko, Elena. 2012. “‘Коммерсантъ.’” Коммерсантъ, April 3, 2012. https://www.kommersant.ru/doc-y/1908052.

Current Time. 2018. “Президентом Армении стал бывший премьер-министр Армен Саргсян.” Current Time, March 2, 2018. https://www.currenttime.tv/a/29072488.html.

EEAS. 2021. “European Neighbourhood Policy.” EEAS, 2021. https://www.eeas.europa.eu/eeas/european-neighbourhood-policy_en#_ftn1.

Ekho Kavkaza. 2014. “Власти Армении: итоги референдума оспаривать не будем.” Ekho Kavkaza, December 9, 2014. https://www.ekhokavkaza.com/a/26773384.html.

Ekho Kavkaza. 2015. “Налбандян обсудил с Могерини новое соглашение между Арменией и ЕС.” Ekho Kavkaza, December 7, 2015. https://www.ekhokavkaza.com/a/27412448.html.

European Union. 1999. “EUR-Lex - 21999A0909(01) - EN - EUR-Lex.” EUR-Lex, 1999. https://eur-lex.europa.eu/legal-content/EN/ALL/?uri=CELEX%3A21999A0909%2801%29.

Forbes Russia. 2023. “Пашинян заявил о невозможности возвращения Армении в ОДКБ.” Forbes Russia, October 3, 2023. https://www.forbes.ru/society/526492-pasinan-zaavil-o-nevozmoznosti-vozvrasenia-armenii-v-odkb.

Gazeta.ru. 2018. “Каковы результаты поездки премьера Армении на саммит НАТО в Брюссель.” Gazeta.ru, July 18, 2018. https://www.gazeta.ru/politics/2018/07/18_a_11855851.shtml?updated.

Hetq. 2025. “Armenia's Parliament Ratifies EU Membership Law.” Hetq, January 10, 2025. https://hetq.am/en/article/168154.

Interfax. 2025. “МИД России: вступление Армении в ЕС требует детального анализа.” Interfax, 2025. https://www.interfax.ru/russia/1002068.

Meduza. 2024. “Глава МИД Армении рассказал, что в стране активно обсуждается вступление в Евросоюз.” Meduza, March 9, 2024. https://meduza.io/news/2024/03/09/glava-mid-armenii-rasskazal-chto-v-strane-aktivno-obsuzhdaetsya-vstuplenie-v-evrosoyuz.

Ministry of Foreign Affairs of Armenia. 2017. “Подписано Соглашение о всеобъемлющем и расширенном партнерстве между Арменией и Европейским союзом.” Ministry of Foreign Affairs of Armenia, November 24, 2017. https://www.mfa.am/ru/press-releases/2017/11/24/cepa-signing/7718.

News.am. 2025. “Парламент Армении Одобрил Проект Закона «О Начале Процесса Вступления В Европейский Союз».” News.Am, March 26, 2025. Accessed May 12, 2025. https://news.am/rus/news/873826.html.

NewsArmenia. 2013. “Еврокомиссар Фюле надеется, что Армения продолжит сотрудничество с ЕС.” NewsArmenia, September 13, 2013. https://newsarmenia.am/news/politics/politics-20130913-42937579/.

Novaya Gazeta. 2018. “Армения выбрала революцию.” Novaya Gazeta, December 11, 2018. https://novayagazeta.ru/articles/2018/12/11/78896-armeniya-vybrala-revolyutsiyu.

NV.ua. 2025. “Парламент Армении согласовал закон о вступлении в ЕС.” NV.ua, January 9, 2025. https://nv.ua/world/geopolitics/parlament-armenii-soglasoval-zakon-o-vstuplenii-v-es-50489397.html.

President of Armenia. 2015. “Президент Серж Саргсян принял комиссара ЕС по вопросам расширения и политики добрососедства.” Official Website of the President of Armenia, March 18, 2015. https://www.president.am/ru/press-release/item/2015/03/18/President-Serzh-Sargsyan-meeting-with-EU-Commissioner/.

President of Armenia. 2017. “Президент Серж Саргсян встретился с Генеральным секретарем НАТО Йенсом Столтенбергом.” President of Armenia, February 27, 2017. https://www.president.am/ru/press-release/item/2017/02/27/President-Serz-Sargsyan-met-with-Secretary-General-of-the-NATO-Jens-Stoltenberg/.

RBC. 2025. “Парламент Армении принял закон о вступлении в Евросоюз.” RBC, January 9, 2025. https://www.rbc.ru/politics/09/01/2025/677ff9e39a79472f7c0f6677.

Regnum. 2011. “Армения Не Войдет В Таможенный Союз России, Белоруссии И Казахстана: Премьер-министр.” Regnum, October 27, 2011. https://regnum.ru/news/1460279.

RFE/RL. 2013. “ЕС И Армения Успешно Завершили Переговоры Вокруг Соглашения О Зоне Свободной Торговли.” Радио Свобода, July 24, 2013. https://rus.azatutyun.am/a/25055735.html.

RIA.ru. 2025. “Армения Законопроектом О ЕС Начала Выход Из ЕАЭС, Заявил Оверчук.” РИА Новости, 2025. https://ria.ru/20250109/es-1993018020.html.

RFI. 2013. “Визит Владимира Путина в Баку завершился за чашечкой чая дома у Ильхама Алиева.” RFI, August 14, 2013. https://www.rfi.fr/ru/kavkaz/20130814-vizit-vladimira-putina-v-baku-zavershilsya-za-chashechkoi-chaya-doma-u-ilkhama-aliev.

Sputnik Armenia. 2019. “Никол Пашинян станцевал шурдж пар в Шуши.” Sputnik Armenia, May 9, 2019. https://am.sputniknews.ru/20190509/Nikol-Pashinyan-stantseval-shurdzh-par-Shushi-video-18504213.html.

TASS. 2025. “Москва прокомментировала инициативу Еревана о вступлении в Евросоюз.” TASS, 2025. https://tass.ru/mezhdunarodnaya-panorama/22836149.

Vedomosti. 2013. “Армения свернула на север.” Vedomosti, September 4, 2013. https://www.vedomosti.ru/newspaper/articles/2013/09/04/armeniya-svernula-na-sever.

Voice of America. 2023. “Армения официально присоединилась к Международному уголовному суду.” Voice of America, October 3, 2023. https://www.golosameriki.com/a/armenia-formally-joins-international-criminal-court/7467170.html.

Worldwide News Ukraine. 2018. “EU Commissioner: EU, Ukraine May Sign Association Agreement Next Year.” PR Newswire, June 30, 2018. https://www.prnewswire.com/news-releases/eu-commissioner-eu-ukraine-may-sign-association-agreement-next-year-181497841.html.

“Договор О Зоне Свободной Торговли От 18 Октября 2011 Года.” n.d. Исполнительный Комитет СНГ. https://cis.minsk.by/page/13922/dogovor-o-zone-svobodnoj-torgovli-ot-18-oktabra-2011-goda